Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Narahatlığa əsas var…

    Rusiyanın 366-cı motoalayının köməyi ilə erməni terror dəstələrinin Xocalı şəhərinə işğal edərək qadına, qocaya, uşağa belə aman verməyib vəhşicəsinə qətlə yetirməsindən, Bakıda isə tam fərqli bir havanın olub “narahatçılığa heç bir səbəb yoxdur sadəcə bir neçə insan ölüb”-deyə rəsmi açıqlama verilməsindən tam olaraq 29 il ötür. Və indi də narahatçılığa heç bir səbəb yoxdur deyirlər. Biz indi narahat olaq və narahat olanları dəyənəklə susdurmayaq ki, gələcəkdə Türk cocuqları sırf Türk olduğuna görə öldürülməsin…

    “İndi narahat olub susmayaq susmayanları da susdurmayaq” deməmin tarixi siyasi bir səbəbi var. Gəlin tarixə baxaq . İl 1828 çar rusiyası yeni tutduğu torpaqda qalmaq üçün bura yeni xristian millət erməniləri köçürdür. Sonra bizə alın bu sizin yeni “kiçik qardaşınız” ona nə istəsə verin deyir. Biz də deyirik yaxşı onlar da “insandırlar” birlikdə yaşayarıq. Tarix keçir zaman dönür il olur 1905. Bu bizim rus “hədiyyəsi kiçik qardaşımız” başlayır bizə qarşı terror etməyə.Və bunları başımıza salan rus görürük ki durub qıraqdan izləyir onları Türkü öldür deyə dəstəkləyir. İl olur 1918 yenə qırğınlar başlayır. Təkcə Bakıda 12 mindən çox Türk həlak olur. Hər nəysə sonra Cumhuriyyət qurulur və bizdən bizim olan torpağı qanuni müqavilə ilə onlara verməyimizi istəyirlər. Onu da edirik heç nə olmaz əsas insanlar qırılmasın deyirik. Sonra 23 aylıq çiçəyimiz də solur. Rus yeni adla bu dəfə kəndli ölkəsiyik kommunistik deyərək yenə bizi əsarətə alır.

    Elə bundan həmən sonra da bir bir torpaqlarımızı verir ” kiçik qardaşımıza” sonra siz bu dövlətdə sivil şəkildə yaşayacaqsınız hamımız insanıq hamımız “qardaşıq” deyib bizi qandırır. Və sonra il olur 1988-1994 və yenə də bu vandallar insanımızı Türkdür deyə öldürürlər. 6 il xalqımız bəla içində yaşayır.Bu da gəlib keçir il olur 2021 müharibədən qalib çıxmış ölkəmizin 30 il əvvəl qətliam törədilmiş tarixi torpaqlarında yenə də erməni rus hərbi birləşmələri var.

    Hələ sözlər də gəzir ki bəs biz onlarla orda sivil şəkildə yaşayacayıq heç nədən narahat olmayın. 200 ildir dediyiniz sivillik indi saydığım tarixi faktlardısa onda bizə o sivillik lazım deyil ya onlar o torpaqlardan çıxacaqlar ya da biz…

    Biz onlara çox inandıq artıq yalanlara toxuq…

    Ərturqut Şərəfxanlı

    VHP Gənclər Təşkilatının üzvü

  • Bir Qacar ailəsinin Şuşa hekayəsi

    “Harda dağlıq, çəmənlik görürdüsə, Şuşanı xatırlayıb kədərlənirdi. Bir dəfə bir dağlıq yerdə Xarıbülbülə rast gəldi. Çox kövrəlmişdi. Ən çox ona yanıram ki, bu qədər həsrət çəkdi, amma Şuşanı gedib görə bilmədi”.
    Bu sözləri Şuşadan məcburi köçkün olan, mərhum polis mayoru Aristotel Bəhmənovun həyat yoldaşı Leyla Bəhmənova deyir.
    Bəhmənovlar Şuşanın ən köklü ailələrindəndir. Qacarlar sülaləsinin nümayəndələrindən biri, Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın nəslinin davamçılarıdır onlar.
    31 oğul, 32 qız atası…
    Tarixi mənbələrə görə, Cənubi Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar 1848-ci ildə saray çəkişmələri nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyib. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Amma Bəhmən Mirzə Qacar Şuşada yaşamaq istədiyini bildirir və öz hərəmləri, uşaqları, yaxın ətrafı ilə ora köçür. Bəhmən Mirzənin 31 oğlu, 32 qızı olub. O, oğlanlarına və nəvələrinə Avropa təhsili verib. Oğullarının əksəriyyəti hərbçi olub. Birinci Dünya Müharibəsi ərəfəsində onların arasından 6 general və bir neçə zabit çıxmışdı. Tarixçilər yazır ki, Bəhmən Mirzənin nəvələri Oktyabr inqilabını qəbul etməyib və hətta bir neçəsi bu yolda canından keçib.
    Şahzadənin sonrakı həyatı…
    Aristotel Bəhmənovun atası şahzadə Keymah Bəhmənov Bəhmən Mirzənin nəvəsi, Keyqubad Mirzənin oğludur. 1914-cü ildə Şuşada, Bəhmən Mirzənin saraynda anadan olan Keymah Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirir, sonra da Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndinə təyinat alır. Elə burda da Pəri Sultanova ilə ailə həyatı qurur.
    Pəri Sultanovanın sonradan Azərbaycan SSRİ-nin Maarif Xalq Komissarı olmuş Ayna Sultanovanın bacısı olduğu deyilir. Keymah Bəhmənovun onunla nikahından iki oğlu dünyaya gəlib. Hər ikisinə filosof adı qoyub – Dekart və Herman. Dekart çox gənc yaşlarında həyatdan köçüb.
    Sovetlər zamanı Keymah Bəhmənovun doğulduğu saray sonradan onların əlindən alınıb və “Şuşa” Pansionatı kimi istirahət zonasına çevrilib.
    Keymah Bəhmənov 1941-ci ildə Böyük Vətən Müharibəsinə yollanıb. Elə həmin ərəfədə də həyat yoldaşını itirib. Müharibədən sonra fəaliyyətini Ağdamda davam etdirib və elə burada da əslən Abdal kəndindən olan Şəfiqə Əliyeva ilə ailə qurub. Bu nikahdan onun 3 oğlu, 3 qızı dünyaya gəlib. Keymah Bəhmənov 1947-ci ildən 1991-ci ilə qədər Şuşa şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi çalışıb. Gəncliyindən fəlsəfəyə, riyaziyyata böyük sevgisi olan alim bu oğlanlarına da sevdiyi filosofların adını verib – Hoffer, Bunzen və Aristotel.
    Ömrünün 77-ci ilində, 1991-ci ildə vəfat edən Keymah Bəhmənov Qacarlar sülaləsinə məxsus “Şahlıq Türbəsi”ndə dəfn edilib.
    Köçkünlükdə bitən ömürlər…
    Bəhmənovun ikinci nikahdan dünyaya gələn hər 3 oğlu Birinci Qarabağ Müharibəsində iştirak edib. Ailənin kiçik oğlu Aristotel Bəhmənov isə batalyon komandiri olub, Şuşanın işğal gününə qədər torpağı uğrunda vuruşub. Sonradan isə Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibəyə qədər Şuşada yol polisi kimi fəaliyyət göstərən A.Bəhmənov atəşkəs elan edildikdən sonra işini davam etdirib.
    Polis sistemində müxtəlif vəzifələrdə çalışan Qarabağ veteranının ən böyük istəyi Şuşaya qayıtmaq olub. Amma əcəl imkan vermədi…
    Şuşasız keçən 29 il öncə böyük qardaşlarının ömrünü sonlandırıb. Son illər xəstəlikdən əziyyət çəkən A.Bəhmənov Şuşanın işğaldan azad olunduğu günü görsə də, oraya gedə bilmədi.
    Tarixin təkrarlandığına inanan Leyla Bəhmənova övladlarının da bu nəslin ləyaqətli davamçısı olacağını düşünür: “İndi Qacarlar nəslinin davamçıları var. Aris də ulu babası kimi övladına Avropa təhsili verdi, oğlumuz Ağaməhəmməd Fransada təhsil alıb, indi hərbi xidmətdədir. Bir qızım həkimdir, digər qızım isə atasının yolunu davam etdirir, polis baş leytenantıdır”.
    “Şuşa işğaldan azad olunan gün Sabir Rüstəmxanlı telekanalların birində bu barədə danışırdı. Ona qulaq asdıqca, uşaq kimi hönkür-hönkür ağlayırdı. Çox həyəcanlıydıq, Şuşaya qayıdacağımız günü gözləyirdik. Mümkün olmadı, Arisi də (yaxınları onu belə çağırırdı) digər qardaşları kimi bu qəriblikdə torpağa tapşırdıq. Amma Şuşadakı evimizdən torpaq gətirilmişdi, onu qəbirinin içinə, baş tərəfdən tökdük”, – Leyla Bəhmənova deyir.
    O, Şuşaya qayıtmaq üçün gün saydıqlarını söyləyir: “Xoş günlərimizin, gözəl xatirələrimizin hamısı Şuşayla bağlıdır. Bakı mənim üçün xüsusi bir yer deyil. Baxmayaraq ki, Bakıya gəldiyimiz zamanlardan Aris vəzifə sahibi olub, burada çalışıb, normal yaşamışıq. Yenə də elə bilirəm ən xoş günlərim Şuşada qalıb. Çox həsrətlə ora qayıdacağım günü gözləyirəm. Mən ora tək getməyəcək, Aris də hər zaman mənimlə olacaq”.

