Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Rafiq Manaflı: “Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı fikir ayrılığı var”

    Bu gün Demokratik Qüvvələrin Milli Şurasının komissiya və qurumda təmsil olunan partiya sədrlərinin görüşü keçirilib.

    Bu barədə APA-ya məlumat verən Milli Şuranın üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı bildirib ki, toplantıda Milli Şuranın həmsədrlik məsələsi, qurumun perspektivləri, strategiyası və təşkilati məsələləri müzakirə edilib. Onun sözlərinə görə, Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı fikir ayrılığı var: “Yəni bir qrup bu ideyanın əleyhinə, digəri isə lehinədir. Bəzi üzvlər həmsədrliyi qurum üçün ziyanlı hesab edir”.

    R. Manaflı onu da əlavə edib ki, Milli Şuranın növbəti sessiyası üçün təkliflər paketi hələ hazır olmadığı üçün sessiya gecikir: “Bütün təkliflər nəzərə alınıb sistemləşdirilməli, sessiyaya təqdim olunacaq səviyyəyə gətirilməlidir. Qurumun əsasnaməsi, strukturlaşdırılması, strategiyası müzakirə olunub, sessiyaya təqdim olunmalıdır. Bu isə hələ hazır deyil. Ona görə də müzakirələrin davam etməsi nəzərdə tutulub”.

  • Sabir Rüstəmxanlı – BAYRAĞIM

    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Xalq şairi Sabir Rüstəmxanlının bayrağımıza həsr etdiyi şeirini oxuculara təqdim edirik.

    BAYRAĞIM


    Başımızın üstündə dalğalanan, dev bayrağım!
    Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
    Dalğalan, qoy havanla Bakımız küləklənsin,
    Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!
    Bu məğrur ucalıqda tarixin ərintisi,
    Səni kəfən yerinə geyənlərin gur səsi!
    Səni ümid yerinə qəlbində gizləyənlər
    Əsarətin, işğalın sonunu gözləyənlər,
    Səni namus səngəri, Səni qutsal əmanət,
    Səni ocaq sayaraq gizli əzizləyənlər,
    Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
    Sənə əyri baxanlar dağlansınlar gözündən…
    Hava tutqun olanda Ayı çək qucağına,
    Ulduzun işıq səpsin yurdun hər bucağına!
    Mavi – türklük şərəfim, varlığımız əbədi!
    Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!
    Qırmızı da al qanım, axdı vətən yolunda,
    Əsarət zəncirini atmaq üçün qolumdan!

    Ucal başımız üstə, ruhumuz kimi ucal!
    Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

    Dünən səni cıraraq ayaqlara atanlar
    Qızıldan tökdürərək oxşasın sinəsində!
    Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
    Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
    Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,
    Daha sənə əl çatmaz dursalar da, qəsdində.
    Bu gün azadlığımsan Bakının göylərində,
    Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

  • ATƏT təmsilçiləri VHP rəsmisi ilə görüşdülər

    Bu gun ATƏT-in Azərbaycanda Seçkileri Uzun Muddətli Müşahidə Missiyasının üzvləri cənab Gottfrid Bramer ve xanim Olqa Budko Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Sumqayit şəhər Təşkilatının sədri Elmar Sadıqlı ilə görüşmüşlər. Görüşdə secki öncəsi ictimai-siyasi vəziyyət, seckilərə hazırlıq və siyasi partiyaların yerli təşkilatlarındaki durum müzakirə edilmişdir. ATƏT nümayəndələri bu göruşü yüksək qiymətləndirmişlər.  Söhbət zamanı İctimai Palanın  Sumqayıt regional təskilatının gördüyü işlər, həyata keçirilən tədbirlər barədə məlumat vərilmişdir. Sumqayitda siyasi partiyalarin qərargahsizliq problemi, müxalifətə edilən təzyiqlər də müzakirə mövzusu olmuşdur.

