Vətəndaş Həmrəyliyi Partiyası

Tag: Neftçala

  • Neftçalada son durum: Kürün suyu artıb, problemsə qalır – Sabir Rüstəmxanlı

    “Əvvəlki kimi olmasa da, hələ də Neftçalanın qəsəbə və kəndlərinə içməli su Salyan rayonundan maşınlar vasitəsi ilə gətirilib əhaliyə paylanır”.

    Bunu PİA.az-a Neftçala rayonundan deputat Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    O bildirib ki, son vaxtlar intensiv yağışlar sayəsində Kürün suyu bir qədər artıb: “Artıq çayın suyu Xəzər dənizinə qədər gedib çatır. Amma yenidən quraqlıq başlayıb, vəziyyətin necə dəyişəcəyini demək çətindir. Hər halda əhalinin həyəcanı keçib. Əvvəl demək olar ki, bütün Neftçala ərazisində Kürün suyu şor idi. İndi ərazinin böyük bir hissəsində çayın suyu şirinləşib”.

    Millət vəkilinin sözlərinə görə, Nerftçalanın bəzi kəndlərinin su ilə təminatı məqsədi ilə Salyan rayonu ərazisində su anbarının tikintisi davam edir: “Anbarın inşasının noyabr ayının sonunda yekunlaşacağı deyilsə də, güman ki, işlər ilin sonuna qədər davam edəcək. Bundan sonra şəhərdə və bəzi kəndlərdə içməli su problemi həll olunacaq. Pandemiya anbarın tikintisinə təsir etməyib, işlər davam edir”.

    Sabir Rüstəmxanlı Kür çayı üzərində ildən-ilə təsərrüfatların, suvarma sahələrinin artdığını da deyib: “Belə davam edərsə, gələcəkdə də Kürdə içməli su problemi yaranacaq. Gərək bu, indidən nəzərə alınsın, gələcək üçün müəyyən tədbirlər görülsün”.

    Qeyd edək ki, bu ilin iyun ayında Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar Xəzər dənizinin suyu Kür çayına axıb qarışmışdı. Nəticədə Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranmışdı.

  • “Məhz Sizi seçməyimiz bizim uğurumuzdur…”

    Bir qrup neftçalalılı deputat, xalq şairi Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb…

    Bir qrup neftçalalı xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Neftçalanı Milli Məclisdə təmsil edən Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb. PİA.az-ın elektron poçtuna daxil olan təşəkkür məktubunda deyilir:

    “Çox hörmətli Sabir bəy!

    Müqəddəs Ramazan bayramı günündə biz neftçalalılar adından bir deputat kimi sizə təşəkkür eləməyi özümüzə borc bilirik. Neftçaladan depuatat seçilməyinizdən çox qısa müddət keçməsinə baxmayaraq, Siz Neftçala üçün çox böyük işlər görmüsünüz. Xüsusən bütün ölkəmizin ağır sınaq dövrü yaşadığı bu pandemiya dönəmində Neftçalaya göstərdiyiniz yardım və köməklik bütün deputatlar üçün nümunə olmalıdır. Bu ağır günlərdə Neftçalaya gətirdiyiniz yardımlar çoxlu sayda imkansız ailəyə doğrudan kömək olub. Göstərdiyiniz bu yardımlara və diqqətə görə Sizə bütün neftçalalılar adından çox təşəkkür edirik. Açığı bildirək ki, uzun illərdın sonra Neftçala sakinləri ilk dəfədir ki, bir deputatın qayğı və diqqətini görür. Bu da sizin doğrudan bir xalq şairi olaraq nə qədər yüksək insani dəyərlərə sahib olduğunuzu göstərməkdədir.

    Biz Sizin seçiciləriniz olaraq deputat kimi fəaliyyətinizdən çox razıyıq və qeyd etmək istəyirik ki, məhz sizi seçməyimizi Neftçalanın son illərdə əldə etdiyi uğur kimi dəyərləndiririk. Fürsətdən istifadə edərək, tanınmış Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq mayın 20-də qeyd etdiyiniz ad gününzü də təbrik edirik. Sizə can sağlığı arzulayırıq. Sizin Azərbaycan xalqına göstərdiyiniz xidmətlərin davam etməsi üçün bu müqəddəs Ramazan günündə Allaha dua edirik”.

    pia.az