Vətəndaş Həmrəyliyi Partiyası

Category: Konfrans

  • “Qarabağda son olaylar və vəzifələrimiz” mövzusunda konfrans keçirilib-FOTO-VIDEO

    13 aprel 2016-cı il tarixdə Vətəndaş Həmrəyliyi Partiyasınında (VHP)  “Qarabağda son olaylar və vəzifələrimiz” mövzusunda konfrans keçirilib. Müxtəlif siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının, Türkiyədən, Kərkükdən, Tatarıstandan, Güney Azərbaycandan olan qonaqların, alimlərin, ziyalıların qatıldığı tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun birdəqiqəlik sükutla yad edilməsiylə başlayıb.

    “Azərbaycan türkləri yenə də informasiya müharibəsində ermənilərə uduzur”

    Konfransı VHP sədri Sabir Rüstəmxanlı açaraq, son günlərdə 3-4 gün ərzində Qarabağda baş vermiş müharibə bir az partiyalararası savaşı unutdurub: “Əslində, son vaxtlar keçirilən tədbirlər çox asanlıqla milləti də, siyasi partiyaları da, siyasi qüvvələri də bir araya yığmağın və əvvəlki illərin ənənələrinə uyğun olaraq, bir yerdə mübarizə aparmağın mümkünlüyünü göstərir. Çünki bölməli, bölünməli bir şeyimiz yoxdur, sadəcə, ümumi Vətənimiz var. Onu da bölüblər, parçalayıblar, hazırda bir hissəsi də işğal olunub və millət də bunun psixoloji-mənəvi ağırlığı altındadır. Bir ümidsizlik, bədbinlik, ədalətsizlik qarşısında çarəsizlik və bu çarəsizlik şəraitində bir-birindən küsülülük. Ancaq xırda uğur olan kimi bunların hamısının bir gündə aradan qaldıılmasının mümkünlüyü göründü. Son 25 ildə yaşananlara nəzər yetirsək, bizim üçün öyrənməli və ibrət götürməli bir çox məsələlər var. Hətta savaş bitdiyi, Azərbaycanın torpaqlarını işğal etdiyi təqdirdə, bir dövlətin yaşaması üçün hökmən onun siyasi qüvvələrinin, fikir və idarəçilik təcrübəsinə iddialı adamlarının bir araya gəlməsi vacibdir. Çünki dünyanın bir çox dövlətləri xarici işğal, müdaxilə olmadan da öz içlərindəki fikir ayrılığından, bir araya gəlməməkdən böyük faciələrə düçar olublar. Hazırda Suriya buna əyani sübutdur. Bu ölkənin daxilində ciddi uçurum yaranıb, əhalisinin əksəriyyəti yurd-yuvalarını tərk edib, nəticədə dövləti idarə etmək üçün həmrəyliyə nail olunması çox çətinləşib. Bu gün bizim aramıza da belə toxumlar səpilib. Ona görə də bu xalqın taleyində şərəfli imzaları olan bizlər müəyyən borclarımızı yerinə yetirməli, öz gənc nəsillərimizi böyütməli və onları da indiki çərçivələr sərhədinə salıb bir-birinə yad etməli deyilik. Onları gələcəkdə Vətənin taleyi üçün bir yerdə mübarizə aparmağı bacarmaları məqsədilə bir yerdə böyütməliyik. Əgər bu yadlığı aradan qaldırmasaq, onda heç bir hədəfimizə çata bilmərik”.

    “Xalqın gücünə güvənərək müəyyən işlər görülsə, hökmən bunun uğuru və nəticəsi olacaq”

    VHP sədri deyib ki, Azərbaycan türkləri yenə də informasiya müharibəsində ermənilərə uduzur: “Bu məsələdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların, fəaliyyət göstərən diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşür. Biz irəli düşmədiyimizdən, hətta ermənilər bizim olan şeyləri də öz adlarına çıxırlar. Rusiya mətbuatının çox iyrənc bir təbliğat mexanizmi var, ermənilər orada at oynadırlar. Azərbaycanda da müxtəlif siyasi partiyalar arasında məsələyə yanaşmada müəyyən fərq var, ancaq millətin arasında belə fərq yoxdur. Bu da xalqın heç nəyini – ümidini, savaş eşqini, şəid olmaq bacarığını itirmədiyini göstərdi. Sadəcə, süni yolla küllənən bir ocaqdır, ancaq həmin külün altında millətin ürəyi yenə əvvəlki kimi alovludur. Əgər millətə doğru addım atmaqla, onunla bir olmaqla, onun gücünü hesablayaraq, onun gücünə güvənərək müəyyən işlər görülsə, hökmən bunun uğuru və nəticəsi olacaq”.

    “Qarabağ məsələsi yenidən dünyanın gündəminə gəlib, aksent mərhələyə keçib”

    Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) başqanı İsa Qəmbər vurğulayıb ki, son günlər çox mühüm hadisələr baş verib: “Bu hadisələrin təhlil edilməsi, qiymətləndirilməsi və bu məsələdə cəmiyyətimizin, xalqımızın mümkün qədər yekdil mövqe sərgiləməsi həddən artıq vacibdir. Məsələnin faktiki tərəfi nədən ibarətdir. Biz bunu Qarabağ savaşının 2 aprel mərhələsi adlandırırıq. Yəni Qarabağda qoşunların təmas xəttində 1994-cü ildən bu günə qədər belə bir savaş olmamışdı. Eyni zamanda, bir çox mütəxəssislərin qeyd etdiyinə görə, hətta Qarabağ savaşının ilk mərhələsində də müasir silahlarla bu cür intensiv toqquşmalar olmamışdı. Təbii ki, erməni tərəfi yenə də hər zamankı kimi təxribatlara əl atıb, qoşunların təmas xəttində atəşkəsi pozub. Azərbaycan tərəfi bu dəfə daha sarsıdıcı cavab verib, yəni cavab müdafiə ilə yekunlaşmayaraq, hücum əməliyyatına çevrilib. Qədim Çin hərbi strateqi Çun Tsı özünün “Hərb sənəti” əsərində yazır ki, müdafiə ilə məğlubiyyətdən yayına bilərsən, ancaq qələbə üçün hucum lazımdır. Yəni müdafiə ilə öz mövqelərini qoruya bilərsən, ancaq hücum olmadan qələbə mümkün deyil. Müəyyən hərbi uğurlar, irəliləyiş var. Düzdür, müvtəlif fikirlər var: bəziləri bunu həddən artıq böyük uğurlar, qələbələr, bəziləri də kiçik uğurlar, qələbələr kimi qiymətləndirirlər. Ancaq hər alda Avropanın, ABŞ-ın, Rusiyanın əksər ekspertləri Azərbaycan ordusunun müəyyən irəliləyiş əldə etdiyini deyirlər. Hətta bunu ermənilər də etiraf edirlər. Belə ki, hadisələrin qızğın günlərində erməni generallarından biri öz müsahibəsində qeyd elədi ki, Azərbaycan ordusu döyüş üsuluyla kəşfiyyat aparıb və öz məqsədlərinə nail olub. Nəticədə Qarabağda erməni qoşunlarının yerləşdiyi məntəqələri, atəş nöqtələrini və s. müəyyənləşdirib və genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq mərhələsidir. Bu əməliyyatın nəticəsində Qarabağ məsələsi yenidən dünyanın gündəminə gəlib, aksent mərhələyə keçib”.

    “Artıq hər kəs Qarabağın və digər işğal olunmuş torpaqların azad ediləcəyinə inanmağa başlayıb”

    “Məsələnin mənəvi-psixoloji tərəfinə gəldikdə, çox önəmli bir hadisə baş verdi. Artıq cəmiyyətdə belə bir əhval-ruhiyyə hökm sürməyə başlamışdı ki, “guya xalq Qarabağı unudub”, “guya xalq Qarabağa biganədir”, “guya xalq Vətən, torpaq məsələləsinə laqeyddir”. Ancaq biz heç vaxt bu fikirlərlə razılaşmamışıq. Bir günün içərisində hər kəs bu xalqın Qarabağı unutmadığını, unutmayacağını və heç kəsə unutmağa imkan verməyəcəyini gördü. Bir günün içərisində bütün xalq vahid bir orqanizmə çevrilib, cəbhə xəttindən gələn xəbərləri izləməyə, ən kiçik uğurlara sevinməyə, hər bir şəhidimizi baş tacı kimi qarşılamağa və birliyini, bütünlüyünü nümayiş etdirməyə başladı. Xalq özünə, torpaqlarının azad edilməsinin mümkünlüyünə inandı. Bəziləri pessimizmdən, bəziləri bədxahlıqdan deyirdilər ki, “əşi Qarabağ getdi”, “Qarabağı qaytarmaq mümkün deyil”, artıq həmin söhbətə son qoyulub. Artıq hər kəs Qarabağın və digər işğal olunmuş torpaqların azad ediləcəyinə və həmin ərazilər üzərində Azərbaycanın suverenliyinin bərpa ediləcəyinə birmənalı şəkildə yenidən inanmağa başlayıb. Şəhidlərimiz bizi birləşdirən ən böyük dəyərlərdən biri kimi yenə də həlledici faktora çevrildi. Şəhidlərimizin hər biri bizim üçün müqəddəsdir, hər biri diqqətimizdə olmalıdır və diqqətimizdədir. Bəziləri məsələyə belə yanaşırlar ki, bu qədər şəhid verilib, ancaq irəliləyiş də azdır. Bir neçə təpəyə, yüksəkliyə görə bu qədər şəhid vermək olardımı? Düzdür, şəhidlərimizə, gənc övladlarımıza görə narahatlığı başa düşürəm. Anca şəhidliklə torpağı eyni çəkidə ölçmək olmaz. Türkiyədən keçmiş SSRİ-yə mühacirət etmiş kommunist şair Nazim Hikmət deyib ki, “mənim 5 litr qanım var, onun hamısını Türkiyə torpağının 1 kvadratsantimetrinə tökməyə hazıram”. Şəhid qanı kvadratmetlə, yüksəkliklə ölçülmür, şəhid qanı hər şeydən yüksəkdir. Biz Qarabağ savaşının birinci mərhələsində on minlərlə şəhid vermişik və torpaqlarımızın önəmli bir hissəsi işğal altındadır. Onda kimlərsə şəhidlərimizn boş yerə həlak olduqlarını deməlidirlər, axı bu, düzgün yanaşma deyil. Ona görə də şəhid məsələsinə ayrıca müqəddəs bir məsələ kimi yanaşılmalıdır və bu məsələ dövlətin də, hakimiyyətin də, cəmiyyətin də, hər bir vətəndaşın da diqqətində olmalıdır. Əslində, bizim vəzifələrimizdən biri şəhid ailələrinə, yaralılara, ümumiyyətlə, Qarabağ veteranlarına, qazilərinə diqqət olmalıdır, onların imtiyazları, onlara mənəvi dəstək artırılmalıdır, onların hər birinin adının əbədiləşdirilməsi üçün işlər görülməlidir. Bu hadisə Azərbaycan xalqını təkcə Şimali Azərbaycan deyil, bütün dünya miqyasında bir araya gətirdi: “Avropanın, ABŞ-ın, ümumiyyətlə, dünyanın hər yerində Azərbaycan diaspor təşkilatları, azərbaycanlı mühacirlər aksiyalar keçirməyə, mövqe bildirməyə başladılar. Eyni zamanda, Suriya türkmənləri, İraq türkmənləri, Güney Azərbaycanda yaşayan on minlərlə soydaşımız, eləcə də Türkiyədə yaşayan qardaşlarımız öz mövqelərini ortaya qoydular, Azərbaycan naminə, Qarabağ naminə hər şeyə hazır olduqlarını bəyan etdilər. Bir neçə günlük hadisələrdə birlik, bütövlük ən böyük qazanclarımızdandır, bunlar nəzərə alınmalıdır”, – deyə İsa Qəmbər söyləyib.

