Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • “Heç olmasa, döşümdəki deputat nişanına görə özlərini yığışdırmadılar”

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Abşeron rayon təşkilatının sədri, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov ötən həftə polis tərəfindən saxlanılıb. İyunun 3-də axşam saatlarında polis əməkdaşları N.Qubadovun evinə gəlib və axtarış keçirəcəklərini deyib, N.Qubadov isə polisdən məhkəmə ordeninin olub-olmadığını soruşub. 
       
       Və bu zaman mübahisə yaranıb. Daha sonra o, rayon polis şöbəsinə aparılıb və haqqında məhkəmə tərəfindən 10 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Belə ki, N.Qubadov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanmış cinayət işi əsasında saxlanılıb. Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən VHP sədri Sabir Rüstəmxanlı deyib ki, bu məsələni Rayon Polis Şöbəsinin bu qədər şişirtməsi düzgün deyil. Onlar işi bu yerə gətirib çıxartmaya bilərdilər. Çünki N.Qubadov Abşeron rayon təşkilatının sədridir. Və həm sədr, həm də işçi kimi kollektivdə hər kəs ondan razıdır. Sadəcə məişət zəminində qonşular arasında mübahisə düşüb və polis də hadisəyə müdaxilə edib. Və müdaxilə də bir az kobud şəkildə olub. Əgər normal tərzdə münasibət göstərilsəydi, bu iş də bu qədər böyüməzdi. S.Rüstəmxanlı deyib ki, hadisənin bu qədər böyüməsinin səbəbi polis işçilərinin mədəni səviyyəsinin aşağı olmasından irəli gəlir: “Həmin hadisə ilə bağlı məhkəmə prosesinə getdim. Həmin vaxt da məhkəmə binasının qarşısında bir neçə polis işçisi dayanmışdı. Siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür. Heç olmasa, döşümdəki deputat nişanına görə də özlərini yığışdırmadılar. Ona görə də özlərini aparmaqlarından onların adi vətəndaşla necə davrandıqlarını təsəvvür etmək o qədər də çətin deyil”. Qeyd edək ki, S.Rüstəmxanlı Niyaz Qubadovun qohumu olması ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib: “N.Qubadov mənim qohumum deyil. Sadəcə, o da mənim kimi Yardımlı rayonundandır”.


    Şərq qəzeti

  • İbrahim Quliyevə

    Hörmətli İbrahim bəy!

    Milli Azadlıq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulan, müstəqil Azərbaycan mediasının yaranmasında və inkişafında böyük xidmətləri olan və bu mənada, Azərbaycanda ictimai fikrin formalaşmasında çox ciddi rolu olan bir qəzetin qələmini ən çətin anlarda belə yerə qoymayan “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyevin doğum günüdür.

    Sözüylə və həyatıyla hər zaman millətinin azadlığı uğrunda mübarizədə olan İbrahim bəy həm də özündən sonrakı nəsl üçün ziyalı xə azad söz örnəyidir.

    İbrahim bəy, sizi sözünüzlə mübarizə meydanına çevirdiyiniz “Vətəndaş Həmrəyliyi”nin millətin azadlıq qapısı kimi açılan səhifələrində həmişə Sizi görmək arzusu ilə təbrik edir, Sizə uzun ömür və can sağlığı arzulayırıq.

    VHP sədri Sabir Rüstəmxanlı
    və Siyasi Şurası

  • İrana neyləyə bilərsən?

    Elçin Zahiroğlu
    VHP Ali Məclisinin üzvü

    Azərbaycanda bu iki gənci artıq hamı tanıyır: Fərid Hüseyn və Şəhriyar del Gərani! 

    Təbrizdə şeir festivalına yollanan, mayın 2-də isə vətənə qayıdarkən Təbrizdə “naməlum istiqamətə” “yol alan”, ərşə çəkilən iki şair! 

    Bu iki şairin taleyilə bağlı hansı addımların atılması konusu cəmiyyəti iki yerə parçalayıb. Mövqeləri bilirsiniz, bu barədə danışmaq istəmirəm. 

    Sadəcə, reallıqları hamıdan yaxşı dərk edən siyasi analitiklərin naqolay və ya radikal bəyanatlarına toxunmaq istəyirəm. Axı onlar yaxşı bilir ki, ortada məkrli niyyət var: İran bu iki gəncin üstündə manipulyasiya etmək istəyir! Bunu sübut etmək üçün nə İran mollasına “Quran açdırmağa”, nə də xüsusi araşdırmalar aparmağa ehtiyac yoxdur. Sadəcə, fikir vermək lazımdır ki, Bakı məsələyə soyuqqanlı yanaşdıqca, üstəlik, İrana qarşı münasibəti sərtləşdirdikcə şairlərimizə sürülən ittihamlar “tündləşir”. Xatırlayırsızsa, şairlərlə bağlı əvvəl «miqrasiya qanununu pozduqları» üçün həbs olunduqları haqda qeyri-rəsmi açıqlama verildi, sonra narkotik ittihamına cəhd edildi, indi isə onların dar ağacından asılması müzakirə mövzusuna çevrilir – «Mossadla əməkdaşlıq» gündəmə gətirilib. Baxmayaraq ki, ETTALAAT sədri «istintaqın getdiyini» bildirir, bu barədə rəsmi mövqeyi dilə gətirməyin «hələ tez olduğunu» söyləyir… 

    “Hələ tezin” Azərbaycana düşünmək, mövqeyini “dəqiqləşdirmək” üçün daha bir şans olmasını adi vətəndaşlar bilməyə bilər, amma prosessləri izləyənlərə bu, gün kimi aydındır. Belə bir məqamda ziyalıların məsələyə qarışması göydəndüşmə bir hadisə oldu. Ağıllı adamlar bilir ki, bütün dünyaya meydan oxuyan, heç bir beynəlxalq qadağalardan çəkinməyən bir dövlətlə bu məqamda pişlim-pişlimlə danışmaq lazımdır. Əlbəttə, biz müstəqil dövlətik, dövlət qürurumuz var! Amma ortada iki gəncin taleyi tükdən asılı bir vəziyyətdədir: Nişanlısından borca pul götürüb şeir festivalına gedən Fərid Hüseyn və anasının müalicəsi ilə bağlı bir neçə dəfə İranda olduğundan ona «bələdçilik edən» şair dostu Şəhriyar del Gerani! Hər halda bu gənclər siyasi mübarizənin, qürurun qurbanına çevrilməməlidir. Hələ nəzərə alsaq ki, bunların qurban verilməsilə nə İranın Azərbaycana qarşı münasibəti dəyişəcək, nə də 35 milyonluq soydaşlarımızın hüquqları bərpa olunacaq. Eləsə məsələylə bağlı deyilən hər bir sözü götür-qoy etmək lazım gəlir. Ziyalıların “mədəni müstəvi” çərçivəsində yalnız “ziyalı təşəbbüsü” unikal addımdır. (Bəlkə bu mövqe İran üçün də bir örnək ola: istədiklərini almaq üçün kimlərisə qaçırmaqdan yox, ictimaiyyətin gücündən yararlana). Çünki İran regionun ən güclü dövlətlərindən biridir: 1.500 km-dən hədəfi dəqiq vura bilən yarımballistik raketlərini, kimyəvi silahlarını, HHM komplekslərini – hər şeyi bir kənara qoyuram, yarımhərbi sistemə malik İran cəmi 3 günə 12 milyon əsgər toplamağa qadirdir.

    Türkiyə kimi dövlət beynəlxalq sularda vurulan kəşfiyyat təyyarəsinə görə özündən qat-qat zəif və dünyanın üstünə yeridiyi Suriyaya meydan oxuya bilmirsə, sən iki gəncə görə İrana neyləyə bilərsən? 

