Vətəndaş Həmrəyliyi Partiyasının metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı ilə bağlı
bəyanat yayıb. Bəyanatda deyilir:
” Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətləri artırmışdır.
Vətəndaş Həmrəyliyi Partiyası Tarif Şurasının bu qərarını qəti şəkildə pisləyərək bildirir ki, metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. Əhalinin bütün təbəqələri yeni qiymət artımının doğuracağı nəticələrdən əziyyət çəkəcək, sosial durumu onsuz da ağır olan aztəminatlı ailələrin vəziyyəti bir az da ağırlaşacaq və bu həssas dönəmdə ölkədə gərginliyin artmasına səbəb olacaq.
Bu vaxta qədər nəqliyyatda qiymət artımı xidmətdə heç bir keyfiyyət dəyişikliyi yaratmamışdır. Buna görə də dövlət büdcəsindən subsidiya alan metroda və sərnişindaşımada şəffaflıq və hesabatlıq təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, səhmdar cəmiyyətlərinin gəlirləri və xərcləri barədə məlumatlar ictimaiyyət üçün açıqlanmalıdır.
VHP tələb edir ki, metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət təcili aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməli, xüsusilə, tələbə və təqaüdçülər üçün ictimai nəqliyyatda və metroda istifadə ilə bağlı güzəştli kartlar hazırlanmalıdır. Göstərilən addımlar atılanadək Tarif Şurasının son qərarı qüvvəyə minməməlidir”
Author: vhpadmin
-
VHP-dən nəqliyyatda qiymət artımına etiraz
-
VHP Gəncədə Rəsulzadənin doğum gününü qeyd etdi-FOTO
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər təşkilatının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu il dönümü ilə bağlı Gəncə şəhərində Rəsulzadənin büstünü ziyarət ediblər.Abidə qarşısında çıxış edən VHP Gəncə şəhər təşkilatının sədri Füzuli Həsənov bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günü olduğunu qeyd edərək bildirib ki, Rəsulzadə Cümhuriyyət tarixinin ideoloji-siyasi fəaliyyətinin əsas təməllərindən biridir: “Bu gün biz Cümhuriyyətimizin dəyərlərinə sahib çıxmalıyıq. Gəncliyə ideologiya lazımdırsa, Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir. Rəsulzadə təkcə Müsavatın qurucusu deyil. O, həm də Azərbaycan adına tarixdə ilk dövlətin, müasir dövlətçilik ənənələrinin banisidir. O, millətin lideridir. Məmməd Əmin Rəsulzadə son minillik tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı istiqlaliyyət əldə etmək istəyən xalqların prinsipinə çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir və hər bir vətəndaş Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıdır”.
Daha sonra çıxış edən VHP Ali Məclisinin üzvü, Vətən Müharibəsi veteranı Samil Bağırlı bildirdi ki, Rəsulzadənin fəaliyyəti, yazıları və çıxışları gənclər üçün milli yoldur: “Onun fikirlərinə hər bir gənc sahiblənməlidir. İslam Şərqində ilk Cümhuriyyətin qurulması zamanının ən böyük hadisəsi idi, onu da Rəsulzadə və silahdaşları birgə etdilər. Bu gün milli dövlətimizin olması onların xidmətidir və bu dövlətin qurucularını biz hər zaman sayqı və sevgi ilə xatırlamalı, yaddaşlarımıza həkk etməliyik”


-
Səfirliyimizə hücumda üçüncü dövlətin əli var – Sabir Rüstəmxanlıdan çağırış – VİDEO
“Səfirliyimizə hücumun arxasında İran dövlətinin dayandığına inanmıram. Burada mütləq üçüncü bir ölkənin əli var”.Bu sözləri Bakupost.az –a VHP sədi, millət vəkili Sabir Rüstəmxanlı deyib.Onun sözlərinə görə, bir gen əvvəl Azərbaycan və İran rəsmiləri arasında baş tutan yüksək səviyyəli görüşdn sonra belə bir terror hadisəsinin baş verməsi iki ölkə arasındakı münasibətlərə yeni hava gətirəcək:“Xeyli müddətdir ki, gərgin vəziyyətdə olan İran-Azərbaycan münasibətlərinin istiləşməyə başladığı bir vaxtda belə bir ağır hadisə baş verdi. Hər iki dövlət səbirlə bu məsələni araşdırmalıdır. İran tərəfi tezliklə əsl günahkarı üzə çıxarmalıdır. Azərbaycan dövləti bu aylar ərzində imkan vermədi ki, İran səfirliyi qarşısında adi bir piket keçirilsin. Çünki qonşu dövlətlə münasibətlərin pisləşməsini istəmirik. Azərbaycan bu xəttə həmişə sadiq qalıb”.S.Rüstəmxanlının məsələ ilə açıqlaması tam şəkildə aşağıdakı videoda: -
Fəzail İbrahimli: “İran ağlını başına yığmalıdır, əks təqdirdə… “
Fəzail İBRAHİMLİ
Milli Məclis sədrinin müaviniBu gün Azərbaycanın İrandakı səfirliyinə edilən şərəfsiz, xain terror hücumu hamımızda böyük qəzəb doğurdu. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan səfirliyi, dövlətimizin bir hissəsidir, bu həm də dövlətimizə edilən silahlı hücum sayılmalıdır. Bu hücumu dəf edərkən şəhid olan qəhrəman soydaşımızın ailə üzvlərinə də dərin hüznlə başsağlığı verirəm.
Baş vermiş hadisə nə qədər qəzəb doğursa da həm də müəyyən mənada gözlənilməz sayılmır. Bu terror hadisəsi İran rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir.
Azərbaycan müstəqillik qazanmasından bu yana İran əlinə düşən hər fürsətdə ölkəmiz əleyhinə iş aparıb, təxribat xarakterli addımlar atıb, riyakar davranış nümayiş etdirib. Torpaqlarımızın işğalda olduğu 30 ilə yaxın müddət ərzində Ermənistanla sıx münasibətlər quraraq ona hər cür yardım və dəstək göstərib. Bu yardım 44 günlük Vətən müharibəsində də davam edib. Tehran rejimi bu addımları ilə islam dinindən öz mənfur niyyətləri üçün necə sui-istifadə etdiyini göstərib. Azərbaycanın zəfərini, ərazi btövlüyümüzün bərpasını həzm edə bilməyən İran, ölkəmizi ən son təbrik edənlər sırasında oldu. Eyni zamanda qələbəmizdən sonra müxtəlif çirkin oyunlara, düşmənçilik hərəkətlərinə əl atdı. Özünü müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rejimi işğal müddətidə Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə, Xocalı soyqırımının törədilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi. Üçtərəfli bəyanatda Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Tehran rejimi açıq şəkildə regionda təhlükəsizlik mühitinin yaranmasına, davamlı sülhün əldə edilməsinə mane olur. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə əngəl törədir. Özünün “qırmzı xətlərini” bəyan edir. Bir sözlə, İran əvvəllər pərdələməyə çalışdığı riyakar, mənfur xislətini artıq gizlədə bilmədi. Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa cəhd göstərdi. Azərbaycanda yaratdığı dini-ektremist qrupların, casus şəbəkələrin ifşası İranın necə təhlükəli olduğunu göstərdi. Son terror aktı bütün bu prosesin məntiqi sonluğu sayılmalıdır. Amma fars molla rejimi anlamalıdır ki, artıq regiondakı geosiyasi, təhlükəsizliklə bağlı hər hansı proseslərin aparalıb-aparılmaması Azərbaycandan asılıdır. Azərbaycan regionda söz sahibidir. Bu da o deməkdir ki, İran adlanan dövlətin bundan sonra Ermənistan üzərindən, yaxud hansısa terror təşkilatı üzərindən və ya yaratmağa çalışdığı casus şəbəkəsi vasitəsilə Azərbaycana qarşı bu və ya digər şəkildə təxribat aparmaq imkanı olmayacaq. Çünki Azərbaycan dövləti belə fəaliyyətləri cavabsız qoymayacaq. Bu gün Azərbaycanın beynəlxalq mövqeyi xeyli güclüdür. Bu güc Azərbaycanın Türkiyə, Pakistan və İsrail kimi regionun söz sahibi olan dövlətləri ilə strateji müttəfiqliyinə dayanır. Adını islam ölkəsi qoyan İranın isə bir müsəlman dövləti ilə normal münasibəti yoxdur. Özünü ABŞ və Avropanın hədəfinə çevirən İranın qonşuları ilə də qırmızı xətti keçməsi bu ölkənin sonunu gətirəcək. Digər bir tərəfdən ortada İranı bir yumruğu ilə əzə biləcək Güney Azərbaycan faktoru da var. Fars molla rejimi bütün bunları hesablayıb, ağlını başına yığmalıdlr. Azərbaycanla qarşıdurma bu ölkəni məhvə aparar. -
VHP-nin Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı bəyanatı

