Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • Vətən üçün ölümə getmək xoşbəxtlikdir…

    Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri,millət vəkili Sabir Rüstəmxanlı, “Türkiyə çox çətin bir imtahandan keçir. Çünki dünyanın ən böyük sərvətləri buradadır. Dünyanın ən gözəl insan potensialı buradadır. Bu, bizim dünyamızdır. Bu dünyamızı parçalamaq üçün, Türk dünyasını parçalamaq üçün, bu gün dünyanın bütün dövlətləri ayaqdadır “dedi.

    Sarıqamış Şehitlerini Anma mərasiminə qatılmaq üçün türk dünyasının nümayəndələri ilə birlikdə Qarsa gələn Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, Sarıqamış şəhidlərinin minillər boyu yaşayacağını bildirdi: “İyirmi, əlli, yetmiş, yaşlarında ölənlər min illər boyu hafizələrdə yaşayır. Yetmiş yaşlarında don vurmadan ölənlər də olur, lakin bir ildən sonra unudulur. Sarıqamış şəhidləri min illər boyu yaşayacaq və böyük xoşbəxtlikdir ki, Qarsa o min illərin kədərini, o min illərin xatirəsini yaşatmaq bu torpaqlara qismət olmuşdur. Türklərin yaşadığı, hakimiyyətdə olduğu üç qitədə- Afrikada, Asiyada Avropada türkün ayağı hara dəyibsə, orada şəhid qəbiristanlıqları var və min illərin şəhid xatirələri var. Bu şəhidlərin xatirəsinə dastanlar yazılmış, şeirlər yazılmış, mahnılar deyilmiş, Türk ruhunun ən zərif nöqtəsi şəhid anılarıyla bağlıdırş”

    “Şəhidlik – Son dərəcə müqəddəs bir şey, biz burada onu yaşadıq “

    Vətən üçün ölümün hər vaxt xoşbəxtlik olduğunu ifadə edən Millət vəkili, “Yemen şəhidləri, Balkanların şəhidləri, Asiya şəhidləri, hər yerdə, yəni Türk xaricində başqa bir millət tanımıram ki, orada, o millətin içində şəhid ruhu, şəhid xatirəsi bu qədər müqəddəs olsun. Türk Dünyasında şəhidlik xüsusidir. İslamda belə şəhidlər var-Kərbəla şəhidləri. Amma Türk şəhidlərinin din duyğusunun üzərinə bir də vətən duyğusu əlavə olunub. Onun üçün bu şəhidlik son dərəcə müqəddəs duyğudur. Biz burada, Sarıqamışda onu yaşadıq. O dağdan enən insan axınını görüncə, mən o doxsan min əsgərlərimizin nələr yaşadığını düşündüm. Bizim onlar üçün içimiz ağlayır. Bunlar gənc yaşlarında həyatdan köçdülər. Çox insan həyatının baharında, gəncliyini yaşamadan getdi, amma onlar dünyadan xoşbəxt köçdülər. Onlar vətən üçün dünyadan köçdülər. Vətən üçün ölüm hər zaman xoşbəxtlikdir.” Sabir bəy bu gün o xatirələri xatırlatmağın böyük xoşbəxtlik olduğunu bildirdi: “Sarıqamış şəhidlərini anma mərasimində uşaqlar da var idi. Əllərində bayraq; ‘Şəhidlər ölməz,vətən bölünməz’ deyirlər. O uşaqlara bu sözləri dedirtmək üçün, bu gün bu tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Çünki o uşaqların üzərində hansı təsirlərin olduğunu və nə oyunların oynandığını çox gözəl bilirik. Siz o uşaqlara, o sözü izah edəcəksiz ki, başqa sözlər onlara deyilməsin. Məncə Türkiyənin etməsi gərək olan ilk iş budur.”

    “Türkiyə ilə Azərbaycanı həmişə bir gördük”

    Millət vəkili Sabir Rüstəmxanlı, Türkiyə ilə Azərbaycanın bir dövlət, Türkiyənin isə Türk Dünyasının lideri olacağını vurğuladı. Rüstəmxanlı, “Biz çox sevinirik. Türkiyə bu gün çox böyük bir şəkildə inkişaf edir. Türkiyə bu bölgənin lideri olma yolundadır. Amma Türkiyəyə Azərbaycandan baxanda biz iqtidar-müxalifət düşünməyək. Biz Türkiyədə siyasi partiyaları düşünməyək. Bizim üçün Türkiyə birdir. Biz o böyükTürkiyə ilə Azərbaycanı hər zaman bir gördük. Biz bir millət, iki dövlətik. Amma inşallah bir millət, bir dövlət olacağıq. Türk Dünyasında liderliyiə gedəcəyik”,-deyib.

    Bu gün İslam dünyasına, Türk dünyasına edilən hücumların Türk Dünyasına qarşı olduğunu ifadə edən Rüstəmxanlı, bunları bildirib : “Türkiyə çox çətin bir imtahandan keçir, bunu bilməlisiniz. Türkiyəyə, İslam dünyasına qarşı bu hücumların hamısı Türk Dünyasına qarşıdır. Bu, bizə qarşıdır. Çünki bu hücumların mərkəzi Asiya, Xəzər və Qafqaz bu dünyanın beynidir. Dünyanın bel sümüyüdür. Bu gün hər kəs bunun fərqindədir. Dünyanın ən gözəl insan potensialı buradadır. Tarix burada və Avrasiya deyilən hər şeyin beyni buradadır. Bu, bizim dünyamızdır. Bu bizim dünyamızı, Türk Dünyasını parçalamaq üçün bu gün dünyanın bütün dövlətləri ayaqdadır. Neft, qızıl, pambıq adına gəlir, Əfqanıstana demokratiya adından gəlir. İraqa demokratiya naminə gedib 1 milyon insanı öldürür. Bunların hamısı oyundur. Bu oyunların hədəfi Türk Dünyasıdır və Türk xalqları bunu bilməlidir. Buna görə tədbir görməsək, hamımız hədəf olaraq məhv olacağıq. Onun üçün bu birliyi qorumağımız lazımdır. Bunun siyasi, iqtisadi birliyə çevrilməsi, son dərəcə əhəmiyyətlidir. Türkün gələcəyi bizim birliyimizdəm keçir. Türkiyənin üstünə gəlirlər. Ardından Azərbaycan, Türkiyə ən çətin dövrlərini yaşayır. 90 min şəhid verən Türkiyə burada 14-üncü 15-inci ilin başlanğıcında 1918-ci ildə çox çətin bir vəziyyətdə 7-8 düşmənə qarşı döyüşərkən, özündə güc tapdı. Türk-İslam ordusunu Bakıya göndərdi. Bizim paytaxtımız Gəncə idi. Nuri Paşanın komandanlığı gəldi. Güney Azərbaycandan Qarabağı qurtardı. Amma bu gün Qarabağ düşmən əlindədir. Biz 18 ildir hələ də bu torpaqları azad edə bilməmişik. Nuru Paşa gəldi, Bakını ruslardan və ermənilərdən qurtardı.

