Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP Şabran və Lerikdə toplantı keçirib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şabran və Lerik rayon təşkilatlarınln məclis toplantısı keçirilib.
    Toplantıda Şabran rayon təşkilatının sədri Lətifə Camal və Lerik rayon təşkilatının sədri Elxan Hacıyev ölkədəki ctimai-siyasi durum, təşkilati məsələlər və qarşıda duran vəzifələr barədə geniş çıxış edib.
    Daha sonra məclis üzvləri və fəallar çıxış ətrafında müzakirə aparıb.
    Sonda təşkilati məsələlərə baxılıb. Şabran rayon təşkilatı 19 nəfər və Lerik rayon təşkilatı isə 13 nəfər yeni üzv qəbul edib.
  • “Azərbaycan ərazilərində qanunsuz hərəkətlərə son qoyulub”

    Bakıda Ermənistan və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə təqsirli bilinən 15 nəfərin, o cümlədən Ruben Vardanyan və digərlərinin məhkəməsi davam edir. Məhkəmə ilə bağlı  Fransa nəşri material dərc edib. Materialda Şiller Beynəlxalq Universitetinin professoru, “Ermənistanın geosiyasəti” kitabının müəllifi Tiqran Yeqavyanın fikri yer alır. “Bakının ən çox qorxduğu adam Ruben Vardanyandır”, – deyə o iddia edib.

    Ruben Vardanyanın oğlu David Vardanyan isə bildirib ki, Bakıdakı məhkəməni dayandırmaq üçün addımlar atılmalıdır. “Bunun üçün Avropa İttifaqına təzyiq etmək lazımdır. Ki, onlar da Bakını sıxışdırmaqla erməniləri geri ala bilsin”, – milyarder cinayətkarın oğlu çağırış edib. Avropa Birliyində Fransanın dominant olduğunu nəzərə alsaq, Vardanyanın oğlunun Aİ-yə çağırışının nəticəsi ola bilərmi? Bu xüsusda azərbaycanlı hüquqşünaslar və analitiklər nə düşünür?

    “Vardanyanı siyasi məhbus kimi qələmə vermək cəhdləri var. Onun həbsində siyasi motiv olsaydı, buna dair bəyanatlara rast gəlinərdi. Sadəcə, oğlu və yaxın çevrəsi kampaniya təşkil etməyə çalışır. Avropa İttifaqına çağırış da beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə hesablanıb”, – “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə belə deyib. Onun sözlərinə görə, Vardanyan vəkil və tərcüməçi ilə təmin olunub, müdafiəsi üçün istintaq materialları ilə tanış olmağa zaman istəməsi barədə vəsatəti də bir dəfə tanınıb: “Bu müddətdə saxlanma şəraitindən narazı qalmayıb, yaxınları ilə əlaqə saxlamasına imkan yaradılıb, indi də məhkəməsi gedir və beynəlxalq hüquqa riayət edilir. Beləliklə, Ruben Vardanyanın həbsində nə siyasi amil var, nə də saxlandığı dövrdə hüquqları pozulub”. Hüquq müdafiəçisi hesab edir ki, Aİ-yə çağırışlar siyasi dəstək almağa yönəlib: “Ruben Vardanyan Qarabağa sərhədi qanunsuz keçərək gəlib. Heç zaman Qarabağda olmayıb, amma Xankəndidə dinc erməniləri silahlanmağa, Azərbaycan dövlətinə qarşı döyüşməyə dəvət edib. Həmçinin tanınmayan rejimdə vəzifə tutub, maliyyə xərcləyib, qanunsuz silahlı birləşmələrə sponsorluq edib, sərvətlərimizin talan edilməsində iştirak edib. Bütün bunlar cinayətdir”.

    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Felmar Ələkbərli isə Bakının “Nürnberq” prosesini özünün daxili işi kimi qiymətləndirir: “Azərbaycan ərazilərində qanunsuz hərəkətlərə son qoyulub. Dünyanın heç yerində dövlət içində ayrıca qondarma dövlət qurula bilməz. Vardanyanın oğlu hansı sübut, arqument gətirir ki, atası azad edilsin?! Necə olur ki, Rusiya vətəndaşlığından imtina et, sonra Qarabağa gəl və Xankəndidə keçirilən mitinqdə mülki erməniləri silaha sarılmağa çağır, biz də buna göz yumaq? Avropa İttifaqı üzvü olan ölkələrdə belə hərəkətlərə necə yanaşırlar? Təbii ki, dərhal ordu yeridilir və təhlükəli qüvvələr zərərsizləşdirilir. Azərbaycan da fərqli nəsə etməyib. Biz dinc erməni əhalisinə zərər vurmadan, mərkəzə tabe olmayan terrorçu qüvvələri məhv etmişik. Onlar da ağ bayraq qaldırıb və Şahramanyan xunta rejiminin ləğvinə dair qərar çıxarıb”.

