Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Həlledici döyüş qabaqdadır. Güc mərkəzlərinin regionda mübarizəsi daha kəskin xarakter alacaq”

    Mayın 14-də Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə görüşəcəyi barədə xəbərlər yayılıb. Məlumata əsasən, danışıqlar Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılacaq və üçtərəfli görüş şəklində olacaq. Brüsseldə baş tutacaq görüş ölkələr arasında önəmli proqresin əlaməti kimi şərh olunur. Hər üç liderin iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü də planlaşdırılır. Xatırladaq ki, yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərliyinin Rusiyada bir araya gələcəyi də bildirilib. Rusiya XİN sözçüsü Mariya Zaxarova tərəflərin Moskvada görüşlə bağlı razılıq verdiklərini deyib.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, politoloq Samir Əsədli “Şərq”ə açıqlamasında diqqətə çatdırıb ki, əgər əvvəllər tərəfləri ancaq Moskva bir araya gətirirdisə, indi Avropa İttifaqı və ABŞ da aktiv vasitəçi rolunda çıxış edir. Politoloq vurğulayıb ki, bu, səbəbsiz deyil. Çünki Cənubi Qafqaz Qərblə Rusiyanın mövqelərinin üst-üstə düşdüyü azsaylı bölgələrdən biridir:
    “Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını Türkiyə də dəstəkləyir və tərəflərlə danışıqlar aparır. Ermənistanın Qərblə münasibətlərini sıxlaşdırması, KTMT, Avropa İttifaqı seçimində ikinciyə üstünlük verməsi, habelə sülh danışıqlarında Moskvanın arbitr rolundan imtina etməsi Kremli Azərbaycandan ikiəlli yapışmağa vadar edir. Ermənistanın Qarabağ mövzusunun sülh razılaşmasına daxil etmək tələbindən geri çəkilməsi kompromislər yolu ilə sülh razılaşmasının imzalanmasını mümkün edir. Bu addım atıldıqdan sonra sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı danışıqlar başlaya bilər. Sözsüz ki, Qərb bu prosesdə yaxından iştirak edəcək. Amma sülh razılaşması Qarabağ problemini çözməyəcək. Rusiya hələ ki, regionda güclüdür və öz imkanlarını nümayiş etdirərək, prosesi tam inhisara alıb. Hazırkı şəraitdə Qərbin Xankəndidəki separatçı rejimə təzyiq imkanları azdır. Eləcə də Ermənistan hakimiyyəti kifayət qədər məhdud resurslara malikdir”.
      S.Əsədliyə görə, separatçılar məsələsi Bakı ilə Moskva arasında müzakirələrin nəticəsinə uyğun olaraq həllini tapa bilər: “Əlbəttə, prosesin növbəti dəfə pozulması riskləri də kifayət qədər ciddidir. İlk növbədə Qərbin səyləri və təzyiqlərinə baxmayaraq, tərəflərin kompromisə getməməsi gərginliyi artıracaq.
      İkincisi, Rusiya-Ermənistan münasibətlərində böyüyən çat nəinki sülh prosesinin, ümumiyyətlə, Ermənistanda siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər. Rusiya Qərbin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini özünə təhdid hesab edir. Rəsmilər dəfələrlə bəyan ediblər ki, bu, Qərbin regiona gəlişini şərtləndirir və ona imkan vermək niyyətində deyillər. Bir sözlə, həlledici döyüş qabaqdadır. Güc mərkəzlərinin regionda mübarizəsi daha kəskin xarakter alacaq”.
  • Sabir Rüstəmxanlı həqiqəti və gələcəyimizin minalarını görməyən korlar

    Cəmiyyətə, dövlətə, millətə   fəaliyyətinin heç bir növü ilə xeyir verməyən insanlar var ki, yararsızlıq və bekarçılıq onları sosial şəbəkələrdə özlərindən gündəm yaratmağa, bu yolla “mən də varam” özünü aldanışa yuvarlanmağa vadar edir. Belələri bəzən də başqalarının fikrini təftiş etmək, yanlış təqdimatla səs küy yaradır, gözləyirlər ki, onlara cavab verilsin. Elə bu səbəbdən bəzən onlara cavab verilmir və zənn edirlər ki “samanlıq seyranlıq olub”. Amma elə məqamlar da var ki, gərək susmayasan, çünki ya saymamazlıqdan, ya anlamamazlıqdan milli maraqlar baxımdan təhlükəli məqamları “həqiqət aşiqi politoloq” kimi dilə gətirirlər.

    Demək parlamentin son iclasında millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçkilərlə bağlı danışıb ötən seçkilərdə Azərbaycanda olan Türkiyə vətəndaşlarının 25 faizdən çoxunun HDP-yə (Xalqların Demokratik Partiyası) səs verməsindən narahatlığını ifadə edib. Sabir bəyin “Azərbaycanda yaşayan HDP dəstəkçiləri ilə bağlı araşdırmalar aparılmalıdır. Aşkara çıxarılmalıdır ki, terrorçuları kim dəstəkləyir. Təklif edirəm ki, HDP-çiləri dəstəklələyən kəsimi bizim xüsusi mühafizə orqanları nəzarətdə saxlasın” – fikri kimlərinsə kürkünə birə salıb. Adamlar o qədər uzağa gediblər ki, bu ölkənin Milli Azadlıq Hərəkatında, Suverenlik və Müstəqillik aktında əvəzolunmaz imzası olan fikir müəllifini az qala siyasi savadsızlıqda ittiham etsinlər. Bəs deməyəsən HDP Türkiyədə qeydiyyatdan keçmiş partiyadır və ona səs verməyə görə kimisə nəzarətə götürmək, hətta bu mövqeni dartışmaq belə olmaz. Sizin polotoloji və tarixi savadınıza … “əhsən”! İllərlə can qoyduqları partiyada 3 səs yığa bilməyib bir milyonluq Meydanı idarə edən liderə nəyi irad tutduğunuzun fərqindəsizmi?! Adam qeydiyyatdan keçmiş yox eee, Sovetlər kimi imperiyanın idarəçi təşkilatı olan Kommunist Partiyasına meydan oxuyanda hələ “partiya” sözünü tələffüz edə bilmirdiz. HDP-nin PKK teror təşkilatının siyasi qolu olduğu bəlli, PKK-nın Azərbaycan düşməni, erməni yanlısı olmağı da bəlli. İndi Türkiyədə qeydiyyatdan keçmiş, seçkiyə qatılmaq hüququ qazanmış olsa belə Azərbaycanda bu təşkilatın bunca tərəfdarının (Türkiyədə 13 faiz, Azərbaycanda 25 faiz!) olması doğurdanmı bu qədər normaldır?  Heçmi düşünmədiniz bu şəxslərin bir hissəsi burda restoran və tikinti biznesi ilə məşğuldur və bu biznesdən gələn gəliri PKK-ya ötürülüb ötürülməməsi gerçəkdən araşdırılmalı və nəzarət altına alınmalıdır?!  Sabir Rüstəmxanlı elə həmin parlamentdə “Azərbaycan PKK-nı terror təşkilatı kimi tanımalıdır!” tələbi irəli sürəndə də eyni mövqedə idi, bu gün də. İran adlanan ölkənin sizin təbirinizcə desək “qanuni, qeydiyyatdan keçmiş” ali dini rəhbərinə məşhur məktubunu yazanda da eyni mövqedə idi, bu gün də. Bakıda mədəniyyət mərkəzi və digər leqallaşmış adlar altında İranın kəşfiyyat şəbəkəsi fəaliyyət göstərirdi. İndi bunlar ifşa olunur. Amma illər öncə Sabir Rüstəmxanlı onlara adı ilə “terror və təxribat yuvaları” deyəndə belə çıxır ki, siyasi savadsızlıq göstərib, amma siz müdrikcəsinə susmusuz və gözləmisiz ki, bu gün xora qoşulub eyni mahnını oxuyasız?! Haqq bildiyini susmaq, milli yol üçün vacib bildiyini deməmək siyasi peşəkarlıq deyil. Bu da bir peşədir, amma qədimdən gələn adı başqadır.

    Bütün bunları millətimizin, dövlətimizin gələcəyinə yönəlik minalardan birinin koordinatının dəqiq göstərildiyi üçün yazdıq. Yoxsa sovet və fars-molla rejiminin haqqında ölüm hökmü verdiyi, xalqın duası və sevgisinin qoruduğu Sabir Rüstəmxanlının müdafiəyə ehtiyacı yoxdur. Onun öz sözü ilə desək “mənim taleyim Bakı küləyidir, böhtançıların tüpürcəklərini öz üzlərinə yaxır… “

    Nəsimi Şərəfxanlı

  • VHP-dən partiyaların birləşməyi ilə bağlı AÇIQLAMA

    “Bəzi partiyaların Vətəndaş Həmrəyliyi Partiyasına birləşməsi təklifi məqbul hesab edilməyib”. 

