Vətəndaş Həmrəyliyi Partiyası

Category: Güney Azərbaycan

  • Güney Azərbaycan Qarabağ probleminə də laqeyd deyil

    VHP Diasporla İş Şöbəsinin  Güney Azərbaycanda baş verənlərlə bağlı həftəlik hesabatı

     

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Diasporla İş Şöbəsinin müdiri Real Cəfərli son iki həftə ərzində Güney Azərbaycanda baş verənləri şərh edib: “Son iki həftə bir sıra hadisələrlə yadda qaldı. Belə ki, bir aya yaxındır həbsxanada aclıq edən Yeni GAMOH təşkilatının üzvləri aksiyanı müvəqqəti olaraq dayandırdılar. Təşkilatın sədri Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Mahmud Fəzli, Yürüş (Ayət) Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadə iyulun 13-dən etibarən ümumilikdə 45 il azadlıqdan məhrum edilmələrinə etiraz olaraq Təbriz şəhərinin mərkəzi həbsxanasında başladıqları aclıq aksiyasına avqustun 9-da Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında son verdilər. Ancaq bununla belə, soydaşlarımız zindandan göndərdikləri məktubda hər şeyin məhkəmənin son qərarından asılı olduğunu bildiriblər. Milli fəallar onlara ünvanlanmış çoxxaylı müraciətləri nəzərə alaraq bu addımı atdılar. Çünki aclıq aksiyasına son vermələri üçün İsveçdə, Almaniyada, Azərbaycanda, Türkiyədə, Finlandiyada, Böyük Britaniyada, Kanadada və s. ölkələrdə aksiyalar, müxtəlif tədbirlər keçirildi, minlərlə imza toplanıldı, hətta İranın müxtəlif aksiyalarında onlara dəstək üçün onlarla məhbus aclıq aksiyasına başladı. Məhz həmin məhbuslardan ikisi – Əziz Purvəli və Abdullah (Güntay) Səduqi Yeni GAMOH üzvlərinin müraciətindən sonra aclıq aksiyasına son verdilər”.

    Real Cəfərli bildirib ki, Yədulla (Elman) Dəşti, Əli Hidayəti və Ramin Rzayi avqustun 3-də Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsində mühakimə ediliblər: “Əli Hidayəti və Ramin Rzayi hakimiyyət əleyhinə təbliğat aparmaqda, Yədulla (Elman) Dəşti isə hakimiyyət əleyhinə təbliğat aparmaq və müxalif qruplarla əməkdaşlıqda günahlandırılırlar. Bundan əlavə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas araşdırmaçı Xalidə Xalidlə əlaqəyə görə həbs edilmiş tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə 150 milyon tümən zəmanətlə 84 günlük həbs həyatından sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Bu il mayın 8-də həbs edilmiş azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən 27 ay azadlıqdan məhrum edilib. Belə ki, İ.Müəzzinzadəyə milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi azərbaycanlı fəalı X.Xalidlə əlaqə qurduğuna, Azərbaycan türkcəsində ədəbiyyatlar yayan “Üçlük” ədəbi saytını işlətdiyinə görə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təqdimatı ilə bu şəkildə cəzalandırıb”.

    VHP Diasporla İş Şöbəsinin müdiri deyib ki, Azərbaycan türkləri Qarabağ probleminə də laqeyd qalmır: “Belə ki, avqustun 2-də Muğan şəhərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə etiraz olaraq xeyli sayda broşur paylanılıb. Broşurda bildirilib ki, Ağdam şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal edilməmişdən əvvəl 160 min əhalisi var idi. Ancaq Qarabağ müharibəsi zamanı ermənilər bu şəhərdə tam bir soyqırım həyata keçirilib və Ağdam yerlə yeksan edilib. Broşurda həmçinin Ağdam şəhərinin məscidinin ermənilər tərəfindən donuz tövləsinə çevrilməsi kəskin şəkildə pislənilib.

    Real Cəfərli həmçinin vurğulayıb ki, avqustun 4-də səhər saatlarında Səlmas şəhərinin həbsxanasında azərbaycanlı məhbus qətldə günahlandırılaraq dar ağacından asılıb: “Peyman Qəni Köhnəşəhri Səlmas şəhərinə bağlı Təzəşəhər rayonunun sakinidir və 2009-cu ilin avqust ayında yerlisi Əliəsgər Qulipuru qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib”.

  • Türkiyə Güney Azərbaycan liderinə hörmətsizlik etdi

    Sabir Rüstəmxanlı: “Çöhrəqanlının İranın tələbi ilə geri qaytarılması məyusluq doğurur”

    Türkiyənin Millətçi Hərəkat Partiyasının qurultayında iştirak etmək üçün bu ölkəyə gələn Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Ankaranın hava limanından geri qaytarılıb. Bu haqda mətbuata onu qarşılamağa çıxanlar məlumat verib. Onlar bildiriblər ki, Mahmudəli bəy Türkiyəyə oğlu ilə birlikdə gəlibmiş: “Oğlunu buraxsalar da, özünü elə gəldiyi təyyarə ilə də geri qaytardılar”.

