Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlı şəhidlərin anım günündə Neftçalada Vətən Müharibəsi iştirakçıları ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı 27 sentyabr şəhidlərin anım günündə Neftçala rayonunda Vətən Müharibəsi iştirakçıları ilə görüşüb, Şəhidlər Xiyabanını ziyarət edib.

     

     

     

  • Şəhidlərimizi ehtiramla anırıq!

    2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad etmək məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.Qarabağ Azərbaycanın heysiyyat, milli qürur, şərəf məsələsidir. Həmin günlərdə hətta o torpaqlarda heç vaxt olmayan gənclərimiz belə sanki öz evini, ailəsini qoruyurmuş kimi canını dişinə taxaraq mübarizə apardı və nəticədə Ermənistan tərəfi ağ bayraq qaldırmağa məcbur oldu. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Vətən müharibəsi Azərbaycan tarixinin ən müqəddəs və şərəfli səhifələrindən biridir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhidlərimizin ruhu qarşısında sayğı ilə baş əyirik. Yaşasın Azərbaycan!

  • VHP-29

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təsis edildiyi gündən 29 il keçir. İlk addımlarımızı Nərimanov metrosunun yanında, uşaqlıq dostum Həşim Sadıqlının (Allah ona rəhmət eləsin, tez getdi) başçılıq etdiyi Elektrik Maşınqayırma institutunda atmış, ilk qurultayımızı Gənc Tamaşaçılar Teatrında keçirmişdik. Unudulmaz və möhtəşəm bir gün idi. Hələ siyasi rəqabət güclənməmiş, hiylə, qısqanclıq və böhtan maşınları işə düşməmişdi; bir-birimizin uğuruna sevinə bilirdik. Meydandan gələn bütün dostlarım qurultayda qonaq kimi iştirak etdilər, söz dedilər. Sonra çox çətin yollardan keçdik, lakin Vətəndaş həmrəyliyi, milli təsanüd, birlik xəttindən heç vaxt ayrılmadıq. Enmələrimiz,qalxmalarımız oldu, lakin xalqa xidmət yolumuz qırılmadı. Sıralarımıza ayrı məqsədlərlə gələn, sonra inciyib gedən köhnə silahdaşlarımızla yollarımız ayrılsa da düşmən olmadıq, milli birliyə yeganə xilas yolu baxdıq və bunun uğrunda hər cür çətinliyə dözdük. “And”, “Vətəndaş həmrəyliyi” qəzetlərini, “Bakı-Təbriz” dərgisini (DAK- la birlikdə) nəşr etdik.Maddi çətinlik bu işi davam etdirməyimizə imkan vermədisə də, onların ənənələrini sosial mediada davam etdiririk. Bu ğün demək olar ki, respublıkamızın bütün rayonlarında VHP -nin rayon və özək təşkilatları fəaliyyət göstərir. Yarandığı gündən başlayaraq partiya ölkədə keçirilən bütün seçkilərə qatılmış və həm bələdiyyələrdə, həm Milli Məclisdə təmsil olunmuşdur. Bu günə qədər müxalifət düşərgəsində yaranmış demək olar ki, bütün birlik və qurumların ya üzvü, ya təşəbbüskarlarından biri olmuşuq. Beynəlxalq əlaqələrimiz ildən-ilə genişlənir.Asiya ölkələri Siyasi partiyalar birliyinin üzvüyük. 29 il ərzində torpaqlarımızın işğalı nəticəsində yaranmış faciəli vəziyyət və Azərbaycanın haqlı mövqeyinin çatdırılması və təbliği işinə xidmət edən və dünyanın az qala bütün coğrafiyasını əhatə edən onlarla görüşlər, konfranslar keçirmişik. 44 günlük Vətən Müharibəsi ərəfəsində və müharibə günlərində ölkə daxilində vətəndaş həmrəyliyinin möhkəmlənməsi, partiyalararası dialoqun güclənməsi sahəsində, bu işin böyük milli və dövlətçilik əhəmiyyətini nəzərə alaraq, əməyimizi əsirgəməmişik… Bu gün VHP Milli Məclisdə üç millət vəkili ilə təmsil olunur. Onlardan biri MM sədrinin müavini və komitə sədridir. VHP səmimi bir ailəyə çevrilmişdir və ölkəmizin siyasi həyatında fəaliyyətini inamla davam etdirir. Bütün çətinliklərə dözüb bizimlə bərabər yol gələn bütün partiyadaşlarımı, dostlarımı 30 illik yubileyimiz ərəfəsində ürəkdən təbrik edir, hamısına can sağlığı və uğurlar arzulayıram…
    Sabir Rüstəmxanlı
    26.09.2021
  • Azərbaycanda həmrəylik və uğur möhürünü vuranpartiya

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda, 1992-ci il sentyabrın 26-da yaradılıb. Maraqlı tarixdir. Bu tarix il baxımdan Azərbaycanın Dövlət Müstəqilliyindən bir il sonra, gün baxımdan Zəfər Savaşının başlamasından bir gün öncədir.  Təsadüfi görünəcək uyğunluğun arxasında bir zərurət var. İstiqlalımızın qorunmasının, ərazi bütövlüyümüzün bərpasının təməlində məhz VƏTƏNDAŞ HƏMRƏYLİYİ ideyası durdu.

    1992-ci ilin payızında Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında olduğu bir vaxtda yaradılan partiya çoxları üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlasa da zaman əksini sübut etdi. Gələcək siyasi uğurun, ölkənin siyasi sistemində dayanıqlı mövqe qazanılmasının səbəbi partiyanın təsis qurultayında Meydan hərəkatının lideri, şair və hərakatçı kimi xalq arasında böyük nüfuz qazanmış Sabir Rüstəmxanlı tərəfindən ifadə olunmuşdu: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”

    Bu çıxışdan və partiyanın yaranmaslnda 29 il keçibbu günölkənin siysi durumu VHP liderinin irəli sürdüyüideologiyanın nə qədər doğruçağdaş olduğunu təsdiqləyir. VHP 29 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azadedilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib. İdeologiyasına, siyasikursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında özsözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz millimövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakimpartiyadan sonra müstəqillik illərində keçirilən bütünseçkilərdə iştirak edib nəticə əldə edən yeganə partiyadır. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda Milli Məclisdə ikinci ən çox təmsilçiliyə malik partiyadır. VHP bütün dövrlərdə bələdiyyələrdə təmsil olunub. Bu gün80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvüvar.
    Bu gün Azərbaycan siyasiideoliji sistemində VHP prinsipləri qalın xətlə keçir: Biz yox– millətimiz, bizimsözümüz yox– xalqın sözü, böhtan yox-həqiqət, kin-küdurət yoxsevgi, siyasi oyunbazlıq yox-siyası əxlaq…Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır.
    Partiyanın 29 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!”
    Vətəndaş Həmrəyliyi Partiyasının 29 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq!

  • Zəfər Savaşı Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsi oldu

    Azərbaycanın Zəfər Savaşına başlamasının bir ili tamam olur. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Erməni işğalçılarının tam məğlubiyyəti ilə başa çatan 44 günlük müharibəyə qədər Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həll olunmasına, qan tökülməsinin əlehinə olduğunu bəyan etmişdir. Təəssüf ki, ölkəmizin xoş niyyəti nə Ermənistan, nə də beynəlxalq təşkilatlar tərəfindən anlayışla qəbul edilmədi. Ermənistan 30 ilə yaxın bir zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və buna görə cəzalandırılmadı. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunduğu halda Azərbaycana gəldikdə bu qətnamələr icrasız qaldı. ATƏT və digər beynəlxalq təşkilatların da Azərbaycan ərazilərinin işğal altında qalmasına laqeyd münasibəti göz önündə idi. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməz idi. Eyni zamanda xarici havadarlarına, cəzasız qalacağına güvənən Ermənistanın hərbi-siyasi azğınlığı da həddini aşmışdı. Ermənistan Baş nazirinin sərsəm bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi sayıqllamaları və 2020-ci ilin yayında Tovuz rayonu ətrafında baş verən hərbi təxribatlar Azərbaycanın səbr kasasını daşdırdı. Ermənistanın siyasi və hərbi vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyat nəticəsində düşmənə gərəkən cavab verildi və Azərbaycan torpaqları azad edildi.

