Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP Baydenin qondarma soyqırım bəyanatına etiraz etdi

    Aprel ayının 24-də ABŞ prezidenti Cozef Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlərə Türkiyə dövləti cavab olaraq bildirib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Bunun üçün hər cür kömək göstərməyə hazır olduqlarını dəfələrlə bildirsələr də, lakin hər dəfə erməni tərəfi və havadarları  yalanlarının üzə çıxacağından qorxaraq bu təklifi qəbul etməyiblər.

    Bu bəyanata etiraz olaraq Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, ABŞ höküməti ən yeni tarixdə baş vermiş və həqiqi dəlillərlə orta olan Xocalı soyqırımını tanıması daha ədalətli olardl. Bütün sübut olunmuş Xocalı həqiqətini görməzdən gələn ABŞ-in Türkiyəyə saxta ittihamlarla təzyiq göstərməsi yolverilməzdir. Erməni silahlı dəstələrinin törətdikləri soyqırımları, dinc əhaliyə qarşı etdikləri vəhşilikləri sadalamaqla bitirmək olmaz. Lakin bütün bu tarixi faktlara baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

    Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.

    Riyakarlıq təkcə Baydenin bəyanatı ilə bitmir indi də ABŞ senatorları Amerika Erməni  Milli Komitəsinin və erməni kapitalının təsiri altında “ erməni soyqırımı” yalanını orta məktəb dərsliklərinə salınmasına çalışırlar və bunun üçün büdcədən 10 milyon dollar ayrılıb.

    Təkcə son on illliklərdə ABŞ-ın Əfqanıstanda, İraqda, Suriyada və digər bölgələrdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız dinc insanların qətlə yetirilməsinin hesabı kimdən sorulmalıdır?

    Vətəndaş Həmrəyliyi Partiyası  ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı”nı dəstəkləməsini qətiyyətlə pisləyir. Tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç bir məqsədlərinə çatmayacaqlar. Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcəkdir

     

     

     

     

     

     

  • Millət vəkili Fəzail İbrahimli seçicilərlə görüşüb

    Milli Məclisin sədr müavini, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatı Fəzail İbrahimli seçicilərlə görüş keçirib. Respublika vəkillər kollegiyası ilə birlikdə seçicilərə hüquqi yardim çərçivəsində Cəlilabad şəhərində keçirilən görüşdə Cəlilabad, Masallı və Biləsuvar rayonundan olan seçicilər iştirak edib. Görüş zamanı seçicilərlə fərdi qaydada görüşən millət vəkili Fəzail İbrahimli onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

    Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

     

    Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

  • Azərbaycan dünyanın mərkəzinə çevrilir, bu universitet mütləq yaradılmalıdır – Sabir Rüstəmxanlı ilə MÜSAHİBƏ

    Milli Məclisin aprel ayının 12-də keçirilən iclasında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Bakıda Dünya Azərbaycanlıları Universitetinin yaradılması təklifi iıə çıxış edib.
     
     
    Bakupost.az -ın əməkdaşı millət vəkili ilə görüşüb, qaldırdığı məslə ilə bağlı bəzi suallara cavab alıb.

