Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Samir Əsədli: Bu proses Türkiyə ilə də münasibətlərin normallaşdırılması ilə bərabər inkişaf edir

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

    Bakıvaxtı.az xəbər verir ki, telefon danışığə zamanı dövlət başçıları Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər. Həmçinin Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla vurğuluayıblar. Eyni zamanda regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

    Siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazisində suverenliyini bərpa etdikdən sonra Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açılıb.

    Ekspertin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması üçün intensiv danışıqlar davam etdirilir:

    “İki ölkənin sərhədlərinin delimitasiyası sahəsində addımlar atılmaqdadır. Türkiyə dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin müsbət məcrada inkişafı Azərbaycan-Ermənistan münasibətlərindəki inkişafla ehtiva edilir. Son telefon danışığı zamanı münasibətlərin normallaşdırılması, ehtimal olunan sülh sazişinin imzalanması istiqamətində müəyyən danışıqlar aparılıb. Hətta yaxın günlərdə Rəcəb Tayyib Ərdoğanın İlham Əliyev və Vladimir Putinlə də telefon danışığı ola bilər. Bu danışıqlarda Cənubi Qafqaz məsələsi mütləq müzakirə olunacaq. COP29-a qədər nəzəri baxımdan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması gözlənilir. Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırması həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi ilə bərabər inkişaf edir”.

    Samir Əsədli: Bu proses Türkiyə ilə də münasibətlərin normallaşdırılması ilə bərabər inkişaf edir

    Analitik vurğulayıb ki, bu iki prosesi bir-birindən ayrı hesab etmək olmaz:

    “Ankaranın mövqeyi belədir ki, İrəvan Bakının şərtlərini qəbul etməli və normal münasibətlər qurmalıdır. Əks halda Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Bu da ən çox Ermənistanın özünə ziyandır. Dolayısı ilə Ankara İrəvana həm iqtisadi baxımdan lazımdır, həm də onun üçün təhlükəsizlik çətiridir. Buna görə də Azərbaycanla münasibətləri normallaşdırmalıdır”.

    Aydın Baxış

    BakıVaxtı

  • Çörçilə bənzəyən azərbaycanlı siyasətçi…

    Samir adı müxtəlif cür yozulsa da, əslində “səmir” kəlməsindən götrülüb. Yəni səs-səmir mənasında…

    Bu insan anadan sanki siyasət adamı kimi doğulub. On səkkiz yaşından siyasət meydanındadır. İyirmi üç ildir ki, yol gedir. Hər zaman əqidəsinə sadiq olub…

    Ağıllı, nəzakətli, sədaqətli insandır. Azadlığın aşiqidir, müstəqil olmaqdan zövq alır. İnsanlarla ünsiyyət qurmağı bacarır, təşkilati məsələlərdə əvəzolunmazdır. Müxtəlif mövzularda danışa bilir, yeni fikirlər yürüdür. Romantik duyğulara qapılmır, hər bir olaya məntiqlə yanaşır…

    Haqqında söhbət açdığım Samir Əsədli 1983-cü ildə dünyaya gəlib. 2000-ci ildə Bakıdakı 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2001-ci ildən Vətəndaş Həmrəyli Partiyasının(VHP) üzvüdür. Və bütün fəaliyyəti bu partiya ilə əlaqəlidir. Hazırda VHP-nin Mərkəzi İcra Aparatına rəhbərlik edir, sədr müavinidir. Necə deyərlər, əgər VHP-nin lideri, Xalq şairi Sabir Rüstəmxanlı bu partiyanın yaradıcısı, düşünən beynidirsə, Samir onu hərəkətə gətirən onurğa sütunudur…

    2009-2014-ci illərdə Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü seçilib və bələdiyyənin sosial məsələlər, eləcə də ekologiya komissiyasına sədrlik edib. 2010-cu ildə keçirilən parlament seçkilərində 64 saylı Sabirabad ikinci seçki dairəsindən müxalifətin vahid namizədi olub. 2015-ci ildə keçirilən parlament seçkilərində isə VHP-ni 11 saylı Qaradağ seçki dairəsində, 2020-ci ildə isə 34 saylı Xətai ikinci seçki dairəsində deputatlığa namizəd kimi təmsil edib…