  • Siyasi partiyalar Xocalı soyqırımını anacaqlar

    Ötən əsrin ən dəhşətli hadisələrindən birinin – ermənilərin törətdiyi Xocalı soyqırımından 29 il ötür. Soyqırım 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib.

    Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.

    Hər il Xocalı qurbanları onların xatirəsinə ucaldılan “Ana harayı” abidəsi ziyarət edilməklə anılır. Amma bu il fərqli durum yaranıb. İlk dəfə olaraq, soyqırım koronavirus səbəbindən insanların bir yerə kütləvi şəkildə toplanmasını qadağan edən ilə təsadüf edir.

    Amma bununla belə, siyasi təşkilatlar tərəfindən pandemiya qaydalarına uyğun şəkildə kiçik heyətlərlə ziyarətlər gözlənilir.

    VHP İcra Aparatının rəhbəri Samir Əsədli: “XX əsr tariximizdə ən qanlı iz buraxan Xocalı soyqırımının 28 ildönümü ilə bağlı bütün ölkəboyu olduğu kimi VHP tərəfindən də tədbirlər planlaşdırılır. Pandemiya şərtlərinə uyğun olaraq geniş toplantı və Xocalı abidəsinin kütləvi ziyarəti mümkün olmayacaq. Partiya üzvləri fərdi qaydada ”Ana fəryadı” abidəsini ziyarət edəcəklər, eyni zamanda VHP Xocalı rayon təşkilatının üzvləri Gəncədə Xocalı abidəsini ziyarət edəcək.  Bundan başqa VHP beynəlxalq aləmdə Xocalı soyqırımının tanınması, erməni faşizminin ifşası üçün diaspora imkanlarından da hər zaman istifadə edib”.

    Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev istənilən şəraitdə faciə qurbanlarını ziyarət edəcəklərini söylədi: “Pandemiya şəraitindəyik.  Amma Xocalı soyqırımı abidəsini ziyarət etməyə də heç bir qadağan yoxdur. Az adamla ziyarət etməyi düşünürük”.

    Yeni Müsavat qəzeti

  • VHP-nin Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanatı

    Vətəndaş Həmrəyliyi Partiyası Xocalı soyqırımının il dönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

    Ermənilərin rus hərbi birləşmələrinin köməyi ilə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanlara – uşaqlara, qadınlara, qocalara qarşı, yalnız etnik mənsubiyyətlərinə görə törətdikləri qətliamdan 29 il ötür. Xocalı soyqırımı tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət yaratmış ermənilərin Azərbaycan xalqına qarşı bəslədikləri tarixi düşmənciliyin təkzibedilməz sübutudur. Eyni zamanda bu soyqırım aktı yüz il bundan öncə ermənilərin Azərbaycanda törətdikləri genosid faktının davamıdır. Ermənilər özlərinin beynəlxalq cinayətlərini uydurma erməni soyqırımı adı altında ört-basdır etmək, dünya ictimaiyyətini aldatmaq və Azərbaycan xalqının tarixi əraziləri hesabına özlərinə dövlət yaratmaq məqsədi güdmüş və bu məqsədə çatmaq üçün terror və genosid faktları daxil olmaqla ən iyrənc vasitələrə əl atmışlar.

    Bu faciə bəşəriyyətə qarşı cinayət aktı kimi “Xolokost”, “Qolodomor” və s. genosid aktlarına bərabərdir. Çox təəssüf ki, dünya uzun illər həm Xocalı soyqırımına, həm də Azərbaycan torpaqlarının işğalına göz yumdu. İyirminci əsrin ən böyük genosid hadisəsi olan Xocalı soyqırımını törətməklə ağır bəşəri cinayətə yol verdiklərinə görə ermənilər, əslində bu bölgədə beynəlxalq hüquqdan hər hansı bir qaydada yararlanmaq haqlarını itirmişdirlər. Ərazi bütövlüyümüzün təminatı və işğalçının cəzalanması Azərbaycan xalqının milli birliyinə güvənən qəjhrəman ordumuz sayəsində həyata keçirildi.

    Bu gün biz Xocalı faciəsinin ağrısını düşmənə layiqli cavabını vermək və torpaqlarımızın azad olunması təskinliyi ilə qeyd edirik. Vətəndaş Həmrəyliyi Partiyası faciə qurbanlarının xatirəsini yad etməklə yanaşı bildirir ki, dünya birliyi erməni faşizminə gərəkən qiyməti verməlidir. Xocalı soyqırımına beynəlxalq təşkilatların və dünya dövlətlərinin obyektiv münasibəti meydana çıxmayınca və ermənilərin Xocalıda xalqımıza qarşı soyqırım həyata keçirməsi rəsmən tanınmayınca erməni faşizminin Qafqazda sülhə qarşı təhdidi bitməyəcək.

  • Samir Əsədli: “Bizim ideyamız vətəndaş həmrəyliyidir”

    Azərbaycan həmişə “ideologiyalar qəbiristanlığı” olub. Ölkədə heç vaxt partiyalar ideoloji təmayüllərinə görə fəaliyyət göstərməyiblər. Onları ya fiqurlar, ya da opponentinə qarşı mübarizə birləşdirib. O nöqteyi-nəzərdən, Azərbaycanda solçu, yaxud sağçı və liberal yönümlü siyasi təşkilatlar deyil, sədrlərinə büt kimi baxan, nicatı Qərbdə və ya Amerikada görən partiyalar olub. Türkiyədən fərqli olaraq, bizdə sosial-demokratlar, millətçilər, mühafizəkarlar, liberallar, islamçılar ideoloji baxışlarına bölünməyiblər.

    “Yeni Müsavat” xəbər verir ki, REAL-ın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də bu məsələni gündəmə gətirib. O, iddia edir ki, ölkədə ideoloji partiyalar yaranmayıb, şəxslərə bağlı, ölkələrə “azarkeşlik” edən qruplar formalaşıb. “Bu gün ərazimizdə rus əsgərinin olması o ”azarkeş” kütləsinin bir hissəsini hərəkətə keçirir, Moskvaya bağlı qüvvəyə güc verir. Sabah cənub qonşumuz da siyasi səhnəyə öz “aktyorlarını” çıxara bilər, buna cəhdlər edəcək. Bizdə dəyərləri deyil, bayraq rənglərini dəstəkləyən təşkilatlar var. İllərdir dediyimiz bir məsələnin zamanı yetişib: ölkədə yeni reallığa uyğun siyasi oyun qaydalarına keçilməli, proporsional seçki sistemi bərqərar olmalıdır ki, ideoloji rəqabət sayəsində ümumbəşəri dəyərlərə bağlı güclü siyasi partiyalar da formalaşsın”, – deyə REAL-çı bildirib.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, N.Cəfərli maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, həqiqətən siyasi partiyalar ideoloji əsaslarla formalaşmayıblar: “Sovet vaxtı bir partiya olub, hamı ona üzv idi. Müstəqillik vaxtı partiyalaşma başladı, Xalq Cəbhəsi parçalandı, təşkilatlar yarandı. İnsanlar bir-birinə yaxınlığı əsasında siyasi təşkilatlar təsis edirdilər. Amma hər bir partiyanın öz xətti olmalıdır. Məsələn, bizim ideyamız vətəndaş həmrəyliyidir. Bu istiqaməti gözləməyə çalışırıq. Amma tam ideoloji baza üzərində qurulmayıb”.
    S.Əsədli qeyd etdi ki, partiyada solçusu, liberalı, millətçisi var: “Bu da partiyaların formalaşmaması ilə bağlıdır. Partiya var ki, sədri millətçidir, yönü tamamilə başqadır. Bunlar zamanla həllini tapmalıdır. Biz çalışırıq ki, bu ölkənin vətəndaşıdırsa, millətinə, etnik mənsubiyyətinə, dini baxışına fərq qoymadan üzv edirik, irəli çəkirik. Bizim gürcü, talış, tat, kürd təşkilat sədrlərimiz var, bir rus Məclisə seçilib, yəni partiyanın adına uyğun olaraq Azərbaycan vətəndaşı olan insanları təşkilata cəlb edirik. Əslində VHP sağ-mərkəzçi partiya kimi görünür, lideri Sabir Rüstəmxanlı özü millətçidir, bununla belə, Sabir bəy heç vaxt milli kimliyə fərq qoymur, ayrı-seçkilik yoxdur”.

    KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərdə partiyalar sədrə simpatiya üzərinə qurulmur: “Azərbaycanda bunun üçün bir dəfə azad seçki keçirilməlidir, seçki sistemi düzəlməlidir. Ondan sonra partiyalarda bu məsələ inkişafını tapacaq. Ölkədə proprosional seçki sistemi tətbiq olunsa, partiyalarda ideoloji və demokratik açılım olacaq”. X.Teyyublunun fikrincə, proporsional seçki sistemi olmadığı üçün sədr uzun müddət partiyaya rəhbərlik və nüfuz edə bilir, öz avtoritarlığını ortaya qoyur. KXCP funksioneri düşünür ki, partiyaların ideoloji bağlılığı var, amma ölkədə ideoloji mübarizə, fikir toqquşması yoxdur.

    Emil SALAMOĞLU
    “Yeni Müsavat”

  • “Ermənilər minalanmış ərazilərin xəritəsini vermirlər deyə davaya başlayası deyilik”

    “Çox güman ki, Rusiyanın aiddiyatı orqanlarında ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bir nüsxəsi saxlanılır”.
    Bunu Pravda.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib.

    O bildirib ki, Rusiya Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsi üçün təsirədici qüvvə kimi çıxış edə bilər.

    Partiya sədrinin sözlərinə görə, əgər  xəritə verilmirsə, Azərbaycan tərəfi öz gücü və dost dövlətlərin dəstəyi hesabına əraziləri minalardan təmizləməlidir: “Əks halda, onlar xəritə vermirlər deyə yenidən davaya başlayası deyilik. Hətta xəritə verildiyi halda belə, yenə də yoxlanış aparmaq vacibdir, onların təqdim etdiyinə güvənmək olmaz. Hesab edirəm ki, bu məsələdə Rusiyanın bizə kömək etmək imkanı var. Çox güman ki, Rusiyanın aiddiyatı orqanlarında minalanmış ərazilərin xəritəsinin bir nüsxəsi saxlanılır. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi Rusiya rəhbərliyinə müraciət edə bilər”.

    Nəzrin Cavid

  • VHP-nin 2020-ci il üçün maliyyə hesabatı

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Partiyalar haqqında qanunun tələblərinə uyğun olaraq 2020-ci il üçün maliyyə hesabatını verib.  Həmin hesabat audit rəyi ilə birgə  Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Qanunvericiliyin tələblərinə uyğun olaraq VHP-nin 2020-ci il üçün maliyyə hesabatını olduğu kimi dərc edirik:

  • “Torpaq necə qorunursa, ana dili də elə qorunmalıdır” – Sabir Rüstəmxanlı

    Sabah – 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Artıq bir neçə gündür ki, bu mühüm günlə bağlı tədbirlər keçirməkdə, müzakirələr təşkil etməkdədir.
    “BakuPost” moderator.az-a istinadən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə ana dili, onun tarixi və bu günü ilə bağlı mövzuda hazırlanan müsahibəni təqdim edir:
     
    -Sabir bəy, sabah Beynəlxalq Ana Dili Günüdür. Ana dilimizin dünəndən bu günə qədər keçib gəldiyi yol nədən ibarətdir?
    -Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb. Bu mübarizədə böyük qurbanlar verilib, fədakarlıqlar göstərilib. Beynəlxalq Ana Dili Günü mühüm hadisədir. Hər bir xalq öz ana dilini qorumalıdır. Dünya dilləri yer üzünün sərvətidir. Dünyada 5 minə yaxın dil var, amma 200 xalq var ki, onların dili həm də dövlət dilidir. Azərbaycan dili də bu sıradadır. Azərbaycan türkcəsi Çindən başlamış Avropaya qədər böyük bir ərazidə müxtəlif adlar daşıyan, amma kökü bir olan türk dili ailəsinə məxsusdur.
    Dilimiz də tarixən böyük məhrumiyyətlər görüb. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalıb. Dilimiz hərtərəfli təzyiqlər altında əzilib, sıxılıb. Bu gün 7 türk dövləti var və bu türk dövlətlərinin hesabına türk dilinin qolları inkişaf etməkdədir.
    -Ana dilini fərd və xalq üçün bunca önəmli edən nədir?
     