    Müsahibəni təqdim edirik:
    – Sabir bəy, belə bir universitetin yaradılması ideyası əvvəldən də var idi, yoxsa yenidir? Yenidirsə, bu zərurət haradan yaranıb?
    – Bu təkliflə ilk dəfədir çıxış edirəm. Dünyada, bölgədə gedən çətin proseslərə baxmayaraq, biz yeni bir tarixin, yeni bir başlanğıcın astanasındayıq. Bizim tariximiz üçün son dərəcə işıqlı, gözəl bir dönəmə qədəm qoyuruq. Bu da ondan ibarətdir ki, illərlə həsrətində, arzusunda olduğumuz Türk Dünyası Birliyi, Türk Dövlətləri Təşkilatı yaranıb. Türk dövlətləri arasında iqtisadi, mədəni, mənəvi, siyasi əlaqələr güclənir. Müxtəlif ortaq qurumlar yaranıb. TÜRKSOY-dan başlayaraq türk akademiyası, türk parlamenti və digər başqa təşkilatlar da var. TİKA türk dövlətlərinin inkişafına yardım edir. Xüsusilə Azərbaycan ilə Türkiyə qardaşlığını gücləndirmək, dövlətlər arasında yaxınlığı daha da artırmaq üçün çox ciddi addımlar atır, qanunlar qəbul olunur, nazirliklər arasında müştərək anlaşmalar bağlanılır, bəyanatlar verilir. Şuşa Bəyənnaməsi bunun zirvəsidir. Türk dövlətləri hərəsi öz müstəqilliyini, suverenliyini saxlayır. Amma eyni zamanda bu dövlətlər Avropa Birliyinə bənzər ümumi bir birlik yaradırlar. Burada çox mühüm addımlar atıla bilər. Gömrük, pul, ümumi iqtisadi birlik ola bilər. Belə bir maraqlı proses gedir. Bu prosesin içində Azərbaycan mərkəzi mövqedədir. Azərbaycan öz 50 milyonluq nüfuzu ilə Türkiyə və Türküstan arasında bir körpüdür. Şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu işin bir tərəfidir.

    Ukrayna ilə Rusiya arasında müharibə göstərdi ki, Rusiyaya Avropanın, Amerikanın yanaşması bu gün son dərəcə mənfidir, amma həm də Avropa çox ciddi şəkildə Rusiyadan enerji asılılığı içindədir. Yəni, Rusiyadan qaz, neft, xammal asılılığı var. Ona görə də Rusiyanın haqsız olduğunu bilə-bilə bir çox məsələlərdə qətiyyətli addım ata bilmirlər. Ukraynanın arxasında dayanmaqla ədalət, haqq işi, demokratiyanın, beynəlxalq münasibətlərin tələbləri içində dəstək verirlər. Amma eyni zamanda Rusiyadan enerji asılılığı da qalır. Bunun alternativ variantlarını axtarırlar. Almaniya kansleri deyir ki, biz qısa müddətdə Rusiyadan asılılığa son qoyacağıq. Düzdür, həmin yolları axtarırlar. Norveç dənizində neft və qaz var, amma Avropaya yetmir. İndi Azərbaycan burada həlledici rol oynayır, Türkiyə üzərindən Avropaya qaz verir. Amma bu da yetərli olmaz. Ona görə də ən uğurlu alternativ variant Türkiyə-Azərbaycan üzərindən Türküstana, Mərkəzi Asiyaya çıxmaqdır. Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın böyük yanacaq ehtiyatları var və buna bazar axtarırlar. Hətta Türkmənistan Çinə də qaz verir. Eyni zamanda İranın, İraqın böyük ehtiyatları var. Bütün bunlar Avropanın enerji təhlükəzliyini təmin edə bilər. Türkiyə və Azərbaycan birliyi bu gün Avropa üçün də son dərəcə önəmlidir. Rusiya ilə də münasibətlər qorunur, bu da ayrı bir məsələdir.