    Partiya rəsmisi Qarabağda mövcud olmuş terrorçu qüvvələrin Qusarda bu günlərdə zərərsizləşdirilən dini-ekstremist qruplaşmadan fərqini görmür: “Ən azından “Meşə qardaşları” adlanan dəstə qısa zamanda sıradan çıxarılıb və təhlükə aradan qalxıb. Qarabağda isə separatizm 30 ildən çox olub və ciddi himayə altında fəaliyyət göstəriblər. Vardanyan da onlardan biri idi. Ona görə də bu şəxs vətəndaş həmrəyliyinə ziyan vurmuş bir terror sponsoru kimi cəzasını almalıdır. İnanmıram ki, Avropa İttifaqı onunla bağlı bizə təzyiq etsin. Əvvəla, Brüssel üçün Vardanyan heç kimdir. İkincisi, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq var, enerji sahəsində əməkdaşlıq mövcuddur. Axı Donbasda və Qarabağda separatçılığı maliyyələşdirmiş, Rusiyanın adamı olmuş və Moskvadakı dairələrin təlimatı ilə Xankəndinə göndərilmiş birini Qərb niyə müdafiə etsin ki?!”

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • Ermənistanın bundan öncəki rəhbərləri Rusiyanın valisi kimi ölkəni idarə ediblər

    Rusiya Ermənistana Qərbə inteqrasiyaya görə növbəti xəbərdarlığını edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Onun sözlərinə görə, bu durumda erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq: “Məsələn, hesab edirəm ki, bu, əsas məsələdir, çünki bu, qazanc və gəlirə yox, birbaşa inkişafa zərbə olacaq. Əgər istehsalın miqyasından, Ermənistan əhalisindən danışırıqsa, bu, tam yoxsullaşmaya gətirib çıxara bilər”. Zaxarova həmçinin Avropa İttifaqına üzv olacağı və bu fonda Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılacağı təqdirdə Ermənistan mallarının ixracının 80 faiz azalacağını proqnozlaşdırıb. Eləcə də, onun sözlərinə görə, İrəvanın AİB ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz etmək mümkün deyil. Zaxarova əlavə edib ki, İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyən etmək hüququ var, bu, suveren dövlətin hüququdur, amma əvvəlcə belə qərarların praktiki tərəfləri nəzərdən keçirilməlidir: “Avropa və ABŞ-də heç kim Ermənistanın məhsullarını gözləmir. Gözləsəydilər, artıq götürərdilər. Elə kömək etmək istəyirlərsə və məhsullar bu qədər əvəzolunmazdırsa, niyə götürmürlər?”.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Rusiyanın Ermənistanı təhdid etməsinin kökündə Ermənistan iqtisadiyyatının tam olaraq Rusiyadan asılı vəziyyətdə olması dayanır. Ekspert vurğulayıb ki, Ermənistanın bundan öncəki rəhbərləri Rusiyanın valisi kimi ölkəni idarə ediblər:

    “Uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın Rusiyadan asılılığı daha da artıb. Yəni Nikol Paşinyan hakimiyyətə gələnə kimi Ermənistan rəhbərliyində təmsil olunan şəxslər birbaşa Rusiyanın nəzarəti altında ölkəni və erməniləri idarə ediblər. Rusiya məhz buna dayanaraq Ermənistanı tam idarə edib. Ermənistan heç vaxt Rusiyanın icazəsi olmadan addım atmayıb. Paşinyan hakimiyyətə gələndən sonra Qərbə inteqrasiya siyasətini həyata keçirib. Avropa və ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışıb. Təbii ki, İrəvan hökumətinin belə davranması Rusiyanı qıcıqlandırır. Çünki Rusiya Ermənistanın ondan hər sahədə, əsas da iqtisadi baxımdan asılı olduğunu yaxşı bilir. Ona görə də Ermənistana xəbərdarlıq edir, təzyiq göstərməyə çalışır. Moskva çalışır ki, müxtəlif vasitələrdən istifadə etməklə Ermənistanı Avropaya, Qərbə inteqrasiyanı dayandırmağa məcbur etsin”.
     
