Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlının Zəfər bayramı təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 noyabr Zəfər bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə düyilir:
    “Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı haqq savaşında inanılmaz uğurlar əldə etdi, cəmi 44 günə mümkünsüzü mümkün etdi! Haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu bütün dünyaya sübut etdik.
    Düşmənin 30 il ərzində  milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası, Şuşa uğrunda aparılan savaşlar dünya hərb tarixində xüsusi yer tutmağa layiqdir. Özəlliklə Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Azərbaycanın milli qüruru, istiqlalı, ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə şəhidimiz “Torpaq uğrunda ölən varsa Vətəndir” həqiqətini dünyaya bir daha  sübut etdi. Şəhidlərimizin ruhu qarşısında bu gün bir daha baş əyirik, onların xatirəsi hər zaman sevgi və sayğıyla anılacaq. Bu günkü Zəfər Bayramımıza atılan ən şərəfli imza onların imzasıdır!
    Bütün böyük hərbi qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyidir. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşmək bacarığını nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini fərqlərə  baxmayaraq, bütövləşdi. Və nəticədə, Ermənistanın hərbi kaputilyasiyasına nail olduq!
    Haqq savaşında qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti:
    -itirilmiş qədim torpaqlarını işğalçılardan təmizlədi, ərazi bütövlüyünü təmin etdi;.
    – Qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərdi;
    – Ölkədə möhtəşəm birliyə nail olundu;
    – Dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etdi;.
    – Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyalpərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratdı;.
    Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Azərbaycan xalqı Böyük Qayıdış ərəfəsindədir.  Zəfərin yaratmış olduğu imkanlar və uzunmüddətli perspektiv xalqımızın, xüsusilə  kökü bilavasitə Qərbi Azərbaycanla bağlı olan həmvətənlərimizin tarixi torpaqlarımiza İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdışı proseslərini gücləndirəcəkdir.
    8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün,  Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoydu!
    Zəfər bayramı bizim halal haqqımızdır! Zəfər  bayramımız mübarək olsun!
    Yaşasın Azərbaycan!”.

  • Lalə Şövkət-70

    Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus, təkrarolunmaz mövqeyə sahib olan Lalə Şövkət Hacıyevanın 70 yaşı tamam olur. Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası Lalə xanımı təbrik edib. Təbrikdə deyilir:
    ” Əziz Lalə xanım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.
    Sizin yüksək intellektiniz, zəngin siyasi təcrübəniz, keçdiyiniz parlaq və nümunəvi siyasi yol istənilən siyasətçi üçün etalon ola bilər. Yüksək mənəvi keyfiyyətlərə əsaslanan fəaliyyətiniz Sizə Azərbaycanın ən yeni tarixində xüsusi yer qazandırıb. Siz Azərbaycam qadınının tarixən formalaşan cəsarət, mübarizlik və ləyaqət dəyərlərini siyasətə gətirərək “olduğunuz kimi görünmüş, göründüyünüz kimi olmusunuz”.
    Hörmətli Lalə xanım!
    Sizi bir daha yubileyiniz münasibəti ilə səmimiyyətlə təbrik edir, Şəxsinizə uzun ömür, can sağlığı arzulayı, həyat idealınız olan bütöv, qüdrətli, demokratik Azərbaycan quruculuğuna yönəlik mübarizənizdə uğurlar diləyirik.

  • Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimov adına məktəb liseydə Zəfər günü qeyd olunub

    Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına məktəb liseydə Zəfər günü qeyd olunub.
    Tədbirdə Milli Məclisin vitse-spikeri  Fəzail İbrahimli, Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
    Tədbir iştirakçıları rayon şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra məktəb liseydə tədbir davam edib. Tədbirdə çıxış edən Milli Məclisin vitse spikeri Fəzail İbrahimli çıxışında qeyd edib ki,  Mübariz İbrahimov göstərdiyi əvəzolunmaz  şücaəti ilə Azərbaycan gəncliyinin qəhrəmanlıq ruhunu yeniləyib: “Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbədə Mübariz məktəbinin rolu əvəzsizdir.Müharibədə vətən oğulları Mübarizin göstərdiyi qəhrəmanlıqdan güc alaraq, misilsiz qəhrəmanlıqları sayəsində düşməni torpaqlarımızdan qovdu.” 44 günlük şanlı savaş XXI əsrin müharibəsi oldu. Yüksək hərb texnologiyaları ilə aparılan bu haqq savaşı bir daha göstərdi ki, xalqımızın indiki və gələcək nəsilləri içərisindən sarsılmaz mənəvi və vətənpərvərlik ruhlu savadlı mütəxəssislər, o cümlədən də ən son texnoloji biliklərə malik ağıllı hərbçilər yetişdirilməlidir. Bütün bunlar isə şübhəsiz ki, Biləsuvar Lisey kompleksi kimi müasir və güclü təhsil ocaqlarından başlayır.”
    Tədbir Lisey Kompleksinin binasında yerləşən elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzinin qonaqlara təqdim edilməsilə davam etmişdir. Burada II Qarabağ müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə “Zəfər tarixi” adlı açıq dərs, “Dəmir Yumruq” şahmat turniri, həmçinin “110 kitab” layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsi təşkil olunmuşdur.
    Daha sonra Liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edildi. Şəhid ailələrinə ərzaq yardımları paylanıldı. Biləsuvar və Cəbrayıl rayonlarından olan şəhid ailələri ilə görüş keçirildi.

     

  • Şəhid Orxan Cümşüdov anılıb

    Bu gün İkinci Qarabağ Savaşı şəhidi Orxan Cümşüdovun anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Goranboy Rayon Təşkilatının üzvlər şəhidin məzarını ziyarət ediblər.

    Şəhid Cümşüdov Orxan Elxan oğlu 1993-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Menecment ixtisası üzrə məzunu olub.

    Azərbaycan Ordusunun əsgəri olan Orxan Cümşüdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cümşüdov noyabrın 4-də Xocavənd istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Goranboy rayonunda dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” və  “Füzulinin azad olunmasına görə”medalı ilə təltif edilib.

    Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan VHP Goranboy Rayon Təşkilatının sədri Zaur Məmmədli həmin zəfərdə payı olan Orxan kimi qəhrəman oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Orxanın təkcə goranboyluların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu söyləyib.  Zaur Məmmədli əlavə bildirib ki, Orxanı yaxşı tanıyırdı. Bir kənddə böyüyüblər. Orxan çox vənənpərvər, elin, obanın qeyrətini çəkən gənc idi. O, 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.

     

  • Neftçalada İkinci Qarabağ Şəhidləri anılıb

    Bu gün İkinci Qarabağ Savaşı şəhidləri, baş leytenant Mahmud Təhmasib oğlu Məlikov, Əsgər Mehman Xudaşükür oğlu ƏliyevƏsgər Mais Şakir oğlu Səfərovun anım günləri keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala Rayon Təşkilatının üzvləri şəhidlərin məzarlarını ziyarət ediblər.

    VHP Neftçala Rayon Təşkilatının sədri, Millət Vəkili Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynov Vətən Müharibəsinin başlanma tarixindən, müharibə zamanı Ordumuzun və Azərbaycan Xalqının qəhramanlığından danışıb. Bildirib ki, İkinci Qarabağ Savaşı bir qəhramanlıq, şücaət və vətən sevgisi salnaməsidir. Həmin salnaməsini şəhidlərimiz qanlarıyla yazdılar. Canlarını Vətən torpağına qurban verməklə bu torpaqların müqəddəsliyinə, heç kimə verilməyəcəyinə əminlik nümayiş etdirdilər. Biz Azərbaycan Xalq Cümhuriyyətini xalq olaraq müqəddəs amallar üzərində qurduq, Cümhuriyyət qurucuları canlarını verdilər bu yolda. İstiqlalımızı ikinci dəfə bərpa etməklə yenidən Vətən uğrunda can verdik. Qarabağı işğaldan azad etməklə oğullarımız canlarını fəda etdilər. Biz bu ölkəni canımız, qanımız və oğullarımızın qəhrəmanlığı hesabına qurmuşuq.

    Tədbirdə çıxış edən yazıçı-publisist Ələkbər Zahidov bildirib ki, 44 günlük savaşda Azərbaycan xalqı bir yumruğa dönərək, “Torpaq uğrunda ölən varsa vətəndir” amalını təsdiqlədilər. On minlərlə gənc İkinci Qarabağ savaşında erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə hər kəs milli birlik nümayiş etdirdi. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır.  Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.

     

  • Sabir Rüstəmxanlı: “Düşünürəm ki, bir zaman gələcək, fəxri adlar yığışdırılacaq”

    Bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə mədəniyyət və incəsənət xadiminə fəxri adlar verildi. Həmişə olduğu kimi bu dəfə də sənət adamları arasında narazılıqlar başladı. Onlar fəxri adlar siyahısını hazırlayan Mədəniyyət Nazirliyinə öz etirazlarını bildirdilər. Bəs görəsən, illərdir sənət adamlarının bölüşə bilmədiyi fəxri adlar hansı şərtlərə görə verilir? Ümumiyyətlə, fəxri adlar lazımdırmı?

    Mövzu ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Respublikasının xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sözlərinə görə, Sovet dönəmində insanların müəyyən fəaliyyətlərinə uyğun fəxri adlar verilirdi. Bu ənənə indi də davam edir. Onun fikrincə, fəxri adlar mövcuddursa, birinə verib, digərinə verməyəndə narazılıq baş verir: “Bir vaxtlar var idi ki, Sovet dönəmində bəzi fəxri adlar, mükafatlar var idi. Zamanla bunlar ləğv olundu. Düşünürəm ki, bir zaman gələcək, bu fəxri adlar da yığışdırılacaq. Necə ki, dünyanın inkişaf etmiş ölkələrində yoxdur. Düşünürəm ki, bu yığışdırılsa, narazılıqlara son qoyular. Onsuz da xalq tərəfindən sevilən sənətkarlar var ki, heç onların fəxri adları olmayıb. Amma onları xalq sevir və onlar xalqın sənətkarına çevriliblər. Məsələn, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin fəxri adları olmayıb, amma onlar öz sənətləri ilə tarixdə qalıblar. Əsl sənətkar odur ki, onu xalq sevir və o, əsl xalq artistidir”.

  • Lerikdə şəhid Cəlil Cavadov anılıb

    Bu gün İkinci Qarabağ Savaşı şəhidi, Azərbaycan Ordusunun zabiti, kapitan Cəlil Cavadovun anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Lerik rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

    Cəlil Ağaddin oğlu Cavadov 1989-cı il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 1995-2003-cü illərdə Z. Səfərov adına Blaband kənd tam orta məktəbində, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

    Azərbaycan Ordusunun kapitanı olan Cəlil Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Cavadov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub. “İgidliyə görə”,”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəhidin məzarı başında VHP Lerik Rayon Təşkilatının sədri Həşim Nəsirli İkinci Qarabağ Savaşı və 44 günlük Vətən Müharibəsindən danışıb. Bildirib ki, Azərbaycan Ordusu 30 il işğalda olan Vətən torpaqlarını azad etdi. Ordumuz şərəflə, qeyrətlə döyüşdü və işğalda olan torpaqları azad etdi. Vətən oğulları canı, qanı ilə döyüşdülər. Canlarını vətənə, millətə və dövlətə qurban verdilər. 30 ildir xəcalət içində gəzirdik. Şəhidlərimizin, qazilərimizin və şanlı ordumuzun hesabına başımız ucadır. Düşmənə qalib gəldik və biz bu günkü qələbəni, zəfəri şəhidlərə borcluyuq. Canını fəda edənlərdən biri də Cəlil Cavadov idi. Vətəninə, millətinə və dövlətinə bağlı gənclərdən biri idi. Gözünü qırpmadan da canını fəda etdi. Biz bütün şəhidlərə borcluyuq və ömrümüzün sonuna kimi də bu borcu ödəyə bilmərik.

  • Füzuli Beynəlxalq hava limanının açılışı İrana mesajdır” – Sabir Rüstəmxanlı

    “Zəngəzur həhlizinin açılışı Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir etməklə yanaşı, Ermənistanı da sıxıntıdan çıxaracaq”.

    Bu sözləri ölkə başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışını və eyni zamanda Zəngəzur dəhlizinin təməlinin qoyulmasını dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı İnterpress.az-a açıqlamasında deyib.

    Deputat qeyd edib ki, Füzuli Beynəlxalq hava limanın açılması Azərbaycanın tarixində çox mühüm və ciddi bir hadisədir:

    “Bu, Qarabağ Savaşından sonra ölkəmizin müharibədə əldə olunan nəticələri möhkəmləndirməsi istiqamətində atdığı addımların real nümunəsidir. Bu gün təkcə Füzuli deyil, Zəngilan və Laçında da hava limanlarının tikintisi iqtisadi əhəmiyyətlə yanaşı, siyasi faydaları da var. Çünki hələ sülh müqaviləsi imzalanmayıb, Ermənistan tərəfinin yeni savaş çağırışları var. Ona görə də Azərbaycan hər cəhətdən hazırlıqlı və möhkəm olmalıdır. Sözügedən ərazilərin dağlıq zona olduğunu nəzərə alsaq, hər cür müdaxilənin qarşısını almağa hazır olmalıyıq.

    Ümumilikdə Füzuli Beynəlxalq hava limanın açılışı  8 ay ərzində atılan ilk addımlardan biridir. Bu hava limanının tikintisi ölkəmizin iradəsini və müharibədən sonrakı vəziyyətin əbədi olaraq dəyişilməzliyini nümayiş etdirir. Məlumdur ki, Qarabağ Savaşında Türkiyə Azərbaycana daim mənəvi dəstək olub və müharibənin nəticəsinə həlledici təsir göstərib. Bu fonda Füzuli Beynəlxalq hava limanının açılışında Türkiyə prezidenti Ərdoğanın iştirakı birliyimizin bariz nümunəsidir. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin getdikcə daha çox möhkəmləndiyini göstərir”.

    Bugünkü tarixi hadisələrin qonşu ölkələrin  Azərbaycanla münasibətinə də mümkün təsirlərinə toxunan Sabir Rüstəmxanlıya görə, bu proses Cənubi Qafqazda müsbət hadisələrə yol aça bilər:

    “Füzuli Beynəlxalq hava limanının açılışı cənub qonşumuz İrana bir mesajdır. Qeyd edim ki,  Rusiya və beynəlxalq aləm Cənubi Qafqazdakı münaqişə ocağının sönməsini istəyir. Ona görə də Rudiyanın ölkəmizə qarşı mövqeyi ardıcıldır. Putinin sonuncu çıxışı bir daha göstərir ki, onların geri addım atmaq niyyəti yoxdur və Minsk Qrupuna heç bir ehtiyac qalmayıb. Hesab edirəm ki, yaxın zamanlarda Rusiyanın dəstəyi ilə Zəngəzur dəhlizi tikilməlidir və bu, olacaq. Dəhlizin açılışı Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir etməklə yanaşı, Ermənistanı da sıxıntıdan çıxaracaq. Çünki  Ermənistan Azərbaycan üzərindən Rusiya və Mərkəzi Asiyaya bağlanır. Bir sözlə, mövcud vəziyyətdə tarixi proseslər baş verir”.

  • Sabir Rüstəmxanlı: “Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir”

    Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada parlamentdə təmsil olunan siyasi partiya sədrləri, Milli Məclisin komitə sədrləri və deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib.

    YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılması, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə milli həmrəylik amilinin müstəsna rolu olub: “İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz həmrəyliyini bütün dünyaya göstərdi”. VHP sədri Sabir Rüstəmxanlı “Siyasi dialoq və həmrəylik”, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Vətən Müharibəsi: xalqımızın haqq və şərəf işi”, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Müqəddəs savaş: cəsurluğun, şücaətin və vətənpərvərliyin təntənəsi”, YAP İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu “Paralel baxış: Vətən müharibəsi və İnformasiya savaşı”, politoloq Eldar Namazov “Vətən müharibəsi və yekun tarixi reallıqlar” mövzusunda məruzələrlə çıxış edib.

    Daha sonra Vətən müharibəsində qazanılan qələbədən çıxan nəticələr barədə çıxışlar olub, təkliflər səsləndirilib. Qeyd edək ki, təşkil olunan tədbirin adına və mövzusuna irad ola bilməz. Ancaq biz görürük ki, bu cür tədbirlərin ölkədəki dialoq mühitinə heç bir ciddi təsiri olmur. Yalnız deklarativ xarakter daşıyır. Bir çox hallarda bu cür tədbirlərə heç də bütün partiyalar dəvət edilmir, dəvət olunanların da heç də hamısı iştirak etmir. Parlamentdə təmsil olunan konstruktiv müxalifətin isə bütün müxalif cameənin adından danışması, təmsilçilik etməsi birmənalı qarşılanmır.

    Elə sözügedən tədbirdə iştirak edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da çıxışında bu məqama toxunub. O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır: “Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti”ndə oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməlidir, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.

  • Samir Əsədli: “Bakı Qarabağdakı bütün proseslərə nəzarət edir, təkzibedilməz faktları əlində əsas tutaraq gələcək addımları analiz edir”

    Biz bölgədə yeni güc mərkəziyik, bu statusu sonacan qorumalıyıq
     
     
    “Biz dövlətimizin, liderimizin ətrafında sıx birləşməliyik. Bizi qarşıda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirmək üçün böyük iqtisadi layihələr gözləyir”. Bunu Strateji və Beynəlxalq Araşdırmaları Mərkəzinin direktoru Eldar Namazov deyib. O qeyd edib ki, tarixi proseslər yaşayırıq, anlamalıyıq ki, nə qədər böyük qələbə qazanmışıq: 
    “Azərbaycanın liderliyi ilə nə qədər böyük tektonik proseslərə start verilib. Bu qələbəyə tam qiymətin verilməsi üçün zaman lazım olacaq. Artıq yeni müasir silahların alınması prosesinə start verilib. Çünki bizim artıq bölgədə rəqibimiz Ermənistan deyil. Bölgədə sabitliyin yaranması üçün 20-30 il vaxt lazımdır. Biz artıq bölgədə yeni güc mərkəziyik. Gələcəkdə bu günlər, bu aylar, bu hadisələr dərsliklərə, kitablara qızıl hərflərlə yazılacaq. Biz çox böyük tarixi prosesin iştirakçılarıyıq. Türkiyə və Azərbaycan sovetlər dövrü dağılandan sonra bölgədə ən böyük qələbəyə imza atıb”.
     
    E.Namazovun diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Azərbaycanın 2020-ci ilin payızında 44 günlük müharibəsində qazandığı qələbəni bir çox dövlətlər və xalqlar hələ də həzm edə bilmir. Partiya rəsmisinin sözlərinə görə, bu müharibə nəticəsində regionda haqq və ədalətin qalibiyyəti elan edilsə də, görünən odur ki, bəzi dövlətlər şərin və münaqişənin dayanmasını qəbul etmək istəmir: 
    “Azərbaycan və Ermənistan arasında konfliktin uzun müddət bölgədə davam etməsinə səylər göstərir. Bunu rahatlıqla söyləyə bilərik ki, İran bu atəşkəs müqaviləsindən çox da məmnun deyil. Məmnun olmamasının bir çox səbəbi var. Birinci və ən önəmli səbəb özünün bu görüşmələrin içində olmamasıdır. Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə var. Ancaq İran yoxdur. Digər tərəfdən Türkiyə Qafqaza gəlir. Türk Ordusu Qarabağa gəlir. Azərbaycana gəlir və oraya yerləşir. Sovetlərin dağılması və sonrakı proseslərə baxdığımız zaman İran və Türkiyə Qafqaz və Orta Asiyada bir-birinin rəqibi mövqeyində idilər və bu, bu gün də elədir. İran Türkiyənin Qafqaz və Azərbaycanda güclənməsini istəmirdi. İranın siyasəti bu bölgələrdəki Türkiyənin nüfuzunu zəiflətmə çərçivəsində şəkillənmişdi. Türkiyənin güclü şəkildə Azərbaycana girməsi İran üçün istənilməyən bir şey idi. İran və digər ölkələr diqqətdən qaçırmamalıdır ki, Azərbaycan tərəfi bundan əvvəl bəyan etdiyi kimi, Laçın dəhlizi vasitəsilə hansı avtomobillərin hara getdiyindən, kimin hara nə daşıdığından çox yaxşı xəbərdardır. Bakı Qarabağdakı bütün proseslərə nəzarət edir, təkzibedilməz faktları əlində əsas tutaraq gələcək addımları analiz edir. Bu xüsusda Azərbaycanın təkcə İran tərəfinə deyil, rus sülhməramlılarına da sualı var. Sülhməramlıların dəhlizdə separatçılığa dəstək üçün müxtəlif təyinatlı yüklərin girişinə icazə vermələri, bölgədə erməni silahlıları ilə bağlı hələ də tədbir görməmələri Üçtərəfli Bəyanatın pozulması və mandatı olmayan sülhməramlı institutunun gələcəyinin sual altına düşməsi ilə nəticələnə bilər”.
     
    S.Əsədli vurğulayıb ki, hər halda Azərbaycanın ərazi bütövlüyünün pozulmasında israrlı olan erməni separatçılarına dəstək verən qüvvələr gözlərini geniş açaraq ədaləti, sabitliyi, mehribançılığı tərənnüm edən qonşu ilə münasibətləri nizama salmalıdır:
     “Bu fonda Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipi əsas götürülməli və unudulmamalıdır ki, indiki dünyada regional təhlükəsizlik və sabitlik həm də yurddakı təhlükəsizlik və sabitlik deməkdir”.