    Bunu Qaynarinfo-ya açıqlamasında VHP-nin sədr müavini Samir Əsədli deyib. Onun sözlərinə görə, VHP-yə birləşmək üçün müraciət edən və müzakirə aparanlar var:
    “Əvvəllər də partiya rəhbərliyinə belə müraciətlər daxil olub. Digər partiyarlardan qopub bizə qoşulmaq istəyənlər olub, lakin partiyanın siyasi şurası bu müraciətləri müsbət qiymətləndirməyib”.
    Samir Əsədli qeyd edib ki, VHP-nin ölkənin əsas aparıcı siyasi partiyalarından biri kimi bütün bölgələrində yerli təşkilatları fəaliyyət göstərir:
    “Ölkənin mərkəz mövqeli partiyalarından biri kimi vahid ideoloji xəttimiz heç vaxt dəyişməyib. VHP-nin idoloji siyasi xəttinə sadiq qalanlar bu partiyada yol gedə bilərlər. Bu yol Azərbaycanı aydınlıq və nicata aparan siyasi xəttidir. Məhz, bu prinsipə sadiq qaldığımızdandır ki, VHP parçalanma və bölünmələrə məruz qalmayan çox az sayda partiyalarlardan biri kimi ölkə siyasi sistemində yer alıb”.

  • İran öz casuslarına hansı pulları göndərir? – Sabir Rüstəmxanlı söhbətləri – VİDEO

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “İran bütün dünyada terrorçu dövlət kimi tanınır. 8 terror təşkilatını dəstəkləyir. İrandakı dini ziyarətgahlardan yığılan pullarla həmin terror təşkilatlarına dəstək verilir”.

     
    Bakupost.az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

    İran-Ermənistan münasibətlərinə diqqət çəkən millət vəkili bildirib ki, Azərbaycanın İsraildə səfirlik açmasına rəsmi Tehran tərəfindən verilən reaksiya əsassızdır:
    “İran nəzərə almır ki, Azərbaycan müstəqil dövlətdir. İsraildə səfirlik açıb-açmaması onun öz işidir. Digər tərəfdən, İran bizim düşmənimiz olan Ermənistanda səfirlik də, konsulluq da açıb. Qardaşlıqları, dostluqları da var. Ermənistanla əlbir olub məscidləri, mədəniyyət ocaqlarını dağıtması onun iç üzünü göstərir. Ümumiyyətlə, İran Azərbaycanın müstəqil olmasını istəmir. Bu məsələlər ola-ola bizə etiraz etməsi məntiqsizlikdir. İsraildə çoxdan səfirlik açmalı idik. Bizə dost olan ölkədir. Orada 10 minlərlə Azərbaycandan köçmüş insan yaşayır. Niyə İranın xətrinə İsraili özümüzdən uzaqlaşdırmalıyıq? İran Azərbaycana nə hörmət qoyur ki?”
    Millət vəkilinin sözlərinə görə, həmkarı Fazil Mustafaya qarşı olan terror hadisəsinin müxtəlif araşdırma mərkəzləri tərəfindən İranla bağlanması təsadüfi deyil.
    S.Rüstəmxanlı həmçinin İranın planları barədə də danışıb:
    “İranın bir neçə planı var. Onlardan biri şiəliyin fars siyasətinə çevrilməsidir. Digəri isə regionda söz sahibi olmaq, bir sıra İslam ölklərini daim öz təsiri altında saxlamaqdır. Amma bu siyasət getdikcə iflasa uğrayır. Xalq üsyanlarında 700 nəfərdən çox insan öldürülüb, 30 min nəfər həbs edilib. Dünyanın bir sıra ölkələri üsyançılara dəstək üçün bəyanatlar təqdim edib, İran rəsmiləri insanlıq düşməni elan edilib. Rejimin dəyişəcəyi sözsüzdür. Amma bu dəyişmədən sonra Güney Azərbaycanın taleyi aydın olmalıdır. Beynəlxalq təşkilatalara davamlı müraciət etməliyik. Bizim 40 milyona yaxın soydaşımız İranda yaşayır. İran bizim dövlətimizdir. Tarixən bizim olub. Ona görə bu ölkəyə xüsusi bir münasibət bəsləyirik. Əlaqələrin pozulmasını istəmirik”.
    Daha ətraflı “Sabir Rüstəmxanlı söhbətləri”ndə:

    Bütöv yazını göstər
  • Samir Əsədli ABŞ diplomatı ilə görüşdü

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın Azərbaycandakı səfir əvəzi, Müvəqqəti İşlər Vəkili Hüqo Qevara ilə görüşb.
    Görüş zamanı S.Əsədlinin bu yaxınlarda ABŞ-a səfəri haqda ətraflı fikir mübadiləsi aparılıb. Samir bəyin dünyanın ən böyük supergüclərindən birinin yerli idarəetmə strukturları, seçki, məhkəmə, təhsil sistemi haqda fikirlərini maraqla dinləyən diplomat bəzi məsələlərlə bağlı geniş müzakirə açıb. Sonda S.Əsədli maraqlı və səmimi şəraitdə keçən görüşə görə cənab Qevaraya təşəkkür edib.

  • VHP Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
    “Hörmətli həmvətənlər!
    Sizi müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram. Yüz illərdir Azərbaycanda fərqli dini inanclar, mədəniyyətlər və adət-ənənələr sülh və əmin-amanlıq içində, azad şəkildə yaşayır. Bu birlik, həmrəylik və qardaşlıq xüsusiyyətlərimizi yaşatmağa davam edirik. Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir. Vətənimizin azadlığı, bütövlüyü uğrunda müsəlman, xristian və yəhudi vətəndaşlarımız birgə çalışır.
    Əziz həmvətənlər!
    Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz və gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlığı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
    Bayramınız mübarək olsun!”

     

    Hörmətlə,

    VHP Siyasi Şurası

  • Milli Qəhraman Samid İmanov anılıb- FOTO

    Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq tarixi qələbə qazanmasından üç il keçir. Zəfər savaşından əvvəl 2016-cı ilin aprel ayının əvvəllərində sarsıdıcı zərbə ilə Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəklikləri azad etdilər. Aprel döyüşlərində torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun ildönümü ilə əlaqədar Neftçalada anım tədbiri keçirilib. Anım tədbiri Milli Qəhrəmanın doğulub böyüdüyü Həsənəbad qəsəbəsində, millət vəkili Sabir Rüstəmxanlının təşəbbüsü ilə salınan şəhidlər parkında keçirilib.

    Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbirdə Vətəndaş Həmrəyliyi Partiyası Neftçala rayon təşkilatının sədri, millət vəkili Sabr Rüstəmxanlının köməkçisi Fərman Hüseynov da çıxış edib. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışan Fərman bəy bildirib ki, Samid İmanov 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsil qəhrəmanlıq göstərətək şəhid olub.

    Mərasimdə qeyd olunub ki, Samid Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Rayondakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirən Samit Türkiyədə və digər xarici ölkələrdə hərbi kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir neçə hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra xidmətləri nəzərə alınaraq “N” hərbi hissənin komandir müavini vəzifəsinə təyin edilib.Bildirilib ki, Samid İmanov 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsl qəhrəmanlıq göstərib və döyüşlər zamanı aldığı ağır güllə yarasından şəhid olub. O, doğulub boya-başa çatdığı Neftçaladakı qəbiristanlıqda torpağa tapşırılıb. Mayor Samid İmanova döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçısının Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Qəhrəmanın adı rayon mərkəzi küçələrdən birinə verilib.Aprel şəhidi Samid İmanovun Neftçalada anım mərasimi keçirilib. Samid İmanovun ön cəbhədə göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olacağı xüsusi vurğulanıb.

  • VHP ilə birləşmək istəyən partiyalar var

    Amma bu məsələyə həmin təşkilatların yekun və konkret qərarından sonra baxılacaq
     
      “Siyasi partiyalar haqqında” qanunun tələblərinə cavab verməyən 7 partiya fəaliyyətini dayandırıb. Digər bir neçə siyasi partiyanın isə birləşəcəyi müzakirə olunmaqadır. Sosial Ədalət Partiyası və Qorqud Partiyalarının da yaxın günlərdə Vətəndaş Həmrəyliyi Partiyasına birləşəcəyi ilə bağlı məlumatlar var. 
     
      Yayılan xəbərlərlə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, “Siyasi partiyalar haqqında” qanunda əksini tapmış bir sıra tələblərə görə, bəzi partiyalar öz fəaliyyətini dayandırmaq qərarı alıb. 
    Partiya təmsilçisi bildirib ki, söhbət 5 min üzv məsələsindən gedir: “5 min üzv tələbini yerinə yetirə bilməyənlər çıxış yolunu digər partiyalarla birləşməkdə görürlər. Vətəndaş Həmrəyliyi Partiyasına müraciət edərək birləşmək niyyətində olduğunu bildirən partiyalar var.
     
    Amma bu məsələ həmin partiyaların yekun və konkret qərarından sonra VHP-nin Siyasi Şurasında baxılacaq və münasibət açıqlanacaq. 
    Təbii ki, indiki şəraitdə bəzi kiçik partiyaların birləşməsi və daha böyük partiyanın yaranması çox önəmlidir. Hazırda elə siyasi partiya var ki, təşkilatda sədrdən başqa heç kim yoxdur. O baxımdan bəzi partiyaların birləşməsi daha münasib addım kimi dəyərləndirilir”.
    ***

    Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Vəhdət Partiyasının ona birləşməsi ilə bağlı məlumata aydınlıq gətirib.

    Partiyanın sədr müavini Samir Əsədli Qaynarinfo-ya açıqlamasında belə bir müzakirənin getməsindən xəbərsiz olduğunu deyib:

    “Xəbərim yoxdur, belə müzakirə getməyib. Vəhdət Partiyası bizə dost təşkilatdır. Vaxtı ilə müxtəlif bloklarda bir yerdə olmuşuq. Tahir bəy milli adamdır, ona hörmətimiz sonsuzdur. Partiyasında da xeyli sayda dostumuz, əlaqələrimiz var. Amma birləşmə və bu kimi məsələlərdən xəbərim yoxdur”.

    Samir Əsədli Vəhdət Partiyasının siyasi bazası, fəaliyyəti göz önündə olan siyasi təşkilatlardan biri olduğunu vurğulayıb.

    Qeyd edək ki, mətbuatda Vəhdət Partiyasının VHP-yə birləşməsi ilə bağlı məlumat yayılıb.

    Onu da qeyd edək ki, VHP-nin sədri deputat Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri isə deputat Tahir Kərimlidir.

  • VHP deputata qarşı terroru pislədi: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!

    VHP deputata qarşı terroru pislədi: Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!

    Vətəndaş Həmrəyliyi Partiyası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd hadisəsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “28 mart 2023-cü il tarixdə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Sui-qəsd nəticəsində Fazil Mustafa iki güllə yarası alıb. Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş terror aktını qətiyyətlə pisləyərək, millət vəkilinə şəfalar diləyir. Azərbaycan Respublikasının Ali qanunverici orqanının üzvü, Milli Məclisinin deputatına qarşı terror siyasi mahiyyət etibarı ilə Azərbaycan dövlətinə qarşı edilən terrordur. Əminik ki, ən yaxın vaxtda terror aktını həyata keçirənlər tapılacaq və hadisəyə hüquqi-siyasi qiymət veriləcək. VHP eyni zamanda bəyan edir ki, heç bir güc Azərbaycan Respublikası ilə hədə və terror dili ilə danışa bilməz. Azərbaycanın bütün siyasi qüvvələri və hər bir vətəndaş milli maraqlar və dövlətçilik məsələsində bir yumruq kimi birdir. Dövlətimizə, istiqlalımıza qarşı istənilən təhdidə lazımi cavab veriləcək!”

     

     

  • Sabir Rüstəmxanlı: “ Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq! “

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
    “Əziz bacılar və qardaşlar!
    Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizə əmin-amanlıq, hər birinizə can sağlığı, ailə səadəti və firavanlıq arzulayıram.
    Novruz xalqımızın ən qədim və milli bayramlarından biridir və min illərlə soydaşlarımız Baharın gəlişini yüksək əhval-ruhiyyə və sevinclə qarşılamışlar. Ən çətin tarixi dövrlərdə, Novruz bayramı dövlət səviyyəsində qadağan edildikdə belə, xalqımız bu mərasimi təmtəraqla keçirmiş, min illərin ənənəsini yaşatmış, milli ruhunu, milli kimliyini ayaqda saxlamağı bacarmışdır.
    Novruz – təkcə torpağın oyanması, ruzi-bərəkət, bolluq rəmzi deyil, həm də ruhumuzun təzələnməsi, qan yaddaşımızda yaşatdığımız adət-ənənlərimizin, dünyagörüşümüzün, həyata baxışımızın təzahürü, milli arzu və istəklərimizin ifadəsi, xalq olaraq Tanriya dua mərasimlərimizin cəmləşdiyi törəndir. Elə bu səbəbdən biz hər il arzulayırdıq ki, gələn il Novruz bayramını Şuşada, Kəlbəcərdə, Laçında keçirək. Artıq bu arzumuz reallaşıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi, əsgər və zabitlərimiz döyüş meydanında qəhrəmanlıqlar göstərdi. Biz artıq Şuşadayıq, o müqəddəs tarixi torpaqlarımızdayıq. Bu bayram günündə gözünü qırpmadan canını bu vətən üçün qurban verən şəhidlərimizi sayğıyla yad edirik. Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq!
    Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.
    Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!”