Vətəndaş Həmrəyliyi Partiyası

Category: Milli məclis seçkiləri

  • Vəfa Nağının qardaşı Tənzilə Rüstəmxanlının vəkilinə hücum etdi: Avtomobillə yolunu kəsib döydülər – FOTO

    70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov eyni dairədən deputatlığa namizəd Vəfa Nağı və yaxınları tərəfindən şiddətə məruz qalıb.

    Yenicag.az xəbər verir ki, Hüseyn Qurbanov bu barədə sosial media hesabında paylaşım edib.

    O qeyd edib ki, avtomobili ilə 43 saylı məntəqədən 44 saylı məntəqəyə gedərkən Vəfa Nağının vəkili və qardaşı Rövşən Nağıyevin başçılıq etdiyi dəstə tərəfindən 40-BE-061 dövlət qeydiyyat nişanlı avtomobillə qarşısını kəsib və ona zor təbiq ediblər.

  • İcra başçılarına parkları məhv etdiklərinə görə medal verilsin – Sabir Rüstəmxanlı – VİDEO

    “Yaxşı olar ki, Bakı şəhərindəki köhnə parkları məhv elədiklərinə görə bu medalın ilk nüsxələri Bakı şəhərindəki icra başçılarına verilsin”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
    Deputat bildirib ki, bu gün bizdə səhralaşma gedir, yaşıllıqlar məhv edilir.

  • Sabir Rüstəmxanlı şəhid ailələrinə bayram sovqatı göndərdi – FOTO

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı seçildiyi Neftçala rayonuna bayram sovqatı göndərib. 

    Bakupost.az xəbər verir ki, sovqat 150-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, habelə imkansız ailələrə paylanılıb.
     
    Sovqatla yanaşı, həmin ailələrə millət vəkilinin Ramazan təbriki də çatdırılıb.
    Ailələr öz növbəsində göstərilən diqqət və qayğıya görə millət vəkilinə dərin təşəkkürlərini bildiriblər.

  • Millət vəkili Fəzail İbrahimli seçicilərlə görüşüb

    Milli Məclisin sədr müavini, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatı Fəzail İbrahimli seçicilərlə görüş keçirib. Respublika vəkillər kollegiyası ilə birlikdə seçicilərə hüquqi yardim çərçivəsində Cəlilabad şəhərində keçirilən görüşdə Cəlilabad, Masallı və Biləsuvar rayonundan olan seçicilər iştirak edib. Görüş zamanı seçicilərlə fərdi qaydada görüşən millət vəkili Fəzail İbrahimli onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

    Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

     

    Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

  • Sabir Rüstəmxanlı: “Ukrayna öz torpaqlarını qoruyur və dünya onun yanındadır”- Video

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “Ukraynanın dəstəyinin çox olması bizi sevindirir, amma eyni münasibəti biz də görmək istəyərdik”. 

    Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
    “Bu gün dünya çox ağır durumdadır və üçüncü dünya müharibəsinin başlanmasının astanasındadır. Ukrayna öz torpaqlarını qoruyur və dünya onun yanındadır”,- deyə millət vəkili fikrini tamamlayıb.
    S.Rüstəmxanlı bildirib ki, Azərbaycanın haqq savaşı zamanı isə bütün dünya ictimaiyyəti susdu. Onun sözlərinə görə, bu əsasən irqi ayrıseçkiliyə görə baş verib:
    “Bu olanlar bizə çox tanışdır. 30 illik müharibəmizdə bizim yanımızda olmayan dünya bu gün Ukraynanın dəstəkçisidir. Təbii ki, Ukraynanın dəstəyinin çox olması bizi sevindirir, amma eyni münasibəti biz də görmək istəyərdik. Lakin irqi ayrıseçkilik göz önündədir”.
    Sonda deputat qeyd edib ki, Azərbaycan bu gün Ukraynadan gələn qaçqınlar uçun ev sahibliyi edə bilər:
    ”Ukraynada yarım milyondan çox azərbaycanlı yaşayır. Ümumiyyətlə, Ukraynadan gələn qaçqınlar üçün bəlkə də Azərbaycan da qucaq aça bilər. Onsuz da biz qaçqın görməyə öyrəşmişik”.

    Bütöv yazını göstər
  • Biz bütün qonşularla dinc yanaşı yaşamaq siyasəti yürüdürük

    Azərbaycanın millət və dövlət maraqları, yerləşdiyi coğrafiyanın şərtıəri, çatmaq istədiyi hədəflər, üzləşdiyi problemlər tələb edir ki, biz bütün qonşularla qarşılıqlı hörmət və dinc-yanaşı yaşamaq siyasəti yürüdək. Fevral ayının 23-də  Moskvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında imzalanmış Müttəfiqlik Bəyannaməsinin Azərbaycan tərəfini qane edən əsas prinsipi budur. Bundan öncə də 1997-ci, 2001-ci, 2004-cu, 2008 -ci illərdə iki ölkə arasında dostluq, əməkdaşlıq, qarşılıqçı əməkdaşlıq məsələlərini əhatə edən müxtəlif müqavilələr bağlanmış, bəyannamələr qəbul edilmişdir. 23 fevral 2022-ci il Bəyannaməsi həmin sənədlərin davamı, daha da möhkəmləndirilməsi olmaqla yanaşı şımal qonşumuzla bizim münasibətlərimizi yeni bir səviyyəyə qaldırır. Bu müqavilədə Azərbaycan dövlətçiliyini təhdid edən gizli məqamlar axtarmaq, bizcə, əsassızdır. Rusiya bizim böyük qonşumuzdur, orda milyonlarla azərbaycanlı yaşayır, iqtisadi və ictimai- mədəni əlaqələrimizin zəngin ənənələri var və çağdaş dünyada bütün bunları nəzərə almadan yaşamaq olmaz.
    Rusiya siyasətində özünü köhnə Sovetlər birliyinin varisi saymaq meylini gücləndirməyə çalışanlar olsa da küll halında iki ölkə arasında qarşılıqlı hörmət mühitini qorumaq lazımdır və biz bu xəttin getdikcə gücləndirilməsinin tərəfdarıyıq. Rusiya federasiyası dünya siyasətində və iqtisadiyyatında əsas söz sahiblərindən biridir, bölgəmizdə gedən proseslərə təsir imkanları böyükdür. 44 günlük Qarabağ savaşında biz bunun şahidi olduq. Buna görə də Rusiya ilə dostluq, əməkdaşlıq və müttəfiqlikdən, təbii ki, Azərbaycanın dövlət müstəqilliyi üçün, təhlükə yaratmadan, imtina etmək yolverilməzdir.
    Müttəfiqlik Bəyannaməsinin ən mühüm cəhətlərindən biri- 2020-ci ildəki savaşa son qoyan üçtərəfli müqvilənin ruhunu davam etdirməsindədir… Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətində müşahidə edilən bəzi neqativ cəhətləri də bu müqvilənin ümumi ruhuna uyğun aradan qaldırmaq olar.
    Azərbaycanın Gürcüstan və Ukraynanın ərazi bütünlüyünü tanımasına baxmayaraq, bu iki dövlətin ərazilərinin müəyyən hissələrini müstəqil qurum kimi tanıyan Rusiya federasiyası ilə, həm də dünyanın yeni müharibə təhlükəsi ilə üz-üzə dayandığı bir dövrdə, belə bir Müttəfiqlik Bəyannaməsi bağlaması ölkələrimiz arasındakı münasibətlərin dərinliyini və möhkəmliyini göstərməklə yanaşı, Azərbaycanın çoxtərəfli və balanslı xarici siyasətinin məntiq və uğurlu davamı sayılmalıdır.

