Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlı icra başçısı ilə qalmaqaldan danışdı

    “Şeirləri dərsliklərdə olan xalq şairinin şagirdlərlə görüşü necə yasaqlana bilər?!”

    Xalq şairi, VHP sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Yardımlı rayonunda təhsil aldığı orta məktəbdə şagirdlərlə görüş keçirmək istəyərkən rayonun icra başçısı Ayaz Əsgərovun qadağası ilə üzləşib. Öncədən görüş müvafiq qurumlarla, eləcə də icra başçısı ilə razılaşdırılsa da, son anda başçının əmri ilə ona məktəbə  daxil olmasına icazə verilməyib. Yalnız Prezident Aparatının və Təhsil Nazirliyinin müdaxiləsindən sonra görüş baş tutub.

    Xalq şairi özünə qarşı edilən bu hərəkəti  hörmətsizlik kimi qiymətləndirərək, sosial şəbəkədə bu haqda etirazını bildirib.

    Xalq şairi qəzetimizə açıqlamasında ona qarşı edilən haqsızlığa bir daha etirazını bildirdi: “Mən öz oxuduğum məktəbə şagirdlərlə görüşə getmişdim, öncədən icra başçısına zəng edib məlumat da vermişdim. Ayaz Əsgərov mənə telefonda dedi ki, gəlin, burada danışarıq, heç bir problem yoxdur. Daha sonra bildirdi ki, gərək Təhsil Şöbəsinin müdiri bununla bağlı Təhsil Nazirliyindən icazə alsın. Təbii, Təhsil Nazirliyinin yerli şöbələrdən belə bir tələbi ola bilər ki, məktəbə kimlərsə gələndə onlarla razılaşdırılsın. Bunu ona görə edirlər ki, müəyyən jurnalistlər, tanınmamış şairlər, yazıçılar, dini qurumların nümayəndələri gedir və aydın məsələdir ki, hər kəsi şagirdlərlə görüşə buraxmaq olmaz. Ancaq mən bu məktəbi bitirmişəm, 25 illik deputat fəaliyyəti dövrümün 15 ilini Yardımlının millət vəkili olmuşam. Mənim adım o şagirdlərin dərsliklərində var. İcra başçısı bütün bunlara rəğmən, mənə Bakıda ikən etirazını bildirmir, ”gəl” deyir. Daha sonra Yardımlıya gedib öncədən onunla görüşmüşəm… Bəhanə gətirdi ki, gərək Təhsil Şöbəsi Təhsil Nazirliyi ilə bu görüşü razılaşdırsın. Sonra bəlli oldu ki, Təhsil Şöbəsinin müdiri Lənkərana müşavirəyə gedib, məktəbin direktoru da yerində yoxdur, başçı da mənimlə danışdıqdan sonra telefonu söndürüb. Bütün bunlar mənim görüşümə mane olmaq üçün idi”.

    S.Rüstəmxanlının sözlərinə görə, ötən illər ərzində təkcə məktəbin deyil, ümumilikdə rayonun təhsil uğurlarında geriləmə baş verib: “Məktəbdə gördüklərim ürəyimi ağrıtdı. Artıq nə məktəb, nə də müəllimlər əvvəlki kimi deyil. Müəllimlərə tapşırıq vermişdilər ki, görüş keçirmək olmaz, onlar da nə edəcəklərini bilmədən mənim üzümə baxırdılar. Müəllimlər görüşü təşkil etməyə cəhd etsələr də, ardıcıl zənglər gəlirdi ki, olmaz… Sanki təxribatçı bir insan məktəbə gəlib. Halbuki bu görüşün uşaqlar üçün əhəmiyyəti çox böyükdür. Nəhayət, icra başçısı ilə əlaqə yaratmağa nail oldum və ona sözümü dedim, bildirdim ki, sənin bunu etməyə haqqın yoxdur. Bundan sonra Prezident Aparatına zəng edib məlumat verdim, onlar bir neçə dəqiqə ərzində Təhsil Nazirliyinin də iştirakı ilə bu məsələni həll etdilər. Yalnız bundan sonra icra başçısının müavini gəldi ki, görüş yüksək səviyyədə keçməlidir və s. Bu nə demək idi? Necə oldu ki, 5 dəqiqəyə hər şey dəyişdi? Əgər Prezident Aparatı mənim xahişimi bir neçə dəqiqəyə həll etdisə, o zaman bu qadağanı qoyan kimdir? Ölkənin müstəqillik aktında imzası olan, xalq şairi adını daşıyan bir insan nə üçün məktəblərə gedə bilməz?”

    Sabiq millət vəkili bu cür münasibəti özünə qarşı təhqir kimi qiymətləndirdi: “İcra başçısının nə haqqı var ki, məni təhqir etsin?! Bu insanın rayondan xəbəri yoxdur, heç bir  ciddi iş görmür, oturduğu kabinetdən çıxmır… Rayonda təhsilin səviyyəsi də aşağı düşüb. Çox güman ki, icra başçısı mənim məktəblərdəki vəziyyətdən xəbər tutacağımı nəzərə alaraq belə bir görüşə mane olmaq istəyirmiş. Mən ona da təklif etdim ki, özü, ya müavini, ya da təhlüləsizlik orqanlarından hansısa nümayəndə gəlsin görüşdə otursun və görsün ki, biz şagirdlərlə nədən danışırıq. Görüşümüz müstəqilliyə həsr olunmuşdu, Azərbaycanın müstəqillik tarixindən, təhsildən danışırdıq”.

    Xalq şairi hesab edir ki, icra başçısının görüşə mane  olmaq istəməsinin əsas səbəbi baş verən neqativ halları gizlətmək olub: “Biz bilirik ki, müəlliflərin, şair və yazıçıların orta məktəblərə gedib görüş keçirməsi o şagirdlərin zehnində silinməz izlər buraxır, onların kitaba, ədəbiyyata marağını artırır. Əksinə, məktəb özü xahiş etməlidir ki, biz şagirdlərin görüşünə gedək. Mən 300 kilometr yol getmişəm, bunu dəyərləndirmək əvəzinə, tərbiyəsiz şəkildə mənim önümü kəsirlər. Bu, şagirdlərə də, müəllimlərə də çox  pis təsir etdi. İcra başçısı kimi kimdən qoruyur, mənim məktəbimi, mənim rayonumu məndən qoruyur? Bu dövləti quranlardan biri də mənəm, sən bu dövləti məndənmi qoruyursan?”

    Nərgiz LİFTİYEVA,
    “Yeni Müsavat”

  • VHP Cümhuriyyət günün qeyd etdi- FOTO

    28 may Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri İstiqlal abidəsini ziyarət etmək üçün “İçərişəhər” metrosunun qarşısına yığıldılar.
    Polis partiya üzvlərinə abidə yanına getməyə imkan verməsə də, sonradan
    VHP sədri Sabir Rüstəmxanlının müdaxiləsi nəticəsində bir qrup VHP üzvü abidəni ziyarət edə bildilər.
    Sabir Rüstəmxanlı abidə önündə çıxışında Cümhuriyyət tarixindən, İslam Şərqində ilk demokratik respublikanın qurucularının fədakarlığından danışdı, onların əziz xatirəsi rəhmətlə anıldı.
    Qeyd edək ki, israrla polis əməkdaşları burda qeyd edə bilməzsiniz, gedib Novxanıda qeyd edin deyirdilər.

  • Sabir Rüstəmxanlı: Yol qeydlərimdən

    Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu günlərdə Qazax rayonuna səfər edib. Səfər çərçivəsində o, rayon ziyalıları və icra başçısıyla görüşüb.
    S.Rüstəmxanlının Bakıya qayıtdıqdan sonra səfəri barədə qələmə aldığı yazını və səfərdə çəkilmiş fotoları təqdim edirik:
    Yetirdiyi böyük şəxsiyyətlərin ruhu və xatirəsi Qazaxın tükənməz mənəvi enerjisinin qaynağıdır və bəlkə elə buna görə vətənimizin bu gözəl guşəsi öz torpağı, havası, suyu, sazı və sözüylə həmişə bərəkət saçır. İlin, ayın hansı vaxtı olur-olsun, ayağın bu torpağa dəyən kimi, bu gücü və enerjini hiss edəcəksən;  Göyəzənin, Aveyin hələ sonadək öyrənilməmiş və dərk olunmamış tarix havası səni vuracaq…
    May ayının ortalarında həmin sehrli enerjiyə həm də  yaz daşqını kimi dağı-daşı bürüyən təzə-tər yaşıllıq və gözəllik qarışır; qısa müddətə olsa da sanki bütün qayğılardan ayrılır, gündəmi dolduran dedi-qodulardan, ürəyini sıxan dərdlərdən  uzaqlaşır, adı və yaradıcılığı ilə, qoşa addımladığın illərin unudulmaz xatirələri ilə sənə əziz olan böyük sənətkarların, dünyasını dəyişmiş dostlarının  ruhu  bir çox suallara cavab verməklə, əbədi olanla keçici olanların sərhədini daha aydın göstərməklə sənə yardımçı olur… Nə qədər xəlvət, kimsəyə xəbər vermədən gəlsən də küçədə adamlar çoxdan yolunu gözləyən dost-tanış kimi “xoşgəldin” deyəcək, hal-əhval tutacaq, ərklə və səmimiyyətlə süfrələrinə dəvət edəcəklər…
    Ancaq, təbii ki, Qazaxda əsas ev sahibi böyük Səməd Vurğundur  və  öncə onunla salamlaşmadan, ona baş əymədən keçib getmək olmaz. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin  başqanı  ilk şeri, ilk kitabı çıxan illərdən bəri tanıdığım və bütün inkişaf yolunu izlədiyim istedadlı şairimiz Barat Vüsalla da Səməd Vurğunun Qazaxın mərkəzində ucalan heykəlinin önündə görüşdük və Bakıdan, öz əllərimlə əkdiyim qızılgüllərdən bağladığım dəstəni heykəlin ayaqları altına qoydum…
    Qazaxın və bütövlüklə Azərbaycanın fəxri olan böyük şəxsiyyətlərin büstlərinin arasından keçib Şəhidlər xiyabanına getdik. Belə şəhidliklər bütün rayonlarımızda var. Ancaq Qazaxdakı xiyabana sakit baxmaq mümkün deyil. Nəhəng bir ayparadan aralarında jurnalist dostumuz Alı Mustafayev də olan milli qəhrəmanlardan tutmuş, bir yaşı tamam olmamış körpələrə qədər- Qazax şəhidlərinin yüzlərlə portreti sənə baxır və sanki uğrunda canlarını qurban verdikləri torpaqların taleyini, savaşın nə zaman bitəcəyini, insanların düşməndən təmizlənən yurd-yuvalarına nə vaxt qayıdacaqlarını soruşurlar…
    Sonra  Qazaxın zəngin ekspozisiyası ilə diqqəti çəkən və  bu bölgənin dünya sivilizasiyasının beşiklərindən olduğunu nümayiş etdirən Tarix – Diyarşünaslıq muzeyini gəzdik.

