Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Qubadlı rayonunu işğal etməsindən 18 il keçir

    Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 18 il ötür. APA-nın məlumatına görə, ərazisi 826 kv.km olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də işğal edilib.

    Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

    Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

  • VHP soydaşlarımızı Ramazan bayramı münasibəti ilə təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

    Əziz bacılar və qardaşlar!

    Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Dünya müsəlmanlarının müqəddəs kitabı “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı insanları xeyirxah niyyətlər naminə birliyə dəvət edir, onlara əxlaqi saflığın və zənginliyin, cismani-ruhi kamilliyin fərəhini yaşadır, mənəvi ucalığın nəfs üzərində qələbə təntənəsini nümayiş etdirir.

    Xalqımız tarixi boyu həmişə Uca Tanrıya tapınmış, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq olmuşdur. Müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərmişdir. Azərbaycan övladlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir.

    Əziz bacı və qardaşlarım!

    Siz mübarək Ramazan günlərini böyük məmnunluq və fərəh hissləri ilə başa vurursunuz. İnanıram ki, müqəddəs dinimiz yolunda nəcib əməlləriniz, Azərbaycanın əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Ulu Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.  Bu əziz bayram günündə sizin hamınızı və ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

  • VHP Yevlax rayon təşkilatına yeni sədr seçildi

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Yevlax rayon təşkilatının növbədən kənar konfransı keçirilib. 

    Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransda VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli, özəklərdən seçilmiş nümayəndələr, həmçinin müxalifət partiyalarının yerli fəalları və QHT təmsilçiləri iştirak ediblər. Konfransda hesabat məruzəsi ilə çıxış edən VHP Yevlax rayon təşkilatının sədr əvəzi Bahar Əliyeva qurumun fəaliyyətindən bəhs edib: “VHP-nin Yevlax təşkilatı 1992-ci ildə yaradılıb. 19 ildir fəaliyyət göstəririk və bu müddətdə partiyanın demək olar ki, rayonun bütün kəndlərində özəkləri formalaşıb, siyasi proseslərdə təşkilatımız aktivliyi ilə həmişə seçilib”.

    NTK sədri Əhəd Qədirovun konfranslararası dövrdə rayon təşkilatının Nizamnaməyə uyğun fəaliyyət göstərdiyini və heç bir pozuntuya yol vermədiyini vurğuladıqdan sonra konfrans iştirakçıları, qonaqlar çıxış ediblər.

    VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən İrandakı soydaşlarımız və Milli oyanışın Urmiya çalxalanması barədə çıxış edib. Baş verənləri dünyada gedən böyük prosesin fonunda izah edən Samir Əsədli Güneyin azadlıq, Quzeyin demokratiya hədəflərinə çatacağına şübhə etmədiyini söyləyib: “Totalitar rejim və avtoritar quruluşları artıq bütün dünya özünə təhlükə kimi görür. Ona görə də demokratik cəmiyyətlərin qurulmasında vətəndaşların apardığı mübarizəyə beynəlxalq güclər ciddi dəstək verirlər. Bu baxımdan, bir gün tez-bir gün gec, Güneydə insan haqq və azadlıqlarına hörmət edən bir cəmiyyətin qurulacağını hamımız müşahidə edəcəyik. Azərbaycandakı proseslərin isə qısa müddətdə demokratiya ilə sonuclanacağı artıq kimsənin şübhə etmədiyi məsələdir”.

    Sonda təşkilati məsələlər müzakirə olunub. Təşkilat sədrliyinə 3 VHP-çi namizədliyini irəli sürüb. Gizli səsvermə ilə Vüqar Cəfərov VHP Yevlax rayon təşkilatının yeni sədri seçilib.

    Konfransda formalaşan 25 nəfərlik Məclisin yığıncağında sədrin 5 müavini seçilib və 11 nəfərlik Şura yaradılıb.

    NTK üzvləri isə Əhəd Qəribov yenidən sədr seçilib.

