Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Mənə küçüklər hürür

    Sabir RÜSTƏMXANLI

    (Türk dilində “küçük” – kiçik mənasında işlədilir)

    Son vaxtlarda Prezident Administrasiyasına hansı deşiklərdən keçib gəldiyini hamının bildiyi, amma hansı keyfiyyətinə görə gətirildiyini heç kimin bilmədiyi və bilməyəcəyi bəzi məmurların başçılıq etdiyi saytlarda mənim haqqımda bir neçə təhqiramiz yazı yerləşdirilmişdir.

    Bu yazıların üslubu məni təəccübləndirmir. Hərə öz mühitinin, öz ailəsinin tərbiyəsi ilə, öz alışdığı dillə danışır. Nə görürlər, onu da götürürlər. Ağla qaranın sərhəddinin itdiyi, yaxşıyla pisin fərqinin bilinmədiyi, millətə üzqaralığı gətirməyin – millətə xidmətdən yüksək tutulduğu, oğurluğun, soyğunçuluğun, mənəviyyatsızğılığın, vətəndaşa saymazyana münasibətin adi hal aldığı bir mühitdən çıxanlardan başqa yazı tərzi, normal dialoq əxlaqı gözləmək sadəlövhlük olardı. Cins öz yerində durur. Nə qədər təlim keç, ağzını açan kimi “a… a” deyə anqıracaq.

    Bu yazıların müəllifi də məni təəccübləndirmir. Çünki belələrini kim “saxlayırsa”, ona qulluq edir; kimin üstünə qısqırdırlarsa, onun üstünə cumurlar.

    Məni hədəf seçmələri də başadüşüləndir. Bu, xüsusi bir layihədir: Gərək ölkədə abırlı adam qalmasın, hamını öz günlərinə salsınlar ki, rahat nəfəs alsınlar.

    Məni təəccübləndirən bu yazıların sifarişçiləridir. Daha doğrusu, həmin sifarişçilərin bu qədər ağılsız və cahil olmaları və belə tərbiyəsizliklə, qeyri-adekvat və dayaz təfəkkürlə, nəhayət, millətin onlara nifrətini bilə-bilə vəzifə kürsüsündə sakit oturmalarıdır.

    Sözü gedən saytlar ortaya heç bir dəlil-sübut qoymadan məni “xain, satqın, agent, yunan allahı kimi çoxüzlü” adlandırırlar. Yəni qanlarına işləmiş rus dilində onların mahiyyətinə aid, əsillərinə-nəsillərinə yaraşan nə qədər murdar söz varsa, əndərirlər mənim başıma.

    Yadıma Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimlinin ona böhtan atanlara cavabından bir cümlə düşür: “Üstümə dünyanın bütün çaylarını axıtsalar da, mən lil altda qalmaram”. Mən də belələrinin cavabını çoxdan vermişəm: “Taleyim Bakı küləyidir, mənə doğru tüpürmək istəyənlərin tüpürcəyini öz üzünə yaxır”.

    Bunlar inkubator cücəsi kimi bir-birinə bənzəyirlər; milli dövlətin məmuru, amma milli kimliyi və ruhu qısırlaşmış, dövlətin çörəyini yeyən, ancaq dövlət dilində danışa bilməyən, Azərbaycan varlığının böyüklüyündən qorxuya düşən, yarırus, yarıerməni, yarınurçu, yarısaqvalçı, yarı PKK-çı, amma üzə çıxmaqdan qorxan yariadamlar, zirzəmi siçovulları…

    Onlardan başqa mövqe də gözləmirəm. Böyükləri separatçılara dəstək verəndə mən milli birlik davasındaydım. Biz Azərbaycan türklüyünün böyüklüyündən danışanda, bunlar “nə türkbazlıqdır” deyə milləti təhqir edirlər. Gizli və açıq tapşırıqlar verirlər ki, mətbuatdan, kitablardan türk kəlmələri yığışdırılsın. Mən ömrümün ən gözəl illərini dövlət müstəqilliyi uğrunda mübarizəyə verəndə, onların böyükləri rusun ayaqqabısını yalaya-yalaya Moskvadan ayrılamaq istəmirdilər. İndi mənim adımı qəsdən Zori Balayanın adı ilə yanaşı çəkirlər. Çünki vaxtikən bunların mənəvi bənzəri olan Zori Balayanın sayıqlamalarını alt-üst edən kitab yazmışdım. Görünür, xalqın milli ruhunu oyatmaq istəyimizi hələ də həzm edə bilmirlər. Mən tarixin ən ağır faciəsini yaşayan millətimin bölünməsindən, departasiya olunmasından, soyqırıma məruz qalmasından danışanda, bunlar Azərbaycanı həmin bəlalara düçar eləyənlərə mədhiyyələr deyir, Güney Azərbaycan söhbətlərini unutdurmağa çalışırdılar. Mən milli mədəniyyətimizi, ana dilimizi təbliğ edəndə, bunlar Bakıda yenidən rus məktəblərinin sayını artırmağa çalışır, yetimləri ilə rusca qırıldaşır, mətbuatı, televiziyaları mənəvi dəyərlərimizə qarşı yönəldirlər.

    Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, İngiltərə, Özbəkistan, Çin – mənim kitablarımın ildən-ilə genişlənir və hər yerdə böyük Azərbaycan ruhunu təmsil edir. Çıxışlarımın, görüşlərimin beş qitəni əhatə edən coğrafiyasını da bura əlavə etsəm, görünər ki, bunlar kimi özgə üçün yazmağa və ya özgə soyadı altında gizlənməyə ehtiyacım yoxdur.