    Bu dəfə Qazaxa gəlmək fikri ürəyimdə Türkiyədə, Amasiya şəhərində azəri yadigarı olan abidələri ziyarət edərkən doğmuşdu. Amasya azərilərinin bir hissəsi Qazaxdan, Borçalıdan gedənlərdir; Qazaxla  Amasyanı bağlayan tarixi körpüləri unutmaq olmaz. Bu körpüləri quranlardan biri Qazaxın İncə dərəsində uyuyan Mahmud Əfəndidir. Amasyada məşhur şairimiz Seyid Nigarinin məqbərəsini, Şirvanlılar məscidini ziyarət edərkən oralarda zəhməti keçən, əməyinin izi qalan Mahmud Əfəndini ziyarət etməməyin günah olduğunu düşünmüşdüm. Bütün övliya məqbərələrində eyni  bir qutsallıq duyulur. Hansı təriqətə bağlı olurlar-olsunlar onlar İslam aləmini bütöv və güclü görmək istəyiblər, sünni-şiə ayrılığının aradan qaldırılmasını arzulayıblar. Mahmud Əfəndinin məqbərəsi də bunun parlaq bir örnəyidir. Anzaq məqbərəni ziyarət edərkən məni təsirləndirən iki epizodu  ayrıca qeyd etmək istəyirəm. Üz-üzə gəldiyimiz bir ailənin başçısı xanımına məni təqdim etmək istəyəndə qadın sakitcə “Sabir bəyi mənə tanıdırsan?” deyə yoldaşının sözünü ağzında qoydu və bir neçə cümlədə mənim həyatım və kitablarımla bağlı elə dəqiq fikirlər dedi ki, bunu heç peşəkar ədəbiyyatçılar da bacarmaz. Barat Vüsal sonra bunu tez-tez xatırladıb “Qazaxın əsil ziyalı tərəfi budur bax!” deyir.  Mən belə təsadüfi görüşlərə və xalq arasındakı  böyük sevgiyə  alışqanam. Təvazökarlıqdan uzaq səslənsə də həqiqət belədir və bu mənim həyatda ən böyük qazancımdir. Lakin Qazaxda bir kənd qadınının bir ani görüşdə fikrini o cür dəqiq və parlaq ifadələrlə çatdırması mənə əvəzsiz bir hədiyyə oldu.
    Məni heyrətə salan əsas bənzəyişi məqbərədən ayrılarkən gördüm. Qurumuş gövdənin üstündə yam-yaşıl, canlı, meyvəsi üstündə cavan tut pöhrələri… Ağac özü bir möcüzədir, lakin daha qəribə olan bu ağacın bənzərinin, eynisinin Türkiyədə, Kırşəhirdə Hacı Bəktaşi Vəli dərgahında olmasıdır. Həmin ağac haqqında bir neçə il öncə yazmışdım. İnsanlar dərgahla bərabər bu ölümə qalib gələrək, meyvəsini tutiya kimi  ziyarətçilərə paylayan ağacı da ziyarət edirlər…
    İncə dərəsinə gəlib köhnə şair dostlarımızı ziyarət etməmək günah olar. Burda Akif Səmədlə Ağamalı Sadiq Əfəndi bir yolun üstündə dayanırlar. Əslində elə sağlıqlarında da daim haqq yolunun, millətin azadlıq yolunun üstündəydilər və hər ikisiynən çox səmimi dostluq duyğuları ilə bağlı idik.  Sağ olsun kənd qəbristanları, axırda bizə sahib çıxan yenə onlardır…  Maraqlı həmsöhbətlərin arasındayam, lakin uzaq illər arxasında sevimli müəllimlərim olmuş ədəbiyyatçı Cavad Məmmədovun, riyaziyyatçı Şahvələd Mustafayevin, gənclik dostum, lirika ustası Nüsrət Kəsəmənlinin, ədəbi və siyasi mübarizələrdə çiyin-çiyinə dayandığım İsmayil Şıxlının, Yusif və Vaqif Səmədoğluların, ustad İsa Muğannanın, şeirləri dillərdə dolaşan Hüseyn Arifin canlı xatirələri də bizimlə gəzir.
    Qazax  indiki xəritələrdə vətənimizin uc nöqtələrindən biridir. Qonşu dövlətlərin qapısında yerləşir. Bunu unutmaq olmaz. Bu baxımdan son illərdə Qazaxda görülən işlər məni sevindirdi. Tikilən gözəl binalardan biri də Səməd Vurğun heykəliylə üz-üzə dayanan Ədəbiyyat muzeyidir. Mən bilən, respublikada Nizamı adına Ədəbiyyat muzeyindən başqa ikinci belə bir  muzey yoxdur. Əslində, Qazaxda ayrıca Vaqif, Vidadi, İsmayıl Şıxlı, İsa Muğanna və s. muzeyləri də olmalıdır. Bu muzey hamısını əvəz edəcək və Mədəniyyət Nazirliyi bu işə yardım etməlidir.
    Həyatın elə adi normaları var ki, bizim üçün əlçatmaz arzuya dönüb. Məsələn, Qazaxda söhbət zamanı adamlar tez-tez vurğulayırdılar: “Bilirsiniz, Qazax bir nümunə göstərib, yeni başçı gələndən sonra burada rüşvətin kökü kəsilib. Sağ olsun!”  Düzgünlüyün, xalqa sayğının, hər bir vətəndaşın qapısını döymək, hər bir ehtiyacı olana dayaq durmaq  qayğıkeşliyinin nə qədər ciddi bir iqtisadi, mənəvi, psixoloji  dəyişiklik yaratdığını müşahidə etmək baxımından bugünkü Qazax doğrudan da bir nümunədir. Bunu yazmaq mənə xoşdur və pisə pis dediyimiz kimi yaxşıya yaxşı demək də borcumuzdur.  Qazax rayon icra başçısı ilə söhbətimiz zamanı  mən camaatın razılığının səbəblərini anladım. Rəcəb müəllim iki qonşu dövlətin sərhədində yerləşən  rayonda ilhamla, xalqa hörmətlə, yaradıcılıq eşqi ilə çalışır… Görülən işlər, rayonun inkişafı ilə bağlı planlar, doğrudan da, yerlərə kadrların düzgün seçilməsinin nə qədər vacib olduğunu göstərir. Ümid edirik ki, Qazaxın nümunəsi başqa rayonlarımıza da yayılar…
    Qazaxda ayrılmazdan əvvəl ziyalılarla, yerli şairlərlə sazlı-sözlü, unudulmaz bir görüşümüz oldu.

  • Cümhuriyyət-100: Futbol turnirinin qalibi VHP oldu

    Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Müsavat Partiyasının keçirdiyi mini futbol turnirinin qalıbləri bəlli olub.

    Olimpiya stadionunun Azfar meydançasında keçirilən final olyununda Müsavat və VHP komandaları qarşılaşıb.

    Çox gərgin keçən oyun 3:3 hesabi ilə nəticələnib. Əsas oyundan sonra əlavə vaxtda da qalib müəyyən olunmayıb – 4:4.

    Penalti zərbələrini daha uğurlu icra edən VHP komandası turnirin qalibi olub.  Qeyd edək ki, turnirdə AXCP, Nida, Real və jurnalistlərin komandaları da iştirak edib.

    Oyundan dərhal sonra mükafatlandırma mərasimi keçirilib. Müsavat Partiyasının başqanı Arif Hacılı turnirin kubokunu VHP komandasına təqdim edib. Daha sonra VHP və turnirdə 2-ci yeri tutmuş Müsavat komandasının üzvlərinə  medallar təqdim edilib.

  • Rusların Azərbaycanı qana boyadığı gündən düz BİR ƏSR SONRA – Moskvada maraqlı yığıncaq

    Rusiya-Azərbaycan şairlərinin şeir bayramı keçirilib.
    Tədbirə qatılan Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BakuPost-a açıqlamasında bildirib ki, tədbir Moskvada Sergey Yesenin adına Mədəniyyət mərkəzində baş tutub. Xalq şairi maraqlı bir məqama toxunub: “Moskvada Azərbaycan və Rusiya şairlərinin poeziya axşamı XI Qızıl Ordunun Azərbaycan Xalq Cümhuriyyəti sərhədlərini pozub müstəqil dövlətimizi devirdiyi, kəndlərimizi, şəhərlərimizi qana boyadığı gündən düz yüz il sonra, aprelin 28-də, Moskvada Sergey Yesenin adına Mədəniyyət mərkəzində Azərbaycan və rus şairlərinin birgə şeir axşamı keçirildi. Bu, həyatın gözlənilməzliklərindən, paradokslarından biridir. Zaman yaraları sağaldır, amma çapıqlar və xatirələr qalır. Ədəbiyyat, poeziya humanizm və xeyirxahlıq daşıyıcısı kimi həm yaraların sağalmasında, həm də faciələrin unudulmaması və örnək olaraq gələcək nəsillərin yaddaşı üçün qorunmasında misilsiz və bəlkə də həlledici rol oynayır”.
    S. Rüstəmxanlı qeyd edib ki, Moskva azərbaycanlıları cəmiyyətlərinin nümayəndələrinin və rus ziyalılarının iştirak etdiyi poeziya axşamını Rusiya azərbaycanlılarının milli-mədəniyyət mərkəzi və “Ocaq” cəmiyyəti təşkil edib: “Ənənə halını almış belə bir məclisin Yesenin mərkəzində keçirilməsi təsadüfi deyil, çünki böyük rus şairinin qısa həyatının bir parçası da Bakı ilə bağlıdır və onun xatirəsini yaşadan yerlər bizdə də qayğı ilə qorunur”.
    Rusiya-Azərbaycan şairlərinin şeir bayramında Xalq şairi Sabir Rüstəmxanlı, təşkilat komitəsinin həmsədrləri Moskvada yaşayan həmyerlimiz, tanınmış qələm sahibi İlham Bədəlbəyli, məşhur rus şairi, Azərbaycan ədəbiyyatının sadiq dostu və tərcüməçisi Mixail Sinelnikov, Azərbaycanda həm şeirləri, həm də ədəbi layihələri, ədəbiyyatın təbliği sahəsində xidmətləri ilə tanınan Nigar Həsənzadə, Moskva şairlərindən Afaq Şıxlı, Zümüd Quliyeva, Maya Bədəlbəyli, Sergey Karatayev, Natalya Varxanen və başqaları çıxış ediblər. Nazxanım Dadaşovanın röyalda ifa etdiyi musiqi parçaları və vokalist Ayla Çingizqızının mahnıları səsləndirilib.
  • Qondarma “erməni soyqırımı” və onun 103 illik saxta tarixi

    Son zamanlar ermənilər yenə də fəallaşaraq guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə ermənilərə qarşı törədilmiş «soyqırım» nəticəsində 1,5 milyon erməninin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. «faciənin 102 illik tarixini» qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər-böhtan kompaniyası aparır,  bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu içtimai-siyasi təşkilatlarına sırımağa çalışırlar. Onlar qondarma «soyqırımı»nın 103 illiyi» adı altında xarici ölkələrdə yuva salmış terrorçu erməni quldurlarından pul-para qoparmaqla yanaşı, erməniləri Türkiyədən qisas almağa, torpaq və təzminat tələb etməyə çağırırlar. Əslində isə 1915-ci ildə Yaxın Şərq və Cənubi Qafqazda heç 1,5 milyon erməni yaşamamışdır. Qeyd edək ki, ermənilərin soyqırımına məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. Türkiyə dövləti bu illər ərzində dəfələrlə arxiv sənədlərinin araşdırılması, faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciət etsə də, onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi tutmuşlar. Əslində isə, I Dünya müharibəsi illərində, xüsusən 1915-ci ildə Osmanlı Türkiyəsi Antanta dövlətləri ilə müharibədə ölüm- dirim mücadiləsi apararkən Bizans, Roma və s. İmperatorluqlarından satqınlığa, xəyanətə görə qovulmuş ermənilər sonuncu sığınacaq yerləri olan Osmanlı imperiyasına da xəyanət etdilər. Onlar rus qoşunlarının tərkibində «Böyük Ermənistan» yaratmaq xülyasına düşərək Türkiyə torpaqlarında kütləvi qırğınlar, yüzlərlə şəhər və kəndlərdə soyqırımları törətdilər. Ermənilərin bu xəyanətini görən Osmanlı imperiyası  ermənilərə Türkiyənin içəri torpaqlarından Şərqi Anadoluya köçürməyə məcbur oldu.

    Rus yazışısı Yakov İliçov  «Türkiyə karvanı» tarixi romanında göstərir ki, 1921-ci ildə Frunzenin rəhbərliyi ilə (V.İ.Leninin göstərişi əsasən) Türkiyəyə  yardım karvanını təhvil verib qayıdarkən M.K.Atatürk özünün şəxsən himayə edərək qoruyub-saxladığı 300 min ermənini də özləri ilə Şərqi Anadoluya aparmağı xahiş etmiş, onlara mühafizə dəstəsi də ayırmışdır. Tarixi mənbələri araşdırsaq görərik ki, I Dünya müharibəsi dövründə, sonralar türklərə və müsəlmanlara qarşı əsl terror aktları və soyqırımları erməni quldur dəstələri tərəfindən törədilmişdir. Ermənilərin uydurduqları qondarma «erməni soyqırımı» cəfəngiyyat və saxtakarlıqlardan başqa bir şey deyildir.

    Ermənilərin saxtakarlıqlarından söz  açan U. Çörçil yazırdı ki, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa heç bir silahı yoxdur. Onların bu silahı bu gün də öz işini görməkdədir. Ermənilərin necə saxtakar bir xalq olması haqqında rus yazıçısı A.S.Puşkin, alman səyyahı Alfred Karte, İ.Çavçavadze, Korneli Tatsis, V.Veldişko, Qriboyedov, Nekrasov və s. kimi dünyada tanınmış şəxsiyyətlərdə öz fikirlərini bildirmişlər .Ermənilər daim Rus İmperiyası tərəfindən himayə edilmiş və bu gün də edilməkdədir. Bu tarixi faktlara nəzər salaq.

    1724-cü ildə rus çarı I Pyotr ermənilərin çar Rusiyasınən himayəsi altına alınması haqqında fərman imzalamışdır.

    1768-ci ildə II Yekaterina ermənilərə Rusiyanın himayəsində hər cür səlahiyyətlərin verilməsi haqqında fərman imzalamışdır.

    1769-cu ildə isə erməni millətçisi Movses Safaryanın tərtib etdiyi «Ermənilərin Azadlıq Proqramı» rus hakimiyyət orqanları tərəfindən qəbul edilmişdir (proqramda zorakılıq yolu ilə erməni dövləti yaratmaq ideyaları təbliğ olunurdu).

    1802-ci ildə çar I Aleksandr ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi və onlardan istifadə edilməsi haqqında yazılı göstəriş vermiş və bu işdə katolik, qriqoryan  kilsələrindən istifadə edilməsini vacib sayırdı.

    1804-cü ildə İrəvan xanlığını işğal etmək və erməni dövləti yaratmaq məqsədilə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına birinci yürüş etmiş, lakin məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. 1808-ci ildə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə yenidən İrəvan xanlığına yürüş etmiş, lakin növbəti dəfə məğlub olaraq geri çəkilmişdir.

    1827-ci ildə rus qoşunları erməni quldurları ilə birlikdə İrəvan xanlığına üçüncü yürüş etmiş və İrəvan xanlığını işğal etmişlər.

    1828-ci ildə mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində «müvəqqəti erməni vilayəti» yaradılmışdır. «Müvəqqəti erməni vilayəti»ni dövlət kimi formalaşdırmaq üçün bir sıra addımlar atılmış, həmçinin 1828-1988-ci illər arasında İrəvan xanlığı ərazisindən – Qərbi Azərbaycandan 3 milyondan çox yerli əhali dədə-baba yurdlarından qovularaq çıxarılmış və bu torpaqlara xarici ölkələrdən 1,5 milyona yaxın erməni köçürülmüş, İrəvan xanlığını ərazisindən qondarma «Ermənistan Respublikası» yaradılmışdır.