    Bəli, İran fövqəldövlət deyil, dünyanın mizanı ayrı istiqamətdədir və beynəlxalq hüquq müstəvisində ədalət tələb edə bilərik. Bəlkə də Beynəlxalq Haaqa Məhkəməsinə müraciəti gündəmə gətirməkdə də ziyalılar haqlıdır. Amma bütün iqtisadi-siyasi embarqolara rəğmən tutduğunu buraxmayan, MAQATE kimi beynəlxalq qurumla əməkdaşlıqdan imtina edən və nüvə silahına doğru irəliləyən İran Haaqa Məhkəməsinə verilməsindənmi çəkinəcək? 

    Dövlət maraqları və ölkənin öz iradəsini ifadə etməsi məhz «beynəlxalq hüquq normalarından» keçir. Mənimçünsə ayrı məsələ maraqlıdır. Beynəlxalq Hüquq Fəridlə Şəhriyara nə verəcək? «Dövlət iradəsinin» dünyadakı izharı iki gəncin həyatı bahasına başa gəlməyəcək ki?! 

    Məncə ziyaylılar da, dövlət də, siyasətçilər də bunun məsuliyyətini hiss eləməlidir. 

    Burda iki insan taleyi ortadadır: Bu iki şəxsin indiyə qədər hər hansı ciddi ictimai-siyasi yazısını, geopolitik analizini görən, oxuyan varmı? Eləsə, niyə bu gənclər hansısa siyasi maraqların, iradə nümayişinin güdazına getməlidirlər? Dövlətlərarası münasibətlər niyə iki məsumun başında çatlamalıdır?

    Onsuz da Fəridlə Şəhriyarın bundan sonrkı həyatları ala-qaranlıq olacaq. Bu gün azad olunsalar belə, vətəndə heç də arxayın, rahat, firavan gələcək gözləmir bu gəncləri. Həyatın bərk-boşuna düşməyən, iradə baxımından hələ möhkəmlənməyən, ictimai-siyasi mübarizələrdən tam kənarda, mum kimi yup-yumşaq iki sütül ədəbiyyat adamından ETTALAAT-ın zirzəmisində «nə düzəldildiyi» barədə hələ çox sorğu-suallar olacaq, nə vaxtsa əsəbiləşən həmkarlarının bu «ləkədən» öz maraqlarına uyğun istifadə etməyəcəkləri də mübahisəlidir. 

    Söhbət artıq taleyin ən ciddi zərbəsini alan gənclərin həyatından gedirsə, onların xilasını istəyiriksə, Bakıda qəhrəmanlıq eşqinə düşməyək. Hamı bilir ki, İran barədə bəyanatlar səsləndirmək artıq elə də böyük qəhrəmanlıq, vətənpərvərlik tələb eləmir. Fəridlə Şəhriyardan danışırıqsa, İran barədə cəsarətli və qorxmaz fikirlərimizi, qəhrəmanlığımızı bir kənara qoyaq – hələlik!..

  • Polşa Sabir Rüstəmxanlını medalla və xüsusi diplomla təltif edib

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edilib.  APA-nın məlumatına görə, təqdimetmə mərasimi Polşanın Konstitusiya Günü ilə bağlı Bakıda keçirilən mərasimdə reallaşıb. 

    Polşanın Azərbaycandakı səfiri Mixal Labenda mərasimdə çıxış edərək deyib ki, Polşa Mədəniyyət Nazirliyi Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edib. Sabir Rüstəmxanlı bu medala mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb. Səfir qeyd edib ki, Sabir Rüstəmxanlı polyak ədəbiyyatının klassiki, slavyan poeziyasının üç zirvəsindən biri sayılan Adam Mitskeviçin ədəbi irsinin tərcüməsi və onun Azərbaycanda tanıdılması sahəsində xeyli iş görüb. Sabir Rüstəmxanlının tərcüməsində Adam Mitskeviçin “Krım sonetləri” (1985), “Krım sonetləri – pantodeuş” (1998) kitabları, həmçinin “Dünya ədəbiyyatı kitabxanası” seriyasından kütləvi tirajla çap olunan “Seçilmiş əsərləri” Azərbaycan oxucusuna təqdim edilib. Sabir Rüstəmxanlı həm də Adam Mitskeviçin yaradıcılığı ilə bağlı bir sıra məqalələrin də müəllifidir. 

