Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP sədri özünə müşavirlər təyin etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının VIII Qurultayından sonra partiyanın idarəetmə strukturu yenidən formalaşıb. Partiya lideri Sədr Aparatını formalaşdırandan sonra VHP Mərkəzi İcra Aparatınının da strukturlarını da formalaşdırdı. VHP Sədri Sabir Rüstəmxanlı digərsərəncamı ilə özünə müşavirlər təyin edib.

    VHP sədrinin təqdimatı ilə -Şəmsəddin Mirzəxanlı, Əlövsət Əliyev,  Nəsimi Tovuzlu, Mikayıl Nurməmmədov, Rafiq Məmmədov, Həsənbala Məmmədov, Zeynalov, Zaur Məmmədli, Telman Sadıqli, Talıb Əhədli və Solmaz Quliyeva VHP sədrinin müşaviri təyin edilib.

     

  • Dövlət büdcəsindən ayrılan vəsait partiyanın inkişafına və təşkilatlanmaya sərf olunacaq

    Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsində nəzərdə tutulan vəsait ödənilib. Partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. Maliyyə Nazirliyindən verilən məlumata görə, ilin birinci rübü üzrə 10 siyasi partiyaya ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib. Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev isə vəsaitdən imtina edib.
    Milli Məclisdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə deyib ki, parlamentdə təmsil olunan partiyalara 2013-cü ildən etibarən dövlət büdcəsindən vəsait ayrılır.
    Onun sözlərinə görə, hər dəfə Milli Məclisdə mandat sahibi olan Vətəndaş Həmrəyliyi Partiyasına da bu istiqamətdə vəsaitlər ayrılıb: “Ayrılan vəsait mərkəzi aparatda və rayon təşkilatlarında çalışan üzvlərə əməkhaqqı verilməsi, partiyanın texniki işlərinin görülməsi, təşkilati məsələlərlə bağlı ezamiyyətə sərf edilir. Büdcədən partiyalara maddi dəstək olunması müsbət haldır, amma ayrılan vəsait partiyanın bütün ehtiyaclarının ödənilməsinə kifayət etmir. Əlavə olaraq parlamentdə təmsil olunan partiyaların sayının artması ilə əlaqədar ayrılan məbləğ azaldılıb. Bu da müəyyən çətinliklər yaradır”.
  • Sabir Rüstəmxanlı yaradıcılığı haqqında yeni monoqrafiya

    Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı haqqında filologiya elmləri doktoru, professor Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” monoqrafiyası nəşr edilib.

    Manera.az xəbər verir ki, monoqrafiyada Xalq şairi Sabir Rüstəmxanlının zəngin və əhatəli bədii və elmi yaradıcılığına yeni baxış, yeni yanaşma özünü göstərir. Həmçinin, monoqrafiyada Sabir Rüstəmxanlı əsərlərinin poetikası və janr xüsusiyyətləri, əsərlərinin janr qarışıqlığı və nəşr edilmiş kitablarının janr müxtəlifliyi, “kiçik həcmli roman”ları və s. aktual nəzəri problemlər təhlil süzgəcindən keçirilir.

    Bundan başqa, Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri də tədqiq edilib. Eyni zamanda, monoqrafik tədqiqatda şairin yaradıcılığında müxtəlif ideyaların tədqiqinə, ideoloji və mənəvi problemlərin açıqlanmasına da yer verilib.

    Salidə Şərifova Sabir Rüstəmxanlı yaradıcılığında janr qarışıqlığının özünü müxtəlif aspektdən göstərməsinə toxunaraq, ədibin yaradıcılığında ədəbi nümunələrin iştirak etmə xüsusiyyətindən və janrlarla qarşılıqlı əlaqəsindən asılı olaraq, qarışıqlığın növlərarası, növlərdaxili və janrdaxili qarışıqlıq kimi üç formasının özünü göstərməsini diqqətlə araşdıraraq, obyektiv nəticələrə gəlir.

