Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gənclər

  • VHP təmsilçiləri beynəlxalq foruma qatılıblar-FOTO

    ­Bu gün Tiflisdə Cənubi Qafqaz və Ukraynanın gənc siyasətçilərinin IV Forumu öz işinə başlayıb.

    Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, forumda seçki sistemləri, bələdiyyələrin fəaliyyəti, konstitusiya islahatları və demokratik prosesdə medianın rolu mövzuları müzakirə edilir.

    Forumda Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Hollandiyanın iqtidar və müxalifət partiyalarının gəncləri iştirak edirlər.

    Foruma Gürcüstan parlamentinin sədri David Usupaşvili, Hollandiyanın keçmiş müdafiə naziri Elmert Middelkoop, Hollandiya və Böyük Britaniyanın Gürcüstandakı səfirləri də qatılıblar.

    Forumda VHP-ni Samir Əsədli və Amal Nəzərli təmsil edir.


     

  • Türk bu bölgənin sahibi olub, bundan sonra da elə olacaq

    “Terror və çirkin oyunlarla türkü yolundan və əqidəsindən döndərmək mümkün deyil”.

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qəbələ rayon təşkilatının Gənclər şöbəsinin təşəbbüsü ilə son günlər Türkiyənin başkəndi Ankarada baş verən terror olayı ilə bağlı tədbir keçirilib.

    Tədbirin əvvəlində Xocalı şəhidləri və terrorda şəhid olan soydaşlarımız bir dəqiqəlik sükutla anılıb.

    Yığıncağı açıq elan edən VHP Qəbələ rayon Gənclər şöbəsinin sədri İbrahim Türk çıxışında bildirib ki, Türkiyənin bölgədə söz və güc sahibi olması maraqlı qüvvələri narahat edir və son günlər dünyanın anti-türk güc mərkəzləri Türkiyəni hədəf seçib: “Özləri pərdə arxasında qalan həmin güclər əlaltıları olan örgütləri hərəkətə gətirib, çaqqal sürüsü kimi qardaş Türkiyənin üzərinə gedirlər. YPG terror qrupunun Ankarada törətdiyi terror da buna sübutdur. Terror nəticəsində 29 soydaşımız şəhid oldu. Ankarada baş verən hadisə çox iyrənc bir olaydır. Terror, harada və kimin etməsindən asılı olmayaraq, birmənalı surətdə qınanmalıdır. Bu, heç bir halda məqbul hesab edilə bilməz. Bu cür çirkin olaylarla türkü yolundan və əqidəsindən döndərmək mümkün deyil . Türk bu bölgənin sahibi olub, bundan sonra da elə olacaq. Terrordan əziyyət çəkən xalq kimi terrorun acısını yaxşı bilirik. Erməni terroru nəticəsində minlərlə soydaşımız həyatını itirib. Fevralın 26-da Xocalı soyqırımının ildönümü olacaq, bir rayonun sakinlərinin yaşına və cinsinə baxmadan cəllad sürüsü qətlə yetirib. Bu gün də Xocalı soyqırımı happy wheels demo hələ də öz hüquqi qiymətini almayıb”.

    Daha sonra tədbir iştirakçılarından Rəşad Hacıyev Xocalı soyqırımı ilə bağlı danışıb və bildirib ki, insanlıq faciəsi olan Xocalı soyqırımında soydaşlarımız xüsusi amansızlıqla qətlə yetiriliblər: “613 soydaşımız qətlə yetirilib ki, onun da 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan idi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb”.

    Qəbələ “Qızıl Alma” Millətçi Dərnəyinin təmsilçisi Əlləddin Eyvazlı Suriyadakı Türkməndağı bölgəsində yaşanan olaylar və Suriyadakı soydaşlarımızın durumu və bölgədə baş verənlər barədə məlumat verib. Bildirib ki, Suriyadakı soydaşlarımızın durumu bu gün çox acınacaqlıdır. Rusiya bütün cəhdləri ilə türk ordusunun türkmanlara yardım etməsinə mane olur. Tədbirdə Rusiyanın Ermənistana silah verməsi, Suriyada türkmanların yaşadığı bölgələri bombalaması və bunun nəticəsində mülki əhalinin, türklərin qətliamı qətiyyətlə pislənilib.

    vhpqebelegencleri

    vhpqebelegencleri2

  • VHP gəncləri beynəlxalq tədbirdə iştirak ediblər-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının sədri Amal Nəzərli, VHP sədrinin gənclərlə iş üzrə müşaviri Pünhan İmamlı və VHP-nın departament müdiri Tural Hüseynli Gürcüstanın paytaxtı Tiflis şəhərində Niderlandın Çoxpartiyalı Demokratiya İnistitutunun təşkil etdiyi təlimdə iştirak ediblər. Gənclərə “seçkilər və yerli özünüidarətmə sistemləri” mövzuları tədris olunub.

