Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlıdan Dünya Azərbaycanlılarına çağıış: erməniləri diplomatiya və hərb meydanında məğlub edək

    Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti nəticəsində cəbhədə yaşanan gərginlik artıq bölgə sərhədlərini aşmaqdadır. Azərbaycan Respublikasının enerji layihələrinə təhlükə yaratmaq cəhdi, Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat, ölkəmizin dövlət sərhədlərinə açıq-açığına təcavüz erməni siyasətinin iç üzünü aşkarlamaqla yanaşı, böyük enerji layihələrinin gerçəkləşdiyi bölgədə mümkün hərbi gərginliklə bağlı dünya ölkələrində də narahatlıq yaratdı. Beynəlxalq təşkilatların və böyük dövlətlərin son olaylarla bağlı mövqeyində də ilk dəfədir ki, zəif şəkildə də olsa Azərbaycanın mövqeyi dəstəklənir və Ermənistanın işğalçılıq siyasəti pislənir. Eyni zamanda,Tovuz döyüşləri Azərbaycan ordusunun düşmənə layiqli cavabı fonunda Azərbaycan xalqının düşmənə qəzəb, torpaqlarımızın azad olunması uğrunda mübarizə qətiyyəti ilə müşayət olundu və bütün dünya torpaq məsələsində xalqımızın güzəştə getməyəcəyinin şahidi oldu.
    Uğursuz hərbi-siyası addımlar həm Ermənistan hakimiyyətini, həm də erməni diasporunu çıxılmaz duruma salıb. İflasdan başını itirən işğalçı hər cür təxribata və hiyləyə əl atır. Son günlər dünyanın bir çox ölkələrində ermənilərin azərbaycanlılara hücumları, insanlara xəsarət yetirilməsi də bu hiylə və təxribatın tərkib hissəsidir. ABŞ və Avropa ölkələrində vandal erməni diasporasının üzvləri tərəfindən soydaşlarımızın döyülməsi heç şübhəsiz hər bir azərbaycanlıda qəzəb və qisas hissi yaratdı. Baş verənlərə cavab olaraq bir neçə şəhərdə Azərbaycanlı icması ilə təxribatçı ermənilər arasında qarşıdurma yaşanmış, onlara adekvat cavab verilnişdir
    Əziz soydaşlarımız! Bacılar və qardaşlar!
    Yaşanan olaylar ermənilərin “Azərbaycanlılarla birgə yaşamaq mümkün deyil”, “Azərbaycanlılar ermənilərə qarşı Qafqazdan kənarda da nifrət hissi ilə yaşayı”, “Bu xalq vəhşıdir” təbliğatını aparmağa, öz adını bizə qoymağa hesablanmış təxribatdır. Hadisələrin ermənilərin vəhşiliyi və pozuculuq fəaliyyətindən qaynaqlanmasına baxmayaraq, bu kimi yanlış ictimai rəy yaradılmasına imkan verməməliyik!
    Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının Vətən, Qarabağ yanğısı qürurvericidir. Amma Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı hərb və diplomastiya meydanında həll olunaqcaq! Minlərlə vətəndaşımızın qısa müddətdə könüllü olaraq döyüşməyə hazır olduğunu bildirməsi bunun bariz nümunəsidir!
    Əziz soydaşlarımız!
    Sizlərin vətən sevginizi və mübarizə əzminizi bir daha alqışlayaraq Sizi hər hansı erməni təxribatına uymamağa, yaşadığınız ölkədə Qarabağ savaşına hüquqi və diplomatik yolla dəstək verməyə çağırıram. 50 milyonluq Azərbaycan xalqının bütöv yumruq halında birləşməsi böyük qələbəmiz deməkdir!
    Yaşasın Azərbaycan!

    Sabir Rüstəmxanlı
    Dünya Azərbaycanlıları Konqresinin həmsədri,
    Azərbaycanın Xalq şairi,
    Millət Vəkili.

  • Düşmən düşünməsin ki, biz torpaqlarımızın itirilməsi ilə barışmışıq.

    2020-ci ilin 15 iyul tarixi Azərbaycan xalqı üçün təqvimdə adi günlərdən biri olmaqdan çıxdı. Həmin gün xalq lazım gələrsə, istədiyi vaxt öz iradəsini göstərə biləcəyini ifadə etdi. Şəhid xəbərindən ürəyi yanan insanlar öz ordusuna, dövlətinə dəstəyini ifadə etmək üçün küçələrə çıxdılar. Lakin dinc şəkildə davam edən yürüş bəzi təxribatçı əməllər nəticəsində qanıqaraçılıqla sona çatdı.

    Bu cür sonluq gözləməyən əksər insanlarda məyusluq, cavabsız suallar yarandı. 30 il əvvəlki Milli Azadlıq Hərəkatını xatırladan bu birlik, elə həmin dövrdə xalqın qarşısına çıxan ziyalıları yada saldı, “ziyalılardan kimsə bu kütlənin qarşısına çıxsaydı, belə bitməzdi” dedirtdi. Ağıllara gələn isimlərdən biri də Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı idi. Elə buna görə də AYNA Xalq şairi ilə həmsöhbət olub, həmin günlə bağlı çoxlarını düşündürən suallara cavab almağa çalışıb.

    Qeyd edək ki, müsahibəmizdən bir neçə gün əvvəl millət vəkili Tovuz rayon Ağdam kəndində olub, sakinlərlə söhbətləşib, şəhidlərimiz Elşad Məmmədov və İlqar Zeynallının yas məclislərində iştirak edib.

    – Sabir müəllim, sizcə, lidersiz qalan kütlənin qarşısına kim çıxmalı idi? Sizi axtaran gözlər də var idi…

    – Bu yürüşü xalqın gəncləri öz istəyi ilə orduya dəstək, şəhidlərimizin xatirəsini yad etmək niyyəti ilə başlatmışdı. Şəhərin müxtəlif yerlərindən yürüşə qatılanlar Azadlıq meydanından keçərək Şəhidlər Xiyabanınadək gəlmişdi. Orada mitinq-filan nəzərdə tutulmamışdı. Həmrəylik, milli birlik yürüşü idi. Bu, gənclərin düşmənlə vuruşan dövlətə dəstək yürüşü idi. Ona görə sonda burada mitinq keçirmək yəqin ki, nəzərdə tutulmamışdı. Lakin sonra məlum oldu ki, on minlərlə insan küçəyə çıxıb, Milli Məclisin qarşısına toplaşıb, o zaman mikrofon qoyulub və orada çıxış edənlər də olub. Bizim xəbərimiz olmayıb. Mənə zəng vuran olmuşdu. Hətta, Nemət Pənahlı da zəng vurmuşdu ki, bəlkə gedək. Sonra özü getmişdi. Amma fikirləşdim ki, bunu mitinqə çevirməyə etiyac yoxdur. Getsəydik də, orada bir mikrofon olmayacaq. Mən bilsəydim ki, orada mikrofon olacaq, o zaman mən gedərdim də, çıxış da edər, sözümü də deyərdim. Bəlkə Milli Məclisə soxulmaq təxribatının qarşısını da ala bilərdik. Amma xəbərsiz olmuşuq bu məsələdən. İkinicisi də heç oraya gedənlərin də çoxu bilməyib ki, sonda belə bir şey ola bilər. Burada bir lider axtarışı olmayıb. Bu, ardıcıl bir hərəkat deyil ki, bunun lideri olsun. İnsanların küçəyə çıxması anidən baş vermişdi.  Belə vəziyyətdə hər kəsin də orada çıxıb söz demək cəsarəti olmaz. Orada ancaq ümumi ovqatı ifadə etmək olardı ki, xalq ordusunun yanındadır, ona dəstəkdir, düşmənlə mübarizəyə hazırdır. Düşmən düşünməsin ki, biz torpaqlarımızın itirilməsi ilə barışmışıq. Yəni ümumi ovqat belə idi, bunu da ifadə etmək olardı. Və bu cür çıxışla bir yön vermək oalrdı. Təəssüf ki, bu yürüş sonda ona kölgə salacaq olayla bitdi.

     Ziyalılarımızdan kiminsə kütlənin qarşısına çıxacağı gözlənilsə də, bu, olmadı. Niyə ziyalılarımızdan kimsə çıxmadı?

    – Yəqin ki, orada yığışanların da içində bir xeyli ziyalı adamlar olub. Lakin böyük mənada bütün millətin tanıdığı, sevdiyi ziyalıdan söhbət gedirsə, onu deyim ki, 30 ildir iqtidar bir tərəfdən, müxalifət bir tərəfdən bu ziyalıları gözdən salmaqla məşğuldur. Biz indi siyasətlə məşğul oluruq, meydanlara çıxırıq, bir dəstə yazır ki, “ziyalının meydanda, siyasətdə nə işi var?” Ədəbiyyat adamları da meydana çıxanda, siyasətlə məşğul olanda öz həmkarlarımızın da bir qismi deyir ki, “bu adam getdi siyasətə qarışdısa, daha bunun ədəbiyyatda yeri yoxdur”. Yəni davamlı olaraq siyasətçiləri bir burunlamaq, cəmiyyətdə aşağılamaq meyli olub. Bu, bəlkə də düşünülmüş şəkildə, elə bu camaat başsız, bələdçisiz qalsın istəyindən olub. Ona görə də ziyalılar bütün bu prosesdən yorulublar, bir qismi öz qınına çəkilib. Ancaq çətin gündə yada düşürlər. Niyə dünyanın düz vaxtında ziyalılar yada düşmür? Bunu da mən elə cəmiyyətdən soruşmaq istəyirəm. İkincisi də ziyalıların bir qismi ölkədə yoxdur, baş alıb iş dalınca xarici ölkələrə gedənləri var. Amma yenə də deyirəm, işin bu cür istiqamət alacağını bilsəm, heç nəyə baxmadan ora gedərdim. Amma əvvəldən bunun dinc, gənclərin bir həmrəylik yürüşü olduğunu gördüm, düşündüm ki, özləri bir araya gələndə, yəqin, öz sözlərini ifadə edə biləcəklər ki, biz cəbhəyə getməyə hazırıq.

     Bu toplanış Milli Azadlıq Hərəkatındakı birliyi xatırlatdı. 30 il sonra yenidən düşmənə qarşı toplanmış xalqı dağıtmaq düz idimi?

    – Düz buyurursunuz, doğrudan da bu hadisə mənə 1988-ci ili – Milli Azadlıq Hərəkatını xatırlatdı. Xalqın yenidən təşkilatlana bilməsi, mütəşəkkil şəkildə küçələrə çıxa bilməsi – bu, çox önəmli hadisə idi. Baxın, bu, başqa bir məqamı da aydınladır. Müxalifətin müəyyən qrupları mitinq keçirmək istəyir, bu zaman iki-üç min, ən çoxu on min adam çıxır. Deməli, müxalifət düşərgəsi xalq arasında o inamı qırıb. Amma Vətənin müdafiəsi ortaya çıxanda on minlərlə adam küçəyə çıxır. Bu yürüş xoş niyyətli idi, ona görə də hər kəs qoşulmağa hazır idi. Bir də nəzərə alaq ki, 1988-ci il mitinqləri Azərbaycanın müstəqilliyi uğrunda idi. Bu mitinqlər SSRİ-nin tərkibindən çıxmaq və onun torpaq iddialarına cavab məqsədi daşıyırdı. Biz artıq müstəqilik və təbii ki, bu mitinqlə o mitinqlərin ruhu fərqlidir. Xalqı dağıtmaq məsələsinə qaldıqda isə, xalq dağılmayıb. Bu gün hər kəs öz evindədir. Lakin xalq toplaşmaqla göstərdi ki, lazım olanda bir araya gələ bilər. Minlərlə gənc hərbi komissarlıqlarda qeydiyyatdan keçib. Onlar bununla göstərirlər ki, düşmənə qarşı döyüşməyə hazırdırlar. Təxribatçı meyilli olan bir neçə gəncin polis maşınını çevirməyi, əzməyi, Milli Məclisin içinə girib kreslonu çevirməyi, divarları döyəcləməyi dağıdıcılıqdır. Qanun var, hər şey qanun daxilində olmalıdır. “Allahu Əkbər” qışqıra-qışqıra pəncərə sındırarlar? “Allahu Əkbər” qışqıra-qışqıra İslamı dünyaya yayıb, dövlətlər qurub, qəhrəmanlıqlar göstəriblər. Yoxsa dağıdıcılıq əməlində “Allahu Əkbər” qışqırmaq, görünür, təxribatçı qüvvələrin əməlidir, onların bu işdə əli olub. Bu cür vəziyyətdə toplaşanları dağıtmaq zəruridir, başqa yolu yoxdur. Onsuz da bu təxribat olayı olmasa da, camaat dağılaşacaqdı. Çünki o olaya qədər artıq meydanın böyük əksəriyyəti dağılmışdı.

     Nümayişin uğursuz sonuclanmasını kütlənin başsız qalması ilə əlaqələndirmək olarmı?

    – Mən bu nümayişi uğursuz hesab eləmirəm. İnsanlar toplaşdı, sözlərini dedi, ordu ilə, dövlətlə birliklərini göstərdilər. Burada təşkilat qurmaq niyyəti yox idi ki, hansısa başçıya ehtiyac olsun. Kütlə hər zaman başsızdır onsuz da. Bütövlükdə kütlə əgər idarə olunmursa, başsızdır, dağıdıcıdır, qurulan şeyləri əks istiqamətə yönəldir. Elə buna görə də kütlə deyirlər. Kütlə təşiklatlanmasa, onun xeyrindən çox ziyanı olur, ona görə də heç nə ifadə eləmir. Ancaq şəxsiyyətlərin istiqamətləndirdiyi yönə getdiyində xeyir verə bilir. Bu baxımdan həmin gün toplaşan insanlar özlərinə başçı axtarmırdılar. Ümumiyyətlə, xalqın istəyini ifadə edirdilər.

     Təxribat olmasa, nümayiş dayanmasaydı, nəticə necə olardı? Xalq istədiyinə nail ola, Qarabağ üçün səfərbərlik elan edilə bilərdimi?

    – Elə həmin gün toplaşan insanlar buna nail oldular. Hərbi komissarlıqda kişili-qadınlı 40 minə yaxın insan qeydiyyatdan keçib. Yəni o yığışan insanlar öz iradələrini ifadə elədilər, öz məqsədlərinə nail oldular. Bu gün Azərbaycan dövlətinin ordusu var, ehtiyatda olan əsgər və zabitlərimiz var. İlk növbədə əgər bir gərgin vəziyyət olarsa, ehtiyatda olanlar çağrılarlar. Səfərbərlik istəyən gənclər hələ gərək təlim görsünlər, hazırlşasınlar. Təbii ki, bir müharibə şəraiti yaransa, o qeydiyyatdan keçənlərdən də istifadə eləmək olar. Ona görə də Qarabağa səfərbərlik elə bu nümayişlə, mətbuatla olmalıdır. Başqa cür rəsmi çağırış olmadan silahsız adamlar Qarabağa yürüş edə bilməz ki. Nümayiş istəyinə nail oldu. Güney Azərbaycanda yazıldı ki, “Bakı ayaqlandı, Təbriz sən də qalx!”. Avropada, Rusiyada, dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqına dəstək verən onlarla möhtəşəm yürüş keçirildi. Bu, o deməkdir ki, həm ordumuzun Tovuzda qəhrəman müqaviməti, həm də Bakıdakı hadisələr dünyadakı bütün azərbaycanlılar tərəfindən dəstəkləndi. Hər kəsdə ruh yüksəkliyi yaratdı. Beynəlxalq təşkilat və qurumlarla yanaşı, həm də öz diaspor təşkilatlarımızdan böyük dəstək aldıq. Məncə, bu nümayişin elə ən böyük uğuru idi.

    AYNA.AZ Müəllif: Aləmdə Nəsib       24 İyul 2020 10:22
  • Ağdamın işğalından 27 il ötür

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür. Rayonun işğalından 27 il ötür.

    Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

    Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

    Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

    Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.

  • Azərbaycan sözünün Yunus Oğuz yolu

    Azərbaycan tarixinin son illəri qədər ağrılı olaylarla yadda qalsa da bu olayların gedişatında xalqın dəyərli ziyalılarının önə çıxması ilə də fərqləndi. Xüsusilə Milli Azadlıq Hərəkatının dalğasında millətin önünə çıxan şəxsiyyətlər, onların ömür yolu və mübarizəsi illər sonra gələcək nəsillər üçün də araşdırma və örnək mövzusu olacaq. Təəssüf ki, tarixin keşməkeşi, siyasi proseslər bu şəxslərin bir çoxunun öz patensialını, elmi və əqli bacarıqlarını tam şəkildə xalqa sərf etməsinə imkan vermədi. Amma bütün dolanbacları uğurla dəf edib öz yolunu davam edən, daxili güc və bacarığını bu gün də xalq üçün yönəldən insanlarımız da var. Bu baxımdan gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulan, gizli təşkilatlardan milli hökumətdə vəzifəyə qədər yol gələn dəyərli dostumuz Yunus Oğuz xüsusilə fərqlənir və qürur verir.

    Bu gün 60 yaşını tamamlayan Yunus bəy gəncliyinin ilk mərhələsində fəhləlikdən başlayan işi ilə Azərbaycan Respublikası Prezidentinin müşaviri postuna qədər yüksəlib. 1988-ci ildən ölkədə baş qaldıran Milli Azadlıq Hərəkatı əksəriyyət gənclər kimi Yunus Oğuzu da bu proseslərə cəlb edir və o, aktiv şəkildə hərəkata qoşulur. Milli Azadlıq Hərəkatı zamanı o dövrün fəal siyasi xadimləri ilə yaxından ünsiyyət Yunus Oğuzu siyasi proseslərin aktiv iştirakçısına çevirir. Hərəkat və siyasət meydanında ardıcıl mübarizəsinə rəğmən Yunus bəy hər zaman qələminə sadiq qalmış, yazar istedadından ayrılmamışdır. Hələ gənc yaşlarından yaradıcılığa, yazı-pozu işlərinə böyük maraq göstərən Yunus Oğuz 1989-1991-ci illərdə “Azad söz” qəzeti, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. Bu həmin dövr idi ki, azad sözə qarşı ciddi basqılar var idi. Hətta bu missiyanı həyata keçirənlərin yolu bir çox hallarda zindanlardan keçirdi. Lakin Yunus bəy xalqın maarifləndirilməsi, cəmiyyətin ictimai-siyasi proseslər barədə bilgiləndirilməsini rahat həyat tərzi, şəxsi maraqlardan üstün tutub. 1995-ci ildən “Olaylar” İnformasiya Agentliyini təsis edən Yunus bəy bu gün ölkənin əsas xəbər qaynaqlarından birinə çevrilən bu qurumda “Dövlət, millət, əxlaq” prinsiplərini əsas tutmuş, bütün ötən illər ərzində bu prinsiplərdən yan keçməmişdir. Yunus Oğuz media fəaliyyəti ilə öz prinsipial mövqeyinə sadiq qalaraq Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət edir, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərir. Bəlkə də talenin bir qismətidir ki, Yunus Oğuz məhz 22 iyul-Milli Mətbuatın yaranma günündə dünyaya gəlib.

    Günümüzdə yazıçı-publisist, tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bədii və elmi yaradıcılığa şerlə başlayıb. Son illər isə Yunus Oğuz təkcə Azərbaycanda deyil, eləcə də ölkənin hüdudlarından kənarda türk tarixinin araşdırmaçısı, tarixi romanlar müəllifi kimi tanınır. Yunus Oğuzun yaradıcılığında türk tarixinin araşdırılması, əsl tarixi gerçəkliklərin üzə çıxarılması əsas istiqamət təşkil edir. Yazıçının qələmə aldığı tarixi romanları mütaliə edərkən bir şeyin şahidi oluruq. Belə ki, Yunus Oğuzun tarixi əsərlərinin qəhrəmanlarını ayıran cəhətlər çox olsa da, onları birləşdirən ən önəmli cəhət hamısının türk olmasıdır. Attila, Nadir şah, Təhmasib şah, Əmir Teymur, Alp Arslan və qarşıdakı zaman kəsimində sırada yer alacaq digər hökmdar və sərkərdələr. Əgər Sovetlər dönəmində həm Nadir şah, həm Əmir Teymur, həm də digər türk sərkərdələri o zamankı ideologiyaya uyğun olaraq qaniçən, zalım kimi qələmə verilirdisə, Yunus Oğuz bu tarixi yalnışlığı aşkar edərək əsl gerçəklikləri üzə çıxardı. Yazıçı “Nadir şah”la uzun illər bu dahi sərkərdə barədə beynimizə yeridilmiş stereotipləri dağıtdı. Ən əsası Yunus Oğuz öz oxucusuna çatdırdı ki, Avşar qəbiləsinə mənsub Nadir şah yalnız bir məqsəd uğrunda mübarizə aparırdı ki, o da vahid Azərbaycan dövləti yaratmaq idi. Yazıçının geniş oxucu kütləsinə malik olan “Attila”, “Nadir şah”, “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona”, “Türkün tarixinə yeni bir baxış”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Təhmasib şah”, 2 cildlik “Əmir Teymur” əsərləri oxucular tərəfindən sevilir, maraqla oxunur.

