Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Həbs edilən müxalifətçilər dərhal azadlığa buraxılmlıdir

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası bəyanatı

    Vətəndaş Hərəyliyi Partiyası Siyasi Şurası son günlər ölkədə aparılan həbslər və insan haqlarının pozulması ilə müşahidə olunan siyasi təzyiqlərlə bağlı bəyanat verib. Bəyatanda bildirilir:

    «Son günlər ictimai fəalların müxtəlif ittihamlarla həbsi və onları müdafiə edən vəkillərin qanunsuz olaraq prosesdən uzaqlaşdırılması və səlahiyyətlərinin əlindən alınması VHP olaraq bizi çox narahat edir. 2 aprel mitinqi ilə bağlı aparılan hüquqazidd istintaqın nəticəsində fəal ictimaiyyətçilərin həbsi Azrbaycanda insan haqlarının pozulmasını və siyasi əqidəyə görə təzyiq faktını təsdiqləyən hadisədir. Xüsusilə, Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində dövlət müstəqilliyinə imza atan İstiqlalçı deputat Arif Hacılının həbs edilməsi təkcə siyasi təqib deyil, həm də ölkənin yaxın tarixinə göstərilən münasibət təsiri bağışlayır. Müstəqillik bəyannaməsinin qəbul olunmasının 20-ci ildönümündə bu bəyannamənin qəbulunda iştirak edən fəal deputatlardan birinin yalnız etiraz aksiyasının təşkilatçısı olması səbəbindən mühakimə olunması və həbsdə saxlanılması müasir tariximiz üçün böyük ləkə, insan haqlarının pozulması və mənəvi dəyərlərə sayğısızlıqdır.

    Hüquq müdafiəçisinin özünün məhkum olunması, ictimai fəalları müdafiə edən vəkillərin – Elçin Namazov və Xalid Bağırovun prosesdən uzaqlaşdırılması, onların normal vəkilliklə məşğul olmalarına törədilən maneələr Azərbaycanın hüquqi dövlət prinsiplərinə büsbütün balta çalmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzuna zərbə vurur.

    Vətəndaş Həmrəyliyi Partiyası olaraq ölkədə son vaxtlar baş verən bu cür hüquq pozuntularını və siyasi təqibləri qətiyyətlə pisləyir və həbs olunanların dərhal azadlığa buraxıması, vətəndaşların öz konstitusion hüquqlarından istifadə imkanları üçün normal siyasi şəraitin yaradılmasını tələb edirik».

  • Mirzə İbrahimovun 100 illiyilə bağlı tədbir keçirilib

    Sabir Rüstəmxanli: “Azərbaycan ədəbiyyatini Mirzə Ibrahimovsuz təsəvvür etmək mümkün deyil”

