Vətəndaş Həmrəyliyi Partiyası

Author: vhpadmin

  • Leninin heykəlini uçurub, yerində Rəsulzadənin heykəlini ucaldan azərbaycanlı (VİDEO, FOTOLAR)

    6 mart Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli dövlət xadimi, dahi mütəfəkkir, siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadənin 3 dəfə “Azərbaycan” deyərək, dünyadan köçdüyü gündür. Bu gün Rəsulzadənin vəfatından 61 il ötür. 

    Rəsulzadə Azərbaycan xalqının milli dəyəridir. Bir müddət öncə onun adı ətrafında baş verən qalmaqal da göstərdi ki, Məhəmməd Əmin Rəsulzadə adı çəkiləndə zaman dayanır.
    Bu gün, ilk dəfə olaraq Rəsulzadənin xatirəsini əbədiləşdirən, Lenin heykəlinin boynuna ip salıb uçuran, yerində Rəsulzadənin heykəlini ucaldan keçmiş Şin zavodunun direktoru Felmar Ələkbərovla həmsöhbət olduq.
    Felmar Ələkbərov bütün riskləri gözə alaraq, rəhbəri olduğu Şin zavodunun həyətində qoyulan Leninin heykəlinin boğazına ip salaraq ayaqlarının altına atdığı günü danışdı: “1990-cı il 20 yanvar hadisəsinin səhəri günü tikinti üzrə müavinə dedim ki, kran gətirin. Direktor müvininə bildirdim ki, bir adam təşkil edin ki, Leninin heykəlinin boynuna tros ipi keçirsin. Müavin xahiş elədi ki, məni bu işlərə qatma, qorxulu işdir. Digər şəxslər də, ipi Leninin boynuna keçirməyə çəkindi. Bu zaman nərdivana çıxıb,tros ipi Leninin boğazına keçirdim. Krana göstəriş verdim ki, dartıb aşağı salsın. Heykəli çox çətinliklə çıxara bildik. Sonra Leninin heykəlinin yerinə Məhəmməd Əmin Rəsulzadənin heykəlini qoyduq. Bu abidə Bakıda Rəsulzadənin ilk abidəsi idi. O vaxta qədər Rəsulzadənin heç yerdə heykəli yox idi”.
    Felmar Ələkbərov Leninin heykəli uçurduğu üçün Moskvanın təzyiqləri ilə, vəzifəsini itirmək təhlükəsi ilə üzləşdiyini dedi: “Bu hadisədən sonra Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Rüfət Ağayev məni təhdid elədi ki, nə etmisən. Əlini masanın üstünə vuraraq dedi ki, “səni qarışqa kimi əzərəm”. Sən kommunistsən, müəssisə rəhbərisən, necə belə işə əl qoya bilərsən? Bildirdim ki, artıq mən bu işi eləmişəm. Rüfət Ağayev sənədlərimi göndərdi Moskvaya və mənim “məsələmə” baxılacağını dedi. SSR kimya sənayesi naziri Limayev məni qəbul elədi. Limayev xeyli danışdıqdan sonra zavodun göstəricilərinə baxdı və “sən niyə belə hərəkət etmisən” deyə soruşdu. Dedi ki, siyasətlə, Leninlə işin olmasın,zavodun işləri ilə məşğul ol. Lakin sənin haqqında Bakıdan şikayət məktubu gəlib. Mən Azərbaycan hökuməti  ilə sənin barəndə müzakirə edəcəyəm.
    Limayev telefonla Bakıya baş nazirin birinci müavini Artur Rəsizadəyə zəng elədi və mənim haqqımda məlumat aldı. O zaman A.Rəsizadə sənaye sahəsinin kurasiyasında idi. Limayevin danışığından bildim ki, A.Rəsizadə mənim haqqımda müsbət fikir dedi. Limayev Artur Rəsizadəyə bildirdi ki, Şin zavodun göstəriciləri yaxşıdır və  soruşdu ki, sənayə sahəsi Rüfət Ağayevin səlahiyyətindədir, yoxsa sənin. Telefonda bir qədər zarafatlaşdıqdan sonra razılığa gəldilər ki, Mütəllibovun  imzası ilə məktub göndərilməlidir ki, şin zavodunun direktoru vəzifəsinə Ələkbərov Felmaq Əli oğlu ilə yenidən 5 illik müqavilə bağlasınlar. Məktub bir gün ərzində Moskvaya çatdı və yenidən vəzifəmə qayıtdım”.
    Felmar Ələkbərov bu hərəkəti ilə Əbülfəz Elçibəyin də alqışını qazandığını bildirdi: “Əbülfəz Elçibəy də bu heykəl haqqında eşitmişdi. Kələkidən qayıdandan sonra bir söz işlətdi. Mənə dedi ki, biz hakimiyyətdə çox az olduq. Bizim edə bilmədiyimizi sən eləmisən, buna görə çox sağ ol”.
    Müsahibimiz deyir ki, hazırda Rəsulzadənin adına küçələr olsa da, onun adı layiqincə əbədiləşdirilmir: “Şin zavodunun qarşısında SSRİ hələ dağılmamış bayraq var idi. Bayrağın üzərində “Bir kərə yüksələn bayraq, bir daha enməz” yazılmışdı. Bu söz isə Rəsulzadənin məşhur kəlamıdır. Bu heykəli burada quraşdımaqda məqsəd,  bir kərə yüksələn bayrağın bir daha enmədiyini sübut etmək idi. Mən Leninin heykəlini yerindən qoparıb, Rəsulzadənin heykəlini ucaltdığım üçün çox xoşbəxtəm. Çünki, o çox böyük tarixi şəxsiyyətdir. Rəsulzadə Şərqdə ilk cümhuriyyəti qurmuş insandır. Düzdür adına küçələr, abidələr olsa da, lakin kifayət deyil. Bakının əsas mərkəzi küçələrində heykəlləri, abidələri ucaldılmalıdır”.
    Məğrur Mərd
    Fotolar və video müəllifindir
    felmar1 felmar21 felmar44444 resulzadeheykel resulzadeheykel1 resulzadeheykel2 resulzadeheykel3
  • Sabir Rüstəmxanlı 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib

    Vətəndaş Həmrəyliyi  Partiyasının (VHP)  sədri, xalq şairi Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

     

    VHP mətbuat xidmətinin məlumatına görə, təbrikdə deyilir:

    Əziz xanımlar!

    Sizi 8 Mart Beynəlxaq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə xoşbəxtlik arzulayıram.

    Yaşı yüz ildən də artıq olan bu bayramın qeyd edilməsində məqsəd qadınların ailədə və cəmiyyətdə hüquqlarının tanınması, onların layiq olduğu qiymətin verilməsidir. Ancaq türk təfəkküründə qadın hüququnun tanınması deyilən bir anlayış olmayıb. Çünki xanımlarımız öz ərləri, həyat yoldaşları ilə bərabər ailənin məsuliyyətini daşıyıb, Xaqanın xanımları – xatunlar isə dövlətlərin, imperiyaların idarə edilməsində, taleyüklü qərarların verilməsində önəmli rol oynayıblar. Tarixən türklər ananı müqəddəs sayıb, “Ana haqqı Tanrı haqqı” deyib və xanımın cəmiyyətdəki mövqeyini qoruyublar.

    Yalnız Ərəb xilafəti zamanında xanımlarımızın hüquqları qismən əlindən alınıb, amma mərkəzi idarəetmənin zəif olduğu türk elatlarında, ucqarlarda əski ənənə yenə də qorunub, eyibsiz türk xanımları çadra geyinməyib, tərəkəmə ənənəsini qoruyublar.

    Təsadüfü deyil ki, ötən əsrin əvvəlində müstəqilliyini əldə edən kimi Azərbaycan Şərqdə ilk dəfə olaraq qadınların hüquqlarının bərpası istiqamətində addımlar atdı, onların seçib-seçilmək haqqını tanıdı. Çünki bu, türk əxlaqından, milli ənənədən gələn bir sifariş idi.

    Hazırda xanımlarımızın dövlət idarəetməsində iştirakı, parlamentdə təmsilçiliyi də genişlənməkdədir və bunu cəmiyyətin normal qəbul etməsi də ənənələrə bağlıdır.

    Əlbəttə, xanımların ictimai statusu ilə bərabər, övlad tərbiyəsindəki misilsiz xidmətini də unutmaq olmaz. Cəmiyyətin adət-ənənəni yaşatması, milli ruhun qorunması hər şeydən öncə ailədən, ana tərbiyəsindən başlayır və minillərin sınağından keçən bu böyük mədəniyyəti, dili, əxlaqı, milli kimliyi də yaşadan, övladlarına ötürən analarımız olmuşdur.

    Hər bir kişinin arxasında qadın dayandığı kimi, cəmiyyətdə sayılıb-seçilən hər bir xanımın da arxasında ər dəstəyi dayanır və dayanmalıdır. Əlbəttə, bu güvənc ailədən başlayır və cəmiyyətə müsbət mənada böyük impulslar verir.

    Əziz xanımlar!

    Bir daha sizləri təbrik edir, ailə səadəti, xoşbəxtlik arzulayır, əmin-aman cəmiyyətdə yaşamağınızı diləyirəm.

     

  • Əlövsət Əliyev: ”Saxta sənəd ”istehsal” edənlər haqqında hesabat hazırlayacam”

    ‘Prezidentdən sinif yoldaşı Emin Şəkinskinin qanunsuz davranışlarına son qoyulmasına yardım etməsini xahiş etmişəm”

     

    Son zamanlar mühacirətdə olan bəzi şəxslər ətrafında müzakirələr səngimir. Əsasən də Azərbaycanda təzyiqə məruz qalmayan insanların xaricdə siyasi sığınacaq almaq  istəməsi ictimaiyyətdə narazılıq yaradır, onlara yardımçı olanlar hədəfə alınır. Hədəfə tuş gələn şəxslərdən biri də “Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Mərkəzi”nin rəhbəri Əlövsət Əliyevdir. Meydan TV Əlövsət Əliyevlə müsahibədə bu və digər suallara cavab tapmağa çalışıb…

    –  Əlövsət bəy, xeyli vaxtdır ölkədən uzaqdasız. Bu gün Azərbaycan uzaqdan necə görünür?

    –  20 aydan çoxdur vətəndən kənardayam. Lakin Azərbaycandan heç zaman uzaq olmaq mümkün deyil. İnsan doğulduğu, böyüdüyü, təhsil aldığı, müstəqilliyi uğrunda mübarizə apardığı, ərazi bütövlüyü uğrunda döyüşdüyü, pis- yaxşı ömrünün 53 ilini yaşadığı, özünə bəlli bir iş qura bildiyi ölkədən uzaqda yalnız cismən ola bilər. Mən ruhən daim doğmalarımla və dostlarımlayam. Müasir dünya sanki qlobal bir kəndə çevrilib, ünsiyyət və rabitə vasitələri çeşidlidir, çox əlçatan və intensivdir. Sanki dünyanın miqyasları çox kiçilib və bu kiçik dünyanın kiçik bir hissəsi olan Azərbaycan necə varsa, elə də görünür. Məlumdur ki, hər bir cəmiyyət hüquq və əxlaq normaları ilə idarə edilir. Bu gün çox təəssüf ki, ölkəmiz hüquqi və mənəvi-əxlaqi nihilizm, böhran keçirməkdədir. Vətəndaş cəmiyyətinin bərqərar olması və qanunun aliliyinin təmin edilməsi sahəsində kəskin problemlər mövcuddur. Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının qorunmasını tələb edən dövlətlərə, beynəlxalq təşkilatlara, bu sahədə tanınmış beynəlxalq ekspertlərə və Azərbaycanda bu sahədə fəallıq edənlərə münasibətdə barışmaz mövqe sərgilənməkdə davam edir.

    –  Əlövsət bəy, orada hansı işlərlə məşğulsuz? Fəaliyyətinizi hansısa formada davam etdirirsizmi?

    –  Bildiyiniz kimi, mən Almaniyadayam. Əsas qayğılarımdan biri alman dilini öyrənməklə bağlıdır. Çalışıram ki, alman dilini daha mükəmməl öyrənim. Gündəlik dərslər davam edir. Eyni zamanda bir hüquq firması yaratmışam. Firmanın məqsədi azərbaycanlıların Avropada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, daşınmaz əmlak almasına, Avropaya sürətli inteqrasiyasına, Azərbaycan səfirlikləri ilə yaranan problemlərinin həllinə, həmvətənlərimizin təşkilatlanmasına, Almaniyada təhsil almasına, Azərbaycana könüllü qayıdışın təşkilinə və s. sahələrdə yardım etməkdən ibarətdir. Amma firma hələ tam aktiv fəaliyyətə başlamayıb. Ofis axtarışındayıq. Müraciət edən hər bir şəxsə təbii ki, hüquqi məsləhətlər veririk. Qeyd edim ki, bu ölkədə azərbaycanlılar kifayət qədər çoxdur və onların təşkilatlanması sahəsində ciddi problemlər var. Müşahidələrimdən bəzən belə bir qənaətə gəlirəm ki, sanki bir-birlərindən uzaq olsunlar deyə onların əksəriyyəti ilə hər gün kimlərsə iş aparır. Təbii ki, kifayət qədər gənc və tərəfsiz insanlar da var və onlar azərbaycanlıların təşkilatlanması sahəsində çox fəal, məqsədyönlü iş görürlər. Bu kimi hallar məni də ruhlandırır. İmkanım olanda azərbaycanlıların tədbirlərinə qatılıram və ya tədbirlərin təşkilinə dəstək verirəm. 55 yaşada olan bir şəxsin iki ilə inteqrasiya olunması, dil öyrənməsi və ardıcıl olaraq nə ilə isə məşğul olması çox çətindir. Amma bura Azərbaycan deyil və hesab edirəm ki, 2017-ci ildən sonra çox ciddi fəaliyyətlə məşğul olmaq imkanlarına sahib olacağıq. Təbii ki, kifayət qədər maneələr də var. Bu maneələr isə ilk olaraq Azərbaycan hakimiyyətinin fəaliyyəti ilə bağlıdır. Ölkədə birbaşa, xaricdə isə öz əlaltıları vasitəsilə soydaşlarımızın bir araya gəlməsinə mane olmağa çalışır. Çox təəssüf ki, bu işdə müəyyən qrup ölkə vətəndaşını və hətta media təmsilçilərini də inandırır və insanların təşkilatlanmasına əngəl yarada bilirlər.

    –  Sizdən sonra da ölkədən xeyli insan getdi. Bu gün də gedənlər var. Və bu mühacirət məsələsində sizin adınız daha çox hallanır. Deyirlər, sizin vasitənizlə ölkədən gedənlər daha çoxdur. Doğrudurmu?

    –  Birincisi, sual dəqiqləşdirilmiş sual deyil və daha çox mənfi fikir yaratmağa xidmət edir. Sizin əlinizdə hansı araşdırma nəticələri, sübutlar var ki, məndən sonra Azərbaycanı tərk edənlərin xeyli olduğu qənaətinə gəlmisiniz? Bu, birmənalı olaraq yanlışdır. Mən QHT-lərə olan hücum zamanı ölkədən getmişəm. Yadımdadır ki, Azərbaycandan xaricə getdiyim günlərdə 50-yə yaxın jurnalistin və QHT təmsilçisinin ölkədən çıxışına və ölkəyə girişinə qadağa qoyuldu. Dəqiq xatırlayıram ki, məhz mənim Azərbaycandan çıxdığım gün Rauf Mirqədirov sərhəddə saxlanıldı və həbs edildi, digər QHT rəhbərləri isə bir gün sonra ölkədən buraxılmadı. Bir daha bildirirəm ki, məndən sonra ölkədən xeyli insanın getməsi haqda mülahizəniz əsassızdı. Sizin mülahizənizin əksinə olan başqa bir arqument isə budur ki, miqrasiya sahəsində hazırlanmış bütün hesabatlarda 2014-cü ilin birinci yarısında Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışının daha çox olması qeyd edilib. Bu, doğrudur ki, bəzi siyasi fəallar, KİV təmsilçiləri, QHT rəhbərləri ölkəni tərk ediblər. İkincisi, bu sual hakimiyyətdə olan şəxslərə ünvanlanmalıdır. Onlardan soruşmaq lazımdır ki, adını çəkdiyimiz sahələrdə çalışan fəal insanlar niyə kütləvi surətdə ölkəni tərk etmək istəyirlər. Üçüncüsü, hər kəsin Azərbaycan Respublikasının qanunlarına əməl etməklə, ölkəni tərk etmək hüququ var və bu kimi hallara qanunsuz qadağalar qoyula bilməz. Ölkədə oldugum zaman rəhbərlik etdiyim Azərbaycan Miqrasiya Mərkəzi hər il “Azərbaycandan Miqrasiya və Azərbaycana Miqrasiya” ilə bağlı illik hesabatlar hazırlayırdı. Mənim təşkilatdan istefamdan sonra həmin qurumun bu tip hesabatlar hazırlamasından xəbərsizəm. Birmənalı olaraq təsdiq edirəm ki, Almaniyada və digər Avropa ölkələrdə tanıdığım şəxslərin 95 faizindən çoxu mənim mühacirətə getdiyimdən əvvəlki dövrlərdə Azərbaycanı tərk ediblər. İnsanlar mənim vasitəmlə Azərbaycanı necə tərk edə bilərlər? Bu sual, ümumiyyətlə, məntiqli deyil, qeyri-realdır və müəyyən mənada qərəzlidir. Hansı mənbədən bu məlumatı almanız mənə maraqlıdır. Demək olar hər gün ölkədən getmək üçün (investisiya yatırmaq istəyi, ailə birləşməsi, yəhudi immiqrasiyası, təhsil proqramları, müalicə üçün həkim tapılması, ailə zorakılığının və insan alverinin qurbanları, vətəndaşlıqdan imtina etmək istəyən şəxslər və s.) müxtəlif suallarla mənə müraciətlər olur. Bilik və təcrübəmə əsaslanaraq onlara məsləhət verirəm. Məqsədim bu insanların ölkədən getməsinə dəstək vermək yox, onları Avropa qanunvericiliyi haqqında məlumatlandırmaqdır. Və bu xeyirxah bir işdir. Məncə, hər kəs, o cümlədən hər bir mətbuat təmsilçisi öz vətəndaşlarının bu sahədə məlumatlandırılmasında maraqlı olmalıdır. Belə məlumatlandırmalar insanların qanunsuz olaraq ölkəni tərk etməsinin qarşısını almağa, insanların şüurlu qərar qəbul etməsinə kömək edir. Mən hüquqşünasam, miqrasiya hüququ sahəsində ixtisaslaşmışam və bu sahə ilə problemi olanlar ən müxtəlif ölkələrdən mənə müraciətlər edir. Mən də biliyim və təcrübəməuyğun onları cavablandırıram. Sualınızın “deyirlər sizin vasitənizlə ölkədən gedənlər daha çoxdur” hissəsi mənə hakimiyyətdə olanların “etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə” yanaşmasını xatırlatdı. Bu məlumatları deyənlərə deyin ki, sizə deyil, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Yaxud özünüz jurnalist təhqiqatı aparın, mənim və ya mənim vəziyyətimdə olan şəxslərin Azərbaycandan kiminsə xaricə aparılması imkanlarını dəqiqləşdirin. Bu sahədə təhqiqat aparmasanız,sizdə formalaşan qənaəti mənim suallarım dəyişə bilməz. Bunun üçün mütləq araşdırma aparmanız lazımdır və bu işdə sizə dəstək verməyə hazıram.

    –  Belə söhbətlər gəzir ki, mühacirət, miqrasiya məsələləri də monopoliyadadır. Hətta monopoliyalardan birinə sizin rəhbərlik etdiyiniz də deyilir. Məsələn, deyilir ki, siz bəzi saxta müxalifətçiləri, hökumətin nəzarətində olan media orqanlarında çalışan jurnalistləri təqibə məruz qalan şəxs kimi qələmə verib, onların status almasına şərait yaradırsız. Bu söhbətlər nə dərəcədə doğrudur?

    –  Bu sahədə monopolist fəaliyyətlə məşğul olmaq üçün (mono poliya – yunan sözüdür tək satıram anlamındadır) hakimiyyətdə təmsil olunmalısan, rəqiblərini sıradan çıxarmaq gücündə olmalı, bunun üçün ən azından turist firmalarına, ölkədən giriş-çıxışa, hakimiyyətin yuxarı eşelonunda təmsil olunanlar arasında mükəmməl dəstəyə malik olmalısan. Mən isə Azərbaycanda rəsmi axtarışdayam və iqtidarla heç bir bağlılığım yoxdur. Əminəm ki heç siz də mənim haqqımda o fikirdə deyilsiniz….. Mühacirət – emiqrasiya isə şəxsin hansısa ölkədə daimi yaşamaq hüququ alandan sonra həmin ölkəyə getməsi prosesidir. Bu ölkələrə isə ABŞ, Avstraliya, Kanada kimi ölkələr daxildir və həmin ölkələrlə mənim heç bir əlaqəm yoxdur. Həmin ölkələrə çoxlu sayda insanlar gedir və Azərbaycanda əksər insanlar özləri birbaşa müraciət edərək, buna nail olurlar. Eyni zamanda immiqrasiya normal haldır, yeni həyatın başlanğıcıdır, inkişafdır, insanların inteqrasiyasıdır. Üçüncüsü, əgər siz insanların qanunsuz xaricə daşınmasını nəzərdə tutursunuzsa, bu başqa sualdır. Bəli, insanların qanunsuz xaricə daşınması və onların qanunsuz olaraq saxta sənədlərlə təmin olunmasını həyata keçirən şəxslər və cinayətkar qruplar var. Belə cinayətkar qruplar isə hakimiyyətdə olan şəxslərin himayəsi ilə fəaliyyət göstərirlər. Azərbaycanda olduğum zaman dəfələrlə hakimiyyətdə olan səlahiyyət sahiblərinə insanların qanunsuz daşınmasının cinayət məsuliyyəti yaradan əməl kimi sanksiyalaşdırılması üçün məsələ qaldırmışam və rəsmi orqanlara müraciətlər etmişəm. Hazırladığımız bütün hesabatlarda da bu təkliflər əks olub. Amma hakimiyyət təmsilçiləri bundan imtina ediblər. Baxmayaraq ki, Azərbaycan bununla bağlı beynəlxalq sənədlərə qoşulub və öhdəlik götürüb. Çox təəssüf edirəm ki, bu yaxınlarda Milli Şurada da mənim təşkilatçılığımla 18 dekabrda – Beynəlxalq Miqrant Günüdə keçirilən tədbirdə “şübhəli” adamların olmasına işarə edilib. Hakimiyyətin vətəndaşlarına bu qədər problem yaratdığı məmləkətdə,“Əlövsətin təşkil etdiyi tədbirdə niyə filankəs də olub” kimi məsələlərin müzakirəsinə vaxt ayırmağı məqbul hesab etmirəm. Keçirilən tədbirlərə qara yaxanlar orada müzakirə olunan məsələləri deyil, xaricdə təşkilatlanmağımızın, əməkdaşlığımızın zəruriliyini deyil, tədbirdə kimin iştirakını gündəmə gətirməklə özlərini gülüş obyektinə çevirirlər. Keçirdiyimiz tədbirlərə kimlərin dəvət olunması haqqında qərarı digər təşkilatçılarla birlikdə veririk. 18 dekabr tədbiri siyasi mühacirlərin deyil, Avropada məskunlaşan azərbaycanlıların tədbiri idi. Orada Almaniya, Hollandiya, Avstriya və digər ölkələrin vətəndaşları ilə bərabər tələbələr, eyni zamanda mövcud hakimiyyətlə heç bir problemi olmayan mühacirlər, Azərbaycan vətəndaşları da vardı. Məqsəd isə təşkilatlanma sahəsində mövcud problemlərin müzakirəsini aparmaq, soydaşlarla yaxından tanışlıq və yaratdığım təşkilatın təqdimatını keçirmək idi. Bundan başqa, kiməsə qaçqın statusunun verilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malik olan şəxs məmurdur və o, qərarını Azərbaycan iqtidarı, müxalifəti və ya digər şəxslərlə müzakirə etmir. İnsanlar Azərbaycanda hakimiyyətlə olan problemlərinə görə başqa ölkəyə qaçqın statusu almaq üçün baş vururlar. Həmin problemlərin hamısının jurnalistlərə bəlli olması mümkün deyil. O ki qaldı saxta müxalifətçilər və saxta sənədlər məsələsinə, mən soydaşlarımızla olan bütün görüşlərimdəonlardan saxta sənədlərdən istifadə etməməyi xahiş edirəm və bunun təhlükəli tərəflərini onlara izah edirəm. Ən yaxın gələcəkdə Azərbaycanda saxta sənədlər və sübutlar “istehsal” edənlər haqqında hesabat hazırlamağı planlaşdırıram. Həmin hesabatda Azərbaycanda və Avropada bu saxta sənədlərlə insanları təmin edənlərin ifşa olunması sahəsində çox qaranlıqlara aydınlıq gətirməyə çalışacağam. Bizim, eyni zamanda Almaniyada və qonşu dövlətlərdə yaşayan dostlarımın bəlli hədəfləri var və həmin hədəflərə doğru irəliləməkdəyik və hakimiyyətin yaratdığı maneələr bizi dayandırmaq gücündə deyil.

    –  Əlövsət bəy, qardaşınız Sabir Rüstəmxanlı bu dəfə parlamentə düşmədi. Bəziləri bunu qohum olduğu nazir Ziya Məmmədovun “vurulması” ilə əlaqələndirir, digər qismi isə sizi məsul tutur. Yəni siz ölkədən getməsəydiz, o addımları atmasaydız, Sabir bəy də bu gün işinə davam edərdi. Sizin bu deyilənlərə münasibətiniz necədir?

    –  Fikrin “parlamentə düşmədi” kimi ifadə olunması ilə razı deyiləm. Həqiqət odur ki, Sabir Rüstəmxanlı sadəcə deputatlığa namizədliyini vermədi və çox da düzgün addım atdı. Eyni zamanda Sabir Rüstəmxanlı Ziya Məmmədovla deyil, onun qardaşı ilə qohumdur. Sabir bəyin qohumu rayonda yaşayır və bildiyimə görə, kənd təsərrüfatı ilə məşğul olur. Sabir Rüsəmxanlı Ziya Məmmədovdan əvvəl var idi və ondan sonra da olacaq. Onu hansısa formada Ziya Məmmədovla, daha doğrusu, onun məmur şəbəkəsi ilə bağlamaq yalnız Azərbaycan jurnalistikasına, bu hakimiyyətə xidmət edən insanlara xas olan haldır. Onların qohumluğu isə indi dəbdə olan vəzifə hərisliyinə, pula, şöhrətə, kommersiya maraqlarına hesablanan qohumluq deyil. Bu gənclərin qərarıdır və valideynləri də dəstək verib. Namizədliyini verməməyə gəldikdə isə, məncə, Sabir Rüsəmxanlı “Azərbaycansayağı cəhd” etsəydi, namizədliyini irəli sürə və deputat seçilə bilərdi. Amma bunu etmədi. Onun deputatlığa namizədliyini verməməsi Ziya Məmmədova olan hücumlar, mənim haqqımda olan cinayət işi və ya xaricdə olmağımla bağlı deyil, Sabir Rüstəmxanlının özünün özünə verdiyi dəyərlə bağlıdır və bu, mənə çox xoşdur.

    –  Ölkəyə qayıtmaq şansınız varmı? Bunun üçün hansısa danışıqlar aparılırmı?

    –  Təbii ki, Azərbaycana qayıdacam və mən tək deyiləm, eyni vəziyyətdə olanların sayı yüzlərlə, bəlkə də minlərlədir. Bunun üçün Azərbaycan hakimiyyəti ilə heç bir danışıq aparmaq niyyətim yoxdur. Ölkə başçısına bir necə ərizə yazmışam. Prezidentdən sinif yoldaşı Emin Şəkinskinin qanunsuz davranışlarına son qoyulmasına yardım etməsini xahiş etmişəm. Lakin cavab almamışam. Bu tipli qondarma cinayət işlərinin ömrü, ən uzun müddətə götürsək, tutduğu vəzifələrdən öz maraqlarına xidmət edən yaramaz məmurların işdən getməsinədək ola bilər. Ölkədəki buzların mənə münasibətdə deyil, ümumiyyətlə, əridiləmisi haqqında düşünürük, yollar araşdırırıq və buna nail olacağımıza çox ümidliyəm. Hakimiyyətdə olanların nəzərinə çatdırıram ki, Azərbaycan vətəndaşları təkcə sizin kölənizə çevrilmiş insanlardan ibarət deyil. Dünyaya səpələnmiş və səslərinin Azərbaycanda eşidilməsinə ehtiyac duyduğumuz insanlar kifayət qədərdir və onların qarşısında bu hakimiyyət duruş gətirə bilməyəcək. O gün isə o qədər də uzaqda deyil.

    Meydan TV

  • Sandıq boş deyilmiş

    Sabir RÜSTƏMXANLI

    Yazıçı övladının yazıçı, bəstəkar övladının bəstəkar, rəssam övladının rəssam olmasına təəccüblənmir, olası bir iş kimi baxırıq; gözünü açıb evində kağız-qələm, kitab görüb, yaxud uşaqlıqdan qulaqları musiqi səsiylə dolub, rəsm əsərlərinin arasında böyüyüb və s.

     

    Ailə mühiti, ata-ananın sənəti, maraqları, evdə gedən söhbətlər uşaq ürəyində silinməz izlər qoyur və çox vaxt sonrakı həyat yolunu bəlirləyir. Xoşbəxtlikdən, bizdə sənət adamlarının övladlarının və ya varislərin çoxunun inkaredilməz istedadı göz önündə olduğundan, heç kimin ürəyində “atan filan sahənin tanınmış adamıydı, vacib deyildi ki, sən də onun yolunu davam etdirib adını batırasan!” etirazı, əsasən, baş qaldırmır. Digər sənətlərlə işim yox, ədəbiyyat sahəsində nə yaxşı ki, belədir. Övladların əksəriyyəti atalarına hörmət qazandırmışlar. Kamal Talıbzadəni, Məsud Əlioğlu və Afaq Məsudu, Şamo Arifi, Çingiz Ələkbərzadəni, Araz Dadaşzadəni, Yusif və Vaqif Səmədoğlu qardaşlarını, Anarı və Günel Anarqızını, Elçin və Timuçin Əfəndiyevi, Elçin Şıxlını, Orxan Fikrətoğlunu xatırlatmaq sözümüzü təsdiq üçün yetərlidir. Ancaq bir məsələ var ki, bu uğurlu ədəbi varislik yaradıcılıqda ilhamın əsas şərt olmasını, Allah vergisi sayılmasını bir balaca şübhə altına alır. Çünki Allah da bəzi Şərq padşahlarına bənzəmir ki, şahlıq taxtına hökmən özününkünü oturtmaq istəsin və ya ögey-doğmalıq edib ilham pərisini davamlı olaraq eyni qapılara, eyni soyadlara göndərsin…

     

    Xalq şairi Qabilin oğlu Mahir uzun müddət atasının yolunu davam etdirmək istəyindən uzaq görünürdü, yaşı qırxı keçmişdi, ədəbi mühitin cazibəsini yerli-dibli qırmaq üzrəydi ki, qəfildən ilham pərisi onun da qapısını döydü. Düzdür, Mahir də yazı-pozudan tam uzaq deyildi, Dədə Qorqud ensiklopediyasında, AzTV və “Speys” televiziya şirkətlərində, “Xalq qəzeti”ndə işləmişdi və zarafatla yazdığı kimi, çalışdığı bir neçə müəssisəni “ağ günə” çıxarmışdı. İş yoldaşları, dostları onun publisist qələminə, iti ağlına və yumoruna yaxşı bələd idilər. Ancaq televiziya jurnalistikası ayrıdır, bədii nəsr ayrı…

     

    Və nəhayət, günlərin birində Mahirin də səbri tükəndi, “ənənə” çərçivəsindən kənarda qala bilmədi və bəlkə də bu yolla atasının “nigarançılığına” son qoymaq istədi; Qabilin ruhunu “niyə Səməd Vurğunun, Rəsul Rzanın, İlyas Əfəndiyevin ədəbi davamçıları var, mənim yox?” sualına cavab axtarmaq əziyyətindən qurtardı. Öncə Qabilin “qəribə əhvalatları”, sonra öz roman və hekayələri bir-birinin ardınca dörd kitaba çevrildi. Bundan sonra şeir tərcüməçiliyinə başladı…

     

    Bu kitablar, eləcə də, Qabilin “o dünyadan məktubları” göstərdi ki, Mahir yazıçı övladlarının yaradıcılıq cəbhəsini zəiflətmək niyyətində deyildir… Allah yolunu açıq eləsin! Mənə elə gəlir, Mahirin qələmə sarılandan sonra öz böyük “mənəvi qohum-əqrəbalarını”, tanıdığı digər yazıçı övladlarını ərklə hədəf seçməsi də elə bu yola gecikməsinin hirsindən doğulmuşdur. Yoxsa, Mahir, atasının həmin adamlara sayğıyla yanaşdığını, bəziləriylə yaxın dost olduğunu hamıdan yaxşı bilir… Mahirin oxumaq imkanı tapdığım bu türlü yazılarında ərk də var, mühitimizin nöqsanlarını söyləmək cəsarəti də, inciklik də, subyektiv yanaşmalarından doğan tələskənlik də… Amma bütün bunlarla yanaşı, həmin yazıların istedadlı və iddialı bir qələmin məhsulu olduğunu, təzə nəfəsini, ciddi ictimai-siyasi və mənəvi problemlərə toxunduğunu, maraqla oxunduğunu da ayrıca qeyd etməliyəm. Mahir Qabiloglunun yazılarına və kitablarına marağımın, onun inkişafını izləməyimin ilkin səbəbi, şübhəsiz, atasına olan sayğım, onunla uzun illər davam edən dostluğumuz olmuşdur. Qabil gördüyüm ilk yaşayan, canlı şair olmuşdu. Onda on üç yaşım vardı, bizi məktəblilərin respublika bədii olimpiadasına gətirmişdilər. Qabilin qaynı, gözəl qarmonçalan, sonradan sinif yoldaşım və yaxın dostlarımdan biri olmuş Tofiq də bizimləydi. O, Qabilin bir çox şerini əzbər bilirdi və qiyabən yeznələrini bizə sevdirmişdi. Şairi və onun Hüsü Hacıyev küçəsindəki iki otaqlı balaca mənzilini o vaxt görmüşdüm.

     

    Tale elə gətirdi ki, bundan səkkiz il sonra, yəni iyirmi bir yaşımda “Ədəbiyyat və İncəsənət” qəzetində işə qəbul edildim. Qabil qəzetdə şeir şöbəsinin müdiri idi. Qısa müddətdə dostlaşdıq və bu dostluq heç vaxt pozulmadı.

     

    Bu günlərdə Mahirin “Sandıq” kitabını oxuyanda, nədənsə, ilk dəfə bir şair evinə gedən o uşaqların həyəcanı, orda utana-utana nahar yeməyimiz və bir də balaca balkonda qoyulmuş sandıq yadıma düşdü. Qabil müəllimin anası sağ idi, sandığın üstündə oturmuşdu və bizi dilə tuturdu ki, utanmayın, iştahla yeyin. Mahir dünyaya gələndə o sandıq qalırdımı, o sandığı görmüşdümü, deyə bilmərəm və bunun elə bir əhəmiyyəti də yoxdur. Sandıqlar köhnəlir, yeni mebellərlə bir araya sığmır, atılır. Ancaq azərbaycanlıların düşüncə sistemində heç vaxt köhnəlməyən, atılmayan bir sandıq da var – yaddaş və bilgi sandığı, rəmzi sandıq, xatirə dağarcıqlarının qorunduğu sandıq.

     

    Mahir açıb sandığı, töküb pambığı. El arasında söz var: bağlı süfrənin bir eybi var, açıq süfrənin yüz eybi… Bunu sandıq haqqında da demək olar. Bağlıdırsa, ancaq açılmamasından narazılıq edə bilərsən. Açılandan sonra çox yöndən baxıb çox cür dəyərləndirəcəklər. Əsas kimin hansı gözlə baxmasıdır.

     

    Mənə xoş gələn Mahirin öz “Sandığını” açmaqdan qorxmaması, xatirələrini sərbəst şəkildə paylaşmasıdır. Belə bir cəsarətin əsas səbəbi, məncə, onun adamlara və olaylara münasibətdə atasına çox bənzəməsidir; yəni səmimiyyəti, sözü açıq və şax demək bacarığı, özü kinsiz-küdurətsiz olduğundan kiminsə onun sözündən inciyəcəyini düşünməməsi, “düz sözü zarafatla deyərlər” prinsipini əsas götürərək, bir çox həqiqəti çəkinmədən dilə gətirməsidir. Sandıqdan çıxanları Mahir “Sandıq ədəbiyyatı” adlandırır: “Bütün bunlar Azərbaycan yazıçılarının sandıq ədəbiyyatıdır. Çox adamın gördüyü, heç kimin qələmə almadığı sandıq ədəbiyyatı. Düzdür, “sandıq ədəbiyyatı” başqa mənada işlənir. Amma siz bunu memuar kimi (?) adlandıra bilərsiniz. Siz elə bilirsiniz ki, mən yazdıqlarımı Anar, Elçin Əfəndiyev, Vaqif Səmədoğlu (Allah rəhmət eləsin -S.R.), Elçin Şıxlı və adını bilmədiyiniz neçə-neçə yazıçı-şair övladı görməyibmi, bilmirmi? Görüblər. Düzünü bilsəniz, məndən on qat, bəlkə yüz qat artıq bilirlər. Amma ki, yazmırlar. …Onların yaradıcılığını oxuyub öyrənə bilirik, amma həyatlarına yaxın gedə bilmirik”.

     

    Göründüyü kimi, Mahir “sandıq ədəbiyyatı” ilə memuarın fərqini nəzərə alır və istəyir ki, bu ədəbi növlərə aid kitablarımızın sayı artsın, böyük yazıçılarımızın öz dövrləri, tanıdıqları insanlar haqqında düşüncələri və o dövrdə yaşamış tanışların da həmin yazıçılarla bağlı xatirələri itib-batmasın və haqlı olaraq qeyd edir ki, bu işdə, ilk növbədə, övladlar fəallıq göstərməlidir.

     

    Memuar ədəbiyyatımızın zənginləşməsinə olan ehtiyacla bağlı Mahirin qayğılarını paylaşmamaq mümkün deyil. Doğrudan da, bizdə memuar, yol qeydləri az və yazılanda da çox vaxt bəsit yazılır. Halbuki, Manaf Süleymanovun, Qılman İlkinin, Qəzənfər Paşayevin, Məmməd Aslanın adını çəkməyə ehtiyac olmayan məşhur kitablarının, Anarın “Sizsiz”inin, yaxud Nazim Hikmət haqqında xatirələrinin timsalında belə ədəbiyyatın uğurlu nümunələrinin necə maraq doğurduğunu görmüşük. Sandıq ədəbiyyatı isə tamam ayrı bir mövzudur; bizdə hətta sovet dövründə də sandıq üçün yazan, demək olar ki, olmamışdı və sandıqlr açılanda ordan gizli və ya gizlədilməyə layiq olan bir şey çıxmır. Xalq şairi Qabil də sandıq ədəbiyyatı yazmırdı. Yaşıl mürəkkəblə, iri hərflərlə yazdığı şeirləri boyata qoymadan, mürəkkəbi qurumamış bizə, əlinə keçən dostlarına oxuyar və çap etdirərdi. Sonra da zəng vurub həmin şeirlərin dərc olunduğu qəzet və ya dərgini görüb-görməməyimizlə maraqlanardı. Xalq arasında da yaxşı tanınırdı, hələ sağlığında başına gələn və bəzisinin şahidi olduğumuz məzəli əhvalatları dildən-dilə gəzirdi. Bununla belə, Mahirin sandığı açılandan sonra böyük dostumuzun “qəribəlikləri”, əslində isə yüksək insani keyfiyyəti, səmimiyyəti,, ailəsinə və övladına diqqəti, milli məsələlərdə barışmaz mövqeyi barədə daha çox şey öyrənirik. Təkcə Qabili yox, onun yaxınlarını, qohumlarını, qonşularını, siyasi mühitdəki və ədəbiyyatdakı yaxın dostlarını daha yaxşı tanıyırıq.

     

    Kitabda Qabilin xarakteri bütün maraqlı tərəfləri ilə göz önündə canlanır. Onunla ölkənin müxtəlif səviyyəli adamları, elm, mədəniyyət xadimləri, siyasi liderləri arasındakı münasibətlər haqqında maraqlı cizgilərdən, xatirələrdən xəbərdar oluruq; haqqında bildiklərimizə yeniləri əlavə olunur. Bütün bunlar atasını sevən, ona bağlı olan, bununla yanaşı, Azərbaycan ədəbi, siyasi, ictimai mühitindən məlumatlı, bilgili bir övladın diliylə deyilir, təsvir edilir. Burda bəzi dəqiq olmayan və ya birtərəfli, subyektiv məqamlar da ola bilər və olmalıdır. Ona görə ki, Mahir öz dünyasını, öz görüb bildiklərini və ya eşitdiklərini yazır; öz mövqeyini göstərir. Düşüncələrini heç kimə düstur və ya bəhs edilən mövzunun tam şəkli kimi qəbul etdirmək niyyəti yoxdur.

     

    Əslində memuarın, xatirənin özəlliyi də elə bundadır. Hər kəs öz baxış bucağından gördüyünü yazır, öz mühakimələriylə çıxır ortaya və bu da fikir demokratizmini genişləndirməyin bir yoludur… Əsas odur ki, kitabdakı yazıların çoxu içdən gələn, oxucunu inandıran bir səmimiyyətlə yazılıb.

     

    Kitabdaki bir sıra əhvalatın, xatirələrin qəhrəmanları həyatdadır, tanınan adamlardır. Bu, müəllifdən xüsusi məsuliyyət tələb edir. Mahir də atası kimi, adamlar haqqında daha çox sevgiylə, onların cəmiyyətdəki yerini, gördüyü işlərin dəyərini göstərə-göstərə danışır. ”Sandıq”dakı yazıları fərqləndirən mühüm cəhətlərdən biri budur. Mahir şair oğlu olsa da, ədəbiyyatın şinelindən çıxmayıb, öz dediyi kimi, AzTV-nin şinelindən çıxıb; bu isə hər gün insanlarla canlı ünsiyyət, həyatı müxtəlif yönlərdən görüb məlumat toplamaq, daim hadisələrin qaynar nöqtələrində olmaq deməkdir. Buna görə də “Sandıq” həm də televiziya jurnalistikasına həsr edilmiş, jurnalistlərin başına gələn, onların dostluğu, çətin həyatı, müşahidələri, ölkədə gedən proseslərə verdikləri qiymət haqqında zəngin bir kitabdır. Mahirin müşahidələri bizə bir çox televiziya əməkdaşını daha yaxşı tanımaq imkanı verir. Bu baxımdan kitabda şair Qabilin yaxın dostları İsmayıl Şıxlıdan, Hüseyn Abbaszadədən, Xəlil Rza Ulutürkdən başlamış, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırova, jurnalist dostu Eldəniz Elgünə qədər bir çox insanların xırda epizodlardan, xəsis cizgilərdən yaranmış, amma maraqlı portretləri var. Kitabın üslubu da televiziyanın xəbər tərzinə, canlı danışığa yaxındır: qısa süjet, az söz, geniş məlumat…

     

    O, yıpranmış qəliblərdən uzaqdır. Bəzən mühakimələrində yaşına yaraşmayan bir uşaq sadəlövhlüyü duyulsa da, bu, onun məsələlərə sadəlövh yanaşması deyil, yazısını canlı ünsiyyət tərzinə yaxınlaşdırmaq istəyidir; müəllifin üslubudur. Mahir də atası kimi, kəndə bağlıdır, daha doğrusu, Qabil müəllimin arzusuna uyğun və öz istəyilə onu kəndə bağlamışıq… Qayınatası Yardımlının çox hörmətli ziyalılarından, qocaman maarıf xadimlərindən biriydi və mənim də müəllimim olmuşdu. Böyük yazıçımız İsmayıl Şıxlı ilə birgə Mahirin elçılıyini eləmiş və hətta gəlin gətirməyə də getmişdik. İndi Mahir babadır. Yazılarında da baba müdrikliyinə çatmasını və Sandığının daim dolu olmasını arzulayıram.

  • Düşüncə, fikir çox böyük qüvvədir

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Layihələr Departamentinin müdiri, “Alternativ Düşüncə” İctimai Birliyinin sədri Tural Hüseynli suallarımızı cavablandırıb.

    – Tural bəy, bir qrup gənclə “Alternativ Düşüncə” İctimai Birliyi yaratmısınız, birliyi yaratmaqda məqsədiniz nədir?

    – “Alternativ düşüncə”nin yaranma prosesi bizim fəaliyyətimiz nəticəsində baş verdi. Yəni nə bu təşkilatın adı, nə də məqsədi təsadüfən meydana gəlməyib. Bu son iki ildə göstərdiyimiz fəaliyyətin nəticə məhsulu sayıla bilər. Bildiyiniz kimi, son 2 ildə biz müəyyən layihələrdə, cəmiyyətdə müxtəlif ideyaların təbliği, müxtəlif fikirlərin yayılması, bütövlükdə inkişafa yönəlik proseslərə dəstək istiqamətində fəaliyyət göstərmişik. Cəmiyyəti daha çox maraqlandıran, narahat edən, xüsusilə də gənclərin həyatında mühüm rol oynayan mövzularla bağlı bir çox təlimlər keçirmişik. Elə bu proses zamanı da biz müşahidə etdik ki, yeni bir layihəyə, yeni bir təşkilata ehtiyac var. Çox fikirləşdik və komanda olaraq qərara aldıq ki,, bu təşkilatın adını “Alternativ Düşüncə” adlandıraq. Çünki, bu layihə mövcud stereotiplərin dağıdılması və cəmiyyətin inkişafına təkan verən bir layihə olaraq düşünülüb və mahiyyətini adında ehtiva edərək alternativ düşüncədir. Mən düşünürəm ki, “Alternativ Düşüncə” məhz bu layihənin nədəni barət olduğunu, hansı məzmunua malik olduğunu ifadə edəcək addır. Əsas hədəfimiz gənclərdir, məqsədimiz gənclərin inkişafında rol almaq, maarifləndirmək, gəncliyin formalaşmasında yaxşıya doğru rol oynamaqdır. Gənclərə bu qədər önəm verməyimiz də səbəbsiz deyil. Bu günün gəncləri bir neçə il sonra bu dövlətin idarəçiliyi başında olan, ölkəni və cəmiyyəti yönəldən insanlardır. Demək bu günkü gəncliyin möhkəm və düzgün təməl üzərində inkişafı gələcəyin sığortalanması deməkdir.

    – Bəs birliyin adını “Alternativ Düşüncə” adlandırmağınızın səbəbi nədir?

    – Alternativ düşüncə anlayışı, daha öncə qeyd etdiyim kimi stereotiplərin yaxşıya doğru dəyişməsi, mövcud fikirlərin alternativləşdirilməsidir. Belə bir məşhur aforizm var: “Siz dünyanı bir günə dəyişə bilməzsiniz, amma siz bir günə dünyanı dəyişəcək fikrə sahiblənə bilərsiniz”. Məqsədimiz hər bir ideyaya yeri gəldi gəlmədi qarşı çıxmaq və ona qarşı alternativ qoymaq deyil. “Alternativ Düşüncə” həm ad olaraq həm də layihə olaraq inkişafa aparacaq alternativliyi fikir, düşüncə halında cəmiyyətə təqdim etmək, bu düşüncənin təbliğatını aparmaqdır. Düşüncə, fikir çox böyük qüvvədir və biz cəmiyətdə alternative fikrin formalaşmasın da iştirak etmək istəyirik. Bu heç bir halda siyasi anlayış demək deyil, bu ancaq cəmiyyətin maariflənməsinə istiqamətlənən alternativ düşüncənin formalaşması deməkdir.

    -Lahiyənizlə cəmiyyətə nə verməyi düşünürsünüz?

