Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Sabir Rüstəmxanlı: Avropa Parlamentinin siyasi naşılığı


    Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnamə Azərbaycan ictimaiyyətində ciddi etirazla qarşılanıb. Məsələ ilə bağlı münasibət bildirən millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, bu qətnamə Avropa Parlamentinin adına və statusuna yaraşmır: “Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman Avropa Parlamentinin bu hərəkəti Avropa dövlətlərinin özləri haqqında yaratdıqları demokratik, ədalətli, insan haqlarına sayğı göstərən mifini vurub dağıdır. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırıma, şəhər və kəndlərimizin, tarixi abidələrimizin,  mədəniyyət obyektlərinin dağıdılmasına qarşı biganəlik göstərildi. 30 il ərzində heç bir beynəlxalq normaya və insani dəyərlərə sığmayan əməllərə görə Ermənistanı qınamadılar, ermənilərə qarşı heç bir tədbir görmədilər. ATƏT-in Minsk qurupu bu faciələrə göz yumub, vaxtı uzatmaqla, işğalçıyla torpağı işğal ediləni eyni hüquq müstəvisində göstərməyə çalışdı, özünü yalandan iş görürmüş kimi göstərməyə çalışdı. Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi, bölgədə sülh yaranması üçün mühüm şərait olduğu halda erməni diasporasının əsirinə çevrilən avropalı deputatların mövqeyi yalnız yenidən gərginlik yaradılmasına xidmət edir”. S.Rüstəmxanlı qətnamənin tamamilə yalan və saxta əsaslar üzərində hazırlandığını vurğulayaraq belə bir mövqenin bölgədə barış mühitinin yaranmasına xidmət etmədoyini, sanki İrəvanda hazırlandığını bildirib:  “Biz 44 günlük müharibədə çoxlu dezinformasiyalar gördük. Ermənistan Azərbaycanda muzdluların olduğunu iddia edirdi. Biz sübut istəyəndə bir söz deyə bilmədilər. Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur. Avropa Parlamentinin qəbul etdiyi qətnamə də dezinformasiyaya əsaslanır.  Laçın yolunda keçirilən aksiya blokada deyil və bunu xarici media mənsubları da görüb, dünyaya yayımlayıblar. Söhbət blokadadan gedirsə, əksinə 30 ildən artıqdır Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası blokadada saxlanılır və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpa edilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı 10 noyabr öhdəliklərini Ermənistan  yerinə yetirmir”.
    Zəfər savaşından sonra yaranmış yeni geopolitik durumda Azərbaycanın dövlət olaraq bu kimi əsassız qətnamələrə sinə gərmək gücündə olduğunu da qeyd edən millət vəkili artıq dünyanın  yeni siyasi düzənə qədəm qoyduğuna diqqət çəkib: “Bu gün Azərbaycan tək bölgədə deyil, qlobal arenada mühüm strateji mövqeyə malik bir dövlətdir. Həmin qətnaməyə səs verən avropalı deputatlar iki məqamı unutmamalıdır. Əvvəla, Avropanın enerji təhlükəsizliyində Azərbaycan mühüm rolu var. Digər tərəfdən hazırda dünya siyasi düzənində Türk Dünyası yeni bir güc mərkəzi kimi formalaşmaqdadır. Tarixi bağlar üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı çərçivəsinfə ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu  zəncirdə böyük önəmə malikdir. Anadoludan Uzaq Şərqə qədər böyük bir coğrafiyada hakim olan  millətin gücünün qarşısında heç bir iqtisadi və siyasi imkana malik olmayan bir ovuc erməniyə əsir düşmək siyasi naşılıqdır”
    Sabir Rüstəmxanlı sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edərək, onlara rəhmət diləyərək, Bakıda Qanlı Yanvarı törədənlərlə, Avropa Parlamentində Azərbaycanı günahlandıranların ermənipərəstlikdə eyni mövqedə dayandıqlarını və qırğınlarla soyqırım və savaşla Azərbaycan xalqının əzminin heç vaxt qırılmayacağına,  Qələbə ruhunun davam edəcəyinə əminliyini bildirdi.

  • Revanşistlər prosesin yekunlaşmasına mane olur

    “Yaxın onillikdə Ermənistanla Türkiyə arasında hər hansı ciddi münasibətlərin qurulacağına inanmıram”

    Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımların atıldığı deyilir. Tərəflərin müzakirələri nəticəsində hava yolu ilə yükdaşımaları artıq mümkün olub, qarşılıqlı uçuşlar davam edir. İnsanlar arasında təmas başlayıb və gediş-gəliş nisbətən rahatlaşıb.

