Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Sabir Rüstəmxanlı turist axınının azalmasının səbəblərindən danışıb – VİDEO

    “Bir neçə il öncə Güney Azərbaycandan turistlər Azərbaycana axın edirdilər, Novruz Bayramını da burada keçirirdilər”.

    APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

    Deputat bildirib ki, onlar yalnız 1 il gəldilər: “Gəlib gördülər burda bahalıqdır, həm də sərhədi keçəndə onları incidirdilər. Daha sonra onların üzü İrəvana çevrildi, çünki gedənlərə xüsusi şərait yaradırdılar”.

    S. Rüstəmxanlı ovçuluq turizmi ifadəsinin layihəyə salınmamasını dəstəkləyib: “Biz resurslarımızı gələn turistlərin ehtiraslarına qurban verə bilmərik”.

  • Sabir Rüstəmxanlı: “Jurnalist ömürlük işdir, ona 3 illik vəsiqə verə bilməzsən”

    “Ölkədə ilk müstəqil qəzeti mən çıxarmışam, 5 il mətbuat naziri olmuşam. O dövrdə ilk qanunu biz hazırlamışıq. Lakin qanun yaradıcılığında heç məni yada salmayıblar”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı VHP sədri, deputat Sabir Rüstəmxanlı deyib.

    Millət vəkili bildirib ki, bu qanun daha çox daxili mediaya hesablanıb: “Halbuki Azərbaycan üçün əsas təhlükə xarici mediadandır. Ona görə daxildəki mətbuatı indiyə qədər olan qanunlar idarə edirdi. Amma daxildəki mətbuat təhlükə deyil. Jurnalistikanı müqaviləyə bağlamaq olmaz, jurnalist peşədir. Qəzetlərə köşə yazan yazarlar var. Sən onu jurnalist saymayacaqsan?! Jurnalist ömürlük işdir, ona 3 illik vəsiqə verə bilməzsən. Jurnalist ömürlük jurnalistdir, istəyir işləsin, istəyir işləməsin”.

  • Alqışıyla qarğış qazanan deputat oğlan

    Nəsimi Şərəfxanlı

    Ayıbdır! Bunu nə xalq, nə də xaliq bağışlamaz! Adam diplomlu da olar, professor da olar, deputat da olar, nazir, hətta spiker də olar. Amma “hər oxuyan Molla Pənah olmaz ki!”
    İllərlə Azərbaycan xalqının içindən keçən hissləri şeirində və sözündə ifadə edən kəsin sözünün kəsilməsinə də , onun sözünün təhrif edilməsinə də, hətta bu təhrifin alqışlanmasına da susmaq olardı, çünki “Nicatımız vətəndaş həmrəyliyindədir” şüarını tək sözdə yox, həm də gerçəkdə düşünmüşük. Amma elə bir məqam var ki, orda nə nicata yer qalır, nə həmrəyliyə…
    Sabir Rüstəmxanlının sözünün kəsilib ona cavab verilməsini alqışlayan deputat oğlanlardan biri əməlinə haqq qazandırıb. Kamal Cəfərov 32  yaşında mandat sahibi olmaqdan o qədər xoşhal olub ki, Azərbaycan istiqlalı altında imzası olan KİŞİlərdən biri- Sabir Rüstəmxanlıya “Azərbaycan bizik” (yəni, Siz susun!) deyə bilir. Bakıdan tutmuş Avropaya qədər müxtəlif yerlərdə təhsil alan deputat oğlanın kamalını, yəni savadını bir qırağa qoyaq, buna qayıdacayıq. Yuxarıda da dediyimiz kimi  “hər oxuyan Molla Pənah olmaz” , diplomun, mandatın və cəmiyyətdəki mövqeyin gurultulu ola bilər, amma çoxdan bilməliydin ki, AZƏRBAYCAN TƏKCƏ SİZ DEYİLSİNİZ! Azərbaycan ucqar dağ kəndində işıqdan və qazdan bixəbər, işsiz Məmmədhəsən kişidən tutmuş, Azərbaycan Respublikasının Prezidentinə qədər on milyonluq xalqdır. Hələ dövlətimizin sərhədlərindən kənarda yaşayan 40-45 milyon soydaşımızı demirik! O xalq ki, 44 günlük savaşda partiya mənsubiyyətinə baxmadan Yeni Azərbaycan Partiyasının sədri olan Ali Baş Komandanın əmri altında döyüşdü. İndi mən səndən soruşuram Kamal Cəfərov: Mən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüyəm və 45 yaşında 2-ci Qarabağ müharibəsində zabit kimi iştirak etmişəm. Əvvəldən axıra! Ali Baş Komandanın sərəncamı ilə medallarla təltif olunmuşam. Nə deyirsən indi mən YAP üzvü deyiləm deyə Azərbaycana aidiyyətim yoxdur?
    Bu savaşda iştirak edənlərin böyük əksəriyyəti Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Məmməd Arazın və sənin haqsız, dövlət maraqlarına uymayan cavab qaytarmaq tərbiyəsizliyi göstərdiyin Sabir Rüstəmxanlının yazıları ilə böyüyüb. Bu çəxslərin heç biri YAP üzvü deyildi. Əgər Azərbaycan demək ancaq YAP üzvü olmaq deməkdirsə, 44 günlük savaşda YAP üzvü olan xeyli icra başçısı savaş meydanında deyil, həbsdəydi. Bilirsənmi bütün bunları niyə detalla və açıq şəkildə sənə anladıram, çünki məhz sənin düşüncəndə olan YAP-çı məmur kontingenti qalib Ali Baş Komandanı məğlub Prezident durumuna düşürmək yolunu davam etdirirlər. Dünya güclərinin arxalıq etdiyi erməniyə qalib gələn bir xalqı və Komandanı- işinizi, sözünüzü, yerinizi bilməməklə, korrupsiya və yaltaqlıqla məğlubiyyətə aparmaq istəyirsiniz,  fərqindəsinizmi? Sabir Rüstəmxanlının davası və tənqidi xalqın narazı qaldığı məqamların açıq ifadə olunub həll olunması,  narazılığın aradan qaldırılması, kimlərinsə bundan Azərbaycana qarşı istifadə etməməsi üçündür. Siz nə düşünüb, nə edirsinizsə özünüz və vicdanınız bilər. Yeri gəlmişkən, Kamal Cəfərov həm savaş dönəmində, həm ondan sonra hansısa telekanalda və media orqanında bir çıxışınız xatırlanmır. İndi bir hüquqşünasa millət vəkilinin sağlam tənqidini həzm edə bilməmək yaraşmadığı kimi, gənc bir siyasətçiyə də şantala özünü şirunləşdirmək başucalığı gətirməz. İndi özünüzü fədai göstərdiyiniz Prezidentin və dövlətin müdafiəsi üçün Sabir Rüstəmxanlı yaşının bu vaxtında gecəsini gündüzünə qatmışdı və yazdıqları, dedikləri siz çəpikçalanlar bu dünyada olmayanda da qalib Azərbaycanın, bu günlərimizin səsi kimi yaşayacaq! Yaş demişkən, cavansan, alqışı elə et ki, qarğış qazanmayasan!