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mənzil qərargahında xalq yazıçısı Mirzə ibrahimovun 100 illiyi ilə bağlı “Mirzə İbrahimov-100” adlı tədbir keçirilib. Millət vəkili, VHP-nin sədri Sabir Rüstəmxanlı tədbirin Dünya Azərbaycanlıları Konqresi (DAK) və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin təşkilatçılığı ilə keçirildiyini qeyd edib. M.İbrahimovun 100 illiyi ilə bağlı ölkədə daha geniş tədbirlərin keçiriləcəyini bildirib. O, vəfa borcları olduğu üçün M.İbrahimovun yubileyi ilə bağlı tədbir təşkil etdiklərini qeyd edib: “Hesab edirəm ki, bu sahə ilə məşğul olan hər bir şəxsin Mirzə İbrahimova bir vəfa borcu var. Biz də məhz elə bunun üçün onun 100 illiyi ilə bağlı tədbir keçirməyi qərara aldıq. Mirzə İbrahimov qürurumuzdur. Zənnimcə, o əfsanə, həmçinin böyük bir şəxsiyyət idi. Mən məhz elə uşaqlıqdan onun əsərlərini oxuyaraq, püxtələşmişəm. Mirzə ibrahimovun “Gələcək gün” əsəri və Cənubi Azərbaycanla bağlı başqa əsərləri məni həddindən artıq təsirləndirirdi. 21 yaşımda Mirzə İbrahimovla tanış olmuşdum və onunla çox gözəl münasibətlərim vardı. Onu tanıdığım və ömrümün bir hissəsini onunla birlikdə keçdiyim üçün çox şadam. Hər zaman üzərimizdə Mirzə İbrahimovun qayğısını hiss edirdik. Onun hazırcavab olması və dünyanı çox yaxşı bilməsi hər zaman diqqətimi cəlb edirdi”. M.İbrahimovun adının dərsliklərdən çıxarıldığını xatırladan DAK həmsədri buna kəskin etiraz etdiyini də qeyd edib. Millət vəkili M.İbrahimovun Azərbaycan dili, millət kimi formalaşması ilə bağlı da çoxlu iş gördüyünü deyib: “Əvvələr Mirzə İbrahimovun adı dərsliklərdə yox idi. Bununla bağlı təhsil naziri Misir Mərdanova etirazımı bildirdim. Sonradan onun adı dərsliklərə salındı. Bunun üçün Misir Mərdanova minnətdaram. Çünki Mirzə İbrahimovsuz Azərbaycan ədəbiyyatını təsəvvür etmək mümkün deyil. Onun ədəbiyyatımızda böyük bir yolu var. O, həm də milli qəhrəman idi. Azərbaycan dilinin ana dil olması məsələsini qaldırmışdı. Məhz elə bu vətənpərvər addımlarının nəticəsi idi ki, o əhalinin bütün təbəqələri tərəfindən hörmətlə qarşılanırdı. Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasında da böyük xidmətləri vardı. Onun “Gələcək gün” əsəri bir çox xarici dillərdə tərcümə olunaraq, rəğbətlə qarşılanırdı”. Tarix elmləri doktoru, professor Cəmil Həsənli M.İbrahimovla bağlı belə bir tədbirin keçirilməsinin tarixi hadisə olduğunu deyib. Onun sözlərinə görə, xalq yazıçısı milli təfəkkürün inkişafına təkan verən bir şəxsiyyət happy wheels demo olaraq mühüm rol oynayıb. O, M.İbrahimovun təkcə ədəbiyyatçı deyil, eyni zamanda böyük bir mütəfəkkir olduğunu vurğulayıb: “Mirzə İbrahimovun həyat və yaradıcılığına araşdıran zaman onun parlaq bir fəaliyyətinin olduğu aydın görünür. O, Cənubi Azərbaycan oyanış hərəkatının inkişafında müstəsna xidmətlər göstərib. Mirzə İbrahimovun böyüklüyü ondan ibarət idi ki, o, milli mübarizənin milli dildən keçdiyini yaxşı başa düşürdü. Məhz elə buna görə də o, hər zaman milli dilimizin qorunmasına səy göstərir və bu istiqamətdə əlindən gələni əsirgəmirdi. Onun Cənubi Azərbaycanla bağlı fəaliyyətilə tanış olan zaman bir-birindən maraqlı hadisələrin şahidi olursan. Hesab edirəm ki, Mirzə İbrahimov Cənubda gedən proseslərin mərkəzi simalarındandır. O, gənc olmasına baxmayaraq, yetkin bir düşüncə sahibi idi. “Gələcək gün” romanında Güney Azərbaycanın bu günü və gələcəyini incəliyilə qələmə almışdı”. M.İbrahimovun anna dili ilə bağlı müstəsna fəaliyyətinin olduğunu diqqətə çatdıran professor onun xalqın maraqların daim uca tutduğunu dilə gətirib. C.Həsənli o zaman dövlət dilinin rus dili olmasına baxmayaraq M.İbrahimovun yalnız azərbaycan dilindən istifadə etdiyini vurğulayıb: “Onun ən parlaq fəaliyyəti 1950-ci illərdən sonraya təsadüf edir. Mirzə İbrahimov ana dilin qorunması istiqamətində bir sıra mühüm addımlar atmışdı. Dil haqqında qanunun qəbul olunmasında onun inkarolunmaz əməyi var. Nazirliklərin dil haqqında qanunun tələblərin nə dərəcədə əməl etməsinə nəzarət etmək məqsədilə Mirzə İbrahimov komissiya yaratmışdı. Milli ideyanın inkişafı ilə bağlı onun əvəzolunmaz xidmətləri var. Məhz elə millətçiliyə görə onu vəzifədən uzaqlaşdırdılar. Sovet rejim ionu alman faşizmindən pis millətçi kimi qiymətləndirirdi. Maraqlı məqam bunda idi ki, sovet dövründə ona bir neçə dəfə təkid olunmasına baxmayaraq, Mirzə İbrahimov yazışmalarını yalnız Azərbaycan dilində aparırdı. Zənnimcə, Mirzə İbrahimov böyük yazıçı, siyasi xadim, dahi mütəfəkkir idi. Onsuz Azərbaycan ədəbiyyatını təsəvvür etmək qeyri-mümkündür. Biz bu kimi şəxslərin rolunu tarixdə olduğu kimi qeyd etməliyik”. Yazıçı Çingiz Abdullayev M.İbrahimovu hələ uşaq yaşlarından tanıdığını qeyd edib. M.İbrahimovun böyük bir şəxsiyyət olduğunu söyləyən Ç.Abdullayev onunla bir yerdə çalışdığı üçün xoşbəxt olduğunu deyib. Yazıçı daha sonra M.İbrahimovla bağlı xatirələrini danışıb: “Azərbaycanda belə insanlar çox az hallarda rast gəlmək olur. Mirzə İbrahimov hər zaman xalqın maraqlarını müdafiə edən şəxsiyyət olub. Böyük ziyalı olan Mirzə İbrahimov həm də xeyirxah insan idi. O, hər zaman bizim xatirəmizdə yaşayacaq”.

    Aqil LƏTİFOV

    “525”-ci Qəzet

  • Sabir Rüstəmxanlı İran müxalifəti ilə görüşüb

    Bakı/02.09.11/Turan: İraqda çətin günlərini yaşayan “Əşrəf” düşərgəsinin taleyi bu günlərdə mövcud İran rejiminin ən ciddi opponentlərindən olan “Mücahidani-Xalq” təşkilatı tərəfindən Fransada müzakirəyə çıxarılmışdır. Tədbirin iştirakçısı olmuş Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bunları “Tuaran”a bildirib.

    “Mücahidani-Xalq” İranda indiki dini rejim 1979-cu ildə hakimiyyətə gəldikdən sonra mərkəz olaraq İraqda yerləşib. Burada təşkilat üzvləri üçün çadır şəhərcik salınıb. Çadır şəhərcik İran rejimilə mübarizədə həlak olan azərbaycanlı xanım Əşrəfin adı ilə “Əşrəf kampı” adlandırılıb. Bu təşkilat rəsmi İrana qarşı siyasi mübarizədə silahlı mübarizəyə də yer verdiyi üçün uzun müddət Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınıb. Təşkilatın sıralarında İran rejimilə barışmayan çoxsaylı azərbaycanlılar da var. 2009-cu ildə Avropa məhkəməsi qərarı ilə təşkilatın üzərindən terrorçu adını götürüb, ABŞ-da təşkilatın üzərindən terrorçu adının götürülməsi üçün çalışmalara başlayıb.

    2003-cü ildə ABŞ İraqa daxil olduqdan sonra burada təşkilatın müdafiəsini öz üzərinə götürüb. Hazırda isə şəhərcikdəki təşkilat üzvlərinin həyatı təhlükədədir. Belə ki, rəsmi Bağdada təzyiqlərini artıran rəsmi Tehran şəhərcikdəki insanların İrana təhvil verilməsini və ilin sonuna kimi kimi şəhərciyin ləğv olunması tələb edir. İraqın baş naziri Malik Nuriyə bağlı qüvvələr şəhərciyi mühasirəyə alıb və İranın tələbini yerinə yetirəcək kimi görünür.

    Bu günlərdə Parisdə keçirilən tədbir də həmin bu təhlükədən yaranıb, tədbirə təşkilatın çoxaylı üzvləri, müsəlman ölkələrinin deputatları. məmurları, ictimai-siyasi fəalları qatılıblar.

     Parisin keçmiş birja zallarından birində keçirilən toplantı da sırf bu insanların taleyilə bağlı olub. “Əşrəf” şəhərciyindəki şəxslərin təşkilat üzvləri olaraq yox, İrana təhvil verilə biləcəkləri halda həyatlarının necə olacağı müzakirə edilib.  S.Rüstəmxanlı deyib ki, müzakirələrin yekunu kimi ümumi rəy onadan ibarət olub ki, “Mücahidani-Xalq” təşkilatının İranla münasibətinə baxmadan şəhərcikdəki insanlar İrana verilə bilməz və beynəlxalq ictimiyyət onlara dəstəkləməlidir. Bu mənada yalnız Suriyadan olan nümayəndə heyətinin mövqeyi birmənalı olmayıb. Hazirki Suriya rejiminə münasibətləri baxımından du dövlətin nümayəndə heyəti daxilində dava-dalaş olub.

    Toplantıda “Mücahidani-Xalq” təşkilatının təmsilçisi kimi mühacirət hökumətinin rəhbəri Məryəm Rəcəvi çıxış edib. O, toplantıya qatılanlara təmsil etdikləri dövlətlərə təsir göstərərək Əşrəf şəhərciyindəki insanları sırf insan haqları baxımından dəstəkləmək təklifi verib.

    S.Rüstəmxanli toplantıdakı çıxışında “Əşrəf” çadır şəhərciyindəki insanları sırf fərd və insan olaraq müdafiə etmək mövqeyində olduqlarını deyib. Çüney Azərbaycan məsələsində Azərbaycançı qüvvələrin “Mücahidani-Xalq”a fərqli yanaşdığını deyən S.Rüstəmxanlı bu gün üzvlərinin müdafiəsinə görə DAK-ın “Mücahidani-Xalq”la eyni müstəvidə olmadığını xatırlatdı. “Milli məsələyə baxışda yollar ayrıdır” deyən S.Rüstəmxanlı “Əşrəf” şəhərciyindəki insani drama biganə qalmağın müsəlman olaraq mümkünsüzlüyünü də dilə gətirib. O, eyni zamanda bundan daha ağır bir faciənin Qarabağda yaşandığını, amma müsəlman dövlətlərinin buna ciddi yanaşmadığını da nəzərə çatdırıb.

  • Urmiya çarə axtarır

    Güntay Gəncalp
    Güneyli mühacir yazar, Finlandiya

    Təhlükənin olduğu yerdə qurtuluş düşüncəsi daha açıq ortaya çıxar. Güney Azərbaycanın ikinci böyük şəhəri olan Urmiyə fars rejiminin yaratdığı təhlükə ilə qarşı-qarşıyadır.
    Urmiyə keçənlərdə böyük bir tarix yazdı. Rejimin hər növ basqılarına, həbslərinə rəğmən, Urmiyə əhalisi şəhərin meydanlarında milli haqq və özgürlüklərimizi hayqırdı. Urmiyəlı qızlar və oğlanlar “Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir” deyə küçələrdə nümayiş keçirdilər. Rejimin özəl qvardiyası nümayişçiləri hədələyib döyməsinə baxmayaraq, Urmiyəlılar böyük bir başarı qazandılar. Rejimin yaratdığı qorxunc sükutu qırdılar.

    Azərbaycanın milli haqlarını dünyaya hayqırdılar. Bir çox həbs edilən olsa da, Azərbaycanın milli haqlarını dünyaya çatdıra bildilər. Urmiyədakı xalq etirazı dünyanın bir çox mediasında öz əksini tapdı.
    Güney Azərbaycan milli məsələsi bir də rejimin təşkil etdiyi ekoloji problemlə qarşı-qarşıyadır. Urmiyə gölünə axan bütün çayların önü kəsilmişdir. Bu da gölün sürətlə qurumasına yol açmışdır.

    Iran Milli Məclisində gölün qurumasının qarşısını almaq üçün gedən layihə dartışmasında belə qərara gəldilər ki, Urmiyə çevrəsində olanlar köçüb başqa yerlərə yerləşsinlər. Rejimin gizli niyyəti ortaya çıxdı: Ekoloji problem yaradaraq türklərin toplu şəkildə yaşadığı bögələrdən əhalini boşaltmaq istəyirlər. Bu şəkildə Güney Azərbaycanda milli şüurun yüksəlişini kökündən söndürmək niyyətindədilər.

    Ancaq Güney Azərbaycan ortaya çıxıb və sürətlə inkişaf edən milli şüur bunun fərqində olduğu üçün xalq Urmiyə gölü məsələsini davamlı olaraq gündəmdə saxlamaq istəyir. Əslində, Urmiyə gölü məsələsində fars-türk savaşı açıqca hiss olunur. Fars zehniyyətinə görə, bölgənin türklərdən boşalması üçün Urmiyə gölü qurumalıdır. Buna görə də gölün tamamən quruması üçün hər iş görürlər.

    Türk zehniyyəti bu bölgəni və tarixi vətənini tərk etmək istəmədiyi üçün Urmiyə gölünün qurumasını istəmir.
    Urmiyə gölü qurusa, nələr olar? On milyardlarla ton duz bölgənin əkinçiliyini təhdid edər. Qısa müddətdən sonra külək duzu bölgənin verimli və əkinçiliyə uyğun olan torpaqlarına daşıyıb bu torpaqları da duzlağa döndərər. Gölün 500 km. çevrəsində bütün verimli torpaqlar təhdid altına düşər. Bölgə bütünlüklə duzlaqlaşar. Təbriz özü də yaşanmaz duruma gələr. Azərbaycanın bütün verimli torpaqları duzlaşma ilə qarşılaşar.

