Vətəndaş Həmrəyliyi Partiyası

Bizim Sabir

Written by

in

Kamil Vəli Nərimanoğlu

(Dostum Sabir Rüstəmxanlı haqqında söz)

Beyvəfadan, müxənnəsdən, nakəsdən
Nə söz qaldı sənətkara dəyməmiş?!

Aşıq Ələsgər
**** 
Ürək sözlərimi qələmə aldığım bu yazıda nə “Rüstəmxanlı” sözünü, nə “müəllim” kəlməsini, nə də “Xalq şairi”, “millət vəkili” təyinlərini işlətməməyə çalışacağam.
Sabir Bəyin siyasi fəaliyyətindən də çox danışmamağa söz verirəm. Çünki siyasət bizi ayıran, ədəbiyyat isə birləşdirən tərəfdir. İrəlidə çox zaman görmədiyim üçün mən özümü birləşdirən tərəfə aid edirəm. Dünyanın elə tərəfləri var ki, biz Sabirlə bir yerdə olmamışıq.
Birləşmək, ayrılmaq, yenidən birləşməkdən də söz getmir. Dünyanın elə tərəfləri də var ki, biz Sabirlə bir olmuşuq. Desəm ki, Sabir bizim öncümüz olub, bu sözün səmimiyyətinə inanın.
Mən 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olanda Sabir III kursda oxuyurdu. III kursun simvolu Sabir idi. Necə ki, II kursun simvolu Ramiz Rövşən idi. IV kursun simvolu Azər Abdulla, V kursun simvolu İsmayıl Məmmədov.
Biz daxil olan ildə universiteti bitirənlərin simvolu isə rəhmətlik Aydın Məmmədov idi.
Simvol, yəni “mən Sabirin kursunda oxumuşam” deyəndə ağıla gələn ilk adam Gülxanım Vəliyeva da, Qara Tağızadə də, Nəzakət Qafqazlı da, nə bilim kimlər də ola bilər. Ancaq o kursda simvol adam Sabir idi.
Bu bəlirgənlik yalnız şöhrətlə bağlı deyil. Burada şöhrət də var, mehribanlıq da, xarizma da…

Əgər mənim oxuduğum bu 5 ilə gedib- gələnləri də daxil etsək, o dövrün ən məşhur tələbəsi şübhəsiz ki, Sabir idi.
Sabirin o gözəl və əzab- əziyyət dolu tələbəlik illərində komsomol iclasındakı “nitqini” heç unuda bilmirəm. Kənddən gəldiyi elə ilk baxışda sezilən bu arıq, kəskin baxışlı və hamımıza qarşı ciddi olan bu oğlan gənc kommunist əxlaqına yaraşmayan və yaşlı kommunist əxlaqının daşıyıcılarını da heyrətdə qoyan bu “nitqi” ilə “komsomol təşkilatı” adlı məşhur təşkilatın daşını daş üstə qoymadı. Dekan üzünü yana çevirdi, partiya təşkilatı katibi yavaşca salonu tərk etdi, müəllimlər pıçhapıça başladı. Sabirsə “Bu nə universitetdir, bu nə yataqxanadır, bu nə artistlikdir”, deyib qızışdıqca salon da qızışır, hərəsi bir dərədən, bir obadan gələn tələbələr “mən Sabirin oxuduğu universitetin tələbəsiyəm” qürurunu yaşayırdı.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir