Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Buyurun – biz türk olaraq hədəfinizdəyik…

    Sabir Rüstəmxanlı

    İctimai Televiziyada Anar Yusifoğlunun apardığı verilişə yarımçıq baxdım. Tanışlardan biri zəng vurdu, televizoru açdım. Bir dəstə tanınan, təcrübəli adam, millət vəkili dəvət olunmuşdu. Ölkə normal həyatını yaşayır, seçki də yoxdur, nə fövqəladə hadisə baş verib ki, bu adamlar belə təntənəylə bir araya gəliblər?

    Baxdım ki, hamı təlaş içində azərbaycançılıqdan danışır. Çox gözəl! Azərbaycançılıq ölkənin əsas ideoloji xəttidir, ona sayğı hər bir vətəndaşın borcudur və bu gün bu ideologiyanı təhlükə altına alan heç bir olay, hərəkət yoxdur. Onda bəs bu adamları çilədən çıxaran nədir?

    Əsas mətləb budur! Son vaxtlar bəzi siyasi xadimlər durub-durduqları yerdə tez-tez qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biri deyir, “biz türk deyilik, hind-avropa irqiyik” (sanki ondan kimliyini soruşan var və ya hamı intizarla onun kimin törəməsi olduğu ilə maraqlanır); biri deyir, “dilimiz türk dili deyil”, biri deyir, “türk mahnıları bizim “bülbül cəh-cəhlərimizi” yarımçıq qoydu”, biri deyir, “türklər bizim düşmənimizdir”, biri deyir, “türk deyənlərin anasını ağladıb hamısını məhv etmək lazımdır”, biri deyir, “Xətainin qanı xristian qanıdır” və s. Yəni ölkədə faşızm səviyyəsində bir türk düşmənçiliyi və açıq-gizli rus heyranlığı baş alıb gedir. Birisi dönüb bunlara cavab verəndə ki, ay balam, mənim atam-babam türk olub, pasportunda milliyyəti türk yazılıb, mən də türkəm, o dəqiqə şivən qopur ki, sizin nə haqqınız var türk sözünü dilinizə alırsınız. Hətta bəzilərinin qudurğanlıqları və nadanlıqları o yerə çatır ki, 1937-ci ilin havasına girir, “bəsdir, türk sözü qadağan edilməlidir, özünü türk sayanlar məhv edilməlidir” və s.

    Görəsən bunlar kimdir? Xocalı soyqırımı kimi etnik təmizləmə aparıb, Azərbaycan Respublikasının 9 milyon türk kökənli əhalisini- Azərbaycan vətəndaşını bütövlüklə yer üzündən siləcəklər? Onlar bu məhkəməlik cəsarəti hardan alırlar? Yaxşı, deyək ki, bizi qırıb qurtardılar, burda türk sözünü qadağan elədilər, bəs 35 milyonluq Güney Azərbaycan türkləri necə olacaq? Axı etnik və mənəvi qohumları olan farsların məhvetmə siyasəti heç bir nəticə verməyib və verməyəcək. Deməli, Azərbaycan türkünün taleyi tək burdakı avantürist və azərbaycanlı adı altında gizlənməyə çalışan etnik separatçılardan asılı deyil və şükür ki, belədir…

    Kim nə deyir-desin, məncə, bunlar öz ağıllarıyla danışmırlar. Bunların çoxunun köhnə partiya namenklaturasından qopduqlarını, hələ də köhnə SSRİ xiffətiylə yaşadıqlarını nəzərə alsaq, xoruzun quyruğu görünəcək. Bəli, Azərbaycanda son dövrlərdə rus məktəblərinin artması, rusiyapərəstliyin açıq təbliğ edilməsi, milli dövlətçiliyimizə inamı azaldan yazıların, dedi-qoduların çoxalması və sair bir çox dilə gətirmədiyim əlamətlər hardansa düymənin basıldığını, gizli bir mexanizmin işə düşdüyünü və xəyanətkar bir dəstənin sürətlə aranı qarışdırmaq, “beşinci kolon”un ölkədə münaqişə ocaqları yaratmaq istədiyini göstərir. Yoxsa kiminsə özünə türk deməsi nə böyük hadisədir ki, bunların canına vic-vicə sala! Azərbaycanın çeşidli guşələrində hər gün mınlərlə adam “rusam”, “ləzgiyəm”, “avaram”, “talışam”, “kürdəm” deyir. Çox gözəl .Ölkənin multikulturalizm siyasəti bu şəraiti yaradıb. Bunun nəyi pisdir ki? Müxtəlif köklərdən gəlib bir gül dəstəsinə, bir göy qurşağına, sarsılmaz birliyə çevrilmişik…

    Dünyanın hər yerində belədir. Etnik kimliyin bilinməsi normal cəmiyyətdə problem yaratmaz, əksinə, bunu gizlədib özünü səndən birisi kimi göstərib, ölkənin maraqlarını satanlar təhlükəlidir. Mən bu müxtəlifliyi Azərbaycanın sərvəti sayıram, bununla qürur duyuram və Vətəndaş Həmrəyliyi Partiyasını da bu birliyi daha da möhkəmləndirmək üçün yaratmışam. Bu xalqların hər birinin onlarla nümayəndəsi var dostlarım arasında. Bütün bunlar bəsit, hər kəsin bilməli olduğu həqiqət ikən, mənim özümü öz əsl kimliyimlə türk saymağımda nə qəbahət var ki, ağzımı açan kimi qarğa-quzğun dəstəsi qırıldaşmağa başlayır? Siz kimsiniz ki, müasir bir dövlətdə mənə milli mənsubiyyətini dilə gətirməyi yasaqlayasınz? Bunu Stalin bacarmadı, beriyalar, mikoyanlar bacarmadı, siz bacaracaqsınız? Və ümumiyyətlə, bu yeni stalinçilik səlahiyyətini kim verib sizə? Bəyəm sizin əslinizi-nəslinizi tanımırıq?

    Heç olmasa, böyüklərimizi yada salın! Səməd Vurğun Moskvada Stalinə “Rəhbərə salam” şerini oxumuşdu: “Salam gətirmişəm hüzuruna mən, …çadrasız, boyasız TÜRK qızlarından”; Heydər Əliyev Türkiyəyə xitabən “biz bir millət, iki dövlətik” demişdi; ədəbiyyatımızın və tarıxımızın bütün keçmiş böyükləri özünü türk adlandırırdı… Bunu yaddaşlardan necə silmək istəyirsiniz?

    Bəli, “azərbaycanlı” sözündə bir birləşdiricilik var və biz bu sözü sevə-sevə deyirik. “Azərbaycan” sözünün yer və dövlət anlamında neçə minillik yaşı var və istədilər-istəmədilər, əsrlər boyu buranın əsas əhalisi Azərbaycan türkləri olub və adlarını çəkdiyim xalqlarla tarixi bir qardaşlıq ailəsi qurub.

    Ensiklopediya Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edir. Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” adlı xüsusi cildində oxuyuruq: “Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir… Ölkənin əsas əhalisini (90 faizindən çox) azərbaycanlılar təşkil edir”. Sonra digər xalqların adı və sayı göstərilir, həmin xalqlar haqqında məlumat verilir: talışlar, tatlar, kürdlər, yəhudilər, ləzgilər, avarlar, udinlər, Axıska türkləri, ruslar, ermənilər və s.

    Milli Ensiklopediyanın 2-ci cildində isə qısaca, lakin yenə eyni məlumat təkrar edilir: “Əhalinin 90 faizini azərbaycanlılar, 2,2 faizini ləzgilər, 1,8 faizini ruslar, 1,5 faizini ermənilər, 1 faizini talışlar və s. təşkil edir”.

    Çox bəsit bir sual çıxır ortaya, əgər azərbaycanlı birləşdirici bir kəlmədirsə, onda bəs bu xalqlar niyə özlərini azərbaycanlı yazdırmayıblar? Əgər onlar Azərbaycan vətəndaşı ola-ola öz etnik kimliklərini gizlətmirlərsə və bundan dünya dağılmırsa, onda yerdə qalan 9 milyonun öz milli və ya etnik kimliyini söyləməsində nə qəbahət var? Azərbaycanlı, yəni Azərbaycanda yaşayan! Biz Azərbaycanda yaşamaqla yanaşı, həm də öz adımız var: Türk! Türk kimliyimiz və Azərbaycan vətəndaşlığımız cahillərin müzakirə mövzusuna çevrilməməlidir!

    Bu o qədər aydın olan bir məsələdir ki, müharıbə şəraitində, bu qədər ayrı problemimiz ola-ola bu mübahisələri ortaya atmaq özümüzü gülüş hədəfinə çevirməkdir. Kim özünü türk saymır, saymasın, gözümüz üstə yeri var, amma bütöv bir milləti də yox saya bilməz…

    Əslində bu mübahisələr adamların savadsızlığını göstərir, bəlli olur ki, bunlar elə bilirlər, yeni nə isə icad ediblər. Halbuki, böyüklərimiz, o cümlədən M.Ə.Rəsulzadə ötən əsrin otuzuncu illərində azərbaycançılığın əhəmiyyətini geniş təhlil eləmişdi, lakin onlar azərbaycançılığı türkçülüyə qarşı qoymur, bunu vəhdətdə götürürdülər.

    Düzü, bu boyda yazı-pozu içində məni ən çox heyrətləndirən akademik Çingiz Qacarın qeydləri oldu. Düzdür, millət vəkili Fazil Mustafa onun layiqli cavabını verib, lakin məsələ təkcə bir akademikin savadsız müsahibəsində deyil. Əsas məsələ bu yaşda adamım öz xalqına belə vəhşi nifrətində, məsuliyyətsizliyi və belə açıq böhtan atmaq cəsarətindədir. Hörmətli alimimiz məni bağışlasın, onun sözləri yuxu sayıqlamarına bənzəyir, heç bir ciddi adam belə sərsəm söz söyləməz. Başa düşmürəm bunların qəsdi nədir? Siz nə haqla Azərbaycanı dünyadakı yeganə etibarlı və sadiq dostundan, qardaşından məhrum etmək, araya düşmənçilik salmaq istəyirsinin? Axı siz uşaq deyilsiniz və məncə, tarixi də pis bilmirsiniz. Bu barədə xeyli əsəriniz var. Lakin bu sizə haqq vermir ki, erməni mövqeyindən fərqli olmayan bir mövqedən, belə türk düşmənçiliyi üfunəti yayasınız!

    Ay hörmətli Qacar nəslinin nümayəndəsi, Türkiyə bizə heç bir yardım eləməsə də, yanaşı olmağımız yetərlidir. Mən hələ 1918-ci ildə Türk-İslam Ordusunun Azərbaycanın yardımına gəlməsə, Bakının taleyinin necə olacağını demirəm. Bunu siz də çox gözəl bilirsiniz! Türklər gəldi, bizi xilas elədi, ardınca Qızıl Ordu gələndə nə oldu? – Şuşada təkcə sizin nəsildən üç general öldürüldü. Yox, güllələrinə qənaət məqsədilə onları güllələmədilər, tikə-tikə doğradılar. Nə yaxşı yenə onların ayağından öpməyə hazırsınız?

    Bu gün Azərbaycanda 1920-ci ilin 28 aprelinin, 1990-cı ilin Qanlı Yanvarının təkrarlanmasını istəyənlərin sayı artır. Buyursunlar. Biz türk olaraq hədəfinizdəyik. Ancaq şükür ki, tarix və millət öz hökmünü verib. Bu gün bütün sizin kimi seperatizm yavrularının, azərbaycançılıq adı altında etnik türkü yox sayanların, Rusiya və İran gizli agenturasının tula payı ilə yaşayanların avantürist yazılarına, xalqı aşagılamaq cəhdlərinə baxmayaraq, xalq öz dövlətinin arxasındadır. Müstəqil dövlət onlara istədikləri şəkildə gün ağlaya bilməsə də, onlar bəzi akademiklər və millət vəkilləri kimi gözlərini yumub agızlarını açmırlar, dövlət üçün hansı sözün və mövqeyin təhlükə yarada biləcəyini sizdən daha yaxşı bilir və bu məsələlərə daha məsuliyyətlə yanaşırlar…

  • ABŞ səfirinin müşaviri Sabir Rüstəmxanlı ilə görüşdü

    09 mart 2017-ci il tarixdə ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Süzan Çesli VHP-nin ofisində partiya sədri Sabir Rüstəmxanlı ilə görüşüb.
    Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi və fəaliyyəti müzakirə edilib. Həmçinin VHP-nin qadın və gənclər qolunun fəaliyyəti və imkanları barədə fikir mübadiləsi aparılıb.

