Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir- FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Türkiyədə işgüzar səfərdədir.
    VHP.az xəbər verir ki, o, səfər çərçivəsində Malatya İnönü Universitetində görüş keçirib. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə rektor prof.dr. Əhməd Qızılay və dos.dr. Həsən Aydemirin açılış və təqdimat çıxışlarından sonra VHP sədri “Tarixdən bu günə Qarabağ” mövzusunda məruzə edib. Daha sonra Sabir Rüstəmxanlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.
    Xalq şairi səfər çərçivəsində Milliyətçi Hərəkat Partiyası Malatya il mərkəzində, Malatya Ülkü Ocaqlarında və Malatya Türk Ocaqlarında da görüşlər keçirib. VHP sədrinin Türkiyə səfəri davam edir.
  • VHP Zaqatalada konfrans keçirib- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Zaqatala rayon təşkilatının növbəti konfransı keçirilib.
    Qurultaya hazırlıq çərçivəsində baş tutan konfrans sədarət, mandat və say komissiyaları seçildikdən sonra öz işinə başlayıb.
    Təşkilat sədri Ziyadxan İbrahimov konfranslararası dövrdə VHP Zaqatala rayon təşkilatının fəaliyyəti, seçkilərdə iştirakı, üzvləri, aktivliyi və ictimai nüfuzu ilə bağlı hesabatla çıxış edib.
    Daha sonra NTK sədri Ramazan Əliyevin məruzəsi dinlənilib.
    Konfransın işində iştirak edən VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın fəaliyyəti, qurultay hazırlıqları barədə danışıb və ölkədə, o cümlədən regiondakı ictimai-siyasi vəziyyət fonunda siyasi aktivliyin aşağı olması səbəblərini izah edib. S.Əsədli çıxışından sonra yerli fəalların suallarını cavablandırıb.
    Sonda təşkilati məsələlərə baxılıb.
    Ziyadxan İbrahimov VHP zaqatala rayon təşkilatına növbəti dəfə sədr seçilib.
    VHP Zaqatala rayon təşkilatının Məclisi, Nəzarət Təftiş Komissiyasının üzvləri, həmçinin partiya qurultayına nümayəndələr də konfrans iştirakçılarının səsverməsi ilə müəyyənləşib.

     

  • “Elçibəyi qarnından vururdular, qan başımdan tökülürdü”

    Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 1991-ci ilin avqust ayında Azərbaycan Xalq Cəbhəsinin qərargahına təşkil edilmiş basqından yazıb. Həmin yazını təqdim edirik:

    “…QKÇP haqqında Yardımlıda eşitdim. Yenicə getmişdim… Yarım saat sonra artıq maşını Yardımlı-Masallı arasındakı dolama yollarda uçurdurdum. Radionun ziddiyyətli məlumatlarından bir şey anlamaq çətindi.

    Amma hər nə isə ittihamlar ağırdı, Qorbaçovdan zəhləm getsə də, ona qarşı çıxışlarda, açıq-aşkar, köhnə rejimin bərpasından başqa bir niyyətin olmadığı göz qabağındaydı.

    Özümü cəbhənin İdarə Heyətinin iclasına çatdırdım və sabahkı gün nə ola biləcəyini nəzərə almadan QKÇP-ni pisləyən bəyanatı qəbul edib yaydıq. Ayaz Mütəllibovun İrandan QKÇP-ni dəstəkləməsi sonrakı hadisələri sürətləndirdi…

    Qarışıqlığı eşidən İbrahim Bozyel də Türkiyədən özünü yetirmişdi: “Vəziyyət dəyişilər, yollar bağlanar, bir də görüşə bilmərik, deyə qorxdum! Nələr baş verir?”

    Sabaha kimi yuxumuz qaçmış, ola biləcək bütün variantları götür-qoy eləmişdik.

    Ayın 23-də o vaxt Təbriz prospektindən Sovetskiyə, indiki Nərimanov prospektinə, Məktəbəqədər Texnikumun binasına köçürülmüş Xalq Cəbhəsində İdarə Heyətinin yığıncağı keçirilməliydi. QKÇP-dən sonra hakimiyyət öz səhvlərindən daha da qəzəblənmişdi və bizim düzgün mövqelərimizi ardıcıl dünyaya bəyan eləməyimiz bəzilərini quduzlaşdırırdı.

    Köhnə Sovetski hamamının yanından irəli keçmək mümkün deyildi… Cəbhənin ətrafı adamla doluydu. Amma binanın qapı-pəncərələri bağlıydı, heç kim ora yaxın düşmürdü.

    İrəli keçəndə kimsə qolumdan yapışdı:

    – Sabir bəy, getməyin, polis xəbərdarlıq edib, indicə qaz buraxacaqlar içəri…

    İbrahim Bozyeli ətrafdakılara tapşırdım.

    – Siz İbrahim bəydən muğayat olun. Mən getməliyəm.

    Qapını döydüm. Səs gəlmədi, sonra pəncərədən kimsə gördü.

    – Polis deyil, Sabir bəydi, açın!

    Qapını çətinliklə açdılar. Köhnə məktəbin nə qədər idman döşəyi, ayaqaltı xalçaları vardısa, qapının arxasına yığmışdılar. İkinci qatda İdarə Heyətinin üzvləri binadan çıxmamaq qərarını verib, səngərdə düşmən hücumunu gözləyən adamlar kimi oturmuşdular.

    Biri “gərək gəlməyəydin, onsuz da indi boşaldacaqlar buranı”, başqası, “yaxşı ki gəlib, tanıyırlar, deputatdır, bəlkə ona görə bizə də dəymədilər”, – dedi.

    Bir azdan “əməliyyat” başlandı. Sanki düşmən istehkamına cumurdular. Qışqırıq, hay-küy… Müxtəlif istiqamətlərdən buraxılan qaz birinci mərtəbəni duman kimi doldurub ikinci mərtəbəyə qalxırdı.

    Qapını təpikləyib içəri cumdular.

    – Durun, rədd olun burdan!

    Mən çımxırdım.

    – Tərbiyəli danışın!

    Ən çətin anlarda və ən sərt tapşırıq alanda da məni görən kimi əli boşalan milisin üzü buz kimi soyuqdu bu gün.

    – Siz də çıxın!

    Uşaqları döyə-döyə, sürüyə-sürüyə qaz-dumanın içindən dartıb aparırdılar. Əbülfəz bəy, İsa, mən axıra qalmışdıq. Bizə toxunacaqlarına inanmırdım.

    Qaz iyindən nəfəs almaq olmayan qaranlıq dəhlizdə milislər və mülki geyimli adamlar sıralanıb bizə yol açmışdılar. Pillələrlə enib, onların arasına girəndə gözüm Əbülfəz bəyə sataşdı, qarnından vururdular, ağrıdan bükülmüşdü və qollarından tutub irəli dartırdılar. Sonra bizim uşaqlardan bir dəstə ora cumdu və onu arxa qapıdan həyətə çıxartdılar.

    Elə həmin an başıma ağır bir zərbə dəydi, qan gözümə töküldü, boynumdan süzülüb sinəmi, kürəyimi yandırdı. Arxadan vurmuşdular. Qaranlıqda irəlini seçə bilmədim. Geri çevrilmək imkanım da yoxdu. Gözüm qaraldı, dünya başıma fırlandı… Huşumu itirirdim… Birdən-birə içimdən bir səs pıçıldadı: “Amandı, yıxılma, bunların qabağında yıxılma!” İradəmi, son gücümü toplayıb dikəldim.

    Qapıdan düşən işıq zolağını tutub, birtəhər irəlilədim, qapıya çataçatda Firudin Ağasıoğlu çöldən cumub girdi qoluma, üzümüz qaz dumanından seçiləndə milislərdən kimsə məni tanıdı: – Ay namərd uşağı! Bu ki Sabir bəydir! Kimin əli qalxdı buna? Hansı alçağın?

    Biri vururdu, biri belə deyirdi milisin! Küçəyə enən pilləkənin ayağında kimsə qabağımı kəsib, “Sən hələ ölməmisən?” – deyə, qanlı üzümə bir yumruq da ilişdirdi. Mənim dalımca onu da itələdilər avtobusa. Əvvəlcə qışqır-bağırla başladı ki, “Siz rayonluların əlindən boğaza yığılmışıq”. Milis işçilərinin biri amana bəndmiş, boğazladı onu: “Alçaq, hansı haqla rayonlu-şəhərli söhbəti salırsan? Millət vəkilinə əl qaldırmısan, cavab verəcəksən”. Yenə valı dəyişdi, cibindən vəsiqə çıxartdı, “mən də deputatam”, – dedi. Bəlli oldu ki, Zığ qəsəbə sovetinin deputatı Mustafadır. Bu, hələ avtobusda olanlardır. Sonra milisin arasına nə qədər öyrədilmiş mülki geyimli adamlar qatıldığını öyrənəcəkdim. “Əbülfəzlə Sabiri ölümlərinə vurun” tapşırığını alıbmışlar.

    Oktyabr (indiki Yasamal) Milis İdarəsində Mustafa yeni bir cildə girdi, bu dəfə mənə yalvarmağa başladı ki, qələt eləmişəm, səhv eləmişəm, sən şikayətçi olmasan, məni saxlamazlar.

    Onu onsuz da saxlamadılar, lakin mən də uzun müddət bağışlamadım. Cəbhə hakimiyyətə gələndən sonra Bakı Prokurorluğunda haqqında iş açıldı. Bu dəfə Zirə ağsaqqalları işə qoşuldu, gedib Pirallahıda yaşayan, arvadı Zirədən olan qohumum Əliağa kişini tapdılar, o da ağsaqqal, hörmətli kişiydi, dəfələrlə yanıma gəlib getdilər. Axırda Quran gətirdilər, keçə bilmədim, Mustafanı qurban elədim Qurana və ağsaqqallara…

    Məndən başqa bir neçə deputat da gətirilmişdi milisə. Başımın bərk yarıldığını görüb təcili apardılar “Semaşko” xəstəxanasına, yaraya altı tikiş qoyan həkim, Mütəllibovdan tutmuş milislərə qədər, hamısını söyə-söyə “bəxtiniz çəkib, – dedi, – zopa sümüyün ən bərk yerinə dəyib, bir az aşağı-yuxarı olsa, ya sağ qalmazdınız, ya da şikəst olardınız”. Başımda o zərbənin nəticəsi olan qansızma, qan ləkəsi uzun müddət çəkilmədi.

    Milisin ilk məqsədi deputatlardan “xilas” olmaqdı. Nə böyük səhv elədiklərini indi başa düşürdülər, amma bizim hər şeyi dəqiq sənədləşdirmədən getmək fikrimiz yox idi.

    Əllidən çox cəbhəçi qan içində, paltarı cırıq, döyülüb əldən düşmüş, amma bu vəziyyətlərində də nikbin, deyib gülən vəziyyətdə salona doldurulmuşdu. Vəziyətimin ağırlığını görür, dilə tutub evə göndərmək istəyirdilər. Polis rəisinə dediyimi onlara da təkrarladım: “Bütün uşaqlar buraxılmayana qədər burdan gedən deyiləm”.

    Sonra rəisin otağında İsayla mənə çay verib dilə tutmaq istəyəndə İsa da eyni sözü dedi və ifadəni də bu cür, tələbkar, sərt, hadisənin araşdırılmasını tələb edən deputat mövqeyindən yazdıq.

    Milisin ətrafı adamla doluydu. İbrahim Bozyel də hardansa Elxanı tapıb bərabər gəlmişdilər. Evdən uşaqlarım köynək gətirmişdi. “Heç olmazsa köynəyini dəyiş”. Bu qanlı əşyayi-dəlili bütün tutulanlar buraxılmayana qədər əynimdən çıxarmadım.

    Bir neçə gəncin, yaddaşım aldatmırsa, Qabilin, Oqtayın əynində köynək də yoxdu. Kürəklərindəki çalın-çarpaz zopa yerləri yanıq yeri kimi qızarırdı. Bu həngamənin içində gözəlim ilham pərisi də əl çəkmirdi: “Uc-uca calansa zopa yerləri, tən gələr azadlıq yollarımıza…”

    Gecə saat dördlə beşin arası bütün tutulanlar buraxılandan sonra milisdən çıxdıq.

    O gecə Əbülfəz bəyi də başından yaralamışdılar. Onun da yarasını təcili yardımda eyni həkim tikmişdi, evdə yatırdı. Əziyyət verirdi, bəlkə də böyrəkləri, içi əzilmişdi. Arada vaxt tapıb baş çəkdim, sarıqlı başlarımızla yarım saat baş-başa dərdləşdik.

    Ayın iyirmi beşində yanına gedənlərə demişdi: “Gedin Sabir bəylə danışın, İsayla razılaşıb girsinlər Azadlıq meydanına!”

    Onsuz da vəhşicəsinə dağıdılmış Cəbhənin ətrafında mitinqlərin arası kəsilmirdi.

    Avqustun 26-da toplaşan camaata Azadlıq meydanına girəcəyimizi bəyan etdik və günorta saat 3-də meydana çəpər çəkmiş maşınların, avtobusların üstündən aşıb “Azadlığ”ı doldurduq. Bir il səkkiz aylıq fövqəladə vəziyyətə son qoyuldu. Komendant saatı mənasını itirdi. Bir il səkkiz aylıq sükutdan, süqutdan, döyülmək və alçaldılmadan sonra hərəkatın yeni mərhələsi başlandı. Ali Sovetdəki Demblok birdən-birə yüzlərlə deputatın həsədlə və ehtiyatla baxdığı gücə çevrildi…

    Meydana o qayıdışda yad əldə əsir olan bir yurd qalasının geri qaytarılmasına bənzər bir sevinc vardı. Tribunaya ilk çıxan İsayla məndim və camaatın gözünün qabağında uşaq kimi atılıb düşə-düşə qışqırırdıq: “Qayıtdıq! Qayıtdıq!”

    QKÇP-yə münasibətdə aldandığını biləndən sonra Mütəllibovun Moskvadan uzaqlaşmaqdan başqa yolu qalmamışdı. Onsuz da başqa yolla xalqın təzyiqinin qarşısını ala bilməzdi.

    Avqustun 30-da Ali Sovet Müstəqillik bəyannaməsini qəbul etdi. Amma bu addım məhz siyasi oyunlarla bağlı olduğuna görə tarixə çevrilə bilmədi… (axar.az)

  • VHP Nərimanov RT Konfrans keçirib- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Nərimanov rayon təşkilatı növbəti, VII konfransını keçirib. Konfransda təşkilatın 27 özək təşkilatından seçilmiş 68 nümayəndədən 57 nəfəri konfransın işinə qatılıb.

    Partiya rəhbərliyindən VHP sədri Sabir Rüstəmxanlı, Ali Məclisin sədri Rafiq Manaflı, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Felmar Ələkbərli konfransa qatılıblar. Dövlət himninin oxunması və sədarətin seçilməsi ilə konfrans öz işinə başlayıb. Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Səidə Dadaşlı, Mandat komissiyasının sədri Dəniz Həsənovanın məlumatları dinlənilib.

    Təşkilat sədri Şəmsəddin Mirzəxanlı geniş hesabat məruzəsi ilə çıxış edib, təşkilatın ötən müddət ərzində fəaliyyəti, qarşıda duran vəzifələr və seçkili qurumların fəaliyyəti barədə məlumat verib. Nəzarət Təftiş Kimissiyasının sədri Mehbarə Novruzovanın da hesabatı dinlənilib.

    Konfrans nümayəndələrindən Arif Aslanov, Aidə Bağırova, Fətulla Mustafazadə, Səlahəddin Əsgər, Elçin Dadaşov, Yaşar Zeynalov və Şahlar İsmayılov çıxış ediblər.

    Partiya sədri Sabir Rüstəmxanlı çıxışında partiyanın fəaliyyəti, ölkədə və regionda baş verən siyasi proseslərdən danışıb. O, həmçinin rayon təşkilatının nümunəvi fəaliyyətini də alqışlayıb. Rayon təşkilatının fəal üzvlərinə təşkilat rəhbərliyinin fəxri fərmanları verilib.

    Təşkilati məsələlərə baxılıb. Şəmsəddin Mirzəxanlı yenidən sədr, Məclis, NTK üzvləri və partiya qurultayına nümayəndələr seçilib. Sonda cari və təşkilatın qarşısında duran məsələlərin müzakirəsindən sonra konfrans öz işini yekunlaşdırıb.

    s

  • “Bu gün tanıdığım millət ayrı bir millətə çevrilir”

     Xalq şairi Sabir Rüstəmxanlı: “Biz 80-ci illərdə yenidən müstəqillik qazandıqsa, bu millətin böyüklüyünün göstəricisidir”.

     

    Müsahibimiz Xalq şairi Sabir Rüstəmxanlıdır. 

    Turkustan.info müsahibəni təqdim edir.

                – Sabir müəllim, öncə ədəbiyyata gəlişinizdən danışardız. Ədəbiyyata gəlməklə nə qazandız? Azərbaycan ədəbiyyatına hansı töhfəniz oldu? Ədəbiyyata gələn zaman kimlərlə görüşdüz?

                – Gərək bunları danışmaq üçün bir kitab yazam. Əslində, belə bir kitabı yazmalıyam. Çünki düşdüyüm ədəbi mühit 1960-cı ilin sonları idi. Bu illər Azərbaycanda gedən ictimai-siyasi proseslərin güzgüsü idi. Hər şey “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat” qəzeti) qəzetinin səhifələrində öz əksini tapırdı. Dördüncü kursda oxuyarkən “Ədəbiyyat və incəsənət” qəzetində bir məqalə çap etdirdim. Həmin zaman universitetin əyani şöbəsindən çıxıb qiyabiyə keçərək rayonumuza getmək istəyirdim. Çünki vəziyyətimiz çox ağır idi və kənddən də təkid edirdilər. Təsadüfən bir dostumun təklifi ilə “Ədəbiyyat və incəsənət” qəzetində işə düzəlməklə bağlı bir təklif aldım. Bunu qəbul edib, redaksiya getdim. Çox sağolsun, Baş redaktor Hüseyn Abbaszadə məni işə götürdü. Redaksiyada bu işi bacarıb-bacarmamağımı yoxladılar. Bir gün sonra isə məni işə dəfət etdilər. Beləliklə, kəndə bir müəllim kimi getmək fikirimi dəyişdim və başladım Yazıçılar İttifaqının (indiki AYB) orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində çalışmağa. Bayaq “Ədəbiyyat və incəsənət” qəzetinin Azərbaycanın ictimai-siyasi həyatında bir model olduğunu qeyd elədim. Çünki o dövr “Ədəbiyyat və incəsənət” qəzetində cəmiyyətdə olan neqativ hadisələr işıqlandırılırdı. Bu qəzet bir növ müxalif qəzet rolunu oynayırdı. Bununla yanaşı qəzetdə olduqca dəyərli insanlar çalışırdı. Redaktor Hüseyn Abbaszadə çox dürüst, cəsarətli, müharibə keçmiş, veteran və demokratik düşüncəli bir adam idi. Redaksiyada Sabir Əhmədli, Qabil, şair Adil Babayev, Emin Mahmudov, rəssam Gündüz, yazıçı Sabir Azəri, tənqidçi İsrayıl Mustafayev, publisist Rasim Səfərov, Ayaz Vəfalı, Nəsib Ələkbərov kimi peşəkar insanlar çalışırdı. Bunların hər biri məndən yaşca böyük idi. Bu mühit məni öz yaşıdlarımdan ayraraq başqa bir mühitə apardı. Beləcə, Yazıçılar İttifaqının ümumi həyatına qarışdım. Həmin vaxt İttifaqın sədri Mirzə İbrahimov idi. Hətta onun bir pyesi haqqında universitetdə çıxış etmişdim. Bundan sonra Mirzə İbrahimov məni “Ədəbiyyat və incəsənət” qəzetində çalışmağa dəvət etdi. Mən isə dedim: “Artıq həmin orqanda işləyirəm”. Bir dəfə məvacibimi almağa gedərkən təsadüfən Mirzə müəllimlə qarşılaşdım. Mənlə söhbət elədi və bu söhbətdən sonra Mirzə müəllimin dostuna çevrildim. Yazıçılar İttifaqında gənclərlə bağlı nə tədbir olurdusa orada mütləq iştirak edirdim. Beləliklə, “Ədəbiyyat və incəsənət” qəzeti məni ədəbi mühitə gətirdi. Buna kimi dərnəklərə gedir, tədbirlərdə çıxış edir, tanışlarım arasında tanınır və şeir yazırdım. Hətta “Gənclər” qəzetində bir şeirimdə çap olunmuşdu. Amma, ciddi ədəbi taleyim və ədəbiyyata gəlişim “Ədəbiyyat və incəsənət” qəzetindən başladı. Redaksiyada Tənqidi şöbədə işə başlayaraq ədəbi tənqidi məqalələrlə çıxış edirdim. Sonra Rəssamlıq və Kino şöbəsində işləməyə başladım. “Ədəbiyyat və incəsənət” qəzeti sayəsində bütün SSRİ-ni gəzdim. Qəzet mənə imkan verdi ki, bütün ölkənin ağsaqqal ədəbiyyatçıları ilə tanış olum. Süleyman Rəhimli, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Qılman İlkin, Sabit Rəhman kimi ədəbiyyatçılarla ünsiyyət qurdum. Bunlardan ya müsahibə, ya da hərəsi haqqında bir yazı yazaraq ünsiyyət qurdum. Doğrudan da “Ədəbiyyat və incəsənət” qəzeti həmin vaxt Azərbaycanın fikir mərkəzi idi. Mən bu qəzet sayəsində ədəbiyyat həvəskarından peşəkar bir ədəbiyyatçıya çevrildim.

