Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Xalq şairi 71 yaşını Almaniyada qarşılayır

    Dünən gecədən çox insan zəng vurub, təbrik edib.

    Bu sözləri Teleqraf.com saytına açıqlamasında Sabir Rüstəmxanlı deyib.

    Xalq şairi bildirib ki, hazırda Almaniyadadır:

    “Almaniyada Güney Azərbaycan məsələlərinə həsr olunmuş konfransdayam. Almaniyanın müxtəlif şəhərlərindən, İsveçdən, Türkiyədən, Bakıdan gələn insanlarla bir aradayam. Elə indilərdə konfransımız başlayacaq. Ad günümü də bu şəraitdə keçirirəm. Almaniyada olan qohum-əqrəba ilə də görüşmüşəm. Mənim üçün ən gözəl ad günü millətimizin taleyi ilə bağlı olan bu cür toplantılarda olmaqdır”.

    Redaksiyamız adından biz də xalq şairinə “71 yaşın qutlu olsun” deyir, ona öz ürəyindən doğulan “Ad günü” şeirini hədiyyə edirik:

    Bəlkə min il yaşlı, on min il yaşlı

    Sirli bir mahnının ardınca bu gün.

    Dağlara gəlmişəm yalqız, kimsəsiz

    Öz doğum günümü qutlamaq üçün!

    Ürək oxuyanın işləri müşkül,

    Gözlərdə göz alan dərinlik qalmır.

    Onsuz da seyrəlir dost məclisləri,

    Sözlərdə əvvəlki şirinlik qalmır.

    Tənha zirvələrlə verim baş-başa,

    Məni onlar atdı burdan həyata.

    Görüm ucaların halı necədi,

    Dözə bilirlərmi bu gedişata!..

    Adımı köksünə həkk eləmişdim,

    Bilmirəm ağrısı dərindədirmi?

    Salam çinar qardaş, nəğməm darıxır,

    Sənin mahnıların yerindədirmi?

    Əgər yerindəsə bir ağız oxu

    Ya da sağlıq söylə köklər eşqinə,

    Sən də badəyə dön, ay əlçim bulud

    Qaldırım başıma göylər eşqinə!

    O göl qədəhini qaldır, qoca dağ,

    Nuş elə, lap nəfəs kəsəsi olsun.

    Mən ömrüm uzunu səni öymüşəm,

    Sən də bir ağız de, əvəzi olsun!

    Bu meşə, bu çəmən, bu bulaq, bu yol,

    Köhnə dostlərımdı məclisimdə cəm.

    Şəhərin səhəri ayıltdı məni

    Şəkər bulaqlardan keflənəcəyəm!

    Elə sehir var ki, bu ucalıqda

    Ürəyi dəyişir, vaxtı çaşdırır.

    Dağlar ad günümə hədiyyə kimi

    Ruhumu yenidən cavanlaşdırır.

    Qeyd edək ki, Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan

  • Laçının işğalından 25 il ötür – FOTO

    Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 25 il keçir.

    Vhp.az-ın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

    İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

    İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

  • “Bu qurum Rusiyadakı azərbaycanlıları birləşdirdi”

    Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi müəyyən qüvvələrin təsiri altında olub.

    Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

    Onun sözlərinə görə, ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə daim müdaxilə edən, bu münasibətləri kəskinləşdirmək üçün bütün vasitələrdən istifadə edərək dövlətlərarası münasibətlərə xələl gətirən qüvvələrin fəaliyyətinin nəticəsidir.

    İki ölkə arasındakı münasibətlərin həmişə yüksək səviyyədə olacağını bildirən F.İbrahimli qeyd edib ki, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirib: “ÜAK Rusiya-Azərbaycan münasibətlərini tənzimləyən bir konqres deyil. Bu qurum Rusiyadakı azərbaycanlıları birləşdirdi. Azərbaycan-Rusiya münasibətləri yalnız konqres müstəvisində qurulmayıb ki, qurumun ləğvinin nəticəsində münasibətlər korlansın, zəifləsin”.

    Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

  • “Bayıldan bayıra” həbsxana sirlərini açdı – Foto

    Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, yazıçı VHP Xətai rayon təşkilatının sədri Faiq Balabəylinin “Bayıldan bayıra” kitabının təqdimat mərasimi keçirilib.