    VHP Mətbuat Xidməti.

  • Fəzail İbrahimli: “Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsi ermənilərə də yerini göstərdi”

    “Bir sənəd imzalanmazdan öncə onun fəlsəfəsi, mahiyyəti, məqsədi açıqlanır, onun prinsipləri və hansı səbəbdən hazırlanması izah olunur. Moskvada  Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik  bayənnaməsində də bu məsələlər elə ilk bənddəcə öz əksini tapıb. Sənəddə deyilir ki, sənədi imzalayan tərəflər qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanaraq,  hərtərəfli bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə dönməz sadiqliyini bəyan edirlər. 43 maddəlik sənədin ilk müddəası bununla başlayır və bu da imzalanan sənədin əsas mahiyyətini bəlli edir”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

    Onun sözlərinə görə, burada tərəflərin bərabərhüquqlu səviyyədə müttəfilqik səviyyəsinin qurulması öz əksini tapıb.

    “Sənəddə əsas diqqəti çəkən məqam tərəflərin ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, dövlət  sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işinə qarışmamaq, mübahisələrin dinc yolla  həlli, güc tətbiq etməmək kimi məsələlərin əksini tapmasıdır. Bəyannamə sadəcə olaraq kiçik dövlətin böyük dövlətin himayəsinə sığınması, hansısa böyük dövlətə kürək söykəməsi yox, bərabərhüquqlu səviyyədə əməkdaşlığı və münasibətlərin qurulmasını özündə ehtiva edir”, – F.İbrahimli qeyd edib.

    Vitse-spiker əlavə edib ki, düzdür, imzalanan sənədlə bağlı müxtəlif fikir və mülahizələr  söylənilir: “Amma sənəddə əksini tapan 43 maddənin hansının maraqlarımıza zidd olduğu göstərilmir. Əgər fikir söylənilirsə, imzalanan sənəddə əksini tapan müddəalar ətrafında fikir mübadiləsi aparılmalıdır”.

    Azərbaycanla Rusiya arasında münasibətlərin tarixi köklərinin olduğuna diqqət çəkən vitse-spiker deyib ki, imzalanan bəyannamədən asılı olmayaraq iki qonşu  dövlətlər arasındakı münasibətləri tarix özü formalaşdırıb: “Bu sənəd sadəcə olaraq bu gün dünyada gedən siyasi, geosiyasi prosesləri və  dəyişiklikləri nəzərə alınaraq imzalanıb. Belə ki, bu gün dünyada baş verən proseslərdə dünya dövlətlərinin marağı və bu marağın altındakı məkrli niyyətlər formasında özünü büruzə verməkdədir. Belə olan halda Azərbaycan da dünyanın yeni düzəninə uyğun olaraq beynəlxalq münasibətlər sistemində dünya ölkələri ilə öz münasibətlərinə yenidən baxır və gələcək münasibətlərini formalaşdırır.  2021-ci ildə Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin təminatı baxımından mühüm rol oynayırsa, Rusiya ilə imzalanan sənəd sıx qonşuluq münasibətlərinin yaranmasına xidmət edir”.

    Rusiya ilə Azərbaycan arasında son illərdə formalaşan münasibətlər sisteminə toxunan vitse-spiker əlavə edib ki, bunun üçün son illərdə iki ölkə arasındakı münasibətlərə diqqət yetirmək kifayətdir: “2020-ci ilin 27 sentyabrından sonra  Rusiya Cənubi Qafqazda yeni siyasi kurs həyata keçirməyə başladı. Bunun nəticəsi olaraq Moskva Bakı ilə daha sıx münasibətlər qurmağa üstünlük verməyə başladı. Bu özünü 30 illik donmuş Qarabağ münaqişənin həlli ilə bağlı 44 günlük müharibə zamanı daha qabarıq formada büruzə verməyə başladı. Rusiya 44 günlük müharibə zamanı proseslərə aktiv müdaxilə etmədi. Əgər Rusiya müdaxilə etmək istəsəydi, ən müxtəlif məsələləri bəhanə edib addım ata bilərdi. Bununla da Azərbaycanla Rusiya arasında yeni münasibətlər sisteminin əsası qoyuldu. Bunun ardınca 2021-ci ilin əvvəlində iki ölkə arasında  yeni münasibətlərin formalaşması ilə bağlı mesajlar verilməyə başladı ki, bu da nəticə etibarı ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymasına gətirib çıxardı”.

    Vitse-spiker hesab edir ki, imzalanan sənəd həm də Ermənistana öz yerini göstərdi: “Cənab Prezidentin dediyi kimi sənəd bir çox məsələlərin həllinə rəvac verəcək. Sənədə Qarabağdakı erməni hərbi birləşmələrinin  çıxarılmasına, Ermənistanın Azərbaycanla sərhədlərini müəyyən etməsinə, Zəngəzur dəhlizinin açılmasına rəvac verəcək. Ümumiyyətlə imzalanan sənəd iki ölkə arasında bərabərhüquqlu, mehriban qonşuluq münasibətləri əsasında sıx əməkdşalığa xidmət edəcək”.

  • “Qazla bağlı problem bütövlükdə respublikada mövcuddur. Yanvar, fevral ayı olmasına baxmayaraq, artıq qazla bağlı limiti keçənlər var”.

    “Qazla bağlı problem bütövlükdə respublikada mövcuddur. Yanvar, fevral ayı olmasına baxmayaraq, artıq qazla bağlı limiti keçənlər var”.

    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

    Onun sözlərinə görə, bu qiymətləndirmə dəyişməlidir: “Bunu müzakirə etməliyik. Cərimə məsələsi Azərbaycanda artıq ciddi problemə çevrilib. Milli Məclis ölkədə ali qanunverici orqandır. Biz burada bir çox məsələ barədə danışırıq. Lakin bizim danışdığımız sanki divarlar üçündür. Bura göndərilən layihə ilə bağlı təklifi verən qurumlardan bizim danışdıqlarımıza reaksiya yoxdur. Cərimələr qaçılmazdır, amma cərimələri əhalinin maaş səviyyəsinə uyğunlaşdırmalıyıq. 300-400 manat maaş alan bir adam 400 manat cərimə verəndə necə dolana bilər? Cərimələr hər maaşa görə müəyyən edilməlidir. Hava ilə cərimə müəyyənləşdirmək olmaz. Cərimə məsələlərində çox diqqətli olmalıyıq”.

  • Fəzail İbrahimli: “Zəngəzur Azərbaycan Kommunist Partiyasının qərarı ilə Ermənistana verilib”

    – VI çağırış parlament seçkilərində Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilməniz Sizin üçün nə dərəcədə gözlənilən oldu?

