“525”-ci qəzetim suallarını millət vəkili Rafael Hüseynov cavablandırıb.
– BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı iki məsələ daxil edilib. Bu sənədlər “GUAM məkanında uzunsürən münaqişələr və onların beynəlxalq aləmə, təhlükəsizliyə və inkişafa təsiri”, eləcə də “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrdir. Azərbaycanın artıq 3 il ardıcıl olaraq bu sənədləri müzakirəyə çıxarması nə dərəcədə məqsədəuyğundur?
– 2001-ci ilin yanvarın 25-də Azərbaycan Avropa Şurasına qəbul edilib, həmin ilin aprelindən, yəni AŞ Parlament Assambleyasının yaz sessiyasından etibarən isə Azərbaycan nümayəndə heyətinin sənədləri təqdim etmək və Assambleyada çıxış etmək imkanı yaranıb. O zaman biz BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənəd və qətnamələri AŞPA-nın 40-dan çox dövlətin nümayəndəsi olan deputatlarına göstərərək imzalamağı xahiş etdik. Bu sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, qaçqın və məcburi köçkün problemlərinin olması faktları öz əksini tapmışdı. Amma AŞPA-nın bəzi tanınmış və nüfuzlu deputatları o zaman hətta bu sənədləri oxumaqdan imtina etdilər, bəziləri isə bizi hətta Ermənistanın “işğalı”nda günahlandırdılar. İşlərin belə bir vəziyyət alması Ermənistanın siyasəti nəticəsində formalaşmışdı, başqa sözlə, avropalı parlamentarilər Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlı yanlış təqdimata malik idilər. Amma 2005-ci ildə AŞPA 1416 saylı qətnamə qəbul etdi və orada Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş bir dövlət kimi göstərildi. Bu, o deməkdir ki, artıq Azərbaycanın Avropa Şurasına qəbul olunmasından bir neçə il sonra avropalı parlamentarilərin Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişikliklər olmuşdu. Dağlıq Qarabağ problemi, bütövlükdə, Ermənistan-Azərbaycan münaqişəsi bir an içində yaxud bir sənədlə həll edilməsi mümkün olan problem deyil. Bu problemin həlli uzun bir prosesdir. Əgər bu gün bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Qarabağın Azərbaycan torpağı olması, Ermənistandan 300 mindən çox azərbaycanlının deportasiya olunması ilə bağlı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı haqqında aydın fikir formalaşıbsa, bu, o deməkdir ki, dünya ictimaiyyəti artıq Qarabağ probleminin mahiyyətindən xəbərdardır.
– Belə hesab etmək olarmı ki, bu qətnamələri ötən illərlə müqayisədə daha çox dövlət dəstəkləyəcək?
– BMT-də bu və ya digər sənədin qəbul edilməsinə görə səslərin sayı Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın mövqeyini dəstəkləməyin göstəricisi ola bilməz. Çünki bu sənədlərin BMT Baş Assambleyasının gündəliyinə daxil olunmasını Azərbaycanın uğuru hesab etmək kifayətdir. Əgər Azərbaycan bu sənədlərin BMT BA-nın gündəliyinə daxil olunmasına nail olubsa, deməli, rəsmi Bakı diplomatik kanallar vasitəsilə bu sənədlərin qəbul edilməsi üçün səs verəcək dövlətlərlə müəyyən iş aparıb. Əminəm ki, Bakı belə bir iş aparıb və buna görə də, ümid edirəm ki, bu il həmin sənədlərin qəbul edilməsinə səs verəcək dövlətlərin sayı artacaq.
– ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr də bu qətnamələri dəstəkləyəcəkmi?
– ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməsini vacib hesab edirəm. Çünki dünyanın üç nəhəng dövlətinin təmsil olunduğu ATƏT-in bu qrupu Qarabağ münaqişəsinin həlli üçün mexanizm ola bilər. Əlbəttə ki, Azərbaycan ATƏT MQ üzvü olan ölkələrlə işləməyi davam etdirməlidir ki, onların Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə bağlı mövqeyi sağlam xarakter daşısın. İnanıram ki, ATƏT MQ-nin mövqeyində onların fəaliyyətinin, ötən vaxtlar ərzində onlar tərəfindən müəyyən ehtiyatsız addım və bəyanatlara yol verildiyinin daim tənqid olunması nəzərə alınmaqla keyfiyyətli dəyişikliklər baş verəcək.
– Azərbaycanın Qarabağla bağlı qətnaməni BMT-nin sessiyasına çıxarması ATƏT-in Minsk qrupunun fəaliyyətsiz olması, öz vəzifəsinin öhdəsindən gələ bilməməsini göstərirmi?
– Əgər Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin nizama salınması məsələsinin BMT-də qaldırılması zərurətinin olmaması məntiqindən çıxış etsək, onda belə bir yanaşmanı digər beynəlxalq təşkilatlarda, xüsusilə, İslam əməkdaşlığı Təşkilatında və Avropa Şurasında nümayiş etdirmək lazım gələrdi. Buna görə də, hesab edirəm ki, Azərbaycan bütün beynəlxalq səviyyələrdə öz torpaqlarının işğalı problemini qaldırmalı, bu problemlə bağlı sənədləri müzakirəyə çıxarmalıdır. Beləliklə, Azərbaycan qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bütün mümkün kanallardan, o cümlədən BMT-nin təqdim etdiyi belə vacib kanaldan faydalanmalıdır.
Bir cavab yazın