    Mərasimdə çıxış edən Sabir Rüstəmxanlı Polşa dövlətinə təşəkkürünü bildirərək iki xalqın diplomatik əlaqələrinin 550 ilə yaxın bir tarixi əhatə etdiyini söyləyib: “Tarixin bütün dövrlərində Azərbaycan ərazisində yerləşən bizim dövlətlərin Polşa ilə sıx əlaqələri olub. Təkcə Azərbaycan Səfəvi dövləti ilə Polşa arasındakı əlaqələrin 540 il yaşı var”. O, Polşa Konstitusiyasının Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikinci yazılı Konstitusiya olduğunu da qeyd edib.

     

  • Sabir Rüstəmxanlı-66

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiyanın sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

     «Əziz Sabir bəy!

     Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sığlığı, uzun ömür arzulayırıq.

     Sizin keçdiyiniz həyat yolu nəsillər üçün böyük bir örnəkdir. Hələ gənc yaşlarınızdan xalqımızın milli azadlıq ruhunun oyanmasında fədakarlıqla mübarizə aparmış, yaradıcılığınızı və fəaliyyətinizi bu yola yönəltmisiniz. Təsadüfü deyil ki, Milli Azadlıq Hərəkatının başlanmasında müəllifi olduğunuz «Ömür kitabı» əsərinizin mühüm rol oynadığı haqqında yekdil rəy var.

     Milli Azadlıq Hərəkatı başlandıqda da siz təbii olaraq onun ön sıralarında yer aldınız və Hərəkatın liderlərindən biri oldunuz. Azərbaycan dövlətinin müstəqilliyi uğrunda mübarizə aparan və Müstəqillik Avtının qəbul olunmasında xüsusi rolu olan şəxs kimi Sizin adınız ölkəmizin tarixinə əbədi olaraq yazılmışdır.

     Bu gün də Azərbaycanın ədəbi və ictimai-siyasi həyatında tutduğunuz mövqe, ölkənin inkişafı, demokratikləşməsi, vətəndaş quruculuğu sahəsində apardığınız mübarizə gələcəyimiz üçün göstərdiyiniz müstəsna xidmətlərinizdir.

    Siz həyatınızı Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda savaşa vermisiniz. Güneylə bağlı həssaslığınız, Güneydə yaşayan 35 milyonluq soydaşımızın hüquqlarının müdafiəsi yönündə gördüyünüz işlər sizin ideallarımız və milli hədəflərimiz yolunda bir an da olsun, yorulmadan çalışdığınızın bariz nümunəsidir və inanırıq ki, Quzey Azərbaycanın müstəqilliyi kimi, Azərbaycanın bütövlüyünün memarı olmaq da Sizin taleyinizə yazılmış qismətdir.

    Əziz Sabir bəy!

    Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə ideallarımız uğrunda apardığınız mübarizənin təntənəsini görməyi arzulayırıq.

    Dərin hörmətlə,

    VHP Siyasi Şurası»

     

     

  • Sabir Rüstəmxanlı poeziyası İngiltərədə

    Məlum olduğu kimi, xalq şairi Sabir Rüstəmxanlı bu yaxınlarda Böyük Britaniyanın məşhur Oksford Universitetində keçirilən Beynəlxalq Musiqi və Poeziya Festivalında iştirak edib. Xalq şairinin ədəbi yaradıcılığı dünyanın müxtəlif ölkələrindən gəlmiş  çoxsaylı sənət və poeziya pərəstişkarlarının xüsusi maraq və diqqətinə səbəb olub. Çıxışı dönə -dönə alqışlanan şairin şeirləri haqqında İngiltərə mətbuatında da geniş yazılıb.