    Bu konteksdə Azərbaycanın dünyaya açılması və öz yüksək səviyyəli kadrlarını yetişdirməsi son dərəcə önəmlidir. Bizim ən ciddi qayğımız Güney Azərbaycandır. Yəni İranda yaşayan türklərdir. Onların öz təhsil sistemi var, amma hamı fars dilində oxuyur, öz ana dilində oxumurlar. Təhsilin şaxələnməsi də orada fərqlidir. Ona görə də İrandan Azərbaycana həm türklər, azərbaycanlılar, həm də farslar gəlirlər, bizim universitetlərimizdə oxuyurlar. Daha çox İranın ehtiyacı olduğu ixtisaslar üzrə; eyni zamanda Mədəniyyət Universitetində. Vaxtı ilə mən özüm İrandan öz hesabıma 50 uşaq oxutmuşam. Nazir işlədiyim vaxt. Təhsil haqqı az idi. İndi Tibb Universitetində təhsil haqqın hər tələbə üçün 4 min dollardır.
    Bu il də yenə Güney Azərbaycandan mənə müraciət edənlər var. Ailələr var ki, uşaqlarını Azərbaycanda oxutmaq üçün köçüb gəliblər. Burada ən aşağı işlərdə işləyirlər ki, təki uşağımız ana dilində oxusun. İranda da iqtisadiyyat ağır vəziyyətdədir. Ailələr təhsil haqqını verə bilmirlər.
    Bizim təhsil qanununa görə xaricdə yaşayan soydaşlarımıza Azərbaycanda güzəştlər tanımalıyıq. Heç bir güzəşt yoxdur. Güneydə, başqa yerlərdə yaşayan soydaşlarımız ilə siyasi birliyimiz yoxdur, param-parçadır tarixi Azərbaycan əraziləri. İldən-ilə uçurumlar dərinləşir. Fars məktəblərini bitirənlər fars ağzı ilə danışırlar. Sanki Azərbaycanca danışır, amma farsdan az seçilir.
    Burada oxumaq istəyənlər çoxdur. Lakin çətinliklə üzləşəndə Ermənistana, başqa yerlərə gedirlər. Orada onlar üçün yaxşı şərait yaradırlar. Bu bir siyasətdir. Dəfələrlə universitet rektorlarına, hətta Nazirlər Kabinetinə müraciət etmişik. Vəziyyət dəyişilmir.
    – Azərbaycanda belə bir universitetin yaradılması İranla münasibətlər mənfi təsir göstərməz ki?
    – Bizim İranla yaxşı münasibətlərimiz var və bu münasibətlər qorunmalıdır. Bu gün Azərbaycanda iki Rusiya universitetinin filialı var. Fransız liseyi, fars məktəbi də mövcuddur. İndi İtaliyan universiteti açmaq nəzərdə tutulub. 100 mindən çox gəncimiz rus məktəblərində oxuyur. Bir çox universitetlərimizdə təhsil ingilis dilindədir. Yeni nəslimiz, gəncliyimiz müxtəlif dillərə paylaşa-paylaşa axırda heç Azərbaycan dilində oxuyan qalmayacaq. Hesab edirəm ki, bu gün Türkiyə ilə müştərək universitetin açılması vacibdir. Bir vaxt Qafqaz Universiteti vardı. Məlum oldu ki, Fətullah Gülənin adamlarına bağlıdır və universitet bağlandı. Amma biz Türkiyə dövləti ilə rəsmi anlaşma ilə Azərbaycanda Türkiyə universiteti açmalıyıq. Türkiyə ilə Azərbaycan iş adamları Qarabağın dirçəlişində bir yerdədirlər. Hər iki ölkənin iqtisadiyyatını bilən mütəxəssislər yetişməlidir. Hərbi layihələr həyata keçirmək üçün bu universitet mütəxəssislər yetişdirməlidir. Belə bir universitet həm də dünya azərbaycanlıları üçün qurulmalıdır. Təkcə İrandan gələn azərbaycanlılar üçün yox, həm də Amerikadan, Rusiyadan, Avropadan, İraqdan olan soydaşlarımız üçün bu, böyük hədiyyə olar; orada bir sıra uşaqların dövlət hesabına və yaxud müəyyən güzəştlərlə təhsili təmin olunsa, bu, gələcək milli inkişafımıza son dərəcə ciddi bir təkan verər. Bu gün bu ideyanı mən deyirəm. Güman edirəm bu işə nə qədər tez başlansa o qədər xeyirdir. Bu gün də olmasa, sabah, 3-5 ildən sonra olacaq. Parçalanmış xalqımızın ümumi mədəniyyət mühitinin qorunması üçün belə bir universitetə ehtiyac var. Hesab edirəm ki, Təhsil Nazirliyi və əlaqədar idarələr, Nazirlər Kabineti bu barədə düşünəcək.
    – Bu məsələylə bağlı aidiyyəti qurumlara rəsmi müraciətiniz olacaqmı?