  • “Bir kərə yüksələn bayraq bir daha enməz”

    “Bu milləti öz tarixi kökündən uzaqlaşdırmaq, bu xalqın qürur duyduğu tarixini kiçiltmək, onun böyüklüyünə şübhə yaratmaq siyasətidir”.

    Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, böyük siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatının 62-ci ildönümüdür. Bu tarixi şəxsiyyətlə bağlı bir çox ziyalılarımız geniş məqalələr yazıb. Azərbaycan milli istiqlal hərəkatının təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Rəsulzadənin danılmaz xidmətlərini layiq olduğu qədər dəyərləndirə bilirikmi sualı dəfələrlə beynimdə təkrarlandı. Buna səbəb isə, bu yaxınlarda yol infrastrukturunun dəyişməsi ilə əlaqədar olaraq Mikayıl Müşfiqin abidəsinin sökülməsini böyük etirazlarla qarşılayan ziyalılarımız, Milli Məclisin deputatları və bir çox siyasi xadimlərin ötən il Gəncədə Məmməd Əmin Rəsulzadənin büstünün başına çuval keçirilən zaman susması, hətta namizədliyi Gəncədən seçilmiş gənc Millət Vəkili Aydın Abbasovun Məmməd Əmin Rəsulzadə haqqında sərt tənqidinə cavab verilməməsi həmin hadisələri yenidən xatırlamağa səbəb oldu. Məmməd Əmin Rəsulzadənin müstəqil Azərbaycan quruculuğu uğrunda göstərdiyi fədakarlıqlar layiq olduğu dərəcədə qiymətləndirilirmi? Həmin hadisələrdə ziyyalılarımızın susduğu vaxt bu hörmətsizliyə etiraz edənlərdən biri Sabir Rüstəmxanlı oldu.

    İnterpress.az saytı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya müraciət edərək məsələyə münasibət bildirməsini xahiş etdi. Mikayıl Müşfiqin abidəsi ətrafında səs-küy salan ziyalılarımız və jurnalistlərimiz niyə həmin zaman susdular, Məmməd Əmin Rəsulzadəyə ögey münasibət hardan qaynaqlanır sualına cavab olaraq bildirdi ki:

    Bu məsələdə ayrı seçkilik salmaq olmaz. Tariximizə, ənənələrimizə, mənəvi irsimiziə , mənəvi sərvətlərimizin hamısına eyni gözlə baxılmalı və bu məsələ ilə bağlı ögey-doğmalıq olmamalıdır. Həm Müfiq, həm Xətai, həm Məmməd Əmin və digərləri hamısı bizim doğmamız və bizim Milli sərvətimizdir. Müfiqin abidəsi ilə bağlı məsələdə bir az tələsikliyə yol verilərək qərar verilmişdi. Millətə, xalqa izahat verilmədən və öncədən yer hazırlamadan söküntü işlərinin aparılması haqlı narazılıq yaratdı. Müşfiqin abidəsi ətrafında yaradılmış narazılıq onu sübut etdi ki, Millətimiz öz keçmişi ilə bağlı olan məsələlərdə tam laqeyd deyil və bu çox qürurverici hal idi. Əslində Müvfiqin abidəsi olan yer nə onun adına, nə onun ruhuna layiq olan yer deyildi. Düzünə qalsa onun abidəsinin yerinin dəyişdirilməsinə sevinclə yanaşdım. Amma təəssüf ki, eyni həssaslığı Məmməd Əmin Rəsulzadənin xatirəsinə münasibətdə görmürük.
    Müstəqil Azərbaycanda müstəqilliyin cəfakeş banısi, qurucusu olan şəxsiyyətin adı universitetdən götürüldü. Hansı prinsip olursa olsun bu universitetdə Məmməd Əmin Rəsulzadənin adına toxunmaq qolmazdı. Həmin universitet onun təşəbbüsü ilə qurulmuşdu. Hətta ona etraz ediləndə ki, bu universitetdə Azərbaycan dilində dərs deyəcək kifayət qədər müəllimlər yoxdur, həmin vaxt o demişdi ki, eybi yox qoy bəzi dərslər rus dilində keçirilsin amma ən vacibi budur ki, Azərbaycanın öz dövlət universiteti yaradılsın. Lakin illər sonra həmin universitetdən onun adı götürüldü. Bir zamanlar Bakıda sahilə yaxın ərazidə, “Kukla Teatrı”nın qarşısında Məmməd Əmin Rəsulzadənin abidəsi ucaldılacağı barədə lövhə vurulmuşdu.
    İllərlə həmin lövhə orda qalsa da həmin abidə ucaldılmadı və abidə qoyulması unuduldu. Amma iyə belə olduğunu hələ də anlamaq olmur. Düzdür, onun doğulduğu kənddə kiçik bir abidəsi var, amma Bakıda Məmməd Əmin Rəsulzadənin abidəsinin olmaması çox utanc verici haldır. Buna bənzər faktlar isə çoxdur, məsələn Pedoqoji Universitetin yaxınlığında Məmmədhüseyn Şəhriyarın abidəsinin ucaldılacağı barədə lövhə vurulmuşdu, amma illər keçsədə orda heykəl ucaldılmadı və beləcə də unudulub getdi. Bəlkədə şəhərin böyük planına uyğun olaraq əvvəlcə verilən bu qərarlar sonradan dəyişilib, amma belə məsələllərə həssas yanaşmaq lazımdır. Yüz ölçüb bir biçərək elə etmək lazımdır ki, bu millət kiminsə əziz xatirəsi ilə oynanıldığını fikirləşməsin.
    Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına salınan çuvalı neçə illər çıxartdırmaq olmadı. Sanki Gəncədə Məmməd Əmin Rəsulzadəyə xüsusi nifrət havası vardı. Hansı ki, Məmməd Əmin Rəsulzadənin iştirakı ilə fəaliyyət göstərən ilk parlament Tiflisdən sonra Gəncədə qurulmuşdu. Müstəqil Azərbaycan üçün gecə-gündüz böyük risklə çalışdığı aylar məhz Gəncədə olmuşdu.
    Parlamentin ilk yığıcağı keçirilən bina hələdə Gəncədə durur. Biz o vaxt təklif etmişdik ki, parlament yığıncaqlarından birini Gəncədə keçirək. Lakin təəssüf ki, bu təklif qəbul olunmadı. İndi Gəncədə nəinki Rəsulzadənin layiqli abidəsi var, hətta onun adına olan o kiçik büstə də böyük sayğısızlıq göstərildi. Bu barədə dəfələrlə yazıb etirazımı bildirsəmdə Milli Məclis üzvləri və ziyalılarımız tərəfindən müdafiə olunmaq əvəzinə Rəsulzadə ilə bağlı müdafiəyə qalxdığımız üçün bizə çirkab atdılar və üstəlik təhqir də olunduq.
    Paytaxt Bakıda Məmməd Əmin Rəsulzadənin adına park salınıb abidə ucaldılacaqmı ilə bağlı suala cavab olaraq dedi ki: Mən hər zaman bildirirəm ki, Məmməd Əmin Rəsulzadə layiqincə anılmalıdır. O, Azərbaycanın quruculuğu uğrunda əmək çəkən dahi bir şəxsiyyətdir. Düzdür, hesab edirəm ki, ona heykəl qoyuldu ya qoyulmadı onsuzda Məmməd Əmin Rəsulzadə imzasını silmək olmaz bu mümkün deyil. Çünki Məmməd Əmin Rəsulzadə Azərbaycana olan sevgisi, mübarizliyi, əqidəsi, yorulmazlığı ilə tarixdə silinməz iz qoyub.
    Türkiyə və Azərbaycanda onun haqıında yazılan kitabları oxuduqca heyrətə gəlirəm ki, bu insan hansı ölkədə yaşamasından asılı olmayaraq Azərbaycan uğrunda yaşayıb yaradıb. Dünyanın hansı ölkələrində olubsa Hollandiya, İran, Rusiya, Türkiyə, Finlandiya, Almaniya, Polşa, Fransa və digər xarici ölkələrdə mühacir və ya qonaq yaşamasından asılı olmayaraq o, bütün ömrü boyu həmin ölkələrin siyasi hətaına girərək mətbuatda Azərbaycanın səsini qaldıraraq çıxışlar edib. Öz vətəni haqqında onlarla məqalələri xaricdə və Avropada çap olunub.
    İndi Avropada olan Azərbaycan ziyalılarının və siyasətçilərin hamısının yazdığı məqalələr üst-üstə toplanılsa Məmməd Əmin Rəsulzadənin yazdığı məqalələrin yarısı etməz. Belə olan halda ona olunan ögeylik və ya doğmalıq Məmməd Əmin Rəsulzadənin heç eyninə deyil. Xutorda çox kiçik və eybəcər bir küçəyə Səttar Bəhlulzadənin adını vermişdilər. Həmin küçə haqqında Şəhər Sovetinə yazdığım açıq məktubumda mən öz şerimdə də göstərib yazmışdım ki, “Adına bir küçə oldu, olmadı Səttar Bəhlulzadənin nə vecinə” deyə etirazımı belə bildirmişdim.İndi Məmməd Əmin Rəsulzadənin abidəsinin olub olmaması onun xalqın qəlbində qurduğu zirvəsini kiçiltmir və heç vecinə də deyil.
    Məmməd Əmin Rəsulzadəyə göstərilən münasibət əslində o münasibət göstərənlərin səviyyəsini, onların tariximizə yanaşma səviyyəsini, Azərbaycan Türklərinin taleyinə və tarixinə olan münasibətlərini və necə yanaşmasını göstərir. Bu barədə mən çox uzun illər yazıb əsəbləşmişəm.
    Amma indi başa düşmüşəm ki, bunlar müəyyən bir sistemə bağlıdır. Əgər bu gün Azərbaycanda Türklüyə hücum varsa, əgər kimsə hətta o qədər cəsarət edib tək özünün yox, bütün Azərbaycan xalqı adlndan, “Biz Türk deyilik, Azərbaycanlılar Türk deyil” kimi ifadə işlədirsə, “Şah İsmayıl Xəatinin ulu nənəsi Trabzondan olub, deməli onun nənəsi xristian olub” kimi bir böhtan deyilirsə, özləri də anlamırlar və bilmirlər ki, həmin nənələrdən qan keçmir, nənələr xristian olsa belə həmin ailələrə Müsəlmançılığı qəbul edib Azərbaycan ailələrinə gəlirdilər.
    Əgər bu gün Babəkə dil uzatmağa qalxırlarsa, dahi klassiklərimizin hər birində bir əmma axtarırlarsa demək ki, bu elə belə məsələ deyil. Belə münasibət bu milləti öz tarixi kökündən uzaqlaşdırmaq, bu xalqın qürur duyduğu tarixini kiçiltmək, onun böyüklüyünə şübhə yaratmaq siyasətidir. Onu da söyləyim ki, bu çox yalnış, əbəs bir siyasətdir dedi.

    İnterpress.az
    Aynur Arifqızı

     

  • “Əgər o, özünü Türk saymırsa bu Arif Rəhimzadənin öz işidir”

    “Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini “müsəlman” adlandırırdılar, Rusiyada isə həmin əhalini “tatarlar” hesab edirdilər. İstənilən halda, biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti “türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı. Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı”.

    Bu fikirləri Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə “KM.ru” rus xəbər portalına verdiyi müsahibədə söyləmişdi. Komitə sədrinin Rusiya mətbuatına verdiyi bu açqlama cəmiyyətdə böyük narazılığa və qalmaqala səbəb olaraq birmənalı qarşılanmayıb. Millət vəkilləri və tanınmış ziyalılar Arif Rəhimzadənin söylədiyi bu fikirlərə qarşı çıxaraq onun üzr istəməsini tələb ediblər. Lakin öz fikrini dəyişmədiyini söyləyərək:

    ”Azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir”-deyə deputat Arif Rəhimzadə ötən gün mətbata açıqlamasında bildirib.

    İnterpress.az məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxalıdan Millət Vəkilinin bu cür açıqlamasına münasibətini xəbər aldıqda dedi ki:
    “Əgər o, özünü Türk saymırsa bu Arif Rəhimzadənin öz işidir. Saymırsa qoy saymasın. Amma onun bütün millət haqqında, “Azərbaycanlılar Türk deyil” kimi ifadəsini işlətməyə qətiyyən haqqı yoxdur. Səməd Vurğunun 1930-cu ildə Stalinə oxuduğu “Rəhbərə salam” Azərbaycan şerində “Çadrasız, boyasız Türk qızlarından. Salam gətirmişəm hüzuruna mən” dedikdə görəsən kimi nəzərdə tutrdu? Azərbaycan qızlarını yoxsa Türkiyə türklərini nəzərdə tuturdu? Belə məlum olur ki, 30-cu illərə qədər neçə əsrlər boyu dahi mütəfəkirlər tərəfindən yazılmış kitablarda böyüklərimiz, millətimiz öz dilini Türk dili saydığı fikirləri yalnış imiş amma Arif Rəhimzadə doğru danışıb? Onun özü söylədiyi həmin fikirlərinə qarşı olan etirazları və iradları qəbul edib nəzərə almırsa daha ona deyəcək sözüm qalmayıb-dedi və onu da əlavə etdi ki:

    Mən Arif Rəhimzadənin həmin fikrinə qarşı öz münasibətimi mətbuatda bildirmişəm və bir daha həmin məsələyə qayıtmaq istəmirəm. Güman edirəm ki, yüzlərlə oxucuların rəylərini dinləyib, yazdıqlarını oxuyaraq öz dedikləri barədə rastlaşdığı haqlı qınaq və tənqiddən, yəqin ki, bir nəticə çıxardar. Yox əgər heç bir nəticə çıxarmayıb yenə də öz dediyinin üzərində durarsa bu yenə də Rəhimzadənin öz işidir və bu cəmiyyətin, xalqın ziyalılarının münasibətinə fikir bildirmək məsuliyyəti onun öz üzərindədir- deyərək Sabir Rüstəmxanlı məsələyə münasibətini bildirdi.

    İnterpress.az
    Aynur Arifqızı

  • Sabir Rüstəmxanlı şəhidimizin məzarını ziyarət edib

    Vətəndaş Həmrəyliyi Partiyasının ( VHP ) sədri Sabir Rüstəmxanlı şəhidimizin məzarını ziyarət edib.

    İnterpress.az xəbər verir ki, Sabir Rüstəmxanlı Yardımlı rayonunda şəhidimizin məzarını ziyarət edib.

    “Türkiyədə Xocalı soyqırımının anımına həsr olunmuş konfransdan sonra Yardımlıya gəldim. Tarixi Peştesk kəndində qəhrəman övladımız Şahlar Yaşar oğlunun valideyinlərinə baş çəkdik, məzarını ziyarət etdik. Allah rəhmət eləsin. Adı bu dağlar qədər əbədi yaşayacaq!”

  • VHP-çilər Ana Harayı abidəsini ziyarət ediblər

    VHP üzvləri Xocalı soyqırımının 25-ci il dönümü ilə bağlı şəhidlərinin xatirəsinə ucaldılmiş Ana Harayı abidəsini ziyarət ediblər.

  • VHP qərargahını dəyişir

    REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qərargahını dəyişir.

    Bu barədə “Report”a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

    O bildirib ki, qərargah təmir ediləcək: “Partiyanın qərargahının altına su yığılıb, bu da binanın divarlarının nəmlənməsinə və uçulub tökülməsinə gətirib çıxarıb. Eyni zamanda, binanın damı da yağış yağarkən damır. Ona görə də qərargah yenidən təmir ediləcək, həmçinin lift quraşdırılacaq və istilik sistemi tamamilə yenilənəcək. Bu baxımdan müvəqqəti olaraq “Qanun” Nəşrlər Evində fəaliyyət göstərəcəyik. Təmir başa çatdıqdan sonra yenidən həmin binada fəaliyyətimiz davam edəcək”.

    Qeyd edək ki, VHP-nin qərargahı Bakının Xətai rayonunda, “Qanun” Nəşrlər Evi isə paytaxtın Nəsimi rayonunda yerləşir. Nəşrlər Evi VHP sədri Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğluna məxsusdur.

  • Hələ gec deyil

    Rafiq Manaflı

    Hər bir ailə bir dövlətdir. İşləyən, az ya çox, müəyyən gəlirləri olan hər bir ailə sabahı, 5 il, 10 il sonrası haqqında fikirləşir, planlar qurur və həyatını həmin planlara uyğun yaşamağa çalışır.
    Dövlət də bir ailədir, elə həmin sabahını planlaşdırmağı bacaran insanları özündə birləşdirən böyük bir ailə. Və dövlətin sabahını fikirləşmədən, 5 il sonrasını planlaşdırmadan, uzaq perspektivləri proqnozlaşdırmadan öz balaca ailən üçün qurduğun planların bir qara qəpik qiyməti yoxdur. Çünki sənin, ətrafının taleyi dövlətin taleyi ilə üzvi olaraq bağlıdır. Dövlətin aqibəti sabah necə olacaqsa, sənin də, ailənin, qövmünün də aqibəti elə olacaq.
    Axı əksəriyyətimizin elementar şeyləri proqnozlaşdırmağa intellektimiz, düşüncəmiz çatır. Motiv də kifayət qədər həyatidir – dövlətimizlə birlikdə özümüzün, yaxınlarımızın sabahını düşünmək.
    20 il bundan qabaq bu hakimiyyət ölkədə korrupsiyanı oturuşdurmağa başlayanda, biz bunun sabah hara gətirəcəyini hamılıqla bilə-bilə niyə səsimizi dinməz yerimizə qoyduq. Və yaxud, bu gün niyə anlamaq istəmirik ki, korrupsiya səbəbdir. Oliqarxiyanın, monopoliyanın, dağılmış iqtisadi münasibətlərin, istehsalatın, kənd təsərrüfatının səbəbidir. Planlaşdırılan nəticə isə avtoritar rejim və daha sonra avtokratiyadan keçərək monarxiya rejiminin qurulmasıdır.
    Niyə dərk etmirik ki, təhsilin məhv edilməsi səbəbdir, planlaşdırılan nəticə savadsız, haqq və hüquqlarını bilməyən, dar düşüncəli, sözəbaxan, ələbaxan bir toplumun yaradılmasıdır. Səhiyyənin məhv edilməsi səbəbdir, proqnozlaşdırılan nəticə insanların bu hakimiyyətdən can asılılığına düşəcəyi cəmiyyət qurmaqdır. Bu gün insanların müalicə üçün ora-bura getmək imkanları var. Axı ölkənin salındığı və getdikcə dərinləşən bu miskin vəziyyətlə sabah belə imkanlar olmayacaq. Və insanların müalicəyə göndərilməsi hakimiyyətin tam monopoliyasında olacaq. Hakimiyyət də, əlbəttə, elə ucdantutma hamını ora göndərməyəcək ki. Can isə şirin şeydir. Hökumətin can siyahısına düşmək üçün insan nəyə desən gedəcək.
    Niyə fikirləşmirik ki, bu gün ermənilərin tək-bir, cüt-bir gətirilib Bakıda yerbəyer edilməsinin sabahı onların bura kütləvi axını, yeni Azərbaycan-Hayastan qardaşlığı, Qarabağdan ibarət olan qardaş payı ilə nəticələnəcək. Biz axı bu zibilə bir dəfə düşmüşük və Zəngəzur mahalını qardaş payı etmişik.
    Tarix obyektiv qanunlarla inkişaf etsə də, onu yaradan insanlardır. Amma təəssüf ki, reallığımızın acı həqiqəti ondan ibarətdir ki, Azərbaycanda sabahını planlaşdırmaq, qurmaq haqqında fikirləşmək imkanları olanlar günü-gündən azalır. Hökumətin məqsədyönlü antimilli siyasəti insanları bu günlə yaşamağa məcbur edir. Nə dünən haqqında fikirləşmək vaxtı, istəyi yoxdur, dünənki qaldı dünəndə. Nə sabah haqqında fikirləşmək iqtidarı yoxdur, sabah nə olacaq allah kərimdir.
    Bu günlə yaşayan, bu günü sadəcə başa vurmaq üçün mücadilə aparan insan isə sabahın yaradıcısı, qurucusu ola bilməz.
    Dövlətimizə, millətimizə qarşı bu məkrli yol hələ sona, mənzil başına çatmayıb. Hələ geri qayıtmaq, dövlətimizi yenidən qurmaq mümkündür. Onun üçün isə hamılıqla beynimizə düşünmək əziyyətini verməliyik. İndi verməliyik, yoxsa gec olacaq.

  • Moskvadan özünə də bax.

    Sabir RÜSTƏMXANLI
    (Rafael Hüseynovun ” Moskvadan baxarkən” kitabı haqqında)

    Əlimizə keçən yeni kitabların hamısını eyni vaxtda oxuya bilmirik; bəzisini elə alan kimi gözdən keçiririk, bəzisi də köhnə kitablara qarışır və aylarla unudulur. Moskvada yaşayan tanınmış jurnalist Rafael Hüseynovun 2015 -ci ilin sonlarında Bakıda nəşr olunmuş “”Глядя из Москвы” ( Moskvadan baxarkən) kitabını ötən il alsam da, yazılarım çox olduğundan, yalnız bu yaxınlarda oxuya bildim.
    Öncədən deyim ki, Rafael Hüseynov çox təcrübəli, məlumatlı, Rusiyada yaxşı tanınan, nüfuzlu jurnalistlərdəndir. Rusiya Jurnalistlər birliyinin katibidir. Vaxtilə ” Молодежъ Азербауджана” qəzetinin redaktoru olub. Sonra Moskvanın bir çox nüfuzlu mətbuat orqanlarında yüksək vəzifələrdə çalışıb. Sov. İKP-nin milli siyasət məsələləri üzrə məsləhətçisi olub. 1991-1993- cü illərdə Azərbaycan respublikasının Rusiyadakı səfirinin birinci müavini vəzifəsini daşıyıb. Bu siyahını bir az da uzatmaq olar. Tanınmış jurnalist oxucunu darıxmağa qoymur, konkret faktlar, araşdırmalar əsasında danışır, təhlilləri agilli və obyektivdir. Cavanlıq illərimizdən tanıdığıma görə yazılarını həmişə maraqla izləmiş, əyalətçilikdən uzaq, qlobal düşüncə tərzinə, siyasi prosesləri diqqətlə izləyərək dəqiq mülahizələr yürütdüyünə görə ona xüsusi sayqıyla yanaşmışam. Bu baxımdan adı çəkilən sonuncu əsəri də istisna deyil və müəllifin yaradıcılıq uguru sayila bilər. Sırf peşəkarlıq, və jurnalist araşdırmaları baxımından yanaşsam kitabın məziyyətləri haqqında bir xeyli danışa və ya yaza bilərəm.
    Lakin təəssüf ki, bu kitabınin, şəxsən məni incidən, narahat edən elə bir cəhəti də var ki, onun üstündən keçə bilmirəm. Bu, Rafael Hüseynovun yaxın tariximizə münasibəti və vətəndaş mövqeyi ilə bağlıdır. Düzdür o, kitabda özünü bir neçə dəfə, görünür xüsusi olaraq, Rusiya jurnalisti kimi təqdim edir. Ancaq hər halda azərbaycanlılıqdan çıxmayıb, öz dediyi kimi, valideyinlərinin məzarı burdadır, uşaqları burda doğulub, burda qohumları yaşayır. Hətta Azərbaycana bağlılığı olmasa belə, ədalət hissini və jurnalist məsuliyyətini unutmaq olmaz.
    Annotasiyada bildirilir ki, kitabda müəllifin əsasən son ildə yazdığı məqalələri, müsahibələri toplanıb. Bir ildə müəllif, doğrudan da, yorulmadan və çox səmərəli çalışıb. Kitabda çağdaş dünyanın genlş mənzərəsi var. Rafael Hüseynov Moskvadan baxanda Amerikada, Avropada baş verən hadisələri görür, onu İŞID, Ərəb baharı, Ukrayna-Rusiya münasibətləri, Kırım türklərinin taleyi düşündürür, keçmişə də ekskursiya edir, Stalin, Hitler, İİkinci Dünya müharibəsi, Kreml ve Rusiya oliqraxları da diqqət mərkəzindədir. Azərbaycan da unudulmamışdır. Son müharibədə “Hitler tərəfində döyüşən” 40 min azərbaycanlı( bu rəqəm mənə şübhəli görünür),’ Düdənginskinin ölümü, Heydər Əliyevin siyasi və ailə həyatı ilə bağlı maraqlı epizodlar, Azərbaycanın köhnə partiya nomenklaturası haqqında xiffət dolu xatirələr və s. Hamısını saymaq çətindir. Dünya “rusiya jurnalistinin” ovcundadır. O hər şeyi görür…

    TƏKCƏ DAGLIQ QARABAĞDAN BAŞQA.

