Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • 20 noyabr vertolyot qəzasından 21 il keçir

    Arxadan zərbə, yaxud əsrə bərabər 21 il…

    Qarakənd faciəsi və ya 20 noyabr hadisəsinin növbəti ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus, içərisində dövlət rəsmiləri olan “Mi-8″ hərbi vertolyotunu erməni silahlı quldurları vurdu. 
    20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında olmayıb. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda idilər. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. 21 il keçsə də qara qutunun sirri hələ də açılmayıb, Rusiyada onu hələ də “oxuya” bilməyiblər…
    Hadisənin ilk günü rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf olundu. “Mi-8″i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu.
    1991-ci il noyabrın 20-də “Mi-8″ hərbi vertolyotunda həlak olanlar:
    Tofiq Kazım oğlu Ismayılov – dövlət katibi;
    Ismət Ismayıl oğlu Qayıbov – Baş prokuror;
    Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
    Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
    Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
    Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
    Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
    Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
    Iqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
    Vladimir Vladimiroviç Kovalyov – DQMB-nin Daxili Işlər Idarəsinin rəisi;
    Sergey Semyonoviç Ivanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
    Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
    Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
    Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
    Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
    Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
    Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
    Arif Ismayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı;
    Fəxrəddin Ibrahim oğlu Şahbazov – video-operator;
    Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
    Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü;
    Dmitri Borisoviç Yarovenko -vertolyot heyətinin üzvü.

  • “Cavad xan” filminə qadağa?

    “Cavad xan” filminin nümayişinə ciddi maneələr var. Mən zəng vururam icra başçıları deyirlər ki, sabah göstərərik. Amma sonra kiminləsə məsləhətləşirlər və məlum olur ki, mümkün deyil”.

    “Yenə rusa xüsusi münasibət var. Yenə milli düşüncədən qorxu var, yenə türk sözü bəzi dairələrdə yasaqdır”.

    “Pen klub” proqramının bu dəfəki qonağı şair Sabir Rüstəmxanlıdır. 

    PROQRAMI DİNLƏ

    “O CÜR FİLMLƏR KİNOFESTİVALLARA GEDİR, AMMA “CAVAD XAN” YOX”

    – Sabir bəy, sizin ssenarisini yazdığınız “Cavad xan” filmi dövlət sifarişi ilə çəkilib. Bu gün səhv etmirəmsə, kinoteatrlarda da göstərilmir, televiziyalarda da. Səbəb nədir?

    – Bir prodüsser şirkəri filmin respublikada prokat işini boynuna götürdü. Bəzi rayonlarda göstərildi də. Sonra məlum oldu ki, filmin nümayişinə ciddi maneələr var. Mən zəng vururam icra başçıları – əvvəla filmin nümayişi ilə niyə icra başçısı məşğul olmalıdır – deyirlər ki, sabah göstərərik. Amma sonra kiminləsə məsləhətləşirlər və məlum olur ki, mümkün deyil. Hansı gizli qüvvə “Cavad xan” filmini göstərməyə mane olur, hələ dərk edə bilmirəm. Amma ciddi maneə var.

    – Hər halda təxminləriniz olmamış deyil. Zəif filmdir deyə televizyalara çıxmadı? Yoxsa Rusiya amilinə görə? Bəlkə Azərbaycanın şimal qonşusu filmdə işğalçı kimi göstərilir deyə ehtiyat edirlər?

    – Hər ikisi ola bilər. Hər halda o filmin təqdimatında bir rəsmi – Prezident Administrasiyasının çox kiçik işçisi mənə dedi ki, bilirsiz, filmdə müharibədə ölən rusların sayı bir az çoxdur. Halbuki orda bizim ölənlərin sayı ikiqat çoxdur. Mən də dedim ki, bu, tarixi fakt əsasında çəkilib. Biz qoyun olmamışıq ki, başımızı kəsib getsinlər. Müqavimət olub. Gəncə şəhər olaraq  müqavimət göstərib, kimsə “of” deməyib. Həmin məmur dedi ki, bəlkə bu səhnələrə yenidən baxasız. Dedim ki, bilirsiz nə var, o bina köhnə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası deyil, siz də orda oturmuş kuratorlardan biri. Bu film dövlət sifarişi ilə çəkilib. Mən ssenari müəllifiyəm, rejissoru da var, biz bu cür görmüşük, bu cür də çəkmişik. Bu, bizim əsərimizdir, siz fikrinizi deyə bilərsiz. Amma təzyiq edə bilməzsiz. Amma görünür, təzyiqlər var. 