    VHP təmsilçisi  missiya nümayəndələrinə də öz iradlarını da bildirərək qeyd etmişdir ki, müşahidə missiyasının qərarı həmişə gecikir. “Seçki başa çatır, andiçmə mərasimi keçirilir, yeni prezident fəaliyyətə başlayır, yalnız bundan sonra missiyanın seckilərlə bagli rəyi dərc olunur. Belə gecikmə isə proseslərə mənfi təsir göstərir”.

    E.Sadıqlı gələn müşahidəçilərin Bakı və ya Sumqayitda 1 məntəqəni sona kimi izləməsinin, həmin məntəqədəki vəziyyətdən çıxış edərək seçkilərə münasibət bildirməsinin daha düzgün nəticə çıxarmağa imkan verə biləcəyini vurğulayıb.

    O, məntəqələri 1-2 dəqiqə gəzməklə seçkilərə obyektiv qiymət vermənin mümkünsüzlüyünü də dilə gətirmişdir.

     

    VHP Mətbuat Xidməti

  • VHP Qurban bayramı münasibəti ilə müsəlmanları təbrik etdi!

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Qurban Bayramı münasibəti ilə Dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:  “Əziz həmvətənlər!

    Sizlərin hər birinizi mənəviyyatımızın, milli adət-ənənələrimizin formalaşmasında və qorunub saxlanmasında müstəsna xidmətləri olan Müqəddəs Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Tanrımızdan sizlərin qurban və dualarınızın qəbul olunmasını diləyirəm.

    Qurban bayramı İslamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

    Əziz bacı və qardaşlarım!

    İnsanları sevgiyə, sülhə, mənəviyyata, barışığa səsləyən ümümbəşər din olduğunu və bütün sivlizasiyaları özündə ehtiva edən İslamın ən müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə bir daha təbrik edirəm.

    Əziz Həmvətənlərim ! Bu müqəddəs Qurban Bayramı günündə sizə və ailənizə Allahın xeyir-bərəkəti, rəhm və mərhəməti sizin, sizi sevənlərin və sevdiklərinizin üstündən əskik olmasın. Amin!”

  • Anar Niftəliyev: “Bütün məsələlər aydınlaşdırılmalıdır”

    Sentyabrın 20-də Bakıdakı “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinmiş tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev sentyabrın 26-da “Media forum” saytına verdiyi açıqlamada gələn həftə Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət edəcəyini deyib: “MediSina” Tibb Mərkəzinin həkim heyəti sentyabrın 24-də dindirilib. Həkimlərlə yanaşı baş həkimin də izahatı alınıb. Hələlik cinayət işi açılmayıb. İşi Nəsimi rayon prokurorunun köməkçisi İsmayıl Rövşənov araşdırır. Sentyabrın 25-də qayınatam Tofiq İmanquliyevlə birgə Nəsimi Rayon Prokurorluğuna getmişdik. Baş verənləri əvvəldən sona kimi danışdıq. İfadə ancaq cinayət işi qaldırılandan sonra alınacaq.

    Prokurorluq ekspertizanın rəyini gözləyir. Amma ekspertizanın ilkin rəyi var. İlkin rəyə görə, ölümün səbəbi kimi nəfəs çatışmazlığı göstərilir. Bu məlumat mətbuatda gedəndən sonra bəziləri elə yozdular ki, guya Elnarənin nəfəs çatışmazlığı hansısa xəstəlikdən yaranıb. “Nəfəs çatışmazlığı” ifadəsini tibbi termin kimi işlədirlər. Narkoz veriləndə Elnarənin nəfəsi dayanıb. İndi nəfəs çatışmazlığının nədən yarandığı araşdırılır”.

