Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • ABŞ-ın Azərbaycandakı səfirliyinə!

    ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli

    səfiri cənab Riçard Morninqstara

     

    Hörmətli cənab səfir!

    Sizi ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    Amerika Birləşmiş Ştatları Azərbaycan üçün böyük əhəmiyyətə malik olan tərəfdaş ölkədir. Qərbə inteqrasiya siyasətini prioritet istiqamət kimi müəyyənləşdirən Azərbaycanın inkişafında ABŞ-ın tutduğu mövqe ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə, Azərbaycan torpaqlarının işğal altında olduğu məqamda dünyanın ən böyük güclərindən olan ABŞ-ın ölkəmizdə bütün məsələlərə obyektiv və humanistcəsinə yanaşan bir səfirinin olması xalqımızın maraq dairəsindədir. Ümid edirəm ki, Azərbaycanın coğrafi durumunu və ərazisinin işğalı ilə bağlı qarşılaşdığı çətinlikləri nəzərə alaraq göstərdiyiniz fəaliyyət ABŞ-Azərbaycan əlaqələrinin inkişafına əlavə töhvələr verməklə Amerika Birləşmiş Ştatlarının xalqımız arasındakı ədalətli olması imicini daha da gücləndirəcək və rəğbəti artıracaqdır.

    Bir daha Sizi yeni görəviniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

    Yaxın günlərdə Sizinlə şəxsən tanış olmaq istəyi ilə,

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

  • “Hər dəfə əlifba dəyişdikcə tariximiz də ordan başlamış olur”

    Son vaxtlar Azərbaycan əlifbasına dəyişiklik edilməsi, əlifbadakı bəzi hərflərin başqa cür yazılışı məsələsi gündəmə gəlib. Məsələ Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun münasibət bildirməsindən və bəzi hərflərin uğursuz olduğunu deyərək onların dəyişdirilməsinə tərəfdar olduğunu deməsindən sonra daha ciddi şəkil alıb. Qeyd edək ki, M. Kərimov Azərbaycan əlifbasının tam şəkildə dəyişdirilməsinin tərəfdarı olmadığın deyib. Lakin əlavə edib ki, “ə” kimi bəzi uğursuz hərflər dəyişməlidir: “Belə hərflər həqiqətən, problemlər yaradır. Bunun əvəzinə başqa işarə tapmaq daha məqsədəuyğun olardı. Bu hərf üstündə iki nöqtə olan “a” kimi verilsə, yaxşı olar. Mənə elə gəlir ki, bu haqda düşünmək lazımdır. “Ç” və “Ş” hərfləri kompüterlərdə, internetdə müəyyən problemlər yaratsa da, hər halda onların işarəsi artıq qəbul olunub: “Amma “ə” hərfi mənə heç münasib gəlmir. İstifadəçilərin kompüterlərdən istifadəsini daha rahat etmək üçün bu hərfi dəyişmək məqsədəuyğun olardı”.
    Məlumat üçün bildirək ki, “ə” hərfi 1992-93-cü illərdə də üstündə iki nöqtə olan “a” kimi yazılıb. Lakin sonradan bunun süni yazılış forması olduğu qənaətinə gəlinərək “ə” hərfinin əvvəlki formada yazılışına başlanılıb. Bu baxımdan hazırkı müzakirələrin nə ilə yekunlaşacağı maraq doğurur.

    Mövzu ilə bağlı söhbətləşdiyimiz Vətəndaş Həmrəyliyi Partiyasının sədri,  “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin rəhbəri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, əlifba islahatı təkcə elmi deyil, siyasi bir işdir. Onun sözlərinə görə bu istiqamətdə istənilən formada iş aparılarkən son dərəcə ehtiyatlı olmaq lazımdır. Millət vəkili həmçinin qeyd edib ki, o, mövcud Azərbaycan əlifbasında dəyişiklik edilməsinə qarşıdır və yalnız ortaq türk əlifbasının yaradılması ideyasını dəstəkləyir: “Türk dilində danışan ölkələrin ümumi əlifbası olmalıdır. Necə ki, ərəblərin vahid əlifbası var. Bütün Avropada müəyyən hərfləri birləşdirib latın dilində əlifba yaradıblar. Səslər fərqli ola bilər. Hər səsə görə işarə düzəltmək lazım deyil, belə bir öhdəlik yoxdur və mümkün də deyil. Yox, əgər söhbət türk xalqlarının vahid əlifbasının yaradılmasından deyil, hansısa hərflərin əlifbamızdan çıxarılmasından gedirsə, mən buna qarşıyam. Hansısa işarənin xarici görünüşü pisdir, yaxud kompüterdə yoxdur deyə onun çıxarılmasını, yaxud əvəzlənməsini doğru saymıram. Mən bu məqsədlər üçün əlifba dəyişikliyinin tərəfdarı deyiləm. Amma eyni zamanda Türkiyə ilə Azərbaycanın vahid əlifbasının yaradılması naminə müəyyən dəyişikliklərə gedilməsini məqbul sayıram”.

    Səxavət Həmid
    “Gündəlik Teleqraf” qəzeti 

  • VHP yubiley mərasimi keçirəcək

    Sentyabrın 29-da Vərəndaş Həmrəyliyi Partiyasının 20 illik yubileyi geniş şəkildə qeyd olunacaq.

    VHP Təşkilat Şöbəsindən verilən məlumata görə, VHP-nin rayon təşkilatlarının iştirakı ilə Ali Məclisin sentyabrın 29-na təyin edilən ümumrespublika toplantısı partiyanın mərkəzi qərargahının akt zalında gerçəkləşəcək. Ali Məclisin toplantısından sonra isə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında partiyanın yaranmasının 20 illiyinə həsr olunmuş mərasim keçiriləcək.

    Yubiley mərasiminə ölkənin aparıcı siyasi partiyalarının rəhbərliyi, ziyalılar, millət vəkilləri və diplomatik korpus nümayəndələrinin dəvət olunacağı gözlənilir.

    Xatırladaq ki, Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci il sentyabrın 26-da təsis qurultayını keçirib. “Vətəndaş həmrəyliyi”, “millibirlik” idealogiyasını təbliğ edən VHP ölkənin aparıcı siyasi partiyalarından biridir.

     

    VHP Mətbuat Xidməti

  • ABŞ Milli Demokratiya İnstitutuna

    ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri

    cənab Aleks Qriqoryevsə

     

    Hörmətli cənab Qriqoryevs!

    ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyatdan keçməsini məmnunluqla qarşıladığımızı nəzərinizə çatdırmaq istərdim. İnanıram ki, fəaliyyətinizin bərpası ölkəmizdə demokratiyanın inkişafı və sivil toplumun formalaşmasında göstərdiyiniz xidməti davam etdirməyə əlavə imkanlar qazandırır və bu yolda Sizə uğurlar arzulayıram.

    Vətəndaş Həmrəyliyi Partiyası ölkənin aparıcı partiyalarından biri kimi Sizinlə böyük məmnuniyyətlə əməkdaşlıq etməyə hazırdır.

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Milli Məclisin deputatı

  • “Bu gün İctimai Palatanın namizəd elan etməsi doğru deyil”

    Rafiq Manaflı: “Başqa şəxslərin də namizədliyi gündəmə gətirilə bilər”

    İctimai Palatada təmsil olunan iki böyük partiyanın liderinin prezidentliyə namizəd olacağını elan etməsi narazılığa səbəb olub. AXCP ilə Müsavat üzvləri sosial şəbəkələrdə bir-birlərini hədəfə belə alırlar. Bu məsələlər ətrafında sillarımıza İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı cavab verib.
    – Rafiq müəllim, İctimai Palatanın Koordinasiya Şurasının son toplantısında hansı məsələləri müzakirə etmisiniz?
    – İclasa Əli Kərimli sədrlik edirdi. O da bu haqda mətbuata məlumat verib. Seçkilərdə iştirakla bağlı məsələ müzakirə edilib. Eləcə də həbsxanadakı vəziyyət diqqətə alınıb və Müsavatın rayon təşkilatına olan müəyyən təzyiqlər haqda söhbət aparılıb. 
    – Bəs memorandum nə məsələdir?
    – Seçkilərlə bağlı bir sənəddir. Son zamanlar mətbuatda, namizədlərin, vahid namizədin kim olması haqda çoxlu suallar var. Onunla bağlı memorandum qəbul olundu ki, ilk öncə demokratik seçki mühiti yaradılsın. Həmçinin İctimai Palata daxilində İsa Qəmbərlə Əli Kərimlinin namizədlikləri ortaya çıxmışdı. Biz onların ikisinin də namizədliyini qəbul etdik. Amma gələcəkdə başqa şəxslərin vahid namizədliklə bağlı müzakirəsi istisna edilmir. Hazırda iki namizəd var və gələcəkdə onlardan birini müəyyənləşdirəyəcəyik.
    – Memorandumda namizəd kimi Əli Kərimli ilə İsa Qəmbərin adı çəkilir. Bu, o deməkdir ki, palatada namizədliyə başqa layiqli şəxslər yoxdur?
    -Xeyr. İctimai Palata vətəndaş hərəkatıdır və vahid təşkilata çevrilir. Bu təşkilatda ziyalı adamlar çoxdur. Amma reallıqlar da var. Elə-belə dayandığı yerdə heç kim namizədliyini irəli verməz. Nəzərə alın ki, seçkini udmaq, dövləti idarə etmək məsələləri var və bunlar ciddi məsələlərdir. Bu baxımdan İctimai Palata daxilində müxtəlif fikirlər səsləndirilir. 
    – İctimai Palatada prezident seçkiləri, namizədliyin irəli sürülməsi məsələsinin müzakirə edilməməsi haqda ümumi razılaşma əldə olunmuşdu. Ancaq İsa Qəmbər və Əli Kərimli namizəd olacaqları haqda bəyanat verdilər. Koordinasiya Şurası bu şəxslərdən razılaşmanı niyə pozduqlarına dair izahat tələb edibmi?
    -Xeyr.
    – Nəyə görə?
    – Açığı, mən hesab etmirəm ki, onlar hansısa razılaşmanı pozublar. Həm İsa Qəmbər, həm də Əli Kərimli namizəd olmağa iddia qoyublar. Amma həm də qeyd ediblər ki, onların ayrılıqda namizəd olmasındansa, müxalifətin seçkiyə vahid namizədlə getməsi daha əhəmiyyətlidir.
    – Bunu Əli Kərimli deyib. İsa Qəmbər isə konkret namizəd olacağını və qalib gələcəyini iddia edib…
    – İsa Qəmbər müxtəlif sualların fonunda belə deyib. Amma Koordinasiya Şurasında bu istiqamətdə müzakirə edilib. Orada İsa Qəmbər bu fikrini ifadə edib. Həm də AXCP və Müsavat öz sədrlərinin vahid namizəd olmasına iddialıdır. Onlar təbliğatlarını bu istiqamətdə quracaqlar. 
    – Bu fakt İctimai Palata üçün problem yaratmır?
    – Xeyr. Heç bir problem yaratmır.
    – Necə problem yaratmır ki, sosial şəbəkələrdə partiyaların üzvləri və bəzi hallarda funksionerləri bir-birlərini ittiham edirlər?
    – İttiham… Sosial şəbəkə geniş anlayışdır və siz də bilirsiniz ki, ora nəzarət etmək mümkün deyil. Həm də sosial şəbəkələrdə gizli adlarla müxtəlif təxribat xarakterli fikirlər, ittiham dolu yazılar gedir. Ancaq külli halında hər partiya öz namizədini təbliğ etməlidir, başqa partiyanın namizədinin əleyhinə iş aparılmamalıdır. Biz hesab edirik ki, təxribat xarakterli çıxış olmamalıdır. 
    – Baş verənlər göstərmirmi ki, İctimai Palata bir qurum kimi seçkilərdə iştirak edə bilməyəcək?
    – Mən sizin fikrinizlə bölüşmürəm. Həm də bu gün əsas məsələ demokratik seçki mühitinin yaradılmasıdır. Belə bir mühit olmalı, normal şərait yaranmalıdır. Əks təqdirdə, namizədin kim olmasının mənası yoxdur. Bundan başqa, nəzərə almaq lazımdır ki, namizədliyin irəli sürülməsinə bir ildən çox vaxt qalır. Müxtəlif reallıqlar yarana bilər. Odur ki, bu gün İctimai Palatanın namizəd elan etməsi doğru deyil.
    – Amma seçki mühitindən daha çox İsa Qəmbər və Əli Kərimlini müzakirə edirsiniz…
    – Görünən dağa bələdçi lazım deyil. Bu, aydındır. Əvvəlcədən də bilinirdi ki, iki namizəd var və onların ikisindən birini seçməliyik. Vaxtı gələndə bunu edəcəyik.

    – Siz Əli Kərimlini seçəcəksiniz, yoxsa İsa Qəmbəri?
    – Mən nə cəbhəçi, nə də müsavatçıyam. Seçim anı gələndə kimin qalib gəlmək imkanı varsa, daha şanslıdırsa, onu seçəcəyəm. Amma bir daha qeyd edirəm ki, proseslər sürətlə inkişaf edə bilər. 
    – Siz VHP-nin üzvüsünüz. Əgər seçkidə VHP də namizədini irəli sürsə, kimi müdafiə edəcəksiniz?
    – Biz bu məsələni müzakirə eləmişik. Prezident seçkilərində VHP namizədlə iştirak etmək niyyətində deyil. Müxtəlif cür məsələlər var. Biz hesab edirik ki, müxalifətin vahid namizədlə seçkiyə getməsi çox önəmlidir. Biz bunu Siyasi Şurada müzakirə etmişik. Bu gün üçün VHP olaraq bizim namizədlə seçkidə iştirak etmək niyyətimiz yoxdur. 

    – Bəs VHP kimi müdafiə edəcək?
    – Hələlik bir söz demək olmaz. Zamanı gələndə bu müzakirə ediləcək. İctimai Palatada Əli Kərimli və İsa Qəmbərin namizədliyi müzakirə oluna bilər. Həm də bu məsələ açıq olduğundan başqa şəxslərin namizədliyi gündəmə gətirilə bilər. Əgər vahid namizəd məsələsinin üzərində durulsa, VHP onu müdafiə edə bilər. 

    Nemət 

    “Gündəlik Teleqraf” qəzeti

  • Gənclər aktiv siyasətə qoşulmalıdırlar

    Bu gün siyasi partiyaların Gənclər Təşkilatlarında kifayət qədər fəal gənclər var. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak etsələr də, nədənsə mətbuat və cəmiyyət onları o qədər də tanımır. Aktiv gəncləri olan partiyalardan biri də Vətəndaş Həmrəyliyi Partiyasıdır. Partiyanın Gənclər Təşkilatının sədri Pünhan İmanlı və onun müavini Vüsal Namiqoğlu olsa da, çoxları elə bilir ki, VHP Gənclər Təşkilatının sədri Samir Əsədlidir. Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının sədr müavini Vüsal Namiqoğlu isə bu fikirlə o qədər də razılaşmır. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

    – Əslində bu il Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının sədri Pünhan İmanlı seçildi. Əvvəl Emil Bağırlı idi, o da kifayət qədər tanınırdı. Samir Əsədlinin üzdə olmasının səbəbi onun Sabir Rüstəmxanlının gənclər üzrə müşaviri olmasıdır. Samir Əsədli Sabir Rüstəmxanlının gələcək üçün yetişdirdiyi siyasətçidir. Ona görə daha çox üzdədir.

    -Yəni, Samir Əsədli Sabir Rüstəmxanlının davamçısıdır?

    – Ən azından gənc lider kimi yetişdirir. Başqa partiyalarda isə bu məsələyə o qədər də diqqət yetirilmir.

    – Bir az özün barədə məlumat verərdin. Səhv etmirəmsə, Türkiyədə təhsil almısan. Nə vaxtdan VHP-nin üzvüsən?

    – 2010-cu ildən etibarən partiyanın üzvüyəm. Türkiyədə təhsil aldığıma görə aktiv fəaliyyət göstərə bilmirdim, yay tətillərində imkan olurdu. Bu ilin iyun ayından etibarən, məzun olandan sonra partiyanın Gənclər Təşkilatının təşkilati işləri üzrə sədr müavini seçildim. 

    – 2 ildir ki, partiyanın üzvüsən və demək olar ki, Türkiyədə yaşamısan. Necə oldu ki, Gənclər Təşkilatının sədr müavini seçildin?

    – 2 ilin özü o qədər də qısa müddət deyil. Zaman çox sürətlə hərəkət edir. Xüsusən də Türkiyədə fərqli təşkilatlarda çox aktiv şəkildə fəaliyyət göstərmişəm. Təşkilatçılıq qabiliyyətim yüksəkdir. Eyni zamanda başqalarından fərqli xüsusiyyətim olduğunu düşünmürəm. 

    – Bəs niyə məhz VHP?

    – Mən Türkiyəyə getməzdən əvvəl Azərbaycanda siyasətlə məşğul olmamışam. Azərbaycanda siyasətlə məşğul olmaq barədə fikrim də olmayıb. Türkiyədə oxuduqdan sonra oradakı gənclərin ictimaiyyətdə nə qədər akiv rol oynadıqlarını gördüm və özümə sual verdim ki, mən niyə Azərbaycanda belə işlə məşğul olmayım? Sosial şəbəkələrdən Samir Əsədli ilə tanış oldum və VHP-yə üzv oldum.

    – Səncə, Azərbaycan gənci mütləq şəkildə siyasətlə məşğul olmalıdır?

    – Zənn etmirəm ki, gənc aktiv olmaq üçün siyasətə qoşulmalıdır. Və ya sırf siyasət sahəsində aktiv olmalıdır. İnsan maraqlarına uyğun bir sahə ilə məşğul olmalıdır. Şəxsən mən siyasətlə məşğul olmağı sevirəm. Düzdür, bəlkə də professional siyasətlə məşğul olmağı bacarmıram, amma bu sahəni sevirəm. Bəzi gənclər öz sahəsində püxtələşərək bu ölkəyə xidmət edə bilərlər. Sadəcə siyasətlə məşğul olmağa ehtiyac yoxdur. 

    – İllərdir Türkiyədə yaşamısan. Oradakı Gənclər Təşkilatları necədir?

    – Açığı, Türkiyədəki Gənclər Təşkilatları ilə bizim Gənclər Təşkilatlarımız müqayisə olunmayacaq dərəcədə fərqlidir. Ən önəmlisi odur ki, Türkiyədəki bütün təşkilatarda təşkilatçılıq çox yüksək səviyyədəddir. Bəlkə də genimizdə olan xüsusiyyətdir ki, bizdə birinin dediyi söz başqasının boğazından keçmir və ya yuxarıdan verilən göstərişlər əmr kimi qəbul olunur. Türkiyədə bunun tam tərsinədir. Türkiyədəki təşkilatların bizdən ən böyük fərqi ondan ibarətdir ki, onların ana ideologiyası var. Gənclər bunun uğrunda fəaliyyət göstərirlər. Bizdə isə Gənclər Təşkilatlarının demək olar ki, hamısı eyni istiqamətdə fəaliyyət göstərir, hamısının məqsədi və məramı eynidir. 

    – Siyasətə yeni qoşulan gənclərdənsən.Türkiyə təcrübəsini yaxşı bilirsən. VHP üçün nələr edə bilərsən?

    – Orada 5 il qazandığım təşkilatçılıq qabiliyyətini istəyirdim ki, ən azından VHP-də icra edim. Hələ ki bu, bir az qeyri-mümkündür. Bizim insanlarımızda təəssüf ki, hələ ideoloji təfəkkür formalaşmayıb. 

    – Sabir Rüstəmxanlı gənclərlə maraqlanırmı? Məsələn, səni tanıyırmı?

    – Bəli, tanıyır. Gənclər Təşkilatının sədrinin seçildiyi qurultayda Sabir bəy şəxsən iştirak etmişdi.

     

    – 2 aydır ki, Gənclər Təşkilatının sədr müavinisən. Təşkilatda nə dəyişiklik etmisən?


    – Komanda olaraq 2 ay ərzində yetərincə işlər görmüşük. 4 tədbir keçirmişik. Birinci tədbirimizə – “Mənim vətəndaş hüquqlarım” mövzusunda keçirilən tədbirə aktiv gənclər qoşulub. Xalid Hüseyninin “Çərgələng uçuran” romanı əsasında çəkilən filmin nümayişi keçirilib. O tədbirə neytral gənclər də qatılmışdı. Sevindirici hal o idi ki, kənardan gəlib bizimlə tanış olmuşdular. Həmin o filmdən sonra 10-15 gənc bizim sıralarımıza qatıldı. Gənc yazar Dilqəm Əhmədlə görüş keçirmişik. Türk filmi olan “Dədəmin insanları”nın nümayişini keçirmişik.

    – Filmdən söz düşmüşkən, az öncə Müsavat Partiyasında da film nümayişi keçirıldi. Bu ənənə sizdən başlayıb?

    – Ola bilsin ki, əvvəllər də film nümayişi olub. Amma diqqətimi cəlb edən odur ki, gənclərin yüksək qatılımından sonra digər təşkilatlar da film nümayişinə başladılar. Düşünürəm ki, bu yay ilk addımı biz atmışıq. 

    – Yəni, Müsavat və digərlər partiyaların gəncləri sizdən örnək götürüb?

     

    – Götürüb deməyək. Bu, sırf bizə aid olan, bizim əlimizdə olan bir şey deyil. Sadəcə, baxıb eyni şeyi ediblər. 

    – Bu, Türkiyədən götürülmüş təcrübədir?

    – Türkiyədə vəziyyət tamamilə fərqlidir. Artıq insanları aktiv cəmiyyətə çəkmək üçün bu vasitələrdən istifadə olunmur. Bizim üçünsə bu, böyük işdir. Türkiyədə belə cılız işlərə ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanda bu cür tədbirlərə ehtiyac var. Çünki başqa cür gənclərimizi bir araya toplamaq qeyri-mümkündür. 

    – Sizcə, gənclər niyə aktiv həyatı istəmir?

    – Gənclərin böyük hissi məsələyə fərdiyyətçi yanaşır. Məncə, səbəblərin başında təhsil sistemi durur. İkici faktorun ailə olduğunu düşünürəm. Ailənin gənclər üzərində basqısı var. Ailədə işləyənlərin iş yerlərini itirmək qorxusu var. Fikrimcə, belə olmalı deyil. Bu ölkə də, bu hakimiyyət də bizimdir. Nəticə etibarilə hakimiyyətin funksiyası millətə xidmət etməkdir, millətin funksiyası da hakimiyyətə xidmət. İki faktor bir araya gəlməli, hakimiyyətlə cəmiyyət əl-ələ verib fəaliyyət göstərməlidir. 

    – Bir şey diqqətimi cəlb edir. Hətta Sabir Rüstəmxanlı parlament kürsüsündən kəskin ifadələr səsləndirdiyi halda başda Samir Əsədli olmaqla gənclərdə bu aktivlik hiss olunmur…

     

    – Mən zənn etmirəm ki, Samir Əsədli və ya digər gənclər məsələlərə daha loyal yanaşır. Hətta tam tərsinə, gənc olaraq biz fikrimizi bildirməkdə daha azadıq. Sabir Rüstəmxanlı siyasi arenadadır. Bəlkə də onun üçün fikir bildirməyə nələrsə mane ola bilər. Sabir bəy lazım gəldiyində sözünü açıq-aşkar deyir. Bizim gənclərimiz də yetərincə aktivdir. 

    – Məsələn, mitinqlərə VHP-çilər fərdi qaydada qoşulsa da, partiyanın belə bir qərarı yox idi…

    – Bütün mitinqlərdə VHP aktiv iştirak edib. VHP-nin qərargahı mitinq iştirakçılarının mərkəzi qərargahına çevrilib. İstər plakatların, istər şüarların hazırlanması bizim partiyanın qərargahında təşkil olub. Mən Türkiyədə olduğum üçün iştirak etməmişəm. Amma gənclərimiz aktiv iştirak edib. Mitinqləri sadəcə Müsavat və AXCP-nin adına bağlamaq düzgün deyil. Elə bir mitinq və tədbir olmayıb ki, VHP-nin Gənclər Təşkilatı digər partiyaların Gənclər Təşkilatından bir addım aşağıda olsun. 

    – Səncə, gənclər VHP-ni niyə seçməlidir?

    – Bizim partiyanın digər partiyalardan ən böyük fərqi ondan ibarətdir ki, ideologiya, millət fərqi qoyulmadan istənilən Azərbaycan vətəndaşı VHP-yə üzv ola bilər. Adından da göründüyü kimi bu, vətəndaşların birliyi, həmrəyliyi partiyasıdır. Bizim gənclər arasında isti münasibət gənclərə imkan verir ki, gəlib bizə qoşulsun. Partiyamızın sahib olduğu şərait də buna imkan verir. 

    – Yəni digər partiyalarda münaqişə, milli ayrı-seçkilik var?

    – Zənn etmirəm ki, digər partiyalarda milli ayrı-seçkilik olsun. Partiya səviyyəsində olduğuna inanmıram. Ola bilsin ki, partiyanın hansısa üzvündə hansısa millətə qarşı aqressiya var. 

    – Son vaxtlar facebook sosial şəbəkəsində müsavatçılarla cəbhəçilər arasında qarşıdurmalar olur. VHP-çi gənclərin belə qarşıdurmalara münasibəti necədir? 

    – VHP-nin ən böyük özəlliyi odur ki, həmişə barışdırıcı mövqedə olub. İstər digər təşkilatlar arasında, istərsə də partiyaların Gənclər Təşkilatları arasındakı münaqişədə. Münaqişələrin partiya səviyyəsində olduğuna inanmıram. Ola bilsin ki, gənclərin şəxsi problemlərdən qaynaqlanır. 

    Nərgiz 
    Teleqraf.com

  • İsrailin Azərbaycandakı səfirliyinə!

    İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli

    səfiri cənab Rafi Apraza 

     

    Hörmətli cənab səfir!

    Sizi İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    İsraillə Azərbaycan iqtisadi, siyasi, hərbi sahədə əməkdaşlıq edən ölkələr kimi mühüm strateji tərəfdaşlar sayılırlar. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və işğal faktını gündəmə gətirən ölkə olaraq İsrailin tutduğu mövqe Azərbaycan xalqında daim rəğbətlə qarşılanır. Təsadüfü deyil ki, yəhudilər Azərbaycana həmişə doğma münasibət göstəriblər, çünki Azərbaycan xalqından daim sevgi, hörmət və qardaşlıq görüblər.

    İnanıram ki, fəaliyyətiniz müddətində dövlətlərimiz arasındakı siyasi, ictimai, mədəni əlaqələr daha da möhkəmlənəcəkdir.

    Bir daha Sizi yeni görəviniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

    Yaxın günlərdə Sizinlə şəxsən tanış olmaq istəyi ilə,

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Milli Məclisin deputatı

  • Kıprıs Türk Respublikasının Azərbaycan nümayəndəliyinə!

    Kıprıs Türk Cumhuriyyətinin Azərbaycan Respublikasındakı
    nümayəndəliyinin rəhbəri cənab Sadəddin Topuqçuya

     

    Hörmətli cənab səfir! 

    Sizi Kıprıs Türk Cumhuriyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    KKTC Azərbaycan xalqı üçün “Yavru Vətən”dir və qanıbir, canıbir soydaşlarımızın illərlə verdiyi mücadələni, tanınmaq və özünü təsdiqləmək, doğal haqqını qorumaq sahəsində apardığı siyasəti daim dəstəkləyir.

    Əlbəttə “Yavru Vətən”ə iddialı güclərin yaratdığı problemlər hazırda sizlərdən qat-qat artıq fəaliyyət və ictimaiyyətlə iş tələb edir. Azərbaycan sizin ikinci vətəninizdir və buradakı fəaliyyətinizin daim ictimai diqqət və sayğı ilə qarşılanacağı şübhəsizdir. Görəviniz müddətində iki qardaş xalq arasında mədəni, ədəbi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində üzərinizə düşən missiyanın yerinə yetirilməsində sizə yardımçı olmaqdan şərəf duyacağımı ehtiramla nəzərinizə çatdırıram. Bir daha sizi yeni görəviniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

    Yaxın günlərdə sizinlə şəxsən tanış olmaq istəyi ilə.

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili 

  • Qubadlının işğalından 19 il ötür

    Qubadlı rayonunun işğalından 19 il ötür. 19 ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993- cü il avqustun sonlarında Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını olduğunu göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib geri çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşdu. Məğlub olmaq istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qalır. Buna səbəb silahın olmaması, ordunun normal fəaliyyət göstərə bilməməsi və düşmənin kifayət qədər güclü silahlanması idi.

    1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil olub. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutub və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı.

    Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix – diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb,talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

    Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 sakini şəhid verib, 146 nəfər əlil qalıb. 

  • Siyasi partiyalar sosial şəbəkələrdən necə istifadə edir?

    Sosial şəbəkələr insanların sosiallaşması, biri-biri ilə əlaqə qurması üçün çox önəmlidir. Son dövrlər həm də siyasilərin diqqətini çəkən sosial şəbəkələrin istifadəçiləri, günü- gündən artır. Dünya ölkələrinin əksər siyasiləri, hətta ölkə prezidentləri də sosial şəbəkələrdə fəaliyyət göstərir, müəyyən məsələlərə münasibət bildirirlər. Azərbaycanda da bu ənanə artıq formalaşmağa başlayıb. 

    Bəs Azərbaycandakı mövcud siyasi partiyaların fəaliyyətində sosial şəbəkələrin rolu hansı səviyyədədir? 

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının sədri Samir Əsədlibildirib ki, sosial şəbəklərdə ən aktiv partiyalar VHP, Müsavat və AXCP-dir:

    “İndiki internet əsrində siyasi partiyaların sosial şəbəkələrdəki fəaliyyəti çox mühümdür və son illərdə siyasi təşkilatlar demək olar ki, təbliğat işlərini sosial şəbəkələrdə aparır. Demək olar ki, “Tvitter” və “Facebook”da siyasi partiyaların fəaliyyəti və təbliğatı ilə bağlı, müntəzəm olaraq məlumatlar yayılır. İnternetdə aktiv olan insanlar operativ olaraq, partiyaların fəaliyyətindən xəbər tutur. Həmçinin partiyaların mətbuat xidmətlərinin gündəlik informasiyaları sosial şəbəkələrdə paylaşılır və KİV-lər də bundan faydalanır. Sosial şəbəkələrdə əsasən AXCP, VHP və Müsavat partiyaları daha aktivdir. Bu partiyaların sosial şəbəkələrdə hesabları, səhifələri və qrupları var”.
     
    Samir Əsədli sosial şəbəkələrdəki aktiv fəaliyyətləri nəticəsində, partiyanın sıralarına xeyli gəncin daxil olduğunu deyib:

    “VHP-nin üzvləri sosial şəbəkələrdə xüsusilə aktivdir. VHP Gənclər Təşkilatı üzvlərinin bütün sosial şəbəkələrədə profilləri var. Bu şəxslərin sosial şəbəkələrdə aktivliyi, partiyanın cəmiyyətdə daha çox təbliğ olunmasına gətirib çıxarır. Xeyli sayda gənc, eyni zamanda xaricdə təhsil alan azərbaycanlı tələbələr partiyamızın sosial şəbəkələrdə fəaliyyətini izlədikdən sonra, sıralarımıza qoşuldular. 100-dən artıq gənc “Facebook”dakı təbliğatımızın nəticəsi olaraq, partiyamıza üzv oldu. Demək olar ki, hamısı aktiv partiyaçıdır. Son zamanlar demək olar ki, partiyanın rayon təşkilatlarının sədrlərinin çoxunun “Facebook”da profili var. VHP-nin özünün isə “Tvitter” hesabı açılıb. Həmçinin “Facebook”da Sabir Rüstəmxanlının, VHP Gənclər Təşkilatının və bir çox rayon təşkilatlarının fan-səhifələri fəaliyyət göstərir”.

    Sədan Bünyadova

    Publika.az