    Axar.az xəbər verir ki, mərasimdə tanınmış yazıçılar, şairlər, oxucular və media nümayəndələri iştirak edib.

    Tədbiri giriş sözü ilə açan şair İlqar Fəhmi Faiq Balabəylinin yaradıcılığından danışıb və “Bayıldan Bayır”a kitabının qəribə enerjisi olduğunu deyib:

    “Kitabda nə qədər ağrılı şeylərdən bəhs olunsa da, bu, oxucuya mənfi enerji ötürmür. Yəni fərdin ağrılarını oxucu hiss etmir. Faiq müəllim bunu çox ustalıqla işləyib”.

    Daha sonra söz alan xalq şairi Sabir Rüstəmxanlı və tanınmış yazıçı Seyran Səxavət müəllifin həssaslığından, müşahidə qabiliyyətindən, şeirdən nəsrə keçməsindən söz açıb.

    Əməkdar artist Şövqi Hüseynov da Faiq Balabəylini təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

    Şair Bilal Alarlı “Bu kitabda yazılanları tam dərk etmək üçün həmin hadisələri yaşamaq lazımdır. Mən də bu həyatı iki il yaşamışam. Buna görə də kitabı tamamilə dərk edirəm. Faiq bəy həbsxana həyatının bütün cizgilərini ustalıqla əks etdirib”, – deyib.

    Şair Kəmaləddin Qədim müəllifin yazı dilinin axıcılığını, rəvanlığını vurğulayıb.

    Tədbir zamanı 46 nörməli məktəbin şagirdləri Faiq Balabəylinin şeirlərini səsləndiriblər.

    Mərasim şair və yazıçıların çıxışları ilə davam edib. Sonda Faiq Balabəyli kitablarını imzalayıb.

  • 3 may Türkçülük Günüdür

    Sabir Rüstəmxanlı: “Türkçülük bayramı yüksək səviyyədə keçirilməli, hətta rəsmləşdirilməlidir”
    Bu gün – 3 may Türkçülük Günüdür. Dünya türklərinin qeyd etdikləri bu tarix Azərbaycanda da hər il xatırlanır, amma istər iqtidar, istərsə də müxalifət düşərgəsində bu gün yüksək səviyyədə qeyd olunmur. 3 mayın tarixi ilə bağlı hər ilin bu vaxtları geniş müzakirələr açılır. Bu il də eyni hal sosial şəbəkələrdə bir daha özünü büruzə verməkdədir. Bəzi mənbələrə görə, 3 may Türkçülük Gününün tarixi 1277-ci ildən başlayır.
    Hazırda Azərbaycan və Türkiyədəki milliyyətçilər arasında daha çox populyar olan ortaq versiya var. Həmin versiyaya və vikipediya məlumatlarına görə, bu bayramın keçirilməsinin səbəbi Türkiyənin böyük şairi Hüseyn Nihal Adsızın üzərində qurulan məhkəmə prosesi ilə bağlıdır. İrqçilik iddiası ilə Sabahattin Ali tərəfindən məhkəmələrə çəkilən şairin üzərindəki proseslərdən birində – 3 may 1944-cü ildə böyük etiraz nümayişi olub. Sonradan “Ankara nümayişi” adını alan həmin yürüşü anmaq məqsədilə bu gün qeyd olunmağa başlayıb. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar ve Reha Oğuz Türkkan başda olmaqla, 10 məhkum tərəfindən Tophane hərbi həbsxanasında qeyd edilib.
    1945-ci ilin 29 martınadək davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılıb. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görüblər. Onlar vəkillərinin müraciətləri əsasında iki il sonra bəraət alıblar.
    1954-cü ildən etibarən bu gün Nihal Atsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş şəkildə keçirilir.
    3 may Türkçülük Gününün Azərbaycanda qeyd olunması daha çox sabiq prezident Əbülfəz Elçibəyin sayəsində özünə yer tapıb. 1992-ci ilin 3 mayında Bakıya səfərə gələn türk nümayəndə heyətinin tərkibində olan Alparslan Türkeş bir milyon insanın qarşısında Elçibəylə bərabər çıxış edərkən, toplantıya qatılanları “bozqurd” işarəti ilə salamlayıb…
    VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında bu günün önəmindən danışdı: “Əslində bayram olaraq, elə də qədim bir tarixi yoxdur. Türklərin bayram kimi qeyd etməli olduqları çox tarixi hadisələr var. Türklərin çox zəfərləri olub ki, bunların hər biri bayram kimi qeyd oluna bilər. Açığı deyim ki, Türkiyədə bu gün o qədər də geniş qeyd olunmur. Bu günü ən çox qeyd edən Azərbaycandır. Ölkəmizdə bir az təvazökarlıqdan kənar olsa da, xanımım Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi Azəri-Türk Qadınlar Birliyinin xətti ilə hər il bu günü önəmli yerlərdə yüksək səviyyədə qeyd edirik. Bu il ailəmizdə olan bəzi məsələlərə görə yaxşı hazırlaşa bilmədik. Bu günlə bağlı türk dünyasının hər yerindən sənət adamları çağırılır. İlin 365 gününü terror və başqa hadisələrlə dolu günlərlə keçiririk. İlin heç olmasa belə günlərini sevinclə qeyd etməli, başımızı dik tutmalıyıq, çünki biz tarixin qədimlərindən gələn böyük xalqlardan biriyik. Bu baxımdan, türkçülük bayramı yüksək səviyyədə keçirilməli, hətta rəsmləşdirilməlidir. Xalqın milli kəsimi bu bayramı qeyd edir. Millətçilik şüuru inkişaf etmiş şəxslər bunu əsasən qutlayırlar. Halbuki bu günü türk dünyasında hər kəs qeyd etməlidir. Fərqi yoxdur hansı tarixdən başlayıb, kimlərin adı ilə bağlıdır. Önəmli olan odur ki, belə bir bayramımız var. 3 may ilin ən gözəl günlərindən biridir. Baharın da ən gözəl vaxtlarına təsadüf edir. Böyük şəkildə edilməsə də, mətbuat və digər vasitələrlə bu günü daim xatırlatmaq lazımdır ki, bu gün türklərin bayramıdır”.
    S.Rüstəmxanlı türklərin bir olması baxımından da 3 mayın əhəmiyyətindən söz açdı: “Bir millət donuq su kimi yaşasa, gec-tez iylənəcək. Hər bir millət axar su kimi yaşamalı, daim hərəkətdə olmalıdır. Bu türk bayramı türklərin yaşadığı hər yerdən bir rüzgar kimi əsib keçməlidir. Bizim Bakıya dəvət etdiyimiz türk sənətçilərin buradakı çıxışları böyük maraqla qarşılandı, bundan sonra həmin sənətçilər Türkiyəyə də dəvət olundular. Belə proseslər davamlı olmalıdır. Türk dünyasının ən gözəl sənətçiləri belə bayramlarda bir araya gəlməlidirlər. Biz türklükdən danışırıq, amma kimsə barmaqla göstərə bilərik ki, qırğızların ən gözəl sənətkarı, yaxud şairi kimdir? Halbuki bir-birimizə çox yaxın olmalıyıq. Biz bu bayramdan türk dünyasının mədəniyyətinin sirlərinin açılması üçün istifadə etməliyik”.

    Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bu günə hörmət və ehtiram bəslədiyini vurğulayıb:
    “Şübhəsiz ki, biz bu günə, onun önəminə hörmət bəsləməli, onu təqdir etməliyik. Bu, 1944-cü il hadisələri ilə bağlıdır. Nihal Atsızın ruhu şad olsun. Bu, onun başlatdığı hərəkatla bağlıdır.
    Biz bu günü 24 iyun tarixində – türklüyü bizə tanıtdıran, bizim türk kimliyimizi çağdaş dönmdə siyasi gündəmə gətirən Ə.Elçibəyin doğum günü münasibətilə keçirirk. 17 ildir ki, bu qərar qəbul edilib və 17 ildir ki, 24 iyun tarixini qeyd edirik.
    Yaxşı olardı ki, 3 may günü də türklük günü kimi bütün türk cümhuriyyətlərində qeyd olunardı. Lakin təəssüflər olsun ki, bu belə deyil. Bu və digər bayramların birgə keçirilməsi təqdirəlayiq olar”.
    Cavanşir ABBASLI

    Yeni Müsavat

  • VHP Binəqədi rayon təşkilatı konfrans keçirib-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Binəqədi rayon təşkilatının növbəti VI konfransı keçirilib. İlk öncə ADNA-da baş verən terror zamanı dünyasını dəyişənlərin xatirəsi yad edildi. Dövlət himni və VHP-nin marşı səsləndirilib.