    Təlimdə Azərbaycanın və Gürcüstanın iqtidar və müxalifət partiyalarının gəncləri də iştirak ediblər.

    Qeyd edək ki, təlimlər 4-7 fevral tarixlərində baş tutub. Bu gün VHP-çi gənclər vətənə dönürlər.

    amalnezerli

    vhpgencleri

  • VHP-çi gənclər Gürcüstana yola düşüblər

    vhpfaviconBu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının sədri Amal Nəzərli, VHP sədrinin gənclərlə iş üzrə müşaviri Pünhan İmamlı və VHP-nın departament müdiri Tural Hüseynli Gürcüstanın paytaxtı Tiflis şəhərinə yola düşüblər.

    VHP-çi gənclər Niderlandın Çoxpartiyalı Demokratiya İnistitutunun təşkil etdiyi təlimdə iştirak edəcəklər. Təlimlərdə seçkilər və yerli özünüidarətmə sistemləri mövzuları gənclərə tədris olunacaq. Təlimdə Azərbaycanın və Gürcüstanın iqtidar və müxalifət partiyalarının gəncləri də iştirak edəcəklər.

    Qeyd edək ki, təlimlər 4-8 fevral tarixlərində baş tutacaq.

  • Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq

    VHPQebelegenclerVətəndaş Həmrəyliyi Partiyasının Böyük Öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132 illiyi münasibəti ilə silsilə tədbirləri davam edir. Bu sıradan növbəti tədbir Qəbələdə keçirilmişdir. VHP Qəbələ rayon təşkilatının Gənclər Şöbəsinin təşəbbüsü ilə “M.Rəsulzadə və Azərbaycan dövlətçiliyi” adlı tədbir keçirib.  Tədbirdə VHP Qəbələ rayon gənclər şöbəsinin və “Qızıl Alma Millətçi Dərnəyinin” fəalları  iştirak ediblər.

    Yığıncağı açıq elan edən VHP Qəbələr rayon gənclər şöbəsinin sədri, “Qızıl Alma Milliyyətçi Dərnəyi”-nin başqanı İbrahim Türk çıxışında Rəsulzadə və Azərbaycan dövlətçilik tarixi mövzusunda məruzə etmişdir. O, bildirib ki, Rəsulzadə şərqdə ilk respublikasın əsasını qoyaraq bir ilkə imza atdı: “ Öz tərəfdarları ilə birgə Azərbaycan dövlətçiliyi üçünn həyatlarını fəda etdilər. Bu gün də onların bizə qoyub getdikləri ideologiya bizim üçün işıqdır və Xalq Cümhuriyyətinin özülü bizə müqəddəs dəyərdir. Bu günkü Respublika da Xalq Cümhuriyyətinin idarəçilik və ideoloji prinsipinə əsaslanmalıdır və o yolu davam edirdməlidir”.

    Toplantıda iştirak edən VHP Qəbələ rayon təşkilatı sədrinin birinci müavini İbrahim Dostuxan çıxışında bildirib ki, Məhəmməd Əmin Rəsulzadə bizə Azərbaycanı qoyub getdi, özündən sonra Azərbaycanı yaşatdı: “ Bu tarixi yazan şəxsiyyət bütün ömrünü, azadlığını, ailəsini Azərbaycan üçün qurban verdi, qurban verdi ki, bu ərazidə yaşayan millət gələcəkdə dövlətlərinin olması ilə fəxr edən azsaylı millətlərdən biri ola bilsinlər. Yer kürəsində minlərlə millət var, onlardan yalnız 200-dən çoxunun dövləti var. Məhəmməd Əmin Rəsulzadənin sayəsində biz həmin o dövləti ilə fəxr edən millətlərdən biri ola bilmişik. Yaşasın Məhəmməd Əmin Rəsulzadəni qəlbində yaşayan Azərbaycan xalqının nümayəndələri. Yaşasın Rəsulzadənin ideyaları. Və şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq”.