    – Gözlənilməz oldu. Adətən, parlamentdə vəzifələrə Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri, bitərəflər seçilirdi, orada müxalifəti təmsil etmək üçün oturulan bir kreslo yox idi. Ölkədə aparılan islahatlar fonunda parlamentdə də böyük islahatlar aparıldı, nəticədə mən Milli Məclis sədrinin müavini və komitə sədri seçildim.

    Bu, mənim üçün gözlənilməz olsa da, həyatda böyük təcrübə qazanmış insanam. Yaşım da, siyasi həyatım da, 20 illik parlament təcrübəm də əsas verirdi ki, bu vəzifənin öhdəsindən gəlim. Bu etimadı doğrultmaq fəaliyyətimin ana xəttini təşkil edir. Başqa sözlə, əsas məqsədim odur ki, cəmiyyət, dövlət və həmkarlarım qarşısında 20 ildə qazandıqlarıma ləkə salmayım və tikdiyim binanı silkələməyim.

    – Milli Məclisin sədr müavini seçildikdən sonra artıq mətbuata müsahibə verməyəcəyiniz barədə bir açıqlamanız uzun müddət müzakirə mövzusu oldu. Bu gün bu məsələyə aydınlıq gətirmək istərdinizmi?

    – Milli Məclisin sədr müavini olduğum dövrdə də qapılarım mətbuatın üzünə taybatay açıq olub. Mən ilk gündən bu günə qədər mətbuata müsahibə vermişəm. Mətbuata qapalı deputat o halda fəaliyyətini dondurur. Şəxsi telefonum bütün mətbuat nümayəndələrində var. Belə açıqlamam olmayıb, bunu tamamilə təkzib edirəm. Sizə verdiyim müsahibə də bunu sübut edir.

    Burada belə bir məqam ola bilər. Elə saytlar var ki, solaxay işlərlə məşğuldur. Dediyin sözün mənasını çevirir, sanki səndən ifadə alıb, öz istəyi doğrultusunda dövriyyəyə buraxır. Tanıdığım elə xarakterli mətbuatı nə qəbul etmirəm, nə də onlara müsahibə verə bilmərəm. Məsələn, mən bilirəm ki, sizin agentlik çox dürüst agentlikdir, çox rahatlıqla da müsahibə verirəm. Amma ola bilər ki, bəli, mən hansısa sayta müsahibə verməkdən imtina etmişəm, demişəm ki, qapım sizin üzünüzə bağlıdır. Çünki onların mahiyyətini, mənasını bilirəm. Mən “qara mətbuat”a heç vaxt müsahibə vermərəm.

    “Tahir Kərimlidə aldanmış kəvakib obrazıdır”

    – Deputat həmkarlarınızla münasibətləriniz necədir? Məsələn, kənardan elə təəssürat yaranır ki, Tahir Kərimli ilə ulduzunuz barışmır. Deputat həmkarınızın dövlət himni, ayların adı ilə bağlı təkliflərinə “bunlarla oynamaq olmaz”, “adları dəyişmək olmaz, bu məsələlərdən yan keçin”, “başqa məsələlərlə oynamaq olar” deyərək sərt reaksiyanızı ortaya qoymuşdunuz.

    – Öz aləmimdə hesab edirəm ki, Milli Məclisdə mənim hamı ilə münasibətim birmənalı yaxşıdır, əladır. Amma bu, böyük bir ailədir. Kiminləsə sənin xarakterin uyğun gəlir, onunla çox istiqanlı olursan. Kimin dərin məntiqə, haqqa, ədalətə söykənən fikirləri varsa, bəzən bir çıxışı ilə qəlbimi oxşayır. Düşünürəm ki, bunun genetik kodunda bir dürüstlük var ki, bu haqsızlığa dözmür, ədalətə xidmət edir.

    Tahir Kərimli Xalq Cəbhəsi ilə hakimiyyətdə olarkən cəbhəçi olmadığım üçün onunla münasibətim olmayıb. Cəbhədən çıxandan sonra həmişə ona hörmətim olub. Çünki Tahir Kərimlinin bir qışqırıq səhnəsi vardı… O zaman gördüm ki, Tahir Kərimlidə aldanmış kəvakib obrazıdır, gedən proseslərdən xəbəri olmayıb. İsmayıllıda Qorbaçovun həbsi barədə qərar verib, gəlib Ali Məhkəmənin sədri olub, hakimiyyətdə gedən proseslərin birindən də xəbəri olmayıb. O fəryad onun təmizliyi, paklığı ilə bağlı idi.

    Tahir Kərimli xaraktercə kövrək, mənəviyyatı çox yüksək adamdır. O, bəzən danışanda eyforiyalara varır, süjeti itirir. Deyəcəklər ki, marksistlərdən misal gətirir, ancaq Engels dahidir, onun bir sözü var. Engels deyir ki, çirkli su ilə yuyulmuş teştdəki uşağı çirkli su ilə bərabər tullamaq olmaz, məqsəd uşağı tullamaq yox, yumaqdır. Bəzən bizdə uşağı elə çirkli su ilə tullayırlar. Tahir Kərimli qüsura da yol verə bilər. Milli Məclisdə çıxış edirsənsə, qüsura da yol verə bilərsən. Susanda bilmirsən ki, ürəyindən keçən nədir?

    Milli Məclisdə küsülü olduğum adam yoxdur. Dostluq münasibətlərim, həmkarlıq münasibətlərim olan, bir də bir strukturda paralel işlədiyim adamlar var.

    – Tahir Kərimli bu üç qrupdan hansına daxildir?

    – Tahir Kərimli yaxşı oğlandır. Onun haqqında belə deyim…

    – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi dövlət-din münasibətlərini, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini necə dəyərləndirirsiniz? Bu aspektdə “Dini etiqad azadlığı haqqında” qanuna son dəyişikliklər hansı səbəbdən zəruridir?