    Siyasi şərhçi vurğulayıb ki, əgər Qərb öz sözünün arxasında dursa, Ermənistana dəstək olsa, İrəvanın Moskvadan asılılığı nisbətən azalacaq:
     “Amma Qərb öz sözünün üstündə durmazsa, Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq. Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir. Dünənədək bu ölkəni Rusiya idarə edib”.

  • Millət vəkili Tənzilə Rüstəmxanlı növbəti vətəndaş qəbulu keçirib

    Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Neftçalanın Qədimkənd kəndində növbəti vətəndaş qəbulu keçirib.
    Vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su və internet xəttlərinin çəkilişinin düzgün layihələndirilməsi, o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı məsələlər qabardılıb.
    Hər kəsin arzu və istəkləri, eyni zamanda qaldırdıqları sosial problemlər, vətəndaşların təklif və tələbləri millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıq verilib.
    Şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırılıb, onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanılıb, hər birini ayrı-ayrılıqda dinlənərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.
    Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.
  • VHP-dən bələdiyyə üzvü seçilmiş şəxslərin siyahısı

    Vətəndaş Həmrəyliyi Partiyası 29 yanvar tarixdə keçirilən bələdiyyə seçkilərində 30 nəfərin namizədliyi irəli sürülmüş, onlardan 28 nəfəri namizəd olaraq qeydə alınmışdı. Seçkilərin yekun nəticəsinə əsasən VHP namizədlərindən 12 nəfər müxtəlif bələdiyyələrə üzv seçilib ki, onlardan 7 nəfəri qadındır.
    Seçilən üzvlərimiz bunlardır:

    ✅ Bakı şəhər, Qaradağ rayon Qızıldaş bələdiyyəsinə VHP Qaradağ rayon təşkilatının sədr müavini Seymur Əsədov;

    ✅ Ağstafa bələdiyyəsinə VHP Ağstafa rayon təşkilatının sədri Dürdanə Həsənova;

    ✅ Zərdab rayon Dəkkə Oba bələdiyyəsinə VHP Zərdab rayon təşkilatının sədri Kamran Musayev;

    ✅ Beyləqan rayon, Əlinəzərli bələdiyyəsinə VHP Beyləqan rayon təşkilatının sədri Ədalət Quliyev;

    ✅ Tovuz bələdiyyəsinə VHP Gənclər Təşkilatının sədr müavini Telman Ələsgərov;

    ✅ Astara bələdiyyəsinə VHP Astara rayon təşkilatının sədr müavini Günel Teymurzadə;

    ✅ Gəncə şəhəri, Nizami bələdiyyəsinə VHP Gəncə şəhər təşkilatının sədr müavini Nigar Həsənova;

    ✅ Xaçmaz rayon, Köhnə Xaçmaz bələdiyyəsinə VHP Xaçmaz rayon təşkilatının məclis üzvü Əhməd Savalyov;

    ✅ Neftçala bələdiyyəsinə VHP Neftçala rayon təşkilatı məclis üzvü Jalə Sədrzadə;

    ✅ Qusar bələdiyyəsinə VHP Qusar rayon təşkilatının Məclis üzvü Leyla Davudova;

    ✅ Yardımlı rayon, Hamarkənd bələdiyyəsinə VHP Yardımlı rayon təşkilatının məclis üzvü Aygün Alışlı;

    ✅ Kürdəmir rayon, Cəyli bələdiyyəsinə VHP Kürdəmir rayon təşkilatının üzvü Nigar Hasilova.

    Üzvlərimizi təbrik edir, bələdiyyə üzvü kimi fəaliyyətində uğurlar arzulayırıq.

  • VHP-nin seçki təcrübəsi örnək ola bilər

    Hər zaman öz siyasi və ideoloji xəttinə sadiq qalan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) seçki təcrübəsi ilə də ölkənin siyasi sistemində üstün mövqeyə malikdir.
    VHP müstəqillik tariximizdə bütün parlament və bələdiyyə seçkilərində iştirak etmiş iki partiyadan biridir. Eyni zamanda hər zaman parlamentdə təmsil olunması və bələdiyyələrdə yer alması pariya tariximizin uğurlarından biridir.
    Bu baxımdan 29 yanvar bələdiyyə seçkilərində də VHP fəal iştirak edir. Seçkiyə 30 namizədlə qatılan partiyamızın 28 namizədi qeydə alınıb. Xüsusi olaraq bildirək ki, seçki prosesinin təşkili ilə bağlı seçki qanunvericiliyinə uyğun olaraq namizədlər üçün bütün imkanlar təmin edilmişdi. VHP-dən olan namizədlər təbliğat-təşviqat işləri aparması həm təbliğat vasitələrdən istifadə etmiş, xüsusi ayrılmış açıq və qapalı məkanlarda, məhəllədaxili və evlərdə görüşlər keçirmişdir. Eyni zamanda səsvermə günü müxtəlif seçki dairələri üzrə partiya tərəfindən müəyyənləşmiş müşahidəçilər seçki prosesini izləmişdir. Seçki prosesi kimi, yekun nəticələr də obyektiv və demokratik prinsiplər əsasında açıqlanscaq.
    29 yanvar bələdiyyə seçkiləri ilə bağlı ümumi rəy seçkinin demokratik və azad rəqabət mühitində keçirilməsinə əsaslanır.

