Vətəndaş Həmrəyliyi Partiyası

Blog

  • VHP 20 YAŞINI QEYD ETDİ (FOTOLAR)

    Sentyabrın 30-da Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisin toplantısından sonra Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında partiyanın yaranmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Yubiley mərasiminə ölkənin aparıcı siyasi partiyalarının rəhbərliyi, ziyalılar, millət vəkilləri, diplomatik korpus nümayəndələri və jurnalistlər dəvət olunmuşdular.

     

    Musavat.com/Yubiley tədbirini çıxış sözü ilə açan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın keçdiyi tarixi yola nəzər saldı: “Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci il sentyabrın 26-da təsis qurultayını keçirib. Vətəndaş həmrəyliyi, milli birlik idealogiyasını təbliğ edən VHP ölkənin aparıcı siyasi partiyalarından biridir. Vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil. Nə istiqlal, nə qurtuluş, nə sosial-demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə də ana torpaq. VHP 20 ildir milli birlik və vətəndaş həmrəyliyi ideyasını ölkənin yeganə nicat yolu kimi təbliğ edir. VHP 1995, 2000, 2005 və 2010-cu illər parlament və bütün bələdiyyə seçkilərində iştirak etmiş, bütün çağırışlarda Milli Məclisdə təmsil olunmuşdur. Hazırda Məclisdə 3 deputatı, müxtəlif bələdiyyələrdə isə 115 bələdiyyə üzvü var. VHP bu günə kimi özünün 5 qurultayını keçirib. Hazırda partiyanın respublikanın 80 rayonunda yerli rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Partiyanın 26 mindən çox üzvü var. Partiyanın əlaqələri ölkə sərhədlərini aşmışdır. Bu gün VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir”.

    Yubiley tədbirinə qatılan müxalifət partiyalarının liderlərindən Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli çıxış edərək bütün VHP-çiləri təbrik etdi. Müxalifət liderləri çıxışları zamanı ölkəmizin siyasi arenasında VHP-nin önəmli fəaliyyətinə nəzər saldılar.

    “Yeni Müsavat” ailəsi də Vətəndaş Həmrəyliyi Partiyasının 20 yaşı olması münasibəti ilə təbrik edir, bütün VHP-çilərə gələcək fəaliyyətlərində uğurlar arzulayır.



     
     
     

















  • VHP-nin İstiqlal təbriki!

    Dövlət müstəqilliyimizin bərpasının 21 illiyi münasibəti ilə VHP sədri, millət vəkili, İstiqlalçı deputat Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:


    «Əziz soydaşlarım!

    Hər birinizi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
    1991-ci ilin 18 oktyabr günü xalqımızın həyatında olduqca əhəmiyyətli rol oynayır. Məhz həmin gün Milli Azadlıq Hərəkatı özünün ən böyük hədəfinə nail oldu, Azərbaycanın müstəqilliyi bərpa edildi və biz 70 illik işğaldan qurtulub nəhayət, Üçrəngli Bayrağımızı qaldırdıq.

    Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.

    Heç də hər ziyalıya, ömrünü xalqının yolunda əridən ictimai-siyasi xadimə dövlətinin müstəqilliyini görmək nəsib olmur. Xoşbəxtəm ki, Tanrı dövlətimizin müstəqilliyinin bərpasına imza atanlardan biri olmağı mənim taleyimə yazmışdır.

    Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün önəmli və şanlı bir tarixi gündür; ancaq o günün şahidləri və iştirakçıları üçün bütün hiss və həyacanları, sevinci-kədəri, ağrı-acısı, xoşbəxtliyi ilə ürəyimizdə yaşayan, heç vaxt Dünənə – tarixə çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar.

    Əziz soydaşlarım!

    Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram.

     

     Hörmətlə,

    Sabir Rüstəmxanlı

    İstiqlalçı deputat»

     

  • Aslan Quliyev – 55

    VHP Yardımlı rayon təşkilatının sədri, müasir Azərbaycan nəsrinin istedadlı nümayəndəsi, tanınmış yazıçı Aslan Quliyevin 55 yaşı tamam olur. Əslində, yazıçı üçün yaş anlamı yoxdur, sadəcə yaşayan ədəbiyyat və ölən ədəbiyyat var. Yazıçının taleyi də öz yaratdıqlarından asılıdır. Aslan “Bahar küləkləri”, “Serjant mülki geyimində”, “Yolun sonu”, “Onlar məni öldürdülər”, “Yazıçının savaşı”, “Keçmiş döyüşçü və oğlan”, “Payız”, “Köpək balıqları”, “Sonuncu” kimi romanları ilə çoxdan ədəbiyyatda əbədi yaşamaq hüququ qazanıb.

    Aslan ədəbiyyata hamar, rəvan yolla gəlib, hər cür qayğı ilə əhatə olunan yazıçılardan deyil. Onun “Onlar məni öldürdülər” kitabını oxuyanda nə qədər çətin, mürəkkəb yol keçdiyinə, bununla belə içindəki ədəbiyyat yanğısının sönmədiyinə, öləzimədiyinə heyrət edirsən. Bizim fikrimizcə, Aslan əsərinin adını “Onlar məni öldürə bilmədilər” qoysaydı, daha düzgün olardı. Əyalətdə yaşayıb, paytaxt yazıçılarının monopoliyaya aldığı ədəbiyyata kimsəsiz bir gəncin gəlib şərik durması, əslində, o zaman (elə indi də) mümkünsüz bir iş idi. Lakin Aslan öz tükənməz ədəbi istedadı, intəhasız yazıçı təxəyyülü, maksimum iddiakar obrazları ilə həmin çərçivələri qıra bildi, onların görməməzlik prinsiplərini alt-üst etdi.

    İlk baxışda əyalətdə yaşayan yazıçıların əsərlərinin süjet xəttinin onların yaşadıqları məkanda başlayıb orada tamamlanması, obrazlarının müəyyən olunmuş çevrə daxilində təzahür etməsi bir qanunauyğunluq kimi görünsə də, Aslanın qəhrəmanları bütün bu məhdudiyyətləri dağıdaraq daha çox ümumbəşəri dəyərləri ehtiva etməklə geniş oxucu auditoriyasına çıxa bilib. Aslan Quliyev hətta “Əyalət yazıçısı” adlı bir povestin də müəllifidir, amma həmin əsərin qəhrəmanına heç vaxt əyalət adamı kimi baxmaq mümkün deyil.

    Bu, Aslanın ədəbiyyata yetkin və mükəmməl bir qələm sahibi kimi gəlməsinin nəticəsidir. Aslan əsərlərində tez-tez yaprıxmış dəyərlərə üsyan edir; özü də bunu çılpaqcasına deyil, onların etnokulturoloji köklərə və müasir dünya dəyərlərilə müqayisəsini “təşkil edərək” nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmaqla həyata keçirir. Yazıçının demək olar ki, bütün əsərlərinin qəhrəmanları bir az filosofdurlar, onlar hiss və duyğu süzgəcindən keçirdikləri dünya barədə məntiqi nəticə çıxarmaq üçün oxucuya kömək etməyə çalışırlar. “Yazıçının savaşı”, “Payız”, “Köpək balıqları”, “Sonunsu” romanları bu baxımdan daha çox diqqəti cəlb edir.

    Aslanın obrazları heç vaxt ümidsiz olmurlar, ən qatı qaranlıqda da onlar haradansa işıq düşəcəyinə inanırlar. “Baharı gözləyəcəyəm!” əsərinin qəhrəmanı insanların hər üzünü görür, onlrın boşboğazlığı, şərəfsizliyi, ləyaqətsizliyi ilə üzləşir, amma sınmır, inanır ki, dünya yaxşılardan xali deyil, (ifadə bir qədər şablon görünsə də) hər qaranlıqdan sonra bir işıq var. Bu cəhətlər olduqca həssas və kövrək olan Aslanın öz xarakterinin alt qatıdır. Çünki hər bir yazıçı ömrü boyu özünü yazır.

    Aslan Quliyevin yaradıcılığının daha bir cəhəti qeyd etmək yerinə düşərdi; onun təsvir etdiyi hadisələrin məkan sərhəddi yoxdur, hər şey oxucunun görünmə qabiliyyətindən asılıdır. Bəzən olur ki, bu hadisələr fantastik aləmə qədər uzanıb gedir, bu zaman hətta fantastik ilə reallıq arasındakı sərhəd də yoxa çıxır. Amma sonra bütün bunlar əsərin bitkinliyinə, bütövlüyünə xələl gətirmir. Çünki Aslanın əsərləri də özü kimi bütöv, mükəmməl, irimiqyaslıdır. Yerişi, oturuşu, duruşu Aslanı daha çox köhnə (ifadəyə görə üzr istəyirəm) kişilərə bənzətsə də, o yazıçı kimi müasir ədəbiyyatımızın ən ləyaqətli təmsilçiləri sırasındadır.

    1980-ci illərdə ədəbiyyata gələn yazıçı dostumuz 55 yaşını tamamlayır. Ona böyük ədəbiyyat yolunda yeni-yeni uğurlar arzulayır və cansağlığı diləyirik.

     

    Xoş arzularla,

    Sabir RÜSTƏMXANLI

    VHP sədri, millət vəkili  

  • Faiq Əliyev-50

    Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından olan əqidəli siyasətçi, partiya ideologiyasının yorulmaz təbliğatçısı, MNTK üzvü Faiq Əliyevin 50 yaşı tamam oldu. Bu münasibətlə partiya üzvləri ona təbrik məktubu imzalamışlar. Həmin məktubda deyilir:

    “Əzizimiz Faiq, siz ilk gənclik çağlarınızdan Azərbaycanın azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə qoşulmusunuz. Yaşın ən gözəl çağlarını meydanlarda keçirmisiniz.

    Məlum olduğu kimi, bizim müstəqillik uğrunda mübarizəmiz ermənilərin torpaqlarımıza təcavüzü ilə bir vaxta düşüb. Xalqımız eyni vaxtda həm imperiya ilə, həm də təcavüzkarlarla döyüşmək zorunda qalıb. Siz də digər vətənsevər insanlarla birgə hər iki mücadilədə əvvəldən – axıradək iştirak etmisiniz.

    Sonrakı müstəqillik dövründə cəmiyyətdə qarşıdurmalardan yan keçmək, milli birliyə nail olmaq üçün meydana atılan Vətəndaş Həmrəyliyi Patiyasının ön sıralarına qoşulmusunuz.

    Daim bu ideyanın təbliğatçısı olmaqla, demokratiya, söz-mətbuat, mətbuat azadlığı, insan haqları uğrunda gedən mübarizəyə öz imzanızı qoymusunuz..

    Əzizimiz Faiq, siz həm də təkcə siyasi əqidə baxımından deyil, insanlıq, dostluq baxımından bu günkü gəncliyə nümunə olmağa layiqsiniz. Heç vaxt dostlarınızı, yaxın adamlarınızı çətin gündə, çətin məqamda tək buraxmamısınız. Ailə başçısı kimi qayğıkeşliyinizlə, mehribanlığınızla övladlarınızın gözündə daim uca olmusunuz”.

    Faiq bəy, çox xoş təsadüfdir ki, sizin doğum gününüz VHP yarandığı günlə təxminən eyni vaxta düşür. Bu da VHP-çilər üçün ikiqat bayram deməkdir. Bu bayram münasibətilə səni bir daha təbrik edir, sənə uzun ömür, can sağlığı, gələcək işlərinizdə uğurlar arzulayırıq.