    Nəsimi Şərəfxanlı

  • “Spiker çıxışı ilə məni şantaj etdi” – Sabir Rüstəmxanlı

    “Spiker ya mənim fikirlərimi düzgün başa düşmədi, ya da çıxışı ilə məni şantaj etdi. Guya, Azərbaycanda gedən böyük quruculuq işlərini, qələbəmizi və s. bunların hamsını görmürəm, ancaq qara yaxmaqla məşğulam. Çıxışım hər yerdə var. Orada ancaq məşğulluq məsələsindən danışmışam”.

     

    Bunu “Unikal”a açıqlamasında deputat Sabir Rüstəmxanlı ötən gün Milli Məclisin plenar iclasında spikerlə aralarında yaranan mübahisəyə münasibət bildirərkən deyib.

     

    Deputat bildirib ki, bölgədəki məşğulluq idarələrində caamat bir rayondan o birinə gedir, guya onları növbəyə götürürlər, deyirlər ki, iş olanda sizə məlumat verəcəyik.

     

    “Vətəndaşlarımız aylarla gedib-gəlir, amma iş düzəlmir. Bunu bütün rayonlarda bilirlər. Məşğulluq idarəsinin də günahı yoxdur. Çünki kənd yeridir, iş ya yoxdur, ya da azdır. Çıxışımda məqsəd diqqəti bu məsələyə cəlb etmək idi ki, “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklik o problemi həll edə bilməz. Bu problem daha ciddi müzakirə olunmalıdır. Spiker buna cavab olaraq bildirdi ki, “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”. Ölkədə görülən işləri hamıdan yaxşı müşahidə edirəm. Bu barədə hamıdan çox yazmışam. Onda bu Milli Məclis nəyə lazımdır? Burada heç bir qanun haqqında fikir deməyəcəyiksə, onda biz nə üçün yığışırıq? Orada olan alqışlar və söhbətlər mənə qarayaxmaqdır. Guya, ölkədə gedən işləri görmürəm, bunlar o işləri görür, biz buna mane oluruq. Əslində belə deyil. Konkret bir məsələdən danışmışdım”.

     

    S.Rüstəmxanlı qeyd edib ki, Vətən müharibəsi zamanı hər gün Azərbaycan və xarici ölkə televiziyalarına müsahibə verib: “Vətən müharibəsinə aid marş və publisistik yazılar yazmışam, böyük poema həsr etmişəm. Həmin günlərdə partiya olaraq Prezidentin yanında olmuşuq”.

     

    Anar Kəlbiyev

  • Sabir Rüstəmxanlı parlamentdə işsizlik priblemini qaldırdı “Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür”

    Bu gün Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib ki, əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır. Qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq: “Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.

    Sabir Rüstəmxanlı bildirib ki, “Rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir. Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikri vermək lazımdır.”

    Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif olunur. Layihəyə əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldılacaq. Həmçinin, sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif edilir. Layihədə qeyd edilib ki, “İşsizlikdən sığorta haqqında” qanun aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.

