Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • “Sabir Rüstəmxanlının yaradıcılığında tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda konfrans keçirilib

    AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Xalq şairi, Milli Məclisin deputatı “Sabir Rüstəmxanlının yaradıcılığında tarixi yaddaş və milli təfəkkür məsələləri” mövzusunda elmi konfrans keçirilib.

    İnstitutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə qarşıdan gələn Zəfər Günü ilə bağlı tədbir iştirakçılarını təbrik edərək, tarixi yaddaş və milli təfəkkürün müasir cəmiyyətlərdə vacib rol oynadığını vurğulayıb. Sonra Sabir Rüstəmxanlının yaradıcılığına nəzər salaraq, bu barədə ətraflı çıxış edib.

    Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d Eynulla Mədətli “Sabir Rüstəmxanlı: şəxsiyyəti və yaradıcılığı ilə tarixi yaddaşı oyadan və yaşadan mütəfəkkir” mövzusunda çıxış edib.

    Eynulla Mədətli Sabir Rüstəmxanlı yaradıcılığını geniş təhlil edərək Azərbaycanın milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində xeyli işlər gördüyünü vurğulayıb. Şairin “Ömür kitabı”nın böyük zəhmət və zəka abidəsi olduğunu deyən natiq, o dövrdə belə bir kitabı yazmaq böyük cəsarət tələb etdiyini də qeyd edib.

    “Sabir Rüstəmxanlı şeir və romanları ilə yox, milli təfəkkür və şəxsiyyəti ilə xalqın sevgisini qazanıb. Sabir müəllim tək şair və yazıçı kimi yox, siyasi və ictimai xadim kimi də sevilir. Sabir Rüstəmxanlı ictimai xadim kimi bu illər ərzində həm ölkə daxilində, həm də ölkədən kənarda dövlətimizə və dövlətçiliyimizə qarşı olanlarla mübarizə aparıb”,- deyə Eynulla Mədətli bildirib.

    Sonra Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov “Azərbaycan xalq hərəkatının parlaq siması: Sabir Rüstəmxanlı”, İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Sabir Rüstəmxanlı yaradıcılığında milli təfəkkür məsələləri müasirlik kontekstində”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva “Sabir Rüstəmxanlı yaradıcılığında milli-mənəvi dəyərlər”, “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Yasəmən Qaraqoyunlu Sabir Rüstəmxanlının yaradıcılığında “Tarixi yaddaş və milli təfəkkür məsələləri”, Fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Sabir Rüstəmxanlı yaradıcılığında “türkçülük və türk dünyası”, Sosiologiya şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əhməd Qəşəmoğlu “Xalqın söz silahı” kitabı haqqında söz”, Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayeva “Sabir Rüstəmxanlı yaradıcılığında vətənpərvərlik ruhuna ədəbi, əxlaqi və fəlsəfi baxış”, Məntiq şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyeva “Azərbaycan gəncliyinin milli-mənlik şüurunun formalaşmasında Sabir Rüstəmxanlı yaradıcılığının rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

    Sonra tarix elmləri doktoru, professor Şahin Fazil, f.e.d. Rəfiqə Əzimova və f.e.d., professor Rəna Mirzəzadə Sabir Rüstəmxanlı yaradıcılığı haqqında çıxış ediblər.

    Daha sonra Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin əməkdaşları Ülviyyə Quliyeva, Səkinə Əliyeva, Ceyran Hüseynli, Mehriban Əliyeva Sabir Rüstəmxanlının “Qarabağa qayıdış” poemasından parçalar səsləndiriblər.

    Sonda Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək öncə tədbiri təşkil etdiklərinə görə institutun rəhbərliyinə minnətdarlığını bildirib. Şair çıxışlarda haqqında səsləndirilən fikirlərə öz münasibətini bildirib, hər kəsə təşşəkkür edərək ədəbiyyat, yaradıcılıq və milli məfkurə, milli tarixi yaddaş haqqında çıxış edib, düşüncələrini konfrans iştitrakçıları ilə bölüşüb.

  • Azərbaycan Yazıçılar Birliyinin VIII qurultayında Xalq şairi Sabir Rüstəmxanlının çıxışı

    Azərbaycan Yazıçılar Birliyinin VIII qurultayında Xalq şairi Sabir Rüstəmxanlının çıxışı:

    Əziz qurultay nümayəndələri, hörmətli xanımlar və bəylər!

    Ömür qısa olsa da, hər insan həyatında bir əbədiyyət havası və tarixin bütün yükünü daşımaq gücü var. Biz 200 illik bir ayrılığın və 30 illik məğlubiyyətin acısını yaşadıq. Bu qurultaymızı bütün əvvəlki Yazıçı qurultaylarından fərqləndirən 44 günlük savaşın nəticəsi və 2 ildən bəri davam edən Böyük Zəfər havasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə Allahdan can sağlığı arzulayıram.
    Elə bil dünən idi, mən bu kürsüdən Azərbaycan Yazıçılarının Qurultayının ən gənc və ən dəli-dolu nümayəndəsi kimi çıxış edirdim. Bu gün qurultayın ən yaşlı nümayəndələrindən biri kimi danışıram.
    Lakin prinsiplər dəyşilməzdir. 1981-ci ildə, sovet rejiminin sarsılmaz göründüyü bir vaxtda dediyim sözləri bu gün də eyni mənada təkrar etmək istəyirəm: “Ədəbiyyatın hesabatı əslində, elə cəmiyyətin, xalq mənəviyyatının hesabatıdır və burada yaradıcılıq söhbətləri ilə yanaşı, istər-istəməz, yaradıcılığa qida verən ictimai həyatın başlıca problemləri haqqında danışmağa da zəruri ehtiyac baş qaldırır. Yazıçı sözünün böyük mənası tələb edir ki, bizim çıxışlarımızda dövrümüzün geniş mənzərəsi əhatə olunsun, təkcə bu günümüzlə yox, keçmişimiz və gələcəyimizlə bağlı olan bir çox məsələlər araşdırılsın. Qurultay öz açıq, səmimi, mərdanə mövqeyi ilə bizə uzun illər üçün vətəndaşlıq və yaradıcılıq proqramı versin.
    Sovet dövründə keçirilən qurultaylardakı çıxışlarımda səsləndirdiyim qayğılarımızı və tələblərimizi indi təkrar etməyə vaxt çatmaz. Ən başlıca məsələlər milli haqlarımıza sahib çıxmaq, milli-mənəvi bütövlüyümüzün, ana dilimizin qorunması, tariximizə münasibətdəki düşmənçiliyə son qoyulması, yazıçılara qayğının və qonorarın artırılması, kitab nəşrinin genişləndirilməsi, Güney Azərbaycanla əlaqələrin möhkəmlədirilməsi, əlimizdən alınmış tarixi dəyərlərimizin geri qaytarılması, milli özünüdərk prosesinə kömək edən əsərlərə yaşıl işıq yandırılması və s-dir.. O zamankı istəyimizin ən böyüyünə, müstəqilliyimizə nail olmuşuq. Lakin ədəbiyyatımızı narahat edən problemlərin bir çoxu müstəqillik dövründə də həll edilməmişdir. Bunun obyektiv səbəblərini başa düşürük: müharibə, ordu quruculuğu, dünyanın ikili standartlara söykənən siyasətinə qarşı dirəniş və s. Lakin bir sıra subyektiv səbəblər də var ki, onlar nə ədəbiyyatımızın, nə də qurultayımızın gözündən yayınır.
    Qismətimiz ayrıclardan, zaman qovşaqlarından, ictimai-siyasi, coğrafi kəsişmə nöqtələrindən adlamaq oldu. İki yüz ildən, iki min ildən keçdik. Siyasi sistemlərin, eraların və dünya tarixinin dəyişildiyini, bir şəkildən başqa şəklə düşdüyünü gördük.
    Bizim nəslin ədəbi taleyinə bu müstəvidə baxmaq lazımdır. Və bu gün keçmişə boylananda görürəm ki, bu dövrün milli taleyimiz üçün elə bir önəmli olayı və önəmli şəxsiyyəti yoxdur ki, yazılarımızda əksini tapmamış olsun.
    Rəsmi tarix sovet ideologiyasının milli inkarçılıq, nihilizm siyasətini bütün qəddarlığı ilə genişləndirəndə Azərbaycanın qabaqcıl ədəbiyyatı bütün gücü ilə zəncirləri qırır, xalqın gözündəki qorxu və yalan pərdələrini cırıb atır və milləti müstəqilliyə hazırlayırdı.
    Bu gün bütün qurultay nümayəndələrinin bu böyük həqiqəti bilmələrini və ədəbiyyatımızla qürur duymalarını istərdim. Milyonlarla insanı Meydanlara Azərbaycan ədəbiyyatı yığmışdı, Milli-azadlıq hərəkatının başında namuslu yazıçı və ziyalı sözü dayanır, milli oyanışın səbəbkarı, Azərbaycan ədəbi-mədəni təfəkkürü idi və nəhayət, Azərbaycanın Müstəqillik ideyasının baş memarı bütün repressiyalara baxmayaraq, ötən əsrin 60-80-ci illərində yeni bir intibah dövrünə qədəm qoyan Azərbaycan şeri və nəsri idi. Bu Azərbaycan ədəbiyyatının dövlətçiliyə təmənnasız xidmətidir. Ədəbiyyat müstəqilliyimizin bərpası üçün Sovet sisteminin verdiyi bütün üstünlüklərdən, sosial təminatlardan, nəşr və qonorar imkanlarından imtina etdi. Məncə, müstəqil dövlət bunu unutmamalı və imkan düşüdükcə ədəbiyyatın bu borcunu qaytarmalıdır..
    Siyasətçilər söz adamlarını nə dərəcədə qoruyub, deyə bilmərəm. Ancaq dövlətləri öz çağları üçün silahları və gücləri qoruyursa, gələcək üçün söz, ədəbiyyat, tarix qoruyur.

    Yazıçının vəzifəsi insan ruhunun və mənəviyyatının quruculuğu və qorunmasıdır. Bu məqamda ədəbiyyat və siyasət çox fərqlidir. Dövlət insanları zor və qanun gücüylə özünə bağlayır, eyni qanun çatılarının altına yığır, yazıçı isə onu azadlığa, dövlətdən asılı olmamağa səsləyir. Siyasətçi adamları «özününkü» və «özgələrinki» deyə bölür. Ədəbiyyat isə adamları ayırmır. Siyasətçi sərhəd çəkir, ədəbiyyat sərhəd və məhdudiyyət tanımır, sərhədləri dağıdır. Siyasətçi məqsədinə çatmaq üçün insanları qurban verməyə hazırdır, ədəbiyyatçı isə özü qurbanlıq doğulmuşdur. Bu baxımdan ədəbiyyatla siyasəti uzlaşdırmaq çətindir. Amma hər xalqın taleyinin elə ölüm-dirim anları var ki, orada hansı sənətlə məşğul olduğun yadından çıxır. Səngərə atılmaqdan və ya milli mübarizəyə qatılmaqdan başqa yolun qalmır.
    Biz Azərbaycanın gələcəyindən danışarkən ilkin şərt kimi dövlətçiliyin möhkəmlənməsindən söz açırıq. İki əsr boyunca dövlətçiliyini itirmiş, parçalanmış bir millət üçün Müstəqil Dövlətdən və Birlikdən böyük ideal yoxdur. Bunu hər kəs bilir və iki yüz ildir, nəsil-nəsil azərbaycanlı öz itirdiklərini bərpa etmək yolunda qan və can verməkdən usanmır. Təkcə bu əsrdə Azərbaycanın quzeyində iki, güneyində bir dəfə müstəqil dövlət qurub onu yaşatmağa cəhd göstərmişik. İkisinin ömrü üst-üstə üç ilə çatmayıb. Üçüncüsü, inşallah, yaşayır və yaşayacaq.
    Dövlət müstəqilliyinin alternativi yoxdur. Millətin öz bayrağı altında öz iradəsinin sahibi olması elə bir tarixi qazanc və xoşbəxtlikdir ki, heç nə ilə müqayisəyə gəlməz. Lakin dünyada alternativi olmayan başqa dəyərlər də var və müstəqil dövlət yalnız o zaman məna və əhəmiyyət qazanır ki, həmin dəyərlərə sayğı göstərsin. Bunlar ədəbiyyatın əbədi mövzusu olan dəyərlərdir: Haqq, ədalət, vətəndaşın hüquqlarının qorunması, insanın öz həyatını qurub imkanlarını sərf etməsi üçün şəraitin yaradılması, söz və əməl azadlığı, bərabərlik, milli sərvətlərin qorunub inkişaf etdirilməsinə təminat və s.
    Bütün bunlara etinasızlıq olan bir yerdə müstəqilliyin və dövlətin mənası qalmaz!
    Yoxsa zopa hansı əldə olur-olsun, elə zopadır. Əksinə, qardaş əliylə vurulanda daha bərk yandırır.
    Qapıdan içəri buraxılmamağın bir adı var – istəyir rusca “net” deyilsin, istəyir türkcə “yox”!
    Açıq əllər və ac gözlər bütün dillərdə eyni dillə danışır.
    Rüşvət cəmiyyətin dayaqlarını həmişə eyni şəkildə laxladır: istər “day” deyilsin, istər “ver”…
    Haqsızlığın, yalanın, laqeydliyin, qudurğanlığın da imperiya variantı ilə milli dövlət variantı bir-birindən seçilmir. Müstəqil dövlətimizdə bu böyük dəyərlərin itirilməsinə, müstəqilliyə olan ümidlərin qırılmasına yol vermək olmaz. Məncə, bu gün ədəbiyyatımızın əsas vəzifələrindən biri bu həqiqətlərin bədii sözlə anladılmasıdır.
    Vətən cazibəsi böyükdür. Amma haqqın, xeyrin, işığın, ədalətin, insanlığın cazibəsi ondan da böyükdür.
    Azərbaycanın bütövlüyünü, böyüklüyünü, xoşbəxt gələcəyini istəyiriksə, müstəqil respublikamızda elə bir şəraitin yaranmasına çalışmalıyıq ki, dünyaya səpələnənlərimiz də, İranda yaşayanlarımız da həsəd aparsınlar. Buranın hər cəhətdən üstünlüyünü, buradakı mənəvi havanın təmizliyini duymasalar, kim bizimlə qovuşmağa can atar?