    Anar Niftəliyev deyib ki, əməliyyat üçün “MediSina” Tibb Mərkəzini onlara məsləhət bilmiş Fərəcullah İdrisovun məsuliyyətdən yayınmağa çalışmasından narahatdır: “Fərəcullah İdrisov yol verdiyi səhlənkarlıqdan sonra utanmaq əvəzinə özünə bəraət qazandırmaq istəyir. Gələn həftə səhiyyə naziri Oqtay Şirəliyevə, Baş Prokurorluğa müraciət edəcəyəm. Çox istəyirəm ki, bu məsələ prezidentin nəzarəti altında araşdırılsın. Çox yüngül hesab olunan və adicə keyidici dərmanla – “Novokain”lə aparıla biləcək 15-20 dəqiqəlik əməliyyat idi. Narkoz verib ağırlaşdırdılar”.

    Bu cür əməliyyatı həyata keçirməyə “MediSina” Tibb Mərkəzində yetərincə avadanlıq olmadığını söyləyən Anar Niftəliyev klinikaya bütün əməliyyatları aparmaq üçün lisenziya verildiyini də qeyd edib: “Klinikanın texniki imkanları bu cür onkoloji əməliyyatlar aparmağa imkan vermir. Elnarə əməliyyat olunan günü xəstəxanaya gələn həkim dostlarımız da mövcud avadanlıqların primitiv olduğunu söylədilər. Yəqin prokurorluq onu da diqqətdə saxlayar ki, “MediSina” Tibb Mərkəzi bu cür primitiv avadanlıqlarla əməliyyata razılıq verib. Bütün bu məsələlər aydınlaşdırılmalıdır.

    Səhiyyə Nazirliyi məsələni birbaşa diqqətdə saxlamalıdır. Ən vacib məqamlardan biri də prokurorluğun klinikadakı şəraiti yoxlamaq üçün hansı addımlar atacağıdır. Başa düşürəm ki, ekspertizanın nəticəsini gözləyirlər. Amma xüsusi hərəkətlilik görmürəm. Deyirlər standart qaydalar var, bunlara əməl olunmalıdır. Nəticələr 10 gün içərisində gəlməlidir. Hələlik yalnız 6 gün keçdiyindən bir söz deyə bilmirəm. Biz şübhələrimizi dilə gətiririk ki, klinikadakı tibbi avadanlıq primitivdir. Sabah klinika rəhbərləri yeni avadanlıq alıb deyərlər ki, əməliyyatlar bu avadanlıqla aparılıb. Səhiyyə Nazirliyindən, ya prokurorluqdan gələn olanda köhnə avadanlığı yox, yenisini göstərərlər. Bu cür hallar baş verməsin deyə prokurorluğun hansı işləri gördüyündən xəbərsizəm”.

    Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimova “Media forum”a açıqlamasında Elnarə Tofiqqızının ölümü ilə bağlı bütün detalların hərtərəfli araşdırıldığını bildirib: “Araşdırmaların sonunda “MediSina” Tibb Mərkəzindəki avadanlığın bu cür onkoloji əməliyyatlar aparmaq üçün yararlı olub-olmadığı aydınlaşacaq. Hələlik araşdırma davam etdirildiyindən konkret bir söz demək mümkün deyil”.

  • ATƏT rəsmiləri VHP nümayəndəsi ilə görüşdü

    Bu gün ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə missiyasının Qərb zonası üzrə təmsilçiləri Moniko Lisitskaya və İIqor Kzima Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şəmkir rayon təşkilatının sədri Ülfət Zeynalovla görüşüb.

    VHP Şəmkir rayon təşkilatından daxil olan  məlumata görə, görüşdə qarşıdan gələn 9 oktyabr prezident seçkiləri, rayonda və bölgədə seçki ilə vəziyyət müzakirə olunub.

    Ülfət Zeynalov seçki ilə bağlı durumu nümayəndələrə izah edib. Görüş qarşılıqlı dialoq şəraitində keçib.

