Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlı Neftçala ilə bağlı həyəcan təbili çaldı

    Milli Məclisin bugünki plenar iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı büdcədən qənaətlə istifadə ilə bağlı fikirlərə toxunarkən bildirib ki, o qənaətin bəzən faciəli nəticələr doğuracağını nəzərə almalıyıq.

    VHP sədri Sabir Rüstəmxanlı Neftçaladakı su problemindən də danışıb və təcili tədbirlər görməyə çağırb: “Bu gün Neftçalada Salyana qədər hətta heyvanların belə içməsi üçün su yoxdur. Hansı ki, keçən il Prezident 5 milyon vəsait ayırıb içməli su kəməri ilə bağlı, amma problem həll olunmayıb. 12 su maşını ilə 80 min nəfərlik rayonu su ilə təmin etmək olmaz. Heyvanlar camaatın gözü qabağında susuzluqdan qırılır, əhali içməyə, əl-üzünü yumağa su tapmır. 5 milyona su kəməri çəkilsəydi, insanlar bu vəziyyətdə qalmazdı. Kürün suyu kəskin şəkildə azalıb, Xəzərin şor suyu Kür suyuna qarışıb. Mən burdan Neftçala camaatının adından həyəcan siqnalı çalıram. Bu məsələ vaxtında həll olunmalıdır, süni yollarla camaatımızı narazı salmalı deyilik”.

    E.Paşasoy,
    Musavat.com

  • Sabir Rüstəmxanlıdan Kamil Vəliyə cavab: “Millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm”

    “Erməni qədər bizə çox yaxın (mədəniyyət, məişət, zövq…) ikinci bir millət yoxdur”. Bu fikirləri Azərbaycan-Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, professor Kamil Vəli Nərimanoğlu bildirib.

    Azərbaycanlı alim daha sonra qeyd edib: “Bir əsas fərqlə. Biz ailəmizin vurğunuyuq, ermənilər öz millətini sevirlər, ona fəda olurlar… Biz ailə, qadın, qız, bacı, gəlin qeyrətini müqəddəs bilirik, erməni vətən qeyrətini müqəddəs bilir”.

    Azərbaycanlı alimin fikirləri birmənalı qarşılanmayıb. Cənubi Qafqazın “qarayara”sına çevrilən, demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən, Azərbaycan torpaqlarında böyük güclərin dəstəyi ilə dövlət quran və bununla kifayətlənməyərək, digər ərazilərimizə də sahiblənməyə cəhdlər göstərən ermənilərin üstün keyfiyyətlər sahibi, üstəlik, bizə yaxın toplum kimi təqdim olunması tənqidi reaksiyalara səbəb olub.

    Deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında Kamil Vəli Nərimanoğlunun fikirləri ilə tanış olduğunu bildirdi: “Bunu Mirzə Cəlil də yazıb, Mirzə Fətəli Axundzadə də. Nəsimədən üzü bəri ermənilərlə bağlı yazılıb. ”Əsli və Kərəm”-filan. Ermənilərlə bizim münasibətlərimizin yaxşı vaxtlarında yazıblar. Tarix boyu normal münasibətlər olub. Ermənilərlə bizim aramızda ziddiyyətlər və düşmənçilik, türkə erməni düşmənçiliyi əslində gizlin şəkildə kilsənin apardığı siyasətdə var idi. Amma bu, daha çox 18-ci yüzildən başlayıb – Rusiyanın cənuba doğru genişlənmək siyasəti və burada özünə həmfikir, ona yardım edən qüvvələr axtarmağa başlamasından. Bu zaman da daha çox xristianlıq amili əsas götürülüb, onunla eyni dindən olan gürcülərə və ermənilərə bel bağlayıb, onlarla əməkdaşlıq edib, müdafiə edib, türklərə və İslam dünyasına qarşı bəsləyib. 19-cu yüzildə Türkiyədə, Anadoluda açılan amerikan məktəbləri və Avropadan buraya gələn missioner təşkilatlar həm yunanlar, həm ermənilər arasında iş aparıb. Onlar ermənilər üçün xüsusi məktəblər açırdılar və o məktəblərdə türk düşmənçiliyini, ermənilər üçün uydurma tarix, uydurma ideallar, “üç göl arasında Böyük Ermənistan” xülyaları təbliğ edirdilər. Bunlar təbii ki, əsası olmayan tarix əsasında qurulmuş yalanlar idi və bütün bir xalqı illər uzunu bu yalanlara öyrətdilər. Yekunda dünyada bir “erməni məsələsi” ortaya atıldı. Guya ermənilərin burada problemləri var, o olmayan yerdə onun üçün dövlət yaratmaq lazımdır. Ermənilərlə düşmənçilik o dövrdən gəlir. Onlardan istifadə edərək müsəlmanın və türkün düşməninə çeviriblər”.

    S.Rüstəmxanlı qeyd etdi ki, ermənilərlə düşmənçilik getdikcə gücləndiyi üçün Kamil Vəlinin dediyi “biz ermənilərlə yaxınıq” yanaşması artıq çox uzaq keçmişdə qalıb: “Bu gün ermənilərlə bizim yaxınlığımızın izləri, əlamətləri silinməkdədir. Çünki hər bir erməni uşağını türk düşməni kimi böyüdürlər, türk düşmənçiliyi təbliğ olunur. Musiqi, məişət yaxınlığımız var idi, onun hamısını ermənilər yer üzündən silib atmaqdadırlar. Çox vaxt ortaq şeyləri də öz adlarına çıxmağa çalışırlar. Ona görə də artıq yaxınlıqdan danışmaq çox çətindir. Mirzə Cəlil öz felyetonunda yazıb ki, erməni kilsəsinin həyətindən ”Vətən, vətən, vətən” sədası gəlir, Azərbaycan məscidində dəxli olmayan məsələlərdən söhbət gedir. Yəni bu müqayisələr həmişə gedib. Amma mən millətimizin bu cür aşağı tutulmasının tərəfdarı deyiləm. Azərbaycan xalqının da içərisində istənilən qədər taleyini, həyatını vətənə sərf eləmiş insanlar var, vətən sevgisi bizim cəmiyyətimizdə həmişə üstün dəyər sayılıb. Kilsə ilə bağlı məsələ var ki, erməni kilsəsi əlahiddə özünü xristian kilsəsindən ayırıb və erməni patriotizmini təbliğ edə-edə “vətənpərvərlik təbliğatı mərkəzinə” çevrilib. İslam aləmində bu yoxdur və buna ehtiyac duymayıblar. İslam aləmi insan sevgisini, qardaşlığı, yer üzündəki insanların bərabərliyini təbliğ edir, başqa millətə düşmənçiliyi təbliğ etmir. “Erməni vətənpərvərliyi”nin arxasında türkə düşmənçilik fikrini, bizim vətən sevgisini qabartmamağımızın arxasında böyük insan sevgisi və böyük humanizm dayanır. Fərq burdadır və bunu kim necə istəyir, o cür yoza bilər”.

    E.PAŞASOY,
    “Yeni Müsavat”

  • Güney Azərbaycanlı siyasi fəal Siyamək Mirzayi növbəti dəfə sürgünə göndərildi

    Tehran Əyaləti Apelyasiya Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin barəsində çıxarılan 1 il həbs hökmü və digər cəzaları təsdiqləyib.

    DAK-ın İdarə Heyətinin üzvü Ağrı Qaradağlının dak.az-a verdiyi məlumata görə, Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi iyunun 13-də bu barədə milli fəalın vəkilinə şifahi şəkildə bldirib. Məlumata əsasən, apelyasiya məhkəməsi Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən çıxarılan qərarları qüvvədə saxlayıb.

    Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 3 il Evin zindanında həbs edildikdən sonra Qain şəhərinə sürgün edilən tanınmış fəalı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırmışdı. Həmin ittihama görə 1 il 10 gün həbs cəzası verən hakim hökmün təkmil edilməsi adı ilə fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulması barədə qərar çıxarmışdı. Siyamək Mirzayi məhkəmə iclasında iştirak edə bilmədiyi üçün hökm qiyabi olaraq çıxarılmışdı.

    Azərbaycanlı fəalın sonuncu məhkəmə işi onun Evin zindanında həbsdə olarkən məhbusların hüququnun pozulması ilə əlaqədardır. Hökmdə fəalın həbs cəzası onun prokurora yazdığı açıq məktub və aclıq aksiyası xəbərinin sosial şəbəkələr və “rejimə qarşı fəaliyyət göstərən mətbuat orqanlarında” yayılması ilə əlaqələndirilib.

    Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılıb.
    O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplarda üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum olunub. Daha sonra apelyasiya məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz edilib.

    Magistr dərəcəsində təhsil almaq hüququndan məhrum edilən Siyamək Mirzayi ötən illərdə mədəni fəaliyyətləri səbəbindən rejimin müxtəlif təzyiqlərinə məruz qalıb. O, hazırda Cənubi Xorasan Əyalətinin Qain şəhərində məcburi sürgün həyatı yaşayır.

  • Bu rayon ekoloji fəlakət həddindədir – Millət vəkili

    Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatlıq doğurub.

    Axar.az xəbər verir ki, Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib.

    “Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kürsahili ərazilərdə, daha çox isə Neftçala rayonunda narahatlıq yaradır. Kürün səviyyəsinin çox aşağı düşməsi və kəskin xəzrilərin əsməsi suyun şorlaşmasına səbəb olur. Su azalır, xəzri dəniz suyunu Kürə qovur və bu, vəziyyəti pis məcraya salır. Vəziyyət son həftədə daha kəskin hal alıb, artıq heyvanlar belə su içməkdən imtina edir”, – S.Rüstəmxanlı qeyd edib.

    Millət vəkili Neftçalanın Kürsahili kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özündə evlərə şor su gəldiyi üçün əhalinin sudan imtina etməyə məcbur olduğunu vurğulayıb.

    Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlının Milli Məclisdə qaldırdığı məsələ bir müddətdir mövcuddur. Artıq Kürdəki suyun şorlaşması Salyan ərazisinə qədər gedib çıxıb.

  • VHP hökumətdən tələb etdi: Soydaşlarımızı ölkəyə buraxın

    Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində sərhədin qarşı tərəfinə keçmək istəyən yüzlərlə Azərbaycan vətəndaşları toplaşıb. Son günlər burda böyük problemlər yaşanır, Azərbaycan vətəndaşlarına qarşı törədilənlər böyük təəssüf yaradır. Yüzlərlə insanımız vətənə qayıdış yolunda, rəsmi qadağalar bu yolu bağlayıb. Dünyanı bürüyən pandemiyadan irəli gələn məhdudiyyətlər başa düşüləndir. Onu da qəbul edirik ki, yaranmış problemləri bir anda həll etmək mümkün deyil. Amma bütün bunlara rəğmən vətənə üz tutan soydaşlarımızın bu şəkildə təhqir olunması və alçaldılması yolverilməzdir. Vətəndaş Həmrəyliyi Partiyası Rusiya sərhədçilərinin hərəkətlərini qətiyyətlə pisləyir, eyni zamanda Azərbaycan hökumətindən soydaşlarımızın ölkəmizə keçməsi üçün təcili tədbirlər görülməsini tələb edir.

  • Sabir Rüstəmxanlıdan Böyük Britaniya təbrik

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmış Krallığının milli bayramı – Kraliçanın Təvəllüd Günü təbrik məktubu yazıb. Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

    cənab Ceyms Şarpa ünvanlanan məktubda deyilir: “Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası xanım II Elizabetin doğum günü münasibəti ilə səmimi təbriklərimizi qəbul edin. Ölkənizin milli bayramı – Kraliçanın Təvəllüd Gününüz münasibətilə Birləşmiş Krallığın dost xalqını təbrik edirəm.

    Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabetə möhkəm can sağlığı arzulayıram.

    Hörmətli cənab Səfir!

    Bir daha Sizi milli bayram – Kraliçanın Təvəllüd Günü münasibəti ilə təbrik edir, Sizə diplomatik fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram”.

  • “Bizim insanımız öz vəkilindən çox çey istəmir ki..”

