Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Bahçeli millətçi cildinə girən siyasilərimizdən danışdı

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı keçirdiyi son görüşlər və hadisələrlə bağlı mətbuat xidmətinə qısa müsahibə verib.

     Müsahibəni təqdim edirik: 

     – Sabir bəy, may ayında bir neçə səfəriniz və görüşləriniz oldu. Bunların hamısının bu aya planlaşdırılması təsadüf idimi?

     – Hələ may ayı bitməyib və növbəti səfərimiz də var. Bilirsiz, may ayı həmişə olduğu kimi siyasi və iç hadisələrin sıxlığı ilə seçilir. Bunun bir səbəbi milli tariximizin bir sıra hadisələrinin bu aya bağlı olmasıdır. Digər səbəbi də dərs ilinin tamamlanması, yay istirahətindən öncə hamının öz işlərinə yekun vurmaq istəyidir. Bu ayın əvvəlində Azəri-Türk Qadınlar Birliyi ilə bərabər ənənəsini qoyduğumuz Türkçülük Bayramını yüksək səviyyədə keçirdik. Bu dəfə bayrama nisbətən az tanıdığımız, əlaqələrimizin zəif olduğu türk yurdlarından – saka, Dağlıq Şor, Dağlıq Altay və sairdən qonaqlar dəvət edilmişdi. Qırğızıstan, Türkiyə və Azərbaycanın tanınmış sənətçilərini də bura əlavə etsək, bayramın qeyri-adi dərəcədə əlvan mənzərəsini təsəvvür etmək olar. Bayrama olan marağı göstərən bir fakt da Türkiyənin “Bengütürk” TV-də bir həftədə onun 3 dəfə göstərilməsidir. Bu günlərdə Ankarada MHP-nin genəl başqanı Devlət Bahçeli ilə görüşümüzdə həmin proqrama iki dəfə baxdığını və çox məmnun qaldığını, Bakıda belə bir türklük şöləninin düzənlənməsindən duyduğu sevinci dilə gətirdi. 

     Bu ay həm də mərhum prezident Heydər Əliyevin doğum günü, II Dünya Savaşındakı qələbənin ildönümü, mayın 25-də Qafqaz Ordusunun Azərbaycana gəlişi ayın mühüm hadisələrindəndir və hər biri ilə bağlı müxtəlif tədbirlərə qatıldıq. Üstəlik, bu ay VHP-nin Ali Məclisini də keçirdik. Rayon təşkilatları ilə birgə ölkədəki siyasi vəziyyəti və VHP-nin durumunu müzakirə etdik. 

     

    Həyatımın unudulmaz hadisəsi oldu

    Ən unudulmaz günlərdən biri qızım Aydanın ad günümlə bağlı sürprizi idi. Oxuduğu Xəzər Universitetinin tədbiri adı ilə məni dilə tutub Beynəlxalq Mətbuat Mərkəzinə aparmışdı. Amma mən orda bir çox sənət dostlarım və ədəbiyyat adamları ilə rastlaşanda təəccübləndim və sonra məlum oldu ki, ad günümlə bağlı tədbirdir. Çox səmimi çıxışlar öz yerində, həm də mənim şeir və mahnılarımdan ibarət disk təqdim olundu. Onları da Aydan məndən xəbərsiz hazırlatdırmışdı. 

    Sonrakı günləri Türkiyədə, Özbəkistanda və Qazaxıstanda keçirdim. Türkiyədə Ankara Hacəttəpə Universitetində 3 gün ərzində “Oğuz dilləri, mədəniyyətləri və tarixləri” mövzusunda son dərəcə maraqlı türk araşdırmaları simpoziumu keçirildi. Simpoziumun məruzəçilərindən biri də mən idim və “Tarixə yazıçı baxışı; bizə tarixşünaslıq lazımdırmı” mövzusunda çıxış etdim. 

     

    “Xarici qüvvələrin əlində sir olan…”

    Türkiyədə uzun illərdən bəri çox səmimi dostluq münasibəti ilə bağlı olduğum MHP başqanı D.Bahçeli ilə görüşərək seçimdən sonrakı Türkiyədə vəziyyət, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı müzakirə apardıq. Maraqlı məqamlardan biri də D.Bahçelinin Türkiyə ilə münasibətdə qeyri-səmimi olan, gah bu, gah da digər partiyaya mədhiyyə deyən, xarici qüvvələrin əsiri olan və milliyyətçi təfəkkürdən uzaq ola-ola milliyyətçi cildində danışanlar barədə fikirləri oldu. Bu fikirlər onun Azərbaycanda gedən prosesləri və siyasi iddialarla ortaya atılan adamları ciddi izlədiyini göstərirdi. 

