Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Vicdan məhbusu Elnur Məcidliyə

    Əziz Elnur bəy!

    Sizi doğum gününüz münasibətilə ilə səmimi qəlbdən təbrik edir, Sizə azadlıq arzulayır və Azərbaycanın gələcəyi naminə apardığınız mübarizədə uğurlar diləyirik.

    Siz gənc olmağınıza baxmayaraq, artıq Azərbaycan gəncliyinə nümunə olan bir siyasi ömür yaşayırsınız. Siyasi repressiyalara, təzyiqlərə, həbslərə baxmayaraq, ölkəmizin demokratikləşməsi və insan haqlarının bərpası, vətəndaş cəmiyyətinin qurulması üçün apardığınız mübarizədən bir an da olsun geri çəkilməməyiniz hamımızın iftixar mənbəyidir. Bilməlisiniz ki, Sizin mübarizəniz hamımızı daha da ruhlandırır və arzuladığımız cəmiyyəti bizə daha da yaxınlaşdırır. İnanırıq ki, demokratik mübarizəyə verdiyiniz töhfələr qısa müddətdə nəticəsini göstərəcək.

    Əziz qardaşımız!

    Sizi bir daha təbrik edir, apardığınız mübarizədə yanınızda olduğumuzu bildirir və Tanrıdan bu çətin sınaqda Sizə yardımçı olmağı arzulayırıq.

    Növbəti ad gününüzü Azadlıqda birgə qeyd etmək diləyilə,

     

    VHP-çi gənclər adından  

    Samir Əsədli 

    Emil Bağırov
    Pərviz Həsənov 

  • 17 noyabr…

    Samir Əsədli

    Bu gün millət olaraq birlik günümüzdür

    17 noyabr: Milli Dirçəliş Günü – millət olaraq bizim nicat və birlik günümüzdür. Biz toplum olaraq Azadlıq və Azad yaşamaq eşqi ilə 1988-ci ildən meydanlara və küçələrə axışdıq və Alovlanan bu arzular bizi birləşdirdi, Ulus olaraq Azadlıqımıza qovuşduq. Müstəqilliyimizi və bərpa olunan dövlətimizi Milli Dirçəliş gününün fədaisi olan xalqımıza və onun meydan liderlərinə borcluyuq. Əgər Azərbaycan xalqı o vaxt meydanlara çıxıb haqqını tələb etməsəydi, «xalqlar həbsxanası» sayılan SSRİ imperiyasının zəifliyi üzə çıxmaz, Sovet rejimi dağılmazdı. Təqvimin bu tarixinin əhəmiyyəti millətimizin üçün çox böyükdür…

    Təəssüf ki, hazırkı hakimiyyət haqqı və payı olmadığı bu böyük günü tariximizin səhifəsindən silməyə, yaddan çıxarmağa çalışır. Hansı ki, Meydan Hərəkatı Azərbaycan mənəviyyatının zirvəsidir.

    Milyonlar Azərbaycanın birliyi, bütövlüyü və azadlıqı üçün meydanlara axışdı həmin vaxt.

    1988-ci ildə Meydanlara toplaşan xalq 3 ildən sonra  dövlət müstəqilliyini əldə  etdi və bizə xəyal kimi görünən Azadlıq gerçək oldu. 1918-ci ildə babalarımızın qurduğu dövləti 1991-ci ilin 18 oktyabrında yenidən bərpa etdik.

    Azərbaycanın quzeyində müstəqil dövlətin qurulması millət olaraq çox böyük uğurumuzdur. Amma bu millət öz qanını daşıyan şəxslərin zorakı bir hakimiyyət qurması üçün yadelli işğalçılardan azad olmamışdı. Biz ona görə müstəqillik əldə etmədik ki, bir qrup şəxs ölkənin var-dövlətini yağı malı kimi daşıyıb satsın, xalqı səfil günə qoysun və Sovet rejiminin mənfi ənənələrini, totalitar xarakterini «milli müstəvidə» daha amansız şəkildə davam etdirsin.

    Biz tam azad və demokratik şəkildə yaşamaq istəyirdik. Cümhuriyyətimizi gücləndirsək, demokratik idarəçilik üsuluna keçdikdən sonra güneydə yaşayan xalqımız üçün də örnək olarıq. Demokratik idarəçilik üsuluna keçməyimiz  bizim 50 milyonluq xalqın gələcəyinin müəyyənləşməsi baxımından son dərəcə əhəmiyyətli bir amildir.

    Biz,  müstəqil dövləti daha ideal bir səviyyədə təsəvvür edirdik. Ancaq millət olaraq tam arzumuza çatmamışıq. Əgər bu hakimiyyət 37-ci il repressiyalarını, sovet idarəçilik sistemini hələ də davam etdirirsə, biz də 1988-ci ildən başlayan Hərəkatı davam etdirməliyik. Həm də daha əzmkarlıqla, daha mətin olaraq. Çünki hakimiyyəti ələ keçirmiş Sovetlər dövrünün kommunist psixologiyasını yaşadan insanlar Azərbaycanda milli dövlətçiliyin inkişafı prosesinə əngəldirlər.

    Onlar hətta Dirçəliş gününü yaddaşdan çıxarmaqda da məqsəd güdürlər. İstəkləri millətə böyüklüyünü xatırladan hər şeyi beyinlərdən təmizləməkdir. Amma bu kommunistlər hələ də anlamayıblar ki, millətin qanına hopmuş azadlıq eşqini tarixi hadisəni yada salmamaqla yaddaşdan silmək olmaz.

    Biz yenə meydanlara doluşub demokratiyanı da quracayıq və O Müqəddəs Gün də uzaqda deyil…

     

  • 21 Azər hərəkatı və Güney Azərbaycan

    Güney Azərbaycan Milli Hökuməti

    Böyük Azərbaycan şairiMəhəmmədhüseyn Şəhriyar deyirdi ki, “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.  Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

    12 dekabr tarixinin xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür. Bu gün Güney Azərbaycan Milli Hökumətinin təşkil edilməsi və elə bir ildən sonra həmin gün süquta uğramasıdır.

    İkinci dünya müharibəsinin başlaması qan-qada ilə bərabər, bir sıra xalqların azadlıq arzusunu gerçəkləşdirməsinə gətirib çıxardı. Belə ki, Böyük Britaniya ilə yanaşı, Sovetlər Birliyi hərbi hissələri İran ərazisinə daxil oldu. Bu isə Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasını şərtləndirirdi. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə başladı. Qısa zamanda Pişəvərinin başçılıq etdiyi xalq fədailəri Güney Azərbaycanın bütün yaşayış məntələlərini azad etdilər.

    12 dekabr 1945-ci ildə, Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi iləAzərbaycan Milli Hökuməti quruldu. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan bu hökumət İran şahının 25 ildə görmədiklərini bir ildə Güney Azərbaycan üçün etdi.

    Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin,Səttar xanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərakatın sonu qan ilə nəticələnib, yəni soydaşlarımızın haqqları xain və 3-cü tərəfin müdaxiləsi ilə əllərindən alınb. Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyasi təkcə Azərbaycan üçün yox, eləcə də Şərq aləmi üçün örnək ola biləcək hadisədir. Bu 21 Azər ona görə adlanır ki, İran təqvimi ilə bu hərəkat 21 Azər ayında, 12 dekabrda baş verib.

    Milli Hökümət xalqın dəstəy ilə mühüm işlər görüb. Belə ki, 19 yanvar 1946  Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin, 23 mart 1946-ci ildə Dövlət Teatrının , 4 iyul 1946-ci ildə Azərbaycan Radioverilişləri Agentliyinin, 6 iyun 1946-ci ildə Təbriz Dövlət Universitetinin, eləcə də xeyli sayda orta ümimtəhsil məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökümət reallaşdırdı.

    1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dilində – Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tuturdu.

    21 Azər hərakatı İran Pəhləvi şah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin sürətli nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu.

    Güney Azərbaycan Milli Höküməti dövründə aparılan mədəni islahatların mühüm bir qanadını ana dilli mətbu orqanların nəşr edilməsi idi. 1945-1946-cı illərdə Güney Azərbaycanda müxtəlif mətbuat orqanları – “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümünü tapmışdı.