       
       Qeyd edək ki, Amerikada yaşayan hərəkat lideri Türkiyəyə yola düşərkən Vaşinqtondakı hava limanında jurnalistlərə açıqlama verib. O deyib ki, Türkiyədən deportasiya olunacağına inanmır: “Ümidliyəm, güman edirəm ki, Türkiyəm bu dəfə məni deportasiya etməyəcək”. Mahmudəli bəy onu da vurğulayıb ki, 2006-cı ildən etibarən nə Azərbaycana, nə də Türkiyəyə gedə bilir: “Ötən həftə Vaşinqtondakı Türkiyə səfirliyi ilə əlaqə yaratdım, amma viza ala bilmədim. Ankarada isə MHP liderləri aidiyyəti qurumlarla danışıqlar apararaq səfərin qanuniləşməsinə çalışdılar və mənə deyildi ki, əgər Amerika pasportunuz varsa, heç bir problem yoxdur, Ankara aeroportunda viza ala bilərsiniz. Hesab edirəm ki, məni Ankaranın Esenboğa limanında dostlar və Azərbaycanı sevənlərdən ibarət izdiham qarşılayacaq”. Amma hərəkat liderinin Türkiyə hava limanından geriyə qaytarılması, onun istəklərinin baş tutmamasına happy wheels demo səbəb oldu. 
       
       Məsələyə münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Şərq”ə deyib ki, Türkiyə bu məsələdə çox yanlış addım atıb. Onun sözlərinə görə, Türkiyənin M.Çöhrəqanlıya qarşı bu cür mövqe sərgiləməsində İranın təzyiqi istisna deyil: “Hesab edirəm ki, əgər MHP M.Çöhrəqanlını dəvət etmişdirsə, onun gəlməsi üçün də təminat almalıydı. Həmçinin GAMOH liderini MHP-dən olan millət vəkilləri qarşılamalıydılar. Amma təəssüflər olsun ki, Mahmudəli bəyə qarşı etinasız yanaşma olub. Təbii ki, bu işdə Türkiyənin addımını dəstəkləmirəm. Yəni Türkiyə dünyəvi ölkədir. Oraya bütün dünya ölkələrinin vətəndaşları kimi M.Çöhrəqanlı da səfər edə bilər. Amma necə deyərlər, İranın istəyi ilə onun Türkiyəyə buraxılmaması məyusluq doğurur və bu yanlışlıq hökmən aradan qaldırılmalıdır”. Millət vəkili qeyd edib ki, Türkiyə hökuməti heç bir zaman Güney Azərbaycan məsələsinə diqqət ayırmayıb: “Keçmişdə də bu belə olub, bu gün də həmin vəziyyətdir. Görünür, Türkiyənin rəsmi dairələri sözügedən məsələnin əhəmiyyətini anlamayıblar və bu cür hərəkatlara qarşı çıxmaqla türk dünyasının inkişafına, maraqlarına vuracağı zərbələrdən xəbərsizdirlər. Yəni Türkiyə bilməlidir ki, Cənubi Azərbaycan Türküstanla körpüdür və türk dünyasının bütövlüyünü qoruyub-saxlayır. Çox təəssüf ki, bu məsələyə önəm verilmir. M.Çöhrəqanlının deportasiyası isə bunun bariz nümunəsidir”. 

     

    “Şərq” qəzeti

  • “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabı müzakirə ediləcək

    Sabah VHP-nin təşəbbüsü ilə “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının II cildinin müzakirəsi keçiriləcəkdir

    16 aprel 2014-cü il tarixində, saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyevin “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının II cildinin müzakirəsi keçiriləcəkdir.
    Qeyd edək ki, kitabda 1900-cu ildən bəri Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Əsas məqsəd ilk növbədə o tayda yaşayıb yaratmış, mübarizələr aparmış yazıçı, şair və alimlərin, mətbuat xadimlərinin işıqlandırılmasıdır. Kitabda hər konkret dövrə aid icmal oçerklər və dövrün aparıcı ədiblərinin portretləri verilmişdir. Burada Hacı Rza Sərraf, Səid Səlmasi, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn Şəhriyar, Həbib Sahir, Məhəmməd Biriya, Səhənd, Sönməz, Nasir Mənzuri və b. görkəmli ədiblər haqqında əhatəli oçerklər verilir.

    Kitabın I cildi 2009-cu ildə Bakıda “Nurlar” nəşriyyatında, II cild isə 2014-cü ildə “Qanun” nəşriyyatında çap olunmuşdur.