Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • “Ermənistan Qazaxın işğalda olan kəndlərini geri qaytarmaqla sülh prosesinə töhfəsini verəcək”

    Ümid edirik, İrəvan hökuməti əlaqələrin formalaşmasında nəhayət səmimi əməkdaşlıq edəcək
     Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası keçirilib. Görüşdə Azərbaycan heyətinə baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik ediblər. Görüş İcevanla Qazax sərhədində keçirilib. Görüşdə sərhədlərin müəyyənləşməsi yönündə müzakirələr aparılıb. Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.
    Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşünə dair mətbuat məlumat yayıb.
      31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Sherg.az”a deyib ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün komissiyaların mütəmadi görüşməsi mühümdür. Ekspert diqqətə çatdırıb ki, təkcə sərhədlərlə bağlı deyil, həmçinin daxili işlər, prokurorluq, təhlükəsizlik, iqtisadiyyat sahələri ilə bağlı da belə təmasların olması zəruridir: 
    “Azərbaycan və Ermənistan iki qonşu ölkədir. İstəsək də, istəməsək də qonşuluq münasibətlərini sürdürməliyik. Düzdür, zaman-zaman ermənilər Azərbaycana qarşı təcavüz siyasətinə əl atıb, torpaqlarımızı işğal ediblər. Çar Rusiyası və sovetlər zamanı bir çox ərazimiz ermənilərə verilib, bizə qarşı soyqırımlar həyata keçiriblər. Bütün bunların hamısı ilə bağlı rəsmi qurumlarda dəlil-sübutlar, sənədlər mövcuddur. Yəni indiyədək ermənilər bizimlə birgə yaşamaq istəməyiblər. Amma dünya düzəni və reallıq dəyişməkdədir. Yeni dövrün, yeni əsrin qaçılmaz reallıqlarına uyğunlaşmaq zamanıdır. Ermənistan da mövcud reallıqları nəzərə alaraq məcburi də olsa bütün qonşuları, o cümlədən Azərbaycanla normal əməkdaşlıqda maraqlı olmalıdır. Bizimlə normal münasibət qurmalıdırlar. Ümid edirik, İrəvan hökuməti sərhədlərin müəyyənləşməsi və digər əlaqələrin formalaşmasında nəhayət səmimi əməkdaşlıq edəcək. İlk növbədə Qazaxın işğalda olan kəndlərini geri qaytarmaqla sülh prosesinə töhfəsini verəcək”.
  • VHP Gəncə və Neftçalada toplantı keçirib – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Gəncə şəhər və Neftçala rayon təşkilatları Məclisinin növbəti iclası keçirilib. Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov və Gəncə şəhər təşkilatının sədri Fizuli Həsənov ölkədə baş verən ictimai-siyasi məsələlər, növbədənkənar prezident seçkiləri və qarşıda duran məsələlərdən danışıblar.
    Hər iki Məclis toplantısında Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı il dönümü ilə bağlı çıxış edilib. Rəsulzadənin Azərbaycan tarixindəki rolu, Cümhuriyyət quruculuğunda və ondan sonrakı fəaliyyətindən danışılıb. Qeyd edilib ki, Rəsulzadə Azərbaycan tarixində silinməz iz buraxan tarixi şəxsiyyətidir. Azərbaycan dövlətçiliyinin ideoloji lideri olan Rəsulzadənin xalqımız üçün miras qoyduğu əsərləri bizim yolumuza bir mayakdır.
  • VHP Lerik təşkilatı Rəsulzadə ilə bağlı tədbir keçirib – FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Lerik rayon təşkilatı Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubleyi münasibəti ilə tədbir keçirib. Tədbirdə VHP sədrinin müşaviri Həşim Nəsirov və VHP Lerik rayon təşkilatının sədri Elxan Hacıyev çıxış edərək M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı, fəaliyyəti haqqında geniş məlumat verib.
    Daha sonra toplantı iştirakçıları böyük dövlət adamımız və ideoloq olan Rəsulzadənin Azərbaycan tarixindəki müstəsna yeri, dövlət quruculuğu, milli məfkurə sahəsində fikirləri haqqında danışıb.
  • “Sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək, sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək”

    Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Qarabağda mümkün minalanmış ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN rəhbəri minalarla bağlı yeni məlumatların Azərbaycana ötürüləcəyini istisna etməyib. O xatırladıb ki, İrəvan iki dəfə mina sahələrinin xəritələrini Azərbaycan tərəfinə ötürüb. Xatırladaq ki, bundan öncə Ermənistan tərəfi minalanmış əraziləri əks etdirən xəritələri Azərbaycana versə də, onların sadəcə 20-25 faizi doğru çıxıb. Mirzoyan Bakı və İrəvan arasında birbaşa əlaqənin olduğunu deyib: “Birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur”. O, Xarici İşlər Nazirliyinin xətti ilə sülh sazişi ilə bağlı təkliflərin mübadiləsinin aparıldığını, yanvarın əvvəlində İrəvanın yeddinci təkliflər paketini Bakıya təqdim etdiyini deyib. Mirzoyan qeyd edib ki, İrəvan üçün önəm daşıyan məqam vasitəçilərin olması deyil, danışıqların məzmunudur. Nazir 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi Bakıdan sərhəddə görüş təklifi almayıb, lakin belə bir təşəbbüs barədə eşidib: “Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə isə razılıq əldə olunub”.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistan tərəfi Qarabağ məsələsinin tam nizamlanmasında, minalanmış ərazilərlə bağlı xəritələrin Azərbaycana verilməsində və sülh müqaviləsinin tam şəkildə bağlanmasında maraqlı və səmimi olmayıb. Ekspert diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq təşkilatlarda, bir sıra dövlətlərdə özünü hər zaman “yazıq, əzilən” obrazda təqdim edərək məqsədlərinə nail olmağa çalışıb:
    “Avropa İttifaqında, AŞ PA-da baş verənlər də bunun təzahürüdür. Əgər Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olsaydı, dəqiq mina xəritələrini Bakıya vermək istəsəydi, bunu edərdi. Azərbaycan BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib və heç bir dövlətin ərazisini işğal etməyib. Ermənistan öz davranışlarında qeyri-səmimidir. Bu ölkənin heç bir qonşusu ilə normal münasibəti yoxdur. Bütün qonşulara qarşı ərazi iddiaları var. O baxımdan İrəvandan verilən açıqlamalara etibar edilmir. Müəyyən addımlarına səmimi görüntü verməyə çalışsalar da, reallıqda erməni xislətinə uyğun davranırlar. Ermənistan rəsmiləri müxtəlif tribunalarda açıqlama verməkdənsə, mina xəritələrini real formada Azərbaycana versinlər”.
      S.Əsədli vurğulayıb ki, sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək: “Sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək. Çünki işğal və təcavüz siyasətinin heç bir nəticəsi yoxdur və olmayacaq. İrəvan bunu nəhayət dərk etməlidir ki, sülhdən başqa yol yoxdur. Azərbaycan öz sərhədləri çərçivəsində suverenliyini qorumaqda maraqlıdır”.
  • “Vladimir Putinin taleyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır”

    Ukrayna rəsmiləri doğru qərar vermiş olsaydı, hər şey çoxdan bitmiş olardı. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin bildirib ki, Kiyev danışıqlardan imtina edib: “Amma sizə xatırladım ki, İstanbulda biz hər şeyi razılaşdırdıq, bunu sizə deyirəm, bələdiyyə başçıları, bütün vətəndaşlar bunu bilməlidir, siz birbaşa insanlarla işləyirsiniz: Biz hər şeyi razılaşdırdıq, üstəlik, Ukrayna tərəfinin danışıqlar qrupunun rəhbəri də buna imza atdı. İmza ordadır, bizdə sənəd var. Bizə dedilər: Rusiyanın, həqiqətən də, bu məsələləri sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirməli, qoşunları Kiyevdən çıxarmalıdır. Çıxartdıq. Bir gün sonra bütün razılaşmaları zibil qutusuna atdılar”.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Şərq”ə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücumunu və nəticədə Avropada sabitliyin pozulmasını Ukraynanın Qərbə yaxınlaşması və bunun Rusiya üçün təhlükə törətməsiylə əsaslandırıb. Ekspertin sözlərinə görə, Putin hərbi müdaxilənin tez bir zamanda qələbəylə nəticələnəciyinə inanıb:
    “Amma “xüsusi hərbi əməliyyat” adlandırdığı bu müharibədən gözləntiləri artıq nisbətən azalmış kimi görünür. Dəqiq bilinən budur ki, Putin Ukraynaya hücumu Rusiya tarixində çox vacib an hesab edir. Onun əsas məqsədi Uktaynanı ələ keçirmək, hökuməti devirmək və bu ölkənin NATO-ya qoşulmaq arzusunu tamamilə yox etmək idi. Bombardmanlar davam edir. Amma sülh danışıqları haqqında son xəbərlərdən belə məlum olur ki, Rusiya artıq hökuməti devirmək fikrində olmadığını və Ukraynanı neytral bir ölkə kimi görmək istədiyini bildirir. Digər tərəfdən, Putin Ukrayna prezidentini dəyişib ölkədə Belarusdakı kimi oyuncaq hökumət qura bilməyəcəyini də qəbul etmiş kimi görünür. Qərb ölkələri də Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasına tərəfdardırlar və “dondurulmuş münaqişə” vəziyyətini qəbul etmirlər. Putinin yenidən sülhdən danışması məhz belə bir situasiyaya təsadüf edir və bu, sühpərvərlikdən daha çox tam biabırçılıqdan qurtulmaq axtarışına bənzəyir. Çünki Vladimir Putinin taleyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır”.

  • AND yerimiz

    Sabir Rüstəmxanlı,
    millət vəkili, VHP sədri

    20 Yanvar hadisələrindən bir neçə gün sonra qələmə aldığım bu yazını yenidən gözdən keçirdim. 34 il əvvəl düşündüklərim indi də aktualdır. Arxada qalan zaman bir millət və dövlət olaraq özümüzə inamı artırıb, gücümüzə güc qatıb. Bu gün Zəfər zirvəsində də həmin günləri yenidən xatırlamaq vətəndaşlıq borcudur.

    Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını qurumağa qoymayan 20 Yanvar fəlakətindən sonra dilimdən qopan ilk söz budur!

    YANVAR.jpg (1.04 MB)

    İlk müraciətim də, verə biləcəyim ilk təsəlli və təskinlik də, içmək istədiyim ilk and da müqəddəs və böyük xalqın adınadır!

    Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb: ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa silahı olmayan, əli bağlı, lakin faciələrin içində də mənəvi gözəllik və mərdliyini itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur bir xalq qalıb! Başı olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı olan, müdafiəçisi olmayan, bir yarası sağalmamış yeni yaralar alan xalq!
    Bir söz deyə biliriksə, ona çatır. Ayrı gümanımız yoxdur! Ayrı ünvan axtarmıram!..

    Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin qanı qurumamış küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı dilimdə donub qalan bu həqiqət idi: Xalqımın qanı tökülmüşdü!

    Göz yaşı yağışı altında, gül-çiçək ümmanında ömrün son sahilinə üzən tabutların taleyə, dərdə, düşmən niyyətinə xətt çəkən al-qırmızı bəzəyini, uşaqdan-böyüyə iki milyon adamın üzündəki ifadəni görəndə bir daha inandım: Uduzduğumuzu uduzmuşuq, bundan belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!..

    TABU .png (1.00 MB)

    Bu milləti millət eləyən, min illərin fəlakətlərindən keçirib qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vurdu. Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm!

    Gördüm ki, cavan ömrünü xalqına, yurdunun azadlığına bağışlayanlar bir ata-ananın övladları deyil. Onları millətin taleyi doğub.

    Azərbaycanın bu başından o başına hüznlü-hüznlü asılan qara bayraqları, məhəllə-məhəllə qurulan çadırları, verilən ehsanları, gecikmiş qəzetlərdə hələ faciənin yüzdə birini göstərə bilməyən şəkillərə baxan kimi ürəyi gedən gül üzlü analarımızı-bacılarımızı görəndə başa düşdüm: Şəhid ölümü son deyil, başlanğıcdır!

    Elə bil torpağımız qısırlaşmışdı. Tökülən qanlarımız onun bərəkətini qaytardı.

    Şəhid dahilərimizdən biri – Şeyx Məhəmməd Xiyabaninin sözləri yadıma düşdü: «Qurbanlar milləti təmizləyir!» Bilirsiniz nə qədər ehtiyacımız var bu təmizliyə?!

    Güney Azərbaycanın milli azadlıq hərəkatının başqa bir qəhrəmanının sözü də təsəlliyə döndü: «Azadlıq ağacı cavanların qanı ilə suvarılmadıqca bar verməz!..»

    Azadlıq ağacımız quruyurdu yavaş-yavaş… Yanvar ayında qırmızı çiçəklər açdı!..

    Biz ömrümüzü xalqımızın ürəyinin, ruhunun, dünyasının axtarışına vermişik. 1990-cı ilin əvvəlində ən böyük xəzinəmizi, ən tükənməz sərvətimizi kəşf etdik.

    XALQİ .png (1.09 MB)

    Varlığında dünyanın ən böyük təzadlarını yaşadan xalqım! Dahilərlə yanaşı alçaqlara da süd vermisən. Milyonlarla övladının qanı və canı bahasına qazandıqlarını asanlıqla hərraca qoyanların da var.

    Qurbanlarının sümükləri üstündə tikilən azadlıq binasını sonra öz övladlarının əli ilə dağıtdırıblar.

    Satqın bir rəhbər, başsız bir başçı, ipi özgələrinin əlində olan bir «lider» sənin illər uzunu qurduğun bir körpünü asanlıqla göyə sovurub. Qalmısan yenə əli qoynunda: o tayına, azadlığına, ümidlərinə uzaqdan həsrətlə baxa-baxa!

    Ancaq alçaqların xalqa nə dəxli! Xalq – şəhid olan, qurban gedən və dərd çəkəndir!

    Boş əllə tankların yolunu kəsən, ürəyinə, gözünə, açıq alnına sıxılan güllələrdən çəkinməyən oğul və qızlardır – xalq!

    TANKİ.jpg (73 KB)

    Bakının o ağır, qanlı günlərini görəndən sonra özümüzü sanki yenidən dərk etdim.

    Xətailərin, Nəsimilərin, Sabirlərin, Mirzə Cəlillərin, Şeyx Məhəmməd Xiyabanilərin, Məmməd Əmin Rəsulzadələrin, Üzeyir bəylərin, Cavidlərin hamısının mənəvi gücdən yarandığı indi mənə aydın oldu.

    Bugünkü «zəifliyini» özünə sığışdırmayan və əlacsızlığını dünyadan gizlətmək üçün tökülən qızıl qanlarını qızıl qərənfillərlə örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bəzəyən bir xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır.

    Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq meydanının, Dağüstü parkın bütün səki və xiyabanları yanvarın 22-də gül-çiçək xalısı ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil «açmışdı». Sanki Azərbaycan torpağının özü köksündən yaralanmışdır və fışqıran qanı qərənfil yağışı kimi iki milyonluq şəhərin başına yağırdı…

    QANİ.jpg (40 KB)

    Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin içində də gözəllik duyğusunu unutmayan, Şəhidlər xiyabanına güldən hasar çəkən, şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan xalqımın ürəyindəki gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsulu ilə gecə-gündüz şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı kəndlərinin əli qabarlı, namuslu övladlarının fədakarlığı qarşısında baş əyirəm.

    Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin arxasında qara geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: «Mənim bir oğlum var, təsadüfən sağ qalıb. Sevinmirəm. Oğul böyüdürük torpaq üçün! Övladı yurdun şəhidləri arasında yatan ana xoşbəxtdir».

    Anaları bu cür düşünən xalq da xoşbəxtdir!

    … Dəfn günü Şəhidlər xiyabanında özünə yer tapa bilənlərin çoxu qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və bacılarımızın mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı onlara doğru çevirdi. Kimsə əlini qaldırdı, gül dəstəsini çətir kimi başına tutdu. Bir an sonra xiyabandakıların qara geyimi görünməz oldu, sanki bir dirijor çubuğunun işarəsilə üstlərinə qırmızı gül «örpəyi» çəkmişdilər! Bu boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudur – xalq dediyimiz!..

    SEHİDLER YENİ.jpg (279 KB)

    Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca yerində torpağa tapşırıldı. 1918-ci ilin mart şəhidlərilə 1990-ci ilin yanvar şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı. Çoxumuz unutmuşuq indi əyləncə yerinə döndərilmiş bu parkın 1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale yeni bir «qulaqburması» verdi ki, indiki qurbanlarımızın hesabına bütün şəhidlərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət yeri olsun!..

    * * *

    Qanımız tökülmədən, qurban verilmədən ötüşmək olmazdımı?

    İndi bu sual milyonlarla adamı düşündürür.

    Sumqayıt hadisələrinin kimlərin ssenarisi üzrə qurulduğunu, Bakının iki ildən bəri sakitliyinin təəccüb doğurduğu, ona qarşı ciddi təxribat hazırlandığını, Mərkəzin demokratiya oyununun kiminsə başında çatlayacağını, rəhbərlərimizin qətiyyətsizliyinin fəlakətə apardığını bilə-bilə necə oldu ki, belə bir tələyə düşdük, düşməni sevindirdik?..

    HADİSELER EN SON.jpg (203 KB)

    Bu sualların hamısının cavabı veriləcək.

    Gələcək üçün yeni «ağ ləkələr» qoyub getməyə haqqımız yoxdur.

    Mərkəzi mətbuat bütövlüklə, respublika mətbuatı qismən həqiqəti nə qədər cidd-cəhdlə ört-basdır etməyə çalışsa da, tarix özü sözünü deyəcək…

    Əvvəlcədən onu deyim ki, bəzi çıxışlardan keçən «bu işdə hamımız günahkarıq, vaxtında birləşə bilməmişik, kütlənin qabağına düşməmişik, silahsız cavanlarımızı ordunun qabağından çıxara bilməmişik» fikri ilə mən də razıyam. Yəni, Azərbaycan Xalq Hərəkatı, əslində, xalqın bütün intellekt, güc, zəka, siyasi mübarizə potensialını tam dolğunluğu ilə əks etdirə bilmir. Bunun bir səbəbi Xalq Hərəkatını idarə edənlər arasında uzun müddət mövcud olan qısqanclıq, «hegemonluq» iddiası («ziyalılar satqındır», «məndən düz adam yoxdur» və s.), digər səbəbi isə həmin real qüvvələrin, ziyalıların, mütəxəssislərin, vəzifə sahiblərinin tərəddüdü, ətaləti, cəsarətsizliyidir… Üçüncü bir səbəb də var: bu da müxtəlif rəsmi idarələrin «saman altından su yeritməsi», Xalq Hərəkatında pozğunçuluq işi aparması, onun sıralarına «öz adamları»nı doldurub təfriqə salmasıdır. Təəssüf ki, bu kənar qüvvələr Xalq Hərəkatının bəzi liderlərinə də təsir göstərə bilib və müəyyən parçalanmalara nail olub.

    Xalq Hərəkatında resept vermək, hamını öz iradənə tabe etmək olmaz. Demokratikləşmənin gözəlliyi rəngarəngliyindədir. Lakin Azərbaycan xalqının tarixi durumu bütün şəxsi iddiaların üstündən xətt çəkən vahid bir platformada birləşməyi tələb edir. Təəssüf ki, hətta ümumxalq taleyi də bəzi adamların vəzifə ehtirasına, tayfa davasına, qazanmaq və ya siyasi liderlik azarına üstün gələ bilmir. Buna görə də əsl can yanğısı ilə yaradılan demokratik əsaslı təşkilatlarla «kooperativ cəbhələr», yüyəni özgələrinin əlində olan təşkilatlar bir-birinə qarışır, pərakəndəlik camaatı çaşdırır. Qarşılıqlı münaqişələrdə ümumi dərd unudulur, ən yaxşı adamlarımıza belə ləkə yaxmaqdan çəkinməyən yalan və böhtan dolu yazılar baş alıb gedir.

    Ağır yas günlərimizdə ümumi işimizə mane olan belə dərdlərin təfərrüatına varmaq istəmirəm. Lakin gec-tez bu iş görülməlidir. 1988-ci ilin noyabr-dekabr hadisələri, sonrakı hərəkat, nəhayət,faciəli yanvar günləri saf-çürük edilib qiymətləndirilməsə, kimin kimliyi bilinməsə, sabah yenə kim daha bərk söysə, daha sürətlə uçuruma aparsa, milli qəhrəmana dönəcək, real vəziyyəti görənlərə «qorxaq» və ya «xain» damğası vurulacaq, bu qədər qurbanlardan sonra hər şeyi yenə də sıfırdan başlamalı olacağıq…

    YANVİ.jpg (328 KB)

    Yanvar faciələrinin günahını Azərbaycan Xalq Cəbhəsinin boynuna yıxmaq istəyənlər də çoxdur. Ölkə başçısının çıxışlarında, mərkəzi mətbuat səhifələrində hər yerdə AXC müxtəlif, bir-birinə zidd mövqelərdən atəşə tutulur. Həbs olunmuş səbatsız Cəbhə üzvləri təzyiq altında televiziya kamerası qarşısında oturdulur və məlum ssenari üzrə müsahibə verirlər. Azərbaycanda demokratik hərəkatın başında dayanan Xalq Cəbhəsi ətrafında məharətlə tor hörülür. Hətta Mərkəzdən gələnlərin çıxışlarında açıq-aşkar bildirilir ki, AXC hakimiyyəti ələ almaq istəyirdi və o dağıdılmalıdır.

    Ola bilsin ki, bu fəlakətin qarşısını almaq və ya itkini azaltmaq üçün daha nə isə də etmək olardı. Ancaq kimin ağlına gələrdi ki, fövqəladə vəziyyət elan edilmədən ordu şəhərə girəcək, dinc, silahsız əhalinin üstünə düşmən ehtirası ilə tank sürüləcək, ölkənin bütün ordu növləri iki milyonluq şəhərə basqın edəcək.

    Kimin ağlına gələrdi ki, siyasi mübarizə aparan xalq – dövlət çevrilişinə hazırlaşan silahlı banda kimi qələmə veriləcək, sırf simvolik xarakter daşıyan piket və «barrikadalar» – silahlanmış düşmən cəbhəsi kimi «qəhrəmanlıqla» ləğv ediləcək, uşağa-böyüyə, qadına-kişiyə aman verilməyəcək? Kimin ağlına gələrdi ki, ziyalılarla, qadınlarla görüşlərində dönə-dönə «arxayın olun, ordu Bakıya girməyəcək!» – deyənlər bir gün sonra «öz vəzifələrini yerinə yetirib», yəni respublikanın rəhbərliyini kənarlaşdırıb, Bakını ağlar qoyacaqlar? Kimin ağlına gələrdi ki, ölkəni xarici düşmənlərdən qorumalı olan ordu öz vətəndaşlarına qarşı bu qədər amansız ola bilər?

    Kimin ağlına gələrdi… Lakin Xalq Cəbhəsinin İdarə Heyətində nə isə bir fəlakətin yaxınlaşdığını başa düşürdük və buna öz münasibətimizi bildirmişdik. Xalq Cəhbəsi bütün milli və ictimai münaqişələrin siyasi danışıqlar yolu ilə, demokratik əsaslar üzərində aradan qaldırılmasına çalışıb. Azərbaycan SSR Ali Sovetinin son sessiyaları buna misaldır. Lakin bu yolda məğlubiyyətdən yaxa qurtara bilməyəcəklərini bilən bəzi rəhbərlər AXC-yə quyu qazmağa başladılar. «Başqasına quyu qazan…» Buna görə də Cəbhənin bəzi radikal ovqatlı nümayəndələri ilə «danışıqlar» başlandı. AXC İdarə Heyətinin xəbəri olmadan Müdafiə Şurası və onun rayon şöbələri yaradıldı. Müdafiə Şurası fövqəladə vəziyyətdə özünü müstəqil elan etdi və əslində AXC-nin iradəsinə, narazılığına etinasızlıq göstərdi.

    Yarım milyonluq bir mitinqdə milli səfərbərlik elan edildi, silah söhbəti ortaya atıldı… Hamısı respublika rəhbərliyinin razılığı ilə. Bu nə oyun idi, kimin planı üzrə hazırlanmışdı və nə məqsəd güdürdü?!

    Respublika rəhbəri nə ağılla zavoddakı görüşündə müdafiə dəstələrinin yaradılmasından söhbət açırdı və bu söhbət televiziya ilə bütün xalqa çatdırılırdı?! Nəyə görə bəzilərinə inandırılırdı ki, fövqəladə vəziyyətdə Müdafiə Şurası əsas mərkəzə çevriləcək, bütün nazirliklər ona tabe olacaq və sair?!.

    Bir-birini tora salmaq üçün ikitərəfli oyun gedirdi. Ancaq sən saydığını say, gör Moskva nə sayır. Sanki dünyadan bixəbər idilər. Bütün bu havayı söz-söhbətin, əslində, ordunun Bakıya çağırılması üçün bəhanə olduğu unudulmuşdu…

    Biz Müdafiə Şurasının hökumətin əliylə qurulmuş növbəti bir saxtakarlıq, tələ olduğunu birinci gündən demişik. Yoxsa öz respublikasını, ərazisini, xalqının taleyini müdafiə etmək istəyən rəhbərlik AXC idarə Heyətinin bir-iki üzvünü irəli itələyib arxada niyə gizlənməliydi? Bununla doğrudanmı respublikanı müdafiə etmək istəyirdi, yoxsa məqsəd Xalq Cəhbəsini ləkələməkdi?..

    FACİE SON.jpg (89 KB)

    20 Yanvar faciəsini bir həftə ondan əvvəl baş vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə hücumlarla əlaqələndirməyə çalışırlar. Biz xalqımızın humanist, nəcib sifətini qorumaq üçün hər cür vəhşiliyi, zorakılığı rədd edir və lənətləyirdik. Onu da bildirdik ki, Sumqayıt kimi, Bakıda da bu hadisə çoxdan planlaşdırılırdı. Yanvarın 13-14-də Bakıda ölkənin müxtəlif guşələrindən gəlmiş yüzlərlə cinayətkar olub…

    Xalq böyük bir xəyanətlə üz-üzədir və bu xəyanət addım-addım həyata keçirilir… Yoxsa kim bilmir ki, 200 min adam Ermənistandan vəhşicəsinə qovulandan sonra bütün bakılılar sinəsini sipər etsə də, bu qədər rəsmi qaçqın statusu almamış işsiz, evsiz, ac-yalavac, qəzəbli «qonağı» olan şəhərdə ermənilərin arxayın yaşaması xülyadır və ya xalqın əsəbi ilə oynamaqdır…

    Ölkədə bizi təkləmək, vəhşi, qaniçən kimi qələmə vermək üçün yüz cür tələ qurulur. Təəssüf ki, biz bəzən özümüz bu tələlərə düşürük…

    SSRİ Ali Sovetinin sonuncu sessiyası bir daha göstərdi ki, bizə qəzəbli münasibəti, əleyhimizə işləyən güclü təbliğat maşınını qırmaq o qədər də asan deyil. Bizi qarşıda çox uzun bir mübarizə yolu gözləyir. Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan imkanlardan keçsə də, sonu məlumdur, sonu bizim arzularımızdır. Lakin o arzulara yetmək üçün hələ çox durulmalı, ümumi mədəni səviyyəmizin, siyasi mübarizə səviyyəmizin artması haqqında hələ çox düşünməliyik.

    * * *

    Mən daha çox işin bizə görünən tərəfindən, öz səhvlərimizdən danışdım.

    Lakin ən ciddi sual cavabsız qalıb: ordu Bakıya niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birilə düz gəlmir. Söhbət sərhəddən gedirsə, sərhədlərin götürülməsi ölkənin müxtəlif regionlarında bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə etimadsızlıq, «istefa» tələbi narahatlıq doğurursa – bu tələbi Moskvadan başlamış ölkənin hər yerində eşidirik. Ermənistanla münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda gərək fövqəladə vəziyyət on illər boyu xəlvətcə silahlanan tərəfdə, hücum edən tərəfdə elan ediləydi, boş əllə müdafiə olunan tərəfdə yox. Kiminsə ağzından «islam respublikası» sözünün çıxması bəhanə olubsa, onda gərək «xristian monarxizmi» tərəfdarlarının yaşadığı Rusiya şəhərləri çoxdan orduyla doldurulaydı.

    Bu bəhanələrin heç biri 20 yanvar hadisələrinə haqq qazandırmır. Bir həqiqət ortaya çıxır ki, bizim rəftarımızdan asılı olmadan ordu şəhərə girməliymiş. «Azərbaycanlılara dərs vermək» planının kökləri çox dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti, daxili qoşun hissələrinin müşahidəçi mövqeyi tutması – hamısı eyni zəncirin halqaları kimi bir-birinə bağlıdır.

    Azərbaycan xalqının ətrafında bu tor çoxdan və məharətlə hörülür. Fransız mətbuatında M.S.Qorbaçovun Azərbaycan hadisələrinə münasibəti iki sözlə belə ifadə olunub: «tatarlar qəzəblənir». Bizə elə gəlir ki, bu «tatar» sözü keçən əsrdə qalıb, çarizm yıxılanda bu sözlə də vidalaşmışıq…Köhnə söz yaşayırsa, bəlkə köhnə münasibət də yaşayır? Təkcə bu iki kəlmə indiki demokratiyanın içi və astarını aydın göstərir. «Birinə qazan, başqasına çay qaşığı…»

    Azərbaycan müstəqil respublikadırsa, niyə onun fikrinə məhəl verən olmayıb? Nəyə görə Azərbaycan parlametinin qanuni qərarı SSRİ Ali Soveti tərəfindən qulaq ardına vurulur? Bu saymamazlığın arxasında hansı acı həqiqət dayanır? Bəlkə ordunun Bakıya gəlişinin səbəbini elə həmin o acı həqiqətdə axtarmaq lazımdır?

    SOVET ESGERİ.jpg (230 KB)

    Nəhayət, bir-iki kəlmə də milli heysiyyət, özünə və öz xalqına hörmət haqqında. Son vaxtlarda rəsmi görüşlərdə, televiziya çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət götürüləndən sonra şəhərin sakitliyinə təminat vermək olarmı? Bu məsuliyyəti kim boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziyalılar da. Bunun qədər riyakar bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqına inanmayan, onunla dil tapa bilməyən adamlar bu xalqı necə idarə edə bilər? Məgər fövqəladə vəziyyətin ləğvindən qorxuya düşən ziyalılar bilmirlər ki, Bakıda heç bir iğtişaşı xalq salmayıb? Sakitlik istəyiriksə, fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş ocaqlarını da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm binalardadır və dünyanın müxtəlif yerlərindən, mərkəzdən üfürülüb közərdilir.

    * * *

    Şəhidlər xiyabanında bir həqiqət də gördüm.

    Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə adamlardır.

    And yerimiz – onlardır!

    And yerimiz – xalqdır!

  • VHP-nin təşkilat sədri ATƏT müşahidəçiləri ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyası Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının Qərb bölgəsindəki üzrə nümayəndələri – Almanyalı Kristina Buck və Rusiyalı Mariyya lyukmanova ilə görüşüb.
    7 fevral prezident seçkiləri ilə əlaqədar keçirilən görüşdə seçki öncəsi siyasi mühit, seçkiyə hazırlıq və partiyaların prosesdə iştirakı müzakirə olunub.
    Qarşılıqlı müzakirə və informasiya mübadiləsi şəraitində keçən görüşdə VHP təmsilçisi qonaqlara partiyanın seçki dövründəki qərarları, seçkini müşahidə məsələləri haqda məlumat verib.

  • VHP sədri ABŞ səfirliyinin müşavirini qəbul edib

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri , millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında ABŞ-ın ölkəmizdəki səfirliyinin müşaviri Conatan Pinolini qəbul edib. Görüşdə regiondakı geopolitik durum və ölkədəki siyasi proseslər müzakirə edilib. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib.

  • ABŞ-də Prezident seçkiləri: Ermənilərə utopik ideyalar, yalan vədlər.. – RƏY

    ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayan kiçik Robert Kennedi deyib ki, Vaşinqton ermənilərin özünümüdafiə, eləcə də öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməlidir. Onun sözlərinə görə, eyni zamanda, “artsax” ermənilərinin öz “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır. Kennedi iddia edib ki, Azərbaycan 2020-ci ildən Qarabağ ermənilərinə qarşı amansız etnik təmizləmə” aparıb, 120 min erməni əhalisini “deportasiya” edib: “1915-ci il “soyqırımından” fərqli olaraq, bu hadisə dayandırıla bilər. Bu vəziyyətdə dinc sanksiyalar kömək edə bilər. Biz həm də Türkiyə və Azərbaycan tərəfindən İrəvanın “blokadasını” aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistanın dənizə çıxışı yoxdur, onun qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”. Kiçik Kennedi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan və Qarabağın bərpasına “töhfə verəcəyinə” əmin edib. 
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Amerikada hər seçki ərəfəsində prezidentliyə namizədlər ermənilərlə bu formada oynayırlar. 
     
    Onun sözlərinə görə, namizədlər ermənilərə müxtəlif vədlər verirlər, ancaq seçiləndən sonra reallığa qayıdırlar: 
    “Robert Kennedi onsuz da prezident seçilməyəcək, onun seçilmək şansı sıfıra bərabərdir. Kennedinin irəli sürdüyü sərsəmləmələr öz beyninin utopik məhsulu olduğuna görə heç bir reallığı əks etdirmir. ABŞ rəhbərliyi də Qarabağda olanları yaxşı bilir. Azərbaycan Qarabağda heç bir “etnik təmizləmə”, “soyqırımı” həyata keçirməyib. Öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etmişik. Dövlətimiz də orada anadan olmuş, yaşamış ermənilərə müraciət edib ki, getməsinlər, qalıb yaşasınlar. Təbii ki, Azərbaycan qanunları çərçivəsində… Ancaq utopik ideyalarla yaşayan, əlləri azərbaycanlıların qanına batmış cinayətkarlar çıxıb getdilər və erməni əhali arasında panikaya səbəb olaraq onların da bölgəni tərk etməsinə səbəb oldular. Çünki bilirdilər ki, Azərbaycan ərazisində ancaq bizim qanunlarımız çərçivəsində yaşamalıdırlar. Qarabağda baş verən proseslərdə heç bir sivil insanın burnu belə qanamayıb. Dünya ictimaiyyəti bunu görür. Kennedi və onun kimilərin sərsəm çıxışları, utopik vədləri əslində ABŞ-dəki erməni lobbisini ələ salmaqdan başqa bir şey deyil. Hər il seçki dönəmində bənzər hadisələrin şahidi oluruq. Ancaq reallıq göz önündədir”.

  • Diaspor dəyişməli, yeni hədəflər olmalıdır – Toprağın altında çoxalanlar… – VİDEO

    VHP sədri, Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı budəfəki söhbətlərində Xalqımızın həmrəylik gününü və Yeni ilini təbrik edib, 2024-cü ilin hədəflərindən danışıb. Diasporumuzun fəaliyyətində ciddi dəyişikliklərin edilməsinin vacib olduğunu bildirən millət vəkili yeni istiqamətləri sadalayıb.

    Onun fikrincə, torpaqlarımız işğaldan azad olunduğuna görə, diaspor işimiz də fəaliyyətində yeni istiqamətlər müəyyən etməlidir.

    Ayni zamanda Cənibi Azərbaycanla bağlı yeni layihələrin həyata keçirilməsini, türk birliyi üçün addımlar atılmasının vacibliyini dilə gətirib.

    Daha ətraflı aşağıdakı videoda