    Müstəqil dövlətdə bütün mədəniyyət, informasiya və təhsil siyasəti milli xarakterin, milli bilinc və təfəkkürün, milli elm və texnologiyanın inkişafına yönəldilməlidir.
    Azərbaycanda çağdaş tələblərə cavab verən yeni bir muzey kompleksi tikilməlidir. Əlyazmalar İnstitutu daha etibarlı şəraitdə qorunmalıdır.
    Dünya muzeyləri Azərbaycan mədəniyyət inciləri ilə doludur. Onların ölkəyə qaytarılması da əsas vəzifələrimizdən biridir. İndi bu işlə Heydər Əliyev Fondu məşğuldur.
    Əhalinin çox hissəsinin yaşadığı kənd yerlərinin ümumi mədəni mühitimizə daha fəal şəkildə qoşulmasına çalışmalıyıq. İndiki halda kəndlər yalnız televiziyaların ümidinə qalıb. Kəndlərin çoxunda əhali bir yerə toplaşmağa məscidlərdən başqa bir yer tapa bilmir. Yenidən orta əsrlərə qayıdırıq.
    Əziz dostlar, deyilənlər onu göstərir ki, ictimai ruh və vətəndaşlıq problemləri indi bədii ədəbiyyatı həmişəkindən daha çox düşündürməlidir. Milli problemlərimiz, Qarabağ müharibəsində qazanılmış parlaq qələbənin daha ciddi şəkildə təsviri və tərənnümü yazıçıların əsas mövzusu olmalıdır. Bu baxımdan müasir ədəbiyyatımızdan gileylənməyə haqqımız yoxdur. Ədəbiyyat bədii imakanlarını genişlındirir. Yeni üslublar və yazı tərzi ilə zənginləşir. Gənclər ənənəvi sayılan köhnə stereotiplərdən daha cəsarətlə qopub öz yollarını axtarırlar. Lakin bu nəsillər arasında yadlaşmağa və inkarçılığa çevrilməməlidir. Ədəbiyyata nəsillərin savaş meydanı kimi baxmaq olmaz. Əksinə, ədəbiyyat ən yaşlı yazıçıdan ən gənc şairə qədər özü bütöv bir cəbhə olmalıdır. Milli simasızlığa və şərə qarşı mübarizəyə indi həmişəkindən daha artıq ehtiyac var. Bu mənada hər bir qələm sahibi öz məsuliyyətini düşünməlidir. Ana dilinin qorunması, mədəniyyət və təhsil problemləri, milli-mənəvi bütövlük yenə də ədəbiyyatın əsas mövzusu olaraq qalmalıdır.
    Ola bilsin ki, ən yaxın zamanlarda biz dünyada iki Azərbaycan dövlətinin varlığı kimi böyük bir xoşbəxtliyin şahidi olacağıq. Lakin rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlamaq imkanını əldən verib. Dəfələrlə yazsaq və desək də, Güneydən gələn bircə nəfər gənci də burda dövlət hesabına oxutdura bilmirik. Ədəbi əlaqələrimizin möhkəmləndirilməsi, milli birliyin inkişafı üçün az iş görülür.
    Vaxtilə biz türk sözünü dilimizə gətirəndə nizələr üzümüzə tuşlanırdı. Şükür, bu gün Qarabağ savaşı və bölgədə gedən proseslər Türk birliyi yolunun nicat yolu olduğunu təsdiqləyir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə ədəbi əlaqələrin möhkəmləndirilməsi zəruridir.
    Danışılmalı problemlər çoxdur. Lakin mən onlardan bir-ikisini sadalamaqla çıxışımı yekunlaşdırmaq istəyirəm.
    Mədəniyyət sahəsində aparılan yanlış siyasət nəticəsində bu gün Azərbaycan kitabı Abşeron sınırlarını aşıb rayonlarımız və kəndlərimizə çata bilmir. Ən yaxşı kitablarımızın tirajı 20.000-dən 200 nüsxəyə enib. Kəndlərdəki mədəniyyət ocaqları və kitabxanalar yarıbayarı ixtisar edilib. Müasir dövrün ədəbiyyatı hətta rayonların mərkəzi kitabxanalarına gedib çatmır. Bu, ədəbiyyatın faciəsidir.
    Əhalinin sayına görə bizdən xeyli kiçik olan qonşu ölkələrdə belə kitabın tirajı bizdən yüksəkdir. Ölkədə müxtəlif fondlar var. Məncə, bir kitab fondu da yaradılmalı və onun hesabına ən gərəkli ədəbiyyat nümunələrinin nəşri və yazıçılara qonorar verilməsi stimullaşdırılmalıdır. Vaxtilə mən yazıçıların bir qurultayında kitablarımıza verilən qonorarın azırlığından danışanda mərhum Heydər Əliyevin tapşırığı ilə elə həmin gün qonorar fondu 1 milyon artırılmışdı. Güman edirəm, ədəbiyyatın ölkənin taleyində xüsusi rolu nəzərə alınaraq ən yaxşı əsərlərimizin müəlliflərinin həyat şəraitinin yaxşılaşdırılması, kitablarımızın xarici dillərə tərcüməsi və nəşri sahəsində gərəkli addımlar atılacaqdır.
    Oxucularımız çox surətlə əlimizdən alınır. İngilis və rus dilli məktəblərin sayı artır. Həmin gənclərin öz ədəbiyyatımızdan aralı düşməməsi üçün də müəyyən tədbirlər görülməlidir.
    Bütövlükdə mən Azərbaycanın gənc ədəbiyyatına böyük ümid və sevgiylə baxıram. Yazıçılar birliyinin qorunub saxlanılmasına sevinirəm və bu baxımdan Anar bəyə minnətdarlığımı bildirirəm, güman edirəm, o, qoruyub saxladığı bu birliyi bundan sonra da yaşadacaqdır.

  • Samir Əsədli: “Bu hədəfə əngəl yaratmaq birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə nəticələnəcək”

    Ermənistan razılaşmaya Rusiyanın təlimatı ilə əməl etmir
      Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri ərazilərimzin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir. Bu təxribat yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3 min 345 nəfər təşkil edib.
    2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bugünədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olanların 35 nəfəri mülki şəxsdir. Ermənilərin Laçını tərk etməsindən sonra yalnız rayon ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı piyada əleyhinə minalar Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir.
     Ötən il istehsal olunmuş minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizindən qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir. Rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsindən danışır, digər tərəfdən isə təxribatçı addımlar atır. Ən əsası isə odur ki, minalar Ermənistandan rus sülhməramlılarının himayəsində Azərbaycan ərazisinə keçirilir.
     
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə vurğulayıb ki, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarına Rusiyanın təlimatı ilə əməl etmir. Partiya rəsmisi bildirib ki, İrəvan Azərbaycana qarşı revanşist mövqeyi davam etdirir və ilkin şərt olaraq Qarabağda ermənilərin “statusu”nu irəli sürür: 
    “Həmçinin, Azərbaycan tərəfindən ikitərəfli danışıqların əleyhinə olaraq sərhədlərin delimitasiyası və demarkasiyasına atəşlə cavab verir. Bu gün silahlı ermənilərə “Laçın” dəhlizi vasitəsilə silah-sursat daşınır. Hətta digər iri çaplı silahların daşınması həyata keçirilir. Halbuki, 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma Rusiya buna getmir və Qarabağda böhranı davam etdirməkdə maraqlıdır. Bundan başqa Zəngəzur dəhlizi ilə bağlı problem var. Bu dəhlizin reallaşması bir neçə il çəkə bilər. Burada irimiqyaslı bir layihənin gerçəkləşməsindən söhbət gedir. Dağ relyefində dar bir ərazidə həm avtomobil yolunun, həm də dəmir yolunun çəkilişi sadə məsələ deyil. Zəngəzur dəhlizi Azərbaycan üçün “olmazsa olmaz” bir hədəfdir. Bu hədəfə əngəl yaratmaq birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə nəticələnəcək”.           
  • “Rusiya Paşinyana qarşı həmləyə hazırlaşır” — AÇIQLAMA

    “Ermənistan hakimiyyəti daim ikitərəfli münasibətlərdə heç bir problem olmadığını desə də, reallıq fərqlidir”. 