    – “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub. Sonra qanunlarda xeyli dəyişikliyə ehtiyac yarandı, demək olar ki, qanunu ələk-vələk etdik. 2021-ci il iyunun 18-də qanuna dəyişiklik etdik, yenidən bir dəyişiklik zərurəti meydana çıxıb. Əvvəla, Azərbaycan Konstitusiyasına və respublikamızın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əsasən, Azərbaycan dini etiqad azadlığı ilə bağlı müasir çağırışlara cavab verən addımlar atılmalı idi. Bu, Milli Məclisin hazırladığı dəyişiklikdir. Biz indi 2021-ci il 18 iyunda edilən dəyişikliyə 5 maddədə dəyişiklik edirik. Bu dəyişikliklər elə-belə, yatıb yuxuda ortaya çıxmayıb. Biz Türkiyə təcrübəsinə istinad etdik. Məlum oldu ki, Türkiyədə bu sahədə təşkilati məsələlərlə dini məsələlər ayrıdır. Hazırda QMİ həm dini, həm də təşkilati məsələləri icra edir. Dəyişikliklə dini ibadət və ziyarət yerlərinə kadrların təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ötürülür. Dəyişikliklərdən ikincisi, din xadimlərinin attestasiyası, üçüncüsü, ianələrlə bağlıdır. Mən siyasətlə məşğul olandan hər kəs tərəfindən olmasa da, QMİ-nin ünvanına iki məsələ ilə bağlı daim tənqidlər, təhqirlər olub. Birincisi, təyinat məsələsi idi. Təbii ki, QMİ din xadimlərini Dövlət Komitəsinə məlumat verib, məsləhətləşib təyin edirdi. Bu insanlar ora təyin olunandan sonra Şeyxin yanına mələk libasında gəlirdilər. İndi Şeyx haradan bilsin ki, gələn adam buqələmundur, rəngini dəyişə bilir, dinə münasibəti din sevgisi deyil, balıqçının balığa münasibətidir. Aha, bir qüsur, hadisə baş verdi, Şeyxin bir məscidinin imamı xarab çıxdı, bütün KİV, ayrı-ayrı adamlar Şeyxin üzərinə gedirdi. Şeyx bundan pul alıb təyin etməmişdi, inanıb təyin etmişdi, indi xarab çıxıb. Amma bu xarab təkcə dini idarədənmi çıxır? Nə qədər etimad göstərilənlər etimadı doğrultmayıb, həbsxanada yatır. Bu, iqtisadiyyatda da, səhiyyədə də, siyasətdə də, hamısında var. Şeyxin canı qurtarır! Onun imicinə xələl gətirən ən böyük iş bu idi. Elə bil ki, qanuna bu dəyişikliklər Şeyx üçün bir sipərdir.

    İkincisi, ianələr məsələsidir. Səhərdən axşamacan ancaq deyirdilər ki, Şeyx nəzir qutularından varlanıb. Əslində, həqiqət belə deyildi axı! Bu, tamamilə təşkilatçılıq məsələləri idi. Hansı qurum cavabdeh olacaqsa, yaxşı, yaxud pis mənada artıq o qurumun adı hallanacaq.

    Şeyxə gəlincə, mən haqqında çox xoş sözlər deyə bilərəm. Şeyx haqqında ən güclü sözləri isə Ulu Öndər Heydər Əliyev deyib, ona yüksək qiymət verib. Prezident İlham Əliyev də Şeyxin əməyini daim yüksək qiymətləndirib. Şeyxin əlində heç nə də olmasa, tərcümeyi-halında bir vizit kartı var. Millət başsız qalanda, Mərkəzi Komitə, Ali Sovet qaçıb gizlənəndə Şeyx bu millətə sahib çıxdı, atalıq etdi. Şəhidlərimiz ortada qalmışdı, dəfn edən yox idi, Şeyx həmin Şeyxdir. Ona görə Şeyxin fəaliyyətini çox yüksək qiymətləndirirəm.

    Qanuna dəyişiklik isə Şeyxə qarşı yönəlməyib. Bu qanun dini etiqad azadlığı ilə bağlı yeni çağırışlara cavab vermək üçün atılan addımdır.

    “Nərimanov Zəngəzurun Ermənistana verilməsi barədə qərarın qəbulunda iştirak etməyib”

    – Yeri gəlmişkən, ictimai-siyasi fəaliyyət Sizi bir tarixçi kimi tarixi araşdırmalardan uzaq salmayıb ki?

    – Qətiyyən. Aspirantlarım, dissertantlarım var. Üstəgəl, Bakı Dövlət Universitetində fəaliyyətimi davam etdirirəm. İndi pandemiya şəraitində tədris prosesi müəyyən qədər onlayn gedir, amma mən fəaliyyətimi davam etdirirəm. Təbii ki, bu gün rejim yalnız saat 6-dan sonra mənə oturub işləmək imkan verir. Vaxtilə işlədiyim, ərsəyə gətirmək ərəfəsində olduğum bir kitabım üzərində işləyirəm. İnşallah, qismət olsa, tariximizin 1920-1930-cu illəri ilə bağlı maraqlı bir təhlil monoqrafiyadır.

    – Maraqlıdır, doktorluq dissertasiyanız hansı mövzuya həsr olunmuşdu? Bu mövzu hazırda nə dərəcədə aktualdır?

    – Mən doktorluq dissertasiyamı 1998-ci ildə müdafiə etmişəm. 1994-cü ildə dissertasiyanı hazır şəkildə gətirdim, 4 il qarşısında sipər oldular. Səbəb nə idi? SSRİ dağılıb, dissertasiyam “Azərbaycanda 1920-1930-cu illərdə sosial-siyasi proseslər” mövzusunda idi. Azərbaycanda həmin dövr alimlərinin demək olar ki, 30 faizi 1920-1930-cu illərlə məşğul olub. Üç opponentin üçü də sovet ideologiyası əsasında o dövrlə bağlı doktorluq müdafiə etmişdi. Elmi Şuranın üzvlərinin 90 faizi də demək olar ki, sovet dövründən müdafiə etmiş adamlar idi. Mən ilk olaraq bu dövrlə bağlı yeni milli-elmi konsepsiya əsasında dissertasiya yazdım, ona görə müdafiəsi uzun çəkdi. Dissertasiya müdafiəm səhər saat 11-də başladı, axşam saat 6-a qədər davam etdisə, təsəvvür edin ki, bu, nə deməkdir. 70 səhifəlik stenoqram oldu. Çox böyük mübarizə ilə dissertasiyanı müdafiə etdim. Bu bir vuruş, bir səhnə idi. Dissertasiyada Cümhuriyyətin devrilməsi, işğalın başlanılması, Azərbaycanda siyasi, milli təqiblərdən bəhs olunur. Nəriman Nərimanovun Azərbaycan tarixində misli olmayan bir rolu var. Bu gün Nəriman Nərimanovu tanımayanlar onun haqqında bəzən ağzıgöyçək kimi danışır. Amma ictimai hərəkatlar və siyasi partiyalar arxivi var, indi Prezidentin İşlər İdarəsinin nəzdindədir. Orada 907-ci fond var, Nəriman Nərimanov fondu deyirlər. Mən o fondla tanış olandan və Nəriman Nərimanovu kəşf edəndən sonra gördüm ki, o, Azərbaycan xalqının dahilərindən biridir. O vaxt Nəriman Nərimanovun üstünə gedirdilər. Mən 1996-cı ildə çıxan monoqrafiyamda Nəriman Nərimanova xüsusi bir fəsil – “Milli təmayülçü kommunist” fəsli həsr etdim. Bir məqamı da deyim. Azərbaycan 1920-ci ilin aprelində işğal olunur, 1920-ci ilin oktyabrında, 6 aydan sonra Azərbaycan Kommunist Partiyasının ikinci qurultayı çağırılır. İkinci qurultayın tribunasından çıxış edən Böyükağa Talıblı deyir ki, Azərbaycanın rəhbərliyi düzgün seçilməyib, Sərkisyan və Mirzoyanın Azərbaycana rəhbərlik etməyə haqqı yoxdur, çünki onlar ancaq Bakının Xəzər sahilində yerləşdiyini bilir. Deyir ki, Azərbaycana Azərbaycanın tarixini, mədəniyyətini, mənəviyyatını bilən milli kadrlar rəhbərlik etməlidir. İkincisi, deyir ki, biz istiqlalı belə hesab etmirdik, bu gün Bakıda Rusiya qoşunları dayanıb, bu, işğalçı qoşundur. Böyükağa Talıblı çıxışında bəyan edib ki, Azərbaycanda dövlət dili Azərbaycan dili olmalıdır. 1937-ci ildə Böyükağa Talıblını güllələdilər.