    2010-2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri seçilib. 2011-ci ildən NİDA Vətəndaş Hərəkatının, 2012-ci ildən İctimai Palatanın, 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür…

    Göründüyü kimi qırx bir yaşlı Samirin ömrünün böyük bir hissəsi siyasətlə bağlıdır. Necə deyərlər, Sabir Rüstəmxanlı kimi böyük bir şəxsiyyətin məktəbini keçib, bu sahədə püxtələşib…

    Təslim olmağı, ruhdan düşməyi sevmir. Arzusu xalqa xidmət, cəmiyyətə daha çox fayda verməkdən ibarətdir. İnanıram ki, nə vaxtsa seçicilər öz səslərini zahirən böyük ingilis siyasətçisi Çörçilin gəncliyinə oxşayan Samir Əsədliyə verəcəklər. Problemlərinin səs-səmiri parlamentdən gəlsin deyə…

    İyunun 1-i Samirin dünyaya gəldiyi gündür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram.
    Uğurları bol olsun!

    Hörmətlə, Elman Eldaroğlu

  • “İnanmıram ki, Kreml başçısı bu təşəbbüslə çıxış etsin”

    Rusiya Federasiya Şurasından Qriqori Karasin Kiyevə humanitar dəstək verdiyimiz üçün balans naminə Ukraynanın işğal altında olan ərazilərinə də adekvat yardım gözləyir, ekspertlər isə bunu mümkün saymır

    “Azərbaycanın Donbasa humanitar yardım göndərilməsi ilə bağlı mümkün qərarı Rusiya ictimai rəyi üçün vacibdir”. “Yeni Müsavat” bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. 

    “İndi Ukrayna mövzusuna toxunaraq, Azərbaycanın Kiyevə humanitar yardım göstərməsinə diqqət çəkmək istərdim. Və hansısa mümkün paritet və balans yaratmaq üçün Azərbaycanın humanitar yardımının Donbasa göndərilməsi məsələsinin müsbət həlli vacib olardı. Bu, ictimaiyyətimizin, ictimai rəyimizin anlayışı üçün çox mühüm göstərici olardı”, – o bildirib.

    Qeyd edək ki, Rusiyadan ilk dəfə belə bir xahiş, həm də rəsmən səslənir. Ancaq Bakının separatçı qurumlara, separatizmə münasibəti məlumdur. Azərbaycan dövləti özü separatizmdən on illərlə əziyyət çəkib. Biz həmçinin, erməni işğalı zamanı bəzi dövlətlərin Qarabağdakı oyuncaq rejimə maliyyə, “humanitar” yardımlar etməsini unutmamışıq. Üstəgəl, Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. O zaman özümüzə rəva bilmədiyimizi Ukraynaya necə görə bilərik? Moskvanın xahişinin arxasında nə durur? Azərbaycanın buna getməsi mümkündürmü? 

    Məlumat üçün deyək ki, Donbas savaşı Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından bəri baş verən müharibədir. 2014-cü ildə baş vermiş Ukrayna inqilabı və Avromeydan hərəkatının ardınca 2014-cü ilin martının əvvəllərindən etibarən rusyönümlü qruplaşmaların etirazları Ukraynanın Donetsk və Luqansk vilayətlərində də baş verib. Bu cür etiraz aksiyalarının davamı olaraq Krım yarımadası Rusiya tərəfindən anneksiya olundu və rusyönümlü separatçıların daha böyük qruplaşmaları Ukraynanın cənub və şərq hissələrinə də yayıldı ki, bu da Donetsk və Luqanskda özünü idarə etmək iddiasında olan separatçı qüvvələrlə mərkəzi hökumət arasında silahlı münaqişənin baş verməsi ilə nəticələndi. 5 sentyabr 2014-cü ildə Ukrayna, Rusiya, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” arasında atəşkəs barədə Minsk protokolu imzalandı. Lakin bu atəşkəs müqaviləsi uzun müddət qüvvədə qalmadı. Rusiya 2022-ci ilin 24 fevralından bəri Ukraynanın 62 min kv.km-dən çox ərazisini işğal edib. Ukraynanın “DeepState” Teleqram kanalının hesabatında belə qeyd olunub.