    Bölgədən başqa yerlərə köçlər başlar. Bölgə əhalidən boşalar. Zəhərləyici yağışlar yağmağa başlar. Bölgədə sözün tam anlamı ilə ekoloji fəlakət yaşanar.
    Bu baxımdan Urmiyə gölü məsələsi sadəcə, Güney Azərbaycanın problemi kimi görünməməlidir. Bu, fars zehniyyəti xaricində bütün insanlığın ortaq ekoloji problemidir. Bu baxımdan Güney Azərbaycanın milli mübarizəsi bir yönü ilə dünyanın ekoloji problemlərini çözmək üçündür. Indiki durumda bu mübarizənin ön cəbhəsində Urmiyə şəhəri getməkdədir. Urmiyə gölünün qurumasının qarşısını almaq bütün insanlığın borcudur. Insanlıq Urmiyə başda olmaq üzrə Güney Azərbaycanın bu haqlı savaşına səssiz qalmamalıdır.

  • Bakıda İran səfirliyi qarşısında piket keçirildi

    Bu gün bir qrup gənc İranın Azərbaycandakı səfriliyi önündə aksiya keçirib.

    “Qafqazinfo”nun məlumatına görə, aksiyaya Vətəndaş Həmrəyliyi Partiyasının Səbail rayon təşkilatı, Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyi və “Dalğa” Gənclər Hərəkatı dəstək verib. M. F. Axundov bağından səfirliyin önünə doğru yürüş edən aksiya iştirakçıları İranda insan hüquqlarının bərpa olunmasını tələb edib və Urmiya gölünün qurudulmasına etirazlarını bildiriblər.

    Aksiyada iştirak edən millətçi gənclər “İran viran olacaq, yerində Turan olacaq” kimi şüarlar səsləndirib. Daha sonra aksiya iştirakçıları qətnaməni oxuyub, İran səfirliyinə təqdim ediblər. Qətnamədə Urmiya gölünün müdafiəsinə qalxanların həbs olunmasına etiraz edilir və tələb edilir ki, həbsdə olanlar azadlığa buraxılasın və Urmuya gölü həyata qaytarılsın. Sonda aksiya iştirakçıları səfirliyin önünə üzərinə “Urmiyaya çatar” yazılmış su ilə dolu butulkalar qoyublar. Fatimə Kərimli

  • DOST

    Afaq Məsud

    Xoşbəxtlikdən, ya hansısa ayrı səbəbdən, heç vaxt özümü bu dünyada tənha hiss eləməmişəm. Ən əziz yaxınlarımı itirdikdə belə…
    Dəqiq bildiyim budu ki, buna səbəb – məni daim qayğılar və sevgilərlə əhatə edən ailəm, övladlarım deyil.
    Səbəb – hər an iliyimdə duyduğum Hamıdan Ucanın əzəli və əbədi Sevgisi və bu Sevginin rastıma çıxardığı bir ovuc insanlar – bəzən aylar və illərlə görüşməsək belə, fikir və duyğularını, rəğbət və təəssüb dolu baxışlarını daim ən yaxın məsafələrdə hiss etdiyim əli qələmli dostlarımdı.
    Deyirlər, qohumları bizə Allah verir, dostları özümüz seçirik. Amma məncə dostları da Allah verir. Qəlb və əqidə birliyi üzrə, doğmalıq və dünya duyumu üzrə.
    Bu mənada, mənə görə Sabir Rüstəmxanlının görkəmli ictimai xadim, xalq şairi, fədakar millət vəkili və sair bu kimi, fəxri titullarından daha uca bir titulu var: DOST.
    İnsana əbədi ucalıqlar qazandıran bu titula sahib olmağın yolu daha çətin və daha mürəkkəbdir. İlk növbədə qəlb kamilliyi, böyük və təmənnasız insan sevgisi, sonsuz səbr və nəciblik tələb olunan bu yolu sona qədər alnıaçıq, üzüağ getmək hər kəsə nəsib olmur. Düşünürəm, bu da bir vergidir – Peyğəmbərlik və şairlik kimi, yazıçılıq və rəssamlıq kimi.
    Ən çətin və çıxılmaz məqamlarda özünü vaxtında yetirmək bacarığı, ortaya çıxan problemləri mümkün və qeyri-mümkün üsullarla dəf edə bilmək məharəti, insan və dost sevgisini əlçatmaz ucalıqlarda qoruyub saxlamaq qüdrəti…
    Uzun illər boyu Sabirdə gördüyümüz bu keyfiyyətləri dilə gətirmək, olub- ötənləri xatırlayıb tarixi və dəqiqəsi ilə təsvir etmək üçün bəlkə də sanballı kitab yazılmalıdır.

    lll

    Sabirlə ilk tanışlığımız 1977-ci ildə Zaqatalada – mərhum rejissor qardaşım Eyvazla birlikdə nümayəndə seçildiyimiz Respublika Yaradıcı Gənclərinin toplantısında baş tutmuşdu…
    Hələ o vaxt mən, sivri üz cizgiləri ilə qədim türk əsgərini, lorkasayağı saç düzümü, içindən püskürən hüdudsuz azadlıq sevdasıyla Latın Amerikası şairlərini xatırladan bu adamın Vətən sevgisiylə aşıb-daşdığını, təsəvvüründə qurduğu ideal məmləkətində şairdən çox, mühəndis konstruktivliyi ilə nələrisə dəyişmək istədiyini, türkçülük, azərbaycançılıq ideyalarıyla yanıb-yaxıldığını necəsə, anlamışdım və bu, hələ o dövrlər mənim “şair” və “poeziya” barədə anlayışlarımı bir xeyli laxlatmışdı.
    İllər ötdükcə, Sabir şəxsiyyət və sənət göstəriciləri ilə aydınlaşmağa başladıqca mən, bu narahat adamın inadla məhz nələri dəyişdirmək istədiyini, soyuq ağılla, ya gizli ilahi fəhmlə qurmaq istədiyinin nə olduğunu, həmin o istədiyini artıq varlığı və sənət eşqi ilə hissə-hissə qəlblərdə və əqidələrdə qurmaq üzrə olduğunu anlamağa başlamışdım…
    Türkçülük və azərbaycançılıq, dil və Vətən abadlığı, itirilmiş torpaqlar və qaçqınların dərdi, milli birlik və sosial ədalət uçurumları…
    Sabir artıq neçə illərdir ki, bu barədə danışır və yazır. Şeirlərində, çıxışlarında, publisistik yazılarında, bəzən hətta kino-ssenarilərində.
    Bu zahirən ictimai motivlərin alt qatında isə incə şırımlarla sızan daha dərin və yaralı mətləblərin axıntıları sezilməkdədir…
    Uzun illərin kobud siyasi reformaları içrə əldən getmiş milli-mənəvi dəyərlər, zaman-zaman itirilmiş vətəndaşlıq heysiyyəti…

    lll
    Bu il Sabir 65 yaşını haqladı.
    65 – şeirlər və yazılarla, vətən və dost sevgisi ilə dolu keşməkeşli il. Zamanın və zaman olaylarının öldürücü həmlələrindən sarsılmayan, korşalmayan, fədakarlıqlar və qəhrəmanlıqlar dolu şərəfli ömür yolu.
    Düşünürəm, illər ötəcək, Sabir daha tutumlu rəqəmlərə sığacaq ömür sahibi olacaq, yaşa dolub qocalacaq… Vətən yanğısı da, söz eşqi də olsun ki, səngiyəcək… Lakin dost sevgisi, dost ola bilmək məharəti, istedadı tükənməyəcək, azalmayacaq…
    Bu yerdə böyük Latın Amerikası yazıçısı Borxesin incəliklər və nisgil dolu dost sevgisi yada düşür…
    Ömrünün doxsanıncı dönəmində beli büküldüyündən sərbəst gəzə bilməyən, gözləri yaxşı görməyən yazıçı jurnallardan birinə verdiyi müsahibəsində dostlarla bağlı demişdi:
    – Məni bu dünyaya daha heç nə bağlamır… Bağlayan bir dostlarım idi, onlar da artıq dünyalarını dəyişiblər. İndi mən onların yalnız qəbirlərini ziyarət edə bilirəm. O da ara-sıra, imkan düşəndə. Hərəsi bir yanda basdırılıb. Odu ki, yolum tez-tez gah şimala, gah da cənuba düşür…

  • Güney Azərbaycan yenidən qalxdı

    Sentyabrın 3-də Güney Azərbaycanda Urmiya gölünün məqsədli qurudulmasına etiraz olaraq növbəti mitinqlər keçirilib.

    Güneydən sosial şəbəkələr vasitəsilə yayılan xəbərlərə görə,  etiraz aksiyaları Təbriz və Urmiya şəhərlərində daha şiddətli xarakter alıb.

    Urmiyada etirazçılar mərkəzi meydanı ələ keciriblər. Rrejimin təhlükəsizlik qüvvələri aksiyaçıların təzyiqi qarşısında geri çəkilməli olublar.

    Şəhərin Bahar, Zəncir Səhram və Taliqani küçələrində təhlükəsizlik qüvvələri ilə mitinqçilər arasında toqquşmalar olub.

    Məlumata görə, Urmiya bazarı İran xüsusi qvardiyaçıları tərəfindən yandırılıb.
    Təbrizdə də mitinqçilərin mərkəzi meydanı tutduğu xəbər verirlir.

    Məlumatlara görə, Zəncan və başqa şəhərlərdə də eyni tələblə aksiyalar keçirilib.

    Son məlumata əsasən Qərbi Azərbaycan ostanına gedən bütün yollar tam bağlanıb. Tehrandada aksiyalar başlanıb, Tehranda yaşayan Azərbaycanlılarda Güney Azərbaycana dəstək vermək üçün küçələrə axışıblar.

    +++

    Təbrizdə onlarla soydaşımız tutuqlanıb. Urmuda isə yüzlərlə soydaşımızın tutuqlandığı bildirilir. Hər iki şəhərdə yaralanan soydaşlarımız barədə xəbərlər yayılıb. Hələlik onların sayı və kimliyi barədə dəqiq məlumat yoxdur. Urmunun Mütəhhəri xəstəxanasına 13 yaralı aparılıb. Hələlik başqa xəstəxanalardan dəqiq məlumat yoxdur.
    Məlumata görə, hökumət qüvvələri Urmu şəhərində xəstəxanalara hücum edib və yaralı etirazçıları yaxalayaraq özləri ilə aparıblar.
    Təbrizdə saat meydanı, tərbiyyət, şəhnaz meydanı, rasta küçə və Təbriz bazarına gedən yolların hamısı hökumət qüvvələri tərəfindən kontrola alınıb və insanlara bu məntəqələrə getməyə icazə vermirlər.
    Təbriz və Urmunun bir neçə məntəqəsində internet kəsilib.
    Təbriz və Urmuda oxşar şüarlar verilib. O şüarlardan bir neçəsi bunlardan ibarətdir:
    “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Durub baxan biqeyrət”, “Haray, haray mən türkəm”, “Türk qardaşım səndə gəl”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”…

    ***

    Təbrizdə Bəsic, polis qüvvələri və ETTELAAT məmurları vəhşicəsinə əhaliyə hücum edirlər. Onlar hətta uşaqları belə döyüb ayaqaltına salırlar. Şəhərin mərkəzində qarşıdurmaların şiddəti daha çoxdur.
    Etirazlar ostandari xiyabanlarının ətraf küçələri, abrəsan və şəhnaza çəkilib. Təhlükəsizlik qüvvələri uşaq və qadınlara hücum edərək onları Moləvi və şəms ticarət mərkəzlərində (pasajlarında) saxlayıblar.

    Mərkəz meydanı əhali ilə doludur. Ətayi xiyabanında qarşıdurmalar şiddətləyib. Taliqani xiyabanında hücumda olan təhlükəsizlik qüvvələrinə aid motosiklet yandırılıb.
    Məlumata görə, Əhər şəhərindədə ciddi etiraz yürüşü gedir. Şəhərdə çoxlu polis qüvvələri var.