    Bu gün həm Azərbaycan siyasi səhnəsində, həm mediada, həm də nəsrimizdə özünəməxsus mövqe sahibi olan Yunus Oğuzun 60 yaşı tamam olur. Yunuz bəyi doğum günü münasibəti ilə təbrik edir ona daha böyük uğurlar diləyirəm.

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

     

  • Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür

    Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatı bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib,şərəfli bir missiya daşıyıb. Ötən əsrin əvvəllərində milli oyanış hərakatının önündə gedən mətbuatımız 90-cı illərdən başlayaraq istiqlalımız uğrunda mübarizənin də önündə oldu. Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.,Birinci Qarabağ savaşı, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar. Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, hələ də Azərbaycan mətbuatında ciddi problemlər qalmaqdadır. Mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Biz bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.
    Hörmətli media nümayəndələri!
    Sizi Milli Mətbuat günü münasibəti ilə təbrik edir, sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Vətəndaş Həmrəyliyi Partiyası olaraq hər zaman Azad Sözün yanında olduğumuzu bir daha bəyan edir və inanırıq ki, siz öz mütəşəkkilliyiniz və mübarizliyinizlə bütün çətinlikləri dəf edəcək, hətta belə çətin şəraitdə də ölkədə fəaliyyət göstərən digər demokratik təsisatlarla birlikdə mətbuatımızın inkişafına nail ola biləcəksiniz. Biz bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik. Tanrı sizə yar olsun!.

    Sabir Rüstəmxanlı
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

  • Sabir Rüstəmxanlı cəbhə bölgəsində olub- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Tovuz rayonunda sərhəd bölgəsində olub. Sabir bəy Ağdam kənd sakinləri ilə görüşüb, əhalinin əhval ruhiyyəsi ilə tanış olub . Millət vəkili Şəhid əsgərimiz Elşad Məmmədovun və şəhid gizir İlqar Zeynallının yas məclisində iştirak edib. Şəhidlətin yaxınlarına başsağlığı verib.

     

  • Azərbaycan xalqı dünyaya mesaj verdi ki…

    Sabir Rüstəmxanlı: “Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənləri bunu gələcək üçün nəzərə almalıdır”.

    “Erməni xalqı bunun hesabını Paşinyandan soracaq”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı ölkə gündəminin mövzuları iıə bağlı cumhuriyyet.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

    – Sabir bəy, şair dili ilə desək dünyamız uzun bir müddətdir ki, xəstəhaldır. Məlum virus epidemiyası sonu görünmədən davam edir. Necə görürsüz bu gedişatın axırını?
    – Əvvəla deməzdim ki, dünyamız xəstə durumdadır. Dünya yenə öz əvvəlki məhvərində, ayı, günəşi yerində, təbiət öz işində… Dərd, ələm içində olan insanlardır. Həm də bu virus, epidemiya, xəstəlik dərdi deyil sadəcə, insanlıq üçün bir sınaq dönəmidir. Epidemiya nə dövlətlərə, nə də insanlara gücünə, mövqeyinə görə fərq qoymamaqla bir dərs keçdi və keçməkdədir. Dövlətlərin imperalist maraqları, insanların dünya malı hərisliyi mənasızlığı və gərəksizliyi ilə ortada. Yerə göyə hakimlik iddiasında olan, müharibələrlə fırtına qoparan, sayagəlməz sərvət toplayan insan övladı kiçik bir virusun qarşısında aciz durumdadır. Əlbəttə, bir gün bu epidemiya bitəcək, virus problemi ortadan qalxacaq, amma ən önəmlisi insanın indiki durumun nəticələrindən dərs çıxarıb gələcək dünyanı yeni və barış düşüncəli əsaslar üzərində qurmasıdır. Mən gedişatı belə görmək istərdim. Özünü yer üzünün əşrəfi adlandıran insana yaraşan budur.
    – Etiraf edək ki, nə böyük dövlətlərin, nə də beynəlxalq təşkilatların bu yöndə açıq və qətiyyətli niyyətinin və əməlinin şahidi olmadıq. Əksinə yenə də böyük dövlətlər fürsətdən istifadə edib iqtisadi siyasi maraqlarını təmin etmək üçün çalışdılar.
    – Təəssüf ki bu bir gerçəklikdir. Yaxın Şərqdə və ya dünyanın digər bir nöqtəsində hansısa supergücün geopolitik marağına toxunulan kimi beynəlxalq təşkilatlar bir araya gəlir, bəyanatların ardı arası kəsilmir, böyük bir hərəkətlənmə yaşanır. Amma baxın 21-ci əsrin 20-ci ilinin yarısını dünya epidemiya şəraitində başa vurur, yarım milyon insan dünyasını dəyişib və bunun nə qədər davam edəcəyi bəlli deyil və dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT hələ də bununla bağlı toplanmayıb. Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır. Bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzüzədir və BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Bu qədər zaman keçəndən sonra BMT Baş Assambleyasının Xüsusi Sessiyası Azərbaycanın təşəbbüsü ilə işə başlayır. Bu təklif birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və BMT-yə üzv olan 130 dövlət tərəfindən dəstəklənib. Bu Azərbaycan tərəfindən pandemiya ilə mübarizədə bütün səylərin birləşdirilməsi baxımdan mühüm təşəbbüs olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzu baxımdan da mühüm bir hadisədir. Azərbaycanın bu təşəbbüsü bütün dünyaya bizim barış niyyətimizi bir daha göstərmiş oldu.
    – Yeri gəlmişkən, Azərbaycanın təklifinə qarşı çıxan yeganə dövlət Ermənistan olmuşdu…
    – Daha doğrusu, Ermənistan növbəti dəfə özünü beynəlxalq ictimaiyyət qarşısında rüsvayçı vəziyyətə saldı. Bu dövlətin xarici siyasəti məntiq üzərində deyil, Azərbaycanı inkar üzərində qurulub. Biz dünyanın fırlandığını desək onlar bunun əksini iddia edəcəklər. İndi də Paşinyan hökuməti və erməni diplomatiyası eyni prinsiplə hərəkət etdi və iç üzünü göstərdi…Hazırki Ermənistan hakimiyyəti ciddi problemlər yaşayır, ölkədə siyası və iqtisadi böhran mövcuddur. Paşinyan və onun komandası ümidləri doğrultmadı. Korrupsiya və diktaturaya qarşı xalq etirazları üzərində hakimiyyətə gələn komanda özü hazırda bu yaramazlıqlara qurşanıb. Erməni cəmiyyəti bunu görür və açıq etirazını bildirir. Bacarıqsızlıqdan irəli gələn siyasi problemləri Ermənistanın iqtisadi durumunu bir qədər də ağırlaşdırıb. Yaranmış problemdən çıxış yolu kimi isə Paşinyan hökuməti erməni ictimaiyyətinin diqqətini başqa istiqamətə yönəltməkdə görür. Şuşada andiçmə mərasimi, Qarabağa intensiv səfərlər, Azərbaycan əleyhinə pafoslu bəyanatlar da bu məqsədə xıdmət edir.
    – Elə isə dünəndən başlayaraq cəbhə xəttində yaşanan gərginlik də eyni ssenarinin tərkib hissəsidir?
    – Bəli və təəssüf ki, bir qrupun siyasi ambisiyaları insan həyatı hesabına başa gəlir. Şəhidlərimiz var. Allah rəhmət eləsin. Ancaq növbəti dəfə düşmənə layiqli cavab verilib. Qarşı tərəf daha böyük itkilərə məruz qalıb və yəqin ki, erməni xalqı bunun hesabını Paşinyandan soracaq. Pandemiyanın ağır şərtləri altında, sosial-iqtisadi böhran içində ölan bir ölkənin belə bir hərbi təxribatını özünə hörmət edən xalq hakimiyyətinə bağışlamaz. Dünən cəbhədə baş verənlər bir neçə həqiqəti ortaya qoydu. Əvvəla dünya pandemiya ilə birgə mübarizə üçün çağırış edən Azərbaycanla cılız işğalçılıq hisslərinə qapılan Ermənistan arasında fərqi gördü. İkincisi Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənlərinə bu, bir dərs olmalıdır… Nəhayət, ən ən vacib və qürurverici məqam Azərbaycan xalqının cəbhədən ilk xəbər gələn andan səfərbər olmasıdır. Həm cəbhə bölgələrimizdə, həm də paytaxtda insanlar heç bir təşkilatlanma, əvvəlcədən razılaşdırma olmadan “Qarabağ” deyə ayağa qalxdılar və ordumuza dəstək göstərdilər. Bu çox mühüm bir məsələ idi. Azərbaycan xalqı dünyaya “Qarabağ bizimdir, bizim olacaq!” mesajı verdi. Azərbaycan torpaqları üzərində manipulyasiya edən diplomatlar da bir daha gördülər ki, bu xalq torpaq məsələsində güzəşt tanımır.

    Söhbətləşdi: Nəsimi

    cumhuriyyet.az

  • “Kürün qurumasının, suyun şorlaşmasının, hətta pandemiyanın da günahkarı mənəm”

    Ay qardaş, sən deyəsən çaşmısan, sən Allaha zəng vurmaq yerinə bir Millət Vəkilinə zəng vurmusan…
    Görülən işlərdən…
    Hər gün Neftçaladan mənə onlarla zəng gəlir. Rayonda camaatın çoxu mənim telefon nömrəmi bilir. Milli Məclisdə ən çox məktub alan millət vəkillərindən biri mənəm və o məktubların da əksəriyyəti Neftçaladan gəlir. Üstəlik rayondakı köməkçim hər gün camaatın arasındadır. Arada özüm gedirəm, imkan olmayanda Bakıdan, Vətəndaş Həmrəyliyi Partiyasındakı köməkçilərim gedirlər… Bəziləri, “bunlar müxalifətdir” deyib onları burunlamağa çalışsalar da, hər halda bizim üçün söz yox, iş əsasdır. Camaata kömək eləməyə çalışırıq. Bizə bu gözlə baxanların bir az “dövlətçi” təfəkkürü olsa, belə cahillik eləməzlər…
    Demək istəyirəm ki, seçkilərdən bəri epidemiya və karantinə baxmayaraq, rayonla əlaqəm bircə gün də kəsilməyib. Bunun bir səbəbi mənim iş üsulumdursa, başqa bir səbəbi Neftçalanln üzləşdiyi ağır durumdur, Kürün suyunun azalması və şorlaşması, rayonda nəinki səksən min nəfər insanın, həm də heyvanların, əkin-biçinin susuz qalmasıdır. Mən bu vəziyyət barədə lap başlanğıcdan Milli Məclisdə danışmışam, mətbuatda dəfələrlə yazmışam, əlaqədar təşkilatlar, nazirliklər üçün həyəcan təbili çalmışam. Respublika rəhbərliyi vaxt itirmədən bu məsələni nəzarətə götürüb, Baş Nazirin müavinin sədrliyi ilə özəl komissiya yaradılıb, Neftçalaya su kəməri çəkilişi sürətləndirilib, başqa məsələlərin həlli ilə bağlı müəyyən tədbirlər görülür.
    Bu işlər yetərlidirmi, görülən işlərin surəti bizi qane edirmi? Təbii ki yox! Bununla belə, nəzərə alırıq ki, bu problemin köklü həlli vaxt istəyir. Ancaq hər halda indiki vəziyyətdə başımızın üstünü qəfildən almış pandemiya şəraitində həm rayon rəhbərliyi, həm əlaqədar təşkilatlar, həm də bir millət vəkili olaraq mən əlimizdən gələni edirik ki, camaatın içməli suya olan ehtiyacı, minimum şəkildə olsa da, ödənilsin…
    Burdan keçirəm ayrı bir məsələyə…
    Öz ağzı ilə danışmayan adamlar
    Dünən mənə Neftçalanın Xolqaraqaşlı kəndindən bir zəng gəldi. Zəng vuranın adını çəkmək istəmirəm. Mən adamlara inanmağa öyrəşmişəm, buna görə də hardan gəlir-gəlsin, telefon zənglərində alt niyyət axtarmıram. Bunun əsas səbəbi illər uzunu xalqın sevgi mühitində yaşamağım və bütün səviyyələrdə səmimi, xoş münasibət görməyimdir. Bu da mənim “qazancım”, tale qismətim, bəlkə də xoşbəxtliyimdir. Ancaq Xolqaraqaşlıdan gələn zəngin havası mənə yad gəldi. Gördüm, adam öz ağzı ilə danışmır; öz ağzı ilə danışsa da, ya ağzı əyridir, ya da niyyəti….
    Neftçalanın Xol səmtində son günlərə qədər vəziyyət nisbətən yaxşı idi; Kürdən ayrılan Akkuşa qolunun suyu şirindir. Surra kəndindən çəkilən Neftçala Magistral kanalı ehtiyacı qismən təmin edilmişdi. Beton kanal Qazaxdərə ərazisində Salyandan gələn Akkuşaya birləşir. Kürdə dəniz suyu Surraya çatandan sonra kanal da şorlaşıb və onun Akkuşanı da şorlaşdırmasının qarşısını almaq məqsədilə şlüzlər bağlanıb. Bu, o deməkdir ki, Xol kəndləri indi qalıb yalnız Surradan gələn şor suyun ümidinə. Pambıq suvarılmasının qızğın vaxtında bunun əhaliyə, sahibkarlara nə qədər ağır ziyan vurduğunu anlamaq çətin deyil.
    Zəng vuran bu məsələlər barədə bir xeyli danışdı; söhbəti uzatdıqca-uzatdı. Məndən tələb etdi ki, gedib pambiq tarlalarını gəzim, pambığın batması haqqında rəhbərliyə məlumat verim, pambıqçılara dəyən ziyanı ödətdirim… Başa salmağa çalışdım ki, mən o kənddə olmuşam, pambığın vəziyyətini də bilirəm, hələ tam ümidsiz deyil. İkinci də, bu mənim işim deyil, bundan ötrü Kənd Təsərrüfatı Nazirliyi var, Nazirlər Kabineti var. Sonra başladı ki, təcili Kürün şorlaşmasının qarşısını alın. Dedim ki, bu işlə də başqa nazirlik məşğuldur. Budan sonra mövzunu dəyişdi, dedi ki, onda Kürün suyunu artırın! Yəni tələblər getdikcə böyüdü. Axırda dedim, ay qardaş, sən deyəsən çaşmısan, sən Allaha zəng vurmaq yerinə bir Millət Vəkilinə zəng vurmusan. Sənin dediyin məsələlər Allahlıqdır, mənlik deyil.
    Bundan sonra itihamlar başlandı: “Kürün qurumağının da, suyun şorlaşmasının da günahkarı sizsiniz. Başqası seçilsəydi, bunların heç biri olmayacaqdı”. Dedim: bəlkə bu pandemiyanın da günahkarı mənəm. Dedi: bəlkə elə onun da təqsiri sizdədir. Gördüm, kişi xüsusi proqramla zəng vurub mənə, məqsəd ayrıdır. Dedim: axı Nextçala camaatı məndən razılıq edirlər. Dedi: “Qətiyyən, bizim rayonda bircə adam da sizdən razı deyil. Hamı köhnə deputatımız Arif Rəhimzadənin atasına rəhmət oxuyur”. Dedim: lap yaxşı; Arıf bəylə bizim aramızda həmişə xoş münasibət olub, lakin mən rayona gələndən sonra onun arasınca danışmaq istəyən onlarla adamın ağzından vurub, sözünü kəsmişəm. Mənim yanımda onun haqqında danışa bilməzsiniz! – demişəm. Bizim adamları gedənin dalınca danışmaq vərdişindən xilas etmək lazımdır…
    Nə isə. Xolqaraqaşlı zənginin bütün təfərrüatını təkrar etmək mümkün deyildir… O adamın əyri niyyətini bir tərəfə buraxıram. Amma Neftçala camaatının, eyni zamanda pambıqçıların vəziyyətinin ağırlığını diqqətdən kənarda saxlamaq olmaz. Əkin sahələrinin xilas etmək üçün təcili tədbirlər görülməlidir…
    Millət vəkili Sabir Rüstəmxanlı
  • Sabir Rüstəmxanlı: “Bir-iki nəfərin işdən çıxarılması ilə vəziyyəti dəyişmək mümkün deyil”