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab elm adamları, ali və orta məktəb müəllimləri, ədəbiyyatşünaslar, kulturoloqlar, eləcə də Sabir Rüstəmxanlı yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

  • VHP-də yeni təyinatlar: Mərkəzi İcra Aparatı formalaşıb

    Vətəndaş Həmrəyliyi Partiyasının VIII Qurultayından sonra partiyanın idarəetmə strukturu yenidən formalaşıb. Sədr Aparatının formalaşmasından sonra VHP Mərkəzi İcra Aparatına təyinatlar verilib. VHP Sədri Sabir Rüstəmxanlı Samir Əsədlini VHP Mərkəzi İcra Aparatı rəhbəri təyin edib. VHP sədrinin digər sərəncamı ilə Asif Şəkərli- VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini, Təşkilat Şöbəsinin müdiri, Səlahəddin Əsgər VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini,  Mühasibatlıq Şöbəsinin müdiri, Peyman  Nəsirli VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini,  Xarici Əlaqələr Şöbəsinin müdiri, Şəfəq Qulusoy VHP Ümumi Şöbənin müdiri, İbrahim Quliyev VHP İdeoloji Şöbənin müdiri, Aygün  Qurbanlı VHP Qadınlarla İş Şöbəsinin müdiri, Səməndər Mehdiyev VHP QHT-lərlə İş Şöbəsinin müdiri,  Səlcuq Elçin Siyasi Partiyalarla İş Şöbəsinin müdiri, İsmi Ağayev Dini Qurumlarla İş Şöbəsinin müdiri, Real Cəfərli VHP Diasporla İş Şöbəsinin müdiri təyin edilib.

  • VHP niyə yarandı?- Sabir Rüstəmxanlı: “1992-ci ildə ölkədə separatçılıq at oynadırdı”

    “O vaxt respublikada separatçılıq at oynadırdı, Azərbaycanı parçalamaq istəyən qüvvələr üz-üzə gəlmişdi.

    Biz onda ölkənin bütün vətəndaşlarına bir gözlə baxmaq, heç bir ayrı-seçkilik olmayan ideyanı irəli sürdük.

    M.Ə.Rəsulzadənin 30-cu illərdə irəli sürdüyü və zəruri hesab etdiyi milli birlik nəzəriyyəsinə söykənərək 1992-ci ildə bu partiyanı yaratdıq”.

    Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı səsləndirdi.
    Qeyd edək ki, millət vəkili sonuncu qurultaydan sonra bir daha VHP-nin sədri seçilib: 

    “II Qarabağ savaşı ərəfəsində ölkənin ümumi siyasi-ideoloji xətində partiyalarla dialoqun müasir, sivil qaydada qurulması tələbi ortaya çıxdı. Prezident Aparatında belə bir şöbə yaradıldı.

    Ayrı-ayrı partiyalar ilə bu dialoq start verdi və 50 partiya birgə bəyanat imzaladı. Bundan sonra müxtəlif mübahisəli məqamlarda beynəlxalq təşkilatlara da müraciətlər oldu. 

    Sevinirəm ki, 29 ildən sonra bizim partiyanın irəli sürdüyü vətəndaş həmrəyliyi respublikanın bütün siyasi qüvvələrinin ümumi bir xəttinə çevrilib. Həmrəylik, birlik bu dəqiqə üçün hamımızın əsas yolu və istəyimizdir”.

    Millət vəklili bildirdi ki, partiyanın Qarabağın bütün rayonları üzrə təşkilatları var:

    “Laçın, Qubadlı, Kəlbəcər… hamısında təşkilatlarımız var. Amma təbii ki, həmin təşkilatlar Bakı və respublikanın digər rayon mərkəzlərində yerləşir.

    Şübhəsiz ki, Qarabağ bərpa olunandan sonra həmin təşkilatlar təmsil etdikləri rayonlara qayıdacaq”, – deyə Sabir Rüstəmxanlı fikrini bitirdi.