    Ankara görüşlərinin mühümlərindən biri də Türkiyənin ən böyük həmkarlar təşkilatı olan Türk Kamusen yönətiçiləri və başqan İsmayıl Koncukla görüş oldu. İ.Koncuk azsaylı adamlardandır ki, Ankaraya hər səfərimdə onunla görüşməyi özümə borc sayıram və sendikanın bütün tədbirlərinə qatılıram.

     

    – Bu ay həm də türk dünyası üçün əlamətdar olan bir hadisə – Turan şəhərinin salınması ideyasına doğru son addım da atıldı. O tədbirlə bağlı düşüncələriniz necədir?

     

    – Mayın 23-də keçirildi o tədbir. Elə Türkiyədən birbaşa Daşkəndə uçduq. Qazaxıstanda Çimkənd yaxınlığında salınması düşünülən Turan şəhərində keçirilən Türkçülük Qurultayına qatıldıq. Azərbaycandan başqa dostlar da gəlmişdi. Qurultayda Turançı təşkilatların Koordinasiya Şurası yarandı və orda məlum oldu ki, məni bu tədbirə dəvət etməkdə məqsəd KŞ-na sədrlik etmək məsuliyyətini üzərimə qoymaqdır. Ancaq işlərim çox olduğu üçün təəssüf ki, imtina etmək məcburiyyətində qaldım. 

     

    Orda həyatımın unudulmaz günlərindən birini yaşadım. Birinci gecə Ankara-İstanbul-Daşkənd-Çimkənd yolunu keçsək də, qurultayın coşğun türk ruhu və hər tərəfdə üzümüzə vuran tariximizin havası yorğunluğumu unutdurdu. Ən önəmlisi qurultayda hətta muxtariyyəti olmayan türk xalqlarının böyük fəallığı, birliyi, çağdaş türk tarixinin ən uzaq səhifələrini böyük millətlərə xatırlatmaları idi. Geyimlər, ləhcə, musiqi türk coğrafiyasının və mədəniyyətinin sonsuzluğundan xəbər verirdi… 

     

    May ayının bu qədər yüklü olması sanki ona görədir ki, ömrümüzdən bir ilin də getdiyini bilməyək.

  • “Bu terakt bizim hər birimizə qarşı yönəlib”””

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Çarli Hebdo” (“Charlie Hebdo”) redaksiyasında törədilən terrorla bağlı Fransa dövlətinə və xalqına başsağlığı verib.


    VHP mətbuat xidmətindən musavat.com-a daxil olan başsağlığı məktubunda bildirilir:
    “Fransanın paytaxtı Paris şəhərində “çarli Hebdo” (“Charlie Hebdo”) redaksiyasına terrorçuların hücum etməsi və 12 nəfərin qətli bütün Azərbaycan vətəndaşları kimi məni də dərindən sarsıtmışdır.
    Öldürülənlərdən 8 nəfərinin jurnalist olması isə bir yazar və keçmiş qəzetçi olaraq bu faktı mənim üçün həm də mənəvi baxımdan ikiqat sarsıdıcı etdi. 
    Dünyada heç bir rejim, heç bir silah söz azadlığını təhdid edə bilməz. Söz müqəddəsdir və onun təhdidi bütün dünya ziyalılarına, söz adamlarına, demokratik dəyərlərə yönəlmiş hücumdur. Bu baxımdan Fransada jurnalistlərin qətli təkcə Fransa xalqına deyil, bizim hər birimizə qarşı yönəlmiş vəhşilikdir. 
    Azərbaycan erməni terroru ilə üz-üzə olan, onun faciələrini dəfələrlə yaşayan bir ölkədir və mən bu dəhşətin miqyasını və ağrısını çox gözəl anlayıram. Ona görə də bu ağır günlərdə Sizin dərdinizi bölüşdüyümü, bu faciəni öz faciəm bildiyimi nəzərinizə çatdırır, Sizin simanızda ölənlərin yaxınlarına və bütün Fransa xalqına dərin hüznlə başsağlığı verirəm”.

  • “Bunun söz azadlığına nə aidiyyəti var?”

    İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının növbəti 17-ci sessiyası toplantısında millət vəkili Gövhər Baxşəliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

    VHP-nin mətbuat xidmətindən verilən məlumata görə, Təşkilatın yekun bəyamnaməsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətindən millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək dünyada baş verən son hadisələrə münasibətini bildirib. S.Rüstəmxanlı Fransadakı son terror hadisəsindən sonra dünyada daha da artan anti-islam əhval ruhiyyəsi və bunun müsəlman dünyasında illər uzunu sürən qlobal savaşlar, işğalçılıq, bölücülük, beynəlxalq hüquqla daban-dabana zidd olan layihələrlə açıq və gizli bağlılığı barədə danışıb:

    “Söz azadlığını müdafiə edən Avropanın “1915-ci ildə Türkiyədə soyqırımı olmayıb” deyənlərə cəza tətbiq etməsi hansı məntiqə söykənir?

    ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa terroru dövlət siyasətinə çevirmiş Ermənistanın işğalçılığına nədən “dur” demir? İllər uzunu davam edən terror əməllərinin qarşısını almaq, zorakılığa məruz qalmış bir milyon Azərbaycan insanının hüquqlarının qorunması istiqamətində nədən heç bir iş görmür? Parısdə olduğu kimi, Qarabağda, Xocalıda, Suriyada, İraqda, Əfqanıstanda, Fələstində, Türkiyədə terror qurbanı olanlar, Kıprısda, Kırımda hüquqları tapdalanan müsəlmanlar da insandır axı! Nədən bu məsələlərdə səsi çıxmayan və ya münaqişələrin dərinləşməyində maraqlı olan qüvvələr növbə özlərinə çatanda bütün dünyanı ayağa qaldırmağa çalışırlar? Beynəlxalq təşkılatlar öz prinsiplərini qoruya bilmir, böyük güclər ikili standartlarla, qərəzlə ancaq özlərinə sərf edən siyasəti dəstəkləyirlər. Bir milyard yarım insan “mənim müqəddəs kitabıma toxunma, peyğəmbərimi təhqir etmə” deyirsə, xahiş və tələb edirsə və bir ovuc cahil bu insanların inancına sayğı göstərmirsə, bunun sızin azadlığınıza nə aidiyyəti? Bu əsil vandalizmdir…”

    Daha sonra Doğu Türküstan məsələsindən danışan millət vəkili deyib ki, islam dünyasının Qərbdə üzləşdiyi problemlərlə yanaşı, Şərqi də unutmamalıyıq:

    “Dünyanın gözünün qarşısında Çin ağlasığmaz vəhşiliklə bütöv bir müsəlman-türk xalqını məhv etməkdədir. Uyğur xalqı Mərkəzi Asiyada islamı ilkin qəbul edən yüksək mədəniyyət sahibi olan bir xalqdır. Geniş ərazisi, çox böyük təbii sərvətləri olan Doğu Türküstan öz etnik varlığını, dilini, adət-ənənəsini məhz islam dini sayəsində qoruyub saxlaya bilib. Təkcə Kaşqar şəhərində 1500 məscid var. Çin bu xalqa müsəlman kimi yaşamağı qadağan edir. Onlar namaz qıla, oruc tuta bilmir, azan oxunmur, məscidlər bağlanıb. Bu din və vicdan soyqırımı qarşısında dünya susur, lakin biz susa bilmərik. Doğu Türküstan müsəlmanlarını müdafiə etmək bizim borcumuzdur və yekun Bəyannamədə uyğur türklərinin faciəsini bütün dünyaya bir daha xatırlatmalıyıq”.

    S.Rüstəmxanlı qarşılarında duran böyük problemlərin həlli üçün islam ölkələri arasında birlik və bərabərliyin güclənməsinin, bu ölkələrdə demokratiyanın, hüququn aliliyinin, ədalətin, haqqın, halallığın bərqərar olmasının, millətləri şəxsi və ailə maraqlarına qurban verən diktatorluğa son qoyulmasının zəruriliyi, bu ölkələrinin islam adına layiq bir şəkildə idarə edilməsi və inkişafının qaçılmazlığı məsələlərini də vurğulayıb.

    Bundan əlavə Əməkdaşlıq Təşkilatının Humanitar, Hüquq, Sivilizasiyalar və Dinlərarası dialoq Komitəsinin yanvarın 18-də keçırılən yığıncağına sədrlik etmiş Azərbaycan nümayəndə heyətinin başçısı Gövhər Baxşəliyeva da islam dünyası ətrafında cərəyan edən oyunlar, islamı qəsdən terror qurumları ilə bağlamaq cəhdləri, beynəlxalq təşkilatların müsəlman ölkələrdəki münaqişələrin həllində maraqlı olmamaları, hadisələrə ikili standartlarla yanaşmaları barədə Azərbaycan respublikasının rəsmi mövqeyinin də ifadə olunduğu məruzə ilə çıxış edib. O, sessiya çərçivəsində keçirilən Müsəlman Qadınları Konfransında da islam aləmində qadınların problemlərı barədə danışıb.

    Sessiyanın ayın 20-də keçirilən yığıncağını isə giriş sözü ilə Türkiyə Böyük Millət Məclisinin başqanı Cəmil Çiçək açıb. Və həmin gün İƏTPİ 17-ci sesiyasının işçı proqramı və gündəliyi təsdiq edilib, İƏTPİ Baş katibinin, İcraiyyə Komitəsinin məruzələri dinlənilərək sessiyanın işi yekunlaşdırılıb.

  • “Nida”çılara hökm oxundu

    Mayın 6-sı Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida”çı gənclərə hökm oxunub.

    “Media forum” saytının müxbiri Bakı Ağır Cinayətlər Məhkəməsindən xəbər verir ki, Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

    Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Hökmə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

  • Ömər Məmmədovun şəkli Berlin metrosunda

    Bu gün Berlin metrosunun vaqonlarında quraşdırılmış monitorlarda bütün günü şərlənərək həbs edilmiş blogger Ömər Məmmədovun şəkli və onun həbsi barədə informasiya göstəriləcək. Re:publica 14 dərgisinin əsas manşeti olan bu xəbər gün ərizində təkrar-təkrar monitorlarda yayınlanacaq. Foto ilə bərabər bloggerin fəaliyyəti və həbsi ilə də bağlı informasiya ekranda olacaq:
    Ömər Məmmədov – Azərbaycan

    O, Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və siyasi səbəblərə görə həbs olunub. Narkotik istifadəsinə görə üç illik həbsxana həyatı onu gözləyir. 16 yaşlı blogger yanvar ayında, Azərbaycanda həbs olunub və hazırda məhkəməsini gözləyir. O, Azərbaycandakı siyasi vəziyyət haqqında yazdığı bloq yazıları ilə tanınır. Gənclər hərəkatı təsis edib.

    Qeyd edək ki, Ömər Məmmədov barədə xəbər hər 10 dəqiqədən bir təkrarlanır və bunu gün ərizində on minlərlə insan görəcək.

    Müəllif: Meydan TV

  • “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabı müzakirə ediləcək

    Sabah VHP-nin təşəbbüsü ilə “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının II cildinin müzakirəsi keçiriləcəkdir

    16 aprel 2014-cü il tarixində, saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyevin “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının II cildinin müzakirəsi keçiriləcəkdir.
    Qeyd edək ki, kitabda 1900-cu ildən bəri Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Əsas məqsəd ilk növbədə o tayda yaşayıb yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin işıqlandırılmasıdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədiblərinin portretləri verilmişdir. Burada Hacı Rza Sərraf, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər verilir.

    Kitabın I cildi 2009-cu ildə Bakıda “Nurlar” nəşriyyatında, II cild isə 2014-cü ildə “Qanun” nəşriyyatında çap olunmuşdur.

  • Müxalifət partiyalarının əksəriyyəti bələdiyyə seçkilərinə hazırlaşmır

    Azərbaycan cəmiyyətinin Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərinə marağı heyrət doğuracaq səviyyədə yüksək idi. Türkiyədəki seçkilərə marağın ciddiliyi aylar öncədən hiss edilirdi. Amma deyəsən, heç kimin yadına düşmür ki, bu il Azərbaycanda da bələdiyyə seçkisi keçiriləcək. İlin dördüncü ayını da bir qədər sonra başa vuracağıq və dekabrda keçiriləcək bələdiyyə seçkilərinə az vaxt qalıb.

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın Siyasi Şurasının 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərar verdiyini bildirdi. Artıq partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı seçki qərargahı da formalaşdırılıb. Partiya sədrinin müavini Arif İsmayılbəyli seçki qərargahının sədri təyin edilib.
     Seçki qərargahının üzvləri də təyin olunub və qərargah artıq işə başlayıb: “Hələlik hər bələdiyyəyə bir nəfər namizəd irəli sürməyi düşünürük. Lakin say bir qədər çox da ola bilər. Keçən dəfəki seçkilərdə ümumilikdə 800 nəfərdən artıq namizəd irəli sürmüşdük. Çox təəssüf ki, seçki dairələrinin və icra hakimiyyəti orqanlarının yaratdığı əngəllər üzündən 150-dən bir qədər artıq namizədimiz qeydiyyata alındı, onlardan 115 nəfəri müxtəlif bələdiyyələrə seçildi. Ümid edirik ki, bu il keçən dəfə yaradılan problemlər yaradılmayacaq.
    Məqsədimiz bələdiyyə seçkisində partiya olaraq tək iştirak etməkdir. Çünki bələdiyyə seçkiləri elə spesifik seçkidir ki, blok şəklində iştirak etmək problemlər yaradır. Ümumiyyətlə isə seçki dövründə müxalifət partiyaları arasında əməkdaşlığın tərəfdarıyıq”.
    S.Əsədli Azərbaycanda bələdiyyə seçkilərinə cəmiyyətin, siyasi qüvvələrin ciddi maraq göstərmədiyinin də problem olduğunu dedi: “Bələdiyyələrə ciddi maraq olmaması seçki kampaniyasına mənfi təsir edir. Azərbaycanda təəssüf ki, bələdiyyələrin statusu, səlahiyyəti son dərəcə cüzidir. Bələdiyyələr faktiki olaraq icra hakimiyyətlərinin qapazaltı orqanına çevrilib. Bələdiyyənin elementar səlahiyyəti yoxdur ki, nəyisə həll eləsin. Belə olduğu üçün də vətəndaşda bələdiyyə seçkisində həm namizəd, həm də seçici kimi iştiraka maraq qalmır”.

    Yeni Müsavat qəzeti

    Etibar SEYİDAĞA
  • Ömər Məmmədovun məhkəməsi başladı

    Aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan 19 yaşlı facebook fəalı Ömər Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib.

    İclasda vəkil Xalid Bağırov Məmmədovun həbs müddətinin aprelin 24-də bitdiyinə, həbs haqqında yeni məhkəmə qərarının isə olmadığına diqqət çəkib. O, Azərbaycan Cinayət Məcəlləsinin iş məhkəməyə daxil olduqdan sonra həbs müddətinin artırılmasına ehtiyac olmaması barədə normalarının Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmadığını bildirib. Vəkil Məmmədovun həbsdən azad edilməsi haqqında vəsatət qaldırıb.

    Daha sonra vəkil dəlillər siyahısından Məmmədovun şəxsən yoxlanılması və ondan narkotik götürülməsi haqqında protokolun çıxarılması haqqında vəsatət qaldırıb.

    O qeyd edib ki, tədbir məhkəmə qərarı olmadan keçirilib. Digər tərəfdən, əməliyyatçıların şəxsi yoxlama həyata keçirmək səlahiyyəti yoxdur. Bunu yalnız müstəntiqlər edə bilər.

    Bağırov həmçinin guya Məmmədova məxsus olan 6 qr heroinin kimyəvi ekspertizası protokolunun dəlillər siyahısından çıxarılması haqqında vəsatət qaldırıb. Vəkil bunu ekspertiza haqqında bu qərarın Məmmədova təqdim edilməməsi və ona alternativ ekspertiza üçün qanuni hüququnun verilməməsi ilə əsaslandırıb.

    Bağırov Məmmədovun atasının şahid qismində cəlb edilməsi haqqında daha bir vəsatət irəli sürüb. O, bunu təqsirləndirilən şəxsin atasına Məmmədovun vətəndaş fəallığı ilə əlaqədar təzyiq göstərildiyini bildirməsi ilə əsaslandırıb.

    Bundan başqa, Bağırov yanvarın 24-də Məmmədovun saxlanıldığı 11.00-dan 13.00-a qədər Təbriz küçəsində videomüşahidə kameralarından məlumatlar istənilməsi haqqında vəsatət qaldırıb.

    Bağırov həmçinin narkotik paketinin üzərindəki barmaq izlərinin müəyyən edilməsi üçün daktiloskopik ekspertiza keçirilməsi haqqında vəsatət verib.

    Digər vəkil Əlaif Həsənov jurnalistlərin prosesin videoçəkilişini aparması haqqında vəsatət qaldırıb. O, həmçinin Məmmədovun həbsdən azad edilməsini və ya qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.

    Prokuror Erkin Qafarov bütün vəsatətlərə etiraz edib.

    Hakimlər müşavirədən sonra bütün vəsatətləri rədd etmək haqqında qərar qəbul ediblər, videomüşahidə kameralarından məlumat alınması haqqında vəsatət isə baxılmamış saxlanılıb.

    İşə mahiyyəti üzrə baxılması mayın 13-nə təyin edilib.

    Qeyd edək ki, Məmmədovun işi üzrə proses böyük ictimai maraq doğurub.

    Yerlərin sayı məhdud olduğu üçün 100-ə yaxın insan isə küçədə qalıb.

    Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA hərəkatına qayıdıb.

    Məmmədov İnternetdə sosial şəbəkələrin fəal iştirakçısı idi. Xüsusən, o, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin administratorlarından biri idi.

  • “Nurçular Suriya ilə Xocalını eyniləşdirir”””

    Millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki son proseslər və onun Azərbaycanda doğurduğu əks-səda ilə bağlı Modern.az-a müsahibə verib.

    – Türkiyədə məhkəmələrin qərarı ilə “Ergenekon” əməliyyatları zamanı həbs olunan ordu generalları, o cümlədən çoxumuzun tanıdığı Vəli Küçük Paşa azadlığa buraxıldı. Sizcə, bu ordunun yenidən siyasi həyata dönüşünə hesablanmış bir addım ola bilərmi?

    – Türkiyə ictimaiyyətinin böyük əksəriyyəti ordunun hər 10-15 ildən bir ölkənin siyasi həyatına müdaxiləsini istəmir. Ordunun yenidən siyasətə qarışması ölkədə xoşagəlməz atmosfer yaradar. Bununla yanaşı, Türkiyənin beynəlxalq nüfuzuna zərər vurar, demokratiyanın inkişafına mane olar. Türkiyə ordusu NATO-nun tərkibində ikinci ən böyük ordu idi. Bu cür ordunun generallarının əsassız ittihamlarla həbs olunması Türkiyə Silahlı Qüvvələrinin nüfuzuna zərbə vururdu.

    Ordu generallarının məhkəmə qabağına çıxarılması Türkiyənin mənəvi həyatına, türk insanının ruhuna, psixologiyasına pis təsir edirdi. Keçmiş generalların azadlığa çıxması ordu həyatına və Türkiyə siyasətinə təsir göstərəcək. İlk növbədə isə Türkiyə milli təfəkkür sahiblərinin və millətçilərinin gücü artacaq və bu amil seçkilərə də təsirsiz ötüşməyəcək.

    -Türkiyədə martın 30-da bələdiyyə və onun ardından prezident seçkiləri keçiriləcək. “Ergenekon”çuların azadlığa çıxması fonunda seçkilərdə hansı partiyanın qalib gəlməsini söyləmək olar?

    – Generalların həbsdən azad olunmasına seçki qabağı atılan addım kimi baxmaq olar. Həbsdən çıxanların heç biri indiki iqtidara səs verməyəcək. Müxalifət partiyalarının səsi əvvəlki illərə nisbətən daha artıq olacaq.

    – Ordu generallarının həbsi dini lider Fəthullah Gülən və baş nazir Rəcəb Tayyib Ərdoğanın vaxtilə mövcud olan ittifaqının birgə anlaşmasının nəticəsi idi. Həmin birlik həqiqətənmi keçmiş hərbiçilərdən qorxurdu, yoxsa bu addım başqa maraqlı qüvvələrin diktəsi idi?

    – Hərbiçilər əslində Fəthullah Gülən camaatı və Ərdoğan savaşına qurban getmişdilər. “Ergenekon” əməliyyatları dolayı yolla böyük güclərin və dövlətlərin sifarişi ilə həyata keçirilmişdi. Məqsəd isə Türkiyə ordusunu zəiflətməklə bölgədə gələcək üçün hazırlanan böyük, gizli siyasi ssenarilərin başlanğıcını qoymaq idi.

    – Ərdoğan hökumətinin generalları azadlığa buraxması bir növ onlara jest idi. Bununla Ərdoğan hərbiçilərin həbsinə görə Fəthullah Gülənin məsuliyyət daşıdığını demək istədi və Gülənlə olan siyasi çəkişməsində sanki ordu generalları simasında özünə yeni siyasi dividentlər qazanmaq istədi. Bu haqda nə deyə bilərsiniz?

    – Dediyinizlə razıyam. Əlavə etmək istəyirəm ki, Türkiyədə məhkəmələr arasında nüfuz savaşı da var. Hərbiçilərin həbs olunmasında Türkiyə qanunlarındakı boşluqlar da rol oynamışdı. Beş il məhkəmənin davam etməsi nə deməkdir? Müstəntiqlərin, istintaqı aparanların böyük bir hissəsi nurçu camaatına yaxın adamlar idi. Mənim dostum Vəli Küçük Paşa həbsdən çıxanda əsl ordu generalına yaraşan bir söz işlətdi. O, həbsini nəzərdə tutaraq bildirdi ki, Türkiyə Silahlı Qüvvələri onu növbə çəkməyə göndərib. Generallar həbsə düşməklə sanki hərbi vəzifəsini yerinə yetirdilər. Azadlığa çıxan hərbiçilərin əksəriyyəti indiki hakimiyyətə müxalif olan adamlardır.

    – Bəs dostunuz Vəli Küçük Paşa həbsdən çıxandan sonra onunla əlaqə saxlamısınızmı?

    – Çox təəssüf ki, onunla danışa bilməmişəm. Amma imkan düşən kimi danışacağam.

    – Vəli Küçük Paşa mətbuata açıqlamasında dünyanın super gücü ABŞ-a boyun əymədiyi üçün həbsxanaya düşdüyünü bildirib. Bu Ərdoğan hökumətinin “Ergenekon” əməliyyatlarının həyata keçirilməsi zamanı ABŞ-ın maraqlarına xidmət etməsi anlamını ifadə etmirmi?

    – Vəli Küçük Paşa Azərbaycan türküdür. O, PKK terror təşkilatına qarşı mücadilə aparıb. Onun həbsinin motivləri indiyə qədər mənə bəlli deyil. Həbs olunanların böyük əksəriyyəti millətçilər idi. Onlar Türkiyənin bütövlüyünü, unitar dövlət olaraq güclənməsini istəyirdilər. Ola bilsin ki, onların vətənpərvər mövqeləri Türkiyə ilə bağlı müəyyən planlar hazırlayanlara və separatizm eşqinə düşənlərə mane olurdu. Bunların hamısı gəlib bir nöqtədə birləşdi və generallar həbs olundu.

    – Bu il Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı keçiriləcək. Yəqin ki, DAK-ın rəhbərlərindən biri olan Vəli Küçük Paşa da tədbirdə iştirak edəcək…

    – Əlbəttə. Biz onu DAK-ın ən fəal üzvlərindən biri olaraq görürük və bundan sonra da elə olacaq.

    – Türkiyəni sarsıdan rüşvət və korrupsiya əməliyyatlarından sonra Fəthullah Gülən-Ərdoğan mübarizəsinin gərginliyi Azərbaycana da sıçradı və ölkədə nurçu qalmaqalı gündəmə gəldi. Dövlət orqanlarında, deputatlar arasında nurçu təriqətinə mənsub şəxslərin olması ilə bağlı iddialara münasibətiniz necədir?

    – Şübhəsiz ki, Azərbaycanda nurçuların gizli mafiyaları mövcuddur. Mən bütövlükdə Gülən camaatını hədəf seçmək istəməzdim. Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində məktəb qurması, həmin tədris ocaqlarında türk dilini öyrətmək, Türkiyəni sevdirmək çox böyük bir işdir. Azərbaycanda “Çağ Öyrətim” şirkəti və Qafqaz Universiteti kifayət qədər yaxşı təhsil verir. Onların bizim ölkədəki kursları da kifayət qədər keyfiyyətli şagird hazırlayır. Onlar Azərbaycan təhsili üçün çox iş görüblər. Amma bunlara baxmayaraq, proseslərin pərdə arxası tərəfləri də var. Bəlkə, hansı bir yerdəsə o məktəblərin dinə meylliliyi və təhlükə yardan tərəfləri var. Mən nurçuluq cərəyanına məxsus adamlarda fanatizmi müşahidə etmişəm.

    Onların sırasında mənim də tanıdığım şəxslər var. Nurçular Azərbaycanda kök atıblar. İki il əvvəl Xocalı soyqırımı ilə bağlı İstanbulda bir yürüş keçirilirdi. O yürüşün hazırlanmasına Bakıdan da müəyyən adamlar getmişdi. Mən bir az gec getdim və onların mətbuat konfransına çatdım. Həmin mətbuat konfransında asılan bir şüar diqqətimi cəlb etdi. Həmin şüarda Suriyadakı vətəndaş müharibəsi ilə Xocalı soyqırımı eyniləşdilirdi və belə halların təkrar olunmaması bildirilirdi. Heyrətə gəldim. Dedim ki, bu nə şüardır belə? Cavab verdilər ki, burda dindar kəsim belə məsləhət görüb və ona uyğun da bu şüarı yazıblar. Suriyadakı vətəndaş müharibəsinin Xocalı soyqırımına nə dəxli var? Suriyadakı iç savaşdır. Xocalı isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıdır. Gördüm ki, Azərbaycandan ora göndərilən adamlar dini təbəqənin, Gülənə yaxın olan şəxslərin təsiri ilə hətta Xocalı faciəsini o müstəvidə görürdülər…

    – Azərbaycandan kimlər var idi orada?

    – Mən heç kimin adını çəkmək istəmirəm. Milli Məclisdə və Prezident Administrasiyasındakı “Gülən komandası”na yaxın adamlar onsuz da bəllidir. Belə olmasaydı Prezident Administrasiyası səviyyəsində mətbuatda bu barədə müzakirələr aparılmazdı. Mən yenə deyirəm, nurçuluq cərəyanına mənsub adamların hamısına kölgə salmaq, Fəthullah Gülənin gördüyü bütün işləri gözdən salmaq niyyətində deyiləm. Bizim çox böyük imkanlı şirkətlərimizdən də Gülən biznesinə aid olanları var. Bəzən onlarla bir yerdə işləməyin ölkə üçün xoş olmayan nəticələrini görmüşəm.

  • “Nurçuluq ciddi təhlükədir”

    “Seçicilərin cəmi 46 faiz səsini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz”. Bu sözləri “Axar.az”a millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi. Onun fikrincə, bu seçkilərə qiymət vermək çox çətindir: 

    “Seçki zamanı bir neçə məntəqədə işıqların sönməsinin və seçki bülletenləri ilə dolu çuvalların əllərdə gəzməsinin səbəblərini anlamadan bu seçkilərə qiymət vermək çox çətindir. Ancaq gözlənilən nəticələrdir. MHP və CHP-nin ümumilikdə səs faizləri AKP-nin səs faziləri ilə təxminən eyni idi. Bu onu göstərdi ki, ölkə üzrə tam nəzarətin ancaq bir partiyanın, yəni AKP-nin əlində olması artıq geridə qalıb. Seçicilərin cəmi 46 faizini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz. Böyük ehtimalla növbəti parlament seçkilərində də AKP bu rəqəmlərə uyğun nəticə göstərəcək”.   

    Millət vəkilinin sözlərinə görə, bu seçkilərin nəticələrindən razı olmayan xalq növbəti seçkiyə kütləvi iğtişaşlarla hazırlaşacaq: “Türkiyədə növbəti iğtişaş dalğası gözləniləndir. Avqust ayında gözlənilən parlament seçkilərinə kimi iğtişaşlar daha da kütləviləşəcək”. 

    S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan hakimiyyətinin növbəti qələbəsi Türkiyədə nurçulara qarşı əməliyyatları daha da artıracaq: “Çoxdan başlayan bu əməliyyatlar daha da genişlənəcək. Azərbaycana da təsirsiz ötüşməyəcək. Demək olar ki, bu əməliyyatların dalğası Azərbaycana çoxdan gəlib. Nurçuluq ciddi təhlükədir”.   

    Deputat deyir ki, son dövrlər Türkiyədə baş verən olaylar, nurçulara qarşı təzyiqlər, qarşılıqlı ittihamlar seçki kampaniyası idi: “Bütün bunlar AKP-nin səs çoxluğuna hesablanmış addımlar idi. Seçkiöncəsi baş verən bu hadisələrin nəticələrə çox böyük təsiri oldu”.   

    Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, AKP səs çoxluğu ilə liderdir.