    Azərbaycanda 1920-ci ildə iki xətt yaranmışdı. Bunlar sərt və yumşaq xətt tərəfdarları idilər. Sərt xətt tərəfdarlarına Mirzoyan, Sərkisyan, digərləri, yumşaq xətt tərəfdarlarına Nəriman Nərimanov rəhbərlik edirdi. Nəriman Nərimanovun 50 yaşı vardı, qalanları cavan uşaq idi, Mirzoyanın 24, Xanbudaqovun 22 yaşı vardı. “Yeddi oğul istərəm” filmində məscidə it bağlamaq səhnəsi var, bu, tarixdən götürülüb. Nəriman Nərimanov qurultayda tribunadan dedi ki, yoldaşlar, İslama bu cür münasibət inqilab deyil, insanların heysiyyətini tapdalamaqdır. Dedi ki, siz xristianlıqla İslamı qarışdırmayın, xristianlıq ehkam, İslam isə həyatdır. Hətta dəfn mərasimi zamanı molla ölünün qulağına nəsə pıçıldayır. Onu lağa qoydular, fitə basdılar. Nərimanov belə bir şəxsiyyət idi. 1922-ci ilə qədər Moskvanın əl-qoluna dolaşdı, İnqilab Komitəsinin sədri idi. 1922-ci ildə gördülər ki, Nəriman Nərimanov bunlara mane olur, Zaqafqaziya Federasiyası yaradıldı, Nəriman Nərimanovu İcraiyyə Komitəsinin 4 sədrindən biri etdilər, portfelsiz nazir idi. Sonra da başladılar Azərbaycanda əl-qollarını açmağa. Belə tarixi xidməti olan şəxsiyyətləri tapdalamaq olmazdı. Mən dissertasiyamda məhz bunları təhlil etmişəm.

    – Nəriman Nərimanov həm də Zəngəzurun Ermənistana verilməsində günahlandırılır. Bu nə dərəcədə həqiqəti əks etdirir?

    – Birincisi, Zəngəzur Azərbaycan Kommunist Partiyasının Siyasi və Təşkilat Bürosunun qərarı ilə Ermənistana verilib. Nəriman Nərimanov partiya işində deyil, sovet işində idi, İnqilab Komitəsinin sədri idi. Hökumətin başçısı olduğu üçün Nəriman Nərimanovdan tələb etdilər ki, bu qərarı o oxusun. Nəriman Nərimanov Zəngəzurun Ermənistana verilməsi barədə qərarı oxuyub, o qərarın qəbul edilməsində iştirak etməyib, səs verməyib. Bu qərarı partiyanın Siyasi və Təşkilat Bürosu verib, səsvermə olmayıb.

    Avrasiyada vahid Türk xətti vardı və Zəngəzurun Ermənistana verilməsi böyük Türk xəttinin qırılmasının növbəti mərhələsi idi. Sibir türklərini assimilyasiyaya uğratdılar, Altay türklərindən təcrid etdilər. Orenburq Qazaxıstandan alındı, Həştərxandakı türklər isə assimilyasiyaya uğradı. Başqırdıstan, Tatarıstan, Çuvaşiya, eyni zamanda Orta Asiya türkləri Türk dünyasından təcrid olundu. Tatarlar Krımdan sürgün edildi. Türk dilli qaraçaylılar və balkarlar isə türksüzləşdirilmək istənilən Qafqazdan sürgün olundu. Zəngəzurun verilməsi təkcə Azərbaycan torpağının bir hissəsinin itkisi deyildi, bunun arxasında qlobal bir düşüncə vardı. Avrasiyada mövcud olan Türk xəttini qırdılar. İndi bu günə qayıdıram. Azərbaycanın xilaskarı, Ali Baş Komandan İlham Əliyev Zəngəzur dəhlizinin açılması üzərində durur. 200 ildən artıq müddət ərzində qırılan bu Türk xətti bu gün bərpa edilirsə, bunu anlamaq lazımdır. Avrasiyada qırılmış Türk xətti bu gün Prezident İlham Əliyev tərəfindən bərpa olunur.

    Nəriman Nərimanovun Zəngəzur məsələsində günahı nədən ibarətdir? Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində deyir ki, oğlum, sən bu sətirləri oxuyanda mən olmayacam, amma görəcəksən ki, sənin atan nə qədər cəsarətli adam olub. Bir epizodu da deyim. Bakıdan Nərimanovun qəbuluna Kübra adlı bir ziyalı qadın gəlir. Göz yaşı ilə deyir ki, doktor, mənim namusumu qoru. Nərimanov deyir ki, nə olub, sənə kim sataşır? Deyir ki, Mirzə Davud Hüseynov. Mirzə Davud Hüseynov da onun müavini olur, həm də fövqəladə məsələlərə baxır. Nərimanov soruşur ki, Mirzə Davud Hüseynov nə edir ki? Kübra xanım deyir ki, Mirzə Davud Hüseynov qızımın nişanlısı, gələcək kürəkənimlə dost olub, hakimiyyətə gələndən sonra dostuna da xəyanət edib, üstəgəl, qızımı məcbur edir ki, nişanı qaytar, ona gəl. Deyir ki, bu da azmış kimi hər gün evində axtarış apartdırır, onu tutub həbs etdirmək istəyir. Nərimanov Mirzə Davud Hüseynovu qəbuluna çağırtdırır, qadının dediklərini ona deyir, soruşur ki, bunlar düzdürmü? Mirzə Davud Hüseynov qızarır, başını aşağı salır. Nərimanov deyir ki, bir də bu hərəkətlərin təkrar olunsa, səni hərbi tribunala verəcəm. Qadına da birbaşa şəhər nömrəsini verir, deyir ki, problem olsa, ona zəng etsin. Qadın gedəndən sonra Nərimanov başını qoyur əllərinin arasına, fikirləşir ki, tanrım, mən belələri ilə bu milləti xoşbəxt edə biləcəyəm?!

    Yaxud Xanbudaqov çox dilli, savadlı adam olur, Nərimanov yanına gətirir, xəyanət etdiyi üçün qovur. O dəqiqə Mirzoyan Xanbudaqovu Mərkəzi Komitədə işə düzəldir və Nərimanova qarşı mübarizəyə başlayır. Nərimanov 1922-ci ildə getdi, 1923-cü ildə də bunun anasını ağlatdılar, 1937-ci ildə güllələdilər. Zəngəzur tarixi budur.

    “AMEA doğduğunu özü doğmalıdır”

    – Elmdən danışmışkən, bu gün Azərbaycan elminin lokomotivi sayılan Azərbaycan Milli Elmlər Akademiyasında böhranlı durum yaranıb, bir sıra institut direktorları Ramiz Mehdiyevi problemlərin əsas səbəbkarı sayır, onun AMEA prezidenti postundan istefasını zəruri sayır. Siz necə düşünürsünüz?