    Bunların “yaradıcılığı” isə iylənmiş saytlarıdır və orda millətin ləyaqətli adamlarına böhtan atmaqdan başqa işləri yoxdur. Bunlar öz böyüklərinə yazdıqları yaltaqlıq serialları ilə, bir şairin dediyi kimi, “yaltaqlığı da hörmətdən salıblar”.

    Bunlara qalsa, Azərbaycanda türk sözünü, millət, ləyaqət, ədalət, haqq sözünü dilinə alan adam qalmamalıdır, hamı qoyun sürüsünə dönüb bunların ardınca getməlidir. Anlamırlar ki, bu millətin özü müəyyən şərtləri nəzərə alıb susar, amma onu zorla susdurmaq olmaz. Bu millətin gəncliyi tərbiyəsinə qısılıb gözləyər, ancaq tərbiyəsiz gənc məmurun antimilli sifəti üzə çıxanda, dünyanı ayağının altına alar.

    Bu tipli yazıları sifariş verənlər o qədər harınlaşıb və cəzasız qalacaqlarına o qədər arxayındırlar ki, dediklərinin əvəzində nə eşidə biləcəklərini düşünmür, ayıblarına qısılıb oturmaqdansa, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Hətta bu istiqamətdə öz əxlaq tərzlərinə uyğun bir “yol” da göstərirlər: Yazdıqları kimi, “Əkrəm Əylisli yolu”. Yəni kim millət vəkili seçilməyəcəksə, millətin düşməni olacaq və ya bunlar qova-qova bütün mərdləri namərd edəcəklər.

    Başa düşmürlər ki, bizlər əlimizə qələm alandan bu millətin vəkili olmuşuq və milli təəssübkeşliyi, dövlət marağını vəzifəyə, Məclisdə olub-olmamağımıza dəyişən adamlardan deyilik. Bunların təsəvvüründə mənim son iyirmi beş ildə üzdə olmağım, millət vəkili seçilməyim, kitablarımı yazaraq, cəmiyyətdə mövqeyimi saxlayaraq, ən müxtəlif mühitlərdə sözümü deməyim çoxüzlülükdür. Niyə gəlib-gedən dəstələrin arasında, hakimiyyət uğrunda savaşlarda məhv olmamış, sıradan çıxmamışam. Onları əsəbləşdirən göz önündə olan və hər gün yeni səhifəsi açılan cinayətlərinə bizim şərik olmamağımızdır. Bu adamlar cəmiyyəti davamlı olaraq gah o qütbə, gah bu qütbə dartmaqdan başqa, xalqı iki yerə bölüb üz-üzə qoymaqdan başqa yol bilmirlər. Müxalifətdəsənsə, iqtidarla “salam-əleyk”i kəsməlisən və ya tərsinə. Ölkədəki gedişatı dünya siyasəti fonunda səbrlə təhlil edib, yeni problemlər yarada bilən artıq münaqişələrədən yayınaraq, iqtidar-müxalifət münasibətlərini düşmənçiliyə çevirmədən yaşamaq istəyimiz onlara sərf etmir. Bizi də özlərinə qoşmaq istəyirlər ki, xalqın qarşısına çıxmağa üzümüz olmasın.

    Bir müddət bundan əvvəl bəzi hərbi hissələrdə ideoloji işin zəifliyini, komandirlərin yerində olmamasını, texnikanın köhnəliyini tənqid edəndə bir YAP-çı deputat, “Sənin kimə işlədiyini bilirik”, – deyə bu sayt yazarları kimi mənə az qala vətən xaini damğasını vurmuşdu. İndi ordunun içi açılır və xalq malının qorxusuz bir şəkildə talan edilməsi ortaya çıxır. Bu dəfə mən soruşuram: kimdi erməniyə işləyən? Bu cinayətləri eləyənlər, yoxsa vaxtında qulağınıza qışqırıb sizi ayıltmaq, bu rəzalətin durdurulmasını istəyənlər? Bu ağılla siz Ali Baş Komandana və ya Prezidentə hansı sədaqətinizdən danışa bilərsiniz?

    Sayt sifarişçilərindən də eyni şeyi soruşmaq istəyirəm. İyirmi beş ildir mənim bir mövqeyim var, o xalqın mənafeyinin qorunmasıdır, haqqdır, ədalətdir, vətəndaş həmrəyliyidir.

    Əgər son illər hadislərə daha səbrlə, daha sakit yanaşıramsa, bu, mənim müxalifətçi mövqeyimin dəyişməsi və ya sarsılması demək deyil; daxili inamımla bağlı bir məsələdir. Məncə, İlham Əliyevin prezident seçilməsi on il öncə ölkəni növbəti bir riskə atmağın qarşısını aldı. Reallıq, taleyimiz, müharibə, bizə olan xarici təzyiqlər hadisələrə dözümlü, anlaşıqlı münasibət tələb edirdi. Biz də bu yolu tutduq. Kəmfürsətlik, hər səhvi böyüdüb ancaq birinci şəxsin üstünə yıxmaq düz olmaz. İqtidarlı-müxalifətli hamımız bir xalqın övladıyıq və tarixin çətin bir dövrünü yaşayırıq, vətəndaş olaraq hamımızın müəyyən məsuliyyətimiz var. Bundan əlavə, mən Milli Məclisdə İlham Əliyevin bir çox müsbət keyfiyyətlərini də görmüşəm və insan kimi ona hörmətim var. Bunu kim hara yozursa, yozsun. Həmin o sayt yazarı məcbur etməsə, bu barədə heç nə yazmazdım. Mənim hakimiyyətə münasibətimin mahiyyətində məhz belə bir insani yanaşma və konstuktiv müxalifətçilik dayanır. Başqa onlarla heç bir sazişim və öhdəliyim yoxdur ki, ində də partiyanın bir gənc üzvünün çıxışına görə məni xəyanətdə ittiham etsinlər.

