Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • “Rüstəmxanlı soyadını eşidəndə daha quduzluqla yanaşırlar” – MÜSAHİBƏ

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı  Modern.az saytında  “Pəncərə” layihəsinin qonağı olub.

    “Ömrümüzü baltalaya-baltalaya gedirik”

    – Sabir müəllim, son vaxtlar cəmiyyətdə dəyişkən proseslər gedir.
    Bunlar sizin ümumi əhvalınıza necə təsir edir? İçinizdə yorğunluq hissi varmı?

    – Yaradıcılıqdan və işdən yorulmuram. Ara-sıra mənasız söz-söhbətlərdən və həyatımızdakı bir çox gərəksiz münaqişələrdən yoruluram. Cəmiyyət bir neçə təbəqəyə bölünür. Görünür, tarixən belə olub. Onun bir növü cəmiyyətin mühərriki, onu hərəkətə gətirən, onu irəli aparan, millətin beyninə qida verən, taleyi üçün məsuliyyət daşıyan, ikinci növü isə məsuliyyətsizcəsinə ancaq danışanda bir dəstədə qeybətlə cəmiyyətdə ikitirəlik, üçtirəlik salan, illər uzunu yaradılan mənəvi dəyərləri gözdən salmaqla gələcəyə ümidsizlik aşılamaqla məşğul olan təbəqə. İstər-istəməz buna bənzər hadisələrlə adam rastlaşanda onun psixoloji təsiri altında olur. Təbii ki, biz indi buna öyrəşmişik. Görünür, bu şəraitdə yaşadığımızdan davamlı olaraq bir tərəf od qalayandı, bir tərəf də odu söndürəndi. Bir növ bədənimizdə, psixoloji durumuzmuzda zəhərə, zəhərləyənlərə qarşı imunitet yaranıb. Bizim mühitə bioloji alışqanlığımız var. Bir çox məsələlərə sakit, normal gözlə baxanda, onlar dözülməzdir. İnsan gərginliklərin içindən keçib uzun müddət yaşaya bilməz. O insanın ömrünü çürütməkdi. Sonra görürsən ki, biz buna vərdiş etmişik. Doğulandan ölənə kimi ömrümüzü baltalaya-baltalaya gedirik. Baltalanan, kəsilib doğulan ömrümüzü davam etdiririk. Amma təbiətin də öz qanunauyğunluqları var. Ağac nə qədər çox baltalanırsa, bir o qədər sıx pöhrə verir. Ona görə də elə bir yorğunluq hiss etmirəm. Bütün günü gərgin iş şəraitində oluram. Çox vaxt gecələr yaradıcılıqla məşğul oluram. Təbii ki, yazmaq məni heç vaxt yormur.

    “Haqqımda elə böhtanlar yazırlar ki…”

    – Konket olaraq, bu gün Sabir Rüstəmxanlını nə narahat edir?

    – Bir də görürsünüz ki, qəzetin bir köşəsində, bir küncündə nəsə yazırlar. Heç özüm haqqında demirəm. Özüm haqqında ciddi nə yazacaqlar?! Mənim haqqımda nəsə yazanda cavablarını da alırlar. Mənim haqqımda elə böhtanlar yazırlar ki, oxuyan oxucu görür ki, hamısı böhtandı. Bir də görürsən ki, kiminsə haqqında inandırıcı görünən nəsə yazanda, ya iki ziyalımızı mətbuat səhifəsində bir-birini söyən görəndə, ya gənclərlə yaşlı nəsil arasında mənasız atışamalar görəndə və yaxud da ölkənin ümumi taleyi ilə bağlı ağlasığmaz uydurmalar eşidəndə, narahat oluram. Bu gün qəzet səhifələrində təhlillər yer alır. Onların çoxu ciddi elmi əsaslara, beynəlxalq aləmdə baş verən ciddi reallıqlara  söykənmir. Belə yazıları oxuyanda adam üzülür. Düşünürəm, niyə bu səviyyədəyik?! Bu həm mətbuat, həm televiziyalarımıza aiddir. Axşam evinə yorğun gedirsən. Oturursan,  rahat çay içə-içə Azərbaycan televiziyalarına baxmaq istəyirsən. Televiziya açan kimi bir serial çıxır qarşına. Serialda personajlar yarırus, yarıazərbaycan dilində danışır. Axı sənin nə ixtiyarın var millətin evinə girəsən, milləti bu cür təhqir edəsən? Sən küçədə, bazarda, öz xarabanda danışırsan, danış. Amma sənin o boyda televiziyada, camaatın gözü qabağında bu cür danışmağa nə ixtiyarın var? Təkcə bu problem seriallarda deyil. Aparıcılarımız da bu cür danışırlar. 22 ildir Azərbaycan müstəqildir. Müstəqilliyin nə demək olduğunu başa düşürlər?! Nə diriyə hörmət edirlər, nə ölüyə. Baxırsan, ekranlara çıxanların sifətinə, geyiminə: qadınlı-kişili nə vəziyyətdədirlər, İlahi?! Mənim hörmət etidiyim ANS TV-ni və başqa TV-ləri açırsan, iki gündən bir meyxana gedir. Bütün Azərbaycana meyxana oxutduracaqlar sanki!  Bunun şeiri şer, musiqisi musiqi deyil; orada oturanların danışığı normal danışıq deyil… Amma içində istedadlı adamlar da var, təbii ki, buna heç kim heç deyə bilməz. Digər bir məsələ. Səhər tezdən TV-ləri açanda 4 kanalda birdən muğam oxuyurlar. Sağ olsun Mehrian xanım,  Azərbaycanın unudulmaqda olan, ögey münasiət bəslənilən musiqisinə həyat verdi. Muğam Mərkəzi yaratdı. Mehriban xanımın diqqəti bu sahəyə yönəlib deyə, səsi olan da, olmayan da muğam oxuyur. TV-lər yeri oldu, olmadı, muğama yer verir. Televiziyalarda koordinasiya olmalıdır, heç olmasa, bir-birinin kanalına baxsınlar və təkrar eyni şeyləri verməsinlər. Bu günlərdə xaricdən gələn qonağın biri mənə dedi ki, sizin televiziyalarda sanki xəbər çatışmır. Deyəsən sizdə  ancaq konsertə üstünlük verirlər. Fikir verin: millətimiz müharibə şəritində olan problemli millətdir. Son vaxtlar Dərbənd haqqında maraqlı verilişə baxmamışıq. Ciddi xəbər proqramlarının olması son dərəcə vacibdir. Bəzən insanlar ciddi obyektiv səbəb olmadan yorulur. Baxırsan çörəyi də, suyu da var. Amma mühitə baxıb belə şeyləri görəndə yorulur. Bir tikə çörək də onun üçün zəhərə dönür. Millətin dəyərlərinin dəyişdiriliyini, adətin-ənələrinin unudulduğunu, televiziyada, mətbutda milli strategiyadan uzaqlaşdırıldığını görəndə, insanlarda milli dəyər duyğusu yox olur. Məktəblərimizin, təhsilimizin milli strategiyası olmalıdır. O olmayanda, əlbəttə ki, çətin olacaq. Bu gün gənc nəsil işğal altında olan rayonlarımızın işğal tarixini bilmirsə, onda düşmənə qarşı nə cür mübarizə aparacağıq? Bəlkə, burada bizə qarşı qəsd var?Bir nəsil olaraq, içimizdə narahatçılıq yaradan bu şeylərdir. Yoxsa, şəxsi məsələlərə qalsa, Allaha şükür, bir qələmimiz var, hələ ki, öz qaydasında işləyir.

    “Hansı məqamda qabağa düşüb sözümüzü deməmişik?”

    – Yeri gəlmişkən, Azərbaycanda ziyalı sözünün kəsəri itib. Bu haqda nə düşünürsünüz? Doğurdanmı, ziyalı sözünə olan münasibət ögeyləşib?

    – Tamamilə düz deyirsiniz. Ziyalı məsələsi çox ciddi problemdir. Son vaxtlar baxıram ki, Türkiyə    televiziyalarında Atatürkə qarşı açıq-aşkar bəzi verilişlər var. Hətta biri deyirdi ki, Atatürk olmayacaqdı, bir başqası ortaya çıxıb vəziyyəti dəyişəcəkdi. Tamamilə yanlış yanaşmadır. Şəxsiyyətin rolu tarixi proseslərdə danılmazdır. Böyük sərkərdələrin yetişməsi nadir prosesdir… Ziyalı da hər günyetişmir. Bu gün biz müstəqilliyimizi əldə etmişik. 1918-ci ildə bu müstəqilliyi quran Avropada təhsil almış bir dəstə var idi. Onların sayı 100-ə çatmırdı. Onlar olmasaydılar – Dumada, Qafqaz Seymində -Azərbaycanın müstəqiliyi olmazdı. O zaman Azərbaycan adlı bir dövlət qurmaq istəmirdilər. Bu torpaqları parçalayıb xristian xalqlarına vermək  istəyirdilər. Həmin ziyalıların iradəsi bu dövləti qurdu. Təəssüf ki, bugün də həmin ziyalıların qiymətini bilməmişik. Sonrakı proseslərdə  də, Azərbaycanın son tarixi dövrlərində də, ziyalıların böyük rolu olub. Bütün tarix boyu ağıllı dövlət başçıları ziyalıları həmişə qoruyublar, sarayın ətrafına yığıblar. Bəziləri deyirdilər ki, ziyalıları sarayın ətrafına yığırdılar ki, mədhiyyə desinlər. Qətiyyən elə deyil. Ağıllı padşahlar ziyalıları ətrafına yığırdılar ki, onlara himayədar olsunlar. Dövlətin möhkəmlənməsi ilə bağlı məsələlərdə hakimlərə yardım etsinlər. O dövrün tarixi ədəbiyyatını yazınlar. Sovet dövründə də ziyalılara xüsusi münasibət olub. Amma müstəqillik dövründə nə baş verdisə, qınanan ziyalı təbəqə oldu.Yazıçı kitab yazır, millətin müəyyən hissəsinin fikrinin aydınlaşmasına, beyninin işıqlanmasına yardım edir. Müəyyən həqiqətləri göstərir. Sonra yazıçı ən çətin məqamda xalqın qarşısına çıxıb, xalqın yanında olur. Bu gün cəmiyyət ziyalıdan çox şey umur. Mənə elə gəlir ki, əsl ziyalıların əksəriyyəti buna hazırdır. Həm yazmağa, həm də silah götürməyə. Bunun müqabilində təhdidlə üzləşəndə, bütün baş vermiş günahlar onların çiyninə yüklənəndə, artıq dözülməz olur. Son 25 ildə millətin taleyi ilə bağlı hansı məsələlər ortaya çıxıb ki, biz onlardan qaçmışıq? Hansı məqamda qabağa düşməmişik? Sözümüzü deməmişik? Mən özümü fikirləşirəm ki, hər halda düşmənlərimizə cavab verən ilk kitabı mən yazmışdım. Onu qızlarımıza cehiz kimi verirdilər. Xalqı meydana çağıran, hərəkatın yaranması üçün xalqa müraciət edən, meydanda günlərlə çıxış edən və ardınca ilk müstəqil “Azərbaycan” qəzetini yaradan, ondan sonra azad mətbuatın yaradılması, bütün bunlar harada nə lazım olubsa, etmişəm. İlk müstəqil Azərbaycan deputat bloku yaratmışdıq. Onun sədrlərindən biri idim. Elə onun da təsiri ilə Müstəqillik Aktını qəbul etdik. Belə düşünürəm ki, təvazökarlıqdan uzaq olsa da, bir adam öz həyatında vətəninin taleyi ilə bağlı boynuna nə düşürsə, onu ancaq bu cür edə bilər. Bizim mühitdə, bizim şəraitimizdə nəyə bacarmışamsa, onu da etmişəm. Bunun müqabilində bir də görürsən ki, dünən yumurtadan çıxanlar bu millətin taleyindən, o hərəkatdan xəbərsiz, heç bir məsuliyyət duyğusu olmayan, ancaq gəlib o bəhərdən barınan, gen-bol hər şeyi olan, bizim sıxıntılarımızın mində birini yaşamayan adamlar ziyalılara dil uzadırlar, o cümlədən də mənə.

    “Mənə qarşı olan kampaniyanın səbəbi odur ki…”

    – Bu yaxınlarda sizə qarşı “qara piar” kampaniyası təşkil olunmuşdu. Hazırda kampaniyaya son qoyulubmu?

    – Düşünmürəm ki, son qoyulub… Bəzən mənim uzaq qohumunun dilindən bir kəlmə söz çıxanda, onu mənə qarşı hədəf kimi istifadə etmək üstəyirlər.Mənim sözüm isə bir kənarda qalır.Mənə qarşı olan kampaniyanın səbəbi odur ki, milli ideyalara, milli dəyərlərə xidmət edən adamlardan biriyəm.Mənim kimi adamaların olması, görünür, cəmiyyətdə bəzi dairələrə sərf etmir.Onlar mənim dediyim məhz o nöqtələri hədəf seçiblər ki, bu, millətin gələcəyi ilə bağlı ən çox məsuliyyət daşıyan yerlərdir.Mən özümü o yerlərdən birində təsəvvür edirəm.

    Sona qədər mübarizə aparmaq fikriniz varmı?

    – Xüsusi mübarizə aparmaq fikrim yoxdur. Şərə qarşı nə mübarizə aparacaqsan ki? Mən öz yolumu gedirəm.Vicdanı olan zaman keçdikcə görür ki, yalnış deyib, yalnış yazıb.Daxilində etiraf edir ki, düz yolda deyil.Digər tərəfdən də bu işə qəsdli şəkildə qoşulanlar sonra səhvini başa düşüb yanlış yoldan ayrılır. O adamlar ki, xüsusi olaraq bu işlə məşğul olmağa yönəldilib, sabah əyninə qızıldan don geyin, peyğəmbər övladı ol, o yoldan dönməyəcək. Onun niyyəti bəllidir. Təbii ki, onlara qarşı mübariz aparmaq əsəbləri korlamaq deməkdir. Mənə qarşı kimsə, nəsə desə, ayda, ildə bir kərə sözümü deməklə cavab verirəm. Hər gün mənə bir daş atacaqlar deyə, bununla məşğul ola bilmərəmki! Elə yalanlar var ki, heç ona cavab vermək lazım deyil. Mənim həyatımın 40 ili bu millətin gözü önündədir. Əgər millət məni görməyəcəksə, o yazılan şər-böhtana inanacaqsa, qoy inansın. Onda biz elə buna layiqik.

    “Bəzən iqtidar partiyasının təmsilçisi dialoqda elə şeylər deyir ki…”

    – İqtidar-müxalifət dioloqu baş tutmur. Sizcə bunun səbəbi nədir?

    – Bizim cəmiyyətdə son vaxtlar ittiham mövzularından biri də budur ki, niyə sən tam iqtidarın və ya radikal müxalifətin yanında deyilsən? Mən 21 ildir vətəndaş həmrəyliyi yolunu seçmişəm. Bu yol sizin dediyiniz dialoq yoludur. Cəmiyyətin müxtəlif qütblərinin yaxınlaşması yoludur. Bu yaxınlarda prezident jurnalistlərlə görüş keçirib. Görürəm ki, mətbuatda normal yazılar gedir.Müəyyən ümidlər yaranıb ki, mətbuatın problemləri həll oluna bilər. Hər şeyi dialoqla həll etmək olar. Bizim cəmiyyətin düşməni olduğu halda, öz içimizdə düşmən axtarmaq olduqca gülüncdür. Ona görə də mənim mövqeyim dialoqdur, milli birlikdir.

    – Bəs hansı tərəf addım atmalıdır?

    – Təmsil olunan tərəflərin dediyi söz real söz olmalıdır. Mən gedib ölkədən kənarda Azərbaycan hakimiyyəti haqqında nəsə söz deyib, həll edə bilmərəm.Millət vəkili kimi öz boynuma düşən və imkan daxilimdə olan məsələlərdən danışa bilərəm. Bəzən iqtidar partiyası dialoqda oturub qərar verir, amma bilmir ki, partiya onu o şəkildə qəbul edəcək, ya yox. Yəni görüş naminə görüş yox, hazırlanmış, əsaslanmış dialoqlar olmalıdır.

    – ATƏT bir neçə dəfə iqtidar-müxalifət nümayəndələrini bir araya gətirib. Olmazmı ki, bunu içimizdən bir ziyalı təşkil etsin?

    – Onun məsuliyyəti ağırdır. O dialoq bizim cəmiyyətdə daimi gedir. Heç kim içində nəyisə gizləmir. İqtidar mətbuatında, müxalifət mətbuatında bir-birlərinə olmayan dərəcədə qarşılıqlı ittihamlar var. Bu əslində nəticəsiz dialoqdur. Mən nəticəsi olan bir dialoq istəyirəm. Bir sıra milli məsələlərdə müxalifətlə iqtidar arasında elə də ciddi fikir ayrılığı yoxdur. Ən çətin məqamlar hakimiyyət bölgüsü zamanı olur.Buna da normal baxmaq olar.

    “Namizədliyimi verməyəcəyəm”

    – 2015-ci ildə növbəti parlament seçkiləri olacaq. Sizin həmin vaxt konkret hədəfləriniz olacaqmı?

    – Mən bu barədə hələ düşünmürəm. Çox güman ki, namizədliyimi verməyəcəyəm.

    – Bəs niyə namizədliyinizi verməyəcəksiniz? Bunu nə ilə əlaqələndirirsiniz? Bəlkə siyasi proseslərdən yorulmusunuz?

    – Mən siyasi proseslərdən yorulmamışam. Əksinə, onların daha vacib olan sahəsi ilə məşğul olmaq istəyirəm.Yaşımın elə bir vaxtıdır ki, özümü o proseslərdən daha yuxarıda görürəm. Dünyada yaşayan azərbaycanlıların inteqrasiyasının güclənməsi, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təhsildən tutmuş o ölkələrdəki siyasi problemlərinə qədər, yardım etmək istəyirəm.

    – Artıq seçkilər bitib. Bilmək olarmı ki, kimə səs verdiniz?

    – Elə şeylər var ki, onu paylaşmağa ehtiyac yoxdu.

    – Bayaq televiziyalarda olan dil məsələsinə toxundunuz. Siz bir dəfə qeyd etmişdiniz ki, bəzi məmur övladlarının bir çoxu Azərbaycan dilində danışa bilmirlər.Yenə sözünüzün üstündə durursunuz?

    – Dil məsələsi millətin ölüm-dirim məsələsidir. Dil varsa, millət var. Azərbaycanda başqa dillərin öyrədilməsi yaxşı prosesdir. Mən istəyirəm ki, insanlar bir çox dili bilisinlər. Amma bütün bunlar öz dilimizin unudulnası ilə ola bilməz. Uşaq balacalıqdan öz dilində oxumalıdır. Ana dilində oxumaq onun beyninin düzgün inkişafına gətirib çıxarır. Yaponlar bunu araşdırıb ki, ana dili insanların beyninin bir yarımkürəsində, digər dillər o biri yarımkürədədir. Nədənsə dil məsələsi ortaya atılanda çox vaxt insan haqları yada düşür. Öz dilində pəltək danışan nazir olmamalıdır. Bu millətə həqarətdir. Onda heç onlara ehtiyac olmaz, başqa ölkələrdən gətirib nazir qoyaq. Niyə səfirlər gəlib 1-2 dildə bu dili öyrənirlər, bizim insanlar öyrənə bilmirlər. İllər uzunu bir çoxları millətdən danışır. Ancaq Azərbaycan dilində elə danışırlar ki, elə bil erməni dilində danışırlar. Çox uşaqlar  rus dilində oxuyur, onların qəhrəmanı Babək, Şah İsmayıl deyil. Ölkənin içində müxtəlif psixoloji xəttlər yaranır. O zümrədə olan insanlarda bizə yuxarıdan aşağı baxmaq meyli yaranır. Əlimdə imkan olsa, uşaqların öz dilini öyrənmələrinə çalışaram.

    “Övladlarımdan razıyam”

    – Övladlarınızı düşündüyünüz kimi tərbiyə edə bilmisiniz?

    – Bunu iddia etmək çətindir. Son 25 ildə o qədər çətin dövr yaşadıq ki, özümüzə vaxt sərf edə bilmədik. Özümüzü unutduq. Hətta qələmdən ayrı düşdük. 1991-1995-ci illərdə nazir oldum. 4 il kitab yada düşmədi. Ancaq son illərdə sevinirəm ki, kitablarım çap olunur.

    – 4 il nazir də olmusunuz. Siyasi proseslərin içində ola-ola övladlarınıza yetərincə qayğı göstərə bilmisiniz?

    – Övladlarım böyüyüb. İndi hərəsinin öz ailəsi var. Onlardan razıyam. Başqa şərait olsaydı, daha çox diqqət ayırardım.Son 5 ildir ki, Aydan yanımdadır. O biri övladlarıma göstərə bilmədiyim qayğını da çalışıram ki, ona göstərim. Deyə bilmərəm ki, buna vaxt qalır.

    “Mən o havanı dünyanın heç bir yerində görməmişəm”

    – Hobbiniz nədir?

    – Hobbim üzməkdir. Ən azından bunu 2 gündən bir edirəm. İmkanım olsa, boş vaxtımı təbiətdə keçirərəm, yaz vaxtı ağac əkərdim.

    – Geriyə baxanda hansı illəri qaytarmaq istərdiniz?

    – Mən hər şeyə realist baxıram. Mümkün olmayan şeyi arzulamaram.Ancaq təbii ki, yaşadığımız uşaqlıq illəri və böyüdüyümüz torpaq nə qədər kasıb, sadə görünsə də, insana şirindir. Mənim Yardımlıda dağın döşündə balaca bir evim var. Dünyanın harasına gedirəmsə, elə o yamacdaki tək evi görürəm. Oraların xüsusi havası var. Mən o havanı dünyanın heç bir yerində görməmişəm. Birdən-birə Dədə Qorqud dövrünə qayıdıram. Bu yaxında prezidentin Yardımlıya səfərindən sonra xahiş etdim ki, o yollar düzəldilsin. 7-8 kəndi birləşdirən yol asvaltlanır. İnsanlar əziyyət çəkirdi. İnsan yaşa dolduqca içindəki xiffət artır, insan həyatın mənası, bəlkə də mənasızlığı haqqında daha çox düşünür. Düşünürəm ki, nə yaxşı ki, həyatımı sözə bağlamışam. Nə yaxşı ki, yazaram. Hər halda düşündüyümü ifadə edirəm. Kifayət qədər sevgi qazanmış in sanam. Ömrümüzün xəcalət gətirən bir nöqtəsi yoxdur.Ona görə rahatlıq tapırsanki, o uşaqlığı yaza bilmisən. Bütün bunlar insana təskinlik verir. Düşünürsən ki, papağı boşuna yandırmamısan.

    – Sabir müəllim, bəs içinizdə peşmançılıq hissi varmı?

    – Ömür o qədər qısadır ki, səhvləri düzəltməyə vaxt çatmır. Hər kəsin ömrründə müəyyən səhvlər olub,  olur və bundan sonra da olacaq. Amma ona ilişib qalmağa imkan olmur. Təzə fikirlər gəlir beynimə. Rəhmətlik Elçibəy deyirdi ki, “sən o qədər ideyalar verirsən ki, amma o ideyaların ardınca getmirsən”. Mən də deyirdim ki, “mən ideya mühərrikiyəm. Onların hamısnın arxasınca gedə bilmıərəm və ona vaxtım da çatmaz”.
    Elə şeylər var ki, içimdə doğulan arzular olub ki, onu gerçəkləşdirmişəm. Bu bir rahatçılıq gətirir. Peşmançılıq heç nəyi geri qaytarmır. Onun əvəzini məsuliyyətlə doldurmaq lazımdır. Bu psixolji tərbiyə üsuludur. Ekstrimal vəziyyət mənim baharımdır. Görünür mən o gərginlikdə yaşamağa öyrəşmişəm.İçimdə yettişməmiş nəyisə demirəm. Zamanın axarında daxili tempim var.

    “Deyirlər ki, yaşlılıq dövrü daha gözəl olur”

    – Bir çox insanlar yaşları artdıqca, qorxurlar. Siz yaşlanmaqdan qorxmursunuz?

    – Ancaq deyirlər ki, yaşlılıq dövrü daha gözəl olur. Ona söz yoxdur. İsanın bütün yaş mərhələlərini yaşaması gözəldir. Doğrusu, mən qocalıq ffikrini özümə yaxın buraxmıram. Qocalmış odur ki, bütün işlərini kənara atıb sahildə nərd oynayır. Mən hələ Milli Məclisin siyasi meydanındayam, beynəlxalq aləmdəyəm. Hər 2 aydan bir xarici ölkələrə gedirəm. Gecə-gündüz də qələmim işləyir. Amma reallıq var. Cavan vaxtlarımda 35 səhifə yazırdım, indi isə bir az azalıb. Hər axşam 7-8 səhifə yazanda çox sevinirəm. Bu yaşın gətirdiyi nöqsan, zəiflikdir. 35 və 60 yaş arasında elə ciddi bir fərq yoxdur. Bunu ona görə deyirəm ki, qoy yaşlılar narahat olmasınlar. Mənim yaşıma gəlib çatanda, heç nə itirməyəcəklər. Əvvəlki bir çox əyləncələrdən silkələnməlisən. Bir limit var əlində onu daha qənətlə işlədirsən.

    – Daxilinizdə qorxu hissi yer alıbmı?

    – Mənim içimdə heç vaxt qorxu olmayıb. İndi qorxuya bənzər başqa bir şey var. Bəzən uşaqlarım narahatçılıq çəkəndə mənim nüfuzum yardımçı olur. Amma cəmiyyətimiz getdikcə dəyərləri itirməkdədir. İndi təzə bir nəsil gəlir. Rüstəmxanlı soyadını eşidəndə daha quduzluqla yanaşırlar. 20 il bundan əvvəl bizə bir çınqıl atanı daş-qalaq edərdilər. İndi bir-birimizi müdafiə edə bilmirik. Fikirləşirəm ki, uşaqlarımız necə cəmiyyətdə yaşayacaqlar? Bunun qorxusu var  içimdə.

    Namidə BİNGÖL

    Modern.az

  • VHP sədri Sabir Rüstəmxanlının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbriki

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  sədri, millət vəkili Sabir Rüstəmxanlının təbriki.

    “Əziz soydaşlarım!

    Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram.

    24 il bundan əvvəl, 1989-cu il dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi və tikanlı məftillərin parçalanaraq onillərlə Güney həsrətilə yaşayan soydaşlarımıza göndərilməsi böyük bir ruhun, idealına doğru yürüyən xalqın utopik düşüncələrini gerçəkləşdirmək arzusunun ən yüksək məqamıydı. Bu bütövləşmiş, böyük ruhun qarşısında dünyanın heç bir gücü davam gətirə bilməzdi. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideal uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir.

    Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.

    Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil.

    Bu gün də Azərbaycanın gələcəyi, torpağımızın azadlığı, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də – bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.

    Əziz soydaşlarım!

    31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur.

    Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram.

  • Alim ömrünün unudulmaz anlari

    İbrahim Quliyev

    AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi

     

    Böyük ictimai – siyasi, elmi – tarixi, bədii – etetik əhəmiyyətə malik olan memuar bu gün dünya ədəbiyyatında ən geniş yayılmış və ən çox oxunan ədəbi janrlardan biridir. O, bir ədəbi növ kimi ilk növbədə müəllifin yaşadığı dövrün real faktoloji mənzərəsini, onun ictimai-siyasi və tarixi proseslərdə yerini, hadisələrə individual münasibətini əks etdirməklə keçmişi bərpa etməyə çalışır. Memuarlar adi halda tərcümeyi – hal, hadisələrin xronikasına, bəzən isə oçerk   anlayışlarına sinonim kimi işlədilsə də, onları eyniləşdirmək olmaz. Memuarların əsas xüsusiyyəti yenidən bərpa olunan keçmişin etibarlılığına iddia edən mətnin “sənədli” xarakterdə qurulmasıdır.  Memuar  müəllifi öz şəxsi həyatının tarixi kontekstini dərk etməyə, öz fəaliyyətini ümumi tarixi prosesin bir hissəsi kimi təsvir etməyə çalışdığı halda, tərcümeyi-halda müəllifin daxili həyatı və onun şəxsyyətinin inkişafı əsas götürülür. Müasir hadisələrin xronikasından isə memuarlar subyektivliyi, yəni təsvir edilən hadisələrin müəllifin hiss, duyğu süzgəcindən keçirilməsi, onun şüur prizmasında sındırılması ilə fərqlənir. Salnamələrdə müəllif proseslərdən kənarda dayanır, o, vəzifəsinin tarixi hadisələrin səthi təsvirini gələcək nəslə ötürmək olduğunu dərk etdiyindən, əsas qəhrəman rolunda çıxış etmək iddiasında olmur, seyrçi mövqe tutaraq kölgədə qalmağa çalışır. Memuarda isə müəllif   keçmişin etibarlılığına birbaşa zəmanət daşıyan əsas qəhrəman rolunda çıxış edir.  Bu mənada memuarları tarixin güzgüsü adlandıranlar hər şeydən öncə onun konkret zaman üçün tarixi əhəmiyyətindən çıxış edirlər.

    Azərbaycanda nəşr olunan ədəbiyyatşünaslığa dair bir çox kitablarda isə memuarları məzmununa, bədii təsvir vasitələrinə, dil xüsusiyyətlərinə görə oçerklə müqayisə etmişlər. Hətta “vikipediya elektron ensiklopediya”da da memuarın daha çox oçerklə müqayisəsinə yer verilir.  “Xatirə, yaxud memuar oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur…  Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər… Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər”.

    Amma memuar ilk növbədə ədəbi janr olaraq obrazlılığa üstünlük verməklə bədii real tarixi faktı, yaxud prosesi bədii mənzərə fonunda yenidən təzahür etdirir. Memurların oxunaqlı olması da bir tərəfdən tarixi keçmişə maraqdan doğursa, digər tərəfdən də onun məhz bədii xüsusiyyətləri ilə bağlı olur.   

    Bu janr Azərbaycanda XIX yüzilliyin sonlarında formalaşmağa başlasa da, onun kökləri daha qədim dövrlərə gedib çıxır. Məsələn, XV- XVI əsrlər Avropa renessansı  qədim yunan-Roma mədəniyyəti üzərində yenidən dirçəlişə nail olmağa cəhd edərkən daha çox antik dövrün ayrı-ayrı şəxslərinə məxsus memuarlara bənzər tarixi mənbələrdən bəhrələnirdi. Bu mənada tədqiqatçı Kamran Əliyevin “Memuar renessans təfəkkürünün məhsuludur” fikri ilə razıəlaşmaq da olar, amma onu da unuda bilmərik ki, renessansdan əvvəlki dövrlərə aid Azərbaycan müəlliflərinin memuar janrının bir çox önəmli xüsusiyyətlərini özündə ehtiva edən əsərləri olmuşdur. Təbii ki, həmin əsərlərdə memuar janrına məxsus mükəmməl xüsusiyyətlərdən danışmaq olmaz,  bununla belə onun vacib elementlərini həmin əsərlərdə müşahidə etmək olar.

    … Bir sıra tədqiqatçılarımız  bu janrın tarixi kökləri barədə kifayət qədər ciddi araşdırmalar apararaq  onun izlərinin XI yüzilliyə gedib çıxdığını iddia etməkdədirlər. Ümumiyyətlə isə, bu sahədə araşdırma aparan tədqiqatçı alim Nailə Səmədovanın “Azərbaycan memuar  ədəbiyyatı tarixi”, “İnsan, zaman və həyat həqiqəti”, Eyvaz Eminalıyevin “Azərbaycan milli memuar ədəbiyatı” və s. əsərlərini həm ədəbiyyat tarixi, həm də ədəbiyyat nəzəriyyəsi baxımdan uğurlu işlər hesab etmək olar. N. Səmədova öz tədqiqatlarında ilk ortaçağlardan dövrümüzə qədər yaşayıb-yaratmış Azərbaycan şair, yazıçı, sənət adamlarının əsərlərində, tərcümeyi-hal və xatirələrində tarixi proseslərin və sosial mədəni mühitin əksi, həyat həqiqətinin təsviri məsələləri ətrafında fikirlər yürüdərək, onları ilk memuar nümunələri kimi təhlil etmişdir.

