Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Rafiq Manaflı-55

    Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP)  sədri, millət vəkili Sabir Rüstəmxanlı VHP Ali Məclisinin sədri Rafiq Manaflını 55 yaşı münasibətilə təbrik edib.

    Təbrikdə deyilir: «Rafiq bəy! 55 yaşınızı təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.

    Sizin 55 illik ləyaqətli və zəngin ömür yolunuzun bir əsas məqsədi və qayəsi olub: Vətənə , onun müstəqillik idealına, onun vətəndaşnın azadlıqlarına xidmət göstərmək! Ən gənc yaşlarından – ali məktəb illərindən başlayaraq Siz həmin ideal uğrunda yaşamış, mübarizə aparmış və nəhayət, bu mübarizənin başında duran aparıcı şəxsiyyətlərdən biri olmusunuz. 1988-ci ildə başlanan xalq hərəkatının fəal iştirakçılarından, 1989-cu ildə təsis edilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradıçılarından və fəal üzvlərindən olmusunuz Sizin siyasi fəaliyyətinizin mühüm bir hissəsi Vətəndaş Həmrəyliyi Partiyası ilə bağlıdır. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, həmin ildən VHP Siyasi Şurasının üzvü olmusunuz. Artıq 12 ildir VHP Ali Məclisinin sədrisiniz. Bu partiyanın inkişafında, təşkilatlanmasında, idarə olunmasında, onun ölkədə siyasi qüvvəyə çevrilməsi istiqamətində yorulmadan çalışmısınız. Bu gün də partiyanin Məclis sədri olaraq fəaliyyətinizi davam etdirirsiniz.

    Hörmətli Rafiq bəy !

    Bir daha Sizi yubileyiniz münasibəti ilə təbrik edir, səxsi həyatınızda xoşbəxtlik, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram».

  • “Romantika bizim dünyamızın sahillərindən çəkilib gedir“ – İbrahim Quliyev

    Vhp.az şair-publisist, tərcüməçi, VHP-nin İdeologiya Şöbəsinin müdiri, “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyevin Kulis.az-a müsahibəsini təqdim edir:

    – İbrahim müəllim, uzun illərdir ki, həm elmi fəaliyyətlə, həm jurnalistika ilə, həm tərcüməçiliklə, həm də bədii yaradıcılıqla məşğul olursunuz. Bu sahələrdən hansı sizə daha doğmadır?

    – Doğmalıq nə üzərində və nə zaman işləməkdən, mövzunun sənin ruhuna, düşüncənə nə qədər yaxın olmasından asılıdır. Ümumiyyətlə, sifarişli iş çox nadir halda insanın istəyi, onun yaradıcılıq ampluası ilə üst-üstə düşür. Xüsusən, tərcümə işində belə hallar çox olur. Çünki biz o qədər varlı da deyilik ki, sifarişlərdən, təkliflərdən imtina edək. Qaldı qeyd etdiyiniz üç sahəyə… Ürəyimə yatan mövzunun hansı fəaliyyət sahəsinə daxil olmasının fərqi yoxdur, özümü orada doğma hiss edirəm. Məsələn, bir tərcüməçi kimi “Qüssə mələyi”ni, “İrəvan bir müsəlman vilayəti idi” kitablarını, Foruğ Fərruxzadın şeirlərini birnəfəsə tərcümə eləmişəm. Nizami yaradıcılığında zərdüştiliyin tədqiqi ilə də eyni şövq və həvəslə məşğul oluram. Çünki dahi Nizaminin və bəşəriyyətin ilk dini kitabının yaradıcısı olan Zərdüştin bizim genetik yaddaşımızda dərin izləri var. Nizami özü nə qədər müsəlman olsa da, o da genetik yaddaşın hüdudlarından tam çıxa bilməyib, təhtəlşüurun diktəsi ilə hər bir əsərində ya açıq, ya da gizli şəkildə bu dinə üz tutub. Bunu araşdırmaqdan gözəl nəsə ola bilərmi? Bədii yaradıcılığa gəldikdə isə, ancaq öz hiss və duyğularımla baş –başa qalanda kompüter klaviaturası arxasında oturmuşam. Diqqət yetirsəniz görərsiniz ki, mənim bədii parçalarım çox azdır, çünki mövzu ilə qaynayıb-qarışmadan yazmıram.

    – Arada ədəbi tənqidi yazılarınıza rast gəlirəm. Bugünkü ədəbi proses haqda nə deyə bilərsiniz?

    – Əgər proses deyiriksə, ilk növbədə onun davamlılığını nəzərdə tuturuq. 90-cı illərdən bu yanakı inkarlar və təsdiqlər mənə çox tanışdır. XX yüzilliyin əvvəlindəki rus ədəbiyyatına baxın: onlarla cərəyan, onlarla tendensiya; futurizm, naturalizm, formalizm, realizm və sair. Və ilaxır. Bolşevik inqilabından sonra inkarlar, ənənədən imtinalar, yeni prinsiplər … Əslində, bunlar hamısı ictimai-siyasi təlatümlərin ədəbiyyatda inikasından başqa bir şey deyil. Okean sakitləşən kimi nəhəng gəmilər yenə öz yerində görünür. Sadəcə, bu tufanlarda hələ lövbər ata bilməmişlər batıb gedir. Bəlkə onlar daha uzaqlara üzüb gedə bilərdi. Faciə bundadır ki, bu illərdə onlarla istedadlı gənc öz gücünü və enerjisini inkarlara, ənənələri dağıtmağa sərf elədi. Halbuki, “fırtınadan doğulanlar” onsuz da tarixin arxivinə qovuşacaqdı. Həmin gənclər yalnız indi-indi, təxminən 20 ildən sonra ədəbiyyata qayıdırlar. Gündəlik mətbuatda qalmaqallara sərf etdikləri güc və enerjini bərpa edib yeni bədii əsərlərlə çıxış edirlər. Baxın, son dövrlərdə Seymur Baycanın, elə sənin özünün necə maraqlı əsərləri ərsəyə gəlib. Demək istədiyim odur ki, proses məfhumu mənim təsəvvürümdə ədəbiyyatı öz dibsiz dərinliyinə dartan ictimai-siyasi hadisələr burulğanını assosiasiya edir. Yazıçı isə hadisələrin içində, bir qədər də dəqiq desək, ümumi axında yox, ya həyatın dibində, ya da fövqündə olmalıdır. Çünki müşahidə aparmaq üçün bir qədər aralıda dayanmaq daha yaxşıdır.

    – Ədəbi tənqid bu gün öz üzərinə düşən vəzifələri yerinə yetirə bilirmi? Bəziləri deyir ki, ədəbi tənqid artıq öz funksiyasını itirib. Bu fikrə münasibətiniz necədir?

    – Ədəbi tənqid ədəbiyyatla elmin baş-başa uyuduğu məkandır. Onun qarşısında hansı əlahiddə vəzifələri ola bilər? Burada söhbət sadəcə, səbəb və nəticədən gedə bilər. Məncə, ədəbiyyatın qarşısında duran vəzifələr həm də ədəbi tənqidin vəzifələridir. Əgər ədəbiyyat öz üzərinə düşən vəzifələri yerinə yetirirsə, bu, həm də ədəbi tənqidin öz vəzifələrini yerinə yetirməsidir. Fərq bircə ondadır ki, yazıçının obrazları, baş qəhrəmanı həyatdan gəldiyi halda tənqidçinin qəhrəmanları ədəbi mühitdən, kitablardan gəlir. Yazıçı özü bu zaman baş qəhrəman rolunda çıxış edir. Buna görə də ədəbi tənqid-necə ki, əksəriyyət bizdə belə qəbul edir-sadəcə dilə yatmayan terminlərin dalbadal düzülüşü, mürəkkəb sintaktik quruluşlu cümlə kimi başa düşülməməlidir. Bizdə ədəbi tənqidin dili bütün zamanlarda tərcümə dilini xatırladıb. Doğrudur, bir vaxtlar Asif Əfəndiyev ədəbi tənqidi bədii-fəlsəfi bir üslub üzərinə gətirməyə çalışsa da buna müvəffəq olmadı. Amma Yaşar Qarayev öz nümunəsində ədəbi tənqidin poeziyasını yarada bildi. Bu gün artıq ədəbi tənqidin klassik funksiyasından danışmaq doğru olmaz. Sovet dövründə konkret ideologiya var idi, ədəbi tənqid əsərin ideyası pərdəsi altında həmin ideologiyanın parametrlərindən kənara çıxanları daşqalaq etməklə məşğul olurdu. Bu gün həmin vəzifələr yoxdur. Ədəbi tənqidin yeni vəzifələri isə tənqidlə məşğul olanların özlərinə belə bəlli deyil. Ona görə də bu birləşmədəki “tənqid” sözü sıradan çıxmalıdır və getdikcə çıxır. Rəhim Əliyev, Vaqif Yusifli, Əsəd Cahangir, Cavanşir Yusifli, Akif Hüseynov və digər alimlərimiz sadəcə, müasir ədəbi prosesi izləməklə və ona rəy bildirməklə məşğul olurlar.

    – Çox gözəl şeirləriniz var. Mən hələ 90-cı illərdə sizin ədəbi jurnallarda şeirlərinizə rast gəlmişəm. Məncə, bir şeirlər kitabınız da çıxıb. Uzun müddət poeziyadan aralı düşdünüz? Bu, nəylə bağlı idi?

    – Çap olunmamaq, yazmamaq deyil. Şeir yazmışam və indi də yazıram, sadəcə, onları yığıb çap etdirməmişəm. Ötən əsrin sonlarında çap olunan “Dar ağacı” adlı şeirlər toplumunu da əslində xalq şairi Sabir Rüstəmxanlı çap edib. O, şeirlərimi oxuyandan sonra onlara əla bir ön söz yazaraq mətbəəyə aparmağımı tapşırdı. Beləcə, birinci və hələlik son şeirlər kitabım nəşr olundu. Bu illər ərzində xeyli şeir yazmışam, yəqin ki, bir kitab da çap etdirəcəyəm. Qaldı az yazmağıma, məncə, bütün sənətlər haqqında işlənən peşəkarlıq sözünü heç cür şeirə aid etmək olmaz. Axı, insan necə peşəkar şair ola bilər? Bu, o deməkdir ki, o, kefi istəyən anda sevə və ya sevməyə bilər. Halbuki sevgi yeganə duyğudur ki, heç vaxt bizim iradə və ağlımızdan asılı olmayacaq. Şeir də beləcə.

    – Bu gün sanki şeir nəsrə nisbətən bir qədər kölgədə qalır. Bunun səbəbləri nədir?

    – Çünki həyatımız “prozaikləşib”. Romantika bizim dünyamızın sahillərindən çəkilib gedir. Şeir sabah haqqında duyğuların və keçmişlə bağlı kövrək xatirələrin poetik əks sədasıdırsa, nəsr reallıqdır. Əgər nəsr şeiri üstələyibsə, deməli biz keçmişi unutmağa və gələcək haqqında düşünməməyə başlamışıq. Bunu ağılın ürək üzərində qələbəsi kimi yox, hər ikisinin itkisi kimi başa düşməliyik. Bir məqamı da deyim, gəncliyində şeir yazan istedadlı şairlərin əksəriyyəti yaş keçəndən sonra nəsrə keçiblər. Ona görə ki, gənclik və sevgi çağları şeiri də özü ilə aparır. Əgər bütün dünyada nəsr poeziyanı üstələyibsə, deməli, dünyamız qocalmağa başlayıb.

    – Siz bayaq dediyiniz kimi, İran şahı Pəhləvinin birinci xanımı Föziyyə xanımın xatirələrini, Foruğ Fərruxzadın şeirlərini fars dilindən bizim dilə çevirmisiniz. Cənubda yaranan ədəbiyyatın bizim dilə tərcüməsi hansı səviyyədədir?

    – Çox bərbad vəziyyətdə. Şərq dillərindən sistemli bədii tərcümə yoxdur. Ayrı-ayrı şəxslərin öz təşəbbüsləri ilə etdikləri tərcümə hesabına biz Şərq ədəbiyyatını, tutalım, İranda gedən ədəbi prosesi öyrənə bilmərik. Bunun üçün dövlət sifarişləri, Şərq dillərindən birbaşa tərcümə edən mərkəzlər olmalıdır. Onu da deyim ki, ədəbiyyat böyük institutların, strateji mərkəzlərin proqnozlaşdıra bilmədiyi prosesləri daha tez duyur, hiss edir və əks eləyir. Bu mənada da ədəbi əsərlərin vaxtında dilimizə çevrilməsi çox faydalı olar. Digər tərəfdən, Güney Azərbaycanda yaşayan çoxsaylı soydaşlarımız da obyektiv səbəblər üzündən fars dilində yazmaq məcburiyyətində qalıblar. Onların da bizim oxuculara çatdırılması vacibdir.

