Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP-nin rayon təşkilatları toplantı keçirib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabirabad, Qazax və Biləsuvar rayon təşkilatlarının Məclis toplantıları keçirilib.

    Toplantıda təşkilati məsələlər, ictimai-siyasi proseslər, partiyanın fəaliyyəti müzakirə edilib. Sabirabad rayon təşkilatının sədri Elman Əliyev, Qazax rayon təşkilatının sədri Qoca Qocayev və Biləsuvar rayon təşkilatı sədri Məharət Ağayev ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatın qarşısında duran məsələlər barədə məruzə ediblər.

    Təşkilati məsələlərin müzakirəsindən sonra 17 noyabr Milli Dirçəliş günü və milli dirçəliş gününün ölkımiz, millətimiz üçün əhəmiyyəti vurğulanıb.

    Qeyd olunub ki, Sovet imperiyasının anti-Azərbaycan siyasəti nəticəsində 1988-ci ildə böyük bir xalq hərəkatı başladı. Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağıldı və nəticədə Azərbaycan ikinci dəfə öz istiqlalını əldə etdi. Müstəqillik illərində dünya güclərinin himayədarlığı ilə ermənilər Azərbaycan torpaqlarının 20%-i itirdik. 2020-ci ildə başlanan Vətən Müharibəsində torpaqlarımınız böyük hissəsi işğaldan azad edildi. Bu gün Qarabağda yaranmış yeni gərginlik Azərbaycan cəmiyyətində narahatlıq yaradır. Bütün bu təxribatlara son qoyulmalıdır.

    VHP Sabirabad rayon təşkilatı
    VHP Sabirabad rayon təşkilatı
    VHP Biləsuvar rayon təşkilatı
    VHP Biləsuvar rayon təşkilatı
    VHP Qazax rayon təşkilatı
    VHP Qazax rayon təşkilatı

     

  • “Büdcədən maliyyələşən təşkilatların sayını artırmaqla məşğuluq“ – Etiraz

    “Büdcənin müzakirə sistemi dəyişdirilməlidir”.

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    S. Rüstəmxanlı bildirib ki, komitələrdə müzakirələrlə bağlı ümumi rəy hazırlanmalı və təqdim olunmalıdır: “Dövlət və hökumət nümayəndələrinin, deputatların təkrar çıxışları olmamalıdır”.

    Deputat qeyd edib ki, yanacağın qiymətinin qalxması ilə əlaqədar bütün ərzaq məhsullarının da qiyməti qalxır: “Həm yaşayış minimumu, həm də orta aylıq əməkhaqqı məsələsinə yenidən baxılmalıdır”.

    S. Rüstəmxanlı yeni strukturların yaranmasına da toxunub: “Büdcədən maliyyələşən təşkilatların sayını artırmaqla məşğuluq. Biz bu sayı azaltmalıyıq”.

  • VHP rayon təşkilatları ölkə ictimaiyyətini fəallığa çağırır

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Lerik , Yevlax, Yardımlı və Qobustan Rayon Təşkilatlarının Məclis toplantıları keçirilib.

    Toplantılarda VHP Lerik rayon təşkilatının sədri Həşim Nəsirli, Yevlax rayon təşkilatının sədri Vüqar Cəfərli, Qobustan rayon təşkilatının sədri Eminağa Niftəliyev və Yardımlı rayon təşkilatının sədri Azad Yaşaroğlu  ölkədəki ictimai-siyasi durum haqda geniş məlumat verib. Onların çıxışları ətrafında müzakirələr aparılıb.  Müzakirələr zamanı VHP üzvləri Qarabağda son zamanlar yaranmış gərginlikdən narahatlıq ifadə edərək, Azərbaycan hökumətinin sülhməramlı missiyasını üzərinə götürən Rusiyadan müəyyən tələblər irəli sürməsinin vacibliyini, bütün Qarabağ ərazisində Azərbaycanın suveren hüquqlarının bərpasının mütləqliyini ifadə ediblər.