    Vətədanş Həmrəyliyi Partiyasının bir neçə üzvünün İctimai Palata ilə birgə Milli Şuraya gəlməsini sayt sifarişçisi oyunbazlıq hesab edir. Məgər hakim partiya bu qədər imkanlı ola-ola, bütün üzvlərini xoşbəxtliyə qovuşdurub və ya bütün YAP-çılar partiyanın fəaliyyətindən razıdır? Ac qarınla birlik, həmrəylik olmur! VHP-nin minlərlə işsiz, imkansız, həyatda yerini tapa bilməyən üzvü var. Onların səsini boğmaq yox, həyatlarını qurmağa yardım etmək lazımdır. Partiya çoxlu insanın bir araya gəlməsidir və orda fərqli fikirlərin olması təbiidir. Bizim seçkilərə münasibətimiz məntəqə, dairə və MSK-dakı nümayəndələrimiz tərəfindən rəsmiləşdirilib. Lakin məhz bu sayt sifarişçilərinin prezidentə “ayı xidməti” seçkilərlə bağlı beynəlxalq təşkilatlarda çoxlu suallar yaratdı və ölkəni bəzi problemlərlə üz-üzə qoydu. Biz ümumi vəziyyəti nəzərə alıb güzəştə getdiyimiz halda, qazanc ehtirasları, qeyri-peşəkarlıqları, vətəndaşa hörmətsizlikləri, özlərini qanunlarımızdan yuxarı tutmaları, dünyada gedən proseslərdən bixəbərlikləri ilə bir çox məmurlar ölkə üçün yeni-yeni problemlər yaratmaqla məşğuldurlar… Xəyanət və agentlik budur!

    Sayt sifarişçiləri öz aləmlərində mənim gələcək yerimi də müəyyənləşdiriblər: “tarixin zibilxanası…” Hesab edirlər ki, tarix də onların monopoliyasındadır. Nəzərə almırlar ki, məhz onların sayəsində xalqın bir hissəsi Azərbaycanda və Rusiyada zibilxanalarda eşələnməyə məcburdur. İmkan olsa, Azərbaycanın böyük türk ruhunu, iradəsini, mübarizə gücünü, ziyalılarımızı, az-çox haqq söz deyən millət vəkillərini də o günə qoyarlar. Qoy, hamı getsin, “ev qalsın əyriyə: həm yeyə, həm səyriyə”.

    Mən gələcəyimdən narahat deyiləm. Millət beş dəfə məni öz vəkili seçib. Bu, Azərbaycan tarixinin parlaq səhifəsində yaşayacaq hadisədir, həyatım başa çatanda da yerimi yenə millət müəyynləşdirəcək, hansısa saytın hansısa yazarı və sifarişçisi yox! Amma vay dövlət idarlərində işləyə-işləyə canlı zibilə çevrilənlərin hayına, çünki onları tarixin zibilxanası da qəbul etməyəcək.

     

    ***

     

    Adətən mən belə hədyanlara cavab vermirəm, vaxtıma və sözümə heyfim gəlir. Ancaq cavab verilmədikcə, bunların dişlərində şirə qalır. Bir müddət öncə həmin saytda, yenə eyni imzayla mənim və qardaşlarım haqqında başqa bir yazı da verilmişdi. Tənqid yox, şərəfsiz bir böhtan üçün bütünlükdə bizim ailəni hədəf seçən birisi antik miflərə müraciətlə, əslində, böyüklüyümüzü etiraf edir, keçmişdən və gələcəkdən xəbər verən və dünyanın gəlişini-gedişini bilən qədim Roma allahları ilə məni yanaşı qoyur. Mifləri nə qədər təhrif eləsə, öz aləmində nə qədər təhqiramiz söz axtarsa da, qüdrətli Yanusla qarşılaşdırmanın məntiqi belədir.

    Partiya sədrliyi, deputatlıq, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və Azərbaycan Dil Qurumunun başqanı olmaq da “vəzifə kreslosu” tutmaq deyil, seçimdir. Nazir vəzifəsi deyil ki, istefa verib getdim.

    Müəllifin tənqid arqumentlərinin gülünclüyünü göstərən cəhətlərdən biri də Azərbaycan milli futbol komandasının bir oyunu haqqında nə vaxtsa dediyim sözdür. Mən milli komandanı heç vaxt “qoyun sürüsü” adlandırmamışam. Yalnız bir oyun haqqında “qoyun kimi yata-yata oynayırdılar” demişəm. Sayt sahibləri bu ifadələrin fərqini öyrənə bilərlər. Necə ki, məsələn, “bu müəllif məsələlərə kütbeyin və ya uzunqulaq kimi baxır” – demək, “o, kütbeyin və uzunqulaqdır” ifadəsi ilə eyniləşdirilə bilməz. İkincini demək təhqir olardı, birinci isə yalnız bənzətmədir.

    Yazılanları oxuyanda bəlli olur ki, bu yazıqların ümumiyyətlə dünyadan xəbərləri yoxdur və ya özlərini dünyadan xəbərsiz kimi göstərib, kimlərisə aldatmağa çalışırlarlar. “Qanun” nəşriyyatı 20 ildən artıqdır ki, bu ölkənin qanunlarını təbliğ edir. Kitab nəşri isə zülümdür, zillətdir və “bolşoy daxod” gətirmir. Özəl bir mətbənin işinə burun soxub, onun gəlirlərini ölçməkdənsə, dövlətin cibinə girib qazandıqları mal-mülkün hesabını versələr, daha yaxşı olar.