    -Ana dili insanın varlığıdır. Dil varsa millət var, dil varsa şəxsiyyət var. Ona görə də ana dili uşağa körpə yaşlarından öyrədilməli və sevdirilməlidir. Hətta tibbi mülahizəyə görə uşaq ana bətnində olanda belə çevrəsində baş verənləri hiss edir. Ona görə də bəzən hamilə qadınlar bərkdən kitab oxuyur. Ana bətnində də uşaq ana dilini, ana laylasını eşitməlidir. Bağçadan başlayaraq uşaq ana dilində tərbiyə almalıdır. Sonra isə təbii ki, başqa dilləri örənə bilər. İlk təhsil isə ana dilində olmalıdır. Çoxlu araşdırmalar var ki, bu, dilin həm də genetik bir amil olduğunu göstərir. Uşağın geninə hopan dildə danışmayanda, şübhəsiz onun şəxsiyyət kimi inkişafı ləngiyir. Ona görə də daha çox öz ana dilində oxuyanlar içərisindən böyük yazarlar, mütəfəkkirlər çıxır. Bunlar elmlə sübut olunan məsələlərdəndir.
    -Sabir bəy, 18 fevral 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil hər bir xalqın sərvətidir” adlı onlayn dəyirmi masa keçirildi. Sizcə ana dili ilə bağlı bu cür tədbirlər dilin təbliği, ana dilinin uşaq və yeniyetmələrə sevdirilməsi baxımından nə dərəcədə önəmlidir?
    -Ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür. Əgər hər hansı bir tədbir ana dilinə, onun önəminə, təmizliyinə, təbliğinə xidmət edirsə, deməli o, cəmiyyət üçün faydalıdır. Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm.
    -Ana dilimizin mövcud durumu ilə bağlı düşüncəniz nədən ibarətdir? Bu gün dilimizin qorunması üçün gərəkli addımlar atılırmı?
    -Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan keçib. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir. Artıq bu dil rəsmi dövlət səviyyəsində qorunur. Ölkəmizdə Dövlət Dil Komissiyası mövcuddur. Mən də o komissiyanın üzvüyəm. Ölkə başçısı bu komissiyaya başçılıq edir. Ölkə başçısı səviyyəsində, prezident səviyyəsində dilimizin qorunması siyasəti aparılır. Bu, dövlətimizin ana dilinə olan diqqət və qayğısının göstəricisidir. Dilin qorunması torpağın qorunması qədər mühüm bir işdir və bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır.
  • Daha bir şəhidimiz dəfn olundu FOTOLAR

    Vətən müharibəsində itkin düşən və bir neçə gün öncə nəşi tapılan kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlu Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
    Bu gün şəhidin yaxınları, rayon ictimaiyyəti şəhidin məzarın ziyarət ediblər. Ziyarət mərasimində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 61 saylı Neftçala seçki dairəsindən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da iştirak edib. Millət vəkili şəhidin doğmalarına başsağlığı verib, şəhidlərimizin bütün Azərbaycan üçün qəhrəmanlıq simvolu olduğunu bildirib.
    Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı.
  • SOCAR-dan Sabir Rüstəmxanlının müraciətinə cavab – Bu kəndlərə qaz çəkiləcək

    “61 saylı Neftçala seçki dairəsindən Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının SOCAR-a etdiyi müraciət müsbət cavablandırılıb”.

    Bu barədə “VHP.az”-a millət vəkilinin sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatı rəhbərinin müavini Peyman Nəsirli məlumat verilib. Bildirilib ki, Sabir Rüstəmxanlının müraciətinə uyğun olaraq, Yardımhttps://bakupost.az/lı rayonunun Hamarkənd, Osnarğan, Seyidlər, Anzov, Zenqaran, Abasabad kəndlərinə qaz çəkilməsi plana salınıb:

    “Milli Məclisin deputatı Sabir Rüstəmxanlı tək öz seçicilərinin deyil, digər bölgələrdən gələn müraciətlərin də həllinə yardımçı olur”.