    Çıxışlarda eyni zamanda bildirilib ki, ölkə ictimaiyyəti, siyasi partiyalar, qeyri-hökumət təşkilatları da bu məsələdə fəal olmalı Azərbaycan maraqlarına qarşı olan xarici qüvvələrə sərt təpki göstərilməlidir.

    Keçirilən Məclis iclaslarında təşkilatı məsələlər də müzakirə edilmiş, VHP qarşısında duran məqsədlərdən irəli gələn işlərin sürətlənməsi vurğulanmışdır.

    VHP Lerik Rayon Təşkilatı
    VHP Lerik Rayon Təşkilatı
    VHP Yevlax Rayon Təşkilatı
    VHP Yevlax Rayon Təşkilatı
    VHP Qobustan Rayon Təşkilatı
    VHP Qobustan Rayon Təşkilatı
    VHP Yardımlı Rayon Təşkilatı
    VHP Yardımlı Rayon Təşkilatı
  • VHP rayon təşkilatları Qarabağdakı gərginliyi müzakirə edib

    Vətəndaş Həmrəyliyi Partiyasının Sumqayıt şəhər, Ağstafa rayon, Qaradağ rayon və Goranboy rayon təşkilatlarının Məclis toplantıları keçirilib. Toplantılarda təşkilati məsələlər, ölkədə baş verən ictimai siyasi olaylar, qarşıdan gələn 17 noyabr Milli Dirçəliş günü və son vaxtlar Qarabağ və cəbhə xətdində baş verənlər müzakirə edilib.

    VHP Ağstafa Rayon Təşkilatının sədri Dürdanə Həsənova, Qaradağ Rayon Təşkilatının sədri Bakir Əsədli, Sumqayıt şəhər təşkilatının sədri Elmar Sadıqlı və Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli çıxışlarında ölkədə və dünyada baş verən olaylardan danışıblar. Son günlər cəbhə boyu ərazilərdə və Qarabağda erməni separatçılarının təxribatları kəskin şəkildə pislənilib . Bu təxribatların məqsədli şəkildə edildiyi, bölgədə sülhün və davamlı əminamanlığın yaradılmasını istəməyənlərin etdikləri vurğulanıb. Həmçinin rus “sülhməramlılarının” bu təxribatlara bilərəkdən cavab vermədiyi, məqsədlərinin burda daima kök salmaq olduğu bildirilib. Qeyd olunub ki, bu bölgədə heç bir dövlətin sülh yaratma missiyası olmamalıdır. Yalnız BMT-in mandat verdiyi qüvvələr bölgəyə gəlməlidirlər. Əgər Rusiya burda qalırsa bölgəyə Türkiyə ordusu da gəlməlidir.
    Toplantılarda son vaxtlar Qarabağın dağlıq bölgəsində baş verənlər həm Ermənistan, həm də Rusiya tərəfindən 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması demək olduğu bildirilib. Ermənistan separatçı rejimlə əlaqələrini saxlamaqla, Rusiya isə Laçın koridorundan qanunsuz gediş-gəlişə imkan yaratmaqla sazişin şərtlərini pozur. Azərbaycan ordusunun döyüşlə azad etdiyi və sonradan boşaldılan bölgələrdən başqa, Xankəndi, Əsgəran, Xocalı və digər ərazilər də Azərbaycan Respublikasının qanuni ərazisidir. Burada dövlətimizin suveren hüquqları bərpa olunmalıdır. Əfsuslar olsun ki, Rusiya sülhməramlıları öz hərəkətləri ilə bu prinsipləri ayaqlar altına alır. Bölgədə rus hərbi birləşmələrinin yerləşməsinə ilk gündən etirazlar edilir. Çünki rus silahlılarının say tərkibi və forması sülhməramlı missiyasından kənara çıxıb.Ümumiyyətlə, Rusiyanın imperiya maraqları hamımıza bəllidir. Moskvanın Abxaziya və Krımda heç bir beynəlxalq normalara sığmayan hərəkətləri uzaq tarixdə baş verməyib. Kreml rus əsgərinin ayağı dəyən yeri “özününküləşdirmək” siyasətindən əl çəkmir. VHP üzvlərinin belə bir fikri qəti ifadə olunub ki, Rus “sülhməramlılarının” Şuşa ətrafında Azərbaycan hərbçilərinə qarşı planlaşdırılmış silahlı terror aktı həyata keçirmiş şəxsi terroristlərə təhvil verməsi onları bu cinayətdə iştirakçı etdi. Terror dəhlizinə” çevrilmiş “Laçın dəhlizi” dərhal Azərbaycan tərəfindən nəzarətə götürülməlidir!