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Karasinin son açıqlamalarını provokativ sayır: “Gah deyir ki, Xankəndidə konsulluq açılsın, gah Donbasa dəstəkdən dəm vurur. Hiss olunur ki, Rusiyada hansısa dairələrin təlimatını yerinə yetirir. Rusiya dövləti yaxşı bilir ki, Azərbaycan bu addımı atmayacaq. Çünki ərazi işğaldadır. Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi. Misal üçün Belqorod, Kursk, Bryansk kimi şəhərləri vurulur, Bakıda humanitar yardım edir – hə, bunu təsəvvür etmək olar. Hərçənd, Rusiyanın belə bir köməyə ehtiyacı da yoxdur. Amma Donbasa humanitar yardım Ukraynaya hörmətsizlikdir”. S.Əsədli Rusiya rəhbərliyinin Azərbaycandan belə bir xahişi olduğunu düşünmür: “İnanmıram ki, Kreml başçısı bu təşəbbüslə çıxış etsin. Sadəcə, bizim reaksiyamızı yoxlayırlar. Sanki bu münaqişədə Rusiyaya borcumuz var. Azərbaycan Ukraynada müharibədən əziyyət çəkən insanlara humanitar yardım edir. Bu savaş Donbasda yaşayanlara böyük zərər vurub, amma Rusiya həmin regionları ilhaq edib və biz o əraziləri Ukraynanın ərazi bütövlüyü çərçivəsində tanıyırıq. Əgər bu addımı atsaq, Xankəndi separatçılara illərlə edilmiş dəstəyə bəraət qazandırmış olarıq. Postsovet məkanında separatizmə kimlərin dəstək olduğunu yaxşı bilirik”.

    “Yeni Müsavat”a danışan hərbi analitik Azad İsazadə hesab edir ki, bu, Rusiyanın istəyidir və Bakıya mesaj göndərir: “Azərbaycanın nəbzi yoxlanılır. Amma biz indiyə qədər heç bir yerdə separatçı rejimləri tanımamışıq və onlara yardım etməmişik. Bu məsələdə də mövqeyimiz dəyişməz qalacaq. Sadəcə, təxribat xarakterli açıqlamadır. Azərbaycan isə gərginlik yaranmasın deyə bu ideyaya reaksiya verməyəcək”. A.İsazadənin fikrincə, həmin əraziyə humanitar yardım lazım deyil: “Rusiya istəsəydi Donbası cənnətə çevirərdi, amma etmir. Söhbət rəmzi addımdan gedir. Ancaq Bakı neytral mövqedə qalmağa çalışacaq və Donbasa humanitar yardım göndərməyəcək”.

    Yeni Müsavat

  • Bizim Vəli Əsmətov…

    Bizə məlum olan və ya olmayan aləmlərin heç birində yad kimsə, eləcə də heç nə yoxdur. Bütün aləmlər yalnız Allahın yaratdıqlarından ibarətdir. Allah isə heç kimi, heç nəyi nahaq yaratmayıb. Qeyri-səlist məntiqə əsasən, Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq insanlar arasında fərq qoyulmamalıdır və kiməsə yuxarıdan aşağı baxmaq haqqı heç kimə verilməyib. Qanun-qaydalar, qadağalar insanların düşüncəsinin məhsuludur. Əmin-amanlıq, sülh, nizam-intizam olsun deyə, sonradan düşünüb həyata keçiriblər…

    Yadıma “xuliqan” kəlməsi düşdü. Yəqin ki təsdiq edərsiniz, bu ifadə ictimai nizam-intizamı pozan adamlara deyilir. Əslində, “Xuliqan” adam adıdır. Bir vaxtlar bu adı daşıyan nadinc bir ingilis uşağı həyətdə tay-tuşları ilə oynayarkən tez-tez dava saldığından, anası “Xuliqan, Xuliqan!”- deyə çığıraraq onu sakitləşdirməyə çalışırmış. Sonradan bu ad bütün dünyaya yayıldı. “Filankəs xuliqandır”, “xuliqanlıq eləmə” kəlmələri də bu addan yaranıb…

    Kimki Azərbaycan Tibb Universitetinin professoru Vəli Əsmətovla hələ də tanış olmayıbsa, deməli həyatda çox şeyi itirib. Vəli müəllim bir başqa aləmdir. Yoldaşlığına, dostluğuna söhbət ola bilməz. Əsl kişilərə xas olan çox xüsusiyyətləri var, sadalamaqla bitməz. Gözütox, sadə, təvazökar, təmənnasız adamlardandır, o qədər adama yardımçı olub ki…

    Heç vaxt mərdi namərdin ayağına vermir, heç zaman kiminsə dalıyca danışmır. Dürüstlüyün aşiqidir, düz danışan adamlara doğması kimi baxır. Necə deyərlər, sözü varsa gizlətmir, şapalaq kimi adamın sifətinə çırpır. Bəli, professor Vəli Əsmətov əyilməz, məğrur, ləyaqətli kişilərdəndir…

    Elədir, o da uşaqlıqda nadinc, sözgötürməyən, təəssübkeş, bir sözlə, zirək uşaq olub. Onun bu zirəkliyi təhsildə də özünü biruzə verib. Dərslərinə ciddi yanaşıb və böyüyüb alim, professor olub. Ümumiləşdirib onu deyə bilərəm ki, əsl KİŞİ adamdır. Əgər hər hansı bir ssenarist onun obrazını yarada bilsəydi, bu rolu yalnız mərhum Fuad Poladov ifa edə bilərdi…

    Vəli Yadulla oğlu Əsmətov 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-1980-ci illərdə Çayüzü kənd orta məktəbində təhsil alıb. 1981-1984-cü illərdə keçmiş Sovet ordusunda hərbi xidmətdə olub. 1984-1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə-profilaktika fakültəsində ali təhsilə yiyələnib, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə institutun Böyük Elmi Şurasının qərarı ilə Farmakologiya kafedrasında baş laborant vəzifəsinə təyin olunub. 1991 – 1994-cü illərdə farmakologiya ixtisası üzrə aspiranturada əyani təhsil alıb və tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnib. 1995-ci ildə Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının V.V.Zakusov adına Elmi-Tədqiqat Farmakologiya İnstitutuna ezam olunan Vəli Əsmətov elə həmin ildən institutun doktorantı olub. 1995 – 2005-ci illərdə üzərində işlədiyi “Uzunmüddətli neyrolepterapiya zamanı əmələ gələn əlavə effektlərin farmakoloji korreksiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə yiyələnib. 2010-cu ildən bütün dünyanın qəbul etdiyi BEYNƏLXALQ DƏRƏCƏLİ TİBB ELMLƏRİ DOKTORUdur. Bir neçə dərsliyin və elmi kitabların müəllifidir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının professorudur…

    Bəli, professor Vəli Əsmətov köhnə kişilərə xas olan bütün keyfiyyətləri özü ilə gələcəyə daşıyan nadir kişilərdən biridir. Belə adamları sevə-sevə qorumaq lazımdır…

    Biz tez-tez milli dəyərlərdən danışırıq. Amma bu dəyərlərin təcəssümü olan insanlara bəzən laqeyd yanaşırıq. Televiziyalar səhərdən axşamadək milli mənəviyyatımıza zidd olan verilişlər göstərir. Kaş belə bayağı verilişlərdənsə Vəli müəllim kimi insanları göstərəydilər. Axı belə insanların çıxışları gənc nəslin formalaşmasında böyük rol oynayardı…

    İyunun 2-si professor Vəli Əsmətovun doğum günüdür, 61 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, yeni-yeni elmi nailiyyətlər arzulayıram.
    Çox yaşa, böyük kişi!..

    Hörmətlə, Elman Eldaroğlu

  • MHP-də Əhməd Cavad İnistutu yaradıldı – Sabir Rüstəmxanlıdan təbrik

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının tapşırığı ilə Ankarada Əhməd Cavad adına İnstitut yaradılıb. Qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.

    MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura Partiya sədrinin baş müşaviri, professor Ruhi Ersoy rəhbərlik edəcək.
    Azərbaycan Milli Məclisinin deputatı,
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı İnistitutun yaradılması ilə bağlı MHP sədri Dövlət Baxçalıya məktub ünvanlayıb. Məktubda deyilir: “Sayğıdəyər Devlət bəy!
    Milliyyətçi Hərəkat Partiyasında Türk dünyasının istiqlal şairi Əhməd Cavad adına “Əhməd Cavad İnistitutu” yaradılmasını böyük sevinclə qarşıladım. Turan ellərində daim “Yol ver, Türkün bayrağına” türküsüylə ruhu dolaşan böyük şairimizin adını daşıyacaq inistitutun Türk Dünyası üçün böyük işlər görəcəyinə inanıram.
    Xeyirli, uğurlu olsun!
    Türkiyə siyasi sistemində milli məfkurənin dönməz daşıyıcısı olaraq Sizə uğurlar arzulayıram!
    Tanrı Türkü qorusun!”

  • VHP təmsilçisi: İqtidar-müxalifət arasında dəyirmi masaların keçirilməsi məqbul və vacibdir

    “Siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirəsi, cəmiyyətə birlikdə mesajlar verməsi əhəmiyyətli faktordur”
     
     
    Ötən həftə Prezident Administrasiyası növbəti addıma imza atdı. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması üçün Milli Məclis, MSK, Hesablama Palatası, Ədliyyə və Maliyyə nazirlikləri, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olundu. Görüşdə dövlət qurumlarının siyasi təşkilatlarla bağlı gördüyü işlərə nəzər salındı. Çıxış edən partiya nümayəndələri müxtəlif təkliflər səsləndirdilər, ətraflı müzakirələr aparıldı. Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən partiyarla bir neçə görüş keçirib. Lakin ilk dəfə olaraq məhz dövlət qurumlarını təmsil edən şəxslərin iştirakı ilə partiyaların nümayəndələrinin görüşü təşkil edilib. Bu cür görüşlərin bundan sonra da davam edəcəyi vurğulanıb.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, politoloq Felmar Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, tədbir mahiyyətcə onu göstərdi ki, bundan sonra da iqtidarla müxalifət arasındakı münasibətlər məhz dialoq formasında davam edəcək. Partiya təmsilçisi qeyd edib ki, keçirilən tədbir ölkəmiz və siyasi partiyalar üçün faydalı tədbir idi: 
    “Təkliflər irəli sürüldü, problemlər də qeyd olundu və müzakirə edildi. Tədbir yüksək səviyyədə keçdi. Bu cür tədbirlərin davamlı olması təklifləri verildi və yəqin ki, davamlı olmalıdır. Gələcəkdə də müxtəlif mövzular ətrafında bu cür dəyirmi masaların keçirilməsini məqbul və vacibdir. Çünki ölkədə siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirə etməsi, cəmiyyətdə birlikdə mesajlar verməsi əhəmiyyətli faktorlardan biridir. Yaxın tariximiz milli birliyin və siyasi dialoqdan yaranan həmrəyliyin müsbət nəticəsini ortaya qoyub. Xalqımız Vətən müharibəsində iqtidar-müxalifət birliyinin şahidi oldu”.
     