    – Bayaq qeyd elədiz ki, ötən əsrin 60-cı illərindən ədəbiyyata gəlməyə başladız. Artıq biz XXI əsrdəyik. XX əsri arxada qoyduq. Azərbaycan ədəbiyyatının ən yüksək dövründən biri də XX əsr hesab edilir. Bu əsrdə alimlər, şairlər bir sözlə böyük ədəbiyyatçılar yetişdi. Bu günün şedevr əsərləri həmin əsrdə yazıldı. Həmin əsri necə şərh edərdiz? Sovet hakimiyyətinin olmasına baxmayaraq, həmin əsrdə böyük qələm sahibləri yetişdi.

    – XX əsr Azərbaycan tarixində ən ciddi rol oynamış və Azərbaycan durduqca xatırlanası bir yüzillik oldu. Bu yüzillik bizə müstəqillik gətirdi. 1918-ci ildə Rusiyanın tərkibindən ayrılaraq Şərqdə ilk demokratik müstəqil dövlət qurduq. Həmçinin Cənubi Azərbaycanda da milli hökumət quruldu. Aprel çevrilişində tarixi müstəqilliyini itirən ölkəmiz yenidən 1991-ci ildə müstəqilliyə qovuşdu. Buna sevinirəm ki, Müstəqillik Aktına imza atanlardan biri də mən oldum. Xalqın müstəqillik tarixinə baxsaq, bu əsrdə qeyd etdiyimiz faktlar bir çox şeyləri aydın göstərir. Ötən əsr fikir tariximizdə müstəsna yer tutur. XIX əsrin sonunda Azərbaycan dilini mətbuatdan oxusanız görərsiz ki, XX əsrlə müqayisədə çox böyük fərqlər var. Bu yüzillikdə dilimiz min illik bir yol keçib. XX yüzilin əvvəlində milli ideologiyamız formalaşıb. Əsrin əvvəlində “Fyüzat” və “Molla Nəsrəddin” kimi məktəblər yaranıb. Milli-satirik jurnalımız olan “Molla Nəsrəddin” 25 il ömür sürüb. “Fyüzat”-ın bir il yaşamasına baxmayaq, fikir tariximizdə böyük iş görüb. Əsrin əvvəlində “Kaspi”, “Həyat” və yüzlərlə mətbuat orqanları çap olunub. Bəlkə, başqa ölkələrdə belə qəzetlər yox idi. Bir qəzet bağlanan kimi başqa bir qəzet onu əvəz edirdi. Yəni, bu yüzillikdə nəhənglər yetişib. Ədəbiyyatda C.Məmədquluzadə, M.Ə.Sabir, musiqidə Ü.Hacıbəyov, fikir tarixində Ə.B.Hüzeynzadə, Ə.Ağaoğlu, dövlət quruculuq tarixində M.Ə. Rəsulzadə, Ə.Topçubaşov, N.Yusifbəyli və s kimi dahi insanlar yetişdi. Bu siyahını davam etdirsək Sovetlər dövründə yetişən insanları da əlavə edə bilərik. Bu dahilərin keçdiyi hər bir yol bir dövrdür. Xalq üçün belə dahilərin olması sadəcə xoşbəxtçilikdir. Məsələn, Ü.Hacıbəyli musiqisi, publisistik yazıları və dramaturgiyası ilə əvəzsiz bir insan idi. Bunların hər biri 20-ci yüzilin yetirmələridir.

    XX yüzilin bu cür əlamətdar hadisələri ilə yanaşı, mənfi tərəfləri də mövcuddur. Bu dövrdə represiyalar, qırğınlar olub. Millətin qabaqcıl ziyalıları məhv edilib. Həmişə deyirəm: “Biz 80-ci illərdə yenidən müstəqillik qazandıqsa, bu millətin böyüklüyünün göstəricisidir”. Hər 10 ildən bir millətin ziyalılarını məhv ediblər. “Qaymaq bağlayan kimi yığıblar üzümüzü”  şeirimdə bunları qeyd eləmişəm. Qaymaq bağlayan kimi üzünü yığıblar və qalıb kütlə. Kütlə ilə heç nə etmək olmaz. Buna baxmayaq, 1988-ci ildə Azərbaycana qarşı torpaq iddiası başlayanda xalq ayağa qalxdı. 1989-cu ildə “Azərbaycan” adlı qəzet buraxaraq buna iki il başçılıq elədim.

    1905-1907-ci illərdə olan qırğınlar xalqa ağır zərbələr vurdu. Xüsusi ilə də İrəvanda olan hadisələr. 1918-1920-ci illərin soyqırımı Bakıya və ətraf rayonlara böyük bəlalar gətirdi. Xüsusi ilə 1937-ci ildəki faciədə xalq böyük itkilər verdi. 1948-1954-cü illərin köçü isə ardıcıl vurulan zərbələrin davamı idi. Nəhayət, 1988-ci ildə baş verən hadisələr hər kəsə məlumdur. Rus ordusunun Azərbaycana yeridilməsi, şəhid verməyimiz, torpaqlarımızı itirməyimiz böyük bəlalar idi. Həmçinin millətin bir hissəsi Mərkəzi Asiyaya köçürüldü. Onlar bu gündə vətənlərinə qayıda bilmirlər. Bu cür dəhşətli facilər yaşadıq. Amma, bu millət yaşam gücünü, dövlətçilik ənənələrini və onu qorumaq gücünü göstərdi. Məncə bunlardan bir nəticə çıxarmaq lazım.

    – Bu gün xalqımız Şimallı, Cənublu hər kəs B.Vahabzadəni, Şəhriyyarı, S.Rüstəmi vətən şairləri adlandırırlar. Sizi də həmçinin. Sizcə bu nədən irəli gəlir?

    – Bu suala cavab vermək həqiqətən çətindir. Məsələn, küçədə, bazarda məni tanıyan insanlarla rastlaşanda “gözəl insan necəsiz?”, “nə var nə yox?” kimi sözlərlə salamlayırlar. Qəribə gəlir ki, bu insanlara “gözəl” sözünü kim diqtə edib. Görünür heç kim deməyib və öz-özünə formalaşıb. Belə sözlər bəzən məni incidir.

    “Ömür kitabım” 1988-ci illərdə gənclərin əlində bayraq kimi gəzirdi. Hətta qızlara cehiz kimi verirdilər. Bu kitabım fantasdik bir rəqəmlə, 250 min tirajla çap olundu. İnanın ki, elə bir ev yox idi ki, o kitab orada olmasın. Düşünürəm ki, bu mənim işim deyildi. Bu taleyin işi idi. Kitabın oxuna biləcəyini düşünmədən ürəyimi boşaltmışdım. İllər ərzində bu kitaba ancaq torpağımla, vətənimlə, taleyimizlə bağlı düşüncələri yazmağa çalışmışam. Bir aralar bu düşüncələr auditoriyalarda sakit qarşılanırdı. Ancaq bir sevgi şeirini daha yaxşı qarşılıyırdılar. Birdən-birə 70-ci ildə bir intibah başlandı. Artıq bu şeirlər auditoriyanı ayağa qaldırırdı. Həmin şeirləri rayonlarda, universitetlərdə, zavodlarda və başqa yerlərdə səsləndirəndə divarlar titrəyirdi. O vaxtlar ədəbiyyatın çərçivəsini genişləndirməyə çalışırdıq. Bəlkəm də, həmin mövzular publisistikanın mövzuları idi. Mən isə daha çox şeirlə narazılığımı bildirirdim. Həqiqətən vətən və Azərbaycanın taleyi ilə bağlı şeirləri daxildən gələn hislərin təsiri ilə yazmışam. Bunlarla şöhrət qazanmağı düşünməmişəm.

    Bəxtiyar Vahabzadə müəllimim olub. Onunla sonra çox yaxşı dost olduq. Xəlil Rza ilə də yaxşı dostluq əlaqələrim var idi. Burada Məmməd Arazın adını da qeyd edə bilərəm. Zaman keçəndən sonra hiss elədim ki, yollar gəlib birləşib. Şeirlərimi dəb xatirinə yox, daxili tələbatın zərurəti ilə yazmışam. “Ömür kitabı”nda vətən tarixi ilə yanaşı, öz ömrümü də yazmışam. Çünki ömrüm vətən ömründən ayrı deyil. Təəssüf ki, həmin dövrdə oxunan şeirlər indi oxunmur və dəbdən düşüb.

                – Həmin dövrlə indiki dövri müqayisə etdikdə, niyə həmin əsərlər oxunmur və ya dəbdən düşüb?

                – Görünür xalq Qarabağ məğlubiyyətini qəbul edə bilmədi. Məğlubiyyət bir çox dəyəri müvəqqəti olsa da, əlimizdən aldı. Bizə düşmən olan qüvvələr bundan ustalıqla istifadə edirlər. Bu gün tanıdığım millət ayrı bir millətə çevrilir. Bununla bağlı “Bu mənim xalqım deyil” adlı şeirim var. Sanki xalq bir pisxoloji duruma gəlib.

    – İndi isə “Tarixi roman”lardan söhbət açmaq istəyirəm. “Tarixi roman” ənənəsi ötən əsrdən başlayıb. Bu ənənənin elə bir qədim tarixi yoxdur. Bu ənənə ötən əsrdə formalaşıb. Hal-hazırda “Tarixi roman” yazan simalardan birisiz. Bu nə ilə əlaqədardır?

                – Tarix bir güzgüdür. Millət bu güzgüyə baxmalıdır ki, özünü daha aydın görsün. XIX əsrdə Rus-İran müharibəsində ruslar qələbə çaldı. Beləliklə, ruslar xalqımızı daha da gəncləşdirmək üçün bir sıra addımlara əl atdılar. Əlifbamızı dəyişdirərək bizi balaca bir xalq kimi təqdim etməyə başladılar. Türk xalqının hərəsinə bir əlifba verərək onları bir-birindən və tarixdən qoparmaq istəyirdilər. Bu rusların türk düşmənçiliyinin son həmlələri idi. Bunları daha çox Azərbaycan tarixi kitablarında görürük. Həmin kitablarda guya türklər bu torpaqlara XI-XII əsrdə köçüb gəliblər, ruslar türkləri Avropa ilə tanış edib və s. kimi türklərin əleyihə yazılar yazılırdı. Hətta “Dədə-Qorqud” dastanı belə yasaq idi. “Dədə-Qorqud” dastanını 60-cı illərdə çap elədilər. Əvvəllər mümkün deyildi. M.S.Ordubadinin “Qılınc və qələm” əsəri də uzun müddət çap olunmadı. Xalqı tarixdən qopardaraq, kökündən çıxarmaq və ya ağac kimi qurutmaq istəyirdilər. Buna görə də tarixə qayıdış bir zərurət idi. 1988-ci illərin meydan hərəkatında bir universitet var idi. Meydan hərəkatına rəhbərlik edənlərdən biri də mən idim. Meydanda xalqın tarixindən tez-tez danışırdıq. Bu meydana çoxlu axın vardı. Bunların təsiri ilə bir ehtiyac yarandı və “tarixi romanlar” meydana gəldi.

    – “Tarixi roman”larınızdan olan “Difai fədailəri” haqqında söhbət açardız. Bu romanla oxucuya bildiklərinizi tam çatdıra bildizmi?

                – Təbii ki, hər şeyi oxucuya çatdırmaq olmaz. Mənim birinci tarixi romanım “Xətai yurdu” romanı olub. Bu romanda ötən əsrin 80-90-cı illərin əhvalatları öz əksini tapıb. Buradakı hadisələr mənim gözümlə yazılıb. Meydan iştirakçısı idim. Təsəvvür edin ki, meydanda milyon yarım adam var idi. Hər bir insanın isə öz meydanı vardı. Bunların hamısını yazmaq çox çətindir. Difai hərəkatı isə nisbətən daha konkret bir məsələdir. Difainin sənədləri itib, yandırılıb. Bəzəndə özləri sənədləri məhv ediblər ki, ələ düşməsin. Bu səbəbdən arxivlərdə çox az sənəd var. Məhz buna görə burada meydan dardır. Konkret Əhməd Ağaoğlu var və onun gördüyü işlər. Difai fədailəri sonralar yaşayıblar və AXC-nin qurulmasında böyük xidmətləri olub. Təbii ki, yazıçı kimi təxəyyülümün məhsulu var. Ancaq roman əsl faktlar əsasında yazılıb.

                – Sabir müəllim, bu gün gənclərdən kimləri oxuyursuz? 

    – Buna cavab verməkdə çətinlik çəkirəm. Keçən əsrin ilk 17 ili ilə, indiki əsrin ilk 17 ilini müqayisəyə gətirmək olmur. İndi həmin dövrdəki insanlar yoxdur. Bəlkəm zaman və şərait eyni deyil. Əlbəttə, cavanları oxuyuram. Rasim Qaraca, Pərviz Cəbrayılzadən üzü bəri cavanları oxuyuram. Bunların yaşı indi 50-ni keçər. Şərif Ağayar, Qan Tural, Seymur Baycan, Səhər, Nərmin Kamal, Aysel Əlizadə, Şahinə Müşviq, Pərvin, Faiq Balabəyli, Aqşin, Emin Piri, Kəramət Böyükçül, Sərvər Kamranlı kimi və s. gəncləri oxuyuram.

    – Günün neçə saatını mütaliəyə ayrırsız? Əvvəlki mütaliə ilə indiki mütaliə arasında hansı fərqi hiss edirsiz?

    – Əlbəttə, əvvəl çox yazıb, çox oxuyurdum. İndi texniki işlər çox vaxtımı aparır. Köhnə qovluqlarımda yazılarım var və bunları sistemə salmaq lazım. Vaxtımın bir hissəsini  buna sərf edirəm. Hər halda oxumaq davam edir. Kitabxanam böyükdür. Hərdən kitablara baxıb təəssüflənirəm ki, bunları oxumağa vaxtım yoxdur. Yenə imkan tapıb oxuyuram. Elə bir gün yoxdur oxumayam. Gecələr şeir yaza bilməyəndə, kitab oxuyuram. Həmçinin jurnalları da oxuyuram. Oxumadan yaşamaq mümkün deyil. Bu artıq bir vərdişdir. Bir neçə kitabı yanaşı oxuyuram.

    – Son dövr ədəbiyyatında xüsusi ilə də müstəqillik illərindən üzü bəri tarixi qoşmalardan, bayatılardan, müxəmməslərdən, gərayılılardan ayrı düşümüşük. Bu gün qəzet və jurnallarda həddindən artıq sərbəst şeirlər çap olunur. Nənələrimizin, babalarımızın, ata və analarımızın dillərində qoşma, gəraylı, bayatı kimi ənənəvi şeir növlərini tez-tez eşidirik. Bunun səbəbi nədir?

    – Mən bu cür sərhəd çəkə bilmərəm. Mənim üçün janr məhdudiyyətləri yoxdur. Əsas istedaddır. Yazılan şeirə baxan kimi poetik istedad olduğu görünəcək. Sərbəst şeirlər əzbərlənməsə də ədəbiyyatda yaşayır. Bütün ədəbiyyat əzbərlənmək üçün deyil. Buna görə də məhdudiyyət qoymuram. Son dövlərdə qoşma, gəraylı adına zəif şeirlərdə yazılır. Əsl istedaddan törəyən şeir uzaqda olsa belə parıldayır və görünür.

                – Regionlarda yaşayan şair dostlarınız var? Onlarla əlaqə saxlayırsız? Bu şairlərdən kimlərin adlarını sadalaya bilərsiz?

    – İsmayıllıdan şair Musa Yaqub, Şirvandan Tofiq Hüseyn(tələbə dostumdur), Gəncədən İradə Aysel,  Dəvəçidən Aybəniz, Cəlilabadan Böyükxan Bağırov(bu yaxınlarda rəhmətə gedib), Yardımlıdan Aslan, Qazaxdan Barat Vüsal, Qubadan Ramiz Qusarçaylı, Tovuzdan Əkbər Qoşalı və Məmməd İsmayıl kimi bir çox şair dostlarım var. Düzü əvvəlki kimi əlaqə saxlaya bilmirəm. Əlaqələr sanki məhdudlaşıb. Bölgələrdə istedadlı adamlar var.

                – Bəs Tovuzlu qələm dostlarınızdan kimləri xatırlayırsız?

    – Tovuz rayonundan çoxlu dostlarım var. Ümumiyyətlə, Tovuz mənim keçdiyim yollarda çox dərin izi olan bir bölgədir. Tovuzlu şair dostum Məmməd İsmayılla kirayə həyatı yaşamışıq. Həmçinin Tovuzlu şair İsa Cavadoğlunun şeirlərini oxumuşam. Tovuz aşıqlarından Məstan Günər, Mikayıl Azaflı, Aşıq Əkbər, Aşıq İmran ilə dost idik. Onlar Bakıya gələndə bizim evdə qalırdılar. Tovuz bərəkətli diyardır. Həmişə burada söz insanları olub.

                – Sonda oxuculara xüsusi ilə də gənc oxuculara nə sözünüz var?

                – Məni incidən məsələlərdən biri də cəmiyyətdə sevginin azalmasıdır. Adamlar bir-birlərinə qarşı biganələşib. Millət, xalq o zaman xoşbəxt olur ki, hər bir fərdi özünü sevgi mühitində hiss eləsin. Bu sevgi azalıb. Bunu yenidən cəmiyyətə qaytarmaq lazımdır. Milli əxlaqı qorumağa çalışmalıyıq. Gənclər bunlara ciddi fikir versinlər. Azərbaycanda hər bir evin qapısını ərklə, öz qapım kimi döyə bilərəm. Mənim evim bütün Azərbaycandı. Sonda deyim ki, bu millətin düşmən üzərində ciddi bir qələbəyə ehtiyacı var ki, millətin qəddi düzəlsin.

     

    Söhbəti qələmə aldı:

    Azərbaycan Aşıqlar Birliyinin üzvü,

    Mahmud Əyyub

  • VHP-də Milli Dirçəliş günü qeyd edildi-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə 1988-ci il meydan hərəkatının iştirakçıları, Azərbaycanda fəaliyyət göstərən müxtəlif siyasi partiyaların rəhbərləri, təmsilçiləri, ziyalılar, gənclər iştirak ediblər. Konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, həmçinin dünyasını dəyişmiş meydan hərəkatı iştirakçılarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    “SSRİ-nin dağılmasına əsas verən güclərdən biri meydan hərəkatı idi”

    Tədbiri 1988-ci il meydan hərəkatının əsas iştirakçılarından biri olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açaraq meydan hərəkatının başlanmasından 29 il keçdiyini bildirib: “17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı yazılı və elektron kütləvi informasiya vasitələrində materiallar verilmir və ya səthi xarakter daşıyır. Halbuki bu bir tarixdir və onu silmək olmaz. Həm də yaxın tarixdir. Nə qədər saxtalaşdırmağa çalışsalar da, yenə də millətin yadındadır. Hadisələrin iştirakçıları bu gün yaşayır. Respublikanın rəsmi qəzetlərinə göz atdım, heç biri bu gün barədə yazmayıb. “Azərbaycan” qəzeti Olmpiya Mərkəzinin açılışı ilə bağlı bir neçə səhifə dərc etdiyi halda, Milli Dirçəliş Günü ilə əlaqədar kiçik bir yazı verib. O da məlumatı tarixi təhrif edərək verib. Yaxın tarixi bu qədər saxtalaşdırmaq olmaz”.

    S.Rüstəmxanlı Milli Dirçəliş Gününün qeyd edilməsinin vacibliyindən də danışıb: “Tarixi unutmamaq üçün bir yerə toplaşmalı, bu mövzuda tədbirlər keçirməliyik. Həm də ölkənin hazırkı durumunu müzakirə etməliyik. Bakının küçələri reklam lövhələri ilə doludur. Amma siz Qarabağa, müharibəyə aid bir qeydə də rast gələ bilməzsiniz. Bizim qurduğumuz dövlət hara gəlib çıxıb? Niyə bir-birimizin səsinə sə vermirik? Adam heyrətə gəlir, niyə ayılmırıq?”

    VHP sədri meydan hərəkatının əhəmiyyəti barədə də məlumat verib: “Həmin meydanda fərqlər itmişdi, hamı bir idi. Mən arxivə göz atarkən 18 günlük meydan hadisələrinin qətnaməsini tapdım. Bugünkü düşüncə baxımından son dərəcə gözəl yazılıb. Sırf siyasi tələblər müstəvisində qurulmuş yetkin bir qətnamədir. Meydanla bağlı bu gün çox böhtanlar danışılır. Düzdür, hakimiyyət də bəzi məsələlərə görə maraqlı idi. Amma bir milyon insanı hökumət yığmamışdı. İnsanlar xırda oyunları görmür, görmək istəmirdi. “Onsuz da SSSR-i dağılacaqdı” deyənlər də var. Unutmaq olmaz ki, SSRİ-nin dağılmasına əsas verən güclərdən biri meydan hərəkatı idi. Hər şey oradan başladı. Azərbaycanın üçrəngli bayrağı meydanda tanındı. Xalq Cəbhəsinin yaranmasının zəruriliyi orada elan olundu. Meydan hərəkatı milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın bütövləşməsi məsələsi orada qaldırıldı. Meydan bir universitetdir”.

    “Meydan hərəkatı Azərbaycan xalqının böyüklüyünün, vətən və özünüdərk şüurunun bir ifadəsi idi”

    Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, meydan hərəkatı Azərbaycan xalqının böyüklüyünün, vətən və özünüdərk şüurunun bir ifadəsi idi: “Hərəkat Qarabağla bağlı başladı və daha sonra müstəqillik, bütövlük kimi məsələlər də gündəmə gəldi. Əslində, milli oyanış meydandan əvvəl də artıq mövcud idi və bu məsələlər əvvəllər də səslənmişdi. İndi də millətimiz Qarabağ, torpaqlarımız uğrunda öz iradəsini ortaya qoymalıdır. Meydan hərəkatında Azərbaycanın bütün kəsimləri iştirak edirdi. Milli birliyin bəlkə də ən möhtəşəm nümayişi idi. Bu gün də belə bir birliyə və milli iradənin nümayişinə ehtiyac var”.

    “Milli kimliyimizin müəyyənləşməsində 17 noyabr mitinqinin böyük rolu oldu”

    Müsavat Partiyasının başqanı Arif Hacılı vurğulayıb ki, yenidənqurma dövründə müəyyən aşkarlığın verilməsi və demokratik nəfəsliyin açılması milli duyğuları da inkişaf etdirmişdi: “Həmçinin Ermənistanın apardığı təcavüzkar siyasət Azərbaycanda çox böyük əks reaksiya doğurmuşdu. 1988-ci il noyabrın 15-16-da “Sabir”  bağında aksiyalar keçirilmişdi. Xatırlayıram, aksiyalar vəhşicəsinə dağıdılmış, bir neçə nəfər həbs olunmuşdu. 17 noyabr mitinqi isə bütövlükdə ümummilli hərəkata çevrilmişdi. Ən böyük əhəmiyyəti isə ondan ibarət idi ki, tək ərazi bötövlüyü deyil, müstəqilliklə bağlı da şüarlar səslənirdi. Azərbaycan milli bayrağının ora gətirilməsi, Xalq Cəbhəsinin yaradılması zərurətinin səslənməsi, rus qoşunlarının meydanı mühasirəyə alması, yüz minlərlə insanın göstərdiyi dəyanət, qoşunun məcbur qalıb geri çəkilməsi və s. xalqımızın özünü dərk etməsinə böyük bir təkan verdi. Həmçinin milli kimliyimizin müəyyənləşməsində də 17 noyabr mitinqinin böyük rolu oldu”.

    “Bizim azadlıq bayramımız 28 May – Respublika Günüdür, başqa siyasi bayram tanımıram”

    Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə məsələyə bir qədər fərqli yanaşıb: “Biz şəxsiyyətimizi kənara qoyub hadisələrə tam, bütöv kimi baxmalıyıq. Problemimiz məsələlərə doğru yanaşa bilməməyimizdən qaynaqlanır. Əvvəla, həmin mitinqə bir milyon insanın gəlməsi milləti yaratmadı, millət mitinqi yaratdı. Digər tərəfdən nə üçün xalq 16 ağacın kəsilməsinə görə mitinq etdi, amma Xocalıya görə iki nəfər küçəyə çıxmadı? Söhbət təhtəlşüurdan gedir. Əgər mitinqlərin nəticəsi yoxdursa, deməli, boş bir hadisədir. Bizim azadlıq bayramımız isə 28 May – Respublika Günüdür, başqa siyasi bayram tanımıram”.

    “Meydan hərəkatının əsas mahiyyəti milli azadlıq ideyalarının formalaşması idi”

    Azadlıq Partiyasının sədri Əhməd Oruc qeyd edib ki, 1988-ci ildə baş verən hadisələr mahiyyətinə görə özündən əvvəlki hadisələrdən çox fərqlənir: “Ona müxtəlif aspektlərdən yanaşaraq fərqli nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl 70 ildən sonra xalq ilk dəfə bir araya gələrək etiraz edir, tribunada azadlıqla bağlı fikirlər səslənirdi. Həmin dövrlər baş verən başqa siyasi proseslər də vardı. Kommunist rejimi süquta uğramış, yeni, müstəqil dövlətlərin yaranma prosesi başlamışdı. Meydan hərəkatının əsas mahiyyəti isə milli azadlıq ideyalarının formalaşması idi”.

    “Biz 17 noyabr mitinqini həmin dövrdə dünya və SSRİ-də gedən proseslərdən kənar təhlil edə bilmərik”

    Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər də hadisələrə doğru qiymət verilməsinin əhəmiyyətindən danışıb: “Hər hansı bir hadisəni zaman və məkanı nəzərə alaraq dəyərləndirmək lazımdır. Yalnız bu halda düzgün qiymətləndirmə mümkündür. Biz 17 noyabr mitinqini həmin dövrdə dünya və SSRİ-də gedən proseslərdən kənar təhlil edə bilmərik. İnsanları meydana toplayan ortaq ideya və fikir idi. Bu, hər zaman belədir. Birlik üçün ortaq maraq və mənafe olmalıdır. Günümüzdə də bütün vətəndaşları birləşdirəcək ortaq maraqlar var. Məsələn, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyü kimi. Bu məqsədlər ərafinda təkrar birlik olmağımız mümkündür”.

    “SSSR-nin dağılmasında meydan hərəkatının böyük rolu olub”

    Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, SSSR-nin dağılmasında meydan hərəkatının böyük rolu olub: “Mitinqlər ictimai şüurun inkişafına, milli oyanışa ciddi təsir göstərən amillərdəndir. Eləcə də müstəqilliyin əldə olunmasında əvəzsiz rolu var. Hesab edirəm ki, bununla da biz böyük bir mərhələni keçmişik. Azərbaycan xalqının mübarizəsi, verdiyi itkilər hesabına müstəqillik əldə edə bildik”.

    “Meydan hərəkatının tariximizdə əvəzsiz yeri var”

    Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Ellada Məmmədli də mövzu ilə bağlı fikirlərini bölüşüb: “Həmin günlərdə ölkədə böyük iqtisadi böhran və xaos yaşanırdı. Baş verənlərə etiraz olaraq Bakı Dövlət Universitetinin tələbələri fevralın 2-də yürüş-mitinq keçirdi. Onların cəhdləri nəticəsində məsələ böyüdü, digər vətəndaşlar da mitinqlərə qatıldı. Meydan hərəkatının tariximizdə əvəzsiz yeri var. Ən önəmlisi bizə milli kimliyi, tariximizi və müstəqiliyi qazandırdı”.

    Ağ Partiyanın sədri Tural Abbaslı da tarixi günlərin qeyd edilməsinin əhəmiyyətindən danışıb: “Tariximizdə önəmli günlər var. Bunlardan biri də Milli Dirçəliş Günüdür. Bu günlərin və hadisələrin qeyd olunması, müzakirə edilməsi vacib məsələdir. Tariximizi unutmamaq,  yadda saxlamaq üçün belə görüşlərə, konfranslara ehtiyac var”.

    Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

     

     

     

  • Səməndər Mehdiyev-65

    Vətəndaş Həmrəyli Partiyası Səməndər Mehdiyevi anadan olmasının 65 illiyi münasibəti ilə təbrik edir, ona can sağllığı, uzun ömür, yaradıcılıq işlərində, Qarabağın və İrəvanın düşmənlərimizin işğalından azad edilməsi yolunda apardığı ictimai-siyasi fəaliyyətində uğurlar diləyir.
    Səməndər Mehdiyev 10 noyabr 1952-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonunun Çaxmaqlı kəndində anadan olub. Orta məktəbi Amasiya rayonunun Güllübulaq kəndində bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Pedeqoji Unversitetinin Filologiya fakültəsini bitirib. Sonradan isə Azərbaycan İnşaat Unversitetinin məzunu olub.
    Müxtəlif illərdə Xacmaz rayonunda müəllim, Bakı Baş Tikinti İdarəsinin Yataqxanalar Birliyinin direktoru, Xətai MKTB-də baş mühəndis və Xətai bələdiyyəsində ərazi idarəetmə və torpaq şöbəsinin müdiri işləyib. Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının şöbə müdiri və Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan nümayəndəliyinin rəhbəri, “Qərbi Azərbaycana-İrəvan Xanlığı torpaqlarına dönüş” İctimai Birliyinin rəhbəridir.

  • Milyonların ürəyinə uzanan yol və yüz addım

    …Öncədən onu deyim ki, yüksək səviyyəli yubiley mərasimləri gələnəyinin unudulduğunu düşünürdüm, daha doğrusu, pulun, şəxsi çıxarların, hakimiyyət ehtiraslarının hökm sürdüyü cəmiyyətlərdə öz böyük sənətkarlarını layiqincə anmaq az adamı maraqlandırır, əksinə, millətin milli varlığının qoruyucuları olan aydınları gözdən salmaq gizli bir siyasətə çevrilir və xırda adamların hamını öz səviyyələrinə endirmək xəstəliyi yayılır. Nə yaxşı ki, Kabarda–Balkar respublikasından dəvət aldım, balkar xalqının öz böyük şairi Qaysın Quliyevin anadan olmasının 100 illik yubileyini hansı səviyyədə qutladığını gördüm və bütün dəyərləri itirməyin mümkünsüzlüyünə sevindim.
    ***
    Gecələr gedib yerləşdiyim yeni otellərdə yuxudan oyanarkən ilk işim pəncərəni açıb ətrafa baxmaq olur.
    Nalçikin “Sindika” otelində 8-ci mərtəbədəki otağımın pərdəsini çəkib, ətrafa boylananda göz önündə açılan mənzərəyə heyrətləndim. Bir şəhər görüntüsü əvəzinə payız meşələrinə bürünmüş dağ yamacı ilə üz-üzəydim. Sarısı qırmızısına qarışan meşənin içindən kiçik adalar kimi seyrək kənd evlərinin damları görünür. Evlərin tüstüsü meşədə daraqlanıb keçən seyrək dumana qarışır.
    …Təyyarə meydanında dünən axşam məni balkarların başqa bir görkəmli şairi, köhnə dostum Saleh Qurtiyev (balkarlar “Qurtulanu” deyirlər) qarşılamışdı. Yəqin diqqətlə baxmasaq nə o məni, nə mən onu tanıyardım. Zarafat deyil, görüşmədiyimiz otuz ilə yaxındır; amma o vaxta kimi az qala hər il müxtəlif ədəbiyyat tədbirlərində və ya yaradıcılıq evlərində görüşürdük. Saleh bəy Kabarda-Balkar respublikasının mətbuat komitəsinin sədri idi, arada Bakıya da gəlib-gedirdi. Amma sonra əlaqələr qırıldı.
    Qaysın Quliyevin yubileyinə məni Moskvadan, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, köhnə dostum Diman Belekov dəvət etmişdi. Sonra Kabarda-Balkar Yazıçılar Birliyinin sədri Beppeylanı Mütəllib gedib-getməyəcəyimi dəqiqləşdirmək üçün zəng vuranda onu da bildirmişdi ki, Bakıdan yol yoldaşınız da olacaq, tək olmayacaqsız. Sonra bəlli olmuşdu ki, yubileyə “Azərbaycan dünyası” dərgisinin naşiri və baş redaktoru, “Dədə Qorqud” milli fondunun prezidenti Eldar İsmayılov da dəvət olunub. Ancaq Eldarla yalnız təyyarədən enəndən sonra Salehin yanında görüşdük və Nalçikə bir maşında gəldik. Söhbət zamanı öyrəndim ki, onun atası müharibədə Qaysın Quliyevlə eyni cəbhədə olub.
    Eldarı kənardan tanıyırdım, yubiley günlərində yaxınlaşdıq, gördüyü işlər, jurnalist fəaliyyəti, diasporumuzla əlaqələri barədə söhbətləri arada səmimiyyət yaratdı.
    Saleh Qurtuyev bir müddət Qafqaz Yazarlar Birliyinə başçılıq edib. İndi “Munqu-tay“ (Elbrusun balqarca adıdır) jurnalını buraxır. Gələn ilin may ayında 80 yaşı olacaq, lakin şux və gümrahdır. Yubileyi ərəfəsində beş cildlik əsərləri dövlət vəsaiti ilə nəşr edilir. Təəssüf ki, bizdə bu ənənə çoxdan unudulub. Bundan əlavə, dünya ədəbiyyatından təxminən əlli min misralıq tərcüməsi var və zarafatla deyir ki, tərcümə cildində Puşkindən sonra sən gəlirsən. Gülə-gülə: “Aydındır, – deyirəm, – Azərbaycan əlifba sırasında birincidir”.​
    Nalçikdə olduğumuz ilk gün tunelləri, sərt qayaları, payız meşələrinin rəngləri ilə ürəyi yerindən oynadan vadini gəzdik, “Balqar Goy-gölünə” getdik. Yağış yağdığından gölün qırağındakı restoranda seyrəklikdir. Bizi qarşılayan xanım gülə-gülə “yerlilərim xoş gəlib” deyir. Bu mehribanlığının səbəbini Saleh söyləyir: “Həyat yoldaşı azərbaycanlı olub”.
    Axşam Salehin dəvəti ilə, Nalçıkdəki Azərbaycan dərnəyinin bir dəstə üzvü, başda yerli univrsitetin kafedra müdiri, prof. Əli Dadaşov olmaqla, otelə, bizim görüşümüzə gəldilər. Quzey Qafqazdakı yerlilərimizin durumu və Vətənlə əlaqələri barədə söhbət etdik.
    Qaysın Quliyevlə bağlı tədbirlər ertəsi gün – noyabr ayının 1-də başlandı. Ara verməyən yağışa baxmayaraq, böyük şairin heykəlinin qoyulduğu meydan qonaqlarla və onu sevənlərlə doluydu. Respublikanın bütün rəsmiləri də meydanda idilər. Söhbətlər uzanır, heykəlin qarşısında şəkil çəkdirmək istəyənlərin sırası seyrəlmirdi.
    Günortadan sonra respublika milli kitabxanasında Qaysın Quliyevin həyat və yaradıcılığına həsr edilmiş dəyirmi masada iştirak etdik. Burda mən çıxışımı Səməd Vurğunun sözü ilə başladım: “Kiçik xalqın böyük şairi olmaqdansa, böyük xalqın kiçik şairi olmaq yaxşıdır”. Qaysın Quliyev də kiçik xalqın şairidir, amma parlaq istedadı onu bütün türk ellərinin və dünyanın şairinə çevirib…”
    Axşam Respublika Musiqili Teatrında Qaysın Quliyevin yubileyinə həsr olunmuş təntənəli gecə keçirildi. Gecədə Azərbaycana sayqı əlaməti olaraq mənə də söz verdilər.
    Mən yubileyə Azərbaycan Yazarlar Birliyinin təbrik məktubunu təqdim etdim. Çıxışımda daha çox Qaysın Quliyevin və xalqının faciəsi və üzləşdikləri ədalətsizlik üzərində dayandım:
    “…Əgər Stalin repressiyası və deportasıyasından, onun faşizmdən fərqli olmayan türk düşməynçiliyindən bircə balkar da xilas ola bilməsəydi, bu xalqdan yalnız bir Qaysın Quliyev sağ qalsaydı, dünya yalnız onun şəxsiyyətini tanısaydı, yenə balkar xalqının böyük istedadına şübhə yeri qalmazdı. Balkar dilində yalnız onun şeir və poemaları yaşasaydı, yenə də bu əsərlər balkarların gözəl ruh dünyasını dərk etməyə, ölməz balkar türkcəsini sevməyə bəs edərdi. Çünki Qaysın Quliyev balkar ruhunun ensiklopediyası, balkar dilinin canı və qanıdır. Onun taleyi balkar xalqının taleyidir.
    Qaysın ağa, eyni zamanda, Quzey Qafqaz türklərinin, Krım tatarlarınin, Axıska türklərinin, Azərbaycanın repressiya qurbanı olmuş və vətənindən sürülmüş on minlərlə ziyalısının şairidir: bütün əzabkeş xalqların şairidir. O, Balkar xalqının dünyaya ən böyük hədiyyəsidir.
    Mən Qaysın Quliyevi sonuncu dəfə Bakıda, ədəbiyyat günlərində, Azərbaycan şairlərinin, onu sevənlərin əhatəsində görmüşdüm. Qəzetə müsahibə verir, özünəməxsus enerji dolu bir səslə xalqının acı taleyindən, Qırğızıstandakı həyatından, orada azərbaycanlı sürgünlərlə qonşuluğundan göz yaşı ilə yoğrulmuş söhbətlər edirdi. Dahi Azərbaycan şairləri Nizamini və Füzulini bizə yenidən tanıtdırırdı. Onları necə sevdiyini deməsi azmış kimi, əsərlərindən parçaları əzbər söyləyirdi.
    Azərbaycanda dostları çox idi. Xüsusən, Səməd Vurğun haqqında, onun milli ədəbiyyatların inkişafında rolu haqqında böyük hörmətlə danışır, ona “mənim əziz karındaşım” deyirdi.
    Sonra 1980-ci ildə nəşriyyatın baş redaktoru kimi mənə Qaysın Quliyevin «Yer kitabı”​ adlı şeirlər toplusunu Azərbaycan türkcəsində nəşr etmək qismət oldu. Bu kitabı onun dostları və Azərbaycanın ən tanınmış şairləri çevirmişdilər.
    Allah Böyük Qafqazın ən uca zirvələrindən də yüksəkdə dayanan Qaysın Quliyev sözünü və Balkar xalqını qorusun!”
    Sonra böyük şair haqqında elə o günlərdə yazdığım şerimdən bir parça oxudum:
    Sürdülər qürbətə türk ellərini
    Ruhu uçub getdi Qafqazın bir gün
    Bu dünya faşistlər əlində əsir,
    Oğul cəbhədədir, anası sürgün

    Bir qəzəb fışqırır hər yarasından
    Niyə parçalanıb dağılmır bu yer?
    Qalıb arasında iki cəlladın –
    Arxada Stalin, önündə Hitler

    Şair vətən deyir… Vətən dağılmış,
    Nəğməsi yuvasız neyləyəcəkdir.
    O daha ilhamı hardan alacaq
    Sözünü kimlərə söyləyəcəkdir?

    Beləcə bir ömür yaşadı Qaysın,
    Dünya ədalətsiz – yandırır, yaxır.
    Xalqını ölümə göndərən kəslər
    Onun sinəsinə medallar taxır.

    Yenə də ucalır qartal harayı,
    Savaşda ölmədim, ancaq gordayam…
    Dəysin başınıza cənnət vədiniz,
    Millətim hardasa, mən də ordayam!

    Yubileydə Türkiyədən, Moskvadan, Tatarıstandan, Çuvaşiyadan, Şimali Qafqaz respublikalarından, Qazaxıstandan, Qırğızıstandan gəlmiş bir sıra köhnə dostlarla yenidən görüşmək qismət oldu.
    Bir neçə gün Respublika Qaysının xatirəsini paylaşdı, onun şeirlərini söylədi, onun mahnılarını oxudu, onun yüksək insanı keyfiyyətləri haqqında əfsanəyə çevrilmiş söhbətlər etdi. Qəzetlərin birinin başlığı Qaysına olan məhəbbəti dəqiq ifadə edir: “Çegemdə doğulmuş peyğəmbər”.
    Qaysın Quliyev mürəkkəb və faciəli bir həyat yolu keçmişdir. Böyük Vətən müharibəsi illərində ön cəbhədə silahı, arxa cəbhədə sözü ilə vuruşurdu. Onun cəbhə yoldaşları gənc Qaysının sərrast sözünün, yüksək vətən sevgisiylə yoğrulmuş şerinin cəbhədə əsgərləri necə ruhlandırdığını və qələbəyə apardığını dəfələrlə qeyd ediblər.
    Qaysın Quliyev Qafqaz cəbhəsindən başlayaraq bir çox ağır döyüşlərdən keçmiş, yaralanmış, sağalıb yenidən cəbhəyə qayıtmışdı. Qırğızıstana sürgün edilmiş xalqının faciəsi onun yaralı köksünə daha ağır bir yara vurmuşdu. Stalinin öz yurdunda və ya Moskvada yaşamasına icazə verən xüsusi göstərişini qəbul etməyərək, Qırğızıstana getmiş və orada 12 il sürgün həyatı yaşamış və xalqının öz doğma yurduna qayıtması uğrunda mübarizə aparmışdı. Bütün bunlar onun mərd, qürurlu, vətən və insan sevgisi ilə dolu poeziyasında da əksini tapmışdır.
    Qaysının məğrur səsi erkən yaşlarından ona ədəbi mühitdə şöhrət və sevgi qazandırmışdır; Mustay Kərim, David Kuqultinov, Alim Keşokov, Rəsul Həmzətov, Çingiz Aytmatov kimi milli ədəbiyyatların görkəmli nümayəndələriylə çiyin-çiyinə və dostcasına köhnə SSRİ-nin ədəbi tablosunu yeni rənglərlə, yeni dillər və yeni ənənələrlə zənginləşdirmişdilər. Bu baxımdan onlar böyük Səməd Vurğunun davamçılarıydılar.
    Qaysın Quliyevin Azərbaycanla bağlılığını balkar yazıçıları yaxşı bilirlər. Saleh bəy dramatık məqamlarda Səməd Vurğunla Qaysın Quliyevin bir-birlərini necə müdafiə etdikləri barədə mənim bilmədiyim maraqlı epizodlar danışirdı.
    O, Azərbaycan ədəbiyyatının tərcüməsi və nəşri ilə həmişə maraqlanır və bizim yazılarımızı çap edən redaksiyalara zəng vurub minnətdarlığını bildirirmiş.
    Qaysın Quliyev poeziyası onun balaca xalqının böyük ruhunun happy wheels demo ifadəsi idi. Dünyanın bir çox qələm sahibləri onun yaradıcılığı haqqında heyranlıqla söz açıblar. Öz həmkarlarının ona olan münasibətini Çingiz Aytmatov dəqiq ifadə edib: “Qaysın Quliyev öz canı və qanıyla, ayrılmaz şəkildə doğma torpaqla, doğma xalqla bağlı olan böyük poeziyanın örnək şəxsiyyətidir. O, böyük ədəbiyyatda bizim bayraqdarımız idi”.
    Aşağıdakı rəylər də bu fikrin təsdiqidir:
    “Şair Qaysın Quliyev doğru demişdir: “Müharibədə atılan hər güllə birbaşa anaların ürəyinə dəyir” (İndira Qandi).