  • Samir Əsədli: “Büdcədən ayrılan vəsait partiyalar üçün yetərli olmur”

    Milli Məclisdə büdcə müzakirələri zamanı siyasi partiyalara ayrılan vəsaitlə bağlı məsələ qaldırılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, siyasi partiyalara ayrılan vəsait çox ədalətsiz bölüşdürülür. Onun sözlərinə görə, vəsait daha çox hakim partiyaya çatır. Deputat əlavə edib ki, dövlət büdcəsindən ayrılan vəsait partiyaların deputatlarının sayına görə partiyalar arasında bölüşdürülür: 
    “Əslində, azlıqda olan partiyalara daha çox vəsait ayrılmalıdır. Eyni zamanda dövlət büdcəsində QHT üçün nəzərdə tutulan vəsaitlərin də artırılmasına ehtiyac var”. Məlumat üçün bildirək ki, siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində ümumilikdə 4 milyon manat vəsait nəzərdə tutulub. VI çağırış Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. 125 deputatın 70 nəfəri hakim YAP-ın, 3 nəfər isə Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Digər prtiyalar isə parlamentdə bir nəfərlə təmsil olunurlar. VHP Milli Məclisdə 3 deputatla təmsil olunduğuna görə, ən çox vəsaiti alan müxalifət partiyası sayılır.
     
    Millət vəkili Qüdrət Həsənquliyevin qaldırdığı məsələ barədə “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, dövlət büdcəsindən partiyalara ayrılan maliyyənin miqdarı ilə vəsaitin parlamentdə təmsilçilik sayına görə müəyyənləşməsi ayrı-ayrı məsələlərdir. Samir Əsədlinin fikrincə, parlamentdə daha çox yer alan partiyaya daha artıq vəsait ayrılması normal prinsipdir: 
    “Maddi bölgünün güc və imkanlara uyğun müəyyənləşməsi qəbul olunmuş dəyərdir. O başqa məsələdir ki, ayrılan vəsait partiyalar üçün yetərli olmur. Partiyanın normal fəaliyyəti, mərkəzi aparatının və bölgə təşkilatlarının saxlanması daha çox məbləğ tələb edir. Vətəndaş Həmrəyliyi Partiyası olaraq ayrılan vəsaitin xərclənməsini şəffaf şəkildə həyata keçiririk və bunun açıq hesabatı verilir. VHP-də Mərkəzi Aparatda çalışan şəxslərə əməkhaqqı da ödənilir. Həmçinin, partiyanın təbliğat-təşviqat işlərinin aparılması üçün texniki məsələlərə xərclər ayrılır. Bir daha qeyd edirəm ki, məbləğ yetərli deyil, bütün ehtiyaclar ödənilmir. Amma mən həm də o fikirdəyəm ki, ölkədə siyasi sistem o dərəcədə demokratikləşməlidir ki, partiyalara iş adamları və sahibkarlar da meyillənməli, onların imkanlarından da istifadə olunmalıdır”.
  • VHP bölgələrdə 17 noyabr Milli Dirçəliş gününü qeyd edib