    Zəfər Savaşı dövründə Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Bütün siyasi partiyalar Qarabağ uğrunda savaşda dövlətin atdığı addımları dəstəklədiklərini bəyan etdilər. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, siyasi, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.

    Noyabrın 8-də dünya hərb tarixinə iz qoyan qəhrəmanlıqla Azərbaycan ordusunun Şuşanı azad etməsi müharibədə ermənilərin öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxaran həlledici döyüş olmuşdur. Şuşanın azad edilməsindən sonra qondarma rejimin rəhbər vəzifəli şəxsləri başda olmaqla, demək olar, bütün sakinlər Xankəndini tərk etməyə başlamışdı. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etməyə məcbur oldu. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan təslimçilik aktına imza atdı.

    Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini (Vətən müharibəsini) qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük zəfərlə başa çatdırdı. Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu. Naxçıvanın 30 illik blokadasına son qoymaq üçün onun Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı.

    Vətəndaş Həmrəyliyi Partiyası Vətən Müharibəsinin ildönümündə Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Savaş günlərində birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir.

     

  • Sabir Rüstəmxanlı: “Amili başla quyruğu səhv salıb”

    Rusiya Hərbi Dəniz Donanmasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmilərinin sentyabrın 18-də Bakı limanına daxil olması müzakirələrə səbəb olub.

    Bir sıra ekspert və sosial şəbəkə istifadəçiləri bunu Azərbaycan və Türkiyənin Xəzər dənizindəki təlimlərinə cavab kimi qiymətləndiriblər.

    Bundan başqa, İran İslam Respublikasının bir sıra şəxslərinin, xüsusən Ərdəbilin imam-cüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanı hədələməsi bu hadisələrin fonunda təhlil edilir.

    Bildirilir ki, Pakistan, Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərindən sonra baş verənlər Moskva və Tehranın Bakıya mesajıdır.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, İranla Rusiyanın Azərbaycana münasibətinin bəllidir və iki dövlət sıx ittifaqdadır: “Hər iki dövlət Azərbaycan daxilində və xaricindəki prosesləri diqqətlə izləyirlər. Bakının bir il əvvəl 44 gündə işğalda olan əraziləri azad etməsi, bölgədəki quruculuq işləri, beynəlxalq nüfuzunun artması İranı narahat edir. Rusiya barədə bunu deyə bilmərəm, çünki Moskva ilə münasibətlər fərqlidir. Həm də Azərbaycan və Rusiya hakimiyyətlərinin münasibətləri normaldır və bu şəkildə də davam edir. Amma Rusiya erməni diasporasının təsirində olan başqa qüvvələr də var, xüsusən mətbuat orqanlarında onlar əleyhimizə ciddi çalışmaları nəticəsini göstərir. Bu, Ermənistana hərbi yardımda, Dağlıq Qarabağa qayıtmaq xəyallarında özünü göstərir. Konkret olaraq, Rusiyanın xarici işlər naziri dövlətin rəsmi siyasətini idarə etsə də, şəxsi simpatiyasını da gizlədə bilmir, bütün bunlar mürəkkəb münasibət sistemi yaradıb. Amma Azərbaycan bu şəraitdə özünün mövqeyini qoruyur, diplomatik-iqtisadi yolla işini görür”.

    Sabir Rüstəmxanlı Rusiyadan fərqli olaraq İranla münasibətlərin daha mürəkkəb olduğunu düşünür: “30 il müstəqillik qazansaq da, Tehran içimizdə təsir dairəsini genişləndirməyə çalışır. İran Yaxın Şərqdə-Livandan, Suriyadan, Yəməndən başlamış bütün bu bölgələrdə təsirini genişləndirməyə çalışır. Bu bölgələrdə terror təşkilatları var ki, hamısı Tehran tərəfindən idarə olunur. Hətta Mərkəzi Asiyada da bunu görmək mümkündür, müxtəlif dərgilər buraxır. Amma Azərbaycanda din xətti işləyir. Dinə inanan insanların səmimi sevgilərindən istifadə edib daimi süni-şiə ayrı-seçkiliyini, aşırı şiəçiliyi qabardırlar ki, bunların arxasında molla rejimin “qara niyyətləri” dayanır. Təsadüfü deyil ki, Tehranın rəsmi dairələri Azərbaycanla xoş niyyətlərini bəyan etsələr də, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili təhdid edir və deyir ki, Azərbaycan İranın quyruğu ilə oynamasın. Ayətullah olsa da, İranın yaxın tarixini bilmir. Vaxtı ilə İran şahı 1945-1946-cı ildə ayrılmaq söhbəti gündəmə gələndə demişdi ki, İran yatmış şirdir, başı Azərbaycandır. Yəni baş kəsilsə, şir ölər. Tarix boyu iqtisadi-siyasi imkanlarına görə Azərbaycan İranın başı sayılıb. Amma Amili başla quyruğu səhv salıb, görünür, başı quyruq üzərində işləyir. Əslində, bölgələrimiz arasında dəmiryolunun açılması İranın iqtisadiyyatına köməkdir, çünki Rusiya ilə birləşdirir və Ermənistanla xətt yaranır. Təəssüf ki, bunu dərk etmirlər. 10 noyabr sənədinə görə, həmin dəhliz açılmalıdırsa, Tehran niyə bundan qıcıqlanır, – başa düşmək olmur. Üstəlik, bizə şiə qardaşı deyə-deyə işğalçıya yardım edib və istilada olan şəhər və kəndlərimizin talanmasında iştirakçı olub. Əgər İranın gözü qarşısında məscidlərimiz dağıdılıb, təhqir edilibsə, hansı şiə qardaşılığında söhbət gedə bilər? Hələ müharibə vaxtı güneylilərinin etirazına baxmayaraq Ermənistana silah yardımı edirdilər. İndi də separatçı rejim iddiasında olanları bəsləyirlər. Dəstək olaraq göndərdikləri nəqliyyat vasitələri də bizim ərazimizdən keçir, Azərbaycanın haqqıdır, onları yoxlamaq, fərqi yoxdur hansı dövlət olur-olsun. Azərbaycan ərazisinə gəlirsə, icazə almalıdır, bunu İranın mollası dərk etmirsə, bizim günahımız deyil”.

    Meydan Tv

  • Sabir Rüstəmxanlı: “Türk dünyası getdikcə Qərbin təsirindən qurtulacaq”

    Gələn ay Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək. Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türk Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” olacaq. Bu barədə AKP sədrinin müavini Binəli Yıldırım məlumat verib. O, həmçinin bildirib ki, Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq. Bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək. Hazırda Türkmənistan Türk Şurasına müşahidəçi üzvdür.

    Ad dəyişmə keyfiyyət dəyişikliyinə də gətirəcəkmi? Türk birliyi bununla yeni impuls qazanacaqmı və əsasən hansı sahələrdə bu, özünü göstərəcək?