    Azərbaycan ədəbiyyatında bu janrın bütün tələblərinə cavab verən kifayət qədər mükəmməl nümunələr isə əsasən ötən əsrdə meydana gəlmişdir. C. MəmmədquIuzadənin “Xatiratım”, A.Şaiqin”Keçmiş günlər”, Ö.F.Nemanzadənin “Xatirələrim”, Yusif Vəzir Çəmənzəminlinin “Bir cavanın dəftəri”, S.Rüstəmin “Unudulmaz müəllim”, M.Hüseynin “Bir ay, bir gün”, Anarın “Sizsiz”, Sabir Rüstəmxanlının “Xətai yurdu”, Nizami Cəfərovun “Bir dilçinin xatirələri” və s. əsərləri bu janrda işlənmiş ən mükəmməl nümunələrdən hesab oluna bilər. Doğrudur, Azərbaycanın müasir dövrdə tanınmış dövlət və siyasi xadimləri qələmlərini bu sahədə sınamağa bir o qədər də meyilli olmasalar da, göründüyü kimi, yazıçı və şairlər,  ədəbiyyat və incəsənət araşdırıcıları  bu janra  kifayət qədər müraciət edib və etməkdədirlər. Son illərdə bu sahədə yazılmış ən uğurlu əsərlərdən biri də tanınmış alim, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylunun  “Ömürdən anlar- yadda qalanlar”  kitabıdır.

    Möhsün Nağısoylunu Azərbaycan elmi-ədəbi ictimaiyyətinə və ümumiyyətlə, cəmiyyətə geniş təqdim etməyə ehtiyac yoxdur. Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda qırx ildən bəri səmərəli elmi fəaliyyətlə məşğul olan professor M.Nağısoylu orta əsrlərə aid bir çox ədəbi-bədii nümunələri ilk dəfə üzə çıxararaq, onları ədəbiyyatşünaslıq, tekstologiya və lingvistik aspektindən tədqiqata cəlb edən nüfuzlu tədqiqatçı alim, müasir ədəbi proseslərlə bağlı ciddi mülahizələr irəli sürən müasir dövr ədəbiyyatımızın təhlilçisi, fəal ictimai xadim və əvəzsiz pedaqoqdur. Alimin ən böyük xidmətləri sırasında onun Şirazinin “Gülşəni –raz”, Həzininin “Hədisi-ərbəin” tərcümələrini xüsusi qeyd etməliyik. O, ədəbi dil tariximizin dəyərli nümunələrindən olan “Şeyx Səfi təzkirəsi”nin ilk dəfə çapa hazırlanmasına, nəşrinə rəhbərlik etmişdir. (4.5) Ümumiyyətlə, M.Nağısoylunun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”, “Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri”, “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” , “Əhmədinin “Əsrarnamə tərcüməsi”, “A. Bakıxanovun “Riyazül-qüds” əsəri klassik tərcümə nümunəsi kimi”, “XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir” monoqrafiyaları, eləcə də Möhsün Nəsirinin “Lisanüt-teyr”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz”  və başqa kitabları Azərbaycan ədəbiyyatşünaslığında hadisə effekti yaratmışdır. (4.8) Akademik Vasim Məmmədəliyev onun filoloji –tekstoloji araşdırmalarını  yüksək qiymətləndirərək yazır: “Möhsün müəllimin elmi araşdırmaları yeniliyi, sistemliliyi və ardıcıllığı ilə seçilir. Tədqiqat obyekti olaraq seçdiyi əlyazmaların çoxu orta əsrlərdə fars dilindən tərcümə edilmiş və ilk dəfə məhz onun tərəfindən elmi dövriyyəyə buraxılaraq sistemli şəkildə araşdırılmışdır”. (4.11) Xalq yazıçısı Elçin isə alimin “Gülşəni – razı” vasitəsilə Şərq ədəbiyyatının çox maraqlı bir nümunəsini özü üçün kəşf etdiyini bildirir. (4.15) Bir sözlə, elmi fəaliyyəti yüksək qiymətləndirilən, ədəbiyyatşünaslıq, dilçilik və mətnşünaslıq sayəsində bir çox nailiyyətlərə imza atan professor M.Nağısoylu bu dəfə qarşımıza tarixi həqiqətləri  bədii lövhələrdə əbədişələşdirən yazıçı, keçmişi bərpa edən tarixçi, öz tərcümey-hal nümnəsində yeni nəslə düzlük, hallalıq, səmimiyyət dərs keçən həqiqi pedaqoq kimi çıxır. Onun “Ömürdən anlar- yadda qalanlar” kitabı 2011-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüşdür.

    Ağrılı, əzab-əziyyətli uşaqlıq, keşməkeşli və təlatümlü gənclik, zəhmət və alın təri ilə bəzənmiş bir müdriklik çağı yaşayan müəllif kitaba yazdığı ön sözdə  bu janra üz tutmasının səbəbini çox yığcam və lakonik şəkildə oxucuya çatdırır. O, “… ömür kitabının ayrı-ayrı səhifələri, xatirələri özündən bir yadigar olaraq övladlarına və nəvələrinə, qohumlara və dostlara, tanış – bilişlərə, tələbə və şagirdlərə, dəyərli oxuculara ərməğan olsun…” deyə bu əsəri qələmə aldığını bildirir.  Amma fikrimizcə, əsər daha böyük missiyaya – insan və zaman, insan və sosial mühit, insan və onun idealı kimi ciddi problemlərə həsr olunmuşdur. İki, daha doğrusu, üç (Əfqanıstandakı on illik fəaliyyəti də buraya daxil edə bilərik) fərqli ictima-siyasi sistemdə “bərkiyən” müəllifin əsərində təkcə problemlərin qoyuluşu deyil,  həm də onların   uğurlu həlli maraq doğurur. Bütöv bir nəslə nümunə ola biləcək  zəhmət və təmənnasız xeyirxahlıqla dolu ləyaqətli bir ömrün dolğun mənzərəsini əks etdirən bu xatirələrdə Möhsün Nağısoylu əvvəldən-axıradək yorucu didaktikadan, uzun-uzadı nəsihətamiz ibarələrdən qaçaraq, yalnız xüsusi epizodları, detalları önə çəkməklə oxucularına insanın öz ləyaqətli əməyi və əməklə cilalanmış istedadı hesabına  böyük nailiyyətlərə imza ata biləcəyini sübut edib. Necə deyərlər, kitabın tərbiyəvi əhəmiyyəti müəllif “moizə”lərindən deyil, əsərin mahiyyətindən, “kiçik hekayələrdəki böyük həqiqətlərdən” doğur.   

    Memuar tarixi-xronoloji ardıcıllığa uyğun olaraq çoxsaylı hissələrə bölünsə də və hər bir hissəyə müstəqil başlıq qoyulsa da, fikir, ideya bütöv, süjet xətti sonadək qırılmayıb. Müəllif  hər bir hekayədə “desant” cümlələrlə irəlidəki hadisələrin məzmunu barədə “anons” verir ki, bu da kitabın oxunaqlı olmasına kömək edir.

    “Kəndimiz – kiçik vətən”  başlıqlı birinci xatirədə kövrək nostalji duyğular içindən boylanan müəllifin doğulduğu dağlar qoynundakı balaca “Xok” kəndi bizə Məhəmmədhüsen Şəhriyarın “Heydərbabaya salam”ından tanış olan Xoşginabın bədii obrazını xatırladır. “Bir çoxları kimi mən də belə hesab edirəm ki, hər bir şüurlu, düşüncəli insanın iki vətəni var: biri böyük Vətən, vətəndaşı olduğun, yaşadığın ölkə, məmləkət; biri də “kiçik Vətən” – doğulduğun, böyüyüb başa çatdığın şəhər, qəsəbə və ya kənd. İndi ömrümün ixtiyar çağında bunu tam aydınlığı ilə daha dərindən və daha yaxşı dərk edir və birmənalı şəkildə təsdiqləyirəm. Bu hiss və duyğuları ilk dəfə doğulduğum Naxçıvan Respublikasının indiki Kəngərli rayonunun Xok kəndindən ayrı düşəndə – Bakıda ali məktəbdə  (indiki Bakı Dövlət Universitetində) oxuduğum illərdə ürəkdən duydum və “kiçik Vətən”in necə də şirin bir nemət olduğunu yaxşıca hiss etdim. Müxtəlif  illərdə, həm də uzun müddət ərzində (üst-üstə düz on il) qürbətdə- Əfqanıstanda fars dili tərcüməçisi işləyəndə isə mənim üçün doğma Azərbaycanın hər bir qarışı, o cümlədən doğulduğum Xok kəndi dünyanın ən şirin nemətinə çevrildi… Uşaqlıqda quzu otardığım üçün, bir növ çobanlıq etdiyim üçün çox da böyük olmayan kəndimizin, demək olar ki, hər bir yerini, xüsusilə də örüş və kövşənlərini qarış-qarış gəzib dolaşmışam”. Müəllif ömrün hansı vədəsindən baxırsa-baxsın, o mikrodünyanın yaratdığı assosiativlik həmin aləmin gövrək duyğularını bir anda bərpa edir. Yaddaşımızda Şəhriyarın “Heydərbaba” poemasının aşağıdakı misraları əks-səda verir.

    Heydərbaba, dağın – daşın sərəsi,

    Kəklik oxur, dalısında fərəsi,

    Quzuların ağı, bozu, qərəsı,

    Bir gedəydim dağ-dərələr uzunu,

    Oxuyaydım: “Çoban, qaytar quzunu”.

    Heydərbaba, kəndin günü batanda,

    Uşaqların şamın yeyib yatanda,

    Ay buluddan çıxıb qaş-göz atanda,

    Bizdən də bir sən onlara qissə de,

    Qissəmizdə çoxlu qəmü qüssə de. (5.14)

    Vaxtilə  bu poemaya ön söz yazmış tanımış alim, doktor Mehdi Rövşənzəmir deyirdi:  «Əsərin sadəliyini görən bir çоxları buna оxşar əsərlər yazmaq istədilər. Ancaq gözlənilən nəticəni əldə edə bilmədilər… Indiyə qədər elə bir şair tapa bilməzsən ki, öz kəndinə bu qədər gözəl şeir demiş оlsun… Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzündən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın da şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşlarda qalacaq»  (6.22).

    Möhsün Nağısoylu üçün də Xok kəndi Xoşginabın ekvivalenti, yaddaşında qalmış dünyanın ən duyğusal təcəssümüdür. Amma müəyyən fərqlə.  Şəhriyar 46-47 yaşlarında təzədən Heydərbaba dağını ziyarətə gələndə dağ, daş, ildırım, sel, xırman, ocaq, ay-bir sözlə, onun bir zamanlar gördüyü və uzun illər həsrəti ilə yaşadığı mikrodünyanın bütün atributları yerində idi, bununla bərabər  şair ruhi atoniya yaşayır, çünki onun doğulduğu həqiqi Xoşginab Atlantida kimi yer üzündən silinmiş, əvəzində hüzn, qəriblik və tənhalıq qalmışdı. Bu, şairin faciəsi idi, onun ruhunun didərginliyi, öz əbədi dinclik məkanını itirməsi idi. Çünki Şəhriyar özündən çox uzaqlaşmış və vətənə sintez olunmaq, təzədən qayıdıb onun bir parçası olmaq üçün təməllər qırılmışdı, o,  təzədən dönüb həmin kəndi tapsa da, orada özünü tapa bilmir, kökdən, torpaqdan qopmuş, havadan asılı qalmış duyğular onu ağladır, sentimental aləmdən yox olan dünyasına baxıb təklik və tənhalıq görən şair öz faciəsinə “Heydərbabaya salam” elegiyasını yazır. Əslində, Şəhriyar sonrakı bütün dövrlərdə yalnız bu duyğuların bədəlini ödəməklə ədəbiyyat, özü də çox böyük ədəbiyyat  yarada bildi. Amma Rövşənzəmirin dediyi kimi bir çox şairlər də həmin üslubda, həmin ritmdə yazsalar da, Şəhriyar səviyyəsinə yüksələ bilmədilər. Çünki həmin dünyanı onlar yox, Şəhriyar itirmişdi.  Bir zaman F.Volter yazırdı ki, Vətən sənin qəlbinin əsir düşdüyü diyardır, bu əsarətdən xilas olmaq isə faciədir. Bax, vətən və vətənsizlik budur!  

    Yəni vətən deyilən anlayışın arxasından boylanan insanın özü, öz yaşantıları, öz ruhu, öz hiss və duyğularıdır, laməkanlıq, kosmopolitizm heçlik olmasa da, yalnız indinin mövcudluğudur.  Çünki L. Qirşfeldin dediyi kimi, Vətəndə sənin dünənin və sabahın var, qürbətdə isə yalnız bu günün.  M.Nağısoylunun kitabı boyunca insan və vətən anlayışlarına  müxtəlif rakurslardan yanaşılır, məsafə artır – azalır, amma fokusdakı ana nöqtə dəyişmir, bu nöqtənin kökündə isə Xok kəndi dayanır. Müəllif əlavə izahata yol vermədən öz tərcümeyi – halına məxsus xüsusi ştrixlərlə, həyatından xırda-para epizodlarla vətən hissini, duyğusunu yeni nəslin qəlbinə köçürməyə çalışır və buna müvəffəq olur. Kitabın “Kəndimiz- “kiçik vətən””, “Ailəmiz haqqında”,  “Qonşularımız”, “Uşaqlıq və məktəb illəri” adlı hissələri insanda vətəndaşlıq duyğusunun formalaşması və bunda ətraf aləmin ayrı-ayrı predmetinin, sosial mühitin rolunun izahı baxımından son dərəcə mükəmməl və ideya baxımından mükəmməl olduğu qədər də bədii cəhətdən yetkin və dolğundur.  Necə deyərlər, bu mətnlərdə ideya və obrazlılıq baş-başa, nəfəs-nəfəsədir. Avtobioqrafik şərhlərdə belə müəllif  çox şeyi birbaşa demir, predmet və hətta abstraksiya bədii ünsiyyətdə vasitəçilik edir: “Qəribədir ki, yuxuda atamdan, anamdan daha çox Qaranı (müəllif  böyük qardaşını nəzərdə tutur) görürəm. Özü də daha çox dağda (Keçəldağda, Batabatda). Axı ağlım kəsəndən Qara ilə ən çox yay aylarında, o dağda çobanlıq edərkən yaxın təmasda olmuşam. Lap elə bu yaxında – bu sətirləri yazıya alan zamanlarda yuxuda gördüm ki, Qara ilə dağa- Batabata gedirik”.  

    Bu yuxu zamanın iki aspekti arasında (real və irreal) körpüdür, həyat həqiqətilə mənəvi həqiqət burada qovuşaraq müqəddəs anlayışların kökünün, əslinin izinə düşür. Müəllifin birbaşa dialoqdan yayınaraq məqsədini dolayısı ilə çatdırmağa çalışması da səbəbsiz deyil, çünki “indiki uşaqlara, gənclərə o dövrün çəttinliklərindən, ağır yaşayışından, kasıblıq və yoxsulluğundan danışanda onlar belə söhbətləri həvəssiz dinləyərək deyirlər ki, eh, sizin dövrünüz belə idi də…”.  Bəlkə də, uşaqlar haqlıdır!  Etiraf etməliyik ki, müstəqillik dönəmində yaranan  ədəbiyyatımız və əsasən bu ədəbiyyata söykənən dərsliklərimiz  içində dünənimiz və sabahımız yaşayan bu Vətən anlayışının məzmun və mahiyyətini yeni nəslə çatdırmaq istiqamətində bir o qədər də ardıcıl və rəngarəng deyil. Quru və bədii cəhətdən zəif nümunələr yaddaşda simvolikaya çevrilmir, yeni nəslin doğulduğu, yaşadığı torpağa milli-tarixi qəhrəmanlıq ocağı və böyük idellar beşiyi kimi baxmağa imkan vermir. Amma ədəbiyyatın əsil məqsədi budur! Yadıma bu gün də eşidərkən içimizdə patriotizm duyğuları oyadan, hər birimizin  daxili aləmimizin  ətraf mühitlə – Vətənlə harmoniyasını yaradan “Nədən başlanır Vətən?” adlı mahnının sözləri düşür. Şair  Mixail Matusovski və Veniamin Basnerin 1968-ci ildə bəstələdikləri bu mahnının əsil müəllifləri, nə qədər qəribə də olsa, rus uşaqları  olmuşdular. Belə ki, rus dövlətinin 1150 illiyi münasibətilə “Nədən başlanır Vətən?” mövzusunda onlara yaradıcılıq tapşırığı verilmiş və onların düşüncələri əsasında ötən əsrin 60-cı illərinin nadir musiqi xiti yaranmışdı…

    Möhsün Nağısoylunun müasir Azərbaycan gəncləri ilə bağlı memuarda qoyduğu problem bu mənada “sos” xarakteri daşıyır, yəni tarixə – keçmişə qarşı biganəlik zaman və daha geniş məkan müstəvisində inamla addımlamağa, bütöv şəxsiyyət kimi formalaşmağa imkan verə bilməz. İ.Q.Belinski deyirdi ki, yalnız vətənlə qan qohumluğunu dərindən dərk edən insan ləyaqətli şəxsiyyət ola bilər. Əks halda natamamlıq yaranır, L.Bernenin dediyi kimi, Vətən yarımçıq məhəbbəti qəbul etmir, kim onun üçün hər şeyi etmir, demək heç nə etmir, kim onun uğrunda hər şeyini vermir, demək ondan imtina edir. Müəllifin diqqətə çatdırmaq istədiyi bu fikirlər günümüzün aktullıq kəsb edən ən ciddi problemlərindəndir.

    … M. Nağısoylu kəndin – “kiçik vətən”in bütöv panoramasını yaratmaq üçün hər bir xırda detalı  göstərməyə, kölgədə qalanları gün üzərinə çıxarmağa çalışır və buna görə tez-tez real zaman səddini aşaraq yaddaşındakı zamana – irreal aləmə üz tutur, müxtəlif  vaxt müstəvilərində dolaşır. Ümumiyyətlə, “Ömürdən anlar-yadda qalanlar” kitabının formalaşmasında zamanın özünəməxsusluğu həlledici rol oynayır – burada  keçmiş, indiki, gələcək zaman ardıcıl yox, paralel şəkildə cərəyan edir. Cümlədaxili və mətndaxili zamanlarda ayrı-ayrı epizodik qəhrəmanların, əşya və predmetlərin müəllifin həyatındakı rolu və taleyi özlərinin tam ifadəsini tapır. Belə kontekst cümlələr müəllifin həyatının müəyyən dövrünü əks etdirsələr də, oxucu təsəvvüründə tərəf-müqabilin bütöv obrazının yaranmasına kifayət edir: “Məktəbə getdiyim ilk illərdə köhnə məktəb binasında (elə indiki məktəbdə) oxumuşam. İlk müəllimim qonşu Şahtaxtı kəndindən olan Rəşid müəllim olub (Xatırladım ki, Hüseyn Cavid də bu kəndəndir).  Mənə yazmağı, şeir deməyi o öyrədib (Qəbri nurla dolsun)”. Detal bolluğu informasiya bolluğuna, informasiya bolluğu isə peyzajın, obrazın, onu yaradan bədii mətnin bütövlüyünə, əhatəliliyinə gətirib çıxarır. Zaman dinamizmini təmin edən xüsusiyyətlərdən biri kimi çıxış eləyən haşiyələr isə bəzən izahedici, bəzən tamamlayıcı mətn, bəzən isə hekayə içində hekayə kimi kitabın süjet xəttinə əlavə olunur. Müəllif oxucunu ağır təəssüratlarla yormamaq üçün bədii “antraktı” duzlu-məzəli əhvalatlarla zənginləşdirməyə çalışır. Amma onlar ilk baxışdan məzəli görünsələr də, böyük həqiqətin ifadəçisi olmuş qədim yunan tragikomediyalarında olduğu kimi “ideya məzhəkəyə yox, məzhəkə ideyaya xidmət edir” prinsipindən çıxış edirlər. Məsələn, Xok kəndinin camaatının dindar olmasını göstərmək üçün müəllifin qələmə aldığı iki iranlı əhvalatı bu mənada xüsusi maraq doğurur. Onlar biləndə ki, Xokda araq içmirlər,  maşını yarıyolda saxlatdırıb düşüb gedirlər. Əslində, müəllif bu bu kiçik epizodik hadisə ilə “gülüş içərisində faciəvi vəziyyəti” əks etdirir; sadəlövh qəhrəmanların  bu “arzusu”nu qabartmaqla bir millətin ikiyə bölünməsinin, parçalanmasının, vaxtilə bu “proje”ni cızanların milli genetek yaddaşda yaratdığı iltihabı, “korroziyanı”  üzə çıxarır. 1990-cı illərin əvvəlləri… Azərbaycan torpaqlarının erməni silahlıları tərəfindən işğalı… dünyanın ikili standartları üzündən Rusiya imperiyasının təzyiqləri qarşısında Azərbaycanın tək-tənha qalması… İnsanların yurd –yuvalarını itirdiyi günlər… Günahsız şəhidlərin sayının həndəsi silsilə ilə artması … Siyasi qərarların heç bir əhəmiyyət daşımaması… bir sözlə, şair Qabilin dediyi kimi, Azərbaycan bir Kərbala meydanına döndüyü çağlar… Belə bir vaxtda çayın o biri sahilində yaşayan qardaşlar bu taya yeyib-içməyə, əyyaşlıq eləməyə gəlirlər. Həmin “məzəli əhvalatın” ortaya qoyduğu, insanın üzünə şillə kimi çırpılan sərt həyat həqiqəti budur! Amma müəllif bunda məzhəkə qəhrəmanlarını deyil, o dövrün siyasi sisteminin  bu tayda yaratdığı real mənzərəni – gecəli-gündüzlü ağır qul əməyi ilə məşğul olan, lakin Bakıya gəlmək üçün 30 manat pul tapa bilmədiyinə görə başqasının qapısını döyməyə məcbur olan bir insan obrazını (avtobioqrafik obrazı) yaratmaqla imperiyaların o taylı- bu taylı mahiyyətini ittiham edir.  Məşhur türkoloq, Harvard Universitetinin professoru xanım Brenda Şafferin “Azərbaycanda milli kimilik şüurunun mərhələri” adlı kitabında tarixi-siyasi proseslərin azərbaycanlı etnosuna vurduğu zərbənin nəticələrinin hələ uzun müddət aradan qalxmayacağı qeyd edilir. Fakta söykənən müəllif  bunun qaynaqlandığı mənbələrin sırasında ilk növbədə dünya güclərinin geosiyasi maraqlarının dayandığını göstərir. Əlbəttə, kənardan reallıq daha aydın, daha parlaq görünür.   

    … Məzəli əhvalat və onunla bağlı bu “traktovka” mövzudan bir qədər uzaqlaşmaq kimi görünsə də, əslində həmin epizod müəllifin fikir və ideya permanentliyinin özülünü təşkil etdiyindən əsərin mahiyyətinin tam dərk edilməsi üçün bu yöndə xüsusi gəzişmələrin vacibliyini qeyd edirik. “İrəvanda fəhləlik-kənddə suçuluq” bölməsində ali məktəbə qəbul ola bilməyən kasıb, yoxsul və yalnız ideologiya ilə doydurulmuş əyalət gəncinin bir parça çörək üçün yad qapılarında çəkdiyi  məşəqqətlər, zülmlər, Bayronun irland kəndli qəhrəmanları kimi “qul əməyindən qat-qat ağır” bir əməklə məşğul olmalarının təsviri də zaman müstəvisində müqayisəli şəkildə verilir. “O vaxtlar (SSRİ dövründə) Naxçıvanın, xüsusilə Şərurun ayrı-ayrı kəndlərindən, ən çox da Qarabağlar  və Xokdan cavanlar pul qazanmaq, dolanmaq üçün İrəvana gedərdilər. İndi isə bizim yerin cavanları birtəhər dolanmaq üçün Türkiyəyə üz tuturlar. Əvvəlkilər kimi, indi də onlar ağır işlərdə işləyirlər…”

    Təbii ki, həqiqət müqayisədə üzə çıxır, amma burada bir məqamı da vurğulayaq ki, zaman müstəvisində ardıcıl gəzişmələr, real və irreal vaxt sərhəddində davamlı sıçrayışlar əsərin məzmununu tamamlasa da, bəzən süjet konstruksiyasında quraq kimi görünür,  bədiiliyə, təhkiyənin məntiqinə,  bunun doğurduğu hissi-psixoloji ovqatın yaşarılığına, dil əlvanlığına mane olur. Zamandan – zamana sıçrayış bir  üslub olsa da, nəqletmənin  axarını, hadisələrin inkişaf  məcrasını pozduğu üçün əsərdə  konqlemeratlıq yaradır. Müəllif kitabın gələcək nəşrlərində bunları nəzərə alsa, fikrimizcə yaxşı olar.         

    Kitabın “Bakıya ilk gəlişim”, “Sızlər yada düşəndə” adlı bölmələri, əvvəldə qeyd etdiyimiz kimi, insan və sosial  mühit probleminin işıqlı ideal və antisosial hadisələr, romantika və antiromantika fonunda, daha doğrusu, əks qütblərin kəsişmə xəttində ortaya qoyulması qəhrəmanı – gənc tələbə obrazını bütün səmimiyyəti, mənəvi –psixoloji dayanıqlığı ilə görməyə  imkan verir. Əgər bu gənc tələbə təxəyyül qəhrəmanı, bədii fantaziya məhsulu olsaydı, onu sovet ədəbiyyatının “çətinliklər qarşısında özünü, səmimiyyətini itirməyən” ideal tipajları sırasına daxil etmək olardı. Ancaq məsələ burasındadır ki, müəllifin tələbəlik dövrü hətta sovet ədəbiyyatının mütləq müsbət obrazlarının tükəndiyi, mənəvi deqredasiyanın həyatın bir çox spektrinə yayıldığı bir zamana təsadüf edir, belə bir şəraitdə “bahalı uşaqlar “ arasında qış günü “əynində paltosu olmayan”, müəllimlərinin “kasıb uşaqdır, qiymətini kəsməyin” deyə mərhəmətlə yanaşdığı gəncin içində bu qədər işıqlı ideallar yaşatması bütövlükdə ədəbiyyatın reallıqda özünüifadəsi kimi səciyyələndirilə bilər. İnsanı sosial mühitin tərkib hissəsi kimi götürən naturalistlər zaman-zaman ayrı-ayrı fərdi, individual keyfiyyətlərin sonrakı nəsillər üçün başlanğıc, təkan olduğunu unudurdular. XX yüzilin  görkəmli ispan mütəfəkkiri Xose Orteqa-i Qasset yazırdı: “Dünyada kardinal dəyişikliklər baş versin deyə, bir insan tipinin yerinə başqa insan tipi gəlməlidir ki, başqa tipdən fərqlənən oxşar həyati duyğuları özündə birləşdirən çoxlu insanlar meydana çıxsınlar. Bax, nəsil – bu sözün dəqiq mənasında insan “növü” budur. Fərdlər onların yalnız özünəməxsus xüsusiyyətlərilə – psixologiya, zövq və adətlərlə dünyaya gəlirlər ki, bütün bunlar nəslin simasını təyin edir, onu əvvəlkilərdən fərqləndirir”. (7.48)

    Çox halda bir fərdin əxlaqi – estetik baxışları və rəftarı bütövlükdə sosial mühitdə yeni münasibətlərə, yeni mənəvi normaların formalaşmasına, başqalarında kreativ xüsusiyyətlərin inkişafına  səbəb olur. Bunun üçün sadəcə insan həyatın mənasını, yaradıcılıq potensialının nəyə yönəldiyini tapmalıdır. Həyatın ümumləşdirilmiş mənalarını həyati dəyərlər kimi qiymətləndirən  avstriyalı alim, “İnsan məna axtarışında” adlı məşhur memuarın müəllifi Viktor Frankla görə birinci dəyər əmək vasitəsilə reallaşan yaradıcılıq dəyəridir: “Özünürealizasiya məqsəd deyil, yaradıcılıq fəaliyyətinin nəticələrindən biridir. Yalnız bu fəaliyyət olduqda sən ətrafına, cəmiyyətə nəsə verə bilirsən”.  Alim romantikanı ümumi dəyərlərin realizasiyasının başlıca stimulyatoru adlandırırdı: “Əgər romantika inandırmırsa, həyatın mənasına çevrilə bilmirsə, ən böyük potensial belə istənilən effekti vermir”. “Ömürdən anlar…”  kitabının müəllifi lap erkən yaşlarından öz romantikasına inanmışdı: “Məktəb illərində həm də bir qədər xəyalpərvər olmuşam. Atamın dayısı oğlanlarının- Həbib müəllimin, rəssam Əyyubun Bakıda yaşamalarını, adlı-sanlı insan olmalarını (təbii ki, kənd adamlarının gözündə) bilirdim. Hətta uşaq vaxtı elə düşünürdüm ki, onların qanadları da var və uçurlar…”  Elə bu romantika M.Nağısoylunun “mürəkkəb sosial mühitdə” özünü “tapmasına”, realizasiyasına, həyatının məna istiqamətini müəyyənləşdirməyə və öz mühiti üçün gərəkli insan olmasına yardımçı olur. Onu tələbəlik illərindən, daha doğrusu, orta məktəb illərindən özünə çəkən ədəbiyyatı həyatının mənasına çevirən də məhz bu romantika olur. Bu gün onlarla ciddi tədqiqat əsərinin müəllifi, Azərbaycan mətnşünaslıq elmində sözünün xüsusi sanbal və çəkisi olan M.Nağısoylunun qaranlıq əsrlərdə  yatıb qalan mənbələrə uzanan yoluna işıq salan da məhz romantikasına inam və zəhmətsevərliyi olub.

    Kitabın böyük hissəsi alimin Əfqanıstan səfərlərinə, üst-üstə buradakı 10 illik həyatına həsr olunub. İlk səfərində Şibirqanda Neft Departamentində çalışan müəllif  zaman-zaman dünya güclərinin döyüş poliqonuna çevirdiyi bu ölkənin milli-etnik xüsusiyyətlərini çox ustalıqla verir: “İlk günlər Şibirqanda mənə hər şey qəribə gəlirdi. “Sehrli xalat” filmində olduğu kimi sanki orta əsrlərə düşmüşdük. Əfqanların əksəriyyəti milli paltar geyirdilər: başlarına uzunluğu 7 metr olan ağ çalma bağlayırdılar. Deyilənə görə, ağ çalmadan qəfil ölüm zamanı kəfən kimi istifadə edilə bilərdi, ona görə belə uzun olurdu. Yerli camaatın əyin-başları isə, əsasən, ağ rəngli enli tuman və uzun köynəkdən ibarət idi. Əfqan uşaqlarının və yeniyetmələrinin yük maşınlarının arxasından asılı vəziyyətdə ayaq üstə duraraq yol getmələri, avtomoblin baqajında oturmaları da bizə qəribə gəlirdi.” Göründüyü kimi, müəllif bir neçə detalla ümumdünya tarixindən bir neçə əsr geridə qalan bu qədim Şərq ölkəsinin spesfik xarakteriskasını, etno-kultroloji özünəməxsusluqları verə bilir. Ümumiyyətlə, Əfqanıstanın tarixi, etnoqrafiyası, mədəniyyəti müharibə parametrləri çərçivəsində cızılıb: “Əfqanıstanın tarixi  – bu çoxsaylı müharibələr, döyüşlər, öz iradəsini yeritmək istəyən beynəlxaq güclərin əli ilə törənən etnik qrupların müqavimət… tarixidir…,”- kimi siyasi tarixçilərin uzun-uzadı ibarələrini M.Nağısoylu kitabında “7 metrlik çalma” ifadəsi ilə çox lakonik və effektiv şəkildə ümumləşdirir. Müəllif hadisələrə qiymət verməyə çalışmır, müharibə səhnələri təsvir etmir, bununla bərabər insan və müharibə problemini yazıların mərkəzinə gətirə bilir. Həm də problem birbaşa müəllifin öz iştirakı ilə deyil, dinc ruslar və dinc əfqanlar arasındakı qarışılıqlı münasibətlərdə, daxili nifrətin epizodik hadisələrdə üzə çıxmasında təzahür edir. Yolda, düzün ortasında qalmış əfqanları  “çirkli, bitli” hesab etdikləri üçün öz maşınlarına götürmək istəməyən rusların simasında müəllif  oxucularına tarixən bütün dünyada imperiya siyasətinin mahiyyətinə varmağa şərait yaradır. 10 illik Əfqanıstan tarixçəsi təkcə siyasi keçmişə çevrilmir, həm də müəllifin özünü də yetkinləşdirir – sadəlövh gənc tələbə birdən-birə müdrik, formalaşmış dünyabaxışa malik insana çevrilir. İnsan şəxsiyyətində baş verən belə bir sürətli dəyişiklik mərhum İsa İsmayılzadənin müharibə dövrü uşaqları haqqında yazdığı “onlar birdən-birə qocaldılar” ifadəsini yada salır.