    Anar Rəhimov, Bizim.Media 

  • Sabir Rüstəmxanlı alternativsiz seçildi

    VHP-də gender bərabərliyi gözlənilib
     
    Partiyanın 7 rayon təşkilatının sədri qadındır
    Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayı keçirilib. Pandemiya şərtlərinə uyğun olaraq onlayn formada keçirilən VIII qurultayda partiyanın fəaliyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Daha sonra seçkilər keçirilib və millət vəkili Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.
    Qurultayla bağlı “Şərq”ə danışan VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, VII qurultayın səlahiyyət müddəti 2020-ci ilin noyabr ayında başa çatıb. Partiya təmsilçisinin sözlərinə görə, Siyasi Şuranın qərarına uyğun olaraq qurultayın və rayon təşkilatlarının konfranslarının onlayn qaydada keçirilməsi ilə bağlı qərar qəbul edilib:
    “VHP-nin 74 bölgə təşkilatının “Zoom” proqramı vasitəsi ilə konfranslarını keçirtdik. Qurultaya 425 nəfər nümayəndə seçilmişdi və 74 təşkilatdan 395 nəfər onlayn qaydada iclasa qoşuldu. Həmçinin, partiyanın Siyasi Şurasının üzvləri, eyni zamanda işçi heyəti – katiblik, mandat, say və redaksiya komissiyaları və digər texniki heyət üzvləri internet imkanlarından istifadə edərək qurultayda iştirak etdilər. Hər hansı texniki problem yaşamadıq. Sadəcə bir-iki rayonda qısamüddətli işıqlar sönsə də, tezliklə bərpa olundu.
    Qurultay açıq səsvermə ilə keçirildi. Çıxış edən nümayəndələr onları narahat edən problemlərdən danışdılar, müəyyən iradlarını səsləndirdilər, təkliflərini bildirdilər. Yəni hamı açıq formada öz düşüncəsini ifadə etdi. Qarşıdakı günlərdə bu məsələlərin müzakirəsi aparılacaq və fəaliyyət istiqamətlərimiz müəyyənləşəcək”.
    S.Əsədli bildirib ki, qurultayda sədrliyə yeganə namizəd Sabir Rüstəmxanlı idi:
    “Vətəndaş Həmrəylik Partiyasında təşkilatı idarə etmək üçün kifayət qədər peşəkar kadrlar var. Amma hamımızın ümumi rəyi belə oldu ki, partiyamızın sədri postuna alternativsiz olaraq Sabir Rüstəmxanlının namizədliyini sürək. Əlbəttə, kim istəsə sədrliyə namizədliyini verə bilərdi. Belə bir ifadə var, deyirlər – “General olmaq istəməyən əsgər yoxdur”.
    Ancaq indiki mərhələdə başqa namizəd çıxmadı. Sabir bəyin namizədliyi mənim tərəfimdən irəli sürüldü və 395 qurultay iştirakçısının yekdil rəyi ilə partiyaya sədr seçildi. Bundan əlavə 115 nəfər partiyanın Ali Məclisinə, 7 nəfər isə Mərkəzi Nəzarət Komissiyasına üzv seçildi”.
    Partiya funksioneri əlavə edib ki, VHP-də hər zaman gənclərin partiya strukturlarına və rəhbər heyətə çəkilməsi istiqamətində mühüm addımlar atılıb:
    “Partiyamızın Ali Məclis üzvlərinin yarıya qədəri gənclərdir. Rayon təşkilat sədrlərimizin əksəriyyətinin yaşı 25-30 arasıdır. Hətta 20 yaşlı təşkilat rəhbərimiz də var.
    Ən qocaman təşkilat sədrimizin yaşı isə 72-dir. VHP-nin təxminən 7 rayon təşkilatının sədri qadındır. Partiyamızın idarəetməsində 27 nəfər etnik xalqların nümayəndəsi də təmsil olunur.
    Qaxın təşkilat sədri Zaza Poladaşvili milliyətcə gürcüdür və xristian dininə mənsubdur. Ali Məclis üzvlərimiz arasında Azərbaycan vətəndaşı olan rus əsilli qadın var. Həmçinin, rayon təşkilatlarımızın sədrləri arasında bir neçə tat, talış və kürdlər də yer alır. 3 rayon təşkilatımızın sədri kürddür.
    Partiyanın fəaliyyətində Azərbaycanda yaşayan və təşkilat üzvü olan hər xalqın nümayəndəsinin iştirakı təmin olunub, gender bərabərliyi gözlənilib. Əsasən də gənclər önə çəkilib”.
  • Sabir Rüstəmxanlı yeni müavinlər təyin etdi

    Məlum olduğu kimi fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının VIII Qurultayı keçirilib. Qurultayda növbəti dəfə partiyanın sədri seçilən millət vəkili Sabir Rüstəmxanlı yeni sədr aparatını formalaşdırıb. VHP sədrinin sərəncamı ilə Fəzail İbrahimli VHP sədrinin birinci (İdeoloji məsələlər üzrə) müavini, Samir Əsədli VHP Mərkəzi İcra Aparatının rəhbəri , VHP sədrinin Təşkilati məsələlər üzrə müavini, Elxan Mirzəyev VHP sədrinin Xarici əlaqələr üzrə müavini, Arif İsmayılbəyli VHP sədrinin Siyasi məsələlər üzrə müavini, Yusif  Salmansoy VHP sədrinin İctimai Təşkilatlar və Bələdiyyələrlə iş üzrə müavini və Nəsimi Şərəfxanlı VHP sədrinin Mətbuatla İş və İctimai Əlaqələr üzrə müavini təyin edilib.

  • Vətənin Zəfər nəğməsi – Əlövsət Ağalarov yazı

    Əlövsət Ağalarov
    Əməkdar jurnalist
    Görkəmli ictimai xadim, böyük şair, Vətəni özü üçün yox, Vətəni üçün sevən, vətəndaşlıq sənədi almamışdan çox-çox öncə Vətən daşı olan Sabir Rüstəmxanlı hələ tələbəlik illərindən Təbriz, Dərbənd, Borçalı, Turan… deyib haray salanda, sonralar bir ömür hesabına ərsəyə gələn “Ömür kitab”nı yazanda çoxları bu adların xofundan ona salam verməkdən belə çəkinirdilər. Sabir bəyin nəsri də, publisistikası da, elmi-tarixi araşdırmaları da şeirləri qədər dolğun, mənalı və səmimidir.

     

    İllər öncə atasının ruhuna güzgü tutub yazdığı “Atamın ruhu” sənədli əsərini birnəfəsə oxuyub dədəmə verdim ki, oxusun. Amma sonra bildim ki, səhv etmişəm. Dədəm bir neçə günə oxudu və mənə qəribə sual verdi: “Sən də məndən sonra (ölümünü nəzərdə tuturdu) belə bir kitab yazarsan?” Bir anlıq tutuldum və nə cavab verəcəyimi bilmədim. Handan-hana özümə gəlib bircə kəlmə – “yox” – deyə bildim. Heç nə soruşmadı. Gördüm fikrə getdi, könlün almaq üçün dedim dədə, yazaram ey, amma belə yaza bilməyəcəm. Çünki Sabir Rüstəmxanlının müraciət etdiyi mövzu hər adamın girişəcəyi mövzu deyil.
    Vətən uğrunda savaş başlayandan Ordumuzun misilsiz qəhrəmanlığından, döyüş xronikasından bəhs edən əsərlər gözləyirdim. Sükutu həmişəki kimi yenə də Sabir Rüstəmxanlı “Qarabağa dönüş” poeması ilə pozdu. Sanki aydın səmada şimşək çaxdı.
    Tarixə qısa ekskurs: Ali Baş Komandanımızın xalqımızın həsrət və sevinclə gözlədiyi tvitləri, əsgər və zabitlərimizin sücaəti, işğaldan azad edilmiş rayonlarımızın hər birinə virtual səyahət, o bölgələrin görkəmli şəxsiyyətləri, şair və yazıçılarına verilən dəyər poemanın daha məzmunlu, daha mükəmməl olmasını səciyyələndirir.
    Xudu Məmmədov, Süleyman Rəhimli, Əli Qaraoğlu (Vəliyev), Sabir Əhmədli, Şamil Dəlidağ, Bəhmən Vətənoğlu, Sücaət… dərin hörmət və sevgiylə anılır. Arxalı köpəklərlə amansız savaşda bizi tək qoymayan qardaş Türkiyə, Pakistan çox böyük ehtiramla yad olunur.
    Sabir bəy Vətəni bütöv və təmənnasız sevən böyük şəxsiyyətdir. Son illərin poema qıtlığından haqlı olaraq gileylənən oxucu, buyur, Vətən tarixi, savaş dastanı olan bu poemanı sevə-sevə oxu! Bu, adi poema deyil, zəfər nəğməsidir, Vətənin şəninə bəstələnmiş gözəl musiqidir! Sabir Rüstəmxanlı Vətəni belə sevir. Bu sevgi səmimi sevgidir, ana nəfəsitək ilıqdır, istidir. Yadıma macar şairi Şandor Petefinin dəlicəsinə sevdiyi qıza yazdığı məktub-şeirdən bir cümlə düşdü: “sevgilim, gözəl qız, bil və agah ol: səndən ötrü hər şeyimdən –canımdan-qanımdan, hətta Allahın verdiyi coşqun ilhamımdan belə, keçərəm. Amma Vətənimdən ötrü səndən də keçərəm!” Onsuz da, bəlli idi, amma Sabir Rüstəmxanlının bu poemasını oxuyandan sonra onun Vətən üçün hər şeyindən keçə biləcəyinə bir daha əmin oldum.