     

  • VHP Gədəbəy və Abşeron təşkilatı toplantı keçirib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəbəbəy və Abşeron rayon təşkilatılarının Məclis toplantısı keçirilib.
    Yığıncaqda rayon təşkilatlarının durumu, görülmüş təşkilati işlər, partiyanın qarşısında duran məsələlər müzakirə edilib.
    Gədəbəy rayon təşkilatının sədri Xəlil Hüseynsoy, Abşeron rayon təşkilatının sədri İlqar Salmanov ölkədəki ictimai-siyasi durum haqda məruzə ediblər. Məruzə ətrafında çıxışlarda Qarabağ savaşından sonrakı geopolitik vəziyyət, Qarabağ ətrafında yaranmış son gərginliklərə toxunukmuş, eyni zamanda ölkədəki qiymət artımı, ərzaq və gündəlik təlabat mallarının günü-gündən bahalaşması, kənd əhalisinin, xüsusən günəmuzd işləyən az təminatlı ailələrin vəziyyətlərinin pisləşdiyi, bunun da sosial-iqtisadi duruma pis təsir etdiyi vurğulanıb. Sosial problemlərin getdikcə böyüməsinin vətəndaşlar arasında ciddi narazılıq yaratması ifadə olunub. Covid19 pandemiyasının insanlar bir tərəfdən zərəri, qiymət artımının da başqa formada yaşama ciddi təsir etməsi əhalinin vəziyyətini mənfiyə apardığı vurğlanıb. Hökumətin, müvafiq qurumların ciddi tədbir görməsinin önəmi bir daha vurğulanıb.
    VHP Gədəbəy RT
    VHP Gədəbəy RT
    VHP Abşeron RT
    VHP Abşeron RT

  • Milli ideya və ideologiya düşüncələri

    Milli kimlik, milli ideya, dövlət ideologiyası- Azərbaycanda yüz əlli ilə yaxındır Avropada və Rusiyada gedən prosesləri izləyən, bilən və xalqın bütövlüyünü və azadlığını düşünən ziyalıların əsas qayğılarından və müzakirə mövzularındandır… O başda bu məsələni ən dərindən araşdıran dahi Mirzə Fətəli Axundzadədir, bu başda akademik Yaşar Qarayev.
    Lakin milli kimlik və ulusal ideya, Azərbaycan dövlətinin ideologiyası ilk dəfə 1918-1920-ci illərdə, Xalq Cümhuriyyətin qurucuları tərəfindən rəsmiləşdirilmişdi: türk kimliyi, çağdaş yaşam tərzi və islam inancı… Bayrağımız da bu ideologiyanın rəmzidir. Cümhuriyyət qurucuları Cənubi Qafqazın türklər və müsəlmanlar yaşayan bu bölgəsinin qədim “Azərbaycan” adını da unutmamışdılar. Türk etnosunun hələ türk adını almamış çağlarından yol alıb gələn az, azər, Azərbaycan bu bölgədə öz sahiblik, liderlik haqqını, varlığını qorumaq üçün elə türk sözü qədər çətin bir mübarizə yolundan keçmişdir.
    Məhəmməd Əmin Rəsulzadə türk kimliyini önə çəkərkən, Azərbaycançılıqla türklük arasında heç bir fərq görmədiyini deyirdi.
    1991-ci ildə müstəqilliyimizin bərpası – Milli ideologiyamızın da bərpası oldu. Lakin Ermənistanın torpaq iddəası və müharibə ucbatından müstəqilliyin ilk illərində bir çox vəzifələrimiz yerinə yetirilməmiş qaldı. Ölkənin parlamentdə seçilən ilk prezidenti Ayaz Mütəllibov iqtisadçı idi və ölkənin gələcəyini daha çox iqtisadiyyatın liberallaşması, sahibkarlığın inlişafında görürdü. Hakimiyyətə xalqın-kütlənin işindən gəlmiş Əbülfəz Elçibəy milli dəyərlərə söykənməklə daha çox türk kimliyinin bərpasına çalışırdı. Sovetlər birliyinnin liderlərindən olmasına baxmayaraq, xalq arasında nüfuzunu saxlayan və kommunist erasının bitdiyini, milli dövlətçilik zamanının gəldiyini görən Heydər Əliyev əsas diqqətini ölkə daxilindəki birliyin qorunmasına, Azərbaycançılığa və iqtisadi inkişaf yollarının axtarışına yönəltdi.
    Bu arada müharibə şərtləri ilə uyuşmayan “zorən demokratikləşmə”, yəni çoxlu partiyanın və partiya adı daşıyan qurumların meydana çıxması bir hissəsi köhnəlmiş, bir hissəsi yeni olan bir sıra ideologiyaların yolunu açdı. Kommunist, sosial-demokratiya illuziyalarını qorumağa çalışanlarla – milli istiqlalçılar, müsavatçılar, xalqçılar, həmrəyçilər yan-yana dayandılar. Lakin 30 illik gözləmə dövrü bu ideyaların çoxunu solğunlşadırdı, qoclatdı.
    İkinci Qarabağ savaşındakı qələbə Azərbaycan tarixinin yeni bir başlanğıcıdır və savaş öncəsi – milli birlik zərurətinin ortaya atılması, iqtidarla müxalifətin vətəndaş həmrəyliyi ideyası ətrafında bir araya gəlməsi, qələbəmizi şərtləndirən amillərdən biri olmaqla, müharibədən sonrakı həyatımızın da əsas əlamət və uğurlarındandır.
    İndi milli ideya və dövlətimizin ideologiyası haqqında həm nəzəri aspektdə, həm də real qaynaqlar və hədəflər öyrənilməklə danışmaq imkanı genişlənib və zərurətə çevrilib.
    Siyasi partiya məfhumu, partiyalarin ideoloji özəllikləri əsasən, son əsrlərin məhsuludur. Ancaq milli ideya anlayışların əhatə etdiyi məna çeşidli adlar altında xalqların və dövlətlərin meydana çıxdığı uzaq çağlarda doğulmuşdur. Avropa filosofları ideya sözünün arxasında daha çox ictimai və mənəvi azadlığı nəzərdə tuturdular. (İdeya sözünü fəlsəfi termin kimi ortaya atan Kant olmuşdur). Şəxsin daxili azadlığını və ruhi rahatlığını düşünən fəlsəfə dinə yaxınlaşır və insanın qısa ömrünü stres və bədbinlikdə qurtarmaq üçün dinə bağlılığın gücləndirilməsini zəruri sayırdılar.
    İdealın nə demək olduğunu anlatmaq üçün çox vaxt “proobraz” sızünü qullanırlar , yəni xəyal etdiyimiz, arzuladığımız, hər zaman güzümüzün önündə olan, lakin yetə bilmədiyimiz bir “gözəllik ilahəsi”, yol göztərən işıq, durna çıraqğı, uzaqdan görünən və çağıran yüksəklik, dağlar….
    İnsan üçün ideal- özünün, ailəsinin, yaxınlarının sərbəst, azad. ehtiyacsız olması, təhlükəsiz bir mühitdə xoşbəxt yaşamasıdır.
    Xalq da belədir. Onun da idealı ayrı-ayrı fərdlərin arzularının cəmidir Xalqların yolu, sözü, həyat və hərəkət tərzi bu şəkildə biçimlənir, qurduqları dövlət də o xalqın ruhundan doğan müəyyən məqsədlərə xidmət edir, bəlli bir hədəfə çatmaq üçün çalışır.
    Milli ideyaların yaranması, inkişafı və sonda dövlət ideologiyasına çevrilməsində böyük şıxsiyyətlərin, liderlərin, ədəbiyyat və sitasət adamlarının, filosofların rolu danılmazdır. Tarixdə güclü sərkərdələrin və dövlət başçılarının öz inam və iddəalarını kütləviləşib xalqları və dövlətləri hərəkətə gətirən, qələbəyə, zirvəyə, bəzən də uçuruma aparan gücə çevirdiyinə aid çox misal var. Hitlerin simasında faşizmin aqibəti onlardan biridir. Pasionarliğın və çöküşün başlanmasında da şəxsiyyət amili danılmazdır. Təbii ki başqa amillərlə bir sırada.
    Zəngin şifahi ədəbiyyat, atalar sözləri və misallar, dastanlar—türklərin mənəviyyat və ruh xəritəsidir! Böyük millət olma yolları orda çox aydın izlənir. Törələr, ictimai əxlaq güzgüsü olan xalq deyimləri keçilən yollar və yaşam tərzi, onlara güc verən dəyərlər haqqında tarix kitablarından daha artıq material verir.
    Orxon-Yenisey yazılarında – “Üstə mavi göy çökmədikcə, altda yer yarılmadıqca sənin düzənini kim poza bilər” nidası və budunun (millətin) birliyə çağrılması, “dövlət dövlət oldu, xalq xalq oldu” deyə bu iki anlayışın biri-birindən asılılığının önə çəkilməsi- bu günkü düşüncə baxımından tərtəmiz bir ulusal ideyadır.
    “Mavi göy çadırımız, günəş bayrağımız!” deyimi də xalqın qüdrətini, yaşayış dairəsinin genişliyini, iradəsini və kürəsəl iddəasını göstərən bir ifadədir; səfərbəredici və birləşdirici gücdür, dini ayinlər səviyyəsində sehirləyici, insanı kosmik bütövlüyə qovuşduran səmavi sözdür. Millətin əbədi şüarıdır, bu günkü anlayışla həm milli, həm dövlət ideologiyasıdır;
    Şah İsmayıl Xətainin “Sizə Azərbaycan lazımdır, yoxsa Gülüstan qalası?” sorusu da qurduğu dövlətin hədəfini və ideologiyasını göstərirdi. Savaşa girməzdən qabaq səsləndirilən saz havaları, türkcənin ordu dilinə, ümumişlək dilə çevrilməsi yazılmamış Ana Yasanın əsas maddəları idi və Şahın milli durum və niyyətini göstərirdi!
    Savaş öncəsi təkbirlər—Allaha bağlılıq əzmindən, böyük inancdan və sevgidən doğan ayinlər idi, müqəddəs sözdən güc almaq inamı idi. Bütün mövsüm və mərasim nəğmələri, milli birliyə xidmət edən adət-ənənlər də o yazılmamış Ana Yasanın qızıl sətirləri idi.
    Türklərə, o cümlədən Azərbaycan türklərinə xas bir çox özəlliklər – böyüklərimizin yaradıcılığından süzülərək yüz illəri aşan fikir axınlarına– millətin dini və dünyəvi aləmini biçimləndirən sistemə çevrilmişdir. İsmayıl Qaspiralının məşhur “fikirdə, sözdə, əməldə birlik” çağırışı, Əli bəy Hüseynzadənin türkçülük, çağdaşlıq və islamçılıq ideyası da əslində öz mənbəyini min illərin yaddaşından götürmüşdür. Vətəni, insanı, Allahını sevmək və qorumaq etiqadından, səlib müharibələrinə dirənişlərdən, Nizaminin evrənsəl və zamanı qabaqlayan humanist təfəkkürü, ədalətli dünya axtarışı, Əhməd Yəsəvinin Türküstanda və Anadoluda türklüyü və İslamı yayan müridlərinin yorulmaz təlimləri, Nəsminin insanı qutsallaşdıran və Allaha qovuşduran fəlsəfəsi, Füzulinin böyük sevgisi, M.F.Axundzadənin xalqı çağdaş mədəniyyətlər səviyyəsinə qaldırmaq yolunda qəhrəmancasına mübarizəsi, ürəyini məşələ çevirən ziyalı nəsillərinin fədakarlığı sonda vətəndaş dayanışmasından və milli birlikdən başqa yolun olmadığına hər kəsi inandırmışdır.
    Ən qədim çağlardan bəri türklər həmişə öz geniş dünyalarında quş kimi azad, təbiətin bütün sirrini və gözəlliyini düya-duya, daim gözlənilməz təhlükələrə hazır, havanın, suyun, torpağın bir parçası kimi, ölümlə nəfəs-nəfəsə yaşayıblar. Tanrıçılıq onları sonsuz göylərə bağlayıb; İslam ölümün son olmadığına, Haq dünyasına inandırıb. Yurd, ailə, soy, törə, qövm sevgisi onları təbii şəkildə birləşdirib, gərəkəndə vahid gücə çevirib. Eyni zamanda hər türk bir qəhrəmandır; dastanlardan, nağıllardan gördüyümüz kimi, yurda gələn fəlakəti təkbaşına önləmək istər, düşmən üstünə tək gedər, hiylədən uzaqdır, sözündən qaçmağı kişilikdən saymaz, sözünü əyməkdənsə cəzanlanmağı seçər, qılıncına, atına, qolunun gücünə güvənər, mərddir və kimsədən namərdlik gözləməz, Tanri ilə söhbət edirmişcəsinə təkbaşına-solo oxuyar, bütün yolların geriyə ata yurduna dönməsini arzular, ilahi ədalətə, balansa, bu dünyada itirdiklərinin əvəzini o dünyada alacağına inanması onun daxili azadlığının mənbəyidir. Halaldır, düzdür, mərhəmətlidir, el içində üzüağdır,.. Milli xarakter, milli ideya və yaşam tərzi burdan doğur. Tarix boyu düşüncəsinin düzlük, halalıq, saf sevgi, ədalətə inam və azadlıq üstündə qurulması bəzən sadəlövhlük dərəcəzinə çatib, bu saflığın, inanmaq xəstəliyinin əzabını da görüb. Lakin əqidəsi və yolundan dönməyib.
    Dünya Cəhalət qaranlığında ikən Babək azad cəmiyyət arzusu ilə yaşayırdı, Qərbin qanlı xaçlı yürüşləri uc-uca calananda Nizami Gəncəvi xalq iradəsi ilə idarə olunan utopik dövlət modelini vəsf edirdi, Əxilik-Qardaşlıq təşkilatları bütün Yaxın Şərqdə birliyin, qarşılıqlı yardımın inkişafın əsas şərtlərindən biri olduğunu təbliğ edirdi, ürfan ocaqlarının hikmətləri Birləşmiş Millətlər Təşkilatının bu günkü konsepsiyası səviyyəsində dayanan dünya düzəni təlimi idi.
    Amma sonra xarici düşmənlər və daxildəki çəkişmələr düzəni pozdu, çöküş başlandı, parçalandıq, bir-birimizə düşmən olduq, başqalarımnın yeminə çevrildik, kökümüzü, yolumuzu, dinimizi, törəmizi, dəyərlərimizi unutdurmağa çalışdılar və buna qismən də nail oldular…
    Azərbaycan cümhuriyyətinin öz dövlət rəmzlərini və idelogiyasını müəyyənləşdirərkən türklüklə yanaşı İslam inancımızı əsas seçməsi yuxarıda sadaladıqlarımızı tamamlayır. Milli ideyada dinin özəl bir yeri var. Katolik avtoritarizmi, protestant fərdiyyətçiliyi (Berdyayev) ilə müqayisədə insanların Allah qarışısında bərabərliyi haqqında İslam inancı müsəlman qardaşlığının əsasıdır və milli ideyamızın formalaşmasına ciddi təsir göstərmişdir..
    Milli ideya – Azərbaycan xalqının əxlaqını, inancını, niyyətini, təbiətə və insana münasibətini, tarixindəki yerini, simasını, yaşam tərzini, gələnəklərə bağlılığını və gələcək haqqında arzularını cəmləşdirir. Bunlar bir yerdə həm də azərbaycanlıların başqa toplumlar sırasında yerini göstərir, onu tanıdır.
    Dözümlülük, mərhəmət, təbiət sevgisi, ocağa, ata-anaya, övlada bağlılıq, tarixə dərin sayqı, Vətən yolunda şəhadət sevinci, dünya malından imtina edib özünü haq dünyasına hazırlamaq gözütoxluğu, tale hökmünə, qəzayü-qədərə boyun əymək və bundan doğan biganəlik… Bütün bunlar Azərbaycan ərazisində yaşayan bütün xalqları, özəlliklərini qorunmaqla, vahid gücə çevirmişdirr və onların ümumi ideya qaynağıdır.
    XX yüz il qanlı dünya müharibələri qədər zərər verən qansız ideoloji müharibələrə yol açdı. Marksizm, Leninizm, Stalinizm, Sosializm… Bunlar insanı göylərdən, inancdan, mifdən, Allahdan qoparıb yerə endirdi və yerdə əzdi; ideya olaraq nə qədər parlaq görünsələr də yaşaya bilmədilər. Kollektivin şəxsiyyətə qarşı qoyulması, fərdin cəmin içində əriyib itməsi, xalqların min illərlə formalaşmış düşüncə, əxlaq, inanc və yaşayış sistemlərinin dağıdılması, onları manqurt, idarə olunan bir sürüyə, böyük əmək və qazanc alətinə çevrilmək istəyi uzun müddət yaşaya bilməzdi.