    – Bu gün tərcümə olunan əsərlərin keyfiyyəti bir tərcüməçi kimi sizi qane edirmi?

    – Birmənalı şəkildə deyim ki, tərcümə səviyyəsi oxucunu razı sala bilən əsərləri barmaqla saymaq olar. Əvvəla, bizdə demək olar ki, orijinaldan tərcümə yox səviyyəsindədir. Əsərlərin böyük əksəriyyəti rus dilindən çevrilir ki, bu da istər-istəməz əsl mətndən uzaqlaşmaya gətirib çıxarır. Bundan əlavə, son illərdə meydana çıxan tərcümələrdə bir tələskənlik, pintilik hökm sürür. Sanki əsər redaktor, korrektor tərəfindən oxunmayıb. Oxucuya qeyri-mükəmməl, natamam iş təqdim olunur. Əlbəttə, bunun əsas səbəbi tərcüməçinin tərcümə etdiyi dili və öz dilimizi mükəmməl bilməməyidir. Vaxtilə bizdə çox yaxşı tərcüməçilər və nümunəvi tərcümələr olub. Məsələn, “Yevgeni Onegin”in tərcüməsini bütün zamanlar üçün şedevr hesab etmək olar.

    – İbrahim müəllim, siz həm də Əfqanıstanda döyüşmüsünüz. Rəhmətlik yazıçı dostumuz Zakir Sadatlı o dövr haqqında “Əfqanıstan uçurumu” adlı çox gözəl bir əsər yazdı. Siz həyatınızın Əfqanıstan dövrüylə bağlı xatirələrinizi yazmaq haqda düşünürsünüzmü?

    – Zakir Sadatlı aramızdan vaxtsız getdi, Allah ona rəhmət eləsin! Yaxşı da kitab yazıb, o əsəri mən bir gecəyə oxudum. Yerlər, döyüş bölgələrinin əksəriyyəti mənə tanışdır. Üstəlik, Zakir hadisələrə bu günün prizmasından baxa bilib. Mən də əvvəllər Əfqanıstan haqqında bir neçə xatirə yazmışam, fikrim var ki, haçansa onları bir yerə toplayıb, memuar kimi oxuculara təqdim edim. Yaxın vaxtlarda bunu edəcəyəm. Üstəlik, həmin kitabı elə Zakirin xatirəsinə ithaf etmək fikrim var. Axı biz yaxın taleyin övladları olmuşuq.

  • Rüstəmxanlıdan YAP-çı redaktora ağır ittihamlar

    Sabir Rüstəmxanlı: «Bu gün dərc olunan «Azərbaycan» qəzeti, Cümhuriyyət dövründə dərc olunan “Azərbaycan»ın davamçısı deyil»

    “Azərbaycan” qəzetinin ötən günkü sayında qəzetin 95 illiyi münasibətilə geniş yazı dərc olunub. Yazının müəllifi “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdur.

    Məqalədə qəzetin keçdiyi yol, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyəti,Ü.Hacıbəyli, Ş.Rüstəmbəyli, X.Ibrahimli, M.Ə.Rəsulzadə, F.Ağazadə, M.Hadi, H.I.Qasımov, M.Şahtaxtlı, A.Ziyadxanlı, Ə.Müznib, Ə.Cavad və başqalarının qəzetdəki fəaliyyətindən söhbət açılır. 

    Daha sonra qəzetin 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etməsindən, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal rolundan, Heydər Əliyevin qəzetə diqqət və qayğısından söhbət açılır. 

    Ancaq məqalədə “Azərbaycan” qəzetini 2-ci dəfə bərpa etmiş, 2 il bu qəzetin redaktoru olmuş Sabir Rüstəmxanlının adı çəkilmir. Sanki bu məlum tarix heç olmayıb, bu şəxsin “Azərbaycan” qəzeti ilə bağlılığı yoxdur.

    Məqalədə yazılanlarla bağlı millət vəkili Sabir Rüstəmxanlı öz fikirlərini belə ifadə etdi: “Bu qəzet haqqında bir kitab çap etmişdilər və həmin kitabda qəzetin indiki redaktorunun 50-60 şəkli yer alımışdı. Ancaq qəzeti yaradanlar, bərpa edənlər haqqında heç bir cümlə yox idi. Bu, Azərbaycanın müstəqilliyinin bərpasını, xalq hərəkatının tarixini unutdurmaq cəhdidir. Bu, rəsmi dairələrin və bu dairələrin rəsmi orqanı olan qəzetin mövqeyidir. Hansıki bu qəzeti 1989-cu ildə mən bərpa etmişəm və 2 il bu qəzetin redaktoru olmuşam. ”Azərbaycan” qəzeti 400 min tirajla çıxırdı və azad qəzet idi. Bu qəzetin Azərbaycan mətbuatının inkişafında, ictimai şüurumuzun inkişafında böyük rolu olub. Indiki “Azərbaycan” qəzetinin rəhbərliyinin reallıqları gizlətmək cəhdi əbəsdir və indiki “Azərbaycan” qəzeti Xalq Cümhuriyyəti qəzetinin davamçısı deyil. Bu qəzet sadəcə Milli Məclisin bir bülletenidir. Indiki “Azərbaycan”ın  özünü Cümhuriyyət dövründə, 1989-cu ildə çap olunan “Azərbaycan” qəzetlinin davamçısı hesab etməyə mənəvi haqqı yoxdur. Bu gün “Azərbaycan” qəzeti öz fəaliyyət prinsiplərindən ayrı düşüb və tamam başqa istiqamətdə fəaliyyət göstərir”.

    “Azadlıq” qəzeti

  • Sabir Rüstəmxanlı 18 oktyabr günü ilə bağlı xalqı təbrik edib

    Dövlət müstəqilliyimizin bərpasının 22-ci ildönümü münasibəti ilə VHP sədri, millət vəkili, İstiqlalçı deputat Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik etmişdir Təbrikdə deyilir:

     

    Sizi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    1991-ci ilin 18 oktyabr xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir gündür Məhz həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.

    Müstəqilliyin bərpası uğrunda xalq hərəkatı 1988-ci ildən açıq müstəviyə keçsə də, bu böyük yolu yalnız 3 illə məhdudlaşdırmaq olmaz. 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsində ki, milli şüur daim yaşadı və 80-ci illərdə böyük bir axına çevrildi. “İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. Ona görə də imzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd cavadın Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin,  və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin  və onun silahdaşlarının adları da hekk olunub.

    Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.

    Dövlət Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün önəmli və şanlı bir tarixi dir ancaq o günün şahidləri və iştirakçıları üçün bütün hiss və həyəcanları, sevinci-kədəri, ağrı-acısı, xoşbəxtliyi ilə daim yaşayan, heç vaxt Dünənə çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar.

    Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram”.

  • Sabir Rüstəmxanlı deputatlara etiraz edib

    Milli Məclisin bugünki iclasında millət vəkili Sabir Rüstəmxanlı soyadların milliləşdirilməsi sahəsindəki vəziyyətə toxunaraq, hələ də yeni doğulan uşaqlara “ov, “yev” soyad sonluqlarının verilməsindən narazılıq edib.

    Modern.az-ın xəbərinə görə, deputat qeyd edib ki, soyad sonluqlarının milliləşdirilməsi vacib məsələdir və bu, həyata keçirilməlidir.

    “Mən bilmirəm, hansı mexanizm tapılmalıdır ki, bu iş başa çatdırılsın. Buna mane olan hansı qüvvədir?”.

    Daha sonra o, himn məsələsində deputat Elman Məmmədovu dəstəkləyib. Bildirib ki, Milli Məclisdə Azərbaycanın dövlət himinin oxunması vacibdir və oxunmalıdır.

    S.Rüstəmxanlı dövlət himinin səsləndirilməsi ilə bağlı iradlarını bildirib. Deputat qeyd edib ki, himn ifası zamanı qadın səsi daha çox nəzərə çarpır. O bunu himinin 15-20 il əvvəl oxunması ilə əlaqələndirib və bildirib ki, bu məsələyə yenidən qayıtmaq lazımdır.

