Vətəndaş Həmrəyliyi Partiyası

Category: Milli məclis seçkiləri

  • Bu rayon ekoloji fəlakət həddindədir – Millət vəkili

    Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatlıq doğurub.

    Axar.az xəbər verir ki, Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib.

    “Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kürsahili ərazilərdə, daha çox isə Neftçala rayonunda narahatlıq yaradır. Kürün səviyyəsinin çox aşağı düşməsi və kəskin xəzrilərin əsməsi suyun şorlaşmasına səbəb olur. Su azalır, xəzri dəniz suyunu Kürə qovur və bu, vəziyyəti pis məcraya salır. Vəziyyət son həftədə daha kəskin hal alıb, artıq heyvanlar belə su içməkdən imtina edir”, – S.Rüstəmxanlı qeyd edib.

    Millət vəkili Neftçalanın Kürsahili kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özündə evlərə şor su gəldiyi üçün əhalinin sudan imtina etməyə məcbur olduğunu vurğulayıb.

    Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlının Milli Məclisdə qaldırdığı məsələ bir müddətdir mövcuddur. Artıq Kürdəki suyun şorlaşması Salyan ərazisinə qədər gedib çıxıb.

  • Sabir Rüstəmxanlının qaldırdığı problemə reaksiya verildi

    Məlum olduğu kimi, Neftçala rayonunda içməli su problemi yaranmışdı. Belə ki, çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə axırdı. Ekoloji hadisə Neftçala rayonunda Kürün Xəzərə töküldüyü yerdə yəni, çayın mənsəbində baş vermişdi.

    İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışmışdı. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndləri və rayon mərkəzi içməli su qıtlığı ilə üzləşib. 61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlı Musavat.com-a duruma operativ müdaxilə edildiyini bildirdi: “ Neftçala Rayon İcra Hakimiyyətində qərargah yaradıldı və⁣ “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlandı. Rayon sakinləri də həmin vaxt razılıqla bildirirdi ki, insanların içməli su ilə təmin olunması üçün işlər görüldü”.

    Yaranmış vəziyyətlə bağlı mətbuatda həyacan təbili çalan deputat Sabir Rüstəmxanlı hazırda problemin aradan qaldırıldığını bildirib: “Hazırda dəniz suyunun Kürə qarışması demək olar ki dayanıb, vəziyyət stabilləşib. Problemin həlli üçün operativ fəaliyyətə keçən əlaqədar təşkilatların işi təqdir olunmalıdır”.

    Emil Salamoğlu,

    Musavat.com

  • Sabir Rüstəmxanlı Neftçalanın su problemini gündəmə gətirdi

    Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatçılıq yaradıb.

    Bununla bağlı Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib: “Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kür sahili ərazilərdə daha aşkar hiss edilir. Suyun aşağı düşməsi daha kəskin şəkildə kürün dənizlə birləşdiyi Neftçala rayonunda narahatçılıq yaradır. Kürün suyunun çox aşağı düşməsi həm də suyun şorlaşmasına səbəb olur. Vəziyyət son həftədə daha kəskin hal alıb ki, artıq heyvanlar belə su içməkdən imtina edir”.

    Millət vəkili vəziyyətin daha pisləşdiyini bildirib: ” Neftçalanın Kür sahilı kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özü və bir çox kəndlər artıq evlərə su şor şəkildə gəldiyi üçün su içməkdən imtina etməyə məcburdular. Səbəb mövsümlə əlaqədar olaraq Kürün suyunun artırılmasında və suyun şorlaşmasına təkan verən kəskin xəzrilərin əsməsidir. Su azalır, xəzri əsir dəniz suyun Kürə qovur və bu vəziyyəti pis məcraya salır”.

  • “Məhz Sizi seçməyimiz bizim uğurumuzdur…”

    Bir qrup neftçalalılı deputat, xalq şairi Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb…

    Bir qrup neftçalalı xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Neftçalanı Milli Məclisdə təmsil edən Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb. PİA.az-ın elektron poçtuna daxil olan təşəkkür məktubunda deyilir:

    “Çox hörmətli Sabir bəy!

    Müqəddəs Ramazan bayramı günündə biz neftçalalılar adından bir deputat kimi sizə təşəkkür eləməyi özümüzə borc bilirik. Neftçaladan depuatat seçilməyinizdən çox qısa müddət keçməsinə baxmayaraq, Siz Neftçala üçün çox böyük işlər görmüsünüz. Xüsusən bütün ölkəmizin ağır sınaq dövrü yaşadığı bu pandemiya dönəmində Neftçalaya göstərdiyiniz yardım və köməklik bütün deputatlar üçün nümunə olmalıdır. Bu ağır günlərdə Neftçalaya gətirdiyiniz yardımlar çoxlu sayda imkansız ailəyə doğrudan kömək olub. Göstərdiyiniz bu yardımlara və diqqətə görə Sizə bütün neftçalalılar adından çox təşəkkür edirik. Açığı bildirək ki, uzun illərdın sonra Neftçala sakinləri ilk dəfədir ki, bir deputatın qayğı və diqqətini görür. Bu da sizin doğrudan bir xalq şairi olaraq nə qədər yüksək insani dəyərlərə sahib olduğunuzu göstərməkdədir.