    – İlk öncə deyim ki, hər bir insan bir indivud olaraq orjinaldır və hər bir kəs öz içində başqa heç kimdə olmayan və bənzəməyən bir dünyaya, düşüncəyə malikdir. Əlbəttə, bizim əhatəmizdə, komandamızda olan insanların da hər biri alternativ düşüncəlidir. Biz layihənin işinə başlamazdan əvvəl bu haqqda fikirləşmişik və bir nəticəyəgəlmişik ki, əslində düşüncə tərzimiz, yanaşmamız məhz alternative düşüncədir, sadəcə olaraq bir az üzərində işləmək lazımdır. Bizim etdiyimiz işlərin hamısı könüllülük işləridir və cəmiyyətin inkişafına yönəlib. Bu çox yaxşı haldır ki, bizim gənclər vaxtlarını səmərəli işlərə sərf edirlər. Ona görəki, gənclərimiz də alternativdir. Biz dünyanı maliyyənin yox, düşüncənin dəyişəcəyinə, pozitiv fikrin dəyişəcəyinə inanırıq.

    -İlk seminar olaraq vətəndaş cəmiyyəti mövzusuna müraciət etmisiniz, seminarda gənclərə nəyi aşıladınız?

    -Biz ilk olaraq, layihənin seminarını keçirdik və vətəndaş cəmiyyətinin formalaşmasından başladıq. İştirakçıların çoxu araşdırmaaparmağı sevən tələbələr, müstəqil gəncləridi. Buna görə də ilk mövzu olarq vətəndaş cəmiyyəti seçilib. İlk seminarda bir çox suallar üzərində fikir mübadiləsi aparıldı: Vətəndaş cəmiyyəti necə olmalıdır? Vətəndaş cəmiyyəti inkişafı nəyə xidmət edir? Dövlətdə vətəndaş cəmiyyəti hansı səviyyədədir və hansısəviyyədə olması arzu ediləndir? Beləcə, bu layihənin ilk uğurlu seminarı oldu.Bizim böyük iddiamız yoxdur ki, vətəndaş cəmiyyətini formalaşdıraq. Biz formalaşacaq cəmiyyətin yaxşiya doğru irəliləməsini istəyirik. Vətəndaş cəmiyyəti gənclərinin formalaşmasını da addım-addım edəcəyik. Bu işlərin baş tutma yolunu maariflənmədə görürük. Biz komanda olaraq müəyyən yerlərdə olduq, cəmiyyəti müşahidə etdik və cəmiyyətin hansı sahələrində susqunluq var, hansı sahələrini inkişaf etdirmək, maarifləndirmək lazımdır gördük. Bunun əsasında da təlimlərimizi keçəcəyik.

    -Gələcək planlarınız nədir?

    -Layihənizin gələcək planları nələrdən ibarətdir? -Gələcək planlarımız yenə də maarifləndirməkdir. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında, maarifçilik anlamında brend olmaq, maarifçilik sahəsində adddımlar atmaq istəyirik. Bizə bənzər maarifçi gənclərin yetişdirilməsində rol almaq, Təmənnasız Azərbaycan cəmiyyətində xidmət eləmək istəyirik. Ümid edirik ki, layihələrimiz davamlı olacaq.

    ad2ad1

  • VHP üzvləri Xocalı şəhidlərinin xatirəsi üçün ucaldılmış abidəni ziyarət ediblər-FOTO

     Bu gün Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış Ana Harayı abidəsini ziyarət edib.

    Anım yürüşünə VHP Ali Məclisinin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Ələkbərlli, İcra Aparatının rəhbəri Samir Əsədli, sədr müavini Arif İsmayılbəyli və partiya üzvləri qatılıblar.

    Partiya üzvləri Ana Harayı abidəsinin önündə sayğı duruşunda durub və şəhidlərin ruhuna dua oxuyublar.

    vhpxocaliyurush1 vhpxocaliyurush2 vhpxocaliyurush3 vhpxocaliyurush5 vhpxocaliyurush6vhpxocaliyurush4

  • Rafiq Manaflı sərbəst burxılıb

    Bugün Xocalı faciəsi qurbanlarının anım yürüşündə iştirakdan sonra partiyada VHP Bakı və Abşeron rayon təşkilatları sədrləri ilə keçirilən görüş əsnasında Ali Məclisin sədri Rafiq Manaflıya DİN-in Baş Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən zəng gəldi və onu idarəyə dəvət etdilər. İclas bitdikdən sonra Rafiq Manafli çağrışa əsasən saat 17:00-da adı çəkilən idarəyə getdi. Son məlumatımıza əsasən, Manaflı sərbəst buraxılıb.
    Onu da qeyd edək ki, Rafiq bəy həm də Milli Şuranın koordinasiya mərkəzinin üzvüdür.

  • Xocalı faciəsindən 24 il ötür

    Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 24 ili tamam olur.

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

    Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

    Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

    Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

    image image image image

  • VHP Xocalı faciəsi qurbanlarını anacaq

    Fevralın 26-da Xocalı faciəsinin 24-cü il dönümü tamam olur. Hər il olduğu kimi, bu il də Vətəndaş Həmrəyliyi Partiyası olaraq Xocalı soyqırımının ildönümü münasibəti ilə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış, Ana Fəryadı abidəsini ziyarət edəcəyik.VHP üzvləri, həmin gün (sabah) saat 13:30-da VHP-nin qarşısında yığışıb Ana Harayı abidəsinin önünə gedəcəklər.
    Sizləri də bu ziyarətə qoşulmağa dəvət edirik.

  • Xocalı faciəsi bəşəriyyətə və insanlığa qarşı ermənilərin törətdiyi cinayətdir

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının ( VHP) Qaradağ rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.

    Öncə Xocalı faciəsinin qurbanları və Ankarada terror nəticəsində həlak olanlar bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra Qaradağ rayon təşkilatı sədrinin birinci müavini Saleh Salayev çıxış edərək, Xocalı faciəsi barədə danışıb, mülki əhalinin soyqırıma məruz qaldığını xatırladıb. Bildirib ki, 613 nəfər qəddarcasına qətlə yetirilib, onlardan 70 qoca, 106 qadın və 63 nəfəri körpə uşaq olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub.

    1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Xocalı faciəsi bəşəriyyətə və insanlığa qarşı ermənilərin törətdiyi cinayətdir. Salayev bu soyqırımı ermənilərin Rusiyanın əli ilə törətdiyini də vurğulayıb.

    Sonra təşkilat sədrinin digər müavini Elçin Nuri Türkiyədə baş verən terror və bu olayların arxasında duran məkirli niyyətdən danışıb. Bildirib ki, Rusiyanın Suriyada etdiyi hərəkətlər, türkmanlara qarşı soyqrım siyasəti Türkiyəni sıxışdırmaq planının tərkib hissəsidir.

    Təşkilat sədrinin müavini Valeh Babayev isə təşkilati məsələlər və qurultay hazırlıqları barədə məlumat verib.

    Sonda təşkilati məsələlərə baxılıb və 21 nəfər VHP sıralarına üzv qəbul edilib.

    vhpqaradaq vhpqaradaq1