    – Milli Məclis ölkənin ən yüksək tribunasıdır. O eşidilir. Hesab edirəm ki, Azərbaycan Prezidenti belə məsələlərə həssas yanaşır. Sadəcə büdcə problemləri həll olunsa, belə bir universitet dünya azərbaycanlıları üçün çox yaxşı olar. Yaxın vaxtlarda Şuşada dünyadan dəvət olunmuş yüzlərlə azərbaycanlının iştirakı ilə növbəti Dünya Azərbaycanlıları Qurultayı keçiriləcək. Ola bilsin biz iştirak etməyəcəyik. Çünki orada yer məhduddur və daha çox qonaqlar üçün şərait yaradılır. Mən Dünya Azərbaycanlıları ilə Koordinasiya Mərkəzinin üzvüyəm. O mərkəzin üzvü, Dünya Azərbaycanlıları Konqresinin sədri olaraq dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılarla əlaqə saxlayıram. Onların da hamısının istəyi odur ki, belə bir universitet yaradılsın. Ad önəmli deyil. Adını Şərq universiteti də qoymaq olar. Vaxtı ilə bizim Neft-Kimya Institutunda dünyanın müxtəlif ölkələrindən gəlib oxuyurdular. Onların bəziləri gedib öz ölkələrində böyük vəzifələr daşıyıblar, prezident olanı da var. Qarabağ məsələsini anlatmaq üçün onların görüşünü burada keçirmək olar. Bu təklifi o vaxt Diaspor Komitəsinə vermişdim. O vaxt oxutmuşduq, qoy Azərbaycanın təbliğatçısına çevrilsinlər. Dünya Azərbaycanlıları Universiteti öz soydaşlarımıza xidmət edəcək. Azərbaycanın indiki inkişafı fonunda o universitet maddi baxımdan çox böyük ziyan vurmaz. Həm də tələbələrin bir hissəsi öz hesabına oxuyar, bir hissəsi də dövlət hesabına. Orada Azərbaycan tarixi, dili, mədəniyyəti də yüksək səviyyədə öyrədilə bilər. Buradan gedənlər də Azərbaycanın dostu, övladı kimi dünyanın hər yerində çalışarlar. Hökmən deyil ki, universitet Bakıda yerləşsin, Şuşada, Füzulidə ola bilər. Adını Şərq və ya Füzuli universiteti də qoymaq olar, amma dünya azərbaycanlıları üçün olsun.
    Türkiyənin demək ola ki, bütün universitetlərinə azərbaycanlı müəllimlər var. Təbii ki, Türkiyədən də bura gələnlər var. Həmin universitetlərdən, dünyanın müxtəlif yerlərində yaşayan görkəmli mütəxəssislərimizdən bəzilərini bu işə cəlb edə bilərik. Bir sözlə Azərbaycanda nümunəvi, gözəl bir universitet yaratmaq olar.
    – Güneydən Azərbayacana oxumaq üçün gələnləri sayı çoxdur?
    – Əvvəl daha çox idi. İndi biz az azalıb. Kərkükdən də gəlmək istəyənlər vardı. Belə bir şərait yaransa təbii ki, müəyyən limit olacaq. Dövlət qapıları açıb hər kəsi ora buraxmaz. Şübhəsiz tələb çox böyükdür. Amma eyni zamanda imkanlar da nəzərə alınacaq. Soydaşlarımız İraqda, İranda ərəb əlifbası ilə oxuyurlar. Burda latın qrafikasını daha yaxşı öyrənəcəklər. Harada azərbaycanlılar yaşayır bizim onlarla ciddi mənəvi körpülərimiz salınmalıdır. Biz bu gün İrana deyə bilmirik ki, bizim orada yaşayan 35-40 milyon soydaşımız üçün məktəb açın. Arada da deyirlər ki, biz hazırıq, amma müəllim yoxdur. O müəllimləri biz yetişdirə bilərik. Sadəcə əlifbanı bilməklə, 3-5 şeir əzbərləməklə müəllim olmur. Pedaqogika ciddi bir işdir. Gec-tez İranda türk dilində məktəblər açılacaq. İran parlamentində də bu tələb səslənir. Bəhanə olmaması üçün mütəxəssis yetişməlidir. Azərbaycan ilə İranın münasibətləri inkişaf edir. Günün birində İran ilə bunu da anlaşmaq olar ki, soydaşlarımız üçün ana dilində məktəblər olsun.
    – Qeyd etdiniz ki, indi İrandan Ermənistana axın çoxalıb, orda daha münbit şərait yaradılır, güzəştlər edilir. Nədən ibarətdir bu şərait, güzəşt?
    – Əslində, bu, bir siyasətdir. Ermənistana getmək, orda təhsil almaq daha ucuz başa gəlir. Fikir verin, Novruz bayramında bizə Güneydən on minlərlə qonaq gəlirdi. İndi həmin o adamların üzü dönüb Ermənistana. Niyə? Səbəb bizdəki bahalıq və bürokratik əngəllərdir. Dünya azərbaycanlılarının növbəti qurultayında Qələbəmiz, Qarabağda görülən işlər haqqında danışacağıq, hamı böyük sevinclə qulaq asıb gedəcək. Amma suallar da səslənir ki, Azərbaycanın sərhədləri niyə bağlıdır? Rusiya Dağıstan üzərindən Gürcüstana gedə bilir, amma Azərbaycanın hər tərəfindən quru sərhədləri bağlıdır. Niyə? Bu xəstəlik artıq qurtarıb.
    Universitet məsələsi parçalanmış Azərbaycanın milli siyasəti olmaqla yanaşı, eyni zamanda türk dünyasının gələcəyinə yönəlmiş və birlik siyasətinə yardım etmək üçün atılan bir addımdır. Təhsildən yüksək dəyər və əlaqə vasitəsi yoxdur.