    Bunun adınca dünya liberalizmə, pasivizmə qədər bir çox başqa tez yanıb tez sönən izmləri dişinə vurandan, onların gətirdiyi fəlakətlərin şahidi olandan sonra bir ideologiyasızlaşdırma, rəsmi dövlət ideologiyalarını inkar dövrü başlandı.
    Lakin tezliklə bəlli oldu ki, aydın ideoloji xətt olmayanda dövlətin fikir yönəticiliyi oliqarx ideologiyasının, pul və ya qazanc mafiyasının, mason qruplarının əlinə keçir və bunlar maneəsiz at oynatmaq üçün ilk növbədə millətlərin tarix boyi biçimlənmiş mənəviyyat və əxlaq dəyərlərini ucuzlaşdırmaq, ləyaqət hissini sarsıtmaq, beyinləri təmizləmək, milli yaddaşı ləğv etmək yolunu tutur. Bu baxımdan Sosializmlə Kapitalizm bir-birindən az fərqlənir və heç biri ideal deyil.
    Böyük güclərin və dünya ağalığı iddəasında olanların, oliqarx birliklərinin qullandıqları gizli və pərdələnmiş silahlar çoxdur: kürəsəlləşmə təbliğatı, qitələrarası kompaniyaların, şirkətlərin, terror təşkilatlarının dövlət içində dövlət yaratmaq niyyəti, demokratiya transferi, feminizm, cins və şəxsiyyət varlığının, ailə düzəninin uçurum kənarına gətirilməsi, siyasi pandemiya, ideya ixracı və s.
    Bütün bunlar, həmin güclərin dünyada maneəsiz hərəkətinə yol açmaq işinə ximət edir..
    Təbii ki, ideyasızlaşdırmaq istəyinin uğursuzluğu dünyada yeni ideologiyalar axtarışını genişləmdirmişdir. Məsələn, Rusiyada belə ideologiyalardan birinin müəllifi, yazıçı-siyasətçi Sergey Qorodnikov zahirən diqqəti daha çox iqtisadi tərəqqiyə yönəlmişdir və hesab edir ki, “orta təbəqənin inkişafı və yeni iqtisadi siyasət nəticəsində ölkədə velikoruslar, beloruslar, ukraynalılar və bizə (ruslara – S.R.) yaxın olan xalqlar birləşəcəklər”. Göründüyü kimi, Rusiyanın bu yeni ideoloqu da milli ayrıseçkilik xəstəliyindən xilas olmamışdır.
    Etnik birliyi göstərən ulusal sözü ilə inanc birliyini ifadə edən milli sözü arasında fərq var, lakin bu fərq getdikcə itir və hər ikisi xalq, millət çərçivələrini ifadə edir.
    Sovet ideologiyası Azərbaycanı ümumtürk tarixindən və kökündən qoparıb Rusiyanın sayəsində dövlətçilik qazanmış, hətta adını, əlifbasını, sərhədlərini də sovet dönəmində müəyyənləşdirmiş cavan bir xalq kimi, tariximizi isə fars-İran tarixinin bir parçası kimi təqdim edirdi. Sovet Azərbaycançılığı respublika ərazisindəki azsaylı xalqları, etnik qurupları birləşdirsə də, təəssüf ki, bizi böyük türk dünyasından ayırırdı. Özünə sayqı göstərən, özünün var olmasını istəyən xalq kiçikliyindən-böyüklüyündən asılı olmayaraq heç bir xalqın əriyib itməsini, tarix səhnəsindən çəkilməsini istəməz. Sən ondan böyüksən, ancaq səndən də böyüklər var. Böyüklük məhv etmək haqqı vermir. Azərbaycan ərazisindəki xalqlar neçə min ildir heç bir rəsmi ideologiya, təbliğat olmadan da bir yerdədirlər, böyük Vətən anlayışının, gözəl Azərbaycan adının çətiri altındadırlar və qaynayıb qarışıblar. Bu coğrafiyada bütün xalqların adı qala-qala türklüyün unutdurulması və yasaqlanması, əslində gizli ayrımçılıq toxumu səpməkdən başqa bir şey olmamışdır.
    Bütün xain cəhdlərə, bizi özümüzdən uzaqlaşdırmaq, yadlaşdırmaq, kökümüzdən qoparmaq, böyük dünyamızdan ayırmaq siyasətlərinə baxmayaraq Azərbaycan türklüyü yeni intibah dörünə qədəm qoymuşdur.
    1988–ci ilin meydan olayları bu intibahın başlanqıcı idi. Heç nəyi unutdura bilmədilər. Nə türk və Turan sözlərini, nə Güney Azərbaycanı, nə İran deyilən ölkənin qədim türk yurdu olduğunu, nə Hind-Avropa mədəniyyəti adına çıxmaq istədikləri Şumer, Hun, Sak-işquz sivilizasiyalarını, nə Türk birliyi arzularını… Çünki bunların heç biri uydurma deyil, çünki bunların heç biri aqressiyaya xidmət eləmir, başqa xalqlara nifrətdən, işğalçılıq niyyətindən doğulmayıb. Bunla bir tərəfdən həmin o Hind-Avropa ideoloqlarının, Avropa xaçpərəstlik düşüncəsindən indiyədək qopa bilməyənlərin, Avropa mərkəzçilərinin, digər tərəfdən ərəb-fars işğalçılıq niyyətinin bizə unutdurmağa çalışdıqları, hissə-hissə əlimizdən aldıqları, unutdurmağa çalışdıqları ancaq sonadək bacarmadıqları dəyərlərimizdir, kökümüz. yolumuz, varlığımızdır.
    Yeni Azərbaycan düşüncəsi və milli ideologiyamız bu həqiqətin dərkindən başlanır. Azərbaycan respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimisdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspiralının, “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımızla tamamilə dəyişik bir müstəvidə baxacaqdır.
    Bu gün türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir.
    Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir.
    Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir.
    İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalnmaq istəmirsə Güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarını düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.
    Tarixin qədim çağlarında Quzey Azərbaycana-Bakıdan Dərbəndə və daha şimala doğru uzanan torpaqlara Türküstan, Arazın Güneyindəki yerlərə Turan deyirdilər. Azərbaycan eyni vaxtda həm Turan, həm Türürküstan idi. Sonra bu anlayışların sərhədləri genişlənmişdir. Azərbaycan türklüyün beşiyidir və 2009 –cu ildə Türk şurasının Naxçıvanda elan edilməsi də tarixi ədalətin təntənəsi idi. Bu il Türkiyədə Türk Dövlətlər Təşkilatının yaradılması bu yüzildə türk xalqlarının ən böyük qələbələrindən biridir. Türkün məsləhət, gənəşmək ideyası yenidən birliyimizin və bərabərliyimizin əsas şərtinə çevrilir. Gücümüz, iqtisadi qüdrətimiz qarşılıqlı anlaşmada və birliyimizdədir!
    Bütöv Azərbaycan və Turan birliyi ideyası yeni nəslin tərbiyəsində təməl cizgi olmalıdır!

