

Dünən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının növbədənkənar onlayn konfransı keçirilib. Konfransda təşkilati məsələlərə baxıb. Təşkilatın sədr əvəzi Xantural Şərəfxanlının ötən müddət ərzində fəaliyyət barədə hesabatı dinlənilib.
NTK sədrinin də hesabatı dinlənildikdən sonra təşkilati məsələlərin müzakirəsi keçirilib. Təşkilatın 9 nəfərdən ibarət məclisi və 3 nəfərlik təftiş qrupu seçilib.
Sonda açıq səsvermə nəticəsində Yusif Xantemir Gənclər Təşkilatının sədri seçilib.
Səlahəddin Əsgər: “Bu, bütövlükdə cəmiyyətin durumu ilə bağlıdır”
Azərbaycanda son illərdə gənclər təşkilatlarının fəaliyyəti sıfıra enib. Halbuki, vaxtilə siyasi partiyaların, yaxud partiyalara bağlılığı olmayan gənclər təşkilatları var idi ki, ölkədə fəallıqları ilə seçilirdilər.
Hazırda əksər siyasi partiyalarda ya gənclər təşkilatları yoxdur, ya da həmin partiyalarda gənclərlə əlaqələri rəhbərlərin təyin etdikləri müavinlər, yaxud müşavirlər qururlar. Siyasi fəaliyyətlə məşğul olan gənclərin nə iş gördükləri, nə üçün gənclər təşkilatlarının fəaliyyətinin bu qədər zəifləməsi ilə maraqlandıq.

VHP Gənclər Şöbəsinin müdiri Səlahəddin Əsgər milli məsələlərdə gəncləri aktiv olmağa çağırdı: “Hazırda partiyamızda 3 minədək gənc fəaliyyət göstərir. Ümumiyyətlə, partiyanın müxtəlif strukturlarında gənclər yer alıb və Gənclər Təşkilatında olan bir çox gənc sonradan partiyanın rəhbər strukturlarında təmsil olunurlar. Bu gün VHP Mərkəzi İcra Aparatına rəhbərlik edən Samir Əsədli zamanında Gənclər Təşkilatının rəhbəri olub. VHP Gənclər Təşkilatı ölkənin bir çox gənclər təşkilatları ilə əlaqələr qurub. Müsavat, Ümid, AXCP, AMİP kimi partiyaların gənclər təşkilatları, eləcə də NİDA və müstəqil gənclər təşkilatları ilə əməkdaşlıqlarımız var. Bir neçə dəfə birgə tədbirlər keçirilib, siyasi polemikalar aparılıb. Ölkədə gənclər təşkilatlarının fəaliyyətinin passivliyinə gəldikdə isə, bu bütövlükdə cəmiyyətin durumu ilə bağlıdır. Təbii ki, Qarabağ məsələsində, bir çox milli məsələlərdə gənclər aktivlik göstərməlidir. Bizim fəaliyyətimiz də əslində bu aktivliyi yaratmaq, gənclərin ölkənin ictimai-siyasi həyatına təsirini artırmaqdan ibarətdir”.

AĞ Partiyanın gənclərlə iş üzrə müşaviri Araz Teymurlu deyilənlərlə dolayısı ilə razılaşmır: “Gənclər nəinki Azərbaycan siyasətində, bütün dünyada siyasətin lokomotivini təşkil edir. Tarixən siyasi proseslərə nəzər salsaq görərik ki, dünyada baş verən bütün önəmli hadisələrdə gənclər aparıcı qüvvə olub, olmaqda da davam edəcəklər. Boşuna deyil ki, bütün siyasi partiyalar təşkilatlanmış gəncləri, tələbə gənclər təşkilatlarını və s. öz sıralarında görmək istəyir. Siyasi partiyaların enerjisi, gücü, motivasiyası gənclərin çiyinləri üzərində olur. Bildiyiniz kimi, AĞ Partiya Azərbaycan siyasi səhnəsində digər partiyalarla müqayisədə yeni qurulmuş partiyadır. Belə olmasına baxmayaraq, kifayət qədər çəkisi olan və günü-gündən güclənən partiyadır. Bu nüansı boş yerə vurğulamadım. Çünki partiyamızın rəhbərliyində təmsil olunan şəxslər zamanla ölkənin ən böyük siyasi partiyalarından olan bir təşkilatın gənclər qollarında yetişmiş, ciddi siyasi fəaliyyətlə məşğul olmuş şəxslərdir. Bu siyasi təcrübə bu gün partiya quruculuğunda və fəaliyyətində öz sözünü deyir. Partiyamızın gəncləri təşkilatlanmaqla, gücünə güc qatmaqla, ölkəmizdə yetişən gəncliklə işləməyin yolunu tapmaq üzərində çalışır. Gördüyümüz işlərə baxacaq olsaq rahatlıqla deyə bilərik ki, bu sahədə nəticə də əldə edirik. Əlbəttə, daha böyük işlər üçün müəyyən zaman lazımdır. Hər bir AĞ Partiyalı gənc məsuliyyətini dərk edir, ideoloji cəhətdən hazırlıqlıdır, daima öz üzərində işləyir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Müsavat Partiyasının keçirdiyi mini futbol turnirinin qalıbləri bəlli olub.
Olimpiya stadionunun Azfar meydançasında keçirilən final olyununda Müsavat və VHP komandaları qarşılaşıb.
Çox gərgin keçən oyun 3:3 hesabi ilə nəticələnib. Əsas oyundan sonra əlavə vaxtda da qalib müəyyən olunmayıb – 4:4.
Penalti zərbələrini daha uğurlu icra edən VHP komandası turnirin qalibi olub. Qeyd edək ki, turnirdə AXCP, Nida, Real və jurnalistlərin komandaları da iştirak edib.
Oyundan dərhal sonra mükafatlandırma mərasimi keçirilib. Müsavat Partiyasının başqanı Arif Hacılı turnirin kubokunu VHP komandasına təqdim edib. Daha sonra VHP və turnirdə 2-ci yeri tutmuş Müsavat komandasının üzvlərinə medallar təqdim edilib.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının üzvləri Gürcüstan parlamentində keçirilən Cənubi Qafqaz və Ukrayna gənclərinin 5-ci Forumunda iştirak edirlər.
Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının (VHP) növbəti – XII Konfransı keçirilib. Konfransın işində 74 nümayəndə iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfrans Pünhan İmamlının təşkilat komitəsinin məlumatının bildirməsi ilə davam edib. Konfransa Səlcuq Elçin sədr və Sevil Sadatqızı katib seçiliblər.
Gənclər Təşkilatının sədri Amal Nəzərli hesabatla çıxış edib, hesabatında ötən müddət ərzində gənclər təşkilatının fəaliyyətindən danışıb. O bildirib ki, VHP Gənclər Təşkilatı ötən iki il ərzində uğurlu fəaliyyət göstərib, partiyanın və ölkənin siyasi fəaliyyətində aktiv iştirak edib, proseslərə öz fəal münasibətini bildirib. A.Nəzərli həmçinin VHP Gənclər Təşkilatının hesabat dövründə beynəlxalq təşkilatlarla, həmçinin müxalif gənclər qurumları ilə əməkdaşlıq etdiyini bildirib.
Daha sonra Nəzarət Təftiş Komitəsinin qurumun fəaliyyəti ilə bağlı hesabatını Nüsrət Abdullayev konfrans iştirakçılarına çatdırdıb. Gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.
Təşkilat Komitəsinin sədri Tural Hüseynli bildirib ki, Gənclər Təşkilatının sədrliyinə 5, Məclis üzvlüyünə 19, NTK üzvlüyünə 4 nəfərin namizədliyi qeydə alınıb.
Sədrliyə namizədlərə söz verilib, hər bir namizəd öz platrormasını elan edib, konfrans nümayəndələrinin suallarına cavab veriblər.
Konfransda iştirak edən Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və partiya sədrinin müavini Arif İsmayılbəyli gənclər qarşısında çıxış ediblər. Onlar ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər və partiyanın fəaliyyəti haqqında danışıb, VHP Gənclər Təşkilatının gələcək işləri ilə bağlı gənclərə tövsiyyələr veriblər, uğurlar diləyiblər.
Sonda gizli səsvermə keçirilib.
Sədrliyə namizədlərdən Kamran Habiloğlu iştirakçıların daha çox səsini alıb və təşkilata sədr seçilib. Həmçinin 17 Məclis və 3 NTK üzvü seçilib.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının Məclisi növbəti yığıncağını keçirib. Toplantıda təşkilati məsələlər və təşkilatın konfrans hazırlıqları müzakirə edilib. Konfransda Gənclər Təşkilatının sədri Amal Nəzərli səlahiyyət müddətinin başa çatması ilə bağlı istefa verdiyini bildirib. Məclis təşkilatın Əsasnaməsinə uyğun olaraq, onun istefasını qəbul edib.
Kamran Niftəliyev növbəti konfransa qədər təşkilatın sədr əvəzi seçilib. Həmçinin bildirilib ki, konfrans nümayəndələri əsasnaməyə uyğun bütün rayon şöbələrindən seçilib. Məclis konfransın vaxtını elan etməyi təşkilat komitəsinə həvalə edib. Sonda ictimai-siyasi məsələlər müzakirə edilib.
VHP Gənclər Təşkilatının mətbuat xidməti
Saxta seçki, qeyri-demokratik yolla hakimiyyətə gələnlər həmişə savadlı, məntiqli, aydın baxışlı, mübariz insanlardan qorxurlar. Çünki cahil, avam adamlardan fərqli olaraq, savadlı insanları qorxutmaq və aldatmaq, onları istənilən kimi idarə etmək mümkün deyil. Məhz bunun nəticəsidir ki, əlində onlarla TV, radio, yüzlərlə qəzet, sayt olan hökümət müstəqilliyi qoruyub saxlamış tək-tük media orqanını da susdurmaq istəyir. Metro stansiyalarında hər növ pərakəndə satışa şərait yaradılır, yalnız qəzet və kitab satışına imkan vermirlər. Bir qayda olaraq avtoritar rejimlər xalqın qəzet, kitab oxumasını, ümumilikdə maariflənməsini istəmir. Belə rejimlər həmişə xalqı qorxu, xof altında saxlamağa, oxumalarına, savadlı olmalarına imkan verməməyə çalışır. Bu gün Azərbaycan gəncliyinin fəal kəsimi demokratik idarəçilik tərəfdarları və onun uğrunda savaşanlardır. İndiki gənclik hərəkatı (partiya gənclər komitələri, ictimai yönümlü gənclər qurumları, bloggerlər və başqaları fərq qoymadan birlikdə çağdaş Azərbaycanın gənclik hərəkatını təşkil etdiyini qəbul etməliyik) rahat şəraitdə deyil, repressiya, təzyiq altında formalaşıb, ayaqda qalıb.
Son on ildə gənclərin kütləvi həbsinə başlanılandan sonra tam əminliklə deyə bilərik ki, gənclərin ölkənin demokratikləşməsində rolu artmaqdadı. Bu mübarizədə İlkin Rüstəmzadənin böyük əməyi olub. Gənclik illərinin bahar dövrünü həbsxanada keçirməsi heç də yalançı və böhtançı hakimiyyətin onu ittiham elədiyi “xuliqanlıq”, “Harlem shake”lə bağlı deyil, məhz bu mübarizə, demokratiya amili ilə bağlıdır. İlkini aktiv vətəndaş mövqeyinə, az vaxt içərisində öz mübarizə əzminə, gənclər arasında geniş populyarlıq qazandığına görə həbs etdilər. Həmin vaxt keçirilən əsgər ölümləri ilə bağlı iki kütləvi aksiyada onun müstəsna rolu var idi. 12 yanvar və 10 mart aksiyaları gənclik hərakatının formalaşasında mühüm rol oynadı. 2013-cü ilin 26 yanvarında sosial şəbəkə vasitəsilə təşkil olunan İsmayıllıya dəstək aksiyasının da əsas əlaqələndiricisi İlkin idi. Hakimiyyətin bütün repressiv addımlarına baxmayaraq, bu tədbirlərin kütləviliyinin təmin edilməsində, aksiyanın dinc, zorakı olmayan qaydada baş tutmasında Ilkin Rüstəmzadənin böyük rolu olmuşdur. 21 yaşlı İlikinin cəmiyyətdən təcrid edilməsi, saxta və bir az da gülməli ittihamlarla həbs edilməsi onun bu aksiyalardakı təşkilatçılığı, gənclər arasında nüfuzu və mübarizə əzmi ilə bağlı idi. İlkin 2009-cu ildə Azərbaycan İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinə daxil olub. Bu həbs onun təhsilini yarımçıq qoydu. Amma İlkin vətənpərvərlik, azad düşüncə uğrunda mübarizə imtahanından alnı açıq çıxdı və ən böyük universitet olan həyat ona kamillik diplomu verdi. Natamamlıq girdabına yuvarlanmış bir ölkədə 24 yaşında kamillik diplomu almaq hər gəncə nəsib olmur. İlkin indi 24 yaşına doğru gedir, ancaq çox insanda olmayan müdriklik, dəyanət və dözüm var bu oğlanda. İlkininə deyiləcək başqa bir söz varmı?! Sadəcə və sadəcə, “Səninlə fəxr edirik, İlkin!”
Samir Əsədli
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının sədri Amal Nəzərli Gürcüstanın İnkişaf Fondunun təmsilçiləri David Narouşvili, Giorgi Taktakaşvili və Dima Boluaşvili ilə partiya qərargahında görüşüb.
Görüşdə Fond ilə VHP Gənclər Təşkilatının, eləcə də Azərbaycan gənc siyasətçiləri ilə gürcü siyasətçilərinin əlaqələri müzakirə edilib.
Həmçinin ölkədə, Qafqaz regionunda baş verən siyasi olaylar da müzakirə pridmenti olub.
Sonda fond ilə VHP Gənclər Təşkilatının əməkdaşlığı barədə razılıq əldə olunub.