    – Hesab edirəm ki, AMEA doğduğunu özü doğmalıdır, bura kənardan müdaxilə ola bilməz. İndi Ramiz Mehdiyev haqqında hamı yazır, pozur, düşünür. Vaxtilə çörək, vəzifə verdiyi adamlar da yazır. Bəzən düzgün yazılar da olur. Mən bunları kənara qoyuram. Amma AMEA Rəyasət Heyəti var, bu məsələ bizim arzu və istəklərimizlə həll olunan məsələ deyil. Lakin AMEA Azərbaycan xalqının beynidir, o, saf olmalı, dürüst düşünməli, dedi-qodu olmamalıdır.

    – Sizcə, o beynin saf olması üçün Ramiz Mehdiyev getməlidir?

    – Biz bu məsələyə nöqtə qoyduq, digər suallara keçək.

    – Aydındır. 1973-1977-ci illərdə anadan olduğunuz Yardımlı rayonunun Çanaqbulaq kənd məktəbində müəllim işləmisiniz. Məktəblə, keçmiş müəllim yoldaşlarınızla əlaqə saxlayırsınız? Sizcə, indi niyə kəndlərdə müəllim problemi var?

    – Mən hər yay doğulduğum kəndə gedir, həmkarlarımla, həmyaşıdlarımla görüşürəm. Bəzən də problemləri olanda mənə müraciət edirlər. O torpağı, o yeri unutmamışam. Yay aylarında bir neçə gün kənddə qalıram, insanlarla çox səmimi görüşlərim olur. Kənd müəllimlərinə gəlincə, mən işlədiyim dövrdə 120 manat maaş alırdım, o pulla çox rahat dolana bilirdim. İndi kənddə yaşayırsansa, mütləq təsərrüfatla məşğul olmalısan. Müəllimin də təsərrüfatla məşğul olmağı vaxt və digər məsələlər nöqteyi-nəzərdən bir az problemlidir. Bu problemin köklü həlli olmalıdır. Təhsil Nazirliyində ciddi islahatlar gedir, onun şaxələrindən biri də kənd yerlərinin müəllimləri ilə bağlıdır. Biz də bu islahatı böyük ümidlə gözləyirik.

    – Bir neçə monoqrafiya, kitablar, dərsliklər, onlarla elmi əsərin müəllifisiniz. Bu gün orta məktəb dərsliklərindən şikayətlərə tez-tez rast gəlinir. Övladlarınız, nəvələriniz var, orta məktəb dərsliklərindən xəbərdarsınız. Dərsliklərdəki problemlər nədən qaynaqlanır?

    – Müstəqilliyimizin ilk illərində orta məktəblə bağlı tələm-tələsik işlər gedib. Məsələn, kitab yazılmalı idi. Ayrı-ayrı qurumlarda olan adamlar özünün dostunu, qardaşını, tanışını, bilişini səfərbər edirdi ki, tez olun, bu kitabı yazaq. Tutaq ki, Fəzail İbrahimliyə deyilirdi ki, sən 1920-1930-cu illərlə bağlı kitaba bir yazı ver. O da gedirdi, 30-50 səhifəlik leksiyasını götürürdü, ora-burasını qısaldırdı, verirdi. Birinci problemimiz buradan başladı. Leksiya, məruzə, kitab, monoqrafiya başda, dərslik başqa şeydir. Dərslik təhlilə söykənməli, dərsliyi yazan adamın pedaqoji təcrübəsi olmalıdır. İkincisi, elmi səviyyəsi olmalıdır. Üçüncüsü, dili və tarixi yaxşı bilməlidir. Bunların heç biri nəzərə alınmadan o dövrdəki nazirimiz kitabları nəşrə verdi, vəssalam. Sonrakı dövrlərdə yenə də…

    Bu günə gəlincə, aldığım məlumata görə, dərsliklərin nəşri ilə bağlı xüsusi komissiya yaradılır. Böyük bir komissiya yaranmalı, ekspertlər müəyyən olunmalıdır. Hər bir kitab ayrı-ayrı sahələr üzrə mütəxəssislərə verilməli, rəylər tam müsbət olandan sonra kitablar buraxılmalıdır. İkincisi, dövrün çağırışları nəzərə alınmalıdır. Tutaq ki, bu gün Azərbaycan qalib ölkədir, Qalib Azərbaycan xalqının tarixi yazılmalıdır. Birdən-birə hər şey olmur. Zaman özü ən böyük həkim, ən böyük təhlil verəndir. Güman edirəm ki, gənc, enerjili nazirimiz bu məsələlər üzərində də dayanacaq.

    Təhsil uzun müddət elə vəziyyətdə olub ki… Mən bir dəfə Milli Məclisdə çıxışımda dedim ki, təhsili aparıb reanimasiyaya saldılar. Bir müddətdir ki, palatadan çıxıb müalicə olunur. İndi də bir reabilitasiya dövrü var, onu keçir.

    “Kabab iyinə gələnlər gediblər”

    – Artıq bir müddətdir, ölkənin siyasi münasibətlər sistemində müəyyən dəyişikliklər müşahidə olunur. İqtidar-müxalifət münasibətləri yeni müstəviyə keçir. Bu barədə nə deyə bilərsiniz?

    – Müxalifət düşüncəsi cəmiyyətimizdə müxtəlif cür başa düşülür. Bir qrup hesab edir ki, müxalifət söyüş söymürsə, acı danışmırsa, artıq müxalifət deyil. Mənim fikrimcə, müxalifətin düşüncəsində, ruhunda və işində çox böyük dürüstlük olmalıdır. Sən özün düz olmalısan ki, qarşı tərəfi tənqid edə, qarşı tərəfdəki qüsurları görə biləsən. Qüsurlara yol verməməlisən ki, baş verən qüsurları demək səlahiyyətində olasan. Bizdə bu məsələdə siyasi düşüncələrdə fərq var. İqtidar-müxalifət münasibətləri qatı müxalifətə, yumşaq müxalifətə və s. bölünüb. Tutaq ki, qarşımdakına müxalifətəm, mən qüsurları onun üzünə deməliyəm. Bunu da sevindirici fakt yox, ürək ağrısı ilə irad formasında deməliyəm ki, bu qüsurların münasibətlərə, ölkəyə, dövlətə, millətə xələl gətirir.

    İkincisi, hakimiyyət uğrunda mübarizə bütün ölkələrdə gedir. Tutaq ki, ABŞ-ın özündə iki partiya var, biri qələbə qazanır, ikincisi onun əlini sıxır, növbəti seçkilərə qədər gözləyirlər. Sanki pusquda dayanan bir ovçu kimi gözləyirlər ki, hakimiyyətdə olanlar hansı qüsurlara yol verəcək. Bu, iqtidarın üzərinə böyük məsuliyyət qoyur ki, irad bildirən var, qüsura yol verməyim. İqtidar müxalifəti, müxalifət də iqtidarı düşmən obrazında təsəvvür etməməlidir, bu, heç vaxt fayda verən bir proses deyil. Bu, siyasətdir. Dini kitabımızda deyilir ki, min şəhidin görə bilmədiyi işi bir mürəkkəb damlası görür. Dünyanın 100 illik müharibələri olub, sonda bir barış, bir anlaşma olub.