  • Azərbaycan müxalifətinə itki üz verdi

    Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olmuş, bütün ömrünü haqsızlığa qarşı mübarizəyə, demokratik mühitin yaranmasına həsr edən Miralim Bəhramov bu gün yaşadığı Cəlilabad şəhərində vəfat edib. Onun vəfat etməsinə səbəb ürək çatışmazlığının olduğu bildirilir.

    Bəhramov Miralim Mirxudiyar oğlu 1 yanvar 1953–cü ildə Cəlilabad şəhərində anadan olub. N.Nərimanov adına Azərbaycan Tibb İnistitunu bitirib. 1988-ci ildən başlanan Xalq Hərəkatına qoşulub. Cənub bölgəsində SSRİ-yə qarşı başlanan xalq hərəkatının fəal təşkilatçılarından və liderlərindən olub. Cəlilabadda başlanan ilk mitinqlərin təşkilatçısı olub, həmçinin, Cəlilabadda Cənubi Azərbaycanla sərhədlərin sökülməsinə də başçılıq edib. Azərbaycan Xalq Cəbhəsinin ilk qurucularından, AXC Cəlilabad şöbəsinin ilk sədri olub.

    1999-cu ildə Vətəndaş Həmrəyliyi Partiyasına (VHP)  üzv olub. 2000-2004-cü illər ərzində VHP Cəlilabad RT-nin sədri kimi fəaliyyət göstərib. Siyasi fəaliyyətinə görə o, dəfələrlə təqib və təzyiqlərə, repressiya aktlarına məruz qalıb, həbsdə yatıb.

     

    Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyi və VHP Cəlilabad RT-nin üzvləri Miralim bəyin vəfatından kədərləndiklərini bildirirlər, mərhumun yaxınlarına, dostlarına və hərəkat yoldaşlarına dərin hüznlə başsağlığı verirlər.

    Allah rəhmət eləsin.

    Məkanı cənnət olsun!

  • Bu gün Dövlət Müstəqilliyi Günüdür

    18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Dövlət Müstəqilliyi Günüdür. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib.

    1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

    Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

    Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

  • Cəmil Həsənlinin namizədliyi qeydə alındı

    Milli Şuranın namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb.

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən Cəmil Poladxan oğlu Həsənli haqqında məlumat verib.

     MSK katibi bildirib ki, C. Həsənlinin təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.

     MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, MSK-ya 44 495 imza nümunəsi təqdim edilib, 40291 imza etibarlı sayılıb.

     Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün, onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir.

     MSK açıq səsvermə yolu ilə C. Həsənlinin namizədliyini qeydə alıb.

  • “İlham Əliyevdən yorulmuşam”

    Bir qrup tanınmış hüquqşünasın Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyinə namizədi Cəmil Həsənli ilə bağlı bəyanat verməsi birmənalı qarşılanmadı. Çünki elə bəyanatda da vurğulandığı kimi hazırda Azərbaycanın siyasi həyatında mühüm bir tarixi hadisəni yaşadığımız bir məqamda tanınmış hüquqşünasların belə bir təşəbbüslə çıxış etməsi rəğbətə səbəb olub. Qəzetimizin dünənki sayında bəyanat müəlliflərindən Mətləb Mütəllimli ilə müsahibəni diqqətinizə çatdırmışdıq.
    Bu gün də vəkillərin bəyanatına imza atmış başqa bir tanınmış hüquqşünasla müsahibəni diqqətinizə çatdırırıq.

    Həmsöhbətimiz VHP Siyasi Şurasının üzvü Əlövsət Əliyevdir. Ə.Əliyevə ilk sualımız belə bir bəyanatın hazırlanmasını hansı səbəblərin zəruri etdiyi ilə bağlı oldu.