     

    Sayqılarla,

    VHP Siyasi Şurası və MNTK

  • Sabir Rüstəmxanlının yeni kitabı çıxıb

    Şair Sabir Rüstəmxanlının “Əbədi sevda” adlı şeirlər kitabı çapdan çıxıb. “Təhsil” nəşriyyatının buraxdığı kitabda toplanan şeirlər “İçimdəki dərd ağacı”, “Yurdun bayrağı”, “Mən demədim”, “Tanrıyla görüş”, “Sevgimə toxunma”, “Dostların qəlbimdə ucalan yeri”, “Təklik”, “Qoşmalar, gəraylılar” və sair bölmələrə ayrılıb.

    Sabir Rüstəmxanlının sözlərinə yazılmış mahnı mətnləri də “Mahnılar” adlı ayrıca bölmədə verilib.

    Kitaba həmçinin şairin “Orxonla görüş” və “Atəş böcəyi” poemaları daxil edilib.

  • Türkiyənin Azərbaycandakı səfirliyinə!

    Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı

    fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alpər Coşquna

     

    Hörmətli cənab səfir!

    Sizi Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, bizi eyni dil, din, soykök və tarix birləşdirir. Bu baxımdan Sizin özünüzü evinizdə, ölkənizdəki kimi hiss edəcəyinizə, qardaş ölkələr arasında münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsi üçün göstərəcəyiniz fəaliyyətinizdə daim ictimai dəstək qazanacağınıza heç bir şübhəm yoxdur. Əminəm ki, Sizin böyük elçiliyiniz dönəmi Türkiyə-Azərbaycan ictimai, siyasi və mədəni inteqrasiyasının növbəti mərhələsi kimi yadda qalacaq.

    Bir daha Sizi təbrik edir və bu məsuliyyətli işinizdə uğurlar arzulayıram.

    Yaxın müddətdə Sizinlə şəxsən tanış olmaq niyyətiylə,

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Milli Məclisin deputatı, Azərbaycanın Milli şairi

  • VHP-20

    Nazlı Ağayeva
    VHP Qəbələ RT sədri

    2003-cü ilin prezident seçkilərinin imza yığımına start verilən gün, MSK-nın formalaşdığı axırıncı saatlarda Qəbələnin hərəkatdan qalan amma hərəkətdən qala bilməyən bizlər Qəbələ dairəsindən aralı düşdüyümüzü anladıq. Seçkiyə gedən müxalifət partiyalar bizi bitərəf olaraq komissiya üzvü kimi MSK-ya təqdim etməmişdilər. Hansı ki, iqtidarın bənzərsiz seçki fırıldaqlarına çüzi də olsa əngəl törətmək üçün əlimizdə bundan başqa heç bir şansımız yoxdu. On il əvvəlki hələ ölməmiş ruhu da üstünə gəlsək, seçkiyə qatılıb nələrəsə nail olmaq arzumuzu başa düşmək yəqin çətin olmaz…
    Belə bir ümidsiz halda şəhər parkından dağılıb getmək istəyirdik ki, Qəbələ dairəsindəki dostlardan biri zəng vurub dedi ki, dairədə püşkatma ilə Vətəndaş Həmrəyliyi Partiyasına düşən bircə yer qalıb, onun üstündə MSK ilə gedən danışıqlar bitmək üzrədir. Nə Sabir Rüstəmxanlıynan, nə də onun partiyasıyla əlaqəmiz vardı. Tanımadığı adama Qəbələ kimi özəl yerdə üç rayonu təmsil edən dairədə kim olsa yer verməzdi. Amma mininci ehtimalla bəxtimizi sınamaq üçün telefonla Bakını ələk-vələk edib VHP-nin nömrəsini əldə etdik.
    İndi Heydər Əliyevin olmuş mərkəzi parkdakı söyüd ağacının salxımları altında Allahı çağırıb zəng vurduq. Ciddi səsli bir xanım Sabir bəy çıxıb, dedi. Mən saqqız olub bu səsə yapışdım, onda çox xahiş edirəm, mümkünsə Sabir bəyin cib telefonunu verin, deyə. Xəttin o başında yaranan bir anlıq əsəbi sükutdan sonra Xanım mümkün olduğu qədər yumşaq şəkildə məni başa salmağa çalışdı:
    – Hər şey bir tərəfə, Sabir bəy millət vəklilidir, üstəlik prezidentliyə rəsmi namizəddir. Nə o sizi tanıyır, nə də siz onu. Heç mən də sizi tanımıram. Belə olan halda Sabir bəyin cib telefonunun nömrəsini sizə hansı məntiqlə verə bilərəm? Haqlısınız, bağışlayın, vaxtınızı aldım, deyib telefonu söndürəndə anidən ciddi xanım yumşalıb, yazın, dedi, verirəm nömrəni. Çaşdığımdan çantamdan kağız tapmayıb telefon nömrəsini ağacın gövdəsinə yazdım.  Sonradan məlum oldu ki, həmin ciddi xanım indiyə qədər dostluq etdiyimiz sevimli Almaz xanım imiş…
    Ağacın gövdəsinə baxıb nömrəni yığdım. “Salam, Sabir müəllim, mən Qəbələdən Nazlıyam, arada şeir də yazıram, (poeziyanın seçki komissiyasına nə dəxli varmış, ilahi?) bilirəm, çox məntiqsiz görünür, amma başqa yol da yoxdu. Əyər mümkünsə, sizin partiyadan… və sair kimi ayaq-baş fasiləsiz cümlələrlə axır ki fikrimi çatdıra bildim. Sabir Rüstəmxanlı çoxdan məni tanıyırmış kimi: Narahat olma Nazlı, dedi, mən indi MSK-dakı adamımızdan öyrənim nə məsələdir, bütün hallarda çalışıb səni dairəyə yerləşdirəcəyik. Mən dərindən nəfəs alıb, elə söyüd ağacının altındakı oturacaqda oturdum. Beş-on dəqiqə keçməmiş Sabir Rüstəmxanlı özü zəng vurub: Təbriklər, Nazlı, həll elədik, bir-iki günə sənədləri çatdırarsan, dedi. Əslində “”
    O gün o söyüdün altından hansı hisslərlə qalxdığımı indi ifadə edə bilmərəm. Çünki, o vaxtdan çox şeylər dəyişib. Nə yazıqlar ki, ən çox dəyişən mümkün olan hər vasitə ilə mübarizə aparmaq cəhdidir ki, Sabir Rüstəmxanlı bircə kəlməsiylə tanımadığı mənə bu imkanı vermişdi.
    2003-cü ilin payızından Vətəndaş Həmrəyliyi Partiyası adlı bir ailəyə daxil oldum. On ildir burda dostların arasındayam. Nə yaxşı ki, varsınız…

