Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • “Şəhid, qazi ailələrinin incildilməsinə dair məlumatlar dolaşır”.

    Sabir Rüstəmxanlı: “Pandemiya şəraiti bir çox qurumların əlində bəhanə olub”

    APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

    Deputat bildirib ki, buna qətiyyən yol vermək olmaz: “Prezidentin sərəncamının icrası xırda məmurlar tərəfindən pozulur. Pandemiya şəraitidir, başa düşürük. Ancaq bu, bir çox qurumların əlində bəhanə olub. Əhalini qəbul etmirlər, problemləri ilə maraqlanmırlar. Bunun qarşısı alınmalıdır. Buna bir yol tapılmalıdır”.

    S. Rüstəmxanlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə irad bildirib: ”Ölkə ərazisində distant təhsilə keçilib. Ancaq kəndlərdə, rayonlarda internet yoxdur. Yüksək texnologiyalar kənd və rayonlara da çatdırılmalıdır”.

    Milli Məclisin sədri Sahibə Qafarova isə Sabir Rüstəmxanlıdan şəhid və qazi ailələrini incidənlərlə bağlı məlumatı çatdırmağı istəyib.

  • “Ərdoğanı başa düşürsən, amma “Diriliş Ərtoğrulu” başa düşmürsən” – Sabir Rüstəmxanlıdan ETİRAZ

    “Bizim qardaş Türkiyə ilə münasibətlərimizdə, yaxud mədəniyyət sahəsindəki əlaqələrimizdə qəribə və təəccüblü anlaşılmazlıqlar, ziddiyyətlər var”.

    “BakuPost” xəbər verir ki, bu fikri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
    Millət vəkili qeyd edib ki, Bakıda keçirilən Zəfər qutlamalarında Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən paraddakı parlaq çıxışını bütün Azərbaycan hörmətlə dinlədi və hamı da başdan sona hər şeyi başa düşdü: “Ərdoğan türkcə danışdı. Amma nədənsə, bizim türk filmlərini televiziyalarda nümayiş etdirənlərimiz və onların “milli ideologiya” adına ayrımçılıq yapan böyükləri bu filmləri başa düşmürlər və azərbaycancaya tərcümə edirlər. Bu məntiqlə yanaşsaq gərək Ərdoğanın çıxışını də tərcümə etdirəydik. Ayıbdır, vallah! Türk əsgərini başa düşürsən. Türkiyənin dövlət başçısını başa düşürsən, amma “Diriliş Ərtoğrulu” başa düşmürsən!”

    Sabir Rüstəmxanlının iradına AzTV-dən reaksiya: “Bunu MTRŞ tənzimləyir”

    Azərbaycan Televiziyası məşhur Türkiyə serialı olan “Diriliş/Ərtoğrul”u Azərbaycan dilində dublyajla yayımlaması ilə bağlı iradlara cavab verib.
     
    Televiziyanın Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən “BakuPost”a bildirilib ki, xarici filmlərin yayımlanması müvafiq qanunla tənzimlənir: “Bu qanun hətta dil baxımından Azərbaycan dilinə doğma olan, lakin əcnəbi filmlər, seriallar kateqoriyasına aid olanlara da şamil edilir. Qanuna əsasən, filmlər Azərbaycan dilinə tərcümə olunmalı və öz dilimizdə yayımlanmalıdır. Bu məsələni hər hansı kanal və yaxud kanal rəhbərliyi deyil, Milli Televiziya və Radio Şurası tənzimləyir”.

  • Tehran unutmasın ki, bu, xalq ədəbiyyatıdır 50 milyonun dilindəndir – deputat Sabir Rüstəmxanlı

    Ərdoğanın söylədiyi bayatı İran rəsmilərinin gülünc etirazına səbəb olunca Güney Azərbaycanda dillərə düşdü, kiçikli- böyüklü hər kəs onu təkrarladı, birlik duyğumuzdan yaranmış yeni şeirlər yayıldı sosial mediada.