  • VHP-21 illik şərəfli tarix

    Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən 21 il ötür. Partiyanın 1992-ci il sentyabrın 26- da Gənc Tamaşaçılar Teatırında təsis qurultayı keçirilərkən irəli sürdüyü “Nicatımız Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühatində ana xətt kimi öz əhəmiyyətini saxlamaqdadır. O zaman VHP tərəfindən Azərbaycan cəmiyyətinə gətirilən “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” kimi ideoloji prinsiplər aradan illər keçəndən sonra genişlənərək böyük ictima gücə çevrilmişdir. Çünki VHP heç bir siyasi şəraitdə öz siyasi xəttindən yayınmamış, əqidə və məslək yolundan dönməmişdir. Tarix regionda baş verən mürəkkəb ictimai-siyasi proseslər fonunda vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün ideologiya olduğunu dəfələrlə sübut etmişdir. Bu gün Azərbaycanın bütün siyasi qüvvələri, hansı düşərgəyə məxsus olmasından asılı olmayaraq, dövlətçiliyimizin xilasının məhz vətəndaş həmrəyliyindən keçdiyini etiraf etməkdədirlər.

    Bu,VHP-nin zamanı nə qədər qabaqladığını, öz strateji məqsədlərində hədəfə nə qədər yaxın olmasının göstəricisi sayıla bilər. Vətəndaş Həmrəyliyi Partiyası məhz bu uzaqgörənliyi sayəsində xalqımızın dərin rəğbətini qazanmış, on minlərlə insanın əqidə ocağına çevrilmişdir. Bu gün VHP-nin səksənə yахın rаyоn təşkilatında 20 minə yaxın insan birləşib. Müstəqilliyimiz başlayan dövrdən pаrlаmеntdə təmsil оlunаn VHP hazırda dеmоkrаtik qüvvələr düşərgəsində öz yеri olan pаrtiyаlаrdаn biri sayılır.

    Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin VHP yaranarkən söylədiyi fikirləri tarix dönə-dönə təsdiqləmişdir: ” VHP-nin Nizamnaməsindən və Məramnaməsindən də aydın görünür ki, partiya Azərbaycanda Vətəndaş Həmrəyliyi, milli birliyin, qarşılıqlı anlaşmanın bərqərar edilməsi kimi nəcib və son dərəcə lazımlı işə xidmət edir. Məlumdur ki, indi həmrəyliyin və birliyin Azərbaycandakı bütün hərəkat və cərəyanların, partiya və cəmiyyətlərin, respublika vətəndaşlarının hamısının mübarizə şüarına çevrilməsinə çox böyük ehtiyac var. Qarşısına bu cür pak məqsəd qoyan partiyanın durmadan möhkəmlənəcəyinə və xalq tərəfindən hər zaman müdafiə olunacağına şübhə etmirəm”. Həqiqətən də bu gün respublikamızda VHP-siz hər hansı siyasi prosesi təsəvvür etmək mümkün deyil.

    VHP-nin bir çox üzvləri hazırda İctimai Palata və Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunmaqdadır. Hədəf Azərbaycanda tam demokratiyaya, insan haqlarına, söz azadlığına nail olmaqdır.

    VHP bu siyasi kursu sonadək davam etdirməkdə qərarlıdır.

  • VHP bəyanat yaydı

    Son günlər baş verən hadisələr, müxalif liderlərə, xüsusən də onların ailə üzvlərinə qarşı baş verən hadisələr, gənclərə qarşı həyata keçirilən repressiya siyasəti ilə bağlı VHP bəyanatla çıxış edib.

    Bəyanatda deyilir: “Milli demokratik qüvvələrə, xüsusilə də gənclərə qarşı hakimiyyətin zor aparatı son günlər daha kəskin addımlar admaqdadır. 22 setyabr mitinqindən sonra AXCP sərdri Əli Kərimlinin oğlunun şərlənərək həbs edilməsi, Milli Şuranın sözçüsü Oqtay Gülalıyevin oğlunun döyülərək bıçaqlanması dediklərimizə sübutdur. Baş verən hadisələrin xarakteri bütün bu əməllərin təsadüf deyil, eyni mərkəzdən idarə olunan siyasi sifariş olduğunu göstərir.Bu həm də birinci hal deyil, zəncirvari zorakı əməllərin davamıdır. Təzəxan Mirələmlininin, Gültəkin Hacıbəylinin və onlarla digər müxalif fəalların timsalında biz bu cür təzyiq üsulunun dönə-dönə şahidi olmuşuq. Hakimiyyət 20 il ərzində iradəsini qıra bilmədiyi insanlara indi övladları – gənclər vasitəsilə təzyiq göstərməyə çalışır.
    Bu gün həbsxanalarda cəza çıkən NİDA-çılar da bu belə bir əcaib siyasətin qurbanlarıdır.
    Vətəndaş Həmrəyliyi Partiyası bütün baş verənləri qətiyyətlə pisləyərək, tezliklə repressiyalara son qoyulmasını tələb edir. “

  • VHP Naxçıvan MR nümayəndəsi Fərid Əsgərli ATƏT nümayəndələri ilə görüşüb

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri Olena Qreçcanyuk və Vida Koren Holm Naxçıvanda səfərdədir. Onlar sentyabrın 17-də müxalifət nümayəndələri ilə görüşüblər.

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Fərid Əsgərli bildirib ki, görüşdə VHP ilə yanaşı AXCP, Müsavat və Ümid partiyalarının yerli təşkilatlarının sədrləri də iştirak edib: “Əsasən muxtar respublikadakı seçki öncəsi vəziyyət, seçkilərə hazırlıq və müxalifət partiyalarının fəaliyyəti müzakirə edilib. Biz seçki prosesinin ilk günündən, imzatoplama kampaniyasından başlamış hazırkı vəziyətə kimi bəzi məsələləri müzakirə etdik”.

    F.Əsgərli qeyd edib ki, Naxçıvandakı ictimai-siyasi vəziyyət də müzakirə olunub: “Müşahidə missiyasının üzvləri bildirdilər ki, seçkilərin dolğun müşahidəsinə çalışacaqlar”.

  • VHP üzvləri Türk Şəhidliyi ziyarət etdi-FOTO

    Bu gün saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP) rəhbərliyi və fəalları 1918-ci il sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə Türk Şəhidliyini ziyarət edilib.  Həmçinin ziyarətə DAK üzvləri də qatılıblar.

    Mərasim zamanı Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş şəhidlər bir daha yad edilib, onlarına ruhuna dualar oxunub və abidənin önünə əklil qoyulub. Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinin tarixində Nuru Paşanın komandanlığı altında Türk-İslam Ordusunun Azərbaycana gəlişi qızıl səhifədir: “Bu bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən bir hadisə idi. Əgər Türk-İslam Ordusu olmasaydı, bu gün Bakı Dərbənd kimi bir rus şəhəri olardı. Əgər Bakı işğaldan azad olunmasaydı, Azərbaycan dövləti indiki sərhədləri daxilində mövcud ola bilməzdi. Ona görə də Bakıda Türkiyə-Azərbaycan qardaşlığını əks  etdirən böyük bir abidəyə ehtiyac var. Bakını erməni-bolşevik işğalından azad edənlərin xatirəsi əbədiləşdirilməlidir. Bu abidə həm Nuru Paşanın qəhrəmanlığını göstərməli, həm də türk əsgərlərinin Azərbaycana gəlişini özündə ehtiva etməlidir. Təəssüflər olsun ki, biz bu günə qədər Türk-İslam Ordusunun Azərbaycan üçün gördüyü işləri əbədiləşdirmək üçün muzeylərin yaradılması, abidələrin qoyulması sahəsində iş görə bilməmişik. Halbuki bizim onların qarşısında bir vəfa borcumuz var. Zaman, illər keçsə də, Nuru Paşanın komandanlığı altında Bakıya gələn ordunun qəhrəmanlığı, tariximizdəki, bütövlüyümüzdəki rolu və Azərbaycanın bugünkü sərhədlər içərisində dövlət qurmasında oynadığı mühüm rol heç vaxt unudulmayacaq”.

     

    VHP Mətbuat və İnformasiya Xidməti


  • Cəmil Həsənli emüxalifətin vahid namizəd oldu

    Tarixçi alim Cəmil Həsənli Milli Şuranın 23 avqust sessiyasında prezidentliyə ehtiyat namizəd seçilib. “Media forum” saytı xəbər verir ki, səsverməyə qatılan 74 nəfərin 72-si Cəmil Həsənlini dəstəkləyib. 

    Demokratik Qüvvələrin Milli Şurası iyunun 7-də yaradılıb. İyulun 2-də şuranın sədri Rüstəm İbrahimbəyov qurumun prezidentliyə vahid namizədi elan olunub. Ancaq Moskvada yaşayan Rüstəm İbrahimbəyov Azərbaycana gəlib seçkiyə qatıla bilmir.

    Cəmil Həsənli 1952-ci ildə Biləsuvarda anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. 20-dən çox kitabın müəllifidir.

    1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. Ziyalılar Forumunun üzvüdür. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.