    Ermənilərin «qondarma soyqırımı» iddiası cəfəngiyyatdan başqa bir şey deyildir. Lakin olanların çar Rusiyasının havadarlığı ilə türklərə, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin – soyqırımlarının, terror aktlarının, vandalizmin və s. dünyada misli-bərabəri olmamışdır. Gəlin bu cinayətlərin bir hissəsinin tarixi xronologiyasına nəzər salaq:

    – 1827-1828-ci illərdə ruslar, erməni quldur dəstələri ilə İrəvan qalasını işğal etmiş və şəhərdə «qayda- qanun» yaratmaq ermənilərə tapşırılmışdır. Onlar 120 mindən çox şəhər əhalisini qətlə yetirdilər, əsir düşmüş qala müdafiəçilərini, Cənubi Azərbaycandan köməyə gəlmiş sərbazları (əsgərləri) və yaralıları qala meydanında tonqala ataraq diri-diri yandırdılar.

    • XIX əsrin II yarısında rus-türk müharibələri zamanı Türkiyənin məğlubiyyətindən sonra ermənilər rusların köməyi ilə Türkiyənin ayrı-ayrı vilayətlərində, Zeytunda (1829, 1862, 1878, 1884-cü illər), Sasunda (1880), Vanda (1886) və digər şəhərlərdə soyqırımları törətmiş, yüz minlərlə dinc əhalini qətlə yetirmişlər.

    -1905-1907-ci illərdə ermənilər rus kazaklarının köməyi ilə Naxçıvanda, Gəncədə, Bakıda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə gölü ətrafında, Mehridə və digər bölgələrdə mülki əhaliyə qarşı soyqırımları törədərək 150 mindən çox azərbaycan türkünü qətlə yetirdilər.

    Bu illərin qanlı faciəsi yazıçı Mir Möhsün Nəvvabın «Erməni – müsəlman davası» tarixi kitabında, M.S.Ordubadinin «Qanlı illər» əsərində və Cahangir Zeynalovun «Müxtəsər Azərbaycan tarixi» elmi- publisistik əsərində geniş şəkildə öz əksini tapmışdır.

    Bütün bu kimi vəhşiliklərə, soyqırımlara rəvac verən 1887-ci ildə Cenevrədə yaradılmış qatı millətçi «Hnçaq» (zəng) partiyası, 1890-cı ildə Tiflisdə yaradılmış millətçi-terrorçu «Daşnaksütyun» (ittifaq) partiyası, 1974-cü ildə Parisdə yaradılmış «ASALA» terror təşkilatı, 1995-ci ildə Nyu-Yorkda yaradılmış «Erməni vətənpərvər ittifaqı», «Hamkavar», «Drosak» (bayraq) və başqa millətçi-terrorçu təşkilatları bu gün də, «Böyük Ermənistan» dövləti yaratmaq yolunda hər cür qeyri-insani əməllərdən istifadə etməkdədirlər.

    1914- 1920-ci illərdə, əvvəllər çar Rusiyasının, sonralar isə bolşeviklərin köməyinə arxalanan ermənilər müxtəlif illərdə Azərbaycanda və Türkiyədə olmazın vəhşiliklər törətmiş, 200 mindən çox türk-müsəlman əhalini qətlə yetirmişlər. 1918-1920-ci illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Ağbaba. Vedibasar, Zəngibasar, Dərələyəz, Zəngəzur və başqa mahallarında quldurbaşı Andranik üzanyanın erməni quldur dəstələri əhalinin tam yarısını qətlə yetirmişlər.

    -1914-cü ildə bütün ermənilərin katalikosu Vartan Gevorkov rus çarı I Nikolaya müraciət edərək bildirirdi ki, ermənilər çarın sadiq oğullarıdır, onlar xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan erməni qardaşlarımızın əzablarına son qoysun. Həmin il kilsə tərəfindən 10.000 nəfərdən ibarət silahlı erməni dəstələri yaradılaraq Türkiyənin şərq vilayətlərini zəbt etmək üçün türk torpaqlarına soxuldular. Onlar Türkiyədə yaşayan erməni əhalisi ilə birləşərək yerli əhaliyə divan tutdular. Təkcə I Dünya müharibəsi dövründə 2 milyona yaxın mülki əhali erməni quldur dəstələri tərəfindən qətlə yetirilmişdir;

    • 1918-1920-ci illərdə Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Cənubi Azərbaycanda və digər bölgələrdə kütləvi qırğınlar törədilmiş, 500 mindən çox mülki əhalinin həyatına son qoyulmuşdur.
    • 1948-1953-cü illərdə tarixi Azərbaycan torpaqları olan, indiki Ermənistan ərazisində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirildi. 100 minə yaxın azərbaycanlı deportasiyaya məruz qaldı. Azərbaycanda iqlim və yaşayış tərzinə uyğunlaşa bilməyən bu mülki əhalinin çoxu həyatını

    1988-1990-cı illərdə SSRİ rəhbərliyin havadarlığından istifadə edən ermənilər (indiki Ermənistanda) yaşayan son 250 min azərbaycan türkünü dədə-baba yurdlarından zorla qovub çıxadılar. Yüzlərlə azərbaycanlı qətlə yetirildi. Ümumilikdə, 1828-1988-ci illər arasında ermənilərin işğalçı siyasəti nəticəsində İrəvan xanlığının inzibati ərazisi işğal edilmiş, 3 milyondan çox əhali öz dədə-baba yurdlarından qovulmuş 1 milyondan çox əhali soyqırımına məruz qalmışdır.

    1986-cı ildə Yunanıstanın Afina şəhərində qaniçən Z.Balayanın və S.Kaputikyanın iştirak etdiyi Erməni Milli Konqresinin yığıncağında Türkiyə ilə «haqq-hesab» məsələsinin sonraya saxlanılması, Ermənistandan bütün azərbaycanlıların qovulması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərara alındı.

    Bu qərardan sonra Dağlıq Qarabağ və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, bugünki reallıqdır. Onların Xocalıda, Qaradağlıda, Ağdabanda və digər yaşayış məntəqələrində törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Bu illər ərzində Dağlıq Qarabağ və onun ətraf rayonlarında minlərlə dinc əhali qətlə yetirilmişdir.

    Ermənistan bu gün də qondarma «erməni soyqırımı» cəfəngiyyatını gündəmdə saxlayaraq işğalçılıq siyasətini davam etdirməkdədir. Onların qarşısını yalnız bir yolla – müharibə yolu ilə Qarabağ və İrəvan xanlığı torpaqlarını azad edərək tarixi ədaləti bərpa etmək olar.

     

    Səməndər Çaxmaqlı

    VHP-nin şöbə müdiri, «İrəvan xanlığı torpaqlarına dönüş» İctimai Birliyinin rəhbəri

     

  • “AZƏRBAYCANDA FİKİR MÜSTƏVİSİNDƏ XAOTİK MÜNAQİŞƏ VAR”

    Azərbaycan publisistikasının ağsaqqalı, xalq şairi Sabir  Rüstəmxanlıya yönəlik sosial sifariş nəhayət ki, cavablandırıldı. Ancaq cavablandırılması mümkün olmayan bir çox suallar,  yəqin ki, dövlətçiliyimizin və millətimizin, Sabir bəyin öz partiya maraqlarının  naminə açıq olaraq qaldı. Onun söylədiyi BU GÜNÜN MANİFESTİNdə dost biganəliyinin nə zaman  ifşa olunacağı, qəlbimdə saldığım Ölülər şəhərinin sakinləri olan seçilmişlərimizin dirilmələri üçün Həzrəti İsanın kəramətinə, yoxsa “ümid olmayanda yenə ümid var” amacıyla onların özlərinin xortdayacaqlarına bel bağlamağın mahiyyəti,  “Xocalı soyqırımı olmayıb!” deyən qurumsaq qroslara büt yapan siyasi funksionerlərin koordinatorluqları,  bizdən iki dəfə və ikili əzan tələb edən KARLARIMIZın, bizdən hər yan işıqlıykən şam yandırmağı tələb edən KORLARIMIZın, Dərvişi meyxanədə, sərxoşu təkyədə axtaran milli şüursuzlarımızın cəmiyyəti çıxılmaz labirintə sürükləmə cəhdləri, sözün zərifliyinə deyil, avropoid irqlilərin şişirtdikləri selikon dodaqların qalınlığına baxanların vəhşi qəzəbə söykənən kor ehtirasları, it xislətli Poliqrafların şapşapı oğurluğu, bütün bunların fonunda rəhmətlik Elçibəyin elə Sabir Rüstəmxanlının timsalında seçilmişlərimizi hədəf götürərək BU ADAMLARı təhqir edənlərə sərt təpkiylə “sən nə zamandan əxlaqını yedin ki, Rüstəmxanlıya münasibətdə belə düşüncə sərgiləyirsən!?” fikrindən doğan sorularıma cavab ala bilməsəm də, yenə də AĞSAQQAL SÖZÜNÜN ÇƏKİSİ baxımından Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi SABİR RÜSTƏMXANLININ DEDİKLƏRİni oxucuların diqqətinə çatdırıram: 
    – Sabir bəy, Səni Tanımaq istəyən, Gəncə qapısından Xəbər gözləyənlər var. Zamanı içimizdən keçirib Qan yaddaşımızı silkələyəndə Ana Dilimizə “sağ ol” deməyimiz hansı sevgidən, hansı qorxudan doğub? Didərgin düşmüşük, BÜTÖVLÜYÜMÜZ xar olub! Göy Tanrı, Atamın Ruhu Haqqı Xətai yurdu talanıb! Difai Fədailərimiz, Cavad Xanlarımız yoxa çıxıb, məmləkətə sahib çıxacaq Orxanlarla görüşmək istəyimiz əngəllənir. Biz bir Ölüm Zirvəsindəyik, məmləkəti Sunami təhlükəsi gözləyir! Və bütün bu qeyd olunanlar Sənin Xalqının Ömür kitabıdır. Buyur, günümüzün Manifestini söylə…
    – Əslində, bu sual bütövlükdə mənim keçib gəldiyim yola və yaradıcılığıma işıq salır və bu suala görə sənə öz təşəkkürümü bildirirəm. Zaman-zaman mənə belə sosial sifarişlər gəlib ki, biz Səndən yeni bir “Ömür kitabı” istəyirik. O kitab bitməyib, bu gün də davam edir. Davam edən bu kitabda dəyərli oxucularım “Dağların intiqamı”nı görəcəklər… Bu gün yaranmış bəzi sorunların  çözülməsində adını qeyd etdiyim roman açar rolu oynaya bilər. Yəni, məsələyə bədii yöndən yanaşası olsaq, romandakı dağlar öz intiqamını almalıdır…
     
    –  “Dağların intiqamı”nın  açar rolu oynayacağına siyasi yöndən yanaşma nələri deyir?
    – Məsələnin siyasi yöndən həlli kompleks yanaşma tələb edir. Bu, təkcə məndən, Vətəndaş Həmrəyliyi Partiyasının tutduğu ideoloji-siyasi kursdan asılı deyil. Müstəqilliyimizi qazanandan sonra Azərbaycanda separatist meyllərin güclənməsini, yeni yaranan siyasi partiyaların bir-birinə düşmən münasibətini gördükdə Vətəndaş Həmrəyliyi Partiyasının yaradılmasını günün zərurəti hesab etdim və dostlarla birgə bu addımı atdıq. Bütün dünyada olduğu kimi Azərbaycanda da fərqli düşüncəyə, fərqli dünyagörüşünə malik olan ideoloji-siyasi kurslar mövcuddur. Bu kurslar üzrə öz siyasi fəaliyyətini yönləndirməkdə qorxulu bir şey yoxdur və bu, özlüyündə demokratik yanaşmadır. Neyləyək ki, deyildiyi kimi, demokratiyanın çoxlu qüsurları var, ancaq ondan yaxşısı da tapılmayıb. Cavabdehlik və məsuliyyət hissini əsas şərtlərdən hesab edən demokratiyada seçki başlıca rol oynayır. Azərbaycanda 50-dən yuxarı siyasi partiya olsa da, ancaq bir çoxunun nə niyyətlə yaradıldığı bilinmir.. Vətəndaş Həmrəyliyi isə aydın bir ideyadır və mənim düşüncəmə görə, Azərbaycan dövlətçiliyinin qorunması baxımından daha zəruri səciyyə daşıyır. Vətəndaş həmrəyliyi ideyası birbaşa Məmməd Əmin Rəsulzadənin təsanüd nəzəriyyəsinə bağlıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda prezidentliyə namizədlərin çoxu vətəndaş həmrəylindən danışırlar. Bundan vaz keçmək mümkün deyil. Azərbaycanın gələcəyi, bütün problemlərinin həlli, nicatımız vətəndaş həmrəyliyi və milli birliyimizdən keçir.
    “MİLLİ PROBLEMLƏRİMİZİN HƏLLİ ORTAQ MƏXRƏCƏ GƏLMƏYİMİZİ ZƏRURƏTƏ ÇEVİRİR”
     
    – Amma aparılan müşahidələr göstərir ki, həmrəyliyin özünə münasibətdə də fikir ayrılığı var.
    – Cəmiyyət içərisində həmrəyliyə soyuq yanaşmanı bir növ stumullaşdıran səbəblər var…
     
    – Hansı səbəblərdi bu?
    – Vurğulanır ki, ölkə daxilində olan oliqarxlarla acından ölənlər necə həmrəy olsunlar? Dialoqu bir yana qoyulub, tərəflər barışmaz mövqələrdən çıxış edirsə iqtidarla müxalifət necə həmrəy olsun?..
     –  Amma söhbət burada müxtəlif qütblərin həmrəyliyindən getmir. Söhbət bizim milli problemlərimizi həll etmək naminə ortaq məxrəcə gəlməyimizin vacibliyindən gedir. 
    – Heç şübhəsiz, bunsuz ölkəmizin xoşbəxt gələcəyi mümkün deyil. Bu mənada indiki durum məni çox narahat edir. Bu gün Azərbaycanda normal iqtidar-müxalifət müstəvisindən kənara çıxmış xaotik münaqişə, xaotik fikir dartışması var. Həm iqtidardaxili, həm müxalifətdaxili fikir müxtəlifliyi isə daha eybəcər şəkil alır.  Siyasətə söyüşün gətirilməsi adamda təəssüf doğurur. Dünənə kimi bir yerdə olan adamlar uzun illər təmsil olunduğu qurumdan bircə addım aralanan kimi tam fərqli, tam əks mövqedən çıxış etməyə başlayırlar. İnternet resurslarından gen-boluna istifadə etməklə şəbəkə halında formalaşan inkarçı qruplar yaranıb. Həm eyni, həm də ayrı düşərgənin nümayəndələri olan adamların bir-birini təhqir etməsi siyasi mədəniyyətin aşağı olmasından xəbər verir.
    Bir jurnalist hansısa bir status paylaşan kimi ağına bozuna baxmadan bildirilən münasibətlərdə adam əsaslı-əsassız , təhqir olunur, məqsədli şəkildə həmin kəsə qarşı sevgi və ya nifrət formalaşdırılır. Bu, cəmiyyətdə insanları təklənməyə aparıb çıxarır. Belə dağıdıcı kurs bizim düşmənə qarşı gücümüzün zəiflədilməsinə yönəlib
    “BİZ XIRDA DİDİŞMƏLƏRİN QURBANI OLMAQ İSTƏMİRİK”
    – Həm müxalif opponentlərinizin təqdimatlarında, həm də şəbəkə mətbuatının “sayəsində” çaşdırılan ictimai fikrə “Sabir Rüstəmxanlı nə o yanlıq, nə də bu yanlıqdır” dezosu hakim kəsilib. Siz haradasınız?
    – Biz millətin yanındayıq!  O yan və bu yan kimdir? Mən öz yanımdayam, mən öz yerimdəyəm. Bunu deyənlər məni kimin yanında görmək istəyirlər? Hakimiyyətin, yaxud hansısa özlərinə yaxın bir adamın? Bu onların görmək istədikləridir, mənim yerim deyil. Mənim kitablarımda olan ideyalarla boy atan kəsləri mənə “mübarizə adamı” kimi təqdim edənlər mübarizənin necə aparılmasını başa düşməyənlərdir. Mənim öz partiyam və öz mövqeyim var. Mən VHP-nin sədriyəm və öz ideyalarımın, uğrunda ömrümü sərf etdiyim amalların və bütövlükdə millətimin yanındayam və hər zaman bu mövqedə olacam. Tutduğumuz yolun üstündəyik, izlədiyimiz vətəndaş həmrəyliyi ideyasının arxasındayıq və onun ardınca gedirik. Bütün narazılıqları da öz mövqeyimizlə yumşaltmağa çalışırıq.
    – O hansı narazılıq və hansı yumşaldıcı mövqedir?
    – Mövqeyumşaldıcı marağımı nəzərə alsaq, narazılıqlar haqqında danışmağa dəyməz. Mövqeyimsə xalqın, əzilən insanların, acıların, yalavacların, işsizlərin mövqeyidir.  Söyülən, təhqir edilən bütün adamların günahı hakimiyyətin boynundadır. Cəmiyyətdə elə bir narazılıq mühiti yaradıblar ki, yaxşı işlərini də dilə gətirəndə də, məsələyə obyektiv yanaşanda da buna başqa rəng verilir. Amma bizim borcumuz həqiqəti söyləməkdir. Hakimiyyət uğrunda mübarizədə ədalət qurban verilməməlidir.
      Verdiyin sual kontekstində çıxış edənlər özlərini harada hiss edirlər – söyüşün zirvəsində, yoxsa münaqişələrin mərkəzində? Hanı müxalif düşərgədə formalaşan saysız-hesabsız birliklər? O birliklər və o birliklərin yarandığı anda, fəaliyyətləri dövründə siyasi liderlərin verdikləri açıqlamalar saf-çürük edilsə, nələrin şahidi olarıq? Elə həmin münaqişələr düşərgəni param-parça etmədimi? Mən həmin münaqişələrə qoşulmaq istəmirəm….
    – Amma çox vaxt belə qoşulmamağınızı mövqesizlik kimi qiymətləndirirlər…
    – Bu, mövqesizlik yox, mövqeyi düzgün qiymətləndirməkdir. Öz dostlarını, çiyin yoldaşlarını anlaya və dəyərləndirə bilməyənlər  boş-boş iddialarının qurbanına çevirdikləri partiyalarının, onlardan ayrılanların açıqlamalarının mətninə diqqət etsinlər. Biz xırda didişmələrin qurbanı olmaq istəmirik.
    – Amma haqqınızda söylənən yanlış yanaşmalar, şantajlar da səngimir. Heç bezdirmədimi bu yanaşmalar, bu yanlışlıqlar?
    – Əlbəttə bir yazıçı, Söz Adamı üçün özü haqqında yalan, böhtan eşitmək çox ağırdır. Arada istədim ki, səslənən bütün yanlışlıqlara cavab verəm. Gördüm ki, onda gərək, işlərimi bir yana qoyub, bütün vaxtımı buna sərf edəm. Yaradıcılıq işlərimin artdığı bir dönəmdə az qala məişət səviyyəsinə qədər enən məsələlərə münasibət bildirməyimə vaxtım yoxdur. Sosial şəbəkələrlə bağlılığım da işimin gərgin vaxtlarında demək olar ki, yox dərəcəsinə enir. Partiyadakı funksionerlərin çoxu da guya məni qorumaq xətrinə məni baş verənlərdən, yanlış yaparaq,  xəbərdar etmirlər. Amma xəbər tutduğum məqamlara iş rejimimin gərginliyinə baxmayaraq, münasibət bildirməyə çalışıram. Mənə münasibətdə siyasi müstəvidə bir səhv tapa bilməyənlər  VHP-nin, DAK-ın fəaliyyətilə bağlı və müxtəlif spektrdə qərəzli yanaşmalarla çıxış edirlər.  Nə etmək? Həyatdır! Hər cür düşünən və ya yönləndirilən adamlar var.
    – Müstəqillik Aktını imzaladığın zaman xəyalında canlandırdığın Azərbaycanla indiki Azərbaycan arasında paralellər aparanda harada yanlış yapdığımızı deyə bilərsənmi?
    – Əlbəttə, indiki Azərbaycanı 37 il öncənin Azərbaycanı ilə müqayisə etmək çətindir. İnkişaf danılmazdır. Ancaq çox böyük itkilərimiz də olub. Asanlıqla həll edilə bilən məsələləri qırx arşın quyuya salmışıq. Mərhələ-mərhələ, yanlış  dalınca yanlış olub. Mənim düşüncəmə görə, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsində tələskənlik oldu. Ondan da böyük yanlışlıq həmin hakimiyyəti qorumamağımız, asanlıqla geri çəkilməyimiz idi. Sanki gizli bir ssenari ilə SSRİ-dən qopan bütün respublikalar eyni səhvləri və oxşar çətinlikləri yaşadılar.
    “HEYDƏR ƏLİYEVİN HAKİMİYƏTƏ GƏLMƏSİNDƏ XALQ CƏBHƏSİNİN ROLU NƏ QƏDƏR İDİ?”
    – Deyirsiz ki, Xalq Cəbhəsi hakimiyyətə gəlməkdə tələsdi, bəs kim gəlməli idi?
    – Cəbhənin o zamankı gerçək potensialı, xalq arasındakı nüfuzu bütün seçkiləri udmağa imkan verəcəkdi. Lakin kadr potensialı baxımından Cəbhə zəif idi. Müdafiə sistemindən, siyasi və diplomatik fəaliyyətdən  başlamış, iqtisadiyyatın idarəçiliyinə qədər, bir çox təcrübəsiz adam irəli çıxdı. Onların səhvləri ölkənin sonrakı taleyinə güclü təsir göstərirdi…
    – Amma “təcrübəsiz adamlar”ın cəmləşdiyi hakimiyyət iyerarxiyasında o zaman rəhmətlik Heydər Əliyev də təmsil olunurdu,  SSRİ boyda bir imperiyanın əsas söz sahiblərindən biri olmuş böyük siyasət adamı…
    – Düzdür Məclisdə, xüsusən Müstəqilliyə münasibətdə mövqeyimiz eyni idi, lakin Heydər Əliyev o zaman, belə demək mümkünsə, kənara itələnmişdi. Çoxları da belə zənn edirdi ki, o, elə kənarda müşahidəçi kimi qalacaq və hakimiyyətə iddialı olmayacaq. O isə Naxçıvanda hakimiyyətini möhkəmləndirməklə həm də Cəbhə hakimiyyətini zəiflədən səhvləri müşahidə edirdi. Xalqın münasibəti də ortalıqda idi. Xalq onun rəhbərlik etdiyi dövrü xatırlayırdı və tərəfdarlarının sayı da durmadan artırdı.  Məncə, hakimiyyətə öncə Heydər Əliyev, sonra Xalq Cəbhəsi gəlməliydi. Və ya onlar hakimiyyətə bir yerdə gəlməli idilər.
    – Heydər Əliyevin hakimiyyətə gəlməsində Xalq Cəbhəsinin rolu nə qədər idi?
    – Buna bənzər suallara dəfələrlə cavab verilib. Xalq Cəbhəsi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Daxili  və xarici xəyanət və təzyiqlərlə dalana dirənəndə,  başqa yol tapa biməyəndə.
    – Bir yandan Heydər Əliyevi hakimiyyətə dəvət edirlər, başqa bir yandan da onun siyasi kursunu bəyənmirlər?
    –  Mən şahidəm, o zaman Heydər Əliyevin hakimiyyətə gəlməsinə rəhbərlikdəki dostlarımız sevinirdilər. Bir neçə dəfə məndən də məndən soruşmuşdular ki, necə bilirsən, gələr, gəlməz?..
    – Maraqlıdır, niyə məhz Sizdən?
    – Yəqin Heydər Əliyevlə tanışlığımız, Naxçıvanda və Məclisdə onunla görüşməyim bizim yaxınlığımız fikrini  formalaşdırmışdı…
    “İSTEFA  VƏ İMTİNA MƏDƏNİYYƏTİNİ ŞƏRTLƏNDİRƏN SƏBƏB NƏ OLUB?”
    – O zamankı siyasi mühitdə Heydər Əliyevin rolunu yüksək qiymətləndirən, Cəbhə hakimiyyətinin söz sahiblərindən olan Sabir Rüstəmxanlı sonradan Heydər Əliyev hakimiyyətində nazir vəzifəsindən istefa verdi. Belə paradoksallıq baxış fərqindən qidalanırdı, yoxsa zamanın diktəsindən? 
    – Yəqin hər ikisindən. Heydər Əliyev hakimiyyətə 1993-cü ildə gəldi. Mən isə 1995-ci ildə  istefa verdim. Bu zaman fərqini diqqətdən qaçırmayın. Zaman keçdikcə vəziyyət, yanaşmalar, siyasi mühitə baxışlar sistemi də dəyişir. Mən hesab edirdim ki, Azərbaycan çox qısa müddətdə SSRİ-nin ağır miraslarını, çəkdiyimiz zülmləri, zillətləri adlayacaq. Millət  tezliklə ayağa qalxıb, bütövləşib torpaqlarını azad edəcək, demokratik, normal seçkilərlə xalqı təmsil edən bir hakimiyyət qurulacaq.
    – Amma güclü ordunun yaranması, siyasi müstəvidə fəndlərin işlənməsi, potensialın cəmləndirilməsi baxımından vacib olan atəşkəs əldə olundu. Bəs “xalqı təmsil edən bir hakimiyyət” quruldumu? 
    – Əvvəla onu deyim ki, mənim atəşkəs məsələsinə yanaşmam fərqlidir. Atəşkəsin bir əvvəli, sonu olmazmı? O ki qaldı xalq hakimiyyətinə, təəssüf ki, bu məsələ dünyada getdikcə şirin bir ümid və arzuya çevrilib uzaqlaşmaqda və ya tarixə qovuşmaqdadır. Bu gün dünyanı kapital sahiblərinin, mason təşkilatlarının, oliqarx qruplaşmalarının gizli və açıq şəbəkələri idarə edir. Müxtəlif  “bahar”ların, “xalq üsyanları”nın, demokratiya çağırışlarının, partiya və cəbhə çarpışmalarının arxasında əsasən həmin antimilli qüvvələrin maraqları dayanır…
    Bütün bunlar da bizim kimi kiçik, lakin zəngin ölkələrə yaxşı heç nə də vəd eləmir.
     İstefa ilə bağlı onu da deyim ki, qanunvericiliyə görə müəyyən limiti nəzərə almazsaq, Milli Məclisdə təmsil olununanlar nazir ola bilməzdilər. O zaman Heydər Əliyev mənə dedi ki, səni çıxaran yoxdur, niyə istefa verirsən? Cavab verdim ki, mən bir ayağı orada, bir ayağı burada ola bilmərəm. Qanunlarımıza sayğı ilə yanaşıram.
    – Nazir postundan istefa verməyinizin səbəbləri bəlli oldu. Sabir Rüstəmxanlı həm də “Şöhrət” ordenindən imtina edib, bu siyasi mədəniyyəti də cəmiyyətimizə nümunə olaraq göstərib. Bu gün o vəzifə, o orden uğrunda fəhləsindən tutmuş ziyalısına qədər gör nələrdən keçməyə hazır olanlarımız var. Bütün bunlar hansı təəssürat və nostalji hisləri oyadır?
    -O addımlar mənim həyatımın məntiqindən doğub. Umduğumuz yoldan kənar addımların atılması, Qarabağ məsələsində irəli gedə bilməmək, əksinə bir az da geriləmələr, ölkəni bürüyən qaçqın və köçkün problemi, əsirlikdə qalan soydaşlarımız, ermənilər tərəfindən talan edilən və edilməkdə olan, yağmalanan torpaqlarımız, bir loxma çörək ümidiylə qul bazarlarında beli bükülən xalqın halı və bunu qəbul edə bilməməyim məni bu mövqedən çıxış etməyə sövq etdi. O vaxt elə belə də yazmışdım ki, “bir milyon qaçqın və köçkünü olan bir ölkənin şairi döşündə “Şöhrət” ordeni gəzdirə bilməz”…
    “BİZ NİYƏ BU QƏDƏR ASSİMİLYASİYA, ƏYİLMƏYƏ MEYİLLİ XALQIQ”
    – O zaman bu addımın, ictimai-siyasi çəkisinə qısqanclıqla baxanlar bunu “VHP sədrinin öz reytinqini artırmaq istəyi” kimi dəyərləndirdilər…
    – Bu gülünc və sadəlövh  yanaşmdır. Onda rəhmətlik Heydər Əliyev məni axtarmışdı. Aradan xeyli vaxt keçəndən sonra bir məclisdə onunla görüşəndə maraqlı bir söhbətimiz oldu.  Mənə dedi ki, bu, dövlətin ordeni idi, niyə imtina elədin, səndən incimişəm. İllər öncə onun təəssüflə dediyi bir söz yadıma düşdü və bunu Heydər Əliyevə xatırlatdım; o narahatlığını bildirib demişdi ki, biz assimilyasiyasiyaya, əyilməyə niyə bu qədər meyilliyik. Bunu yada salıb dedim ki, bu məsələ hamımızı narahat edir. Bilirəm ki, bu hərəkətim mənə problemlər yaradacaq, lakin bu orden üçün sıraya düzülənləri görəndə başqa çarəm qalmadı. Bu addımımla mən bir nümunə göstərmək istədim. Görsünlər ki, millətin şairi orden və medaldan, nazir vəzifəsindən ötrü sino getməli deyil. Məncə bu cavabım ona incikliyini unutdurdu.
    – Dostunuz Məmməd İsmayıl bir zaman vurğulayırdı ki, mənəviyyatımız para hesabına zorlanır. Haqlıdırmı və indiki durumda bu proses davam edirmi?
    – Məmməd İsmayıl bu məsələdə haqlıdır və bu proses indi də və əslində bütün dünyada, davam edir. Maddiyyat mənəviyyatı üstələyir, adamların dəyəri  elm, mədəniyyət, xidmət ilə deyil, para ilə ölçülür, Oğurluq,  xalqı soymaq namuslu yaşamaqdan üstün tutulur. Bu bütün insanlığın faciəsidir.  Çox təəssüf ki, KİV vasitəsilə millətə eybəcər cəmiyyət nümunəsi sırınır. Siyasi həyatda  yetkinliyin olmaması, dialoq  mədəniyyətin aşağılığı deyilənlərlə bağlıdır. Görünür, milli dəyərlərin dərk edilməsində və qorunmasında  çatışmayan məqamlar var. 5-10 ildən sonra Azərbaycanda kadr çatışmazlığı olacaq. Heç kimin xətrinə dəyməsin, bu gün yuxarı vəzifələrdə, millət vəkillərinin və nazirlərin arasında xeyli səviyyəsiz, lakin  varlı, pullu, imkanlı adamlar var.  Bununla paralel millətə şöhrət gətirən alim, sənətkar, ziyalı sıxıntı içindədir. Ürəyimizdən keçənlərin, millət üçün lazım olan istəklərimizin, layihələrimizin heç birini  gerçəkləşdirə bilmirik. İmkanı olanların isə belə bir niyyəti, düşüncəsi yoxdur…
    ”XALQDAN DANIŞANDA İQTİDAR, MÜXALİFƏT BÖLGÜSÜ ƏSAS DEYİL”
    –  Harınlamış təbəqə Xətai yurdunu çapıb talamaqdadır. Amma elə çapıb talayanlar səviyyəsində ömür sürən müxalifət liderləri də var. Bəs onların yaşamını beləcə gözəlləşdirən nədir?
    – Mən mütərəqqi millətçiliyin tərəfdarı olan, xalqı başqa düşüncələrin nostalgiyasından çıxarıb öz ruhuna, öz kökünə qaytarmaq istəyən bir ideyanın adamıyam. Millətçilik cəmiyyəti bölmək deyil, ümumi birliyə xidmət edən yanaşmadır. Buna görə də cəmiyyətdən və xalqdan danışanda iqtidar, müxalifət bölgüsünə  nisbi yanaşıram. Bunların heç biri əbədi deyil.  Tərəflərin hamısı bir xalqın, bir cəmiyyətin subyektləridilər.  Qohum olanı, eyni tərbiyəni görəni var. Müxalifəti də ideallaşdırmıram. Ancaq onlar arasında sənin dediyin səviyyəyə yaşayan adamların olduğuna inanmıram. İnsanların halal yolla öz zəhməti və ağlı ilə zənginləşməsi isə normal işdir. Lakin xalqın taleyini, gələcəyini, mənafeyini riskə atıb qazanılan sərvət heç kimə şərəf gətirməz. İstər İqtidar olsun, istər müxalifət. Bunun hökmən bir sorğu-sualı olmalıdır. Heç nə izsiz itib getmir.
    “MİLLƏTİNİN ABRI ƏLDƏN GEDİRSƏ, SƏN NƏYİ GÖZLƏYƏ BİLƏRSƏN!?”
     
    – Mətbu hücumları zamanı dost sandıqların yanında olmadılar. Nə ilə bağlıdır bu?
    – VHP-yə çox adamlar gəlib gedib. Hamısına da mən dost kimi baxıram.
     – Mən bunu VHP çərçivəsində deyil, ədəbi mühit çərçivəsində söylədim, birinə atılan daşa o birisinin biganə qalmasıyla “qara durna taleyi”ni yaşayan ədəbi mühit…
    – Bu ağrını çoxdan yaşayıram. Mənə ölüm fitvası çıxarılanda nə bir yazıçının, nə bir dostun, nə bir yaradıcı təşkilatın səsi çıxdı,  amma mən onlarla ziyalını müdafiə etmişəm. Qəribədir ki, dilimizə, milli kimliyimizə, tariximizə, klassiklərimizə münasibətdə də atılan daşların qarşılığında eyni susqunluğun şahidi oluruq. Səfəvilərlə bağlı çoxlu yazılar yazan Güntay Gəncalpı tanıyırsan, güneyli soydaşımızdır. Onun yazılarına nədənsə heç kim cavab vermir və təəssüf ki, getdikcə daha ziyanlı, milli mənafeyə zidd yazılar yazır. Mən cavab verdim, indi bu tipli cavablardan, dialoqlardan ibarət bir kitab hazırlamışam. “Milli mənafeyimiz və biz” adında. Ziyalılar böhtanlara, tariximizlə bağlı yalanları cavabsız qoymamalıdır.  Di gəl, hər kəs öz abrını gözləyir. Lakin indi elə bir durum yaranıb ki, birini müdafiə eləyəndə müdafiə olunan qalır bir yanda, sən hədəfə çevrilirsən… Millətinin abrı əldən gedəndə, sən nəyi gözləyə bilərsən!?
    – Ortalıqda bir paradoks var: son dövr müstəqil mətbuatımızın hamisi və yaradıcısı olan bir ağsaqqal elə həmin mətbuatın qəlsəmələri arasında özünə yer alan mətbu infuzorların əliylə ikili standartın daşıyıcısı kimi təqdim olunub gözdən salınır. Reallıqda nə baş verir? Ölən balıqların Xəzər dili bizə qənim kəsilibmi?
    – Maraqlı sualdır. Yanıma  kitablarımdan bircə sətir belə oxumayan jurnalist gəlir, müsahibə götürmək istəyir. Beləsi  üçün jurnalistika məsuliyyəti  deyilən bir şey yoxdur. Onlar tanımadığı adamları sorğulamağa qalxırlar, bilmirlər ki, yanına gəldiyi adamın Azərbaycan mətbuatı, ədəbiyyatı, mədəniyyəti, müstəqillik tarixi qarşısında nə xidmətləri var. Hətta keçən əsrin 80-cı illərində Azərbaycanın ilk müstəqil qəzetini mənim buraxdığımı da bilmirlər. Belə olanda əlbəttə yalan və iftira da baş alıb gedir.  Biz hamılıqla mətbuatımızı bu korkoranə yazılan səthi cızmaqaralardan qorumalıyıq. Amma dəyər verildi-verilmədi içimdə bir rahatlıq var ki, mən bu işi görmüşəm. Yaradıcı insanlar təkcə bu gün üçün yaşamırlar, hər birinin bəlli bir hədəfi var.
     
    – Nədir o hədəflər? 
    – O hədəflər mənim sizləri maraqlandıran Manifestimdir. Kitablarımı oxuyanlar bu sualı verməzlər. Bizim birinci “manifestimiz” ölkəmizin SSRİ-nin tərkibindən qopması və müstəqilliyini bərpa etməsi idi. Bu yolda fəaliyyətimi xalq meydanlarda,  mətbuatda və kitablarımda gördü.  İndiki “manifestim” həmin yolun davam etdirilməsi, torpaqlarımızın düşmən işğalından azad edilməsi və ölkədə qanunun aliliyini əsas götürən və seçki yolu ilə formalaşan normal, demokratik, çevik bir hakimiyyətin formalaşdırılmasıdır. Hədəfim Azərbaycanın gələcəyidir, bütövlüyüdür, Güneyin İstiqlalıdır, Türk dövlətlərinin yaxınlaşmasıdır, bölgəmizdə sabit bir durumun yaradılması, Avropa birliyinə bənzər bir birliyin qurulmasıdır, Turandır… Heç bir yardım olmadan,  öz məhdud imkanımla  bu hədəfə doğru uzanan yollarda çox əziyyətə qatlaşmışam. Uzun illərdir Azərbaycan Dil Qurumuna başçılıq edirəm. “Bakı-Təbriz” jurnalı buraxmışam. Bütün Türk Dünyasını gəzib ortaq tariximizin, ortaq ədəbiyyatımızın araşdırılması, ortaq dəyərlərimizin təbliği istiqmətində əlimdən gələni etmişəm. Və bütün bunları mən həm də Sözümlə,  yaradıcılığımla deməkdəyəm. Bu  xoşbəxtliyimi  xırda və ötəri  qəzetçilik maraqlarına, mənə olan biganəliyə  qurban verə bilmərəm… Bu, Allahın verdiyi bir taledir və manifest kimi gurultulu adları ömrümün mahiyyətini oluşduran bu ideallara yaraşdırmıram..
    Hər zaman söyləmişəm, indi də deyirəm. Bu gün elə bil hansısa şəbəkə Azərbaycan gəncliyini, bütövlükdə cəmiyyəti narazı salmaq xətti götürüb. Gəncliyi sosial problemlərlə üz-üzə qoymaqla onları sarsıntı halına gətirmək adiləşib. Gənclərə şərait yardılmayanda, Vətən sahib çıxmayanda onlar da başqa ölkələrə sığınmağa məcbur olurlar. Bir hissəsi normal fəaliyyətlə məşğul olsalar da, digər hissəsi mübarizə adı altında dövlətimiz üçün yeni problemlər yaradır. Əslində bu xoşagəlməz ənənənin yaranmasında iqtidardakı bəzi məsuliyyətsiz məmurlar günahkardır. Diasporla və müxalifətlə münasibətlər düşmənçilik müstəvisində aparıla bilməz. Bu iş özəl yanaşma və bacarıq tələb edir. İndiki qarşıdurmanı iqtidar özü yaradıb. Əlindəki media resursları, səviyyəsiz teleproqlamları ilə, əslində özlərini  gözdən salan “kuklaların” və “siyasətçilərin” xalqda gülüş və istehza doğuran verilişləri və yazıları ilə.  Buna iqtidarın özünüqoruması və öz təbliğatını aparması kimi baxılır. Lakin bu, peşəkarlıqla və layiqli adamların dili ilə aparılmayanda lətifəyə çevrilir və bumeranq kimi hakimiyyətin öz üstünə qayıdır. Bu barədə narazı gənclərlə danışanda sual yaranır ki, qanunlar pozulanda, xalqın maraqları unudulanda, iqtidar bizi adam yerinə qoymayanda başqa hansı yolumuz qalır. Məncə, siyasi mübarizədə, dialoqda üstünlük bir-birini daha bərk təhqir etməklə yox, əksinə qanunsuzluğa – qanun daxilində, ədalətsizliyə-ədalətlə, vəhşiliyə-insanlıqla cavab verməklə qazanılır. Xalq özü hər şeyi seçir və haqq olanı qəbul edir.
     “CƏMİYYƏTİN PROBLEMLƏRİ SUALLARA CAVABLA DEYİL, İŞLƏ HƏLL OLUNUR”
    – Qərbin Azərbaycan İnsanını “laboratoriya sakini”nə çevirmək cəhdi nə ilə nəticələnə bilər?
    – Yaxın xarici götürəndə istər İran olsun, istərsə də Rusiya Azərbaycanın təcrübə poliqonuna çevrilməsi istiqmətində ciddi işləyir. Adıçəkilən dövlətlər Azərbaycan daxilində həm öz tərəfkeşlərinin sayını artırırlar, həm də missionerlər yetişdirməyə çalışırlar. Hakimiyyət uğrunda gedən gizli savaş çox ciddi problemlər yaradır.  Qonşu ölkələrin və Qərbin kəşfiyyat orqanları müxtəlif adlar altında müxtəlif təşkilatlar formalaşdırıb onların Azərbaycanda fəaliyyətinin inkişaf etdirilməsi üçün nə qədər çabalar göstərsələr də, Azərbaycan layiq dövlət olaraq qalmaqdadır. İnancı siyasətin qulu etmək yanlışdır.
    – Göy Tanrıya and içirsiniz, yoxsa Allaha?
    – And içməyi sevmirəm. Yaradana Tanrı deyirəm. Bir şerim var – “Tanrıçıyam, bilirsən!”  Onu deyim ki, sənin suallarının  bəzisinə cavab vermirəm. Çünki cəmiyyətin elə problemləri var ki, cavabla həll olunmur, işlə həll olunur. Bunun yolu verilən təhsildən, məktəblərdən, televiziyalardan, hər bir evə, hər bir ailəyə nüfuz etməkdən keçir. Hərdən itib gedən, boşuna sərf olunan gücümüzdən, potensialımızdan ötrü heyfsilənirəm. Təsəvvür elə, 5 ilə yaxın mətbuat naziri, 10 il “Ədəbiyyat” qəzetinin şöbə müdiri, 10 il “Yazıçı” nəşriyyatının baş redaktoru, 2 il də “Azərbaycan” qəzetinin baş redaktoru olmuşam, bütün ömrüm mətbuata həsr edilib. Özünü mətbuatın yuxarı ranqlı məmuru kimi aparanlar sanki bunlardan xəbərsizdirlər, peşəkar, mütəxəssis mövqeyi ilə maraqlanmırlar.   Mənim imkanlarım çərçivəsində xeyir verə biləcəyim yerlər var ki, qapıları üzümüzə qapanıb. Auditoriyalarda öz duyğularımı, milli düşüncələrimi, topladığım təcrübəni Azərbaycan gəncləri ilə paylaşmaq istəyirəm. Hərəkat dövründə mənim milli çevrəm var idi – bir milyon, iki milyon. Amma bu gün biz sanki vakkumda yaşayırıq. Kitablarımız da öz hesabımıza, az tirajla çıxır, rayonlarımızda kitab dükanları olmadığına görə kənd oxucusuna gedib çatmır. Bu yazıçının və ədəbiyyatın böyük faciəsidir və rəsmi dairələri də düşündürməlidir.
    “BİLİB DEMƏDİKLƏRİM DEYƏ BİLMƏDİKLƏRİMDƏN ÇOXDUR”
    – Həm VHP, həm də həmsədr olduğun DAK hədəflərə çatma və rəqiblərin zərərsizləşdirilməsində real potensialını yönləndirə bilməyib, real güc konsalidə olunmayıb… Problem nədədir?
    – Bu məsələdə tələb və imkan prinsipi nəzərdən qaçırılmamalıdır. Elə bu kontekstdə qəzetimizin, jurnalımızın bağlanması da bir sübutdur. Neçə müddətdir ki, qurultayımızı keçirə bilmirik. Dövlət tərəfindən ayrılan maliyyə dəstəyilə aparatda oturan işçilərin əmək haqqını ancaq vermək olur. Həmin pulla hansısa qəzet çıxarmaq, hansısa hədəfə çatmaq mümkün deyil. Burada maddiyyatla yanaşı başqa bir məsələ də mövcuddur. Partiyaya gələn adamlar həm də öz fərdi problemlərinin həllində maraqlı olurlar… Ancaq bu məsələnin həllində nəinki müxalifət partiyası, hətta iqtidar partiyasının özü də acizdir. Partiyalardan, digər qurumlardan qopmaların sırasında bu amil də var.
    – Mənim müraciətimdəki sosial sifarişlə “siyasətçi həqiqəti deməyiylə dəyərlidir” söyləyən Aydın Canıyev Qarabağ probleminə münasibətdə “Rüstəmxanlının bildiyi ayrı bir yol varmı?” sosial sifarişi üst-üstə düşdü. Mən Aydın bəyə bunun cavabında təkcə kitablarınızın adlarını sadalamaqla kifayətlənmişdim. Buyurun, Sabir bəy, sosial sifarişi cavablandırmanın zamanıdır.
    – Nəinki siyasətçi, ümumiyyətlə fərd olaraq hər bir kəs həqiqəti söyləməsiyilə dəyərlidir. Bu, jurnalistlərə də aiddir. Amma mən yenə də deyirəm, vaxtı çatmayan həqiqətlərin səsləndirilməsi də ziyan vura bilir.  Zamanın belə “qəddarlığı”na həm də təəssüf edirəm. Yazıçı olaraq mənim idealım həqiqəti yazmaqdır. Yaradıcı insan hətta bir çox hallarda zamanı qabaqlayaraq sözünü Sözün Sehriylə deməlidir,  ən azından içindəki “mən”in və bu “mən” uğrunda çarpışdığı idealların rahatlıq tapması naminə….
     
    – Bu konuda Sabir Rüstəmxanlının deyə bilmədikləri çoxdur, yoxsa bilib demədikləri?
    – Şübhəsiz bilib demədiklərim çoxdur…
    – Qarabağ məsələsinin həlliylə bağlı necə?
    – Həmin məsələ ayrıca bir söhbətin mövzusudur. İlham Əliyev və Azərbaycan rəsmilərinin Qarabağ probleminin həlli ilə bağlı nümayiş etdirdikləri mövqe və ortaya qoyduqları format   bütövlükdə mübahisə doğurmur, bəzi məqamlarda yetərincə cəsarətlidir. Azərbaycanın torpaq bütövlüyü və Qarabağ məsələsində fikir ayrılığı ola bilməz. Lakin  illər öncə turist təşkilatı adlandırdığım Minsk qrupu çoxdan öz limitini bitirmişdir. Azərbaycan öz haqlı mövqeyini müdafiə etmək üçün təzyiqi artırmalı, danışıqların yeni formaları tapılmalı, bu işdə Qarabağ köçgünləri fəallaşdırılmalıdır. Aprel döyüşləri danışıqlar yolunu hərbi təzyiqlərlə dəstəklənməsinin zəruri olduğunu göstərdi. Bu xətt davam etdirilməlidir. Bununla belə,  Qarabağda uğur qazanmaq üçün əsas şərtlərdən biri ölkədə insan haqlarının, qanunun aliliyinin, ədalət prinsipinin qorunması, vətəndaş cəmiyyətinin inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşması, vətəndaş həmrəyliyinin güclənməsidir.
  • Sabir Rüstəmxanlı: “İqtidar ona qarşı olan qüvvələrlə zor dilində danışmamalıdır” – MÜSAHİBƏ

    “Azərbaycanda seçkilərin boykot mexanizmi yoxdur, bu, nəticə etibarı ilə heç nəyə təsir göstərmir”

    “Əgər ciddi səmimiyyət olsa, onda müxalifət deməlidir ki, siz vermirsinizsə gəlin yığışıb bir yerdə Sərdar Cəlaloğlunu müdafiə edək”

    Sabir Rüstməxanlı: “Əgər ailədən bir nəfər ölkəni tərk edibsə, onun bütün ailə üzvləri, yaxınları əziyyət çəkməməlidir”

    “Ölkədən gedənlər əgər Azərbaycan iqtidarı ilə mübarizə apardıqlarını düşünürlərsə, bu, söyüş, təhqir çərçivəsində deyil, siyasi mədəniyyət çərçivəsində olmalıdır”

    “Bəzən burda səsini eşitmədiyimiz, heç vaxt mübarizə meydanlarında və müxalifət düşərgəsində olmayanlar xaricə çıxan kimi özünü qatı müxalifətçi kimi təqdim edir”

    Növbədənkənar prezident seçkilərinə sayılı günlər qalıb. Mərkəzi Seçki Komissiyası 8 nəfərin namizədliyini qeydə alıb və həmin şəxslər 11 aprel tarixində Azərbaycan Respublikasının prezidenti olmaq uğrunda mübarizə aparacaq. 1995-ci, 2000, 2005, 2010 və 2015-ci illərdə parlament, 2003-cü ildə isə prezident seçkilərinə qatılan, hazırda deputatlarının sayına görə Milli Məclisdə ana müxalifət statusunda olan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) isə hələ ötən ilin sonlarında 2018-ci ilə prezident seçkilərinə qatılmayacağını bəyan edib. Odur ki, həm bunun səbəblərini, həm də siyasi arenada, eləcə də ədəbi mühitdə baş verən olaylarla bağlı fikirlərini öyrənmək məqsədilə Xalq şairi, VHP sədri, eks-millət vəkili Sabir Rüstəmxanlı ilə söhbətləşdik.

    – Partiyanız hələ ötən ilin sonlarında prezident seçkilərində iştirak etməyəcəyini bildirib. İlk öncə bunun səbəblərini öyrənmək istərdik. Nədən seçkilərə qatılmadınız?

    – Mən bir dəfə prezident seçkilərində iştirak etmişəm. Həmin vaxt o qədər ədalətsizlik, seçkilərin kobud şəkildə saxtalaşdırıldığını gördüyümdən qərara aldım ki, bu cür mühitdə seçkidə iştirak etmək olmaz. Konkret səbəbi budur. Bu dəfə isə seçki ümumiyyətlə, gözlənilməz oldu. Ola bilsin ki, seçkilər payızda keçirilsəydi, o vaxta kimi seçki haqqında başqa qərar qəbul etmək olardı. Amma indi gözlənilmədən seçkinin irəli çəkilməsi əlimizi, qolumuzu bağlayan hadisə idi. Belə tələsiklikdə bizim seçkiyə getmək imkanımız mümkün olmazdı.

    – Seçkini boykot edənlər prosesə qatılanları nəinki tənqid, hətta təhqir edirlər. Halbuki hər bir siyasi təşkilatın hakimiyyətə gəlməsinin yeganə sivil yolu seçkilərdə iştirakdan keçir. Bununla bağlı nə düşünürsünüz?

    – Seçkiyə getməsək də partiyanın üzvləri səs verməkdə sərbəstdirlər. Bizim seçkini boykot etmək imkanımız da yoxdur. Çünki məntəqə və dairələrdə, o cümlədən Mərkəzi Seçki Komissiyasında nümayəndələrimiz var. Biz Azərbaycanın seçki prosesinin iştirakçısıyıq. Bundan kənara çəkilmək mümkün deyil. Ona görə də desək ki, boykot edirik, bu mənasız bir söz olar. Ümumiyyətlə, Azərbaycanda seçkilərin boykot mexanizmi yoxdur. Əslində, boykot nəticə etibarı ilə heç nəyə təsir göstərmir. Müxalifət düşərgəsinin bir hissəsi və ya tamamilə hamısı seçkidən imtina edir, prosesi boykot edir, amma başqa bir qüvvə tapılıb müxalifət adına seçkilərdə iştirak edir. Bu şəkildə boykot bəzi siyasi addımların özünü aldatmasından başqa bir şey deyil. Biz bu məsələlərdə sözlərin arxasında gizlənmək yolunu tutmuruq. Açıq danışmağı xoşlayırıq və açıq danışırıq.

    O ki qaldı bir qanadın digərini tənqid, təhqir etməsinə, təəssüf ki, Azərbaycan cəmiyyətində təhqir, adamları alçaltmaq, qanunları nəzərə almadan insanları söymək, onların ailəsini, uşağını təhqir etmək az qala siyasi mübarizə adı altında həyatımıza daxil olub. Bunun da adını mübarizə qoyurlar. Halbuki bu, mübarizə deyil. Məsələn, sosial mediaya baxdıqda heyrətlənirəm ki, biz hansı mühitdə yaşayırıq. Millət anlayışının təməlində bir sevgi dayanmalıdır, millətin nəfərləri bir-birini sevməlidir. Ortada bu olmadıqda hərə bir yalquzağa dönüb öz yuvasına çəkilir. Sosial medianı izlədikdə adamların sevgi, mərhəmət hisslərinin yoxa çıxdığını görürsən. Sanki biri digərinin ürəyini partlatması, axırına çıxması üçün amansız döyüş gedir. Heç düşmənlə bu cür vuruşmurlar. Sosial mediada gedən bu savaşın böyük əksəriyyəti ədalətsizdir. Siyasi cəbhələrin bir-biri ilə bu cür mübarizə aparmasını az-çox başa düşürəm. Təəssüf ki, bunun təməlini vaxtilə hakimiyyət mətbuatı qoyub. Belə ki, “Müxalifət yoxdur, onun axırına çıxdıq, bitirdik” kimi bəyanatlarla və ya təhqirlərlə mətbuatda söyüş ənənəsi yaratdılar. İndi bu, həm də facebook səhifələrinə də keçib. Tanıdı-tanımadı, sənin şeirini, kitabını oxumayan, keçdiyin yollardan, apardığın mübarizələrdən xəbərsiz olanlar kiminsə fitvası ilə ortaya düşüb təhqirə başlayırlar. Bunun adı nadanlıq, cahillikdir. Heç kim heç kimi söyüşlə bitirə bilməz. Milçək bir şey deyil, sadəcə, ürək bulandırır. Belə şeylər əslində, zəif adamları öz millətindən, toplumundan küsdürür. Məsələn, bu günlərdə bir yerdə yazmışdılar ki, guya Sabir Rüstəmxanlı Azərbaycanda talışlara, kürdlərə, ləzgilərə nifrət edir. Mənim Azərbaycan dilində 25, xarici ölkələrdə isə 45 kitabım çıxıb. Sayı-hesabı bilinməyən məqalələrim, çıxışlarım, yüzlərlə şeirlərim nəşr olunub. Əgər o adam 70 illik həyatım boyu talışa, kürdə, ləzgiyə qarşı sayğısız 1 misra, ya 1 cümləmi tapsa deyərəm ki, sən haqlısan. Əgər bu yoxdursa, bunu yazan dünyanın ən şərəfsiz, alçaq adamıdır. Deməli, bu, həmin xalqın nümayəndələrinə məni təhqir etdirmək üçün bir kampaniyadır. Mən Vətəndaş Həmrəyliyi Partiyasının sədriyəm. Ölkənin bütün vətəndaşlarına bir gözlər baxıram, hamısı mənim üçün eynidir. Bu ayrı məsələdir ki, biri deyir ləzgiyəm, biri deyir tatam, biri deyir avaram, mən də deyirəm türkəm. Bunu demək onları alçaltmaq deyil. Əksinə, mən hamısına qardaş gözü ilə baxıram. Amma kökünü danan haramzadadır. Gərək heç kim kökünü danmasın. Mətbuatı bu cür təbliğatlarla doldurmaq, ətrafa kin püskürmək bizim cəmiyyətə yaraşmaz. Bu, həm də Azərbaycanın diqqətini əsas hədəflərdən yayındırır. Bu gün az qala bütün ziyalıları, yazıçı və şairlərimizi, hətta tarixi qəhrəmanları belə, düşmən elan ediblər. Dədəsindən, böyüyündən, keçmişindən, tarixindən xəbərsiz bir dəstə gənc ortaya düşüb hər kəsə böhtan atır. Belə olmaz, bunun gələcəyi yoxdur.

    – Milli Şura sədri Cəmil Həsənli seçkiyə qatılan müxalifət partiyalarına düşmən mövqedə dayanaraq onları xəyanətdə ittiham edir. Siz necə düşünürsünüz seçkiyə getməyi xəyanət kimi qiymətləndirmək doğrudurmu?

    – 90-cı illərin əvvəllərində 2 xətt vardı – Xalq Cəbhəsinin müdafiə etdiyi və iqtidarın deputatları. Onda hər şey aydın idi. Sonra siyasi partiyalar – Müsavat, Azərbaycan Milli İstiqlal Partiyası yarandı, Xalq Cəbhəsi isə parçalanmışdı. O zaman ölkədəki qarşıdurmanı, separatizmi görəndə Azərbaycanı parçalanmadan qorumaq məqsədiylə biz Vətəndaş Həmrəyliyi Partiyasını yaratdıq. Həmin vaxtdan sonra nə qədər seçki olubsa prosesə qatılmayanlar qatılanları həmişə ittiham edib. Gələn dəfə isə yerlər dəyişib. Yəni ötən seçkiyə gedənlər bu dəfə kənarda qalıb, onları ittiham edənlər isə seçkiyə qatılıb. Buna görə də bu cür məsələlərdə sayğılı davranmağın tərəfdarıyam. Cəmil bəy mənim dostumdur, böyük alimimizdir, ona sayğım var. Amma hesab edirəm ki, real fikirləşmək lazımdır. Getməyənlər çəkilsə yenə kimlərsə tapılıb seçkiyə qatılacaq. Ona görə də kimin haqlı, kimin haqsız olduğunu bu şəkildə ayırd etmək çox çətindir. Çünki biz seçkini ancaq prosesə 3-4 ay qalmış fikirləşirik. Halbuki bu seçki qurtardığı gündən növbəti seçki ilə bağlı düşünməli idik. Biz bir komandaya çevrilmək, alternativ tərkibin, namizədin formalaşdırılması istiqamətində birlikdə 5 il ərzində çalışmalıydıq. Əgər bu gün bu, yoxdursa, indiki hakimiyyət alternativsiz olduğuna dair təsəvvür yaradırsa, bunun gühanı təkcə iqtidarda deyil, həm də bizim özümüzdədir.

    – Müxalifət düşərgəsində təmsil olunan liderlərin vahid namizəd müəyyənləşdirə bilməməsinin səbəbi nədir?

    – Gərək, müxtəlif iddialar, uzun illərdir davam edən bölücülük, “Mən müxalifətəm, məndən başqa müxalifət yoxdur”, “Əsas müxalifət mənəm, yerdə qalanlar müxalifətçi deyil” kimi söhbətlərin heç biri olmayaydı. Vaxtilə müxalifət düşərgəsində Demkonqres, SİDSUH, DUH kimi birliklər olub. Hər halda o birliklər indi mümkün olmasa da, ən azından bir-birini ittihama da ehtiyac yoxdur. Təbii şəkildə lider seçilib ortaya gəlmirsə onu süni surətdə yaratmaq da mümkün deyil. Əgər bu, mümkün deyilsə, onda öz iddiasını ortaya qoyan adamları da ittiham etmək olmaz. Bu gün namizədliyini verən Sərdar Cəlaloğlunu necə ittiham etmək olar? O da bu düşərgənin bir nümayəndəsidir, illər uzunu meydanlarda olub. Keçən dəfə bir başqası namizədliyini verib, bu dəfə isə o, verir. Əgər ciddi səmimiyyət olsa, onda müxalifət deməlidir ki, siz vermirsinizsə gəlin yığışıb bir yerdə Sərdar Cəlaloğlunu müdafiə edək. Yox, onu müdafiə etmirsinizsə, o zaman heç olmasa tənqid, təhqir etməyin. Çünki vaxtikən bu addımları siz də atmısız, indi isə o, atır. Nə fərqi var, dünən Müsavatın və ya AXCP-nin bir namizədi vardısa, bu gün isə ADP-nin bir namizədi var. Odur ki, boş-boşuna, havadan bir nəticə çıxarmaq olmaz.

    – Sabir bəy, namizədliyini irəli sürmüş müxalifət düşərgəsində təmsil olunan şəxslərdən kimi şanslı, qələbəyə daha yaxın hesab edirsiniz?

    – Bu barədə bir şey deyə bilmərəm. Bu, yəqin ki, seçki kampaniyasında və televiziya debatlarında aydın görünəcək. Odur ki, bəri başdan nəsə demək olmaz.

    – VHP seçkilərdə hansısa namizədi dəstəkləyəcəkmi?

    – Düşünürəm ki, hələ bu barədə danışmaq tezdir. Yalnız debatlardan, aparılan müzakirələrdən sonra nəsə demək olar. İndi bu barədə bir söz deməyə çətinlik çəkirəm.

    – Bildiyiniz kimi, prezident seçkiləri 5-6 ay qabağa çəkildi. Sizcə eyni hal parlament seçkilərində də təkrarlana bilərmi? Ümumiyyətlə, parlament seçkilərinə qatılmağı planlaşdırırsınız?

    – Bu barədə də danışılır ki, guya parlament seçkiləri də irəli çəkiləcək. Lakin bununla bağlı məlimatım yoxdur. Amma hər halda parlament seçkilərində meydan daha genişdir, 1 yox, 125 namizəd müzakirə olunur. Biz Azərbaycanda müstəqillik dövründə keçirilən bütün seçkilərə qatılmışıq. Ona görə də kənarda qalmağımız üçün heç bir səbəb görmürəm. Təbbi ki, seçkilərə qatılacağıq və mən də namizədliyimi verəcəm. Hesab edirəm ki, parlamentə daha təcrübəli adamlar seçilməlidir. Odur ki, yenidən parlament seçkilərində namizədliyimi vermək haqda düşünürəm. Sözsüz ki, bu, bir az da Allahın verdiyi ömürlə, sağlamlıqla bağlıdır.

    – Necə düşünürsünüz, bu gün seçkiləri boykot edənlər parlament seçkilərinə qatılacaqlarmı?

    – Qeyd etdiyim kimi, parlament seçkilərində meydan genişdir, əgər obyektiv yanaşılsa seçilmək imkanları da var. Əhalinin narazı təbəqəsi getdikcə çoxalır. Bunun isə obyektiv və subyetkiv səbəbləri var. Milli Şura bu narazılıqdan istifadə edib mitinqlər keçirir. Əhalinin müəyyən bir qismi də bunu müsbət qarşılayır. Yəni bu gün həmişə olduğu kimi, real müxalifət deyiləndə etiraz edən, müqavimət göstərən, mitinq keçirən qüvvəni nəzərdə tuturlar. Burada mübahisə açmaq istəmirəm. Lakin hesab edirəm ki, mitinqdən başqa da mübarizə yolları var. İntellektual, oxuyan cəmiyyət üçün hər bir yazının, hər bir kitabın çox böyük əhəmiyyəti var. Bir mitinqdə 5-10 min adam iştirak edirsə, bir kitabı 20-30 min adam oxuya bilər. Vaxtikən “Ömür” kitabımı 88-ci ilin meydan mitinqlərində iştirak edənlərin çoxu bayraq kimi əlində gətirirdi. Bu kitab o mitinqlərin təşkilatlanmasında böyük kömək göstərmişdi. Bu mənada mən yazı-pozu adamı kimi özümü mübarizədən kənarda hesab etmirəm. Mənim həyatımın amalı var. İstəmişəm ki, Azərbaycanda normal, gözəl dövlət qurulsun, ədalət bərqərar olsun, normal seçkilər keçirilsin, hakimiyyət bölgüsü düzgün aparılsın, 100 il bundan əvvəl qurulmuş dövlətin prinsipləri qorunsun, o tarixə sayğı ilə yanaşılsın, insanlar rahat yaşaya bilsin. Bunlar mənim arzularımdır və bu yolda yazılarımla, kitablarımla, çıxışlarımla, görüşlərimlə mübarizəmi davam etdirirəm. Mən 88-ci ilin mitinqlərinə çıxanda 40 yaşım vardı və hər gün meydanda çıxış etmək çox normal idi. O vaxt bu, bizim nəslin boynuna düşən vəzifə idi. Bu gün başqa bir nəsil gəlir və o işi başqaları görməlidir. Yəni kim meydana çıxmırsa onu düşmən hesab etmək, başqa gözlə baxmaq doğru yanaşma deyil.

    – Bu və digər səbəblər üzündən Azərbaycanı tərk edib xaricdə məskunlaşan şəxslərin bir qismi bu gün iqtidarla mübarizə adı altında ölkənin milli maraqlarına, onun beynəlxalq nüfuzuna zidd addımlar atır, hətta təhqirə baş vururlar. Sizcə, bunun kökündə duran səbəb nədir?

    – Tək Azərbaycanda deyil, bir sıra xarici dövlətlərdə də iqtidardan narazı olan adamlar ölkələrini tərk edib gedirlər. Onların sayı az olanda diqqəti cəlb etmirdilər. Lakin say artdıqca şübhəsiz, onlar təşkilatlanır, müxtəlif media qrumları və təşkilatlar yaranır. Məsələn, İran müxalifətinin Paris ətrafında bir qrultayına qatılmışdım. Həmin vaxt orada on minlərlə adam iştirak edirdi. Bizim iqtidarın bəzi nümayəndələri elə fikirləşirlər ki, Azərbaycanın bu qədər bacarıqlı gəncini ölkədən kənarlaşdırmaqla özlərinə rahat şərait yaradırlar. Elə zənn edirlər ki, artıq onlara etiraz edən olmayacaq. Lakin nəzərə almırlar ki, burdan gedən qüvvə sözünü xaricdən də deyə bilər. Texniki imkanlar belədir. Xaricə getməklə onların potensialı itmir. Gəncləri uzaqlaşdırmaqdan və düşmən gözüylə görməkdənsə, onları Vətənə bağlamaq, işlə təmin etmək, onların inkişafı üçün şərait yaratmaq və bu prosesdə fikir müftəlifliyinə sayqı ilə yanaşmaq lazımdır.