    Sabir Rüstəmxanlının bu bədii şedevrini oxuyanda sanki Dəlidağın mehi, Qoçdaşın şehi, Murovun sazağı birləşib Zarın şaxtasına döndü, bu son aylar onsuz da soyuq olan qəlbimi həzin-həzin üşütdü, amma bu özüylə bir əsim ilıq nəfəs də gətirdi. Sabir bəy adlarını çəkdiyim bu Kəlbəcər toponimlərini yaxşı tanıyır. Bakıda qorabişirən istidən nəfəsi təngiyən kimi ya Yardımlıya, ya da Kəlbəcərə qaçardı. Onun Kəlbəcərə hər gəlişi dostları–Aşıq Şəmşir, Şamil Əsgər, Bəhmən Vətənoğlu, Məmməd Aslan, Sücaət və onlarla kəlbəcərli şair, saz-söz adamı, poeziya həvəskarları üçün əsl toy-bayrama çevrilərdi. Kəlbəcər sevimli qonağını KƏLBƏCƏR kimi qarşılayıb yola salardı. Deyərdim ki, Sabir bəy o xoşbəxt illərimizdə Kəlbəcərə tez-tez gələn yaradıcı adamların, ziyalıların əksəriyyətindən fərqli olaraq Kəlbəcərin qara günləri başlayandan ta bu günümüzədək Kəlbəcər və kəlbəcərlilərlə bir oldu, hər dərdimizə məlhəm, sözümüzə dayaq oldu. 30 ilə yaxın bir dövrdə Kəlbəcərin möcüzəsi sayılan İstisuyun bir qətrəsi üçün dili-dodağı çatlayanlardan biri də Sabir Rüstəmxanlının olduğunu bildiyimdən dostların Kəlbəcərdən göndərdiyi üç litr suyu qardaş payı kimi, üç yerə böldüm. Bir litrini əziz qardaşım Eldara, bir litrini özümə saxladım, bir litrini də əziz dostum Sabir bəyə göndərdim. Suyu alan kimi dərhal zəng etdi və kövrəldiyini səsinin tonundan duydum: “Qardaş, çox sag ol, məni otuz illik həstərə qovuşdurdun (yenə kövrəldi)… Həyatım boyu aldığım ən qiymətli iki hədiyyənin biri keçən əsrin 90-cı illərində Arazboyu sökülən sərhəd məftillərindən göndərilən 2 kiloqramlıq tikanlı məftil, biri də indi sənin göndərdiyin bu sudur…” Milli təfəkkür, özünün ilk dəfə leksikonumuza gətirdiyi “qan yaddaşı” bax budur!

  • VHP VIII Qurultayını Onlayn qaydada keçirəcək

    Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti Qurultayı keçiriləcək. Ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı Onlayn qaydada təşkil ediləcək.

    Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən verilən məlumata görə Qurultaya VHP-nin 76 bölgə təşkilatı və bir Muxtar Respublika təşkilatından 400 nümayəndə seçilib.

    VHP VIII qurultayında VHP-nin qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.

  • Sabir Rüstəmxanlı Neftçalada şəhid ailəsini ziyarət etdi

    61 saylı Neftçala seçki dairəsindən MM-in deputatı, Xalq şairi Sabir Rüstəmxanlı fevralin 7-də Neftçalanın Həsənabad qəsəbəsində yaşayan “Vətən Müharibəsi Qəhrəmanı”, XTQ-in əfsanəvi döyüşçüsü, xidmətlərinə görə 14 fərqli orden və medallarla təltif edilmiş şəhid Camal İsmayılovun ailəsinə baş çəkib.

    PİA.az xəbər verir ki, illət vəkili şəhidin atası Vidadi kişi, anası Filarə xanımla həmsöhbət olub.

    Valideynlər söhbətində bildiriblər ki, Camalın 18 il XTQ-də xidmət etmiş, dünyanın bir neçə ölkəsində hərbi kurslarda, təlimlərdə iştirak etmışdir. O rus, erməni, ingilis, türk dillərində sərbəst danışa bilib.

    Övladı Camalın qəhrəmanlıqlarla dolu döyüş yolundan söz açan Filarə xanım Camaldan yadigar 3 nəvəsinin qaldığını qeyd edib.

    Deputat S.Rüstəmxanlı şəhid Camal İsmayılovun təkcə Neftçalanın deyil, bütün Azərbaycanın qüruru, fəxri olduğunu bildirib və 44 günlük Vətən müharibəsinə həsr etdiyi çapdan təzə çıxmış “Qarabağa dönüş” adlı kitabını şəhid ailəsinə hədiyyə edib.

    Söhbət əsnasında S.Rüstəmxanlı şəhid ailəsinin problemlərini dinləyib və bu problemlərin həllinə yardımçı olacağını bildirib. Sonda Sabir Rüstəmxanlı yaxın vaxtlarda Camal İsmayılovun büstünün hazırlanacağını və qəsəbənin şəhidlər xiyabanına qoyulacağını deyib. Şəhid ailəsi deputata minnətdarlıqlarını bildirbilər.