  • Millət vəkili Masallıda vətəndaş qəbulu keçirib

    Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Fəzail İbrahimli Masallı rayon Köhnə Alvadı kəndində növbəti vətəndaş qəbulu keçirib. Görüş zamanı kənd sakinləri öz problemləri, kəndlə bağlı isrəklərini bildirib.
    Vətəndaşları diqqətlə dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumlara, cavabdeh şəxslərə sorğu göndərib. Bir sıra məsələlər yerində həll edilib.

  • VHP-nin bələdiyyə seçkilərində namizədləri (2025)

    Vətəndaş Həmrəyliyi Partiyasının bələdiyyə seçkilərində iştirak edən namizədlərin qeydiyyat prosesi başa çatıb. 29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkilərində VHP-nin qeydə alınan namizədləri. Bələdiyyə seçkilərində namizəd olaraq iştirak edən Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri:
    -Sumqayıt bələdiyyəsi Yusif Salmansoy - VHP sədrinin müavini
    -Sumqayıt bələdiyyəsi Yusif Salmansoy – VHP sədrinin müavini
    -Ağstafa bələdiyyəsi Dürdanə Həsənova – VHP Ağstafa RT sədri
    -Şəki bələdiyyəsi Gülnar Gülməmmədova – VHP Şəki RT sədri
    -Zərdab, Dəkkə Oba bələdiyyəsi
    Kamran Musayev – VHP Zərdab RT sədri
    -Beyləqan, Əlinəzərli bələdiyyəsi -Ədalət Quliyev -VHP Beyləqan RT sədri
    -Bakı şəhər, Qızıldaş bələdiyyəsi Seymur Əsədov – VHP Qaradağ RT sədr müavini
    -Abşeron rayon, Məmmədli bələdiyyəsi Ərturqut Şərəfxanlı – VHP Gənclər Təşkilatı sədri
    -Tovuz bələdiyyəsi Telman Ələsgərov -VHP Gənclər Təşkilatı sədr müavini
    -Astara bələdiyyəsi Günel Teymurzadə – VHP Astara RT sədr müavini
    -Oğuz rayon, Padar bələdiyyəsi Məmmədəmin Rəsulzadə – VHP Oğuz RT sədr müavini
    -Gəncə şəhəri, Nizami bələdiyyəsi -Nigar Həsənova -VHP Gəncə ŞT sədr müavini
    -Salyan bələdiyyəsi Ağakərim Hüseynov -VHP Salyan RT sədr müavini
    -Gədəbəy rayon, Miskinli bələdiyyəsi Tünzalə Hüseynzadə-VHP Gədəbəy RT sədr müavini
    -Şirvan bələdiyyəsi Samir Mahmudov -VHP Şirvan ŞT sədr müavini
    -Yevlax bələdiyyəsi Təhminə Abışova -VHP Yevlax RT sədr müavini
    -Salyan bələdiyyəsi Ağakərim Hüseynov -VHP Salyan RT sədr müavini
  • Mollaların təhqiri – Cənubda xalq ayağa qalxacaq – VİDEO

    “Sabir Rüstəmxanlı söhbətləri”nin budəfəki buraxılışı Ərdəbil mollasının məlum sərsəm danışıqları, İranın ermənipərəst siyasəti və bu siyasətin kökləri, Cənubda yaşayan soydaşlarımıza həsr olunub.
    Dünya Azərbaycanlıları Konqresinin həmsədri, VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, İranın apardığı siyasət bütün İslam aləminə, eyni zamanda orada yaşayan türklərə qarşı çevirilib.
    O bildirib ki, bu siyasətin davam etdirilməsi Cənubdakı soydaşlarımızın öz haqları uğurunda ayağa qalxması və qələbə qazanmasıyla nəticələnəcək.