    Bu fikirləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli  deyib.

    “Son iki il ərzində Rusiyanın hər hansı bir vəzifəli şəxsi konkret qarşılıqlı münasibətlər çərçivəsində Ermənistana səfər etməyib. Rusiya Ermənistana qarşı “yumşaq güc” tətbiq edir, ciddi zərər vuracaq ikitərəfli münasibətləri gərginləşdirəcək addımlar atmır. Amma rəsmi İrəvanın getdikcə daha çox Qərbə meyillənməsi, heç şübhəsiz Kremli konkret addımlar atmağa vadar edəcək”.

    Onun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxacağı haqda fikirlər, Avropa İttifaqı missiyasının bölgəyə yerləşdirilməsi “yumşaq güc” siyasətinin dəyişdirilməsinə təkan verə bilər.

    “Əgər Rusiyada işləyən ermənilərə qarşı problemlər yaratmağa başlayarlarsa, bunun nəticəsi olduqca pis olacaq. Təsəvvür edin, əgər Rusiyada işləyən ermənilər geri- Ermənistana qaytarılarsa, ölkədə sosial partlayış baş verə bilər. Artıq Rusiya özünə bağlı siyasi qüvvələri toparlayıb anti-Rusiya xəttini gücləndirən Paşinyana qarşı həmləyə hazırlaşır. Bunun işartıları görünməyə başlayıb. Məsələn, ötən ay Eçmiədzində Ermənistanın baş keşişi II Qareginin vasitəçiliyi ilə rusiyayönlü eks-prezidentlər bir araya gəldi. Məqsəd ABŞ-ın Ermənistanda formalaşdırdığı siyasi prosesi əngəlləməkdir. Görünən budur ki, erməni kilsəsi də Paşinyana qarşı açılan yeni cəbhədə yer alır”.

    Aynurə
    Demokrat.az

  • VHP sədrinin 18 oktyabr təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 18 Oktyabr – Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:

    “Əziz soydaşlar!

    18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.
    1991-ci il oktyabrın 18-də parlament tərəfindən “Müstəqilllik Haqqında Konstitusiya Aktı” qəbul olundu. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi. Bu gün xalqımızın həyatında müstəsna əhəmiyyətə malik, Azərbaycan tarixinə qızılı həriflərlə yazılmış bir gündür. Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə, repressiyalar sinə gərmiş Azərbaycan xalqı üçün müstəqilliyin əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi.
    Artıq iki ildir Dövlət Müstəqilliyinin Bərpası gününü xüsusi sevinc və coşqu ilə qeyd edirik. Bu gün Azərbaycan istiqlalının və bu istiqlalı ötən əsrin əvvəlində elən edən böyüklərin ucaltdığı üçrəngli bayraq Şuşada dalğalanır. Qarabağ savaşını qələbə ilə bitirən xalqımızın Azərbaycan dövlətini, bütövlüyümüzü və istiqlalımızı əbədi qoruyacağına inanırıq.

    Əziz soydaşlar, bacılar və qardaşlar!

    Mən bir daha Sizi bayram münasibəti ilə təbrik edir, hamınıza xoşbəxtlik, uğurlar və fəal vətəndaşlıq mövqeyi arzulayıram.
    Tanrı Azərbaycanımızı qorusun!”

  • VHP Praqa razılaşmasını dəstəklədi: “Diplomatik uğurumuzdur”

    Vətəndaş Həmrəyliyi Partiyası Praqada keçirilən Azərbaycan-Ermənistan danışıqlarının yekunu ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan hərbi əməliyyatlar bitdiyi andan sülh razılaşması məsələsini gündəmə gətirmiş, konkret təkliflərini irəli sürmüşdür. Lakin qarşı tərəf hər dəfə süni maneələr yaradaraq sülh prosesini uzatmışdır. Nəhayət oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində aparılan Azərbaycan-Ermənistan danışıqları müharibədən sonra ən ciddi nəticə ilə yadda qaldı. Azərbaycanın enerji təhlükəsizliyi,nəqliyyat infrastrukturu və siyasi dialoq istiqamətində Avropa İttifaqı ilə əməkdaşlığı Cənubi Qafqazda stabilliyin yaranmasına da ciddi töhvələr verməkdədir. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan-Ermənistan arasında sülh razılaşması üçün danışıqların indiki durumunu müsbət qiymətləndirərək Avropa İttifaqının vasitəçiliyini məqbul sayır. Praqa danışıqlarının yekunu olaraq qəbul olunan bəyanatda “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır” ifadəsinin yer alması diplomatiyamızın böyük uğuru sayılmaqla bərabər, rəsmi İrəvanın sərsəm ərazi iddialarına son verilərək sülh sazişinə doğru ciddi addım atılması deməkdir. Bütün rəsmi sənədlərdə və çıxışlarda “Dağlıq Qarabağ” və ya “Qarabağ erməniləri” kimi ifadələrin yer almaması rəsmi Bakının Qarabağın erməni əhalisinin Azərbaycan qanunlarını qəbul edəcəyi halda bu ərazidə yaşaya biləcəyi ilə bağlı qəti mövqeyinin qəbul olunduğu anlamına gəlir. Praqa bəyanatında əks olunan Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının fəaliyyəti ilə bağlı yer alan prinsip də təqdir olunandır. Bəyanatdakı “Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək” cümləsi ölkəmizin öz suverenliyinə, müstəqil siyasətinə verdiyi dəyərin və beynəlxalq təşkilatların da bununla hesablaşdığının göstəricisidir.
    Vətəndaş Həmrəyliyi Partiyası Praqa bəyanatında yer alan prinsipləri diplomatik uğurumuz kimi qəbul edərək bir daha milli məsələlərində hər zaman dövlətin yanında olduğunu bəyan edir”

  • “…İlin sonuna kimi sülh müqaviləsi imzalana bilər”

    “Brüsseldə nəzərə alınmış razılaşmalar həyata keçirilərsə saziş reallaşar, amma…”
     
    “…ABŞ və Rusiya sülh sazişinin imzalanması məsələsini rəqabət meydanına çevirməyə çalışır. “Bu, çox təhlükəli prosesdir”
     
     
      Sentyabrın 27-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. Vurğulanıb ki, əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir: 
    “Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər haqda məsələlər müzakirə olunub”. Son günlər Ermənistan təxribatçı mövqe sərgiləyir və danışıqlarda müsbət nəticə əldə olunmasına imkan vermir. Belə məqamda Qərb ölkələrinin xüsusi aktivliyi də müşahidə olunmaqdadır. Baş nazir Nikol Paşinyanın Fransaya getdiyi vaxtda Qriqoryan da ABŞ-a səfər edir və Azərbaycan rəsmisi ilə görüşür, müəyyən müzakirələr aparılır. Təbii ki, rəsmi Bakı üçün əsas məsələ ABŞ-ın vasitəçiliyi ilə reallaşan təmasların hansısa nəticə verib-verməyəcəyidir. Digər mühüm məqam isə Rusiyanın Qərbin vasitəçiliyinin önünə yenidən sədd çəkməsi ilə bağlıdır.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulmuş öhdəliklərin icrasından boyun qaçırır. Partiya rəsmisinin sözlərinə görə, erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb: 
    “Ermənistan kommunikasiya xətlərinin, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də İrəvan vaxt uzatmaqla məşğuldur. Bununla yanaşı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair ötən ayın sonunda keçirilən 4-cü Brüssel görüşündə bir sıra mühüm razılaşmalar əldə olunub. İlk baxışdan hər şey normal görünür və prosesin irəliləyə biləcəyini söyləmək olar. Paralel olaraq sərhədlərin delimitasiyası üzrə işçi qrupları noyabr ayında Brüsseldə görüşəcək. Brüssel görüşündə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı irəliləyişə nail olunacağına ümidlər var. Əgər bütün bu işlər normal qaydada getsə, noyabrda Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderlərinin növbəti üçtərəfli görüşü baş tuta bilər”.
     
      S.Əsədli vurğulayıb ki, ABŞ və Rusiya sülh sazişinin imzalanması məsələsini rəqabət meydanına çevirməyə çalışırlar: 
    “Bu, çox təhlükəli prosesdir. Ümid edilən sülh sazişi iki xalqın iradəsini əks etdirən bir qərar olmalıdır. Üçüncü dövlətin bu məsələdə öz israrını yeritməyə çalışması, özünün strateji maraqlarının yeridilməsi ilə bağlıdır. ABŞ və Rusiyanın bir-biri ilə rəqabəti sözsüz ki, sülhyaratma prosesinin gedişinə mane olan əsas cəhətlərdən birinə çevrilib. Hər halda hər iki dövlətin siyasi liderlərinin, xüsusən də Ermənistan rəhbərliyinin tərəddüdləri olmazsa, Brüsseldə nəzərə alınmış razılaşmalar həyata keçirsə, ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər”.

  • VHP 27 sentyabr Anım Gününün ikinci ildönümü ilə bağlı bəyanat yayıb

    Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr Anım Gününün ikinci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

    “Ötən əsrin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edərək  ölkəmizə qarşı hərbi təcavüzə başladı. Xarici himayədarlarının dəstəyi və  Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etdi , etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün  30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribata cavab olaraq  Azərbaycan Respublikasının Silahlı Qüvvələri  milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün  əks-hücum əməliyyatlarına başladı. 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Qəhraman Azərbaycan Ordusu düşmənə gərəkən cavabı verdi və torpaqlarımız düşməndən təmizləndi.

    Zəfər Savaşı dövründə Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Bütün siyasi partiyalar Qarabağ uğrunda savaşda dövlətin atdığı addımları dəstəklədiklərini bəyan etdilər. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, siyasi, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

    Vətəndaş Həmrəyliyi Partiyası Vətən Müharibəsinin ildönümündə Şəhidlərimizin ruhunu sayğı ilə anır və Azərbaycanın Savaş günlərində birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirir”.

  • Azərbaycan siyasi düzəninə həmrəylik möhürü vuran partiya

    Partiyanın 30 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

     

    Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də bu məqama gətirib çıxaran yol 1988-ci ilin Meydan hərəkatından başlamışdı. Bu mənada VHP-nin yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

    VHP-nin yarandığı siyasi şərait

    Milli Azadlıq Hərəkatı Azərbaycanın müstəqilliyinə nail olduqdan sonra yeni dövlətin iqtisadi inkişafı və azad, demokratik cəmiyyətin yaradılması zərurəti yarandı ki, bu da özlüyündə ölkənin rifahını müxtəlif ideyalarda görən şəxslərin başqa-başqa siyasi qurumlarda mübarizəsini şərtləndirdi. Həmin dövrdə – 1992-ci ildə müxtəlif partiyalar yarandı. Hüquqi münasibətlər və siyasi etika çərçivəsində fəaliyyət göstərən belə partiyaların yaranması və hakimiyyət mübarizəsinə qatılması ölkənin inkişafı, fikir azadlığının təmini baxımından bəlkə də uğurlu hal kimi qiymətləndirilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, siyasi partiyaların çoxluğu və bu çoxluğun yarada biləcəyi xaos ərazisinin bir hissəsi işğal olunmuş, müharibə şəraitində olan, şimaldan və cənubdan xarici təhdidlərə məruz qalan Azərbaycan üçün çox təhlükəliydi. Çünki ordunun tam qurulmadığı, könüllü özünümüdafiə batalyonlarının bir mərkəzə tabe olmadığı və mərkəzləşmiş hakimiyyətin formalaşmadığı dövrdə xalqın lokomotivi sayılan insanların siyasi mübarizə yollarının ayrılması fəsadsız ötüşə bilməzdi. Təəssüf ki, həmin fəsadlardan qaçmaq mümkün olmadı. Millət vəkili Sabir Rüstəmxanlı da məhz bu ərəfədə gözlənilən təhlükəni hiss edib, eyni zamanda bu günə kimi Azərbaycanı həm mənəvi, həm də coğrafi baxımdan parça-tikə edən tarixi səhvlərimizdən nəticə çıxararaq həmrəylik ideyasının tərəfdarlarını bir araya gətirdi: 1992-ci il sentyabrın 26-da Gənc Tamaşaçılar Teatrında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) I təsis qurultayını keçirdi. Bu qurultayda Azərbaycanın taleyini düşünən insanlar ölkənin siyasi həyatına yeni ideologiya gətirəcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Meydan hərəkatının lideri, ədəbi və siyasi mübarizəsi ilə bütün ölkə boyu böyük sevgi və nüfuza sahib olan Sabir Rüstəmxanlını Vətəndaş Həmrəyliyi Partiyasının sədri seçərək onun ətrafında birləşdilər. VHP 3 noyabr 1992-ci ildə 7-ci siyasi partiya olaraq dövlət qeydiyyatına alıdı.  VHP-nin ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi.

    Vətəndaş Həmrəyliyi ideyası: tarixi zərurət

    Beləliklə hələ müstəqilliyinin bir ili tamam olmamış Azərbaycan Respublikasının siyasi həyatına yeni bir qurum qatıldı: Vətəndaş Həmrəyliyi Partiyası. Dünyanın ictimai-siyasi mübarizələr tarixində yaranmış və dəbdə olan müəyyən ideoloji ənənələrə bağlı olan partiyalardan sonra Vətəndaş Həmrəyliyi siyasi ədəbiyyatda rastlanılmayan bir ad idi və qulaqlara yad gəlirdi. Lakin partiyanın qurucuları adı, zahiri effektləri yox ölkənin və xalqın ehtiyaclarını nəzərə almışdılar, yeni dövlətin maraqları, gələcəyi baxımından ən doğru siyasi yolu seçmişdilər. Yeni dövlət müharibə şəraitində idi, üstəlik erməni işğalçılarına dəstək verən qüvvələr ölkəni zəiflətmək üçün hakimiyyət uğrunda mübarizə aparan digər iddiaçıları və etnik qrupları da qızışdırmaqla yeni münaqişə ocaqları yaratmağa çalışır, qarşıdurmalar, bölücülük meyilləri bir-birini əvəz edirdi. Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi.

    Partiyanı təsis edənlərin çoxu zəngin iş təcrübəsi olan, addımlarının məsuliyyətini dərk edən, meydan hərəkatında sınanıb möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini əhatə edən ziyalılar idi: Haqq dünyasına qovuşanlara Tanrıdan rəhmət diləyir, digərlərinə indi harda çalışmalarından və hansı siyasi cəbhədə dayanmalarından asılı olmayaraq uğurlar arzulayırıq.

    Ölkədə yetərincə tanınan, sevilən, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək, vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq… Mən mövcud partiyaların adını mətnə daxil etməklə hələ ilk addımlarını atan təşkilatımızı onlara qarşı qoymaq istəmirəm. Sadəcə ümumi məqsədimizə doğru yolda gələcəkdə hansı ideyanın aparıcı rol oynayacağını nəzərə çatdırmaq istəyirəm və arzu edirəm ki, bu ideya bizim siyasi partiyalar arasında münasibətlərin təməl daşı olsun”.

    Müsavat partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin var oluşu və gəlişməsi baxımından önəmini irəli çəkmişdir.

     

    VHP seçkilərdə

    VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir. VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir. Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmışdır. VHP sədri Sabir Rüstəmxanlının prezidentliyə namizədliyi irəli sürülmüşdür. Prezident seçkiləri zamanı ölkənin bütün böyük şəhərlərində, rayon mərkəzlərində kütləvi görüşlər, seçki zamanı Bakıda möhtəşəm yürüş-mitinq keçirmişdir. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan müstəqillik tarixində hər zaman parlamentdə təmsil olunub. 2020-ci ildə VHP 75 seçki dairəsindən namizəd irəli sürüb və onlardan 3 nəfəri parlamentə seçilib və hazırda ana müxalifət partiyası olaraq Milli Məclisdə vitse-spiker postunu VHP sədrinin müavini Fəzail İbrahimli tutur. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda keçirilən bütün bələdiyyə seçkilərində iştirak edib. VHP-dən bələdiyyələrə 1999-cu ildə 500, 2004-cü ildə 103, 2009-cu ildə 115, 2019-cu ildə isə 8 nəfər üzv seçilib. Hazırda partiya üzvləri ölkənin 10-a yaxın bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar. Parlament və bələdiyyə seçkiləri zamanı VHP öz namizədlərinin təşviqat kompaniyası çərçivəsində bütün ölkə boyu görüşlər keçirmiş, bu zaman partiyanın məram və məqsədləri ictimaiyyətə təbliğ olunmuşdur.

    VHP siyasi birliklərdə

    VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub. Milli Müqavimət Hərəkatı, Demokratik Konqres, SİDSUH, DUH, Dəyirmi Masa, Müxalifətin Koordinasiya Mərkəzi, İctimai Palata, Milli Şura, Qarabağ Komitəsinin formalaşmasında iştirak edib.

    Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 30 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir.

    Xarici əlaqələr

    Vətəndaş Həmrəyliyi Partiyası bir sıra beynəlxalq təşkilatlar, siyasi qurumlar və xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edir. Almaniya, ABŞ, İsveç, Polşa, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldovada fəaliyyət göstərən siyasi təşkilatlar və Türkiyənin MHP, AkParti, CHP, İYİ Parti, BBP və digər partiyalarla VHP-nin sıx əlaqələri var. VHP-çi deputatlar Avropa Şurasının, Avropa Birliyinin və İslam Konfransı Təşkilatının parlament komitələrinin üzvləridirlər, həmçinin VHP-nin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP), ABŞ-ın Respublikaçılar və Demokratlar İnstitutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri var. VHP sədri Sabir Rüstəmxanlı ABŞ konqresində, İsveç, Almaniya, Belçika, Ukrayna və Avstraliya parlamentlərində keçirilən beynəlxalq konfranslara qatılaraq çıxış edib. VHP üzvləri ATƏT, Avropa Şurası, ABŞ-ın və Avropanın bir sıra ölkələrindəki siyasi partiyalarının təşkil etdiyi konfranslarında iştirak ediblər.

    VHP yönətiçiləri

    VHP-nin sədri Milli Azadlıq Hərəkatının liderlərindən biri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı 1991-ci ilin 18 oktyabrında qəbul edilən Dövlət Müstəqilliyinin Bərpası haqqında Dövlət Aktının müəlliflərindən, Azərbaycanın 43 İstiqlalçı Deputatından biridir. VHP Siyasi Şurasının üzvləri: Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Felmar Ələkbərli, Rafiq Manaflı, Samir Əsədli, Elxan Mirzəyev, Arif İsmayılbəyli, Yusif Salmansoy, Nəsimi Şərəfxanlı, İbrahim Quliyev, Faiq Balabəyli, Şəfəq Quliyeva, Asif Şəkərli, Səlahəddin Əsgər və Yusif Xantemirov.

    VHP hədəfə doğru

    Vətəndaş Həmrəyliyi Partiyasının bu günə kimi 8 qurultayı keçirilib. Hazırda partiyanın respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 30 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Bu gün 82 bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.

    Partiyanın 30 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

    VHP Siyasi Şurası

     

  • “Vətəndaş Həmrəyliyi bu günün, gələcəyin ideologiyasıdır”

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

    Vətəndaş Həmrəyliyi Partiyasının 30-cu ildönümündə VHP-nin yarandığı gündən bu günə qədər başçılıq edən bir adam kimi sizlərə üz tutmaq qürurlu bir işdir. Bu təkcə siyasi tale deyil, həm də ömrün hədiyyəsidir. Arxada qalan 30 ili yada salanda ilk növbədə 1992-ci il sentyabr ayının 26-da Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayında iştirak edən dostlarımızı böyük minnətdarlıqla yada salıram. O insanların bir hissəsi bu gün aramızda deyil, bəziləri dünyasını dəyişib, bəziləri VHP ilə yollarını ayırıb. Dünyasını dəyişən bütün VHP-çilərə, xalq hərəkatından gələn əqidədaşlarımıza Allahdan rəhmət diləyirəm. Mənim düşüncəmdə insanın dünya həyatı elə YOLdan ibarətdir və bu baxımdan ötən 30 il ərzində dözüm və səbrlə, bütün əziyyətlərə, maddi və mənəvi sıxıntılara tablaşaraq öz əqidəsindən dönməmiş, VHP-nin ölkənin güclü siyasi partiyalarından birinə çevrilməsində fədakarlıq göstərmiş hər bir üzvümüzə xüsusi minnətdarlığımı bildirirəm.

    Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayı hamıda belə bir təsəvvür yaradırdı ki, VHP tezliklə ölkənin ən güclü siyasi partiyalarından biri olaraq hakimiyyətə gələcək. Bu partiyanın ideologiyası və yaradıcıların siyasi potensialı ilə birbaşa bağlı idi. Təsis qurultayında respublikanın bütün bölgələri təmsil olunurdu. Mükəmməl məramnamə və nizamnamə hazırlanmışdı. Partiyanın ideyası Azərbaycanın milli-mənəvi, siyasi, sosial mənafeyinə uyğun idi. Xalqımızın dövlətçilik tarixi, mənəvi-psixoloji dəyərləri, ruhu və yaşadığımız günlərin şərtləri nəzərə alınmışdı. Müharibə və çətin siyasi-iqtisadi böhran şəraitində xalqı birləşdirmək məqsədi güdürdük. Bölücülük, dağıdıcılıq, gözübağlı radikallıqdan uzaq idi ki, Azərbaycanın bütün vətəndaşlarının mənafeyi nəzərə alınmışdı. Bir sözlə, partiya son dərəcə güclü bir siyasi-mənəvi özül üzərində qurulmuşdu.

    Digər tərəfdən, partiyanın liderlər qrupu meydanlarda və parlamentdə yetkinləşmiş, siyasi həyatın bütün üzlərini görmüşdülər. Onların nüfuzu, Azərbaycanın milli-azadlıq hərəkatına bağlılıqları, nəhayət 1988-ci ildən sonra daim xalqın qabağında, səmərəli, ayıq, düzgün mövqe tutmaları təşkilata böyük inam oyadırdı.

    VHP Azərbaycanın müstəqilliyinin bir illiyi ərəfəsində, xalq hərəkatının yetirməsi olan AXC-nin hakimiyyəti dövründə, müharibədəki qüvvələr nisbətinin hələ bizim xeyrimizə olan günlərdə yaranmışdı. Ümidli günlər idi, amma, vəziyyət qarışıq idi. Siyasi hakimiyyət AXC-nin əlində olsa da, o, vəziyyətin ağası deyildi. 1988-ci ildən başlanan fikir ayrılıqları, münaqişələr neçə illik mübarizələrimizdən, qurbanlarımızdan sonra da davam edirdi. Vəziyyətin mürəkkəbliyini nəzərə alıb ilk qurultayımızdakı çıxışımda bildirmişdim: “İlk növbədə siyasi xəttlər dəyişməli, dövlətçilik, idarəçilik yamsımaları sürətlə aradan qaldırılmalı və bu sahədə tam müstəqil quruculuq işləri aparılmalıdır. Təəssüf ki, bu iş ləng gedir. Biz Azərbaycanda hansı dövləti qururuq? Demokratik, azad Azərbaycanın siyasi platforması necə olacaq? 21-ci əsr Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında qurulacaq? Bu məsələlərdə aydınlıq yoxdur. Ciddi axtarış da hiss olunmur. Sükanın arxasında biz demokratlar oturmuşuq. Lakin köhnə araba yenə də cırıldaya-cırıldaya köhnə yoluyla getməyindədir. Nə kəndin, nə şəhərin, nə də respublikanın idarəçiliyi üçün köhnə stereotipləri cəsarətlə qırıb tökən yeni mexanizm tapılmayıb.

    … Nə qədər ki, şirkət prezidenti ilə köhnə nazirliyin fərqi yalnız dövlət malını daha sərbəst mənimsəməkdən, icra hakimiyyəti başçısının köhnə raykom katibindən fərqi daha cəzasız bir şəkildə tək hakimiyyətlikdən ibarət olacaqsa siyasi quruluşda ciddi dönüş yaratmaq çətin ki, baş tutsun”.

    Zaman bu qorxumuzda nə qədər haqlı olduğumuzu təsdiqlədi və Azərbaycanda demokratiya, milli dövlətçilik ideyalarına ağır zərbə vuruldu. Bir il sonra hakimiyyət təhvil verildi. Köhnə arabanı idarə edə bilməyən, yenisini qurmağa vaxtı çatmayan demokratik qüvvələr həmin arabanın baş konstruktorlarından birini hakimiyyətə dəvət etdi. Bunları deməkdə məqsədimiz – 1988-ci ildə siyasi liderlik həvəsi ilə meydana can atanların çoxu ilə başlanan dialoqlarımızı xatırlamaqdır. Nəticə göz qabağındadır. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərib. Amma yəqin siyasət də elə ona görə siyasətdir ki, heç kim kürəyini yerə vurmaq istəmir. Xalqın unutqanlığından, rəhmdilliliyindən istifadə edən açıq-aşkar xəyanətkarlar da yenidən mələk cildində meydana qayıdır. Hər şeyi öz adı ilə çağırmaq təəssüf ki, yenə də mümkün deyil. Çünki hələ də düşmənlə üz-üzəyik və bu daxildəki bütün pərdələri götürmək imkanını heçə endiririk. Bu cür odla suyun arasında qalmaq bizim siyasi həyatımızın və fəaliyyətimizin başlıca əlamətidir. Bəla burasındadır ki, son illərdə Azərbaycanın həyatında müəyyən şəkildə rol oynamış heç bir lider və siyasi partiya öz əməllərinə qiymət verərək səhvlərini etiraf etməmişdir.

    Siyasi oyunların nəticələrini gördük və Qarabağ adı altında yatan saysız faciələrimizin bütün məsuliyyəti o vaxtlar hakimiyyətdə olanlarla hakimiyyətə can atanlar üzərindədir. Faciəmizi dərinləşdirən bir də bu oldu ki, həmin çəkişmələrdə əsl milli dövlət qurmaq imkanını əldən verdik, müstəqillik, azadlıq sözləri qiymətini itirdi, millətin böyük ideyaları ayaqlar altına atıldı. VHP-nin yaranmasına səbəb bu cür hakimiyyət oyunları nəticəsində meydana çıxan vətəndaş qarşıdurması təhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyət duyğusu idi.

    Son illərdə istər iqtidar, istər müxalifət cəbhəsində Birinci Qarabağ savaşındakı məğlubiyyətin və dövlət quruluşundakı səhvlərin, günahların cəmi bir il hakimiyyətdə olan demokratik qüvvələrin və xalq hərəkatının boynuna yıxmaq ənənəsi formalaşıb. Mən bu münasibəti yanlış hesab edirəm. Dağlıq Qarabağı Ermənistana vermək və bu məqsədlə Ermənistanı silahlandırıb Azərbaycanı tərkisilah etmək sovet hakimiyyəti illərində əvvəldən qurulmuş bir plan idi. Sovet dövründə Azərbaycana başçılıq etmiş insanlar, o cümlədən Azərbaycanda ov tüfənglərini belə xalqın əlindən alanlar bunu görməli və bu xəyanətin iştirakçısı olmamalı idilər.

    Azərbaycanın demokratik qüvvələri, Xalq hərəkatı ümumdünya əhəmiyyətli bir prosesə təkan verdi: SSRİ-nin dağılmasını sürətləndirdilər, Azərbaycanın dövlət müstəqilliyinin əyri bir müstəvidə bərpasının qarşısını aldılar, Vətəni boş əllə də müdafiə etmək nümunəsi göstərdilər və nəhayət daxili qarşıdurmaya yol verməmək üçün hakimiyyətdən çəkilmək mədəniyyəti göstərdilər. İndi bu hadisələri kim istəyir ağ, kim istəyir qara bəzəyə bilər, lakin ortada Xalq hərəkatının əsəri olan və gündən-günə möhkəmlənən bir Azərbaycan Respublikası var. Bu respublikanın qurucularının xidmətlərinə tənqidi yanaşarkən görülən işlərin tarixi əhəmiyyətini də unutmaq olmaz.

    VHP ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi. Birinci qurultayda böyük liderimiz M.Ə.Rəsulzadədən gətirdiyimiz misalı bir daha xatırladıram: “Madam ki, biz milli dövlət istiqlalını müdafiə edirik, bizim üçün nə kosmopolit liberalizmə və nə də internasional sosializmə və ya kommunizmə təhammül caiz ola bilməz. Müdafiə etdiyimiz və ya edəcəyimiz yeganə sosial sistem milli təsanüd (yəni milli həmrəylik) sistemidir.”

    Milli birlik, vətəndaş həmrəyliyi – bir sistem kimi bütün vətəndaşların bərabərliyinə, insan haqlarına, cəmiyyətin dinclik və əmin-amanlığa, yüksək mədəniyyətə, ölkədə tarixən formalaşmış maddi-mənəvi dəyərlər sisteminə hörmət deməkdir. Bu proses demokratiyanın yüksək təzahürüdür, hər bir vətəndaşın milli və insani heysiyyətinə ən böyük sayğıdır, ən mükəmməl ictimai-siyasi ədalətdir. Bir sözlə, Vətəndaş Həmrəyliyi – insan haqlarını yüksək tutan xalq ideallarına bağlı, dövlətçiliyə xidmət edən və bu istiqamətdə bütün siyasi-ideoloji dəyərləri səmərəli dəyərləndirən bir xəttdir.

    Vətəndaş Həmrəyliyi:

    – Müstəqil yeni, amma əbədi bir ideyadır;

     – Millətin və dövlətin gələcəyidir;

    – Azərbaycanın qələbəsidir;

     – Hamımızın öz yurdumuzda insan kimi rahat, açıq alınla, başı uca yaşamağımızdır;

     – Xalqın və bütün insanların mənəvi dəyərlərinə hörmət aşılayır;

     – Cəmiyyəti formalaşdıran və dərk edən gücdür.

    Biz müxalifət, iqtidar münasibətlərinin normal qurulmasını və qarşılıqlı böhtanlara və iftiralara, düşmənçiliyə, qisasçılıq hissinə son qoyulmasını istəyirik. Müxalifətdə kifayət qədər gənc, sağlam, iradəli, milli düşüncəli adamlar var. Siyasi əqidəmizdən, partiya mənsubiyyətimizdən, iqtidar-müxalifət cəbhələşməsindən asılı olmayaraq biz bir millətin övladlarıyıq. Millətin yüz illər boyu verdiyi qurbanların, axıtdığı qanların bahasına qazanılmış müstəqilliyi – daxili çəkişmələrə, hakimiyyət davalarına qurban verməyə haqqımız yoxdur. Yetkin, mədəni bir xalq kimi müstəqil dövlətimizi qoruyub saxlamağa gücümüz çatar. VHP özünü bu gücün daşıyıcılarından, millətin ləyaqətinin, intellektinin, ağlının və iradəsinin qoruyucularından biri sayır. Bunu respublikanın ictimai-siyasi həyatında tutduğumuz mövqe, beynəlxalq əlaqələrimiz də aydın göstərir.

    Bütün fəaliyyətimiz dövründə ölkəmizin həm siyasi, həm də mənəvi həyatına həsr olunmuş demək olar ki, bütün dəyirmi masa və görüşlərdə, siyasi birliklərdə iştirak etmişik. Müxalif düşərgədə yaranmış bütün bloklara VHP qatılmış, müttəfiqlərimizin iştirakı ilə keçirilən elə bir mühüm tədbir, aksiya olmamışdır ki, orda iştirak etməyək, elə bir ciddi siyasi hadisə olmayıb ki, ona münasibətimizi bildirməyək. VHP hakim partiyadan sonra ölkədə yeganə siyasi qüvvədir ki, bütün parlament və bələdiyyə seçkilərində iştirak etmiş və bütün seçkilərdə nəticə əldə etmişdir. Bu gün parlamentdə ikinci ən çox sayda təmsil olunan partiya olaraq ana müxalifət kimi vitse-spiker postunda VHP sədr müavini əyləşib. Bu uğurlu yolumuz tutduğumuz düzgün ideoloji kursla birbaşa bağlıdır. 30 il əvvəl dediyimiz sözlər bu gün də qüvvədədir: “ … Vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə Ana Vətən qoruna bilər, nə də Ana torpaq…”. Seçkilərə qatılmağımız, parlamentdə iştirakımız və hadisələrə səbrli yanaşmağımıza görə ittiham edildiyimiz vaxtlar da olub. Lakin biz bütün gizli sövdələşmələrdən uzaq olduğumuza görə rahatca yolumuzu davam etdiririk!

    Bu gün VHP aydın məqsədi olan bir partiya kimi tanınır və onun daha da güclənmək imkanları böyükdür. Biz milli mənafedən çıxış edən partiya kimi sağa da, sola da sayğı ilə yanaşırıq. Amma bu o demək deyil VHP ortada qalıb seyrçi mövqe tutur. Seyrçi mövqe – susmaq mövqeyidir. Biz kiçikli-böyüklü bütün məsələlərə öz kəskin, güzəştsiz münasibətimizi bildiririk. Partiyaların çoxundan fərqli olaraq bizim arxamızda heç bir siyasi, iqtisadi mafiya dayanmır. Kimdənsə sövdələşdirilmiş yardım istəmirik. Partiyanın ideyası kifayət qədər geniş yayılıb. Bu gün respublikanın başçılarından tutmuş sıravi vətəndaşlarına qədər – hamı Vətəndaş Həmrəyliyi zəruriliyini etiraf edir və bizim xəttimizə, ideyamıza doğrudan da, qurtuluş yolu kimi baxırlar. Özümüz hakimiyyətdə olmasaq da, ideyamız ölkənin hakim ideyasına çevrilib.

    Azərbaycan tarixində ən şərəfli səhifələrdən biri olan 44 günlük Zəfər Savaşı “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarımızın bütün ölkə boyunca qəbul edildiyini göstərdi. Siyasi partiyalar hələ 44 günlük Vətən müharibəsi dönəmində həmrəyliklərini nümayiş etdiriblər. Müharibə dövründə hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya gəlməsi önəmli hadisədir. İqtidara yaxın və müxalifət düşərgəsindən olan partiyaların bir araya gəlməsi ölkədə sağlam siyasi mühitin formalaşmasının təzahürüdür. Ermənistanın təcavüzü və Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara birgə müraciət olundu. Birgə bəyanatlarımızda ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən ölkələrə, qurumlara və təşkilatlara iradımızı bildirdik.

    Biz milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də ölkədə daxili siyasi birliyin göstəricisidir. Amma Azərbaycanın hədəfləri Qarabağın Azadlığı ilə yekunlaşmır. Azərbaycan Respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimizdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspıralının, “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımıza tamamilə dəyişik bir müstəvidə baxacaqdır.

    Bu gün Türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir. Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə, onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir. Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir. İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalanmaq istəmirsə Güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan Respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarının düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.

    Vətəndaş həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında olub. Əlbəttə, bütün çətinliklərə, bölünmələrə, parçalanmalara, ədalətsizliklərə, soyqırıma məruz qalmağımıza baxmayaraq, hazırda müstəqil Azərbaycan xalqımızın sərvətidir. Dünyada heç də bütün xalqlara dövlət qurmaq nəsib olmayıb və bu baxımdan, öz dövləti, bayrağı olan şanslı millətlər sırasında olmağımızla qürur duymağı bacarmalıyıq. Eyni zamanda, milli hədəflərimizdən də geri durmamalı, ona doğru hər zaman can atmalı, övladlarımızın və xalqımızın gələcəyi naminə yorulmadan çalışmağı bacarmalıyıq.

    Bu baxımdan vətəndaş həmrəyliyi hamının, bütün xalqımızın indiki və gələcək ideologiyasıdır. Bu ideologiyaya sadiq qalacağımız, ən çətin anlarda milli birlik nümayiş etdirəcəyimiz halda dövlətimizin müstəqilliyi də, xalqımızın firavanlığı da daimi olacaqdır. Bütün bu illər ərzində ədəbi yaradıcılığımda, siyasi mübarizəmdə, daşıdığım vəzifələrdə bir amala xidmət etmişəm. O da Azərbaycanın müstəqilliyi, bütövlüyü və azadlığıdır!

    Elə bilirəm bütün həyatımla bu gün bu kürsüdən Azərbaycanın həm iqtidarına, həm müxalifətinə üz tutub – daşıdığımız məsuliyyəti xatırlamaq səlahiyyətini qazanmışam. Xalqın sevgisi və inamı boynumuza bir mənəvi haqq qoyub. Ona görə də siyasi proseslərdən kənarda dayanmağımız imkansızdır. Azərbaycanın xoşbəxtliyi, bütövlüyü və azadlığı uğrunda hər birinizə uğurlar arzulayıram!

    TANRI VƏTƏNİMİZİ VƏ MİLLƏTİMİZİ QORUSUN! NİCATIMIZ VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR!