Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • “Neftçaladan həyəcanlı xəbərlər gəlir, faciəli vəziyyətdir” – Sabir Rüstəmxanlı

    “Havalar istiləşdikcə Neftçala camaatının rahatlığını əlindənn alan, onların zəhmətini heçə çıxaran, yaşayışlarını pozan qayğılar da çoxalır. Artıq yarım aya yaxındır ki, hər gün rayondan həyəcanlı zənglər gəlir: Kürün suyunun azalmasıyla, keçən il olduğu kimi, bu il də Xəzərin suyu çay yatağını doldurub, adamlar yenə su maşınlarınin ümidinə qalıb, heyvan-qara qırılır, duzlu dəniz suyu çay yuxarı qalxaraq Salyan ərazisinə yaxınlaşmaqdadır”.

    Bu sözləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
    O qeyd edib ki, Neftçalada baş verənlər gözlənilməz xəbər deyil, ağlı olan hər kəs keçən ilki faciəli durumuun bu il də təkrarlanacağını bilirdi:
    “Çünki təbiətin bizi üzləşdirdiyi bu çətinliyin qarşısını almaq üçün lazım olan işlər görülməyib, vədlər yerinə yetirilməyib, çayın, dənizin dilini bilən yerli insanların təklifləri nəzərə alınmayıb. Mən həmin təklifləri burda bir daha təkrarlamaq istəmirəm.
    Düzdür, dövlət ötən yay rayon camaatını susuzluqdan xilas etmək üçün qısa müddətdə mümkün olan bütün vasitələrə əl atdı, bütün qonşu rayonların su maşınları Neftçalaya yönəldildi, cəmi bir neçə ay ərzində Neftçala şəhərinə su kəməri çəkildi və hər kəs arxayınlaşdı. Lakin bu rayon təkcə Neftçala şəhərindən ibarət deyil və təəssüf ki, şəhərin də su şəbəkəsi yarıtmaz vəziyyətdədir, təzələnməlidir, tamamlanmalıdır…
    Neftçala camaatı çörəyini daşdan, dənizdən, sudan çıxarmağa vərdiş eləmiş, hər çətinliyə əyilməyən, dövlətə, dövlətçiliyə bağlı, qanuna sayqı göstərən camaatdır… Köhnə müəssisələrin dağılmasına, işsizliyə dözür, ancaq susuzluğa dözmək mümkün deyil.
    Mən bir daha Nazirlər Kabinetinə, əlaqədar dövlət qurumlarına mürüciət edirəm. Yağış yağacağına, Kürün yenidən aşıb-daşacağına ümid bəsləməsinlər. Dünyada təbii su ehtiyatları bizdən qat-qat az olan ölkələr, dövlətlər var. Su məsələsini necə həll edirlər? Öyrənmək çətin deyil.
    Bir yayı, iki yayı birtəhər yola verməklə iş bitməz. Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır”.
  • Sabir Rüstəmxanlıya çamur atmağın bədəli: Kim kimdir?

    Müstəqilliyimizin 30 ili tamam olur. Azərbaycan dövləti gücünə və imkanlarına görə yarandığı zamanla müqayisədə ifadə edilməyəcək dərəcədə yüksəlib. Əlbəttə ki, bu sevindiricidir. Azərbaycanın dövlət müstəqilliyi elan olunan zaman illik maddi kapitalımız bu günün bir aylıq vergi gəliri dəyərində belə deyildi. Amma təəssüf doğurucu bir məqam var. Sanki siyasətimizin maddi gücü artdıqca mənəvi potensialı azalır.
    Biz 1990-cı ilin 20 yanvarında rus təcavüzünə qarşı kommunist zavod direktorları ilə tətil edən, meydanlarda dubinka ilə üz-üzə gəlib cəbhə xəttində polisli, cəbhəçili bir yerdə olan, Azərbaycan torpaqlarının azad olunmasına və işğal olunmasına hakimiyyətdə kimin olmasını fərq etmədən sevinib, üzülən millətik…
    Azərbaycanın yaxın siyasi tarixinin ölümünə döyməsinə rəğmən Əbülfəz Elçibəy və Sabir Rüstəmxanlının onları döyən polisi əfv etmə örnəyi var…
    Azərbaycanın yaxın siyasi tarixinin Xalq Şairinin dövlət başçısının onu şöhrətləndirən ordendən imtina edib səmimi münasibətləri saxlama örnəyi var…
    Azərbaycanın yaxın siyasi tarixinin bir-birinə barışmaz müxalifət olan Heydər Əliyev və Əbülfəz Elçibəy münasibətlərinin dəfn örnəyi var…
    Örnəkləri artırmaq da olardı. Amma bütün bunları gözü ilə görüb hadisələrin içində olan şəxslər yaşadıqlarından dərs almayıblarsa, siyahını uzatmağın nə mənası var ki. İndi Azərbaycan siyasətində öz siyasi iddiasından başqa heç nəyi müqəddəs və gərəkli bilməyən özü kimi digərlərinin də keçmişi unutduğunu zənn edib özünü qüsursuz müxalifət lideri sayanların atını oynatmağına da yer tapılıb. Bu atların oynadığı meydan bu millətə istiqlal qazandıran kişilərin yol keçdiyi MEYDAN yox, sosial şəbəkədir. Bu “cıdır” yerində nə atın, nə nalın, nə üzənginin, nə də çaparın mənşəyi, kimliyi bəlli deyil. Yəni, sənə problem yaradan, sənin maraqlarına və iddialarına əngəl olan hər kəsə istənilən çamuru atmaq olar. Zori Balayanı ilk susduran İsa Qəmbərə “qorxaq”, Azərbaycanda istiqlal və demokratiya mücahidi sayılacaq mərhum İbrahim İbrahimliyə “bacarıqsız”, ən böyük gücü sədaqət olan mərhum İsgəndər Həmidova “xəyanətkar”, vəzifələrinin ən yüksək məqamında pula satılmamaq örnəyi göstərən Əli Məsimli, Sabit Bağırova “satqın” deyən kəsin fransızların “boz kardinal”ından rusların ”milli milyarderlər”inə qədər hamıyla hər an anlaşmağa hazır olan kəsin Azərbaycan siyasətinə qatdığı rəngə ad vermək çətindir. Amma elə bilməsin ki, ”qaranlıqda zəncilər kömür daşıyır”. Hər şey və hər əməlin sahibi o qədər aydın görünür ki…
    Gəlin açıq danışaq, siz də bu parlamentdə oturmusunuz. Kimlərlə necə anlaşdığınız bir yana, nəyi necə danışdığınız da yaddaşlardadır. Həmin parlamenti və bütün üzvlərini millətin orqanı və millətə vəkil hesab etmısık də, burda-millət yolunda canından belə keçməyı hazır olan insanların olduğunu siz də yaxşı bilirsiniz. İndi özünüz mandate sahibi deyilsiniz deyə, bütün troll sisteminizlə sosial şəbəkələrdə ağlınıza nə ağzınıza gələn böhtanları yağdırın. Fazil Mustafaya “nurçu”deyin, Qüdrət Həsənquliyevi “Rusiyanın adamı” çıxarın, Aqil Abbası “yaltaq” adlandırın və sair və ilaxır…Qərəziniz və ədalətsizliyiniz elə həddə çatıb ki, əliniz dəyməyəcək yerə dil uzadırsınız. Bu neçənci dəfədir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı haqqında ağlagəlməz fotosüjet hazırlanıb, sosial şəbəkələrdə yayılır. Hamısı da eyni mövzuda. Özləri zamanında deputat mandatına sahib olub millətə vəkil ola bilməyən adamlar S. Rüstəmxanlıya bu qısqanclıqlarını gizlətməyib onun heç vaxt ifadə etmədiyi fikirləri adına çıxıb qara piyar aparırlar. Düzdür, Sabir Rüstəmxanlı iqtisadçı deyil, hökumətə iqtisadi təkliflər paketi təklif etməyib. Amma bu kişi 32 yaşında sovet imperiyasının zirvə nöqtəsinə meydan oxuyanda bu uşaqlar cibində komsomol bileti gəzdirirdi. Sabir bəyin parlamentdə hökumətin məhz sosial siyasəti ilə bağlı hər çıxışından sonra belə böhtan kampaniyasının aparılması uşaq cığallığıdır. Qanını qaşığa qoyub xalqının taleyini “ömür kitabı”na çevirən adam hər bir soydaşının daha yaxşı yaşamasını istəyər. Amma özünü və komandasının parlamentdə yer alması naminə birinci Qarabağ müharibəsi qəhrəmanı Arif Paşanın həbsdə qalmasına razı olan, İlham Əliyevdən hələ 21 il əvvəl “liderinə xəyanət edən” tərifi qazanan kəsin keçmişi bəlli, gələcəyi Elçibəyə çamur atanlardan fərqli olmayacaq.
    Biz bu yazıda portreti adamın özünü tanıyacağı şəkildə cızmağa çalışdıq. Hədlərini bilsinlər, yoxsa onlardan fərqli olaraq bizim bildiyimiz və yazacağımız çox həqiqət var…

    Nəsimi Şərəfxanlı

  • Sabir Rüstəmxanlı Türkiyədə yüksək mükafat aldı

    VHP sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Türk Dünyasına Hizmet Ödülü”nə layiq görülüb.

    Ödül millət vəkilinə iyunun 26-da İpekyolu Kamu Diplomasisi ve Ekonomik İşbirliği Təşkilatı ile Uluslararası İpekyolu Dərgisinin 17-ci “İpekyolu İlin Altın Adamları Ödül Töreni”ndə təqdim edilib.

    Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkillərinin, tanınmış sənət və iş adamlarının iştirakı ilə keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar sırasında Özbəkistan və Qazaxstanın Türkiyədəki böyük elçiləri, Makedoniyadan, Qaqauz elindən, Rumıniyadan olan millət vəkilləri və iş adamları da var.

    Qeyd edək ki, Sabir Rüstəmxanlı Türkiyədə  səfərdədir. O, qardaş ölkənin siyasi və ictimai çevrələrində bir sıra yüksək görüşlər keçirir.

  • “Azərbaycan Ordusu 100 illik məğlubiyyət tariximizə şanlı Zəfərlə son qoydu”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə hərbçiləri təbrik edib. Təbrikdə deyilir:

    Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü tamam olur. Azərbaycan tarixnin ən önəmli günlərindən biri heç şübhəsiz 26 iyun Silahlı Qüvvələr Günüdür. 103 il öncə məhz bu gün müstəqil Azərbaycanın Silahlı Qüvvələri yaradıldı. Xalq Cumhuriyyətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib. Amma təəssüf ki, zaman və imperalizm Demokratik Cumhuriyyətimizi məğlub etdi və bununla 100 illik faciələr tariximiz başladı. Azərbaycan Xalq Cumhuriyyəti zamanında yqaradılan Milli Ordumuzun varisi olaraq Silahlı Qüvvələrimiz  103 illik  məğlubiyyət tariximizə şanlı Zəfərlə son qoydu. Müstəqillik tariximizdə ilk dəfədir ki, silahlı qüvvələrimiz Ordu Gününü Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və doğma Qarabağımızın işağldan azad olunması şəraitində keçirir.

    Bugünkü bayram günündə, fürsətdən istifadə edərək, müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası və torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş bütün ŞƏHİDLƏRİMİZİN ruhu qarşısında baş əyir, doğmalarına dərin hüznlə başsağlığı verir, qazilərimizə şəfa diləyirik!

    Müzəffər Ordumuzun bütün əsgər, matros və zabit heyyətini təbrik edir, Vətənin keşiyini çəkən insanların hər birinə möhkəm cansağlığı və ölkəmizin etibarlı müdafiəsi yolunda uğurlar arzulayıram! Xalqımıza və Şanlı Ordumuza! Tanrı millətimizi, doğma Azərbaycanımızı və Vətən keşikçilərini qorusun!

  • Sabir Rüstəmxanlı: “Milli təfəkkürü onu önə çıxaran amillərdən biri idi”

    İyunun 24-də mərhum prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.

    Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

    1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.

    İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

    Elçibəylə bağlı tarixi günlərin hər birində bir sıra ənənəvi müzakirələr hər zaman gedir. Onlardan biri budur ki, vaxtilə Bakı Dövlət Universitetində dərs deyən bir ali məktəb müəllimi bir anda xalq hərəkatının liderinə necə çevrildi? O zaman meydanda, tribunada olduqca populyar və sevilən simalar var idi. Amma onların heç biri liderlik mərtəbəsinə qalxa bilmədi.

    Elçibəyi sevdirən, lider edən keyfiyyətləri nə idi?

    Azərbaycan milli azadlıq hərəkatının öncül isimlərindən olan, xalq şairi, VHP sədri, deputat Sabir Rüstəmxanlı bunları dedi: “Elçibəy xalq hərəkatından öncə də çıxışlar edirdi. Bizim ən müxtəlif yerlərdə yığıncaqlarımız, iclaslarımız olurdu. ”Çənlibel” dərnəyini misal çəkə bilərəm. Bizim yaratdığımız “Varlıq” birliyi var idi. Cəmi 15 nəfər birlikdə təmsil olunurdu. Elçibəy də orada idi. Tez-tez məsləhətləşirdik. Onun universitetdə dərs deyərkən milli mövqedən çıxış etməsi, ölkənin gələcəyi ilə bağlı fikirlərini cəsarətlə çatdırması gənclər arasında ona çox hörmət gətirmişdi. Bunu inkar etmək olmaz. Xalq hərəkatı vaxtı yaradılan komitələrin, birliklərin üzvü idi. Amma meydanda görünmədi. Səhv etmirəmsə, cəmi bir dəfə çıxış etdi. O, gəncliyin etimad göstərdiyi, həbsdə yatan bir şəxs kimi sayğı və hörmət qazanmışdı. Meydan böyük bir hərəkat, qüvvə idi. O qüvvənin təşkilata çevrilmə prosesi bir az ayrı idi. Orada artıq müxtəlif adamlar yığışmışdı. Burada subyektiv amillər də mühüm rol oynayırdı. Liderlik məsələsindən əvvəl Nemətlə məni az qala üz-üzə qoymuşdular. Haqqımızda müxtəlif şayiələr gəzdirirdilər. Bunun kim tərəfindən idarə olunduğu barədə bir söz deyə bilmərəm.

    Amma belə bir proses cərəyan edirdi. Xalq Cəbhəsi yaradılanda birbaşa meydan liderləri yox, ilk konfransda iştirak edən adamların seçdiyi adamların seçkisi olmuşdu. Yusif Səmədoğlu və Əbülfəz Elçibəyin namizədliyi irəli sürülmüşdü. Sonda Elçibəyin üstündə dayanmışdılar. O, Xalq Cəbhəsinin ilk sədri oldu. Bu da onu milli azadlıq hərəkatının liderinə çevirdi. Belə bir fikir yaranmışdı ki, bu işi, prosesi elə əvvəldən Elçibəy başlayıb və sonradan onun məhz lideri kimi fəaliyyət göstərir. Elçibəyin orada olan xidmətini heç cür danmaq olmaz. Amma etiraf edək ki, bu hərəkatın təməlində, proseslərin mərkəzində bir adam dayanmırdı. Tələbələrin, alimlərin kütləvi bir hərəkatı idi. Bu, Qarabağda ermənilərin başlatdığı proseslərə qarşı başladılmışdı. Öz torpağını qoruma hərəkatı idi. Sadəcə, sonradan təşkilatlanma oldu və seçki yolu ilə Elçibəy sədr seçildi. Onu da deyim ki, həmin proseslərin əsas xarakteri milli hərəkat olması idi. Elçibəydə də milli təəssübkeşlik, milli mənafelərlə bağlı mövqe qəti idi. Milli təfəkkürü onu önə çıxaran amillərdən biri idi. Onun haqqında fikirlərimi “Elçibəyin xəstəliyi” haqqında yazımda yazmışam”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması,  həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir

    Ermənistanda parlament seçkilərindən sonra yenidən prezident idarəçiliyinə qayıdışla bağlı müzakirələr başlayıb. “Ermənistan ölkə konstitusiyasına dəyişiklik edərək, yenidən prezident respublikası olmalıdır”. Bunu Qətər İqtisadi Forumuna videokonfrans vasitəsilə qatılan Ermənistan prezidenti Armen Sərkisyan bəyan edib. O qeyd edib ki, indiki halda bəzi insanların hakimiyyəti var, amma məsuliyyəti yoxdur.

    Yada salaq ki, Ermənistan 2015-ci ildə müvafiq konstitusiya dəyişikliyindən sonra prezidentli respublika quruluşundan imtina edərək, parlamentli respublika idarə üsuluna keçib.

    Türkiyə də yeni konstitusiya hazırlığı içərisindədir və müxalifətin əsas israrı parlament idarəetməsinin qaytarılmasıdır. Gürcüstan da parlament respublikasıdır.

    Azərbaycanda da bu mövzular dəfələrlə gündəmə gətirilib. Amma 1918-ci il Xalq Cümhuriyyəti dövründən başqa, bizim ölkəmizdə heç vaxt parlament idarəçiliyi olmayıb. Bəs Azərbaycanda bu istiqamətdə müzakirələr başlaya bilərmi və buna ehtiyac varmı?

    VHP sədrinin müavini Samir Əsədli isə bildirdi ki, Ermənistanda dövlət üsul idarəsinin dəyişdirilməsi ilə bağlı təklif sırf müharibə nəticələrinin yaratdığı situasiya ilə bağlıdır. Dünyanın demokratik gedişatı isə parlament üsul idarəsindən yanadır: “Bildirim ki, Vətəndaş Həmrəyliyi Partiyası fəaliyyət göstərdiyi ilk dövrlərdən başlayaraq ölkədə parlamentli respublika tipli idarəetməyə keçilməsini özünün prioritet istiqamətlərindən biri olaraq qəbul edib və ötən illər ərzində biz dəfələrlə bu məsələ ilə bağlı təkliflər səsləndirmişik. Hesab edirik ki, prezident vəzifəsi saxlanılmaqla parlament idarəçiliyi ölkənin demokratik inkişafına ciddi töhfə verə bilər. Bunun üçün ciddi konstitusion dəyişikliklərə gedilməli, ilk növbədə proporsional seçki sisteminə keçilməlidir. Parlamentin proporsional əsaslarla və daha çox sayda  formalaşması ölkədə fəaliyyət göstərən siyasi partiyaları da hərəkətə gətirəcək və bu sistem əsasında keçiriləcək seçkilər ədalətli olacaqsa, siyasi təşkilatların ölkə miqyasında gücü və potensialı da məlum olacaq. Şübhəsiz ki, hökuməti də parlament çoxluğu formalaşdıracaq və çoxluğu təmsil edən şəxs təmsil etdiyi siyasi qüvvə cəmiyyətdə nüfuzunu saxlayacağı sürəcdə demokratik norma və prinsiplərə tam uyğun olaraq baş nazir kimi ölkəni idarə edə bilər. Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması,  həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir”.

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”

  • Sabir Rüstəmxanlı: “Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir”

    Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müzakirəsi zamanı fikirlərini çatdırdı. Bildirdi ki, müzakirənin bu qədər uzanmasının bir səbəbi var: “Sosial məsələ, insanların güzəranı həssas məsələdir. Mən fikrimi demişdim. Müəyyən dəyişikliklər də olub. Bu, praktikada özünü göstərəcək, onda biz görəcəyik ki, bu xalqın xeyrinədir, yoxsa ziyanına? Çoxluq qəbul edirsə, biz də parlament etikasına uyuruq”.

    Deputatın sözlərinə görə, elə rayon var ki, yalnız bir adam kompüterdə cədvəllər yerləşdirir, sənədləri doldurur və Bakıya göndərir: “Bakının özündə də belə hallar. İnsanlar əlilliyin müəyyən edilməsi üçün saatlarla sənəd üçün gözləyirlər. Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir. Bu işi aparanlar elə mexanizm qurmalıdır ki, insanlar əziyyət çəkməsin”. Deputat əlavə edib ki, qanunda hər yerdə “şəxsi əlililliyin qiymətləndirilməsi” ifadəsi yazılır: “Burada qiymətləndirmədən yox, əlilliyin müəyyən edilməsindən gedə bilər”.

    Komitə sədri Musa Quliyev S.Rüstəmxanlının qeydlərini bölüşdü. Bildirdi ki, həqiqətən də bu sahədə problemlər var.

    E.Paşasoy,

    Musavat.com

  • “Xalq şairi Sabir Rüstəmxanlı” elmi araşdırmalar toplusu çap edildi

    AMEA Nizami adına Ədəbiyyat institunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı “Xalq şairi Sabir Rüstəmxanlı” adlı elmi araşdırmalar toplusu çap edilib.

    Vhp.az xəbər verir ki, “Sənətkarın elmi pasportu” silsiləsindən buraxılmış, 484 səhifəlik kitaba institutun direktoru, akademik İsa Həbibbəyli “Xalq şairi Sabir Rqstəmxanlı: millilik, vətəndaşlıq və müasirlik” adlı geniş Ön söz yazıb.

    AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun, fəlsəfə elmlər dokturu Rahid Uluselin, filologiya elmləri doktorları Salidə Şərifova və Mərziyyə Nəcəfovanın, filologiya üzrə fəlsəfə doktorları Qurban Bayramov və Bahar Bərdəlinin, böyük elmi işçi Mənzər Niyarlınnın, kiçik elmi işçi Hənifə Səlifovanın yazdıqları bölümlərdə yazımçının həyatı, ədəbi və ictimai- siyası fəaliyyəti bütün cəhətləri ilə araşdırılıb, yüksək peşəkarlıqla dəyərləndirilib.

    Kitabın sonunda Turan Qasımovanın hazırladığı geniş ədəbiyyat siyahısı verilib.

  • Sabir Rüstəmxanlı: Siyasi partiyalar taleyüklü məsələlərdə hər zaman həmrəylik nümayiş etdiriblər

    Ölkədə fəaliyyət göstərən siyasi partiyaların Şuşa Bəyannaməsi ilə bağlı bir bəyanat yayması təqdirəlayiq haldır. Hansı partiyanı təmsil etməyimizdən asılı olmayaraq, milli maraqlar bizim üçün birinci yerdədir. Başqa məsələlərdə partiyalar arasında fikir ayrılığı ola bilər, amma milli maraqlara söykənən məsələlərdə bu, belə deyil. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar taleyüklü məsələlərdə hər zaman həmrəylik nümayiş etdiriblər və bu dəfə də belə oldu.

    Bunu AZƏRTAC-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    Partiya sədri diqqətə çatdırıb ki, siyasi partiyalar hələ 44 günlük Vətən müharibəsi dönəmində həmrəyliklərini nümayiş etdiriblər. Müharibə dövründə hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya gəlməsi önəmli hadisədir. İqtidara yaxın və müxalifət düşərgəsindən olan partiyaların bir araya gəlməsi ölkədə sağlam siyasi mühitin formalaşmasının təzahürüdür. Ermənistanın təcavüzü və Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara birgə müraciət olundu. Birgə bəyanatlarımızda ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən ölkələrə, qurumlara və təşkilatlara iradımızı bildirdik. Biz milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də ölkədə daxili siyasi birliyin olmasının göstəricisi idi.

    S.Rüstəmxanlının sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Şuşada olması və Milli Məclisdə çıxış etməsi, Şuşa Bəyannaməsinin imzalanması çox mühüm tarixi hadisələrdir və siyasi partiyalar tərəfindən birmənalı şəkildə müsbət qarşılanıb. Siyasi partiyalar bu hadisələrin mühüm tarixi əhəmiyyətini qeyd edirlər. Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində çıxışı onu göstərir ki, ölkələrimiz arasında münasibətlərin yeni dövrü başlayır.

    “Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafının yeni dövrə qədəm qoyması, regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təminatı baxımından çox faydalıdır. Qars müqaviləsində Naxçıvanın təhlükəsizliyi təmin olunurdusa, Şuşa Bəyannaməsi bütöv Azərbaycanın təhlükəsizliyinin qarantıdır. Siyasi partiyaların bir araya gələrək bu mühüm milli məsələdə öz mövqeyini bildirməsi və birgə bəyanat yayması həmrəyliyimizin təcəssümüdür. Çünki belə bir mühüm sənədə münasibət bildirmək siyasi baxışlarından asılı olmayaraq, hər birimizin borcudur. Bir sözlə, bu məsələyə etinasız yanaşmaq siyasi cahillikdən başqa bir şey deyil və vətəndaşlıq duyğusunun itirilməsi deməkdir. Bu məsələdə hər hansı siyasi partiya kənarda qalırsa, demək ki, vətəndaşlıq duyğusunu və vətəndaşlıq mövqeyini itirib”, – deyə Sabir Rüstəmxanlı fikirlərini yekunlaşdırıb.

  • Samir Əsədli: “Gürcüstan vasitəçilik missiyasında daha avantajlıdır”

    Amma aydındır ki, Gürcüstan rəsmi Bakı və İrəvan arasında Qərbin sözçüsü kimi çıxış edir
    Ötən gün Antalya Diplomatiya Forumuna qatılan Gürcüstanın Xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlama verib. O, mətbuat konfransında çıxışı zamanı deyib ki, Azərbaycan və Ermənistan arasında vəziyyətin deskalasiyası üçün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə mühüm addımlar atılıb.
    Onun sözlərinə görə, bu planda Gürcüstanın rolunu və əhəmiyyətini artırmaq üçün imkanlar var. XİN başçısı forumda çıxışında Cənubi Qafqazdakı son vəziyyət, Gürcüstanın apardığı sülh siyasəti və təhlükəsizlik məsələlərinə diqqət çəkəcəyini qeyd edib. Bəs görəsən, Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik rolunu artıra biləcəkmi?
    Sualımızı cavablandıran VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, atəşkəs vaxtı və 44 günlük savaş dönəmində geopolitik mövqeyinə, yəni münaqişə tərəflərinin hər ikisinə yaxın dövlət kimi Gürcüstan xeyli passiv olub. O qeyd edib ki, yalnız son prosesdə- girovların minalanmış ərazilərin xəritəsi müqabilində dəyişdirilməsində rəsmi Tiflis önə çıxdı:
    “Prosesin uğurla başa çatması və hər iki tərəfin razı qalmağı Gürcüstanın vasitəçilik missiyasına avantaj gətirir. Amma bu prosesə Gürcüstanın, Qərbin,  ABŞ-ın regiondakı etibarlı tərəfdaşı kimi çıxış etməsi olaraq baxmaq lazımdır. Yəni Gürcüstan rəsmi Bakı və İrəvan arasında Qərbin sözçüsü kimi çıxış edir”.
    S.Əsədli vurğulayıb ki, düzdür, hazırda aktiv hərbi əməliyyatlar və silahlı insidentlər yoxdur:
    “Amma bu o demək deyil ki, vasitəçiliyə ehtiyac yoxdur. Qarabağda qalan ermənilərin gələcək taleyi, minalanmış ərazilərin xəritəsi, Zəngəzur dəhlizi və bir çox digər məsələlərdə hələ vasitəçisiz bir masa arxasında oturmağa hazır olmayan Azərbaycan və Ermənistan üçün üçüncü obyektiv tərəf vacibdir. Bütün bu sadalananlar Gürcüstanın vasitəçilik missiyasının davamlı olacağını düşünməyə əsas verir”.