    “Erməni tərəfinə işğal etdikləri torpaqlarda əbədi qala bilməyəcəkləri mesajını ciddi şəkildə çatdırıldı”

    MSDM başqanı son hadisələrlə erməni tərəfinə işğal etdikləri torpaqlarda əbədi qala bilməyəcəkləri mesajının ciddi şəkildə çatdırıldığını deyib: “Ermənilər guya Qarabağda heç bir ordunun keçə bilməyəcəyi müdafiə istehkamları yaratdıqları, “Qarabağ ordusu”nun güclü olduğu barədə miflər uydurmuşdular. Adətən, ermənilər özlərinin uydurduqları miflərə də inanırlar. Ancaq həmin miflər darmadağın oldu. Həm Dağlıq Qarabağın özündə, həm də ətrafındakı bölgələrdə hər kəs işğal olunmuş torpaqlarda oğrucasına sakit şəkildə yaşaya bilməyəcəyini başa düşdü. Eyni zamanda, bütün dünyaya Qarabağ məsələsinin dondurulmuş münaqişə kimi saxlamamağın zəruriliyi mesajı verildi. Bu münaqişə beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq, ədalətli şəkildə həll edilməlidir. Azərbaycanın haqlı mövqeyinə dəstək verənlərin sayının dünyada kifayət qədər çox olduğu ən azı sözdə göründü. Ermənistanın isə öz haqsız mövqeyində kifayət qədər gülünc vəziyyətə düşdüyü hiss olundu. Maraqlıdır ki, Ermənistanı yaradan, bu günə qədər qoruyub saxlayan, qonşu dövlətlərin canına salan Rusiya Ermənistanda bu saat hədəf halına gəlib. Ermənistanda Rusiya əleyhinə mitinqlər keçirilir, çağırışlar şüarlar səslənir. Biz demokratik düşərgə olaraq, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, təşkilatlar, araşdırma mərkəzləri mövqelərimizi ümumiləşdirməyə çalışmalıyıq. Əslində, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar dəfələrlə bildiriblər ki, Vətən, torpaq, Qarabağ məsələsi bizim üçün ümummilli məsələdir və hər şeydən üstündür. Hətta 1997-ci ildə bizim təşəbbüsümüzlə bir toplantı keçirildi, orada aparıcı müxalifət partiyaları da, iqtidar və iqtidaryönümlü partıyalar da birgə bəyanat imzaladılar. Həmin bəyanatı imzalayanlar arasında Müsavat AXCP, VHP, ADP, AMİP, YAP, AVP və digər partiyalar da var. Həmin bəyanatda qeyd olunurdu ki, genişmiqyaslı hərbi əməliyyatlar bərpa edilərsə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar bundan siyasi məqsədlər üçün istifadə etməyəcəklər. Əksinə belə bir vəziyyətdə siyasi fəaliyyətlərini dayandıracaqlar və bütün qüvvələrini Vətənin toparlanmasına, Vətənin müdafiə edilməsi üçün səfərbərliyin gücləndirilməsinə, Azərbaycanımızın qələbəsinə çalışacaqlar. Mən hesab edirəm ki, demokratik düşərgəyə aid olan partiyalar bu öhdəliyə hər zaman sadiq qalıblar. Hətta bəzən riskli addımlar atmışıq, nəticədə öz tərəfdarlarımızın tənqid hədəfinə çevrilmişik. Ancaq həmin bəyanata yalnız müxalifət deyil, hakimiyyət də imza atıb. Ona görə də YAP və digər iqtidaryönümlü partiyalar da hərbi əməliyyatlardan sui-istifadə etməməlidir. Bu gün “Facebook” statuslarına görə siyasətçilərin təqib olunması, onlara qarşı həbs çağırışlarının səslənməsi əxlaqsızlıqdır. Bu gün bir siyasətçinin evinin qarşısında aksiya keçirdiib, ona qarşı bu cür mənasız şüarlar səsləndirmək siyasi əxlaqsızlıqdır, gəncləri, tələbələri bu yola yönəltmək yolverilməzdir. Hər bir kəsin doğru və yanlış fikri ola bilər. Biz oturub müzakirələr apara, ortaq məxrəcə gəlməliyik. Cəmiyyətin bütövləşmək istiqamətə getdiyi, xalqın birliyinin ortaya çıxdığı bir mərhələdə bunu qoruyub saxlamalı, Vətənimizin, torpağımızın problemlərini həll etməyə çalışmalıyıq. Ona görə də birlik, bərabərlik məsələsinə xüsusi diqqət yetirilməlidir, cəmiyyətin əhval-ruhiyyəsini qoruyub saxlamaqla gücləndirmək lazımdır. Bunu da təkcə sözlə, şüarla deyil, əməllə, konkret qərarlarla etmək lazımdır. Burda əsas məsuliyyət hakimiyyətin üzərinə düşür və təbii ki, siyasi qüvvələr də bu istiqamətdə əllərindən gələni etməlidirlər”.

    “Bütün dünyada yaşayan azərbaycanlılarla bağlı iş sistemləşdirilməlidir”

    MSDM başqanı bildirib ki, bütün dünyada yaşayan azərbaycanlılarla bağlı iş sistemləşdirilməlidir, daha məqsədyönlü, düzgün aparılmalıdır: “Onların fəaliyyəti siyasi maraqların deyil, Azərbaycanın maraqlarına uyğun şəkildə qurulmalıdır. Güney Azərbaycandakı, Türkiyədəki qardaşlarımızla, Suriyada, İraqda və başqa ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr daha məqsədli və qarşılıqlı düzgün istiqamətdə təşkil olunmalıdır. Təbii ki, siyasi-diplomatik işin təşkili də vacibdir. Bu münaqişə danışıqlar yolu ilə həll oluna bilər. Mən bu baxımdan Qarabağ savaşının 2 aprel mərhələsini sülhə məcburetmə əməliyyatı kimi qiymətləndirməyin daha çox tərəfdarıyam. Yəni bu əməliyyat Ermənistan tərəfini daha realizə etməyə, yönəlib. Həmçinin, bu əməliyyat dünyanı Qarabağ məsələsinin həllinə daha ədalətli yanaşmaya yönəldə bilər və biz də buna çalışmalıyıq. Dünya miqyasında beynəlxalq təşkilatlarla böyük dövlətlərlə işi düzgün qurmaq lazımdır, Rusiya məsələsində ehtiyatlı olmaq lazımdır. Çünki Rusiyanın məqsədi bu konflikti həll etmək deyil. Rusiya hakimiyyətinə balans lazımdır. Azərbaycan hakimiyyəti deyir ki, biz balanslı xarici siyasət yeridirik. Rusiyanın baş naziri Dmitri Medvedev də bəyan etdi ki, biz Azərbaycana və Ermənistana silahı balanslı şəkildə satırıq. Yəni hərənin öz balansı, marağı var. Rusiya regiona təsir etmək, ölkələri, xalqları öz nəzarəti altında saxlamaq üçün digər postsovet məkanındakı münaqişələr kimi, bu konflikti da qoruyub saxlamaq istəyir. Rusiyanın məcburən hansısa bir sülh sazişindən çıxış etməsi də təhlükəlidir, onlar həmin variantda Azərbaycanda yenidən uzunmüddətli bir mina yerləşdirməyə çalışırlar. Necə ki, 1922-ci ildə sovet respublikalarının sərhədləri müəyyənləşdirilərkən Dağlıq Qarabağa heç bir ehtiyac olmadan muxtar vilayət statusu verildi və nəticədə uzunmüddətli bir mina yerləşdirildi, bu mina da 1980-ci illərin sonunda partladı. Halbuki həmin dövrdə Ermənistan əhalisinin yarısı azərbaycanlı idi. Gürcüstanda yüzminlərlə azərbaycanlı var idi, Dağıstanda kompakt şəkildə yüzminlərlə azərbaycanlı, türk yaşayırdı. Eləcə də başqa ərazilərdə. Niyə onlar üçün türk muxtariyyəti yaradılmamışdı. Stalin ömrü boyu Azərbaycana, türkə qarşı düşmənçilik edib, ermənilər isə az qala bu şəxsi Azərbaycanın dostu kimi təqdim edirlər. Dunyada bu təbliğatın da qarşısı alınmalıdır. Çünki bizim üçün təsirli olmasa da, beynəlxalq birlik təsirli olur. İndi də Rusiya hansısa bir şəkildə sülh sazişinin onun nəzarəti altında həyata keçirilməsinə nail olmağa çalışır. Ancaq həmin sülh sazişi nəticəsində Qarabağın adı bizim olsa da, bütövlükdə Azərbaycan da Rusiyanın təsiri altına keçə bilər. Buna qətiyyən yol vermək olmaz. Bu məsələdə hakimiyyəti də diqqətli olması barədə xəbərdar etməliyik, eyni zamanda bizlər də diqqətli olmalıyıq”.

    “Atəşkəs sazişinin mütləq müddəti olmalıdır”

    Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn vurğulayıb ki, son günlər yaşananlara görə Azərbaycan ordusuna və xalqına minnətdar olmaq lazımdır: “Bizim hər birimiz fərd və xalq olaraq, bu hadisədə göstərdiyi fəaliyyətə, qəhrəmanlığa, şücaətə görə hərbi qulluqçularımıza təşəkkür etməliyik. Əsgər nə edə bilər, Vətən uğrunda düşməni öldürə və şəhid ola bilər. Onlər öldürdülər və şəhid oldular. Bu baxımdan hərbi qulluqçularımıza eşq olsun! Bütün azərbaycanlılar, bütün cəmiyyət Azərbaycan ordusunu bu gün başının üzərinə qaldırmalıdır. Sıravidən tutmuş generalına qədər hamısı onların arxasında Azərbaycan xalqının dayandığını bilməlidir. Onların tökdüyü qan hədər deyil və bu qan Azərbaycan xalqının, dövlətinin tarixində ən şərəfli səhifələrdən biri kimi qalacaq. Ancaq Moskvada Azərbaycan və Ermənisan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin imzaladığı atəşkəs sazişinin mətni ictimaiyyətə açıqlanmalıdır. Çünki tərəflərin aprelin 2-dən əvvəlki mövqelərə geri qayıtması öhdəliyini götürməsi ilə bağlı şayiələr dolaşır. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir. Çünki 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs sazişində yol verilmiş xətaların altını indi də çəkirik. Həmin saziş bağlanarkan müddətin qoyulmaması yanlış addımdır. Ermənilər də bunu əsas götürərək, atəşkəs sazişinin müddətsiz bağlandığını bildirirlər, bunun da zəmanətçisi kimi Rusiyanın çıxış etməsi bu gün də bizim üçün çox ciddi problemlər yaratmaqda davam edir. Düzdür, ermənilərin məcburi xarakterli atəşkəs sazişindən danışması sənəddə hər hansı hüquqi öhdəliyin götürülmədiyinə əyani sübutdur. Biz maksimum dərəcəədə Azərbaycan siyasi və hərbi rəhbərliyinin hərəkətlərini təftiş etməmək xətti götürmüşük. Ancaq Azərbaycan xalqının əksəriyyətinin də ən çox narazı qaldığı atəşkəs məsələsidir. Düzdür, hakimiyyətlər hansısa sənədlərə imza ata, kursu, siyasəti müəyyənləşdirə, eləcə də diplomatik cəbhədə iş apara bilərlər. Ancaq atəşkəs sazişinin mütləq müddəti olmalıdır və dünya da bunun sonsuz olmadığını bilməlidir. Biz Vətən, dövlət naminə hər cür fədakarlığa hazırıq və bu sonrakı nəsillərə qoyub getməyə haqqımız yoxdur. İnşallah, möhkəm dayaqlar üzərində dayanaraq, millətimizin nümayiş etdirdiyi qeyrətinə dayanaraq, ordumuzun şücaətinə və fədakarlığına dayanaraq, Qarabağımızı, torpaqlarımızı ən qısa müddətdə işğal etməyə hazır olmalıyıq. Şuşa məscidindən azan səslənən günədək bütün çağırışlarımız, şüarlarımız qüvvədədir”.

    “Azərbaycan xalqının öz Vətəni uğrunda ölümə hazır olmağa nümayiş etdirməsi çox böyük uğurdur”

    Onun sözlərinə görə, Azərbaycan xalqının öz Vətəni uğrunda ölümə hazır olmağa nümayiş etdirməsi çox böyük uğurdur: “Dünyanın müxtəlif ölkələrində, Güney Azərbaycanda yaşayan azərbaycanlılar, milliyətindən, dinindən asılı olmayaraq, bu torpaqlarda yaşayan hər kəs yüksək vətənpərvərlik nümayiş etdirib. Ona görə də Azərbaycan xalqına, onun bütün tərkib hissəsinə, xüsusilə Azərbaycan türklüyünə başucalığı gətirən bu məsələyə görə təbrik düşür. Azərbaycan müxalifətinin bu məsələdə sərgilədiyi mövqe də təqdirəlayiqdir. Belə ki, müxalif siyasi partiyalar hadisədən xəbər tutan kimi dərhal orduya dəstək nümayiş etdirdilər və ümumxalq dəstəyinin ifadə olunması üçün də xalqa çağırış elədilər. Ancaq son günlərdə AXCP sədrinə qarşı yürüdülən kampaniya ikrah doğurur və bu məsələ çox ziyanlıdır. Təbii ki, bu, Azərbaycanın yüksək səviyyəli siyasi rəhbərliyinin sifarişi də ola bilər. Ona görə də buna və bu cür hallara qarşı son qoyulmasını qətiyyətlə tələb edirik. Çünki söhbət AXCP və Əli Kərimliyə deyil, Azərbaycanın bütün müxalifətinə olan münasibətdən gedir. Diqqətinizə çatdırım ki, Türkiyənin bütün çevrələri son hadisələrdə Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Biz buna görə Türkiyə dövlətinə, hakimiyyətinə, müxalifətinə, xalqına təşəkkür edirik. Çünki məhz bu səbəbdən dünyanın əksər ölkələrində Türkiyə Cümhuriyyətinə və vətəndaşlarına ciddi təzyiqlər başlayıb. Əslində, son hadisələri də Türkiyəyə qarşı ümumi hücum kontekstinə salmağa və qardaş dövlətə qarşı istifadə etməyə çalışırlar”.

    “Hər birinizi Qarabağ döyüşlərində savaşıb, şəhid olmağa çağırıram”

    Azərbaycan Millətçi Demokrat (Bozqurd) Partiyasının (AMDP) sədri İsgəndər Həmidov döyüş vaxtı hadisələrin cərəyan etdiyi Tərtər rayonunda olduğunu söyləyib: “Həmin müddətdə böyük bir ruh yüksəkliyi əmələ gəlmişdi, minlərlə könüllü, keçmiş döyüşçü Tərtərə, Goranboya yığışmışdı və döyüşə can atırdılar. Ancaq ordudan hələ ehtiyacın olmadığını, özünün təchizatının olduğunu bildirdilər. Sonra Bakıda orduya ərzaq, paltar yığıldığını eşitdik. Ancaq şükürlər olsun ki, Azərbaycan ordusunun buna da ehtiyacı olmadı. Çünki Azərbaycan ordusu özünü təmin edirdi. Ancaq bu döyüşlər nəyi göstərdi: bir tərəfdən qəhrəman, rəşadətli Azərbaycan əsgəri, vətəndaşı, türk övladı, digər tərəfdən bir-iki şeyi istisna etməklə bacarıqsız, səriştəsiz Azərbaycan generaliteti. Zabit, gizir və ya əsgər bir addım geri çəkilmədi. Ancaq müasir döyüşdə kəşfiyyat döyüşü yoxdur. Müasir döyüşdə operator kompüterin qarşısında oturur, kosmosdan çəkilib göndərilən materiallar əsasında döyüşü aparır. Əfsuslar olsun ki, Azərbaycan Müdafiə Nazirliyinin generalitetində bu bacarıq da olmadı. Ən ağrılısı da Moskvada atəşkəs barədə yenidən razılığın əldə olunmasıdır. Çünki hər kəs bu müharibənin dayandırılmasının əleyhinədir. Ən azından qələbəyə qədər getmək lazım idi. Çünki bu qədər təchizatla qələbə mütləq əldə olunmalıdır. Hər halda son haadisələr Azərbaycan xalqını birləşdirən, onun iradəsini ifadə edən böyük bir amil oldu. Biz Qarabağı, Vətənimizi unutmamışıq, biz Vətənimiz uğrunda ölməyə, şəhid olmağa hazırıq. Qarabağ savaşında iqtidar-müxalifət yoxdur, vahid Azərbaycan xalqı və qarşısında da düşməni var. Bu baxımdan son günlər AXCP və sədrinə qarşı aparılan kampaniyanı qətiyyətlə pisləyirik. Çünki bu amil Azərbaycan iqtidarına başucalığı gətirmir. Biz öldürəcəyik, Qarabağı verməyəcəyik. Müharibə insaan zəkasından kənar bir şeydir, ananın oğlunu, uşağın atasını, bacının qardaşını itirməsi deməkdir. Ancaq bununla belə, biz bu müharibəyə getməli və qələbəmizi də çalmalıyıq. Bizim savaşımız təkcə Qarabağla yekunlaşmır. Bizim Təbrimiz, Dərbəndimiz, İrəvanımız var. Əbülfəz Elçibəy Qarabağın azadlığının Təbrizdən keçdiyini deyirdi. Mən torpaqlarımızın işğaldan azad edəcəyimizə inanıram. Ancaq bunun sülh yolu ilə olacağını mümkün saymıram. Çünki sülh müqaviləsi qarşılıqlı nəyisə vəd verməkdir. Axı biz nəyi vəd verə bilərik? Ona görə də hər birinizi Qarabağ döyüşlərində savaşıb, şəhid olmağa çağırıram”.

    “Qarabağ məsələsində iqtidar-müxalifət ayrı-seçkiliyi yoxdur və ola da bilməz”

    Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov deyib ki, Qarabağ dərdi Azərbaycanın ən böyük dərdidir: “Qarabağ bizim həyatımızdır, gələcəyimizdir. Ona görə də bu mövzuda iqtidar-müxalifət ayrı-seçkiliyi yoxdur və ola da bilməz. Azərbaycan xalqının yeganə məqsədi ölkənin ərazi bütövlüyünü bərpa etmək, cənnətməkan Qarabağı azad etməkdir. Son döyüşlər də Azərbaycan xalqının iradəsini və hakimiyyətə müxalif olub-olmamasından asılı olmayaraq, hamının eyni məqsəd uğrunda birləşdiyini və vahid bir güc kimi düşmənə qarşı döyüşməyə hazır olduğunu sübut elədi. Bütün xalq, demokratik qüvvələr orduya dayaq olduğunu bəyan etdi. Bütün dünyaya da Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün var qüvvəsi ilə mübarizə aparmağa, şəhid verməyə, hazır olduğunu və düşməni məhv etmək üçün öz gücünə güvəndiyini göstərdi. Azərbaycanın torpaqlarını Rusiyanın ermənilərin əli ilə və birbaşa öz hərbçiləriylə işğal etdiyini danmaq olmaz. Bunu da bütün dünyaya bəyan etmişik və eləməliyik də. Ancaq Rusiya yalnız bununla kifayətlənməyib, özünün “beşinci kolon”unu, kəşfiyyat şəbəkəsini Azərbaycanda bir çox mühüm dövlət vəzifələrinə, orduya yerləşdirib. Sizcə, postsovet məkanında Azərbaycandan başqa, rəsmi dövlət bayramı kimi qeyd olunan öz müstəqilliyinə qovuşduğu günü daha sonra iş günü edən hansısa bir ölkəni göstərmək mümkündürmü? Bu, Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan və bu yolda şəhid olanlara göstərilən münasibətdir. Səbəb isə Rusiya və onun “beşinci kolon”udur. Çünki Rusiya prezidenti dəfələrlə deyib ki, SSRİ-nin dağılması böyük faciə, cinayət idi SSRİ-nin dağılmasındda iştirak edənlərin hamısı da cinayətkardır. Bu gün müstəqilliyimizin əleyhinə olan, SSRİ-nin saxlanmasını istəyən qüvvələrin böyük əksəriyyəti çox mühüm postlarda oturublar. Budur, Qarabağın əldən getməsinin səbəbi və onun azad edilməsinə mane olan əsas amil. Sabir Rüstəmxanlı Milli Məclisdə öz səlahiyyətindən istifadə edərək, Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin büstünə çuval keçirilməsini tənqid etdi. Nəticədə həmin çuvalı keçirəni deputat elədilər, Sabir bəyi isə kənarda qoydular. Həmin adam da deputat olan kimi Rəsulzadəni təhqir etdi. Çünki Rusiyanın adamı idi. Biz Rusiyanın necə siyasət yeritdiyini açıq-aşkar ortaya qoymalıyıq. Nə qədər ki, Rusiya və onun “beşinci kolon”u Azərbaycanda ağalıq edəcək, mühüm postlarda əsas söz sahibi olacaqlar, Qarabağı azad etmək müşkülə çevriləcək. Ona görə də həmin adamların vəzfələrindın kənarlaşdırılması və zərərsizləşdirilməsi üçün iş aparılmalı, buna nail olmalıyıq”.

    “Hər birimiz qürur hissi ilə son olayları qiymətləndiririk”

    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu mövzu ilə bağlı bunları bildirib: “Hər birimiz qürur hissi ilə son olayları qiymətləndiririk. Hamımız öləcəyik.Amma hamımıza şəhid olmaq qimət olmayacaq. Ona görə də bu yüksək mərtəbəyə çatanların hər birinə Allahdan rəhmət, ruhlarının şad olmasnı diləyirik. Onların da qarşısında bizim borcumuz var Allah bizə o borcları yerinə yetirməyi qismət etsin. Bütün cəmiyyət, müxalifət də ordumuzu dəstəklədiyini bildirir. Ordumuza dəstək olmaqla yanaşı, həm də hakimiyyətdən tələblərimiz, gözləntilərimiz, arzularımz var. Bu da bizim vəzifələrimizə daxildir. Özümüzün də özümüzdən tələblərimiz var. Azərbaycanın tarixi öyrənilməli, həm də təsdiq olunmalıdır. Azərbaycan hakimiyyətindən tələbimiz həm də o olmalıdır ki, hakimiyyət ordumuzun gördüyü bu işləri uğurla dəstəkləsin”.

    “Azərbaycan xalqı heç zaman öz ərazilərində ikinci erməni dövlətinin yaranması ilə barışmayacaq”

    Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, bu hadisələrin, 2 aprel hərbi əməliyyatlarının mühüm əhəmiyyətlərindən biri də Azərbaycan cəmiyyətinin məsələlərə verdiyi reaksiya oldu: “Belə bir təəssürat yaratmağa çalışırdılar ki, guya Azərbaycan cəmiyyəti Qarabağı unudub, Qarabağ problemi cəmiyyəti narahat etmir və s. Ancaq son hadisələr göstərdi ki, bu cür düşünmək üçün heç bir əsas yoxdur. Azərbaycan xalqı heç zaman öz ərazilərində ikinci erməni dövlətinin yaranması ilə barışmayacaq. Başqa vacib məsələlərdən biri də budur ki, son hadisələr Azərbaycanın indiki nəslinin, orta və gənc nəslin o məsələlərə münasibətinin formalaşmasında mühüm rol oyandı. Döyüş əməliyyatları Qarabağ mövzusunu yenilədi, cəmiyyətimiz bayrağına daha çox sarıldı, bayraq və digər atrubutlar daha çox təbliğ olundu. Bütün bunlar göstərir ki, Azərbaycan cəmiyyəti bu məsələlərə, ərazi bütövlüyünə xalqımızın əsas problemi kimi yanaşır. Torpaqlarımızın işğaldan azad olunmasında bu amil mühüm rol oynaycaq. O da bir daha aydın oldu ki, Qarabağ məsələsində Azərbaycanın əsas müttəfiqi Türkiyə, Ermənistanın isə əsas müttəfiqi Rusiyadır. Azərbaycan hakimiyyəti bu məsələdən nəticə çıxarıb, öz siyasətini korrektə etməlidir”.

    “Azərbaycan xalqı torpaqlarımızın işğal olunması reallığı ilə barışmadığını ortaya qoydu”

    Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədli bildirib ki, üçgünlük müharibə ölkə ictimaiyyəti üçün bir sıra mühüm həqiqətləri üzə çıxardı: “Bu həqiqətlərdən düzgün və adekvat nəticə çıxarmadan Azərbaycanın gələcəyini təsəvvür etmək mümkün deyil. Birincisi, Azərbaycan xalqı ilk dəfə torpaqlarımızın işğal olunması reallığı ilə barışmadığını bir toplum, millət olaraq ortaya qoydu. İkincisi, Azərbaycan müxalifəti yaranmış ekstermal situasiyada ən düzgün dövlətçilik prinsiplərinə söykən bir mövqe nümayiş etdirdi və bütün müxalifət iqtidar rəqabətini bir tərəfə qoyaraq ordumuzun yanında olduğunu nümayiş etdirdi. Ancaq dərs çıxaracağımız bir məsələ var. Belə ki, Qərb dünyası son illərdə davam etdirdiyi astagəllik siyasətini bu məsələdə sərgilədi. Yəni Gürcüstanda, Ukraynada, Suriyada Rusiya işğalına qarşı olan soyuq, astagəl siyasət Azərbaycanda da müşahidə olunmaqdadır. Nəticədə Rusiya bu vəziyyətdən növbəti dəfə bəhrələnmiş oldu. Eyni zamanda, Azərbaycana qarşı Rusiya təzyiqinin gücləndiyi hiss olunur. Xüsusilə rəsmi Kremlin aqressiyası Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyi və Avropa İttifaqının “Yaxın Qonşuluq Siyasəti” proqramına daxil olmaqla bağlı təkliflərindən sonra kifayət qədər dərinləşib və üçgünlük müharibə də bilavasitə bu regionu Rusiyanın öz təsir dairəsində saxlamaq üçün həyata keçirdiyi olduqca təhlükəli təxribatın ifadəsi idi. Qərb dünyası özünü bu prosesdən kənarda saxlayır. Rusiya da 3-5 rayonu verməklə öz ordusunu yenidən Azərbaycana qaytarmaq və sülhməramlı statusla əbədi ölkə ərazisində yerləşmək iddiasındadır. Bu konfliktin başlanğıcından da hədəf Azərbaycandır. Çünki Rusiyanın Ermənistandan əldə edəcəyi heç nə yoxdur. Sadəcə, bütün oyunlar Azərbaycanı işğal etmək üçündür. Ona görə də Azərbaycan xalqı bütün səylərini rus ordusunun yenidən ölkəmizə qayıtmasına qarşı mübarizəyə həsr etməlidir. Əgər bunu eləməsək, onda Azərbaycan yenidən öz müstəqilliyini ciddi şəkildə təhlükə altına qoymuş olacaq. AXCP hadisələrin ilk günündən Azərbaycan ordusuyla bir oldu, xalqın bütövlüyünü ifadə elədi. Yüzlərlə tanıdığım və tanımadığım cəbhəçi rəsmi şəkildə cəbhə bölgəsinə gedib, ermənilərə, işğalçılara qarşı döyüşmək əzmini ortaya qoydu. Azərbaycan xalqı həmişə ordusuyla bir olmalıdır. Son günlər AXCP və onun sədrinə qarşı aparılan çirkin kampaniya ikrah doğurur, heç bir əxlaqa, insanlığa, şərəf və ləyaqətə sığmır, sadəcə, hakimiyyət özünü növbəti dəfə ifşa edir. Axı bununla nə demək istəyirlər? Hər halda AXCP-yə qarşı aparılan kampaniyadan nə partiya, nə də Əli Kərimli heç bir şey itirən deyil. Biz bu iyrənc kampaniyadan daha da möhkəmlənmiş şəkildə çıxacağıq. AXCP və onun sədrinə qarşına aparılan çirkin kampaniyanı pislədiklərinə görə hər kəsə təşəkkür edirəm. AXCP Azərbaycan üçün hər hansı bir xarici təhlükə yarandığı halda özünün hər bir üzvü ilə birgə ordunun bir hissəsi kimi təsəvvür edəcək. Biz Qarabağ döyüşlərində 5 000-ə yaxın cəbhəçi itirmiş bir təşkilatıq. Torpaqlarımızın işğaldan azad olunması üçün 50 minini də şəhid verməyə hazırıq”.