    Milli Hökümət sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər vardı.

    1950-ci ildə Güney Azərbaycana səfər edən amerikalı hüquqşünas Uilyam Duqlas yerli camaatın Milli Hökümətin və onun rəhbəri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi.
    1. Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
    2. Hökümət iri bankları milliləşdirdi;
    3. Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
    4. Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı;
    5. Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
    6. Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
    7. Güney Azərbaycan Milli Ordusu yaradıldı.
    Azərbaycan Milli Hökümətinin fəaliyyət göstərdiyi bir il ərzində həyata keçirmiş olduğu ən mühüm islahatları əsas etibarilə üç kateqoriyaya bölmək mümkündür.
    1) Siyasi islahatlar;
    2) Mədəni islahatlar;
    3) Sosial-iqtisadi islahatlar.

    Güney Azərbaycan Milli Hökuməti bizəAzərbaycan Xalq Cümhuriyyəti qədər əzizdir. AXC necə süquta uğradıldısa, AMH də eləcə süquta uğradıldı. ABŞ və Böyük Britaniyanın İran şahına dəstəyi və SSRİ-nin Pişəvərini aldatması ilə Milli Hökumət 12 dekabr 1946-cı ildə beşikdəcə boğuldu.

    Güney Azərbaycan işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi.
    Milli Hökumət devrildikdən sonra Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəlib. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib. İrandan gələn mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Pişəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşür və xəstəxanada da müəammalı şəkildə vəfat edir. Silahdaşları Pişəvərinin Stalinin başçılıq etdiyi kommunist rejimi tərəfindən xəstəxanada zəhərli iynə vurularaq öldürüldüyünü deyir. Çünki avtomobil qəzasə zamanı o yüngül xəsarət alıbmış və özünü normal hiss edirmiş.

    Seyid Cəfər Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.

    Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunur, maarif naziri Məhəmməd Biriyasovet siyasi-ejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilir, ağır mühacirət həyatı yaşamağa məcbur olurlar.

    Bu gün Güney Azərbaycandakı soydaşlarımız öz haqları, hüquqları uğrunda yenə ayaqdadırlar.

    Qeyd: Yazının hazırlanmasında Güney Azərbaycan Milli Hökuməti ilə bağlı internet materiallarından istifadə edilib.

    Samir Əsədli

  • Biz gənclər birgə mübarizə aparacağıq”

    Dekabrın 3-də gənclər təşkilatlarının birgə keçirdiyi aksiya 2 aprel aksiyasından sonra hakimiyyəti növbəti dəfə silkələdi. Müxalifət partiyasının və heç bir müxalif liderin qərarı olmadan, sosial şəbəkələrdə təşkilatlanmış fəal gənclər dekabrın 3-də “əsgər ölümlərinə yox deyək” şüarı ilə şəhərin mərkəzində izdihamlı mitinq keçirdi. Mitinqdə şəhid ailələri də iştirak edirdi. Aksiyada fəallardan olan gənclər isə mitinqi təşkilini yüksək dəyərləndirir və baş tutduğunu hesab edirlər. Onlar mübarizəni birgə davam edəcəklərini bəyan edirlər.
    Vətəndaş Həmrəyliyi Partiyası sədrinin gənclər üzrə müşaviri Samir Əsədli bu aksiyanı ən təşkilatlanmış mitinq hesab edir: 
    “Gənclərin keçirdiyi ən təşkilatlanmış, bütün təşkilatların fəallarının iştirak etdiyi aksiya idi. Bütün planlar həyata keçirildi, polisin qəddar davranışından çəkinmirik. Biz onlara əl qaldıra bilmirik. Ancaq onlar şillə-təpiklə etirazçıları vururlar. Orada siyasi tələblər səsləndirilmədi. Bu göstərir ki, polis öz vətəndaşına qarşı aqressivdir, sanki biz başqa millətdənik. Heç bir qorxu yoxdur, əksinə, aksiya nəzərdə tutulan ərazidə başladı və istədiyimiz yerdə yekunlaşdı. Polis heç nə edə bilmədi, aksiya baş tutdu”. S.Əsədli aksiyaların davam edəcəyini dedi: “Biz gənclər birgə mübarizə aparacağıq”. 
    Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı hesab edir ki, mitinqdə polis zorakılığı gəncləri heç də qorxutmur: “Əksinə bu kimi aqressiv davranışlar gənclərin nifrətini artırır. Polis zorakılığı adətən qorxu yaratmağa hesablanır. Amma bu texnologiya artıq köhnəlib. Baxın dünyada bu gün gedən proseslərə. Artıq insanlar yanında öldürülən insanların qisasını almağa çalışırlar. Bizdə də aksiyaçı xanımlara qarşı olan zorakılıq digər gənc bəyləri daha mübariz olmağa məcbur edirdi. Bir daha qeyd edirəm ki, zorakılıq artıq qorxu yox, nifrət yaradır”. 

    S.Soltanlının sözlərinə görə, aksiyalar davam edəcək: “Normal olmayan hakimiyyətin atdığı addımlara qarşı etiraz etmək bizim hüququmuzdur. Bu hüquqlarımızdan sona qədər sivil şəkildə istifadə edəcəyik”. 
    ADP gənclər təşkilatının sədri Cəmil Hacıyevin fikrincə, aksiya olduqca uğurlu alınıb: “Əslində biz Gənc Siyasi Məhbusların Komitəsi olaraq qərar vermişdik ki, 10 dekabrda İnsan Haqları Günü ilə bağlı aksiya keçirək. Lakin şəhid ailələrindən bizə deyildi ki, əsgər ölümləri ilə bağlı aksiya təşkil olunsun. Sözsüz ki, əsgər ölümləri ilə bağlı aksiya indiki məqamda daha önəmli idi. Gözləmirdik ki, belə aksiya olacaq, çox uğurlu oldu. 
    Hətta ətrafdakı insanlar biləndə ki, bu, əsgər ölümləri ilə əlaqədardır, bizə qoşulanlar oldu”. 
    C.Hacıyev deyir ki, polisin davranışlarında əvvəlkindən heç bir fərq yoxdur: “Baxmayaraq ki, polislər insan hüquqları konvensiyasına qoşulub, ATƏT polislərlə silsilə treninqlər keçirib. Ancaq heç bir nəticə yoxdur. Yenə zorakılıq, amansızlıq var idi. Xüsusilə, fəal xanımlara qarşı vəhşi davranırdılar. Müsavatçı Nərgiz Yaqublu və ADP-çi Şəhla Hacıyevaya qarşı daha kobud davrandılar. Üstəlik, aksiya Səbayel rayon ərazisində olduğu halda Nəsimi rayon polis rəisinin müavini Süleyman Nemətov yenə gəlmişdi və xüsusi tapşırıqlar verirdi ki, konkret kimləri tutsunlar. Siyasi məhbusların dekabrda azad olunması barədə əfv fərmanının verilib-verilməyəcəyini gözləyirik. Verilməsə, bundan da güclü aksiyalar olacaq”. 
    AXCP-nin gənc fəalı Dəyanət Babayev dünənki aksiyada ona yalnız aparılanda zorakılıq olduğunu söylədi: “Belimdən 5-6 ay bundan əvvəlki mitinqlərin birində zədə almışam, indi o ağrılar daha da şiddətlənib. Polis bölməsində heç bir təzyiq olunmayıb. Aksiyaların davamına gəlincə, partiyanın mitinqlə bağlı qərarı olacaqsa, iştirak edəcəm. Belimdəki ağrılarla bağlı ”Semaşko” xəstəxanası yaxınlığında dövlət klinikasına getdim ki, aparatdan keçim. Məndən 20 manat pul istədilər. Dedilər ya da qeydiyyatda olduğun Neftçala rayonuna get. Halbuki rayonda həmin aparatlar yoxdur. Buna görə gərək Salyana gedəm. Orda da 15 manatdır…”

    Emil SALAMOĞLU
    “Yeni Müsavat” 

  • Bu məsələni dinlə bağlamaq olmaz

    Sabir Rüstəmxanlı: “ Rafiq Tağı dinə qarşı deyil, cəhalətə, inkişafımızı geri salan problemlərə qarşı mübarizə aparırdı. Bu məsələ diqqətlə araşdırılmalı, cinayətkarlar tapılmalıdır”. 

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı “Azadlıq” qəzetinə açıqlamasında Rafiq Tağını belə xarakterizə edib: “Rafiq Tağı orijinal düşüncə sahibi idi. Arada söz-söhbət gəzir ki, onu dini yazılarına görə bıçaqlayıblar. Düzü, mən buna inanmıram. Əgər bu belədirsə, cəmiyyətimizdə problem var. Mirzə Fətəli Axundzadə 150 il əvvəl dinləri puç və əfsanə hesab etdiyini deyə bilirdi, ancaq onu öldürmürdülər. Rafiq Tağı dinə qarşı deyil, cəhalətə, inkişafımızı geri salan problemlərə qarşı mübarizə aparırdı. Bu məsələ diqqətlə araşdırılmalı, cinayətkarlar tapılmalıdır. 7 bıçaq dəymiş adamı bir gündən sonra niyə reanimasiyadan çıxarırlar? Nəyə görə bu cür ciddi xəstəyə ciddi həkim nəzarəti olmayıb? Onun xəstəxanadakı danışıqlarını izlədim. Bu, ölüm ayağında olan insanın danışığı deyildi…”.

  • Bu, vətəndaşların mülkiyyət hüququna təcavüzdür

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi  Şurasının bəyanatı

    Dekabrın 14-də ARDNŞ-ın mühafizə xidmətinin işçiləri Xacəsən və Sulutəpə ərazisində sənədsiz evlərin sökülməsi prosesində onlarla vətəndaşa ağır xəsarətlər yetirmiş və xüsusi amansızlıq nümayiş etdirmişlər.

    Vətəndaşların müraciətlərindən görünür ki, sənədsiz ev sahiblərinin evlərinin sökülməsi ilə bağlı məhkəmə qərarı sakinlərə təqdim edilməmiş və onlara dəyən maddi ziyanın qarşılığı ödənmədən evlərin dağıdılmasına başlanılmışdır. Hətta sökülən evlər içində məskunlaşmış mənzillər də vardır.

    Azərbaycanda dövlət məmurlarının razılığı olmadan hər hansı tikinti işlərinin aparılmadığını hamı bilir. Dövlət məmurları sənədsiz evlərin tikintisinə rüşvət müqabilində göz yummaqla vətəndaşlara şərait yaradırlar. Hazırda söküntüsü aparılan evlərin 2-3 mərtəbəli olması, dam örtüyünün vurulması bir daha təsdiqləyir ki, bu evlər «gecəqondu» deyil və bir gecənin içində ərsəyə gəlməyib. Belə evlərin tikintisinə aylar, bəlkə də illər lazım olub. Bu qanunsuz tikinti aparılarkən aidiyyatı qurumlar hara baxırdılar? Sənədsiz evlərin tikintisinin aparılmasının qarşısını niyə almırdılar?

    Hazırda Bakı ətrafında sənədsiz evlərin sayının 400 mini keçməsi də məmurların rüşvət qarşılığında qanunsuzluğa göz yummasının təzahürüdür. Qanunsuz tikintiyə göz yuman bircə dövlət məmuru indiyə qədər məsuliyyətə cəlb olunmayıbsa, dövlət orqanları sənədsiz tikililərin 400 minə çatması səbəblərinə aydınlıq gətirməlidir. Kimdir bu boyda qanunsuzluğu törədib cəzadan yayınan şəxslər?

    Əvəzində isə sadə vətəndaşlar evsiz qoyulur, onların aylarla, illərlə zəhmət çəkib tikdiyi mülkləri dağıdılır və heç bir kompensasiya ödənilmir.

    Vətəndaş Həmrəyliyi Partiyası hüquqi tənzimləmə olmadan, xüsusi zorakılıq və amansızlıqla aparılan bu söküntü işlərini vətəndaşların mülkiyyət hüququna təcavüz  hesab edir və ölkə rəhbərliyindən bu təcavüzü dayandırmağı, dövlət-vətəndaş qarşıdurmasına səbəb olan bu halları dərhal aradan qaldırmağı tələb edir.

     

    VHP Siyasi Şurası

  • Dirçəliş Günü Türkiyədə də qeyd olundu

    Türkiyənin Qaziantəp Universitetində Azərbaycanın Dirçəliş Gününə həsr olunmuş şölən keçirilib.

    Türkiyəyə səfərdən dönən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, öncə Qaziantəp Universitetinin Atatürk Mərkəzində şəhər ictimaiyyətinin, qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə «Azərbaycan-Türkiyə ilişkilərində ədəbiyyat, sənət, mədəniyyət və musiqi» mövzusunda konfrans düzənlənib. Konfransda Universitetin Türk dili və ədəbiyyatı bölümünün rəhbəri Rahi Ərsoy və Türkiyənin Azərbaycanda da yaxşı tanınan sənətçi və yazarı Əhməd Şəfəq çıxış ediblər.

    Azərbaycandan isə millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və hazırda Qaziantəp Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında müəllim olaraq çalışan professor Babək Qurbanov iki ölkə arasındakı münasibətlərin siyasi, tarixi və mədəni yönlərinə həsr olunmuş məruzə ediblər. Ardınca Konservatoriyanın Türk xalq musiqisi ansamblı və Şanlı Urfa Harran Universitetinin müəllimi, Azərbaycanın məşhur piano ustası Əfqan Salayev, tanınmış araşdırıcı və tarzən, yüzlərlə xalq musiqisini nota köçürən İlqar İmamverdiyev və başqalarının iştirakı ilə Dirçəliş Günü ilə bağlı böyük konsert verilib. Konsertdə əvvəldən axıra qədər Azərbaycan xalq mahnıları və bəstəkar musiqisi ifa edilib.

    Millət vəkili Sabir Rüstəmxanlı daha sonra sözügedən universitetdə təhsil alan 50-dək azərbaycanlı tələbə ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

    Növbəti tədbir isə Türk Dünyası Araşdırmaları Vaqfının təşəbbüsü ilə İstambul Universitetində keçirilib. Macar alimlərinin də qatıldığı konfransda Sabir Rüstəmxanı «Macarıstan-Türkiyə-Azərbaycan əlaqələri və Türk Dünyasının problemləri» mövzusunda məruzə ilə çıxış edib.

    Daha sonra İstambulda açılan böyük sərgidə iştirak edən Sabir Rüstəmxanlı Türkiyənin məşhur qələm sahibləri ilə fikir mübadiləsi aparıb.

    Səfər DAK-ın Türkiyədəki Azərbaycan dərnəkləri ilə əlaqələri möhkəmlətmək baxımından əhamiyyətli olub.        

     

  • Nə səbəbə ordu bu günə salınıb?

    “2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 161 nəfərə çatıb. Onlardan 90 nəfəri ölüb, 71 nəfəri isə yaralanıb və ya müxtəlif xəsarət alıb. Gənclər olaraq atəşkəs dövründə bu qədər itkiyə biganə qala bilmərik. Bu məqsədlə dekabrın 3-də Fəvvarələr meydanından Natəvanın heykəlinə doğru ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarı ilə dinc yürüş edəcəyik. Azərbaycan ordusundakı itkilərə biganə olmayan hər kəs bizə qoşulsun. 03.12.2011 tarixində əsgər ölümlərinə birgə yox deyək!”

    Bu sətirlər Facebook sosial şəbəkəsində Gənc Siyasi Məhbusların Müdafiə Komitəsi adından yayılıb. Belə ki, dekabrın 3-də gənclər ordudakı ölüm hallarına etiraz əlaməti olaraq dinc aksiya keçirəcək.

    Vətəndaş Həmrəyliyi Partiyası sədrinin gənclər üzrə müşaviri Samir Əsədli hesab edir ki, son 9 ayda 90-dan artıq əsgərin ölməsi, 95 əsgərin yaralanması rəzalətdir: “Təbii ki, ölkə müharibə şəraitindədir. Amma bu əsgərlərin yarıdan çoxu qeyri-döyüş şəraitində ölüb. Müdafiə Nazirliyi rəsmiləri bu məsələlərə açıqlama verməlidir. Rəsmilər deyir ki, ordunu tənqid etmək olmaz, çünki müharibə şəraitindəyik və düşmən buna sevinər. Bəs hələ həyata gözləri açılmamış 18 yaşlı uşaqlar bilinməyən şəraitdə dünyasını dəyişirlər, evlərinə meyitləri gedir? Kimdir bunun günahkarı? Nə səbəbə ordu bu günə salınıb? Bir tikə çörək möhtacı ilə övlad böyüdən valideynin heç bir səbəb göstərilmədən 18 yaşlı oğul tabutu almasını kim qəbul edər? Hələ onu demirik ki, atəşkəsi bayraq edən hakimiyyət erməni gülləsindən dünyasını dəyişən əsgərlərimizə belə şəhid statusu vermir. Buna hansı valideyn, hansı ürək dözər və növbəti övladını əsgər göndərərmi? Təbii ki, ölkə rəhbərliyi bu məsələlərə aydınlıq gətirməlidir”.

    Müsavat Partiyasının Gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı qəzetimizə açıqlamasında dedi ki, aksiyanın təşkilatçısı müstəqil gənclərdir: “Biz sadəcə bu tədbiri dəstəkləyirik. Üzvlərimiz də bu aksiyanın tərəfdarıdır. Siyasi mövzularla bağlı etirazımızı bildirsək də bu kimi həssas məsələlərdə də mövqeyimizi bildiririk. Məlumatıma görə, aksiya şüarsız, dinc şəkildə keçiriləcək. Bizim tərəfimizdən də heç bir şüar səsləndirilməyəcək. Əsgər ölümlərinə susmaqla etiraz edəcəyik”.

    Emil SALAMOĞLU

    “Yeni Müsavat”

  • VHP Azərbaycan xalqını təbrik etdi

    17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

    «Əziz soydaşlarım!

    23 il bundan əvvəl – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu.

    17 Noyabrda millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı.

    Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda xalqımıza uğurlar arzulayıram».

  • VHP-çilər vicdan məhbuslarına kitab topladı

    2 aprel mitinqlərində həbs edilən gənc siyasi fəallara dəstək kampaniyası çərçivəsində Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatı (GT) kitab toplayıblar.

    Bu barədə açıqlama verən  VHP GT sədri Emil Bağırov bildirdi ki, artıq kampaniya başa çatıb: «Biz qısa müddət ərzində 150 kitab topladıq. Kitabların arasında müasir Azərbaycan ədəbiyyatından tutmuş rus klassiklərinə qədər müxtəlif əsərlər, elmi, siyasi nəşrlər toplandı. Dünən isə biz topladığımız kitabları gənc vicdan məhbuslarına çatdırılması üçün rəsmi qurumlara təhvil verdik».

    Emil Bağırov kitab toplama kampaniyasında iki məqsəd güddüklərini söylədi: «Biz həm onlara mənəvi dəstək olduğumuzu nümayiş etdirdik, həm də zorla təhsildən, ali məktəblərdən təcrid edilən bu yaşıdlarımızın bədii, elmi və siyasi yeniliklərlə tanış olmalarını istədik. Ümidvarıq ki, Azərbaycan gəncliyinin ən intellektli və aparıcı şəxsləri olan gənc vicdan məhbusları ictimai, siyasi və ədəbi proseslərdən dərhal xəbər tutmaqla, məhbəsdən yenə də ən intellektli gənclər olaraq çıxacaqlar. Heç bir təzyiq onların demokratik dəyərlərə sahib olmalarının qarşısını ala bilmədiyi kimi, heç bir həbs də onları təhsildən, maariflənmədən geri qoya bilməz».

      VHP GT Mətbuat Xidməti