    Vətən müharibəsi dövründə bir daha iqtidar-müxalifət münasibətləri ilə bağlı bir qürur duydum. Siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq Vətən və millətin təhlükədə olması şüarı hər bir kəsin əxlaqına sirayət etdi. Bütöv bir müxalifət cəbhəsi hakimiyyəti, dövləti dəstəklədi. Bu, tək hakimiyyətin dəstəklənməsi deyildi, millətin taleyinin həll olunduğu dövrdə vətəndaşlıq mövqeyinin ortaya qoyulması idi.

    Bəzən müxalifət düşərgəsində hadisələrin gedişində mənim özüm haqqında da elə fikirlər səslənir ki… Mən bunlara xüsusi önəm vermirəm. Hər kəsi xalq, dövlət tanıyır, kimin hansı yuvada hansı quş olduğunu hər kəs bilir.

    Yeri gəlmişkən, bəzi qüvvələrin ölkədə aparılan siyasi islahatlar prosesindən kənarda dayanmasına gəlincə, kim bu gün hakimiyyətə düşmən münasibət bəsləyirsə, hesab edir ki, elə müxalifət odur. Müxalifət sadəcə, kənarda dayanıb, “haçansa səni yıxıb, hakimiyyətə gələcəm” düşüncəsi ilə hərəkət edirsə, bu, düşüncə deyil. Bu, bir müharibə, bir düşmənçilikdir. Bu gün Azərbaycan başını uca tutmağa layiq məqamda yaşayır. Vətən müharibəsindəki qələbəmizə qədər belə qüvvələrin əsas arqumenti o idi ki, bugünkü iqtidar Qarabağı qurban verib, geri qaytarmaq istəmir və s. Bu gün isə bu boyda qələbə qazanılıb, 200 ildən bəri başımızın üzərindən “Demokl qılıncı” kimi asılan, dünya xristianlarının ağuşuna sığınaraq özünə bir qala quran erməni ocağını dağıtmışıq. O qaladan başımıza güllə və qumbara 200 ildir ki, yağdırılır, 114 kv.km ərazimizdən bizə 86 min kv.km ərazi qalıb. Sifarişçilər də, xristian dünyasının ağuşuna sığınan həmin qüvvə də eynidir.

    Təqvimə baxın, yanvarın 20-dən noyabrın 20-nə qədər hər ayda bir faciə, bir zədə var. Bir dəfə mənə tələbələrim sual verdi ki, müəllim, yanvar qırğın, fevral qırğın, may Şuşanın işğalı və s. Axı biz onlardan sayca çoxuq, ərazimiz böyük, gücümüz çoxdur, bütün məqamlarda ancaq qurban verib, faciə yaşamışıq. Bunun bir cavabı var. Bizim dövlətimizi əlimizdən almaq, türksüz Qafqaz yaratmaq istəyiblər. Biz xristian dünyası ilə üz-üzə qalmışıq. Biz dövlətçiliyimizi qurbanlar hesabına qoruyub saxlaya bilmişik. Yer üzündə elə millət varmı ki, 1918-ci ilin martında soyqırım yaşayıb, Bakıdan insanlar qaçıb, tərksilah olunub, Şaumyanın dəstəsi qırğın salıb, heç mart soyqırımının göz yaşları qurumayıb, 1918-ci ilin mayında özünə dövlət qurur. Bu, böyük cəsarət, böyük qələbədir. Təzədən həmin qüvvələr səfərbər olundu, müstəqilliyimiz əlimizdən alındı. 1990-cı ildə yanvar qırğını olub, böyük faciə yaşamışıq, 1991-ci ildə müstəqillik əldə etmişik. Biz erməni ilə cəmi bir dəfə 44 günlük Vətən müharibəsində təkbətək, üzə-üzə qaldıq, faciəvi surətdə məğlub oldular.

    Himnimizin qarşısında ayağa dururduq, amma üzüqara dayanırdıq. Çünki himnimizdə deyirik ki, səndən ötrü can verməyə, qan tökməyə cümlə hazırız…

    Şəhidlərimizin ruhu həmişə başımızın üstündə gəzirdi. Biz bunların qabağında üzü ağ olmuşuq. Dünya dövlətləri ilə diplomatiya müharibəsində Prezident tək dayandı, xalqımız isə vahid, əlbir oldu. Həmin vaxt iqtidar-müxalifət münasibətləri də bir cəbhəyə yönəldi. İndi nə oldu bizə? Belə düşünürəmsə, mən müxalifət deyiləm? Müxalifətçiliklə düşmənçiliyi bir-birindən fərqləndirmək lazımdır. Hər şey bitməyib, şimaldan, cənubdan iti caynaqlar, mənhus baxışlar yenə bizə ünvanlanıb. Vətən müharibəsində, bizim haqq işimiz zamanı cənubdan nələri yaşadığımızı gördünüz. Türk Dövlətləri Təşkilatına qoşulmağımız, Türk Dünyasının vahidliyinə qoşulmağımız nə qədər ağır bir prosesdir. Daxildəki bütün qüvvələrin əsas səyləri dövlətimizin, müstəqilliyimizin taleyi ilə bağlı məsələlərə yönəlməlidir.

    – 2000, 2006 (təkrar), 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilmisiniz, partiya sədrinin birinci müavinisiniz, ideoloji məsələlərə məsulsunuz. Partiya həyatında nə dərəcədə aktiv iştirak edirsiniz?

    – Birincisi, partiyanın sədri Sabir Rüstəmxanlı bir yerdəyik. Hər hansı problem baş verəndə partiyaya gedirəm, elə olur ki, Sabir Rüstəmxanlı bura gəlir. Görüşürük, Siyasi Şurada hansı məsələlərin müzakirə olunacağını məsləhətləşirik.

    İkincisi, partiyanın Aparatının əməkdaşları və Aparatın rəhbəri Samir Əsədli var, Samir Əsədli kifayət qədər ciddi işləyir. Ciddi məsələlər olduqda, birgə müzakirə əsasında ümumi nəticələrə gəlirik. Mənim partiya ilə münasibətlərim qarşılıqlı, səmimidir.

    – Siz VHP-nin siyasi sistemdə rolunu necə görürsünüz? Bəzən deyilər ki, bu VHP nə ilə məşğuldur, müxalifətdirmi? Partiya sədrinin birinci müavini kimi belə iradlara münasibətiniz necədir?

    – VHP-nin nə işlə məşğul olduğunun nəticəsi görünür, 3 üzvü Milli Məclisdədir. Onların da atdığı addımları, əməllərin hamını hesablasan, VHP bu işlərlə məşğuldur. Məsələn, Rəfael Hüseynov Avropa Şurasında Azərbaycanı çox hörmətlə, ləyaqətlə təmsil edir. Sabir Rüstəmxanlı Azərbaycan fikir tarixində öz yeri olan adamdır, Milli Azadlıq Hərəkatının öndə gedən ilk carçılarından biridir və müstəqilliyə səs verib. Fəzail İbrahimlinin də tərcümeyi-halından məlumdur ki, nə işlə məşğuldur.

