Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlı Nazirlər Kabinetinin hesabatı haqqında: Neftçala unudulub

    Azərbaycan Respublikası Milli Məclisinə 61 saylı Neftçala seçki dairəsindən deputat seçilən Sabir Rüstəmxanlı Nazirlər Kabinetinin hesabatına  münasibət bildirib^

    “Aprel ayının 9-da Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Hesabat müzakirə edilir. Bu barədə bəzi fikirlərimi hörmətli həmkarlarımla bölüşmək və Nazirlər Kabinetinin nəzərinə çatdırmaq istəyirəm.

    Öncədən onu deyim ki, Hesabat səliqəylə və peşkarlıqla hazırlanıb. Görülən işi təqdim etmək də bacarıq və məsuliyyət tələb edir. Bu baxımdan  Hecabat  lazımi tələblərə  cavab verir; ölkənin 2019- cu ildə keçdiyi yolu, makroiqtisadi vəziyyəti, real iqtisadi artımı və onun mənbələrini təfərrüatı ilə əks etdirir. Bu mənbələr sırasında   qeyri-neft sahəsinin inkişafı  və bu məqsədlə sənayeyə, kənd təsərrüfatına, sahibkarlığa diqqətin artırılması,  vaxtı keçmiş kreditlərin dövlət tərəfindən ödənilməsi,  özəl sektora təzyiqlərin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ayrıca vurğulanır. Hesabatda il ərzində ölkədə aparılmış  iqtisadi tənzimlənmələrdən, bölgələrin inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi siyasətindən başlamış xidmət sektoru, elm, mədəniyyət, beynəlxalq əlaqələr və s. sahələrdə görülən işlərə qədər, həyatımızın bütün geniş spektri əksini tapıb.

    Müasir dünyanı bürüyəm pandemiya vahiməsi bu deyilən sahələri etkiləyərək həm iqtisadiyyatı, həm də insanların sağlamlığını, psixologiyasını çətin sınağa çəksə də ölkənin gələcəyi ilə bağlı bütün müzakirələrə ciddi yanaşmalı, insanların əlinin-qolunun işdən soyumasına yol vermədən çalışmalıyıq.

    Mən Milli Məclisə 61 saylı Neftçala seçki dairəsindən seçildiyimə görə, bu hesabata həm də Neftçalanın gözü ilə baxdım.  Baxdım və düzünü deyim pərt oldum. Çünki 420 səhifəlik bu sənəddə əksini tapmış irili-xırdalı heç bir görülən işdə, başlanan layihələrdə, nəzərdə tutulan proqramlarda  Neftçalanın adı keçmir. Sanki il boyu onun nə sənayesi, nə kənd təsərrüfatı, nə ekoiogiyası, nə əhalinin məşğulluq səviyyəsi, nə inkişaf perspektivləri və çətinlikləri bizim hörmətli hökumətimizin yadına düşməyib. Heç 2019-cu ilin büdcə müzakirələrində verilən təkliflərdə və bildirilən arzularda da Neftçala ilə bağlı bir şey yoxdur. Belə çıxır ki, bu rayonda hər şey gözəldir, işlər tam qaydasında gedir və daha deyilməli söz qalmamışdır. Şübhəsiz rayonun durumunu hamıdan çox yerli icra hakimiyyəti bilir və bu təkliflər ondan gəlməli, Neftçalanln ölkənin ümumi inkişafından kənarda qalmamasına ilk növbədə o çalışmalı idi.  Kür çayının Xəzərə töküldüyü yerdə, respublikamızın ortasında yerləşən rayon bu gün əsas yollardan və diqqətdən kənarda qalmışdır. Halbuki vaxtilə Heftçala təkcə pambıqçılığı və taxılçılığı ilə deyil, həm də neft mədənləri və sənayesi, Yod-brom zavodu, balıqçılıq  müəssisələri ilə ölkənin inkişaf eləmiş rayonlarından biri sayılıb, əhalinin də elə bir ciddi dolanışıq qayğısı olmayıb. İndi vəziyyət başqadır. Balıqçılıq və sənaye müəssisələrinin çoxu sıradan çıxıb, işsizlik artıb , rayon baxımsız vəziyyətə düşüb. Nətta  Neftçala şəhərinin özündə bəzi məhəllələrdə qaz, su yoxdur, şəhərarası yollar bərbaddır, işıq xətləri köhnəlib… O boyda şəhərdə xırdaca bir otel tikilməyib. Yan-yana kəndlər var birinə qaz verilir, birinə yox. Hər birinin 400-500, bəzən daha çox şagirdıi olan iri məktəb binaları ya təmir edilməli, ya da yenidən tikilməlidir. Belə məktəblərin bir çoxunda siniflər odunla qızdırılır, kənddə qaz var, amma məktəbə qaz verilməyib.  Bankə qəsəbəsində və başqa iri kəndlərdə vaxtilə tikilmiş möhkəm özüllü gözəl Mədəniyyət evləri baxımsız və təmirsiz vəziyyətdədir. Bol suyu olan rayonun bir sıra kəndləri həm içməli, həm də suvarma su sarıdan əziyyyət çəkir.Köhnə qışlaq yerlərinin , kəndlərin örüşünün və bələdiyyə torpaqlarının bir hissəsi ayrı-ayrı adamlar tərəfindən zəbt edilib. Bölgənin ilk neft quyularının qazıldığı  Yeniqışlaq kəndinin yanından Rusiyaya aid bir Neft şirkətinin istismar etdiyi mədənə su gedir, amma kənd susuzdur,  camatın gözünün qabağından qaz xətti keçir, amma kənd qazlaşdırılmayıb. Rayon əhalisinin böyük bir hissəsinin yaşadığı Xol bölgəsində Şorsulu-Xəzərkənd arasındakı 30 km-lik yol keçilməz vəziyyətə düşüb; bizim təşəbbüsümüzlə burda bəzi təmir işləri görülsə də yolun əsaslı tikintisinə ehtiyac var.  Akkuşa kanalından  bu bölgəyə su ayrıcları qoyulmayıb. Bəzi kəndlərdə adi tibb məntəqəsi yoxdur, kitabxanalar ləğv edilib. Bankomatlar olmadığından, adamlar xırda bir bank əməliyyatı üçün 40-50 km yol getməli olurlar. Köhnə balıqçı qəsəbələri işsiz-gücsüz, yeni balıqartırma zavodlarının tikilməsi ümidiylə gözləyirlər…  Ümumi vəziyyət belədir. Rayon üçün özəl inkişaf proqramı hazırlamaq bir yana, onu bəzi ümumrespublika və ya bölgə proqramlarından da kənarda saxlayıblar.

    Amma Neftçalanı qısa müddətdə ölkənin ən qabaqcıl rayonlarından birinə çevirmək olar. Bunun üçün hər cür imkan var.   Rayonun inkişafı ilə bağlı  real, əsaslandırılmış layihələr hazırlansa ölkə başçısı  onları diqqətdən kənarda saxlamazdı. Neftçalanın bərəkəti torpaqları, dənizi, çayı, gözəl havası və ən başlıcacı işgüzar, dinc, xeyirxah, yüksək mədəni səviyyəli insanları var.  İlk növbədə suvarma sistemləri bərpa edilib yenilənməli, otlaqlar suvarılıb müasir heyvandarlıq üçün uyğun hala gətirilməlidir.  Ənənəvi təsərrüfat sahələri dirçəldilməlidir. Rayonun müalicə suları və bütün ölkə əhalisinin istirahətinə şərait yaratmaq imkanı olan təmiz sahilləri var. Burda gözəl istirahət-müalicə mərkəzləri tikmək olar. Kürün deltasında və yaxındaki adada turizmi inkişaf etdirmək  mümkündür. Bunlar nəzərə alınsa, bu işə sərmayədarlar cəlb edilsə tezliklə Neftçalanı ölkənin cazibə mərkəzlərindən birinə  çevirmək olar.

    Mən istərdim ki, Azərbaycan hökuməti rayonlarımızın inkişafı ilə bağlı proqramlarda Neftçalaya qayğı ilə yanaşsın və deyilən çatışmazlıqların aradan qaldırılmasına şərait yaratsın”.

    09 aprel 2020-ci il

  • Müxalifət aztəminatlı ailələrə yardım edirmi – partiyalardan açıqlama

    Azərbaycanda koronavirusla əlaqədar aztəminatlı ailələrə dövlət qurumları ilə yanaşı, yardım göstərən ayrı-ayrı şəxslərin sayı günbəgün artmaqdadır. Ən müxtəlif sahələrin təmsilçiləri öz imkanları daxilində yardımlarını əsirgəmirlər. Burada deputatlar və icra hakimiyyətləri daha fəal görünür. 

    Lakin ölkənin müxalif düşərgəsinin belə bir yardım təşəbbüsü göstərdiyinin hələ ki, şahidi olmamışıq. Doğrudur, dövlət büdcəsindən maliyyələşməyən əksər siyasi partiyaların maddi durumu çox aşağıdır. Amma bununla belə, bir neçə siyasi qurumun bir araya gəlib, ortaq məbləğ toplayıb, imkansız ailələrə maddi yardım göstərmələri mümkünsüz deyil. Bir neçə partiyanın bununla bağlı mövqeyini öyrəndik.

    Parlament partiyalarından biri olan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) imkansız ailələrə yardımlar edir. Bu barədə müsavat.com-a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verdi: “Əvvəlcə onu qeyd edim ki, imkansız soydaşlarımıza yardım etmək siyasi mənsubiyyət sərhəddinə bölünmür. Bu insanlıq məsələsidir. İndiki durumda isə ölkəmizə, vətəndaşımıza yardım iqtidar müxalifət tanımır. Bu gün əsl vətəndaş həmrəyliyi, milli birlik zamanıdır. VHP ilk gündən bu prinsipi əsas götürərək sosial çətinliklərlə üzləşən vətəndaşlarımıza imkan daxilində yardım edib. Partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı, VHP sədrinin müavini, vitse spiker Fəzail İbrahimli insanlarımıza yardım göstəriblər. Yaxın günlərdə VHP-dən olan millət vəkilləri seçildikləri ərazidə yaşayan imkansız şəxslərə də yardımlar edəcək. Bu işin ən insani və humanist tərəfi edilən yardımın reklam olunmamasıdır. Sabir Rüstəmxanlı və ümumiyyətlə, Rüstəmxanlı ailəsi illərdir ki, ehtiyacı olan şəxslərə yardım edib. Qarabağ savaşının ilk günlərindən Qarabağa Xalq Yardımı Komitəsindən bu günədək çətinlik içində olan hər bir azərbaycanlı bu və ya digər şəkildə Sabir Rüstəmxanlını öz yanında görüb, onun dəstəyini hiss edib. Yardım etmək, aztəminatlı ailələrə, yaşlılara və ehtiyac sahiblərinə yardım etmək hər kəsin borcudur, həmçinin fərd olaraq bizim də, üzvü olduğumuz partiyanın da. Partiya sədrimiz, millət vəkillərimiz, təşkilat sədirlərimiz və digər səlahiyyət sahibləri ehtiyacı olanlara imkanları daxilində kömək edirlər, bundan sonra da edəcəklər. Mən də ehtiyacı olanlara bildiyim təqdirdə bu işi edirəm, həmçinin partiyada şöbə müdiri Səlahəddin Əsgər illərdir ki, bu işi könüllü şəkildə edir”.

    AĞ Partiya başqanı Tural Abbaslı yaxın günlərdə imkansız ailələrə yardım edəcəklərini söylədi: “Bəli, son günlər sosial şəbəkələrdə və mətbuatda bir çox insanların və qurumların təmənnasız olaraq olaraq imkansız insanlara yardımının şahidi oluruq. Bu, çox müsbət haldır və Azərbaycan xalqının ağır günlərdə necə təşkilatlana bildiyinin və nə qədər mərhəmətli, comərd xalq olduğunun daha bir sübutudur. Ancaq, belə ağır günlərdə imkansız insanlara yardım məsələsi yalnız həssas vətəndaşların ümidinə qalmamalıdır. Dövlət öz üzərinə düşəni edərək ehtiyacı olan hər kəsə yardım etməli və onun yanında olmalıdır. Biz AĞ Partiya olaraq elə də böyük maddi imkanlara malik deyilik. Təəssüf ki, iqtidarın son illərdə yürütdüyü sərt və aqressiv siyasət nəticəsində müxalifət bütün maddi resurslarındın məhrum qalıb. Bir çox hallarda müxalifət partiyaları siyasi fəaliyyət üçün labüd olan minimum xərcləri qarşılamaqda aciz qalırlar. Ancaq, bütün bunlara baxmayaraq, AĞ Partiya olaraq biz də xalqımızla həmrəylik nümayiş etdirmək və az da olsa kiminsə dərdinə dəva olmaq naminə bəlli addımlar atmağı planlayırıq. Hazırda bu yönümdə partiya olaraq üzvlərimizdən ianə toplamaq və yardımın texniki tərəflərini araşdırmaqla məşğuluq. Yəqin ki, yaxın günlərdə bir neçə imkansız ailəyə ərzaq paketləriylə yardım edəcəyik. Buradan sizin vasitənizlə vətəndaşlarımıza, əsasən də, maddi imkanlı insanlarımıza müraciət edərək, ehtiyacı olanlara yardım etməyə səsləyirəm. Heç kim unutmamalıdır ki, belə ağır günlər həm də bizim uca Allah və vicdanımız qarşısında imtahanımızdır. Çalışaq bu imtahandan üzü ağ, başı uca çıxaq”.

    Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli: “Hesab edirəm ki, aztəminatlı ailələrə ilk növbədə dövlət yardımı mexanizmi düzgün müəyyənləşdirilməlidir. İqtisadçıların verdiyi məlumata görə, bu mexanizm hələ ki, müəyyən problemlərlə əlaqədardır. Təbii ki, imkanı olan hər bir şəxs koronavirusun yayılması ilə əlaqədar olaraq, istənilən həm fonda, həm də aztəminatlı ailələrə yardım göstərməlidir. Partiya olaraq, bizim maliyyə vəsaitlərimiz yoxdur. Üzvlərimizin əksəriyyəti işləmir, işləyən demək olar ki, mənəm. Bu səbəblərdən indiyə qədər hələ ki, heç kimə yardım göstərə bilməmişik. Bundan sonra fərd olaraq, maliyyə imkanlarımızı ölçüb-biçib, yəqin ki, müəyyən yardımlar göstərəcəm”.

    Partiya sədri digər qurumlarla birlikdə belə bir yardımın göstərilməsinin mümkünlüyündən də söz açdı: “Başqa partiyalarla bir araya gəlib, maddi yardım göstərmək tamamilə mümkün olan məsələdir. Amma nə biz, nə də digər partiyalar tərəfindən hələ ki, belə bir təşəbbüs olmayıb. Amma hesab edək ki, sizin bu sorğunuz həmin təşəbbüsün irəli sürülməsi üçün əsas ola bilər. Biz partiyalarla əlaqə saxlamağa çalışarıq. Fond yaxud ümumi bir kassa yaradıb, yardım etmək olar”.

    AMİP-in sədr əvəzi Arzuxan Əlizadə məsələyə geniş şərh verdi: “İctimai-siyasi sektorda təmsil olunan şəxslər tərəfindən aztəminatlı ailələrə edilən yardımları birmənalı olaraq təqdir edirəm. Bir sıra hallarda belə yardımların edilməsinin bəziləri tərəfindən sosial şəbəkələrdə aşırı reklam olunması faktları qınanılsa belə, yenə də hesab edirəm ki, həmin yardım bu gün buna ehtiyacı olan insanların gündəlik tələbatını müəyyən qədər qarşılayırsa, nə məqsədlə edilməsindən asılı olmayaraq, hər bir halda faydalıdır. Təəssüflər olsun ki, müxalif düşərgədə təmsil olunan çoxluğun geniş anlamda belə yardımlar etmək imkanları məhduddur. Bildiyiniz kimi parlamentdə təmsil olunmayan partiyalar dövlət büdcəsindən maliyyələşmir və uzun illərdir ki, daxili imkanları hesabına pis-yaxşı fəaliyyət göstərirlər. Partiya üzvləri arasında da bu gün dövlət dəstəyinə ehtiyacı olan insanların sayı az deyil. Hazırki durumda biz bu insanlara yenə də daxili imkanlarımız, həmçinin şəxsi dostlarımız vasitəsilə dəstək olmağa çalışırıq. Eyni zamanda, bunu ictimailəşdirmək fikrindən də uzağıq. Yeri gəlmişkən, bir məsələyə diqqəti yönəltmək istəyirəm. Bu gün və bundan əvvəlki dönəmlərdə parlamentdə təmsil olunan bəzi partiyalar var ki, ildə 130-150 min manat civarında dövlət büdcəsindən maliyyə dəstəyi alırlar və bir qədər ciddi araşdırsanız görərsiz ki, yaxın 3-5 nəfər dostu və tanışından başqa heç üzvləri də yoxdur. Təəssüf ki, bir neçə üzdə olan, fəaliyyəti görünən partiyalar istisna olmaqla həmin o 3-5 nəfərdən ibarət olan partiyaların fəaliyyət göstərməyi bir tərəfə, hətta dövlət başçısının təşəbbüsü ilə formalaşan Koronovirusla mübarizə Fonduna hər hansı maddi dəstək göstərməsinin də şahidi olmamışıq. Heç olmasa indiki ağır durumda ehtiyacı olanlara dəstək olmağı, borclarını onların yadına salmaq lazımdır. Bilirsiz ki, AMİP, həmçinin müxalif düşərgədə olan əksər dostlarımız hökumət tərəfindən pandemiya ilə mübarizə çərçivəsində atılan addımlara dəstək olduğumuzu bəyan etmişik. Növbəti mərhələdə bir neçə müxalif qüvvənin bir araya gələrək hər hansı yardım etməyini də istisna etmirəm. Amma, onu da deyim ki, mövcud karantin şəraitində müxalif partiya rəhbərlərinin bir araya gəlməsi də faktiki olaraq mümkün deyil. Giley kimi başa düşülməsini istəmirəm, lakin, təəssüf ki, karantin rejimi dönəmində bir sıra dövlət strukturları ilə yanaşı hətta kiçik bir müəssisəsi olan şəxslərə sərbəst hərəkət imkanları verilsə də, partiyaların rəhbərliyində olan şəxslər nədənsə bu imtiyazdan məhrumdurlar. Bizlər də sıravi vətəndaşlarımız kimi yalnız sms vasitəsilə müraciət etməklə bəlli icazəli məkanlara gedə bilərik. Bu səbəbdən də telefon bağlantıları xaricində birlikdə görüşərək hər hansı məsələnin müzakirə edilməsi də daxil olmaqla hətta idarə etdiyimiz partiya qərargahlarına getmək imkanlarından da məhrumuq”.

    Cavanşir Abbaslı,
    Müsavat.com

     

  • Sabir Rüstəmxanlıdan Neftaçalanın mədəniyyət işçilərinə DƏSTƏK

    Mədəniyyət Nazirliyinin “EvdəQal evdə yarat”layihəsi əsasında Neftçala rayonunun mədəniyyət müəssisələrinin işçiləri evdə qalmaqla, öz işlərini səmərəli şəkildə davam etdirirlər.

    İnterpress.az-ın məlumatına görə, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Neftçala mədəniyyət işçilərinin evdən səmərəli işləmələrinə dəstək verib.

    Millət vəkili Sabir Rüstəmxanlı özünün sosial şəbəkə hesabında mədəniyyət işçilərinin göstərdiyi fəaliyyəti yüksək qiymətləndirərək, deputat həmkarlarını bu ictimai əhəmiyyətli layihəni dəstəkləməyə çağırıb.

  • Xalq şairi Sabir Rüstəmxanlı : Dünya 2020 -ci sinifdə qalıb – MÜSAHİBƏ

    –  Demək olar ki, bu gün dünya iflic vəziyyətindədir. Tarixdə təxminən 100 ildən bir bu  kimi pandemiyalar olur və dünyanı format edir. İndiyə kimi bu barədə çox əsərlər yazılıb. Ağlımıza gələn , günümüzü əks etdirən  ən uyğun nümunə Alber Kamyunun “Taun” əsəridir. Sizcə “korona” adlandırılan taclı ölüm dünya ədəbiyyatında, eləcə də bizim ədəbiyyatımızda öz əksini olduğu kimi tapacaqmı?

    –  Şübhəsiz ki… artıq bir çox publisistik  yazılar, şeirlər yazılır. Başımıza gələn bu fəlakətin təbii halda yoxsa süni yolla ortaya atıldığını deyə bilmərəm. Şübhəli məqamlar var. Bizim düşüncələrimizin, araşdırmalarımızın xaricində olan bir hadisədir. Alimlər, virusoloqlar müxtəlif fikirlər bəyan edirlər. Rusiyadan Amerikaya gedib yaşayan Putinin dostu olan bir şəxs deyir ki, bu işin başında Rusiya dayanır. Novosibirskidə  yerləşən “Vektor “ labaratoriyası  var. Keçən ilin payızında orda parlayış oldu və ordakı həkimlər Çinin Uohan vilayətində hərbiçilərin beynəlxalq yarışlarında iştirakından sonra bu virusu yaydılar. O, qeyd edir ki, bu Rusiyanın dünyada yerinə yetirmək istədiyi müxtəlif iddialarının nəticəsidir. Çin burda seçilmiş qurbandır. Başqa versiyalardan birində eyni qayda Amerikaya da şamil olunur. Tramp bu virusu – Çin virusu adlandırır. Hətta Çindən 3 milyard dollar təzminat tələb edir. Və digər ölkələr də bu iddiada ola bilərlər. Daha bir versiya bizim çox yaxşı tanıdığımız  Amerika yaşayan məşhur həkim  türkəsilli alim Mehmet Öz yazır ki, bu kimi viruslar həmişə olub, olacaq və daha təhlükəliləri də ola bilər.  Bu virus özünü  bəzən qripəbənzər sadə bir virus kimi göstərir, bəzən çox ağır nəticə – ölüm ilə nəticələnir. Dünyada yeni olduğu üçün buna hələ öyrəşməmişik. Gələcəkdə vaksini tapılacaq, insan buna digər qriplər kimi yanaşacaq. İqtisadçıların bununla bağlı iddia etdiyi başqa bir variant da var ki, bu pandemiyadan sonra zənginlər daha da zənginləşəcək, yoxsullar nisbətən  sıradan çıxacaqlar. Dolların qiyməti qalxır, Amerika dünyaya borclar verir, nisbətən kasıb ölkələri özündən asılı qoyur. Hələ planda görücülərin, baxıcıların proqnozları da var. Bütün bu iddialar, ittihamlar, proqnozlar hələ çox əsərlərin yazılmasına səbəb olacaq.

    –   İnsanlar bu virusdan öncə meqapolislərin səs küyündən, tıxaclarından   yorulmuşdular. Bəlkə də düşünürdük ki, evdə qala bilsəydik bu yorğunluq canımızdan çıxardı. Amma bu müddət 1 həftə sonra əksinə təsir göstərdi.

    –   Mənim fikrim budur ki, dünyanın nizamı pozulmuşdu. Düşünürəm ki, bu nizam çətin olsa da, dünyaya  müəyyən qədər öz təsirini göstərəcək. Mənə görə bu bəlanın faciəvi tərəfləri ilə yanaşı, biraz da insani tərəfi də var. Bu da ondan ibarətdir ki, dünyada xüsusən də Avropanın bəzi ölkələrində insanlığa yaraşmayan , insan əxlaqı ilə bir araya gəlməyən bir çox meyllər var. Eynicinsli insanların ailə qurmağı, əxlaqsız gecə həyatı və s. İnsanlığın bu dəyərləri ayaq altında qalmışdı. İnsan alveri, silah alveri, narkotika alveri , insan həyatının ucuzlaşmağı dünyanı böyük bir çirkaba çevirmişdi. İndi sərhədlərin, yolların bağlanması, insanların evlərə qapanması əslində bunları düşünməyə imkan verir. Təbii ki, hamı narahatdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də  nə qədər ailələr sıxıntı yaşayacaqlar. Dövlətimiz müəyyən qədər bu işin çətinliyini boynuna götürür. 600 mindən artıq xırda və orta sahibkarlara yardım, işi olmayan insanlara sosial təminat verir. Neftin qiymətinin aşağı düşdüyü, demək olar ki, gəlir gətirən bütün sahələrin dayandığı bir vəziyyətdə dövlət vətəndaşından öz qayğısını əsirgəmir. Bəlkə  iqtisadiyyatın məhdudlaşması, neftin bahalaşmağı insanları ənənəvi istehsal sahələrinə yönəldər. Əkinçilik, maldarlıq sahələri inkişaf edər. Rayonlardan gəlib günəmuzd işləyib kirayə qalanlar öz torpaqlarının bərəkəti ilə dolansalar, əvvəlkindən daha rahat yaşaya bilərlər.

     –  Yazıçılar insanların psixologiyası ilə işləyən insanlardır, sizcə insanların davranışlarında bu pandemiya hansı izləri qoyacaq?

    – Müvəqqəti sıxıntıdır, əlbəttə bir müddət belə olacaq. Bu uzun müddət davam edə bilməz. Bu hala yuxarıdakı variantlar kimi və ya hər hansı siyasi rəng vermək istəmirəm. Karantin tədbirləri əlacsızlıqdan və məcburiyyətdən irəli gəlir. Əlbəttə bu insanların psixologiyası və davranışında ciddi iz buraxacaq. Dünyanın xaosundan, qaçhaqaçından, qovhaqovundan uzaq qalmağın üstünlüklərini sonra hiss edəcəklər. Bu günlərin izi hər cəhətdən həyatımıza yansıyacaq. Bu itkilər daha böyük itkilərin qarşısını almaq üçündür.

    –   İnsanları birləşdirmək, düşündürmək üçün  kütləvi bəladan təsirli nəsə ola bilərdimi? Bəlkə biz yazarlar bu hadisəyə daha sentimental don geyindiririk?

    –  Yox bu reallıqdır axı. Çox dövlətlər, insanlar ağalıq, Allahlıq iddiasında idi. Bu mənada bu hadisəyə təkcə yazıçıların humanist yanaşmasını demək düzgün olmazdı. Peşəsindən, nüfuzundan, imkanlarından  asılı olmayaraq bütün insanların bir peşmançılıq hissləri baş qaldırdı.  Raketlər, kosmik stansiyalar,  təcrübələr , peyklər hamısı atmosferi zədələyir. Ozon dəliyi böyüyür, xəstəliklər artır. Bunların davam etməsi insanlığın sonudur, insan öz savaş eşqinə dur deyə bilmirsə bu bəşəriyyətin sonudur. Təbiət  ekologiyanın bu qədər çirkləndirməsinin qisasını alır. Ümüdsüzlüyə qapılmaq lazım deyil, təbiətin öz nizamlayıcı qüvvəsi də var. Lakin olanlar insanlara bir dərs verir. Hər halda dünyanın axırı deyil.

    –  Evdə qalmaq yazıçı üçün digər peşə sahiblərinə nisbətən elə də çətin olmamalıdır. Yəqin ki, yazı və ya mütaliə vərdişi bu barədə onlar xilas edir.

    –  Yazıçının kənarda tərk edib evində tapdığı başqa bir dünyası da var. Bu onun yazı-pozu dünyasıdır. Yaradıcı adam heç vaxt evdə qalmaqdan darıxmaz, bezməz.

    –  Bütün ziyalılarımız, aydınlarımız, elm adamlarımız insanlara çağırış edirlər. Bu günlərdə pandemiyanın qarşısını alan ən ağıllı və variantsız addım karantin rejimidir. İnsanlar evdə qal sözündən bezməsinlər deyə, onlara bununla yanaşı daha nələr tövsiyyə edirsiz?

    –   Evdə qal deyən dünya əslində bizə sinifdə qal deyir. Bütün dünya 2020 -ci sinifdə qalıb. İnsanlar imtahanlardan kəsildi. Başqa çarə yoxdur, hamı evdə qalsın. Amma nəfsini, pislik eşqini, haram ehtirasını çöldə qoyub evdə qalsın. Toylarda,  yaslarda nə qədər israfçılıq , harınçılıq vardı. Bir xəstəlik bütün düzəni yoluna qoydu. Məni bir yazıda işarələmişdilər. Quranda yazılıb ki, cəhənnəmi 19 mələk idarə edir. Bəlkə bu virusun başqa bir adının  Covid-19 olmağının da bununla bir uyğunluğu var. Yer üzünü cəhənnəmə döndərmək üçün bu mələklərin virus şəkilində yerə enməyi kimi izah olunur.  Gərək  insanı insan edən mənəvi saflığı qoruyaraq evdə qalıb, sonra çölə təmiz çıxaq. Bu gün 200-ə yaxın dustağın əfv fərmanı qüvvəyə mindi. Onlar da öz evlərinə yeni arzular, yeni ümüdlərlə getdilər.

    Söhbətləşdi: Nuranə Nur 

    Ədəbiyyat qəzeti

  • “Bir virus digər virusu məsuliyyətdən yayındıra bilməz”

    Sabir Rüstəmxanlı
    Xalq şairi,
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri

     
    Dünyanı bürüyən qlobal fəlakət, koronavirus pandemiyası Azərbaycan Respublikasından da yan keçmədi. Təəssüf ki, bu şəraitdə Milli Məclisin ilk yığıncaqlarında söz demək imkanımız da məhdudlaşdı.
    Altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması ilk növbədə ölkə başçısının açılış yığıncağındakı əhatəli çıxışı və Milli Məclis rəhbərliyindəki dəyişikliklərlə əlamətdardır. Həmin çıxış və MM-in idarəçiliyinə yeni yanaşma ölkə başçısının islahatlar xəttinin ardıcıl olacağının təsdiqidir. Bu islahatlar siyasi həyatımızda da davam etdirilir. Ölkə parlamentinin rəhbərliyində ilk dəfə müxalifət partiyalarının təmsil olunmasına şərait yaradılıb, siyasi müxalifətin millət vəkilləri Milli Məclisin Komitə sədri və ya Komitə sədrinin müavinləri seçiliblər. Özəlliklə bizim Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimlinin MM sədrinin müavini seçilməsi bütün partiya üzvlərini və dostlarımızı ürəkdən sevindirdi və cəmiyyət tərəfindən rəğbətlə qarşılandı.
    Bununla yanaşı, Prezident Administasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, müxalifət partiyalarının liderləri ilə görüşlərin keçirilməsi də ölkədə demokratiyanın inkişafı, davamlı dialoq və qarşılıqlı anlaşma mühitinin formalaşması, millət vəkillərinin seçicilərlə səmərəli işləməsinə şərait yaradılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilməlidir. Ölkəmizin gələcəyi, ölkə daxilində sabitliyin qorunması, vətəndaş həmrəyliyinin gücləndirilməsi baxımından bu son dərəcə dəyərli addımlara görə Respublikamızın Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirməyi özümə borc hesab edirəm.
    Milli Məclisə seçildiyim Neftçala rayonunun təbii şəraiti və potensialı bu rayonu qısa müddətdə ən inkişaf etmiş bölgələrimizdən birinə çevirmək, problemlemlərini həll etmək imkanı verir. Bu barədə seçicilərimə verdiyim bütün vədləri yerinə yetirmək, hakimiyyət orqanlarının diqqətini bu işə cəlb etmək vəzifəmizdir. Lakin indi hakimiyyətin əsas qayğısı ölkəmizi koronavirus faciəsindən daha az itkiylə çıxarmaqdır. Virusun yayılmaması və əhalinin qorunması baxımından Azərbaycan bir sira inkişaf etmiş ölkələrdən daha irəlidədir. Bunun bir səbəbi də vaxtında lazımlı ehtiyat işlərinin və qabaqlayıcı tədbirlərin görülməsidir.
    Dünyanın böyük dövlətlərinin gizli savaş aləti olan bu xəstəliyin yayılma dinamikası, təsirli müalicə vasitələrinin tapılmaması ümumi bir vahimə yaradıb. Proseslərin nə ilə nəticələnəcəyini demək çətindir. Xalqımızı qorumaq, bu bəladan az itkiylə çıxmaq ümumi səfərbərlik, milli birlik və hər bir vətəndaşın məsələyə son dərəcə məsuliyyətlə yanaşmasını tələb edir. Eyni zamanda, hakimiyyət orqanları ehtiyacı olan heç bir ailəni, qocaları, anaları, yalqız, köməksiz insanları diqqətdən kənarda qoymamalı, yardımlaşma, sosial müdafiə prosesində diqqətli və vicdanlı oımali, öz məsuliyyətlərini yaddan çıxarmamalıdırlar.
    Bu qlobal fəlakətə fürsət kimi baxmaq, xalqın düşdüyü çətinliyi siyasi möhtəkirlik vasitəsinə çevirmək olmaz və bu, heç kimə başucalığı gətirməz. Bu gün bütün incikliklər, fikir ayrılığı, iqtidar-müxalifət söhbətləri arxa plana atılmalı, ölkədə ümumi bir dirəniş, barış havası və vətəndaş sevgisi hökm sürməlidir. Bunun da yeganə yolu siyasi, iqtisadi, hüquqi və sosial ədalətdən keçir. Biz bu əqidə ilə ölkəmizin ümumu mənafeyi naminə ölkə başçısının əhaliyə və məmurlara çağırışlarını dəstəkləyirik! Bu ovqat bizim gələcək üçün bəslədiyimiz bütün ümid və arzularımıza da möhkəm təməl ola bilər.
    Milli birlik, bərabərlik istəyi vəzifə kölgəsində riyakarlıqla daldalanan, varlıqları-yoxluqları bilinməyən, ancaq öz mənafelərini düşünən bəzi məmurların başının altına yastıq qoymamalıdır, bir virus digər virusu məsuliyyətdən yayındıra bilməz!
    İnanıram ki, dövlətimizin imkanları və xalqımızın vəziyyətə düzgün, məsuliyyətlə yanaşması nəticəsində tezliklə bu fəlakətdən xilas olacağıq.
    Allah Azərbaycanımızı və millətimizi qorusun.
  • Ağdaban faciəsinin törədilməsindən 28 il ötür.

    Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyi ilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum ediblər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağılıb. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırıblar, 779 nəfər dinc sakinə divan tutublar. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törədiblər.

    Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.

    Ağdaban faciəsinə görə cəzalandırılmayan erməni separatçıları bütövlükdə Kəlbəcərin işğalı üçün planlar hazırladı. 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başlayıblar. Erməni silahlıları yenidən kəndə hücum edərək oranı viran qoyublar. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törədiblər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edilib.

    Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edilib.

    Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

    Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

  • Karantin dövründə online fəaliyyət göstərən partiyalar – sədrlərdən açıqlama

    Aprelin 5-dən Azərbaycanda koronaivurs (COVİD-19) infeksiyası ilə bağlı karantin rejimi bir qədər də sərtləşdirilir. Bu tarixdən etibarən bəzi qurumlarda çalışanlar istisna olmaqla, insanlar çölə yalnız hər gün yalnız 2 saatlıq müddət üçün  SMS vasitəsilə icazə alaraq çıxa biləcəklər. Azərbaycanda karantin rejiminin aprelin 20-nə qədər davam etməsi nəzərdə tutulur.

    Bəs bu vəziyyətdə ölkə ictimaiyyəti, partiyalar, QHT-lər necə fəaliyyət göstərirlər?

    Müstəqil.Az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə hazırda əksər QHT-lər və partiyalar online formada fəaliyyətlərini qurub, i rinə bu cür davam edirlər. Onlar əsasən online qruplar yaradıb, müzakirə ediləsi məsələlərini həmin qrupda danışırlar.

    VHP İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, pandemiya dövründə Vətəndaş Həmrəyliyi Partiyası öz fəaliyyətini mövcud şərtlər əsasında həyata keçirir:

    “İlk gündən Mərkəzi Aparatın yaşı 65-dən yuxarı olan, səhhətimdə problem olan ştatlı işçilərinin evdə qalmasına göstəriş verildi. Ölkədə karantin elan olunduqdan sonra isə bütün işçilərin işə gəlməsi dayandırıldı və onlayn əlaqələr vasitəsi ilə fəaliyyət göstərilir. Partiya rəhbərliyindən yalnız Mərkəzi İcra Aparatının rəhbəri baş ofisdə fəaliyyət göstərir, sənədləşmə və əlaqələndirmə işlərini həyata keçirir. VHP-nin ştatda olan əməkdaşlarının əməkhaqqı ödənilib. VHP-nin bütuň rayon təşkilatlarının fəaliyyəti dayandırılraq onlayn formaya keçirilib. Yalnız telefon və internetin imkanları vasitəsi ilə əlaqələr qurulur. Siyasi Şuranın və digər seçkili qurumların fəaliyyətləri müvəqqəti dayandırılıb. Zərurət olduğu təqdirdə toplantılar onlayın formada keçiriəcəkdir. Bütün üzvlərə karantin rejiminə əməl etmək göstərişi verilib”.

    Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qaydalara əməl etdiklərini söylədi:

    “Karantin rejimi elan olunmamışdan əvvəl siyasi fəaliyyətlə bağlı qərargaha gediş-gəliş məhdudlaşdırılmışdı. Özüm qərargaha gedirdim. Çünki işlə bağlı materiallar var. Eyni zamanda, özümün məşğul olduğum materiallar da oradadır. Amma hazırda qərargah bağlıdır. Dostlarla, o cümlədən, partiya rəhbərliyinə daxil olan şəxslərlə telefon, internet vasitəsilə əlaqələr saxlayırıq, məsləhətləşmələr aparırıq. Karantin rejimində elan olunan qaydalara tam əməl olunur”.

    KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, karantin dövründə bütün şərtlərə əməl edərək, evdə otururlar:

     “Heç yerə çıxılmır, hər hansı təşkilati işlər görülmür. Pandemiyanın artmaması üçün vətəndaş olaraq gərəkən addımları atmağı vacib bilirik. Bu baxımdan karantin dövründə “evdə qal” prinsipinə riayət edirik”.

    ReAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli isə bildirib ki, onlar online formada fəaliyyət göstərirlər: “Online  qruplarımız var, bəzi məsələlərin müzakirəsini orada təşkil edirik, regionlarla və Bakı Məclisləri ilə müxtəlif online platformalarla əlaqə saxlayırıq”.

    Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, karantin dövründən əvvəl də müxalifətin fəaliyyət məkanı daralmışdı:

    “Karantin elan olunandan sonra təbii ki, digər sahələrdə olduğu kimi siyasi arenada da məsələlər ağırlaşdı və siyasi fəaliyyət səngidi. İndi əslində elə əsas siyasi mövzu da pandemiya, insanların bundan az itkisiz çıxmasıdır. Xüsusi siyasi proses yoxdur ki, ondan kənarda qalaq. Çalışırıq ki, bu və ya digər mövzulara partiya kimi mövqeyimizi bildirək. Bu mövqeyi də həm jurnalistlərə açıqlama verməklə, həm də sosial şəbəkələr vasitəsilə bildiririk. Həftədə 1 dəfə müasir texnologiyanın yaratdığı imkanlardan istifadə edib, idarə heyətinin iclasını keçirirk. Təbii ki, online şəkildə, sosial şəbəkələr vasitəsilə siyasət tam mənasında həyata keçirilə bilməz. Bunun üçün canlı ünsiyyət, karantinin aradan qaldırılması lazımdır ki, partiyalar tam şəkildə fəaliyyət göstərsin. Ümid edirik ki, yaxın zamanlarda həm dünyada, həm də Azərbaycanda mövcud vəziyyət düzələr və biz də fəaliyyətimizə geri dönərik”.

     

    Əli Rais

    musavat.com

  • Rövşən Almuradlı vətənpərvərlik və milli əqidə daşıyıcısı rəmzi idi

    Görkəmli rejissor və aktyor vətənpərvər ziyal Rövşən Almuradlının ölümündən bir il keçir. Rövşən Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olmuş və 65 illik yubileyinə bir neçə gün qalmış 2019-cu il aprelin 2-də vəfat etmişdir.
    R.Almuradlının Azərbaycan teatr səhnəsində və kinosunda xidmətləri danılmazdır. O, ifa etdiyi rollarla, quruluş verdiyi tamaşalarla, çəkdiyi filmlərlə Azərbaycan mədəniyyəti tarixində əbədi olaraq qalacaqdır. İyirmidən artıq filmin, ona yaxın tamaşanın rejissoru olan Rövşən Almuradlı öz yaradıcılığında yüksək peşəkarlıqla yanaşı, milli ideyaların təbliğini əsas tutmuşdur. O, yalnız yaradıcılığı ilə deyil, düşüncələri, fəaliyyəti ilə millətə və dövlətə xidmətdə olmuşdur. Rövşən Almuradlı öz mövqeyi, fəaliyyəti ilə əsl ziyalı, vətənpərvərlik və milli əqidə daşıyıcısı rəmzi idi. Belə bir sənət adamının dövlət tərəfindən diqqətdən kənarda saxlanmas, onun şəxsinə və yaradıcılığına lazımi qayğının göstərilməməsi ölümündən sonra daha çox təəssüf və ağrı hissi yaradır.
    Rövşən Almuradlı ömrünün son illərini Vətəndaş Həmrəyliyi Partiyasında fəaliyyət göstərdi. Böyük ziyalılığı, vətənpərvərliyi ilə o, bir örnək simvoluna çevrildi.
    VHP üzvləri bu böyük ziyalını bu gün də dərin sayğı ilə yad edir. Amansız ölüm onu aramızdan aparsa da, zaman keçəcək, onun bizə miras qoyub getdiyi gözəl sənət nümunələri yaddaşlarda və tarixin səhifələrində yaşayacaqdır.
    Allah rəhmət eləsin.

    Vətəndaş Həmrəyliyi Partiyası

  • Kəlbəcərin işğalından 27 il ötür…

    Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır. Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

    Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

    Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

    1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

  • Mart soyqırımından 102 il ötür

    Bu gün erməni terrorizminin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qurbanları yad edilir.

    1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında, Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri on minlərlə azərbaycanlını qətlə yetirmişdir.

    Erməni terrorizminin ötən yüz il ərzində Azərbaycan xalqına qarşı apardığı, bu gün də davam edən sistemli və ardıcıl soyqırım nəticəsində 2 milyondan artıq azərbaycvanlı öldürülmüş və yurdundan didərgin salınmış, 500-dən çox Azərbaycan kəndinin viran qalmış.

    Bu son yüz ilin dünya üzrə ən uzunmüddətli və geniş soyqırım tarixidir. Erməni daşnaqlarının Çar Rusiyası, daha sonra SSRİ, müstəqillik illərində isə Rusiyanın aktiv dəstəyi ilə azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin ümumiləşmiş halda 102 illiyi qeyd edilsə də, qətliamların və etnik təmizləmə siyasətinin tarixi daha uzağa gedib çıxır.
    Vətəndaş Həmrəyliyi Partiyası olaraq soyqırım nəticəsində həlak olan soydaşlarımıza Allahdan rəhmət diləyirik.

    Ruhları şad olsun.