Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • VHP: “Zəfər tariximizin yeni səhifəsi”

    Qazaxın kəndlərinin Azərbaycana təhvil verilməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanatı verib. Bəyanatda deyilir:

    “Azərbaycan və Ermənistan arasında Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması ölkəmizin növbəti zəfəridir. Qazaxın işğal altında olan 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması məsələsi hələ 2020-ci ilin 10 noyabrında Ermənistanın imza atdığı kapitulyasiya sənədində öz əksini tapmışdı. O dövrün siyasi şərtlərinə görə kəndlərin qaytarılması ilə bağlı Ermənistan şifahi öhdəlik götürsə də sonrakı dövrdə rəsmi İrəvan bəzi havadarlarına güvənərək zaman-zaman öhdəliyindən yayınmağa çalışsa da, Azərbaycanın qətiyyəti və gücü 19 aprel razılaşmasını ortaya çıxardı. Bu 44 günlük Zəfər Savaşı, bir günlük antiterror tədbirləri və nəhayət bütün diplomatik müstəvilərdə rəsmi Bakının haqq davasının məntiqi sonluğu idi. 30 ildən artıq işğalda qalan kəndlərin sülh yolu ilə qaytarılması və bu arada rus silahlı qüvvələrinin Qarabağdan çıxarılması bölgədə Azərbaycanın söz sahibi olmasının təsdiqidir. Bu məhz ölkəmizin liderliyi ilə bütövlükdə Cənubi Qafqazda davamlı sülhün tezliklə bərqərar olmasını göstərir.
    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı bütün məsələlərdə dövlətin yanında olduğunu bir daha bəyan edərək Vətən və Millət məsələsində həmrəyliyin vacibliyini bildirir. Vətəndaş Həmrəyliyi Partiyası bu tarixi qələbə münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla milli həmrəylik örnəyi ilə dəmir yumruğa çevrilən xalqımızı təbrik edir. Qələbə hər zaman bizimlə olsun!
    Tanrı Azərbaycanı qorusun!”

  • “İranın dini ortaqlığa yaraşmayan mövqeyini həmişə görmüşük”

    Səfrin  açıqlaması Tehranın regionda yürütdüyü ermənipərəst və anti-Azərbaycan siyasətinin növbəti təzahürüdür


    “İnsan haqlarını, milli hüquqları saymazdan gələn və bu səbəbdən beynəlxalq arenada təklənən İran məğlub Ermənistanı yanında görməkdən təsəlli tapır”

    İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Subhani növbəti dəfə Azərbaycanı ittiham edib. İran-İsrail qarşıdurması ilə bağlı çıxış edən Sübhani Azərbaycana da “dil uzadıb”. Səfir iddia edib ki, sionist rejimi (İsraili nəzərdə tutur – red) Cənubi Qafqazda qeyri-sabitliyin əsas faktorlarından biridir və Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb”. 
    Əslində sözügedən iddia müharibə dönəmində və sonrakı dövrdə də dəfələrlə gündəmə gətirilib. Yəni İran səfrinin bu açıqlaması Tehranın regionda yürütdüyü ermənipərəst və anti-Azərbaycan siyasətinin növbəti təzahürü olduğuna görə onu geniş şərh etməyə ehtiyac yoxdur. Amma Azərbaycanda “din təəssübkeşliyi” adı altında fars rejiminə nökərçiliyi özlərinə peşə seçən bəzi şəxslərə bu cür çıxışları tez-tez xatırlatmaq lazımdır. Xüsusən Sübhanin vurğuladığı “Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb” cümləsi qonşu ölkədəki teokratik rejimin iliyinə qədər Azərbaycana qarşı düşmən mövqeyində dayandığının bariz nümunəsidir. İran rəsmiləri, millət vəkilləri və diplomatları İsraillə mübarizədə Azərbaycanın adını hallandırmaqdan yorulmurlar. Azərbaycan bu qarşıdumada tərəf olmasa da, bizi hədəf göstərməyə çalışırlar. Əvvəlcə İranın deputatlarından biri İsrailin Azərbaycandakı səfirliyini hədəf seçiməyi etməyi təklif etdi, indi də İranın Ermənistandakı səfiri Mehdi Sobhani İsraili Cənubi Qafqazda “qeyri-sabitliyin” əsas mənbələrindən biri olduğunu iddia edərək “Qarabağdakı erməni əsgərləri İsrail silahları ilə öldürülüb” ifadəsini səsləndirib. Birincisi, İsrailin Azərbaycanla yanaşı həmin Ermənistanla da diplomatik münasibətləri var və Ermənistan Azərbaycandan xeyli əvvəl İsraildə səfirliyini açıb. İkincisi, iranlı diplomat bilməmiş deyil ki, Azərbaycan silahı bu illərdə yalnız İsraildən almayıb, işğalçıları Rusiya və Türkiyə istehsalı olan silahlarla da neytrallaşdırmışıq. Səfir Azərbaycan ordusunda İsrail silahlarını qabartmaqla ermənilərin İsrailə qarşı nifrətinin artmasına çalışır. Məsələ ondadır ki, rəsmən “İslam dövləti” statusuna sahib bu ölkənin həmrəyliyi, nədənsə, müsəlman ölkəsi olan Azərbaycanla deyil, məscidləri dağıdan, təhqir edən, ibadətgahlarda donuz saxlayan Ermənistanla münasibətlərində özünü göstərir. Bu həmrəyliyi ilə fəxr edən İran sanki erməni vandallarının hərəkətlərini təqdir edirmiş kimi, Qafanda öz konsulluğunu açır. 30 il davam edən işğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması azmış kimi, bu gün də İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını əngəlləmək üçün əlindən gələni edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmağa çalışan İran uzun illərdən bəri beynəlxalq narkoticarət marşrutunun əlndən çıxması ilə də heç cür barışa bilmir. İranın Azərbaycana qarşı düşmənçilik siyasəti təkcə işğal altında olan ərazilərimizdə fəaliyyətində deyil, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib. Ölkəmizin ərazisində dini-ekstremist qruplaşmaların yaradılması, dini zəmində iğtişaşların törədilməsinə cəhdlər göstərilməsi İranın müstəqil Azərbaycana qarşı əsl münasibətinin təzahürləridir. Təsəvvür edin, İran Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə sevinmək əvəzinə işğalçı Ermənistan qoşunlarının Azərbaycandan çıxarılmasına təəssübkeşliyini bildirir. Bu, heç də mehriban qonşuluq münasibətləri hesab edilmir. Belə bəyanatlar Azərbaycan-İran münasibətlərinə ciddi zərbə vururş
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, əvvəla erməni əsgərləri 44 günlük müharibədə haqq etdiklərini alıblar. Partiya təmsilçisinin sözlərinə görə, hər bir işğalçının son aqibəti budur: 
    “O ki qaldı İkinci Qarabağ savaşında Azərbaycanın istifadə etdiyi silahlara, ölkəmiz illər boyunca iqtisadi gücü hesabına müasir silahlanmaya sahib olub. Həmin vaxtlarda Ermənistan forpostu olduğu Rusiyanın köhnə silahlarına ümid edirdi. Zaman Azərbaycanın gücünü ortaya qoydu. Bəli, İsraillə ölkəmiz arasında yüksək səviyyədə dostluq və əməkdaşlıq münasibəti var. İkinci Qarabağ müharibəsində, ondan əvvəl və sonra İsrail hər zaman bizim haqlı mövqeyimizi müdafiə edib. Bunun əksinə, İranın qonşuluq münasibətlərinə, din ortaqlığına yaraşmayan mövqeyini görmüşük. İndi İran səfirinin mövqeyi də bu baxımdan təəccüb doğurmamalıdır. İnsan haqlarını, milli hüquqları saymazdan gələn və bu səbəbdən beynəlxalq arenada təklənən İran məğlub Ermənistanı yanında görməkdən təsəlli tapır”.
  • Türk birliyi sürətlə irəliləməlidir

    Çağdaş geopolitik durum türk dövlətləri qarşısında yeni sistemli və təsirli mexanizmlərini formalaşdırmaq zərurətini qoyub
     
     Türkiyə Xarici İşlər Nazirliyində (XİN) struktur islahatları çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Departamenti yaradılıb. Məlumata görə, Türk dünyasının əhəmiyyətini nəzərə alaraq yaradılan Departamentin səlahiyyətlərinə türk dövlətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi daxildir. Vurğulanıb ki, islahatlar ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək məqsədi daşıyır. Eyni zamanda ayrı-ayrı bölgələrin və ölkələrin əhəmiyyətini nəzərə alaraq bəzi dövlətlər üzrə idarələr də yaradılıb. Məsələn, Amerika ölkələri Departamenti ilə yanaşı, Latın Amerikası ölkələri üzrə ayrıca idarə yaradılıb. Eyni zamanda Asiya ölkələri Departamenti ilə yanaşı, İran və İraq şöbəsi də yaradılıb. Həmçinin Beynəlxalq Vasitəçilik İdarəsi yaradılıb ki, bu da ziddiyyətlərin və münaqişələrin həlli sahəsində mütəxəssisləri bir araya gətirmək imkanı verəcək.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatı struktur, icra mexanizmi və siyasi-ideoloji baxımından dünya siyasi arenasında yeni növ birlik formatıdır. Ekspertin sözlərinə görə, digər regional və beynəlxalq birliklərdən, əməkdaşlıq formalarından fərqli olaraq Türk Dövlətləri Təşkilatında üzv dövlətləri tam mənada bərabərhüquqludur və onların hər birinin milli maraqları təşkilat miqyasında əsas götürülür: 
    “Əsas hədəf türklərin haqq və hüquqlarının dünyanın bütün guşələrində qorunması, regonal iqtisadi layihələrdə türk dövlətlərinə üstünlük verilməsi bu birliyin əsas prinsipləridir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının daha sürətli inkişafı, beynəlxalq müstəvidə perspektivi mütləqdir. Çağdaş geopolitik durum türk dövlətləri qarşısında yeni sistemli və təsirli mexanizmlərini formalaşdırmaq zərurətini qoyub. Buna görə zamanın tələbinə cavab verərək sürətli şəkildə yeni inteqrasiya formaları yaradılmalıdır. Avrasiyada türk adına yeni siyasi güc mərkəzinin formalaşması vacibdir. Məhz bu səbəbdəndir ki, tarixi baxımdan çox qısa olan cəmi 14 il müddətində türk dövlətləri “Türkdilli ölkələr” kimi münasibətlər qurmaq miqyasından “Müstəqil Türk Dövlətləri” kimi vahid təşkilatda qlobalmiqyaslı güc olmaq məqsədini qarşıya qoyan dinamik bir sistem halına gəlib”.
     Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan və Türkiyə dövlət olaraq bu prosesdə daha fəal rol oynayır: 
    “Milli Məclisin qərarı ilə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə İşçi qrupu yaradılması bu baxımdan rəsmi Bakı tərəfindən atılmış çox mühüm bir addımdır. Parlamentlərarası İşçi qrup xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni-humanitar və siyasi-iqtisadi münasibətlərin canlandırılması ilə yanaşı, Orta Asiya respublikaları üçün də bir təkan olmalıdır. Gələcəkdə Şimali Kipr Türk Cümhuriyyətinin bütün türkdilli dövlətlər tərəfindən rəsmən tanınması və Türk Dövlətləri Təşkilatının bərabərhüquqlu üzvü olması əsas məqsəd olmalıdır”.
  • VHP müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

    Vətəndaş Həmrəyliyi Partiyası Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
    “Əziz soydaşlarım, bacılar və qardaşlar!
    Sizləri Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, əminamanlıq arzulayıram. İslam dinində ən müqəddəs ay sayılan Ramazan ayının orucluğu insanın bu dünyada ən böyük cihadı sayılan öz nəfsi ilə mübarizəsidir. Bu ayda insanlar Tanrı qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Bu ayda tutduğunuz orucun, qıldığınız namazların qəbul olunmasını, dualarınızın həyata keçməsini arzulayırıq. Əminik ki, insanların, əmin-amanlıq, halallıq, sülh, xoşbəxt gələcək naminə etdiyi duaları həm də əməllə təsdiqlənəcək, arzuların həyata keçməsində rol alacaq.
    Ramazan ayının millətimizə, ölkəmizə, insanlığa xeyir, əbədi sülh gətirməsini, işğaldan azad olan torpaqlarımızın tezliklə abad olunmasını, ölkəmizdə milli həmrəyliyin daimi olmasını, qardaşlıq və dostluq duyğularının güclü və daimi olmasını arzulayırıq.
    Əziz soydaşlarımız!
    Sizin dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunsun , Uca Yaradan öz mərhəmətini xalqımızdan, dövlətimizdən əsirgəməsin”.

  • Sabir Rüstəmxanlı: “Türk Dünyası bir yerdə olsa, bizi əzmək qeyri-mümkündür”

    “Türk dövlətlərinin başçıları bizi gözləyən təhlükəni iki-üç əvvəldən hiss edirdilər”

     
      Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan Baş naziri arasında keçirilən üçtərəfli görüşün iddia olunduğu kimi ciddi nəticələr doğurmamasında Azərbaycanın rəhbərinin qətiyyətli və prinsipial mövqeyi ilə yanaşı, qardaş Türkiyənin sərt reaksiyası da mühüm rol oynadı.
    Türkiyə Xarici İşlər Nazirliyi görüşdən öncə bəyanat yayaraq, Azərbaycanın iştirakı olmadan keçirilən görüşün Cənubi Qafqazda sülhə xidmət etməyəcəyini, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağını vurğulamışdı. Türkiyə XİN üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırmışdı: “Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”. Məhz görüş günü Türkiyənin sabiq xarici işlər naziri, TBMM-nin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun Bakıya səfəri, Prezident İlham Əliyevin qəbulunda olması da Ankaranın Bakıya dəstəyinin nümayişi idi. Dövlət başçısı İlham Əliyev M.Cavuşoğlunu qəbul edərkən onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib. Ölkə rəhbəri vurğulayıb ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verib: “O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb”.
      Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib. Bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib. Fevralın 14-də keçirilən andiçmə mərasimində və aprelin 5-də Mövlud Çavuşoğlu ilə görüşündə dövlət başçısının səsləndirdiyi “Türk dünyası bizim bir ailəmizdir” fikirləri də türk birliyinin gücünün nümayişidir. Azərbaycanla Türkiyə arasında münasibətlər digər dövlətlərə örnəkdir, cox güclü siyasi münasibətlərimiz var.
    Ümumiyyətlə, Azərbaycan-Türkiyə qardaşlığı, strateji tərəfdaşlığı dünya üçün nadir nümunəyə çevrilib. Sarsılmaz birliyə, tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə ən yüksək müstəvidədir və daim yüksələn xətlə inkişaf etməkdədir. Xalqlarımızın eyni soy-kökə, dilə, dinə, mədəniyyətə malik olduğu üçün iki ölkə hər zaman bir-birinin sevincini, kədərini paylaşıb. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyib. 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük müharibədə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun lideri cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı Azərbaycanın Qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu.
      Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir. 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir. Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi. İkincisi, bu sənəd Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı. Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, Türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar.
      Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir. Qardaş Türkiyə bu gün də hər şəraitdə Azərbaycanın yanında olduğunu vurğulamaqdadır. Şübhəsiz, iki ölkənin birgə addımlamasında Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri də xüsusi rol oynayır. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə daim bir-birinin haqlı mövqeyini birmənalı müdafiə edirlər. Yəni Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bu məqam ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir daha gündəmə gətirildi. Dövlət başçısı ona ünvanlanan “kritik məqamda ilk kimə telefon edərsiniz” sualına cavab olaraq bildirdi ki, prinsipcə, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısına telefonla zəng edir. Ölkə başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı insanlardan birincisi Türkiyə lideri olub: “Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram”.
      Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “Sherg.az”a açıqlamasında bildirib ki, müəyyən kritik məqamlarda Azərbaycan və Türkiyə rəhbərliyi, yaxud rəsmilər arasında təmaslar xeyli vacibdir. Deputatın sözlərinə görə, digər türk dövlətlərinin başçıları bizi gözləyən təhlükəni iki-üç əvvəldən hiss edirdilər: 
    “Ona görə də Türk Dünyası anlayışının gündəmə gəlməsi, türk dövlət başçılarının müntəzəm görüşləri, Türk Dövlətləri Təşkilatının formalaşması, müəyyən idarəçilik modellərinin yaradılması hamısı ona xidmət edir ki, “biz tək deyilik”. Bizim öz dünyamız, mühitimiz var. Türk Dünyası öz potensialına görə Avropa Birliyindən, yaxud digər regionlardan az əhəmiyyətli deyil və böyük perspektiv vəd edir. Türk birliyi dünyanın gələcək taleyində mühüm rol oynaya bilər. Tək-tək bizi əzərlər, imkanlarımızı əlimizdən alarlar. Amma bir yerdə olsaq, bizi əzmək qeyri-mümkündür. Türk dünyasının həlledici nöqtələri Türkiyə və Azərbaycandır. Ötən gün Azərbaycan Milli Məclisi Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupu yaratdı. Bunun özü mühüm mesajdır. Türkiyənin NATO-dakı nümayəndəsi, keçmiş XİN rəhbəri Mövlud Çavuşoğlunun Bakıya gəlməsi, burada verilən mesajlar dünyada diqqətlə izlənilir. Dünya görür ki, biz Brüssel kimi görüşlərə biganə deyilik və bunun cavabı da var. Təsadüfi deyil ki, ABŞ dövlət katibi A.Blinken və Avropa Birliyi Komissiyasının prezidenti Ursula Fon der Lyayen dövlət başçısı İlham Əliyevə zəng etdi. Görüşün Azərbaycana qarşı olmadığını iddia etdilər. Ermənistanı sülh prosesinə dəvət etdiklərini vurğuladılar. Əgər Ermənistana 270 milyon avro, 65 milyon dollar maddi yardım ayrılırsa, bu o deməkdir ki, Qərb həm də Ermənistanın müdafiəsini gücləndirir, İrəvanın hərbi xərclərini artırır”.
      Parlamentari qeyd edib ki, Qərb ölkələri Ermənistanı hərbi sənayesini inkişaf etdirməklə Azərbaycanın mövqelərini zəiflətməyə çalışırlar: “İnşallah, bu niyyətlərin heç biri baş tutmaz. Ermənistan ilk dəfə deyil ki, hansısa dövləti arxasına alaraq bizə baş qaldırır. Vaxtı ilə Rusiya erməniləri bizə baş bəlası edirdi. İndi də eyni şeyi ABŞ və Avropa edir. Nəticə etibarı ilə isə Ermənistan öz başına bəla açır. Balaca bir dövlətə bu qədər missionerlər, bu qədər hərbi sursat, texnika cəmləməyin gələcəyi yoxdur. Hər halda məsələlərə səbrlə, təmkinlə yanaşmalıyıq. Başqalarını ittiham etməkdənsə, dünyanın böyük gücləri ilə münasibətləri daha düzgün şəkildə qurmalı, ardıcıl iş aparmalıyıq”.
  • VHP 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib

    Bir müddətdir ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Bunu şərtləndirən başlıca amil kimi isə suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyi göstərilir. Konstitusiyaya görə, seçki noyabr ayında keçirilməlidir. Payızda ölkədə COP29 kimi böyükmiqyaslı tədbirin və dekabrda isə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq, erkən parlament seçkilərinin qaçılmaz olduğunu düşünə bilərik. Bu kontekstdə hər hansı rəsmi açıqlama verilməyib, amma situasiyaya uyğun olaraq partiyaların start vəziyyətində olması vacibdir.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, partiyanın Mərkəzi İcra Aparatı mümkün erkən parlament seçkilərinin elan ediləcəyi halda yerli təşkilatlarla məsləhətləşmələr aparıb. Partiya təmsilçisinin sözlərinə görə, 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib:
    “Həmçinin ilkin olaraq 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısı da hazırlanıb. Hazırda bölgə təşkilatları ilə digər dairələr üzrə namizədlərin müəyyən edilməsi üçün iş aparılır. Ən azı 80 seçki dairəsi üzrə partiyanın namizəd irəli sürməsi nəzərdə tutulur. Əsasən qadın namizədlər, xüsusən gənclərin namizədlikləri üzərində əsas iş aparılır. Eyni zamanda seçici imzalarının yığılması üçün dairələr üzrə işçi qruplar müəyyən edilir. Bir sıra texniki işlər yekunlaşdırılıb. Erkən parlament seçkiləri elan ediləcəyi halda müvafiq hesabat Siyasi Şuraya təqdim ediləcək. Bütün hallarda qərarı VHP Siyasi Şurası verəcək”.
  • Sabir Rüstəmxanlı: “Qadınların pensiya yaşını azaltmaq lazımdır”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər.

    Bunu VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

    O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəsi olduğunu başa düşə bilmədiyini söyləyib:
    “Uşaq pulunu kəsməklə həmin proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır. Təqaüd yaşının 65-dən 60-a endirilməsi istənilir. Ümumiyyətlə anaların, qadınların pensiya çıxmaq yaşını azaltmaq lazımdır. Dövlət idarələri bu barədə düşünməlidir. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksəkdir. Biz deyirik ki, uzunömürlülər vətəniyik, amma bu da artıq nağıl kimi keçmişdə qaldı”.
    S.Rüstəmxanlı vurğulayıb ki, ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur:
    “Uşaq pullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.

  • “Dağıdılan yurd yerlərimizdə şam yanır, işığımız böyüyür”

    Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin bu dəfəki buraxılışında Novruz bayramı və İlaxır çərşənbə adətlərindən danışıb, dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edib.

    Novruz bayramına həsr etdiyi “Şam yanır” şeirini səsləndirən millət vəkili bu şeiri Qarabağ savaşından əvvəl oxumağın çətin olduğunu bildirib:
    “Çünki onda bu şeirin bədiilik ruhu, böyük dəyərlərə malik xalqın gücü, qüdrətini ifadə edən sözlər indiki qədər gözəl, halallıqla, inamla səslənməzdi. Amma indi inamla səslənir və hesab edirəm ki, bu il Novruz şamları daha gur yanacaq, bu ilin səməniləri daha yaşıl, bu ilin süfrələri daha bərəkətli, bu ilin duaları daha tutumlu, qollu-buddaqlı olacaq. Bu il o dualarda şəhidlərin ruhu anılacaq, 30 ildən sonra yenidən özümüzə qaytardığımız torpaqları quran, abadlaşdıran insanlara, ora köçən insanların yurdlarının abadlığına daha ürəklə dualar ediləcək”.
    Millət vəkili qeyd edib ki, bu ilki Novruz bayramının xüsusi əhəmiyyəti var. Çünki bu il bayram Azərbaycanın bütün guşələrində qeyd olunur:

    “Əlbəttə, nisgillərimiz, Azərbaycanının böyük problemləri var. Bu gün Güney Azərbaycanda 35 milyondan artıq türklərin hüquqları pozulur, adamlar orta əsrlər qaydaları ilə asılır, öldürülür. Amma bunun da bir sonu var. Əsas odur ki, araya min sərhəd çəksələr də, xalq birdir və bizim böyük perspektivimiz, gələcəyimiz var. Gələcəyimizə nikbin baxmalı, bayram axşamı niyyət edəndə bu arzu-diləklərimizi unutmamalıyıq”.
  • Sabir Rüstəmxanlıdan bayram təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
    Təbrikdə deyilir: “Əziz bacı və qardaşlarım! Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət, yurdumuza əmin-amanlıq arzulayıram.
    Bu Novruzun tariximizdə xüsusi yeri var. Dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfədir ki bayramı torpaqlarımızın azad olunduğu bir şəraitdə keçiririk. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada, dərd yerimiz olan Xocalıda, bizə tarixi muras olan Xankəndində dalğalanır. Belə bir sevinci gerçəkləşdirən şəhidlərimizin ruhu qarşısında sayğı ilə baş əyir, qazilərimizə can sağlığı diləyirik.
    Gün gələcək Novruz tonqalları Güneyli, Quzeyli Bütöv Azərbaycanda yandırılacaq!
    Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.
    Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!”

  • “Nazirlər Kabinetinin iki üzvünün pensiyaya getməsi ilə məsələlər həllini tapmır, baxış dəyişməlidir”.

    Fevralın 7-da keçirilən prezident seçkisindən sonra hökumətin tərkibində ciddi dəyişikliklərin olacağı gözlənilsə də, bu ehtimallar özünü doğrultmadı. Kabinetin yalnız 2 üzvü – ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifəsini itirdi. F.Məmmədovun 69, M.Qurbanlının isə 70 yaşı var.

    İki yaşlı məmurun vəzifədən getməsi hökumətdə təmsil olunan və pensiya yaşına çatmış digər kabinə üzvlərinə də tezliklə “yaşıl işıq” yandırılacağına dair versiyaların ortaya çıxmasına səbəb olub. Bu haqda Yenisabah.az yazıb. Bildirilir ki, hazırda kabinənin 5 üzvü pensiya yaşına çatıb. Amma onlardan hələlik ikisinin – baş nazirin birinci müavini Yaqub Eyyubovun və baş nazirin müavini Əli Əhmədovun yola salınması məqsədəuyğun sayılıb. Pensiya yaşına çatmış digər kabinet üzvlərinin isə hələ bir müddət hökumətdə təmsil olunacağı gözlənilir. Baş nazirin digər müavini Şahin Mustafayevdir, lakin onun hələ 58 yaşı var. 

    Onu da deyək ki, Ə.Əhmədov son prezident seçkisində hakim partiyanın namizədinin səlahiyyətli nümayəndəsi olaraq çıxış edirdi. Y.Eyyubova gəlincə, 2003-cü ildən bu postdadır. Hər iki məmuru kimlərin əvəzləyəcəyi haqda müfəssəl məlumatlar yoxdur. Lakin NK-da onlardan yaşlı üzvlərə də rast gəlmək olmur. Bu mənada Eyyubovla Əhmədovun pensiyaya göndəriləcəyi istisna edilmir. Doğrudur, NK-nın tərkibi yeni təsdiqlənib, amma yaş senzi ilə əlaqədar adıçəkilən şəxslər yola salına bilər. Ümumiyyətlə, bu dəyişikliklər nəyi ehtiva edir? Buna zərurət varmı? Prezident yanvarda TV-lərə verdiyi müsahibədə ölkədə yeni dövrün başlayacağı haqda açıqlama vermişdi. Müşahidəçilər hesab edir ki, yeni dövr həm də yeni kadrlarla özünü göstərməlidir.

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə, idarəetmədə yanaşma dəyişməlidir. Onun fikrincə, seçkidən sonra komandada böyük ölçüdə dəyişiklik olmasa da, yeni dövrün başladığı elan olunub. S.Əsədli təklif edir ki, NK-nın funksionallığı və hesabatlılığı artırılsın: “Əgər yeni dövrün başlandığı bəyan olunubsa, o halda idarəçilikdə kreativlik, innovativlik olmalıdır. Hakimiyyət sosial-iqtisadi sistemə, yerli idarəetmə orqanlarına, bələdiyyə sahəsinə yenidən baxmalıdır. Nazirlər Kabinetinin iki üzvünün pensiyaya getməsi ilə məsələlər həllini tapmır, baxış dəyişməlidir”.

    Emil SALAMOĞLU
    “Yeni Müsavat”