    Milli Mətbuatın 145 illik yubileyi yaxınlaşdıqca, dövlət-media münasibətləri, mətbuata dövlət dəstəyi, jurnalistlərə mənzil verilməsi kimi məsələlər ətrafında müzakirələr aktuallaşır. Bu il həm də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, prezidentin köməkçisi Əli Həsənovun və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin vəzifədən azad edilməsi hökumətin mətbuatla münasibətlərə yenidən baxması kimi şərh olunur. Belə fikirlər var ki, indiyədək Azərbaycanda mətbuatın inkişafını əngəlləyən bu şəxslər idi və artıq hər şey qaydasına düşəcək. Halbuki sözügedən kadr dəyişikliklərindən yarım ildən çox vaxt keçsə də, hələlik alternativ siyasətin konturları görünmür, inersiya ilə əvvəlki siyasət davam etdirilir.

    Milli Məclisin deputatı, keçmiş mətbuat və informasiya naziri (1991-1995) Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Press klub”un suallarını cavablandırıb.

    – Əli Həsənov və Vüqar Səfərlinin işdən azad olunmasını hökumətin mətbuatla iş sahəsində islahatlara başlaması kimi dəyərləndirmək olarmı?

    – İslahat daha geniş spektri əhatə edən anlayışdır və hansısa strukturda bir-iki nəfərin işdən çıxarılması ilə həmin strukturda vəziyyəti dəyişmək mümkün deyil. Əslində, Azərbaycanda mətbuatla bağlı islahatlar hələ bir neçə il öncədən başlanıb. Mətbuatın inkişafına yönəlik addımların atılması, jurnalistlərə dövlət qayğısı, media rəhbərləri və jurnalist təşkilatları ilə mütəmadi olaraq görüşlərin keçirilməsi, ardınca jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və uzun müddət mətbuatda çalışan insanlar üçün ayrıça şəhərciyin salınması, məncə, mətbuatın inkişafına dəstəyin bir nümunəsidir. Sadaladıqlarım yaxın tariximizdə dövlətin mətbuata münasibətdə atdığı önəmli addımlardır. Nəzərə almaq lazımdır ki, nə sovet dövründə, nə də başqa vaxtlarda mətbuata belə imkanlar yaradılmayıb. Məncə, hökumət mətbuatın dövlətçiliyin qorunmasında, dövlət quruculuğunda oynadığı rolu nəzərə alaraq belə addımlar atıb. Bu, həm də onu göstərir ki, müxtəlif siyasi qrupların fikirlərini cəmiyyətə çatdıra bilən jurnalistikanın dövlət quruculuğunda xidmətləri daha yaxşı dərk olunur. Mən Əli Həsənovun, yaxud hansısa vəzifəli şəxslərin işdən azad edilməsini, onların başqa şəxslərlə əvəz olunmasını nə jurnalistika, nə də dövlətin mətbuat siyasətində hansısa isahatlara başlaması ilə əlaqələndirmirəm, bunlar tamamilə ayrı məsələlərdir. Adını çəkdiyiniz şəxslərin də hərəsinin öz sahəsi vardı və onların cavabdehlik daşıdıqları sahə təkcə jurnalistika və mətbuat deyildi. Bu yaxınlarda Prezident Milli Mətbuatımızın 145 illiyi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda da mətbuatın inkişafında xidməti olan jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur. Bu, mətbuata dövlət dəstəyinin bir təzahürü olmaqla yanaşı, həm də jurnalist fəaliyyətinin stimullaşdırılması, onların zəhmətinin dəyərləndirilməsi baxımından vacib məsələdir. Bütün bunlar jurnalistikaya qayğıdır və bu cür qayğı davam etdikcə, genişləndikcə, mətbuat sahəsində islahatlar olacaq. İslahatı qaçılmaz edən və bunun şərtlərini göstərən başqa məsələlər var. Bunlar mətbuatın üzləşdiyi maddi sıxıntılar, elektron medianın inkişafı, çap mətbuatına ehtiyacın azalması, hakimiyyətlə mətbuat arasındakı münasibətlərin daha sivil qaydaya düşməsi və digər məsələlərdir. Mətbuat sahəsində islahatlara məhz bu kontekstdən yanaşmaq lazımdır.

     -Sizcə, indiki şəraitdə dövlət və mətbuat münasibətlərinin tənzimlənməsi sahəsində ən vacib dəyişikliklər nədən ibarət olmalıdır? Mətbuatın peşə prinsiplərinə uyğun fəaliyyət göstərə bilməsi üçün hansı dəyişikliklər daha zəruridir?

    – Bunun iki şərti var. Birincisi, dövlət mətbuatın tənqid və iradlarına da, təqdirinə də səbrlə və dözümlü baxmalıdır, mətbuatın sərbəst fəaliyyətinə, onun azadlığına, tənqidi fikrə normal yanaşmalıdır. Eyni zamanda, mətbuatın da ruhu məsuliyyətdən, dövlətə sevgidən yoğrulmalıdır; öz fəaliyyətində dövlətlə hakimiyyəti bir-birindən fərqləndirməyi bacarmalıdır; müstəqil dövlətin nə qədər tarixi əhəmiyyət daşıdığını, bunun cəmiyyətimiz və xalqımız üçün dəyərini nəzərə almalıdır. Mətbuat əsassız tənqiddən çəkinməlidir, şər-böhtandan, söyüşdən uzaq olmalı, tənqidlər faktlara söykənməlidir. Belə olanda dövlətin də mətbuata münasibəti dəyişəcək. Yəni, hər iki tərəfdə münasibətlər qarşılıqlı, sivil qaydada olmalıdır və belə olarsa, mətbuat özünün normal inkişaf yolu ilə gedəcək. Yoxsa, dövlətin jurnalistlərə mənzil verməsini jurnalistlərin susdurulması kimi başa düşmək mətbuatı öz yolundan, prinsiplərindən yayındırar. Yaxud “hansısa jurnalist susduğuna görə qayğı görəcək, açıq tənqidi fikir söyləyənlər kənarda qalacaq” düşüncəsi hakim olacaqsa, heç vaxt dövlət-mətbuat münasibətləri normallaşmayacaq.

    – Əli Həsənov vəzifədən uzaqlaşdırılandan sonra belə bir fikir formalaşdı ki, artıq mətbuata bir nəfəslik veriləcək, bu sahədə normal münasibətlər qurulacaq.

    – Mən Əli Həsənovun adının bu cür hallandırılmasının və jurnalistikamızın bütün problemlərini onun çiyninə yükləməyin tərəfdarı deyiləm. Eyni zamanda, onun vəzifədən uzaqlaşdırılması mənim üçün Azərbaycan jurnalistikasında hansısa mərhələ, yaxud da hansısa mərhələnin başlanması deyil. Ona görə də mən bu məsələlərin ayrı-ayrı şəxslərin üzərində qurulmasını düzgün hesab etmirəm.

    – Bir neçə gün əvvəl KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqənin nəticələrini açıqladı. Müsabiqə yenə köhnə şərtlər və prinsiplər üzərində quruldu və əvvəlkilərdən ciddi şəkildə fərqlənmədi. Halbuki gözlənilirdi ki, dövlətin maliyyə dəstəyi təkcə qəzetləri yox, həm də elektron mətbuatı, araşdırmaçı jurnalistlərin fərdi layihələrini əhatə edəcək. Amma bu gözləntilərin heç biri baş vermədi. Üstəlik, mətbuata ayrılan yardımların necə xərclənməsi də şübhə doğurur, bu sahədə şəffaflıq yoxdur…

    – Bu məsələlərdə subyektiv amilləri aradan qaldırmaq üçün müəyyən prinsiplər olmalıdır. Qəzetlərə maliyyə dəstəyinin hansı prinsiplər əsasında verildiyindən məlumatsızam, bu barədə bir söz deyə bilmərəm. Mən keçmiş Mətbuat və İnformasiya Nazirliyinə rəhbərlik edəndə bu prinsipləri bilirdim. Amma indi bu məsələləri diqqətlə izləmirəm və kimə nə qədər vəsait ayrıldığından, bu vəsaitlərin hansı meyarla verildiyindən xəbərim yoxdur. Sadəcə, onu deyə bilərəm ki, mətbuata da, qeyri-hökumət təşkilatlarına da dövlət yardımı bu işə başçılıq edənlərin subyektiv mülahizələrindən, sevgilərindən, dost-tanışlıqdan asılı olmamalıdır. Əksinə, fəaliyyətlərində milli-mənəvi dəyərləri nəzərə alan, Azərbaycanın həm dövlətçiliyini, həm də milli maraqlarını qoruyan və ona xidmət edən, ölkəmizə nüfuz qazandıran, hörmət gətirən mətbuata dəstək verilməlidir. Yoxsa, “kim bizə yaxındırsa, ona daha çox vəsait ayıraq” prinsipi ilə heç bir normal iş qurmaq olmaz.

    -KİVDF elektron mediaya maliyyə dəstəyinin verilməməsini həm də mətbuatın bu sahəsini tənzimləyən qanunvericiliyin olmaması ilə izah edir. Sizcə, bu məsələlər necə həll edilməldir?

    –Bu, doğrudan da çətin məsələdir. Çünki indiki dövrdə əlində mobil telefon olan istənilən şəxs internet üzərindən özünə bir səhifə aça və özünü elektron media kimi təqdim edə bilər. Təəssüf ki, son vaxtlar Azərbaycanda belə hallar çoxalıb. Bəziləri hesab edir ki, belə adamlar da jurnalistika işi görür. Amma internetdə özünə səhifə açıb, guya mətbuat nümayəndəsi kimi fəaliyyət göstərən bir adamın həqiqətən jurnalistika ilə məşğul olub-olmadığını necə müəyyənləşdirmək olar?! Belə adamlar doğrudanmı mətbuata xidmət edir, yoxsa özünün şəxsi maraqlarına uyğun şəkildə kimisə tərifləmək, yaxud intiqam almaq üçün fəaliyyət göstərir? Bunları müəyyən etmək asan deyil. Bu baxımdan məsələ çox çətin və ciddidir. Güman edirəm ki, hazırda dövlət mətbuata dəstək verirsə, ilk növbədə bu dəstək Azərbaycan həqiqətlərini dünyaya çatdıran, hətta xarici dillərdə yayımlanan ciddi saytlara verilməlidir. O saytlar ki, Azərbaycan haqqında beynəlxalq aləmdə yayılan yalançı informasiyaların qarşısını ala bilir və milli maraqlarımıza xidmət edir. Belə saytlara dövlət dəstəyi verilməlidir. Yoxsa, hər hansı işsiz adam özünə iş yeri tapmayanda “mən jurnalistəm” deyib, sayt yaradaraq guya jurnalistika ilə məşğul olanda dövlət ona niyə vəsait ayırmalıdır?

    Mətbuata dövlət dəstəyi medianın özünü də iki qütbə ayırıb: bir qisim hesab edir ki, dövlət mətbuata birbaşa yardım ayırmamalı, sadəcə, iqtisadi azadlıqları təmin etməklə jurnalistlərin özlərini dolandıra bilməsi, maliyyə təminatlarını qurmaları üçün şərait yaratmalıdır. Belə olsa, hər bir mətbuat işçisi öz maaşı ilə ailəsini dolandıra, mənzil və başqa ehtiyaclarını ödəyə bilər. Başqa bir qisim isə hesab edir ki, indiki şəratdə dövlətin mətbuata dəstəyi həm birbaşa maliyyə yardımı formasında, həm də jurnalistlərin mənzillə təmin olunması şəklində olmalıdr. Sizin fikrinizcə, necə olmalıdır?

    – Əsl həqiqət bu iki qütbün ortasındadır, nə o tərəfi, nə də bu tərəfi tam şəkildə dəstəkləmək olar… Təəssüf ki, Azərbaycanda qəzetlərin real tirajla bazarda satılması və özünün maliyyə ehtiyaclarını qarşılaya bilməsi müşkül məsələdir. Biz 1989-1991-ci illər arasında “Azərbaycan” qəzetini yarım milyon tirajla çap edirdik, fəaliyyətimizi elə qurmuşduq ki, bütün nüsxələr satılırdı və bunun hesabına redaksiyanın maliyyə təminatını yaratmışdıq. Hətta Qarabağa Xalq Yardımı Komitəsinin maaşlarını o qəzetin satışından toplanan vəsaitlər hesabına ödəyirdik. Amma o dövr çox uzaqda qalıb, indi qəzetlərə o illərdəki qədər maraq yoxdur, qəzetlərin tirajı ilə kollektivi saxlamaq, çap və yayım xərcini ödəmək çətindir. Azərbaycanda ciddi reklam bazarı da yoxdur ki, qəzetlər reklamların hesabına özlərinə maliyyə təminatı qura bilsin. Halbuki, xarici ölkələrdə mətbuat orqanları daha çox reklam bazarından maliyyələşir. Lakin indiki şəraitdə Azərbaycanın reklam bazarında bu cür maliyyə təminatları tapmaq müşkül işdir. Dövlətdən yardım alan mətbuatın isə azadlığı və sərbəstliyi istər-istəməz məhdudlaşır. Hər halda, burada iki çətin yoldan biri seçilməlidir. Fikrimcə, mətbuatın dolanışıq xatirinə yad əllərə düşməsindənsə, mafioz qrupların, yaxud mətbuatdan başı çıxmayan oliqarxların çətiri altında fəaliyyət göstərməsindənsə, dövlətə yaxın olması daha normaldır. Mən bunu ideal variant saymıram, amma başqa yol da görmürəm.

    – Mətbuat Şurasının dövlət-mətbuat münasibətlərinin tənzimlənməsindəki rolunu necə dəyərləndirirsiniz?

    – Mətbuat və İnformasiya Nazirliyindən sonra Mətbuat Şurası və KİVDF kimi kiçik qurumlar yaranıb. Təəssüf ki, bunlar özlərini doğrultmur. Hər şey göz qabağındadır və mən bu kiçik qurumların fəaliyyətini normal hesab etmirəm. Fikrimcə, Mətbuat və İnformasiya Nazirliyi qorunub saxlanılmalı idi. Neçə ki, bir çox ölkələrdə belə strukturlar indi də fəaliyyət göstərir. Mətbuat və İnformasiya Nazirliyi nəşriyyat sisteminin, kitab nəşri işinin, kitab ticarətinin təşkili, satış şəbəkəsinin qurulması, kitab və jurnalların beynəlxalq sərgilərə göndərilməsi və xarici dillərə tərcümə olunaraq yayılması, mətbuatın lisenziyalaşdırılması, tirajların müəyyənləşdirilməsi, informasiya sisteminə nəzarət, informasiya işinin beynəlxalq müstəviyə çıxarılması, xaricdən gələn jurnalistlərin Azərbaycanda yönləndirilməsi, onların lazımi materiallarla təmin olunması kimi geniş spektrli fəaliyyətləri həyata keçirirdi. Bütün bunlar kimlərinsə gözünə kiçik görünə bilər, amma dövlətin maraq və mənafelərinin qorunması baxımından çox böyük və məsuliyyətli, həm də nəticəyə hesablanmış fəaliyyətlər idi. İndi Azərbaycanda ayrıca qurum kimi Beynəlxalq Mətbuat Mərkəzi yaradılıb, amma o vaxt bu qurum da Mətbuat və İnformasiya Nazirliyinin tərkibində idi. Bunlar hamısı təkcə mətbuat işinin yox, həm də bütövlükdə mədəniyyətin çox böyük bir sahəsidir və Azərbaycanın dövlət olaraq onlara ehtiyacı var. Təəssüf ki, bu sistem dağıdılıb, hər şey yeni yaradılan kiçik qurumlar arasında param-parça edilməklə bölüşdürülüb. Bu kiçik qurumların çoxu da naşı adamların əlindədir, onlar mətbuatın, qəzetin nə olduğunu bilmirlər. Ona görə də mətbuatla bağlı işləri kiçik qurumlara, bu sahədən uzaq adamlara tapşırmaqla bu işi səmərəli şəkildə idarə etmək imkanları məhdudlaşdırıldı.

     -Yəni, siz hesab edirsiniz ki, bu sahə hansısa bir mərkəzdə birləşsə, təmərküzləşsə, daha effektiv nəticələrə nail olmaq mümkündür?

    – Bəli, tamamilə doğrudur. Mən şəxsən mətbuatla bağlı olan adam kimi bunu belə görürəm. Mən Mətbuat Şurası, KİVDF kimi qurumların, jurnalist təşkilatlarının nə işlə məşğul olduğunu aydın təsəvvür edə bilmirəm, onları bir-birindən ayırd etməkdə çətinlik çəkirəm. Çünki işlər elə qurulmayıb ki, mətbuatla əlaqəli olan bu təşkilatlarda bir aydınlıq olsun. Ona görə də mətbuatda islahatlardan danışarkən məhz bu kiçik qurumlardakı fəaliyyətlərin nizama salınmasına daha çox önəm verilməlidir.

    – Siz jurnalist birliklərini də bura daxil edirsiniz, yoxsa, bunlar ictimai təşkilat kimi ayrıca fəaliyyət göstərməkdə davam etməlidir?

    – Azərbaycanda yaradıcılıq birlikləri əvvəlki qaydada fəaliyyətini davam etdirir – Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı və sair. Onsuz da cəmiyyət param-parçadır, bu birliklər dağılanda adamlar da təklənirlər, onlar dayaqlarını itirmiş insanlara çevrilirlər. Qonorar sisteminin olmadığı, müəlliflik hüquqlarının qorunması işinin lazımi səviyyədə təşkil edilmədiyi indiki şəraitdə yaradıcılıq birliklərinin də dağılması çox pis vəziyyət yaradır. Ona görə də Azərbaycan Jurnalistlər Birliyi rəsmi qurum kimi fəaliyyət göstərməlidir. Kimsə bununla razılaşmayıb müstəqil şəkildə özü əlavə birlik yaradırsa, mən buna da pis baxmıram. Necə ki, Azərbaycan Yazıçılar Birliyində belə hallar oldu. Amma reallıq odur ki, onlar özlərini doğrulda bilmirlər. Ona görə də fikrimcə, qəzetlərə göstərilən qayğının bir hissəsi Azərbaycan Jurnalistlər Birliyinə göstərilməlidir.

    Elxan Salahov

    Home

  • Srebrenitsa qətliamından 25 ötür …

    25 il əvvəl bu gün general Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Bosniyanın Srebrenitsa şəhərinə daxil olaraq müsəlmanları vəhşicəsinə qətlə yetirməyə başlayıblar.

    Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı (serb. Масакр у Сребреници) — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

    Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmişdir. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmayıb.

    Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.

    Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni 6 bölgəni müdafiə altına almağa məcbur etdi. Srebrenitsa da bu bölgələrdən biri idi.

    Soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdır. Artıq Srebrenitsa aclıq və xəstəliklərlə mübarizə aparan bir qaçqın düşərgəsinə çevrilmişdi. Müsəlmanların əlindəki silahlar BMT sülhməramlıları tərəfindən yığılmışdı.

    Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər etdilər. Amma bu müraciətlər hollandiyalı sülhməramlılar tərəfindən rədd edildi. BMT sülhməramlıları yalnız iki F 16 təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətlənirdi.

    Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxdılar. 1995-ci il iyulun 11-də Ratko Mladiç silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmədilər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başladılar. Vəhşiləşmiş serb əsgərləri gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırırdılar.

    Sonralar yayımlanan video görüntülərin birində serb generalının Serebrenitsanı tərk edən hollandiyalı sülhməramlılarının komandirinə hədiyyə verməsi öz əksini tapıb.

    Mənbə: Wikipedia