    F.Ələkbərli vurğulayıb ki, qırx dörd günlük Vətən müharibəsinin qələbə ilə başa çatması istər regionumuzda, istərsə də ölkəmizdə yeni siyasi reallıqlar yaratdı: 
    “Vətən müharibəsi dövründə siyasi partiyaların nümayiş etdirdiyi milli birlik, siyasi həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin daha mübariz olmasını şərtləndirdi. Bu həqiqətlər siyasi dialoqun davamlılığını şərtləndirir”.
  • VHP sədrinin Cümhuriyyət günü təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı 28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:
    “Əziz bacılar və qardaşlar!
    28 May – Müstəqillik Günü münasibəti ilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
    Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının, dövrün tanınmış siyasətçiləri və ziyalılarının fədakarlıqları nəticəsində Azərbaycanda Şərqin ilk demokratik dövləti yaradılıb. Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin və xalqımızın tarixində çox böyük iz qoyub, dövlət və ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində mühüm işlər görüb. İki il ərzində bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirilib. Ən əsası isə, M.Ə.Rəsulzadənin təbirincə desək, xalqa azacıq da olsa azadlıq hissi dadızdırılıb. 70 illik bolşevik istilası dövrünün qanlı repressiyaları belə az da olsa istiqlal dadmış Azərbaycan xalqının qəlbindən azadlıq sevgisini silib ata bilmədi. 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz ikinci istiqlal mücadiləsinə başlayanda məhz bu ideyalarla silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı, xalqımız əsrin sonunda başlayan müstəqillik savaşına da məhz bu ideyalarla atıldı və qalib gəldi. Bu gün Azərbaycan müstəqil dövlət olaraq Xalq Cümhuriyyətindən bizə miras qalan müqəddəs bayrağı qürurla dalğalandırır. Bu bayrağın Xankəndindən Bakıdayadək bütün ölkə ərazisində dalğalanması tariximizin ayrıca bir şərəf səhifəsidir. Azərbaycan xalqı 106 il öncə dünyaya təqdim etdiyi istiqlal və hürriyyət ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir.
    Əziz həmvətənlər!
    Sizi bir daha 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, Azərbaycan uğrunda apardığımız mübarizədə uğurlar arzulayıram. 28 may dünya siyasətində Azad, Demokratik Azərbaycan dövlətinin yaranma günüdür. Bu həm də Bütöv Azərbaycan dövlətinin qurulmasına gedən yolun başlanğıcıdır! Bu yolda Tanrı millətimizə yar olsun!”.

  • ABŞ kəşfiyyatçısının müəmmalı İrəvan səfəri

    Devid Koen niyə Bakıya da gəlmədi; MKİ rəhbərinin müavini nümayəndə heyəti ilə birgə Paşinyana təlimatlar verib, eyni vaxtda dövlət katibi Blinken Ermənistana dəstəyin gücləndirilməsindən danışıb – faktlar

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti mayın 21-də İrəvanda səfərdə olub. “Yeni Müsavat” bildirir ki, Koen öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. 

    Nümayəndə heyətini Ermənistanın baş naziri Nikol Paşinyan da qəbul edib. Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüşdə Ermənistan-ABŞ ikitərəfli və beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib. Eyni vaxtda ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ermənistana dəstəyimizi və bu ölkə ilə əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək məqsədilə İrəvandan gələn bir sıra sorğuları nəzərdən keçiririk. Bununla yanaşı, o, apreldə həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşünü xatırladıb: “Avropa İttifaqı rəsmiləri ilə bu istiqamətdə aparılan məsləhətləşmələr Ermənistan hökumətinə hansı istiqamətlər üzrə dəstəyin verilməli olduğunu müəyyənləşdirmək məqsədi daşıyıb. Biz belə qərara gəlmişik ki, həyata keçiriləcək tədbirlər bütün istiqamətləri əhatə etməlidir”, – deyə A.Blinken fikirlərini tamamlayıb. O həmçinin əlavə edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanır.