  • 50 çeçen uşağa həyat verən Azərbaycan – Sabir Rüstəmxanlının yazısı

    Sabir Rüstəmxanlı
    Qroznıya uçan təyyarəmiz vurulandan və onlarla insanın həyatına son qoyan qəza baş verəndən sonra Birinci və İkinci Çeçenstan savaşı günlərində Azərbaycanın çeçenlərə necə dayaq durduğunu xatırladım. Bir milyona yaxın evsiz-eşiksiz, ac-yalavac qaçqın və köçkünümüz ola-ola öz yurdlarını tərk etmiş çeçenlərə də qucaq açmışdıq. Ən maraqlısı budur ki, bizdə prezidentlər, baş nazirlər dəyişilsə də, çeçenlərə münasbət dəyişilmədi. Bakıya üz tutanlar həm rəsmi səviyyədə, həm də xalq arasında rəğbətlə, qayğıkeşliklə qarşılanırdılar.
    Bakıda Çeçenistanın daimi nümayəndəliyi vardı. Mərhum rəssam dostum Firudin Abbasov da könüllü şəkildə həmin nümayəndəlikdə işləyir, çeçenlərə kömək edirdi. Firudin son dərəcə isteadlı bir sənət adamı idi. Gördüyüm azsaylı əsərlərində dahiyanə bir rəssam əli hiss olunurdu. (Bu barədə ayrıca bir yazı yazacağam.) Lakin Ermənistanın torpaq iddiaları ortaya çıxandan və Qarabağ müharibəsi başlanandan fırçanı yerə qoymuşdu. Meydanlardan, qızğın mübahisəli yığıncaqlarımızdan sonra çox vaxt onun İçərişəhərdəki balaca otağına çəkilir və sonrakı işlərimizi müzakirə edir, torpaqlarımızı necə azad edəcəyimiz barədə düşünürdük. 1989-cu ildə Qarabağa Xalq Yardımı Komitəsinə və mənim çap etdiyim ilk müstəqil qəzetimiz “Azərbaycan”a da onu içindəki vətən sevgisi və qeyrət gətirmişdi… Əsl savaş adamıydı və döyüş bölgələrinə də çox vaxt bərabər gedirdik.
    1994-cü ildən sonra onun balaca otağı həm də çeçen yaralılarının, köməksiz ailələrin üz tutduğu yer oldu. Çətinə düşən kimi məni axtarırdı. Yaralıları xəstəxanada, hamilə qadınları doğum evlərində yerləşdirməli olurduq. Bir gün də yanıma bir çeçen hərbçisini gətirdi. Qonaq 50 nəfər atasız-anasız çeçen uşağını Türkiyəyə göndərmək məqsədiylə gəlmişdi. Uşaqları qəbul etməyə hazır olan bir-iki Avropa ölkəsinin adını çəkdi. Lakin uşaqlar nə Avropaya, nə İrana, nə ərəb ölkələrindən birinə yox, məhz Türkiyiyə getmək istəyirdilər. Ancaq bu, mümkünsüz bir iş idi, çünki uşaqların əllərində heç bir sənəd, hətta doğum şəhadətnaməsi də yox idi. Onların taleyinə və Türkiyə sevgilərinə biganə qalmaq mümkün deyildi. Düz bir aya yaxın inadkarlıqla çalışdım, əziyyət çəkdim, ümidsizliyin içindən bir yol tapdım.. Bizim Xarici İşlər Nazirliyi, Türkiyənin Azərbaycandakı böyük elçiliyi ürəklə işə qarışdılar. Axır ki uşaqları Naxçıvana, ordan da Türkiyəyə yola sala bildik. İş bitəndən sonra Türkiyə səfirliyinin bir əməkdaşı məni qucaqlayıb “Bəy, sənin həmkarların mal-mülk peşindədirlər, sən də özünü yandırırsan bu kimsəsiz çocuklar üçün” dedi. “Bu, bir insanlıq borcudur!” dedim.
    Bilmirəm, Çeçenistanda o uşaqların Bakı macərasını və sonrakı taleyini, bu işdə mənim zəhmətimi bilən varmı? Əvvəllər bu haqda düşünməmişdim. Ancaq indi düşünürəm və 50 kimsəsiz uşağa yol açan, həyat verən Azərbaycanla bir o qədər məsum insanın ölümünə səbəb olan Çeçenistanın, onun rəhbərinin və ona əmr verən Rusiyanın fərqini görürəm. Qazax qardaşlarımızın qəzadan sonra qoşduqları mahnını dinləyirəm və deyirəm: Biz insan sevgisiylə və mərhəmət duyğusuyla güclüyük. Allah bizim və bütün türklərin ürəyində bu sevgini və mərhəməti azaltmasın!