    17 noyabr Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Tovuz, Qusar, Ağsu və Kürdəmir Rayon Təşkilatları yığıncaq keçiriblər.
    Təşkilatların Məclis toplantılarında 17 noyabr Milli Dirçəliş Gününün əhəmiyyəti və yaxın tariximiz üçün fəlsəfəsi haqda danışılıb.
    VHP Qusar rayon təşkilatının iclasında 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlayan xalq etirazının səbəbləri və o zamankı şəraitlə bağlı müzakirələr açılıb.
    Çıxış edən təşkilat sədrinin müavini Əlisafa Məmmədov bildirib ki, Milli Dirçəliş Günü Azərbaycan tarixinin ən parlaq hadisələrindəndir. Qeyd olunub ki, bu hərəkat elə bir hadisədir ki, bütün bayramlardan yüksəkdə durmalıdır. Azərbaycanın müasir tarixi üçün hər şey məhz 17 noyabrda başladı. O zaman Qarabağın Ermənistana birləşdirilməsi yönündə separatçı hərəkat başlamışdı və Mixail Qorbaçov Qarabağı rüşvətlə ermənilərə vermişdi. Əgər bu hərəkat olmasaydı, Qarabağ sakit şəkildə ermənilərə veriləcəkdi. Məhz xalqımızın birliyi və həmrəyliyi ilə Qarabağ torpaqlarının böyük hissəsi bu gün azad edilib.
    Yığıncaqda Qusar Rayon Təşkilatı təşkilatın mərhum sədri, xalq hərəkatının öncüllərindən və Qusarda liderlərindən olan Həsənbala Məmmədovun xatirəsini anılıb. Həsənbala Məmmədovun xatirəsinin hər zaman əziz olacağı və yaddaşlarda yaşayacağını bildirilib. Hərəkat vaxtı, ondan sonrakı illərdə də Həsənbala Məmmədovun insanların hüquqları, təhsil alması və bölgədə marifçilik ideyalarının yayılmasında xidmətləri vurğulanıb. Qeyd olunub ki, həm siyasətçi, həm də müəllim kimi Qusar üçün, bölgə və Azərbaycanın azadlığı üçün Həsənbala Məmmədov mücadilə aparırdı. İstəyi o idi ki, xalqı firavan yaşasın, gənclər, xüsusən qız uşaqları təhsil alsın.
    Sonda Qusar Rayon Təşkilatının Məclisi növbəti konfransa kimi təşkilatın sədr əvəzi vəzifəsini Əlisafa Məmmədova həvalə edib.

    Tovuz Rayon Təşkilatının iclasında təşkilat sədri Nəsimi Tovuzlu bildirib ki, o günlərdə qeyri-adi bir milli birlik nümayiş etdirildi: “Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. 1989-cu ildı yenə də ilin sonunda AXC-nin fəaliyyəti, müxtəlif şüarları, tələbləri Moskvanı yenə yerindən oynatdı, 20 Yanvarda qırmızı ordu Bakıya daxil oldu. 20 Yanvar qırğınından sonra SSRİ-nin dağılması qaçılmaz idi. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa etdik. 1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə qədər yol gəldik. Bu hərəkat SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir gündür”.

    VHP Kürdəmir Rayon Təşkilatının yığıncağında isə təşkilatın sədri Əliqulu Cəfərli çıxışında Qarabağ uğrunda aparılan vətən savaşı növbəti dəfə bizə həmin milli birliyi və ruhu yaşatdı: “32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Bu onu göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu”.

    VHP Ağsu Rayon Təşkilatının sədri Tahir Əzimov bildirdi ki, Xalq Hərəkatı möhtəşəm bir tarix idi. Xalqımızın azadlıq, müstəqillik və ədalət hisslərinə uyğun hərəkat idi. Meydan hərəkatı daha çox Qarabağ məsələsinə görə başlamışdı və sonradan böyük xalq kütləsinin cəmləşməsi ilə azadlıq hərəkatına çevirldi. Meydan Hərəkatının əsas liderlərindən biri Sabir Rüstəmxanlıdır və biz bu gün də onun liderliyi ilə Vətəndaş Həmrəyliyi Partiyasında fəaliyyət göstəririk.
    Meydan tarixdə bir zirvə idi. O zirvəni Millətimiz əldə etdi. Meydan hərəkatı millətin birliyini göstərdi. Tariximizdə ən şərəfli tarixlərdən biri idi. Bu günkü qələbəmiz də Xalq Hərəkatında olan birliyimizin bir nümunəsi idi.

    Sonda təşkilatların Məclis toplantılarında bir sıra təşkilati məsələlərə baxılıb. VHP-yə Tovuz, Qusar, Ağsu və Kürdəmirdən üzv olmaq üçün müraciət edən şəxslər üzvlüyə qəbul edilib.

  • Samir Əsədli: “Paşinyan sülhə getmək yolundan çəkilməyəcək”

    Hər ölkədə müxalifətin işi hakimiyyəti tənqid etmək, ona qarşı sivil yollarla mübarizədir

    2020-ci il 10 noyabr üçtərəfli Bəyannaməsində nəzərdə tutulan məsələlər həyata keçirildikcə Ermənistandakı revanşist qüvvələr hökumətə daha güclü təzyiq göstərməyə çalışırlar. Erməni mediası həmin qüvvələrin çağırışı ilə dünən Respublika meydanında keçirilən etiraz aksiyası zamanı gərginlik yaşandığını bildirib.

    “Nikol satqındır” şüarını səsləndirən bir qrup iştirakçı hərəkəti dayandırmağa cəhd göstərsə də, polis onları yolun hərəkət hissəsindən sıxışdırıb çıxarmaqla yanaşı, hökumət binasına çox yaxınlaşmağa da imkan verməyib. Nəticədə basabas və əlbəyaxa çəkişmə yaranıb. Dünən Ermənistan parlamentindəki “Ayastan” müxalif fraksiyasının deputatı Qeqam Manukyan öz “Facebook” səhifəsində “Qarşıdurma üçün səhər saat 11:00-da Respublika meydanına gəlin. Kim gələcək? Gözləyirik. Bu gün hakimiyyət Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olduğunu rəsmi şəkildə bəyan etdi. Hələ üstəlik də hökumətin üzvü bu gün Sünikə getdi və dolama yolun tikintisinin başa çatdığını açıqladı, düşmən isə dərhal trassı bağladı. Dözəcəyik? Bunun cavabını kim verəcək? Hökumət? Səhər hökumətin növbəti iclası olacaq və bizim sual vermək hüququmuz var. Biz hökumətdən cavab tələb edəcəyik” çağırışını edib. Manukyan bu müraciəti Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gecəyarısı Azərbaycanın Qafan-Gorus yolunda nəzarət-buraxılış məntəqəsi quracağı barədə verdiyi bəyanatdan sonra paylaşıb. Bir müddət əvvəl keçirilən mitinqdə isə Manukyanın üzvü olduğu “Ayastan” blokunun rəhbəri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ya seçkilər, ya da ki, barikadalar yolu ilə hakimiyyəti devirməsinin bir neçə həftənin işi olduğunu deyib.

    Mövzu ilə bağlı VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Azərbaycanla normal, ağla, siyasi reallığa söykənən münasibətlər gündəmə gələndə hər zaman Ermənistan siyasi düşərgəsində gərginlik yaranır:

    “Diqqət edin, bir neçə gün öncə Ermənistan mətbuatında Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına dair sensasiyalı məlumat yayıldı. Həmin məlumat Ermənistanın əksər KİV-i tərəfindən tirajlandı. Sonra isə Kremlə yaxın “RİA Novosti”nin də təsdiqlədiyi həmin məlumatda deyilirdi ki, noyabrın 9-da, ya da 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşəcək və Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi imzalayacaqlar. Rusiyanın vasitəçiliyi ilə imzalanacağı gözlənilən yeni sənədlərin təfərrüatı haqda hələ dəqiq bilgilər olmasa da, erməni müxalifəti mitinqlərə qərar verdi. Bəlkə də düşünmək olar ki, qeyri-adi heç nə baş vermir. Hər ölkədə müxalifətin işi hakimiyyəti tənqid etmək, ona qarşı sivil yollarla mübarizədir. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi müxalif “Hayastan” bloku mitinq qərarını belə izah edir ki, hakimiyyət erməni xalqının və dövlətçiliyin maraqlarına xidmət etmir. Müxalifət bloku hazırkı hakimiyyətin Ermənistanın yeni ərazilərini Azərbaycana verəcəyindən narahat olduqlarını qeyd edir. Ancaq hesab edirəm ki, Paşinyan sülhə getmək yolundan çəkilməyəcək”.

  • Doğum günü şəhid olan qəhrəman

    Bu gün İkinci Qarabağ Savaşı Şəhidi Nicat Höccət oğlu Qasımzadənin anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Biləsuvar üzvləri şəhidin ailəsini və məzarını ziyarət ediblər.

    Nicat Qasımzadə 2000-ci il noyabrın 10-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-2018-ci illərdə Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. Nicat Qasımzadə 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Qasımzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.

     Şəhidin məzarı başında çıxış edən dayısı İlham Ağayev Nicat barədə danışıb. O, bildirib ki, Nicat ailədə vətənpərvər ruhda böyüyüb:”Vətənini, dövlətini və millətini canından artıq sevirdi. Milli Qəhramanımız Mübariz İbrahimov şəhid olandan sonra hərbçi olacağını deyirdi. Mübariz İbrahimovun qəhramanlıq səlnaməsini həyat fəlsəfəsinə çevirmişdi. Atası zəhmətlə, halal böyütmüşdü Nicatı. Məktəbi bitirdikdən sonra imtahan verərək Tovuz Dövlət Sosial İqtisadi kollecinə qəbul olub. Kollecdə oxumaq istəməyib. Məqsədi əsgərliyi bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq olub. 2019-cu il yanvarın 3-də hərbi xidmətə yola düşüb. 3 ay müddətinə Goranboyda N saylı hərbi hissədə xidmət edib. Bundan sonra Ağdama göndərilib. Xidməti dövründə seçilən əsgər olub. Ağdamda 3 ay artilleriya manqa komandiri olub. Yüksək atıcılıq qabiliyyətinə yiyələnən Nicat pulemyot atıcısı olub. Xidmətinin bitməsinə 2 ay qalmış kiçik çavuş rütbəsi alıb.

    Xidmətdən yenicə qayıtsa da, sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən savaşda düşmənə qan uddurub.

    İkinci Qarabağ Savaşı başlanan kimi sevinirdi, deyirdi torpaqlarımızı yağılardan azad edəcəyik. Şuşanı, Laçını, Kəlbəcəri və işğalda olan torpaqları azad edəcəyik. Nicat Şuşada şəhid oldu, şəhidlik məqamına orda yetişdi. Xəyalları torpaqları azad görmək idi, Şuşanı azad görmək idi Azad gördü, bu gün ruhu şaddır. Vətən azad olduqca onlar da daima yaşayacaq, ruhları şad olacaq”.

    Daha sonra VHP Ali Məclisinin üzvü, Millət Vəkili Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev çıxış edərək Vətən Müharibəsindən danışıb , 44 gün ərzində igidlərimizin qəhramanlıq tarixindən söz açıb: “44 günlük savaşda ordumuz böyük uğur göstərib, bizi xəcalətdən azad ediblər. 30 illik düşmən işğalında olan torpaqları azad etməklə ölkəmizin qüdrətini, böyüklüyünü göstəriblər. Nicat da həmin qəhramanlardan, Şuşa fatehlərindəndir. Nicat noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar qalmış, ad günündə, Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub. O, 44 günlük döyüş müddətində düşmənin 30-a yaxın canlı qüvvəsini, texnikasını məhv edib. Yaralı döyüş yoldaşlarını meydandan çıxarıb, sıldırım qayalıqlarla Şuşaya dırmanmasında yaxından yardımçı olub.Biz onlara, onların qəhramanlıq şücaətlərinə borcluyuq. Bu gün də onlar qarşısında baş əyirik, ruhları şad olsun”.

    VHP Biləsuvar rayon təşkilatının sədri Məharət Ağayev çıxışında bildirib ki, Mübariz İbrahimov kimi oğullar yetişdirmiş Biləsuvar qəhramanlar diyarıdır: “Milli Qəhraman Mübariz İbrahimovun qəhramanlıq salnaməsindən sonra biləsuvarlı gənclər orduda xidmət etməyi amal seçdilər özlərinə. Onlardan biri də Nicat idi. İkinci Qarabağ Savaşında gənclərimizin qəhramanlığını gördük. Bütün qoşun növlərimizdə gənclərimizşücaətlə döyüşdülər. Biz bu günkü qələbəmizi onlara, şəhidlərimizə, qazilərimizə borcluyuq”.

    Şəhidin atası Höccət Qasımov bildirdi ki, Nicat vətən qarşısında borcunu yerinə yetirərkən şəhid olub: “Nicat əsgərliyini başa vurub gələndə çox sevindik, elə bildik bir dəfəlik evimizə qayıtdı. Sevincimiz uzun çəkmədi. Heç 3 ay tamam olmamış 21 sentyabr 2020-ci ildə qismən səfərbərliklə 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün çağrıldı. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat hələ kiçik yaşlarından qəhrəmanlıq göstərmiş şəhidlərə baxaraq böyüyüb. Özü də onlar kimi olacağına söz verib. Rəbbim özünü də şəhidlik mərtəbəsinə ucaltdı. Nicat noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar, bəlkə də saniyələr qala ad günündə Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub. Noyabrın 10-u şəhid olsa da, bu xəbər bizə 12-si səhər çatdırıldı. Xəbəri eşidəndə dünyamız başımıza uçdu. Anası onunla sonuncu dəfə noyabrın 3-ü danışmışdı. Elə deyirdi ki, narahat olmayın, hər şey yaxşıdır. Orada onunla vuruşan dostları deyirdi ki, Nicat bizi neçə dəfə ölümdən xilas edib. Məkanın cənnət olsun, övladım”.

     

     

     

  • Sabir Rüstəmxanlıdan məmurlara etiraz

    Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki büdcə müzakirələrində bir sıra vacib məsələlərə toxundu. Dedi ki, rəqəmlər öz yerində, amma xalqı narahat edən məsələlər var, bunlar deyilməlidir.

    S.Rüstəmxanlı öncə büdcə müzakirələri ilə bağlı sistemin dəyişdirilməsini təklif etdi. Bildirdi ki, həm komitə, həm plenar iclaslarda hökumət nümayəndələri və deputatların çıxışları təkrar olur, bu məsələyə baxılmalıdır.

    S.Rüstəmxanlı da V.Əhmədovun fikirlərinə qatılaraq bahalıqda şikayətləndi: “Məmurlar deyirlər ki, yanacağın qiymətinin qalxması qiymətlərə təsir etməyəcək. Bu, gülünc söhbətdir. Necə yəni təsir etməyəcək? Həm yaşayış minimumu, həm də minimum əmək haqqına yenidən baxmaq lazımdır və ciddi şəkildə artırılmalıdır”.