    Sabir Rüstəmxanlı
    25.11.2021

  • Samir Əsədli: Türk Dövlətləri Təşkilatı Kremlin yuxularını qarışdırıb

    “Ya Çinə qarşı ABŞ-la əməkdaşlıq etməlidir, yaxud da postsovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmalıdır”
     
    Rusiya Xarici işlər naziri Sergey Lavrov yeni yaradılan Türk Dövlətləri Təşkilatından danışıb. Lavrov bildirib ki, Moskva Türk Dövlətləri Təşkilatına normal yanaşır və soydaşlarla əlaqənin dəstəklənməsində heç bir yanlış görmür. Lakin Rusiya XİN başçısı Kreml hansı məqamda narahatlıq duyacağına da toxunub.
    Lavrov əlavə edib ki, əgər kulturoloji proseslərdən, dil ənənələrinin dəstəklənməsindən, humanitar və təhsil mübadiləsindən söhbət gedirsə, burada qəribə heç nə yoxdur: “Biz özümüz bununla daha aktiv məşğul olmalıyıq. Lakin burada əməkdaşlığın hərbi aspektləri tətbiq olunsa, əlbəttə ki, bu, işin xeyrinə olmayacaq. Düşünmürəm ki, bu, nə Türkiyənin, nə də onun yeni yaradılan Türk Dövlətləri Şurası təşkilatından olan tərəfdaşlarının marağında olsun. Türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə Stokholmda görüşəcəm. Bu məsələni açıq şəkildə müzakirə edəcəyik. Burada yanlış bir şey görmürəm”.
    Ekspertlərin fikrincə, kifayət qədər açıq ifadə olunmasa da, Rusiyanın bu yöndə narahatlığı çoxdur. Kremldən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunmaq istəyi ilə bağlı verilən mesaj da təsadüfi deyildi. Türk siyasi gücünün yaranması, türkdilli dövlətlərin inteqrasiyası Rusiyanın regiondan sıxışdırılmasına gətirib çıxaracaq. Moskva görür ki, Türkiyə yaxın illərədək girə bilmədiyi Qafqazda bu gün çox ciddi geosiyasi gücə çevrilib. Gələcəkdə Zəngəzur dəhlizi ilə türk dünyasına körpü açılacaq ki, bu, türk dövlətlərini daha da gücləndirəcək. Türkiyə təkcə Qafqazda deyil, eyni zamanda, Mərkəzi Asiyada ciddi strateji niyyətlərinin olduğunu ortaya qoyur.
     
