Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb.

    VHP.az-ın xəbərinə görə, roman Azərbaycan türklərinin üzləşdiyi yeni bir fiziki və mənəvi repressiyaya-genetik savaşa həsr edilib. Müəllifin “Akademikin son əsəri”adını verdiyi kitab tezliklə oxucuların ixtiyarına veriləcək.

    Qeyd edək ki, roman indidən azərbaycanlı və türkiyəli oxucuların marağına səbəb olub. Sosial şəbəkədə S.Rüstəmxanlının türk oxucuları kitabın Türkiyə türkcəsinə çevrilməsi ilə bağlı müəllifə müraciətlər ünvanlayıblar.

     

  • Sabir Rüstəmxanlı Lənkəranda müəllimlərlə və məktəblilərlə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlı  Lənkəranda müəllimlərlə və məktəblilərlə görüşüb. Görüş Boladi kənd orta məktəbində baş tutub.  Tədbirdə məktəbin ədəbiyyat müəllimi və şagirdləri, eləcə də xalq şairinin qələm dostları Əyyub Qiyas, İltifat Saleh, Süleyman Hüseynov, Musa Xanbabazadə, Ağamir Cavad və İlham da  çıxış ediblər. Məktəblilərin ifasında səslənən  şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Bu barədə S.Rüstəmxanlı öz təəssüratlarını belə bölüşüb: ” Boladi kənd deyil, balaca,səliqəli və gözəl şəhərdir. Ədəbiyyat müəlliminin və məktəblilərin çıxışlarından çox razı qaldım. Çoxdan şagirdlərin belə ürəklə şeir söyləmələrini görməmişdim”.

  • Müxalifət yayda dincəlməyəcək

    Siyasi partiyaların yay ayları üçün hansı planları var?
    Yay fəsli yaxınlaşır, bu isə o deməkdir ki, ölkənin ictimai-siyasi həyatında digər aylarla müqayisədə passivlik yaşanacaq. Hər il insanların istirahət etdiyi bu aylarda müxalifət cəbhəsində də süstlük müşahidə olunur. Yay aylarında havaların isti keçməsi ilə əlaqədar demək olar ki, bütün dünyada oxşar hal baş verir. Lakin buna baxmayaraq, siyasi-ictimai təşkilatlar fəaliyyətlərini tam dondurmur və müəyyən addımlar atırlar.

    Bəs yay ayları üçün Azərbaycanda müxalifət partiyalarının planı nədir?

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, yay aylarında əsasən qurultaya hazırlaşacaqlar: “Konfransları keçirilməyən rayon təşkilatlarında konfransların keçirilməsini nəzərdə tutmuşuq. Artıq hansı rayonda nə zaman konfransın keçirilməsini də planlaşdırmışıq. Hazırda Bakı şəhəri üzrə rayon təşkilatlarının konfransları keçirilir, bu bitdikdən sonra isə digərlərinə keçəcəyik. Həmçinin qarşıdakı günlərdə partiyanın gənclər təşkilatı və qadınlar şurasının konfranslarının vaxtıdır. Planlaşdırırıq ki, bu yay ərzində onları da keçirək. Qarşıdakı əsas işlərimiz bunlardır. Eyni zamanda təqvim planına uyğun olaraq digər işlərimizi də görəcəyik”.

    Mayın 28-də qurultay keçirən VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirib ki, onların yay ayları üçün də planları var: “Əvvəla, onu qeyd edim ki, keçirdiyimiz qurultayda bütün seçkili qurumlarımızı təzələdik. Qarşıdan gələn dövrün tələblərinə, beynəlxalq çağırışlara uyğun olaraq fəaliyyətimizi qurmaq niyyətindəyik. Hesab edirik ki, əsasən prezident seçkilərinə köklənmək lazımdır və bu seçkilərə yönəlik partiyanın daxilində hazırlıq işləri getməlidir. Düşünürük ki, seçkilər 2017-ci ilin ikinci yarısında da ola bilər. Bu ehtimal yüksəkdir. Olmasa belə, 2018-ci il seçkilərinə də çox vaxt qalmayıb. Ona görə də qurultayımızda dairə təşkilatlarının seçki dairələrinin hüdudları üzrə formalaşdırılması işinə başlamışıq. Yeni üzvlərin cəlbi də vacibdir. Çalışacağıq ki, təzələnmiş qurumlarda fəaliyyətimizi gücləndirək və hakimiyyətin bütövlükdə addımlarını təqib edək. Partiyadaxili məsələlərlə yanaşı, müxalifət daxilində də inteqrasiya işlərinin sürətləndirilməsi vacib amildir. Regionda baş verənlər də bunu təhrik edir. Müxalifət daha yetkin çıxış etməli və çalışmalıdır ki, qarşıdan gələn seçkilərə ciddi hazırlaşsın. Qeyd etdiyimiz fəaliyyət nəticə verməsə, o zaman müttəfiqlərimizlə seçkiləri dəyərləndirəcəyik. Bu da olmasa, partiya sərbəst qaydada seçkilərə qatılmağı düşünür. Qurultayda da bizim seçkilərə tək qatıldığımız zaman hansı işlərin görülməsinin lazımlığını rayon təşkilatlarının, happy wheels demo qurultay nümayəndələrinin yeni seçilmiş məclis üzvlərinin nəzərinə çatdırdıq”.
    AG Partiya sədri Tural Abbaslı bildirib ki, yay aylarında partiyadaxili işlərlə məşğul olacaqlar:
    “Hər il Azərbaycanda yay aylarında siyasi məkanda passivlik olur. Çünki seçkilərin heç biri yay fəslinə düşmür. Həm də hakimiyyətin özü də marağında olur ki, ilin ən azı 3-4 ayını siyasi passivlik dönəmi yaşanır və rahat şəkildə öz hakimiyyətlərini davam etdirirlər. Bu il də yəqin ki, elə olacaq. Ümumiyyətlə, son 2-3 ildə Azərbaycan müxalifəti siyasətin aktivlik dərəcəsini bəlirləmir. Bunu yalnız hakimiyyət edə bilir, istəyəndə gündəm yaradır, müxalifət də bunun ətrafında aktivləşir, fəaliyyət göstərir. Demək olar ki, müxalifət hakimiyyətin siyasət oyununun əlavəsi kimi çıxış edir. Belə görünür ki, hakimiyyət öz daxili çəkişmələri ilə məşğuldur və burada müxalifətə hələ ki yer yoxdur. Ola bilər ki, həbslər olsun və bununla bağlı yay aylarında aktivlik müşahidə olunsun. Biz isə yeni yaranmış partiya kimi daha çox daxili strukturlarımızın formalaşdırılması, strategiyamızın müəyyənləşməsi, partiyanın boşluqlarının doldurulması məsələləri ilə məşğul olacağıq. Əgər siyasi məkanda nə isə qeyri-adi hal baş verərsə, biz də ona qatılacağıq. Olmayacaqsa, dediyim kimi, daxili işlərimizi görəcəyik”.
    KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, havanın partiyanın fəaliyyətinə elə də təsiri yoxdur: “Yay aylarında cəmiyyətin bütün sahələrində temp bir qədər aşağı düşür. Bu da istilərlə əlaqədardır. Ancaq bu, o demək deyil ki, fəaliyyətimiz dayanacaq. Xeyr, fəaliyyət elə əvvəlki kimi də davam edəcək. Təşkilatlanma işlərimizi, iclaslarımızı, ümumən fəaliyyətimizi nizamnaməyə uyğun olaraq davam etdirəcəyik. İstiyə, havaya uyğun olaraq fəaliyyət qurmaq doğru sayılmaz. İsti günlərdə iclasların, sadəcə, vaxtını dəyişmək olar və iş ahəngi isə dəyişməz. Hər həftə partiyanın rəhbər orqanlarının iclası keçirilib və keçiriləcək”.
    Ümid Partiyasının sədr müavini Tamilla Qulami də “Yeni Müsavat”a bildirib ki, onlar da yay aylarında passiv olmaq fikrində deyillər: “Qarşıdan seçki ili gəldiyi üçün partiyanın üzərinə düşən əsas iş təşkilatlanmadır. Növbəti il qurultayımız planlaşdırılır və buna görə də yay fəsli boyunca rayon təşkilatlarımızın konfransları keçiriləcək. Biz də partiya rəhbərliyi olaraq həmin konfranslarda iştirak edəcəyik. Yəni yay aylarında partiyamızda heç də passivlik olmayacaq”.

    Əli Rais

    Yeni Müsavat

  • Cümhuriyyətimizin 99 ili ilə bağlı VHP Siyasi Şurasının təbriki

    Cümhuriyyətimizin 99 ili ilə bağlı VHP Siyasi Şurasının təbriki

    Hörmətli həmvətənlər!
    Hər birinizi Müstəqillik Günü – Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü münasibəti ilə təbrik edirik.
    Şərqdə ilk demokratik respublika olan AXC-nin yaranması tarixin olduqca mürəkkəb ictimai-siyasi və hərbi dövrünə təsadüf edir. Rusiya imperiyasının Birinci Dünya müharibəsindəki məğlubiyyəti və imperiyada başlayan inqilablar bir çox xalqlar kimi, 1813 və 1828-ci il Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya tərəfindən işğal edilən Azərbaycan ərazilərinin bir hissəsində müstəqil dövlətimizi qurmaq imkanı yaratmışdı və o dövr milli mücahidlər, xalqımızın böyük ziyalıları bu böyük məsuliyyətin altına girməyi bacardılar.
    AXC bir çox qanunları və parlament respublikası kimi fəaliyyəti ilə Şərqdə o dövr üçün inanılmaz demokratik azadlıqlar formalaşdırmışdı. Qadınların seçki hüququndan tutmuş ölkədə yaşayan müxtəlif etnik qrupların parlament və hökumətdə təmsilçiliyinə qədər yaradılan şərait öz dövründə Avropa ölkələri üçün belə bir nümunə idi. Əsasən Avropa təhsili alan ziyalıların bu cür addımlarla Şərqə demokratiya və insan azadlığı adına böyük bir örnək gətirmələri və bu örnəyin Azərbaycan adına edilməsi tariximizin ən şanlı səhifələrindən biridir.
    Təəssüf ki, hər zaman qarışıq dövrlərdə olduğu kimi, 1918-ci ildə də ermənilərin məkri, silahlı erməni terrorçuların Azərbaycan ərazilərini işğal etmə planları və bunun arxasında böyük dövlətlərin dayanması AXC-nin qarşılaşdığı ən böyük çətinlik oldu. Erməni-daşnak qüvvələrinin Bakı da daxil olmaqla, bir çox şəhər və rayonlarımızda soyqırım həyata keçirməsi, Zəngəzurda, İrəvanda və İrəvanətrafı kəndlərdə yüzlərlə kəndimizi talan etməsi, Qarabağda qırğınlar törətməsi müstəmləkədən yenicə qurtulan və hələ milli ordusu formalaşmayan AXC üçün böyük çətinliklər yaradırdı. bütün bu təzyiqlərin, həmçinin Bakıda böyük qüvvəsi olan ingilis komandanlığının təsiri ilə 1918-ci il 29 mayda Azərbaycan Parlamenti İrəvan şəhərini 99 illik icarə ilə paytaxt kimi ermənilərə verməyə məcbur oldu.
    Bu addım qırğınların dayanması və ermənilərin də öz müqəddaratını təyin etməsi haqda Avropanın həmin dövrdə ən güclü ölkəsi və Birinci Dünya savaşının qalibi sayılan Böyük Britaniyanın Qafqaz komandanlığının tələbi ilə gerçəkləşmişdi.
    Buna baxmayaraq, ermənilərin Zəngəzur, Qafan, Meğri, o cümlədən Qarabağda qətliamları davam edirdi. Nəhayət, qısa müddətdə formalaşan 40 minlik milli ordu 1919-cu ildə Qarabağ və Zəngəzurda erməni terrorçulara qarşı uğurlu əməliyyatlar aparmağa başladı. Yalnız bundan sonra ermənilər sülh barədə müzakirələrə hazır olduqlarını bildirdilər.
    AXC qısa müddətdə ölkədə böyük uğurlara imza atdı, Azərbaycan dünyanın 23 böyük dövləti tərəfindən rəsmən tanındı və 114 min kv kilometrlik ərazidə öz hakimiyyətinin təmini istiqamətində tədbirlər aldı.
    Bu uğurlu hərbi-siyasi prosesləri isə 1920-ci il 28 aprel işğalı dayandırdı. Erməni daşnakların əvvəlcədən gizli razılaşmaya uyğun olaraq 1920-ci ilin əvvəlində Qarabağ və Zəngəzurda törətdiyi qətliamların qarşısını almaq üçün AXC ordunu ölkənin qərbinə yeritməyə məcbur olmuşdu və Bakı cəmi 2 minlik kiçik bir ordu ilə mühafizə olunurdu. Mayın əvvəlində ermənilərin Zəngəzur və Qarabağda təslim olduqları və Azərbaycan ərazilərindən çıxmağı qəbul etdiklərini elan etdikdən 2 həftə sonra isə 11-ci Qırmızı ordu fürsətdən istifadə edərək şimaldan ölkəyə soxuldu və Azərbaycan növbəti dəfə işğal edildi.
    Bu işğal Azərbaycanın torpaqlarının növbəti dəfə parçalanmasına imkan tanıdı: Zəngəzur, Meğri, Qafan, Dərələyəz və Göyçə mahalı bütünlüklə ermənilərə verildi, Qarabağda isə “Dağlıq Qarabağ” adlı ermənilər üçün muxtariyyət yaradıldı…
    70 ildən sonra müstəqilliyinə qovuşan Azərbaycan yenə də ermənilər tərəfindən soyqırıma, torpaq işğalına məruz qaldı: ənənəvi olaraq Azərbaycanın yenicə müstəqilliyə qovuşması və zəif, ordusuz olmasını fürsət bilən və buna gizli şəkildə xarici dövlətlərin dəstəyi ilə onillərlə hazırlaşan erməni-rus terrorçuları növbəti dəfə niyyətlərini həyata keçirməyə başladılar.
    Əlbəttə, işğal edilmiş torpaqlarımız uğrunda mübarizə davam edir və edəcək. Ancaq bir faktı unutmamaq lazımdır: 1918-ci il cümhuriyyətimiz olmasaydı, o ağır şəraitdə ziyalılarımızın fədakarlığı ilə Azərbaycanın sərhədləri tanıdılmasaydı, Sovet Rusiyası ümumiyyətlə Azərbaycanın mövcudluğunu qəbul etməyəcək və bu ərazini AXC qurulmazdan öncəki səviyyədə – Bakının daşnaklar əlində olan şəhər-dövlət kimi saxlanılmasına razılaşmaqla, ərazilərimizdə istədiyi “bölgünü” və işğalı gerçəkləşdirəcəkdi. Məhz AXC və Azərbaycanın dünya dövlətləri tərəfindən rəsmən tanınması faktı işğalı pərdələmək üçün Sovet Azərbaycanının qurulduğu, burda fəhlələrin inqilab etdiyi barədə siyasi manevrləri gündəmə gətirdi. Guya işğal yox idi, fəhlələr inqilab etmiş və Sovet Azərbaycanı qurulmuşdu.
    Bütün tarixi faktlar onu sübut edir ki, Azərbaycanın 1920-ci il mövcudluğu 1918-ci ildə AXC-nin yaranması və bu dövlət üçün həyatlarından keçən böyük ziyalılarımızın fədakarlığının nəticəsidir. Ona görə də bu gün AXC-nin qurulması və 23 ay ayaqda qalması, daha sonra isə mühacirətdə Azərbaycanın səsinin tanıdılması üçün mücadilə aparan, terrora məruz qalan və erməni-daşnakların sui-qəsdlərlə aradan götürdüyü ziyalılarımızı böyük ehtiramla anır, onların ruhuna dualar oxuyuruq.
    Əminik ki, gün gələcək, 1918-ci ildə ziyalılarımızın başlatdığı Böyük Azərbaycana doğru gedən yol bir daha açılacaq və xalqımız tarixi Azərbaycan torpaqlarında Bütöv Azərbaycan dövlətini görəcək, işğal edilmiş bütün ərazilərimiz tarixin ədaləti ilə geri qayıdacaq.
    Əziz soydaşlarımız!
    Milli bayramınızı bir daha qutlayır, 50 milyonluq Azərbaycan xalqını təbrik edir və hər birinizə o Böyük Günü görməyi arzulayırıq.

  • VHP cümhuriyyət günü ilə bağlı tədbir keçirdi- FOTO

    Bu gün 28 may Cümhuriyyət günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri keçmiş Şin Zavodun həyətində yerləşən Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.
    VHP sədri Sabir Rüstəmxanlı Cümhuriyyət tarixindən, Xalq Cümhuriyyətinin gördüyü işlərdən geniş danışıb. Bildirib ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə parçalanmış Azərbaycanın quzeyində Xalq Cümhuriyyəti yarandığını elan etdi.
    Tədbirdə qeyd edildi ki, AXC türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlətin nümunəsi idi. Müstəqil və demokratik Azərbaycan Cümhuriyyəti qısa vaxtda böyük uğurlara imza ataraq, ilk dəfə qadınlara seçim hüququ tanıyan, dinindən, millətindən, cinsindən və siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq bərabərliyini təmin edən cümhuriyyət kimi çox dövlətlərə örnək oldu. Bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik təsisatları 99 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti təmin etmişdi. Təəssüf ki, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi və bolşeviklər tərəfindən devrildi. Sovet imperiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Buna baxmayaraq, istiqlal ideyası yenilmədi və böyük öndər Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyimində öz əksini tapdı. Nəhayət, 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Əsrin əvvəlində Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən bərpa olundu.
    VHP MNTK sədri Felmar Ələkbərov və Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də çıxış ediblər, cümhuriyyətlə bağlı fikirlərini bölüşüblər.

     

     

     

     

  • Respublika Günü müxalifət eyni məkanda toplaşacaq

    Partiyaların əksəriyyəti Respublika Günü Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək…

    Qarşıdan 28 May – Respublika Günü gəlir. Hər il olduğu kimi bu il də Respublika günü dövlət səviyyəsində qeyd olunacaq. Bəs müxalifət partiyaları bu günlə bağlı hər hansı tədbir keçirməyi planlaşdırırmı?

    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının sədri Samir Əsədli qəzetimizə bildirib ki, onlar Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı yeganə abidəsini də ziyarət edəcəklər: “İlk olaraq Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etməyi düşünürük. Ancaq partiya sədrimiz hazırda ölkədə yoxdur. Ona görə də ziyarətimizi ya digər müxalifət partiyaları ilə birlikdə, ya da partiya olaraq edəcəyik. Ötən il biz Rəsulzadənin Bakı şəhərindəki, keçmiş Şin zavodunun həyətində olan abidəsini ziyarət etmişdik. Qeyd edim ki, həmin abidəni bizim partiyanın üzvü Felmar Ələkbərov qoyub. Ələkbərov həmin zavodun direktoru olub. Bu, Rəsulzadənin Azərbaycanda qoyulan ilk, Bakıda isə yeganə abidəsidir. Çox güman ki, partiya olaraq bu il də həmin abidəni ziyarət edəcəyik”.
    “Yeni Müsavat”a danışan KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, bu il də partiya olaraq öz ənənələrinə sadiq qalacaqlar: “Biz bu günlə bağlı hər il olduğu kimi Novxanıda anım tədbiri keçirəcəyik. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin yaxın qohumlarının məzarlarını da ziyarət edəcəyik. Bundan başqa 28 may tarixində Əbülfəz Elçibəyin də məzarını ziyarət edəcəyik. Ziyarətlərimizdən sonra isə partiyanın qərargahında tədbirlərimiz davam edəcək. Bununla bağlı da tədbirlər planımız var. Ziyarətin hələ ki, saatını dəqiqləşdirməmişik”.
    ADP sədrinin müavini Həsrət Rüstəmov söyləyib ki, partiyanın idarə heyətinin keçiriləcək iclasında bu məsələ müzakirə olunub, konkret qərarlar qəbul olunacaq:“Cümhuriyyətin ildönümlərinə heç zaman biganə qalmamışıq. Bu, siyasi partiya olaraq bizim tarixi borcumuzdur. Bir neçə il İstiqlal abidəsinin önünə gedib, orada şəhidlərimizi yad etmişik. Eyni zamanda Şəhidlər Xiyabanını ziyarət edib, konfranslar, tədbirlər keçirmişik. Əksər hallarda isə Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı məzarını ziyarət edib, cümhuriyyət qurucularını yad edirik. Bu il də çox güman ki, belə olacaq. 28 May unudulası tarix deyil. Çalışırıq ki, insanlarımızda bu günə normal münasibətin formalaşdırılmasında biz də iştirak edək”.
    Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, həmin günü partiyalarının qurultayını keçirəcəklər: “Lakin bundan başqa abidəni də ziyarət etməyi düşünürük. Bununla bağlı olaraq hazırda əməkdaşlıq etdiyimiz format daxilində müzakirələr aparırıq. 28 May günü saat 14:00-da müttəfiq partiyalar Novxanıda tədbir keçirəcəklər. Qurultayın arasında zaman olarsa, həmin tədbirdə şəxsən iştirak etmək istəyirəm. Qurultayı bu tarixə salmağımız da məhz, 28 May günü ilə bağlıdır. Son illərdə isə ənənəvi olaraq müttəfiq partiyalarda bu günü Novxanıda, Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməklə qeyd etmişik”.
    AĞ partiya sədri Tural Abbaslı da məlumat verib ki, bir qrup müxalifət partiyaları ilə Novxanıdakı abidəni ziyarət edəcəklər: “Həmin gün qurucu lider M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcəyik. Hələlik əsas planımız budur. Ancaq ola bilsin ki, bundan başqa da hansısa digər tədbirlər də təşkil edə bilərik. Yəni bunlar barədə müzakirələrimiz olacaq”.
    Müsavat Partiyası isə 28 May günü ilə bağlı mitinq qərarı verib. Belə ki, partiya funksionerlərinin sosial şəbəkələrdə yaydıqları məlumata görə, partiya mayın 28-də saat 11:30-da Respublika Günü münasibətilə Novxanıda bayram mitinqi keçirmək barədə qərar qəbul edib. Müsavat başqanı Arif Hacılı hər kəsi mitinqdə fəal iştirak etməyə çağıraraq, bu barədə rayon təşkilatlarının sədrlərinə tapşırıqlar verib.
    Əli RAİS

    Yeni Müsavat

  • VHP rayon təşkilatlarında Cümhuriyyət tədbiri- FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ağsu və Qusar rayon təşkilatlarının bu gün toplantısı keçirilib.

    Toplantıda Ağsu RT sədri Tahir Əzimli və Qusar RT sədri Həsənbala Məmmədov 28 May Cümhuriyyət Günü ilə bağlı məzurə ediblər, cümhuriyyət tarixindən və cümhuriyyətin uğurlarından danışıblar. Daha sonra Xalq Cümhuriyyəti ilə bağlı geniş müzakirə aparılıb.

    Sonda təşkilatdaxili məsələlər müzakirə edilib.

  • Laçın VHP-çiləri ilə görüş keçirilib- FOTO

    VHP-nin Mərkəzi Qərargahında partiyanın Laçın rayon təşkilatının bir qrupu üzvü ilə görüş keçirilib.
    Qeyd edək ki, Laçının rayonunun bu günlərdə işğal edilməsindən 25 il ötür, Laçın barədə dostlarımız xatirələrini bölüşdülər.
    Rayon təşkilatının fəaliyyəti müzakirə edilib, RT sədri Həmzalı Məmmədov təşkilatın fəaliyyətindən danışıb, RT üzvləri təkliflərini veriblər və təkliflər ətrafında müzakirə aparılıb.
    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın fəaliyyəti, qurultaya hazırlıq işlərindən və VHP MNTK sədri Felmar Ələkbərli ictimai-siyasi vəziyyət barədə danışıblər, suallara cavab veriblər.

  • VHP Xətai təşkilatının konfrans keçirilib- FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Xətai rayon təşkilatının növbəti konfransı keçirilib. Təşkilatın seçkili qurumlarının hesabatları dinlənilib. Konfrans iştirakçıları təşkilatın və partiyanın fəaliyyəti barədə təkliflərini veriblər.
    Təşkilatın seçkili qurumlarına seçki keçirilib. Faiq Balabəyli yenidən sədr, Şahzadə Ağayev NTK sədri, yeni Məclis, Nəzarət Təftiş Qrupu və partiya qurultayına nümayəndələr seçilib.
    Konfransda VHP Siyasi Şurasının üzvləri Samir Əsədli, Arif İsmayılbəyli və MNTK sədri Felmar Ələkbərli iştirak ediblər.

  • Sabir Rüstəmxanlı-71

    VHP Siyasi Şurasının partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlıya təbriki

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xlaq şairi Sabir Rüstəmxanlının 71 yaşı tamam olur. Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirən S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edib. 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 1970-ci ildə ilk kitabı – “Tanımaq istəsən” – dərc edilib. Sabir Rüstəmxanlı 50 ildən artıqdır öz qələmi ilə sözün bütün mənalarında millətinə, dövlətinə xidmət edir. Milli kimlik şüurunun oyanması istiqamətində 60-cı illərdə başlayan böyük ziyalı axınına qoşulan və qısa müddətdə bu axının liderinə çevrilən Sabir Rüstəmxanlının bütün yaradıcılığı milli yaddaş, bütövlük, unutdurulan, təhrif edilən türk tarixinin, Azərbaycan varlığının ifadəsi və təbliği olub. Təsadüfü deyil ki, Sabir Rüstəmxanlı 1988-ci ildə başlayan və həmin dövrdə bütün SSRİ-ni silkələyən Milli Azadlıq Hərəkatının lideri oldu. Meydanlara çıxan milyonlarla insan əlində S.Rüstəmxanlının “Ömür kitabı”nı bir bayraq olaraq gətirmişdi ki, bu da Rüstəmxanlı yaradıcılığının xalqın milli şüurunun inkişafında oynadığı rolun hansı səviyyədə olduğunun bariz nümunəsidir. Sabir Rüstəmxanlı yaradıcılığı və onun ictimai missiyası əsərlərinin adlarında da daim görünüb: “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Ömür kitabı”, “Zaman məndən keçir” kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemaları, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri” romanları tarixi gerçəkliklərin bədii-poetik ifadəsi, milli düşüncənin tərənnümü kimi yaddaşlara köçüb. İctimai-siyasi fəaliyyəti ilə də hər zaman nümunə olmağa çalışan Sabir Rüstəmxanlı 1995-ci ildə 4.5 il çalışdığı nazir vəzifəsindən istefa verərək, parlamentdə fəaliyyətini davam etdirib. 25 ilə yaxın millət vəkilliyi dönəmində də hər zaman ictimai ağrıları dilə gətirib, ambisiyadan kənar, Azərbaycanın dövlət və millət maraqlarına uyğun mövqeyini hər zaman ifadə edib. Sabir Rüstəmxanlı ölkəmizin nicatının vətəndaş həmrəyliyində, milli birlikdə olduğunu hələ Hərəkatın ilk illərindən anlayan və fəaliyyətini bu yöndə quran şəxsdir. 1992-ci ildə bu ideyalarını siyasi hərəkat olaraq davam etdirib və Azərbaycanın milli birliklə, həmrəyliklə hədəflərinə çata biləcəyini ictimai təfəkkürdə kifayət qədər yaymağı bacarıb. Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı Konstitusiya Aktına imza atan şəxs kimi tarixə düşən Sabir Rüstəmxanlı ömrü boyu arzuladığı müstəqilliyi görüb və bu mənada özünü xoşbəxt saya bilər. Ancaq əlbəttə ki, S.Rüstəmxanlının arzuladığı müstəqillik bu deyil: o, işğaldan azad, qaçqın-köçkünü olmayan daha qüdrətli və Bütöv Azərbaycanın vətəndaşıdır , ölkəmizin mövcud deyil, mənəvi sərhədlərini aydın təsəvvür edən və bu ideallarla yaşayan şəxsdir! Təsadüfü deyil ki, bu niyyətlə uzun illərdir ölkəmizin xaricdə ən böyük diapor təşkilatlarından olan Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik edir. Sabir Rüstəmxanlını ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona ruhunun imkan verdiyi səviyyədə, böyük enerjisi ilə ictimai-ədəbi və siyasi fəaliyyətini davam etdirməsi üçün möhkəm can sağlığı və ideallarına, böyük hədəflərinə çatmağı, azərbaycanlıları bölünmüş deyil, bütövləşmiş xalq olaraq görməyi arzulayırıq.