  • “Həyatımı “Əlifba” kitabı dəyişib” – YENİ LAHİYƏ – FOTOLAR

    Sabir Rüstəmxanlı: “Bütün kitablar müqəddəsdir”

    Hər birimizin həyatını dəyişən, dünyagörüşümüzü formalaşdıran kitablar var. “Əlifba” kitabından tutmuş, müqəddəs kitablara qədər, dedektivdən fantastikaya qədər müxtəlif təyinatlı və müxtəlif janrlı kitablar zaman-zaman həyatımıza yön verir, bizi tərbiyələndirir. Həyatda rastlaşdığımız hadisələrlə yanaşı, rastlaşdığımız, oxuduğumuz kitablar da bizi dəyişir, formalaşdırır. “Həyatımızın kitabları” layihəsinin bugünkü qonağı tanınmış qələm adamı, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır. 

    -Həyatınızı dəyişən kitab və yaxud kitablar varmı?
    -Bu suala qısa cavab vermək də olar, yarım gün danışmaq da (gülür). Hər kəsin həyatında kitablarla başlayan bir dönüş nöqtəsi olur. Kənd uşaqları üçün onların həyatını dəyişən ilk hadisə əlifbanı öyrənmələridir. Yəni həyatımızı dəyişən ilk kitab “Əlifba” kitabıdır. Hər hərf sanki bir qapıdır. Mən hər zaman düşünmüşəm ki, əlifbanın 40-cı qapısını açmaq üçün dağların arxasından çıxıb getmək lazımdır. Həmişə düşünürdüm ki, sirlər hardasa uzaqdadır. Amma sonra başa düşdüm ki, bütün sirlər kənddədir. Əlifbadan sonra, mənim həyatımda çox ciddi rol oynayan kitab Mirzə İbrahimovun “Gələcək gün” romanıdır. Bu kitabı özüm oxumamışdım. Məndən böyük olan dostum onu hissə-hissə oxuyur, mən də qulaq asırdım. Cənub həyatı, bizim kəndimizdə Musa kişinin xırmanını xatırladan xırmanlar, Firudin İbrahiminin həyatı və digər hadisələr mənə çox doğma gəlirdi. Bizim dağların o üzündə Güney Azərbaycandır. Çox qəribədir ki, mən ikinci, ya üçüncü sinfdə oxuyanda başa düşdüm ki, dağların o tayında bizimlə eyni dildə danışan insanlar var və fikirləşirdim ki, biz nə zamansa birləşib, böyük Azərbaycan ola bilərik. Çoxlarına qəribə görünə bilər, ikinci sinfə gedən bir uşağın bu cür arzuyla yaşaması… Amma həqiqətən, mənim düşüncəm belə idi. Bizim yaylaqlar sərhəd məftillərinin yanında idi. Hər gün böyükləri sorğulayırdıq və artıq nə baş verdiyini başa düşürdük. Mənə təsir edən üçüncü böyük kitab Aşıq Ələsgərin “Şeirlər” kitabı idi. Bu kitabı Neft Daşlarında işləyən bir qohumumuz alıb gətirmişdi. 

    -Bu həm də sizin şeirlə ilk böyük təmasınız sayıla bilər…
    Beşinci sinfdə oxuyanda Qazaxdan, Səməd Vurğunun kəndindən bir ədəbiyyat müəllimi gəlmişdi. Həm də Səməd Vurğunun qohumu idi. Müəllimim indi də sağdır və biz dostluğumuzu davam etdiririk. O mənə Səməd Vurğunun “Lirika” kitabını gətirmişdi. Müəllimim özü də şeir yazırdı və şeiri mənə o sevdirdi. Sanki onun missiyası idi ki, yaşadığımız yerləri bizə sevdirsin. Şeiri Səməd Vurğunla, Rəsul Rza ilə tanışlıqdan sonra sevdim. Həyatımı dəyişən önəmli kitablardan biri, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanıdır. Bu kitabı üç günə bitirib, qaytarmalı idim. Ona görə də üç gün ərzində gündüzlər evə gəlmədim ki, mənə kitab oxumağa mane olmasınlar. O vaxt kənd kitabxanasında ciddi kitablar az idi. Həmin dövrdə İsa Muğannanın “Bizim qızlar” romanını, İsmayıl Şıxlının “Ayrılan yollar” kitabını, Ənvər Məmmədxanlının hekayələrini gətirmişdilər kitabxanamıza. Eyni zamanda İlyas Əfəndiyevi, Süleyman Rəhimovu, Mir Cəlalı, Əbülhəsəni və başqalarını oxuyurdum. Kənddə doğulan uşaqların dünya ədəbiyyatına və rus ədəbiyyatına yolu dərsliklərdən keçir. 5-ci sinifdə oxuyanda məni Biləsuvarda malakanlar oxuyan rusdilli məktəbə qoymuşdular. Bəlkə də məni bu məktəbə qoymaqda, məqsəd rus dilini öyrənməyim idi. Burada oxuyanda, məndə rus ədəbiyyatına meyl yarandı. Yavaş-yavaş Puşkini, Lermontovu, Tolstoyu, Dostayevskini, Çernişevskini tanıdım. Mən “Hərb və Sülh”ü uşaq yaşlarından oxumağa başlasam da, əsərin əvvəlindəki fransızca cümlələr mənə mane oldu. Sonralar oxuyanda başa düşdüm ki, niyə rus cəmiyyəti fransız dilinin aşiqi ola-ola, birdən-birə fransızcadan imtina etdi. Bu haqda tarix kitablarında heç nə yoxdur. Amma Tolstoyu oxuyanda başa düşdüm ki, bu Fransa ilə aparılan müharibənin təsiri ilə baş verib. Heyf ki, biz 1990-cı ildə bu addımı atmadıq. Bu gün də rusca danışmaq dəbdədir.