    Deputat kəndlərlə şəhər arasında böyük fərqin olduğunu söylədi: “Əbülfəz Qarayevin vaxtında Mədəniyyət Nazirliyinin Azərbaycan kəndlərində dağıtdığı abidələrin, obyektlərin siyahısına baxın! Kəndlərdə kitabxanalar, klublar dağıdıldı, ləğv edildi. Mənim kənddə yaşayan vətəndaşım bir arayış almaq üçün biri Cəlilabada, biri Masallıya, digəri Biləsuvara gedir. Bu, nə deməkdir? Ya rayonlar ləğv olunsun, ya da belə pərakəndəlik doğru deyil! Büdcədən maliyyələşən idarələrin sayını azaltmaqdansa, biz bu idarələrin sayını artırırıq. Əksinə, özəlləşmə getməlidir ki, dövlətin yükü azalsın”.

    S.Rüstəmxanlı dedi ki, ölkədə Cənubi Afrikadan gətirilən meyvələr bazarlarımızda satılır, amma kəndlərimizdə meyvələr bazara çıxarılmır, kəndçinin məhsulu əlində qalır, çürüyür: “Dövlət bu məhsulları alıb bir hissəsini saxlaya bilər. Bizdə tənzimləmə sistemi yoxdur”. S.Rüstəmxanlı dedi ki, Azərbaycan Prezidenti gecə-gündüz çalışır, Qarabağı qurur, amma bəzi dairələr var, onlar sanki görülən işlərə kölgə salmaq üçün çalışır: “Azərbaycan rayonlarının 95 faizində kitab mağazası yoxdur, kəndlərimizin əksəriyyətində xarici dil müəllimi yoxdur. Adətən, dövlət qurumlarında çalışmaq üçün ingilis dili tələb olunur. Mən bilmirəm, hansı proqramdır, niyə bizim kənd sakinlərini dövlət idarəçiliyindən kənarda saxlamaq istəyirlər?”

    Ardınca S.Rüstəmxanlı iclasda hökumət üzvlərinin iştirakından istifadə edərək, məmurlara yazdığı məktublara, həmçinin telefon zənglərinə cavab verilmədiyini söylədi və millət vəkillərinə sayğısız yanaşmalara etirazını bildirdi: “Deyirlər ki, nazir obyektdədir. Bu, hansı obyektdir, bilmirik. Günlərlə gözləyirsən, yazdığın məktuba cavab gəlmir. Səfa müəllim yazır, məktubuna cavab yazır. Amma Səfa müəllim də 125 deputatın hər birinin əvəzinə məktub yaza bilməz ki. Mən xalq şairiyəm, millət vəkiliyəm, bu dövlətin qurulmasında xidmətlərim olub. Bir-birimizə sayğımız olmalıdır, dövlət idarələri saat mexanizmi ilə işləməlidir”.

    E.Paşasoy,
    Musavat.com

  • VHP-çilər Zəfər günün qeyd ediblər

    Xalqımız çox əlamətdar tarixi günləri yaşayır. İşğal altında olan torpaqlarımızın erməni faşistlərindən azad edilməsi üçün ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən bizi düz bir il ayırır. 8 Noyabr – Zəfər Günü respublikanın hər yerində yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.
    Zəfər Günü münasibətilə ölkə miqyasında keçirilən tədbirlərdə VHP partiya olaraq aktiv iştirak edib.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçalada keçirilən möhtəşəm bayram tədbirinə qatılıb.
    Tədbirdə S.Rüstəmxanlı qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan Azərbaycan xalqını və onun avanqard qüvvəsi olan çoxminli neftçalılarə Zəfər günü münasibəti ilə təbrik edib, onların ön və arxa cəbhədə göstərdikləri hünər yolundan söz açıb: “Bu gün Azərbaycan xalqının Zəfər Günüdür. Qürur duyulacaq bir gündür. 30 ilə yaxındır bu günü həsrətlə gözləyirdik. Bu həsrətə Azərbaycan Ordusu son qoydu.Qalib Azərbaycan xalqı bir yumruğa çevrilərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Şəhidlərin ruhu qarşısında baş əyir, qazilərimizə Tanrıdan şəfa diləyirik”.