    “Bizim insanımız öz vəkilindən çox şey istəmir ki…”
    Millət vəkili Sabir Rüstəmxanlının Dominant.az-a müsahibəsini təqdim edirik:
    – Sabir bəy, 9 fevral növbədənkanar seçkilərlə formalaşan parlamentin fəaliyyətə başlamasından 100 gün ötür. Bu 100 günə nəzər yetirdikdə deputatların fəallaşdığını, seçicilərlə daha çox ünsiyyətdə olmaları kimi keyfiyyət dəyişikliyinin şahidi oluruq.
    – Düzü, buna xüsusi diqqət yetirməmişəm. Çünki əvvəlki dönəmlərdə də mənim seçicilərimlə sıx təmaslarım olub. Azından, ata yurdum kimi Yardımlıya gedəndə insanları dinləmişəm, onlarla görüşmüşəm. Bu rayondan seçildiyim vaxtlarda mənim köməyim və təşəbbüsümlə görülən işləri indi də insanlar xatırlayır. Neftçala da yad rayon deyil. Azərbaycanın heç bir bölgəsi yad deyil. Seçkidən sonra məhdudiyyətlərə baxmayaraq, bir neçə digər rayona getmişəm, görüşlər keçirmişik, insanların problemləri ilə maraqlanmışam. Eyni zamanda rayonda deputat kimi ofisimiz fəaliyyət göstərir və deputat köməkçisi daimi olaraq adamlar arasındadır. Həm həmin ofis vasitəsilə, həm də Milli Məclisin poçtu ilə seçicilərdən xeyli məktublar alıram, bu məktublarda göstərilən problemlərin həlli üçün çalışırıq. Əslində, millət vəkili səlahiyyətçə hansısa problemin həllini birbaşa icra etmək imkanında deyil, bu problemi qaldırıb müvafiq qurumları hərəkətə gətirməlidir. Bizim insanımız da öz vəkilindən çox şey istəmir ki, onu dinləmək, yanında olmaq və məclisdə millətin sözünü ifadə etmək mümkün olmasın. Bu baxımdan mən millət vəkili olmadığım 80-ci illərdən hansı fəaliyyətdə və əqidədə idimsə bu gün də onu davam etdirirəm.
    – Yeri gəlmişkən, sizin bu günlərdə Neftçalada su problemi ilə bağlı qaldırdığınız məsələyə də qısa müddətdə reaksiya verildi və problem həllini tapdı. İcra qurumlarının da fəaliyyətində bu baxımdan yaxşıya doğru dönüş hiss olunur.
    – Neftçalada yaranmış vəziyyət çox nadir təbiət hadisələrindən biri idi. Necə deyərlər, ənənəvi Kürün Xəzərə tökülməsi prosesinin əksi baş vermişdi və bu bölgədə ciddi su qıtlığı yaranmışdı. Təbii ki, müvafiq dövlət qurumlarının da durumdan xəbəri var idi və millət vəkili kimi, bunu ictimailəşdirmək, diqqəti bu məsələyə yönəltmək seçicilərim qarşısında borcum idi. Həm Prezident Aparatı, həm də Neftçala Rayon İcra Hakimiyyəti çevik reaksiya ilə problemi aradan qaldırdılar. Amma mən bir məqama toxunmaq istəyirəm. Su ilə insanları sıxmaq soyqırıma bərabər cinayətdir və bu gün insanlığın gələcək su probleminin həlli ilə bağlı ciddi düşünülür.
    Qeyd etdiyim kimi, Neftçalada baş verən hadisə təbii faktorlarla, Kürün suyunun azalması və Xəzərdə səmt küləklərinin güclənməsi ilə bağlı idi. Amma Azərbaycanın böyük bir hissəsində, özü də kənd təsərrüfatı üçün çox yararlı bölgələrində də eyni problem yaşanır. İllərdir işğalçı Ermənistanın Sərsəng su anbarını nəzarətdə saxlaması, Araz çayının işğal altında olan bölgədən keçən hissəsindən bu yana axını azaltması Qarabağ və Qarabağ ətrafı, eyni zamanda Mil-Muğan bölgəsində ciddi su problemi yaradıb. Dövlət müəyyən işlər görərək süni su mənbələri hesabına bu problemi aradan qaldırmağa çalışır. Amma fakt budur ki, Ermənistan bölgədə süni su qıtlığı həyata keçirərək ekoloji terror siyasəti yürüdür. Bu məsələ beynəlxalq müstəviyə qaldırılmalı və işğalçının siması ifşa olunmalıdır.
    “Ərazı bütövlüyümüzün real bərpasına doğru qətiyyət göstərməliyik”
     
    – Bu günlərdə Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərinin, o cümlədən Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyi sədrinin Ermənistandan Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan 3-cü yolun çəkilişinə etiraz edərək, Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bəyan etməsi fonunda beynəlxalq birliyin də tədricən Azərbaycanın mövqeyini müdafiə etdiyini düşünmək olarmı?
    – Bu bəyanatın əhəmiyyəti böyükdür. Bu bəyanat bir daha göstərdi ki, heç bir zorakılıq, işğalçılıq özünə hüquqi don geyindirə bilməz. Dünya işğalçını öz adı ilə tanıyacaq. Ermənistanın işğal siyasəti beynəlxalq təşkilatlar tərəfindən ifşa olunur. Üçüncü magistral yolun çəkilməsi cəhdləri Ermənistanın qeyri-qanuni işğalçılıq siyasətindən əl çəkməməsi, bu yollarla status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaqını davam etdirmək məqsədi daşıyır. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri onun beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə də ziddir. Dünya ictimaiyyətinin daha qətiyyətli addımlar atmasını təmin etmək məqsədilə Azərbaycan dövləti beynəlxalq tribunalardan mümkün qədər istifadə edir. Məhz bunun nəticəsidir ki, indi Ermənistanın işğal siyasətini pisləyən ölkələrin və təşkilatların sayı artmaqda, bu istiqamətdə yeni-yeni sənədlər qəbul edilməkdədir. Ermənistan həm uğursuz xarici siyasəti, həm dövlətinin azad olmaması, həm də haqsız mövqeyinin nəticəsi olaraq beynəlxalq müstəvidə ifşa olunmaqda davam edəcək. Bunun başqa yolu yoxdur. Amma Azərbaycan üçün də illərlə bizim haqq səsimizi eşitməyən qurumların indi qəbul etdikləri bəyanatlar tam yetərli deyil. Avropa parlamentində səslənən son bəyanat, şübhəsiz Azərbaycan diplomatiyasının uğurudur. Amma həm diplomatiyamızın, həm iqtisadiyyatımızın, həm hərbimizin, bir sözlə, xalq olaraq bizim böyük uğurumuz Azərbaycan torpaqlarının azad edilməsi olacaq. Buna görə də bu kimi bəyanatlara önəm verməklə yanaşı, ərazı bütövlüyümüzün real bərpasına doğru qətiyyət göstərməliyik. Dünya birliyi bölgədə sabitlik və sülh istəyirsə, işğalçıya lazımi təpkini göstərməlidir. Münaqişənin yeganə həll yolu Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir və bunu hər kəs qəbul etməlidir. Ermənistan hakimiyyəti də artıq geriyə yol olmadığının fərqindədir və buna görə Qarabağa müntəzəm səfərlər edərək burda siyasi şou göstərib öz ölkəsində xal qazanmaq istəyir. Amma təcrübə təsdiqləyib ki, bu, uğursuz cəhddir.
    – Maraqlıdır ki, eyni zamanda Ermənistanda da siyasi gərginlik hökm sürür…
    – Əslində, bu, siyasi gərginlik deyil. Faktiki olaraq Ermənistanda siyasi böhran və iflas yaşanır. Meydanlardan dövlət başına gətirilən Paşinyanın təcrübəsizliyi və siyasi səriştəsizliyi öz məntiqi sonluğuna yaxınlaşmaqdadır. Narazılıq elə bir həddə çatıb ki, hətta koronavirusun qorxusu belə, insanları kütləvi etiraz aksiyalarından çəkindirmir və özünü demokrat elan edən Paşinyan etirazçılara, hətta narazı deputatlara belə, polis zorakılığı göstərməkdən çəkinmir. Paşinyan yaxşı bilir ki, onun hakimiyyətinin ömrünə çox qalmayıb. Bunu son vaxtlar ölkədə bir-birinin ardınca verilən istefalar da təsdiqləyir. Burda bir məqama xüsusi toxunmaq istərdim. Hər dəfə Qarabağ münaqişəsi ilə bağlı məsələlər son nöqtəyə çatanda, Ermənistan beynəlxalq birlik tərəfindən divara dirənəndə bu ölkədə siyasi böhran yaranır, hakimiyyət dəyişir və beləliklə danışıqlar prosesi yenidən uzadılır. İndi də bu mənfi tendensiya müşahidə olunmaqdadır. Fikrimcə, Azərbaycan bu dəfə proseslərə seyirçi qalmamalıdır. Azərbaycanın həm iqtisadi, həm siyasi gücü, həm də bölgədəki geopolitik mövqeyi imkan verir ki, Ermənistan kimi marianetka bir dövlətdə hakimiyyət dəyişikliyində bizim də sözümüz və mövqeyimiz nəzərə alınsın. Ermənistandakı növbəti hakimiyyət dəyişikliyindən öz xeyrimizə istifadə etməli, düşmən ölkədəki siyasi böhranı özümüzün milli uğurumuza yönəltməliyik.
  • Sabir Rüstəmxanlı ilə Cavanşir Quliyevdən Müşfiq ruhuna ərməğan


    “Nəhayət bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq ağrıları” orotoriyasını bitirdim!”
    Dominant.az xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev bildirib.
    Bəstəkar qeyd edib ki, liberotto Azərbaycanın nakam şairi Mikayıl Müşfiqin acı taleyindən bəhs edir: “Müşfiqin faciəsi cəmiyyətə dərs olmadı. İndi də insanlar ədalətsizyə, qanunsuzluğa susurlar, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara əsr olunub, o cümlədən də, özümə”.
    “Liberettonun müəllifi Sabir Rüstəmxanlıdır. Əsər bir saat səslənir. 13 hissədən ibarətdir – proloq, 6 ağı, 5 qaraguruh, epiloq. İfaçılar – böyük simfonik orkestr, böyük qarışıq xor. Solistlər – soprano, tenor, mezzo-soprano, bariton, qadın – xanəndə, təqdimatçı”, – deyə C.Quliyev əlavə edib.
  • “Bir şadlıq evinin puluna kinostudiyanı bərpa etmək olar”

    Azərbaycan kinosu böhran dövrünü yaşayır.


    “Bəyin oğurlanması” filmində rəhmətlik Səməndər Rzayevin yaratdığı sovxoz direktoru Hidayət müəllimin dediyi kimi: “Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib”.

    Nədənsə aidiyyatı qurumlar Azərbaycanda ciddi, xüsusən də tarixi filmlərin çəkilməsini heç də vacib hesab etmirlər. Bəlkə də ona yalnız qəliz məsələ kimi baxırlar. Azərbaycanın öz tarixi şəxsiyyətləri, qürur və qəhrəmanlıq dolu keçmişi, qədim tarixi olduğu halda, dünyaya çıxarılacaq bir filmin çəkilməməsi insanın içini “yağa su damar kimi” sızıldadır. Hətta vəziyyət o yerə çatıb ki, digər dövlətlərin kino xadimləri bizim qəhrəmanlarımız haqqında film çəkirlər. Farslar isə tarixi qəhrəmanımız Səttar xan haqqında teleserial çəkir, bu ekran əsərində öz milli dəyərlərini nümayiş etdirməyə çalışırlar.

    Qazaxlar ulu hun xaqanı Atilladan sonra Avropada ən çox adı çəkilən və Alp Ər Tonqanın nəvəsi olan qadın hökmdar Tomris haqqında film çəkiblər. Maraqlısı budur ki, Akan Satayevin rejissorluğu ilə çəkilən sözügedən filmin bir neçə yerində Massaget hökmdarı Tomirisin qazax qızı olduğu vurğulanır. Lakin tarixin atası adlandırılan Heradotun “Tarix” əsərində Əhəməni hökmdarı Kirin Araz çayından şimalda yerləşən Massaget çarlığına hücum edərkən öldürüldüyü bildirilir. Sözügedən yer müasir Azərbaycan Respublikasının ərazisidir. İranın çəkdiyi “Səttar xan” teleserialında isə Səttar xanın həyat yoldaşı Firdovsinin “Şahnamə”sini oxuyur. Təbii ki, başqa millətin ədəbiyyat nümunəsini oxumaq pis bir şey deyil, bəlkə də əksinə olaraq fəzilətdir. Lakin bunun bir filmdə təbliğ edilməsi, Azərbaycan ədəbiyyatını və şairlərini kiçik göstərmək, aşağılamaq anlamına gəlir. Türkmənlər Ağqoyunlu hökmdarı Uzun Həsənə abidə ucaldırlar.

    Bizdə isə “Dədə Qorqud”a kiçik bir abidə qoyulub ki, dastana vaqif olanların belə, həmin abidəni tanıması çox çətindir. Parkın sahəsi çox genişdir, lakin nə “Kitabi-Dədə Qorqud” dastanından bir boy qəhrəmanı, nə də oradakı hadisələri əks etdirəcək hər hansı bir epizod təsvir olunub. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı haqqında heç bir guşədə hansısa abidə qoyulmur. Halbuki, alman alimi Fridrix Fon Ditsin yazdığına görə, bu dastanın qədimliyinin əsas faktorlarından biri də Təpəgözlə yunan mifologiyasında mövcud olan polifemin oxşarlığıdır. Bu abidələrdən danışarkən kino məsələsindən uzaqlaşdığımı sanmayın. Məhz bu faktorlar tariximizin qədimliyini göstərən dəlilərdir. Hətta bizdən iqtisadi, hərbi, maliyyə cəhətdən çox-çox zəif olan işğalçı ermənilər belə Qarabağ haqqında film çəkərək dünyanı, guya bizim onların torpaqlarını işğal etdiyimizə inandırmaq istəyirlər. Onlar hətta öz mənfur siyasətlərini həyata keçirmək üçün çəkdiyi filmlərə Hollivuddan aktyorlar da dəvət edirlər. İndi isə “Aslanlar vətəni” adlı film çəkirlər. Aslanlar vətəni, ermənilərin canına hələ də çıxmayacaq qorxu salmış Mübariz İbrahimovun Azərbaycanıdır, yoxsa qulağıkəsik Andronikin Ermənistanı? Bu gün dünyada informasiya müharibəsində geri qaldığımız kimi, təbliğat məsələsinə də çox laqeyd yanaşırıq. Səsimiz yanlız dəyərlərimiz əlimizdən alınandan sonra çıxır. O zaman da həmin səs kiminsə qulağına çatmır, heç çatmasının da bir xeyri yoxdur.

    Nəyə görə real tarixi materiallar və böyük hökmdarlarımız, XXI əsrdə qəhrəmanlıq tarixini bir daha təkrarlayan Mübariz İbrahimov kimi igidlərimiz olduğu halda, dünyaya çıxarıla biləcək tarixi filmlərimiz çəkilmir? Bu gün filmlərin Azərbaycan üçün əhəmiyyəti nədir?

    “Cümhuriyət”in suallarını Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı cavablandırır.

    “Son dərəcə mənasız seriallar çəkirlər”

    -Sabir bəy, bizdə bu qədər tarixi faktlar, sənədli filmlər varkən niyə tarixi filmlər çəkilmir?

    -Bu gün film, kino işi millətlərin və dövlətlərin təbliğatı baxımından son dərəcə mühümdir. Bu həm sənaye, həm ticarət, həm tanıtım, həm də mədəniyyət işidir. Film hazırda ən çox dövlətlərin və xalqların tanınmasına xidmət edir. Bu baxımdan Türkiyənin, Hindistanın, Çinin və Koreyanın tarixi filmləri nümunə göstərilə bilər. Film işi dövlətlərin tanınması və haqlarını nümayiş etdirməsi baxımından çox mühüm olduğu üçün kinostudiyalar, prodüsser mərkəzləri çox böyük imkanlarla bu işə qoşulublar. Təəssüf ki, bizdə kinostudiya dağılmış vəziyyətdədir. Mən dəfələrlə demişəm ki, bir ədəd şadlıq evinin pulunu sərf etsələr kinostudiyanı bərpa edə bilərlər. Kino çəkildikdən sonra onu göstərməyə yer lazımdır. Azərbaycan rayonlarının demək olar ki, heç birində normal kino salonu yoxdur. Ticarət mərkəzlərində açılan kino salonları da yaramır. Bundan başqa kinoda çəkilə bilən gözəl və talantlı aktyorlarımız vardı ki, onlar yaşa dolub getdilər və biz, bu illər ərzində onlardan istifadə etmədik. Beləliklə, böyük bir imkanı əlimizdən qaçırdıq. Ayrılan maliyyə vəsaitləri də televiziyalara verilir. Onlar da bəsit və son dərəcə mənasız seriallar çəkirlər. Azərbaycanı bu şəkildə təbliğ etmək olmaz. Həm də Azərbaycan müharibə şəraitindədir. Azərbaycanın problemləri qalıb, xariclə yarışırlar. Gözəl villalar, bahalı maşınlar, eyş-işrət içində yaşamaq və sair təsvir olunur. Sanki bütün Azərbaycan bu şəraitdədir. Əlbəttə, bu yanlış bir yoldur və ölkəmizi belə təbliğ etmək olmaz.

    “Tariximiz o cür süjetlərlə doludur”

    -Nəyə görə, aidiyyatı qurumlar bu işlərə laqeyd yanaşırlar?

    -Bu gün dünyanın hər yerində tarixi filmlər çəkilir. Hətta çoxmillətli dövlət olan Hindistanda Moğol imperiyasından bəhs edən çoxserialı filmlər çəkirlər. Türkiyənin tarixini bilməyənlər dünyada onun haqqında həqarət dolu kitablar yazırdılar. Lakin Türkiyə həmin buzu qırdı və qara pərdəni cırıb atdı. Bunu çəkdiyi filmlərlə etdi. Həmin filmlərdə Osmanlı tarixinin gerçək həqiqətlərini çəkib göstərdi. Ona görə də bu gün Türkiyənin çəkdiyi “Möhtəşəm yüz yıl”, “Paytaxt Əbdülhəmid”, “Diriliş Ərtoğrul” və digər tarixi filmlər bir çox dünya dillərinə tərcümə olunaraq maraqla izlənilir. Yəni ki, filmlərin əhəmiyyəti çox böyükdür. Azərbaycanda nədənsə hələ bizim Mədəniyyət Nazirliyimiz, Kino Xadimləri İttifaqı bu işin əhəmiyyətini ya başa düşmür, ya da qəsdən bu işi kölgədə saxlayırlar və əhəmiyyət vermirlər. Mənim ssenari müəllifi olduğum “Cavad xan” filmi çox cüzi vəsaitlə ərsəyə gətirilib. Kimə desən bu vəsaitlə belə bir film çəkilib, inanmazlar. Baxmayaraq ki, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da həmin filmin çəkilişinə dəstək olmuşdular. İndi də qəhrəmanlıq ruhunun təbliği kontekstində həmin film nümayiş etdirilir. Halbuki bizim tariximiz belə süjetlərlə doludur. Mən “Difai” fədailəri və digər belə məsələlərlə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət etsəm də onlardan cavab ala bilməmişəm. Təbii ki, bu istəkdə bulunan tək mən deyiləm.

    “Bu, ortaq türk abidəsidir”

    -Nəyə görə, Tomiris, Səttar xan və digər tarixi şəxsiyyətlərimiz haqqında digər dövlətlər film çəkərək onları özününkiləşdirir, biz isə onlara sahiblənmirik?

    -Azərbaycan Türk dünyasının parçasıdır və bir çox süjetlər var ki, ortaq abidə sayılır. O, həm Azərbaycanın, həm Qazaxıstanın, həm Türkiyənin, həm Türkmənistanın, həm də digər türk dövlətlərinindir. Məsələn, Qazaxlar “Tomris”i çəkiblər. Tomrisin Əhəməni hökmdarı ll Kirlə qarşılaşdığı ərazi haqqında müxtəlif versiyalar var. Amma bu, ortaq türk abidəsidir. Qazaxlar həmin filmi çəkdiyi üçün, indi bu onların tarixinin bir parçası olub. Sabah Koroğlu və ya Uzun Həsən haqqında Azərbaycan film çəkməsə, Türkmənistan çəkər. Onlar da olar türkmənlərin. Həmin türk dövlətlərinə çəkmə də deyə bilmərik. Çünki ortaq abidə olduğu üçün, həmin dövlətlər deyəcək ki, onlar həm də mənimdir. “Kitabi Dədə Qorqud” dastanı da, “Alp Ər Tonqa”da “Oğuz Xaqan” da ortaq türk abidələridir. Ona görə də bu dövlətlərin içində kim qabağa düşüb onlar haqqında film çəkirsə, həmin işə də o sahiblənir. Bu həqiqəti hələ bizim nə Mədəniyyət Nazirliyi, nə də aidiyyatı idarələr dərk etmir.

    “Ona görə də kinoya pulu əsirgəmək lazım deyil”

    -Ola bilər ki, dünyaya çıxardılacaq səviyyədə tarixi filmlər çəkmək üçün xüsusi büdcə yaradılsın?

    -Bunlar hamısı bizim o sahəyə rəhbərlik edən adamlarımızdan asılıdır. Onların milli şüurundan və tarixi bilməsindən asılıdır. O sahəyə rəhbərlik edənlərin çoxunun bizim tariximizdən xəbərləri yoxdur. Heç bilmirlər ki, Tomris, Mete Xan, Əfrasiyab (Alp Ər Tonqa) və digərləri kimdir? Ona görə də əsas odur ki, bu işə uyğun adamlar təyin edilsin. Bundan əlavə, belə iş üçün həm də büdcə ayrılmalıdır. Qazaxlar indi “Köçəri” filminə neçə milyon pul ayırıblar. Amerikadan, Hollivuddan aktyorlar və digər işçilər dəvət edirlər. Azərbaycanda isə belə işə ayrılan pullar gedib elə əllərə düşür ki, tam başqa şeylərə sərf olunur. Ona görə də kinoya pulu əsirgəmək lazım deyil. Ora pul sərf etmək lazımdır ki, gözəl bir filmlə tariximiz tanıdılsın. Hazırda Ermənistanla olan problemlərimizlə bağlı xeyli sənədlər, sənədli və bədii filmlər var. Onların əsasında film çəkib dünyada nümayiş etdirmək olar. Qoy, dünya xalqları görsün ki, biz necə tarixi ədalətsizliklə üzləşmişik. Bundan başqa Azərbaycan torpaqlarının 1828-ci ildə Rusiyaya verilməsi, 1905, 1918, 1937-ci il hadisələri, İravanın Ermənistana verilməsi, hamısı həqiqi tarixdir. Bunu çəksinlər, qoy dünya görsün. Bu haqda sənədlər tək bizim deyil, Rusiyanın da arxivlərində var. Sadəcə, bunu çəkmək və göstərmək lazımdır.

    -Mümkündürmü, bu məsələ Milli Məclisdə qaldırılsın?

    -Bir neçə dəfə buna bənzər hadisələr, dəyərlərimizə hörmət, tarixi qəhrəmanlarımıza sayğı və sair mövzular Milli Məclisdə qaldırılıb. Amma hər şey Milli Məclisə bağlı deyil ki. Bu gündəlik işdir. Tutaq ki, Milli Məclisdə deyildi, səsləndi, ürəyimiz boşaldı və məsələ qaldı protokolda. Bununla iş bitmir. Əsas odur ki, bu işə baxan adamlar gərək ciddi şəkildə işləsinlər”.

    Əli Bədir

     

  • Avropa Parlamentinin məruzəçiləri Yerevanın Qarabağda yol çəkməsini pisləyiblər

    Turan: İyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə məruzəçiləri birgə bəyanatla çıxış edərək Ermənistan hakimiyyətinin Bakının razılığını almadan

    Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkmək qərarını pisləyib.

    Məruzəçilər Jelyana Zovko (Xorvatiya), Trayan Basesku və Marina Kalurandın bəyanatında deyilir ki, “ötən il elan edilmiş Ermənistanla Dağlıq Qarabağ arasında üçüncü avtomagistralın tikintisi tezliklə başlanmalıdır. Yeni yol infrastrukturu Ermənistanda Qafanı və Dağlıq Qarabağda Hadrutla birləşdirəcək. Bu, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçəcək”, – bəyanatda vurğulanır.

    Bu yolun tikintisi barədə qərar rəsmi Bakının razılığı olmadan və beynəlxalq hüququn pozulması ilə qəbul edilib. Eyni zamanda o, Dağlıq Qarabağın və ətraf rayonların işğalını rəmzi olaraq möhkəmləndirir, bəyanatda qeyd olunur.

    Məruzəçilər birmənalı olaraq bu təşəbbüsü etimad və sülhün bərqərar olmasına şərait yaratmayan təşəbbüs kimi pisləyiblər.

    ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyən Avropa parlamentariləri Ermənistan və Azərbaycan hakimiyyətlərini “Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində” danışıqlar prosesinə səmimi sadiqlik nümayiş etdirməyə çağırıblar.