    -Rus dilini necə öyrəndiniz? 
    Mən rus dilini, rus ədəbiyyatından öyrənmişəm. Kənd yerində bizim başqa cür dil öyrənmək imkanımız yox idi. Mən rus dilində kitabları lüğətlə oxuya-oxuya özümü rus dilini öyrənməyə məcbur elədim. 10-cu sinifdə oxuyanda, kitabxanamıza “Kitabi-Dədə-Qorqud” gəldi. Mən həyatımda heç vaxt oğurluq etməmişəm. Amma bu kitabı kitabxanadan götürüb apardım evə, oxudum və 15 gündən sonra gülə-gülə geri qaytardım. Bu kitab da mənim həyatımda başqa bir mərhələdir. Sonra həyatımın Bakı mərhələsi başladı və burada işim ancaq oxumaqdan ibarət idi. Bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanda zəngin kitabxanası olan bir neçə nəfərdən biri də mənəm. 

    -Dünya ədəbiyyatında kimlər sizi cəlb edir?
    Dünya ədəbiyyatında üzdə olan hansı müəllif varsa, onları oxuyuram. Təəssüf ki, indi oxuduğum kitabların ümumi ruhu yadımda qalsa da, adı və müəllifi yadımdan çıxır. Gənclik illərində məni çox etkiləyən kitablardan biri də Taqorun “Bağban” əsəri olub. Taqor romantik və lirik ruhuna görə məni təsirləndirmişdi. Hötenin “Gənc Verterin iztirabları” məni silkələyib. Deyə bilərəm ki, bu əsər bütöv bir nəsil yetişdirib. Amma “Faust”u uzun müddət oxuya bilmədim. Hüqonun “Səfillər”ini su kimi içmişdim. Ümumiyyətlə, Cənubi Amerika müəlliflərinin çoxunu oxumuşam. O vaxt bizim şair ruhumuza təsir edən kitablar da vardı. Xüsusən, Nazim Hikmətin Bolqarıstanda çap olunan VII cildliyi bizim yetişməmizdə xüsusi rol oynayıb. O dövrdə fantastik kitablar az  çap olunurdu. Amma fantastika insan zehninin inkişafına çox ciddi təsir edir. İndi dəqiq yadımda deyil, amma o dövrdə bir neçə fantastik əsər oxumuşdum. Əlimə qələm alıb, nəsr yazmağa başlayanda, ilk hekayəm fantastik janrda oldu. İlk şeirimi beşinci sinfdə oxuyanda yazmışam. İlk yazılarım fantastik üslubda idi. 

    -Şəxsi kitabxananızı yaratmağa nə vaxtdan başladınız?
    -Məktəbi qurtarandan sonra, rayon mərkəzinə gəldim. Rayon mərkəzində həm kitabxana, həm də kitab mağazası var idi. İndi çox heyf ki, rayon mərkəzlərində kitab mağazaları yoxdur. Orta məktəb illərində dərsliklərimi almaq üçün rayon mərkəzinə gedir, 7 km yolu geri qayıdana qədər bütün dərsliklərimi oxuyub qurtarırdım. Müəllimlər ayrı-ayrı dərsləri keçəndə, mənim oxumağıma ehtiyac qalmırdı, əlavə kitablar oxuyurdum. Mən əvvəl elə bilirdim ki, kitab mağazasında ancaq dərsliklər və dəftər-qələm satılır. Sonradan bildim ki, kitab mağazasında bədii kitablar da var. O zaman kitablarımızı yığmağa şkafımız yox idi. Kənd evlərində uşağın oxuyub-yazması üçün stolun mövcudluğu belə böyük hadisə idi. Uşaqlıqda yerə uzanıb oxuyurduq. Çox sonralar valideynlərimizi məcbur etdik ki, bizə xüsusi stol-stul alsınlar. Son siniflərdə bizə peşə də öyrədirdilər. Mən paralel olaraq üç peşə öyrənirdim. Kinomexaniklik, traktorçuluq və dülgərlik. Üçüncü dərəcəli dülgərəm və dülgərlik alətləri ilə taxtadan nə isə düzəltmək çox xoşuma gəlir. Məktəb illərində düzəltdiyim pəncərələr indi də, kəndimizdəki evlərdə qalır. O vaxt özümə taxtadan bir kitab şkafı düzəltmişdim. Evimizə mebellər gəlməyə başladıqca, mənim kobud şkafımı əvvəlcə bəzəkli evdən digərinə, sonra ən təmirsiz evə və nəhayət anbara keçirdilər. Bəlkə də sabah doğrayıb odun edəcəklər, amma hələ qoruyurlar (gülür) . O vaxt düzəltdiyim bu şkaf kitablarımı yığmaq üçün mənə kifayət edirdi. Hər dəfə o şkafı doldururdum və kəndə qayıdanda görürdüm ki, kitablar yarıbayarı azalıb. Qohumlar, dostlar, müəllimlərim gəlib kitabları aparır, geri qaytarmırdılar. Anam da həmişə gileylənirdi ki, “ciyəri yanmış filankəs kitabı apardı, saxlaya bilmədim”. Sonradan kitabların içinə adımı yazırdım, amma dostlarımın, qohumlarımın evlərinə gedəndə görürdüm ki, kitabın o hissəsini cırıblar (gülür).

    -Deməli sizin kitabla bağlı qısqanclığınız olmayıb? 
    -Yox, qısqanırdım. Amma təəssüf ki, kitabları aparanlar yaxın adamlar idi və mən onlara heç nə deyə bilmirdim. Bakı həyatım daha maraqlı idi. Çünki, Bakıya kitab eşqi ilə gəlmişdim. Gələn kimi dərnəklərə yazılmışdım. Müxtəlif dərnəklərə gedirdim. Klassik musiqi haqqında təsəvvürüm olsun deyə, Axundov adına kitabxananın musiqi zalında saatlarla musiqi dinləyirdim. Opera teatrına gedirdim. Kənddə öyrənmək imkanım olmayan hər şeylə, tanış olmaq istəyirdim.

    -Tələbəlik illərinizin “kitab xatirələri” daha zəngin olar…
    -Birinci kursda oxuyanda, Belinski adına kitabxanaya təcrübəyə göndərdilər bizi. O vaxt qaydalara görə bir il təcrübə keçmək lazım idi. Mən gündüzlər işləyir, gecələr oxuyurdum. Gündüzlər mən kitabxanaya gedirdim. 3-4 xanım işləyirdi və mənim heç bir işim olmadığı üçün bütün günü mütaliə edirdim. Bu təcrübə mənə imkan yaratdı, bütün ili oxudum. İkinci kursdan qayıtdıq gündüz növbəsinə. Mən iş axtarırdım. 2-ci kursdan “Azərkitab”da işləməyə başladım. 2 il kitab anbarında fəhlə işlədim. Ölkəyə gələn bütün kitablar, əlimdən gəlib keçirdi. O kitabları güzəştlə əldə edə bilirdim. O vaxt kirayədə qaldığım üçün, kitab toplaya bilmirdim. Üçüncü kursda bir müddət qarovulçu işlədim. Orada da oxumağa imkanım olurdu. Dördüncü kursda isə artıq “Ədəbiyyat və incəsənət” qəzetində işləməyə başladım.

    -Ovqatınızla üst-üstə düşən, sizi təsirləndirən kitab və ya kitablar olubmu?
    -Ciddi əsərlərin çoxusunda ovqatlar silsiləsi var. Ciddi əsər oxuyanda, gülürsən, ağlayırsan, sevinirsən, kədərlənirsən və s. O qədər kitablar var ki, məni ağladıb. Hətta çoxlarına sadə görünən səhnələr məni ağladırdı. İsmayıl Şıxlının “Dəli Kür” romanında elə epizodlar var ki, oxuyanda göz yaşlarımı saxlaya bilməmişəm. Halbuki, o səhnələrə ağlamamaq da olardı. Məsələn, Cahandar ağanın xarakteri ilə bağlı səhnələrdə heyrətlənir, sevinir və “belə böyük kişi olar?”- deyə düşünüb kövrəlirdim. 

    Çoxlarının ovqatına uyğun olan yazıçı Dostoyevskinin bütün külliyyatı var məndə. Amma nədənsə, onun yaradıcılığını çox ağır hesab edirəm. Tolstoyun əsərləri mənə daha doğma gəlir.

    -Kitabın, ədəbiyyatın missiyası nədən ibarət olmalıdır cəmiyyətdə?

    – Yeni bir yazı yazmağa başlamışam. Orada girişdə belə bir cümlə var: “Göydən kitabdan başqa nə gəlib ki?” Doğrudan da, göydən dörd kitabdan başqa nə gəlib? Hətta onu qəbul edən peyğəmbərlər də, müqəddəs şəxslər də göydən gəlməyib. Dünyanı nizama salan, sistemləşdirən kitabdır. Tarix yazıdan başlayır. Kitab olmasa dünyada heç nə qalmaz. Kitab hər şey deməkdir. Bütün sivilizasiyalar kitabla bağlıdır. Məncə bütün kitablar vəhy və ilham üstündə köklənib. Ona görə bütün kitablar müqəddəsdir. Kitablar məktublardır. Müqəddəs kitablar allahın insana, yerdə qalan kitabların bir qismi, xüsusən teoloji kitablar isə insanın allaha məktublarıdır. Digər kitabların bir qismini də, insanların insanlara məktubu hesab etmək olar.

    -Kitab hədiyyə etməyi xoşlayırsınızmı?
    -Ən asan iş olduğuna görə xoşlayıram (gülür). Paltar, qab-qacaq, qır-qızıl hədiyyə etməkdənsə, rəsm əsərləri, kitab hədiyyə etmək daha xoşdur. Bu həm də incəsənətin və mədəniyyətin inkişafına xidmət edir. Mən çox istərdim ki, diqqəti bu istiqamətə yönəldək. Bir dostum var, ona hər beş-altı ildən bir kitab bağışlayıram. Deyir ki, fikir vermişəm, yazdığın avtoqraflar dəyişmir. Mən də ona dedim ki, yəqin ki sən də dəyişmirsən, münasibətlərimiz də dəyişmir. Balaca bir avtoqraf bir tarixçədir. Elə uşaq olub ki, ona balaca vaxtı kitab bağışlamışam və qismət olub, toyunda da ona kitab hədiyyə etmişəm. Avtoqrafda yazdığım bəzi arzular da həyata keçib, gəlib öz yerini tutub. Bəzən avtoqraf və kitab, uşağı müəyyən istiqamətə yönəldir. Mən 5-ci sinifdə oxuyanda, kəndimizə bir baxıcı gəlmişdi. Anam məni də aparmışdı onun yanına gedəndə. Mənim də falıma baxdı və dedi ki, bu uşağın gözlərini qoru. Bu uşağın gələcəyi gözünə və qələmə bağlıdır. Bu fikir daim beynimdə fırlanırdı. Yalnız çox-çox sonralar başa düşdüm ki, baxıcı nə demək istəmişdi. 

    -İlk dəfə aldığınız avtoqrafı xatırlayırsınızmı?
    Bakıya gələndən sonra aldığım ilk avtoqraflı kitab, Məmməd Arazın kitabı olub. Bir imza günündə təsadüfən rastlaşdıq. Mən tədbirə gecikmişdim və fikirli halda pəncərənin qarşısında dayanmışdım. O vaxta kimi Məmməd Arazın adını eşitsəm də, üzünü görməmişdim. O mənə yaxınlaşıb, nə üçün burada dayandığımı soruşdu. Qolumdan tutub kənara çəkdi ki, “gəl sənə kitabımı verim”. Avtoqrafda “Böyük Sabirin gənc nəvəsi Sabirə, ədəbiyyatımıza xidmət etməsi ümidi ilə” yazdı və mənə bağışladı. Mən o kitabı özümlə Yardımlıya apardım və yay uzunu o kitab əlimdən düşmədi. Bütün kitabı əzbərlədim. Məmməd Arazın ondan sonra çoxlu gözəl şeirləri olsa da, hər biri əzbər yadımda qaldı. 

    – Bu gün cəmiyyətimizdə kitaba münasibət sizi qane edirmi?
    -Azərbaycanda kitaba qayğını, diqqəti artırmaq lazımdır. Mən nazir olanda “Azərkitab”ı qorumağa çalışdım. Çalışırdım ki, özəlləşdiriləndə də bütöv halda özəlləşdirilsin. Amma alınmadı. Kitab dükanları xüsusiləşdi və kitabları küçələrə tökdülər. Mən bununla bağlı, prezident İlham Əliyevə məktub yazdım. Yazdım ki, köşklər müasirləşsin və orada kitab satılsın. Köşklər müasirləşdi amma, kitab əvəzinə siqaret satmağa başladılar. Kitab Bakıdan qovulub. Yenə də sağ olsun “Əli və Nino” kitab mağazaları. Çox vacib işlər görürlər. Böyük kəndlərdə kitab mağazaları, kənd kitabxanaları yoxdur. Kənd kitabxanalarından kiril əlifbası ilə çap olunmuş kitabları atdılar. Kitab dükanları, kitab mağazaları boşaldıldı. Sovet dövründə kəndlərdə kitabın qəribə təbliğat mexanizmi vardı. Maaşın kiçik bir hissəsinə kitab verirdilər və bu da kitabın yayılmasına, təbliğinə xidmət edirdi. Əvvəl insanlar etiraz etsələr də, sonradan kitab gəlməyəndə şikayətlənirdilər. Qəzetlər çox geniş yayılırdı. “Ədəbiyyat və incəsənət” qəzetinin tirajı 80 minə qalxmışdı. Bu gün də kitabın reklamına dəstək olmaq lazımdır. Televiziyalar kitab reklamına pul almamalıdır. Vaxtilə biz kitab oxuyan millət idik. Kitaba marağımız böyük idi. İndi vəziyyət dəyişib. Mən Türkiyədə deyəndə ki, bir şeir kitabı 10 min tirajla çıxır, onlar heyrətlənmişdilər. Mənim “Ömür kitabı”m 250 min tirajla çıxmışdı. İndi kitablar 500 tirajla çıxır və kitab dükanlarında qalır. Bizim öz dilimizdə oxuyan oxucular əyalətdədir. Bakıda kitab alanlar, onuncu dərəcəli rus müəllifini əsərlərini əlində gəzdirir, amma yerli yazıçıları oxumağa, almağa maraq göstərmir. Mən Türkiyədə bir liseydə görüşdə oldum və gördüm ki, orada da vəziyyət eynidir. Amma Türkiyə tərcümə işində çox öndədir. Xarici dillərdə çap olunan kitabları qısa bir vaxtda tərcümə edib, oxucuya çatdırırlar.

    -Kitaba qarşı mərhəmətlisinizmi? Əzilən, cırılan, səhifələri qatlanmış kitablar sizə necə təsir edir?

    -Kitabı heç vaxt atmıram. Uzaqbaşı yerini dəyişirəm. Mənim iş yerimdə də, evimdə də kitablar var. Kitabı köhnələndə kiməsə bağışlayıram. Artıq yer tutan kitabları, kənd kitabxanalarına bağışlamağı düşünürəm. Bir müddət əvvəl kitablarımın böyük bir hissəsini, kitabxanası olmayan hərbi hissələrə hədiyyə etdim. Təəssüf ki, Müdafiə Nazirliyi bununla bağlı bizə heç bir məlumat vermədi. Qəribədir ki, bu məsələ ilə bağlı elan verəndə, ancaq rus qadınları aksiyaya qatıldı. Mən kitabın əzilməsini, atılmasını qəbul etmirəm. Özüm kitabla bağlı olduğum üçün, kitaba qarşı çox həssasam. Kitabın öz  yanında olduğu halda, minlərlə evdə yetim qalan kitabların var… Bukinistlərə normal baxıram. Çünki bukinistlərdə çox maraqlı kitablara rast gəlmək olar.

    Söhbətləşdi: Cəlil Cavanşir
    Fotolar Bayramındır
    publika.az

  • VHP gəncləri Zaur Qurbanlının həbsinə etiraz edir

    Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatı “NİDA” Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü, gənc fəal Zaur Qurbanlının həbsini pisləyən bəyanat yayıb.