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına şəhid olub, iki nəfər isə yaralanıb. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Hər hansı səfirliyin təhlükəsizliyinin təmin edilməsi səfirliyin yerləşdiyi ölkənin borcudur.
Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş hadisəni qətiyyətlə pisləyir, dövlətimizin qorunması yolunda şəhid olan soydaşımızın yaxınlarına dərin hüznlə başsağlığı veririr. İranın son vaxtlar Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqeyi ilə paralel bu hücumu təsadüfi hesab etmirik. Bu hadisə İranın bu vaxta qədər apardığı anti-Azərbaycan siyasətinin kuliminasiya nöqtəsi sayılmalıdır. Fars molla rejimi Azərbaycan Respublikasına qarşı dözümsüzlük siyasətini terrora çevirib. İran hökuməti bütün bunlardan dərs götürməli və Azərbaycana qarşı dostluq və qarşılıqlı əməkdaşlığa söykənən münasibət göstərməlidir.
-
VHP-nin bölgə iclasları davam edir-FOTO
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər, Sabirabad rayon, Ucar rayon təşkilatları Məclisinin növbəti toplantısı keçirilib.
Toplantıda Gəncə şəhər Təşkilatın sədri Füzuli Həsənov, Sabrabad rayon təşkilatının sədri Elman Əliyev və Ucar rayon təşkilatının sədri Badam Məmmədova çıxış edərək rəhbərlik etdikləri təşkilatının fəaliyyəti, ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın proseslərə münasibəti və qarşıya qoyduğu tapşırıqlar haqda geniş məlumat verib. Təşkilat sədrləri həmçinin ”Siyasi partiyalar haqqında” yeni qəbul edilən qanununa uyğun olaraq rəhbərlik etdikləri təşkilatın üzvülərinin anket məlumatlarını hazırlanaraq mərkəzi aparata təqdim edilməsi haqda məlumat verib.
Daha sonra çıxış ətrafında müzakirələr aparılıb. Çıxış edən məclis üzvləri ölkədəki ictimai siyasi durumla bağlı fikirlərini ifadə edərək bildiriblər ki, son vaxtlar sosial problemlərin artdığını, məmur özbaşınalığının aradan qalxmadığını vurğulayıb. Eyni zamanda bildirilib ki, iqtisadi-sosial problemlərin əsas həlli aqrar sahənin inkişaf etdirilməsidir.
Məclisdə təşkilatların fəaliyyəti, yeni qəbul edilən üzvlərlə bağlı əlavə özək təşkilatları təsis edilməsi müzakirə edilərək, yeni özək təşkilatları üzvlərin qeydiyyatına uyğun təsis edilməsi qərarlaşdırılıb.
Məclis toplantılarında ictimai-siyasi məsələlər geniş müzakirə edilib.

VHP Ucar rayon təşkilatı 
VHP Gəncə şəhər təşkilatı 
VHP Sabirabad rayon təşkilatı -
Neftçalada 25 yanvar olaylarının 33-cü il dönümü qeyd olunub
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatı və “20 yanvar” Cəmiyyətinin Neftçala şöbəsinin təşəbbüsü ilə 25 yanvar 1990-cı il Neftçala olaylarının ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə VHP Neftçala rayon təşkilatının sədri, rayonda xalq hərəkatının öncüllərindən və 25 yanvar olaylarının iştirakçılarından biri Fərman Hüseynov çıxış edib. O bildirib ki, 25 yanvar 1990-ci ildə qan içən sovet hərbi birləşmələri Bakıdan sonra eyni senari ilə hərəkatın ən qaynar nöqtələrindən sayılan Neftçala rayonunda da qırğın törətdilər. O günün xatirələrini yada salan Fərman bəy qeyd edib ki, axşam saat 18:30-da Neftçala şəhərinin mərkəzində yerləşən AXC-nin qərərgahına tanklarla, BTR-lə, əli silahlı əsgərlərlə dolu hərbi maşınlar xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular: “AXC-nin Qərərgahı darmadağın edildi. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən dinc insanlar, maşınlar, Bakıda həlak olmuş şəhidlərlə saxlanılan “Yas çadırları”, ümumiyyətlə diqqəti nə çəkdisə hər şeyi güllə yağışına tutdular. Güllələnmiş, fiziki zədə almış 30-dan çox vətəndaşı amansız vəhşiliklə tutub hərbi məaşınlara, bir-birinin üstünə qalaqlayıb Bankə qəsəbə Hərbi hissəsinin hamamına apardılar. Kimsə kənardan eşitməsin deyə tankların motorunu işə salıb həbs etdikləri hərəkat fəallarına olmazın vəhşiliklərlə döydülər, təhqir etdilər. Nəhayət döyülməkdən qana bələnmiş, yarımcan etdikləri insanları vertalyotlarla yığıb Bakıya, sonra da Şüvəlan həbsxanasına apardılar. Rayon ərazisində qanunsuz komendat saatı elan etdilər. İki aydan artıq tanklarla, BTR-lə rayon ərazisində hərakat fəallarının “ovuna” çıxdılar. Neftçala tarixi belə müsübət görməmişdi.Hərbçilərin cinayəti nəticəsində 2 nəfər, Cəfərov Əbülfəz, Ağahüseynov Nurəddin şəhid oldu, 7 nəfər güllə yarasından ölmcül yaralandı, 30 nəfərə yaxın hərəkat fəalı amansız fiziki təzyiqlərə məruz qaldı”.
Həmən qəhrəmanlıq tarixindən, yanvar faciəsindən 33 il ötür. Hər il olduğu kimi bu ildə, 25 yanvar 2023-cü il tarixdə 25 yanvar hadisəsinin ildönümünü qeyd edilib. Abidənin önünə gül düzülüb. Tədbirdə VHP, Müsavat partiyası AXP üzvləri də iştirak ediblər.

-
VHP Qaradağda toplantı keçirib- FOTO
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qaradağ rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi durum, təşkilati işlər və qarşıda duran vəzifələr müzakirə edilib.Rayon təşkilatının sədr əvəzi Şahbəyim Məmmədova təşkilatın fəaliyyəti, mərkəzi qərargahın tapşırıqları və onların yerinə yetirilməsi barədə məruzə edib. Təşkilat sədrinin müavini Anar Polad, Qızıldaş özək təşkilatının sədri Şəhla İsrafil, M.Ə.Rəsulzadə özək təşkilatının sədri Seymur Əsədli, Nəsib bəy Yusifbəyli özək təşkilatının sədri Mütalib Quliyev, məclis üzvü Elvin Həziyev və məclis üzvü, Qarabağ qazisi Cəlil Xəlilov çıxış edərək, müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparıblar.İclasda bildirilib ki, rayon təşkilatının qeydiyyatında olan 630 nəfər üzvün bütün anket məlumatları yenilənərək mərkəzi aparata təqdim olunub. Məclis yeni üzvlərə uyğun yeni özək təşkilatlarının təsis edilməsi üçün 3 nəfərdən ibarət təşkilat qrupu yaradıb. Təşkilat qrupu yeni üzvləri ərazi prinsipinə uyğun yeni özək təşkilatlarının təyin edilib.
-
VHP RT məclis toplantıları keçirilib- FOTO

Lerik Vətəndaş Həmrəyliyi Partiyası Ağstafa və Lerik rayon təşkilatları Məclisinin növbəti yığıncaqları keçirilib. Toplantıda ictimai-siyasi məsələlər, 2023-cü il üçün qarşıda duran işlər, təşkilatı məsələlər müzakirə olunub. Ağstafa və Lerik rayon təşkilatlarında yeni qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq tələb olunan sənədləşmə prosesinin icrası müzakirə edilib.
Ağstafa rayon təşkilatının sədri Dürdanə Həsənova və Lerik rayon təşkilatının sədri Həşim Nəsirov Məclisdə rayonda baş verən olaylar, partiyanın və təşkilatın fəaliyyəti barədə məruzə ediblər, hər iki təşkilat sədri bildirib ki, yeni qəbul edilmiş qanunun tələblərinə uyğun üzvlərin anket məlumatları yenilənərək mərkəzi aparata təqdim edilib.
Ağstafa Həmçinin Ağstafa və Lerik rayon təşkilatının Məclisin ölkədəki ictimai-siyasi durum müzakirə edilib. Müzakirə zamanı Azərbaycan Respublikasının Qarabağda suverenliyimizin tam bərpası, Güney Azərbaycan, Türk Dünyasına yönəlik siyasəti təqdir edilsə də, ölkə daxilində kəskin qiymət artımı, sosial problemlər ciddi tənqid olunmuşdur.

Goranboy Vətəndaş Həmrəyliyi Partiyası Goranboy və Lənkəran rayon təşkilatları Məclisinin növbəti toplantıları keçirilib. Məclisin iclaslarında Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli və Lənkəran rayon təşkilatının sədri Rahib İsmayılov ölkədəki ictimai-siyasi durum, partiya qaşısında duran məqsəd və vəzifələr, təşkilatlanma işləri ilə bağlı geniş çıxış edib. Daha sonra sədrlərin çıxışları ətrafında

Lənkəran müzakirələr aparılıb. Goranboy və Lənkəran rayon təşkilatlarının “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun sənədləşmə işləri müsbət qiymətləndirilib. Ölkədəki ictimai-siyasi durumu müzakirə edən Məclis üzvləri vətəndaşların sosial problemləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirib, xüsusilə bölgələrdəki çətinlikləri ifadə edib.

Göygöl Vətəndaş Həmrəyliyi Partiyası Göygöl rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Yığıncaqda təşkilat sədri, Vətən Müharibəsi veteranı Samil Bağırlı ölkədə baş verən ictimai-siyasi olaylar, partiyanın və rayon təşkilatının fəaliyyəti, qarşıya qoyulan vəzifələr barədə geniş çıxış edib. O, çıxışında Həmçinin “Siyasi partiyalar haqqında” qanununun tələblərinə uyğun Göygöl rayon təşkilatının qeydiyyatında olan bütün üzvlərin anket məlumatlarının dəqiqləşdirilərək mərkəzi aparata təqdim edildiyini bildirib.
Məclis üzvləri çıxış ətrafında geniş müzakirə apararaq ölkədəki iqtisadi, sosial problemlərdən narahatçılığını ifadə etmiş, partiya təşkilatlanmasının əhəmiyyətini vurğulamışlar.Sonda yeni təsis edilmiş özək təşkilatları qeydə alınıb və müraciət etmiş üzvlər üzvlüyə qəbul edilib. -
VHP-çilər 20 yanvar şəhidlərini anıblar -FOTOLAR
Bu gün 20 yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı ölkəboyunca keçirilən anım tədbirlərinə Vətəndaş Həmrəyliyi Partiyası da qatılmışdır.
VHP Mərkəzi Aparatının üzvləri Bakıda, VHP Goranboy, Göygöl, Ağsu, Masallı, Lerik, Kürdəmir, Qusar, Sumqayıt, Sabirabad, Şirvan, Tərtər, Zərdab, Füzuli bölgə təşkilatları öz bölgələrində Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarət zamanı VHP üzvləri çıxış edərək 20 yanvarın tariximizdəki yeri haqda danışıb və bu günün milli qürur günümüz olduğunu qeyd edib. Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızı sevgi və sayqı ilə anırıq!

VHP Goranboy RT üzvləri 
VHP Göygöl RT üzvləri 
VHP Kürdəmir RT üzvləri 
VHP Lerik RT üzvləri 
VHP Sabirabad RT üzvləri 
VHP Şirvan ŞT üzvləri 
VHP Şirvan ŞT üzvləri 
VHP Sumqayıt ŞT üzvləri 
VHP Qusar RT üzvləri 
VHP Tərtər RT üzvləri 
VHP Zərdab RT üzvləri 
VHP Füzuli RT üzvləri 
VHP Masallı RT üzvləri 
VHP Ağsu RT üzvləri