    Bu səfər və ABŞ xarici işlər nazirinin açıqlaması göstərir ki, Vaşinqton İrəvanda mövqelərini gücləndirməyə çalışır. ABŞ Rusiyanın forpostu olmuş ölkədə strateji olaraq möhkəmlənir və Paşinyan administrasiyasına da bu məqsədlə güclü dəstək verilir. Bəs niyə məhz indi? Devid Koen İrəvana konkret nə üçün gəlmişdi? Səfərin İran prezidentinin qəzada həlak olmasından bir gün sonra reallaşması təsadüfdürmü? Ümumiyyətlə, ABŞ 6 ildir ki, Paşinyan hakimiyyətini müdafiə edir. Avropa İttifaqı da eynilə dəstəyi davam etdirir. Xarici işlər naziri Ararat Mirzoyan mayın 22-də parlamentdə deyib ki, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlər hərtərəfli birgə tərəfdaşlıq haqqında razılaşmadan daha geniş sahələri əhatə edir. O bildirib ki, tərəflər bu münasibətlərin daha da dərinləşməsi üçün möhkəm siyasi iradəyə malikdir: “Biz bu fəaliyyəti birgə tərəfdaşlıq müqaviləsi əsasında həyata keçiririk. İndi isə avropalı tərəfdaşlarımızla əlaqələrimizin bu sənədin (SEPA) hüdudlarından kənar səviyyədə genişləndirilməsini müzakirə edirik”. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel də bildirmişdi ki, Aİ Ermənistanın suverenliyinə, demokratiya və möhkəmliyinə güclü sadiqliyini nümayiş etdirmək üçün amerikalı dostları ilə səyləri birləşdirməyə çalışır.

    Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, MKİ rəhbərinin müavini Ermənistana təsadüfən səfər etməyib: “Nəzərə almaq lazımdır ki, ABŞ-ın İraqdan sonra ikinci ən böyük diplomatik korpusu İrəvanda yerləşir. Hətta səfirliyin işçilərinin sayının iki mindən çox olduğu deyilir. İstisna deyil ki, onların əksəriyyəti kəşfiyyatçılardır. Yəni Mərkəzi Kəşfiyyat İdarəsi səfirlik adı ilə regiona yerləşib. Bu informasiya Rusiyada da var. Onlar bilirlər ki, Paşinyanın məşvərət-məsləhətçiləri arasında səfirlikdəkilərin olması da gözləniləndir. Bu mənada Devid Koenin səfəri planlaşdırılmış addımdır. Bununla həm Ermənistanın Rusiyanın orbitindən uzaqlaşdırıldığı və ABŞ tərəfindən himayə olunduğu mesajı verilir, həm də bəzi “ev tapşırıqları” verilir”. 

    S.Əsədlinin sözlərinə görə, Rusiyanın Ermənistanda təsirlərinin azaldılması prosesi gedir və Blinkenin bəyanatı da həmin səfərlə sinxronluq təşkil edir: “Rusiyanı Ermənistandan tam çıxarmaq çətin olacaq. Lakin bu istiqamətdə addımlar sürətləndirilir. Aprelin 5-də keçirilən Brüssel görüşü, ayrılan maliyyə, Avropa İnkişaf və Yenidənqurma Bankının 500 milyonluq yardım vədi göstərir ki, Qərb İrəvanı öz peykinə yaxınlaşdırır. Təsadüfi deyil ki, xarici işlər naziri Mirzoyan mayın 22-də Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsinin zəruriliyindən danışıb. Habelə Kopenhangendə keçirilən “demokratiya sammiti”ndə Paşinyan Avropa Birliyinə üzvlük arzusunu dilə gətirmişdi, hətta bu il qoşulmaq istədiklərini bildirmişdi. Bir sözlə, səfərlər, bəyanatlar, görüşlər məhz Ermənistanın Rusiyadan uzaqlaşdırılması strategiyasıdır”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat” 

  • Xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti koordinasiya olunmayıb