    Haqqında söhbət gedən qardaşlarım hüquqşünasdırlar, mətbuatda çoxdan çıxış edirlər. Ziddiyyətli, bəlkə bir-birini inkar edən yazıları da ola bilər və var. Lakin hər hansı bir yazıya görə bütöv bir ailəni hədəf seçənlər gərək öz ailə şəbəkələrinin halını düşünsünlər və müqayisə aparsınlar.

    Son olaraq bir daha miflər haqqında… Qədim Maya mifologiyasında pəncərə əfsanəsı var. Allahlar cəzalandırdıqları insanları bu pəncərənin qarşısında dayanmağa və dünyaya bu pəncərədən baxmağa məhkum edirdilər. Pəncərənin xasiyyəti də bundan ibarətdir ki, ordan hətta cənnətə də baxsalar, yalnız pislik görürlər və tədricən o pısliyə çevrilirlər. Bu pəncərə bütün gözəlliklərin şəklini dəyişir.

    İndi də Allah bəzi adamları dünyaya belə bir pəncərədən baxmaqla cəzalandırır. İstəyir dövlət idarələrinin pəncərəsindən baxsınlar, istəyir onların karyerasında rolu olan başqa yerlərdən…

  • Rafiq Manaflı: “İctimai Palata buraxılmalıdır”

    “Milli Şura fəaliyyətini davam etdirirsə, İctimai Palatanın fəaliyyətinə ehtiyac qalmır”.

    Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib.

     

    Onun sözlərinə görə, Milli Şura seçkilərlə bağlı yaradılmış qurum olsa da, qarşısında dayanan məqsədlərə çatmadığı üçün fəaliyyətini davam etdirməlidir: “Mən ümumiyyətlə Milli Şura yarandıqdan sonra İctimai Palatanın fəaliyyətinin dayandırılmasının tərəfdarı olmuşam. Çünki İctimai Palatada olanların böyük əksəriyyəti Milli Şurada təmsil olunur. Bu baxımdan hazırkı şəraitdə İctimai Palatanın fəaliyyətinə ehtiyac yoxdur”.

     

    İP KŞ üzvü əlavə edib ki, bu məsələ sabah Koordinasiya Şurasının iclasında və oktyabrın 24-də isə Milli Şuranın sessiyasında müzakirəyə çıxarılacaq. 

  • Bakının işğaldan azad olunmasından 95 il ötür

    1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.
     
    Bununla da, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
     
    Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Belə ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi – Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyi təsəvvür oluna bilməzdi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.
     
    Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qarşısına qoyulan missiyanı uğurla başa çatdırmaqla Bakını işğalçılardan təmizlədi və Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi.
     
    Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.
     
    Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldu.
     
    1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
     
    Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
  • Türkiyə konsulu VHP-nin Naxçıvan təşkilatı ilə görüşdü

    Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Cenk Unal Vətəndaş Həmrəyliyi Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Fərid Əsgərli ilə görüşüb.

    VHP-nin Naxçıvan MR Təşkilatının məlumatına görə, görüş qarşı tərəfin istəyi ilə baş tutub. Görüşdə  vətəndaş həmrəyliyi ideologiyası, partiyanın strukturları, siyasi mövqeyi barədə müzakirə aparılıb.

    Cenk Unal VHP-nin yerli təşkilatı ilə əməkdaşlıq qurmaq və tədbirlərdə iştirak arzusunu da dilə gətirib.

    Fərid Əsgərli VHP-nin fəaliyyəti və  Türkiyə Cümhuriyyətinin siyasi partiyaları və qeyri-hökumət təşkilatları ilə geniş  əlaqələri barədə konsula məlumat verib.

    VHP Mətbuat Xidməti

  • VHP-çi elmlər doktoru oldu

    Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP)  Ağsaqqallar Şurasının sədri, istedalı alim, zəhmətkeş araşdırmaçı Sabir Həsənov uzun müddətdən bəri üzərində çalışdığı elmi işi yekunlaşdırmış və bu günlərdə doktorluq dərəcəsini uğurla müdafiə etmişdir. Yeri gəlmişkən qeyd edək ki, S.Həsənovun bu gündək 20-dən çox elmi məqaləsi və bir neçə kitabı işıq üzü görmüşdür. Onun elmi axtarışları, səmərəli təklifləri praktikada öz yerini tapmış və istehsalatda uğurla tətbiq edilmiuşdir.

    Sabir Həsənov həm də gənc alimlər nəslinin yetişdirilməsində fəal iştirak edir. Onun rəhbərliyi altında çalışan gənclərin əksəriyyəti elmdə uğurlu addımlar atmaqdadır. Bütün partiyadaşlarımız adından sevimli həmkarımızı, zəhmətkeş alimimizi təbrik edir, elmi işində, siyasi fəaliyyətində və şəxsi həyatında ona daha böyük uğurlar arzulayırıq.

    Qeyd edək ki, Sabir Tehranxan oğlu Həsənov VHP-nin qurucularından biridir. 1992-ci ildə VHP-nin Binəqədr rayon təşkilatının sədri olub. Hazırda isə VHP Ağsaqqallar Şurasının sədri və partiya Ali Məclisinin üzvü kimi fəaliyyət göstərir.

  • Azərbaycan ciddi siyasi dəyişiklik ərəfəsində

    Ibrahim  Quliyev
    VHP-nin İdeologiya Şöbəsinin müdiri

    Milli Şuranın vahid namizədi ümidsizlik sindromunu dağıtdı

    Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra ölkə ictimaiyyətində  yaranan siyasi durğunluq yavaş –yavaş öz yerini aktiv ictimai-siyasi münasibətlərə verməkdədir. Açıq etiraf edək ki, həmin səfərdən sonra hətta peşəkar siyasi dairələrdə də bir inamsızlıq və etimadsızlıq müşahidə olunurdu. Xüsusən, Milli Şuranın sabiq namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından xilas ola bilməməsi, əvəzində Rusiya XİN-in nümayəndəsinin məşhur kinossenaristin ikili vətəndaşlığına son qoyulması prosesinin 2014-cü ilə qədər uzanacağını bildirməsi, “Milyarderlər İttifaqı”nın gurultusunun əvvəlki tempdə eşidilməməsi cəmiyyətdəki pessimist əhvali-ruhiyyəni gücləndirməklə bərabər, ölkə insanlarını talelərilə barışmağa sövq edirdi. Hətta müxalifət haqqında “problemli adamın qəsdən ortaya atılması”, “düşünülmüş qaydada seçkiləri poizmağa xidmət edən addımlar atılması”, “hakimiyyətlə gizli sövdələşmələrə gedilməsi” və s. tipli ittihamların irəli srülməsinə rəvac yaranmışdı. Lakin Milli Şuranın son anda düzgün və qətiyyətli qərar verməsi – Azərbaycanın tanınmış ziyalısı, cümhuriyyət dövrü tariximizin ən istedadlı araşdırıcısı, cəsarətli alim və siyasətçi Cəmil Həsənlini  vahid namizəd kimi irəli sürməsi cəmiyyətdəki bütün çaşqınlığa son qoydu.

    Təbii ki, Azərbaycan müxalifətinin bir araya gəlməsində,Milli Şuranın formalaşmasında və belə bir düzgün qərar qəbul etməsində ağsaqqal azərbaycanlının, dünyaca məşhur rejissor Rüstəm İbrahimbəyovun böyük zəhmətini danmaq olmaz. Biz seçkidə hansı nəticəni əldə etməyimizdən asılı olmayaraq, Azərbaycanın geniş müxalif cəbhəsində birlik və monolitliyin formalaşmasına görə əbədi olaraq Rüstəm müəllimə minnətdar olmalıyıq. Amma bir həqiqət də var ki, Rüstəm müəllimin beynəlxalq əlaqələrinin nə qədər geniş və hərtərəfli olmasından asılı olmayaraq, bu böyük ziyalı beynəlxalq aləmin diqqətini seçki öncəsində  Milli Şuraya və bütövlükdə müxalifətə cəlb edə bilməmişdi.  Bunun səbəblərini isə uzaqlarda deyil, böyük kinorejissorun Rusiya ilə ilişkilərində axtarmaq lazım idi. Açığını desək, Rusiyada vətəndaşlıq hüququ qazanmış Rüstəm müəllimə Qərb etibar etmədiyi və bir qədər ehtiyatla yanaşdığı üçün seçkilərin nəticələri də ona bir o qədər maraqlı görünmürdü. Onların təsəvvüründə ikinci Rusiyaya bağlı adamın hakimiyyətə gətirilməsi üçün çalışmaq bihudə yerə zəhmət çəkmək idi. Ancaq Putinin Bakı səfəri və bu səfərin bir sıra kartların açılmasına şərait yaratması, üstəlik, bu səfərdən sonra İlham Əliyevə problem yaratmamaq məqsədi ilə Rüstəm müəllimin ikili vətəndaşlığı ilə bağlı problem   Rusiyanın heç özü də istəmədiyi  bir halda Azərbaycandakı siyasi proseslərə yeni impuls verdi. Əgər Azərbaycan hakimiyyətinin ideoloqları Rusiyanın dövlət başçısının Azərbaycan səfərinin belə bir əks-reaksiya verəcəyini əvvəlcədən hesablasaydılar, buna öncədən razılıq verməzdilər.  Bunu hakimiyyət indi-indi başa düşməyə başlayıb. Cəmil Həsənlinin sənədlərinin MSK-ya təqdim olunmasından dərhal sonra İlham Əliyevin hərbi qulluqçuların maaşlarının, müharibə əlillərinin və şəhid ailələrinin təqaüdlərinin artırılmasına göstəriş verməsi vəbütövlükdə dövlət sektorunda çalışanların maaşlarının 10 faiz yüksəldilməsi  barədə sərəncam imzalaması məhz hakimiyyətin şok keçirməsi ilə bağlıdır. Biz bu yerdə qətiyyətlə deyə bilərik ki, bu maaş artımına sərəncam verilməsi Milli Şuranın xidmətləri sırasında sayılmalıdır. Vəziyyət gərginləşdikcə hakimiyyətdən daha çox belə addımlar gələcək.  Amma bir şeyi də nəzərə almaq lazımdır ki, İlham Əliyev dövlət büdcəsindən maaş və təqaüdlərin artırılması üçün vəsait ayrılmasını öz adı ilə bağlayır, əslində, dünyanın heç bir yerində bu tipli addımlar prezidentə bağlanmır. Dövlət onun üçündür ki, yol çəksin, körpü salsın, əhalinin maddi durumunun yaxşılaşdırılmasının qayğısıa qalsın. Azərbaycanda isə belə bir situasiya yaranıb ki, sanki bu işlərin hamısını prezident təkbaşına yerinəyetirir. Eləysə, bu boyda məmurlar ordusuna nə ehtiyac.

    Bu gün hakimiyyət təşviş içindədir və bu hakimiyyətin maliyyə oliqarxları təbii ki, dünənində və bu günündə ləkə tapıb “Lider” kanalında məzhəkə obyektinə çevirə bilməyəcəkləri  Cəmil Həsənlini fiziki cəzaya məruz qoymağa çalışacaqlar. Artıq belə bir addim atılıb da. Professor evinə gələrkən yuxarı mərtəbədən üstünə tərkibi məlum olmayan maddə atılıb.  Amma bir həqiqət də var ki, bundan sonra hakimiyyətin istənilən addımı müxalifətin xeyrinə olacaq. Çünki qəzəb daha böyük səhvlərə yol açır.

    London bütövlükdə Qərb deməkdir

    Qərb bu günə qədər Azərbaycandakı seçki proseslərinə nə qədər laqeyd yanaşırdısa, Milli Şuranın Cəmil müəllimin simasında yeni  vahid namizədinin müdafiəsində bir o qədər fəal görünür. Əslində, Qərbi Azərbaycan hakimiyyətininbu günəqədərki məntiqsiz manevrləri bezdirib.  Bir gün İranla düşmən mövqeyində dayanıb, sabah İranın qoltuğuna girmək, yaxud əvvəl Rusiya prezidenti haqqında ağlagəlməz ifadələr işlədib, sonra onun Azərbayacana bir-iki günlük səfəri üçün 30-40 milyard xərcləmək  ölkənin xarici siyasətinin əhvali-ruhiyyə üzərində qurulduğunu göstərir.  Bütün dünyanın gözü qarşısında zor-güc Putini Azərbaycana dəvət etmək və ictimaiyyətə bəlli olan müqavilələrə qol çəkmək Qərbin Qafqazda strateji planlarının reallaşmasının qarşısına sədd çəkir. Buna görə də ABŞ və Norveç səfirlərinin Milli Şuranın vahid namizədi ilə təcili görüşməsi, üstündən Milli Şuranın bir sıra rəhbərliyi ilə birgə Cəmil Həsənlini təcili Londona çağırması yeni namizədin simasında Qərbin hədəfə düşdüyünü təsdiqləyir. Cəmil Həsənlinin 20 illik Azərbaycan başçılarından fərqli olaraq, Rusiya ilə hər hansı gizli əlaqələrinin ola bilməsi mümkünsüzdür. Qərb bunu çox yaxşı başa düşür və onu da bilir ki, C.Həsənli seçiləcəyi təqdirdə Rusiya Azərbaycana öz vassalı kimi baxa bilməyəcək.  Amma buradaca onu da qeyd edək ki, Rusiyanın Azərbaycana təsir imkanları da azlmaqdadır. Çünki bu təsirlər indiyədək  ancaq yuxarılardan olub, aşağıdan, yəni xalqın içərisində bu ilişkiləri formalaşdıra bilməyib.  Demək hal-hazırda Rusiyanın Azərbaycandaki proseslərə təsir etmək imkanı da sıfıra bərabərdir. Üstəlik, Milli Şuranın vahid namizədlə bu seçkilərə qatılması Azərbaycanda xalq və xarici qüvvə tandemini üz-üzə gətirib. Təbii ki, Qərbin Yaxın Şərq projesində də bu faktor önəmli yer tutur. Bu mənada London görüşləri bir çox məsələləri tam açıqlığı ilə ortaya qoyacaq. Həm də bu görüşlərə bir ölkənin, yəni Ingəltərənin Azərbaycandakı seçkilərə münasibəti kimi yox, bütövlükdə Qərbin münasibəti kimi baxmalıyıq. 

  • Azərbaycanda Milli Mətbuat günüdür

    Bu gün Milli Mətbuat günüdür. Hələ 138 il əvvəl, 1875-ci il iyulun 22-də mətbuatımızın banisi Həsən bəy Zərdabinin çətinliklə nəşrinə icazə aldığı “Əkinçi” qəzetinin ilk sayı işıq üzü görüb. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzeti öz ətrafında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər qabaqcıl fikirli, demokratik əqidəli maarifçiləri toplamışdı. 
    Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. H.Zərdabi 1906-cı ildə “Həyat” qəzetində çap etdirdiyi “Rusiyada əvvəlinci türk qəzeti” adlı məqaləsində yazmışdı: “Hər kəsi çağırıram – gəlməyir, göstərirəm – görməyir, deyirəm – qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin”. 
    Qəzetin səhifələrində yeni tipli bədii ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana və digər aktual mövzularda yazılara geniş yer verilmişdi. Xalqın mədəni səviyyəsini yüksəltmək, onu maarifləndirmək, asudə vaxtın səmərəli təşkili ilə bağlı “Əkinçi” konkret təklif və tövsiyələr verib.
    “Əkinçi” qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. Həsən bəy azərbaycanlı qadınların cəmiyyətdə, ailədə öz yerlərini bilmələri üçün onların oxumasını, maariflənməsini, elmə, mədəniyyətə yiyələnməsini tövsiyə edib.
    Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulmuşdur. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub. 
    Qısa ömür sürməsinə baxmayaraq, “Əkinçi” qəzeti milli mətbuatımızın formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. “Əkinçi”nin ideyalarını daha kəsərli, daha qabarıq şəkildə təbliğ edən, məzmunu və qayəsi etibarilə onunla səsləşən “Molla Nəsrəddin” jurnalı meydana çıxıb.
    XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar. 
    Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb. 
    Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.

    Musavat.com

  • Mahmudəli Çöhrəqanlının TURAN Agentliyinə müsahibəsi (Video)

    Güney Azərbaycan Türklərinin lideri, GAMOH başqanı və DAK-ın Məclis sədri Mahmudəli Çöhrəqanlının “Turan” informasiya agentliyinə müsahibəsi.

  • Əlövsət Əliyev: “Rusiyada baş verənləri dövlət siyasəti saymaq olmaz”

    Son günlər Rusiyada miqrantlarla bağlı vəziyyət yenidən gərginləşib. Belə ki, şimal qonşumuzda miqrantlara qarşı keçirilən reydlərdə minlərlə saxlanılanlar arasında 200-ə qədər azərbaycanlının da olduğu deyilir. Hazırda Moskva ətrafında miqrantlar üçün çadır düşərgələri yaradılıb. Rusiya mətbuatının yaydığı məlumatlara görə, saxlanılan bir neçə azərbaycanlı deportasiya da olunub.
    Azərbaycanda müəyyən siyasi dairələrdə Rusiyada baş verənlərin Azərbaycanda keçiriləcək prezident seçkilərində də təsir edəcəyi, eyni zamanda bunun bir növ Kremlin təsir mexanizmi olduğu deyilir. Yəni bununla rəsmi Moskva Bakıya təsirini gücləndirir.
    Diaspordakı mənbələrdən publika.az-a daxil olan məlumata görə, düşərgələrdə 200-ə qədər azərbcanlının olması şişirdilmiş rəqəmdir: “Moskva ətrafı qurulan çadır düşərgələrində azərbaycanlılar var, bu, düzdür. 
    Düşərgələrin qapıları önündə azərbaycanlıların öz qohumlarının gözləməsi də bunu təsdiqləyir. Onlar mətbuatdan, televiziyalardan gizlənməyə çalışırlar, lakin bu onu göstərir ki, saxlanılanlar arasında azərbaycanlılar var. Amma 200 rəqəmi şişirdilib”.
    Mənbə bildirib ki, çadır düşərgələrində saxlanılanların əksəriyyəti vyetnamlılardır. Onun sözlərinə görə, Moskvanın arxa rayonlarında çoxlu sayda sexlər fəaliyyət göstərir ki, orada çalışanlar, adətən, elə həmin sexlərdə də yaşayırlar: “Qeyri-leqal şəraitdə fəaliyyət göstərən həmin sexlərdən bəziləri hətta illərlə çıxmırlar. Azərbaycanlılar isə əsasən bazarlarda fəaliyyət göstərir və əksəriyyəti Rusiya vətəndaşıdır. Çünki artıq vətəndaşlığı olmayanların bazarlarda çalışması çətindir. Saxlanılanlar isə Orta Asiya, Vyetnam, Çindəndir. Suriyadan olanlar da var. Hətta Türkiyənin Şərq vilayətlərindən olan tikinti şirkətlərinin işçiləri də var”.
    Mənbənin məlumatına görə, azərbaycanlıların sayı 200-ə qədər olmasa da, hər düşərgədə 2, yaxud 3-ə qədər soydaşımız var. Onun sözlərinə görə, Azərbaycanda bəzi müxalif qüvvələr bunu birbaşa Azərbaycana qarşı təzyiq kimi qələmə verir, bunun seçki ərəfəsi sosial partlayışa səbəb olacağını deyir: “Lakin bu, bütün MDB-dən olan miqrantlara qarşı keçirilən reydlərdir. Düşərgələrdə isə azərbaycanlılar 7-ci, 8-ci siyahıda dayanırlar. Moskva federal miqrasiya xidmətinin reydlərinə azərbaycanlılar düşür. Demək olar ki, hər reyddə bir, yaxud iki azərbaycanlı saxlanılır. Lakin onlar birbaşa qanun pozuntusuna, yaxud ciddi qeyri-qanuni fəaliyyətə görə saxlanılmır. Bizim azərbaycanlıların rus dilini bilmə qabiliyyəti Orta Asiya, Vyetnam, yaxud digərlərindən olanlarla müqayisədə qat-qat yaxşıdır. Azərbaycanlıların 99 faizi da təhsillidir və onlar öz hüquqlarını çox yaxşı bilirlər. sadəcə olaraq, azərbaycanlıları digərləri ilə müqayisə etmək gülməlidir”.
    Mənbə qeyd edib ki, miqrantlarla bağlı son vaxtlar baş verənlər və deportasiyalar təkcə Azərbaycanı deyil, bütün MDB ölkələrini əhatə edir. Yəni. digər MDB ölkələrinin vətəndaşları da Rusiyadan deportasiyaya məruz qalırlar. O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Federal Miqrasiya Xidmətinin qarşısına ölkə ərazisində qanundankənar yaşayan və işləyən şəxslər ölkədən çıxarılması ilə bağlı vəzifə qoyub: “Çünki Rusiyada seçkiqabağı orta statistik ruslarla miqrantlar fərqlənməlidir. Lakin Rusiyada miqrantlara “bu tacikdir”, “bu ermənidir”, “bu özbək, yaxud azərbaycanlıdır” deyə yanaşmırlar. Burada populyar kütlələr var. Bazarlarda əsasən azərbaycanlılar, yol-tikinti işlərində ermənilər, yerdə qalan qara işlərdə isə taciklər çalışırlar. Rusiya KİV-i bunu cəmiyyətin beynində bu cür kristallaşdırıb. Bu gün Moskva əhalisinin hamısı deyil, yalnız 50-60 faizi miqrantlara mənfi münasibət bəsləyirlər”.
    Mövzu ilə bağlı söhbətləşdiyimiz VHP Siyasi Şurasının üzvü və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, bu, Rusiya dövlət başçısının göstərişi ilə həyata keçirilən tədbirlərdir. 
    Onun sözlərinə görə, Rusiyanın dövlət başçısı göstəriş verib ki, kənd təsərrüfatı məhsullarının satıldığı bazarlarda göstərilən qanunsuz göstərilən fəaliyyətlərə son qoyulsun: “Amma təəssüf ki, bir qrup millətçi şəxslər bunu etnik mənşəyinə görə qeyri-rus olan şəsxlərə qarşı yönəldiblər və bütün bazarlarda qeyri-rusların sıxışdırılmasına, kütləvi surətdə təmizləməyə başlayıblar. Orta hesabla 200 nəfərədək azərbaycanlı da saxlanılıb və onların Rusiyadan deportasiya ediləcəkləri gözlənilir. Təəssüf ki, zərərçəkən qruplar içərisində daha çox zərər çəkənlər azərbaycanlılardır. Onlar üzərində yoxlamalar aparılıb, demək olar ki, hamısı milis idarələrinə aparılıb. Güman edirəm ki, bu, Rusiyadan azərbaycanlıların kütləvi qayıdışına, yəni azərbaycanlıların Rusiyanı tərk etməsi problemli hallara gətirib çıxarmayacaq. Yəni geri qayıtmaq halları diqqəti cəlb edəcək səviyyədə olmayacaq”.
    Müsahibimiz qeyd edib ki, Rusiya millətçiləri bununla daim qeyri-rusları, o cümlədən azərbaycanlıları daim təzyiq altında saxlamağa çalışırlar: “Çox təəssüf ki, millətçilərin qeyri-qanuni hərəkətlərinə Rusiyanın hüquq-mühafizə orqanları da göz yumur, yaxud da buna şərait yaradırlar. Yəni bu, Rusiyanın həyata keçirdiyi siyasətdir. 
    Onlar istəyirlər ki, Rusiya milli azlıqlardan təmizlənmiş durumda olsun, Rusiyada yalnız ruslar yaşasın. Digər tərəfdən, ruslar bununla Rusiyada yaşayan milli azlıqları daim nəzarətdə saxlamağa cəhd göstərirlər. Ruslar bu cür hərəkətlər etməklə, hadisələr törətməklə və dövlət orqanları onların əməllərinə göz yummaqla öz şovinist mövqelərini qoruyub saxlayırlar. Hətta qanunverici və icraedici orqanlar səviyyəsində də Rusiyanın miqrasiya ilə bağlı həyata keçirdiyi siyasətdə də bu, özünü çox aydın göstərir”.
    Bununla belə  Ə.Əliyev qeyd edib ki, miqrantlarla bağlı baş verənlər Azərbaycana qarşı yönələn dövlət siyasətinin nəticisi kimi qiymətləndirmək düzgün olmazdı: “Düzdür, bundan zərər çəkənlər həm də azərbaycanlılardır, amma daha çox Rusiya Federasiyasının ərazisində yaşayan qeyri-ruslara yönəlmiş addımdır. Çünki bu hadisə əvvəlcə bir dağıstanlının rus polis zabitinə xəsarət yetirməsi ilə başladı. Rusiya Federesiyasının ərazisində və Rusiyadan kənarda yaşayan keçmiş SSRİ vətəndaşlarına rusların, rus millətçilərinin gücünü göstərmək siyasəti Rusiyada həmişə mövcud olub. Bu, hakimiyyətin irəli sürdüyü, müəyyən etdiyi siyasətdir və bu siyasət daim davam edir. Konkret bu məsələdə azərbaycanlılara qarşı xüsusi münasibət və ayrı-seçkilik yoxdur və mən bunu hiss etmirəm”.
    Səxavət Həmid
    Teleqraf.com
  • Millət Vəkilləri Qurban Məmmədova azadlıq tələb edir

    Milli Məclisin bir qrup deputatı tanınmış vəkil Qurban Məmmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

    Millət vəkillərinin Moderator.az-a da təqdim etdiyi müraciəti təqdim edirik.

    4 iyun 2013-cü il tarixdə Nəsimi rayon polis idarəsi tərəfindən respublikada tanınmış hüquqşünas Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə günahlandıralaraq cinayət məsuliyyətinə cəlb olunmuş və Nəsimi rayon məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.

    İstintaq orqanı tərəfindən Qurban Məmmədov onda ittiham olunur ki, o 27 sentyabr 2012-ci il tarixdə idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirmişdir. Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.

    Nəzərinizə çatdıraq ki, Qurban Məmmədov Azərbaycanda yalnız prinsipial və peşəkar hüquqşünas deyil, həm də cəmiyyətdə siyasi xadim kimi tanınır. O həmçinin Azərbaycanın müstəqilliyi uğrunda demokratik hərəkatın öncüllərindəndir. Məlum olduğu kimi onun ittiham olunduğu cinayət, ehtiyatsızlıq üzündən törədilmiş cinayət hesab olunmaqla, az ağır cinayətlər kateqoriyasına daxildir və maddənin sanksiyasında maksimum 3 ilə qədər azadlıqdan məhrum etmə cazası nəzərdə tutulmuşdur. O da məlumdur ki, hadisə baş verdikdən sonra Qurban Məmmədov zərərçəkəni öz şəxsi avtomobilində təcili olaraq xəstəxanaya çatdırmış və həkimlərin ona müvafiq tibbi yardım göstərməsinə imkan yaratmışdır. Habelə o, zərərçəkmişin bütün müalicə xərclərini ödəmiş, ailəsinə maddi yardım göstərmişdir. Bütün bunlar qanunvericilikdə məsuliyyəti yüngülləşdirən hallar hesab olunur və həbs qəti imkan tədbiri seçilərkən məhkəmə tərəfindən nəzərə alınmalıdır. Onun istintaqdan yayınacağını və ya istintaqın gedişinə mane olacağını iddia etmək üçün əsaslar yoxdur. Hesab edirik ki, istintaqın gedişində onun barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün əsaslar olmadığı kimi buna zərurət də mövcut deyildi.Yuxarıda göstərilənləri nəzərə alaraq Nəsimi rayon məhkəməsi tərəfindən Qurban Məmmədov barəsində seçilmiş həbs qəti imkan tədbirinin ləğv olunmaqla onun azadlığa buraxılmasını və istintaqın ədalətlə və qanunlara müvafiq aparılmasını təmin etməyinizi xahiş edirik.

    Qeyd edək ki, müraciəti deputatlardan Sabir Rüstəmxanlı, İqbal Ağazadə, İlyas İsmayılov, Fazil Mustafa, Qudrət Həsənquliyev və Vahid Əhmədov imzalayıb.