    – Əslində Cəmil Həsənliyə dəstək verən hüquqşünaslar bu siyahıda əks olunanlarla məhdudlaşmır. Azərbaycan cəmiyyətində mövcud hakimiyyətin apardığı siyasətlə razı olmayan və yaxud buna etiraz etmək niyyətində olan böyük bir kəsim var. Bu bəyanat sadəcə olaraq insanları bu məsələyə münasibət bildirməyə həvəsləndirmək üçün verilən bir bəyanatdır. Insanlar çəkinməməli öz rəylərini bildirməlidirlər. Insanlar dəstəklədikləri insanlara münasibətlərini açıqlamalıdırlar. Bu çağırış Azərbaycanda baş verən qanunsuzluqlarla razı olmayan, oturuşmuş korrupsiyaya qarşı etirazını bildirən kəslərədir. Bu bəyanat insan hüquqlarının pozulmasının adi bir hala çevrildiyi məmləkətdə yaşamağa “yox” deyənlərə bir müraciətdir. Ölkənin az qala işğal ərazisi olması barədə düşünməyə məcbur edən və bu düşüncəni özündən rədd etməyi bacaran insanlara səslənmədir. Azərbaycanın regionun super dövləti olduğu kəlməsi tez-tez işlənir. Amma regionun super dövlətində insan hüquqları bu qədər pozula bilməz. Təsəvvür edin, demokratik dəyərlərə üstünlük verən, insan hüquq və azadlıqlarını qorumağa çalışan bütün beynəlxalq təşkilatlar Azərbaycana külli miqdarda vəsait ayırır ki, vətəndaşımıza öz hüquqlarını qorumaq üçün maarifləndirmə kursu keçir. Amma Azərbaycan hakimiyyəti yüz dəfələrlə çox sərmayə qoyurlar ki, vətəndaşlarımıza seçkini saxtalaşdırmanın qaydasını öyrətsinlər. Mən bu yaxınlarda seçkini saxtalaşdıran və dairələrdə təmsil olunan bir neçə hakimiyyət nümayəndəsi ilə görüşmüşəm. Bir daha o qərara gəlmişəm ki, Azərbaycan hakimiyyətinin insanlara bu cür neqativ keyfiyyətləri aşılamasına görə Azərbaycan vətəndaşı olmağımdan üzülmüşəm. Çox pis olmuşam. Həqiqətənmi belə cəmiyyət olar? Insanlara saxta olmalarına görə pul payla, rüşvət ver. Bu çox əxlaqsız tendensiyadır. Hakimiyyət təmsilçiləri müxalifət üzvləri ilə bağlı müəyyən səhnələri KIV-də işıqlandırmaqdan və bu halı əxlaqsızlıq kimi təqdim etməkdən zövq alır. Amma mən düşünürəm ki, hakimiyyətin apardığı bu siyasət fiziki əxlaqsızlıqdan dəfələrlə əxlaqsız hərəkətdir. Ona görə hüquqşünasların bəyanatı təkcə Cəmil Həsənliyə dəstək deyil, bu ölkədə baş verən hüquqsuzluğa qarşı mübarizə istiqamətində bir çağırışdır.

    – Tanınmış hüquqşünas kimi siz özünüz Cəmil Həsənlinin kampaniyasında necə iştirak edəcəksiniz?
    – Helmit Kol Almaniyanı birləşdirən kansler oldu. Amma zamanı çatanda alman xalqı dedi ki, bəsdir və növbəti müddətə sizi seçmək istəmirik. Eyni yanaşma Azərbaycanda da olmalıdır. Mən demirəm ki, Ilham Əliyev bu hakimiyyəti idarə edə bilmir, o, çox pis prezidentdir, korrupsionerdir, o, Azərbaycandan ölkəmizə çatacaq var-dövləti, əmlakı talayaraq xaricdə özünə, uşaqlarına mülk alır. Amma mən artıq Ilham Əliyevdən yorulmuşam və istəyirəm ki, artıq Azərbaycana başqa bir şəxs rəhbərlik etsin. Mən Azərbaycana başqa idarəçilik nəfəsinin, başqa ruhun gəlməsini istəyirəm. Tez-tez bəyan edirlər ki, biz Əliyevlərə minnətdar olmalıyıq ki, Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilib. SSRI-nin şinelindən çıxan hansı respublika məhv olub ki? Yalan üzərində qurulan bir təbliğatdır. Xalqı bu qədər aşağlamaq olmaz. Parlamentə “Detektiv fəaliyyəti”ylə bağlı qanun layihəsi təqdim edirik. Onu qəbul etməyərək, bəzi komissiya sədrləri bəyan edirlər ki, Azərbaycan xalqının səviyyəsi imkan vermir ki, “Detektiv fəaliyyəti”ylə bağlı qanun layihəsi təqdim edilsin. Bunu deyən deputatların öz səviyyəsi çatmır. Onların öz səviyyələri o qədər aşağıdır ki, xalqı da öz səviyyələrində görürlər.