    VHP sədri, deputat Sabir Rüstəmxanlı görülən işləri çox mühüm hesab edir:“Növbəti görüşdə hansı məsələlər müzakirə ediləcək, bu barədə geniş məlumatım yoxdur. Son 30 ildə ləng getsə də, Türk Birliyinin möhkəmləndirilməsi istiqamətində işlər getdi. İldən-ilə bu birlik möhkəmlənir. Bu quruma üzv olmaqda tərəddüd keçirənlərin də inamı artır. Onlar da qoşulmağa başlayıblar. Türk dünyasının bir-birinə yaxınlaşması, inanması, bir-birinin taleyi, bu günü və gələcəyi ilə maraqlanması, bundan narahatlığını ifadə etməsi və digər yönlərdə baş verənlər çox mühümdür. Bu işləri inkar etmək mümkün deyil. Bir sıra ümumi təşkilatlar, qurumlar yaranıb, akademiya, mədəniyyət mərkəzləri, parlament, türk konseyi yaradılıb ki, bunlar da ciddi işlərdir.

    Türk dünyasının gələcəkdə təxminən Avropa Birliyi kimi bir qurum yaradıb bir-birinə dayaq durması və siyasi, iqtisadi, mədəni yöndə qarışıqlı əlaqələrin qurulması çox sevindirici olardı. Artıq bu istiqamətdə də ümidverici addımlar atılır. Türkmənistanın da proseslərə qatılması ilə birliyin gücü daha da artacaq, qarışıqlı etibar, inam güclənəcək. Türk dünyası getdikcə Qərbin, Avropa dövlətlərinin təsirindən qurtulacaq. Onların vahiməsi, xofu dağıldıqca bu birlik də güclənəcək. Birliyə sədrliyin Türkiyəyə keçməsi simvolik xarakter daşıyır. Amma birliyin fəaliyyətində, tərkibində qardaş ölkə daim əsas rol oynayır. Bundan sonra da bu belə olacaq”.

     

     

  • Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir

    Bu gün Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun o vaxtlar yenicə formalaşan Azərbaycan Silahlı Qüvvələri ilə birgə Bakını erməni-daşnak və xüsusi olaraq silahlandırılan bolşevik quldur dəstələrindən təmizlənməsindən 103 il ötür. 1918-ci ilin bu ayında Qafqaz İslam Ordusu susuz çöllərdən – Müsüslüdən, Kürdəmirdən, Hacıqabuldan, Ələtdən dağlardan, dik yamaclardan aşıb erməni-daşnak və bolşevik dəstələrinin müqavimətini qıraraq sentyabrın 15-də səhər tezdən Bakıya daxil olmuşdur. Qafqaz İslam Ordusunun Bakıya daxil olduğu zaman onun qarşısında duruş gətirə bilməyən erməni daşnaklar, bolşeviklər və ingilis qoşunları Bakı körfəzinə üz tutaraq dəniz limanı vasitəsilə qaçmağa başlamışdılar. Məhz bu gün biz belə bir qəhrəmanlıq tariximizi qeyd edirik.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Türk şəhidliyi” abidəsini ziyarət edərkən jurnalistlərə müsahibəsində söyləyib.

    “Bilirik ki, Şamaxı yolunda da, Şəki yaxınlığında da türk əsgərlərinin məzarları var. Amma əsas məzarlıq hazırda durduğumuz yerdədir. Burada onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş digər şəhidlərimizlə – 20 Yanvar və Qarabağ müharibəsi şəhidləri ilə bir məkanda uyuyurlar. Türk və Azərbaycan şəhidlərinin məzarları da, ruhları bir yerdədir. Bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasət bir millət olan Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir”, – deyə partiya sədri qeyd edib.

    Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan xalqı bu bayramı Qarabağda qazandığı böyük Zəfərin sevinci ilə qeyd edir. “Bir il bundan əvvəl Azərbaycan Türkiyənin siyasi və mənəvi dəstəyi ilə öz torpaqlarını işğaldan azad etdi. O vaxt da Nuru paşa Qarabağın ermənilərdən azad edilməsi uğrunda mübarizə aparmış və həmin torpaqlar işğalçılardan təmizlənmişdir. Əfsuslar olsun ki,1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə həmin iş yarımçıq qalmışdır. Amma bu gün Azərbaycanın Müzəffər Ordusu Qarabağı işğaldan azad edib və əslində, burada uyuyan şəhidlərin ruhunu şad edib. Çünki onların niyyəti Azərbaycan torpaqlarının yadellilərdən təmizlənməsi idi. Bu gün Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimləri bütün dünyaya birliyimizi nümayiş etdirməsi, bu müqəddəs məzarlıqda uyuyan insanların arzularının, niyyətlərinin həyata keçirilməsi yolunda böyük addımdır. Bu gün Azərbaycan birlik və bütövlük yolundadır, bu yol biz ideallarımıza çatanadək davam edəcək”, – deyə Sabir Rüstəmxanlı vurğulayıb.

