Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Hilal Əliyev -70

    QEYRİ-RƏSMİ DEPUTAT və ya HİLAL MÜƏLLİMİN KARIMIZA GƏLƏN ÖMRÜ

    …və bir az da MÖVZUDA GƏZİŞMƏ

     

    ONUN hamımızın üstündə haqqı var…O isə ÖZÜNÜ hamıya borclu bilir. Biz ONUN gözü qabağında QOCALDIQ… O isə bizim gözümüzün qabağında hər gün UCALDI: təmkiniylə,xoş rəftarı ilə və SAF QƏLBİ İLƏ…

    Şərait dəyişəndə çoxları damarını tapdıqları ZAMANları əllərindən çıxanda özlərini yerə sürtdülər. O isə ONA verilən şanslardan İMTİNA ETDİ. ONUN nə bu dünyadan, nə də dünyanın bizim boyumuza kəfən biçdiyi bu ZAMANDAN UMACAĞI YOXDU…O, gözlərin odunu alan  müharibənin qara kağızlarının qapıları sırtıq üzü ilə döydüyü  ZAMANIN UŞAĞI OLUB. Atası müharibədən yaralanıb qayıtmışdı, gətirdiyi yaralarla canı əlbəyaxda idi… və canı tab gətirmədi…Müharibənin qara kağızlarından nəfəsini dərən kənd evlərinin taxta qapılarını aclıq və səfalət döyüb… O,o günlərin yoxduçuluğunu, kəndin kasıb sifətini, evlərin qonaqdan üzüqara günlərini, yamamağa yeri qalmayan paltarları, çarıq ayaqqabıları GÖRÜB… Sərfəsi sakitdi… GÖRDÜKLƏRİ GÖZÜNÜ ÇOX QORXUDUB…

     

    … və ANKETSAYAĞI TANIŞLIQ

    ADI və SOYADI – ƏLİYEV HİLAL RZA OĞLU

     

    DOĞULDUĞU YER və TARIX – Yardımlı rayonunun Çanaxbulaq kəndi, 20 mart 1943-cü il

    (O gün müharibənin 637-ci günü olub. O gün gülüşə dodaqların gücü çatmayıb, sevinməyi özlərinə ar biliblər… Qonşu çəpəri doğan analar doğduqlarına Allahdan çəpər İSTƏYİBIƏR … )

    YADDAŞININ QARA SIYAHISI – aclıqdan zülüm-zülüm ağlayan kənd uşaqları, uşaqlarını acından ölməyə qoymayan kənd arvadlarının nəmli, yuxusuz gözləri,tərə – türədən ötrü örüşlərə düşən qız-gəlinlər…

    HƏYATININ SINAQLARI – 16 yaşında Sumqayıta qardaşı Hacı Təvəkgülün yanına gəlir. Gecələr oxuyur, GÜNDÜZLƏR FƏHLƏ IŞLƏYIR… Fəhləçiliyin qara günlərinin yükü  bərkiməyən sümüklərini sızıldadır, gözlərini yuxuya tamarzı qoyur. Yaşıllaşdırmada da fəhlə işləyir, çörək zavodunda da, Sintetik kauçuk zavodunda da… 21 yaşında Pedaqoji institutun riyaziyyat fakultasinin axşam şöbəsinə qəbul olur. Bir il SSRI-nin edam və sürgün yerləri Sibrin sözü ağızlarda donduran şaxtasında, iki il isə Qazaxstanın ilanların da mələyə bilmədiyi çöllərində hərbi xidmət keçir… 27 yasinda institutu bitirir… Sumqayıt şəhər təhsil şöbəsində 2 il filmateka şöbəsinin müdiri, 5 il direktor müavini, 14 il direktor işləyir…

    VƏ DIREKTORLUQDAN İMTİNA EDIR…İrad da tuturlar, inad da edirlər… Ərizəsinin üstünü uzun zaman yazmırlar. O,sözündən dönmür. Özü öz yerinə adam da tapır…Bəhanəsi də o olur ki, mənim zamanım deyil…VƏ ƏSLİNDƏ ONUN ZAMANI HEÇ ZAMAN OLMADI… O, bu ZAMANIN BAZARINDA maya batıran İDİ… və ən çox da əli kasad idi, alımda da, verimdə də…

    O TALEYİNDƏN ÇOX RAZIDI. O, özündən böyüklərə ehtiramlı, özündən kiçiklərə səmimi olub.Həmişə istəyib ki, dostları,tanışları yaxşı yaşasın. Ömrü boyu var-dövlət yığmağa həvəsi olmayıb. Həyatına və yaşadıqlarına naşükür deyil. Onu hayatı va yaşadıqları qane edib. Onun üçün həyat hamar yollardan ibarət deyil. “Insanlara bədbəxtlik, cətinlik,yoxsulluq, ya da dərd-qəm lazımdı.Yoxsa insanlar özlərini tez unudarlar”, -Şekspirdən sevdiyi bu kəlamı dostlarına da xatırladır. Dostlarını özündən çox istəyir.Aristotelin: “Düşmən qazanmaq istəyirsənsə özünü dostlarından yüksək,dost qazanmaq istəyirsənsə dostlarını özündən yüksək tut”, – deyiminə çox inanır…

     

    HAŞİYƏ ƏVƏZİ va ya DOSTU BƏŞİR MÜƏLLİMİN DEDIKLƏRİNDƏN:

     

    – Onunla yol yoldaşı olanda adam heyrətlənməyə bilmir. Yol boyu yanımızdan ötüb keçən adamların çoxu ayaq saxlayır, salamlaşıb Hilal müəllimdən hal-əhval tuturlar. Bəzən adama elə gəlir ki, onu hamı tanıyır. Bir dəfə soruşdum ki, sən bu şəhərdə hamını tanıyırrsan? Cavab verdi ki, kimi istəyirsən soruş. Hilal müəllim tanımaqdan əlavə çoxu ilə əlaqə saxlayır. Onun nəinki Sumqayıtda, hatta Azərbaycanda va xaricdə yaşayan soydaşlarımızın çoxu haqqında dəqiq məlumatı var. Zarafat deyil, 54 ildir ki, Sumqayıtda yaşayır. Bu yaxınlarda öyrəndim ki, yaddaş kitabçası yazıb, orada şəhərimizin ziyalılarının,iş adamlarının, məktəb va bağçalarda işləyən həmkarlarının doğum günləri, ünvanları, telefon nömrələri var…Ondan bir iş xahiş edəndə öz vacib işini yarımçıq qoyub, çalışıb sənin işini həll edəcək. Ömrünün ixtiyar çağlarını yaşasa da nəinki el-obanın, tanıdığı sumqayıtlıların da xeyir-şərindən qalmır. Zəng edib xəbər eləyir, dünyasını dəyişmiş dost-tanışın yas yerini, vaxtını bildirir. Deyir ki, adam gərək el-obanın xeyir-şərindən dala qalmasın, bu gündən hamımız üçün var… Çox məlumatlı insandı Hilal müəllim. Bildiklərini həmsöhbətinə çatdırmaq üçün elə mükəmməl, sadə dillə izah edir ki, məmunluğu həmsöhbətin gözlərindən hiss edirsən. Hilal müəllim alicənablığı, insanpərvərliyi və dostcanlığı ilə hörmət qazandığından biz hamımız onun xatirini çox istəyirik

     

    O, İNSANIN HAQQINA  XƏYANƏT ETMİR…

     

    O, ölüm-itimdən qorxur. Qorxur ki, kimlərinsə haqqı üstündə qalar. Allahın bəyanıdı ki, mən iki şəxsi-yalançıları və nankorları hidayət etmərəm. O, yalançı deyil, heç yalan danışmağın çəmini də bilmir. O,üstündə olan haqları da danmır. Onun hayatında üç şəxsin haqqı böyük olub. Hacı Dilavər Agababa oğlunun, Araz Camal oğlunun və Nərçə Bəhmən oğlunun. Onların üçü də HAQQ dünyasındadı, HAQQLARI isə bu dünyada qalıb… Hilal müəllim ONLARIN bizim yanımızda qalan HAQLARINDAN üzüqara qalmamaq üçün HAMIYA DEYIR…Dediklərində isə BÖYÜK SEVGİ VAR haqqı ustündə qalanlara…

     

     …VƏ BİR AZ DA HİLAL MÜƏLLİMİN ÖZ ANLATDIQLARINDAN:

     

    – 1981-ci ilin sentyabrın 1-də təhsil aldığım 4 saylı növbəli orta məktəbə məni direktor təyin etdilər.Birinci iş günündən bir saat keçməmiş katibə dedi ki, Hilal müəllim qəbul otağında buxara papaqlı, nurani bir kişi sizinlə görüşmək istəyir. Dərhal kabinetdən çıxıb onu qarşıladım. Dilavər dayı idi gələn. O,məni qucaqlayıb bağrına basdı. Məni təbrik etdi, uğurlar dilədi. Onu kabinetə dəvət etdim.Onun gəlişini bir işlə bağlı olduğunu düşündüm. Soruşdum ki, bir hadisə baş verməyib ki? Rəhmətlik hazırcavab idi. Dedi ki,olub, həm də çox böyük hadisə olub.Yenə onu anlaya bilmədim. Dilavər dayı mənə dedi ki, rayonumuzdan uçüncü adamsan ki,vəzifəyə təyin olubsan, birinci Nərçə Ağayev, ikinci Vəkil Ismayılov, üçüncü də sənsən. Soruşdum ki, haradan bildin ki,məni direktor təyin ediblər? O güldü. Onda anladım ki,Dilavər dayi məlumatlı va təcrübəli adamdı. Çay içib bir xeyli söhbət etdik,məsləhətlərini verdi. Həm də hayatım boyu mənə köməyi dəydiyi məsləhətlər verdi. Ən çox da ona təkid etdi ki, kiminlə işləyəcəyəmsə yoxlayıb etibar edim. Hətta anamın cəddinə and verdi. Elə bil içində mənim üçün qorxu var idi.Istəmirdi ki,dişlə-dırnaqla qazandığım bu yeri itirim. Onda başa düşdüm ki,hayat təcrübəsi böyük məktəb imiş. Sonralar biz tez-tez görüşürdük. Məktəb növbəli olduğundan iş vaxtı gec qurtarırdı. Dilavər dayı vaxtı olan kimi gəlirdi. Dostluğumuz uzun müddət davam etdi. Mən ondan həyat dərsi aldım.Heyfsilənirəm ki,Hacı Dilavər vaxtından əvvəl dünyasını dəyişdi.Onun məsləhətlərinə hələ çox ehtiyacımız var idi. Çox şükür ki,onun yolunu ciyərparası Hacı Gülaga davam etdirir.

    ONUN QIZIL TEŞTİ OLMADI, QIZIL AILƏSİ VAR.Peygəmbərimizin sözüdü ki, ən böyük var-dövlət dürüst uşaqlar tərbiyə etməkdi. Tərbiyə ONUNÇÜN bir peşə vərdişi deyil. Və bir az da GENETİKdi.Anası Gülsaba nənə BƏY QIZI İDİ. Görüb-götürmüş seyid ocağında böyümüşdü. Həm də çox mərhəmətli qadın olub, tikəsini bölüb. Gəlini Raisa xanım da ocağa çəkdi. O da qayınanası kimi evinə gəlib-gedənin yol-yolağını saxlayır, bilməyənə bildiyini öyrədir, əli dara düşənə, sıxışıb ona sığınana təsəlli olur…Və hər zaman icindəki IMANA INANDI. Raisa xanım da peşəkar tərbiyəçidi, 35 il şəhərin 15 saylı məktəbində müəllimə işləyib. Oğlanları Faiq, qızları Rəna və Mehriban, nəvələri Əfsanə, Aytacın ADAMLIQLARI, SU KİMİ PAKLIQLARI, HALALLIQLARI O EVİN RUZİ-BƏRAKƏTİDİ. O uşaqlardan ağzı yanan olmayıb. O evdə qeybət,dedi-qodu,yalan-palan da olmayıb…VƏ O EVIN QAZANCI ÇOXDU…

    VƏ BU DA SON…Hilal müəllim mənim doğmaca əmim oğludu. Çoxlari kimi ONUN mənim üstümdə də HAQQI ÇOXDU. Onun evi gedəcək yerim olub, tikəsi savaba çatıb…Mən O EVDƏN XOŞ ÜZ GÖRDÜM…VƏ BU YAZI DA O HAQQI ÖDƏYƏ BİLMƏZ…

    …Hilal müəllim əsgərilikdə xidmət etdiyi hissənin böyüklərinə qulaq assaydı İNDİ KAZAXISTANDA GENERAL İDİ…Hilal müəllim harama bulaşsaydı İNDİ BÖYÜK MƏNSƏB SAHİBİ İDİ…Və olmadı.Əli Nəcəfxanlı demişkən Hilal müəllim Sumqayıtın qeyri-rəsmi deputatı oldu. Bizim va hamımızın KARINA GƏLDİ…

    Allahın mənə və bizə verdiyi ağılla deyirəm ki, nə yaxşı Hilal müəllim general olmadı,nə yaxşı harama bulaşıb böyük mənsəb sahibi olmadı.ÖZÜ OLDU… ALLAH VƏ BƏNDƏ QARŞISINDA ÜZÜQARA DEYİL…

                                                                                           

    ŞÜKÜR SƏLİMXANLI
  • Məhrum jurnalist Elmar Hüseynov anıldı.

    Martın 2-də hər il olduğu kimi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin ildönümü qeyd olundu. Mərhum jurnalistin qətlə yetirilməsinin 8-ci il dönümündə ictimaiyyət nümayəndələri, gənclər, siyasi partiyaların təmsilçiləri onun məzarını ziyarət etdilər. Onun məzarı önündə əklillər qoyuldu, ruhuna dualar oxundu.

    Ziyarətə gələnlər arasında Müsavat başqanı İsa Qəmbər, İK KŞ üzvü Ədalət Yusifov, Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı, AXP sədri Pənah Hüseyn, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, VHP Siyasi Şurasının üzvü Samir Əsədli də var idi. Eyni zamanda gənc fəallar da mərhum jurnalisti yad etməyə gəlmişdilər. 
    E.Hüseynovun məzarı başında çıxış edənlər qətlə görə mövcud hakimiyyəti ittiham etdilər və iqtidarın bu işi açmaqda maraqlı görünmədiyini vurğuladılar. Əvvəlcə atası Sabir Hüseynov söylədi ki, bundan sonra istintaqdan artıq heç bir şey gözləmir. O, oğlunun həqiqətlərdən yazdığını deyərək həmkarlarının onu hər il yad etməsinə görə təşəkkürünü bildirdi.

    “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu 8 ildə çox şey unudulduğunu dedi: “Bu illər ərzində istintaqda yanlışlıqlara yol verilib. Biz qətlin ilk dövrlərində İctimai Təhqiqat Qrupu yaratmışdıq. Bir sıra nəticələr də əldə etdik. Gürcüstan Prokurorluğuna müraciət edib müəyyən nəticələrə gəlmişdik. Ancaq sonra qrup üzvlərinə qarşı təqiblər başlandı, onların yaxınları iş yerlərindən çıxarıldı. Ona görə fəaliyyəti dayandırmalı olduq. İndi milli təhlükəsizlik naziri müsahibəsində elə danışır ki, guya hər gün istintaq gedir. Biz onun qatillərinin cəzalandırılmasını istəyirik. Elmar Hüseynov bəşəri dəyərlər uğrunda mübarizəsinə görə qətlə yetirilib. Biz onu hər il yad edirik və bu ənənə bundan sonra da davam edəcək”.

    Müsavat başqanı İsa Qəmbər isə qeyd etdi ki, bu qətlin üstün açılanda və qatillər cəzalandırılanda E.Hüseynovun ruhu şad olacaq: “Onun itkisi böyük şok yaratdı. Elmarın qatili bu hakimiyyətdir və buna görə onun qatilləri qanun qarşısında cavab verməlidirlər. Bu günə kimi qətlin açılmasında təşəbbüs göstərənlər də cəzalandırılıb. Hakimiyyətin mahiyyəti budur. Neft Akademiyasındakı hadisələrdən sonra Tofiq Yaqublu araşdırma apardı və qətlin sifarişçisi kimi göstərilən ermənini Gürcüstanda tapdı. Məlum oldu ki, bu adam sadə bir kəndlidir. Tofiq Yaqublunu indi həbs etdilər. Eləcə də Elmarın qatilləri kimi göstərilən şəxslər də tapıldı. Kim qətlin üstünü açmaqda təşəbbüs göstərib onu cəzalandırıblar. Ancaq biz hər il ənənəni davam etdirib Elmarın məzarı başında yad etməliyik. Onun qatilləri bir gün qanun qarşısında cavab verəcək. Bu gün gənclərimiz çox fəaldır və onlar da mərhum jurnalistimizi yad etməy gəliblər. Bu belə də davam etməlidir”.

    “Turan” İA direktoru Mehman Əliyev isə dedi ki, Elmarın qətli ilə bir neçə il jurnalistlərin gözünü qorxutmağa, daxili senzura yaratmağa çalışdılar: “Ancaq son illər bu əks effekt verir və həqiqətlər yazılır”.
    VHP sədrinin gənclər müşaviri Samir Əsədli dedi ki, qatillər cəzalandırılmalıdır: “Elmarın qətli azad mətbuatın susdurulması cəhdi idi. Mətbuat bir aynadır və Elmarı öldürməklə bu aynanı sındıra bilmədilər. Bu gün jurnalist olmağa başlayan hər bir gənc gəlib Elmarın məzarını yad etməli, onu tanımalıdır”.

    Ziyarətə gələnlərdən NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı və Avropa Hərəkatının üzvü Pərviz Əzimov və “Azadlıq” radiosunun əməkdaşı Çingiz Sultansoy da çıxış etdilər. Sonra jurnalistlərdən Çingiz Sultansoy, Elmin Hüseynov da onun barəsində danışdılar.

    Axşam 20:00-da isə E.Hüseynovun qətlə yetirildiyi yer-yaşadığı evin qarşısında ənənəvi olaraq anım tədbiri keçirilib.

    Qeyd edək ki, istintaq orqanları isə jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər. 2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb. Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Jurnalistə tapançadan 7 dəfə atəş açılıb.

  • VHP müxalifətçilərin həbsini pislədi

    VHP “REAL” sədri İlqar Məmmədovun və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat verib.


    Bəyanatda deyilir:
    “Vətəndaş Həmrəyliyi Partiyası “REAL” Hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsindən narahat olduğunu bildirir və bunu hakimiyyətin siyasi təzyiq vasitəsi kimi qiymətləndirir.

    İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıya getməsi ordakı hadisələrin baş verdiyi gündən bir gün sonraya təsadüf edir. Onların narazı kəsimi təxribata çəkməsi, prinsipcə, inandırıcı görünmür, çünki İ.Məmmədov və T.Yaqublu özlərindən əvvəl başlamış hadisələrin iştirakçısı ola bilməzdilər.

    Digər tərəfdən, İ.Məmmədov və T.Yaqublu hər ikisi ölkənin tanınmış siyasət adamlarıdır, istintaqdan yayınmayıblar, ona görə də istintaq müddətində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə heç bir ehtiyac yox idi. Həbs qətimkan tədbirinin seçilməsi və onların cəmiyyətdən təcrid olunması bu siyasətçilərə qarşı irəli sürülən ittihamların siyasi xarakterli olması şübhələrini daha da gücləndirir və siyasi fəallara qarşı hakimiyyətin dözümsüz yanaşdığını ortaya qoyur.

    Bu həbslərin Azərbaycanın imicinə necə zərbə vuracağını nəzərə alaraq, hesab edirik ki, hakimiyyət bu kimi üsullardan birdəfəlik əl çəkməli, ölkə rəhbərliyi siyasi iradə ortaya qoymalı və İ.Məmmədov və T.Yaqublunun istintaq müddətində azadlığa çıxmalarını təmin etməlidir”.

  • Xocavəndin işğalından 21 il ötdü

    Təkcə Qaradağlı kəndindən girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub

    Erməni və rus silahlı birləşmələri Xocalıda soyqırımı həyata keçirmək üçün öncə Xocavənddən başladılar.

    Yəni 1992-ci il fevralın 17-də Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, eləcə də Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə
    Xocavənd rayonu işğal olundu. Şahidlərin dediyinə görə, ermənilər Xocavəndin işğalı zamanı da soyqırım törədiblər. Sadəcə bu faktları zamanında bütün bünyaya çatdıra bilməmişik.
    Hə yazıqlar ki, bu və digər faciələrimizi yalnız ildönümlərdə xatırlayırıq, bundan artığını hələlik bacarmırıq. Uzaqbaşı ildönümlər yaxınlaşanda bir neçə kitablar nəşr etdirməklə, dəyirmi masalar düzənləməklə işimizi yekunlaşdırırıq. Yəni ermənilərin bu günə kimi başımıza gətirdikləri müsibətləri olduğu kimi dünya ictimaiyyətinə çatdıra, bu yöndə əməli iş görə bilmirik. (Başımıza gətirilən müsibətlərin müqabilində gördüyümüz işlər isə dəryadan bir damcıdır-red.). Biz yalnız Azərbaycanda özümüz deyib, özümüz də eşitməklə məşğuluq, bundan o yana gedə bilmirik. Ermənilər isə baş verməyən qondarma soyqırımlarını hər gün, hər saat yalan və şişirdilmiş informasiyalarla dünya ictimaiyyətinin beyninə yeridirlər. Çünki onlar qondarma soyqırımlarını təkcə uydurduqları tarixi gündə yad etmirlər, eyni zamanda, hər gün olmayan tarixlərini bu və digər formada yada salırlar. Məsələn, Ermənistana gələn rəsmi və qeyri-rəsmi qonaqları İrəvanın mərkəzində ucaltdıqları qondarma soyqırım abidəsini ziyarət etmək üçün aparırlar. Qonaqları özlərinin guya ki, faciəylə üzləşdiklərini həm «soyqırım» abidəsi, həm də uydurduqları tarixdən hazırladıqları kitablar vasitəsilə inandırırlar. Məhz elə bunun nəticəsidir ki, beş il öncə Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner hansı ölkənin-Azərbaycanın, yoxsa Ermənistanın işğalçı ölkə olduğunu hələ də bilmədiyini söyləyirdi. Bu faktla birinci dəfə deyil ki, qarşılaşırıq. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri belə, Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildirmirlər. Və hər dəfə Dağlıq Qarabağ probleminin həlliylə bağlı keçirilən danışıqlar zamanı işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyniləşdirirlər. Və hər ikisinin güzəştə getməsini məqbul sayırlar.
    İstər Xocalı, istər Xocavənd, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm əsərlərində öz əksini layiqincə tapmayıb. Düzdür bəzi istisnaları çıxmaq şərtilə, hələ də bu istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik.

    xxx

    Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai, Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ obası, Tuğ kəndi və s.
    Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə-tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
    Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevral ayının 15-dən başlayaraq, rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma keçirlər. İki gün çəkən döyüşdən sonra mühasirəni qıran ermənilər fevralın 17-də kəndi işğal edirlər. İşğal zamanı Qaradağlı kəndi tamamilə dağıdılır, dinc, əliyalın, günahsız əhaliyə, uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulur. Qaradağlıdan girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Şahidlərin sözlərinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onların bəzilərinin başları kəsilib.

  • ABŞ səfiri müxalifətlə görüşdü

    Dekabrın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir sıra müxalifət liderləri ilə görüşüb. Görüşdə iştirak edən siyasətçilərdən birinin verdiyi məlumata görə, səfirlə görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədri Əli Kərimli, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisnin sədri Rafiq Manaflı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, ReAL hərəkatının həmtəsisçisi Erkin Qədirli və Azərbaycan Ziyalılar Forumunun üzvü Mehriban Vəzir iştirak ediblər.

    Görüş zamanı  Azərbaycanda ictimai-siyasi vəziyyət, 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı vəziyyət, müxalifətin seçkiyə hazırlığı, demokratik seçki mühiti ilə bağlı müzakirələr olub.

    Qeyd edək ki, bu, ABŞ-ın yeni səfirinin müxalifətlə dördüncü görüşüdür. Bundan əvvəl noyabr ayında keçirilən görüş barədə də nə səfirlik, nə də görüşdə iştirak edən müxalifətçilər mediaya heç bir açıqlama verməmişdilər. Bu dəfə də onlar susmağa üstünlük verdilər. Arqumentləri də bu oldu ki, görüş barədə açıqlama verilməməsi barədə razılıq əldə olunub.

    musavat.com

    Bütöv yazını göstər
  • “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr” mövzusunda konfrans keçirilib

    Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda konfrans keçirilib.

    APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycanın şimalı ilə cənubu arasındakı əlaqələrdən və aradan qaldırılması vacib olan nöqsanlardan danışıb. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycanın mədəni birliyinə nail olmaq üçün əlaqələrin istiqamətləri genişləndirilməlidir. Onun sözlərinə görə, əlaqələrin genişləndirilməsinin hələlik yeganə yolu gediş-gəlişlərin sayının çoxalmasıdır.

    DAK Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, Güney Azərbaycan məsələsinə diqqət artırılmalı, dövlətin bununla bağlı konsepsiyası formalaşdırılmalıdır. O, mətbuatın da bu istiqamətdə fəaliyyətinin yetərincə olmadığını bildirib.

    Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin rəhbəri Yasəmən Qaraqoyunlu bildirib ki, dünyanın super dövlətləri mərkəzi İsrail olmaq şərti ilə həyata keçirdikləri “Orta doğu” proyektində  Azərbaycan türklərinin bütövləşməsini nəzərdə tutmayıblar. Onun sözlərinə görə, Azərbaycan türkləri buna qarşı getməli və öz dövlətini bərpa etməlidir. Y.Qaraqoyunlu müxalifətin də Güney Azərbaycan məsələsindəki mövqeyini bəyənmədiyini söyləyib.

    Güney Azərbaycandan olan, yazar Sayman Aruz Cənubi Azərbaycandakı vəziyyət, İran hökumətinin türklərə olan münasibəti haqda danışıb. O, Bakıda Güney Azərbaycan Yazarlar Fondunun yaradılması istiqamətində qarşıya çıxan problemləri də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məsələdə Şimali Azərbaycanın imkanlı şəxslərindən dəstək əldə edə bilməyiblər.

    Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev siyasi dairələrdə Güney Azərbaycan məsələsinə olan biganəliyin səbəbini siyasi xadimlərin Azərbaycan tarixini yetərincə bilməməyində və siyasi dövlətçilik mədəniyyətinin tam formalaşmamasında gördüyünü deyib.

    Tədbir mövzu ilə bağlı çıxışlarla davam edib.

     

  • İstiqlalçı Deputatlar Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib

    İstiqlalçı Deputatlar Məclisi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.

    APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilən tədbirdə İstiqlalçı Deputatlar Məclisinin üzvləri çıxış edərək bu tarixin əhəmiyyətindən, millətin formalaşması prosesindəki rolundan danışıblar. İbrahim İbrahimli, Hacıbaba Əzimov, Firudin Cəlilov, Sülhəddin Əkbər, Tahir Əliyev, İsa Qəmbər, Pənah Hüseyn, o cümlədən AXCP sədrinin müavini Nurəddin Məmmədli, VHP sədrinin müşaviri Arif İsmayılbəyli həmrəylik bayramının müstəqillikdən doğduğunu bildiriblər.

    Mərasimdə həmçinin, İrandakı türklərin milli haqları da müzakirə mövzusu olub. Bununla yanaşı çıxış edənlər, iqtidarı Müstəqillik Aktının müəlliflərinə və Azərbaycanın istiqlalı uğrunda əməyi olan ziyalılara göstərilən münasibətdən narazılıqlarını vurğulayıblar.

    Sonda İstiqlalçı Deputatlar Məclisi adından Azərbaycan xalqına müraciət də qəbul olunub.

  • Xankəndi (statistik məlumatlar, fotolar)

    Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci ilin dekabrında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.

    Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuşdur. Sahəsi 8,8 km²-dir. Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
    Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunmuşdur.
    Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər
    XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra isə Xankəndi adını alır. Qarabağ xanlığı dönəmində şəhər çox inkişaf etmişdir. Əsas səbəb isə şəhərin mərkəzdə və paytaxta yaxın olması, ticarət yollarının buradan keçməsi, xanların iqamətgahı olması, əlverişli mövqedə yerləşməsi, zəngin təbiətinin olması göstərilir.
    Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə gedir. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. 
    Xankəndində tikilmiş müəssisələr vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutmuşdur.
    Qeyd: Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin 07.07.1923-cü il tarixli Dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən, həmin Vilayətin mərkəzi Xankəndi şəhəri olmuşdur. 18.09.1923-cü ildə isə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stapanakert şəhəri adlandırılmışdır. 
    Azərbaycan SSR Baş Soveti Prezidiumunun İclasının 01.02.1939-cu il tarixli Protokoluna əsasən Stepanakert şəhəri rayon tabeli şəhərlər kateqoriyasından Muxtar Vilayət tabeli şəhərlər kateqoriyasına aid edilmişdir.
    Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 15.05.1978-ci il tarixli, 837-IX nömrəli Fərmanı ilə Stepanakert rayonunun mərkəzi Stepanakert şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilmiş və Stepanakert rayonu Əsgəran rayonu adlandırılmışdır. 
    Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 21.04.1990-cı il tarixli, 1783-XI nömrəli Fərmanına əsasən Stepanakert şəhərinin Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Stepanakert Şəhər Sovetinin tərkibində Kərkicahan Qəsəbə Soveti yaradılmışdır. 
    “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılmışdır. Əsgəran və Hadrut rayonları ləğv edilmişdir. Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun ərazisinə verilmişdir. Xankəndi və Şuşa şəhərləri respublikla tabeli şəhərlərin, Ağdərə, Xocavənd Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.

    Əhalisi

  • ““Administrasiya” ahəng qanununu pozur” – Dilin bəlası

    Sabir Rüstəmxanlı
    Azərbaycan Dil Qurumunun Başqanı

    Dilə sayğı milli əxlaq göstəricisidir

    Kanada ingilisdilli ölkədir. Yalnız Kvebekdə, fransızların sayca üstünlük təşkil etdikləri bölgədə əsas, yəni rəsmi dil fransızcadır. Ölkənin ən böyük şəhəri Monrealda və bütün Şərqi Kanadada fransız dilinin işlənmə dairəsi, nüfuzu ingiliscədən artıqdır.

    Heç bir yerdə ingilis dili fransızcadan üstün duruma gətirilə, ünsiyyətdə, yazı-pozuda fransızcadan qabağa keçə bilməz. Lakin, görünür, bu o qədər də asan başa gəlmir: ona görə də Kvebek əyalətinin qanunu ilə burada dil polisi yaradılmışdır; fransızcanın rəsmi statusunun pozulduğu hər yerdə dil polisi işə qarışır və hüququ bərpa edir; qanuna qarşı çıxanlar, reklamlardan başlamış məişətin bütün sahələrinədək, fransızcaya sayğısızlıq göstərənlər layiqli cəzasını alır. 

    Bu misalı oxuyan hər kəs məni qınayacaq: “Az idi havayıyeyənlərimiz, indi də dil polisi gələcək!” Mən bu barədə Milli Məclisdə də danışmışam. Lakin orda deputatların bu tipli, milli taleyimizlə bağlı təkilifləri o qədər də maraqla qarşılanmır. Nəzərə alınmır ki, deputatlar, iqtidarlar, hətta hakimiyyətlər də keçib gedəcəklər, amma ana dili qalacaq, qalmalıdır.

    Prinsipcə mən də dil kimi xalqın varlıq şəklinin ən mühüm əlamətinin inzibatı nəzarət altında qorunmasının əleyhinəyəm; bu bir vicdan işi, milli borcdur, insanın şəxsi qabiliyyətini göstərən həssas olaydır; bura polisin müdaxiləsi arzulanan deyil.

    Hər kəsin öz milli məsuliyyətini dərk etdiyi toplumda dil polisinə bəlkə də ehtiyac yoxdur; amma yad heyranlığının, özgə aşiqliyinin az qala kütləvi şəkil aldığı, ana dilinə biganəliyin xəstəlik səviyyəsinə çatdığı cəmiyyətdə bu vacibdir. Dilimiz də Konstitutsiyamızın qoruması altındadır; ictimai asayiş kimi! İctimai asayişin pozulmasına polis nəzarət edir, bəs dil sahəsinə kim nəzarət etməlidir?

    Hansi dildə və necə danışmaq fərdin, insanın istəyinə bağlı olmaqla, həm də ölkənin, millətin taleyini, gələcəyini müəyyənləşdirən ictimai, tarixi vəzifədir; vətəndaşlıq məsələsidir.

    Bununla günü sabahdan, “Azərbaycanda da dil polisi yaradılsın!” – demək istəmirəm. Sadəcə, bu işin bütün dünyada, hətta dili təhlükə altında olmayan və müqavimət duyğusu güclü olan xalqlarda da ciddi rəsmi nəzarətdə saxlandığına diqqət yönəltmək istəyirəm.

    Təəssüf ki, bizdə assimilyasiyaya, başqasının təsiri altına düşməyə, məişətdən tutmuş mədəniyyətə qədər, başqalarını yamsılamağa meyil güclüdür. Qorumaq hissiyatımız zəifləyib: torpağı da, insanı da, dilimizi də! Bu immunitet çatışmazlığı çox ağır xəstəlikdir və hökmən müalicə olunmalıdır.

    Təhlükə yalnız kiminsə küçədə-bazarda əcnəbi dildə danışması, yaxud öz körpəsinə ana dilini öyrətməməsi ilə bağlı deyil. Dil payız şumu kimidir; ora bu gün atılan dən müəyyən zamandan sonra göyərir; taxıl kimi, gül kimi, bəzən də alaq kimi…
    Buna görə də dillə bağlı işlərin heç birinə laqeyd yanaşmaq olmaz…
    Dilimizin mənzərəsini bəlirləyən sahələrdən biri də qanun yaradıcılığıdır.
    Bu gün qanunda yer alan bir kəlmə sabah sənədlərdə ölkənin hər yerinə yayılır və işlək dilə yol tapır.

    Onlarla cətin, ahəng qanunu pozan xarici termin və ifadə var ki, məhz qanunların, rəsmi sənədlərin vasitəsilə dilimizə yol tapmışdır. Məsələn, kollekvium, insident, ipoteka, kampaniya, kvorum, kvota, koalisiya, kompleks, konvertor, konkurs, konsensus, kontekst, konstruktiv, konsultasiya, konflikt, kredit, leqal, makro, mikro, mentalitet, manitor, market, prezentasiya, patifikasiya, rezerv, region, reytinq, rekonstruksiya, rekvizit, referendum, servis, tendensiya, teoriya, tekst, faza, penitensiar, administrasiya, aktiv, debat, deqeredasiya, investor, investisiya, kadastr, feldyeger, funksiya və s.

    Bu sözlərin dilə gətirilməsinə qarşı çıxan kimi on yerdən səs ucalır ki, bunlar beynəlxalq sözlərdir, hamı işlədir, biz də işlədək. Öncə onu deyim ki, beynəlxalq söz yoxdur. Bu kəlmələr ayrı-ayrı əcnəbi dillərdən gəlir və bütün dillərdə dəyişilmədən işlədilməsi heç də zəruri deyil; onları olduğu kimi saxlamaq tənbəl xalqların tənbəl dilçilərinin işidir. Yapon da, çinli də, ərəb də, fars da bu terminlərin böyük əksəriyyətinin öz dillərində qarşılığını tapmışlar. Hətta Türkiyə türklərinin bizimlə eyni olan dilində Azərbaycan türkcəsindən fərqin böyük hissəsi məhz bu kəlmələrin türkcəsini tapmaq sayəsində yaranmışdır; biz onların bu təcrübəsindən istifadə etməkdənsə, israrla yabançı kəlmələr dalınca sürünürük.

    Bu “toxunulmaz” görünən “beynəlxalq” terminlərin ana dilimizdə gözəl qarşılıqları var; yer tutmasın deyə, onları sadalamaq istəmirəm. Təklifimin qəbul edilib rəsmiləşəcəyini bilsəm, bunların və bunlardan qat-qat artıq digər işğalçı əcnəbi kəlmələrin təmiz türk qarşılığını təklif edərdim. Təəssüf ki, buna maraq göstərən yoxdur; əksinə “dil siyasəti” ilə məşğul olanların bəziləri bu terminləri dilimizə doldurmaqla Anadolu və Azərbaycan türkcələrini uzaqlaşdırmaq və bu yolla guya bir-birimizi anlamadığımızı, bir-birimizi tərcümə etmək zərurəti faktını möhkəmləndirməyə çalışırlar. Bu, milli xəyanətdir!

    Qanunlarımızı hazırlayanların bir qismi dilimizi yaxşı bilmir və ya onun imkanlarını yetərincə dəyərləndirmir; mətnləri xarici dillərdən necə gəldi, tərcümə edirlər.

    Məsələn, neft müqavilələri müzakirəyə gələn ilk illərdə “çiy neft” sözünə təəccüblənmədim. O dəqiqə görünürdü ki, bu iri həcmli sənədləri dilimizi pis bilən adamlar çevirib. “Sıroy” – yəni “xam” sözünü “çiy” kimi anlayırlar. O dəqiqə sənəd öz ciddiliyini itirdi. Rus və başqa dillərdən tərcümə zamanı onlarla belə yanlışlığa yol verilir. Öz dilimizi pis bildiklərinə, uğurlu qarşılıq tapa bilmədiklərinə görə yabançı söz mexaniki şəkildə dilimizə keçir və bir azdan sadaladığım sözlər kimi “qanuniləşir”. Müstəqillikdən sonra Avropa kökənli sözlərlə yanaşı, ərəb və fars kəlmələrinin rəsmi dilimizdə çoxalması da aydın görünür. Türkiyə ilə ilişkilərin artması xalq dilində duyulsa da, dəftərxana və yazı-pozu dilinə az təsir göstərir.

    Məncə, qarşılıqlı zənginləşmə yolu ilə bir sıra çətin ərəb, fars sözlərindən imtina etməyin vaxtı çoxdan çatmışdır.

    Bu yolla Türkiyədə Akop Dilaçarla başlanan süni və ifrat dilyaratma yanlışlığını biz də təkrar etməli deyilik, amma nəzarət etməsək, bir azdan rəsmi ədəbi dilimizdə yenə orta əsrlərdə olduğu kimi, yalnız feillər əsl türk sözü olaraq qalacaq; bütün mətn ərəb və fars kəlmələrindən, xarici sözlərdən hörüləcəkdir.

    Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun layihəsi haqqında”… Bu, Milli Məclisə təqdim edilən bir qanunun adıdır. Dilimizə girmiş sözlərdir, lakin hamısı yad mənşəlidir və onları qismən də olsa təmizləmək mümkündür. İnformasiya – bilgidir, mühafizə – qorumaqdır, bir cümlədə iki “haqqında” sözünə ehtiyac yoxdur və s. Qəribə bir “ənənə” yaranmışdır: “Vergi haqqında qanun”, “Dil haqqında qanun”, “Mədəniyyət haqqında qanun”… Təmiz azərbaycanca yazmaq istəsək, “Vergi qanunu”, “Dil qanunu”, “Mədəniyyət qanunu”… olmalıdır.

    Bəzi idarə və nazirliklərin adları da mexaniki şəkildə tərcümə edilir. “Vergilər Nazirliyi” doğru deyil, “Vergi Nazirliyi” deyilməlidir; necə ki, gül dükanının qarşısında “güllər” yazmaq səhvdir: sadəcə “gül”, uzaqbaşı “gül-çiçək” yazılmalıdır. 

    “Su” sözü də cəm şəkildə işlədilməməlidir. Bunlar hamısı rus dilindən tərcümənin sonucudur.
    Rus tarixində çar I Nikolaya aid “tövsiyyə” var: “Qanunları elə yazın ki, sadə vətəndaş anlamasın və dövlət məmurundan məsləhət almaq zorunda qalsın”.

    Bizdə də bəzi qanunları dil baxımından anlamaq çətindir. Bəlkə bu qanunvericilərin köhnə vərdişidir, davam edir…

    Dəfələrlə MM-də qanunların dilini sonda gözdən keçirən ayrıca dil qrupunun yaradılması ilə bağlı məsələ qaldırmışıq. Təəssüf ki, qulaqardına vurulub. Dilimizə tələbkar yanaşsaq, “əlaqədar”, “haqqında”, “barəsində”, “barədə” kimi sözlər qanunlarımızı başına alıb getməzdi, çox asanca öz doğma “bağlı”, “üzərinə”, “ilişki”, “dolayısıyla” və s. sözlərimizlə əvəzlənə bilərdi.

    Kim bunlara xırda iş kimi baxırsa, yanılır. Ana dilinin qorunmasında kiçik, önəmsiz iş yoxdur.

    Daxili işlər – İç işlər, digər – başqa, xüsusi – özəl, müvafiq – uyğun, proses – gedişat, nəticə – sonuc, problem – sorun, zəminində – özülündə, müəyyənləşdirməsi – bəlirlənməsi, habelə – eləcə də və s. istənilən sahəyə aid qanunlarda onlarla söz var ki, çox asanlıqla təmiz türk kəlmələri ilə dəyişdirilə bilər. Ola bilsin, mənim dediklərimdən də uğurlu qarşılıq tapılsın.

    Bu qısa qeydlərimdə mübahisəli görünən fikirlər olmamış deyil. Elə indidən bəzi hörmətli professorlarımızın qızara-qızara səslərini yüksəltdiyini görürəm: “Bu nədir? Bizi Türkiyənin ardınca aparmaq, dilimizi türk sözləri ilə zibilləmək istəyirsən?” 

    Zarafat eləmirəm, bəziləri məhz belə deyir: “dilimizi türk sözləri ilə zibilləyirlər”. Yəni, nar şirəsinə nə qədər istəyirsən rəng qat – içəcək, yeni, təmiz nar şirəsi əlavə olunanda dözə bilmirlər. Dilimiz türk dili olduğu halda yeni türk kəlmələri onu necə zibilləyə bilər? Mənim Dədə Qorquddan, Kaşğarlı Mahmuddan gələn təmiz sözlərimə dözə bilməyənlər on illər uzunu ərəbin, farsın, rusun, Qərb dünyasının başımızdan tökülən işğalçı kəlmələrini ləzzətlə həzm edirlər.

    Göründüyü kimi, dilin qorunması sadə iş deyil. Çəkdiyimiz misalların arxasında ölkənin qanun yaradacılığı siyasətindən (qanunları hansı ölkələrin nümunələri əsasında yaradırıq?), dilimizi zorla Türkiyə türkcəsindən uzaqlaşdırmaq kimi gizli niyyətdən tutmuş, tərcümə səriştəsizliyi, peşəkar olmamaq, vətəndaş məsuliyyətsizliyi, tənbəllik və nəhayət, milli qeyrətin, milli dirənişin zəifliyi kimi çoxlu yan etkilər rol oynayır. Bu işə toplumun qarışması və dövlət qayğısının artması deyilənlər baxımından son dərəcə önəmlidir.

  • Azərbaycanı da həmin ölkə kimi gözəlləşdirmək mümkündür.

    “Səyahət” rubrikasının növbəti qonağı VHP Siyasi Şurasının üzvü,  “Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevdir. Çox diqqətli səyyah olan müsahibimizlə dünyanın məşhur şəhərlərinə səyahətimiz maraqlı oldu. O, ilk səfərini belə xatırladı: 
    –  Keçmiş postsovet ölkələri nəzərə alınmazsa, 2000-ci ilə kimi Daxili İşlər Orqanlarında xidmət etdiyimə görə Azərbaycanı cəmi bir dəfə tərk etmişəm. Onda da  sərhədlər açılanda qaçaq yolla İranın Germi şəhərinə getmişəm. Tam fərqli mədəniyyət, fərqli düşüncə sahibi olan insanlarla təmasda olmuşam. O vaxt Germi mənə Bakının köhnə məhəllələrindəki köhnə üsulla tikilmiş tatı (bani olmayan üstü qırlı) evlərini xatırlatmışdı… O vaxt İrana içimdə mənimlə yaşıd olan bir həsrətə son qoymağa getmişdim. 
    Növbəti xarici səfərim ABŞ-a oldu. 2000-ci ildə Daxili İşlər Orqanlarından öz istəyimlə işdən çıxdım və Beynəlxalq Miqrasiya Təşkilatında işə düzəldim. Bir neçə aydan sonra Amerikaya göndərdilər. Vaşinqton, Nyu-York, Mayami, San-Dieqo şəhərlərində oldum. Çoxlarının sevdiyi Nyu-Yorkdan heç xoşum gəlmədi. O şəhərdə hamı qaçır, hamı harasa tələsir. Vaşinqtondan isə çox xoşum gəldi… 2000-ci ildən başlayaraq hər il müxtəlif ölkələrə 10-a yaxın səfərlərim olur. Bəzən bir ölkənin eyni şəhərinə ildə 4-5 dəfə gedirəm. 
    – İndiyə qədər dünyanın neçə ölkəsində olmuşunuz? 
    – Dəqiq saymasam da, hər halda dünyanın 50-dən çox ölkəsinə 100 dəfəyə yaxın səfər eləmişəm. Səyahətlərim həmişə indiki  işimlə bağlı olub. Cəmi üç dəfə turist kimi ailəvi səyahətə çıxmışam. 
     – Ən çox sevdiyiniz ölkə hansıdır?
    – Ən çox sevdiyim ölkə  Almaniya, ən çox sevdiyim şəhərlər isə İstanbul, Sarayevo və   Praqadır. Praqanı turistlərin sayına və müxtəlifliyinə, eləcə də, tarixi abidələrinin sayına, Sarayevo və İstanbulu isə həmin şəhərlərdə müşahidə etdiyim mədəniyyətlərin vəhdətinə görə sevirəm. Istanbulda və Sarayevoda 5-6 din paralel yaşayır. Eyni zamanda, müxtəlif dini ayinlər icra olunur. Hamı həm məscidə, həm kilsəyə, həm də sinaqoqlara  hörmət qoyur. Bu prosesləri müşahidə etmək və  müxtəlifliyin hər birinin gözəlliyini və müqəddəsliyini eyni anda seyr etməkdən alınan duyğunu şərh etmək çətindir. Sarayevonı və İstanbulu sevməyim bəlkə də, azan səslərindən aldığım duyğu ilə bağlıdır. Mənim ən çox sevdiyim səs azan səsidir. Bu şəhərlərdə insanın mənəvi qidası hesab edilən  bütün dinlər, o cümlədən islam dini yaşayır və çox aydın mənzərə ilə  müşahidə olunur. Az qala müxtəliflik hər evdə, hər həyətdə, hər tikilidə çox aydın görünür.  
    Bu müxtəliflik və bərabər inkişaf məni İstanbulda daha çox heyrətləndirmişdi. Sarayevoda isə mənə çox rahatlıq verdi. Şəhər balaca olsa da, gözəl mənzərəsi var. Müsəlman qəbiristanlığı ilə xristian qəbiristanlıqları yanaşıdır. Şəhərin yüksəklikdən baxanda insanı heyran edən  gecə mənzərəsi, restoranlarda kişilərin xorla müxtəlif dillərdə, hətta azərbaycanca Azərbaycan mahnılarını oxuması məni Sarayevonı sevməyə məcbur edib.  
    – Bəs bir daha üz tutmayacağınızı düşündüyünüz ölkə olubmu? 
    – Yox. Allah dünyanı elə yaradıb ki, hər yeri, hər ölkəni cənnətə çevirmək mümkündür. Bəzən düşünürəm ki, bu dünyada yaşadığı ölkəni və məmləkəti cənnətə çevirmək gücündə olmayanlar heç vaxt o dünyada cənnətə gedə bilməzlər. Bəlkə də, bizdən cənnətə gedənimiz olmadı. Çünki Azərbaycanın 50 faizdən çox hissəsini şorlaşmış bomboz ərazilər təşkil edir. 
    2001-ci ildə ilk dəfə Dubaya gedəndə bir taksi sürücüsü ilə danışdım ki, bizi Abu-Dabiyə aparıb gətirsin. Sürücü Azərbaycandan olduğumu biləndə “sənin vətənin də fahişələr vətənidir” – söylədi. Amma bu sərt fikir də məndə Ərəb Əmirliklərinə  üz tutmamaq fikri yaratmadı. 
    Baxmayaraq ki, oranın istisinə heç dözə bilmirdim. Bəzən Azərbaycan haqqında bir daha bu məmləkətə qayıtmamaq kimi fikirlər üzərində düşünmüşəm və  dərhal da yayınmışam… Azərbaycan uzaqlardan daha aydın görünür. Məsələn, Almaniyanın əkin sahələrinin də yolları əla keyfiyyətlə asfaltlanıb. Xaricdə bütün gözəlliklər küçələrdə yerləşdirilir ki, insanlar baxsın, əylənsin, gözəllikdən zövq alsınlar. Bizdə isə küçələrdə və ictimai yerlərdə olan gözəl nə varsa məmurlar evlərinə və ya həyətlərinə daşıyırlar ki, yalnız özləri zövq alsınlar. Bu düşüncə tərzi insanı bu məmləkətə dönməmək kimi fikirlərə vadar edir. Bəzən eyni vaxtda  5-6 ölkəni gəzirsən, amma ölkələrin heç birində kimsə sənin hüququnu pozmur. Bakıya çatan kimi məmurlar: “Çamadandakılar nədir, nə qədər pulun var, niyə iki kompüter gətirirsən” sualları ilə səni uzun sürən növbələrdə yubandıranda düşünürsən, sanki onlar hər şeyi edirlər ki, sən ölkəyə nifrət edəsən və bir daha geri dönməyəsən. İnsanlar çox incidilirlər, bizimkilər isə az qala bunu adi həyat norması kimi qəbul edirlər.
    – Hansı ölkənin mətbəxindən sevgi ilə ayrıldız? 
    – İtalyan mətbəxini çox sevirəm. Yüksək zövqlə bəzədilmiş,  dümağ və ilk dəfə istifadə olunan stol örtükləri, qiymətli mətbəx dəstləri, yüksək mədəniyyətli və klassik üsluba malik xidmət, istədiyin həddə qədər bişirilmiş ət parçaları, balıq yeməkləri və ya digər dəniz məhsulları, sevdiyin dada malik içkilər İtaliyadadır. Xüsusilə Romada, Milanda, Turində və Florensiyanın ətrafında olan meşələrdə olan restoranlarda. Gürcülərin də mətbəxini çox sevirəm. Azərbaycan mətbəxi də zəngindir, amma  israfçılıq yüksək həddədir.
    – Bəs mətbəxindən iyrənib ac qaldığınız ölkə olubmu?  
    – Mən dəbdəbəli restoranları və pivəxanaları xoşlayıram. Oralarda isə belə hallara rast gəlməmişəm. Bakıda da ən çox getdiyim italyan restoranlarıdır. Dəniz məhsullarını çox sevirəm. Okean qurbağalarının əvəzsiz dadı olur. Bakıda da, səfərdə də məmnuniyyətlə yeyirəm. Ona görə də hansısa mətbəxdən iyrənmirəm. Amma restorana dəvət etdiyim və mənim yediklərimdən iyrənən dostlarım olub. 
    – Dünyanın hansı ölkəsində olarkən “Kaş bu ölkədə doğulaydım” arzusunu ürəyinizdən keçirmisiniz?  
    – Birinci dəfə  Amerikada olanda belə düşünmüşəm. Hava limanında təyyarəyə minəndə əllərimi qaldırıb  “Mən səni sevdim Amerika” deyərək qışqırmağım da oldu.  Abu Dabidə və  Dubayda olan zaman isə düşündüm ki, Azərbaycanı da həmin ölkə kimi gözəlləşdirmək mümkündür.
    – Bu səfərlər zamanı başınıza gələn qeyri-adi, gülməli hadisələr olubmu? 
    – Yadda qalan hadisələr çoxdur. Bir dəfə Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən tədbirdə sərhədlərin qorunması məsələləri müzakirə olunurdu. Mehriban Zeynalova ilə Tiflisə həmin tədbirə gedirdim. Gəncədən keçəndə məlum oldu ki, onun pasportu evdə qalıb. Gəncədən tam başqa əlamətlərə malik, çox böyük yaş fərqi olan bir xanımın pasportunu götürdüm. Mehribanı sərhəd buraxılış məntəqəsindən həmin pasportla keçirdim və Tiflisdə konfransa qatıldıq. 
    Tədbirdə Azərbaycan və Gürcüstan sərhədçiləri əla çıxış etdilər, bildirdilər ki, sərhədlərin mühafizəsi sahəsində heç bir problemləri yoxdur. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələri orada iştirak edirdi və qiymətləndirmə aparırdılar. Onların çıxışlarından sonra mən öncə onlardan Mehribanın təhlükəsiz qayıtmasına zəmanət aldım, sonra isə baş verənləri onlara danışdım. Bu vəziyyətin qiymətləndirilməsi üçün əla sübut idi. Amma həqiqətən, sərhədçilər elə həmin pasportla heç bir problem yaratmadan bizi həm Gürcüstan, həm də Azərbaycan sərhədindən keçirdilər.
    Bir dəfə Varşavada idim. Mehriban Zeynalova ilə birlikdə  Novotel mehmanxanasında qalırdım. Yenicə otağa girmişdim, vanna otağında olarkən qapı döyüldü, qapını azca araladım. Qapıdan ərəb şeyxlərinin paltarını mənə verdilər. Paltarları alıb asdım. Duş qəbul etdim və həmin paltarı geyinib aşağıya düşdüm. Bilirdim ki, Mehriban məni gözləyirdi. Ərəb geyimində o qədər də pis görünmürdüm. Mehribanla salamlaşandan sonra bildirdim ki, BƏƏ-nin  nümayəndə heyəti bu axşam ziyafət verir, hamıya milli paltar verirlər, administratora yaxınlaş və özünə paltar al. Mehriban da gedib administratorla dalaşmağa başladı ki, mənim paltarımı niyə vermirsiniz… Onlara yaxınlaşdım, administrator rus dilində çox pis danışırdı, onunla bir az tamam başqa məsələ haqqında ingilis dilində danışandan sonra Mehribana dedim ki, tədbirə dəvət haqqında sənədləri təqdim etmək lazımdır. O da gedib sənədləri gətirdi. Bu zaman zarafat etdiyimi bildirdim. Otağa qalxdım. Həm də düşündüm ki, paltarın sahibi axtara bilər. 
    – Ömrünüzün qalan hissəsini yaşamağı arzuladığınız ölkə varmı? 
    – Məncə, insanın harada yaşaması yox, əsas insanın kiminlə və ya kimlərlə yaşamasıdır. Mən mövcud dünyagörüşüm və aldığım təhsilin səviyyəsinə görə özümü az-çox Azərbaycanda ifadə edə bilirəm. Əgər başqa dil bilsəydim yəqin ki, yaşamaq üçün Almaniyanı və ya Hollandiyanı seçərdim. Hollandiya məncə Avropanın ən sakit ölkəsidir. Məsələn, iş vaxtından sonra Roterdama elə bir sakitlik və sükut çökür ki…
    – Ayaq qoyduğunuz xarici ölkədə ilk maraqlandığınız nə olur həmişə?  
    – Hamı kimi  mənim də ilk növbədə baş çəkdiyim yer tualetlərdir. Daha sonra məscidlər və ya kilsələrə baş çəkirəm. 
    – İndiyə qədər can atdığınız, amma gedə bilmədiyiniz ölkə hansıdır?
    – Elə bir ölkə yoxdur. Arzuladığım Orxan-Yenisey abidələrini ziyarət etmək, Türkiyəni daha yaxşı gəzmək, Ömər Xəyyamın həyatı ilə bağlı yerlərdə olmaq,  Xarəzmi, Buxaranı, Luvr muzeyini, Romanı bir daha 7 yaşlı qızımla və xanımımla gəzmək imkanını  arzulayıram.
    – Ən çox hansı ölkənin qadınlarını bəyəndiniz? Hansı ölkəni gözəllər məkanı adlandırdınız?    
    – Varşavada İntiqam Əliyev, Ənnağı Hacıbəyli və digər hüquqşünaslarla səfərdə idim. Oradan Bosniya və Herseqovinanın insan alverinə qarşı mübarizə sahəsindəki təcrübəsini öyrənmək məqsədi ilə Belqrada getməli idim. Sürət qatarı ilə oraya getdim,  bir gecə də yolüstü Vyanada qaldım. Belqradda Knyaz küçəsindəki otellərin birinə getməli idim. Taksi məni həmin küçəyə kimi gətirdi və bildirdi ki, mehmanxanaya kimi təxminən 150 metr piyada getməlisən. 
    Taksidən düşüb Knyaz küçəsinə çıxmaq istəyəndə gördüm ki, bu küçədə hamı əyləşib, yeyib-içir və bütün qadınlar yarıçılpaqdır. Əvvəl elə düşündüm ki, gözəllik müsabiqəsi keçirilir. Mehmanxanaya çatana kimi hamı küçədə həmin vəziyyətdə oturmuşdu. Çox gözəl səhnə idi. 
    Belqradda 45-50 yaşına kimi qadınlar kosmetik vasitələrdən istifadə etmirlər. Qadınların əksəriyyətinin bədənləri parıldayır. Yeməkxanada hamısı çimərlik paltarına uyğun paltarda oturmuşdular. Belqrad xanımları çox gözəldir. 
    Arzu Abdulla
    “Gündəlik Teleqraf” qəzeti