    – Bu, Rusiya amiliylə bağlıdır?

    – Amma biz filmi Moskvada göstərmişik. Gözəl də qarşılanıb. Polşada, Macarıstanda göstərmişik.

    – Rusiya amili də deyilsə, onda səbəb nədir?

    – Rusiyanın illər uzunu öz mövqeyini müdafiə edən, tarixində diqqətə layiq olmayan tərəflərini də şişirdib dünyaya konfet şəklində təqdim etdiyi onlarla film, kitab var. Biz də bir dəfə “Cavad xan” filmində ayaq üstdə dayanmışıq, boyaboy, demişik ki, bu bizik, siz düşmən kimi gəlmisiz, biz də vuruşmuşuq, səndən də ölən olub, məndən də, amma başım əyilməyib. Qafqazı almaq ruslar üçün asan olmayıb ki. Mən baxıram xarici kinofestivallara göndərilən filmlərə. Hansı filmləri göndərirlər? Hardakı bizi… Burda demək istəmirəm, hər halda o filmləri göndərirlər ki, bizi orda aşağılayırlar. O cür filmlər asanlıqla gedir. Amma “Cavad xan” filmi göndərilmir. Hətta müəyyən təkliflər olub, göndərilmir. Bir o dediyim ölkələrə gedib, onda da nə qədər əziyyət çəkmişik.

    TALEYİN İRONİYASI – İRANDA AŞKARLANAN, MOSKVADA YIĞILAN “CAVAD XAN” FİLMİ

    –  Sabir bəy, siz özünüz filmə tamaşaçı kimi baxmısızmı? Onu necə qiymətləndirirsiz?

    –  Uğurlu film sayıram. Təbii ki, müəyyən kəm-kəsirlər var. O da texniki imkanların məhdudluğundan olub. Mən o sahədə təcrübəsiz olduğumdan bəzi şeylərə inanıb prodüsserlərə razılıq vermişəm. Məsələn, film nədən gedib İranda aşkarlanmalıydı? İran hara, bu filmin ruhu hara? Operator da İrandan gəlmişdi. Bizə 3 kamera söz vermişdi, sonra gördük biriylə çəkir. Bu texniki şeylər ciddi maneə yaratdı. Təsəvvür edin, aşkarlanma İranda gedir, bir sıra texniki işlər Moskvada görülür. Moskva hara, bu film hara? Yəni Azərbaycanın tarixində mənfi rol oynamış ölkələrin texniki bazasında “Cavad xan ”filmi çəkildi. 


    – Taleyin ironiyasıdır, sizcə?

    – İroniyadır, bəli… Bizdən kasıb ölkələrin kinostudiyaları yenidən qurulub. Bizim studiya isə bərbad gündədir. Dövlət kinostudiyasında bir normal kamera tapa bilmədik, məcbur qaldıq İrandan gətirdik. Operatorla bağlı yanlışlıqlar oldu, indi baxıb görürəm bunları. Bəzi şeylər şübhəsiz rejissor işiylə bağlıdı, ola bilsin ssenarist işiylə bağlı da qüsurlar var. Amma istənilən halda uğurlu filmdir, bizim tarixlə bağlı çəkdiyimiz ən yaxşı tarixi filmdir.

    – Filmdə xanların danışığı zamanı qan düşür araya. Kim ölür? O qədər aydın olmur filmdə.

    – Bizim üçün aydındır. Biz o işin içində olmuşuq, çəkilişdə-filanda. Ona bir neçə dəfə baxanda  hər kəs hiss edəcək. Əslində biz bunu çox açmaq istəmədik. Ermənilər danışıqları pozmaq üçün araya qan salırlar, kitabda belədir. Filmdəsə ola bilsin bu, tam aydın görünmür. Bu xırda bir şeydir. Ancaq ola bilsin ora subtitrlə bir cümlə yazdıq.

    – Amma siz bu filmi xaricə aparırsız göstərməyə. Onlar necə başa düşəcəklər?

    – Bu məsələ müzakirə ediləndə də dedik, bir az vəsait lazımdır. Televiziyaya çıxanda orda xırda əlgəzdirmələr olacaq

    SABİR RÜSTƏMXANLI “CAVAD XAN”IN GÖSTƏRİLMƏMƏSİNİN SƏBƏBİNİ AÇDI

    – Aktyorların oyununu necə qiymətləndirirsiz?

    – Yüksək qiymətləndirirəm. Filmin Heydər Əliyev sarayındakı təqdimatı zamanı millət onu 10-15 dəqiqə alqışladı. O ruhu film aşılayırsa, detallardakı yanlışlıqlar önəmli deyil. Film boyu neçə epizod var ki, mən hər dəfə baxanda gözüm yaşarır. Məsələn, qadınlar saçlarını kəsəndə. Cavadxanın oğlunun dalınca getməsi… Bəlkə mən kövrək adamam, sizin ürəyiniz bərkdir?.. Mən kitabı yazanda da bəzi epizodlarda ağlamışam. Məsələn, oğlunun toyunda… Bilir ki, 3 gün sonra Gəncə gedəcək, qırğın olacaq, ancaq oğlunun toyunda qol götürüb oynayır, özü də tək oynayır, kitabda yazıram ki, oynaya-oynaya sanki boyu uzanmışdı çinarlar kimi. Mən bunu yazanda gözümdən yaş gəldi… Mən “Difai fədailəri”ni də ekranlaşdırmağı Mədəniyyət Nazirliyinə təklif etdim. Amma təəssüf ki, yox cavabı eşitdim. “Cavad xan”dan sonra yəqin bu məsələlərə daha ehtiyatla yanaşırlar. Çünki orda da səhnədə 3 obraz var: rus, erməni və türk.

    – Sabir bəy, aydınlaşdıraq, Mədəniyyət və Turizm Nazirliyi “Cavad xan”dan sonra nəyə ehtiyatlı yanaşır? Nədədi problem?

    – Təəssüf ki, biz sovet rejimindən ayrılsaq da, sovet düşüncəsi hələ bir sıra məmurlarımızın beynindən çıxmayıb. Yenə rusa xüsusi münasibət var. Yenə milli düşüncədən qorxu var, yenə türk sözü bəzi dairələrdə yasaqdır. Türkçülük ruhunu, onun böyüklüyünü təbliğ edən əsərlər təəssüf ki, bəzi dairələrdə qəbul olunmur.

    – Onlar kimlərdir? Yəqin yetərincə yüksək vəzifəli məmurlardır ki, prosesə əl qoyurlar.

    – Elmi çevrələrdən başlamış ta rəsmi dairələrə qədər. Bu bir şəbəkədir.

    – Siz  “Cavadxan” filminin çəkilişləri zamanı prezidentə müraciət etdiz və ona ayrılan vəsait artırıldı. Bəlkə göstərilməsi üçün də müraciət edəsiz?

    – (Əlindəki kitabı göstərir) Bax, bu “Sunami” romanım çap olundu və 5-10 dosta payladım. Mənə elə gəlir ki, kitab əlimə çatdısa, artıq işim bitdi, doyuram ondan. Gedirəm yeni kitab yazmağa.

    – O zaman siz oxucu üçün yazmırsız?

    – Oxucuya yazıram. Çəkiliş zamanı “Cavadxan” yetərincə təbliğ olundu. Bu filmin varlığından hamı xəbərdardır. O biri yandan, camaat özü tələb edər ki, niyə film rayona gəlmir. İkincisi də, “Cavad xan” qaldıqca dəyərini artıracaq. O film arxivlərdə qala bilməz, məhv edilə bilməz. O film bir gün öz yerini tapacaq. Ondan sonra tamaşaçılar o filmin ssenari müəllifinin qədrini daha yaxşı biləcəklər.

    Şahnaz BəylərqızıCavid Zeynallı
    http://www.azadliq.org/content/article/24650125.html

  • Dr. Çöhrəqanlı Bakıya gələcək

    Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Azərbaycan Respublikasına səfər etməsinə imkan yaradılması üçün prezident İlham Əliyevə müraciət edib.

    “Media forum” saytının məlumatına görə, müraciətdə bildirilir ki, Mahmudəli Çöhrəqanlı DAK-ın Məşvərət Məclisinin sədridir, ancaq Azərbaycana gələ bilməməsi onun DAK-ın Bakıda keçirilən toplantılarında iştirak etməsinə imkan vermir. Digər tərəfdən, dünyada sayı 50 milyonu keçən azərbaycanlının yeganə vətəni olan Azərbaycana gəlmək hüququnun əlindən alınması Mahmudəli Çöhrəqanlıya mənəvi baxımdan mənfi təsir göstərir və onun hüquqlarını məhdudlaşdırır.

    Sabir Rüstəmxanlı deyilənləri nəzərə alaraq prezident İlham Əliyevdən problemə şəxsən müdaxilə etməsini və Çöhrəqanlının Azərbaycana viza almasında yaranan problemlərin aradan qaldırılması üçün göstəriş verməsini xahiş edib.

    1958-ci ildə Güney Azərbaycanda doğulan Çöhrəqanlı Təbriz Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Tehran Universitetində ümumi dilçilik üzrə namizədlik, Tehran Pedaqoji Universitetində doktorluq elmi dərəcəsi alıb. Təbriz və Tehran Universitetlərində dərs deyib. Azərbaycan Milli Elmlər Akademiyasında “Fars dilində türk sözləri” elmi əsərini müdafiə edərək professor olub.

    1996-cı ildə Təbrizdən İran parlamentinə namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən tutulub. 2001-ci ildə İranı tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. 2006-cı ilin iyun ayında əvvəl Türkiyədən, daha sonra Azərbaycandan deportasiya olunub.

    2012-ci ilin noyabr ayında Mahmudəli Çöhrəqanlı 6 ildən sonra ilk dəfə Türkiyəyə yola düşüb. O, müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının noyabrın 4-də keçiriləcək qurultayına dəvətli olub. Ancaq Çöhrəqanlı Türkiyəyə buraxılmayıb. Noyabrın 3-də Münhen-Ankara təyyarəsi ilə Ankaradakı Esenboğa aeroportuna enən Mahmudəli Çöhrəqanlı Türkiyəyə giriş vizası alsa da, sərhəd-keçid məntəqəsində onun ölkəyə girişinə icazə verilməyib. GAMOH lideri gəldiyi təyyarə ilə geriyə, Münhenə göndərilib.

  • Milliyyətçi Hərəkat Partiyasına

    Milliyyətçi Hərəkat Partisinin Genel Başqanı

    sayın Devlet Bahçalıya

     

    Əziz Devlet bəy!

    Başçılıq etdiyim Vətəndaş Dayanışma Partisi adından Milliyyətçi Hərəkat Partisini, Türkiyənin önəmli siyasi xadimlərindən biri kimi şəxsən Sizi partinizin növbəti, 10-cu qurultayı münasibəti ilə səmimi qəlbdən təbrik edir, MHP-yə böyük və şərəfli yolunda uğurlar diləyirəm.

    MHP – Türkiyənin ictimai-siyasi həyatında böyük rol oynayan, ölkənin gələcəyinə təsir etmək gücündə olan bir partidir. Türkiyəni zəiflədərək ağır sorunlarla üz-üzə qoymaq istəyənlərin cavabını hər zaman olduğu kimi bu gün də MHP verir: Türkiyənin xoşbəxt gələcəyi də MHP ilə bağlıdır. MHP-nin yetişdirdiyi insanlar ölkənin ictimai-siyasi həyatında aparıcı şəxslərdirlər, gənclərin yurd happy wheels demo sevgisi ilə və dövlətçilik təfəkkürü ilə yetişməsində Ülkü ocaqları  müstəsna əhəmiyyət daşıyır.

    Milliyyətçi Hərəkat Partisinin parlaq ideoloji xətti təkkcə Türkiyədə deyil, bütün Türk Dünyasında yurdsevər insanlar üçün cazibə mərkəzidir. Bu ideya keçmiş Sovetlər Birliyindən qopmuş türk respublikalarında milli özünüdərk, dövlətçilik vərdişləri və ulusal kimlik təfəkkürünün formalaşmasına və müstəqilliklərinin güclənməsinə ciddi təsir göstərir. Başqa sözlə desək, MHP-nin daşıdığı missiya təkcə Türkiyə ilə məhdudlaşmır; Sizi sevənlərin coğrafiyası Türk Dünyası qədər genişdir.

    Sayın Devlet bəy!

    Bir daha 10-cu qurultayınız münasibəti ilə Sizi, bütün MHP-çiləri və MHP tərəfdarlarını ürəkdən qutlayır, Sizə apardığınız şərəfli mübarizədə başarılar arzulayıram.

     

     

    Sayğılarla,

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Millət vəkili

  • Sabir Rüstəmxanlı: “Qurultay göstərdi ki, MHP-nin bölünmək qorxusu yoxdur”

    Noyabrın 4-də Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) 10-cu qurultayında Dövlət Baxçalı 725 səslə yenidən sədr seçilib. Baxçalının ən güclü rəqibi olan keçmiş nazir, Trabzon millət vəkili Koray Aydına 441 səs verilib. Səsvermə nəticələri açıqlandıqdan sonra qurultayın keçirildiyi Ankara Arena İdman Sarayında “Baxçalı başqandır” şüarları səsləndirilib. Qurultayda partiyanın 1240 üzvündən 1220 nəfəri səs verib. 6 səs etibarsız sayılıb.

    Türkiyə mətbuatının yazdığına görə, Koray Aydın səslərin 5-də 1-ni qazandığı üçün  fövqəladə qurultay çağıra bilər. Lakin onun bu hüquqdan yararlanıb-yararlanmayacağı məlum deyil. Amma partiyada düşünürlər ki, yaxın zamanda bu barədə K. Aydın öz mövqeyini ortaya qoyacaq. 

    Bundan əvvəlki qurultaylarda D. Baxçalının alternativi olmasa da, budəfəki qurultayda Baxçalının güclü rəqibi Koray Aydının 2003-cü ildə 137 səs topladığı halda bu il 441 səs toplaması olub. Türkiyəli ekspertlər hesab edir ki, bu səslər partiya daxilində müxalifətin güclənməsi ilə izah olunur. 

    Türkiyə mediasında yazılanlara görə, D. Baxçalı çıxışı zamanı əsas rəqibini xain elan edib: “Bu gün başını qaldıran fitnə məqsədinə çata bilməyib. Partiyamızı içdən oymaq cəhdləri nəticəsiz qalıb. MHP-yə qarşı qurulan tələlər boşa çıxarılıb”.

    Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan MHP-nin qurultayı günü çıxışı zamanı bəyan edib ki, təəssüf ki, Türkiyənin zəif müxalifəti var: “Qarşımızda millətdən qaçan müxalifət var. Türkiyədə həqiqətən, müxalifət problemi vardır”.

    MHP-nin 10-cu qurultayına Azərbaycandan da qatılanlar olub. 

    Partiyanın qurultayına dəvət alan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qəzetimizə açıqlamasında bildirib ki, qurultay MHP-nin özünə yaraşan biçimdə, demokratik əhval-ruhiyyədə keçirilib və Türkiyənin bugünkü durumu və həqiqətlərini ortaya qoyub. Onun sözlərinə görə, qurultaya türk dünyasının müxtəlif bölgələrindən qonaqlar qatılmışdı: “Fikrimcə, təkcə Türkiyənin deyil, türk dünyasının problemlərini dilə gətirən çox möhtəşəm qurultay oldu. Sədr seçkilərində alternativ də var idi, iki nəfər – Koray Aydın və Müsavat Dərvişoğlu da namizəd idi. MHP-nin qurultayı normal keçdi, Dövlət Baxçalı yenidən sədr seçildi. 

    S. Rüstəmxanlı D. Baxçalının rəqibi K. Aydının fövqəladə qurultay keçirib-keçirməyəcəyi məsələsinə də münasibət bildirib: “MHP-nin nizamnaməsinə görə, səhv etmirəmsə, namizədlərdən biri 400-dən yuxarı səs toplayıbsa həmin şəxs fövqəladə konqres çağırmaq təşəbbüsü qaldıra bilər. Amma düşünmürəm ki, K. Aydın belə bir təşəbbüs göstərəcək. Qurultay göstərdi ki, bütün fərqli düşüncə və alternativlərə baxmayaraq, MHP-nin bölünmək qorxusu yoxdur”. 

    O, partiya daxilində müxalifətin güclənməsi barədə səslənən fikirlərə də aydınlıq gətirib: “O proses təbii ki, gedir, narazılar da var, partiya rəhbərliyində dəyişiklik olmasını istəyirdilər. Amma eyni zamanda bu, onu göstərir ki, MHP-də yetərincə yetkin adamlar var ki, onlar partiyanı idarə edə bilər. Bu, partiyanın gücünü göstərən olaydır. Partiyanın güclü olması onun parçalanması demək deyil”. 

    Baxçalının 6-cı dəfə sədr postunu tutmasını qiymətləndirən S. Rüstəmxanlı deyib ki, bu, siyasi partiyanın iradəsindən asılı olan məsələdir: “Partiya üzvlərinin iradəsinə uyğun olaraq bu məsələlər nizamlanır, biz bu məsələyə müdaxilə edə bilmərik”.

    VHP sədri onu da vurğulayıb ki, qurultay zamanı D. Baxçalının kiminsə ünvanına xoşagəlməz ifadə işlətdiyini eşitməyib. O, Türkiyə mətbuatında yer alan D. Baxçalının K. Aydının ünvanına xain sözü işlətmədiyini söyləyib: “Onların çıxışlarında bir-birinə qarşı ittiham eşitmədim, əksinə qurultay öncəsi D. Baxçalı rəqibinin dəyərlərini qaldırdı”.

     

    “Gündəlik Teleqraf” qəzeti

  • Bu gün Milli Dirçəliş Günüdür

    17 noyabr Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı hesab olunur

    24 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin “olum, ya ölüm” savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü.

    Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır.

    Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı – 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

    Bayramınız mübarək!!! 

  • DAK Daimi Şurasının sədri Əjdər Tağızadəyə!

    Hörmətli Əjdər bəy!

    Səni 61 yaşının tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    61 yaş, adətən, rəsmi təbrik üçün münasib sayılmır. Ancaq sənin keçdiyin yol, apardığın savaşa görə hər ad gününü qutlamağı özümə borc bilirəm.

    Sən Güney Azərbaycanın istiqlalı, 35 milyondan artıq soydaşımızın İran adlı məmləkətdə tapdanan hüquqları, ana dilində təhsil almaları, milli-mənəvi dəyərlərini yaşatmaları uğrunda illərdir ki, mübarizə aparırsan. Bu yolda olmazın məhrumiyyətlər çəkmiş, dəfələrlə həbsxanalarda yatmış, amma haqq savaşından bir an da olsun geri çəkilməmisən.

    Kənardan baxana döyüş asan gəlir, deyirlər. Ancaq siyasi mühacir kimi illərlə doğmalarını görməmək, yurd həsrətini çəkmək, ürəyinə daş bağlayıb dözmək, əzizlərinin taleyüklü günlərində iştirak edə bilməmək çox çətindir. Əlbəttə, sənin Azərbaycanın Quzeyində qurulmuş müstəqil dövlətimizdə yaşamaq, burdakı soydaşlarımızın içində olmaq təskinliyin var. Ancaq qardaş da qardaş evinə gələndə özünü qonaq kimi hiss edir və bu baxımdan keçirdiyin hissləri anlayıram.

    Güney Azərbaycanın istiqlal uğrunda verdiyi mücadilənin dünyaya açılan səslərindən biri olaraq sən tarix qarşısında üzərinə missiya götürmüsən və hesab edirəm ki, bütün çətinliklərə də bu missiyanın ağırlığına görə sinə gərməyi bacarmalısan. Getdiyin yolun başa varacağına, güneyin azadlığa çıxacağına heç bir şübhə ola bilməz və mən bunu əminliklə deyirəm. Əsas yük isə yenə də bu savaşın yükünü çəkənlərin üzərinə düşür: yolundan sapmamaq, məkrli şovinistlərin əlində oyuncağa çevrilməmək, dünyanın siyasi dəyirmanından diri çıxmaq üçün təkcə millətə sədaqətli xidmət yox, həm də geniş siyasi intusiya, hadisələri izləmə bacarığı, ən əsası isə içimizə yeridilən xəfiyyələrdən qorunma bacarığı olmalıdır.

    Hörmətli Əjdər bəy!

    Bir daha səni təbrik edir, sənə uzun ömür, can sağlığı və apardığın milli davada başarılar arzulayıram.

    Hörmətlə,

    Sabir Rüstəmxanlı

    VHP sədri, DAK həmsədri, millət vəkili  

  • O əbədiyaşar sənətkardı

    Sabir Rüstəmxanlı Yaşar Nurinin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirdi

    Bu gün Azərbaycanın görkəmli teatr və kino aktryoru , xalq artisti Yaşar Nuri vəfat edib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu ölümün Azərbaycan mədənəyyəti üçün ağır itki olduğunu bildirməklə bərabər, mərhumun yaxınlarına və doğmalarına başsağlığı vermişdir. Başsağlığında deyilir: “Yaşar Nurinin ölümü xalqımız üçün böyük itkidir. O, bütün şüurlu həyatını Azərbaycan kinosunun və teatrının inkişafına sərf edən, ölkəmizi xaricdə ustalıqla tanıdan ən istedadlı aktyorlardın idi… Sənətkar ailəsində dünyaya gələn Yaşar lap uşaq yaşlarından özünü televiziyaya, kinoya, teatra həsr etmişdi. Səhnəyə ilk dəfə on bir yaşında çıxan Yaşar ilk gündən tamaşaçıların sevimlisinə çevrilmişdi. Elə həmin yaşda o, dövlət televiziyasında “Yelkən” verilişinin aparıcılarından oldu. Bundan başqa  “Buratino”, “Qaranquş”, “Pioner” kimi uşaq veriliş və teatrlarında da müntəzəm iştirak etdi.

    Yaşar aktyorluq sənətini atası, böyük sənətkarımız Məmmədsadıq Nuriyevdən, institut illərində isə tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan öyrənmişdi. O, ustadlarına layiq sənətkar oldu.

    Teatr aktyoru olan Yaşar bu illər ərzində əlliyə yaxın bədii filmə çəkilib. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur və bundan sonra da qorunacaq.

    Yaşar səhnədə həmişə canlı, təravətli idi.  Ötən il onun 60 illik yubileyi qeyd olunarkən mən Yaşarın məhsuldarlığına heyran qaldım. O, eyni vaxtda neçə obraz, neçə tamam fərqli xarakter üzərində işləyib. Yaşar Azərbaycan teatrına onlarla, yüzlərlə əvəzsiz obrazlar bəxş edib. İnanıram ki, onlar bu böyük sənətkarı tamaşaçılarının qəlbində daim yaşadacaqlar. Bir daha Yaşar Nurinin ölümündən kədərləndiyimi bildirir, onun bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.”

     

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili 

  • Sabir Rüstəmxanlı Barak Obamanı təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  sədri, millət vəkili  Sabir Rüstəmxanlı Barak Obamanı ikinci dəfə prezident postuna seçilməsi  münasibətilə təbrik edib. O, Obamanın yenidən prezident seçilməsini “müsbət hadisə” və tarixi fakt adlandırıb.

    Sabir Rüstəmxanlı Obamanın daha 4 il davam edəcək prezidentliyi müddətində həm Amerika xalqının sosial rifahında ciddi dəyişikliklər olacağına, həm də dünyada  demokratik proseslərin dərinləşəcəyinə inandığını bildirib.

    Millət vəkili deyib: “Obamanın qələbəsi daha çox Amerikanın dövlət büdcəsini sosial istiqamətə yönəltməsi ilə bağlı olub. O, bütün amerikalıların pulsuz tibbi xidmətdən istifadəsinə şərait yaratmağa çalışan ilk prezidentdir. Obama nəhəng iqtisadi böhrandan Amerika xalqını maddi və mənəvi ziyan görmədən çıxardı”.

    Sabir Rüstəmxanlı daha sonra bildirib: “Obama həm də dünyada gedən demokratikləşmə prosesinin ilhamvericisidir. Baxmayaraq ki, onun zamanında Şərq ölkəlrində inqilablar vüsət götürüb, Obama daha çox sülh tərəfdarı kimi tanınır. Onun zamanında koalisiya qoşunları İraqdan, Əfqanıstandan çıxarılmağa başlayıb”.

    VHP sədri Amerikanın liderliy ilə gedən demokratikləşmə prosesinin parçalanmış xalqların da bütövləşməsində müstəsna rol oynayacağını vurğulayb: “Mən inanıram ki, fars rejimi də bu proseslərin təzyiqinə duruş gətirə bilməyəcək. Nəticədə o tayda yaşayan 35 milyonluq soydaşımız insan haqlarına qovuşacaq və bütövləşəcək”. 

    VHP Mətbuat və İnformasiya Xidməti

  • Türk dünyasının Dədə Qorqudu vəfat etdi

    Sabir Rüstəmxanlı:  “Turan Yazqan türk dövlətləri arasında uçulmaz bir körpü yaratı”

    Türk Dünyası Araştırmaları Vakfının başqanı, prof. Turan Yazgan vəfat edib. Onun ölümü təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün böyük itkidir. Turan Yazqan Azərbaycanda da daim sevilən, arzu edilən bir insan olub. O, bütün həyatını, fəaliyyətini, yaradıcılığını türk dünyaısının yaxınlaşmasına, inteqrasiyasına sərf edib. Təsadüfi deyil ki, Türkiyədə, İstanbul Universitetində onun haqqında yazılmış son bioqrafiya bu sözlərlə başlayır: “türk dünyası anlayışını ilk dəfə işlədən, Türk Dünyası Araşdırmaları Vaqfını quran, həyatını türk dünyasına həsr edən, türk dünyası üçün yaşayan, çalışan, düşünən, ürəyi türk dünyası – türk dünyası deyə çarpan, türk dünyasının bilicisi, türk dünyasının boy boylayıcısı, söy söyləyicisi, türk dünyasının ad qoyucusu, yaşayan son Qorqud atası, türk dünyasının ağsaqqalı, hamımızın xocası, Turanın yol göstəricisi Turan Yazqan haqq dünyasına qovuşmuşdur”.    

    Bütün bu göstərilənlər Turan Yazqanın necə böyük həyat yolu keçdiyini, daha doğrusu, özünü türk dünyası üçün şəhid edən bir şəxs olduğunu bir daha təsdiqləyir.

    Turan Yazqanın happy wheels demo Azərbaycanda ən yaxın dostlarından olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  millət vəkili Sabir Rüstəmxanli bu itkininin yerinin heç vaxt dolmayacağını dedi: “TuranYazqan böyük alim, fəal ictimai xadim, gözəl insan, sədaqətli dost idi. O, 1980-ci ildə Türk Dünyası Araşdımaları Vakfını yaratmaqla türk dövlətləri və xalqları arasında bir körpü qoydu, doğmalıq yaratdı.Turan Yazqan dəfələrlə Bakıda olub, görüşlərimizdə söhbət demək olar ki, yalnız türklərin birliyindən, aradakı maneələrin aradan qaldırılması yollarından, ortaq türk dili məsələlərindən gedərdi. O, iqtisadçı olmasına baxmayaraq, bütün türk dövlətlərinin mədəniyyətini, ədəbiyyatını dərindən öyrənmişdi. Türk dünyasına xidmətlərinə görə 200-də artıq mükafatla təltif olunmuşdu. Həm Türkiyədə, həm də Türkiyədən xaricdə onlarla universitetin fəxri professoru idi. Belə bir insanı itirməyimiz hər birimiz üçün kədərlidir. Mən ona Allahdan rəhmət diləyirəm”.

     

    Qeyd edək ki, Turan Yazqan 1938-ci ildə İspartada doğulmuşdu. 1959-cu ildə İstanbul Universitetinin İqtisad fakültəsini bitirdikdən sonra həm ölkə içində, həm də xaricdə müxtəlif vəzifələrdə çalışmışdı. 2000-ci ildə çalışdığı universitetdən təqaüdə çıxmışdı. Üç oğul, iki nəvə sahibi idi. Böyük türk oğlu dünən gözlərini əbədi olaraq yumub.

     

    Allah rəhmət eləsin!