    “Güney Azərbaycan Qarabağ savaşında Azərbaycanın yanında olduğunu nümayiş etdirdi”

    DAK Strateji Araşdırmalar Mərkəzinin başqanı Yasəmən Qaraqoyunlu son hadisələrin pozitiv tərəfi haqda danışıb: “Azərbaycan cəmiyyəti bu günlərdə mənəvi–psixoloji üstünlük yaşadı. Azərbaycan bu müharibəyə hazır olduğunu bir daha bəyan etdi. Xalq və dövlət bütövləşdi. Bu müharibə qızışarkən Güney Azərbaycan türkləri ayağa qalxdı və İran dövləti bir daha dərk etdi ki, Qarabağ savaşı gedərkən İranın dövlət müstəqilliyi və siyasi taleyi təhdid altında qalacaq. İranın gələcəyi bu savaşın nəticələrindən çox asılıdır. Bu hadisələr zamanı Güney Azərbaycan türkləri Qarabağ savaşında Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Amma İran rəsmilərində ikili mövqe var idi. Yarısı Azərbaycanın tərəfində olduğunu qeyd edirdi, yarısı isə rəsmi şəkildə Ermənistanı dəstəklədiyini bildirdi. İkincisi, Türkiyə yenə də bizm yanımızda idi. Qarabağ savaşı həm də türk millətinin şüurunun yüksəldiyini sərgiləyir. Tək Türkiyə deyil, Qazaxıstan, Türkmənistan bizim yanımızda oldu. Kərkük, eyni zamada Pakistan bizi dəstəklədi. Bütün bunlar göstərir ki, savaş baş verərkən hansı ölkələrdən Azərbaycana siyasi, hərbi , hüquqi dəstəək gələcək. Bu savaşda dünya, xüsusən də Avropa, Amerika ekspertlərinin ilk dəfə olaraq, obyektiv siyasi təhlilləri oldu. İlk dəfə Ermənistanın işğalçı olduğu dolayısı ilə etiraf olundu. Ekspertlərin çıxışında BMT formatına qayıdışa çağırış səsləndi. Bu bizim üstünlüyümüzdür. Xüsusi ilə Rusiya ekspertinin çıxışında belə bir təklifə rast gəldim. Qeyd edilirdi ki, Qarabağ cinayətkarlar tərəfindən işğal olunub və o cinayətkarlar oradan çıxarılmalıdır. Bu da bir maraqlı baxışdır, Azərbaycan dövləti və diplomatiyası bu baxışdan yararlanıb, istifadə edə bilər. Bütün bunlar məsələnin pozitiv tərəfləri idi. Bəs məsələnin neqativ tərəfləri nələrdir? Heç olmasa bu hadisələrdən istifadə edib, 7 rayon alınmalı idi, belə sürətlə atəşkəsə getmək yolverilmz idi. 7 rayon azad ediləndən sonra danışıqlar prosesinə başlanılmalı idi. Məsələləri düzgün qiymətləndirmək lazımdır. Azərbaycan iqtidarı və müxalifəti Qarabağ xartiyası imzalanmışdır. O xartiya yenidən gündəmə gəlməlidir. Azərbaycan parlamentində Qarabağ fraksiyası yaranmışdı. Amma bu gün niyə yoxdur? Niyə parlamentdə bu məsələ aktual deyil? Hesab edirəm ki, bütün bunlar yenidən bərpa olunmalıdır”.

    “Yaxın vaxtlarda bizi gözləyən təhlükəyə hazır olmalıyıq”

    Hərbi ekspert Üzeyir Cəfərov məsələsinin hərbi tərəfinə bir az işıq salmaq istədiyini vurğulayıb: “Əslində, Azrərbaycan Silahlı Qüvvələri heç bir genişmiqyaslı hərbi əməliyyat aparmayıb. 1994-cü il mayın 12-nə qədər, atəşkəs imzalanana qədər cəbhə Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Tərtər, Füzuli, Ağdam, Naxçıvanda daxil olmaqla bütün istiqamətlərdə idi. Bu dəfə aprelin 1-dən 2-nə keçən gecə yalnız 3 istiqamətdə düşmənin həmləsi dəf olunandan sonra Azərbaycan xüsusi təynatlıları düşmənə yalnız cavab zərbəsi deyil, onların nəzarəti altında olan Azərbaycan ərazilərinə daxil oldular. Bu düşməni Azərbaycan tərəfə göndərən Rusiyanın birbaşa planının pozulması idi. Düşünürdülər ki, yenə əvvəlki kimi Azərbaycan tərəfi həmlələrə cavab verib sakitləşəcək. Allah rəhmət etsin şəhidlərimizə! Xüsusi təyinatlıların komandiri, polkovnik-leytinant Murad Mirzəyev və qrupun digər üzvləri neçə kilometrlərlə irəlilədilər. Ermənilər hay-həşir salandan sonra məsələnin haradan qaynaqlandığını hiss etdik. Putinin mətbuat katibi, Rusiya XİN başçısı bəyanat verdi və Rusiya müdafiə naziri Bakıya və Yerevana zəng edib narahatçılığını bildirdi. Biz bildik ki, bu məsəslənin memarı kimdir. Şəxsi fikrimə görə, Azərbaycan döyüşlərə davam edərək danışıqlara gedərdi. Bu gün bizim bir nömrəli vəzifəmiz yaxın vaxtlarda bizi gözləyən təhlükəyə hazır olmağımızdır. Tam səmimiyyətimlə deyirəm ki, bizi qarşıda çox ağır günlər gözləyir. Düşmənə vaxt lazım idi, o vaxtı əldə etdilər. Bu əməliyyatlarda məhdud sayda hərbi qulluqçular iştirak ediblər. Bəziləri deyirlər ki, itkilərimizin qarşısında irəliləyişimiz nədir ki? Amma müharibəni görən adamlar bilirlər ki, bəzən 10 metr məsafəni azad etmək üçün saatlarla, günlərlə əziyyət çəkirlər, döyüş davam edir. Biz bu gün çalışmalıyıq ki, iqtidarlı-müxalifətli Azərbaycan əsgərinin əməyinə qiymət verək”.

    “Bu dəfə həqiqətən türk dövlətlərinin dəstəyini hiss etdik”

    Tanınmış jurnalist Azər Həsrət bildirib ki, iqtidar-müxalifət narazılığı bir kənara qoyub, ordunun arxasında dayanmalıdır: “Bir məqamı da unutmayaq, indiyədək biz bir güllə atan kimi dünya qalxırdı ki, Azərbaycan hücum etdi, ermənini öldürdü və s. Amma bu dəfə Qərb mediasında loyallıq müşahidə etdik. Rusiyada total bir kampaniya aparıldı, onun da günahkarı biz özümüzük. Zəngin ermənilər qəzetləri satın alır, orada öz adamlarını yerləşdirirlər. Bu gün bizə qarşı kampaniya aparan həmin adamlardır. Rusiyanın rəsmi siyasəti də öz yerində. Amma görək yarıçılpaq müğənnilərə milyonlar xərcləyən azərbaycanlıların orada bir qəzeti varmı? Biri bir televiziya kanalına təsir edirmi? Gələcəkdə başımıza bu cür işlərin gəlməməsi üçün bunlar nəzər alınmalıdır. Türk dünyasına gəlincə isə bu dəfə həqiqətən türk dövlətlərinin dəstəyini hiss etdik”.

    “Biz Qarabağ məsələsi ilə bağlı iqtidarla dialoq keçirməyə hər zaman hazırıq və indiki vəziyyətdə belə bir görüşün keçirilməsi vacibdir”

    Konfransa  Sabir Rüstəmxanlı yekun vuraraq bildirib ki, dünya azərbaycanlılarına, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına müraciət hazırlanacaq: “Onlardan istəyimiz son hadisələri təhlil edərək, Azərbaycanın torpaqlarını işğaldan azad etmək əzmini və iradəsini ortaya qoymaları, həmçinin dünya dövlətlərinə həqiqətləri çatdırmaq üçün təbliğatı daha da gücləndirmələridir. Eyni zamanda, ümumi fikrimizin ifadə olunduğu bir sənədin hazırlanması da nəzərdə tutulur. Həmin sənəddə hakimiyyətin atdığı bəzi addımlaraa tənqidi münasibət də öz əksini tapacaq. Çünki Azərbaycan xalqı ilk günlərdə öz şəhidlərini böyük coşquyla qarşılayıb, dəfn eləsə də sonra günlərdə dəfn mərasimləri gizli şəkildə həyata keçirildi. Axı hakimiyyət niyə öz xalqından qorxmalıdır. Bütün müxalifət partiyaları hakimiyyətə bu məsələ də dəstəklərini ifadə etdikləri halda, yenə də çəkingənlik normal münasibət deyil. Eyni zamanda, AXCP sədri Əli Kərimlinin evinin qarşısında aksiya keçirilməsi gənclərin həb edilməsi kimi bir şeydir. İndiki vəziyyətdə ölkə daxilində narazılıqlar yaratmaq, ziddiyyətləri dərinləşdirmək qətiyyən yolverilməzdir. Biz Qarabağ məsələsi ilə bağlı iqtidarla dialoq keçirməyə hər zaman hazırıq və indiki vəziyyətdə belə bir görüşün keçirilməsi vacibdir”.

    vhptebdir13.04.2016 vhptebdir13.04.2016-1 vhptebdir13.04.2016-2 vhptebdir13.04.2016-3 vhptebdir13.04.2016-4 vhptebdir13.04.2016-5 vhptebdir13.04.2016-6 vhptebdir13.04.2016-7 vhptebdir13.04.2016-8 vhptebdir13.04.2016-9 vhptebdir13.04.2016-10 vhptebdir13.04.2016-11 vhptebdir13.04.2016-12 vhptebdir13.04.2016-13 vhptebdir13.04.2016-14

  • VHP-nin Goranboy və Naftalan təşkilatlarının da konfransları keçirilib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Goranboy rayon təşkilatının növbəti hesabat-seçki konfransı keçirilib.
    Konfransda təşkilatın özəklərindən seçilən nümayəndələr və partiya rəhbərliyi iştirak edib.
    Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Anar Səfərov çıxış edərək rayon təşkilatının konfrans hazırlıqları barədə məlumat verib. Bildirib ki, təşkilatın bütün özəklərində ümumi yığıncaqlar keçirilib və konfransa nümayəndələr seçilib.

    Daha sonra VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli VHP-nin fəaliyyəti, partiyanın qurultay hazırlıqları və partiya qarşısında duran vəzifələr barədə geniş məlumat verib.

    Sonra rayon təşkilatının sədri Zaur Məmmədov rayon təşkilatının, onun seçkili orqanlarının fəaliyyəti barədə geniş hesabat verib. Bildirib ki, konfrans öncəsi bütün özək təşkilatlarının yığıncaqları keçirilib:
    “VHP Goranboy rayon təşkilatı olaraq işimizi və fəaliyyətimizi VHP-nin Nizamnaməsinə əsasən qurub, onun Məramnaməsinin prinsiplərini yerinə yetirməyə çalışmışıq. Rayonda digər müxalifət partiyalarının yerli təşkilatları ilə birgə fəaliyyət göstərmişik. Bundan sonra da VHP Goranboy rayon təşkilatı əzmlə fəaliyyət göstərəcək. Partiya qarşısında işinin öhdəsindən gəlməyə çalışacaq”.
    Çıxışının sonunda Zaur Məmmədov bildirib ki, son altı ayda 100 rayon sakini partiya sıralarına qəbul edilib.

    NTK sədri Mətləb Əliyev da hesabat məruzəsini konfrans iştirakçılarının nəzərinə çatdırıb.
    Qeyd edib ki, konfransdan keçən dövr ərzində özək təşkilatlarının yığıncaqları keçirilib, NKT-ya partiya üzvlərindən heç bir şikayət daxil olmayıb. Bütün yığıncaqlar Nizamnaməyə və rayon təşkilatları haqqında Əsasnaməyə uyğun təşkil edilib.

    VHP MNTK sədri Felmar Əlkəbərov çıxışında bildirib ki, VHP və onun rəhbərləri hər zaman xalqın, millətin, vətənin və cəmiyyətin mənafeyi üçün çalışıblar, bu yolda mübarizə aparıblar.
    Konfrans iştirakçılarından sədr müavini Yaqub Məmmədov, Ağsaqqallar Şurasının sədri Qələndər Həsənov, Elmar Quliyev, Rəhim Süleymanov və digərləri çıxışlarında təşkilat sədrinin və NTK-nın hesabatlarını bəyəndiklərini bildirməklə, təşkilatın bundan sonrakı fəaliyyətində yeni dönüşün və yüksək təşkilatçılığın olacağına əminlik ifadə etdilər.
    Sonra VHP Goranboy rayon təşkilatının Məclis və NTK üzvləri formalaşdırılıb, partiyanın qurultayına 11 nəfər nümayəndə seçilib.
    Gizli səsvermə nəticəsində Zaur Məmmədov yenidən rayon təşkilatının sədri seçilib.
    Həmçinin günün ikinci yarısında VHP-nin Naftalan şəhər təşkilatının da konfransı keçirilib. Seçkili qurumların hesabatları dinlənilib, təşkilati məsələlərə baxılıb. Partiya qurultayına nümayəndələr müəyyənləşdirilib. Sonda isə Nizaməddin Şirinov şəhər təşkilatının sədri seçilib.

    vhpgoranboy vhpgoranboy0 vhpgoranboy1 vhpgoranboy2 vhpgoranboy3 vhpgoranboy4 vhpgoranboy5 vhpgoranboy6 vhpgoranboy7 vhpgoranboy8 vhpgoranboy9 vhpgoranboy10

  • VHP Oğuz rayon təşkilatının konfransı keçirilib-FOTO

    VHPoguz5Konfransda Rəsulzadə anılıb

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Oğuz rayon təşkilatının növbəti hesabat seçki yığıncağı keçirilib. Təşkilatın özəklərindən seçilmiş konfrans nümayəndələri ilə yanaşı VHP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin katibi Şəfəq Qulusoy və partiyanın şöbə müdiri Səlcuq Elçin də yığıncaqda iştirak edib. Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Famil Zakirovun konfrans öncəsi görülmüş işlər, prosedur qaydalar barədə məlumatı dinlənilib.

    Daha sonra təşkilatın sədr əvəzi Surxay Hüseynli geniş hesabat verib. Rayon təşkilatının fəaliyyəti, seçkili orqanların işi və təşkilatın qarşısında duran işlər barədə danışıb. Bildirib ki, təkcə 2016-cı ilin yanvar ayında 38 nəfər rayon sakini təşkilat sıralarına qəbul edilib.

    Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Vahidqızı hesabatı dinlənildikdən sonra konfrans nümayəndələrindən Əhəd Hüseynov, Faiq Qəribov, Jalə Zakirova və digərləri də çıxış edərək təşkilatın fəaliyyəti barədə təkliflərini bildiriblər.

    VHP-nin Ümumi şöbəsinin müdiri Şəfəq Qulusoy VHP-nin fəaliyyəti və qurultaya hazırlıq işləri barədə məlumat verib.

    VHP-nin Siyasi partiyalarla iş şöbəsinin müdiri Səlcuq Elçin isə çıxışında ölkədə və regionda baş verən siyasi olaylar, manatın devalvasiyasından sonra Azərbaycandakı iqtisadi vəziyyət barədə danışıb.
    Həmçinin S.Elçin bildirib ki, bu ilin yanvar ayının 31-də böyük öndər və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Emin Rəsulzadənin 132 yaşının tamam olduğunu bildirərək, böyük öndərin ictimai-siyasi fəaliyyətindən, Xalq Cümhuriyyətindən, Rəsulzadənin yorulmaz fəaliyyəti və mühacirətdə apardığı Azərbaycan davasından danışıb.

    Sonda təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının yeni Məclisi, NTK-sı formalaşdırılıb, partiyanın növbəti qurultayına 8 nəfər nümayəndə seçilib.

    Famil Zakirov isə gizli səsvermə nəticəsində VHP Oğuz rayon təşkilatının yeni sədri seçilib.

    VHPoguz5

    VHPoguz3

    VHPoguz2

    VHPoguz1

    VHPoguz

    VHPoguz4

  • VHP-nin daha üç təşkilatı konfrans keçirdi

    Bu gün VHP Siyəzən rayon təşkilatının konfransı keçirilib. Konfransda təşkilatın seçkili orqanları yenidən formalaşdırılıb, Samir Abbasov təşkilatın sədri seçilib, partiya qurultayına 5 nəfər nümayəndə müəyyənləşib.

    Günün ikinci yarısında isə Şabran rayon təşkilatının VI konfransı keçirilib. Konfransda Müsavat və Ümid partiyalarının rayon təşkilat sədrləri də iştirak ediblər.

    Qeyd edək ki, konfransa polis müdaxiləsi olub, konfransdan öncə təşkilat sədri Rahib Camalov və iştirakçılardan 10 nəfər polis tərəfindən saxlanıləb. Saxlanılanlar azad edildokdən sonra konfrans işə başlayıb.

    Təşkilat sədrinin və NTK-nın hesabatları dinlənilib.
    VHP MNTK sədri Felmar Ələkbərli partiyanın fəaliyyəti, qurultay hazırlıqları barədə məlumat verib. Sonra təşkilati məsələlərə baxılıb. Rahib Camalov yenidən sədr, Məclis və NTK üzvləri, 8 nəfər isə qurultay nümayəndəsi seçilib.

    Günün sonunda isə Qusar rayon təşkilatının IV konfransı keçirilib. Konfransa özəklərdən seçilmiş nümayəndələr və partiya mərkəzi aparatının əməkdaşları qatılıb.

    Təşkilat sədri Həsənbala Məmmədovun və NTK sədri Rahib Babayev hesabatları dinlənilib. Hesabatlar ətrafinda və təşkilatın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

    VHP sədr müavini Samir Əsədli ölkədəki ictimai-siyasi məsələlər və partiyanın qurultaya hazırlıqları barədə məlumat verib.

    Sonda təşkilati məsələlərə baxılıb. 21 nəfər Məclis, 3 nəfər NTK üzvü və 9 nəfər partiya qurultayına nümayəndə seçilib. Həsənbala Məmmədov isə yenidən sədr seçilib.

    Hər üç konfransda VHP MNTK sədri Felmar Ələkbərov, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Gənclər Təşkilatının sədri Amal Nəzərli iştirak ediblər.

    vhpdeveci

    vhpdeveci1

    vhpqusar1

    vhpqusar

    vhpsiyezen

  • Güney Azərbaycandakı son hadisələrlə bağlı dəyirmi masa keçirib

    12 noyabr 2015-ci il tarixində Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilatçılığı ilə Güney Azərbaycanda son günlər baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib.

    Sabir Rüstəmxanlı: “Ali dini rəhbəri türk olan bir ölkədə türklərin ardıcıl təhqir olunması təəccüblüdür”

    Tədbiri DAK həmsədri, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı açaraq bildirib ki, son günlər Güney Azərbaycanda və İran deyilən ölkədə çox ciddi hadisələr baş verir. “Bu olaylar milli məsələdir və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs burda öz mövqeyini ortaya qoymalıdır. Çünki millət ayağa qalxaraq təhqir edilməsinə, aşağılanmasına etirazını bildirir. Bu etiraza da İranın azərbaycanlılar yaşayan bütün vilayətləri, böyük şəhərləri qoşulub. Tehran, Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Xiyov, Zəncan və s. şəhərlərdə böyük mitinqlər keçirilib. Həmin aksiyalarda da əhalinin böyük hissəsi, xüsusilə gənclər, rəsmi şəxslər iştirak edib. Onlar İran telekanalının addımını bütöv bir millətin təhqir olunması kimi qəbul edir və açıq şəkildə türkçülük, milli mövqedən çıxış ediblər. Bilirsiniz ki, “Kanal 2”də Azərbaycan türklərini təhqir edən veriliş yayımlanıb. Bu cür verilişlərin verilməsi birinci dəfə deyil və yəqin ki, sonuncu da olmayacaq. Belə ki, bundan əvvəl Azərbaycan türkləri eşşəyə bənzədilib. Guya Ərdəbildən eşşək Səraba gedəndə yarıadam-yarıeşşək olar, ancaq Tehranda farslar adam edirlər. Halbuki Tehran da bizim şəhərdir, heç vaxt farslara aidiyyəti olmayıb. İran Farsistan deyil, bir türk dövlətinin ərazisidir və tarix boyu burada türklər olub. Miladdan əvvəl V əsrdə Dara dönəmində Persiya dövləti olub və V-VI əsrədək, yəni İslama qədər mövcudluğunu sona çatdırıb. Bundan sonra müxtəlif sülalə dövlətləri olub və onların da əksəriyyəti Pəhləvilərədək türk dövlətləri olub. Pəhləvilərdən sonra da molla rejimi hakimiyyətə gəlib və onun da başında dayanan yenə də türklərdir. Əslində təəccüblüsü türklərin başçılıq etdiyi, faktiki ali dini rəhbəri türk olan bir ölkədə türklərin ardıcıl təhqir olunmasıdır”.

    a8da2c35c944d0a63266a0ef5d758539Sabir Rüstəmxanlı: “Bizim millət olaraq dirəniş gücümüz azalıb”

    Onun sözlərinə görə, Azərbaycan türkləri həmçinin hamamböcəyinə – tarakana da bənzədilmişdi: “Əslində, bu cür şeylərlə millət təhqir olunmaz. Milləti təhqir edən başqa şeylərdir. Məsələn, min ildir bu ölkədə “Şahnamə” oxunur.  Bir türk xaqanının sifarişi ilə yazılmış kitab olmasına baxmayaraq, əvvəldən axıradək türklər aşağılanır. Farslar Əfrasiyabı (Alp Ər Tunqa) aldadaraq İrana gətirirlər və Urmiya gölünün yaxınlığındakı qonaqlıqda zəhərləyərək öldürürlər. İranda əslində 1000 il deyil, 2500 ildir, yəni Əfrasiyab dönəmindən, sakların dönəmindən İran-Turan savaşı gedir. İranda iki böyük xalq var – türklər və farslar. Son əsrdə də İranda qüvvələr nisbəti farsların xeyrinə dəyişib və bundan istifadə edilərək türklər aşağılanır. Əgər “Şahnamə”ni azərbaycanlılar stolüstü kitab kimi evlərində saxlayırlarsa, min ildir təbliğ edirlərsə, böyük şairlərimiz ona mədhiyyələr yazıblarsa, Firdovsi böyük şair kimi türk aləmində tanınırsa, bunun özü bir təhqirdir.  Əgər 35 milyonun ana dilində bir məktəbi yoxdursa, İranda 5 nəfər zəngin azərbaycanlı tapılıb uşaqları oxutmaq üçün gizli şəkildə ana dilində məktəb açmırsa, uşaqlara türk deyil, fars adları qoymağa icazə verilirsə, bunun özü bir təhqirdir. Əgər 35 milyon azərbaycanlının bütün mədəniyyəti dünyada Persiya adı ilə təqdim olunursa, bunun özü bir təhqirdir. Məsələn, dünyanın ən zəngin muzeylərindən biri olan Metropolda (Nyu-York) Təbriz xalçası Persiya adı ilə təqdim olunur. Bundan əlavə, öz ana dilində yazıb-oxumağa icazə verilmirsə, qəzet və jurnallar gizli şəkildə buraxılırsa, bunun özü bir təhqirdir. Avropada və dünyanın digər ölkələrində yaşayan güneylilər evdə farsca danışırlarsa, milli mədəniyyətimizi təbliğ etmirlərsə, özünə türk yox, iranlı deyirsə, bu da təhqirdir. Axı biz niyə bu təhqirlərə haqq veririk? Niyə Kərkükdə, Suriyada, Doğu Türküstanda, Türkiyədə, Borçalıda, Rusiyada təhqir edilən, döyülən bizik. Halbuki İraqda və Suriyada kürdlər silahlanıb haqlarını tələb edirlər. Ancaq bizlərə bazar adamı, ikinci sinif adam kimi baxırlar. Çünki özümüz müqavimətimizi itirmişik. Ona görə də bizim millət olaraq dirəniş gücümüz azalıb”.

    c26e86faf021e1f612fb52b7c9634a07Sabir Rüstəmxanlı: “Azərbaycan Respublikası bütün azərbaycanlıları təmsil edir”

    Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan Respublikası bütün azərbaycanlıları təmsil edir: “Əgər bu dövlət Azərbaycan türklərinin və azərbaycanlıların dövlətidirsə, onda dünyada yaşayan bütün azərbaycanlıların haqlarını müdafiə etməlidir. Azərbaycan prezidenti də dünyada yaşayan 50 milyon azərbaycanlının prezidenti olduğunu bəyan edib”.

    Əmin Müvəhhidi: “Azərbaycan mətbuatı Güney məsələsinə daha çox yer ayırsın”

    Hazırda ABŞ-da mühacir həyatı yaşayan güneyli jurnalist Əmin Müvəhhidi vurğulayıb ki, Güney Azərbaycan çox böyük təhqirə məruz qalıb: “2006-cı ildə də Azərbaycan türkləri tarakana bənzədilməklə təhqir olundu. Millət öz etirazını bildirmək üçün ayağa qalxdı və onların arasında mən də vardım. Bu səbəbdən iki il həbsdə yatmalı oldum. Daha sonra Güney Azərbaycanı tərk edib ABŞ-a sığınmaq məcburiyyətində qaldım. Əgər həmin dövrdə Türk dünyası baş verənlərə biganə yanaşmasaydı, fars şovinistlərinin bugünkü hərəkətləri etməyə cürəti çatmazdı. Güney-quzey adlı bir ayrılıq yoxdur. Hər həftə stadionlarda, xiyabanlarda, küçələrdə üçrəngli bayraq dalğalanır. Çünki bizim bir bayrağımız var, o da Azərbaycanın üçrəngli bayrağıdır. Biz Azərbaycan dövlətindən bir umacağımız yoxdur. Çünki iki dövlət arasında siyasi-iqtisadi əlaqələr var, pozulmasını istəmirlər. Ancaq Azərbaycan mətbuatından, televiziyalarından Güney məsələsini işıqlandırmamasından narazıyıq. Çünki 35 milyon Azərbaycan türkünün haqqı tapdalandığı halda, susqunluqlarını davam etdirirlər. Mən xahiş edirəm ki, Azərbaycan mətbuatı Güney məsələsinə daha çox yer ayırsın. Mən əminliklə deyə bilərəm ki, soydaşlarımız fars rasistlərinin üzrünü qəbul etməyəcək və şovinizmin çöküşünədək etirazlarını davam etdirəcəklər. Yaşasın Azərbaycan!”.

    453d2921217704226ebe67df2beb239cYədulla Kənani: “Hərəkat artıq gəlişib və başqa formalarda davam edəcək”

    Azərbaycan Respublikasında mühacirətdə yaşayan güneyli siyasi fəal Yədulla Kənani bildirib ki, sopn yüz ildə Güney Azərbaycanda milli müqəddərat müxtəlif formada təzahür etsə də, ancaq 1990-cı ildən sonra İran çərçivəsindən çıxaraq ümummilli məsələyə çevrilib: “2006-cı ildə məlum karikatura hadisəsi bir növ bunun üçün qığılcım olsa da, ancaq mütəşəkkil təşkilatlanma yox idi. Ancaq Azərbaycan türklərinin noyabrın 10-da keçirdiyi kütləvi aksiyalarda təşkilatçılıq özünü göstərdi. Buna şüarları, bəyanatlar misal çəkmək olar. Hətta rəsmi şəxslər də nümayişlərdə iştirak etmək məcburiyyətində qaldılar. Bu hərəkat artıq gəlişib və başqa formalarda davam edəcək. İran dövləti hətta öz işçilərinə belə gələcəkdə lazım olacağı üçün Azərbaycan dilini öyrətmək məcburiyyətində qalıb. Mərhum Əbülfəz Elçibəy haqlı olaraq deyirdi ki, Türk dünyasını birləşdirən Güney Azərbaycan olacaq”.

    Pənah Hüseyn: “Bizə qarşı küfr, söyüş onların sonu deməkdir”

    Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, Azərbaycan Respublikasında Güney Azərbaycanda baş verən son hadisələrə laqeyd qalanlar demək olar yoxdur: “Çünki siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsdə milli damara toxunan bir hadisə oldu. İndi elə bir dövrdəyik ki, hər bir türkçü həm də azərbaycançı olmalıdır. Çünki bütün Tük dünyasının taleyi təkcə Türkiyədə yox, eyni zamanda Azərbaycanda həll olunur. Bu gün Güney Azərbaycanda baş verənlər bəlkə də Türk dünyasının bütün xalqlarının taleyində həlledici rol oynayacaq proseslərdir. Bu missiya hazırda Azərbaycan türklərinin üzərinə düşüb. Ona görə də bütün dünya türklərinə, türk xalqlarına və dövlətlərinə məsələylə bağlı müraciət ünvanlanmasının tərəfdarıyam. Çünki bu, həmçinin regionun taleyini həll edəcək bir məsələdir. Yəni İran da daxil olmaqla, Türkiyə, hətta ərəb dövlətlərinin taleyi Güney Azərbaycan məsələsinin həllindən keçir. Çünki bu məsələ dünyada və regionda baş verən proseslərin gündəminə oturub. Biz Azərbaycan türküyük, türkük və türkə qarşı hansısa bir təhqirə yol verilməsi hamımıza aiddir. Əslində, bizə qarşı küfr, söyüş onların sonu deməkdir”.

    Babək Muğanlı: “Güney Azərbaycanda millət öz istəyinə çatacaq”

    DAK-ın Güney Azərbaycan nümayəndəliyinin başçısı Babək Muğanlı vurğulayıb ki, bu hərəkat 2006-cı ildən deyil, 1986-cı ildən başlanıb: “Biz mərhum Məhəmmədəli Fərzanə, doktor Yəhya Şeyda, Hüseyn Şeyda, Həsən Raşidi və s. birgə Tehranda, Təbrizdə şeir gecələri, toplantılar keçirirdik. İranda 35 milyon Azərbaycan türkünün ana dilində məktəbi yoxdur, ancaq Tacikistanda dərsliklərin nəşrinə vəsaiti İran dövləti ödəyir. Çünki taciklər farsdır. Bu qədər haqsızlıq olmaz. Öz millətinin haqsızlığa uğramasına baxmayaraq, İran Suriyada və Yəməndə baş qaldırır. Çindəki müsəlmanlar üçün molla göndərir. Təhqirlər təkcə televiziya və qəzetlər vasitəsilə edilmir. İranın müctəhidləri də Azərbaycan türklərini aşağılayır. Hazırda Güney Azərbaycanda təşkilatlanma çox yüksək səviyyədədir və millət öz istəyinə çatacaq”.

    Firudin Ağasıoğlu: “Güney Azərbaycanda ciddi təşkilatlanma var”

    Tarixçi alim Firudin Ağasıoğlu bildirib ki, indi Azərbaycan Respublikası Güney Azərbaycanla nəfəs alır: “Əgər stadionda 50 min soydaşımız şüar verirsə, səhəri onun əks-sədası burda olur. Bizim gənclər də onlara dəstək verir və klassik şüarları –  “Azərbaycan bir olsun, istəməyən kor olsun!”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” – səsləndirirlər. Azərbaycanda həmişə milli azadlıq hərəkatı baş verib, uğurlar qazanıb, ancaq strategiyası, başında ağıllı siyasətçiləri olmadığı üçün hər zaman uduzub. Məlumdur ki, xaricə köçən güneylilərin içərisində milyarderləri də var. Əslində, onlar bu məsələyə yardım edə bilərdilər? Lakin biz milli heysiyyat məsələsində uduzmuşuq, yəni daxili enerjimizi boşaltmışıq. Bu, quzeydə də, bütün Türk dünyasında da belədir. Güney Azərbaycanın bu günə düşməsində bizdən olmayan türklər (çünki bəlkə də türk deyil, qanında türk qanı yoxdur) günahkardır. Hakimiyyətə gətirməklə onların əli ilə türklərə zülm edirlər. Ancaq bununla belə, indi çox nikbinəm. Çünki Güney Azərbaycanda ciddi təşkilatlanma var”.

    Qurban Məmmədov: “Əgər hazırlıqsız yaxalanacağıqsa, növbəti qan itkisi olacaq”

    Tanınmış vəkil Qurban Məmmədov deyib ki, dünya xəritəsinin yenidən cızılması İraq və Suriya deyil, Güney Azərbaycanda baş verən hadisələrlə bağlı olacaq: “Mənim Güney Azərbaycandakı təşkilatlanmanın nə səviyyədə olması ilə bağlı dəqiq məlumatım yoxdur. Yəni millət milli-mədəni haqlarını əldə etmək üçün hazırdırmı, yoxsa fars şovinistləri onları təxribata çəkir? Əgər hazırlıqsız yaxalanacağıqsa, növbəti qan itkisi olacaq. Hesab edirəm ki, bütün türkləri, eyni zamanda dünyanı Güney Azərbaycan türklərinin milli-mədəni haqlarını əldə etmələri üçün prosesə müdaxilə etmələri məqsədilə hərəkətə gətirməliyik. Ancaq dövlətimiz səviyyəsində bu məsələlərə reaksiya verilməsini düzgün saymıram. Bizlər isə ziyalı olaraq öz etirazımızı bildirməliyik”.

    Zəlimxan Məmmədli: “Azərbaycan türklərinin yanındayıq, onların mübarizəsinə dəstək veririk”

    “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli vurğulayıb ki, İran teokratik rejim olmaqla, İslam adı altında çox böyük təxribatlarla məşğuldur: “Faktiki olaraq Azərbaycanda siyasi şiəlik milli məsələnin üzərinə çıxmağa meyillənir. Dərbənd də, Borçalıda da eyni proses gedir. Yəni İranın varlığına, farsın hegemonluğuna xidmət edən ideoloji bir maşının içərisindəyik. Bu gün türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirən konsepsiya yoxdur. Ona görə də Güney Azərbaycandakı hərəkatın nə ilə nəticələnəcəyini bilmək olmur. Bu baxımdan Güney Azərbaycanla bağlı bir mərkəzin yaradılmasının zəruri olduğunu düşünürəm. Yəni ictimai-siyasi qurumlar belə bir mərkəzdə təmsil olunar və hamının ortaq rəyinin əksini tapdığı sənədlər beynəlxalq təşkilatlara təqdim edilər. Biz Güney Azərbaycan türklərinin yanındayıq, onların mübarizəsinə dəstək veririk, fars rejimini təhqirə görə qınayırıq”.

    Arif İsmayılbəyli: “Azərbaycan türkləri “Haray, haray, mən türkəm!” şüarını boş yerə vermir, artıq səsinin eşidilməsini istəyir”

    VHP sədrinin müavini Arif İsmayılbəyli Güney Azərbaycanda baş verən son hadisələrin sevindirici olduğunu söyləyib: “İndiyədək keçirilmiş aksiyalarda dini və muxtariyyətə yaxın tezislərdən istifadə olunmaqla şüarlar deyilib. Ancaq son aksiyalarda bir dənə də olsun dini şüara rast gəlinmədi. Soydaşlarımız “Azərbaycan bir olsun” deyirdilər və həmin şüar yazılmış plakatlar qaldırmışdılar. İran adlanan yerin Tehrandan, Təbrizdən başlamaqla, ən böyük şəhərlərində bu tədbirlər keçirildi və dünya özü bunu gördü. Güney Azərbaycan türkləri “Haray, haray, mən türkəm!” şüarını boş yerə vermir, artıq səsinin eşidilməsini istəyir. 1988-ci ildən, yəni milli azadlıq hərəkatı başlanandan bəri hər bir kəs Azərbaycan birliyini istəyir. Bu gün Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların birliyinə nail olmaq lazımdır, hansısa bir qurumun yaradılması absurd məsələdir. Vaxtilə BMT-də qaldırılmış “Parçalanmış xalq”, “Parçalanmış Azərbaycan” məsələsinə, Gülüstan və Türkmənçay müqavilələrinə yenidən qayıtmaq lazımdır”.

    Yasəmən Qaraqoyunlu: “Azərbaycan və Türkiyə hökumətləri son hadisələrlə bağlı bəyanat verməliydi”

    AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu bildirib ki, Azərbaycan və Türkiyə hökumətləri son hadisələrlə bağlı bəyanat verməliydi: “Hökumət və dövlət milləti qorumaq üçün bir sistemdir, mexanizmdir. Bu qədər susqunluq şərəfsizlikdir. İran Azərbaycan, Türkiyə və Xorasan kimi türk dövlətlərinin ortasındadır. Axı türk dövlətlərinin əhatəsində olan fars dövləti bu qədər türk millətini təhqir etməyə cürət edir? Çünki türk milləti, türk hökumətləri yozlaşıb, kosmopolitləşib. Necə olur ki, İran əhalisinin 70%-ni etniklər, xüsusilə çoxluğu türklər, azlığı farslar təşkil etdiyi halda, azlıq hakimiyyətə gəlir, çoxluğu təhqir edir. Çünki ciddi cavab reaksiyası yoxdur. Farsların türkləri təhqir etməsinin üç minillik tarixi var. “Avesta” bütövlükdə türkləri təhqir etmək üstündə qurulub. Zərdüştün bütün yaradıcılığı türklərə nifrət üstündə köklənib və türkləri tora, yəni şeytan, şər qüvvələr adlandırırdı. Zərdüştün özünü İran-Turan savaşında türklər öldürdü. 1925-ci ildən indiyədək türklər təhqir olunur. Ümumiyyətlə, İranda türk izinin silinməsinə çalışılır. Cavad Heyət, Məhəmmədtağı Zehtabi, Həsən Raşidinin yaradıcılığı bütövlükdə fars təhqirlərinə cavab reaksiyasından doğub. Farslar türkləri elmi, dini, ideoloji, siyasi müstəvilərdə daim təhqir etməklə məşğuldurlar. Hətta iş o yerə çatdı ki, Şəhriyar cavab olaraq “Tehranlı, eşşək sənsən, yoxsa mən?” şeirini yazdı. Türk dövlətləri cavab verməyəcəyi təqdirdə, bu cür təhqirlər davam edəcək. 1995-ci ildə İran Dövlət Televiziyası türklərin aşağılanmasına yönəlik rəy sorğusu keçirmişdi. Suallar isə beləydi: “Siz türklə evlənərsinizmi, ya yox?”, “Siz türklə qonşu olarsınız, ya yox?”, “Siz türklə bir masa arxasında oturarsınız, ya yox?” 2006-cı Azərbaycan türkləri tarakana bənzədilməklə növbəti dəfə təhqir edildi və türklər İran parlamenti qarşısında 33 maddəlik tələblə çıxış etdilər. Sonuncu maddədə Azərbaycan Milli Qurultayının keçirilməsi tələbi öz əksini tapmışdı. Ancaq 2006-cı ildən bəri belə bir tədbir baş tutmayıb. Azərbaycan Mühacirət Hökuməti, Azərbaycan Mühacirət Parlamenti yaradılmayıb. Bütün bunlara nail olmalıyıq. İnanın ki, bizə təqdim olunmuş tarix yalandır. Səfəvilər dövlətini fars dövlətinə farslar deyil, məhz özgələşmiş türklər çevirdilər. Hətta ölkədə fars dilinin dövlət dili elan olunması Məşrutə dönəmində, Qacarların hakimiyyəti dövründə İran parlamentində qəbul olunub. Rza xan özü türk idi, ancaq fars Sasani dövlətini bərpa etdi. Çünki son 200 ildə Güney Azərbaycanda toplumda farslaşma gedib, bir qisim türkdən dönməklə özgələşib. Bu gün İranda ordunun, kəşfiyyatın, müxalifətin, hökumətin, biznesmenlərin böyük hissəsini türklər təşkil etməsinə baxmayaraq, yenə də təhqir olunan türklərdir. Artıq özünü farslardan ayrı, türk bilən bir millət var. Ancaq bu millətin önünə düşəcək nə ciddi təşkilat, nə ciddi liderlər, nə də strateji siyasət var. Son yüz ildə Azərbaycan türkləri muxtariyyətdən irəli gedə bilməyib. Türk millətinin hərəkatı var, ancaq strategiyası yoxdur”.

    Səməndər Mehdiyev: “Azərbaycan dövləti güneyli soydaşlarımıza arxalarında olduqlarını hiss etdirməlidir”

    DAK-ın Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin başçısı Səməndər Mehdiyev qeyd edib ki, Azərbaycan dövləti ilk gündən məsələyə münasibət bildirməliydi: “Məlumatlara görə, Urmiyada bir nəfər öldürülüb. Digər tərəfdən, burada türkdən, türkçülükdən söhbət gedir. Başda oturanların, dövlət qulluğunda işləyənlərin əksəriyyəti türklər deyil. Bunlar özləri türk olmadıqları halda, türkün qədrini hardan biləcəklər, çıxıb nə söz deyəcəklər? Azərbaycan dövlət səviyyəsində məsələyə münasibətini bildirməlidir. Azərbaycan dövləti onlara arxalarında olduqlarını hiss etdirməlidir. İran Ermənistandan 250 min azərbaycanlı deportasiya olunanda səsini çıxarmadı, Qarabağ savaşında Ermənistana böyük dəstək göstərdi və s.”.

    Sonda DAK adından İran adlanan rejimin Azərbaycan türklərinə qarşı repressiya siyasətini pisləyən bəyanat qəbul edilib.

    Xatırladaq ki, noyabrın 6-da İranın rəsmi dövlət televiziyasının 2-ci kanalında yayımlanan ”Fitilə” proqramında Azərbaycan türkləri təhqir edilib. Belə ki, azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu Azərbaycan dilində verilib. Buna etiraz olaraq noyabrın 9-da Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Xiyov, Sulduz başda olmaqla, Güney Azərbaycanın bütün şəhərlərində insanlar küçələrə axışıb. Ancaq İran təhlükəsizlik qüvvələri yenə də dinc şəkildə keçirilən aksiyada nümayişçilərə qarşı zor tətbiq etməkdən çəkinməyib, rezin dəyənəklərdən, plastik güllələrdən, su şırnağından istifadə edib, nəticədə xeyli sayda soydaşımız yaralanıb. Eyni zamanda yüzlərlə nümayişçi həbs edilib.