    Urmiyada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında Mərkəz meydanı və Mütəhhəri xiyabanında qarşıdurma olub. təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar isə daşla özlərini qorumaqdadırlar.
    Bir neçə avbtomobil təkərinin yandırıldığı da bildirilir.

    Gwnaz.TV

     

    Məlumatlara görə, Urmiyada ordu millətin tərəfinə keçməkdədir. Əskərlər camaatla həmrəy olduqlarını bildirməkdədirlər. Urmiyada valilik binası etirazçıların nəzarətinə keçdi. Binanın ətrafında isə çatışmalar davam edir. Türk polislərlə fars polislər arasında qarşıdurma yaranıb. Urmiyada etirazçılarla qarşı gələn polisin arxasına 64-cü ordunun hissələri yeridilib. Amma türk və fars əskərlər arasında qarşıdurma olduğu barədə xəbərlər var. Zəncir, Mərkəz, Müntəziri, Mahabad, Mədəni Xiyabani, Gök üstü, Ətayi xiyabanlarında şiddətli qarşıdurma müşahidə olunur.
    Hökumət Şəhərdəki Ədliyyə binasının üzərinə snayperlər yerləşdirib, ölənlər var.

    Təbrizdə Tərbiyət prospektində bəsic (dinc əyləm) motoskiletləri atəşə tutulub. Şəhər əhalisi kütləvi şəkildə meydana axışır. Etirazlar genişlənməkdədir. Etirazların genişlənməsi və bütün şəhərə yayılması polisin dağınıq düşməsinə səbəb olub. Qərbi Azərbaycan valilik binası ətrafında güclü toqquşmalar var, valiliyin binasının girişini 64-cü Ordu qoruyur.

    ***

  • İran rejimi qorxu içindədir

    Güney Azərbaycanda Urmiya gölünün qurudulmasına qarşı edilən etirazlar hələ ki, davam etməkdədir. Hazırda izdihamlı mitinqlərə ara verilsə də ara – sıra insanların etiraz səsləri eşidilməkdədir. Etirazçılar gölün hökumət tərəfindən bilərəkdən qurudulduğunu idda edir və bunun səbəblərini açıq şəkildə göstərirlər. İran hökuməti də etiraz edənləri həbs edir. Güneyli soydaşlarımız isə etirazların davamlı olacağını bildirirlər.

    Hətta sentyabrın 3-də Güneydə böyük, izdihamlı mitinqlərə start veriləcəyi ilə bağlı məlumatlar gəlir. Cənubda baş verən hadisələrlə bağlı “Şərq“i bilgiləndirən Dünya Azərbaycanlıları Konqresinin (DAK) təmsilçisi Əjdər Tağızadə deyib ki, ayın 5-də Ərdəbil şəhərində də Urmiya gölünün qəsdən qurudulmasına etiraz olaraq aksiyalar keçiriləcək: “Məsələ burasındadır ki, etiraz aksiyaları ekoloji məsələdən siyasi məsələyə çevrilir. İran rejimi çalışır ki, Urmiya gölünün qurudulmasına etiraz edən azərbaycanlıları basqıya məruz qoysun. Ona görə də aksiyalara siyasi don geydirməyə, bu yolla da basqılar etməyə çalışırlar. Hələ Urmiya gölü ilə bağlı elan olunan tədbirlərdən neçə gün qabaq iftar mərasimində 25 nəfər bizim soydaşımızı həbsə alıblar, hadisədən qabaq Ərdəbil, Təbriz, Urmiya və başqa şəhərlərdə Azərbaycan Milli Hərəkatı ilə bağlı olan insanları tutublar. İran rejimi ekoloji məsələ ilə siyasi, milli məsələləri qarışdırır. Məqsəd də böyük çoxluq olan Azərbaycan türklərinin səsini boğmaqdır. Biz əminik ki, Urmiya gölünün qurudulması İran rejiminin qəsdidir və yalnış siyasətinin nəticəsidir. Bunu rejimin daxilindəkilərin özləri də deyirlər. Molla məclislərinin birində yaramaz bir molla qalxıb deyir ki, azərbaycanlılar İranı bəyənmirlərsə yığışıb ayrı yerə köç etsinlər.
    Bu nə deməkdir? İran Milli çoxluq olan azərbaycanlıları öz doğma ərazilərindən qovmaq niyyətindədir ki? Dəfələrlə mollalar bunu səsləndiriblər. Tehran rejimi yaxşı bilir ki, Güney Azərbaycanın Milli Hərəkatının səsini boğa bilməz. Rejim vəziyyəti o həddə çatdırır ki, azərbaycanlılar etiraz etsinlər. Buna görə də rejim basqılarını gücləndirsin”.

    Ə.Tağızadə deyib ki, bölgədə baş verən hadisələr, ərəb dünyasında əsən “küləklər” İranı dəhşətli dərəcədə qorxuya salıb: “İran rejimi bilir ki, daxildə Güney Azərbaycan Milli Hərəkatı kimi güclü bir hərəkat var ki, son illər bu hərəkat daha da güclənib. Və İran rejimi elə zənn edir ki, daxildə hərəkatçıları kimsə oyadır. Əslində isə hərəkatçıları oyadan elə molla rejiminin özüdür. Azərbaycan türklərinin hüquqlarının tapdanması, milli ruhlu insanların zindanlara atılması hərəkatı oyadır. Bu azmış kimi Urmiya gölünün qəsdən qurudulması bir qığılcımdır”.

    Ə.Tağızadə deyib ki, Tehran rejiminin öz içərisində olan, özlərini xuzistanlılar adlandıran ərəblər də ayağa qalxır: “Mollaların bəyanatları bütün vətəndaşları özündən narazı salıb ki, indi İran adlanan ərazidə yaşayan bütün xalqlar öz azadlıqlarını, hüquqlarını tələb edirlər. Azərbaycanın Milli Hərəkatı ayağa qalxanda artıq digər xalqlar da bizə qoşulurlar, öz hüquqlarını tələb edirlər. Bu da tarixi bir ənənədir ki, hüquq və azadlıqlar rejimdən tələb ediləndə oradakı başqa xalqlar da hamısı ümidlərini Azərbaycan türklərinə bağlayırlar”.

    Ə.Tağızadə aksiyaların davamlı olacağını, insanların öz haqlarını tələb edəcəyini söyləyib: “Biz ərəb ölkələrində baş verənləri izləyirik, görürük. Və görürük ki, Liviyada, Misirdə, Tunisdə, Suriyada azsaylı xalqlar belə öz haqlarını tələb edirlər. Belə olan təqdirdə 35 milyonluq Güney Azərbaycan türkü nədən öz haqqını tələb etməsin ki? Niyə faşist bir rejimin əlində qul kimi yaşamalıdır güneyli soydaşlarımız. Ona görə də yaxın günlərdə də etiraz aksiyaları davam edəcək, tədbirlər keçiriləcək. Biz də DAK olaraq güneylilərin demokratik yoldakı mücadiləsinə əlimizdən gələn köməyi edəcəyik”. Anar Bayramoğl

  • “PKK terrorçu təşkilat kimi tanınmalıdır”

    KXCP-dən verilən məlumata görə, toplantıda ilk olaraq dünyasını dəyişmiş istiqlalçı deputatlar sayğı duruşu ilə yad olunub. Bundan sonra toplantının təşkilatçısı Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu çıxış edib və bildirib ki, tədbir iştirakçıları mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq, bu problemi müzakirə edəcəklər.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, istiqlalçı deputat Sabir Rüstəmxanlı da PKK probleminin Türkiyənin gələcəyi üçün böyük əhəmiyyət daşıdığını deyib: “Bu məsələnin həlli Türkiyənin gələcəyi, Atatürkün qurduğu ulusun qorunması naminə çox əhəmiyyətlidir, ona görə də Türkiyə bu sahədə qəti və sərt addımlar atmalıdır”. Azərbaycan dövlətinin də PKK-ya ciddi yanaşmalı olduğunu deyən VHP sədri bildirib ki, bu barədə açıq-aydın danışıldığı halda, dövlət PKK-ya etinasız yanaşır: “Bu haqda danışanda da deyirlər ki, erməni məsələsi var, kürdü başımıza bəla etməyin. Başımıza bəla etməyin deyə-deyə, görəcəksiniz ki, başınız yoxdur, üzüblər”.

    İstiqlalçı deputat, Müsavat Partiyasının başqanı İsa Qəmbər isə çıxışında bildirib ki, PKK-dan həmişə Türkiyənin əleyhinə, onun inkişafını ləngitmək üçün istifadə olunub, bu, indi də davam edir. Azərbaycanın bu məsələdə mövqeyinə gəlincə isə İsa Qəmbər bildirib ki, Əliyev hakimiyyəti PKK probleminin həlli istiqamətində heç bir addım atmayıb: “İlham Əliyev bu yaxınlarda PKK-nı terror təşkilatı kimi tanıdığı haqda bəyanat versə də, bu, kifayət deyil. Bununla bağlı rəsmi sənəd hazırlanmalıdır”.

    İstiqlalçı deputat Firudin Cəlilov isə çıxışında ilk olaraq vurğulayıb ki, parlament PKK-nı terrorçu təşkilat kimi qəbul etməlidir: “Bundan sonra Mili Təhlükəsizlik Nazirliyi Azərbaycanda PKK-ya bağlı mərkəzləri aşkara çıxarıb, sərhəddən uzaqlaşdırmalıdır”. Tədbirin sonunda növbəti toplantıda istiqlalçı deputatların qurumunun yaradılması barədə qərar qəbul olunub.

    Digər istiqlalçı deputatlardan Hacıbaba Əzimov isə çıxışında Azərbaycanda fəaliyyət göstərən bir neçə mətbu orqanın PKK-ya xidmət etdiyini deyib: “Hamıya məlumdur ki, ”Diplomat” qəzeti PKK-ya xidmət edir. Lakin “Həftə içi” qəzeti də onların maraqlarına uyğun dərc olunmuş yazılara təkzib vermir. Mən bununla bağlı bir neçə dəfə zəng edib etiraz etsəm də, nəzərə alınmayıb”.

  • “Qarabağ münaqişəsinin müzakirəsi ərazilərin işğaldan azad edilməsinə imkan verəcək”

    “525”-ci qəzetim suallarını millət vəkili Rafael Hüseynov cavablandırıb.

    – BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı iki məsələ daxil edilib. Bu sənədlər “GUAM məkanında uzunsürən münaqişələr və onların beynəlxalq aləmə, təhlükəsizliyə və inkişafa təsiri”, eləcə də “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrdir. Azərbaycanın artıq 3 il ardıcıl olaraq bu sənədləri müzakirəyə çıxarması nə dərəcədə məqsədəuyğundur?

     

    – 2001-ci ilin yanvarın 25-də Azərbaycan Avropa Şurasına qəbul edilib, həmin ilin aprelindən, yəni AŞ Parlament Assambleyasının yaz sessiyasından etibarən isə Azərbaycan nümayəndə heyətinin sənədləri təqdim etmək və Assambleyada çıxış etmək imkanı yaranıb. O zaman biz BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənəd və qətnamələri AŞPA-nın 40-dan çox dövlətin nümayəndəsi olan deputatlarına göstərərək imzalamağı xahiş etdik. Bu sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, qaçqın və məcburi köçkün problemlərinin olması faktları öz əksini tapmışdı. Amma AŞPA-nın bəzi tanınmış və nüfuzlu deputatları o zaman hətta bu sənədləri oxumaqdan imtina etdilər, bəziləri isə bizi hətta Ermənistanın “işğalı”nda günahlandırdılar. İşlərin belə bir vəziyyət alması Ermənistanın siyasəti nəticəsində formalaşmışdı, başqa sözlə, avropalı parlamentarilər Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlı yanlış təqdimata malik idilər. Amma 2005-ci ildə AŞPA 1416 saylı qətnamə qəbul etdi və orada Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş bir dövlət kimi göstərildi. Bu, o deməkdir ki, artıq Azərbaycanın Avropa Şurasına qəbul olunmasından bir neçə il sonra avropalı parlamentarilərin Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişikliklər olmuşdu. Dağlıq Qarabağ problemi, bütövlükdə, Ermənistan-Azərbaycan münaqişəsi bir an içində yaxud bir sənədlə həll edilməsi mümkün olan problem deyil. Bu problemin həlli uzun bir prosesdir. Əgər bu gün bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Qarabağın Azərbaycan torpağı olması, Ermənistandan 300 mindən çox azərbaycanlının deportasiya olunması ilə bağlı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı haqqında aydın fikir formalaşıbsa, bu, o deməkdir ki, dünya ictimaiyyəti artıq Qarabağ probleminin mahiyyətindən xəbərdardır.

     Digər tərəfdən, hər dəfə Qarabağ münaqişəsi problemi beynəlxalq təşkilatların, o cümlədən BMT-nin gündəliyinə daxil ediləndə Ermənistan belə müzakirələrə qarşı çıxışlar edərək və maneələr yaradaraq narahat olmağa başlayır. Sual yaranır: Əgər beynəlxalq təşkilatlar tərəfindən Qarabağ münaqişəsinin nizama salınması probleminin müzakirəsinə zərurət yoxdursa və bu, məqsədəuyğun deyilsə, onda nə üçün Ermənistan hər vasitə ilə müxtəlif diplomatik kanallardan istifadə edərək buna mane olur. Belə bir halı, xüsusilə Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən Qarabağ münaqişəsinin müzakirəsinə mane olduğunu biz AŞPA-nın timsalında müşahidə edə bilərik. Məlumdur ki, Ermənistan AŞPA-da Qarabağ münaqişəsinin nizama salınması üzrə alt komitənin yaradılmasına mane olur. Xüsusilə qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağın işğalı problemi, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı problemi, qaçqın və məcburi köçkünlər problemi, bu torpaqlarda vandalizm problemi, Azərbaycanın zəbt olunmuş mədəniyyət abidələrinə vurulan ziyanın qeyd olunması çox böyük əhəmiyyət kəsb edir. Buna görə də, BMT-də Azərbaycan torpaqlarının işğalı məsələsinin təkrar müzakirəsini vacib hesab edirəm. Belə bir müzakirənin keçirilməsi ən az çox nüfuzlu bir beynəlxalq təşkilatın öz gündəliyində Qarabağ münaqişəsi problemini saxlaması baxımından vacibdir. Bundan başqa, bu müzakirələrin yekununa əsasən təbii ki, işğal faktlarının da əks olunacağı sənədin qəbul edilməsi də vacibdir. Hesab edirəm ki, belə bir mövqe Azərbaycanı addımbaaddım son məqsədə – işğal olunmuş ərazilərin azad edilməsinə yaxınlaşdırır.
     

    – Belə hesab etmək olarmı ki, bu qətnamələri ötən illərlə müqayisədə daha çox dövlət dəstəkləyəcək?

     

     – BMT-də bu və ya digər sənədin qəbul edilməsinə görə səslərin sayı Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın mövqeyini dəstəkləməyin göstəricisi ola bilməz. Çünki bu sənədlərin BMT Baş Assambleyasının gündəliyinə daxil olunmasını Azərbaycanın uğuru hesab etmək kifayətdir. Əgər Azərbaycan bu sənədlərin BMT BA-nın gündəliyinə daxil olunmasına nail olubsa, deməli, rəsmi Bakı diplomatik kanallar vasitəsilə bu sənədlərin qəbul edilməsi üçün səs verəcək dövlətlərlə müəyyən iş aparıb. Əminəm ki, Bakı belə bir iş aparıb və buna görə də, ümid edirəm ki, bu il həmin sənədlərin qəbul edilməsinə səs verəcək dövlətlərin sayı artacaq.

     

    – ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr də bu qətnamələri dəstəkləyəcəkmi?

     

     – ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməsini vacib hesab edirəm. Çünki dünyanın üç nəhəng dövlətinin təmsil olunduğu ATƏT-in bu qrupu Qarabağ münaqişəsinin həlli üçün mexanizm ola bilər. Əlbəttə ki, Azərbaycan ATƏT MQ üzvü olan ölkələrlə işləməyi davam etdirməlidir ki, onların Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə bağlı mövqeyi sağlam xarakter daşısın. İnanıram ki, ATƏT MQ-nin mövqeyində onların fəaliyyətinin, ötən vaxtlar ərzində onlar tərəfindən müəyyən ehtiyatsız addım və bəyanatlara yol verildiyinin daim tənqid olunması nəzərə alınmaqla keyfiyyətli dəyişikliklər baş verəcək.

     

    – Azərbaycanın Qarabağla bağlı qətnaməni BMT-nin sessiyasına çıxarması ATƏT-in Minsk qrupunun fəaliyyətsiz olması, öz vəzifəsinin öhdəsindən gələ bilməməsini göstərirmi?

     

     – Əgər Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin nizama salınması məsələsinin BMT-də qaldırılması zərurətinin olmaması məntiqindən çıxış etsək, onda belə bir yanaşmanı digər beynəlxalq təşkilatlarda, xüsusilə, İslam əməkdaşlığı Təşkilatında və Avropa Şurasında nümayiş etdirmək lazım gələrdi. Buna görə də, hesab edirəm ki, Azərbaycan bütün beynəlxalq səviyyələrdə öz torpaqlarının işğalı problemini qaldırmalı, bu problemlə bağlı sənədləri müzakirəyə çıxarmalıdır. Beləliklə, Azərbaycan qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bütün mümkün kanallardan, o cümlədən BMT-nin təqdim etdiyi belə vacib kanaldan faydalanmalıdır.