    Bu sözləri Diaspora.TV-yə Vətəndaş Həmrəyliyi Partiyasının Diasporla iş şöbəsinin müdiri Real Cəfərli diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərinə münasibət bildirərkən deyib.
    R.Cəfərlinin sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının sayı ölkədən-ölkəyə fərqlidir:
    “Məsələn, Rusiyada yüzdən artıq Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycanla bağlı hansısa xüsusi günlərdə ayrı-ayrılıqda tədbirlər keçirirlər. Təbii ki, birinin digərinin gördüyü işdən xəbəri də olmur. Üstəlik, bu qədər təşkilatın ayrılıqda və dağınıq şəkildə Xocalı soyqırımı, Qarabağ münaqişəsini gündəmə gətirməsi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışması effekt vermir. Elə buna görə də Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması həm də proseslərə təsiretmə imkanlarını ortaya qoyur”.
    Şöbə müdiri təəssüflə bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi 30 ildən çox mövcud olsa da ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti koordinasiya olunmayıb:
    “Bu isə ona gətirib ki, xaricdə təşkilatlanan azərbaycanlılar Dövlət Komitəsi ilə paralel şəkildə addımlaya bilməyib. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidirlər. Sadə misal gətirək: xarici ölkədə yaşayan Azərbaycan təşkilatları hansısa günlə bağlı tədbir keçirir. Eyni anda hamısı tədbir keçirərkən effektli olmur və hansına gedəcəyini bilmirsən. Yaxud da etiraz mitinqi keçirmək istəyirlər. Bunu mütləq razılaşdırmalıdırlar”.
    R.Cəfərli təklif edib ki, bunun üçün koordinasiya şuraları formal mövcudluqdan real fəaliyyətə keçməlidirlər.
    Diaspora.TV
  • Zəngəzur dəhlizi yaşam qazanacaq

    Kalininqrad modeli yaxşı ideyadır

    Bu varianta əsasən yol boyu heç bir qapı, pəncərə açılmayacaq, sərnişin və yüklər yoxlanılmayacaq

     
      Zəngəzur dəhlizi Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib. Nazirin sözlərinə görə, İraqla birgə tikiləcək İnkişaf Yolu layihələri və Zəngəzur dəhlizi Türkiyə üçün həm maliyyə, həm də strateji baxımdan əhəmiyyətlidir. Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan da deyib ki, Azərbaycana Naxçıvana çıxış üçün “Kalininqrad variantı”ndan istifadə etmək imkanı vermək lazımdır. Babayan bildirib ki, əsas problem demarkasiya yox, yol məsələsidir: “4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır”. Jurnalistin “Azərbaycan Zəngəzur dəhlizi istəyir” sözlərinə Babayan “Yalan deyirsiniz” deyə cavab verib: “Azərbaycan prezidentinin noyabr ayında verdiyi bəyanata baxın. Orada deyilir ki, Kalininqarad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil”. Qeyd edək ki, Kalininqrad variantı Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməyə imkan verir. Bu variantda Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışına məruz qalmır, lakin bu yoldan istifadə edən üçüncü ölkələrin sərnişin və yüklərinə gömrük və sərhəd yoxlanışı tətbiq edilir.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az“a açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 2020-ci il 10 noyabr anlaşmasına əsasən, ölkəmizin qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması bu dəhlizin əsas hissəsini təşkil edir. Ekspertin sözlərinə görə, ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi, təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil:
    “Zəngəzur dəhlizi region, həmçinin Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit–nəqliyyat xəttinə bağlayır. Azərbaycanın Ermənistanın imtina etdiyi Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyi bəllidir. Rəsmi Bakı malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini, mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhədləri nəzarətinin Ermənistan tərəfindən aparılmasını istəyir. Niyə Azərbaycanın bir hissəsindən digər hissəsinə gedərkən bizi hansısa ölkənin sərhədçisi, gömrükçüsü yoxlamalıdır?!”.
      S.Əsədli hesab edir ki, irəli sürülən Kalininqrad modeli yaxşı ideyadır: “Bu modelə görə Rusiyadan gələn sərnişin, yük qatarları Litva sərhədinə qədər adi şəkildə gəlir. Litva sərhədinə çatanda isə qalan yolu qatar heç bir yerdə dayanmadan bütün qapı və pəncərələri bağlanılmaqla Kalininqrada doğru hərəkət edir. Həmin qatarlar yalnız Kalininqrad sərhədini keçəndən sonra yenidən adi qaydada hərəkət edir. Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında 44 km məsafə var. Kalininqrad variantına əsasən bu yol boyu heç bir qapı, pəncərə açılmayacaq, sərnişin və yüklər yoxlanılmayacaq. Azərbaycan bu zaman Ermənistan ərazisindən yalnız tranzit yolu olaraq istifadə edəcək. Eyni rejimlə Ermənistandan gələn qatarlar da Azərbaycandan 500 km məsafə qət etməklə Rusiyaya yan ala bilərlər”.