    Bütün ölkələr, cəmiyyətlər bu yolu keçirlər. Biz də bu yolu keçirik və başqa cür mümkün deyil. Amma burda bir siyasi mədəniyyət söhbəti var ki, gərək iqtidar Azərbaycandan kənara gedənlərin ailəsinə, uşaqlarına, qohumlarına münasibətdə diqqətli olsun, onları bu qarşıdurmaya qarışdırmasın. Yəni əgər ailədən bir nəfər gedibsə, onun bütün ailə üzvləri, yaxınları əziyyət çəkməməlidir. Ölkədən gedənlər əgər Azərbaycan iqtidarı ilə mübarizə apardıqlarını düşünürlərsə, bu, söyüş, təhqir çərçivəsində deyil, siyasi mədəniyyət çərçivəsində olmalıdır. Mən öz xalqını, millətini sevən bir adam kimi, iqtidar-müxalifət, hakimiyyət-vətəndaş münasibətlərinin bu yerə gəlib çıxmasını istəmirəm. Sabah yerlər dəyişilə, biri gedib, yerinə digəri gələ bilər. Odur ki, biz mübarizənin daha pis məcralara yönəlməsinin qarşısını almalıyıq. Bizim xalqın tarixən formalaşmış müəyyən prinsipləri, ədəb-ərkan qaydaları var. Düşmənçiliyi də müəyyən çərçivələr daxilində etmək lazımdır. Gərək bunlar nəzərə alınsın. Avropa Azərbaycanlıları Konqresində də bu sözlərimi demişəm. Ola bilsin ki, ifadə etmək istədiklərimin hamısını demədim. Lakin “niyə tənqid edirsiniz və ya niyə mübarizə aparırsınız?” deyə bir ifadə səsləndirməmişəm. Sadəcə qeyd etdim ki, tənqid ölçü-biçi daxilində olmalıdır, heç kimin şəxsiyyətinə toxunmaq olmaz. Bir məsələ də var ki, burda səsi çıxmayan, heç vaxt mübarizə meydanlarında və müxalifət düşərgəsində olmayanlar da getdiyi ölkədə özünü qatı müxalifətçi kimi təqdim edirər. Bəziləri isə belə bir absurd iddəa ilə çıxış edirlər ki, guya Azərbaycanda milli ayrı-seçkilik mövcuddur və azsaylı xalqların nümayəndəsi olduqlarına görə burada onları incidirlər. Belə saxtakarlıqları qəbul etmək olmaz. Axı burda belə bir şey yoxdur. Bəli, burada məmurların onları tənqid edənlərə dözümsüzlük halları var. Bunu heç kim inkar edə bilməz. Amma bunu bütünlüklə dövlətə qarşı çevirmək, ölkənin milli təhlükəsizliyinə qarşı təhlükə yaradan addımlar atmaq, düşmən dəyirmanına su tökmək olmaz. Məncə, bu proeslərdən ciddi nəticələr çıxarılmalıdır..

    – Sabir bəy, necə düşünürsünüz Azərbaycanda milli kimlik problemi varmı?

    – Bizdə inkar olunan və təzyiqə məruz qalan milli çoxluqdur – türklərdir. Dilinin adını, xalqının adını deyə bilməzsən. Tarixindən danışanda “türk” sözünü dilinə gətirənlərə xor baxılır. Bu zaman neçə yerdən səni təhqir etməyə başlayırlar. Mən elə zonada böyümüşəm ki, bizim təsəvvürümüzdə heç vaxt türk-talış ayrı-seçkiliyi olmayıb. Qohumlarımız var, qız verib, qız almışıq. Amma hər halda hər kəsin bir etnik kimliyi var. Bunu inkar edə bilmərəm. Bu, dədəmin, babamın ruhuna hörmətsizlik olar. Mən nə deməliyəm özümə? Biz hamımız azərbaycanlıyıq. Ancaq birisi evində ailəsi, uşağı ilə öz etnik dilində danışır, öz xalqının adını deyir, başqası bunu deyəndə bu millətçilik və ya ayrı-seçkilik salmaq sayılır. Mənim də o hüququm var. “Azərbaycanlı” sözünü inkar etmək olmaz. Bu, Azərbaycan dövlətində yaşaya millətin adıdır. Bəli, Azərbaycanda bir azərbaycanlı milləti formalaşıb. Bu, həm də Azərbaycan vətəndaşlığı anlamındadır. Yəni burdakı türk, ləzgi, talış, kürd, tat və digərləri hamısı azərbaycanlıdır, bu dövlətin vətəndaşı, bu millətin parçalarıdır. Lakin bununla yanaşı, bir alt kimlik də var. Bizim də kimliyimiz türkdür. Bu, qətiyyən ayrı-seçkilik salmaq, bir-birinə sayğını itirmək deyil. “Azərbaycanlı” sözü ilə yanaşı, etnik kimlik də dilə gətirilirsə, buna normal baxılmalıdır.

    Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, guya “azəri” dedikdə hansısa azsaylı xalq nəzərdə tutulur. Halbuki, türklərin başqa adları – tatar, avar, acar, şumər, bolqar, kəngər olduğu kimi, “azər” adı da var. Əslində “Azərbaycan” sözünün kökündə “azər” dayanır. Ola bilsin ki, vaxtikən Azərbaycanda hansısa azsaylı xalqların birinin dilinə, Azərbaycan ərazisində olduğuna görə, azəri dili deyiblər. Lakin artıq dünya bunu unudub. Bu gün dünyada, əsasən də Avropada “azəri” deyiləndə Azərbaycanın bütün əhalisi nəzərdə tutulur. Vaxtikən sovet dövründə “azəri” sözünü işlətmək yasaq idi. Sonra bu yasaq aradan götürüldü, indi isə biz özümüz yasaqlamışıq. Qeyd etdiyim kimi, “azər” türklərin bir qanadıdır. Buna görə də mən bu sözdən çəkinmirəm. Hətta cavanlığımda yazılarımda “azəri xalqı” sözündən istifadə etmişəm, imkan düşəndə bu gün də yazıram. Düşünürəm ki, “azəri” sözünü “türk” sözü ilə yanaşı, yəni “azəri türkləri” kimi işlətmək daha yaxşıdır.

    – Bugünkü gənc yazarların yazıları, onların ədəbiyyata yanaşması sizi qane edirmi? Onların arasında elələri var ki, tez tanınmaq üçün hansısa dahi şair və ya yazıçının ünvanına tənqid, hətta təhqir belə, səsləndirirlər. Buna münasibətinizi öyrənmək istərdik.

    – Gəncliklə bağlı mənim bədbinliyim yoxdur. Həm siyasət, həm elm, həm də ədəbiyyat və mədəniyyət sahəsində yetişən Azərbaycan gəncliyinə inanıram. Lakin təəssüf ki, bizim təhsilimiz bu qədər böyük potensialı olan gəncliyimizi yarımçıq böyüdür. Bir hissəsi gedib xaricdə təhsil alır və mədəniyyətimizdən qismən uzaqlaşırlar. Böyük bir hissəsi burda rus məktəblərində oxuyurlar. Nəticədə sovet dövründəki kimi Azərbaycan mədəniyyətindən az məlumatlı olurlar. Öz məktəblərimizə qarşı bir inamsızlıq yaranıb. Halbuki bir qədər diqqət yetirilsə, Azərbaycan məktəbləri hər cəhətdən müasir tələblərə cavab verə bilən səviyyəyə qaldırıla bilər.

    İnkarın birinci səbəbi – bilməməkdir, savadsızlıqdır. Oxumayan, öz tarixindən xəbərsiz olan birisinin “mənim nə tarixim var, bizim böyük qəhrəmanlarımız, şair və yazıçılarımız yoxdur”- deməsi başa düşüləndir. Xəbərsiz olanda, inkar etmək asandır. Lakin oxuduqda heyrətə gəlirsən və görürsən ki, dahi şair və yazıçılarımızı inkar etmək mümkün deyil. Məsələn, Nəsimi mənim üçün bir möcüzədir. Onu, Nizamini, Füzulini, Vaqifi, Mirzə Fətəli Axundzadəni, Sabiri, Mirzə Cəlili nə cür inkar edə, kiçildə bilərsən? Vaqif hələ 18-ci əsrdə bu gün belə, dünya poeziyasının can atdığı bir səviyyədə, gözəl dillə insan gözəlliyini tərənnüm edib. Ədəbiyyatın ən böyük məqsədlərindən biri budur. Adlarını çəkdiyim şəxslərin hər biri bir dövrün başlanğıcıdır. Mənim düşüncəmə görə, Mirzə Fətəli Axundzadə, Zərdabi, Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Rəsulzadə olmasaydı bugünkü Azərbaycan ruhu olmazdı. Onlar olmasaydı bugünkü Azərbaycan təfəkkürünün konturları necə olardı? Bu xalq nələrlə nəfəs alardı, nə cür düşünərdi? Orta əsrlərin islam cəhalətindən bəri keçə bilərdimi? Xalqımızın gözəl bir sözü var: Yel qayadan nə aparar?! Cavandı, özünü kimlərdənsə böyük sayırsa, qoy saysın. Bəyənməsin, amma inkar da etməsin. Çünki dahi şair və yazıçıları inkar etmək mümkün deyil. Elə şeylər var ki, ona ümumiyyətlə, nə əl, nə də dil uzatmaq olar. Məncə, kimisə inkar etməkdənsə, hər kəs özünün əsərini yazmaqla məşğul olsa daha yaxşıdır.

    – Radio və telekanallardakı bəzi aparıcılar dilin normalarını kobud surətdə pozur, hətta veriliş zamanı vulqar ifadələr belə, işlədirlər. Bununla bağlı Milli Televiziya və Şurası (MTRŞ) bir neçə dəfə bəyanat səsləndirib, onlara xəbərdarlıq edib. Lakin nəticədə dəyişən bir şey yoxdur. 4 il ölkənin mətbuat və informasiya naziri vəzifəsində çalışmış bir insan kimi, sizcə, qeyd olunan problemi hansı yolla həll etmək olar?

    – Kadrlar düzgün seçilməlidir. İstər telekanallarda, istərsə də radiolarda dilini, danışığını bilən, nitq mədəniyyətinə yiyələnmiş peşəkar jurnalistlərin sayı artırılmalı, mediaya məhz bu kateqoriyadan olan adamlar cəlb olunmalıdır. Mənə elə gəlir ki, bəzi verilişlərdə bunu qəsdən edirlər. Ümumiyyətlə, televiziyalarda şou proqramlarının artmasına bir qəsd, düşüncə tərzimizi dəyişmək, tamaşaçıların diqqətini ciddi problemlərdən uzaqlaşdırmaq kimi baxıram. Yoxsa, ola bilməz ki, bu qədər tənqiddən, kütləvi iradlardan sonra televiziyalara təsir göstərmək mümkün olmasın. Bu barədə dərindən düşünmək lazımdır.

    Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU

    “Hürriyyət”

  • Sabir Rüstəmxanlı Naxçıvan VHP-çiləri ilə görüşüb

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında partiya sədri Sabir Rüstəmxanlı partiyanın Ordubad, Şərur və Şahbuz rayon təşkilatlarının sədrləri və Naxçıvan MR təşkilatı Gənclər Şöbəsinin sədri ilə görüşüb.
    Görüşdə ictimai siyasi proseslər, VHP rayon təşkilatlarının fəaliyyəti müzakirə edilib. Bildirilib ki, Naxçıvanda yerli təşkilatların konfransları keçirilib və may ayında VHP Naxçıvan Muxtar Respublika təşkilatının konfransı keçiriləcək.
    Həmçinin Ordubad RT sədri Saleh Adıgözəlov, Şahbuz RT sədri Sirac Ələşov, Şərur RT sədri Qafar Qulusoy öz təşkilatlarının fəaliyyətindən, VHP-nin Naxçıvan MR Gənclər Şöbəsinin sədri Nüsrət Abdullayev isə gənclərin fəaliyyəti barədə məlumat verib.

  • VHP sədrinin Novruz təbriki

    1. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:
    Əziz bacı və qardaşlarım!
    Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət, yurdumuza əmin-amanlıq arzulayıram. Bu il Novruz bayramı İlaxır çərşənbə ilə eyni günə təsadüf edir və buna görə də ikiqat bayramdır. Azərbaycanlıların, Türklərin ilkin dünyagörüşünü özündə yaşadan Novruz – Yeni gün əski inanclarımızı, təbiətə ilkin baxışlarımızı özündə əks etdirir. Yeni gün olaraq qeyd etdiyimiz bu bayramda ibtidai inancdan tutmuş xalqımızın müxtəlif dövrlərdə müxtəlif dini etiqadlardan yaranan ənənəsi, adətləri toplanıb. Bu bayram həm də təbiətin, torpağın oyanması, xeyirin şər üzərində qələbəsi, soyuğun istiliyə, sülhün savaşa, xoşgörünün şiddətə qarşı olduğunu göstərən bir mərasimdir. Bu bayramda sevgi nifrətə qalib gəlir, küsülülər barışır; süfrənin nemətləri qapını döyən istənilən şəxslə bölüşülür, gələcəyə inam, xoş günlərə güvənc artır. Təəssüf ki, bu əziz gündə Novruz tonqalları heç də yurdumuzun hər bir guşəsində yanmır. Hələ də torpaqlarımızın 20 faizi işğalda, yurd yerlərimiz əsarətdədir. Amma ümid heç vaxt bitməz, Novruzun gətirdiyi inamla bir daha əminik ki, vaxt gələcək, Azərbaycanın hər bir guşəsində Novruz tonqalı alovlanacaq, hər ocaqda bayram süfrəsi açılacaq: Qarabağın özü də, əzəmətli ruhu, ənənəsi də geri dönəcək. 10 illər boyu Dünya Azərbaycanlılarını siyasi sərhədlər ayırsa da ən böyük mənəvi körpülərimizdən biri Novruz bayramı olmuşdur.
    Bir daha sizləri Novruz münasibəti ilə təbrik edir, vətənimiz, millətimiz üçün xeyirli-uğurlu illər arzulayıram.