Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP-də toplantı

    17 fevral 2019-cu il tarixində

     Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Bakı şəhəri üzrə rayon təşkilatlarının təşkilat şöbələri müdirlərinin toplantısı keçirilib. Toplantıda rayon təşkilatlarının fəaliyyəti müzakirə edilib.
    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın fəaliyyətindən, ölkədə baş verən ictimai-siyasi proseslərdən danışıb.
    MNTK sədri Felmar Ələkbərli də çıxışında partiyada qurultay hazırlıqları barədə məlumat verib.
    Müzakirədə partiyanın Bakı təşkilatlarının və özəklərin fəaliyyəti geniş müzakirə edilib, şöbə müdirlərinə tapşırıq və tövsiyələr verilib.

  • Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının yeni səfiri ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı yeni səfiri Hamad Abdulla Xudayir ilə görüşüb.
    Səmimi şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni, iqtisadi əlaqələr və bölgədə baş verən olaylar müzakirə edilib.
    Səfir ziyalılarla görüşü vacib saydığından Sabir Rüstəmxanlı ilə görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

  • Məhəmməd Əmin Rəsulzadənin 135 yaşı tamam olur

    Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.

    M.Ə.Rəsulzadə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub.

    O, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

    Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olub.

    1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

    Sonradan “Müsəlman demokratik “Müsavat”cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulub və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilib.

    1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb.

    1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib.

    Bolşeviklərin işğalından sonra vətəni tərk etməyə məcbur olan Məhəmməd Əmin Rəsulzadə ömrünü mühacirətdə başa vurdu.

    1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (Demokratik Respublika) elan olunub və bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıb.

    Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqində ilk dəfə olaraq respublika qurub.

    1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib.

    Sonradan Rəsulzadə Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib.

    Mühacirətdə olarkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.

    “Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı. Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.

    Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila hadisəsini happy wheels demo sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.

    Azərbaycan və onunla bərabər bütün Qafqasiya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular.1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir.

    Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək edir. Dünya sovet həqitətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.

    918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.

    Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

  • “Azərbaycanın hər yerində Rəsulzadənin heykəlləri ucaldılmalıdır” – Sabir Rüstəmxanlı

     Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirib.

    Yenicag.az xəbər verir ki, tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, Vətəndaş İnkişafı Partiyasının (VİP) sədri Əli Əliyev, AĞ Partiya sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və bir sıra siyasətçilər, ictimai xadimlər iştirak ediblər.

    Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı bildirib ki, Məhəmməd Əmin Rəsulzadə haqqında bilmək hər kəsin haqqıdır:

    “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin son min ildə yetişdirdiyi ən dahi şəxsiyyətdir. Müsavat partiyasının yaranması birbaşa onun adı ilə bağlıdır. Onun fəaliyyəti burada narahatlıq yaradanda İrana gedib, orada Səttərxan hərəkatına qoşulub. İranda müasir mətbuatın əsasını qoyub. İran haqqında saysız-hesabsız yazılar yazıb və çap etdirib.

    Rəsulzadə sonra Türkiyəyə gedib. Orada da yeni mətbuatın əsasını qoyanlardan olub. Sonra Rəsulzadə Bakıya gəlib, bir sıra qəzetlər açıb. Nəhayət Zaqafqaziya Seymi dağıldıqda Azərbaycan Cümhuriyyətinin əsasını qoydu. Osmanlı paşalarının dəstəyi ilə Azərbaycan ordusunun əsası qoyuldu. O, heç vaxt vəzifə arxasınca getmədi, ancaq dövlətin lideri olaraq qaldı”.

    Sabir Rüstəmxanlı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin zamanında Qarabağ verilməmişdi:

    “Onun zamanında Azərbaycanın sərhəddi Göyçə gölünün içərisindən keçirdi. Biz belə bir şəxsiyyəti unutmamalıyıq. İndiki Azərbaycan Cümhuriyyətin mirasıdır. Azərbaycanın bütün milli atributları onun zamanında yaradıldı. Ona görə də, bu gün o dövləti əziz tuturuqsa, Azərbaycanın hər yerində Məhəmməd Əmin Rəsulzadənin heykəlləri ucaldılmalıdır. O dövləti quranların hər birinin xatirəsinə heykəllər qoyulmalıdır”.

    VHP sədri vurğulayıb ki, bu gün 135 illiyini qeyd etdiyimiz Məhəmməd Əmin Rəsulzadə 135 əsr sonra da xalqımızın ürəyində yaşayacaq.

    Sabir Rüstəmxanlıdan sonra çıxış üçün söz alan VİP sədri Əli Əliyev bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin yetişdirdiyi şəxsiyyətlərdən biridir:

    “Azərbaycan adı yaşadıqca, Azərbaycan dövləti var olduqca, Məhəmməd Əmin Rəsulzadə adı Azərbaycan adı ilə qoşa çəkiləcək”.

    Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxışında qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə bayraqla bizi birləşdirir:

    “Bayrağımızda dəyərlər var. Ancaq bayrağımızdakı ilk rəng, mavi rəngin dəyərlərini daşıyan insanlar sıxışdırılır. Millətçi dəyərləri daşıyan şəxslər, türk adı, türk dili təqib olunur. Ancaq hər kəs bilməlidir ki, o bayraq bütün dəyərləri özündə əks etdirir və bizi birləşdirir”.

    AĞ partiya başqanı Tural Abbaslı Məhəmməd Əmin Rəsulzadənin doğulduğu evin üzərindəki baralyef məsələsinə diqqət çəkib. Tural Abbaslı bildirib ki, 70 il Sovet hökuməti onun adını silmək istədi, ancaq bacarmadı:

    “Rəsulzadə adını silməyi bacarmayacaqlar. Rəsulzadə və digərlərinin adı Azərbaycan adı ilə sinonimdir. Elə dəyərlər var ki, onlar siyasi mübarizə predmeti deyil. Azərbaycan var olduqca, daim xalqımızın ürəyindədir. Çox təəssüf ki, Məhəmməd Əmin Rəsulzadəyə nə zamanında, nə Sovet dövründə, nə də indi qiymət verilib”.

    ADP sədri Sərdar Cəlaloğlu çıxışında Məhəmməd Əmin Rəsulzadənin yetişdiyi dönəmə baxılmalı olduğunu vurğulayıb. O, bildirib ki, Rəsulzadə Səttərxan hərəkatında yetişib:

    “Məhəmməd Əmin Rəsulzadəni biz siyasətçidən daha çox, milli ideoloq kimi dəyərləndirməliyik. Rəsulzadənin böyüklüyünü kim qəbul edirsə, onun ideyalarını daşımalıdır. Rəsulzadə həm Stalinlə əməkdaşlıqdan, həm də Hitlerlə əməkdaşlıqdan imtina edib. Biz fəxr etməliyik ki, bizim belə tarixi şəxsiyyətimiz var”.

    Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması üçün hakimiyyətə müraciət olunması təklif olunub.

    Tədbir digər şəxslərin çıxışları ilə davam edib.

    Səxavət Məmməd

    www.yenicag.az

  • VHP 21 Azər hərəkatının 73-cü ildönümü qeyd edib (12.12.2018)

    Toplantıda Vətəndaş Həmrəyli Partiyasının sədri Sabir Rüstəmxanlı, DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı, Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, AMEA əməkdaşları Yasəmən Qaraqoyunlu, İbrahim Quliyev, Məsumə Şükürzadə, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin sədri Rizvan Talıbov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, “Borçalı” İctimai Birliyinin sədr müavini Rüfət Muradlı, rejissor Rövşən Almuradlı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, araşdırmaçı-yazar Ənvər Börüsoy və Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri iştirak ediblər.

    Tədbiri VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı açaraq 1945-ci ildə Güney Azərbaycanda qurulan Milli Hökumətin qısa müddətdə həyata keçirdiyi uğurlu fəaliyyəti və süqutu haqqında ətraflı məlumat verib, Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan dövlətin apardığı islahatlar, Azərbaycan xalqı üçün gördüyü işlərdən danışıb. O, həmin dövrdə Azərbaycan dilində məktəblərin yaradıldığını, ana dilində qəzet, radio, televiziyanın fəaliyyət göstərdiyini xüsusi vurğulayıb: “Ancaq, bütün sahələri əhatə edən bu islahatları sona çatdırmaq mümkün olmayıb. Çünki bir ildən sonra Seyid Cəfər Pişəvərinin və hökumətin tərkib hissəsi olan ziyalıların öldürülməsi ilə bütovlüyünü bərpa edən şah rejimi yenidən Azərbaycan xalqına qarşı qırğınlar törədib. Hazırda da hakimiyyətdə olan molla rejimi 35 milyondan artıq türkün hüquqlarını əlindən alıb, onların ana dilində bir dənə də olsun məktəbi yoxdur”.
    Daha sonra DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babek Muganli çıxış edərək 21 Azər Hərəkatının tarixin ən şanlı səhifələrindən biri olduğunu söyləyib: “Milli Hökumət bir il ərzində şah rejiminin 20 ildə görmədiyi işləri gördü. Pişəvəri hökuməti devrildikdən sonra kütləvi qırğınlar törədildi, edamlar həyata keçirildi, kitablar və bütün tarixi sənədlər yandırıldı. Bundan sonra Güney Azərbaycanda aclıq, səfalət hökm sürməyə başladı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan türklərinin iradəsini qıra bilmədilər. Bu gün Güney Azərbaycan yenə də ayaqdadır. İnşallah, Güney Azərbaycanda milli hökumətimizi yenidən quracağıq”.
    Araşdırmaçı-yazar Ənvər Börüsoy deyib ki, Milli Hökumətin süquta uğramasının səbəbi pərdəarxası danışıqlardır: “Pişəvəri hökumətinin Türkiyənin o vaxtkı hökumətinin baş naziri İsmət İnönü və Məhəmməd Əmin Rəsulzadə ilə sıx əlaqələri var idi”. O, hazırda Güney Azərbaycanda proseslərin iki mərhələdə getdiyini söyləyib: “Artıq Güney Azərbaycanda nəzm ədəbiyyatından nəsrə keçilib. Bundan başqa, dil kursları, teatrlar, aşıqlar, şairlər və yazıçılar cəmiyyətləri fəaliyyət göstərir. Düzdür, sosial-iqtisadi həyat tərzi çox aşağıdır. Təsəvvür edin, soydaşlarımızdan kənd təsərrüfatı məhsullarını uzuc qiymətə alıb fars bölgələrində onlarda digər məhsul istehsal etməklə baha qiymətə satırlar. Bu gün Tehran və İsfahanda dövlət büdcəsi hesabına erməni məktəbləri fəaliyyət göstərir, “Alik” qəzeti buraxılır. Artıq Güney Azərbaycan Milli Hərəkatı hüquqi mübarizə mərhələsinə keçib”.

    Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sedreddin Soltan qeyd edib ki, Milli Hökumətin yaradılması maarifləndirmə hərəkatı ilə başlayan zəncirin davamı olub: “XIX əsrdə Azərbaycanın Quzeyində və Güneyində başlamış maarifləndirmə hərəkatı, mətbuatın önə çıxması XX əsrdə çox böyük hadisələrlə nəticələndi. Nə baş verdi? Qəbul etsək də, etməsək də öncə Səttərxan hərəkatı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti, Xiyabaninin qurduğu Azadistan dövləti, 1945-ci ildə Azərbaycan Milli Hökuməti yarandı, nəhayət 1991-ci ildə Azərbaycan Respublikası bərpa olundu. Bu zəncir qırılmadan beləcə davam etdi və bu gün də Güneylə Quzey arasında bir zəncir var. Bu gün Quzeydə Təbrizin “Traktor” futbol komandasının qələbələrini qeyd edirik. “Traktor” bir hərəkatdır. Bu hərəkatda Milli Hökumətin irəli sürdüyü şüarlar səsləndirilir. “Haray-haray mən türkəm” deyə dünyaya car çəkilir. Bu zəncir var olduqca, Azərbaycan türkü öz milli haqları istiqamətində hər zaman addımlayacaq”.
    “Borçalı” İctimai Birliyinin sədr müavini Rüfət Muradlı vurğulayıb ki, Güney Azərbaycanda dil, mədəni hüquqlar uğrunda mübarizə gedir: “Bu mübarizə Azərbaycan dilinə İranda dövlət dili statusu verilməsinə hesablanıb. Bu gün 35 milyondan artıq türkün əsas şüarı “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”dir. Milli Hökumət bir ildə soydaşlarımıza çox şeyi verdi. Bu gün ana dilində mübarizədə məhz bu amil əsas stimul rolunu oynayır. 21 Azər Hərəkatı bizim qan yaddaşımızdır”.
    “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin sədri Rizvan Talibov bildirib ki, Güney Azərbaycan təkcə Azərbaycan Respublikasının deyil, ümumilikdə, Türk Dünyasının məsələsidir: “Fikrimcə, Azərbaycanla İran arasında gediş-gəliş daha da sadələşdirilməli, sərhədlər açılmalıdır. Bu da qarşılıqlı səfərlərin artmasına müsbət təsir göstərəcək. Nəticədə bizim mənəvi cəhətdən bütövləşməyimizdə böyük rol oynayacaq”.
    Daha sonra AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AMEA-nın əməkdaşı, güneyli tərcüməçi Məsumə Şükürzadə də mövzu ilə bağlı fikirlərini bölüşüb.

  • Türkmanlar Bakıda xalq şairi ilə görüşdü

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Kərkük Mədəniyyət Dərnəyinin başqanı Şəmsəddin Küzeçi, “İraq Türkman Birliyi və Həmrəyliyi” Dərnəyinin başqanı Kürşad Çavuşoğlu və “Türkmaneli” qəzetinin baş redaktoru Necat Kövsəroğlu ilə görüşüb.

    Görüşdə Azərbaycan-İraq əlaqələri, türkmanların hazırkı durumu və fəaliyyət istiqamətləri müzakirə edilib. Türkman ədəbiyyatı və Azərbaycan-türkman ədəbi əlaqələri, bu əlaqələrin inkişaf imkanları da müzakirə mövzusu olub.

  • Sabir Rüstəmxanlı imza günü keçiriləcək- FOTO

    Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabının imza günü keçiriləcək.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlının yeni çap olunmuş “Astar” kitabının imza günü keçiriləcək. İmza günü 24 noyabr 2018-ci il, saat 18:00-da “Qanun” Nəşrlər Evinin “Park Bulvar”da keçirilən kitab yarmarkasında təşkil olunacaq.

    Xalq Şairi Sabir Rüstəmxanlı özünün “facebook” səhifəsində yazıb ki, kitablarımla maraqlananları, dostlarımı, VHP- çiləri və DAK- çıları imza şöləninə dəvət edirəm. Onlar “Şair və şər”, ” Difai fədailəri”, “Akademikin son əsəri”, ” Astar”, ” Əbədi sevda” ,” Milli taleyimiz və biz” kitablarımı əldə edə bilərlər.

    Qeyd edək ki, “Astar”ın imza günündə Xalq şairinin digər kitablarını da əldə etmək mümkün olacaq.

  • Azərbaycandakı partiyaların loqoları nəyi ifadə edir?

    Onları birləşdirən ortaq və fərqli cəhətlər…

    Dünya ölkələrində siyasi partiyaların emblemləri, simvolları hər zaman maraq doğurub. Bəzi partiyaların simvolları isə qəribəliyi ilə seçilib. Məsələn, ABŞ-da iki aparıcı partiyanın – Demokratlar Partiyasının simvolu eşşək, Respublikaçılar Partiyasının simvolu isə fildir.

    Ümumiyyətlə, bütün dünyada siyasi partiyalar özlərini bu və ya digər rənglərlə ifadə edirlər. Bu da əsasən seçkilərdə fərqlənmək məqsədini güdür. Qırmızı, adətən, sol partiyaların – sosialistlərin və kommunistlərin və s. rəngidir. Mühafizəkar partiyaların rəngi göy (mavi) və qaradır. İstisnalar da olur. Belə ki, ABŞ-da Respublikaçılar partiyasının rəngi qırmızı, Demokratlar Partiyasının rəngi isə mavidir. “Mülayim” sosialistlər adətən, çəhrayı, liberallar isə sarı rəngi seçirlər. Yaşıllar (ekoloji yönlü) və islamçı partiyaların rəngi yaşıldır. Narıncı millətçilərin rəngidir. Bənövşəyi və ağ çalarlar monarxiyanın rəngi olsa da, bununla belə, müasir dünyada siyasi partiyalar tərəfindən də çox hallarda istifadə olunur

    Bəs Azərbaycanda siyasi partiyaların simvolları nədir?

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) əsas atributlarından biri olan gerbin müəllifi Azərbaycanın çox istedadlı və tanınmış rəssam-heykəltaraşlarından biri Məzahir Afşardır. Gerbin rəmzləri qədim Türk Dövlətçilik ənənələrindən qaynaqlanır: ox dövlətin rəmzidir. Üçü bir yerdə möhkəmliyi, sınmazlığı göstərir. Demokratik dövlətdə bu, həm də hakimiyyət bölgüsünün göstəricisidir, qanunvericilik, icra və məhkəmə orqanlarının dövlətin əsas dayağı olduğuna işarədir. Tərsinə çevrilmiş yayla birgə üç ox və onların üstündəki qalxan bir kompazisiya kimi sülhün, milli barışın, həmrəyliyin ifadəsidir. Gerbin əsas variantında “Vətəndaş Həmrəyliyi Partiyası” sözləri yazılmış dairədə 24 Oğuz boyunun damğaları yerləşdirilmişdir. Həmin variant partiyanın qərargahında saxlanılır. VHP-nin bayrağı ağ rəngdədir. Ağ rəngin üzərində emblem təsvir olunub. Ağ rəng həmrəyliyin, birliyin və vətəndaş sülhünün rəmzi sayılır.

    Hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) simvolu dəfnə ağacının ortasında 8 guşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə “YAP” yazılıb. Partiyanın icra katibinin müavini olan zaman Mübariz Qurbanlı bildirib ki, dəfnə ağacının simvol kimi seçilməsi təsadüfi deyil. Çünki dəfinə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir. YAP-ın bayrağı isə ağ rəngdədir. Ağ sülh rəmzidir. Bayrağın üzərində partiyanın simvolu əks olunub.

    Azərbaycan Demokrat Partiyasının (ADP) embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. Hazırda partiyanın üzvü olmayan Z.Şamxalov bu simvolu partiya təsis edilərkən yaradıb. Simvolda doğan Günəş fonunda açıq dənizdə avar çəkən qayıqçılar təsvir olunub. ADP sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə, 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. Günəş sübh çağı yenicə çıxmış günəş rəngindədir. Bu isə o deməkdir ki, azadlıq günəşi Azərbaycana hələ yenicə doğur. Günəşin üzərindəki xətlərdən ibarət sahə isə azadlığın Azərbaycanın payına düşən hissəsidir. H.Rüstəmovun sözlərinə görə avarçəkənlər işlədikcə və gəmi irəli getdikcə onların azadlıq payı arta bilər. Bu da azadlıq və demokratiyanın birgə zəhmət tələb etməsinə işarədir. ADP-nin mavi rəngli bayrağının üzərində qeyd olunan emblem öz əksini tapıb.

    Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olmağı qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi. Partiyanın embleminin müəllifləri görkəmli rəssamlar Elçin Məmmədov və Tərlan Qorçiyevdir. Emblemdəki “Müsavat” sözünün baş hərfi olan “M” qoşa dağ şəklində təqdim olunur; arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. “M” hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə – Milli Təsanüdə çıxmaq olar. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır.

    KXCP-nin emblemi böyük hərflərlə “KHC” (Klassik Halk Cebhesi) yazılmış kompozisiyadan ibarətdir. Partiyanın Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib ki, onlar bu simvolu KXCP dövlət qeydiyyatına alınandan sonra – 2006-cı ildə müəyyənləşdiriblər. Əslində bu simvol AXC-nin simvoluna uyğunlaşdırılıb. Onun sözlərinə görə, “KHC” sözünü “AHC” kimi də oxumaq mümkündür. Partiyanın bayrağı ağ fonda “KHC” yazılmış simvoldan ibarətdir. Ağ fon isə sülh və təmizliyin rəmzi kimi seçilib.

    Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) embleminin müəllifi partiyanın qurucusu və AMİP-in lideri Etibar Məmmədovdur. Simvolda göy, qırmızı və yaşıl rəng Azərbaycan bayrağındakı rəngləri özündə əks etdirir. Həmçinin, buradakı aypara və ulduz da Azərbaycan bayrağına istinaddır. Simvolda ox göstərilib ki, bu da AMİP-in daşıdığı mühüm prinsipi özündə əks etdirir. Bunlar vətənçilik (azərbaycançılıq), hürriyyətçilik, milli dövlətçilik, milliyyətçilik, öncüllük-müasirlik və istiqlalçılıqdır.

    Əli RAİS,
    “Yeni Müsavat”

  • Sabir Rüstəmxanlının yeni kitabı çıxdı – “ASTAR”

     

    Azərbaycanın Xalq şairi, VVP sədri Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.
    BakuPost xəbər verir ki, “Astar” adlanan kitabda müəllifin iki kiçik həcmli romanı (“Uşaqlığa dəyən güllə”, “Astar”) və hekayələri toplanıb. Bu əsərlərin əksəriyyəti çoxdan yazılsa da, oxuculara ilk dəfə təqdim edilir.
    “Astar” adı kitabın ümumi ruhunu dəqiq ifadə edir; həm romanda, həm hekayələrdə müəllifi öz ədəbi qəhrəmanlarının gizli yaşantıları, həyatın görünməyən, astar tərəfi aha çox maraqlandırır.
    “Qanun”da çap olunan kitabı nəşriyyatın özündən və Bakının kitab mağazalarından əldə etmək olar.

    Bütöv yazını göstər
  • VHP sədri Sabir Rüstəmxanlının 18 oktyabr təbriki

    Dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə bildirilir:
    “Əziz həmvətənlər!
    1991-ci ilin 18 oktyabrı Azərbaycan xalqının həyatında böyük əhəmiyyətə malik, tarixi bir gündür. Həmin gün illər öncə başlamış Milli Azadlıq Hərəkatı öz məqsədinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.
    Bu bərpa prosesində təkcə həmin dövrün mübariz adamları yox, həm də 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın imzası var. Minlərlə fikir adamının 70 il ərzində daşıyıb xələfinə ötürdüyü milli şüur 80-ci illərdə böyük bir axına çevrildi və bu axın bizi ən böyük arzumuza – azadlığımıza qovuşdurdu.
    “İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. İmzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd Cavadın, Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının adları da yaddaşlara həkk olundu.
    Dövlət Müstəqilliyinin Bərpası Günü təkcə bir xalqın diriliş tarixi deyil, həm də hər bir azərbaycanlının doğum günüdür. Məhz bu şanlı gündə bizim bir dövlət və xalq olaraq gələcəyimizin əsası qoyuldu.
    Sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, dövlətimizin azadlığımızın əbədi olmasını arzulayıram”.
    Bir gün bu bayramı Qarabağda qutlayacağımıza da qətiyyətlə inanıram!