    Normallaşma prosesində gözlə görülməyən hadisələr də var. Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər etmək üçün vizanı İrəvanın Gürcüstandakı diplomatik nümayəndəliklərindən alırdılar. Çünki Ermənistanla əlaqələr yox idi. İndi bu məsələ də həllini tapıb. 

    Ötən müddət ərzində iki ölkə arasında internet əlaqələri də qurulub. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi, indi isə açıqdır. Bəzi başqa humanitar addımlar da atılmaqdadır. Bununla yanaşı, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubenyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib.

    Amma bundan sonrakı müzakirələrin Türkiyə, yaxud Ermənistanda baş tutacağı ehtimal olunur. Rəsmi Ankara İrəvanla münasibətlərin normallaşması səylərində səmimi olduğunu dəfələrlə xatırladıb. Qeyd edək ki, xüsusi nümayəndələrin ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub. Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Qarabağın, xüsusilə Kəlbəcərin 1993-cü ilin aprelində işğal edilməsindən sonra Türkiyə qardaşlıq ənənələrinə sadiq qalaraq işğalçı Ermənistanla bütün əlaqələrini kəsmiş, qapılarını bağlamışdı. Partiya təmsilçisinin sözlərinə, sonrakı dönəmlərdə bir neçə dəfə əlaqələrin bərpası istiqamətində addımlar atılsa da, erməni tərəfin destruktivliyi səbəbindən normal münasibətlər baş tutmayıb: 

    “Bu gün situasiya dəyişib. Türkiyə Ermənistanın sağlam mövqeyinə normal qarşılıq verəcəyini dəfələrlə bəyan edib. Baş nazir Nikol Paşinyan da münasibətlərin düzəlməsinə tərəfdar olduğunu bildirib. Amma Ermənistan daxilində xaricdən idarə olunan revanşistlər prosesin yekunlaşmasına mane olur. Unutmayaq ki, Rusiya türk-erməni ziddiyyət və düşmənçiliyinin qalmasında maraqlıdır.

    Həmçinin Qərb də münasibətlərin yumşalması və nəticədə Türkiyənin regionda təsir imkanlarının artmasında maraqlı deyil. Hadisələrin gedişi daxildə və xaricdə olan ermənilərin düzgün mövqe tuta bilməsindən asılı olacaq. İstənilən halda proses başlayır və bu, uzun illər davam edəcək.

    Yaxın onillikdə Ermənistanla Türkiyə arasında hər hansı ciddi münasibətlərin qurulacağına inanmıram. Bunun üçün hər hansı ciddi zəmin də mövcud deyil”.

  • VHP-dən Tofiq Yaqblu və Bəxtiyar Hacıyevlə bağlı çağırış

    Vətəndaş Həmrəyliyi Partiyası Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsi, aclıq elan etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
    ” Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğrunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır. Bu baxımdan Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur. Hökm çıxarılarkən Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı nəzərə alınmalıydı. Artıq neçə gündür Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi. Bu sırada ictimai fəal Bəxtiyar Hacıyevin həbsi də böyük təəssüf doğurur.
    Vətəndaş Həmrəyliyi Partiyası ilk növbədə Tofiq Yaqbluya və Bəxtiyar Hacıyevə aclığı dayandırmaq üçün çağırış edir və inanır ki, ümumi ictimai rəy, digər məhkəmə instansiyalarının da mövcudluğu fonunda həm Tofiq Yaqublu, həm də Bəxtiyar Hacıyev haqda həbs qərarına yenidən baxılması mümkündür.”

  • “Bizim millət İranda quzu kimi boynubükük yaşaya bilməz” – Sabir Rüstəmxanlı söhbətləri – VİDEO

    Bakupost.az saytı “Sabir Rüstəmxanlı söhbətləri” adlı yeni layihəyə başlayır.
    Layihədə Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan gündəminin aktual mövzularından bəhs edəcək, regionda və dünyada gedən ictimai-siyasi proseslərlə bağlı cəmiyyətimizi düşündürən sualları cavablandıracaq, ədəbi-bədii mövzulardan söhbət açacaq.
    Veriliş həftədə bir dəfə yayımlanacaq.

  • İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır

    Vətəndaş Həmrəyliyi Partiyası Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
    “Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək üçün apardığı Zəfər Savaşında qələbəsini heç cür həzm edə bilməyən Fransanın  davranışları böyük təəssüf və qəzəb doğurur. İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır. Bu səbəbədən Fransanın Ermənistana göstərdiyi dəstək və qəbul etdiyi son qətnamə bir daha onların iç üzünü dünyaya göstərmiş oldu. Tarixi  istila, müstəmləkəçilik və soyqırım siyasəti ilə zəngin olan bir dövlətin, onun hakimiyyətinin indi Ermənistana və onun təcavüzkar siyasətinə dəstək verməsi heç də təsadüfi deyil.
    Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan dövlət və beynəlxalq təşkilatlar öz rüsvayçılıqlarını ortaya qoyur.
    Vətəndaş Həmrəyliyi Partiyası erməni faşizminə dəstək olan bütün qüvvələrin riyakar əməllərini qətiyyətlə pisləyərək bəyan edir ki, heç bir güc Azərbaycanı öz haq yolundan döndərə bilməz!”

  • 525-ci qəzet-30

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “525-ci qəzet”i yaranmasının 30 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
    “Hörmətli Rəşad Məcid və “525-ci qəzet”in əməkdaşları!
    Qəzetinizin 30 yaşını ürəkdən təbrik edirəm!
    “525-ci qəzet” mənim üçün xüsusilə doğmadır. Sevinirəm ki, Azərbaycan mediasında öz dəsti xətti və nüfuzu olan bu qəzetin qeydiyyat sənədini mən imzalamışam.
    Azərbaycan ictimai-siyasi mühitində bitərəfliyini qoruyan qəzet ədəbi mövzuları və milli mədəni məsələlərı daim diqqətdə saxlamaqla ziyalıların sevimli qəzetinə çevrilib.
    Bir sözlə, dövrümüzün mürəkkəb mühitində, informasiya bolluğu şəraitində “525-ci qəzet” şərəfli inkişaf yolu keçmiş, öz siması, mövqeyi və üslubu olan mətbuat orqanı kimi oxucuların rəğbətini qazanmışdır.
    Əziz “525-ci qəzet”in kollektivi! Sizi bir daha ürəkdən təbrik edir, can sağlığı, yeni uğurlar arzulayram.

  • 17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı

    17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
    “Əziz soydaşlar!
    34 il öncə – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Meydana toplandı və biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq, azadlığa haqqı çatan xalq olduğumuzu bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin nəticəsində xalqımız öz istiqlalına qovuşdu.
    17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi!
    17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi.
    17 noyabr bu mənada həm də Zəfər səhifəmizin başlanğıcı idi. Biz bir də 44 günlük Vətən müharibəsində bu Milli birliklə düşməni yendik.
    Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətimizin güclənməsi, vətənimizin bütövlüyü uğrunda şərəfli yolda sizlərə uğurlar arzulayıram. İstiqlalımız əbədi, Bütövlüyümüz gerçək olsun!”

  • VHP-dın iranlı deputatlara sərt cavab: 50 milyonluq Azərbaycan türkü dövlətimizin yanındadır!

    IVətəndaş Həmrəyliyi Partiyası bir qrup iranlı deputatın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

    “Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dost dövlətlər alqışladı. Onlar Azərbaycanın Ermənistanla haqlı savaşına dəstək diplomatik dəstək verdilər. Bu qələbəyə ən çox sevinən, heç şübhəsiz, dünya azərbaycanlılarıdır. Hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq, onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyiblər, bununla bağlı dünyanın bir çox ölkələrində aksiyalar keçiriblər. Bu mənada Vətən Müharibəsində qazanılan Qələbə bütün dünya azərbaycanlılarının Zəfəridir.
    Çox təəəsüfləndirici haldır ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə və dünya azərbaycanlılarının həmrəyliyinə qarşı ən çox əhalisinin yarısı türk olan İran hakimiyyəti çıxır. Belə görünür ki, rəsmi Tehran Azərbaycan Respublikasının uğurlarına sevinə bilmir. İslam dini arxasında pərdələnsə də, bu onun fars şovinisti düşüncəsindən irəli gəlir.
    Azərbaycan Respublikası həmişə imkanı daxilində dünya azərbaycanlılarının da mili-mədəni hüquqlarının qorumağa, bu istiqamətdə addımlar atmağa çalışıb. 1918-ci ildən indiyədək Azərbaycanda siyasi-ideoloji baxışlarından asılı olmayaraq, hakimiyyətə gələn milli qüvvələr Güney Azərbaycan türklərinin taleyinə biganə qalmayıblar.
    Dünya Azərbaycanlılarının II Qurultayında dövlətimizin başçısı İlham Əliyev 50 milyonluq azərbaycanlının Prezidenti olduğunu bəyan etdi. Prezident bununla Azərbaycan Respublikasının dünya azərbaycanlılarının hamisi olduğunu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı bu kursu davam etdirdiyini Türk Dövlətləri Təşkilatının Səmərqənd sammitində bir daha nümayiş etdirdi. Onun Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın insan haqlarının qorunması barədə söylədiyi sözlər  İranda bəzi tarixdən bixəbər, şovinist  deputatların kürkünə birə salıb və sərsəm bəyanatlar səsləndirərək İranın Xarici İşlər Nazirliyini və Məclisi bu iradlara reaksiya verməyə çağırıblar.
    Vətəndaş Həmrəyliyi Partiyası olaraq bəyan edirik ki, bu gün İranda amansızlıqla haqqı tapdanılan və kimliyi danılan Güney Azərbaycan türkünün taleyi dünyada hər bir normal insanı düşündürməlidir. Dünyada İran türkləri qədər milli sitəmə, irqi ayrı-seçkiliyə və ədalətsizliyə məruz qalan ikinci bir etnos tapmaq çətindir. Sayı İran əhalisinin yarısını təşkil etsə də, bu xalqın bütün milli-mədəni hüquqları əlindən alınmışdır. Odur ki, Azərbaycan Respublikasının fars şoviniziminin davamlı təzyiqi ilə üz-üzə qalan güneyli soydaşlarının haqqını tələb etməsi dünyanın bütün  mövcud yazılı qanunlarına uyğundur. Azərbaycanın bu məsələdi haqlı olduğunu həm dünyəvi qanunlar, həm də səmavi kitablar təsdiqləyir.
    Azərbaycan dəfələrlə İrana dost əlini uzadıb, heç bir problem olmadan normal qonşuluq münasibətlərinin, mehriban əlaqələrin inkişafına çalışıb. Ancaq qarşı tərəf adekvat münasibət sərgiləməkdənsə, münasibətləri gərginləşdirən addımlar atıb, işğalçı Ermənistanın yanında yer alıb, ona iqtisadi və hərbi yardım edib. Azərbaycanı az qala öz ərazi subyekti sayıb. Azərbaycanla  hədə dilində, onun suverenliyini təhdid dilində danışmağa çalışıb.
    Vətəndaş Həmrəyliyi Partiyası son günlər baş verənləri  İran molla rejiminin  Azərbaycana qarşı açıq düşmənçiliyinin yeni təzahürü sayır. Bu qarşıdurmada 50 milyonluq Azərbaycan türkü dövlətimizin və Azərbaycan Respublikasının Ali Baş Komandanın yanındadır. İran çirkin əməllərindən, düşmənçilikdən əl çəkməli və Azərbaycanla münasibətlərdə Bakının həssasiyyətini nəzərə almalıdır. Tehran seçim etməli, dinc qonşuıuq münasibətlərini dəyərləndirməli, ermənipərəst siyasətdən əl çəkməli və ilk növbədə Güneyli qardaşlarımızın milli haqlarının qorunması tələblərinə əməl etməlidir.
    Başqa yol yoxdur!”

  • “Tarixin yaralarına toxunmayın” – Fəzail İbrahimli

    Fəzail İBRAHİMLİ
    Milli Məclis sədrinin müavini

    Azərbaycanın Zəfər savaşından sonra bölgədə Türkiyə-Azərbaycan İttifaqının söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxması anti-türk qüvvələri hərəkətə gətirib. Təəssüflər olsun ki, bu sırada bəzi xristian qərb dövlətləri ilə yanaşı adını islam respublikası qoyan cənub qonşumuz İran da yer alıb. Minlərlə müsəlmanı qətlə yetirən, məscidləri murdarlayan erməni hökuməti ilə can bir qardaşlıq nümayiş etdirən Tehranın parlament üzvləri etdikləri əməllərdın xəcalət çəkmək əvəzinə bu günlərdə tamam əndazəni aşaraq sərsəm bəyanatlar səsləndirib. Belə ki, bir qrup iranlı deputat Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətlərinin 9-cu Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərində əndişələnib. Onlar Azərbaycan prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladıb. Fars dilində tarixi səhv edən bu mandat sahibləri siyasi normaları da pozub. Bu kəslərə xatırladıram ki, bu müqavilələr nəticəsində 50 milyonluq Azərbaycan türkü ikiyə bölünüb. Suz bu müqavilələrin adlarını xatırlatmaqla güneydə yaşayan 30 milyonluq xalqın hisslərinə toxunursuz. Həm Gülüstan, həm də Türkmənçay müqaviləsi imzalanandan sonra bir neçə dəfə ləğv olunub. 1921-ci ildə sovet Rusiyası çar Rusiyasının imzaladığı bütün müqavilələrin birtərəfli qaydada ləğv olunduğunu elan edib. Bundan başqa Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu müqavilə ləğv olundu və İran Azərbaycanın ərazisi ilə bir yerdə onun varlığını tanıdı. Yeri gəlmişkən, 1919-cu ildə Paris sülh konfransında İran torpaq iddiası ilə çıxış edib və Avropalılar bu iddianı dilinə gətirən İran nümayəndəsini otaqdan qovub. Təbii ki, o müqavilə çoxdandır tarixi hadisəyə çevrilib. Ona görə də bu gün o haqda danışmaq siyasi hoqqabazlıqdır və yalnız daxili auditoriya üçün təbliğati əhəmiyyəti ola bilər. Şimali Azərbaycan, yəni indiki Azərbaycan Respublikasının vətəndaşları da Türkmənçay və ya Gülüstan müqavilələrini tarixin zorakı olayı kimi xatırlayır və unutmur. Çünki bu müqavilə ilə parçalanan bizim vətənimizdir. Tarix bütün həqiqətləri öz yerinə qoyan ən böyük hakimdir. Şimali Azərbaycan öz müqəddəratını çoxdan müəyyən edib. Güney Azərbaycanda yaşayan soydaşlarımız da ”Haray, haray, mən türkəm” deyərək, iranlı olmadığını bildirir və milli kimliyini dünyaya bəyan edir. Amma İran deyilən bir zindanda olmağı heç farslar özü də istəmir və bu gün İranda baş verənlər də bunun təsdiqidir. Azərbaycan prezidentinin fikirləri isə tam yerində olan bir bəyanat idi. Bir necə il öncə cənab İlham Əliyev “mən təkcə Azərbaycan Respublikasında yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəm” demişdi. Hazırkı dövrə kimi harada yaşamasından asılı olmayaraq öz vətəndaşlarının hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün qarşısında duran vəzifələri yerinə yetirən Azərbaycan dövləti bundan sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli kimliyini qorunub saxlanması vəzifəsini icra etməyə hazır olduğunu bəyan edir. Yeri gəlmişkən, Güney Azərbaycanın bütün şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan və üzərinə “Güney Azərbaycan arxanızdadır, cənab prezident!” yazılmış plakatlar divarlara vurulub. Bu millətin ruhunun, ideyasının və liderinin bir olduğunun təsdiqləyir!

     

  • “Bəzi ölkələrdə müharibə şəraitində heç partiya yaratmağa imkan verilmir”

    “Müharibə edən ölkədə 56-57 partiya var. Bu, yaxşı bir hal deyil. Bəzi ölkələrdə müharibə şəraitində heç partiya yaratmağa imkan verilmir”. 

    “Qafqazinfo” xəbər verir ki, bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı bildirib.

    “Lakin bizdə belə bir qadağa olmadı. Müzakirəyə çıxarılan qanun nəyi tələb edir? Tələb edir ki, bu partiyalar yığışsınlar, birləşsinlər. 5-10, hətta daha az 2-3 güclü partiya yaransın. Onlar hakimiyyət uğrunda mübarizə apara bilsin, ölkə də bilsin kim-kimdir”, – deyə S.Rüstəmxanlı qeyd edib.

    O, eyni zamanda qanunla bağlı bəzi tələblərin artırılmasını istəyib.

    Sabir Rüstəmxanlı əlavə edib ki, demokratik dəyərlər, dünya təcrübəsi ciddi məsələlərdir: “Lakin siyasi partiyalar, QHT-lərin işinə milli maraqlar baxımından yanaşmaq lazımdır. Hər xalqın öz milli mentaliteti var.  Başqasının – İsveçdə, Skandinaviyada işləyən qanunu Azərbaycanda işləmir. İndi biz nə edək? On illər gözləməliyik ki, psixologiyalarımız, sistemlər yaxınlaşsın o qanunlardan istifadə edək?”

    Eldar Tanrıverdi