    1992-ci ildə Azərbaycan parçalanırdı, xaos, hakimiyyət böhranı, o cümlədən ərzaq qıtlığı başladı. Belə durumda qarşıdurma yarandı, şimalda, cənubda ayrı-ayrı təşkilatlar, hakimiyyət daxilində qruplaşma yarandı, ölkənin başı üzərini qara buludlar aldı. Təsadüfi deyil ki, bir amala, bir məqsədə milləti yönəltmək hər bir ziyalının, hər bir vətəndaşın borcu idi. Həmin vaxt biz oturub fikirləşdik. Təbii ki, kənarda oturub baxmaq olmaz. Siyasi həyata bir partiya vasitəsi ilə daxil olmaq, fikrini demək, proqramını izah etmək, ölkə həyatında iştirak etmək üçün 1992-ci ilin oktyabrında VHP-ni yaratdıq, həmin ilin noyabrında isə Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın adını seçmək məsələsinə gəlincə, ölkəni parçalamaq ideologiyasına alternativ olaraq həmrəylik ideologiyasını irəli sürdük. Bizi sağdan, soldan niyə vururlar? Deyirlər ki, hücum edirik, söyüş söyürük, gəlin bizimlə olun. Biz mitinq edirik, siz də bizimlə mitinq edin. VHP öz yolu, öz fikri olan partiyadır. Deyirlər ki, danış, deyim kimsən. Biz danışırıq, VHP-ni də həmin danışığın nəticəsi kimi görmək olar. Biz dövlətimizə, millətimizə, xalqımıza bağlı bütün düşüncələrin tərəfindəyik və həmrəy olmağı həmişə dəstəkləmişik. Həyat sübut etdi ki, həmrəylik dünyanın, həyatın, Vətənin, dövlətin xilasıdır. Qardaşlar arasında həmrəylik yoxdursa, düşmən olurlar. Ər və arvad arasında həmrəylik yoxdursa, ayrılırlar. Biz həmrəylik ideyasının arxasınca gedirik.

    – Ancaq həmrəylik ideyasının əsas götürüldüyü VHP-dən bir çox tanınmış simalar müxtəlif vaxtlarda müxtəlif səbəbləri əsas gətirərək ayrılıb, ancaq Siz qalmısınız. Sabir Rüstəmxanlı ilə uzun illərdir ki, bir arada olmanızı, birgə addımlamağınızı nə ilə bağlayırsınız?

    – Günəş altında yer axtaranlar, partiya vasitəsi ilə özünü parlamentə pərçim etmək istəyənlər, siyasi həyatdan təcrid olunub təzədən VHP vasitəsi ilə siyasi həyata qayıtmaq istəyənlər kabab iyinə gəliblər. Görüblər ki, yox, başqa iy gəlir, özləri gediblər, biz qovmamışıq. Amma VHP-ni yaradan Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və digərləri partiyadadır. Partiyanı yaradanların biri də getməyib.

    – Növbəti parlament seçkilərində də namizəd olmağı düşünürsünüzmü?

    – Mola Nəsrəddindən soruşurlar ki, ərəblər soyumuş aşa nə deyir? Molla Nəsrəddin də bilmirmiş. Cavab verir ki, ərəblər aşı soyutmurlar, isti-isti yeyirlər, ona görə onun adını bilmirəm…

    APA

    Ramiz Mikayıloğlu

  • Sabir Rüstəmxanlıdan məmurlara etiraz

    Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki büdcə müzakirələrində bir sıra vacib məsələlərə toxundu. Dedi ki, rəqəmlər öz yerində, amma xalqı narahat edən məsələlər var, bunlar deyilməlidir.

    S.Rüstəmxanlı öncə büdcə müzakirələri ilə bağlı sistemin dəyişdirilməsini təklif etdi. Bildirdi ki, həm komitə, həm plenar iclaslarda hökumət nümayəndələri və deputatların çıxışları təkrar olur, bu məsələyə baxılmalıdır.

    S.Rüstəmxanlı da V.Əhmədovun fikirlərinə qatılaraq bahalıqda şikayətləndi: “Məmurlar deyirlər ki, yanacağın qiymətinin qalxması qiymətlərə təsir etməyəcək. Bu, gülünc söhbətdir. Necə yəni təsir etməyəcək? Həm yaşayış minimumu, həm də minimum əmək haqqına yenidən baxmaq lazımdır və ciddi şəkildə artırılmalıdır”.

    Deputat kəndlərlə şəhər arasında böyük fərqin olduğunu söylədi: “Əbülfəz Qarayevin vaxtında Mədəniyyət Nazirliyinin Azərbaycan kəndlərində dağıtdığı abidələrin, obyektlərin siyahısına baxın! Kəndlərdə kitabxanalar, klublar dağıdıldı, ləğv edildi. Mənim kənddə yaşayan vətəndaşım bir arayış almaq üçün biri Cəlilabada, biri Masallıya, digəri Biləsuvara gedir. Bu, nə deməkdir? Ya rayonlar ləğv olunsun, ya da belə pərakəndəlik doğru deyil! Büdcədən maliyyələşən idarələrin sayını azaltmaqdansa, biz bu idarələrin sayını artırırıq. Əksinə, özəlləşmə getməlidir ki, dövlətin yükü azalsın”.

    S.Rüstəmxanlı dedi ki, ölkədə Cənubi Afrikadan gətirilən meyvələr bazarlarımızda satılır, amma kəndlərimizdə meyvələr bazara çıxarılmır, kəndçinin məhsulu əlində qalır, çürüyür: “Dövlət bu məhsulları alıb bir hissəsini saxlaya bilər. Bizdə tənzimləmə sistemi yoxdur”. S.Rüstəmxanlı dedi ki, Azərbaycan Prezidenti gecə-gündüz çalışır, Qarabağı qurur, amma bəzi dairələr var, onlar sanki görülən işlərə kölgə salmaq üçün çalışır: “Azərbaycan rayonlarının 95 faizində kitab mağazası yoxdur, kəndlərimizin əksəriyyətində xarici dil müəllimi yoxdur. Adətən, dövlət qurumlarında çalışmaq üçün ingilis dili tələb olunur. Mən bilmirəm, hansı proqramdır, niyə bizim kənd sakinlərini dövlət idarəçiliyindən kənarda saxlamaq istəyirlər?”

    Ardınca S.Rüstəmxanlı iclasda hökumət üzvlərinin iştirakından istifadə edərək, məmurlara yazdığı məktublara, həmçinin telefon zənglərinə cavab verilmədiyini söylədi və millət vəkillərinə sayğısız yanaşmalara etirazını bildirdi: “Deyirlər ki, nazir obyektdədir. Bu, hansı obyektdir, bilmirik. Günlərlə gözləyirsən, yazdığın məktuba cavab gəlmir. Səfa müəllim yazır, məktubuna cavab yazır. Amma Səfa müəllim də 125 deputatın hər birinin əvəzinə məktub yaza bilməz ki. Mən xalq şairiyəm, millət vəkiliyəm, bu dövlətin qurulmasında xidmətlərim olub. Bir-birimizə sayğımız olmalıdır, dövlət idarələri saat mexanizmi ilə işləməlidir”.

    E.Paşasoy,
    Musavat.com