    Bundan əlavə, həmin festivalda şairin oxuduğu şeirlər Oksford Univesitetinin nəşr etdiyi “May xatirələri” (“Minds in May”) adlı kitabda geniş yer alıb. Şeirlərdən öncə şairin həyat və fəaliyyəti, Azərbaycanın azadlığı uğrundakı mübarizədə yeri, ilk müstəqillik aktının qəbul edilməsi sahəsəndəki gərgin əməyi haqqında geniş məlumat verilib.    Şairin yaradıcılığından danışılarkən onun “Göy tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Xətai yurdu”, “Sunami” və digər əsərlərinin bədii məziyyətlərinə toxunulmuş və bu əsərlər müasir ədəbiyyatın ən yaxşı nümunələri olduğu vurğulanmışdır. Kitabda şairin ingilis dilinə çevrilmiş aşağıdakı şeirləri verilmişdir: “Sən gəlirsən” (“You are coming”), “Mənim son arzum” (“My last will”), “Tənhalıq” (“Loneliness”), “Sözün mənası” (“helplessness of the word”), “Səni sevmək” (To love you”).

  • Şuşanın işğalından 20 il ötür

    Azərbaycanın Şuşa şəhərinin işğalından 20 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.

    1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

    Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.

    Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.

    Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

    Şuşanın işğalı zamanı 200 nəfər şəhid olub, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılıb. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

    Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

  • VHP-çinin həbs səbəbləri

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, cənab Ehsan Zahidov mətbuata açıqlama verərək, VHP Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbs olunması faktını aydınlaşdırıb və VHP-nin bəyanatına münasibət bildiribdir.

    E.Zahidov həbsin xırdalıqları barədə geniş izahatında N.Qubadovun evində axtarış aparılması, məhkəmə prosesinin saat 22:00-da keçirilməsi, N.Qubadova qarşı Polis İdarəsində sərt rəftar və ona yeməyin çatdırılmaması, vəkillə təmin olunmaması və s. barədə VHP-nin bəyanatında yer alan məqamların yanlış olduğunu söyləyib. Bu açıqlama VHP olaraq bizi də bəzi məqamları incəliyinə qədər ictimaiyyətə çatdırmağa vadar edir.

    E.Zahidovun bildirdiyi kimi, doğrudan da Abşeron rayon Polis Şöbəsində təhqiqat VHP-nin rayon təşkilatının sədri Niyaz Qubadovun qardaşı Xamis Qubadovun oğurluq faktıyla bağlı “102” qaynar xəttinə müraciətindən sonra başlayıb. X.Qubadov həyətindən 5 kub taxtanın oğurlanması haqqında şikayət edib və daha sonra polisə ərizə verib.

    Təhqiqatçılar N.Qubadovun kirayə verdiyi evə gələrək, oğurluq faktıyla bağlı araşdırmaya başlayıblar. Buna səbəb oğurluğun N.Qubadovun kirayəyə verdiyi evin həyətindən edilməsidir. N.Qubadov kirayəyə verdiyi evinə gəlib və polislərə taxtanın oğurlanmadığını, dostu Arzu Bəqəliyevin xahişinə əsasən, taxtanı ona hədiyyə etdiyini söyləyib. Polislər isə oğurluqda N.Qubadovu ittiham ediblər və mübahisə etdiyini əsas gətirərək, onu zorla, mülki maşınla Polis Şöbəsinə aparıblar.

    N.Qubadov Masazır bələdiyyəsində komissiya sədridir və seçkili orqanda təmsil olunan şəxs kimi onun həbsi yalnız məhkəmənin qərarı ilə baş verə bilər. Ancaq Abşeron rayon Polis Şöbəsinin əməkdaşları N.Qubadovu zorla Polis Şöbəsinə apardıqdan sonra həbs qərarı almaqla qanunsuzluq ediblər.

    Hadisə haqqında məlumatlandırılan Arzu Bəqəliyev istifadəyə yararsız, yalnız yandırılmaq üçün götürdüyü taxtanı dərhal N.Qubadovun həyətinə qaytarıb, Xamis Qubadov isə taxtanın oğurlanmadığını, qardaşı Niyaz Qubadovun onu dostuna bağışladığını öyrənən kimi Polis Şöbəsinə gedərək, ərizəsindən imtina edib və oğurluq faktının olmadığını yazıb.

    E.Zahidovun dediyi kimi, həmin tarixdə – 03 iyun 2012-ci ildə, saat 19:30 radələrində VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Abşeron rayon Polis Şöbəsinə gedərək, rəhbərliklə görüşüb. Doğrudan da Arzu Bəqəliyev S.Rüstəmxanlının yanında dindirilib. Ancaq E.Zahidovun açıqlamasından fərqli olaraq, A.Bəqəliyev deyib ki, mən taxtanın aparılması üçün razılığı Niyaz Qubadovdan almışam, ancaq Xamis Qubadovun bu işdən xəbərsiz olduğunu bilməmişəm. N.Qubadov da bu barədə qardaşına məlumat verməyib və nəticədə qardaşı taxtanın oğurlandığını düşünüb.

    Sabir Rüstəmxanlının iştirakı ilə Arzu Bəqəliyevi dindirən Polis Şöbəsinin rəhbərliyi doğrudan da heç bir oğurluq faktının olmadığını müəyyənləşdirib və daha sonra millət vəkilinə anlaşılmazlığın aradan qaldırıldığını və hüquqi prosedurlar həyata keçirildikdən sonra saxlanılanların azad olunacağını bildirib.

     Lakin bütün bunlardan sonra Abşeron rayon Məhkəməsi təxminən saat 22:00 radələrində N.Qubadovun “polisə müqavimət” ittihamı ilə 10 sutka inzibati cəzaya məhkum olunması haqqında qərar çıxarıb.

    Maraqlıdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi bu gün N.Qubadovla bağlı iddiaya baxarkən məhbusun azadlığa buraxılacağını bildirsə də, hökm elan olunarkən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Qeyri-rəsmi aşıqlamasında isə hakim ona təzyiq edildiyini bildirmiş və ona görə də qərarı qüvvədə saxladığını söyləmişdir.

    Bu faktlar bir daha təsdiqləyir ki, N.Qubadov sifarişlə həbsdə saxlanılır.

    N.Qubadovun vəkillə təminatdan özünün imtina etməsi barədə məlumat isə, görünür, E.Zahidova və DİN rəhbərliyinə ötürülən növbəti yanlış informasiyadır. N.Qubadov vəkillə təmin edilməyib, onun doğmalarından yemək götürülmür və polislərin N.Qubadova qarşı sərt münasibətinə Polis Şöbəsinə gedən doğmalar və qohumlar hamısı şahiddir. Belə ki, əvvəlcə razılıq verilsə də, saxlanılanın N.Qubadov olduğunu bildikdə polislər yeməyi qəbul etməkdən qəti şəkildə imtina edirlər.

    Bütün olayı xırdalığına qədər qeyd etməklə Daxili İşlər Nazirliyi rəhbərliyinin və ictimaiyyətin müfəssəl məlumatlandırılmasına çalışdıq. Ümid edirik ki, DİN rəhbərliyi N.Qubadovun həbsində maraqlı olanları və DİN-ə təhrif olunmuş informasiyaların ötürülmə səbəblərini aydınlaşdıracaq. 

  • VHP-nin rayon təşkilatının sədri sifarişlə həbs edildi

    VHP Abşeron rayon təşkilatının sədri,  Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov iyunun 3-də axşam saatlarında həbs olunub.

    N.Qubadovun evinə gələn Abşeron rayon Polis İdarəsinin əməkdaşları «oğurluq faktıyla əlaqədar» evdə axtarış aparılacağını bildiriblər. N.Qubadov polislərdən axtarış ordenini göstərməsi isə mübahisəyə səbəb olub. Axtarış ordeni olmadığını söyləyən polis işçilərindən evi tərk etmələrini tələb edən N.Qubadovu «polisə müqavimət» ittihamı ilə zorla maşina oturdaraq aparıblar.

    Bazar günü olmasına baxmayaraq, gecə saat 22:00 radələrində təşkil edilən məhkəmədə isə N.Qubadov guya polisə müqavimət göstərməsi ittihamı ilə 10 sutka cəzaya məhkum edilib.

    Məhkəmə özü kifayət qədər qanunsuzluqla keçirilib. N.Qubadov vəkillə təmin edilməyib və ona özünümüdafiə üçün heç bir şərait yaradılmayıb.

    Məlumat üçün bildiririk ki, 2 sutkadır Polis İdarəsində saxlanılan N.Qubadova heç kimlə görüşməyə imkan verilmir, ona çatdırılması üçün təqdim edilən yeməklər və su geri qaytarılır. Polislər N.Qubadova qarşı xüsusi qəddarlıq nümayiş etdirdiklərini gizlətmirlər.

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası N.Qubadovun həbs olunması ilə bağlı bəyanat yayıb.  Bəyanatda bildirilir ki, N.Qubadovun həbsi qeyri-qanunidir və sifarişlə həyata keçirilib: «Bələdiyyə idarəsində komissiya sədri olan N.Qubadovun qeyri-qanuni ittihamla həbs edilməsi və saxlanıldığı müddətdə ona qarşı göstərilən münasibət bir daha təsdiqləyir ki, bu həbs xüsusi sifarişlə həyata keçirilib. VHP bu həbsi həyata keçirən hüquq-mühafizə orqanlarının hərəkətini kəskin pisləyir və ölkə rəhbərliyindən qanunsuzluğa dərhal müdaxilə etməyi və N.Qubadovun azadlığa çıxmasına şərait yaratmağı tələb edir» 

  • Sabir Rüstəmxanlıdan polislərə ağır ittiham

    “Polis işçiləri siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür”. 

    Bu sözləri, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı partiyasının Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbsi ilə bağlı mətbuata açıqlamasında deyib. 

    Polislərin davranışlarından şikayətlənən S.Rüstəmxanlı “heç olmasa, döşümdəki deputat nişanına görə özlərini yığışdırmadılar” deyib: “Hadisənin bu qədər böyüməsi polis işçilərinin mədəni səviyyəsinin aşağı olmasından irəli gəlir. Həmin hadisə ilə bağlı məhkəmə prosesinə getdim. Həmin vaxt da məhkəmə binasının qarşısında bir neçə polis işçisi dayanmışdı. Siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür. Heç olmasa, döşümdəki deputat nişanına görə də özlərini yığışdırmadılar. Onların adi vətəndaşla necə davrandıqlarını təsəvvür etmək o qədər də çətin deyil”. 
    S.Rüstəmxanlıya müraciət edib polislərin qeyri-etik davranışları ilə bağlı Daxili Işlər Nazirliyinə müraciət edib-etməyəcəyini soruşduq. VHP sədri bildirdi ki, mətbuata verdiyi bu açıqlama elə açıq məktub anlamına gəlir və aidiyyəti qurumlar bundan nəticə çıxarmalıdır: “Mətbuat əslində elə hamıya açıq məktubdur. Əgər mətbuatda bir yazı çıxırsa, bundan hamının xəbəri olur. Nazirlər də bu xalqın bir parçasıdır. Mən mətbuatda sözümü demişəmsə, demək elə ora ünvanlayıram. Bundan ötrü ayrıca məktub yazmağa heç ehtiyac da qalmır. Nazirlik bu məsələni izləyir, bu açıqlamadan da nəticə çıxarmalıdır”. 

    Xatırladaq ki, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov ötən həftə polis tərəfindən saxlanılıb. Iyunun 3-də axşam saatlarında polis əməkdaşları N.Qubadovun evinə gəlib və axtarış keçirəcəklərini deyiblər. N.Qubadov polisdən məhkəmə orderinin olub-olmadığını soruşduqda mübahisə yaranıb. Daha sonra o, rayon polis şöbəsinə aparılıb və haqqında məhkəmə tərəfindən 10 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Qubadov Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanmış cinayət işi əsasında saxlanılıb.

    Azadliq.İnfo