  • Sabir Rüstəmxanlı: “Birgə təlim keçirən Azərbaycan və Türkiyə orduları dünyaya birliyimizi göstərir”

    “Bu gün Azərbaycan müstəqildirsə, biz bu müstəqilliyi 1990-cı ildə bərpa etməyi bacarmışıqsa, bərpa edilməli hansısa dəyərlərimiz olubsa, onun hamısını bu gün Türk şəhidliyində uyuyan 1130 şəhidə və o zaman Azərbaycan Ordusunun şəhid olan əsgərlərinə borcluyuq”.

    Bunu Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə yürüşdə iştirak edən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı bildirib.

    S. Rüstəmxanlı deyib ki, Bakı erməni-bolşevik quldur dəstələrindən azad edilib və Azərbaycanın 2 illik müstəqilliyi bizim üçün bir örnək yaradıb: “Bu gün də Azərbaycan müstəqildir. Şükür, İkinci Qarabağ savaşında qalib gəlmişik, müstəqilliyimiz günü-gündən möhkəmlənir. Azərbaycan bir dövlət kimi 30 ildir ayaqdadırsa, bu, artıq Azərbaycan dövlətinin əbədi olacağına bir işarədir. Ona görə də biz bu gün Türk şəhidlərinin ruhunu sevindirməyə gəlmişik. Onlara demək istəyirik ki, Siz unudulmamısınız, yaşayırsınız. Sizin arzularınızın, ideallarınızın davamı olaraq bu gün yenə Azərbaycan və Türkiyə orduları bir yerdədir, bir yerdə təlim keçirir, dünyaya da bizim birliyimizi göstərir”.

    APA

  • Samir Əsədli: “İran və Rusiya koordinasiyalı şəkildə Dağlıq Qarabağda erməni separatizmini yaşatmağa və canlandırmağa qərar veriblər”

    “Azərbaycanın İrana qarşı təsir rıçaqları var. Xüsusən, soydaşlarımız ciddi faktordur. Bu təsirlər işə salınmalıdır ki, fars rejimi daha çox həyasızlıq etməkdən çəkinsin”

    İrana məxsus yük maşınları Azərbaycan hökumətinin icazəsi olmadan erməni separatçılarının yerləşdiyi ərazimizə getməyə davam edir. Bu ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. 11 iyul – 8 avqust tarixlərində İrana məxsus 35 maşın 70 dəfə laçın dəhlizinə daxil olub və çıxıb. Bundan sonra 11 avqustda İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılaraq nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu. 

    Amma Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Qarabağ bölgəsinə qanunsuz daxil olduğunu göstərən eksklüziv videogörüntülər yayıldı. Məlum oldu ki, 11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb. İranlılar və ermənilər müxtəlif hiylələrə də əl atırlar. Misal üçün, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün onlara erməni qeydiyyat nömrələri vurulur. Ancaq nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb. Diqqət çəkən məqamlardan biri də İran tırlarından bir neçəsinin üzərində “Təbriz” yazının yer alması olub. Yük maşınlarının Xankəndiyə nə daşıdığı və nə üçün bu qanunsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı komandanlığına İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib. Buna cavab olaraq Azərbaycan polisi Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlayıb.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, cənub və şimal qonşularımızın zaman-zaman ölkəmizə qarşı xoşagəlməz davranışlarının şahidi olmuşuq. Partiya təmsilçisinə görə, bu mənada, Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməllərini ortaya qoyan məlum qalmaqallı görüntülərin yayılmasına təəccüblənməyə dəyməz:

    “Cənubda molla rejimi, şimalda rus şovinizmi hər zaman Azərbaycana düşmən mövqedə olublar. Hələlik İran tərəfi, o cümlədən Rusiya sülhməramlıları bu qalmaqallı olaya heç bir reaksiya verməyib. Hər ikisi susur. Susmaları da anlaşılandır. Çünki bu görüntülərin ortaya çıxması ilə necə deyərlər, tərəflərin ikisi də suç üstündə yaxalanıb. Ancaq onların susqunluğu sonsuza qədər davam edə bilməz. Ən yaxın qonşu saydıqlarımız bu görüntülərə nəsə bir aydınlıq gətirməlidirlər. Bu görüntülər haqlı olaraq cəmiyyətimiz tərəfindən təpki ilə qarşılanmaqdadır. Eyni zamanda bu görüntülərdən ortaya bir sıra suallar da çıxır ki, istər İran tərəfi, istərsə də Rusiya tərəfi bu sualları mütləq cavablandırmalıdır”.

    S.Əsədliyə görə, İran günün günorta çağı və Rusiya sülhməramlılarının gözləri qarşısında Azərbaycanın bəlli bir ərazisinə “humanitar yardım” adıyla qaçaqmalçı yüklər daşıyır:  “İrana bu səlahiyyəti kim verib? Bəllidir ki, rəsmi Bakı İrana belə bir səlahiyyət verməyib. İranla Azərbaycan arasında bu barədə hər hansı bir anlaşma imzalanmayıb. Bəs o zaman İran tərəfi hansı hüquqi bazaya əsaslanaraq, Azərbaycan dövlətinin başı üzərindən bu cür özbaşınalıqlara yol verir? Sülhməramlıların bu işdə marağı nədir? İran və Rusiyanın Xankəndi üzərindən şübhəli işbirliyi qurması geosiyasi maraqlardan irəli gəlir, yoxsa söhbət narkotrafik təşkil etməklə külli miqdarda “çirkli pullar” əldə etməkdən gedir? Göründüyü kimi ortada bir yığın suallar və mübahisəli məqamlar var. Ancaq bütün hallarda görünən budur ki, faktiki olaraq İran da, Rusiya da beynəlxalq hüquq normalarını və sülhməramlılıq prinsiplərini pozaraq separatçıları ayaqda saxlamaq üçün birgə səylərini davam etdirirlər. Bu, separatizmə açıq-aşkar dəstək verilməsinin təsdiqidir”.

    VHP rəsmisi bəyan edib ki, İran və Rusiya koordinasiyalı şəkildə Dağlıq Qarabağda erməni separatizmini yaşatmağa və canlandırmağa qərar veriblər: “Onların Azərbaycanın razılığını almadan “Laçın dəhlizi”ndən Xankəndinə “yardım” daşınmasını təmin etmələri ölkəmizin suverenliyinə qarşı sayğısızlıqdır. İran bu hərəkəti ilə 44 günlük müharibədən əvvəl olduğu kimi indi də Azərbaycanın ərazi bütövlüyünü pozmağa davam edir. Bizim üçün Rusiya tərəfinin də bu məsələyə necə münasibət bildirəcəyi çox maraqlıdır. Çünki bu son qalmaqallı görüntülər Rusiya sülhməramlı heyətinin İranın yük maşınlarını tamamilə qeyri-qanuni olaraq Azərbaycan ərazisinə buraxmaqla 10 noyabr Bəyanatının müddəalarını açıq-aşkar pozduğunu təsdiqləyir. Rusiya sülhməramlı kontingentinin İranın erməni separatçılarına  dəstək verməsinə göz yumması bağışlanmaz və qəbuledilməzdir”.

    Şərq qəzeti