    “Qaysın Quliyev və onun poeziyası böyük həyat yanğısı və alovlu temperamentdir. Orada Şərq və Qərb saatlarının əqrəbləri qovuşur” (Boris Posternak).

    “Yüksəkliyə doğru can atan insanlar qarlı dağları necə sevirlərsə, biz də şeirin Qaysın Quliyev adlanan ucalığını həmişə sevəcəyik” (Nikolay Tixonov).

    “Mən bu dünyanın ən gözəl insanlarından biri olan Qaysın Quliyevin mərdliyi və dəyanətinə, onun böyük, möhtəşəm istedadına çox dərin hörmət və məhəbbətlə yanaşıram” (Konstantin Simonov).
    “Qaysın Quliyev – dağların qüdrətli oğlu, zəmanəmizin insan duyğuları və müdrikliyi ilə dolu olan böyük poeziyasının nəhəng yaradıcısı, əziz dostum və qardaşımdır” (Mirzə İbrahimov).
    ***
    İki günlük yubiley tədbirinin ən maraqlı hissəsi noyabrın 2-də şairin doğulduğu Çegem rayonuna səyahətimiz oldu. Öncə Nalçik ətrafında ömrünün son illərini yaşadığı evini ziyarət etdik. Birmərtəbəli sadə ev Qaysının xoşbəxt günlərinin şahidi olub. Həyətdə talvarın altında uzun masalar var. Burda oxucuları və kəndliləri ilə görüşürmüş. Üç iri ceviz ağacı yarpaqlarını tökəndən sonra çılpaq görkəmiylə sahibi gedən evin qüssəsini artırır. Vəsiyyəti üzrə şair öz həyətində dəfn edilmişdir. Məzarın yuxarı tərəfində qranit heykəl ucalır. Balaca iş otağının divarlarını şairin ilhamlı anlarının şəkilləri və aldığı mükafatlar bəzəyir. Yazı masası otuz iki ildir sözün və ilhamın həsrətini çəkir…
    Sonra maşın karvanı Yuxarı Çegemə – şairin doğulduğu yurda doğru yol aldı.
    Çegem yolu, Çegem şəlaləsi təbiət möcüzələridir. Çegem çayı ilə yanaşı uzanan yol, altından keçib getdiyimiz qayalar mənə Tərtər boyu uzanan Kəlbəcər yolunu, Qaya baş-başa dəyən yeri xatırladır. Tunelə bənzər bu yol sonra sıxıntıdan qurtarır və payız günəşində bərq vuran qarlı dağların arasında ayrı bir dünyaya düşürük… Bu, mənə doğma olan bir dünyadır. Meyvəsi yığılmamış çaytikanı kollarınin budaqları sap-sarı, yoğun kəhrəba boyunbağılara çevrilib. Ağacların baş ucunda yellənən sonuncu yarpaqlar gün işığında qızıl sırğalara bənzəyir.
    Qaysın Quliyevin ata ocağı ucalığı ilə adamı heyrətə salan və bu baxımdan yəqin ki, dünyada tayı-bərabəri olmayan quşqonmaz qayaların arasında, köpüklənə-köpüklənə axıb Çegemə qarışan balaca dağ çayının üstündədir: kənddən yüzəlli-ikiyüz metr yuxarıda.
    Böyük eloğullarına sevgi əlaməti olaraq kənd camaatı və bir dəstə təşəbbüskar bu evə qalxan yolu genişləndirib və üst tərəfindən iri daşlardan evə kimi uzanan divar hörüblər. Divardakı taxçalara hər 2-3 metrdən bir yazılı mərmər lövhələr yerləşdirilib. Bu lövhələrdə şairin öz şeirləri və onun haqqında dünya şöhrətli müəlliflərin fikirləri həkk olunub. Lövhələri saymadım. Yüzdən çox olar. Bəlkə elə buna görə də bu yola “Qaysım Quliyevə doğru yüz addım” adı verilib.
    Dəyərli işdir, yazılar yola özəl bir anlam gətirib. Söz yolu qutsallaşdırıb, ziyarətgaha çevirib.
    Yubileyə gələnlərin sırası kənd arasından evə kimi uzanır. Yolun başlanğıcında divarda iri hərflərlə yazılmış yazıların altına gül dəstələri qoyuruq. Dayanıb şəkil çəkdirmək istəyəndə şairin oğlu Əhməd Quliyev mənə yaxınlaşır, “bir yerdə şəkil çəkdirək” deyir və “axşam sizin çıxışınız çox xoşumuza gəldi” söyləyərək, ailəsinin adından təşəkkürünü bildirir: ”Siz atamın ruhunu dəqiq ifadə etdiniz. Kimsənin toxunmadığı məsələlərə toxundunuz. Daha doğrusu, başqalarının duymadıqları və ya cəsarət edib demədiklırini dediniz. Bizim ağrımızı hər adam bilməz. Salon da sizi anladı və gördünüz necə qarşıladı”. Gülə-gülə “hələ bəzi şeyləri ixtisar elədim, vaxtı nəzərə aldım, həm də problem yaratmaq istəmədim” dedim.
    Söhbət zamanı o, atasının Azərbaycana xüsusi münasibəti olduğunu bildirdi: “Mirzə İbrahimovla yaxın dost idilər. Bakıya gedəndə hökmən onun qonağı olurduq. Rəşid Behbudov sənətinin aşiqi idi. Bir yerdə SSRİ Alı Sovetinin deputatı olmuşdular. Polad Bülbüloğlunun ifasını da sevirdi. İki sözü də heç yadımdan çıxmır. Bir deyirdi ki, Bakıdakı qədər gözəl qızlar dünyanın heç yerində yoxdur. Bir də deyirdi ki, heç yerdə Azərbaycan ailələrində olduğu kimi zəngin və dadlı süfrə aça bilməzlər”…
    Saleh Qurtiyevlə söhbət edə-edə gecə yağmış narın qar təbəqəsinin üstü ilə böyük şairin evinə doğru dikəlirik. Tez-tez xəbərdarlıq edir: “Ehtiyatlı ol, sürüşərsən, aşağı uçurumdur”.
    Qaysının mülkü uşaq vaxtı bizim dağ kəndlərində gördüyüm üstü çimlə örtülü bir neçə yarıqazma evdən ibarətdir. Yuxarı tərəfdə eyvanı olan və nisbətən böyük – üç otaqlı binada onun muzeyi yerləşir. Şəkillər, ov tüfəngi, köhnə sandıq, mis qazanlar, məişət əşyaları uzaq zamanların ruhunu qoruyur. Girişdəki otağın bir küncündə, döşəmədə oyulmuş ocaqda odun yanır, soyuqdan qaçan qonaqlar əllərini qızdırırlar. Ocağın qırağındakı balaca kresloda otururam. Tanışlar yaxınlaşıb kreslonun ətrafında şəkil çəkdirirlər.

    Həyət çegemlilərlə və Qaysın Quliyev şeirinin həvəskarları ilə doludur. Məktəblilər həyəcanla şairin şeirlərini söyləyirlər. Sonra aşağı həyətdə yenə ocağı gur yanan bir yarıqazma otaqda uzun masanın ətrafında sıxlaşıb oturur və Qaysın Quliyev yurdunun bərəkətindən dadırıq.
    Kabarda-Balkar respublikasının mədəniyyət nazirinin, Çegem icra başçısının, TÜRKSOY-un Baş katibi Düsen Kusainovun da qatıldığı bu hay-küylü məclisdə deyirəm ki, bu yol gözəl işdir. Onun tikintisi haqqında filmə də baxmışam. Lakin Qaysına doğru yüz addım atmaqla nə onun kəndliləri, nə də rəsmilər çox öyünməsinlər. Onların çəkdiyi yol Qaysın Quliyev yolu ilə müqayisəyə gəlməz. Şair bu ocaqdan milyonlarla insanın ürəyinə yol çəkib. Onun çəkdiyi yolun uzunluğunu kimsə hesablaya bilməz. Bu yol əbədidir. Daim yaşayacaq və zaman keçdikcə uzanacaq, genişlənəcək.
    Sol tərəfimdə Rusiya Yazarlar Birliyinin birinci katibi, şair Gennadi İvanov və Çeçenstan Respublikasının Yazarlar Birliyinin katibi Kanta İbrahimov oturublar. Çeçen dostumuzla sözümüz tutur, danışır, zarafatlaşırıq. Sol tərəfimdə Kalmık Respublikasının Yazarlar Birliyinin sədri Erdni Eldışev kəlmə kəsmədən susur. Onu dilləndirmək üçün söz atıram: “Dağlar danışır, çöllər susur”. Gennadi misranı havada tutur: “Bu gözəl bir şeir mövzusudur…” . “Sənə bağışlayıram, yaz!” – deyirəm.
    Qaysın ocağında şənlik davam edir. Bu ocaq tək sözüylə yox, həm də duzu, çörəyi ilə bərəkətlidir. Amma biz geri qayıtmalıyıq. Sal qayalarla dünyadan ayrılmış balaca yurdun dünyaya yayılan səsi yol boyu bizi izləyir.
    Sabah ayrılıb gedəcək qonaqlarla – TÜRKSOY-un Baş katibi Düsen Kusainov, Moskvadan Dövlət Dumasının deputatı, Dağlıq Altay şairi Diman Belekov, Gennadi İvanov, Anatoli Parpara, çuvaş şairləri Raisa Sarbi və Valeri Turqay, Başqırdıstandan Zəki Alibayov və başqaları ilə söhbətimiz oteldə gecədən xeyli keçənədək davam edir.
    Sonrakı gün Nalçikdəki azərbaycanlılarla daha bir görüşümüz oldu. Onların danışığından Kabarda-Balkar respublikasının parlament sədri, əslən Bakıdan olan Tatyana Yeqorovanın bizimkilərə həmişə həssaslıqla yanaşdığını öyrəndik. Buna görə də “Azərbaycan dünyası“ dərgisinin “Mehriban ana” mükafatını parlament sədrinə, “Dədə Qorqud” mükafatını isə ədəbiyyatımızın təbliğçisi Saleh Qurtuyevə vermək qərarına gəldik. Buna görə də Azərbaycan cəmiyyətinin başçısı Əli Dadaşov, Saleh Qurtuyev və biz parlament sədri ilə ayrıca görüşdük. Tatyana xanım bu görüşdən, ona verilən mükafatdan məmnunluğunu bildirərək, Bakı ilə bağlı xatirələrini bölüşdü, azərbaycanlıların problemlərinə həmişə diqqətlə yanaşdığını qeyd etdi. “Azərbaycan dünyası” dərgisinin bir sayının Qaysın Quliyevin yubileyinə və Kabarda-Balkar respublikasına həsr edilməsi razılaşdırıldı.
    Saleh bəy bizi Kabarda-Balkarda yaşayan xalqların diaspor nümayəndələrinin iştirakı ilə keçirilən bir bayram məclisinə dəvət etdi. Orada çıxış edib Azərbaycanın milli azlıqlara, müxtəlif dinlərə münasibətdə nümunəvi bir dövlət olduğunu ayrıca vurğuladım, sonra azərbaycanlılarla, Axısxa türkləri ilə söhbət etdik. Onlar Dünya Azərbaycanlıları Konqresinin işində yaxından iştirak etmək istədiklərini bildirdilər.
    Yol qeydlərimi Qaysın Quliyevin poeziyaya hansı yüksək ədəbi- estetik və vətəndaşlıq meyarları ilə yanaşdığını göstərən sözləri ilə bitirmək istəyirəm:
    “Poeziya bəsər mədəniyyətinin ən gözəl hissəsidir və musiqi kimi, insanın ən böyük nəaliyyəti, ən dəyərli xəzinəsidir. Şairlər dünyanın bütün dillərində, həyat haqqında, torpaq haqqında, qadınların gözəlliyi, kişilərin mərdliyi, ana sevgisi, insan xeyirxahlığı, göyün əlçatmaz ulduzları, torpağın bərəkəti, buğda sünbülü, ağac və daş, ot və çiçək, qar və yağış, üzüm salxımı haqqında nəğmə oxuyublar. Mən xöşbəxtəm ki, nə qədər az olsa da, hər halda, bu böyük poeziyada mənim də payım var, mən də onun yaradıcıları arasındayam“.