    Deyə bilərlər jurnalist azad insandır; nədən yazıb, nədən yazmamaq onun şəxsi işidir. Buna sözüm yox! Ancaq ola bilməz ki, əslən Qarabağdan olan bir qələm sahibi müxtəlif xalqlarının taleyi, postsovet dönəminin münaqişələri ilə bağlı bu qədər yazıb- poza, iri bir kitab hazırlaya orda Vətəninin bu boyda problemini xatırlatmağa bircə cümləsinə qıymaya… Düzdür, kitabda Qarabağ münaqişəsinin başlandığı illər bir haqqında bir- iki cümlə car və mənim əsas məqsədim də o cümlələrin həqiqətdən nə qədər uzaq olduğunu göstərməkdir. 35 -cü səhifədə oxuyuruq: ” Vətəndaşların daha fəal hissesinin dəstəklədiyi inqilablar bir vaxt Gürcüstanda və Azərbaycanda Xalq Cəbhələrini hakimiyyətə gətirdi. Nəticə məlumfur: hər iki tərəf öz ərazilərinin xeyli hissəsini itirdi.Düşünürəm ki, növbəti gətirəcəyim misal Bakıda çoxlarınıın xoşuna gəlməyəcək.Bizim erməni qonşular öz ölkələrində inqilaba qalxmadılar, buna görə də, Ermənistanın indiki durumunu təhlükəsiz saymaq çətin olsa da, hər halda ölkələrinin torpaq bütünlüyünü qorudular.”
    Hörmətli Rafael Hüseynovun məntiqi rekordlar kitabına düşməlidir. Sanki Qarabağda 12 rayonu itirməyimizin yalniz bir səbəbi var o da Azərbaycanda Xalq Cəbhəsinin yaradılması və inqilabdır. Bu, 1990- cı ilin yanvarında SSRİ silahlı qüvvələrinin vəhşicəsinə Bakıya yeridilməsini əsaslandırmaga çalışan Sovet rəhbərlərinin fikirləriylə üst- üstə düşən mövqedir. Qələm dostumuz nəzərə almır ki, İnqilab öncə İrəvanın Teatr meydanında, Xankəndində başlanmışdı. Moskvadan qopmaq şüarlarıanı bizdən öncə Ermənistan səsləndirmiş və beynəlxalq dəstək qazanmağa çalışmışdı. Bizim ərazımızı qərarla öz ərazisi elan edən, 200 min azərbaycanlını öz tarixi yurdlarından qovan ” bizim qonşular” yəni Ermənistan idi. Azərbaycan yalnız cavab vermişdi. Nəhayət, Bakı mitinqlərinə İnqilab demək olsa bu inqilab Xalq Cəbhəsi yaranmazdan il yarım əvvəl başlanmışdı. Xalq Cəbhəsi Moskvanın diqtəsilə oturub – duran və ölkəni qonşuların işğalından qoruya bilməyən rəhbərlərin vecsiz və dağıdıcı siyasətinə etiraz olaraq yaranmışsdı. Torpaq itirmək- inqilabın nəticəsi deyildi, inqilaq- torpaqlarımızı itirməyimiək qorxusunun və mərkəzi hakimiyyətin ermənipərəst siyasətinin nəticəsiydi.” Dinc qonşularımızın”işğalçılıq faktını bu yolla pərdələmək erməni jurnalistikasından çox da fərqlənən yol deyil.
    Belə görünür ki, R. Hüseynov köhnə sovet rejiminin, rus məktəblərinin, komsomol, partiya namenklaturasının bir çox yetirmələrinə xas olan bir xəstəlikdən xilas ola bilməmişdir. Bu da Moskvadan qopmaq, müstəqilləşmək istiqamətində atılmış bütün addımları qara rəngdə görmək, ötən əsrin 90-cı illərində baş vermiş böyük tarixi hadislətin ancaq bir üzünə baxmaq və SSRİ-nin dağılma prosesini faciə kimi qiymətləndirərək bunun əsas günahını o vaxt bütün respublikaları təbii şəkildə bürümüş Xalq hərəkatlarının boynuna yıxmaqdır. happy wheels demo Başqa bir xəstəlik də xalqların öz milli idealları və demokratiya uğrunda mübarlzəsini ABŞ və Qərbin “demokratikləşmə”, ” ərəb baharı” adı altında bəzi müsəlman ölkələrində apardığı işğal və dağıdıcılıq prosesi ilə eyniləşdirməkdir.
    1988 -ci ildə Azərbaycanda hərəkat yenidənqurma və söz azadlığı şüarlarıyla başlanmışdı, yalnız Moskvanın Azərbaycan torpaqlarının işğalıyla nəticələnən siyasəti ortaya çıxanda şüarlar dəyişildi və SSRİ- dən qopmaqdan başqa çarənin bulunmadığı fikri meydana çıxdı, milli hərəkat başlandı. Moskva respublika rəhbərliyinə qəsdən bu işdə ona yardım edə biləcək zəif adamları gətirmişdi. Bəli, 1988- ci ildə Azərbaycanda hakimiyyətdə Heydər Əliyev və ya başqa bir iradəli və təcrübəli adam olsa , ola bilsin ki, hadisələr fərqli senari ilə inkişaf edərdi.
    Kitabda Rafael Hüseynov bir neçə dəfə AXC- min hakimiyyət illərini, yəni özünün Moskvada müstəqil Azərbaycanın səfirliyində çalışdığı illəri xatırladır. Təəssüf ki, onun bu xatırlamaları Sosializm sisteminin həsrətini çəkən və o sistemin ərköyün böyütdüyü adamların ümumi və yanlış yanaşmalarından heç nə ilə fərqlənmir. Səh. 99- da yazır: ” Təmizlənmə əməliyyatını Azərbaycanda Xalq Cəbhəsinin qısa hakimiyyəti dövründə də qeyri formal şəkildə həyata keçirməyə cəhd etdilər. … Partiya, sovet, komsomol, təsərrüfat kadrlarına etimadsızlıq ifadə edilirdi. …Azərbaycanın ictimai və mədəni həyatı üçün xüsusi sərt bir təmizlənmə əməliyyatı hazırlanırdı. Konservatoriyada skripka, violençel, ” yabançı incəsənətin” təsiri altında olan hər şeyin ləğv edilməsi təklif edilirdi. Əvəzində xalq alətləri sinifləri üstünlük qazanırdı. Balet ümumiyyətlə bir sənət növü kimi qəbul edilmirdi. Bakı küçələrində yalın ayaqlarına çəkələk geymiş, pinti saqqallı, qaramat iranlılar getdikcə daha çox gözə dəyirdilər…. Geyim stilinə, özəlliklə qadın paltarlarına, donların və yubkaların kəsiklərinə qadağa qoyuldu…”
    Müəllif özü etiraf edir ki, Xalq cəbhəsinin başçıları savadlı adamlar idilər və heç birindən təmizlənməni müdafiə edən bir söz eşitməmişdim. Bir halda ki, belədir, onda kimlərinsə “cəhd etməsi, təklif etməsi” ittiham üçün əsas ola bilməz. Olmayan bir şeyi yazmaqla və bunu Xalq Hərəkatına zorla yapışdırmaqla bu hərəkatı gözdən calmaq istəyi hardan qaynaqlanır və bunu bir azərbaycanlı jurnalist özünə necə rəva görür? AXC -nin bir illik hakimiyyəti dövründə, Şərqi Avropa və, Baltik dövlətlərində olduguna bənzər bir təmizlənmə əməliyyatı barədə rəsmi bir göstəriş olmayıbsa, rəhbərlik bunu qəbul etməyibsə onda bu barədə yazmaqla müəllif nə niyyət güdür?
    O ki qaldı, ” iranlı” deyib qaraladığı adamlara , onların çoxu bizim Güneyli qardaşlarımız idi, uzun ayrılıqdan sonra xoşbəxt bir gediş- gəliş başlanmışdı və kimin hansı ayaqqabı ilə gəlməsi milləti az narahat edirdi.
    Ən əsası, Qarabagda savaş gedirdi, hər gün cəbhələrdən şəhidlər gəlirdi, xalq mərkəzi hakimiyyətinin dəhşətli bir xəyanətiylə üz-üzəydi və miller torpağını qorumaq haqqında düşünürdü, hansısa musiqi aləti haqqında yox…
    Buna baxmayaraq nə Konservatoriya dağıldı, nə skripka sinifləri ləgv edildi. Tək – tək cahil adamların küçə söhbətlərini hakimiyyətin mövqeyi kimi qələmə vermək heç bir vətəndaşlıq və ədalət prinsipinə sığmır, müəllifin yaxın tariximizə qərəzli, məsləhətçilərinin yanliş mövqeyindən yanaşdığını göstərir.
    AXC -nin bir illik hakimiyyəti ciddi təhlil olunmalidir. Əlbəttə, ciddi səhvlər də olub. Mən şəxsən təcrübəsiz adamların hakimiyyətə və iş başına gətirilməsinin tərəfdarı olmamışam, bu fikirdəydim ki, AXC müxalifətdə qalıb hakimiyyətdəkiləri ” işlətsə” daha yaxşı olar. Lakin Xocalı faciəsi və bir sıra digər hadisələr Moskvayanlı iqtidarın sonu oldu və milli qüvvələrin hakimiyyəti ələ almaqdan başqa yolu qalmadı. Müəllif nəticəni müzakirə edir və günahlandırır. Səbəbi dilə gətirmir və bu hadisələrdə Moskva yardımlı erməni işgallıni görməzdən gəlir.
    Kitabda açıq-aşkar bir rus-sovet , KĞB – komsomol xiffəti, atalarının adına” oviç ” qoşmaqla güya özlərinin yüksək zümrənin adamı kimi göstərməyə çalışan milli korazehinlərin ” belke de qaytardılar” ovqatı hiss olunur.
    Müəllif yalnız bizim yox, diger xalqların da milli haqları ugrunda mübarizəsinə açıq- aşkar bir istehzayla yanaşır. Məsələn, bütün ömrünü Kırım türklərinin haqlarının bərpası uğrunda mübarizəyə sərf etmiş və buna görə uzun illər Rusiya zindanlarında yatmış əsil xalq qəhrəmanı Mustafa Cemiloğlu Rafael bəyə sadəlövh bir adam kimi görünür, onun BMT kürsüsündən etdiyi parlaq çıxış rus mövqeyindən təftiş edilir, hətta onun Kırımın köhnə türk adlarını bərpa etmək kimi təbii tələbi etinasizlıqla bu sadəlövhlüyün təsdiqi kimi misal gətirilir.
    Bəli, adam Rusiya yurnalisti olanda və Moskvadan baxanda belə görür…
    Ancaq bir anlığa bizim rus təhsili almış və Azərbaycandan kənarda yaşayan Rafael bəy kimi qələm sahiblərini onların erməni həmkarları ilə müqayisə edək. Onların hətta Ermənistanda doğulmayan və Qarabağın üzünü görməyənləri də, yeri gəldi- gəlmədi, öz əsassız iddəalarını ortaya atıb, Azərbaycanı ittiham etməyə qalxırlar. Bizimkilər isə, əllərində hər cür dəlil- sübut ola- ola, elə yazırlar ki, sanki, köhnə sovet təsərrüfat sisteminin dağılmasının da, Qarabağın Ermənistan tərəfindən işğalının da, 1 milyon vətəndaşımızın torpaqlarından didərgin düşməsinin də, Xocalı soyqırımının da günahkarı biz özümüzük. Xocalı soyqırımından 25 il keçir. Dünya və Rusiya Qarabağ probleminin həllinə imkan vermir. Belə bir durumda işğal altında olan bir rayonda doğulmuş azərbaycanlı jurnajistin öz xalqının ən böyük probleminə bu qədər etinasız olması, istər – istəməz, mənə böyük sənətkarımız Nəsibə Zeynalovanın sözünü xatırlatdı: Hamı gedir quş gətirir, bizimki bayquş gətirir…
    Moskvadan baxın, nə olar! Ancaq hərdən bir özünüzə də baxın!…

    12.01.2017

  • Sabir Rüstəmxanlının yeni kitabı nəşr edilib – Foto

    Xalq şairi Sabir Rüstəmxanlının “İki kəlmə” kitabı nəşr olunub.

    VHP.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” Nəşriyyatında çıxan kitabda şairin sevgi lirikasından nümunələr toplanıb.

    Kitabın əvvəlində Sabir Rüstəmxanlının indiyədək çap olunmayan ilk qələm təcrübələrinə də yer verilib.