    Kitabda sərt həyat həqiqətləri ilə paralel olaraq ikinci bir süjet xətti də var: bu əbədi məhəbbət mövzusudur. Müəllifin bu barədə xatirələri daha həzin, daha gövrəkdir. Həmin xatirələrdəki sevgi duyğuları, həmin duyğuların bütövlüyü və təmizliyi yadımıza tanınmış Polşa yazıçısı Karol İjikovskinin bütün humanizm  tarixi üçün ümumləşdirdiyi  “Məhəbbət qarışılıqlı müqəddəslikdir”  tezisini salır. Kitabın bu duyğulara həsr olunan hissələri qəhrəmanın xarakterindəki xeyirxahlığın, insansevərliyin, düzlüyün, təmizliyin, dostcanlılığın haradan gəldiyini açmaqda oxucuya kömək edir. Qədim Çin filosofu Lao Tszı deyirdi ki, məhəbbətsiz borc insanı kədərləndirir, məhəbbətsiz həqiqət insanı inamsız edir, məhəbbətsiz tərbiyə ziddiyyət doğurur, məhəbbətsiz intizam insanı xırdaçı edir, məhəbbətsiz var-dövlət xəsislik yaradır, məhəbbətsiz iman fanatikliyə gətirib çıxarır. Xöşbəxt o, insandır ki, məhəbbəti hər yerdə hiss edir. “Ömürdən anlar-yadda qalanlar” əsərinin məhəbbət süjeti böyük filosofun tezislərinin real həyati  ifadəsi kimi görünür desək səhv etmərik.

    Kitabın Əfqanıstan səfərindən sonrakı illərə həsr oluna hissəsi daha çox elmi axtarışlara, pedaqoji fəaliyyətə, müxtəlif elmi konfranslardakı çıxış və məruzələrə, Türkiyə və İrana elmi ezamiyyətlərə,  ölkə daxilində yay istirahəti zamanı müəllifin başına gələn əhvalatlara həsr olunub. Müəllif  ölkə daxilində baş verən heç bir əhəmiyyətli hadisəni, ictimai-siyasi önəmi olan məqamı nəzərdən qaçırmır, ən azı xırda detallarla, “təsadüfi qarşılaşmalarla”  həmin hadisələrə öz münasibətini bildirir. Yeri gəlmişkən qeyd edək ki, bu münasibətlər ədəbiyyatda inikasın əsa xətti olan “gerçəkliyi optimist anlamaq və təlqin etmək” prinsipindən kənara çıxmır.     

    Onu da qeyd edək ki, “Ömürdən anlar-yadda qalanlar” kitabı təkcə bir ömrün salnaməsi, yaddaş kartı deyil, əsərdə etno-kulturoloji, milli- etimoloji və geneloji məsələlərə kifayət qədər geniş yer verilmiş və Möhsün Nağsoylunun uzun illərin peşəkar alim- tədqiqatçı keyfiyyəti tarixi faktların izahında, milli – mənəvi dəyərlərin köklərinin araşdırılmasında, yer-məkan adlarının şərhində özünü tam dəqiqliyi ilə göstərir. Möhsün Nağısoylu bir alim kimi bütün əsərlərində öz tezis və mülahizələrini, prinsip və qənaətlərini yalnız obyektivlik, tarixi mənbələrin və  faktların müqayisəli təhlil metodu əsasında elmi ictimaiyyətə təqdim edir. “Ömürdən anlar-yadda qalanlar” kitabında onun olduğu yerlərin adlarının, milli adət- ənənələrinin, qarşılaşdığı insanların xarakterlərinin təsvirində bu dəqiqliyi, obyektivliyi görürük. Məsələn, doğulduğu kəndin adını daşıyan “xok” sözünün etimoloji izahı ilə bağlı neçə-neçə mənbəyə müraciət edir, sonda alim məntiqinə əsasən nəticə çıxarırır:  “… Dilçi alimlər bu sözün “çəmən”, “otlaq”, eləcə də “daşlaq”, “daş yığını” mənalarını qeyd edirlər. Həqiqətən də, bizim kəndimizdə çəmənlər və otlaqlar da, daşlıq yerlər də vardır. Buna görə də hesab edirəm ki, kəndimizin adı qədim türk sözü olan “xok”// “xak”  sözü (“çəmən”, “otlaq”) ilə bağlı ola bilər”. Amma müəllif  özü bu fikirlə razılaşsa da, digər versiyaları da oxucuların mühakiməsinə buraxmağı unutmur: “… kəndimizin adının İran əsilli olması və “vəhşi donuz” (“xuk”) anlamında işlənməsi barədə də fikir, mülahizə vardır, ancaq bu, əsla inandırıcı görünmür.”  Sonda M.Nağısoylu  doğulduğu kəndin Arazın o tayındakı Xök kəndi, eləcə də Xoy şəhəri ilə bağlılığının daha inandırıcı və ağlabatan olduğunu qəbul edir. Göründüyü kimi, sadəcə bir ada yanaşmada müəllifin dəqiqliyi və obyektivliyi tam mənada özünü büruzə verir.   

    Ümumiyyətlə, “Ömürdən anlar-yadda qalanlar” kitabı əvvəldən – sonacan müəllifin oxucu ilə səmimi dialoqu, dərin etirafları üzərində qurulduğundan və  hətta bəzən  bu səmimiyyət ən xırda detal və təfərrüatlara qədər gedib çıxdığından, bir sıra məqamlarda bədii üslub adi məişət üslubu səviyyəsinə enir, dilin obrazlılığı, janrın bədii  xüsussiyyətləri səmimiyyətə qurban verilir. Əslində, M.Nağısoylu özü də kitabın girişində bədii memuar yazmaq niyyətində olmadığını, sadəcə ömrünün səhifələrini vərəqləmək niyyətində olduğunu  bəyan etdiyindən, arada bədii ifadə vasitələri olmadan onun oxucu ilə birbaşa və canlı ünsiyyətə çalışması başadüşüləndir. Amma bununla bərabər  “uşaqlıqdan ədəbiyyat vurğunu olan”  müəllifin bədii tablolarındakı,  hiss və duyğularını ifadə etdiyi essevari ricətlərindəki sənətkarlıq xüsusiyyətləri əsər boyu qorunsaydı, fikrimizcə, kitabın xeyrinə olardı.

    Amma bütün bu xırda qeydlərimizə baxmayaraq, “Ömürdən anlar-yadda qalanlar” memuarı yaşadığımız tarixin obyektiv canlı mənzərəsini yaratdığından, geniş bir coğrafi məkanda cərəyan edən hadisələrin ictimai-siyasi mahiyyətini özündə əks etdirdiyindən, elmin hamar olmayan yollarında şam kimi əriyən tədqiqatçı bir alimin nəsillərə nümunə ola biləcək fədakar ömrünü təcəssüm etdirdiyindən,  onlarla, bəlkə də yüzlərlə əsrdaşımız haqqında dolğun informasiya verdiyindən, onun bir ensiklopedik mənbə kimi uzun illər bir çox tarixçilərin, ədəbiyyatşünasların,   pedaqoqların stolüstü kitabı olacağına və böyük alimin tutarlı elmi əsərləri ilə yanaşı yaşayacağına inanırıq. Müəllif kitabın epiloqunda haqlı olaraq yazır: “Düşünürəm ki… orta əsrlər Azərbaycan tərcümə əsərləri haqqında yazdığım monoqrafiyalar, nəşr etdiyim kitablar hələ uzun illər boyu bir çoxları üçün gərəkli olacaq…

    … Elə indinin özündə, sağlığımda məni tanıyan bir çox insanların, xüsusilə də gənc nəslin qəlbinə artıq daxil olmuş, orada özüm üçün kiçik bir yuva qurmuşam”.

    Təbii ki, müəllif təvazökarlıq edir, fikrimizcə, Möhsün müəllim heç böyük tədqiqatçı alim olmasaydı belə, tamam başqa sahədə çalışaraq çoxsaylı monoqrafiyalar, məqalələr yazmasaydı, kitablar nəşr etdirməsəydi belə, onun adı gəncliyə, ətrafındakı insanlara bir səmimiyyət, halallıq, düzlük, təmizlik nümunəsi olaraq yenə zaman ölçüsü tanımayacaqdı… 

     

    1. Səmədova Nailə. “Azərbaycan memuar ədəbiyyatı tarixi”, AMEA M.Füzuli ad. Əlyazmalar İn-tu. – Bakı : Nurlan, 2006. – 331 s.  
    2. Səmədova Nailə. “ İnsan,zaman və həyat həqiqəti”, AMEA M.Füzuli ad. Əlyazmalar İn-tu. – Bakı : Nurlan, 2011. – 264 s.
    3. Eyvaz Eminalıyev. “Azərbaycan milli memuar ədəbiyatı”,  Bakı, Yurd, 1999
    4. Möhsün Nağısoylu. Biblioqrafiya. Bakı, “Elm və təhsil”, 2012, s.5 
    5. M.Şəhriyar, “Heydərbabaya salam”, Təbriz, Çapxaneyi- “Ziba”, 1332, s.22  
    6. “Heydərbabaya salam”. Bakı: Azərnəşr, 1998, s. 14, 80 səh. (Tərtibçi: Pənah Xəlilov)
    7. Xose Orteqa-i Qasset. “Dequmanizasiya iskustva”, Moskva, Raduqa, 1991.
  • Atatürkün vəfatından 75 il ötür

    Türkiyə Cumhuriyyətinin (TC) qurucusu Mustafa Kamal Atatürkün vəfatından 75 il ötür.

    Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Anası Zübeydə xanım, atası Əli Rıza əfəndidir. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burda təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn “Kamal” adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstqillik düşüncəsi o vaxtlar formalaşır. 
    1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə burdan məzun oldu. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilməyib. 
    1899-cu ildə İstanbul “Mekteb-i Harbiye-i Şahane”yə (Hərbi Akademiya) daxil oldu və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (Leytnant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun oldu. 
    Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olmub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı müstəqillik fikirlərini də təbliğ edib. 
    1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olub. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər. 
    Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə ilə xilas ola biləcəyini elan edir. 
    1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (Qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır. 
    1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edən Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Qəbri (Anıtkabir) Türkiyənin paytaxtı Ankara şəhərindədir.
  • “Daşbaba” kitabının təqdimatı keçirilib-VİDEO

    VHP-nin təşəbbüsü ilə professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba. Türkün daş yaddaşı” kitabının təqdimatı keçirildi.

  • Fəzail İbrahimli: “Dərsdən sonra məscidə gedib namaz qılmağa başladım…”- FOTO

    …İlk telefon əlaqəsi zamanı müsahibə verməyə könlü yox kimi görünürdü. Elə oldu ki, bir az naxoşladığından üzbəüz görüşümüz alınmadı, telefonda söhbətləşəsi olduq. Suallarımızı eşitdikcə ürəyi açıldı, şirin söhbətə başladı və qarşımda Allaha, torpağa, ənənələrimizə bağlı yeri gələndə əlinə bel götürüb ağac dibi boşaldan, tərəvəz becərən dünya görmüş sadə bir ağsaqqal canlandı…
    “Antrakt”da növbəti müsahibəyə hazırlaşarkən parlament üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, tarixçi alim, professor Fəzail İbrahimlinin həyatının bir çox məqamları ilə maraqlanmışdım. Amma sovet repressiyası illərində yandırılmış ata-baba kəndinin bərpa edilməsinə nail olmasını ilk dəfə öz dilindən eşitdim…

    – Fəzail müəllim, maraqlıdır, Yardımlıdakı doğma kəndinizin adı niyə Çanaqbulaqdır?..
    – Hələ Güneyli-Quzeyli Azərbaycanın bütöv olduğu vaxtlarda o yerlər çox qalın meşələr imiş. Ərdəbil tərəflərdən bir dəstə adam ova gəlir və gözəl bulaqlardan birinin gözündə suyun dolması üçün ağacdan bir çanaq düzəldirlər. Elə həmin bulağın adına uyğun orada kənd yarananda adı Çanaqbulaq olur… Vaxtilə kəndin camaatı gün ərzində Ərdəbilə buradan piyada gedib qayıdırmışlar. Yəni Cənubi Azərbaycanla bu dərəcədə yaxınıq. Amma əslimiz yaxınlıqdakı Musakənddəndir. 20-ci illərdə sovetlərin apardığı siyasət nəticəsində həmin kənd yandırılıb…

    – Babalarınızın kəndini niyə yandırıblar ki?
    – O kəndin camaatı bolşevik hakimiyyətini qəbul etməyərək müqavimət hərəkatı yaradıbmış, Şura hökuməti də belə qərar veribmiş ki, hansı kəndlər tabe olmursa, yandırılsın… Babamgil də bəy olduğundan təqiblərdən canlarını qurtarmaq üçün Cəlilabada, Salyana köçüblər. Sonradan valideynlərim Çanaqbulaqda məskunlaşıblar. Musakənd 70 il xaraba qalıb. Yalnız qəbiristanlığı qalmışdı. Nəhayət, SSRİ dağıldıqdan sonra o kəndin bərpası istiqamətində çalışmağa başladım. Xeyli çalışmalardan sonra MM-in 6 may 1997-ci il tarixli qərarı ilə Musa kəndi bərpa edildi. Və hazırda məskunlaşma gedir. Evlər tikilir və yaşayış var…

    – Valideynləriniz hansı peşənin sahibi olublar? 
    – Atam 23 yaşında sovet hökumətinin bayaq bəhs etdiyim o yandırma siyasətinin qurbanı olub. Ev-eşiklərini, var–dövlətlərini itiriblər. Babamgil İranla ticarət əlaqələri saxladığından o dövr üçün kifayət qədər var-dövlətləri olub. Ancaq bolşeviklər kəndlərini yandırıb onları didərgin saldıqdan sonra bir rəiyyət həyatı yaşamağa məcbur olublar. Nəticədə 20-30-cu illərin çətin şəraitində bir çoxları kimi atam və anam da təhsil almağa nail ola bilməyiblər. Amma atam qabiliyyətli olduğundan bənnalıq sənətinə yiyələnib və böyük bir ailəni halal zəhməti ilə dolandırıb. 4 bacı, 5 qardaş olmuşuq. Hazırda bu qardaşlardan üçü elmlər doktoru, professordur, biri də mənəm…

    – Uşaqlıqda atanız sizi nə üstdəsə möhkəm vurub?
    – Uşaqlığım bir növ hərbi sistemdə keçib… Sovet vaxtı 7 yaşında məktəbə gedirdilər. Ancaq elə olub ki, mən 6 yaşında getmişəm. Lap evimizin yanında olan məktəbimizin direktoru anamın əmisi oğlu idi. Bir gün həyətdə oynayanda məni çağırıb ki, gəl, birincilərin yanında otur, kitablara bax. Görüb ki, bir az fərasətliyəm, oxuyub-yazmağı asanlıqla götürürəm, elə 6 yaşından məni məktəbə götürüb. Məktəbi yaxşı oxumuşam, həmişə atamın-anamın başını uca etmişəm. Ona görə də nə atam, nə müəllimlər tərəfindən ciddi bir tənbehə məruz qalmamışam…
    Həm də atam çox ağır təbiətli bir insan idi. Onun idarəçiliyində ən sərt cəza adi bir sərt baxış idi. İnanın ki, atamın qaşqabağı açılana qədər evdə hər kəs bir həyəcan yaşayırdı. O, kötəkləməkdən, şillələməkdən uzaq idi. Amma o kişinin bir ağır baxışı bizim üçün kötəkdən də, şillədən də ağır idi. Eyni idarəçilik üsulunu mən öz ailəmdə də tətbiq etməkdəyəm…

    – Deputat olanadək yalnız universitet müəllimi işləyirdiniz. Onda necə dolanırdınız? Həm də tələbələrinizdən də eşitdiyimə görə başqalarından fərqli olaraq rüşvət də almamısız…
    – Özüm tələbə ikən müəllimlərimdən çox şey öyrənmişəm; dərs demək üsulunu, tələbələrlə rəftar qaydasını. Məsələn, mənə hazırda Tarix İnstitutunun direktoru olan, deputat Yaqub Mahmudov dərs deyib. O, ilboyu mütəmadi dərslərə hazırlaşan, fəal tələbələrdən imtahan götürmürdü. Mən də ondan əxz edərək bu üsula əməl etdim. Əslində bu, çox gözəl bir metod idi. Təsəvvür edin ki, bir tələbə ilboyu yaxşı cavab verə, amma imtahanda üç sualdan ikisini təsadüfən bilməyə, ona “2”, yaxud “3” yazasan – həyatın məntiqi pozulur axı… 
    Eyni zamanda, halallığı öyrəndim müəllimlərimdən… 1982-ci il mayın 4-də müəllim işləməyə başlayarkən Tanrı ilə bir “müqavilə” bağladım ki, ya Rəbbim, məni tələbəmə möhtac edəcəksənsə, mən bu sənətdə işləməyim… Və qərara aldım ki, Tanrının qismət payını tələbələrin əli ilə yemək olmaz. Şükür Allaha ki, mənə elə şərait yaratdı ki, bu gün vicdanım qarşısında da, tələbələrim qarşısında da kifayət qədər rahatam…

    – Bəs indi necə, aylıq gəliriniz müasir tələbləri ödəyirmi?
    – Desəm ki, tam ödəyir, Tanrının və vicdanım qarşısında günah etmiş olaram. Deyir, qəlbində Tanrıdan narazı qalmaq hissi baş qaldırarsa, səndən öndə gedənlərə yox, arxadakılara bax, onda görərsən ki, çox irəlidəsən… Mənim həyat şüarım budur. İkincisi də, Tanrı nə verirsə, min şükür. Nə də vermirsə, deməli, səni hansısa təhlükədən qoruyur…
    Bu gün maaşdan-filandan şikayət etsəm, ən aşağısı, çox gülünc görünərəm. Min şükür, varlı olmasam da, yoxsul da deyiləm. Hər kəs aldığı məvacibə uyğun həyatını qurmalıdır ki, çətinlik çəkməsin… Sən bunu uzlaşdıra bilmirsənsə, ayda 10 min manat alsan da, elə ac-yalavac olacaqsan…
    Azərbaycanda islahata çox ehtiyacı olan məqamlar var. Təəssüf ki, Azərbaycan sakininin büdcəsinə ən böyük zərbə vuran amillərdən biri də toylardır. Bu sahədə, eləcə də ad günləri, yas mərasimləri sahəsində bir qayda yaradılsa, bəlkə də ailələrin büdcəsi də yerində olar. Ayda böyük bir ailəni 500 manatla yedirtmək mümkündür. Amma tutaq ki, professor 500-600 manat maaş alır, onu ayda üçcə dəfə toya çağırsalar, büdcəsi darmadağın olar…

    – Oğlunuz Tural hərbi xidmətini hansı bölgədə keçdi?
    – Oğlum daxili qoşunlarda keçib hərbi xidməti… Salyanın Xıdırlı kəndində cəzalı əsgərlər üzərində nəzarətçi kimi xidmət edib. Çox ağır xidmətdir. Amma Allah üzünü ağ eləsin, hər yerdə, o cümlədən, hərbi xidmətdə mənə başucalığı gətirib…

    – Yəqin komandirləri sizə görə ona hörmət edirmişlər?
    – O, hərbi komissarlıqların ləğv edildiyi dövrdə hərbi xidmətə yollandı və elə özü, təbii yolla dediyim hərbi hissəyə düşdü. Düzdü, komandiri ilə görüşdüm, o, məni bir deputat kimi tanıdı… Amma bircə dəfə də ondan nəyisə xahiş etmədim. Çünki oğlum özünü elə intizamlı, ağıllı apardı ki, belə bir şeyə ehtiyac olmadı. Hətta andiçmə günündə bir valideyn kimi hərbi hissədə olanda Tural xahiş etdi ki, ata, bir də yanıma gəlmə, çünki burada hamı səni xüsusi statusu olan bir adam kimi tanıyır, mən də sənin adınla xidmət etmək istəmirəm… 

    – Tural indi ailə qurub? Harada işləyir? 
    – Şükür Allaha, toyunu da etmişəm, ailə də qurub, işləyir də, ayrıca yaşayır – müstəqil kişidi… İstəmirəm, xüsusi hallandırım, dövlət strukturlarından birində işləyir. Və başını aşağı salıb aldığı məvaciblə ailəsini dolandırır…

    – Qızlarınız necə?
    – Bir qızım Dillər Universitetini bitirib, hazırda analıq məzuniyyətində olduğu üçün işləmir. Sonbeşik qızım isə ali məktəbi bu il bitirib və magistraturaya hazırlaşır…

    – Torpaqla, bağ-bağatla məşğul olmağa meyiliniz var?
    – O qədər meyilim var ki. Torpağa dəhşətli dərəcədə bağlıyam… Həmişə fikirləşirəm ki, özümün torpağım, bağım olsa idi, mənim bağımdan gözəl bağ olardımı? Təəssüf ki, nə torpağım var, nə də bağım… Üçotaqlı bina evində yaşayıram. Rayonda bərpa etdiyimiz dədə-baba kəndimizdə qardaşlar yığışıb bir ev tikmişik. Yayda bir aya yaxın orada qalıram və bütün günü axşamadək ağaclarla, güllərlə məşğul oluram… Amma bir yandan baxanda, yaxşı ki, Bakıda bağım yoxdur, yoxsa oradan məni çıxardıb nə dərsə, nə də parlamentə aparmaq olardı…

    – Parlamentdə kreslo qonşularınızla necə dolanırsız?
    – Sabir Rüstəmxanlı ilə kreslo yoldaşıyıq. Bizdən qarşıda isə Eldar Quliyev və Əsabil Qasımovdur. Həmişə öz aramızda deyirəm ki, Allah o dünyada iki şeyə çox diqqət edir; tərəzi haqqı, bir də qonşu haqqına. Biz qonşuluq haqqında çox düzük…

    – Bəs hansı həmkarlarınızla zarafatınız tutur?
    – Düzü, mən boş, mənasız danışığa meyilli adam deyiləm. Amma tənhalığı sevmirəm. Hələ bu günə qədər parlament bufetində, bir dəfə də olsun təkcə yemək yeməmişəm. Yumoru çox sevsəm də, lətifələr yadımda qalmır. Çünki beynimdə belə şeylərə yer yoxdur… Amma insanlarla ünsiyyətim gözəldir. Deputatlar arasında da nifrət etdiyim bir şəxs yoxdur. Nifrət etdiyin yoxdursa, deməli, sənə də nifrət etmirlər… Dostlarım da var, təbii ki. Qalanlar da sadəcə, həmkarlarımdır…

    – Fəzail müəllim, toylarda hansı havaya oynayırsız?
    – Vallah, cavanlığımda yaxşı oynayırdım… Həmişə deyirəm ki, oynamalı yer toydur. Amma indi bəziləri qonşunun əsəbləri ilə oynayırlar, pulla oynayırlar, siyasətlə oynayırlar, yalanla oynayırlar, toyda isə kraxmallanıb otururlar… Mən həmişə getdiyim toylarda çalışıram ki, toy sahibinin könlünü oxşayım, ehtiyac olarsa, çıxış edib bir xoş söz deyim… Oynamaq iki cür olur da; bir var, araqdan, rus demişkən, “polnı” vurub düşəsən ortalığa, köynəyin şalvardan çıxa, bir də var o Mehman kinosunda Kamilov kimi “mənim havamı çalın” – deyib ağayana, mərifətlə rəqs edəsən. Yəni sümüyünə düşən havaya oynamalısan. Mən toylarda insanların xarakterini oynamaqları ilə üzə çıxardıram… Hər kəs öz xarakterinə uyğun rəqs edir… Ciddi xarakterli adamlar ağır oynayır, bir az oynaq xasiyyətə malik adamlar isə yüngül… Mən də qədim ağır, sanballı el havalarımıza oynayıram…

    – Geyimlərinizi özünüz seçib alırsız, yoxsa xanımınızın, yaxud övladlarınızın zövqünü də nəzərə alırsız?
    – Yox, o məsələdə çox böyük müstəqilliyim var. Hər kəsin öz zövqü var. Mən də paltarların yaraşanını, səliqəlisini geyinirəm….

    – Sön dövrlərdə Azərbaycan qızlarının, qadınlarının “müasirlik” adıyla açıq-saçıq geyinməyinə necə yanaşırsız?
    – Öz ailəmdə, övladlarım arasında və mənim rəhbər, ağsaqqal sayıldığım dairədə bu məsələlər xüsusi diqqət mərkəzindədir və başqa cür də ola bilməz… Abır, ismət, şəxsiyyət, ləyaqət… Bunlar bir az şablon səslənir. Amma nə qədər nəfəsim gəlir, mənim əhatə dairəmdə o saxta müasirliyə yer yoxdur. Bu məsələlərdə mən köhnə kişilərdənəm…

    – Sovet dövründə yetişən tarixçilərin əksəriyyəti materialist düşüncəli, ateist ruhlu olur. Amma bayaqdan söz-söhbətinizə fikir verirəm, deyəsən, siz Axirətə, Cənnətə, Cəhənnəmə inanan adamsız?
    – Bilirsiz, hər kəsin böyüdüyü mühit var. Adam var ki, elə bir ailədə böyüyüb ömründə Alahın adı çəkilməyib. Yaxud gözünü açandan süfrələrində araq, çaxır görüb… Gözümü açandan atam-anam məni “Allahu Əkbər” sədası ilə yuxudan oyadıbsa, başqa əxlaq sahibi ola bilmərəm axı… Yadımdadı, 6-cı sinifdə oxuyanda orucluq vaxtı kəndimizə Bəhram adlı bir molla gəlmişdi. Böyük bir məscidimiz vardı. 
    Molla namazı öyrədəndə savadı olmayan yaşlı adamların çoxu ərəb sözlərini çətinliklə tələffüz edirdi. Namaz ifadələrini asanlıqla tələffüz etdiyimi görən molla məni öz yanında əyləşdirdi. O gündən dərsdən sonra məscidə gedib namaz qılmağa başladım. Bundan xəbər tutan direktorum məni, məktəbdən çıxarmaqla hədələdiyinə görə məcbur olub daha məscidə getmədim… Amma o mənəvi ab-havanı bu günədək qəlbimdə yaşadıram. Və əgər mən kənddən bir çanta ilə Bakıya gəlib yalnız valideynlərin cüzi köməyi ilə ali təhsil alıb bu səviyyəyə çatmışamsa, cəmiyyətdə az çox tanınıramsa, bunu Allahın bir qismət payı kimi qəbul edirəm…

    – Deyəsən, hazırda ibadətlə məşğul olmursuz?
    – Yox, bu gün mən namaz qılmıram, oruc tutmuram, dindar, müqəddəs bir insan olduğumu deyə bilmərəm. Amma belə məsələlərdə mən vicdan azadlığı prinsipinə uyğun davranıram.

    – Fəzail müəllim, ömür boyu çox suallara cavab vermisiz; şagird, tələbə kimi imtahanlarda, siyasətçi, deputat kimi müsahibələrdə… Bizim suallara da cavab verdiniz. Bəs Axirət günü veriləcək suallardan qorxmursuz ki?
    – Yox. Qətiyyən. Yəni nə günahım var, cəzasını çəkəcəm. Həm də bilmək olmaz ki, Tanrı orada hansı cəhətlərə üstünlük verəcək. Məsələn, deyirlər ki, kim ölüm anında “la ilahə illəllah” kəlməsini işlətsə, Allah günahlarının çoxunu bağışlayar…

    Sultan Laçın
    “Həftə İçi” qəzeti






     

  • İkiyə bölünmə faciəsi

    İbrahim Quliyev

    Son illərdə Azərbaycanın bölgədə aparıcı dövlətə çevrilməsi, xüsusilə də, iqtisadi göstəricilərə görə region ölkələrini qabaqlaması beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsinə səbəb olmuşdur. Bu da nəticədə dünyanın tanınmış tədqiqatçılarının, şərqşünas alimlərinin ölkəmizə marağının artmasına, Azərbaycanın milli – mədəni irsinin dərindən araşdırılmasına, milli kimliyimizin öyrənilməsinə və regionda gedən proseslərdə azərbaycanlıların rolunun müəyyən edilməsi istiqamətində ciddi tədqiqatların meydana çıxmasına səbəb olmuşdur. Nüfuzlu Harvard Universitetində siyasi elmlər bölümünün böyük tədqiqatçısı, professor xanım Brenda Şafferin bu sahədəki fəaliyyətini xüsusi qeyd etməliyik. Doktor Brenda Şaffer uzun illərdir ki, Qafqazda və Mərkəzi Asiyada cərəyan edən ictimai-siyasi prosesləri, İranın xarici siyasətini, Qarabağ böhranını, bu bölgədə yaşayan xalqların, xüsusilə də azərbaycanlıların milli şüurunun formalaşması, tarixi proseslərdə onların yerinin və rolunun öyrənilməsi ilə məşğul olur. O, bu bölgədən bəhs edən “Sərhədlər və qardaşar: İran və azərbaycanlı kimliyinin formalaşması”, “İran və Rusiya strateji əlaqələri” kimi ciddi əsərlərin müəllifidir. Xanım Şafferin “İran İslam İnqilabından və sovetlərin süqutundan sonra azərbaycanlı ictimai kimliyinin formalaşması” əsəri son illərdə xaricdən Azərbaycana artan marağın göstəricisi olmaqla bərabər, milli şüurun formalaşma mərhələlərinin tarixi proseslər prizmasından obyektiv təhlili, islam müstəvisində milli faktorların təzahürünün spesfik cəhətlərinin analizi baxımından diqqəti cəlb edir. Əsərin əsas məziyyətlərindən biri də müstəqil Azərbaycanla Güney Azərbaycanın vəhdət halında götürülməsi, hadisələrin qarışılıqlı təsir imkanlarının miqyasının müəyyən edilməsinə cəhddir. Əsər 2000-ci ildə “Nationalities Papers” juranılını 3-cü sayında “The formation of Azerbaiyjani collective identity in İran” adı altında çap edilmiş, 2006-cı ildə Aydın Rəhimi tərəfindən fars dilinə çevirərək Tehranda nəşr edilmişdir. Belə əsərlərin zamanında dilimizə çevrilməməsi bəzən dünyanın nəzərində necə göründüyümüzü, beynəlxalq aləmdə milli kimiliyimizin necə tanınması məsələlərini müəyyn etməyimizə mane olur. Şafferin əsəri müqəddimə, “İslam inqilabı və azərbaycanlılar”, “İslam cümhuriyyəti”, “Azərbaycanlıların siyasi təşkilatları”, “Müstəqil Azərbaycan Respublikasının təsiri”, “Azərbaycan ostanlarının parçalanması”, “Siyasi fəaliyyətlər”, “İki Azərbaycan arasında mövcud birlik” və nəticədən ibarətdir. Göstərilən məsələlərin dərindən araşdırılması və əldə edilən nəticələrin obyektivliyini təmin etmək məqsədi ilə müəllif fərqli mövqeləri də təhlil obyektinə çəkmişdir.
    Onu da qeyd edək ki, İranda nəşr olunan kitaba naşir tərəfindən yazılan ön sözdə də Brenda Şafferin araşdırmaları yüksək qiymətləndirilir və beynəlxalq aləmdə bu mövzuya diqqətin getdikcə artması təqdir edilir. Naşir Güneydə yaşayan azərbaycanlıların milli kimlik məsələsi üzərində xüsusi dayanaraq vurğulayır ki, tədqiqatçılar uzun zaman İranın milli – etnik coğrafiyasını unutmuşlar. İran cəmiyyətinin etnik əlvanlığı, etniklərin yeri, xüsusilə də qeyri-farsların – türk, ərəb, kürd, bəluc, türkmənlərin varlığı beynəlxalq və yerli tədqiqatçıların diqqətindən kənarda qalmışdır. İran bu ölkəyə gələn xarici tədqiqatçıların nəzərində Persiya, yəni farslar ölkəsi olmuşdur. Halbuki ölkə əhalisinin yarıdan çoxunu qeyri-farslar təşkil edir. Naşir Brenda Şafferin bu sahədəki tədqiqatlarını problemin həllində ciddi dönüş kimi dəyərləndirir.
    Brenda Şaffer özü əsərin müqəddiməsindəcə bu sahədəki tədqiqatlara münasibət bidirirərək qeyd edir ki, İranın çoxmillətli ölkə olmasına və onun əhalisinin 50 faizini qeyri-farslar təşkil etməsinə baxmayaraq, əksər tədqiqatçılar “iranlı” sözünü “fars” kəlməsinə ekvivalent kimi işlətirlər. Bundan sonra o, konkret olaraq İranın demoqrafik coğrafiyasında azərbaycanlıların yeri və sayı məsələsinə toxunur. “İranın ümumi əhalisinin təxminən üçdə birini azərbaycanlılar təşkil edir”.  Amma Brenda Şaffer bunun ardınca İranda tarixi hakimiyyətlərin söz və demokratiyaya məhdudiyyət qoyması üzündən həmin statistikanı tam dəqiqləşdirməyin mümkünzülüyünü də nəzərə çatdırır:“ İrandakı ictimai-siyasi prosesləri tədqiq edənlər əksər halda milli faktorları bir qırağa qoymağa çalışırlar. Bu mənbələr İranın ən böyük milli tərkibini, yəni azərbaycanlıları ayrıca milli kökə malik olmayan, iranlı milli kimliyi içində ərimiş vahid çoxluğun bir parçası kimi götürürlər”. Məhz buna görə də müəllif digər mənbələrə də baş vurmağa və obyektiv nəticəyə nail olmağa çalışır. Məsələn, o, qeyd edir ki, doktor Cavad Heyətə görə İranda ümumi əhalinin üçdə ikisi azərbaycanlılardan ibarətdir. Başqa bir mənbə isə əhalinin tam yarısını azərbaycanlılar təşkil etdiyini qeyd edir. Sonda müəllif etiraf edir ki, belə bir pərakndəlik, xüsusilə də dövlət tərəfindən şəffaf siyahıyaalınmanın aparılmaması bu gün İİR-də azərbaycanlılarla bağlı statistikanın 25-35 milyon arasında dəyişməsinə səbəb olmuşdur.
    Bununla belə Cənubda azərbaycanlıların yaşadıqları ərazi məsələsində müəllif özü də qeyri-dəqiqliyə yol verir. O, yazır: “ Azərbaycanlıların əksəriyyəti İranın şimal-qərbini “Cənubi Azərbaycan” adlandırırlar. Azərbaycan Respublikasının sərhədi boyunca İranın üç ostanı- Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil yerləşir və bu ostanların əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir”. Buradaca qeyd edək ki, bu üç ostandan əlavə, Zəncan, Qəzvin, Gilan və s. –də də azərbaycanlılar kompakt yaşayırlar. Yeri gəlmişkən qeyd edək ki, tərcüməçi də bu qeyri-dəqiqliyi nəzərə çatdırmışdır.
    Şimali Azərbaycan məsələsinə gəldikdə isə, müəllif burada 7 milyon nəfər azərbaycanlının yaşadığını qeyd edir. Həqiqətən də kitabın dərc olunduğu 2000-ci ilin statistikasında Azərbaycan əhalisinin sayı 8 mln. 300 min nəfər olmuşdur ki, görünür, müəllif onların 1 mln.300 min nəfərini etniklərə aid etmişdir.
    Bundan sonra xanım-professor Güney və Qüeydə yaşayan azərbaycanlıların bəzi fərqli xüsusiyyətlərə malik olmalarının səbəblərinə aydınlıq gətirməyə çalışır: “İran, Rusiya və Türkiyə sərhədləri boyunca yaşayan, türkdilli və müsəlman olan azərbaycanlılar bu üç imperiyanın təsirinə məruz qalmaqla bərabər, həm də onlara təsir göstərmişlər. Buna görə onlar fərqli milli xüsusiyyətlərə, bəzən isə türklük, iranlılıq, müsəlmanlıqla üst-üstə düşməyən əlahiddə keyfiyyətlərə malik olurlar”.  Müəllif əsərinin sonunda isə milli kimlik məsələsində təkcə Günüeylə Quzey arasında deyil, həm də ümumi Azərbaycan ərazisində yaşayan azrbaycanlılar arasında kəskin fərqlər olması qənaətinə gəlir. Onun bu baxımdan apardığı bölgü xüsusi maraq doğurur: “… Kimlik məsələsində İran azərbaycanlıları arasında ixtilaf nəzərə çarpır. Azərbaycanlıların əksəriyyəti, o cümlədən hökumət və dövlət strukturunda xüsusi çəkisi olan azərbaycanlılar özlərini iranlı və müsəlman hesab edirlər. Əlbəttə, onların əksəriyyəti Azərbaycan milli mədəniyyəti ilə öz etnik bağlılığını da inkar etmir və özünü azərbaycanlı sayır. Digər azərbaycanlılar, o cümlədən islam inqilabı dövründə xüsusilə fəal olan ziyalılar əsasən azərbaycanlı milli mənsubiyyətini qəbul edir, amma “iranlı” termini altında dövləti mənsubiyyətlərini təsdiqləyərək, İranda çoxmillətliliyi qorumağa çalışırlar. Azərbaycanlıların daha çox hissəsi iranlı olmaqla azərbaycanlı olmaq arasında ziddiyyət görmürlər. Onlar əsil kimlikliərinin azərbaycanlı olmalarını bilsələr də, bu kimliyin siyasi baxımdan tanınması üçün ciddi bir addım atmırlar. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində azərbaycanlıların bir qismi öz milli mənsubiyyətini təsdiqləmək üçün siyasi tədbirlərə əl atdılar. Xüsusilə də, azərbaycanlı tələbələr bu bölgədə fəallıq göstərdilər”. Sonda müəllif öz mövqeyini belə açıqlayır: “Əgər vətəndaşların əksəriyyəti bir neçə ictimai kimliyə malik olarsa, öz əsl fərqli ictimai kimliyini bilməzsə, onda onun əsl ictimai kimliyi asanlıqla dəyişdirilər”.  Ancaq Brenda Şaffer hazırda Güneydə milli mənlik şüurunun yeni mərhələyə daxil olduğunu xüsusi qeyd edir. Müəllif bu məsələdə Şimali Azərbaycanda gedən proseslərin mühüm rol oynadığını, Azərbaycan Respublikasının yaranmasının cənubda ciddi əks-səda doğurduğunu və milli oyanışın sürətlə yüksələrək xalqın öz milli- mədəni hüquqları uğrunda mübarizəsinə təkan verdiyini xüsui vurğulayır. O qeyd edir ki, Azərbaycanın istiqlalının ardınca İran azərbaycanlıları milli-etnik kimliklərinin tanınması istiqamətində ciddi addımlar atmağa başladılar. “Azərbaycan Respublikasının qurulması sərhədin o tayandakı eyni etnik mənsubiyyət daşıyıcılarını böhranla üz-üzə qoydu. Bu məsələ İran azərbaycanlılarının əksəriyyətini özlərinin Azərbaycan millətinin bir parçası olduğunu hiss etməyə vadar etdi. Halbuki əvvəlki dövrlərdə belə oxaşar hisslər nəzərə çarpmırdı. 1990-cı illərin əvvəllərindən başlayaraq Cənubi Azərbaycanda milli mənsubiyyətlə bağlı bir sıra siyasi hadisələr baş verdi. Amma Cənubda azərbaycanlılar arasında artan bu milli kimlik axtarışı Azərbaycan ostanlarının İrandan ayrılaraq Aərbaycan Respublikasına birləşmək istiqamətində deyil, daha çox İran sərhədləri daxilində mədəni hüquqlara yiyələnmək uğrunda mübarizəyə yönəlmişdir”. Amma müəllif İran azrbaycanlılarının milli kimlik şüurunun çoxşaxəli olmasına baxmayaraq, bu faktorun İran İslam Respublikası ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətlərə, Tehranın Qafqaz strategiyasına ciddi təsir etməsini də nəzərdən qaçırmır və hazırda Qarabağ münaqişəsində İranın Ermənistanı himayə etməsinin səbəbini də məhz bunda görür.

    Ümumiyyətlə, müəllif Güneydəki azərbaycanlıların milli şüurunun oyanmasını əsasən iki mərhələyə bölmüşdür: 1921- 1979-cu illəri əhatə edən Pəhləvi dövrü və 1979-cu il İran İslam İnqilabından sonrakı mərhələ. Brenda Şaffer bu inqilabda bütün milli azlıqların fəal iştirak etdiyini, inqilabın öz hədəflərinə çatmasında onların böyük rol oynadığını vurğulayır. O, Təbrizin inqilabın əsas beşiklərindən biri olaraq Pəhləvi rejiminin sürətli süqutunda daha önəmli yer tutduğunu önə çəkir. Qeyd edir ki, 1979-cu ilin dekabrında azərbaycanlılar bir aydan artıq Təbrizi nəzarətə götürərək onu idarə etmişlər. Bununla bərabər, inqilabda milli azlıqların rolu və onların hədəfləri barədə kifayət qədər təhlil və analiz edilsə də, azərbaycanlılara bu sırada demək olar ki, yer verilməmişdir. “İran inqilabında etnik azlıqların rolu barədə yazılan işlər əsasən kürdlərə, ərəblərə, türkmənlərə aid olmuşdur. Bu tədqiqatlarda Azərbaycana çox az yer verilmişdir”.  Onu da qeyd edək ki, Azərbaycan ostanlarında şah rejimi əleyhinə inqilabi fəaliyyət hələ 1977-ci ilin sonlarında start götürmüş və bu bölgənin insanları hakimiyyətə itaətsizlik nümayiş etdirirdilər. Həmin il dekabrın 21-də Təbriz Universitetinin tələbələri şah rejimi əleyhinə hərəkatı bərpa etmişdilər. Onlar bu tarixi təsadüfən seçməmişdilər. Məqsəd 1945-ci il 21 azər tarixində qurulan Azərbaycan Milli Hökumətini yaddaşlarda bərpa etmək idi. 
    Müəllif milli oyanışın, Güneydə özünə qayıdışın ən coşqun dövrü kimi inqilabdan sonrakı 1979-1980-ci illəri götürür. Bu illərdə hətta azərbaycanlıların muxtariyyət əldə etmək üçün çabalara başladıqlarını, dil, əlfba islahatlarına rəvac verdiklərini faktlarla təsdiqləyir. Qeyd edir ki, millətin önündə gedən ruhanilər xalqa üz tutaraq onlarla doğma dildə danışmağa başlamışdılar. Müəllif maraqlı bir faktı xatırladır: “1979-cu il martın 25-də milli təfəkkür etibarilə irançı olan və öz doğma Azərbaycan dilini bilməyən Mehdi Bazərgan Təbrizdə xalqın qarşısında çıxış edərkən ana dilini bilmədiyinə və farsca danışdığına görə bir neçə dəfə xalqdan üzr istəməli oldu”. 
    “Beləliklə, yeni hakimiyyəti təmsil edən ruhanilərin Azərbaycan dilində danışması milli kimilik məsələsinin həllində olduqca müsbət rol oynadı”, – deyə müəllif xüsusi vurğulayır. Məlum olduğu kimi həmin dövrdə bir-birinin ardınca Azərbaycan dilli jurnal və qəzetlər nəşr olunmağa başlamışdır. Şah ölkədən qaçandan bir gün sonra Azərbaycan dilində “Ulduz” qəzeti nəşr olunmağa başlayır ki, bu, şah dövründən bəri Azərbaycan dilində nəşr olunan ilk qəzet hesab olunur. Müəllif daha sonra “Varlığ”ın bu cərgəyə qoşulduğunu, ancaq onun iki dildə -Azərbaycan və fars dilində nəşr olunduğunu yazır. İkiyə parçalanmış xalqın bir-birinin yazdığını başa düşməsi üçün milli ziyalıların bu illərdə əlifba islahatı aparmaq qəranına gəlməsi ciddi addım kimi nəzərə çarpır. Ərəb əlifbası ilə yanaşı latın əlifbasının işlənməsini təklif edənlər də olur. 1980-ci ildə Azər Sina latın əlifbasını təklif edən məqalələr yazmağa başlayır. Ancaq çox keçmədən o, həbs olunur.
    Beləliklə, müəllif islam inqilabının ilk mərhələsində başlanan milli oyanışın çox keçmədən yeni rejim tərəfindən təhdid və həbsxanalarla qarşılandığını bildirir. Lakin bu da xalqın iradəsini qıra bilmir. Xüsusilə də, SSRİ-nin süqutundan və Şimali Azərbaycanda yeni müstəqil respublika yaranandan sonra bu proses yeni mərhələyə daxil olur. Azərbaycan Respublikasının qurulmasının isə Cənubdakı proseslərə spesfik təsirini Brenda Şaffer millətin özünü siyasi-mədəni müstəvidə konkret ad altında təqdim etməsində görür. “Azərbaycan Respublikasının yaranmasından sonra İranda azərbaycanlı kimliyinin bariz nümunələrindən biri onların özlərini daha çox “azərbaycanlı” və ya “azəri” kimi təqdim etmələri oldu. Əvəllər onlar özlərini “türk” kimi təqdim edirdilər. Pəhləvi rejimi “türk” sözündən sui-istifadə edərək onunla bağlı xeyli lətifələr quraşdırmış və ona daha çox mənfi çalar vermişdi. Azərbaycan Respublikasının yaranması Cənubda azərbaycanlıların özlərini bir millət olaraq daha çox azərbaycanlı kimi təqdim etmələrinə səbəb oldu.” Bununla bərabər, Brenda Şaffer Azərbaycan Respublikasının qurulmasının Güneydə gedən proseslərə ciddi təsirini aşağıdakı kimi qruplaşdırır: Dil problemi daha geniş şəkildə qabardı, ədəbiyyatda dirçəliş baş verdi, Şimal-Cənub arasında əldəbi əlaqələri gücləndirmək üçün İranda azərbaycanlıların istifadə etdikləri ərəb əlifbasında bəzi səslər islah edildi, “Keyhan”, “Ettelaat” kimi qəzetlərin Azərbaycandilli səhifələri yarandı, 1991-ci ildən başlayaraq “Yol” məcmuəsi çap olunmağa başladı. Müəllif qeyd edir ki, “Yol” məcmuəsinin ən yaxşı cəhətlərindən biri də onun hər nömrəsində sözlüyün çap olunması idi. Amerikalı türkoloq bu milli oyanışda Türkiyə televiziyalarının da mühüm rol oynadığını diqqətə çatdırır.
    Amma burada bir məsələni qeyd etmək yerinə düşərdi, xanım tədqiqatçı Cənubi Azərbaycanda milli oyanışı mərhələlərə böldüyü kimi, fikrimizcə, Azərbaycan Respublikasında gedən prosesləri də mərhələlər üzrə tədqiq etməli idi. Bu halda milli şüurun yüksəlişinin tam mənzərəsi oxucuya aydın ola bilərdi. Çünki kifayət qədər geniş auditoriya üçün nəzərdə tutulmuş kitabda Azərbaycan Respublikasının yaranmasının Cənubda gedən proseslərə təsiri göstərilsə də, onun tarixi əsasları pərakəndə verilmişdir. Əslində, tək müstəqil Azərbaycan Respublikası qurulandan sonra deyil, bütün zamanlarda (o cümlədən SSRİ dövründə də) Arazın bu tayında baş verən proseslər Cənubda ciddi əks-səda vermiş və orada milli ruhun yüksəlməsinə yüksəlməsinə səbəb olmuşdur. Bu təsiri müəllifin sadaladığı Şeyx Məhəmməd Xiyabanının və Seyid Cəfər Pişəvərinin başçılığı ilə Cənubda baş verən ciddi siyasi proseslərdə də bariz görmək olar. Doğrudur, müəllif “İki Aərbaycan arasında mövcud birlik” bölməsində bir daha qarışılıqlı təsir məsələnin üzərinə qayıtsa da, amma dəqiq bölgü olmadığından bu fəsil bir qədər qarmaqarışıq görünür və əsasən ədəbi-mədəni sahədəki əlaqələrlə məhdudlaşır. Bəzi hallarda isə müəllif azərbaycanlıların milli kimilik şüurunun yüksəlməsində imperiyaların rolunu şişirdir və belə çıxır ki, qonşu dövlətlər bir-birinə təzyiq vaitəsi kimi azərbaycanlıların milli oyanışına özləri şərait yaratmışlar. Doğrudur, o bu fikrində daha çox xarici tədqiqatçılara əsaslandığından öz mövqeyini açıqlamır. 
    Brenda Şaffer 1980-ci illər və 1990-cı illərin əvvəllərində Sovet Azərbaycanında yaşayan azərbaycanlıların İrandakı soydaşlarına qovuşmaq istəklərinin daha dərin olduğunu vurğulayır. Bu, onların bir millət kimi özlərini tapmaq hisslərinin əsas nöqtəsi və mədəni qürur yeri idi. Müəllifin qənaətincə, İrana təzyiq kimi ilk mərhələdə bu milli oyanışda Moskvanın əli olsa da, sonrakı dövrdə Şimali Azərbaycanda yaşayan insanların dərin milli birlik arzusu və əsil hisslərinin nümunəsi kimi meydana çıxdı. Brenda Şaffer bu məsələdə ən uğurlu dövrlər kimi 1989-1990-cı illəri götürür və bu ruhi coşqunluğun çox qısa müddət çəkdiyini bildirir. “Sonradan hər iki tərəf mədəni fərqlərinə görə bir-birindən soyudu”. B.Şaffer qeyd edir ki, bu gün şimali azərbaycanlılar cənublulara nisbətən daha dünyəvi, cənublular isə şimallılara nisbətən özlərini daha mədəni hesab edirlər. Bundan əlavə, hər iki Azərbaycanın vətəndaşları öz ölkələrini mərkəz hesab edirlər. Müəllif bir çox şimallıların cənubla birlik məsələsini açıq bəyan etdiyini bildirsə də, cənubda bu, öz yerini tapa bilmir. “Əlbəttə, cənubda belə bir fikir olsa, Tehran dərhal onu təzyiqlə qarşılayar”. 
    Bir sözlə, Brenda Şafferin bu kitabı Azərbaycan probleminin dünyaya tanıdılması, azərbaycnlıların parçalanmış xalq kimi hüquqlarının beynəlxalq aləmdə təsdiqlənməsi istiqamətində çox ciddi addım sayıla bilər. Alimin əsərinin ən başlıca dəyəri isə, iki Azərbaycanın ilk dəfə olaraq vahid subyekt kimi götürülməsi və onu vaxtilə parçalanmış Almaniya ilə müqayisə etməsidir. Müəllif əslində bununla problemə nikbin baxdığını biruzə vermişdir.

  • Sabir Rüstəmxanlı: ““Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə çox əhəmiyyətlidir”

    21 noyabr 2013-cü il tarixində Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə sabiq təhsil işlər naziri, professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba. Türkün daş yaddaşı” kitabının təqdimatı keçirildi. Kitabın elmi redaktoru, doktor Seyfəddin Altaylı, redaktoru Həlimə Rzaquliyevadır.

    VHP sədri Sabir Rüstəmxanlı bildirdi ki, F. Ağasıoğlu uzun illərdir Azərbaycan tarixinin indiyədək məlum olmayan və az öyrənilmiş sahələrinin öyrənilməsi ilə məşğuldur: “Onun hələ çap etdirmədiyi çoxlu kitabı var. Bununla belə, F. Ağasıoğlu işıq üzü görən kitabları ilə Azərbaycan tarixşünaslığında yeni bir yol açıb. “Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə çox əhəmiyyətlidir. Avrasiyada saysız-hesabsız daş abidələr var. Azərbaycanda da az sayda belə daşbablar var və kənardan onlara sahiblənməyə çalışanlar çıxır, müxtəlif muzeylərə daşıyırlar. Hətta Ağdam rayonunun Boyəhmədli kəndində əlində cam tutmuş bir Daşbaba vardı, sonra taleyi necə oldu, bilinmir. Ancaq F. Ağasıoğlu ilk dəfə bunun böyük türk mədəniyyətinin parçası olduğunu və türklər yaşayan coğrafiyada yayıldığını göstərir. Bundan əlavə, Azərbaycanın bütün qəbiristanlıqlarında daşqoçlar, daşatlar vardı. Ancaq İranla sərhədlər açılandan sonra guya daşbabaların içərisində qızıl gizlədildiyi ilə bağlı necə təbliğat apardılarsa, kütləvi surətdə onların başlarını qırdılar, əksəriyyətini məhv etdilər. Yalnız muzeylərə aparılanlar kütləvi qırğından xilas oldu. Ona görə də belə bir mövzunun araşdırılması onların izinin itməsinə imkan vermir”.

    S. Rüstəmxanlı dedi ki, daş abidələrin üzərindəki yazıların oxunması hələ də problem olaraq qalır: “Bu da tarixşünaslığımızın hələ də çox böyük problemlərlə qarşı-qarşıya qaldığını göstərir. Çünki yüz illər boyu türkün izini silmək üçün işlər görülüb. Ərəb. fars və müxtəlif işğallardan sonra türkün qədim abidələri məhv edilib, yalnız bir dənə “Kitabi Dədə Qorqud” abidəsi qalıb. Mahmud Kaşğari də “Kitabi lüğətit türk” əsərini ərsəyə gətirib. Abidələrimiz Drezden, Vatikan və dünyanın digər kitabxanalarında saxlanılır. Bizə qalan yalnız bu daşlardır, çünki onları apara bilməyiblər. Əgər imkanları olsaydı, həmin daşları da aparardılar. İndi F. Ağasıoğlu belə bir çətin vəziyyətdə bu sahənin araşdırılması kimi çətin vəzifəni öz üzrinə götürüb və ilk dəfə olaraq həmin daş abidələrin elmi şəkildə incələnməsi, təhlili, bütün mədəniyyətimizin kontekstində öyrənilməsi üçün addım atıb. Tarixşünaslığımızda yazılı mənbələri əsas götürürlər, həmin mənbələr də ərəb, fars, yunan, gürcü və erməni dilindədir və bizim  xeyrimizə deyil. Alternativ yolları isə tarixə aid etməyərək romantika adlandırırlar. Öz tariximizi araşdırmağa başlayan kimi yüzlərlə maneələr ortaya çıxır. Çünki bu gün də dünyanın hər yerində həm yazılı, həm də torpağın üzərində qalan mənbələrimizin məhvi prosesi davam etdirilir. İndi az sayda onların təbirincə romantik düşüncəli, ancaq millətin kökünü araşdıran alimlər var və onlardan biri də F. Ağasıoğludur”.

    F.Ağasıoğlu vurğuladı ki, kitab “Facebook” sosial şəbəkəsindəki dostları sayəsində dərc olunub: “Bildiyiniz kimi, qədim türk tarixinin izləri bəngüdaş üzərindəki yazılarda, qayaüstü rəsmlərdən göründüyü kimi, türkün daş yaddaşı da min illər boyu ayrı-ayrı bölgələrdə daşdan düzəltdiyi daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş heykəllərdə, fiqurlarda yaşamaqdadır. Bu kitabda həmin yaşantını əks etdirən sənədlərin izahı verilib. Ön Asiyada 5-6 min il öncə protürk boylarının etnoqrafiyasında yaranan daşbaba ənənəsi buradan türk boylarının köçü ilə Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılıb. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə olan daşbabalar qədim türk tarixi, etnoqrafiyası, mifologiyası baxımından önəmli sənədlər kimi sistemli şəkildə yeni türkoloji Urmi nəzəriyyəsi işığında araşdırılıb, nəticələr elmi-populyar üslubda verilib”.

    Onun sözlərinə görə, Türkiyədə daşbabanı balbal adlandırırlar: “Ancaq 30 ildir onlar bunların ikisinin də fərqli bir şey olduğunu başa sala bilmirəm. Balbal düşmənə deyirlər. Yəni balbal heykəli olan adamların sağlığında öldürdüyü və o dünya həmin şəxsə xidmət edəcək düşmənlərə qoyulmuş simvolik daşdır. Əslində daşbabaya balbal demək onu təhqir etmək deməkdir”.

    Professor bildirdi ki, hər bir xalqın yaddaşı olur: “Bu yaddaş onun mətbəx, geyim, təsərrüfat, mifoloji, kulturunda, mədəniyyətində, dilində, yas adətlərində, toy gələnəklərində olur. Ancaq bizdə sistemli şəkildə təbliğat aparılmadığı üçün xalqımızın tarixi bozbaş kimi bir-birinə qarışıb. Ümumiliyyətlə türkologiya elmi 50 ildir tıxaca girib və çıxa bilmir. Çünki nəzəriyyəni səhv qoyublar. Türkologiya elminin tarixi, dili, ədəbiyyatı, coğrafiyası türklərlə monqolların bir xalq olduğu anlayışı üzərində qurulub. Guya tüklərin iki min əvvəl monqollardan ayrılaraq köç etməyə başladığı bildirilir. Bu da Monqolustandan, Altaydan başqa harada türk varsa, onların gəlmə olduğunu göstərir. Yəni türklər atlarla digər ərazilərə getdilər, türklər yağmaçılardır, köçərilərdir və onların qədim mədəniyyəti ola bilməz. Bütün türk xalqlarının tarixində də onların həmin əraziyə gəlmə olduğu yazılıb. Bu nəzəriyyə Altay nəzəriyyəsidir və tariximiz, dilimiz də 200 ildir bu konsepsiya ilə işlənilir. Ancaq Altay nəzəriyyəsi daşbaba məsələsinə cavab verə bilmir. Çünki Daşbabanın burada tarixi 6 mindir, ancaq Altayda 1500 ildir. Yəni məntiqlə cavab verə bilmədiyi üçün Altay nəzəriyyəsi tamamilə səhvdir. Əgər türklərin yaşadığı ərazilərin Cənub-Şərqi Anadolu və Azərbaycan olduğu əsas götürülərsə, bütün suallara cavab tapılır. Söhbət yeni türkoloji Urmi nəzəriyyəsindən gedir. Bu kitab da həmin konsepsiyanın əsasında yazılıb”.

    F. Ağasıoğlu dedi ki, alimlər yüzillərdir daşbaba məsələsini araşdırırlar: “Bu məsələ ilə əsasən rus alimləri məşğul olurlar. Onlar da yalnız lokal şəkildə öyrəniblər və həmin daşbabaları biri-birilərinə bağlamayıblar. Məsələn, daşat gələnəyi 1000-1500 il əvvəl formalaşıbsa, ancaq daşqoç Şumer çağındandır, yəni 5000 il yaşı var. Daşbabaların üç cür duruşu var. Onlardən bəziləri əlləri yuxarıda dua edərcəsinə tutub. Bu cür daşbabalar Təbriz, Krım və Ukraynada tapılıb, sonuncunu üzərində yazı olduğundan artıq bütün dünya daşbabaların türk etnosuna məxsus gələnək olduğunu qəbul edib. Bəzilərində sağ əlində su qabı olan duruş forması var. Qabın içərisindəki həyat suyudur. Nəhayət üçüncüsü, ən klassik və geniş yayılmış duruş forması sağ əlində qədəh, sol əli xəncərinin üzərində olanıdır. Son dövrədək də bi ikeonoqrafik duruş forması dəyişməyib, sağa və sola, yəni Altay, Monqolustan, Ukrayna, Rusiya və Şimali Qafqaza da gedib. Hətta skiflər, saklar Avropanın ortalarınadək də aparıblar. Ancaq nadir duruş forması da var ki, əlində quş tutub. Bildiyiniz kimi, keçmişdə türklər ölənə uçdu deyirdilər. Yəni həmin quş onun ruhunun uçmasının simvoludur. Elə türk dilində cənnət uçmaq deməkdir. Ancaq bu duruş forması çox az yayılıb və cəmi 6-7 ədəd belə daşbaba şəkli tapmışam. Daşbabalardan ən qədimi Qobustanda, 3 nömrəli kurqanda tapılıb. Bundan başqa, Abşeronda (Dübəndi), Astarada (5 min il yaşı var, ancaq tarixçilərimizin xəbəri yoxdur, onu alman mütəxəssislər tədqiq etdiklərindən onların qaynaqlarından əldə etmişəm), Xiyovda, Təbrizdə, Hakkaridə və İrəvan yaxınlığında ən qədim daşbabalar tapılıb. Bu da həmin ərazilərin türk yurdu olduğunu göstərir. Ona görə də daş bəlgələrin çox böyük qiyməti var. Bu gələnək 1960-ci ilədək belə yaşayıb və Tuncelidə tapılıb. Qırğızıstanda, Toxmaq kəndində isə bu gələnək hələ də yaşayır və hörmətli adamların daşbabalarını qoyurlar. Yəni bu gələnək 5-6 min ildir davam edir. Bunu öyrənmədən türk etnosunun miqrasiyasını öyrənə bilməzsən”.

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Nurəddin Məmmədli vurğuladı ki, kitab bütün türk arealında bu səpkidə olan məsələlərin işıqlandırılması nəticəsində meydana gələn bir əsərdir: “Bu çox böyük əzab-əziyyət tələb edən bir işdir. Xalqın mədəniyyəti, onun kimliyi, soyu, yaşadığı areal və s. bilavasitə bu cür mədəniyyət nümunələri ilə müəyyən edilir. Bu gün dünyada türkün mənşəyi və yayılma arealı ilə bağlı çox ciddi mübahisəli mövzularından biri olduğunu nəzərə alsaq, bu mənada böyük iş görülüb”.

    Onun sözlərinə görə, Azərbaycanda, eləcə də Türk Dünyasında qoç heykəlləri Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində daha geniş yayılıb: “Mənim uşaqlığım demək olar qədim qəbiristanlıqdakı qoç heykəllərinin üzərində keçib. Həmin qəbiristanlıqda 40-dan çox qoç heykəli olub. 1950-ci illərin sonu 1960-cı illərin əvəllərində ermənilər həmin daşqoçların apara bildiklərini daşıdılar, qalanlarını da məhv etdilər.  Simens qardaşları “Qalakənd” adında fundamental bir kitab yazıblar. Həmin kitab Azərbaycan dilində çap edilib və orada 71 yerdə Kiçik Qaramurad kəndinin adı keçib, həmçinin daşqoçların hamısının şəkilləri var. Daşqoçların 50-yə yaxını Gəncədə tarixşünaslıq və diyarşünaslıq muzeyinə götürülüb və son 15-20-dək nümayiş edilirdi”.

    DAK İdarə Heyətinin üzvü, professor Vaqif Arzumanlı kitabı Türk Dünyasının, türkçülüyün türkologiyanın, Azərbaycan türklərinin tarixinin yenidən öyrənilməsinə bir dəvət kimi qəbul etdiyini bildirdi: “Təəssüflər olsun ki, bəzi istisnalar olmaqla bu işə diqqət yetirən yoxdur. Bəlkə də bunu bilərəkdən edirlər. Çünki biz həmişə fikirləşmişik ki, bizim tariximizi yazanlar yəhudilər, ruslar, ermənilər, yəni qeyri-türklər olub. Onlar da nəinki yuxarıdan gələn göstərişi nəzərə alıblar, hətta tariximizi öz istəklərinə uyğun yazıblar. Nəticə etibarilə bizim üçün saxta tarix yaaradıblar. Hətta son vaxtlaradək Osmanlı türklərinin Anadoluya gəlmə olduğunu iddia edənlər var. Ancaq 1960-cı illərin sonu 1970-ci illərin Oljas Süleymenov kimi kişilər bu mifi sındırdılar, hətta rus alimləri belə ona üstün gələ bilmədi. Artıq Altay nəzəriyyəsi çoxdan öz qüvvəsini itirib. Ona görə də türk dünyasının tarixini öyrənmək lazımdırsa, onda bu daş abidələrdən başlamaq lazımdır. Çünki daş abidələr türkün ən qədim tarixi, maddi-mədəniyyət abidəsidir”.

    Tədbirdə həmçinin Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, tanınmış publisist, tarixçi-alim Bəxtiyar Tuncay, fəlsəfə elmləri doktoru Yadigar Türkel, hüquqşünas Adil Minbaşı və başqaları daşbaba araşdırmaları ilə bağlı fikirlərini bildiriblər.

     

    VHP Mətbuat Xidməti

  • VHP sədri Milli Dirçəliş günü ilə bağlı Azərbaycan xalqını təbrik etdi

    17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.  Təbrikdə deyilir:

    «Əziz soydaşlarım!

    Bu gün xalqımız üçün olduqca əlamətdar bir gündür. 25 il bundan əvvəl – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu. 17 noyabr – bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işqalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımlarının daha da şiddətləndiyini bir daha ortaya qoydu. 60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində – poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüura təsir edən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illər ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı. Meydan hərəkatı – təsadüfən yaranmadı. Erməni işğalı bu mübarizənin açıq müstəviyə çıxmasında son damla idi və ona görə də milyonları əhatələyən Meydan Hərəkatı qısa müddətdə bütün SSRİ-ni silkələdi.

    Əziz soydaşlarım!

    17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi! 17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi. Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda sizlərə uğurlar arzulayıram”.

  • İstanbulda Güney Azərbaycan Forumu təşkil ediləcək

    Oktyabrın 27 də İstanbulda Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə “Güney Azərbaycanın Türk Dünyasındakı Yeri və önəmi” adlı konfrans keçriləcək. Kültür Evinin başqanı Hikmet Elp bildirib ki, onlar bu konfranın təşkili ilə heç bir ölkəni, heç bir qurumu hədəf seçməyiblər. “Tək məqsədimiz bəzi suallara aydınlıq gətirməkdir: O bölgədəki bəzi güclərin, kimliyindən aslı olmayaraq, yürütdükləri siyasətin qarşısında bizlər nə edə bilərik? Öz varlığımızı qorumaq üçün nə etməmiz lazımmdır?” deyə Hikmət bəy əlavə edib.

    Konfransda VHP sədri, Azərbaycan Millət Vəkili Sabir Rüstəmxanlının, prof. Dr. Nəsib Nəsiblinin, Arif Kəskinin, yazar Yasəmən Qaraqoyunlunun çıxış edəcəyi gözlənilir.