    Rusiya xarici işlər nazirinin üstüörtülü xəbərdarlığına diqqət çəkən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında deyib ki, dünyada yeni düzənin formalaşması, iqtisadi layihələrin effektiv şəkildə icrası və birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq qazanır. Partiya təmsilçisinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatları məhz belə bir zərurətdən yaranıb: 
    “Qurumun adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılması da  simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. Türk Dövlətləri Təşkilatı heç şübhəsiz, Rusiyanın regional iqtisadi-siyasi mövqelərini zəiflədən amil sayılır.
     
    Kreml bunun fərqindədir. Eyni zamanda Qərb də bundan yararlanmaq niyyətindədir. Lakin Təşkilat poliqon olmamaq üçün çalışır və müdafiə tədbirlərini gücləndirir. İndiki halda daha məqbul yol Rusiyanın Türk dünyası ilə ümumi işbirliyini genişləndirmək və Moskvanı bu ittifaqdan kənar tutmaqdır.
     Rusiya iki seçim arasındadır. Ya Çinə qarşı ABŞ-la əməkdaşlıq etməlidir, yaxud da postsovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmalıdır. Rusiyanın türklərlə anlaşmağa məcbur olacağı ehtimalı daha böyükdür”.
     
    S.Əsədli xatırladıb ki, türkdilli olmayan ölkələrin də TDT-yə müşahidəçi üzvlüyünə yol açılıb: 
    “Macarıstan artıq presedentdir. Müşahidəçi üzvlük üçün gözləyən 15 ölkə arasında Pakistan və Ukraynanın da ola biləcəyi istisna deyil. Yəni Türk Dövlətləri Təşkilatı Avrasiyada yeni güc mərkəzi kimi dirçəlir. Ona görə də ən ağıllı yol bu blokla dost olmaqdır, düşmən yox”.
  • Vətəndaş Həmrəyliyi Partiyası Saleh Rüstəmliyə azadlıq istəyir

    Vətəndaş Həmrəyliyi Partiyası həbsdə olan Saleh Rüstəmli ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “Qarabağ qazisi, Gədəbəy rayonunun sabiq icra başşısı Saleh Rüstəmli  7 il həbsə məhkum edilib, 20 gündən artıqdır ki, qanunsuz həbs olunmasına etiraz edərək aclıq aksiyası keçirir. Onu hər an itirə bilərik. Bu, şəhidlərimizin ruhuna, qazilərimizə qarşı hörmətsizlik və hamımız üçün, utanc yeri olar. Saleh Rüstəmli barədə çıxarılan hökm Azərbaycan Prezidentinin 10 Fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam ilə, bəyan etdiyi yeni hüquq islahatları siyasətinə uyğun olaraq  yüngülləşdirilə və azadlığa buraxıla bilər. Biz inanırıq ki, hakimiyyət həyatı təhlükədə olan tanınmış  Qarabağ qazisinin taleyinə biganə qalmayacaq, onun aclıq aksiyasını dayandırması və həbsdən azad edilməsi üçun təxirə salınmaz tədbirlər görəcəkdir”.

  • VHP rayon təşkilatlarında ictimai siyasi müzakirələr

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mingəçevir şəhər və Tərtər rayon təşkilatı Məclis toplantısı keçiriblər. Yığıncaqda təşkilati məsələlər, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran işlər müzakirə edilib.
    Mingəçevir şəhər təşkilatının sədri Mübariz Camıyev və Tərtər rayon təşkilatının sədri Nizami İsmayılov ictimai-siyasi proseslərlə bağlı məruzə ediblər, təşkilatın fəaliyyəti barədə məlumat veriblər. Təşkilat sədrinin çıxışlarından sonra məclis üzvləri müzakirələr aparıb. Müzakirələrdə ölkədəki ictimai siyasi durum geniş təhlil edilmiş, sosial problemlərə xüsusi diqqət yetirilərək vətəndaşların sosial halının getdikcə pisləşməsi tənqid olunmuşdur. Bildirilmişdir ki, Vətən savaşındakı Zəfərin yaşatdığı milli qürurun daim zirvədə saxlanması üçün hər bir vətəndaşın həyat şəraiti dpvlətin diqqətində olmalı, müvafiq iqtisadi sosial layihələr dövlət tərəfindən həyata keçirilməlidir.

    VHP Mingəçevir ŞT
    VHP Mingəçevir ŞT
    VHP Tərtər RT
    VHP Tərtər RT