    “Hakimiyyət təbliğatı ilə əxlaqını göstərir”

    – Cəmil Həsənli Milli Şuranın prezidentliyə namizədi olduqdan sonra ona qarşı çirkin kampaniya aparılır. Seçki müəyyən dövrü əhatə edir. Amma Cəmil Həsənli Azərbaycanı dünyada tanıdan bir elm xadimidir. Ona qarşı bu cür münasibəti necə dəyərləndirmək olar?
    – Milli Şura ikinci dəfə vahid namizədi müəyyənləşdirən zaman mən özüm Cəmil Həsənli ilə Mehman Əliyevin namizədliyi arasında qalmışdım. Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovun prezidentliyə namizədliyi haqqında mən əvvəlcədən fikrimi bəyan etmişdim. Bu fikir hətta Milli Şuradakıları da qəzəbləndirmişdi. Mənə etirazlar bildirirdilər ki, niyə Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığından çıxa bilməyəcəyini yazıram. Çünki Rüstəm Ibrahimbəyov namizədliyi irəli sürülən gün Rusiya vətəndaşlığından çıxması ilə bağlı arayışı ictimaiyyətə açıqlamalı idi. Biz də bilərdik ki, bu şəxs vətəndaşlıqdan çıxmaq üçün müraciət edib və ondan sonra Rusiyaya təpki göstərmək olardı ki, nəyə görə bu müraciətə 5 aydan çox müddətə baxırsız. Mən düşünürdüm ki, Mehman Əliyev və Cəmil Həsənli haqqında hakimiyyət az ittiham tapa biləcək. Hərçənd ki, Azərbaycanda heç kim qondarma ittihamlardan sığortalanmayıb. Buna baxmayaraq Cəmil Həsənli haqqında da bu cür çirkin addımlara yol verilir. Bunu təbii qəbul etmək lazımdır. Çünki bu, hakimiyyətin idarəçilik formasıdır. Əgər hakimiyyət kiminsə ailəsinə, onun şəxsi həyatına müdaxilə edir, onun yaxınlarını aşağlayırsa, deməli, öz yaxınları barəsində də bu cür aşağlama hallarına vərdiş edib və bu onun həyat tərzidir. Əgər qəzetin baş redaktoru bu cür yazıları dərc edirsə, deməli, o öz ailəsi haqqında oxşar materialların dərc olunmasına hazır adamdır. Əgər bu hallar televiziyada baş verirsə, deməli, telekanal rəhbərliyi üçün baş verənlər adi haldır və onun həyat tərzidir. Cəmil Həsənli barəsində bu cür ittiham xarakterli məlumatların verilməsiylə hakimiyyət texnoloqları öz həyat tərzlərini göstərirlər. Cəmil bəy ən nümunəvi və hörmət etdiyim insanlardan biridir. Cəmil Həsənli azərbaycanlı olduğuna görə qürur duyduğum şəxslərdəndir.