    Biz Sizin seçiciləriniz olaraq deputat kimi fəaliyyətinizdən çox razıyıq və qeyd etmək istəyirik ki, məhz sizi seçməyimizi Neftçalanın son illərdə əldə etdiyi uğur kimi dəyərləndiririk. Fürsətdən istifadə edərək, tanınmış Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq mayın 20-də qeyd etdiyiniz ad gününzü də təbrik edirik. Sizə can sağlığı arzulayırıq. Sizin Azərbaycan xalqına göstərdiyiniz xidmətlərin davam etməsi üçün bu müqəddəs Ramazan günündə Allaha dua edirik”.

    pia.az

  • VHP sədri aztəminatlı ailələrə yardım etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 61 saylı Neftçala seçki dairəsindən millət vəkili Sabir Rüstəmxanlı tərəfindən Neftçala rayonunda aztəminatlı ailələrə yardım edilib. Yardım kampaniyası çərçivəsində Neftçala rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb.
    Yüzdən çox ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib.
    Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  • Sabir Rüstəmxanlı Nazirlər Kabinetinin hesabatı haqqında: Neftçala unudulub

    Azərbaycan Respublikası Milli Məclisinə 61 saylı Neftçala seçki dairəsindən deputat seçilən Sabir Rüstəmxanlı Nazirlər Kabinetinin hesabatına  münasibət bildirib^

    “Aprel ayının 9-da Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Hesabat müzakirə edilir. Bu barədə bəzi fikirlərimi hörmətli həmkarlarımla bölüşmək və Nazirlər Kabinetinin nəzərinə çatdırmaq istəyirəm.

    Öncədən onu deyim ki, Hesabat səliqəylə və peşkarlıqla hazırlanıb. Görülən işi təqdim etmək də bacarıq və məsuliyyət tələb edir. Bu baxımdan  Hecabat  lazımi tələblərə  cavab verir; ölkənin 2019- cu ildə keçdiyi yolu, makroiqtisadi vəziyyəti, real iqtisadi artımı və onun mənbələrini təfərrüatı ilə əks etdirir. Bu mənbələr sırasında   qeyri-neft sahəsinin inkişafı  və bu məqsədlə sənayeyə, kənd təsərrüfatına, sahibkarlığa diqqətin artırılması,  vaxtı keçmiş kreditlərin dövlət tərəfindən ödənilməsi,  özəl sektora təzyiqlərin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ayrıca vurğulanır. Hesabatda il ərzində ölkədə aparılmış  iqtisadi tənzimlənmələrdən, bölgələrin inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi siyasətindən başlamış xidmət sektoru, elm, mədəniyyət, beynəlxalq əlaqələr və s. sahələrdə görülən işlərə qədər, həyatımızın bütün geniş spektri əksini tapıb.

    Müasir dünyanı bürüyəm pandemiya vahiməsi bu deyilən sahələri etkiləyərək həm iqtisadiyyatı, həm də insanların sağlamlığını, psixologiyasını çətin sınağa çəksə də ölkənin gələcəyi ilə bağlı bütün müzakirələrə ciddi yanaşmalı, insanların əlinin-qolunun işdən soyumasına yol vermədən çalışmalıyıq.