  • Milli soyadları referenduma çıxarmaq olmaz

    Fəzail İbrahimli: “Referenduma düşəsi məsələlər daha böyük, münaqişə xarakterli məsələdir”

    Milli adlar və soyadlar referendum yolu ilə də müəyyənləşdirilə bilər. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov mətbuata verdiyi açıqlamasında danışıb. O bildirib ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının adlar və soyadlarla bağlı xüsusi komissiyasının hazırladığı hesabat hökumət tərəfindən müzakirə edilir: “Fikrimcə, adlar və soyadlarla bağlı xüsusi qanun qəbul oluna bilər. Bu ilin sonuna kimi milli adlar və soyadlarla bağlı işlər başa çatdırılacaq”.  Lakin N.Cəfərovun “milli soyad sonluqları referendum yolu ilə müəyyənləşdirilə bilər” fikri deputatlar tərəfindən birmənalı qarşılanmayıb.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimli “Şərq” qəzetinə açıqlanmasında məsələyə münasibət bildirərkən deyib ki, bunun üçün referendum keçirməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, məsələ ilə bağlı qanun qəbul etməklə problemi birdəfəlik çözmək mümkündür: “Mən bu məsələdə hansı formada happy wheels demo olursa-olsun, soyadlarının dəyişdirilməsinin lehinəyəm. Bunun forması müxtəlif ola bilər. Əlli və ya yüz ildən sonra hər bir millətin soyadının göstəricisi kimi azərbaycanlı da öz sayadı ilə tanınmalıdır. Bunu sadəcə olaraq hansısa qanunla da tənzimləmək olar. Düşünürəm ki, referendum bu məsələ üçün çox böyük işdir. Referenduma düşəsi məsələlər daha böyük, münaqişə xarakterli məsələdir. Amma Azərbaycan xalqının hamısı milli soyadların qəbulunun tərəfdarıdırlar. Xalqın köhnə, orta və yeni nəsli var. Yeni nəsil milli soyad sonluqlarını qəbul edir. Yeni doğulan uşaqlardan yüzdə doxsanı milli soyad sonluğu daşıyırlar. Orta nəsildə tərəddüd edənlərlə yanaşı, tərəfdar olanlar da var. Bir qədər köhnə nəsillər, yəni dünyasını bu cür yaşayan, kitab yazıb tanınanların bu məsələdə bir qədər tərəddüdləri var. Ona görə mən düşünürəm ki, soyadlarla bağlı bir qanun olarsa, məsələ asanlıqla həll olunar. Bürokratik əngəllər də aradan qalxar”.

    Seymur Qasımbəyli

  • O taydan qaçanlar bu taydan niyə qaçaq düşür?

     

    Sabir Rüstəmxanlı: “Hətta İrandan gəlib Azərbaycan vətəndaşı ilə ailə quranların da burada yaşamasına maneələr yaradılır

    İrandakı təqiblərdən can qurtarmaq üçün Azərbaycan Respublikasına üz tutan güneylilər burada da çox duruş gətirmirlər. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Bakıda Güney Azərbaycanla bağlı bir neçə təşkilat fəaliyyət göstərirdi. İndi belə təşkilatlar, demək olar, yoxdur. Təşkilatları yaradanlar isə Güney Azərbaycandan olduğu kimi Quzey Azərbaycandan da mühacirət edib Avropa ölkələrinə, ABŞ-a, Kanadaya sığınıblar. Avqustun 2-də iki güneyli mühacir – Ağrı Qaradağlı və Rəhim Cavadbəyli Azərbaycan sərhədini qanunsuz keçərək Gürcüstana sığınıblar. Güneylilər quzeydən niyə qaçırlar?

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Media forum” saytına açıqlamasında deyib ki, Güney Azərbaycandan qaçıb Azərbaycan Respublikasında sığınacaq tapan insanların buradan getməsi İranın təzyiqlərinin nəticəsidir: “İran davamlı olaraq bu məsələdə Azərbaycan Respublikasına təzyiq göstərir, mühacirətə, öz bacı-qardaşlarının, qohumlarının evinə gələn güneyli soydaşlarımızın geri qaytarılmasını tələb edir. Molla rejimi müxtəlif vasitələrlə, hədə-qorxu ilə mühacirət edən həmin adamların Azərbaycanda rahat yaşamasına imkan vermir. Bir ölkəyə gedib oranın vətəndaşı ilə ailə qurub yaşamaq dünyada qəbul olunan haldır. Hətta İrandan gəlib Azərbaycan vətəndaşı ilə ailə quranların da burada yaşamasına maneələr yaradılır”.

    Sabir Rüstəmxanlı hesab edir ki, Azərbaycan Respublikası güneylilərlə bağlı daha ardıcıl mövqe tutmalı və beynəlxalq hüquq çərçivəsində problemlə daha ciddi məşğul olmalıdır. Onun fikrincə, əgər həmin şəxslər öz ölkələrindən çıxıb Azərbaycan Respublikasına üz tutublarsa və burada yaşamaq istəyirlərsə, heç bir halda geri qaytarılmamalıdır.

    Sabir Rüstəmxanlı vurğulayıb ki, İrana qaytarılan şəxsləri ağır tale gözləyir. DAK həmsədri problemin həlli üçün təklif irəli sürür: “Güney azərbaycanlılara sığınacaq verməliyik və onlar Azərbaycan Respublikasında qalmalıdırlar. Dünyanın müxtəlif ölkələrindən iş üçün Azərbaycana gəlmiş insanlara iş tapılır, yaşayırlar, onlara ölkədə müvəqqəti yaşamaq haqqı verilir, bəzən də uzun müddət qalırlar, amma Güney Azərbaycandan gələn soydaşlarımıza qardaşlıq edə bilmirik. Müstəqil Azərbaycanın əsas insan qaynaqlarından, işçi qüvvəsindən birincisi güney azərbaycanlılar olmalıdır. Biz onlara qayğı göstərməliyik, onlara bütün şərait yaradılmalıdır. İran rejiminin zülmündən qaçan soydaşlarımıza sığınacaq vermək, təhsil almalarına şərait yaratmaq bizim həm vətəndaş kimi borcumuzdur, həm də beynəlxalq öhdəliyimizdir”.

    Güney azərbaycanlıların üzləşdiyi problemləri bir neçə dəfə Milli Məclisdə qaldırdığını xatırladan Sabir Rüstəmxanlı qeyd edib: “Niyə onlara sahiblik etmirik, təhsil almalarına şərait yaratmırıq, qanunda xaricdəki soydaşlarımız üçün güzəştlər nəzərdə tutulduğu halda niyə praktikada bu, həyata keçirilmir? Bu barədə danışmışam, məktublar yazmışam. Amma nəticəsi olmayıb. BMT-nin Qaçqınlar üzrə Komissarlığı da güney azərbaycanlılara ədalətli yanaşmır. Həmin komissarlığın Bakıdakı nümayəndəsi ilə görüşmüşəm. Beynəlxalq aləmdə İrana münasibət çox pisdir. Oradan qaçan güney azərbaycanlılar da bunun zülmünü, əzabını çəkirlər. BMT-nin bu işlə məşğul olan qurumları da başqa xalqların nümayəndələri müraciət edəndə onlara daha asan şərait yaradırlar. Amma güney azərbaycanlılar Azərbaycan Respublikasında illərlə gözləyirlər ki, nə vaxt onlara başqa ölkədə sığınacaq veriləcək. Nə özümüz sığınacaq veririk, nə də BMT onlara sahiblik edir. Beləliklə, gözümüzün önündə bir millət məhv olur, qapılarda qalır”.

     

  • Urmiya gölü məqsədli şəkildə qurudulur

    Samir Əsədli: “Məqsəd ekoloji problem yaradaraq, Azərbaycanlilari buradan köçürmək, farslari isə bu əraziyə yerləşdirməkdir”

      Uzun zamandan bəridir ki, Urmiya gölü ilə bağlı Cənubi Azərbaycanı etiraz dalğası bürüyüb. Lakin aprel ayından başlayaraq keçirilən bu etiraz aksiyalarına və çoxsaylı müraciətlərə baxmayaraq İran rejimi məsələyə biganə yanaşır. “Urmiya gölü susuzluqdan yanır!”, “Urmiya gölündə su yoxdur, Azərbaycan indi oyanmasa, gec olacaq!”, və başqa şüarlarla keçirilən aksiyalarda 70 nəfər həbs olunub. Həmin vaxtdan bəri İran hakimiyyət orqanlarına və parlamentə edilən müraciətlərlə davam etdirilən etirazlar bu il avqustun 27-də yenidən küçə yürüşlərinə çevrilib. Bu etirazların əks olunduğu ən böyük aksiya hələlik sentyabrın 3-də keçirilib. Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil şəhərlərində, paytaxt Tehranda keçirilən aksiyalara polis müdaxilə edib, çoxlu sayda yaralı və saxlanılan var. Bəzi məlumatlara görə, etiraz aksiyaları zamanı ölənlər olub. Digər məlumatlarda isə rəsmi Tehranın aksiyaların qarşısını almaq üçün yerli azərbaycanlıların yaşadığı şəhərləri nəzarətə götürdüyü, hündür mərtəbəli binaların üstündə snayperlər yerləşdirdiyi bildirilir. İran hakimiyyət orqanları son aksiyalarda 60 nəfərin saxlanılması barədə məlumat yayıb. Güney Azərbaycan ziyalıları dəfələrlə bu məsələ ilə bağlı İran hakimiyyətinə müraciət ediblər. Lakin müsbət cavab yoxdur. İran hakimiyyətinin laqeydliyi Güney Azərbaycanda etiraz hərəkatına səbəb olub. İran rejiminin Urmu gölünə biganə münasibətinə etiraz olaraq təkcə bu ölkədə deyil bir sıra Avropa ölkələrində də etiraz aksiyaları keçirilib. Bu məsələ ilə aksiyalar müntəzəm olaraq davam etdirilir. Avropa ölkələrində yaşayan azərbaycanlılar da bu məsələ ilə bağlı hərəkətə keçiblər. Bununla əlaqədar Avropanın müxtəlif şəhərlərində bir neçə dəfə toplantılar, aksiyalar da keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü və Dünya Azərbaycanlıları Konqresinin (DAK) mərkəzi təftiş komissiyasının sədri Samir Əsədli fars rejimini Urmiya gölünü məqsədli şəkildə qurutduğunu deyib. Onun sözlərinə görə, belə olmasayda, hakimiyyət gölə tökülən çayların qarşısına sədd çəkməz, qurmaya qarşı tədbirlər görərdi. O, Urmiya gölünün Güney Azərbaycan Milli Hərəkatı üçün həssas məsələ olduğun deyib. İlk olaraq göl barəsində məlumat verən DAK nümayəndəsi Urmiya gölünün qurudulmasının ekoloji və siyasi tərəfinin olduğunu söyləyib: “Urmiya gölü YUNESKO-nun dünyanın qorunmalı olan təbii sərvətləri siyahısına daxil edilib. Burada müxtəlif növ məməli heyvan, sürünən, suda-quruda yaşayan heyvan və quşlar, eləcə də suyun duzluluğuna dözə bilən balıqlar yaşayır. Urmiya gölünün duzlu suyu və palçığı həm də müalicəvi xarakter daşıyır. Urmiya gölündəki duzluluq okeanlardakı duzluluqdan iki dəfə çoxdur. Göl duzluluğuna görə dünyada ikincidir. Göründüyü kimi, Urmiya gölü böyük əhəmiyyətə malikdir. Gölün qurudulması Güney Azərbaycanın ikinci böyük şəhəri olan Urmiyanı fars rejiminin yaratdığı təhlükə ilə qarşı-qarşıya qoyub. Gölün qurudulmasının iki – ekoloji və siyasi tərəfi var. Urmiya gölünə axan bütün çayların önü kəsilib ki, bu da gölün sürətlə qurumasına yol açıb. Urmiya gölü quruyarsa, on milyardlarla ton duz bölgənin əkinçiliyini təhdid edər. Məlum olduğu kimi, bu ərazi küləklidir. Məhz buna görə də qısa müddətdən sonra külək duzu bölgənin verimli və əkinçiliyə uyğun olan torpaqlarına daşıyıb bu torpaqları da duzlağa döndərə bilər. Belə olduqda isə gölün 500 km. çevrəsində bütün verimli torpaqlar təhdid altına düşər. Bölgə bütünlüklə duzlaqlaşar. Təbriz özü də yaşanmaz duruma gələr. Nəticədə isə Azərbaycanın bütün verimli torpaqları duzlaşma ilə qarşılaşar. Həmçinin bölgədən başqa yerlərə köçlər başlayar. Bölgə əhalidən boşalar. Zəhərləyici yağışlar yağmağa başlayar ki, bu da bölgədə sözün tam anlamı ilə ekoloji fəlakət yaradar. Məsələnin siyasi tərəfinə gəlincə isə fars rejimi məhz elə bu yolla Azərbaycanlıların ən sıx məskunlaşdığı əhalini oradan köçürmək niyyətindədir. Buna görə ekoloji problem qabardılır. Ərazidən köç edən azərbaycanlıların yerinə isə farsların gətirilməsi düşünülür. Bunun nəticəsi idi ki, İran Milli Məclisində gölün qurumasının qarşısını almaq üçün gedən layihənin müzakirəsi zamanı belə qərara gəldilər ki, Urmiya çevrəsində olanlar köçüb başqa yerlərə yerləşsinlər. Rejimin gizli niyyətini ortaya çıxardı: Ekoloji problem yaradaraq türklərin toplu şəkildə yaşadığı bölgələrdən əhalini boşaltmaq istəyirlər. Bu şəkildə Güney Azərbaycanda milli şüurun yüksəlişini kökündən söndürmək niyyətindədirlər”. S.Əsədlinin sözlərinə görə, Güney Azərbaycan ortaya çıxıb və sürətlə inkişaf edən milli şüur bunun fərqində olduğu üçün xalq Urmiya gölü məsələsini davamlı olaraq gündəmdə saxlamaq istəyir. O, əslində Urmiya gölü məsələsində fars-türk savaşının getdiyin deyib: “Fars zehniyyətinə görə, bölgənin türklərdən boşalması üçün Urmiya gölü qurumalıdır. Buna görə də gölün tamamən quruması üçün hər vəchlə çalışırlar. Bu, bir faktdır ki, fars rejimi bütün məsələlərdə soydaşlarımızın hüquqlarını pozur. Hakimiyyət həmvətənlərimizin heç bir hüququnu tanımaq istəmir. Çöhrəqaninin dili ilə desək, “İran adlanan yerdə yaşayan azərbaycanlıların Avropa heyvanları qədər hüququ yoxdur”. Hesab edirəm ki, biz soydaşlarımızı yalnız buraxmamalı, onların yanında olmalıyıq”.

    Aqil LƏTİFOV

    “525”-ci Qəzet

  • VHP Qazaxda zona müşavirəsi keçirib

    Vətəndaş Həmrəyliyi Partiyası Qazax, Tovuz, Gədəbəy, Şəmkir və Ağstafa rayon təşkilatlarının iştirakı ilə zona müşavirəsi keçirib.

    “Qafqazinfo”nun məlumatına görə, VHP təşkilat şöbəsinin müdiri Samir Əsədlinin sədrliyi ilə keçirilən müşavirədə təkrar bələdiyyə seçkisində iştirak, partiyanın qarşıdan gələn 20 illik yubileyinə və qurultayına hazırlıq məsələləri müzakirə edilib.

    Partiyanın Qərb bölgəsi üzrə koordinatoru Nəsimi Tovuzlu regiondakı ictimai-siyasi və sosial vəziyyətlə bağlı ətraflı məlumat verib. Daha sonra təşkilat sədrlərinin hesabat xarakterli məruzələri dinlənilib.

    Müzakirələrdə 2 aprel mitinqi zamanı həbs olunanların taleyindən narahatlıq ifadə edilib. Bildirilib ki, dinc aksiyaya görə insanların həbsi Azərbaycan dövlətinin imicinə ciddi zərbə vurmaqla yanaşı, ölkə tarixinə qara səhifə kimi düşür və iqtidar bu ləkənin təmizlənməsi üçün özündə cəsarət tapmağı bacarmalıdır. Xüsusilə Müstəqilliyin Bərpası haqda Aktın qəbul olunmasının 20-ci ildönümündə İstiqlalçı deputat Arif Hacılının həbsdə yatmasının bölgədə narahatlıqla qarşılandığı vurğulanıb.

    Sonda yerli təşkilatların fəaliyyəti qənaətbəxş qiymətləndirilib və təkrar bələdiyyə seçkilərində iştirakla bağlı yekdil qərar verilib

  • Ağdamın işğalından 18 il ötür

    Bu gün Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 18 il ötür.

    APA-nın məlumatına görə, 1993-cü il iyulun 23-də erməni hərbi birləşmələrinin işğalçı fəaliyyəti nəticəsində Ağdam rayonunun 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb.

    İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb və tamamilə məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər. Qeyd edək ki, Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. İşğal nəticəsində rayona 13 mlrd. 135 mln. ABŞ dolları həcmində ziyan dəyib.

  • “Aktiv siyasi partiyalara daha çox dəstək göstərmək lazımdır”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı “Azadinform”un suallarını cavablandırıb.

    – Sabir müəllim, bu gün cəmiyyətdə belə bir fikir formalaşır ki, Azərbaycanda müxalif partiyalar passiv fəaliyyət göstərir. Nədir bunun səbəbi?

    – Hər şeydən əvvəl onu bilmək lazımdır ki, bu, parlamentə düşməklə bağlı deyil. Bilirsiniz, Azərbaycanın müstəqillik yaşı artdıqca məlum müharibə, torpaqlarımızın işğalı faktoru qalır və bu, cəmiyyətdə bütün təbəqələrin işinə müəyyən məsuliyyət qoyur. Yəni bu müharibə faktoru Azərbaycanda iqtidar-müxalifət mübarizəsinin açıq müstəviyə keçməsinin qarşısını alır. 1990-cı illərdə Azərbaycanda hakimiyyət ehtirası çox gərgin ziddiyyətlər yaratmışdı, amma sonralar həm iqtidar, həm də müxalifət bu işğal prosesinin və onun nəticəsinin aradan qaldırılmasının bir problem olması ilə razılaşmalı olub. Bu, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinə bir dialoq havası gətirib və bu, davam edir. Amma bəzi qüvvələr xüsusən də parlamentdə olan müxalifətin zəifləməsi kimi fikir yaymağa çalışır. Bu, belə deyil. Azərbaycan parlamentində təmsil olunan müxalif partiyaların cəmiyyətdə kifayət qədər gücü var. Sadəcə olaraq, onlar həmişə Azərbaycanın ümummilli problemlərini nəzərə alıb hadisələrə daha təmkinlə yanaşırlar. Bu gün ortada iki mübarizə meydanı var – Milli Məclis və mətbuat. Qalan bir qrup müxalifət partiyaları var ki, 100-200 nəfərlə küçələrə düşüb haray- həşir qoparmağa çalışır ki, buna da mübarizə demək olmaz. Ona görə də hesab edirəm ki, müxalifət cəbhəsində həmişə elə parlamentdə təmsil olunan müxalifət nümayəndələri öz sözlərini lazımı formada deyiblər. O ayrı məsələdir ki, bu gün parlamentdə iqtidarı təmsil edən nümayəndələr daha çoxdur və hansısa məsələdə onlar müəyyən üstünlüyə malikdirlər. Lakin ümumilikdə demək olmaz ki, parlamentdə təmsil olunan müxalif partiyalar zəifləyib. Düzdür, açıq danışmaq lazımdır ki, bu gün parlamentdə kütləyə, mətbuata  görünmək üçün özünü işlək göstərən partiya nümayəndələri də var. Eyni zamanda səssizcə demokratiyanın inkişafı yönündə işləyən, çalışan partiyalar da mövcuddur. Biz də özümüzü məhz bu kateqoriyada görürük.

    – Bir qrup müxalif partiya arasında yaradılan İctimai Palata özünü doğrultmadıqdan sonra həmin partiyalardan bəziləri “Kölgə parlament” deyilən əlavə bir qurum yaradırlar. Yeni yaradılan bu qurumda həmin partiyalar nəyəsə nail ola biləcəklər?

    – Buna geniş çərçivədə baxdıqda normal demək olar, çünki ən azı o partiyalar cəmiyyət arasında axtarış aparır. Birləşmələr, ayrılmalar, qruplaşmalar əslində normal bir şeydir, amma nəticə etibarı ilə gərək hansısa xoş bir niyyətə xidmət etsin. Cəmiyyətin heç olmasa nəzərəçarpacaq qədər bir hissəsini ən azı əhatə edə bilsin. Bu, tək müxalif cəbhədə birləşən birliklərə aid deyil, iqtidaryönümlü cəbhəyə də aiddir, məqsəd xalqın maraqlarını əhatə eləmək olmalıdır. Əks halda getdikcə insanların müxalifətə qarşı olan-qalan etibarı da itir.
    Bu gün açıq demək lazımdır ki, müxalifət arasında kifayət qədər soyuqluq yaranıb, qarşılıqlı ittihamlar çoxalıb. Xalq Cəbhəsinin yarandığı dövrdə olan birlik indi müxalifətdə yoxdur. İndi az qala hər partiyanın öz marağı var. Amma nəzərə alaq ki, bu gün ölkəmizin ümummilli maraqları var və bu maraqlar ətrafında partiyalararası inteqrasiya getməlidir.

    – Payızda “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik ediləcək. İndidən həmin dəyişikliklərlə əlaqədar seçkilərdə uğur qazanmayan partiyalar barədə o qədər də müsbət fikirlər səslənmir…

    – Məncə, burada bir proses gedir və o proses özü hər şeyi müəyyənləşdirəcək. Sadəcə olaraq, aktiv siyasi partiyalara daha çox dəstək göstərmək lazımdır. Seçkilərə qatılan, müəyyən tələblərə cavab verən partiyalar maliyyələşdirilməlidir. Bu, dünyada mövcud olan təcrübədir. Əgər o partiya, hansı ki, aktiv fəaliyyəti var, 20 il müxalifətdə yaşayırsa, bu, o demək deyil ki, o, acından ölməlidir. Əksinə, şans vermək lazımdır. Çünki cəmiyyət dəyişdikcə onların da arasında daha sağlam düşüncələr ortaya çıxacaq. Bu gün Azərbaycan cəmiyyəti günü-gündən dəyişir və inkişaf edir. Dəyişən cəmiyyətdə təbii ki, siyasi partiyaların sıraları da dəyişəcək. Ona görə də bütün bunlar həmin qanunda mütləq nəzərə alınmalıdır.

    – Sabir müəllim, siz eyni zamanda Dünya Azərbaycanlıları Konqresinə (DAK) həmsədrlik edirsiniz. Son vaxtlar DAK-da qalmaqal, xüsusilə də sizə qarşı ittihamlar səngimək bilmir. Təşkilatda nə baş verir?

    – Dəqiqini bilmək istəyirsinizsə, bu gün DAK öz fəaliyyətini genişləndirir. Artıq təşkilat beynəlxalq miqyasda belə öz əlaqələrini qurur. Dünyanın əksər ölkəsində parlament səviyyəsində, digər dövlət qurumları səviyyəsində DAK görüşlər keçirir. Dünyanın bir çox insan haqları təşkilatları ilə bizim müntəzəm əlaqələrimiz var. Bu gün bütün dünya artıq Azərbaycan xalqının bölünmüş xalq olmasını, 35 milyon azərbaycanlının bu gün İranda haqsızlıqlar içərisində yaşamasını çox gözəl bilir. Bunda əlbəttə ki, DAK-ın da fəaliyyəti böyük olub. Bütün bunlar daha çox da son illərin bəhrəsidir. Təəssüf ki, bu son ildə də bizim küçədən tutub gətirdiyimiz layiq olmayan adamlar indi durub deyirlər ki, “DAK böyük işlər görüb, amma Sabir Rüstəmxanlının vaxtında təşkilat çöküb”. Mənim haqqımda həqiqəti görməyib bunları danışanların da dəqiq psixoloji problemləri var. Onlarda yarımçıqlıq kompleksləri var. Onlar bir şəxsiyyət kimi, siyasətçi kimi və sair şəkildə özlərini tanıtdıra bilməyiblər və indi belə bir yola əl atırlar. Vaxtında biz onları küçədən gətirib şans vermişik ki, işləsinlər. Nə qədər şans versək də işləyə bilmədilər və biz də onları çıxarıb kənarlaşdırdıq. İndi ona görə hay-küy qoparıb, yalan püskürməklə məşğuldurlar. Gah məni Rusiyaya, gah da İrana bağlayırlar. İran mənə ölüm fətvası verib, mən necə İranın adamı ola bilərəm? Bu qədər də səviyyəsiz yalan olmaz. Elə buna görə də onlara cavab vermək, özümü onların səviyyəsinə endirmək istəmirəm. Biz sadəcə, öz yolumuzu gedirik.

    Keçirdiyiniz son mətbuat konfransında sizə qarşı ittiham sürənlər barədə əlinizdə hansısa faktların olmasından danışmışdınız…

    – Mən istəmirəm o barədə indi danışım. Amma onlara son sözüm budur ki, əgər istəyirlərsə, ayrıca bir təşkilat yaratsınlar. Onlar bizdən qovulanlardır və məsləhət görərdim yeni bir təşkilat yaratsınlar, adını da “DAK-dan qovulmuşlar” qoysunlar. Onlara bir daha DAK-ın adını hallandırmamağı tövsiyə edirəm, çünki niyyətləri xoş deyil. Məlumdur ki, onlar sifariş yerinə yetirirlər. Moskvanın, Tehranın “qucağında oturub” onların əleyhinə söz deməyəcəklər ki…Yenə deyirəm, yeni təşkilat yaratmağa, nəsə qurmağa istəkləri varsa, onun yolu məni ləkələməkdən keçmir. Bizi sıradan çıxarıb yeni DAK yaratmağa nail olmaq fikrindədirlərsə, bu, yalnız xülyadır. Çünki burada mənim qırx illik mübarizəm və onun nəticəsi var. Bilirsiniz, əslində, mənim heç onlara ciddi fikir vermək fikrimdə yoxdur, onlar mənim üçün əhəmiyyətsizdirlər. Onlara qoşulub məni ləkələməyə çalışan bir neçə mətbuat orqanı da var ki, mən artıq onlarla hüquq dilində danışmağa məcburam. Bu, artıq məhkəməlikdir.
    Qaldı o faktlara, mən hələ o barədə heç nə demək istəmirəm. Əslində, hər şey göz qabağındadır. Çünki onların bu söz-söhbətindən sonra İranın irticaçı rejiminə işləyən saytlar bayram edirdilər.

  • İstiqlaliyyət müsabiqəsi elan olundu

    İstiqlalçı deputatlar Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş yazı müsabiqəsi elan edir.

    “Qafqazinfo”nun məlumatına görə, müsabiqə avqustun 15-dən oktyabrın 1-dək davam edəcək. Yazılar İstiqlalçı deputatların müəyyən etdiyi peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək və mətbuata açıqlanacaq.

    Müsabiqənin şərtləri:

    1. Yazılar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktının qəbulu dövrünü əhatə etməlidir;

    2. Hər jurnalist müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;

    3. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya populyar informasiya saytında çap edilməlidir;

    4. Yazıda «Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə bağlı İstiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir» qeydi göstərilməlidir.

    Yazılar dərc edildiyi qəzetin bir nüsxəsi (informasiya saytında çap olunubsa, linki kifayətdir) ilə bərabər elektron variantda Vətəndaş Həmrəyliyi Partiyasının (X.Rüstəmov – 1210, «Xətai» metrostansiyası, «Azəri-Türk Bank»ın yaxınlığı) mətbuat xidmətinə şəxsən təqdim edilir.

    Qaliblərə diplom və pul mükafatı veriləcək.

    Ən yaxşı yazılar üçün 3 yer nəzərdə tutulur.

    1. I yer – 500 manat

    2. II yer – 300 manat

    3. III – 200 manat.

    Qaliblərin adları İstiqlalçı deputatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyinə həsr olunan yekun tədbirində açıqlanacaq.

    Əlavə məlumat üçün 496-86-57 (58) və 050 (055) 374-94-92 saylı telefonlarla əlaqə saxlamaq olar.

    Fatimə Kərimli