    Tehran unutmasın ki, bu, xalq ədəbiyyatıdır 50 milyonun dilindəndir. Narahat olsalar onlarla belə bayatı səslənər. Hər birinin yüz-ikiyüz il yaşı var. Sözü varsa bu bayatıları qoşan otaylı-butaylı türklərə, onların babalarına desin, hörmətli Ərdoğana yox…

    Araz, Araz, Xan Araz!

    Dağlardan axan Araz!

    Qardaşdan ayrı saldın,

    Evimi yıxan Araz!..

    Visiontv.az 

  • Sabir Rüstəmxanlı: “Araz bir simvoldur, ayrılıq varsa, Araz da var”

    Araz olmasa, ayrılmazdıq? – ilginc reaksiyalar …

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışı çoxlarının ürəyinə ox kimi sancıldı. Xüsusən də Ərdoğanın “Arazı ayırdılar” bayatısını paradda səsləndirməsi Tehran tərəfindən siyasi bir ismarış kimi qiymətləndirildi. İran tərəfindən verilən təpkilər və Türkiyə ilə yaranmış qısamüddətli gərginlik hamının yadındadır. “Yeni Müsavat” bildirir ki, həmin bayatıda deyilir:

    Arazı ayırdılar

    Lil ilə doyurdular.

    Mən səndən ayrılmazdım

    Zülm ilə ayırdılar.

    İran xarici işlər naziri Cavad Zərif isə sosial şəbəkə hesabından paylaşım edib: “Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?”

    Bu açıqlamadan sonra İranın bir çox şəhərlərində insanlar pəncərələrdən “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirərək Azərbaycana həmrəyliklərini bildiriblər.

    Soydaşlarımız həm də “Arazı ayırdılar” trendi başladıblar. Onlar müxtəlif şəhərlərdən “Arazı ayırdılar” misralarını səsləndirərək trendə qoşulublar. Düzdür, məsələ yoluna qoyuldu, tərəflər bir-birini dinlədilər.

    Yəni Ərdoğanın məlum şeiri söyləməsində Ankaranın heç də Tehrana qarşı hər hansı siyasi mesajı olmadığı qənaətinə gəlindi, lakin bir həqiqətdir ki, bizi bir millət olaraq bu çay ayırıb, o tay – bu tay edib.

    Və tarixi gerçəkliyi dəyişmək, ona fərqli don geyindirmək mümkün deyil. Faktiki Arazın o tayında 30 milyon, bu tayında 10 milyon azərbaycanlı yaşayır.

    Amma yer üzündə çayların, hətta dənizlərin ortadan ikiyə, üçə böldüyü ölkələr, şəhərlər var. Onları bir-birindən ayıran olmadı.

    Məsələn, Dunay çayını qeyd etmək olar. Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna daxil olmaqla, 10 ölkənin torpaqlarından keçir.

    Bu cür nümunələr çox göstərmək olar. Di gəl bizim bir Araz çayımız var, o da başımıza elə oyun açıb ki, necə deyərlər, indiyə qədər cəfasını çəkirik. Bəzən adama elə gəlir ki, Araz olmasaydı, ölkəmiz 1828-ci ildə ikiyə də bölünməzdi. Amma Arazın günahı nədir?

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, deputat Sabir Rüstəmxanlının “Yeni Müsavat”a bildirdiyinə görə, Araz çayı təkcə Güneylə Quzeyi ayırmır, həm də Naxçıvandan Türkiyə ərazisinə keçir.

    S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan bu şeiri deyəndə ürəyində nə fikirləşibsə, İran məsələyə tamamilə gülməli yanaşma sərgilədi. Xalq şairi qeyd etdi ki, həmin bayatı çox qədimdir: “Folklorumuzda Araz haqda buna bənzər və ayrılığı ondan daha sərt ittiham edən bayatılar var. Bu bayatılara görə İran hay-küy salmalı deyil. Onda gedib 40 milyon azərbaycanlıdan soruşsunlar ki, bu şeirləri niyə yazmısınız? Ümumiyyətlə, Araz bir simvoldur, ayrılıq varsa, Araz da var”.

    S.Rüstəmxanlının fikrincə, Araz olmasaydı Savalan dağı, Muğan çölləri deyəcəkdik, ayrılığı rəmzləşdirən bir sərvətimiz olacaqdı: “Araz ədəbiyyatımızın parlaq obrazıdır, ayrılığı yox, həm də birliyi, bütövlüyü bildirir. Ona görə Araza yalnız ayrılığın rəmzi kimi baxmaq lazım deyil, birləşdirici çay kimi baxmalıyıq. Çünki üstündən salınan Xudafərin körpüsü ilə bizi birləşdirir. Araz tarix üçün andır, Savalanlı, Şahdağlı, Mil-muğanlı…”

    Deputat əlavə etdi ki, Azərbaycan İranla dostdur, onun bölünməsi haqda danışmırıq: “Bu gün İranla yollar açıqdır, insanlar gedir-gəlir, əlaqələr genişlənir, bu münasibətləri qorumaq lazımdır. Amma İran bir şeirə görə səsini qaldırdı, əvəzində məmurun sözünə Təbrizdə minlərlə insan cavab verdi, şeirlər qoşdu, yüzlərlə dildə Araz bayatısı səsləndi. Buna görə İran məmurlarına təşəkkür edirəm ki, bu ayrılığın olduğunu millətin yadına saldılar”.

    Emil SALAMOĞLU
    “Yeni Müsavat”

  • Bu laqeydliyi tarix bizə bağışlamayacaq…

    1875-ci il iyul ayının 22-də “Əkinçi” qəzetinin çapı ilə Azərbaycan mətbuatının əsası qoyuldu. Əslində, bu tarix mətbuatın mətbəxindən uzaq, ancaq xəbər istehlak edən insanlar üçün ildə bir dəfə anılan özəl günlərdən sadəcə biridir. Amma mətbuat adamları, eləcə də ziyalı nəsil bu tarixi hər il lap bayram kimi qeyd edir. Ona görə ki, həmin tarixdə bu gün var olan Azərbaycan mətbuatının yaranması üçün ilkin addım atılıb. Bu, təkcə ilk olduğu üçün yox, həm də dövrün şərtləri daxilində çox çətinliklə atılmış bir addım olaraq da özündə böyük anlam daşıyır.
    Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqını maarifə, elmə, təhsilə səsləyərək onu bu yolla zülm və cəhalətdən xilas etmək niyyətində idi. Nəticədə o, heç bir imkan və şəraitin olmadığı vaxtda yoxdan var yaradıb milli mətbuatın əsasını qoymağa nail olub. “Əkinçi” qəzeti 1877-ci il 29 sentyabrda sonuncu nömrəsi ilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
     Təbii ki, Həsən bəyin bu addımı davam etdirilərək dəstək görməli idi. “Əkinçi”dən sonra anadilli mətbuatın boşluğunu “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzeti doldurub. Həmin “Ziya” qəzeti ki, 1879-cu ildə “Əkinçi”dən sonra uzun hazırlıq işləri görülərək, çox çətinliklə Səid Ünsizadə tərəfindən çap etdirilib. Beləliklə, “Ziya” qəzeti “Əkinçi” qəzetindən sonra milli mətbuatımızda ikinci qəzetdir. Səid Ünsizadə həmin qəzeti öz şəxsi vəsaiti hesabına və qohum-əqrabasının, xüsusilə də qardaşı Cəlaləddin Ünsizadənin köməyi ilə oxuculara çatdırmağa nail olub. Bu yolda əziyyətlərə sinə gərən Səid Ünsizadənin də Həsən bəy Zərdabi kimi tək amalı xalqını, millətini maarifləndirmək, daha aydın görmək olub.
     Təəssüf ki, ötən yazımızda da qeyd etdiyimiz kimi, xalqınının aydın günə çıxması üçün çalışan bir şəxsiyyətin məzarı belə, bir neçə il əvvəl tapılıb. Tapılmasına tapılıb, amma nə onun adına, sanına, şəxsiyyətinə yaraşar durumdadır, nə də bizim. Kötücəsi Zaur Ünsizadə tərəfindən tapılan qəbiri, bu yaxınlarda Türkiyədə doktorantura üzrə təhsil alan tələbələrimiz Nurlan ağa və Maral Nəcəfli ziyarət etmişdi. Əvvəlki yazıdan da məlum olduğu kimi, Səid Ünsizadənin qəbri uyuduğu qəbirstanlıqda “adsız məzar” deyə bilinir.
    Qeyd edək ki, məzarın üzərində latın əlifbası ilə ad və soyadın yazdırılması, baxım işlərinin həyata keçirilməsi üçün tələbələrimiz İstanbul Böyükşəhər Bələdiyyəsinə müraciət etmişdilər. Oradan bildirilmişdi ki, gərək Azərbaycandan rəsmi qaydada müraciət olunsun.
    Vaxtilə vətəndən uzaqda yaşamaq məcburiyyətində qalan şəxsiyyətlərimizin bir sıra hallarda qəbirlərinin harada olduğunun bilinməməsi və ya bilindikdən sonra bu cür baxımsız qalması təbii ki, hər birimizi narahat edir. Bu kimi hallar bizim həmin işlərlə məşğul ola biləcək məsul qurumların da, vətəndaş olaraq bizlərin ayağına da laqeydlik deyə yazılır.
    “İstanbul Bələdiyyəsində əminlik olmalıdır ki…”
    Xalq şairi Sabir Rüstəmxanlı : Dünya 2020 -ci sinifdə qalıb – MÜSAHİBƏ |  Edebiyyatqazeti.az
    “Təəssüf ki, bir çox xaricdə yaşamış ziyalılarımız var ki, məzarları ilə az maraqlanmışıq, onların abadlıq qayğısına qalmamışıq”. Bu fikri Səid Ünsizadənin “adsız məzarı” istiqamətində söhbətimiz zamanı millət vəkili Sabir Rüstəmxanlı söyləyib. Həmsöhbətimiz “Ziya” qəzeti və Ünsizadə qardaşlarının mətbuat tariximizdəki yerindən söz açıb: “Ünsizadə qardaşlarının mətbuat tariximizdəki yerini hər kəs bilir. Ən azından ədəbiyyat oxuyan, mətbuatla maraqlanan kəsə bu, məlumdur. “Əkinçi” ilə “Molla Nəsrəddin” arasındakı dövrdə ən geniş yayılan qəzeti Ünsizadə qardaşları çıxarıblar. Ünsizadə qardaşlarının atası Cənubi Qafqaz qazisi olub, oğulları da Tiflisdə oxuyublar. Səid Ünsizadə təhsilini Bağdadda davam etdirib. Öz xalqının təhsilə marağını artırmaq, mədəni səviyyəsinin yüksəldilməsi, onları daha ciddi informasiyalarla təmin etmək niyyəti ilə qəzetlər buraxıblar. O dövrdə həmin qəzetlərin kifayət qədər də təsiri olub”.
     S.Rüstəmxanlı söhbətimiz zamanı “Ziya” qəzetinin özünün də kifayət qədər öyrənilmədiyinə diqqət çəkib: “Təəssüf ki, Ünsizadələr bəxti gətirməyən ziyalılarımızdan olublar. Onlar dərslik də nəşr elətdiriblər. Ünsizadə qardaşlarının “Əkinçi” qəzetindən sonra çıxardıqları “Ziya” qəzeti elə özü də təəssüf ki, kifayət qədər öyrənilməyib. İndi bilmirəm, həmin qəzetlər bütövlüklə əldə varmı. Hər bir halda mən hesab edirəm ki, həmin qəzetlərin materiallarını yığıb çap eləmək çox vacib məsələdir”.
     Deputat buradan rəsmi qaydada müraciətlərin edilməsində və eləcə də bu istiqamətdə oradakı təşəbbüskar gənclərimizə dəstək olacağını bildirib: “Məndə olan məlumata görə, kötücəsi Səid Ünsizadənin qəbrini tapıb. Təəssüf ki, bir çox xaricdə yaşamış ziyalılarımız var ki, məzarları ilə az maraqlanmışıq, onların abadlıq qayğısına qalmamışıq. İndi Səid Ünsizadənin də nəvəsi maraqlanıb, qəbrini tapıb. Azərbaycan tərəfi – Şamaxı Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Azərbaycan Jurnalistlər Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi – istənilən rəsmi orqan İstanbul bələdiyyəsinə müraciət eləsə, onlar bu işdə dəstək göstərə bilərlər. İndiki halda ölkəmizlə Türkiyə arasında münasibət elə həddədir ki, heç bir problem yoxdur. Buna görə düşünürəm ki, qəbrin abadlaşdırılması, adının yazılmasında bir problem olmaz”.
    “Lakin İstanbul Bələdiyyəsinin də əlində həm rəsmi müraciət olmalıdır, həm də əminlik olmalıdır ki, bu, doğrudan da Səid Ünsizadənin qəbridir. Bu işə Türkiyənin bir sıra qeyri-hökümət təşkilatları, oradakı Azərbaycan dərnəkləri də yardım edə bilər. Türk Dünyası Araşdırmalar Vakfı, TÜRKSOY, Türkiyə Kültür Bakanlığı, oradakı iş adamları da bu işi görə bilərlər. Sadəcə olaraq bu işlə ciddi məşğul olan bir adam lazımdır. Yaxşı ki, azərbaycanlı tələbələr bu işə başlayıblar, buradan da dəstək məktubu göndərilməlidir. Ünsizadə qardaşlarının Azərbaycan mədəniyyət və mətbuatındakı yerini bilən adamlar Səid Ünsizadənin Azərbaycan mətbuatındakı yerini göstərən geniş bir arayış və Türkiyədə gördüyü işlərdən bəhs edən məktub yazmalıdır. Məncə, bələdiyyə çox asanlıqla bunu həll edər. Özüm də Türkiyədə bu işlə məşğul olan tələbə gənclərimizə dəstək olmağa hazıram”, – Rüstəmxanlı vurğulayıb.
     
    “Səid bəyin məzarı bilinsə də, qardaşının məzarı məlum deyil”
    Akif Aşırlı: Artıq cəmiyyətimiz qələbəyə, zəfərə köklənib – İki sahil
    Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da AYNA-ya, Ünsizadə qardaşlarının Azərbaycanda milli mətbuatın inkişafındakı xidmətlərindən söz açıb: “Səid Ünsizadənin qəbrinin üstündə “Məni axtaranlar kitabxanada tapsınlar” yazılıb. Azərbaycan milli mətbuatının əsasının qoyulmasında, inkişafında Ünsizadə qardaşlarının məxsusi xidmətləri var. Səid Ünsizadə baxmayaraq ki, özü üləma idi – Qafqaz sünni idarəsinə bağlı bir din alimi idi, ancaq elmə, təhsilə həmişə maraq göstərən və elmin inkişafında maraqlı olan bir insan olub. Ünsizadələr üç qardaş olublar – Səid, Cəlal (bəzən Cəlaləddin də deyirlər) və Kamal. Hər üç qardaşın da həm mətbuatımızın, həm də elmimizin inkişafında xidmətləri var. Səid Ünsizadə “Ziya” qəzetini buraxıb, bu qəzet sonradan “Ziyayi-Qafqaziyyə”yə çevrilib. Cəlal Ünsizadə tərəfindən 1883-cü ildə çıxmış “Kəşkül” jurnalının Azərbaycançılıq ideyasını, ümumiyyyətlə, Azərbaycanda milli şüurun, kimliyin axtarışında çox böyük xidmətləri var. “Kəşkül” jurnalında da ilk dəfə milli kimlik axtarışına çıxılıb, “Qafqaz müsəlmanları necə adlandırılmalıdır?” sualı ilə kimlik məsələləri araşdırılıb. Və burada deyilir ki, bunlar Azərbaycan türkləridir. Kamal Ünsizadə ilk dəfə “Azərbaycan” adında qəzet nəşr etdirmək istəyib”.
    A.Aşırlı hesab edir ki, sözügedən qardaşların fəailiyyəti haqda bizdə çox ciddi araşdırmaların aparılmasına ehtiyac var:
    “Çox təəssüf ki, bu qardaşların fəaliyyəti ilə bağlı bizdə çox ciddi araşdırmalar aparılmayıb. Qardaşların dinə bağlılığı, İslam üləmaları olmaları Sovet dönəmində həmişə bir qırmızı xətt kimi bu insanların tədqiqatının qarşısını alıb. Əslində, Səid Ünsizadə uşaqlar üçün ilk kitab çap etdirənlərdən biridir. Eyni zamanda Azərbaycan mətbələrinin formalaşmasında bu qardaşların böyük rolu var. Tiflisdə “Ziya” mətbələri olub, həmin mətbəə Avropa tipində bir mətbəə olub. Orada təkcə bizim dini kitablar çap olunmurdu, rus, Avropa dillərindən əsərlər tərcümə olunaraq, çap edilib. Çox təəssüf ki, onların taleyi acınacaqlı olub”.
    “Hətta, Yusif Ağturalı “Ziya” qəzeti barədə yazır ki, qardaşlar Türkiyəyə meyilli olduqlarına görə çar Rusiyası tərəfindən təqib olunublar. Səid Ünsizadə təqiblərdən yaxa qurtarıb, İstanbula gedib, Sultan Əbdülhəmidin sarayında çalışıb. Əbdülhəmid ona vəzifə verib, çünki ərəb, fars, rus dillərini mükəmməl bilirdi, eyni zamanda da Qafqazadakı vəziyyəti çox yaxşı bilirdi. Sultan Əbdülhəmidə Səid Ünsizadə Rusiya, Qafqaz türkləri, müsəlmanları barədə kifayət qədər yaxşı istiqamətlər verirdi”, – baş redaktor diqqətə çatdırıb.
    Onun sözlərinə görə, 20-ci əsrin əvvəlllərində Türkiyəyə köçmək məcburiyyətində qalan Azərbaycan ziyalıları orada bir sıra mətbuat orqanlarında məqalələrlə çıxış ediblər: “Hətta, Türkiyədə çıxan bir sıra qəzetlər Cəlaləddin Ünsizadənin ölümünü əməkdar bir türk jurnalistinin ölümü kimi qiymətləndirib, nekroloq çap ediblər. Səid Ünsizadənin qəbri məlum olsa da, Cəlaləddin Ünsizadənin qəbri məlum deyil. Biz qardaşların şəkillərini də tapa bilməmişdik. Səid Ünsizadənin kötücəsi Zaur Ünsizadə axtarış aparıb, onların şəkillərini əldə edə bilib. Eyni zamanda nəticələri, kötücələri İstanbulda yaşayırlar, hüquqşunasdırlar. Onlarla telefonla əlaqə saxlamışam, təəssüf ki, görüşə bilməmişik”.
     Akif Aşırlı da bu işdə təşəbbüskar tələbələrimizə istiqamət verə biləcəyini qeyd edib:
    “Mənim bildiyimə görə, Ünsizadə qardaşlarının Türkiyədə fəaliyyəti barədə arxiv sənədlər var. Çox təəssüf ki, bizlərdən bunu araşdıranlar yoxdur. Həmin tələbələri tanıyıram, çox yaxşı ki, tələbələrimiz bu işlə maraqlanırlar, sağ olsunlar. Qeyd etdiyim kimi Cəlaləddin Ünsüzadənin də qəbri məlum deyil. Mən tələbələrimiz Nurlan Ağa, Maral Nəcəflidən xahiş edirəm, Ankara məzarlıqları müdirliyinə məktublar göndərsinlər, qəbri tapılsın. Yəqin ki məlumatlar olacaq, çünki Ankarada yaşayıb, o ətrafda dəfn olunduğu bilinir. Eyni zamanda da müəyyən kitabxanalar var ki, onlara sorğular vermək lazımdır. Qardaşların hansı kitabları, əsərləri var, onu öyrənək. Əldə olunan bilgilərin hesabına ziyalılarımızın həyatına işıq sala bilərik”.

  • Sabir Rüstəmxanlı oğlunun tabutunu başında daşıyan şəhid anasının evinə getdi FOTOLAR

    “Bu gün (04.12.2020) Vətən Müharibəsi şəhidlərinin anım günündə Yardımlıda, qonşum Əlikömək Sahratova baş çəkdim”.

    “BakuPost” xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Facebook”da qeyd edib. O, müharibədə şəhid olan Cavid Sahratovun valideynləri ilə görüşüb:
    “Tabutunu anası Səkinə bacı başında aparmışdı və şəkil bütün respublikaya yayılmışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu gün şəhidlərimizin anım, onların ata-analarının qürur günüdür…”.
  • Türk Ədəbiyyatı Fondu tərəfindən “Yaşayan Dədə Qorqud” ödülü Sabir Rüstəmxanlıya təqdim olunub

    Türk Ədəbiyyat Fondunun “YAŞAYAN DƏDƏ QORQUD” mükafatına, Direktorlar Şurasının qərarına əsasən, ömrü boyu Türk mədəniyyətinə xidmət edən, Sovetlər Birliyi dövründə rejimin bütün təzyiqlərinə baxmayaraq, əsərləri ilə milli ruhu canlandıran, milli köklərə söykənən şeirləri ilə yeni nəsillərə türk kimliyini aşılayan, Azərbaycanı azadlığa aparan  Meydan hərəkatının liderlərindən biri, Azərbaycanlı şair – yazıçı SABİR RÜSTƏMXANLI layiq görülüb. SABİR RÜSTƏMXANLI Azərbaycanda , Türkiyədə , Rusiyada , İranda, Almaniyada, İngiltərədə, Özbəkistanda, Gürcüstanda nəşr edilmiş onlarla kitabın müəllifidir.

     Mükafatı Bakıya qonağ olan vəqfin rəhbəri Serhat Kabaklı, eləcə də iki məsul əməkdaşı, yazarlar – Bahtiyar Aslan və İmdat Avşar təqdim etmişlər.

     Türk dünyasının bu nüfuzlu mükafatı ilə yanaşı, Xalq şairinə “Dağların Ruhu” (Sabir Rüstemhanlı ile söyleşi) adlı kitab da təqdim edilib. Kitabın müəllifi yazıçı Bahtiyar Aslandır. S.Rüstəmxanlı ilə müsahibələr əsasında yazılan kitabda xalq şairi və millət vəkilinin  Türk dünyası ilə bağlı düşüncələri, dünyada gedən ictimai-siyasi-mədəni proseslərlə bağlı baxışları yer alıb. Həmçinin Xalq şairinin həyat və yaradıcılığından ətraflı bəhs olunub. Kitabın sonunda S.Rüstəmxanlının fəaliyyətini əks etdirən foto albom təqdim edilib.

     

  • Fəzail İbrahimli: “Fransanın içi yanır, göynəyir, çünki Türkiyə və Rusiya onu kənarlaşdırdı, münaqişəni həll etdi”

    “Beynəlxalq hüquq haradadır? Biz 30 ildir, o hüquqa söykəndik, nəticə olmadı. Bizim nəticə 44 günlük gücə söykənir”.

    APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında MM sədrinin müavini Fəzail İbrahimli deyib.

    Vitse-spiker bildirib ki, Fransa senatorlarının kimliyinə baxılmalıdır: “Onlar Əlcəzairdə qırğınlar törədənlərin, qaradərililəri dənizdə boğanların nəvələridir. Bu, həm də Avropa demokratiyasının sifətini açır. Hələ 107 il əvvəl Əhməd bəy Ağaoğlu yazırdı ki, uğrunda mübarizə apardığımız Avropa demokratiyası Balkan hadisələrindən sonra rəngini dəyişdi. Fransa senatın qərarı Avropa demokratiyasının üzünə tüpürməsidir. Fransanın içi yanır, göynəyir, çünki Türkiyə və Rusiya onu kənarlaşdırdı, münaqişəni həll etdi. Fransa axı ermənilərə söz vermişdi. İndi Azərbaycanla Senat dilində danışmaq olmaz. Azərbaycanla danışığın bir forması var: Haqq ədalət müstəvisində, yalvarışlı və yazıq formada danışıqda, Azərbaycan nəyisə güzəşt edə bilər. Biz 12 aylıq təqvimin 10 ayında Azərbaycana faciələr yaşadan Ermənistan adlı dövlətin başını əzmişik. Bu bizim heysiyyətimizə toxunan məsələdir. Amma bizi bu prosesdə müdafiə edənlər, Türkiyə, ən əsası bizim müdrik rəhbərimiz, qüdrətli ordumuz var. Ona görə də bu qərarlar bizim əhvalımıza təsir etməyəcək”.

  • “Fransa senatının üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir”

    “Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”.

    Sonxeber.az xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında parlamentin sədr müavini Fəzail İbrahimli Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib.

    Onun sözlərinə görə, Fransa senatının üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir:

    “Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Fransanın içi yanır, sürünür. Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, özü həll etdi. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub. Azərbaycanla danışığın bir forması var. Bizim güvən və güvənc yerimiz var”.

    Sonxeber.az

  • Sabir Rüstəmxanlı: “Almaniya mətbuatı açıq şəkildə Azərbaycanı ittiham edir, bizi işğalçı adlandırır”

    İkinci Qarabağ müharibəsi dövründə zaman-zaman dünyaca məşhur bəzi simaların açıq şəkildə erməni seperatizmini dəstəklədiyinin şahidi olduq. Elə bir neçə gün əvvəl tanınmış fransız aktyorların bu istiqamətdə “Le Figaro” nəşri vasitəsi ilə müraciəti də buna nümunədir.

    Maraqlıdır, əzəli Azərbaycan ərazisi olan Qarabağın ermənilərə məxsus olduğunu deyən və seperatizmi dəstəkləyən bu şəxslərlə bağlı hansı addımlar atıla bilər?

    Deputat Sabir Rüstəmxanlı həmin şəxslərin “qara siyahı”ya salınmalı olduğunu və reallığın çatdırılması üçün hərəkətə keçməyin zəruri olduğunu bildirib:

    “Həmin şəxslərin Azərbaycanla əlaqələri yenidən nəzərdən keçirilə bilər. Onların Bakıya gəlib-getməyinə müəyyən qadağalar tətbiq edilməsi mümkündür. Biz bundan əlavə qabaqlayıcı addımlar da atmalıyıq. Çağırışlar etməli, bədii əsərlər, filmlər hazırlamalıyıq. Bununla da separtizmi dəstəkləyən həmin şəxslərdə Qafqaz haqqında real təsəvvürlər yarana bilər.

    Məsələn, Almaniya mətbuatı açıq şəkildə Azərbaycanı ittiham edir, bizi işğalçı adlandırır. Onlar bizi soyqırım törədən, erməni tarixi abidələrini dağıdan xalq kimi tanıdır. Biz bunlara faktlarla cavab verməliyik. Yanlız müşahidə etmək və bu kimi şeyləri pisləməklə kifayətlənmək olmaz. Hərəkətə keçməliyik, onlara cavab verilməlidir”.

    Deputat Asim Mollazadə erməni seperatizmini dəstəkləyən şəxslərin “qara siyahı”ya düşsələr belə öz əməllərindən əl çəkməyəcəklərini diqqətə çatdırıb:

    “Təbii ki, Azərbaycan bu insanları qara siyahıya sala bilər. Açıq şəkildə seperatizmi dəstəkləyən şəxslərə qarşı bu addım atılmalıdır. Mənə elə gəlir ki, onlar yenə də öz əməllərindən əl çəkməyəcək, seperatizmi dəstəkləyəcəklər”.