    Mən Milli Məclisə 61 saylı Neftçala seçki dairəsindən seçildiyimə görə, bu hesabata həm də Neftçalanın gözü ilə baxdım.  Baxdım və düzünü deyim pərt oldum. Çünki 420 səhifəlik bu sənəddə əksini tapmış irili-xırdalı heç bir görülən işdə, başlanan layihələrdə, nəzərdə tutulan proqramlarda  Neftçalanın adı keçmir. Sanki il boyu onun nə sənayesi, nə kənd təsərrüfatı, nə ekoiogiyası, nə əhalinin məşğulluq səviyyəsi, nə inkişaf perspektivləri və çətinlikləri bizim hörmətli hökumətimizin yadına düşməyib. Heç 2019-cu ilin büdcə müzakirələrində verilən təkliflərdə və bildirilən arzularda da Neftçala ilə bağlı bir şey yoxdur. Belə çıxır ki, bu rayonda hər şey gözəldir, işlər tam qaydasında gedir və daha deyilməli söz qalmamışdır. Şübhəsiz rayonun durumunu hamıdan çox yerli icra hakimiyyəti bilir və bu təkliflər ondan gəlməli, Neftçalanln ölkənin ümumi inkişafından kənarda qalmamasına ilk növbədə o çalışmalı idi.  Kür çayının Xəzərə töküldüyü yerdə, respublikamızın ortasında yerləşən rayon bu gün əsas yollardan və diqqətdən kənarda qalmışdır. Halbuki vaxtilə Heftçala təkcə pambıqçılığı və taxılçılığı ilə deyil, həm də neft mədənləri və sənayesi, Yod-brom zavodu, balıqçılıq  müəssisələri ilə ölkənin inkişaf eləmiş rayonlarından biri sayılıb, əhalinin də elə bir ciddi dolanışıq qayğısı olmayıb. İndi vəziyyət başqadır. Balıqçılıq və sənaye müəssisələrinin çoxu sıradan çıxıb, işsizlik artıb , rayon baxımsız vəziyyətə düşüb. Nətta  Neftçala şəhərinin özündə bəzi məhəllələrdə qaz, su yoxdur, şəhərarası yollar bərbaddır, işıq xətləri köhnəlib… O boyda şəhərdə xırdaca bir otel tikilməyib. Yan-yana kəndlər var birinə qaz verilir, birinə yox. Hər birinin 400-500, bəzən daha çox şagirdıi olan iri məktəb binaları ya təmir edilməli, ya da yenidən tikilməlidir. Belə məktəblərin bir çoxunda siniflər odunla qızdırılır, kənddə qaz var, amma məktəbə qaz verilməyib.  Bankə qəsəbəsində və başqa iri kəndlərdə vaxtilə tikilmiş möhkəm özüllü gözəl Mədəniyyət evləri baxımsız və təmirsiz vəziyyətdədir. Bol suyu olan rayonun bir sıra kəndləri həm içməli, həm də suvarma su sarıdan əziyyyət çəkir.Köhnə qışlaq yerlərinin , kəndlərin örüşünün və bələdiyyə torpaqlarının bir hissəsi ayrı-ayrı adamlar tərəfindən zəbt edilib. Bölgənin ilk neft quyularının qazıldığı  Yeniqışlaq kəndinin yanından Rusiyaya aid bir Neft şirkətinin istismar etdiyi mədənə su gedir, amma kənd susuzdur,  camatın gözünün qabağından qaz xətti keçir, amma kənd qazlaşdırılmayıb. Rayon əhalisinin böyük bir hissəsinin yaşadığı Xol bölgəsində Şorsulu-Xəzərkənd arasındakı 30 km-lik yol keçilməz vəziyyətə düşüb; bizim təşəbbüsümüzlə burda bəzi təmir işləri görülsə də yolun əsaslı tikintisinə ehtiyac var.  Akkuşa kanalından  bu bölgəyə su ayrıcları qoyulmayıb. Bəzi kəndlərdə adi tibb məntəqəsi yoxdur, kitabxanalar ləğv edilib. Bankomatlar olmadığından, adamlar xırda bir bank əməliyyatı üçün 40-50 km yol getməli olurlar. Köhnə balıqçı qəsəbələri işsiz-gücsüz, yeni balıqartırma zavodlarının tikilməsi ümidiylə gözləyirlər…  Ümumi vəziyyət belədir. Rayon üçün özəl inkişaf proqramı hazırlamaq bir yana, onu bəzi ümumrespublika və ya bölgə proqramlarından da kənarda saxlayıblar.

    Amma Neftçalanı qısa müddətdə ölkənin ən qabaqcıl rayonlarından birinə çevirmək olar. Bunun üçün hər cür imkan var.   Rayonun inkişafı ilə bağlı  real, əsaslandırılmış layihələr hazırlansa ölkə başçısı  onları diqqətdən kənarda saxlamazdı. Neftçalanın bərəkəti torpaqları, dənizi, çayı, gözəl havası və ən başlıcacı işgüzar, dinc, xeyirxah, yüksək mədəni səviyyəli insanları var.  İlk növbədə suvarma sistemləri bərpa edilib yenilənməli, otlaqlar suvarılıb müasir heyvandarlıq üçün uyğun hala gətirilməlidir.  Ənənəvi təsərrüfat sahələri dirçəldilməlidir. Rayonun müalicə suları və bütün ölkə əhalisinin istirahətinə şərait yaratmaq imkanı olan təmiz sahilləri var. Burda gözəl istirahət-müalicə mərkəzləri tikmək olar. Kürün deltasında və yaxındaki adada turizmi inkişaf etdirmək  mümkündür. Bunlar nəzərə alınsa, bu işə sərmayədarlar cəlb edilsə tezliklə Neftçalanı ölkənin cazibə mərkəzlərindən birinə  çevirmək olar.

    Mən istərdim ki, Azərbaycan hökuməti rayonlarımızın inkişafı ilə bağlı proqramlarda Neftçalaya qayğı ilə yanaşsın və deyilən çatışmazlıqların aradan qaldırılmasına şərait yaratsın”.

    09 aprel 2020-ci il