    “Hakimiyyət hər addımı ilə siyasi fəaliyyəti aşağı endirməyə çalışır”

    – Hakimiyyət ölkədə seçki fəallığının qarşısını almaq üçün əlindən gələni edir. Budəfəki seçkidə namizədlərin sayının çox olması da hakimiyyətin məqsədyönlü siyasətidir. Bundan başqa, ITV istisna olmaqla heç bir telekanal seçki təşviqatında iştirakla bağlı müraciət etməyib. Bu halların qanuni tərəflərin necə dəyərləndirərdiniz?
    – Özünü müxalifət sayan və prezidentliyə namizədliyini irəli sürərək, qeydə alınacaq şəxslər sonda öz namizədliklərini Cəmil Həsənlinin xeyrinə geri götürəcəklər. Düşünürəm ki, namizədlikləri qeydə alınmış şəxslərdən xüsusilə Ilyas Ismayılov bu addımı ata bilər. Digər namizədlər də bunu edə bilər. Çünki dünyanın bir çox ölkələrində, xüsusilə ABŞ-da şəxslər bir dəfə namizədliklərini irəli sürürlər. Namizədlər uduzduqdan sonra ikinci dəfə eyni döyüşə girmirlər. Düşünürəm ki, bu cür siyasilər də Cəmil Həsənlinin xeyrinə namizədliklərin geri götürəcəklər. Amma digər namizədlər barəsində bunu deyə bilmərəm. Onlar hakimiyyətin niyyətlərini gerçəkləşdirmək üçün bu addımı atıblar. Hakimiyyətin addımlarını və əvvəlcədən nələrin baş verəcəyini proqnozlaşdırmaq olmaz. Çünki hər dəfə yeni sürprizlə üzləşirik. Hakimiyyət seçkinin irəli çəkilməsi, seçki müddətinin azadılması ilə bağlı Seçki Məcəlləsinə edilən dəyişikliklərlə çalışır ki, ölkədə normal seçki mühiti yaratmasın. Bu yaxınlarda YAP bəyanatla da çıxış etdi ki, Ilham Əliyevin xüsusi təbliğatla məşğul olmasına ehtiyac yoxdur. Çünki xalq onu kifayət qədər yaxşı tanıyır.

    – Yeri gəlmişkən hakimiyyət təmsilçiləri bəyan edir ki, seçki kampaniyası dövründə Ilham Əliyev iş qrafikinə heç bir dəyişiklik etməyəcək və iqtidarın namizədi üçün, ümumiyyətlə, təbliğat kampaniyası aparmayacaq. Seçkidə iştirak edən namizədin bu cür addımın necə qiymətləndirmək olar?
    – KIV-lərə yaxşı bəllidir ki, seçkinin saxtalaşdırılmasıyla bağlı ölkədə bütün mexanizmlər hazırdır. Hesab edirlər ki, əhalinin seçkiyə dəvət olunmasının əhəmiyyəti yoxdur. Çünki bu mexanizm elə qurulub ki, onun işləməsi üçün seçicilərin seçkiyə cəlb olunması gərək deyil. Ona görə Ilham Əliyev televiziyaya çıxan zaman xalqa müraciət edərək seçkiyə çağıracaq? Belə çağırış hakimiyyətə sərf etmir. Bütün mexanizm seçkinin saxtalaşdırılmasına yönəlib. Ona görə də hakimiyyət məhz bu cür seçki kampaniyasının onlar üçün əhəmiyyətsiz olduğunu bəyan edir və bunu utanmaz şəkildə elan edirlər.

    – Dövlət başçısı Bərdəyə səfəri zamanı məmurlara növbəti xəbərdarlığını edib. Ilham Əliyev bir daha vurğulayıb ki, məmurların həyatı vətəndaşlar üçün nümunə olmalıdır və məmurlar sadə həyata üstünlük verməlidirlər. Bundan əvvəl də oxşar çağrışlar olmuşdu. Əvvəlki çağrışlardan fərqli olaraq bu dəfəki çağrış bir nəticə verə bilərmi?
    – Bu, idarəçilik formasıdır. Ölkə rəhbəri məmurları bu vasitələrlə xəbərdarlıq edir. Ilham Əliyev əvvəl bəyan etmişdi ki, ad gününü qaçqınlarla keçirib. Bu cür çağırışlardan daha çox sərt addımlar atılmalıdır. Bəzi müsəlman ölkələrində bu yaxınlarda inqilab baş verən zaman Ilham Əliyev sərt şəkildə bəyanat verdi və bildirdi ki, Azərbaycanda korrupsiya elementləri aradan qaldırılmalıdır. Bu bəyanat iki ay ömür sürdü. Həmin müddətdə heç kəs rüşvət almadı və insanlar çox xoşbəxt yaşayırdılar. Prosedur qaydalar o qədər rüşvətsiz həyata keçirilirdi ki, mən düşünürdüm ki, bundan sonra insanlar rüşvət versələr belə məmurlar almayacaqlar. Amma məmurlara qarşı sərt addımlar atılsa və bunu ölkə başçısı istəsə, rüşvət almamaq halı daimi otruşa bilər. Amma bu, mövsümü xarakterli çağırışlardır.

    “Aslan İsmayılova, Qurban Məmmədova qarşı bu cür münasibət yolverilməzdir”

     – Əgər hakimiyyət tərəfindən əvvəllər siyasi fəallar hədəf götürülürdüsə, indi hədəfə həmin siyasi fəalların hüquqlarını qoruyan şəxslər gəlir. Tanınmış vəkillər Qurban Məmmədov və Aslan Ismayılovla bağlı baş verənlər bunu sübut edir. Bu yürüdülən siyasəti necə dəyərləndirirsiniz?
    – Bu çox gülməli haldır. Həm Aslan Ismayılov, həm Qurban Məmmədova qarşı bu cür münasibət yolverilməzdir. Aslan Ismayılov ölkənin tanınmış vəkillərindən biridir. Bu ərəfədə ona qarşı törədilən hərəkətləri onun siyasi aktivliyi ilə izah edirəm. Qurban Məmmədova qarşı münasibət isə olduqca gülməlidir və Hacıbala Abutalıbov demişkən, analoqu olmayan faktdır. Yol-nəqliyyat hadisələrinə görə, xüsusilə az ağır xəsarətlə bağlı baş verən hadisə üzündən kiminsə həbsi mənim yadımda deyil. Mən beş il müstəntiq işləmişəm və ən çox apardığım işlər yol-nəqliyyat hadisələri ilə bağlı olub. Bu, hüquq müdafiəçilərinin susdurulmasına yönəlib. Yəqin ki, seçkiyə qədər bununla kifayətlənilməyəcək və növbəti qurbanlar da olacaq.

    – Hazırda həbsdə olan siyasi məhbuslara təzyiq edərək onlardan hakimiyyətin lehinə bəyanatların alınması, onlara əfv ərizəsinin yazılması üçün təzyiqlər edilir. Bunu necə dəyərləndirirsiniz?
    – Əli Insanova, Fərhad Əliyevə və başqa siyasi məhbuslara əfvlə bağlı ərizələrin imzalatdırılması, onların adından indiki dövlət başçısına dəstək müraciətlərinin alınıb, dərhal ictimaiyyətə çatdırılması ilk növbədə onların siyasi yükə malik olmasının göstəricisidir. Həmin şəxslərin məhz bu siyasi yükə görə həbs olunduğu bununla bir daha sübut olunur. Hakimiyyət bununla özünü ifşa edir. Hakimiyyət beş il öncə bu şəxslərin siyasi məhbus olmadığını iddia edirdisə, indiki addımları ilə bu insanların siyasi məhbus olduqlarını təsdiqləyir.

    Xəyal

    “Azadlıq” qəzeti