  • Fəzail İbrahimli – 71

    Bu gün VHP sədrinin müavini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini və komitə sədri, millət vəkili, prof. Fəzail İbrahimlinin doğum günüdür.
    Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var. 2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.
    2020-ci ildə müstəqillik tariximizdə ilk dəfə müxalifətdən olan deputat kimi vitse-spiker seçilib. Ömrünün yetmiş birinci baharına qədəm qoyan Fəzail bəyi ürəkdən təbrik edirik.
    Xarakterində yüksək insani keyfiyyətləri cəmləşdirən, xalqına, dövlətinə bağlı olan, uşaqdan- böyüyə hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşan, sevgi bəsləyən və onlara xidmət etməyi özünə şərəf bilən Fəzail İbrahimli Millət vəkili olaraq daim xalqın yanında olmuş, onun problemlərinin aradan qaldırılması uğrunda cəsarətli çıxışları ilə seçilir, həmin problemlərin həlli yolunda ardıcıl fəaliyyət göstərir. Fəzail İbrahimli siyasətçi, deputat olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış alimidir. Uzun illərdir Milli Məclisdə təmsil olunur. İctimai-siyasi sahədə böyük təcrübəyə malikdir, belə insanların təcrübəsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi bu sahələrin hər birində Fəzail bəyin xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır.
    VHP Siyasi Şurası olaraq, bütün VHP üzvləri adından böyük ziyalılıq keyfiyyətləri ilə hər birimizin sevimlisinə çevrilən dəyərli partiyadaşımızı, millət vəkilimizi, müasir Azərbaycan siyasətinin tanınmış simalarından biri olan, ardıcıl mövqeyi ilə, prinsipial xətti ilə fərqlənən, qayğıkeş ailə başçısı olan Fəzail bəyi doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə sevinci, çətin və şərəfli fəaliyyətində yeni – yeni nəaliyyətlər diləyirik.

    Hörmətlə,
    VHP Siyasi Şurası

  • VHP Brüssel görüşünü yüksək dəyərləndirib:”Ermənistanın nicatı Azərbaycanın bütün tələblərini yerinə yetirməkdədir”

    Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra dünyanın bir çox siyasi, hərbi mərkəzlərini özü ilə hesablaşdırmaqdadır. Bu sırada illərlə Ermənistanın işğalçılıq soyasətinə göz yuman Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi reallıqları qəbul etməsi xüsusilə diqqət çəkir. Azərbaycan Ermənistan danışıqlarında aktivlik göstərən Avropa İttifaqının Cənubi Qafqazda sülhün təmin edilməsi üçün sülh müqaviləsinin tezliklə imzalanmasına çalışması sirr deyil. Brüsseldə keçirilən son görüş də bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Brüsseldə keçirilən görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan özünün haqlı-ədalətli mövqeyini dünyaya qəbul etdirə bilib. Diqqət yetirsək görərik ki, Avropa İttifaqının yanaşması bütövlükdə, Azərbaycanın haqlı maraqlarına tam uyğundur. Göründüyü kimi, Avropa İttiffaqı Şurası Prezidenti Şarl Mişellin üçtərəfli görüşün yekununa dair bəyanatında Azərbaycan üçün vacib olan bütün məqamlar öz həllini tapıb. Beləliklə, Azərbaycanın bu gün fəaliyyəti dəstəkləndiyi istiqamətlər bütövlükdə Avropa İttifaqı tərəfindən də dəstəklənir Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir. Görüşlə bağlı yekun sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi, münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial mövqeyinin açıq ifadə olunması dövlətimizin diplomatik uğuru kimi qiymətləndirilməlidir. Vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmiryolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu, Zəngəzur dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır.  Xüsusilə Aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə edilməsi əhəmiyyətli hadisədir. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi ilə məşğul olacaq. Eyni zamanda, sülh sazişi ilə bağlı ortaya qoyulan mövqe də təqdirəlayiqdir.Ümumiyyətlə, Brüssel görüşü Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi.

    Azərbaycanın marağı bütün vasitələrdən istifadə etməklə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya olunmasına başlamaq, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınmasına nail olmaqdan ibarətdir. Eləcə də region dövlətləri arasında bütün kommunikasiya xətlərinin açılması ilə regional əməkdaşlığı bərpa etmək, canlandırmaq və bununla da bölgədə sülhü və təhlükəsizliyi möhkəmləndirmək Azərbaycanın məqsədidir.
    Ermənistanın maraq və məqsədləri isə tam fərqlidir. Ermənistan yaxşı bilir ki, müharibə hansı dövlətin səyləri nəticəsində dayandırılıb və onu da bilir ki, imzaladığı üçtərəfli bəyanatlarda hansı öhdəlikləri öz üzərinə götürüb. Amma həmişə olduğu kimi, bu dəfə də öz öhdəliklərini yerinə yetirməkdən yayınmaq üçün vaxtaşırı üzünü Qərbə tutur, manevrlər etməyə cəhd göstərir. Sərhədyanı bölgələrdə və Azərbaycan ərazisində təxribatlar törətməklə, münaqişənin başa çatmadığı haqqında təsəvvür yaratmağa və bu bəhanə ilə bölgəmizdən uzaqda yerləşən digər güc mərkəzlərinin diqqətini yenidən bu bölgəyə cəlb etməyə çalışır. Ermənistan hakimiyyəti düşünür ki, Qərbdə kök salmış erməni diasporunun dəstəyi ilə beynəlxalq təşkilatların Azərbaycana təzyiq göstərməsinə nail ola bilər və bu yolla hansısa öhdəliklərini yerinə yetirməkdən yayına bilər. Amma bu mümkün deyil, Ermənistanın nicatı Azərbaycanın bütün tələblərini yerinə yetirməkdədir.

    VHP Analitik Mərkəzi

  • Samir Əsədli: “Avropa İttifaqının tərəfləri sülhə yaxınlaşdırması faktiki olaraq Minsk qrupunun üzərindən xətt çəkib”

    Brüssel razılaşması yeni vəziyyət yaradıb

    Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək taleyinin necə olacağını bilmədiyini deyib. Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bildirib ki, bu qeyri-müəyyənliyin səbəbi ABŞ və Fransanın mövqeyilə bağlıdır. Onun sözlərindən belə məlum olub ki, ABŞ və Fransa Qarabağla bağlı ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib: “Bu qrupdakı fransız və amerikalı partnyorlarımız rusofob çılğınlıqla, Rusiya Federasiyası ilə bağlı hər şeyi ləğv etmək cəhdi ilə bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildirdilər. Əgər onlar Qarabağda və bütövlükdə Zaqafqaziyada nizamlama maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”. 
     
    Rusiya XİN rəhbəri vurğulayıb ki, fransalı və amerikalı tərəfdaşları Moskva ilə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT-in Minsk qrupunun həmsədrlər “üçlüyü”nü də ləğv ediblər: “Rusiya belə yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək. Onun sözlərinə görə, rəsmi Moskva Qarabağdakı vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqdir”. Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasına çağırış edib.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin birgə bəyanatları, ardınca Brüsseldə keçirilən görüşlər yeni vəziyyət yaradıb. Partiya təmsilçisinin sözlərinə  görə, Azərbaycan-Ermənistan konfliktinin həlli ilə bağlı proses faktiki olaraq ATƏT-in Minsk qrupu çərçivəsində getmir:
     “Əslində Rusiyanın baş diplomatının son fikirləri ara qarışdırmağa xidmət edir. Avropa İttifaqının rəhbəri Minsk qrupundan danışmır. Tərəflər özləri danışıqlar nəticəsində sülh sazişi imzalanacağına ümid ifadə edirlər. Faktiki olaraq Rusiya münaqişənin həllində iştirakdan kənarlaşmaqdadır və bunun həyəcanını yaşayır. Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşdə “Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək” bəyanatı Kremlin niyyətini tam şəkildə ortaya qoyur”.
     
    S.Əsədli bəyan edib ki, ATƏT-in Minsk qrupunun “fəaliyyətinə” Azərbaycanın müzəffər ordusu son qoyub:
     “Azərbaycan əsgəri BMT-nin 4 qətnaməsini özü icra edərək erməni işğalına son verdi, tarixi torpaqlarımızı azad etdi. Minsk qrupu keçmiş tarixdir. Qrupda 11 üzv olmasına baxmayaraq, üç həmsədr ölkə institutu təsir altında saxlayırdı. Xüsusilə, Rusiya və Fransa bu məsələdə canfəşanlıq edirdi. Sentyabrın 27-dən etibarən Fransa ermənipərəst mövqeyini gizlədə bilmədi və açıq şəkildə erməni işğalçılarına dəstək verdi. Rusiya da açıq-aşkar Ermənistana hərbi yardım göstərdi. Bu faktların özü Fransa və Rusiyanın vasitəçiliyinin üstündən xətt çəkməyə kifayət edir. Üçlü həmsədr formatı de-fakto mövcudluğunu itirib”.

  • VHP Lənkəranda bölgə müşavirəsi keçirdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Lənkəran, Lerik, Astara, Cəlilabad və Masallı təşkilatlarının rəhbərləri ilə bölgə müşavirəsi keçirildi.

    Müşavirədə partiyanın, rayon təşkilatlarının fəaliyyəti, VHP-nin 30 illik yubileyi və qarşıda duran işlər müzakirə edilib.
    VHP sədrinin müavini Samir Əsədli ictimai-siyasi vəziyyət, qarşıda duran işlər, Masallı rayon təşkilatının sədri Faiq Ağayev, Lerik rayon təşkilatının sədri Həşim Nəsirov, Astara rayon təşkilatının sədri Səfərəli Teymurzadə, Cəlilabad rayon təşkilatının sədr müavini Elbrus Əhmədov çıxış edərək rayon təşkilatlarının fəaliyyətindən danışıblar.

  • VHP üzvləri II Şəhidlər Xiyabanını ziyarət etdi

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası fəalları Aprel döyüşlərinin ildönümü ilə bağlı İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli, VHP Ali Məclisinin üzvü Mədət Rüstəmxanlı, DAK İdarə Heyətinin üzvü, şair-publisist Babək Muğanlı və digərləri çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.

    Xatırladaq ki, 2016-cı il  aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu həlak olub. Düşmənə on dəfələrlə ağır itki verilib,strateji Lələtəpə yüksəkliyi azad edilib.

     

    Faiq Balabəyli,

     

     

  • Samir Əsədli: “Ukrayna hadisələri isə göstərdi ki, işğalçılıq və imperializmin zərbəsi bumeranq kimi qayıdıb Rusiyaya dəyir”

    Rusiyanın Ukraynadan sonra Gürcüstana təzyiqi artıracağı ehtimal olunur
     
    “İndiki şəraitdə baş verənlər Kremlin Ukrayna məğlubiyyətini unutdurmaq üçün uğursuz cəhdləridir”
        İşğalçılıq siyasətinə görə Qərbin ciddi təzyiq və sanksiyalarına məruz qalan Rusiya bir sıra bölgələrdə separatçılığı dirçəltməyə çalışır. Ötən gün Gürcüstanda separatçı “Cənubi Osetiya respublikası”nın qondarma “prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda “hüquqi prosesə” başlayacaqlarını elan edib. Analitiklər bunun birbaşa Moskvanın təlimatı olduğunu bildirirlər.
    Onların fikrincə, geosiyasi qarşıdurma Gürcüstan üzərindən Cənubi Qafqaza köçürülmək istənir. Rusların Ukraynaya hücumundan sonra rəsmi Tbilisi maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini intensivləşdirdi. Rusiyanın Ukraynadan sonra Gürcüstana təzyiqi artıracağı deyilir. Abxaziyanın da Cənubi Osetiyanın yolu ilə gedəcəyi istisna deyil. Ehtimallara görə, Kreml Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi məsələsindən ilk dövrdə Tbilisinin siyasi xəttinə təsir etmək məqsədilə istifadə edə bilər. Yekun qərar isə hadisələrin inkişafına uyğun olacaq.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bu prosesin illərdir aparıldığını deyib. Partiya təmsilçisi vurğulayıb ki, Rusiya beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa davam edir: 
    “Moskva 2000-ci illərin əvvəllərindən başlayaraq Gürcüstanın işğal altında olan regionlarında yaşayan əhalinin məcburi pasportlaşdırılmasını həyata keçirir. Bundan Gürcüstana qarşı qeyri-legitim və hibrid alət kimi istifadə edir. Beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Artıq 30-32 ildir Moldovada Dnestryanı, Gürcüstan ərazisində Cənubi Osetiya və Abxaziya və 8 ilə yaxındır Donetsk və Luqanskdakı separatçı-terrorçu rejimlər mövcuddur. Putinin Donbasdakı qondarma qurumların “müstəqilliyi”ni tanıması bir daha göstərdi ki, keçmiş SSRİ məkanındakı bütün separatçı qurumların arxasında məhz Kreml dayanır.
     
    Ukrayna hadisələri isə göstərdi ki, işğalçılıq və imperializmin zərbəsi bumeranq kimi qayıdıb Rusiyaya dəyir. İndiki şəraitdə baş verənlər Kremlin Ukrayna məğlubiyyətini unutdurmaq üçün uğursuz cəhdləridir. Fikrimcə, yaxın vaxtlarda bunun da adekvat cavabı veriləcək”.
  • “Arif Rəhimoğlu hərəkatın ziyalı qanadını təmsil edən, fikir öndəri və vətən fədaisi idi”

    Arif Rəhimoğlu
    Arif Rəhimoğlu
    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    Milli azadlıq hərəkatının fəallarından olan Arif Rəhimoğlu dünyasını dəyişib.

    Axar.az xəbər verir ki, bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

    O qeyd edib ki, Arif Rəhimoğlu Vətəndən uzaqda – İsveçin Höteburq şəhərində gözlənilmədən vəfat edib:

    “Çətin ürək əməliyyatı keçirsə də, sağlamlığını bərpa etmişdi və saatlarla davam edən son görüşümüzdə milli taleyimiz və Azərbaycanın bütünlüyü baxımından ciddi dəyər daşıyan xeyli yaradıcılıq planlarından danışmışdı. Arif bəylə 1988-ci ildə, Milli Azadlıq Hərəkatının yüksələn günlərində tanış olmuşdiq. O, hərəkatın ziyalı qanadını təmsil edən, təmkinli, ciddi analitik təfəkkürü olan, özünü gözə soxmayan bir alim, fikir öndəri və vətən fədaisi idi. Azərbaycan diaspor təşkilatlarının tariximiz, mədəniyyətimiz, milli ideallarımız baxımından maarifləzinməsində çəkdiyi zəhmət yüksək qiymətə layiqdir. Allah rəhmət eləsin!”

    Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.

    20 kitab və 250-dək elmi məqalə müəllifidir.

    Arif Rəhimoğlu 2003-cü ildə İsveçə mühacirət edib.