    Çünki Bakı nefti onları ora çəkmişdi. Onlar Bakını Azərbaycandan qopartmaq istəyirdilər. Bakını onların əlindən alıb Azərbaycana paytaxt etdi. Əgər Nuru Paşa və Türkiyənin ən ağır dövrlərində öz iradəsi ilə Bakıya köməyə gələn türk ordusu olmasaydı, Bakı bizim əlimizdə deyildi. Bu gün Bakı başqa şəhərlər kimi Rusiyanın əlində idi. Min illər keçsə belə Azərbaycan buna görə Türkiyəyə borclu olacaq. Bunu heç kim unuda bilməz.”

    bia.az saytı

  • Azad Gənclik Təşkilatı ilk qurultayını keçirdi

    Keçən ilin yanvar ayında yaradılmış Azad Gənclik Təşkilatiı fevralın 18-də ilk qurultayını keçirdi. VHP-nin akt zalında keçirilən qurultay dövlət himnimizin oxunması ilə başlandı. 
    Qurultayda AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, VHP sədri, Sabir Rüstəmxanlı, gənclər təşkiatlarının rəhbərləri, yazarlar, beynalxalq qurumların nümayəndələri, gənc fəallar, həmçinin Polşanın nüfuzlu Viborça qəzetinin iki əməkdaşı iştirak edirdi.
    Təkilatın keçmiş sədri  Ülvi Həsənli illik hesabat verdi: “5 tələbə qərara aldıq ki, bir təşkilat yaradaq. Çünki Azərbaycanda sosial, siyasi, ictimai vəziyyət çox pisdir. Bunun üçün gənclər nəsə etməlidirlər. Düşünürdük ki,  Azərbaycanın gələcəyini gənclər müəyyənləşdirməlidir. Bizim ilkin fəaliyyətimiz kitaboxuma ilə bağlı oldu. 
    Ötən il Gənclərin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb və biz də bu komitədə fəaliyyət göstəririk.  Azərbaycadakı siysi və istimai təşkilatlarla birgə fəaliyyətimiz davam edir. Müxtəlif aksiyalar təşkil edirik. Şəhidlərlə, gənc siyasi məhbuslarla bağlı müxtəlif aksiyalarda iştirak edirik.

    Biz təşkilatı yaradanda heç ağlımıza gəlməzdi ki, belə qısa müddət ərzində Azərbaycan ictimai, siyasi sektorunda tanınacağıq və bu qədər gənc ətrafımızda toplanacaq. Bu bir illik fəaliyyət dövründə biz tək olmadıq. Yazarlar, jurnalistlər, siyasi partiyalardan dostlarımız bizə kömək oldular“.
    Sonra qonaqların çıxışı başlandı. İlk  çıxışçı VHP sədri Sabir Rüstəmxanlı belə bir təşkilatın yaranmasına görə sevincini ifadə etdi: “Dövlətin və bu torpağın sahibi sizlərsiniz. Bir dəstə adam nə qədər çalışsa da, öz övladlarını gərəkli vəzifələrdə yerləşdirsələr də, Azərbaycanın sağlam gəncliyi var və bu millətin gələcəyi də sizin əlinizdədir”. 
    Növbəti çıxışçı Müsavat başqanı İsa Qəmbərə oldu. İsa bəy  çıxışında qeyd etdi ki, gənclərin gördüyü və görəcəyi işlər demokratik düşərgənin istəklərinə uyğundur.  “Son zamanlar fəallıq xeyli artıb. Bu gözəldir ki, İctimai Palatanın daxilində və ətrafında əməkdaşlıq yaranıb. Sizə bu birliyiniz, fədakar mübarizənizdə uğurlar arzu edirəm”.

    Qurultay iştirakçılarını təbrik etməklə çıxışa başlayan AXCP sədri Əli Kərimli dedi ki, azad gəncliyin arasında olmaq çox xoş bir duyğudur. “Şadam ki, bir il ərzində belə bir təşkilat qurmusunuz. Düşünürəm ki, Azərbaycandakı zidiyyətlər öz kuliminasiya nöqtəsinə çatmaqdadır. İlluziyalar dağılır, Azərbaycan hakimiyyətinin mahiyyətini hamı bilir, artıq insanlar dəyişikliklərə köklənib. Siz bu ərəfədə fəaliyyətə başlamısınız və  çox vaxtınız qalmayıb ki, təşkilati işlərinizi görüb o böyük dəyişikliyə özünüzü hazırlayasınız.  Zamanın qədrini bilmək, hər gündən istifadə etmək lazımdır. Bu gün gənclərin fəal olması olduqca fərqlidir. Çünki Azərbaycanda elə bir hakimiyyət var ki, hər kəsin hər gün mənafelərini tapdayır. Hətta müqayisə də açmaq olar ki, hansı təbəqənin haqları daha çox tapdanır. Məsələn, biz orta nəsil düşünürük ki, bizim gəncliyimizi oğurladılar. Bütün gəncliyimiz bunlarla mübarizədə keçdi. Gözümü açdıq, bunları gördük. 20 ilə yaxındır ki, hələ də bunları görürük. Siz 80-ci illərin gəncliyinin övladlarısız. Sizin ata, analarınız Azərbaycana müstəqillik qazandırıblar. Sizin yalnız başqalarından öyrənməyə ehtiyacınız yoxdur. Öyrənəcəyiniz təcrübə evdə ata-analarınızda da var. Soruşun onlardan ki, 80-ci illərdə Azərbaycanda necə bir hərəkat yaratmışdılar, Azərbaycan xalqı necə dünyada ilin xalqı olmuşdu. Sizdən böyük gözləntimiz var və sizə hər cür kömək etməyə hazırıq”. 
    Politoloq Ərəstün Oruclu, Nida Vətəndaş Hərəkatı adından Rəşadət Axundov, Müsavat gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP-çi gənclərdən Samir Əsədli, “Bulistan” grupunun üzvü Orxan Ata,  Mübət Dəyişiklik gənclər təşkilatından Rəşad Həsənov, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev çıxış edərək Azad Gənclik Təşkilatını qurultayı münasibətilə təbrik edib, təşkilat haqda xoş sözlər dedilər.
     Dəvətlilərin çıxışından sonra təşkilatın sədrliyinə namizədlər öz platformalarını açıqlayaraq çıxış etdilər. 
    Namizədlər Ülvi Həsənli, Orxan Abdulla, Ziya Zamanlı və Təbriz Önər idi.
    Təqdimatdan sonra seçkilər başladı. Qeyd edək ki, qurultay nümayəndələri  ilə yanaşı  içtimai rəyi öyrənmək üçün təşkilata yaxın şəxslərin – partiya üzvlərinin, jurnalistlərin səs verməsi təşkil olunmuşdu. Öncə ictimai rəyin nəticələri açıqlandı. İctimai rəyin nəticələrinə görə Ülvi Həsənli 66.7 faiz – 24 səslə qalib oldu.
    Sonra təşkilat üzvlərinin səsvermələrinin nəticələri açıqlandı. Seçkilərin müşahidəsini aparan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bildirdi ki, qurultay nümayəndəsindən əlli nəfər mandat alaraq seçkidə iştirak edib. On iki qalıq bülleten kəsilərək ləğv edilib. Keçmiş sədr Ülvi Həsənli otuz altı səs qazanaraq bir il müddətinə Azad Gənclik Təşkilatının sədri seçilib. 
    Sonda İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına seçkilər keçirildi. İdarə Heyətinə yeddi yerə on nəfər namizəd, NTK-a üç yerə üç namizəd irəli sürüldü. Yeddi nəfər idarə heyətinə, üç nəfər isə NTK-a seçildi.

    Bəyim Həsənli

    “Azadlıq” qəzeti

  • Azərbaycan-Fransa siyasi-iqtisadi əlaqələrinə yenidən baxılmalıdır

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası Fransa Senatının «erməni soyqırımı»nı inkar edənlərə cəza nəzərdə tutan qanun qəbul etməsinə bəyanatla münasibət bildirib. Bəyanatda deyilir:

    «Tarixdə baş verməyən bir hadisəni, qondarma «erməni soyqırımı»nın bir sıra dünya ölkələrinin parlamentlərində rəsmən tanınması əslində Türkiyəyə siyasi-iqtisadi təzyiqin bariz nümunəsidir. Türkiyə dəfələrlə Osmanlı arxivini tarixçilərin üzünə açmağa hazır olduğunu və gerçəkliyin üzə çıxmasında marağını ifadə etməsinə baxmayaraq, hələ də bu müraciətlər nəticəsiz qalıb, tarixi faktları araşdırmaq əvəzinə isə Fransa Senatı daha ilginc bir qanun qəbul etdi. «Erməni soyqırımı»nı inkar edənlərə cəza nəzərdə tutan bu qanun, Türkiyəyə təzyiq olmaqla bərabər, həm də insan hüquq və azadlıqlarının beşiyi olan Fransa və Avropa dəyərlərinə qarşı yönəlib.

    Təsadüfü deyil ki, qanunun ifadə azadlığını məhdudlaşdırdığını dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da etiraf edir və bu qanuna qarşı çıxırlar. Hər kəsin fərqli düşünmək və danışmaq hüququnu tanıyan Fransa Senatının «erməni soyqırımını» inkar edən vətəndaşına 1 illik cəza və ya 45 min avro cərimə qanunu, əlbəttə ki, fundamental insan azadlığına kəskin ziddiyyət təşkil edir.

    Fransanın öz demokratik ənənələrinə zidd olaraq qəbul etdiyi bu qanun yalnız Türkiyə və Türk Dünyasına qarşı böyük planın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, bu qanun təkcə Türkiyəni deyil, həm də Azərbaycanın dövlətçilik maraqlarını təhdid edir. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları ilə ədalətli həll prosesində iştirak edir. Ancaq ermənilərin mənafeyinə uyğun qərar qəbul etməkdən ötrü hətta demokratiya və ifadə azadlığını məhdudlaşdıran Fransanın Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və Dağlıq Qarabağ ətrafı 7 rayonun taleyinin ədalətli həllində bitərəf mövqe tutacağı ciddi sual altındadır.

     
    VHP Siyasi Şurası Fransanın bu addımını ifadə azadlığının məhdudlaşdırılması kimi kəskin pisləyir, bunu Türkiyə və Azərbaycana qarşı yönəlmiş ədalətsiz siyasi təzyiqin tərkib hissəsi sayır və Azərbaycan hakimiyyətindən Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən dərhal uzaqlaşdırılması və Fransa-Azərbaycan siyasi-iqtisadi münasibətlərinə yenidən baxmasını tələb edir.

     

     VHP Siyasi Şurası

  • İP Koordinasiya Şurasının yeni 5 üzvü

    İctimai Palatanın Koordinasiya Şurasının yeni tərkibi srağagünkü seçkilər nəticəsində məlum oldu. Yeni tərkib 17 nəfərdən ibarətdir. 17 nəfərdən 12-si Koordinasiya Şurasında fəaliyyət göstərən şəxslərdir. Onlar son bir ildə rotasiya qaydasında növbə ilə İctimai Palatanın sessiyalarına və Koordinasiya Şurasına sədrlik ediblər. Yeni tərkibin 5 nəfəri isə Koordinasiya Şurasına ilk dəfədir seçiliblər. Onlar barədə məlumatları təqdim edirik:

    1. Leyla Ağa qızı Əliyeva, 1959-cu ildə Bakı şəhərində anadan olub. Elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloqdur. Bakıda fəaliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidentidir. Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olub. Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir.

    2. İbrahim Zeynəddin oğlu İbrahimli, 1952-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Zeynəddin kəndində anadan olub. Ali təhsillidir. Siyasətə gəlməzdən öncə Naxçıvanda pedaqoji fəaliyyətlə məşğul olub. Orta məktəb müəllimi, məktəb direktoru, maarif şöbəsinin baş inspektoru işləyib. Naxçıvan MR-də AXC-nin vilayət və rayon şöbəsinin yaradıcılarından biri, AXC Babək rayon şöbəsinin, Naxçıvan Vilayət Xalq Cəbhəsinin sədri, 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1994-cü ilə qədər deputat olub. AXC-nin təşəbbüsü ilə keçirilən mitinqin təşkilatçısı olduğu üçün 1994-cü ildə deputat mandatı qanunsuz olaraq alınıb. İstiqlalçı deputatlardandır. 1992-ci ildə Müsavat Partiyasının bərpasında iştirak edib. Müsavat Məclisinin, Divanının üzvü, Müsavat başqanının müavini olub. 1993-cü ildə AXC-nin İcraiyyə Komitəsinin sədri olub. 1994-cü ildə AXC sədrinin birinci müavini seçilib. 1995-ci ildə AXC-nin qurultayında böhran mərhələsinin arxada qaldığını əsas göstərərək yenidən Müsavat Partiyası üzvlüyünə qayıdıb. 2003-cü il oktyabrından 2005-ci ilin martına qədər həbsdə olub. 2010-cu ildə Müsavat Partiyasından istefa verib. 2011-ci ildə Vətəndaş Hərəkatı Təşəbbüs Qrupunu yaradanlardandır. Hazırda qurumun koordinatorudur.

    3. Rahim Bahadur oğlu Hacıyev, Saatlı rayonunda anadan olub. AXC-nin ilk üzvlərindən və fəallarından olub. Ali təhsillidir. Xalq hərəkatının iştirakçısıdır. Ölkənin tanınmış politoloqlarındandır. “Azadlıq” qəzeti baş redaktorunun birinci müavinidir.

    4. Rafiq Hidayət oğlu Manaflı, 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975-1980-ci illərdə Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980-1991-ci illərdə Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992-1996-cı illərdə özünün təşkil etdiyi “Plastik” kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi “Təkamül” MMC-nin direktorudur. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradıçılarından və fəal üzvlərindən olub, 1990-1992-ci illərdə AXC-nin Qaradağ rayon şöbəsinin sədri, AXC Məclisinin üzvü olub. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən VHP Siyasi Şurasının üzvüdür. 2001-ci ildən VHP Ali Məclisinin sədridir. 2010-cu ilin noyabr ayında keçirilən Milli Məclisə seçkilərdə 59 saylı Salyan Dairə Seçki Komissiyasından deputatlığa namizəd olub.

    5. Qələndər Şəmil oğlu Muxtarlı, 1965-ci ildə Tərtər rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix fakültəsində aspiranturada təhsil alıb. İlk tələbə könüllü özünü müdafiə batalyonunun yaradıcılarından biri olub və Qarabağ müharibəsində iştirak edib. 1992-1993-cü illərdə Prezident Aparatının humanitar şöbəsində işləyib. 1993-cü ildə Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının yaradıcılarından olub. “Boz qurd” qəzetinin baş redaktoru işləyib. 1998-ci ildə seçki saxtakarlığına etiraz olaraq ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkilində ittiham edilərək 2 illiyinə həbs olunub. 2011-ci ilin iyulunadək Milli Demokrat Partiyasının rəhbərliyində təmsil olunub. 2011-ci ilin iyulundan Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədridir.

    E.SEYİDAĞA
    Yeni Musavat 

  • İslam Konfransı Təşkilatı Parlament İttifaqının iclası keçirilib

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı   Parlament İttifaqının Siyasi və İqtisadi məsələlər üzrə Daimi İxtisaslaşmış  Komitəsinin yığıncağında çıxış etmişdir

    Xəbər verdiyimiz kimi, İslam Konfransı Təşkilatı Parlament İttifaqının növbəti 7-ci sesiyası dünyanın ən  böyük müsəlman dövləti olan  İndoneziya respublikasının Cənubi Sumatra vilayətinin mərkəzi Palembanq  şəhərində keçirilir. Sesiyada Azərbaycam raspublikası Milli Məclisinin nümayəndə heyəti də iştirak edir. Sesiyanın ikinci günündə Azərbaycan millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı   Parlament İttifaqının Siyasi və İqtisadi məsələlər üzrə Daimi İxtisaslaşmış  Komitəsinin yığıncağında çıxış etmişdir. O, sesiyanin gündəliyinə Azərbaycan tərəfindən təqdim edilən ” Ermənistan respublikasının Azərbaycan respublikasına təcavüzünə dair” qətnamə layihəsi barədə danşaraq qətnamənin qəbulunun əhəmiyyətini  diqqətə şatdırmışdır. O,həmcinin bu il üstündən 20 il kecən Xocalı soyqıriminın bütün İslam ölkələrində  anilması ilə bağlı  İTK Gənclər forumu tərəfindən irəli sürülən başqa bir sənədin qəbulunun da İslam həmrəyliyi  və azərbaycanlılara qarşı törədilmiş bu qəddar cinayətin dünyanin hər yerində gündəmə gətirilib ittiham edilməsi baxımından mühüm addım olacağını bildirmişdir…

    Bundan əlavə, Sabir Rüstəmxanli İslam dövlətləri nümayəndələinə  Dağlıq Qarabağ probleminin həlli üzrə “20 ildən bəri güya iş aparan və bu məsələni həll etməli olan”  Minsk qrupuna başçılıq edən dövlətlərdən birində -Fransada senatin bu  günlərdə qəbul etdiyi və “Erməni soyqırımı olmamışdır” deyənlərə cəza nəzərdə tutan qanunun  təkcə Türkiyəyə qarşı deyil  həm də Azərbqycana qarşı yönəldiyini bildirmiş; bu tipli sənədlərin dolayi yolla Ermənistanın işğalına haqq qazandirmaq məqsədi güddüyünü vurğulamışdır…
    Bu qərar insanların öz fikrini sərbəst ifadə etməsinin qarşısını alır,yalanı rəsmiləshdirir, özünü demokratiyanin beşiyi sayan Fransanin iç üzüni göstərir. İslam dünyasında demokratik dəyərləri ilə seçilənTürkiyı kimı qabaqcıl bir dövlətə qarşı bəzi Qərb dövlətlərinin  məqsədli  təzyiqləri, terrorçuların dəstəklənməsi, tarixin siyasi mülahizələrlə saxtalaşdırılması,ardıcıl türk düşmənclliyi ,ciftli  standartlar  bütün müsəlman dövlətləri düşündürməli və narahat etməlidir. Bu kimi hallara qarşı mübarizədə İslam dövlətlərinin imkanlari birləşdirilməlidir. Çunki bu kimi hallar təkcə Turkiyəyə qarşı deyil,bütün İslam dövlətlərinə qarşı cevrilmişdir…
     Çıxışınin sonunda S. Rüstəmxanli İslam Parlamentini bu məsələyə münasıbət bildirməyə çagırmışdır. Sonra Türkiyə nümayəndə heyətinin başçisi cıxış edərək S. Rüstəmxanlının təklifini müdafiə etmişdir…

  • Müxalifət partiyaları: “Hakimiyyət “Siyasi partiyalar haqqında”” qanunu qəlizləşdirmək istəyir””

    Milli Məclisin yaz sessiyasında “Siyasi partiyalar haqqında” qanuna düzəlişlər layihəsinin müzakirəsi gözlənilir. 1992-ci ildə qəbul olunan qanuna əlavə və dəyişikliklər Prezident Administrasiyasında hazırlanıb. Layihədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələnin də öz əksini tapdığı söylənilir. 2011-ci ilin axırlarında

    Avropa Şurasının Venesiya Komissiyası adıçəkilən qanununa dəyişikliklər layihəsi barədə rəyini açıqlayıb.

    Rəydə bildirilir ki, dəyişikliklər siyasi partiyaların fəaliyyətinin daha dəqiq tənzimlənməsini nəzərdə tutur. Amma boşluqlar qalmaqdadır. Orada siyasi partiyaların öz vəsaitlərini xərcləməsinə nəzarət, o cümlədən şəxsi ianələr və korrupsiyanın qarşısının alınması üçün effektiv tədbirlər yoxdur. Üstəlik, ictimaiyyətə açıqlanmalı olan maliyyə məlumatları aydın göstərilməyib.

    Venesiya Komissiyası həmçinin bildirib ki, onların 2004-cü ildə verdiyi rəydə müəyyən edilən bəzi problemlər həllini tapmayıb. Bura korrupsiya ianələrinin qarşısının alınması tədbirlərinin səmərəsizliyi, özəl ianələrlə  əlaqədar həmkarlar ittifaqlarına qarşı mümkün diskriminasiya daxildir. Komissiya layihə ilə bağlı digər təkliflərini də açıqlayıb. 

    Hakimiyyət rəsmiləri isə iradların bir çoxu ilə razılaşmır. Bir çox siyasi partiya da layihənin indiki formada qəbul olunmasının əleyhinədir. Qeyd etdiyimiz kimi əsas müzakirə mövzusu siyasi partiyaların maliyyələşdiirilməsi ilə bağlıdır. 

    Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası da layihədə nəzərdə tutulduğu kimi seçkilərdə iştirak edən siyasi, yaxud parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin tərəfdarıdır. Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edir. Digər partiyalar layihədə hansı məsələlərin öz əksini tapmasını istəyir? 

    Modern.az
     saytı bununla bağlı bir neçə partiyadan münasibət öyrənib.

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) təşkilat şöbəsinin müdri Samir Əsədli hesab edir ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi mükəmməl hazırlanmayıb: “Bu layihə qəbul olunarsa, demək olar maliyyələşmənin 80-90 faizi Yeni Azərbaycan Partiyasına (YAP) düşəcək. Biz istəyirik ki, ədalətli bir qanun layihəsi müzakirəyə təqdim olunsun, ilk növbədə ölkədə fəaliyyət göstərən əsas partiyaların maraqları nəzərdə tutulmalıdı. Azərbaycanda adı və təkcə sədrindən ibarət olan partiyalar çoxdu, oxşar partiyalardan Milli Məclisdə də var. Ona görə hesab edirəm ki, 1995-ci ildən bəri seçkilərdə iştrak edən əsas partiyalar bu maliyyələşmədən kənarda qalmamalıdırlar. Eyni zamanda partiyaların qeydiyyatı ilə bağlı bəzi problemlər  mövcüddür, onlar da həll olunmalıdı. Mükəmməl bir qanun layihəsi hazırlanmalıdı. Əgər hakimiyyət özü ölkədə siyasi partiyalar inistutunun inkşaf etməsinə maraqlıdırsa, qanun layihəsi də ona uyğun formada olmalıdır. Türkiyə təcrübəsinə əsaslanmaq düz deyil. Türkiyədə parlamentdə təmsil olunan partiyalar dövlət tərəfindən maliyyələşir. Amma Azərbaycanla Türkiyə reallığı tamamilə bir-birindən fərqlənir. Məsələn, VHP parlamentdə YAP-dan sonra ən çox deputatı olan partiyadı. Amma biz istəmirik ki, digər partiyaların hüquqları pozulsun. Parlamentdə deputatı olan elə partiya var ki, üzvlərini sayı parlamentə düşə bilməyən partiyanın bir rayon təşkilatının sayı qədər deyil. Hesab edirəm ki, bunlar da nəzərə alınmalıdı. AXCP, Musavat kənarda qoyula bilməz, çünki bunlar ölkənin əsas aparıcı müxalifət partiyaları hesab olunur”.

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlınınsözlərinə görə, təklif olunan yeni qanun layihəsində mövcüd olan qanunun daha da murtəceləşməsi nəzərdə tutulur: “Qeydiyyatdan keçmək üçün üzvlərin sayının artırılması, əlavə sənədlərin istənilməsi, partiyaların maliyyələşməsi ilə bağlı parlamentdə təmsilçilik prinsipinin yer alması və. s məsələlər onu göstərir ki, bu layihə ölkədə siyasi partiyaların siyasi sistemdən sıxışdırılıb çıxarılması məqsədini güdür. Təbii ki, təklif olunan dəyişikliklər məhz bu happy wheels demo baxımdan daha çox hakimiyyətin istəklərinə, iradəsinə uyğun gəlir. Məhz bu səbəbdən Venesiya Komissiyası layihəyə müsbət rəy vermədi. AXCP-nin mövqeyi belədir: əgər yeni qanun layihəsinin qəbuluna ehtiyac varsa, burada öz əksini tapan müddəalar yalnız YAP-ın iradəsini əks etdirməməlidir”.
    AXCP funksionerinin fikrincə,  ölkədəki bütün siyasi partiyaların bu layihəsinin müzakirəsində iştrakı təmin olunmalı və onların da rəyləri, fikirləri nəzərə alınmalıdı: “Bütun hallarda qanunvericilikdə dəyişiklikləri o zaman zəruri hesab edirik ki, o demokratikləşməyə xidmət etsin. Konkret təkliflərimizi də yalnız layihənin ümumi müzakirəsi zamanı irəli sürə bilərik”.

    Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə Venesiya Komissiyasının fəaliyyətindən də o qədər razı qalmadıqlarını deyib: “Məsələ burasındadır ki, qanuna edilən dəyişikliklər haqqında Azərbaycandakı siyasi partiyalara heç bir məlumat vermədən hakimiyyət həmin sənədi Venesiya Komissiyasına göndərib. Bu, Azərbaycan hakimiyyətinin siyasi partiyalara, xalqa, cəmiyətə olan münasibətidi. Amma Venesiya Komissiyası da həmin dəyişiklikləri siyasi partiyalara göstərməyib və nədən ibarət olması haqqında heç bir məlumat verməyib. Bu isə Venesiya Komissiyasının səlahiyyət həddini aşması deməkdi. Onlar bunu hökmən etməlidilər. Digər tərəfdən, Venesiya Komissiyası bir neçə təklif göndərmişdi. Azərbaycan hakimiyyətinin bu məsələdə təmsilçisi olan Əli Həsənov isə qeyd etdi ki, “biz qabaqcadan dörd məsələdə Avropanın verəcəyi təklifləri qəbul etməyəcəyimizi bildirmişdik”. Əgər dörd məsələdə təklifləri qəbul etməyəcəkdinizsə, onda siz bu layihəni niyə Avropa Şurasına göndərirdiniz? Qəbul edilməyən məsələlər çox ciddidir və hakimiyyət onları qəbul etmək niyyətində deyil”. 
    G.Aslanlı layihə ilə tanış olmadığı üçün partiya adından təkliflər irəli sürülməsinin də tam mümkün olmadığını qeyd edib: “Biz sadəcə olaraq həmin layihədə siyasi partiyaların qeydiyyata alınması məsələsinin sadələşdirilməsini, ən azı olduğu kimi saxlanılmasını istəyirdik. Amma hakimiyyəti məsələni xeyli qəlizləşdirmək istəyir. Təklif irəli sürüblər ki, əgər əvvəllər partiyanın qeydiyyata alınması üçün min nəfər partiya üzvu kifayət idisə, indi o rəqəmin sayı  beş minə qaldırılmalıdır. Eyni zamanda partiya üzvlərinin hər birinin imzası tələb ediləcək. Bu, Azərbaycan kimi ölkədə heç də yaxşı heç nə vəd eləmir. Partiyaların büdcədən maliyyələşdirilməsi ilə də bağlı təkliflərimiz var. Bu məsələləri yalnız birgə müzakirə zamanı həll etmək mümkündür”.

    Böyük Qurluş Prtiyasının başqanı, millət vəkili Fazil Mustafa hesab edir ki, Venesiya Komissiyasının layihəyə müsbət rəy verməməsi hakimiyyətin də marağına uyğun olub: “Çünki hakimiyyət “Siyasi partiyalar haqqında” qanunun qəbul olunmasında maraqlı görünmür”.
    Bununla belə partiya rəhbəri prosesin başlanmasını məqbul hesab edir: “ Prosesi başa çatdırmaq üçün hakimiyyət məsələyə daha ciddi yanaşmalıdır. Əgər səmimi niyyət varsa, bunu yekunlaşdırmalıdır”.

    Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, bu məsələ hakimiyyətlə Venesiya Komissiyası arasında həll olunmamalıdı:  “Əgər  söhbət “Siyasi partiyalar haqqında” qanun layihəsindən gedirsə, onda ölkədəki bütün siyasi partiyaların bu məsələ ilə bağlı mövqeyi öyrənilməlidi. Faktiki olaraq siyasi həyatın bir tərəfini bu prosesdən kənarda saxlamağı mən düzgün hesab etmirəm”.
    Partiya sədrinin sözlərinə görə, Venesiya Komissiyası heç vaxt belə qanun layihəsinə müsbət rəy verə bilməz: “Əks təqdirdə bu qanun Azərbaycanda siyasi partiyaların inkşafına gətirib çıxarmıyacaq”. 
    ADP sədrinin məsələ ilə bağlı təklifləri də var: “Birincisi, iqtidar və müxalifət partiyaları yığışıb birlikdə bu məsələni öz aralarında həll etməlidirlər. Sözün həqiqi mənasında Azərbaycanda siyasi inkşafa gətirib çıxara biləcək normaları müəyyənləşdirməliyik. Hesab edirəm ki, onda heç Venesiya Komisiyasına da ehtiyac olmaz”.

  • «Öncə ziyalını məhv edib sonra da «ziyalı yoxdur» demək çox asandı»

    Fransa Senatının üzvləri Azərbaycanda səfərdədilər. Onlar həm də Fransa Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləridir. Fevralın 7-də fransalı qonaqlar Milli Məclisdə azərbaycanlı həmkarları ilə görüşüblər. Görüşdə iştirak etmiş deputat, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Sabir Rüstəmxanlının bu və digər məsələlərə dair fikirlərini təqdim edirik:

    – Bu qrupun üzvlərinin əksəriyyəti senatda qondarma erməni soyqırımı ilə bağlı qərara səs verməmiş adamlardır. Özlərinin də danışıqlarından bəlli oldu ki, bəziləri daxili inamına, bəziləri söz azadlığını məhdudlaşdırdığını düşünərək o qanunun əleyhinə olublar. Biz Azərbaycan Parlamenti adından çox sərt şəkildə bu qanuna tənqidi münasibətimizi bildirdik. 

    – Bəs onlar bu münasibəti necə qarşıladılar? 

    – Senatorlar dedilər ki, «əvvəla, biz bu hadisənin Azərbaycanda belə sərt reaksiya doğuracağını və doğurduğunu bilmirdik. İkincisi də, Fransa Senatında və ümumiyyətlə Fransada cəmiyyətin çox böyük bir hissəsi Qarabağ savaşından xəbərsizdir». Dedilər dostluq qrupu olaraq bura daha çox Azərbaycanla tanış olmağa, bu ölkə haqqında məlumat toplamağa gəliblər. 

    Mən onlara dedim ki, indiki dövrdə Azərbaycan torpağının 20 faizi işğal olunub, bir milyon qaçqını var. Necə ola bilər ki, siz bundan xəbərsiz olduğunuz halda tarixin hansısa qatında nəsə axtarırsınız? Bu həqiqəti necə görməyə bilərsiniz? Hər halda güman edirəm ki, bu görüşlər xeyirlidir. Baxmayaraq ki, Fransa senatoru üçün ABŞ, Britaniya, Almaniya və digərləri ilə dostluq etmək daha xoşdur, nəinki, tanımadıqları ucqar və problemli Azərbaycanla. 

    – Xeyli vaxtdır rəsmi dairələr Azərbaycanın uğurlu xarici siyasət yürütdüyündən, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə uğurla çatdırılmasından danışırlar. Amma dünyanın düzəninə kifayət qədər təsir imkanına malik olan Fransanın nəinki sıravi vətəndaşı, heç senatorları də Azərbaycanla dostluq qrupunun üzvü olan şəxslər də bu həqiqətləri bilmirlər.

    ​​- Düzü mən gələn senatorların bəzilərinin Qarabağ məsələsi haqda məlumatları olmadığını eşidib çox təəssüfləndim. Dostluq qrupunun üzvləri belə deyirlərsə başqalarından nə gözləyəsən? Eyni zamanda Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkədir. Yəni Fransada maraqlanmırlar ki, bu nə qrupdur, niyə Fransa orada həmsədrdir?  Bu həmçinin bizim işimizin zəifliyidir ki, dünyanın aparıcı ölkələrindən birində hələ öz həqiqətlərimizi göstərə bilməmişik. Ermənilər istəyəndə bu məsələni unutdurur, istəyəndə də dünya Dağlıq Qarabağdan danışır. Bu görüş bir daha onu göstərir ki, diplomatiyamız bu sahədə hələ çox işlər görməlidir. 

    – AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Bakıda rəsmilərlə görüşdən sonra ümidlə bildirdilər ki, İctimai Palatanın 2 aprel aksiyasına görə həbs edilənlər yaxın həftələrdə azadlığa buraxılacaqlar. Parlamentin Amnistiya aktı qəbul etmə ehtimalı nə dərəcə böyükdür?

    ​​- O barədə məlumatım yoxdur. Amma ola bilsin Novruz bayramı ərəfəsində yeni bir amnistiya olsun. Biz Fransadan söz azadlığını məhdudlaşdıran qanunu qəbul etməməsini tələb ediriksə, çalışmalıyıq ki, Azərbaycanda da fərqli düşüncəyə, fərqli fikrə görə insanlar həbs olunmasınlar. Fərqli, yaxud müxalifətçi mövqeyinə görə, eləcə də iqtidarın apardığı siyasətə qarşı fikir söylədiyinə, onunla mübarizə apardığına görə məhkum olunan adamların həbsini haqsız sayıram və hesab edirəm ki, onlar azadlığa buraxılmalıdır. 

    – Bu günlərdə Milli Məclisdə ölkənin adının dəyişdirilib «Şimali Azərbaycan Respublikası» qoyulması təklifi səsləndi. Buna münasibətiniz necədir?

    – Bu ciddi məsələdir. Buna ciddi yanaşılmalıdır. Ümumiyyətlə bizdə terminologiya məsələləri bir gün ciddi müzakirə olunmalı və bunlar dəqiqləşdirilməlidir. 1991-ci ildə, Azərbaycanın müstəqilliyinin bərpası zamanı bu «Şimali Azərbaycan» məsələsi dilə gətirilmişdi. Prinsipial yanaşsaq, bura doğrudan da Şimali Azərbaycan ərazisidir və bu dövlət də əslində «Şimali Azərbaycan» adlandırılmalı idi. Amma artıq iyirmi ildir dünya bizi Azərbaycan dövləti kimi tanıyır. Və bizim belə tanınmağımız heç də Cənubi Azərbaycan mövzusunu, İrandakı altı Azərbaycan ostanının mövcudluğunu inkar etmir. Ona görə bu məsələ diqqətlə düşünülməlidir. Hər halda Azərbaycanın parçalanmış bir xalq olduğunu bildirmək baxımından indiki respublikanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur. Amma indiki vaxta buna nə dərəcədə ehtiyac var və bu necə edilməlidir kimi məsələlərin bir az müzakirəsi daha yaxşı olardı. 

    – «Ziyalılar Forumu»nda iştirak edənlər hər hansı siyasi iddiada olmadıqlarını dəfələrlə bəyan etsələr də, siyasi dairələrdən tənqidə məruz qalmaqda davam edirlər. YAP icra katibinin müavini deputat Siyavuş Novruzov onları «fərari ziyalı» adlandırıb deyir ki, «bu bir qrup adam vaxtilə – Azərbaycanın qlobal problemləri olan dövrdə Azərbaycanı qoyub qaçan, ölkəmiz haqqında bir dənə də olsun dəyərli məqalə verməyən adamlardır. Gətirib bir dənə məqalə göstərsinlər ki, ermənilərə qarşı bir yazı yazıblar».   

    ​​- Tamamilə yanlış mövqedir ziyalılara o cür yanaşma. Öncə ziyalını məhv edib sonra da «ziyalı yoxdur» demək çox asandır. Bütün bunlara baxmayaraq Azərbaycanda ziyalılar da var. Hətta siyasətdə də 20 il öz mövqeyini qoruyub saxlayan ziyalılar var. Təvazökarlıqdan kənar da olsa,  həm ziyalı olmaq, həm də öz mövqeyimi daimi qoruyub saxlamaq baxımından mən özümü onlardan biri sayıram. Ona görə də «ziyalı yoxdur», «ziyalılar satqındır» və sair bu kimi fikirlər qətiyyən həqiqəti əks etdirmir. Bu gün Siyavuş Novruzovla rastlaşanda onun özünə də dedim ki, sən ziyalılar haqqında tamamilə yanlış mövqedəsən. Bu cür çıxış edərək Azərbaycan ziyalısını gözdən salmaq doğru deyil. Düşünürəm ki, ziyalısı olmayan millət bədbəxtdir.

    Foruma gəlincə, mən hesab edirəm ki, biz onun yaranmasına və fəaliyyətinə sevinməliyik. Hətta iqtidar da sevinməlidir ki, Azərbaycanda belə bir qurum var. O qurum müəyyən həqiqətləri dilə gətirir və deyilən qüsurları aradan qaldırmaq baxımından bu forumun fəaliyyətindən yararlanmaq olar. Cəmiyyəti davamlı olaraq sıxıb boğmaqla heç nə etmək olmaz. Əksinə, cəmiyyətdə mövcud olan problemlər deyilməlidir. Onlar Milli Məclisdə müzakirə olunmalıdır. Və bu gün xalqın içində toplanan və açıq-aşkar hiss olunan qəzəb bu yolla üzə çıxmalıdır. Çıxmasa vurub cəmiyyətin mövcud sistemlərini dağıda bilər və Azərbaycan üçün fəlakətli nəticələrə gətirib çıxarda bilər. Hesab edirəm ki, Azərbaycan ziyalısına hörmətlə yanaşılmalıdır. 

    Elə düşünmək lazım deyil ki, bütün ziyalılar ancaq iqtidara xidmət edəndə ziyalı olurlar. Azərbaycandan kənarda yaşayan və bu iqtidara xidmət etməyən Lütfü Zadə, və digərləri deməli ziyalı deyillər? Müslüm Maqomayev də Qarabağa dair məqalə yazmamışdı. Deməli o ziyalı deyildi? Əlbəttə mən ziyalının belə məsələlərdən kənarda qalmasını da istəməzdim. Amma müəyyən şəraitə uyğun olaraq qarışmayanları da ziyalılıqdan və azərbaycanlılıqdan çıxmayıblar. Ona görə də hamıya iqtidarın xeyri baxımından qiymət vermək olmaz. 

     Rəsul İlqar
    Azadlıq Radiosu 

  • Türk Dünyasinin əfsanəvi lideri Rauf Denktaş vəfat etdi

    Sabir Rüstəmxanlı: “Cavan yaşlarından dünyanın bütün təzyiqlərinə baxmayaraq, Kipr türklərinin mənafelərini aslan kimi müdafiə etməyi bacardı

    İsa Qəmbər: “Bütün ömrünü millətin mövcudluğu, inkişafı yolunda sərf etdi və son nəfəsinə qədər də bu ideallara sadiq qaldı”

    Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu, türk dünyasının əfsanəvi liderlərindən biri Rauf Denktaş yanvarın 13-də gecə yarısı 87 yaşında dünyasını dəyişib. Son illər daxili orqanlarındakı problemlərdən əziyyət çəkən Denktaş yanvarın 9-da Yaxındoğu Universitetinin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, srağagün səhər saatlarında komaya düşüb və bir neçə saat sonra gözlərini əbədi yumub.

    Rauf Denktaş 1924-cü il oktyabrın 24-də Kiprdə anadan olub. Hələ uşaq ikən anasını itirən Denktaşı nənələri böyüdüb. 1930-cu ildən İstanbulun Fevzi Ati liseyində təhsil almağa başlayıb, lakin təhsilini Kiprdə başa vurub. İkinci Dünya Müharibəsindən sonra İngiltərəyə gedərək hüquq təhsili alıb. Məzun olduqdan sonra Kiprdə vəkil işləməyə başlayıb. 1948-ci ilə noyabrın 27-də Kipr türklərinin təşkil etdiyi ilk mitinqi Fazıl Küçük ilə bir yerdə idarə edib. O vaxtdan Kipr türklərinin hüquqları uğrunda mübarizədə fəal iştirak edib. 1970-ci ildə keçirilən seçkilərdə Türk Camaat Məclisinin rəhbəri seçilib. 1973-cü ilə kimi Kipr prezidentinin müavini və Kipr Türk İdarəetməsinin rəhbəri vəzifələrini icra edib. 13 fevral 1975-ci ildə Kipr Türk Federal Dövləti elan olunduqdan sonra dövlət və parlament rəhbəri vəzifələrini icra edən Rauf Denktaş 1976-cı ildə keçirilən ilk seçkilərdə dövlət başçısı seçilib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının elanından sonra keçirilən ilk seçkilərdə prezident seçilib. Daha sonra bir neçə dəfə də ŞKTC prezidenti seçilib. 2005-ci ildə keçirilən prezident seçkilərində isə namizədliyini irəli sürməyib. Həmin seçkilərdə Mehmet Əli Tələt qalib gəlib.

    Rauf Denktaş siyasətçi olmaqla yanaşı həm də yazıçı və fotoqraf idi. Bir neçə kitabı işıq üzü görən ŞKTC-nin ilk prezidenti “Yeniçağ” qəzetində köşə yazıları yazır və “Avrasiya” telekanalında (ART) “Denktaşın gündəmi” adlı veriliş aparırdı. 
    Böyük liderin Azərbaycana sevgi və sayğısı böyük idi. O, ölkəmizdən Şimali Kiprə gedən nümayəndə heyətlərini böyük hörmətlə qəbul edər, onlarla maraqlı söhbətlər aparardı. Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın on sözləri “müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin” olub. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, son anlarında qızına bu sözləri deyən Rauf Denktaş Bakı vaxtı ilə 00.07 radələrində dünyasını dəyişib. Denktaşın ölüm xəbəri açıqlanan kimi ŞKTC prezidenti Dərviş Eroğlu, baş nazir İrsen Küçük, Türkiyənin Lefkoşadakı səfiri Halil İbrahim Akça, Türkiyə sülhməramlı qüvvələrinin komandanı general Adəm Huduti xəstəxanaya gediblər. Bundan başqa xəstəxananın qarşısına minlərlə insan toplaşıb.
    Mətbuat konfransı keçirən ŞKTC prezidenti Dərviş Eroğlu çıxışına “Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik” sözləri ilə başlayıb. Eroğlu Kipr qəhrəmanının ölümü səbəbi ilə türk dünyasına başsağlığı verib. “Kipr türklərinin və türklük dünyasının başı sağ olsun. Denktaşın apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq”. 
    Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Rauf Denktaşın ailəsinə başsağlığı verib. Rauf Denktaşla vidalaşma mərasimi Şimali Kipr Cümhuriyyət Məclisinin binasında keçiriləcək. 
    Bu böyük insanın ölümü bütün türk dünyasında olduğu kimi Azərbaycanda da hüznlə qarşılanıb. Rauf Denktaşın vəfatı ilə əlaqədar ŞKTC-nin Azərbaycan Nümayəndəliyində xatirə dəftəri qoyulacaq. happy wheels demo ŞKTC-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Zəki Qazıoğlu APA-ya açıqlamasında deyib ki, hüzn dəftəri mərhum Rauf Denktaş dəfn edildikdən sonra qoyulacaq: “Yəqin ki, ŞKTC-nin bütün nümayəndələrinə bununla bağlı təlimat veriləcək. Biz də təlimat alan kimi bu barədə Azərbaycan ictimaiyyətinə mətbuat vasitəsilə məlumat verəcəyik”.

    VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı da R.Denktaşın itkisini bütün türk dünyasının çox ağır itkisi kimi dəyərləndirdi: “O, türk dünyasının ən böyük fikir adamlarından biri idi. Türkiyədə həmişə zarafata deyirdilər ki, Rauf bəy təkcə Kiprin yox, həm də Türkiyənin lideridir. Çünki onun hadisələrə münasibətində tək Kipr məsələsi yox, həm də türk dünyasının problemlərinə çox aydın bir baxış var idi. Cavan yaşlarından Avropanın, dünyanın bütün təzyiqlərinə baxmayaraq, Kipr türklərinin mənafelərini aslan kimi, çox böyük qəhrəmanlıqla müdafiə etməyi bacarırdı, təkbaşına bir ordunun qabağında dayanırdı. O, həm Kiprin, həm Avropanın tarixini gözəl bilirdi, bir müddət İngiltərədə yaşamışdı. Böyük diplomat idi. Kiprin azadlığı, müstəqilliyi uğrunda gedən mübarizənin ilk illərindən o hadisələrin iştirakçısı və liderlərindən biri olmuşdu. Ömrünün böyük bir hissəsində də Şimali Kipr Türk Cümhuriyyətinin cümhurbaşqanı kimi ağır bir yükü daşımışdı”. S.Rüstəmxanlı R.Denktaşla şəxsi əlaqələrindən də bəhs etdi: “Tale elə gətirmişdi ki, 1992-ci ildən başlayaraq demək olar ki, hər il Kiprdə, Türkiyədə müxtəlif konfranslarda görüşürdük. Azərbaycana rəsmi gəlişi mümkün olmayan dövrlərdə mən onu bura şəxsən dəvət etmişdim. Amma elə oldu ki, başqa təşkilatlar dəvət etdilər və Azərbaycana gəldi, burda da görüşdük”. Xalq şairi R.Denktaşa Allahdan rəhmət diləyərək bildirdi ki, Türkiyədən elə bir neçə saat öncə dönüb və bu bəd xəbəri elə bizdən eşidib. Üstəlik də İslam Konfransı Ölkələrinin Parlament İttifaqının növbəti tədbirində iştirak edəcəyi səbəbindən Kiprə, dəfn mərasiminə qatıla bilməyəcək: “Amma şübhəsiz ki, xalq onu böyük sayğı ilə son mənzilə yola salacaq. Rauf Denktaşın xatirəsi hər zaman ürəklərdə yaşayacaq. Bütün Kipr türklərinə və bütün türk dünyasına başsağlığı verirəm”. 

    İnanırıq ki, dünyanın ədalətsizliklərinə baxmayaraq, günün birində Denktaşın arzuladığı kimi “Yaşı ada”dakı Şimali Kipr Türk Cümhuriyyətini beynəlxalq aləmin tamhüquqlu subyektinə çevriləcək və müstəqil dövlət olaraq BMT-də öz yerini tutacaq.


    Müsavat Partiyasının başqanı İsa Qəmbər
    R.Denktaşa Allahdan rəhmət diləyərək bildirdi ki, o, türk dünyasının ən önəmli dövlət və siyasət adamlarından biri idi. Bütün ömrünü millətin, xalqın mövcudluğu, inkişafı yolunda sərf etdi və son nəfəsinə qədər də bu ideallara sadiq qaldı: “Eyni zamanda Rauf Denktaş təkcə Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və onun on illər ərzində cümhurbaşqanı deyil, türk dünyasının digər dövlətləri, toplumları, xalqları ilə hər zaman maraqlanan, bu prosesə hər zaman öz fikirlərini, məsləhətlərini təqdim edən çox dəyərli bir fikir adamı idi. Mən onunla dəfələrlə görüşmüşəm, fikir mübadiləmiz, söhbətimiz olub və onun dəyərli fikirlərindən daim yararlanmışam. Təbii ki, onun ölümü türk dünyasının çox önəmli insanları Alparslan Türkeş, Əbülfəz Elçibəy səviyyəsində itkilərdən biridir. Amma bu yol davam edir. Hesab edirəm ki, Türkiyə dövləti də, Şimali Kipr Türk Cümhuriyyəti də, digər türk dövlətləri və toplumları da bu ideallara sadiq qalaraq yollarına davam edəcəklər, bu yolda həyatlarını fəda edən dövlət, siyasət, fikir adamlarını hər zaman sayğı ilə anacaqlar”.

    Elşad Paşasoy
    “Yeni Musavat” qəzeti 


  • VHP-də “Mustafa” müzakirəsi

    Vətəndaş Həmrəyliyi Partiyasında Kulis.az internet dərgisinin baş redaktoru Qan Turalının “Mustafa” romanının müzakirəsi keçirilib.

    Çıxış edən xalq şairi, millət vəkili və partiya sədri Sabir Rüstəmxanlı gənclərin ədəbi prosesdə rolunu yüksək qiymətləndirərək roman müəllifini təbrik edib.

    Şair Rəfael Həbiboğlu, jurnalist Anar Niftəliyev, yazıçı Kənan Hacı və Cəlil Cavanşir çıxışlarında romanın əhəmiyyətindən danışıb və iradlarını qeyd ediblər. Tədbir iştirakçılarının suallarından sonra Qan Turalı nitq söyləyib.

    Elmin HƏSƏNLI

  • VHP soydaşlarımızı təbrik etdi!

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvm ili münasibəti ilə Azərbaycan xalqını və Dünya Azərbaycanlılarını təbrik edib.
    Təbrikdə həm yeni təqvim ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı soydaşlarımıza xoş arzular çatdırılıb. Həmçinin təbrikdə yeni təqvim ilində müstəqil Azərbaycana, Dünya Azərbaycanlılarına və hər kəsə uğurlu olması arzu edilib. 
    Təbrikdə daha sonra deyilir: “Azərbaycan xalqı dünya tarixində şərəfli yol keçən dünya xalqlarından biridir. Tanrı özü ona tükənməz maddi və mənəvi sərvətlər bəxş edib. Buna görə də istər regiondakı qüvvələr, istər dünyanın ayrı-ayrı gücləri daima onu sındırmağa, maddi və mənəvi sərvətlərinə yiyə durmağa calışıb. Lakın zaman-zaman xalqımız özündən qat-qat güclü olan qüvvələrlə döyüşlərdən üzü ağ çıxıb, bu gün də biz Qarabağ problemi və Güney Azərbaycanda 35 milyonluq soydaşlarımızın hüquqlarının tapdanması problemi ilə üz-üzəyik. Lakin inanırıq ki, tarixin bu imtahanından birlikdə üzü ağ çıxacağıq. Bu yolda hər birimizə uğurlar, bütövlük, birlik arzulayıram. Yeni təqvim iliniz və həmrəylik bayramınız mübarək, əziz həmvətənlər!”.