    Namiq Rəhimli rayon təşkilatının və Pünhan İmamlı isə MNT-nın hesabatlarını veriblər. Hesabatlar ətrafında müzakirələr aparılıb.

    VHP-nin qurultayına nümayəndələr seçilib. Sonda Namiq Rəhimiv təşkilatın sədri, 17 nəfərlik Məclis və 3 nəfərlik NTK üzvləri seçiliblər.
    Konfransın işində VHP MNTK sədri Felmar Ələkbərli, Siyasi Şura üzvləri Samir Əsədli və Arif İsmayılbəyli iştirak ediblər.

     

  • “Bayıldan Bayıra” təqdim edilir

    VHP Xətai rayon təşkilatının sədri, şair-publisist Faiq Balabəylinin “Qanun” nəşriyyatı tərəfindən dərc olunan yeni – “Bayıldan Bayıra” kitabının təqdimat mərasimi keçiriləcək.

    VHP.az VHP Xətai rayon təşkilatına istinadən xəbər verir ki, kitabda müəllifin şəxsən görüşüb söhbət etdiyi, həyatının hansısa məqamına məhbəs həyatı yazılmış qəhrəmanlarının gerçək həyatından bəhs edən povest, hekayətlər və publisitik yazılar toplanıb.

    Tədbir mayı ayının 3-də, saat 14 də AYB-nin Natavan adına klubunda (Ünvan: Xəqani Küçəsi 25) keçiriləcək.

     

  • Müxalifət 2018-ci ilin prezident seçkilərinə hazırlaşırmı…

    Siyasi partiyalar prezident seçkilərinə hazırlıqlara start verməsə də, məsələni diqqət mərkəzində saxlayır; vahid namizəd mümkünmü?..

    2018-ci il oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan 8-ci rəsmi ümumilli seçki olacaq.

    Bəs digər müxalifət partiyaları seçkilərə necə hazırlaşırlar? Onların namizədləri bəllidirmi?

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının sədri Samir Əsədli də bildirib ki, seçkilərlə bağlı partiya daxilində müzakirələr aparılır: “Bütün hallarda siyasi partiyaların əsas fəaliyyətlərindən, müzakirə mövzularından biri də seçkilərdir. Təbii ki, prezident, parlament, bələdiyyə və digər seçkilərlə bağlı müzakirələr gedir. Eyni zamanda ölkənin taleyi, gələcəyi, demokratik seçkilərlə bağlı da fikir mübadilələri aparılır. Bunlardan biri də qeyd olunan prezident seçkiləridir. Lakin partiya seçkilərə öz namizədi ilə və ya digər bir formada qatılacaq, onu indidən söyləmək çətindir. Təbii ki, bu barədə də müzakirələrimiz gedir. Ancaq bunu yəqin ki, seçki ərəfəsində partiyanın müvafiq qurumu müəyyənləşdirəcək”.

    Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Yeni Müsavat”a bildirdi ki, seçkilərlə bağlı hələ ki konkret qərarları yoxdur: “Gələn il partiyanın qurultayı keçiriləcək. Seçkilərlə bağlı qurultay öncəsi rayon təşkilatları demək olar ki, hər şənbə mərkəzi qərargahda toplanır, müzakirələr aparılır. Həmçinin 2017-2018-ci il üçün yol xəritəsi planımız da hazırlanır. 2018-ci il seçkilərinə gəlincə isə bu barədə qəti bir fikir olmasa da ola bilsin ki, partiya ya da digər qurumlarla seçkilərə qatıla bilərik. Konfranslar, regional müşavirələrimiz başa çatdıqdan sonra bununla bağlı tam qərar veriləcək”.
    ADP sədrinin müavini Həsrət Rüstəmov partiya daxilində məsələ ilə əlaqədar hələ ki heç bir müzakirənin aparılmadığını dedi: “Seçkilər növbəti il olacaq, ona görə də, doğrusu, bununla bağlı müzakirə aparmamışıq. Ümumiyyətlə, bizim mövqeyimiz belədir ki, partiya mümkün qədər seçkilərdə iştirak etməlidir. Biz də imkanlarımız çərçivəsində seçkilərə qatılmağa çalışırıq. Daha çox parlament hakimiyyətində təmsil olunmağa üstünlük veririk. Ancaq bildiyiniz kimi, Azərbaycanda prezidentli respublikadır və siyasi partiya hakimiyyətə gəlmək istəyirsə, prezident hakimiyyəti uğrunda mübarizə aparmalıdır. Seçkilərlə bağlı partiyamızda prezident seçkilərinə yaxın qərar veriləcək. Buna da partiyanın daha yüksək qurumları qərar verməlidir. Hələlik isə belə bir qərar yoxdur”.
    VİP sədri Əli Əliyev hesab edir ki, müxalifət bu seçkilərə təmərküzləşmiş formada qatılmalıdır: “Bizim partiyada bu məsələ müzakirə olunub və ehtimalımız belədir ki, bu ilin ikinci happy wheels demo yarısında seçkilər olacaq. Prezident seçkiləri bizim hesablamalarımıza görə, namizəd dəyişikliyi ilə müşahidə olunacaq. Yəni YAP bu dəfə seçkilərə başqa namizədlə gedəcək. İlham Əliyevin prezident olmasını hesablamırıq. Təbii ki, bu, ehtimallardan biridir. Bizim yanaşmamız ondan ibarətdir ki, müxalifət mümkün qədər prezident seçkilərinə təmərküzləşmiş halda qatılmalıdır. Əks halda isə şanslar çox minimaldır. Hesab edirik ki, bugünkü vəziyyəti nəzərə alarsaq, müxalifət təmərküzləşməsə, növbəti hakimiyyət dönəmi də iqtidarın yürüşü ilə müşahidə olunacaq. Əgər müxalifətin daha geniş formatda seçkilərə qatılması baş tutmasa, iştirak etdiyimiz formatlarla seçki prosesinə qatılacağıq. Hazırda 3 formatda təmsil olunuruq. Bu formatların birində 9, digərində 7 partiya təmsil olunur. Üçüncüsü isə Milli Təşəbbüs Qrupu adlı qeyri-siyasi əməkdaşlıq formatıdır ki, orada da varıq. Bu formatların biri ilə seçkiyə qatılmaq variantı da alınmasa, ikitərəfli münasibətlərimiz olan təşkilatlarla seçkiyə qatılmağı düşünürük. Yəni partiya olaraq seçkilərə qatılmaqda niyyətliyik. Bu ilin birinci yarısında gözlənilən qurultayımızda da çox güman ki, ehtimal olunan prezident seçkilərinə münasibəti ifadə edən qərarlarımız olacaq”.
    AĞ Partiyanın lideri Tural Abbaslı bildirib ki, hər bir partiya üçün istənilən seçki özünü təqdim və əlavə siyasi dividentlər qazanmaq üçün bir şansdır: “Əgər nəzərə alsaq ki, bu seçki prezident seçkiləridir və Azərbaycan da prezident üsul-idarəsi ilə idarə olunur, o zaman bu seçkilərin vacibliyi daha bariz şəkildə görünür. Bizim də AG Partiya olaraq bu seçki ilə bağlı təbii ki, planlarımız və fikirlərimiz var. Ancaq nəzərə alsaq ki, prezident konstitusiya dəyişikliyindən sonra orada nəzərdə tutulan səlahiyyətlərdən istifadə edib 1-ci vitse prezident təyin edirsə, belə düşünmək olar ki, hakimiyyət 2018-ci ildə bu seçkiləri keçirməyəcək. Ola bilər ki, hakimiyyət iddia etsin ki, prezidentin səlahiyyət müddəti yeni konstitusiyaya görə, müddəti 7 ildir. Ancaq belə olmayacaq və 2018-ci ildə seçkilər keçiriləcəksə, indiki siyasi durumu nəzərə alaraq deyə bilərəm ki, bizim partiya olaraq öz namizədimiz olacaq. Təbii ki, əgər həmin siyasi vəziyyətdə hansısa müxalifət lideri digərlərindən qabaqda olacaqsa, seçkinin hansısa mərhələsində demokratiya və müsbət dəyişiklik naminə ona da dəstək verə bilərik. Məncə, hələ bu məsələlər barədə danışmaq və konkret bir söz demək üçün bir az tezdir. Prosseslərin hələ bir az da inkişaf etməsi lazımdır”.

    Əli RAİS

    Yeni Müsavat qəzeti

  • VHP sədri diplomatlarla görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı partiyanın qərargahında ABŞ-ın ölkəmizdəki səfirinin siyasi işlər üzrə müşaviri Villiam Solley və Almaniya Federativ Respublikası səfirliyinin birinci katibi Paul Amanna ilə görüşlər keçirib.

    VHP mətbuat xidmətinin yaydığı məlumata görə, bu görüşlərdə ölkədə və dünyada baş verən ictimai-siyasi olaylar və bölgədəki, həmçinin Azərbaycandakı iqtisadi durum müzakirə edilib.

    Görüşlərdə həmçinin bu ölkələrlə Azərbaycanın iqtisadi-siyasi əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri haqda söhbət aparılıb.

    Diplomatlara VHP-nin fəaliyyəti, siyasi proseslərə münasibəti və ideologiyası barədə məlumat verilib.

    Görüşlərdə partiya funksionerləri Felmar Ələkbərli, Samir Əsədli və Arif İsmayılbəyli də iştirak ediblər.

  • Dissident jurnalist Ağamalı Sadiq Əfəndinin 70 illiyi qeyd edilib [Fotolar]

    Aprelin 22-də Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, dissident jurnalist, ictimai siyasi xadim, şair, yazıçı Ağamalı Sadiq Əfəndinin 70 illik yubileyi ilə bağlı BMM-də tədbir keçirilib.

     

    Abzas.net xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, jurnalistlər, yazıçılar və onun yaxınları iştirak edib.

    Tədbiri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açdı. Daha sonra Ağamalı Sadiq Əfəndi haqqında qısa film təqdim edildi.

    Sabir Rüstəmxanlı dissident jurnalistin Milli Azadlıq Hərəkatı dövründən tanıdığını bildirdi, onun yaradıcılığı ilə bağlı danışdı.

    “Meydan hərəkatı dövründə bir mövzunun mübahisəsi gedirdi ki, qələm adamı, yazıçı ictimai-siyasi məsələlərə qarışmalıdırmı, yoxsa yox. Bir tərəf deyirdi ki, xalqın problemlərinə, mübarizəsinə qoşulan şairlərin ədəbiyyatda yeri yoxdu, bu proseslərə qarışanda onlar ədəbiyyatdan çıxırlar. Digər tərəfin sözü isə odur ki, şair, yazıçı, jurnalist vətəndaşın, xalqın mübarizəsindən kənarda qalmamalıdır. Ağamalı Sadiq Əfəndi də bu mövqedə olan və onun nümunəsini yaradan insanlardan biri idi”.

    Sabir Rüstəmxanlı çıxışından bildirdi ki, yüz minlərlə insan meydana çıxanda kimsə evdə qalırsa, deməli həmin insanların ruhu yoxdu. Qələm adamları yol göstərən olmalıdı. Xalqın mübarizəsində mütləq onun yanında olmalıdır.

    “Ağamalı Sadiq ilk gizli, dissident mətbuatı yaradan adamlardan biri idi. Biz bir yerdə işləmişik. Adil Cəmil, Ağamalı Sadiq orda işləyirdi. Çox sevinirəm ki, həmin insanların ilk kitablarının çapında mənim də köməyim dəstəyim oldu. O, Azərbaycan müxalifətinin səsi, sözü, siması olub”.

     

    Ədəbiyyatşunas Rüstəm Kamal isə bildirdi ki, A.Sadiq həm milli tariximizin, həm də milli ədəbiyyayımızın ləyaqətli nümunəsidir.

    “Mən fikirləşirəm ki, 1918-20-ci illərdə ilk cumhuriyyəti yaradan şair, yazıçılarla 90-ci illərdə ikinci cumhuriyyətimizi yaradanlara, o prosesdə iştirak edənlərə eyni baxmalıyıq. İmperiya dövlətləri üçün yazıçıların həyatı başqa əhəmiyyət kəsb edə bilər, amma Azərbaycan milli dövləti üçün bunun başqa əhəmiyyəti var. Ağamalı sadiq əfəndi ləyaqətli vətəndaş və şair kimi yaşadı”.

     

    Müsavat Partiyasının keçmiş başqanı, MSDM sədri İsa Qəmbər də Ağamalı Sadiq Əfəndi haqqında fikirlərini xatirələrini danışdı. O, dedi ki, xalq hərəkatı fəalını həyatı boyu ən önəmli dostlarımdan biri kimi bilib.

    “1986-87-dən başlamış vəfatına qədər biz bir yerdə olmuşuq. Sadiq əfəndi çox tərəfli insan idi. Bəlkə də ona görə onun haqqında çox danışılmır. Şairlər gözləyir ki, mübarizə yoldaşları onun haqqında danışsın, mübarizə yoldaşları gözləyir ki, jurnalistlər danışsın, jurnalistlər də gözləyir ki, yazıçılar danışsın. Amma bizim hamımız bu barədə dəfələrlə danışmalıyıq, tanıtmalıyıq. Gənclərimizə Ağamalı Sadiq Əfəndi haqqında həqiqətləri deməliyik”

    Siyasətçi bildirdi ki, o, Azərbaycan ədəbiyyatının ən nəhəng şairi, ən böyük jurnalisti, ən dəyərli vətəndaşı idi.

    “Ağamalı Sadiq Xalq Cəbhəsinin təsis konfransının təşkilatçısı olub, sovet hökuməti imkan verilmirdi heç bir yerdə toplaşaq. Amma o oğlunun sünnət toyu adı altında AXC-nin təsis konfransını yaşadığı binanın qonşuluğunda bir məclis zalında təşkil etdi. Ağamalı Sadiq belə cəsarətli insan idi. Milləti, vətəni üçün bütün təhlükələrin altına girməyə hazır idi. Azərbaycan müstəqil mətbuatının yaranması prosesində 3-5 insanın adı çəkiləndə mütləq Ağamalı Sadiq Əfəndinin də adı çəkilməlidir. Azərbaycanın ən görkəmli şəxsiyyətilərindən biridir və Azərbaycan tarixində xüsusi yeri var. O, tək Qazaxın, Tovuzun deyil, heç Azərbaycana da aid deyil, türk dünyasının da şairi deyil, Ağamalı Sadiq Əfəndi bütün yaxşı adamların ürəyində olan, qalan bəşər miqyaslı insan idi”.

     

    Ağamalı Sadiqin həm yaxın dostu, həm də tələbə yoldaşı Adil Cəmil də çıxış edib. O bildirib ki, dissident jurnalist onlardan çox fərqli idi, həm də ona müəllimləri kimi baxırdılar.

    “Bizimdə yadımızda azadlıq ideyalarının müəllifi kimi qalıb. 1973 ildə biz Fəxri Xiyabana milli yürüş təşkil etdik, Şixəli Qurbanovun məzarını ziyarət etdik. Küçə ilə gedərkən, gözləmədiyimiz halda bizə çoxlu insan qoşuldu, sonra bizi qara maşınlar elə ordan götürüb dəniz qırağına apardılar. Bizi hədələdilər, az qalmışdı hamımızı universitetdən qovsunlar. Amma yaxşı müəllimlərimiz bizi qorudu, biz qaldıq. Ağamalı Sadiq Əfəndi ilə bizim belə çoxlu xatirələrimiz olub”.

     

    Politoloq Hikmət Hacızadə də tədbirdə çıxış etdi. O, xatirələrindən, Ağamalı Sadiq Əfəndi ilə dostluğundan danışdı.

    “Məsələn, Səməd Vurğun utopik Azərbaycan haqqında yazırdı, amma Ağamalı Sadiq real azərbaycan haqqında yazırdı. Onunla möhkəm dostluğumuz var idi. Mən gitara aşiqi idim, o saz, amma biz çox yaxşı dost idik. O vaxt nə müstəqil ədəbiyyat çap etmək olurdu, nə yazı. Amma Ağamalı Sadiq Cəbhənin bütün yazı işlərini, çap işlərini ciddi təhlükə olmağına baxmayaraq görürdülər. Əlişar Səfərli ilə birgə gedib materialların çapını həyata keçirirdilər”.

     

    TQDK-nın sabiq sədri Vurğun Əyyub Ağamalı Sadiq haqqında çox yazdığını, dəfələrlə müsahibələrində danışdığını bildirdi.

    “Hərəkat həm də bizə belə insanları tanış etdi, həmin insanları tanıdıq. Onun bir maşını var idi, həmin maşınla Azərbaycanı qarış-qarış gəzmişik. Ağamalı öz qiymətini hələ tam almayıb. Azərbaycan ədəbiyyatşünaslığının bu mənada hələ çox işi var”.

     

    Ağamalı Sadiq Əfəndi kimdir? 

    Əfəndiyev Ağamalı Əhməd oğlu (Ağamalı Sadiq) — dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir.

    Ağamalı Sadiq 1947-ci il martın 8-də Qazax rayonunun Qaymaqlı (İncə dərəsi) kəndində ziyalı ailəsində anadan olub. 1964-cü ildə burada orta məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik mantyoru kimi başlayıb. 1972-1977-ci illərdə ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirib. “Yazıçı” nəşriyyatında korrektor, “Maarif” nəşriyyatında redaktor, “Ulduz” jurnalında ədəbi işçi və 1992-1993-cü illərdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb.

    “Müxalifət” qəzetini 1991-ci ildə yaradıb və onun ilk baş redaktoru olub. 1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövrü mətbuatda müntəzəm çıxış edib. Əsərləri türk rus və özbək dillərinə tərcümə olunub.

    Ağamalı Sadiq Əfəndi 1987-ci ildə Azərbaycanda başlanmış milli azadlıq hərəkatının fəal öncülü, müasir, demokratik mətbuatın məşhur yaradıcılarından biri olub. Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupunun qurucularından biri və onun təsis konfransının təşkilatçısıdır.

    AXC-nin təsis konfransı 1989-cu il iyunun 16-ı 8-ci mikrorayonda onun yaşadığı binanın yaxınlığında, 27-ci binanın qarşısındakı xeyir-şər evində kiçik oğlunun sünnət toyu adı altında keçirilib. Həmin konfransda Ağamalı Sadiqin yaxın silahdaşı Azərbaycanın ilk demokratik seçilmiş prezidenti Əbülfəz Elçibəy AXC sədri seçilib.

    1990-cı il 20 yanvar faciəsindən sonra üzvü olduğu SSRİ Yazıçılar İttifaqından istefa verib, ona kəsilmiş yüksək təqaüddən imtina etib, o zamankı rejimin təqib və təzyiqlərinə baxmayaraq informasiya blokadasını yarmaq üçün qeyri-leqal (samizdat) FV-ÇP “fövqəladə vəziyyət” qəzetlərini və bülletenləri məxfi şəkildə nəşr etdirərək xalqa yayıb. Onun imzası “Asəf” kimi tanınırdı, bu elə Ağamalı Sadiq Əfəndi demək idi.

    O, bu qəzetlərdə yazırdı: “Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, bir-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”.

    1990-cı ildə Bakı şəhəri fövqəladə vəziyyət şəraitində olduğu zaman, fevral ayında fəaliyyəti dayandırılmış “Azadlıq” qəzetini bərpa edib və “Azadlığa” rəhbərlik edərək 12 nömrəsini nəşr edib. Faciə günündən az keçməmiş Almaniyanın Münxen şəhərindən yayımlanan “Azadlıq” radiostansiyasına hadisənin təfərrüatları barədə Mirzə Xəzərlə canlı müsahibələr verib və Bakı şəhərində günahsız, əliyalın insanların Sovet qoşunları tərəfindən kütləvi qətl edilmələrini bütün dünyaya bəyan edib.

    1990-cı ildə Ağamalı Sadiq Azərbaycan Ali Soveti deputatlığına doğulduğu Qazaxdan namizədliyini irəli sürür. Xalqın səsini alsa da nəticələr kəskin şəkildə saxtalaşdırılır. Bu saxtakarlığın başında o zaman Moskvanın Azərbaycana təyin etdiyi səlahiyyətli canişini Viktor Petroviç Polyaniçko dururdu.

    Ağamalı Sadiq 1992-ci ildə Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışmışdır. 1995-ci ilin noyabrında Sumqayıt 41 saylı seçki dairəsindən Milli Məclisə namizədliyi qeydə alınsa da səhhətinin pisləşməsi ilə əlaqədar namizədliyini geri götürür.

    1995-ci il dekabrın 12-də səhərə yaxın ağır cərrahiyyə əməliyyatından bir neçə saat keçmiş, saat 14 radələrində Topçubaşov adına eksperimental Tibb institutunda “koronar ürək çatışmazlığı” diaqnozu ilə 48 yaşında vəfat edir.

    13 dekabr 1995-ci ildə ata yurdu Qazaxın Qaymaqlı kəndində (İncə dərəsi) böyük izdihamın müşayəti ilə torpağa tapşırılır.

     

    abzas.net