    Sabir Rustemxanli
    9.11.2009

  • Bayraq gününüz qutlu olsun!

    “Bu gün azadlığımsan Bakının göylərində, Sabah da bütövlük ol, ucal Təbriz üstündə!”

    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı bayrağımıza həsr etdiyi şeirini sizlərə təqdim edirik.

    Başımızın üstündə dalğalanan, dev bayrağım!
    Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
    Dalğalan, qoy havanla Bakımız küləklənsin,
    Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!
    Bu məğrur ucalıqda tarixin ərintisi,
    Səni kəfən yerinə geyənlərin gur səsi!
    Səni ümid yerinə qəlbində gizləyənlər
    Əsarətin, işğalın sonunu gözləyənlər,
    Səni namus səngəri, Səni qutsal əmanət,
    Səni ocaq sayaraq gizli əzizləyənlər,
    Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
    Sənə əyri baxanlar dağlansınlar gözündən…
    Hava tutqun olanda Ayı çək qucağına,
    Ulduzun işıq səpsin yurdun hər bucağına!
    Mavi – türklük şərəfim, varlığımız əbədi!
    Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!
    Qırmızı da al qanım, axdı vətən yolunda,
    Əsarət zəncirini atmaq üçün qolumdan!

    Ucal başımız üstə, ruhumuz kimi ucal!
    Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

    Dünən səni cıraraq ayaqlara atanlar
    Qızıldan tökdürərək oxşasın sinəsində!
    Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
    Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
    Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,
    Daha sənə əl çatmaz dursalar da, qəsdində.
    Bu gün azadlığımsan Bakının göylərində,
    Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

  • Dilin təmizliyini qorumaq bəhanəsi

    Sabir Rüstəmxanlı

    Müstəqil dövlətdə Ana dilimizin taleyi ilə bağlı sovetlər dönəmindəkinə bənzər ciddi bir təhlükə olmasa da dil məsələsi gündəmdən düşmür və ən müftəlif səviyyələrdə müzakirə olunur. Ana dilimizin dövlət dili kimi istifadəsi və inkişafı ilə bağlı bir neçə rəsmi sənəd və proqram da qəbul edilmişdir. Buna baxmayaraq, Milli Məclisin qanunlarından, Nazirlər Kabinetinin sərəncamlarından başlamış, dərsliklərimizin, mətbuatın, radio və televiziyanın, reklamların dilinədək, hara əl atsaq, narahatlıq doğuran, müzakirə olunmalı dil sorunları var. Bunların bəziləri təbiidir, dil inkişaf edir, zənginləşir, termin seçimi ardıcıl gedir, yeni sözlər gəlir və s. Amma məsuliyyətsizlikdən və ya qəsdən davam edən dil təxribatları və ya dövlət dilinə sayqıızlıq da var. Bu barədə çox danışmış və çox yazmışam. İndi diqqəti başqa bir məsələyə yönəltmək istəyirəm.
    Son dövrlərdə Ana dilinin və ya dövlət dilinin təmizliyinin qorunması məsələsinə həsr olunan yazıların, toplantıların bir qismində açıq-aşkar bir təxribat və ya araqarışdırmaq meyli var: “amandır, qoymayın türk dilindən gəlmə sözlər bizim gözəl Azərbaycan dilimizi korladı!” . Yəni Türkiyə türkcəsindən gələn sözlər Azərbaycan türkcəsini “zibilləyir”. Rus dilidən, Avropadan axıb gələn kəlmələr bunları narahat eləmir, məhz türk dilindən gələn və tərtəmiz türk kökənli kəlmələri eşidəndə çılğınlaşırlar. Otuz ildə soyadlarımızdakı rus sonlugunu-şəkilçisini ata bilməmələri, milli dövlətdə özgə dövlətin yamaqları ilə yaşamaları, uşaqlarımızın bir qisminin ilk təhsili yabançı dillərdə almaları və ana dilini bilməmələri bunların heysiyyətinə toxunmur, bilgisayarlardakı sağlamlıq reklamlarının biabırçı azərbaycancasından, Bakının reklam mənzərəsinin millətə hörmətsizliyindən kəlmə kəsmirlər , ancaq köhnə və dilə yatmayan beş-altı ərəb və ya fars kəlməsinin Türkiyə türkcəsindən alınma sözlərimizlə əvəzlənməsini təhlükə hesab edirlər.
    Burada atalarımızın kəlamlarından yan keçmək olmur: “Heyvanına şükür, ilahi!”
    Bu ovqatı yayanlar arasında bəzi təşkilatlar da var. Türkiyə türkcəsinin Azərbaycanda hər bir insanın, hətta uşaqların da başa düşdüyü sözlərini zorla “azərbaycanlaşdırmaq” xəstəlikdir. Məsələn, bir toplantıda türkcə “türk xalqları və topumlarının” yığıncağı yazılırsa bizimkilər “toplum” sözünü təcili “cəmiyyət” ə çevirir və bununla sanki Azərbaycan dilini qoruyurlar. Gülünc və utandırıcıdır.
    Azərbaycan türkcəsi və Türkiyə türkcəsi eyni dildir; bir millətin dilidir. Zaman və şərait bəlli fərqlər yaratsa da, bir-birimizi rahatca anlayırıq. Dil islahatı nəticəsində Türkiyə türkcəsi– ərəb və fars kəlmələrindən təmizlənərək, yerinə bütün türk dillərindən seçmə sözlər gətirilərək öz kökünün üstündə dayanan, 610 mindən artıq kəlmə xəzinəsi olan mükəmməl və dünyanın ən gözəl səslənən dillərindən birinə çevrilmişdir. Bizim dilimiz də zənginləşərkən, yeni sözlər axtararkən təbii ki, ilk növbədə qardaş dilə müraciət etməli, onun imkanlarından istifadə etməlidir. Rəsmi siyasətimiz türk dövlətlərinin yaxınlaşması, ortaq əlifba, ortaq ünsiyyət dili istiqamətindədirsə dillərin qarşılıqlı söz alış-verişinə də sayqıyla yanaşmalı, ümumtürk terminyaratma sisteminin qurulmasına da səy göstərməliyik. Yoxsa üzdə Türkiyə ilə qardaşlıqdan danışaraq arxada onun tək-tək sözlərinə qarşı bu qədər qısqanclıq göstərmək saxtakarlıqdır və bizə başucalığı gətirməz. Dilimizin qayğısını çəkmək qəsdli şəkildə, xüsusi tapşırıqla evlərində ÖZ dillərində , Bakı küçələrində isə rusca danışaraq, bizim dövlətdən yararlanıb bizim dövlətə sayqısızlıq göstərənlərə qalmayıb… Getsinlər öz işləri ilə məşğul olsunlar!..
    Türkiyə türkcəsi Azərbaycan dilini, yəni Azərbaycan türkcəsini necə “zibilləyə” bilər? Deyək ki, əhəmiyyətli yerinə- önəmli, nöqteyi-nəzər yerinə- baxım, müvəffəqiyyət yerinə-ugur, problem yerinə-sorun, kompüter yerinə- bilgisayar, əlaqə yerinə-ilişki, təyyarə və ya samalyot yerinə- uçaq, vəziyyət yerinə- durum və s. deyiriksə bununla “bizim dilimiz” zibillənirmi? Lap yüz-ikiyüz belə söz gəlsin, nə olacaq? Dünya yerindən oynayacaq və ya kimlərsə kəlləmayallaq olacaqlar? Dilin inkişafının qarşısını almaq olmaz və “türkcədən” alınan kəlmələrin çoxu elə bizim öz sözlərimizdir, unutduğumuz, arxaikləşmiş və ya dəbə uyub Avropa zınqırov-mınqırovlarına qurban verdiyimiz sözlərdir.
    Bu məsələ bəzən eybəcər müzakirələrə çevrilir və Türkiyə Azərbaycan münasibətlərinə kölgə salmaq niyyəti güdür.
    Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm. Belə təxribatçılar Türkiyədə də var, Azərbaycanda da. Bəzən bir cahilin sözünü şişirdib mənasız müzakirələr açırlar. Şübhəsiz burda fars, rus, erməni şəbəkələriin də ciddi təsiri var. Rusiya, Ermənistan, İran mətbuatını bürüyən antiazərbaycan hədyanlar günlərlə, aylarla cavabsız qaldığı halda, Türkiyədə deyilən ehtiyatsız bir söz böyük hay-küyə səbəb olur. Anlaşılandır. Uman yerdən küsərlər… Ancaq nəzərə alaq ki, Türkiyədə də türk adı altında gizlənmiş çoxlu türk düşməni var.
    Türkiyə əleyhinə yazanlar arasında azsaylı xalqlardan olan vətəndaşlarımız fəallıqları ilə seçilirlər. Biz Azərbaycanın bütün vətəndaşlarına eyni gözlə baxırıq. Və xatırlatmaq istəyirəm, ermənilər İrəvanda, Zəngəzurda, Qarabağda, Şamaxıda, Lənkəranda, Qubada, Bakıda hamımızı türk-müsəlman deyib qırıblar; kimin türk, kimin kürd, kimin talış, kimin ləzgi olduğuna baxmayıblar. Nuri Paşa Türk-İslam ordusuyla Azərbaycana gələndə hamımızı xilas edib, Azərbaycandakı bütün xalqların namusunu qoruyub. Buna görə də Türkiyəyə Azərbaycanın, Bakının türk əhalisi nə qədər borcludursa digər xalqları da o qədər borcludurlar…
    Bir həqiqət də göz önündədir: Azərbaycanda “türk düşmənçılıyi” edənlərin əsas hədəfi Türkiyə deyil, Azərbaycandır. Eynən, Türkiyədə Azərbaycanı sevməyənlərin Türkiyə düşməni olduqları kimi…

    22.10.2017