    Bəyanatda bildirilir ki, heç bir ittiham irəli sürmədən Z.Qurbanlının həbs olunması və bu həbsin 2 gün müddətində ictimaiyyətdən gizlədilməsi əslində hakimiyyətin mahiyyətini bir daha ortaya çıxarır: “Z.Qurbanlının həbsindən 2 gün sonra məlum oldu ki, gənc fəal “narkotik” və “polisə müqavimət” maddələri ilə saxlanılıb. Artıq Azərbaycanda kimsə şübhə etmir ki, “narkotik” ittihamı hakimiyyətin ictimai fəallara, jurnalistlərə, siyasi müxalifçilərə qarşı istifadə etdiyi siyasi maddədir. Ona görə də VHP Gənclər Təşkilatı Z.Qurbanlının həbsini siyasi motivli sayır və gənc fəalın siyasi əqidəsinə görə hakimiyyət tərəfindən girov götürüldüyünü bəyan edir”.

    VHP GT Z.Qurbanlının həbsini xalqa qarşı siyasi repressiyaların tərkib hissəsi olmaqla, hakimiyyətin bir daha zorakılıqdan əl çəkmədiyinin və repressiv siyasətinə sadiq qalmasının görüntüsü adlandırır: “Z.Qurbanlının həbsi növbəti dəfə təsdiqlədi ki, Azərbaycan hakimiyyəti dəyişməyə və islahatlara hazır deyil və heç vaxt da hazır olmayacaq. Biz VHP Gənclər təşkilatı olaraq, Z.Qurbanlının qanunsuz həbsini qətiyyətlə pisləyir və hakimiyyətdən siyasi repressiyaları dayandırmağı və gənc fəalı dərhal azadlığa buraxmağı tələb edirik”.

    VHP Gənclər Təşkilatı

  • Vətəndaş Həmrəyliyi Partiyasının Bəyanatı

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası 5 oktyabr 2012-ci il tarixdə Təhsil Nazirliyinin qarşısında bir qrup dindarın keçirdiyi aksiya ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir:

    “5 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyada yaşanan qarşılıqlı zorakılıq faktlarını dərin təəssüf hissi ilə qarşıladıq.

    Hər bir vətəndaşın, Konstitusiyanın ona verdiyi hüquqdan bəhrələnərək, öz fikrini sərbəst şəkildə ifadə etmək haqqı və insanların sərbəst toplaşma azadlığı vardır. Azərbaycan hakimiyyəti qanunun aliliyinə sayğı göstərməli, sərbəst toplaşma azadlığını təmin etməliydi.

    Ancaq dindarların xüsusi aqressivlik nümayiş etdirməsi və qanunun tələblərinə qarşı çıxması da birmənalı qarşılana bilməz. Hər şeydən öncə ona görə ki, “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyanı hicab geyinmə haqqının tapdandığını düşünən orta məktəb şagirdləri deyil, onların valideynləri həyata keçirdilər. Bu faktın özü də insan hüquq və azadlıqları ilə bir araya sığmır.

    Digər tərəfdən, orta məktəb şagirdlərinin baş örtüyü uğrunda ölümə getməyə hazır olduqlarını və bununla müsəlman ənənəsini yaşatma istəklərini göstərməyə çalışan dindarların səmimiliyi də şübhə doğurmaya bilmir. İslam ehkamları müsəlmanın din və əxlaq, torpaq və vətən, müsəlmanın tapdanan heysiyyəti naminə ölümə getməsini buyurursa, bəs, niyə dindarlarımız Qarabağda təhqir olunan müsəlman ana-bacılarımız, torpağımız və əxlaqımız uğrunda anoloji aksiya keçirmirlər?  Kiçik yaşlı uşaqlara öz dindaşlarından aşırı aqressivliklə baş örtüyü tələb edən dindarlar Qarabağda bu millətin baş örtüyünün təhqir edən din və millət düşmənlərinə qarşı niyə adekvat reaksiya göstərmirlər?

    Bütün bu və ya digər suallar aksiyanın təşkilində “xarici qüvvə”, xüsusilə İran kəşfiyyatının rolunu istisna etmir. Nəzərə alsaq ki, bu tip aksiyası beynəlxalq qurumlarda qınanır, islamofobiyanı gücləndirir və belə nümayişlərdə iştirak edənlərə qarşı sərt tədbirlərin görülməsini sivil qurumların hamısı birmənalı olaraq dəstəkləyir, onda dindarların bu aksiyasını həm də Azərbaycan demokratiyasına və dövlətçiliyinə vurulan zərbə hesab etməyə məcburuq. Çünki dindarların növbəti, amma demokratiya naminə keçirmək istəyəcəkləri aksiyaların da “dini ekstremizm” kimi qəbul edilməsi ehtimalı yarana və Azərbaycan cəmiyyəti haqqında beynəlxalq qurumlarda yanlış rəy formalaşa bilər.

    Bununla bərabər, hesab edirik ki, aksiyaçıların və polis qüvvələrinin qarşılıqlı aqressivliyi Azərbaycanda vətəndaş sülhünə, vətəndaş həmrəyliyinə ciddi zərbədir. Bu cür qarşılıqlı zorakılıq faktları ölkənin gələcək taleyinə pis nümanə olar və vətəndaş qarşıdurmasına gətirib çıxarar.

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası dindarları dövlətçilimizə zərbə vurmağa çalışan xüsusi qüvvələrin əlində, bilərəkdən və ya bilməyərəkdən, alət olmamağa, aksiyalar zamanı aqressivlikdən çəkinməyə, Azərbaycan hakimiyyətini isə vətəndaş sülhü, milli birlik, həmrəylik nümayiş etdirərək, həbs olunanları qısa müddətdə azadlığa buraxmağa, inzibati təzyiq üsullarından istifadə etməməyə, maarifləndirmə siyasəti yürütməyə çağırır.