    Tədbirin sonunda Suriydakı Türkməndağı bölgəsində Rus-Fars və Əsəd rejmi kooalisyasına qarşi döyüşən Bayır Bucağ Türkmənlərinin vəziyyəti barədə İbrahim Türkün məlumatı dinlənilmişdir. Bildirilmişdir ki, bu gün türkman soydaşlarımızın durumu bu gün çox acınacaqlıdır. İraqda İŞİD qruplaşması və Suriyada da Əsəd rejimi tərəfindən ən çox əziyyət çəkən onlardır.

    Qeyd edək ki, VHP-nin Bərdə, Goranboy və Tovuz rayon təşkilatları da Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri M.Rəsulzadənin anadan olmasının 132 il dönümü ilə bağlı anım tədbi keçiriblər.

  • VHP Gənclər Təşkilatının sədri istefa verdi

    Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib.

    Toplantıda təşkilati məsələlərə baxılıb. Gənclər Təşkilatının sədri Tural Hüseynli səlahiyyət müddəti çatdığından təşkilat sədrliyindən istefa verdiyini bildirib. Məclis üzvləri Əsasnaməyə uyğun olaraq onu vəzifəsindən azad ediblər. Məclisin qərarı ilə növbəti konfrans 2015-ci il iyul ayının 28-nə təyin edilib.

    Məclis 5 nəfərdən ibarət Konfransa hazırlıq üzrə təşkilat komitəsi yaradıb və Rəhilə Məmmədli konfransa qədər sədr əvəzi seçilib.

  • VHP üzvləri beynəlxalq Gənclər Forumunda iştirak ediblər – FOTO

    Gürcüstan Parlamentində (Kutaisi) Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynadan olan fəal gənclərin iştirakı ilə III Gənclər Forumu işə başlayıb.

    VHP mətbuat xidmətinin məlumatına görə, Forumda Azərbaycandan iqtidar və müxalifət partiyalarının gənc üzvləri iştirak ediblər. Tədbirin təşkilatçısı Niderlandın çoxpartiyalı demokratiya institutu, Böyük Britaniya və Niderlandın Tiflisdəki səfirlikləridir.

    Tədbirdə Avropa İttifaqının komissarı Stefan Füle və Hollandiyanın siyasi partiyalarının üzvləri də iştirak edirlər. Forumun ikinci günündə VHP üzvü Samir Әsədli plenar sessiyada “Siyasi qərar vermə prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda məruzə edib. Hemçinin forumda VHP GT üzvü Elgiz Qəhraman da iştirak edib, Cənubi Qafqazda demokratikləşmə mövzusunda çıxış edib.

    Forum 27-28 mart tarixlərində keçirilib və bu gün başa çatıb.

    Qeyd edək ki, Azərbaycandan Forumun işinə 8 siyasi partiya təmsilçisi qatılıb.

    Samir Əsədlinin çıxışı:

    “Demokratik dövlətlərdə hakimiyyət bir qayda olaraq üç yerə bölünür: Qanunverici, icraedici və məhkəmə sistemi.
    Bu qurumlar arasında səlahiyyət bərabər bölündükdə, yəni biri digərinin işinə müdaxilə deyil, ədalətlə nəzarət etdiyi müddətcə əsl hakimiyyət seçənin, yəni xalqın əlində olur. Belə ki, hakimiyyətdə şəffaflıq hökm sürdükdə gizli bir şey qalmır və seçkidə xalq layiq olanı yenidən hakimiyyətə gətirir, olmayanı isə tarixin arxivinə göndərir.

    Bu gün hansı ölkə bu məsələni ən gözəl şəkildə həll edə bilibsə, ən yüksək demokratiya da məhz həmin ölkələrdə müşahidə olunmaqdadır. Dünyanın hansı ölkəsinə baxırsınız-baxın, bu prinsipin təxminən hər yerdə işlədiyini görəcəksiniz, hansı ölkədə iradə buxovlanırsa, insan haqları tapdalanırsa, heç şübhəsiz, bu prinsip orada pozulmuşdur. Bu prinsipin, daha doğrusu, hakimiyyət bölgüsünün pozulduğu, səlahiyyətlərin bir əldə toplandığı ölkələrdə isə avtoritar, yaxud da totalitar rejimlər meydana çıxır. Çünki o cür ölkələrdə tək iradə çoxluğun iradəsini istismar altına alır. Bu istismarın və avtoritarizmin qarşısını alan və dövlət idarəçiliyinə qeyri-rəsmi nəzarəti həyata keçirən altstrukturlar da mövcuddur. Bu sıraya müstəqil medianı, siyasi partiyaları və vətəndaş cəmiyyətini aid etmək olar.

    Vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyası, nəzəriyyəsi və praktikası Qərbdən bütün dünyaya yayıldığı kimi, bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatların əksəriyyəti də Avropa və Amerikada yerləşir. Bu mənada, ən böyük səlahiyyətləri və dünya dövlətlərinə təsir gücü olan beynəlxalq qurumlardan BMT, Avropa Şurası (onun ixtisaslaşmış qurumları), Avropa İttifaqı və başqalarının adlarını çəkmək olar.

    Bu günkü anlayışlarla vətəndaş cəmiyyətini demokratiyanın mövcud olduğu təbii mühit kimi nəzərdən keçirmək olar və lazımdır. Vətəndaş cəmiyyəti ictimai orqanizmin həyat fəaliyyətinin demokratik prinsiplərinin təkrar istehsalına daima xidmət edən amil kimi nəzərdən keçirilə bilər. Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları – parlament və siyasi partiyalar dövlət strukturlarına çevrilir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə isə dövlət cəmiyyəti özünə tabe edir, ictimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır.

    Çox təəssüf ki, bu gün Cənubi Qafqaz ölkələrində vətəndaş cəmiyyəti böyük problemlər yaşayır. Bu gün sözügedən ərazidə – sabiq sovet respublikalarında vətəndaşın dərdə çevrilən problemləri başdan aşır. Dövlət qurumları vətəndaşın problemini görməzdən gəlir, problemləri həll etmir və etmək istəmir. Məhkəmələr müstəqil olmadığından bura müraciətlər də heç nəyi dəyişmir. Vətəndaşın üz tuta biləcəyi üçüncü qapı vətəndaş cəmiyyəti – QHT-lərdir – qeyri-hökumət təşkilatları. QHT-lər dövlətdənkənar fəaliyyət formasıdır. Bəziləri xarici donorlardan, əksəriyyəti yerli hakimiyyətin törəmələri olaraq hökumətdən maliyyə yardımı alaraq fəaliyyət göstərirlər. Dövlətdənkənar dövlətin təsiri olmadan demək deyil. Xarici donorlardan asılı olan bəzi QHT rəhbərləri zaman-zaman hakimiyyətin təzyiqi ilə üzləşdiklərini iddia edirlər. İddiaların çoxu reallığı əks etdirir. Siyasi hakimiyyətin fəaliyyətini kəskin tənqid edən, beynəlxalq qurumlara alternativ hesabatlar göndərən, siyasi məhbus problemini qabardan QHT-lər dövlət qeydiyyatına alınmır, rəhbərləri həbs edilir, fəaliyyətləri məhdudlaşdırılır, barələrində vergi borcları uydurulur. Bu isə heç şübhəsiz nəticə etibarı ilə dövlət idarəçiliyində hüquqpozmalarının geniş arealı əhatə etməsinə səbəb olur.

    Hüquqi dövlətdə vətəndaş cəmiyyətinin inkişaf etmiş institutları fəaliyyət göstərməlidir. Ənənəvi olaraq bu institutlar sırasına birinci növbədə siyasi partiyalar, həmkarlar təşkilatı, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, həmçinin ailə, məktəb, biznes və s. daxildir. Bu institutlar vasitəsilə vətəndaşlar sərbəst şəkildə, dövlətin, onun orqanlarının və məsul şəxslərının birbaşa iştirakı olmadan gündəlik həyat fəaliyyətləri ilə bağlı əksər problemlərini həll edirlər. Və dövlət nə qədər demokratikdirsə, vətəndaşların öz problemlərinin həlli üçün dövlətə müraciət etmək ehtiyacı o qədər azdır. Başqa sözlə, vətəndaş cəmiyyəti kənar müdaxiləyə ehtiyac duymayan özünütənzimləyən təşkilat kimi fəaliyyət göstərir.

    İnkişaf etmiş vətəndaş cəmiyyəti institutlarının əlahiddə əhəmiyyət daşıması onunla şərtlənir ki, o, hüquqi dövlətin sosial əsasını təşkil edir və onsuz sonuncunun varlığı mümkün deyil”.

  • Ömər Məmmədov məhkəmədə ifadə verdi

    “Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə keçirilən dünənki iclasda necə şərləndiyi barədə danışıb. 19 yaşlı Ömər ifadəsinin əvvəlində bildirib ki, 2 il yarımdır “NİDA” Vətəndaş Hərəkatının üzvüdür. O, Kiprdə ali təhsil almaqla yanaşı, həm də fəal olub:

    “Sosial şəbəkələrdə hökuməti tənqid edirdim, satirik şəkillər paylaşırdım, etiraz aksiyalarında iştirak edirdim…”

    Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov bu yerdə Ömər Məmmədovun sözünü kəsir:

     – İttiham üzrə danış.

     Ömər Məmmədov:

    – İttihama gəlirəm, niyə tələsirsiz? Mənə verilən ittihamın kökündə dayanan məsələlərdən danışıram. Mən 2012-ci ildən başlayaraq, “facebook”dakı “Heydər Əliyev adına Səhifə” və “AzTV-dən seçmələr” səhifələrinin admini idim. Bunlar ən məşhur və hökuməti kəskin tənqid edən səhifələr idi. Xüsusilə “Heydər Əliyev adına Səhifə” çox məşhur idi. Buna görə “HİDA”nın iki üzvü həbs olundu. Bilirdim ki, bu səhifəyə görə nə vaxtsa məni də tutacaqlar. Kiprdə təhsil alırdım deyə, ölkədə olmurdum. Keçən ilin noyabrında anam ağlaya-ağlaya mənə zəng eləyib dedi ki, “atanı “banditizm” idarəsinə apardılar”. Bildim ki, səhifəyə görədir. Təxminən 2-3 saatdan sonra anam yenə zəng eləyib dedi ki, oradakı adamlara sənin nömrəni verdim. Az sonra “banditizm”dən bir polkovnik zəng elədi. Dedi ki, “atan yanımdadır, boynuna al ki, “AzTV-dən seçmələr” səhifəsini sən idarə edirsən. Əgər boynuna almasan, atanı həbs edəcəyik”. Doğrusu, əvvəl boynuma almadım, dedim ki, mən Kiprdə yaşayıram, burada təhsil alıram, mənim səhifə idarə eləməyə vaxtım yoxdur. Təxminən bir saatdan sonra yenidən zəng elədi. Dedi ki, “bütün koordinatlar sənə aparır, IP ünvanlar da sənə aiddir”. Bu dəfə boynuma almağa məcbur oldum. Çünki ortada atam vardı. Dedim ki, mən idarə eləyirəm, atamı buraxın, yanvarda Bakıya gələcəm, mənim özümə nə istəyirsiz, eləyərsiz. Razılaşdı. Təxminən 2-3 saatdan sonra atamı buraxdılar. Evə gələndən sonra atam “Skype”la mənimlə danışdı. Məni danladı, dedi ki, daha səhifəni idarə eləmə, təhsilinlə məşğul ol. Polkovnik də bildirmişdi ki, “səhifənin idarəçiliyini dayandırmasan, atanı həbs edəcəyik”. Ona görə səhifənin adminliyindən çıxdım, bir daha idarə eləmədim. Atam mənimlə danışanda dedi ki, gəlmə. Dedim ki, yox, gələcəm, yoxsa səni həbs edərlər. Dekabrın 31-də yenidən atamı “banditizm” idarəsinə çağırdılar. Qarşısına bir şəkil qoyublar, guya, mən sosial şəbəkədə İlham Əliyevi təhqir etmişəm. Amma belə bir fakt olmayıb. “Ksereks”dən çıxarılmış şəkil olub, düzüb-qoşublar. Atamı bir qədər saxlayandan sonra yenə buraxdılar. Atam da təkrar mənə xəbərdarlıq elədi ki, ölkəyə gəlmə, mühacirətə get. Razılaşmadım. Yanvarın 20-də Bakıya gələndə gözləyirdim ki, elə aeroportda həbs edəcəklər. Amma sakitçilik oldu. Axşam saat 6 radələrində gəlmişdim, anam qarşılamışdı. Amma yanvarın 21-də səhər saat 8-də artıq “banditizm”in işçiləri evimizə gəlmişdilər. Səhər tezdən mən yatmışdım, həyətimizdə itin hürməyindən bildik ki, kimsə gəlib. Atam çıxdı. Təxminən 10 dəqiqə onlarla danışdı. Bayıra çıxmasam da, söhbətin uzun çəkməsindən başa düşdüm ki, mənə görə gəliblər. Geyinib çıxdım, atamla birlikdə onlarla getdik. Beləliklə, “banditizm” sərgüzəştlərim başladı. Bizi ikinci mərtəbəyə qaldırdılar, məni sorğu-sual elədilər. Doğrusu, təzyiq olmadı. Mənə təklif elədilər ki, bir protokola imza atım. Guya, dayanacaqda olarkən bir maşın üstümə su sıçradıb, mən də təhqiramiz ifadələr işlətmişəm. İki-üç nəfər yaxınlaşıb sakitləşdirmək istəyib və s. Dedi ki, ya protokola imza atacaqsan, ya da cibindən narkotik çıxacaq. Mən də fikirləşdim ki, protokolu imzalamağı seçdim, fikirləşdim ki, narkotikdənsə 10-15 sutkalıq həbslə canım qurtarar. Dedilər ki, polkovnik səni çağırır. Onun yanına apardılar. Yeri gəlmişkən, evdən aparanda noutbukumu da götürmüşdülər. Mən polkovnikin yanına gedəndə artıq kompüterim hakerin əlində idi. Məndən səhifənin, “facebook”, “twitter”, hətta “instagram” parolumu istədilər, vermədim. Haker bir az əlləşəndən sonra parolları sındırdı, hətta “gmail” postuma da girib məktublara baxdı. Səhifə ilə bağlı sualları cavablandırarkən dedim ki, noyabrdan idarə eləmirəm, parolu yadımdan çıxıb. O səhifəni saxta profildən idarə edirdim. Həmin profili tapıb parolunu sındırdılar, içinə girəndə “bandotdel”in işçiləri bildilər ki, “Heydər Əliyev adına Səhifə”ni də idarə eləyənlərdən biri mən olmuşam. Polkovnik bunu biləndə dedi ki, “mən bu səhifəyə görə iki nəfəri həbs eləmişəm”. NİDA-çılar Məmməd Əzizov və Bəxtiyar Quliyevin adlarını çəkdi. Dedim ki, onlar həbs olunsalar da, çöldə xeyli NİDA-çılar var. Gülümsədi, dedi ki, cibində narkotik var? Dedim ki, mən ölkəyə dünən axşam gəlmişəm, bu gün səhərdən də buradayam, məndə necə narkotik ola bilər. Bundan sonra general zəng eləyib çağırtdırdı, atamla birlikdə onun yanına getdik. Adını bilmirdim, sonradan bildim ki, Mirqafar Seyidovdur. Qayıtdı ki, “birlikdə möhtərəm prezidentimizin uğurlu siyasətini davam etdirməliyik, sən də cavan oğlansan, təhsil alırsan, bəlkə gələcəkdə hansısa vəzifə sahibi olarsan”. Dedim ki, mən doğru nədirsə, onu eləyirəm. Atamın yanında çox təhqiramiz ifadə işlətdi. Dedi ki, “səni idarənin zirzəmisində butılkaya oturdarıq, atan da baxa-baxa qalar”. Ağlıma gətirməzdim ki, bir idarənin rəisi belə fikirlər səsləndirsin, özü də atanın gözü qarşısında. Güldüm. O da əsəbindən qayıtdı ki, “rədd ol”. Atam 20-30 saniyə içəridə qaldı, bilmədim ki, o müddətdə nə danışdılar. Yenə getdik polkovnikin yanına. Orada parollarla bağlı söhbət oldu. 2-3 saat onun yanında qaldıq. Hətta polkovnik oxumaq üçün mənə Heydər Əliyevin kitabını da verdi. Saat 6 radələrində general polkovnikə zəng elədi, nə dediyini bilmirəm, amma o zəngdən sonra buraxdılar. Həmin gün deyəsən, Daxili İşlər Hazirliyinin kollegiya iclası vardı, başları qarışıq idi, yəqin, fikirləşdilər ki, buraxaq, işini sonra bitirərik. Atam sevindi ki, buraxıldıq. Amma mən bilirdim ki, əl çəkməyəcəklər. Onu da bilirdim ki, bütün bloggerləri narkotiklə tuturlar, mənə də bu ittihamı verəcəklər. Yanvarın 24-də saat 12 radələrində Hərimanovdakı stomotoloji klinikaya getdim. Mən həkimin yanında olanda bir nəfər 3 dəfə qapını açıb-bağladı, mən onda şübhələndim. Saat 1 radələrində oradan çıxanda 3 nəfər mənə tərəf qaçmağa başladı. Dostuma zəng eləmək istədim, çatıb telefonu əlimdən aldılar. Əllərimi qandallayıb, başımı aşağı əyib maşına oturtdular. Əlimdə kitab vardı, onu da aldılar. Heç nə demədən başıma, böyrəklərimə vururdular. Başa düşdüm ki, gözlədiyim baş verdi. Harkotiklərlə Mübarizə İdarəsinə apardılar. Həmin vaxt üzümdə saqqal vardı, başladılar vəhhabi damğası vurmağa. Dedilər, vəhhabisən, narkotik alverilə məşğulsan. Əllərim qandallı oturmuşdum, gətirildiyim idarənin adını da bilmirdim. Oturandan sonra da döyməyə başladılar. Bir qədər sonra hal şahidinə zəng elədilər, o da gəlib digər hal şahidini çağırdı. Əvvəl siyasi məhkəmələrdə olmamışdım deyə, bilmirdim ki, bunlar “paykovoy” şahidlərdir. İkinci hal şahidi də ağırdan kəm idi, yolu tapa bilmirdi, ona görə nə qədər onu gözlədilər. Bəlkə başqa yerdə də şahidlik eləyirdi. Gəlib çıxandan sonra məni döyən əlini salıb cibimdən bir büküm çıxartdı. Bilmirəm ki, onu əlini cibimə salanda qoymuşdu, yoxsa yolda maşında məni döyəndə. Harkotiki çıxaranda gülümsündüm, çünki şübhələrim özünü doğrultmuşdu. Sonra “paykovoy” vəkilə zəng elədilər. Dedim ki, öz vəkilim var, əhəmiyyət vermədilər. O da gəldi, sənədləri imzaladı. Hal şahidləri də imzalayıb gedəndə məni tutanlardan biri onlarla çıxdı, başa düşdüm ki, gördükləri işə görə onlara pul verir. Yenə məni döyməyə başladılar. Vəziyyətim pis idi, yerdə iməkləyə-iməkləyə qalmışdım. Döydülər ki, döyməkdən bir iş çıxmır, atamla hədələdilər. Dedilər ki, atanın iş yerini bilirik, əməkdaşlar da hazırda xəstəxananın qarşısındadır, boynuna almasan, atanı həbs edəcəyik. Məcbur olub boynuma aldım. Sonra məni Nərimanov rayonundakı müvəqqəti saxlama təcridxanasına apardılar. Orada hətta yataq da yox idi, paltomu başımın altına qoyub yatırdım. Səs-küy saldım ki, məni istintaq təcridxanasına aparsınlar. Müstəntiqlə görüşəndə dedim ki, siyasi fəaliyyətimə görə həbs olunmuşam. Orada vəziyyətim son dərəcə ağır idi, amma yardım göstərən bir adam yox idi. Müstəntiq diqtə elədi, mən də yazdım, guya, narkotiki Keşlədə tanımadığım adamdan almışam. İstəyirdim ki, nə olursa olsun, tez Kürdəxanıya köçürülüm. Fikirləşdim ki, bəlkə orada həkim oldu. Ora hal şahidlərini də gətirmişdilər. Şahidlərdən biri məni kameranın çəkmədiyi hissəyə çağırıb başladı ki, “sən Əli Kərimlinin adamısan?” Ötən məhkəmə iclasında hakim məndən soruşdu ki, işgəncələrlə bağlı kiməsə şikayət etmisənmi? Təcridxanada sənə həkim yardımı göstərilməsi, şikayətlərinə əhəmiyyət verilməsi üçün ya qapını sındırmalısan, ya da damarlarını kəsməlisən, siz oranı təsəvvür edə bilməzsiz”. Ömər Məmmədov daha sonra vəkilinin suallarını cavablandırdı.

    Məhkəmə prosesi mayın 29-da davam edəcək.

    Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  və N!DA Vətəndaş Hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir.  Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanır.

  • VHP Gənclər Təşkilatının rəhbərliyi dəyişdi

    VHP Gənclər Təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda əlkədəki ictimai-siyasi vəziyyət, son vaxtlar hakimiyyətin güclənən repressiyası, Ömər Məmmədovun həbsi və təşkilati məsələlər müzakirə edilib.
    Toplantıda ilk olaraq VHP üzvü, gənc fəal Ömər Məmmədovun həbsi ilə bağlı məsələ müzakirə olunub. VHP Gənclər Təşkilatının üzvü Tural Hüseynli Ömər Məmmədovun həbsi, onun müdafiəsi üçün görülən işlər, vəkillərlə qurulan əlaqə və digər məsələlər barədə geniş məlumat verib.
    Çıxış edən digər Məclis üzvləri Ö.Məmmədovun həbsini pisləmiş, bunu gənclərə qarşı repressiyaların tərkib hissəsi olduğunu bildirmiş və gəncin dərhal azad olunmasını tələb etmişlər. Gündəlikdə olan növbəti məsələ ilə bağlı. VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı çıxış edərək ölkədəki mövcud siyasi proseslər, gənclər sektorunda baş verən məsələlər barədə danışıb.
    Məclis üzvləri son vaxtlar ölkədə gənclərə qarşı aparılan təzyiq-təqib kampaniyasından və gənclərin sistematik həbslərindən ciddi narahatçılıq keçirdiklərini ifadə edib. Hakimiyyətin müvafiq strukturlarını cəmiyyəti narahat edən və ölkədə süni qarşıdurma yaradan, vətəndaş həmrəyliyini pozan münasibəti tezliklə dəyişdirməyə, qanunsuz addımların qarşısını almağa və həbsdə olan gənclərin dərhal azadlığa buraxılmasını tələb ediblər.
    Sonra təşkilati məsələlər müzakirə olunub. Məclisə boş qalan 4, NTQ-ya isə 1 yerə seçkilər keçirilib. Məclis, Tural Hüseynlini sədrin birinci müavini, Günay Əsgərlini isə katib seçdi. Həmçinin Gənclər Təşkilatının sədri Pünhan İmamlının təqdimatı ilə Namiq Əhməd təşkilati məsələlər üzrə müavin, Ağəli Ağəliyev siyasi məsələlər üzrə müavin, Zeynəb Rza beynəlxalq əlaqələr üzrə müavin, Nicat Kamal mətbuatla iş üzrə müavin, Vüsal Namiqoğlu ideoloji məsələlər üzrə müavin, Röyalə Məmmədova üzvlərlə iş üzrə müavin  təsdiq edildilər.
    Həmçinin, Nəzarət-Təftiş Qrupunun iclasında Pərviz Həsənov sədr seçilib.

  • Ömər Məmmədovun şəkli Berlin metrosunda

    Bu gün Berlin metrosunun vaqonlarında quraşdırılmış monitorlarda bütün günü şərlənərək həbs edilmiş blogger Ömər Məmmədovun şəkli və onun həbsi barədə informasiya göstəriləcək. Re:publica 14 dərgisinin əsas manşeti olan bu xəbər gün ərizində təkrar-təkrar monitorlarda yayınlanacaq. Foto ilə bərabər bloggerin fəaliyyəti və həbsi ilə də bağlı informasiya ekranda olacaq:
    Ömər Məmmədov – Azərbaycan

    O, Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və siyasi səbəblərə görə həbs olunub. Narkotik istifadəsinə görə üç illik həbsxana həyatı onu gözləyir. 16 yaşlı blogger yanvar ayında, Azərbaycanda həbs olunub və hazırda məhkəməsini gözləyir. O, Azərbaycandakı siyasi vəziyyət haqqında yazdığı bloq yazıları ilə tanınır. Gənclər hərəkatı təsis edib.

    Qeyd edək ki, Ömər Məmmədov barədə xəbər hər 10 dəqiqədən bir təkrarlanır və bunu gün ərizində on minlərlə insan görəcək.

    Müəllif: Meydan TV